Текст книги "Yosxul insanlar"
Автор книги: Федор Достоевский
Жанр: Русская классика, Классика
сообщить о неприемлемом содержимом
Текущая страница: 5 (всего у книги 9 страниц)
20-ci məktub – 6 iyul
Çox hörmətli Makar Alekseyeviç!
Fedora bu gün mənə gümüş pulla on beş rubl gətirdi. Üçünü ona verəndə elə sevindi ki, yazıq! Sizə tələsik yazıram. İndi sizə jilet tikirəm, parça qiyamətdir – sarı rəngdədir, üstündə gülləri də var. Sizə bir kitab göndərirəm, içində müxtəlif povestlər var; bəzilərini oxumuşam; “Şinel”i siz də oxuyun. Birlikdə teatra getməyi təklif edirsiniz, çox baha deyil ki? Mən çoxdandır ki, teatrda olmamışam, axırıncı dəfə haçan getdiyim yadımda deyil. Amma hey düşünürəm ki, baha olar birdən. Fedora başını yellədir, deyir ki, siz bədxərcliyə başlamısınız. Mən də görürəm; təkcə mənim üçün o qədər xərcləyirsiniz ki! Fedora deyir ki, evpulu ödəmədiyinizə görə ev sahibəsiylə dava etmisiniz. Nəsə belə bir şey eşidib. Ehtiyatlı olun, dostum. Yaxşı, sağ olun, mən tələsirəm. Bir az işim var; şlyapamın lentini dəyişirəm.
V.D.
P.S. Bilirsiniz, teatra getməli olsaq təzə şlyapamla təzə çiyin örtüyümü geyinəcəyəm. Necə olar?
21-ci məktub – 7 iyul
Əziz və hörmətli Varvara Alekseyevna!
…Sizə keçmişimdən danışım. Hə, anam, mən də bir vaxtlar vurulmuşdum. Bir aktrisaya vurulmuşdum, dəli kimi; həm də bu hələ hamısı deyil, ən maraqlısı, onu heç əməlli-başlı görməmişdim də, teatrda cəmisi bir dəfə olmuşdum və elə həmin gün də vurulmuşdum. Onda mənim otağımın yanındakı otaqda beş cavan, dəliqanlı oğlan yaşayırdı. Bir dəfə istəmədən onlara qoşuldum, baxmayaraq ki, həmişə sərhəd saxlamağa çalışırdım. Bu aktrisa haqqında da onlar danışmışdılar. Hər axşam tamaşa vaxtı hamısı teatra gedirdilər – heç vaxt da pulları olmurdu, – qalereyada dayanıb əl çalırdılar, qışqırırdılar, həmin aktrisanı çağırırdılar, dəcəllik edirilər! Gecə yatmağa da qoymurdular; bütün gecəni ondan danışırdılar, hamı onu öz Qlaşası çağırırdı, hamısı ona vurulmuşdu. Məni də tora saldılar; onda çox cavan idim. Heç özüm də bilmədim ki, haçan onlara qoşulub teatra getdim. Onun üzünü aydın görə bilmədim, amma səsini eşitdim. Aktrisanın yaxşı səsi var idi – cingiltili, ləzzətli, şirin, bülbül səsi kimi! Bərkdən əl çalmağa, qışqırmağa başladıq, az qalmışdı bizi qovsunlar. Evə sərxoş kimi qayıtdım! Cibimdə cəmisi bircə rublum var idi, gümüş pulla bir rubl! Maaşa isə azı on gün qalırdı. Sizcə nə etdim, anam? İşə getməmişdən qabaq fransız ətirləri satılan dükana getdim, bütün puluma bahalı ətirlə sabun aldım. Hələ də onları nə üçün aldğımı bilmirəm! Bütün günü pəncərəsinin altında dolandım. O Neva prospektində yaşayırdı, dördüncü mərtəbədə. Evə qayıdıb bir az dincəldim, sonra yenə Neva prospektinə qayıtdım ki, heç olmasa pəncərəsinin altından keçim. Ay yarım belə dolandım, onun dalınca süründüm; kareta kirayələyib pəncərəsinin altından keçdim ki, bəlkə mənə diqqət yetirə; borca girdim, sonra isə ondan əl çəkdim; yoruldum! Bax, anam, aktrisa normal adamın başına bu oyunu aça bilər! Onda cavan idim, çox cavan!..
M.D.
22-ci məktub – 8 iyul
Çox hörmətli xanım Varvara Alekseyevna!
Bu ayın altısı mənə göndərdiyiniz kitabı sizə geri qaytarıram və sizinlə bir mövzu ətrafında danışmaq istəyirəm. Məni belə sıxışdırmağınız heç də yaxşı olmadı, anam. Alın yazısını tanrı yazır, anam, o yazıdan qırağa çıxmaq olmaz. Birinin bəxtinə general epoletləri yazılır, başqa birinin bəxtinə adi qulluqçuluq; birisi əmr verir, başqası qorxa-qorxa o əmrə baş əyir. Bu artıq bacarıqdan asılıdır; kim nəyi bacarırsa, onu da edir və bacarıqları da tanrı özü bölüşdürür. Artıq otuz illik iş təcrübəm var, otuz ildir ki, qulluq edirəm və bacardığım qədər yaxşı olmağa çalışıram, hələ ki, heç nədə mənə irad tutulmayıb. Həm yaxşı, həm də pis dəyərlərimlə özümü namuslu vətəndaş hesab edirəm. Rəhbərlik məndən razıdır; düzdür, müdir özü bunu heç vaxt deməyib, amma mən onun razı olduğunu bilirəm. Artıq saçlarımı da ağartmışam; amma böyük günah sahibi olduğumu düşünmürəm, kiçik günahlara qalanda isə, hamının kiçik günahları var. Hamı günahkardır, hətta siz, də, anam! Amma böyük günahlar, cinayətlər, asayişi pozmaq – bu kimi şeyləri eləməmişəm, anam, heç vaxt eləməmişəm. Siz bunu bilməliydiniz, anam, təmiz vicdanınız bunu hiss etməliydi. Bunu sizdən gözləməzdim, Varenka! Ömrüm boyu gözləməzdim, heç ağlıma da gəlməzdi!
Necə! Axı bundan sonra necə sakit yaşayım? Özünüz deyin, bundan sonra öz sakit guşəmdə – əgər ona artıq sakit demək olarsa, – heç kimin xətrinə dəyməməyə çalışaraq, tanrı qorxusunu ürəyimdə gəzdirərək necə yaşaya biləcəyəm?.. Paltarım var, ya yoxdur; jiletim yaxşıdır, yoxsa yox; çəkməm var, yoxsa yox; bunlar axı kimə lazımdır? Çəkmələrimi qorumaq üçün yolun palçıqlı tərəfindən pəncələrim üstündə keçirəmsə, bundan kimə nə var axı? Pulum olmadığı üçün çay ala bilmirəmsə, bunun kimə nə zərəri? Hamı çay içməli deyil ki! Mən axı heç kimin ağzına baxmıram. Kimin xətrinə dəymişəm axı? Əgər sənin xətrinə dəymirlərsə, onda başqalarını incitmək nəyə lazım? Bəs necə, Varvara Alekseyevna, yaşayırsan, işləyirsən, idarədə hamı sənə hörmət edir, – əlbəttə, hamı mənə hörmət edir, başqa nə cür ola bilər ki?! – sonra isə burnunun dibində biri peyda olub səni alçaltmağa başlayır. Düzdür, hərdən özüm üçün təzə şey alanda çox sevinirəm, hətta sevindiyimdən yata bilmirəm, məsəlçün elə təzə çəkmə alanda. Adamın təzə çəkmə geyinməyi xoş hissdir! Amma doğrudan təəccüblənirəm, necə ola bilər ki, Fyodor Fyodoroviç bu kitaba fikir verməyib və özünü müdafiə etməyib. Düzdür, Fyodor Fyodoroviç hələ cavandır və qışqırmağı xoşlayır; qışqırmaq lazımdır; bu işin gedişatı üçün vacibdir. Həm də ki, – bu aramızda qalsın, Varenka, – qışqırmasalar biz işləmirik, məmurların üstünə qışqırmaq lazımdır ki, iş getsin. Biz axı sadəcə işləmək üçün işləmirik, mən filan yerdə işləyirəm; mən filan rütbəni tutmuşam – demək üçün işləyirik. Nə qədər çox vəzifə varsa, o qədər də çox danlaq növü var. Hə, Varenka, bu işlər belədir. Amma Fyodor Fyodoroviçin bu işi diqqətsiz qoymağı məni çox sarsıtdı!
Bunu nə üçün yazıram? Bunları yazmaq nəyə lazımdır axı? Bunu oxuyanlar bəlkə mənim üçün təzə şinel alacaqlar? Bəlkə çəkmə da aldılar? Yox, Varenka, oxuyacaqlar, hələ üstəlik davamını da tələb edəcəklər. Hərdən qaçmaq istəyirsən, hamıdan qaçıb gizlənirsən, üzünü də göstərmək istəmirsən; çünki istədin-istəmədin, haqqında bir şey düzüb-qoşurlar; bir də onda ayılırsan ki, haqqında hər şey yazılıb, ədəbiyyat olub və hamı sənin haqqında danışır! Onda küçəyə də çıxa bilmirsən, çünki artıq səni yol getməyindən də tanıyırlar! Amma hər halda gərək qəhrəman axırda ölməyəydi, ölsəydi də yaxşı vəziyyətdə öləydi (əgər onun ölməyi sənə lazım idisə); amma ölməsəydi daha yaxşı olardı. Yaxşı olardı ki, onun şineli tapılaydı, general da işin səbəbkarını tapıb cəzalandıraydı, həmin məmura isə yaxşı maaş kəsəydi. Belə çox daha yaxşı olardı. Pislik də cəzasına çatardı. Əzizim, siz axı bu kitabı mənə nə üçün göndərdiniz? Bu pisniyyətli kitabdır. Varenka, ola bilməz ki, belə bir məmur həyatda olsun. Bundan sonra şikayətlənmək lazımdır, Varenka, sadəcə şikayətlənmək.
Sizi sadiq nökəriniz Makar Devuşkin.
23-cü məktub – 27 iyul
Çöx hörmətli Makar Alekseyeviç!
Sonuncu hadisələr və sizin məktublarınız məni çox qüssələndirdi, sonra Fedora izah edəndə hər şeyi anladım. Nə üçün hər şeyi belə çox ürəyinizə saldınız, Makar Alekseyeviç? Sizin sözləriniz məni toxtadmadı. Mənə təklif olunan işi qəbul etmək istəyəndə haqlı idimmi? Bundan əlavə, axırıncı hadisə məni bərk qorxutdu. Deyirsiniz ki, mənə bəslədiyiniz sevgi sizi məndən uzaqlaşdırıb. Siz pullarınızı mənə xərcləyəndə (dediyinizə görə o pulu hər ehtimala qarşı lombarda qoymuşdunuz) başa düşmüşdüm ki, sizə çox şeyə görə borcluyam. Amma indi öyrənəndə ki, sizin lombardda pulunuz olmayıb, mənim kasıb vəziyətimə ürəyiniz yandığı üçün özünüzü sıxıntıya salmısınız, maaşınızı qabaqcadan almısınız, hətta mən xəstə yatdığım vaxt paltarınızı satmısınız, – elə pis vəziyyətə düşmüşəm ki, heç bilmirəm nə fikirləşim, nə deyim. Ah, Makar Alekseyeviç! Siz gərək qohumluq bağlarının tələb etdiyi mərtəbədə qalaydınız, pullarınızı lazımsız yerə xərcləməyəydiniz. Siz bizim dostluğumuza xəyanət etmisiniz, Makar Alekseyeviç, çünki mənimlə səmimi olmamısınız və indi görəndə ki, siz axırıncı qəpiyinizəcən mənə paltar, konfet, kitab almısınız, gəzintiyə və teatra aparmısınız, təəssüf etməkdən başqa heç nə bacarmıram, çünki bunları qəbul edəndə sizin haqqınızda düşünmürdüm. Sizin mənə etdiyiniz yaxşılıqlar, indi mənim üçün böyük kədərə çevrilib. Özümün də kədərli olmağına baxmayaraq, axır vaxtlar sizin kədərli olduğunuzu görürdüm, amma indi baş verən şey heç mənim ağlıma gəlməzdi. Necə olub ki, siz belə bir ruh düşkünlüyünə qapılmısınız! İndi sizin haqqınızda nə fikirləşəcəklər, nə deyəcəklər, Makar Alekseyeviç? Hamının hörmət etdiyi siz, indi çox pis vəziyyətə düşmüsünüz. Polisin sizi sərxoş vəziyyətdə küçədə tapıb evə gətirdiyini eşidəndə nə hala düşdüyümü təsəvvür edin! Dörd gündür sizdən xəbər gəlmədiyini görəndə nəsə olduğunu hiss eləmişdim, amma belə olacağı heç ağlıma gəlməmişdi. Makar Alekseyeviç, heç düşünmüsünüzmü, işə nə üçün getməməyinizin səbəbini öyrənəndə müdiriniz nə deyəcək? Deyirsiniz ki, hamı sizə gülür; qonşularınız bizim münasibətimizdən də xəbər tutub və sizə lağ edirlər. Siz onlara fikir verməyin, Makar Alekseyeviç, özünüzə hakim olun. Zabitlərlə sizin aranızda baş verən əhvalat da məni qorxudur, ucundan-qulağndan eşitmişəm. Deyin görüm bütün bunlar nə deməkdir? Yazırsınız ki, məni itirməkdən qorxduğunuz üçün həqiqəti gizlətmisiniz, xəstə olduğum vaxt məni xəstəxanaya buraxmamaq üçün nə mümkünsə etmisiniz, ala bildiyiniz qədər borc almısınız, ev sahibəsiylə də borca görə aranız korlanıb, – amma bunları gizlətməklə hər şeyi daha da korlamısınız. İndi hər şeyi bilirəm. Sizin bədbəxtliyinizin səbəbkarı mənəm, üstəlik axırıncı hadisəylə mənə ikiqat kədər gətirdiniz. Bunlar məni sarsıtdı, Makar Alekseyeviç! Ah, dostum, bədbəxtlik keçici xəstəlikdir. Bədbəxtlər və kasıblar, daha çox bulaşmamaq üçün bir-birindən uzaqlaşmalıdırlar. Sizə həyatınız boyu görmədiyiniz bədbəxtliklər gətirdim. Bu fikirlər ürəyimi didir.
İndi isə, oturub hərəkətlərinizin səbəbini yazın. Bacarsanız məni sakitləşdirin. Bunları sizdən soruşmağımın səbəbi özümü sevməyim deyil, ürəyimdən silə bilmədiyim dostluq və sevgidir. Sağ olun. Səbirizliklə sizin cavabınızı gözləyirəm. Siz məni yaxşı tanımamısınız, Makar Alekseyeviç.
Sizi ürəkdən sevən Varvara Dobroselova.
24-cü məktub – 28 iyul
Dəyərli Varvara Alekseyevna!
Bir halda ki, hər şey qurtarıb və hər şey yavaş-yavaş əvvəldə olduğu vəziyyətinə qayıdır, sizə bunu deyim: mənim haqqımda nə düşünəcəklərindən qorxursunuz, amma deyim ki, şərəfim hər şeydən qiymətlidir. Sizin də xatırlatdığınız axırıncı hadisə və başqa dolaşıqlıqlar barədə müdiriyyət hələ ki heç nə bilmir, heç öyrənməyəcəklər də və həmişə mənə hörmət etməkdə davam edəcəklər. Bir şeydən qorxuram: şayiələrdən. Ev sahibəsi qışqırıb gəzirdi, indi sizin göndərdiyiniz on rublla borcun bir hissəsini ödəmişəm, ancaq deyinib gəzir. Yerdə qalanlardan da borc istəməsən, ciddi heç nə olan deyil. Nəhayət onu deyim ki, mənə bəslədiyiniz hörməti çox qiymətləndirirəm və bu qarışıqlıq vaxtda mənə güc verib ayaq üstündə saxlayan da elə sizin hörmətinizdir. Tanrıya şükürlər olsun ki, dostluğunuzu əsirgəmirsiniz. İşdə də vəziyyət yaxşıdır, var gücümlə işləyirəm; düzdür, bu gün Yevstafiy İvanov bir-iki kəlmə nəsə dedi, amma mən özümü eşitməzliyə vurdum. Sizə etiraf edim ki, borclarım və paltarımınn olmamağı ürəyimi sıxır, amma onlar da düzələr, anam, fikir eləməyin. İndi yarım rubl da göndərmisiniz, Varenka, sizə nə deyim! Mənim sizə kömək etməli olduğum halda, siz yetimliyinizlə mənə əl tutursunuz. Fedora pul tapmaqla yaxşı iş görüb. Çünki bu yaxınlarda nəsə qazanacağıma ümidim yoxdur. Əgər hardasa işıq ucu görünsə, sizə yazıb ətraflı məlumat verəcəyəm. Amma şayiələr məni qorxudur, təkcə şayiələr, mənim mələyim. Sağ olun, əzizim. Əlinizdən öpürəm; yalvarıram sizə, özünüzə yaxşı baxın. İşə gecikdiyim üçün daha çox yaza bilməyəcəyəm; yerdə qalan şeylər haqqında sonra yazacağam.
Sizə hörmət edən və ürəkdən sevən Makar Devuşkin.
25-ci məktub – 28 iyul
Ah, Varenka, Varenka! Siz indi əsl günaha batdınız. Öz məktubunuzla məni elə sarsıtdınız ki! Mən dərin-dərin düşündüm və bu qərara gəldim ki, mən haqlı idim, həmişə haqlı olmuşam! Sizi sevməyimi deyirəm. Siz, anam, sizi nə üçün sevməli olduğumu bilsəydiniz, belə danışmazdınız. Amma diliniz belə deyir, ürəyinizdə belə düşünmədiyinizə əminəm.
Anam, zabitlərlə aramda nə baş verdiyini heç özüm də yaxşı xatırlamıram. Qeyd etmək lazımdır ki, onda halım çox pis idi. Vəziyyət getdikcə gərginləşirdi. Sizdən də gizlənirdim, evdəkilərdən də, amma ev sahibəsi səs-küy qaldırdı. O da bir şey deyil. Qoy qışqırsın küpəgirən qarı – deyib keçərdim, amma o hardansa bizim münasibətimiz haqqında eşidib və evin içində elə şeylər qışqırırdı ki, mən qulaqlarımı tutmuşdum. Başqaları isə qulaqlarını tutmamışdılar, əksinə, şəklənib dinləyirdilər. Elə indi də, anam, hara gizlənim, bilmirəm…
Bütün bunlar məni məhv edir. O gün də Fedora deyir ki, bir nəfər alçaq qapınıza gəlib sizə pis təkliflər edib. Bu çox alçaq hərəkətdir. Adamı alçaldır; özüm də alçaldılmışam deyə bilirəm ki, alçaldılmaq çox pis duyğudur. Hirs başıma vurdu, qanım qaynadı, özümü itirdim. Hirslə bayıra qaçdım, o alçağı tapmaq istəyirdim, əziz Varenka, çünki kiminsə sizə incitməyinə dözə bilmərəm. Heç bilmədim nə edim. Çox kədərli vəziyyətdir. Yağış da yağırdı. Artıq qayıtmaq istəyirdim. Onda Yemelyanı gördüm, Yemelyan İliçi. O məmurdur, daha doğrusu məmur idi, indi isə məmur deyil, çünki onu işdən çıxardıblar. İndi nəylə məşğul olduğunu da bilmirəm. Ona qoşulub getdim. Nəsə, dostunuzun başına gələn pis hadisəni oxumaqdan zövq almırsınız yəqin ki, Varenkam. Üçüncü gün axşam Yemelyan məni yellədi, mən də sizi təhqir edən zabitin evinə getdim. Ünvanını dalandardan almışdım. Mən onu çoxdan izləyirdim, hələ bizim evdə otaq kirayələdiyi vaxtlardan. İndi düşündükcə fərqinə varıram ki, onda pis hərəkət etmişəm. Mən, Varenka, doğrudan heç nə xatırlamıram; təkcə o yadımdadır ki, evdə çoxlu zabit var idi, sərxoş olduğum üçün zabitləri iki-iki də görə bilərdim, ola bilər. Nə dediyim də yadımda deyil, onu bilirəm ki, nəsə tərbiyə haqqında danışırdım, gərək özünü yaxşı aparasan-filan. Sonra məni qovladılar, pilləkandan atdılar, daha doğrusu atmadılar, elə-belə, itələdilər. Hər şey belə qurtardı. Düzdür, yıxılanda bir az əzildim, şərəfim də ləkələndi. Amma bunu sizdən başqa heç kim bilmir; bu da o deməkdir ki, belə bir şey heç olmayıb. Varenka, sizcə də belə deyil? Keçən il qonşumuz Aksentiy Osipoviç də Pyotr Petroviçin şəxsiyyətini təhqir etmişdi, amma gizlində, o bunu gizlində eləmişdi. Sonra Pyotr Petroviç onu dalandar otağına apardı, danışıb razılaşdılar; mən divardakı deşikdən baxırdım; hər şey də bununla qurtardı, çünki heç kim heç nə görmədi. Məndən başqa, amma kiməsə bir söz demədiyimi demək artıqdır. Mən başqalarının işinə qarışmıram. Pyotr Petroviç şəxsiyyətli adamdır, o da heç kimə heç nə demədi, indi də elə dolanırlar ki, elə bil aralarında heç belə bir şey olmayıb. Görüşəndə bir-birinə təzim edib salamlaşırlar. Sizinlə mübahisə etmirəm, Varenka, heç mübahisə edə bilmərəm də; mənim şərəfim ləkələndi, özüm özümə uduzdum, amma bu mənim taleyimdə varmış, taleydən qaçmaq olmaz, – özünüz ki bilirsiniz. Hə, Varenka, bu da mənim başıma gələn bədbəxt hadisənin xülasəsi. Yaxşı deyiləm, Varenka, elə bil hisslərim ölüb. Sizə öz bağlılığımı, sevgimi və hörmətimi etiraf edərək sadiq nökəriniz olduğumu xatırlatmaq istəyirəm, Varvara Alekseyevna.
Makar Devuşkin.
26-cı məktub – 29 iyul
Çox hörmətli Makar Alekseyeviç!
Hər iki məktubunuzu oxuyub çox mütəəssir oldum. Qulaq asın, dostum, siz ya məndən nəyisə gizlədirsiniz, olanları kiçildib yazırsınız, ya da… doğrudan, Makar Alekseyeviç, məktublarınızda çox dərin yaranın izləri var… Bizə gəlin, tanrı xətrinə, elə bu gün bizə gəlin; doğrudan, elə bu axşam nahara bizə gəlin. Heç bilmirəm necə yaşayırsınız, ev sahibəsiylə aranız necədir. Siz bunları mənə yazmırsınız. Görüşənə qədər, dostum; günü bu gün bizə gəlin; hər gün bizə nahara gəlsəydiniz daha yaxşı olardı. Fedora çox yaxşı bişirir. Sağ olun.
Sizin Varvara Dobroselova.
27-ci məktub – 1 avqust
Anam, Varvara Alekseyevna!
Sevinirsiniz ki, tanrı sizə yaxşılığa yaxşılıqla cavab vermək, mənə minnətdarlıq bildirmək üçün imkan göndərib. Buna inanıram, Varenka, ürəyinizin saflığına inadığım kimi. Qoca yaşımda həriflədiyim üçün mənə hirslənməyin. Bir iş idi etdim, günaha batdım! Bunu dediyim üçün mənə hirslənməyin; ürəyim ağrıyır indi. Yoxsul insanlar naz etməyi xoşlayır, – təbiətləri belədir. Bunu əvvəllər də hiss edirdim, amma indi tamamilə əmin oldum. Yoxsul adam həmişə göz-qulaqda olur, günəşin işığına da başqa cür baxır, ətrafına şübhəli nəzər salır, yoldan keçəndən də şübhələnir, hər sözə şəklənir, – bəlkə ondan danışırlar? Burası da həqiqətdir ki, yoxsul insan pis qəbul olunur, heç kimdən hörmət görmür, nə edirsən et, bu belədir. Onların xasiyyəti budur, Varenka, nə edirsən et, düzələn deyil. Məsələn, Yemelyan deyir ki, hardasa onun üçün pul yığıblar və pul verənlərin hamısı onu yoxlayıb sonra verib. Pul verənlər elə bilirdilər ki, bunu xeyirxahlıq üçün verirlər; amma elə deyil, onlar yoxsul adam gördükləri üçün pul verirdilər. İndi yardımı da məqsədli şəkildə edirlər; bəlkə həmişə belə olub, bilmirəm. Ya necə edəcəklərini bilmirlər, ya da çox yaxşı bilirlər; bu səbəblərdən biridir. Siz bəlkə də bunu bilmirdiniz, amma məsələ belədir. Başqa mövzulardan başım çıxmasa da, bu mövzunu çox yaxşı bilirəm. Yaxşı, bəs necə olur ki, yoxsullar bunları bilir? Çünki təcrübələri var. Çünki hansısa varlı adam restorana girəndə düşünür ki: mən bu gün ət yeyəcəyəm, bəs bu yoxsul nə yeyəcək? ola bilsin yağsız sıyıq yeməli olacaq. Mənim nə yediyimdən ona nə? Amma belə düşünən adamlar var, Varenka, inanın ki, var. Bu utanmazlar ətrafda dolanıb yoxsulları izləyirlər görsünlər ki, yoxsul ayağını yerə basır, yoxsa barmaqlarının ucunda gəzir. Filan məmurun çəkməsindən barmaqları görünür, mundirinin dirsəkləri sürtülüb. Sonra evə gedib bunları yazırlar, çap etdirirlər… Yaxşı, mənim sürtülmüş dirsəyimdən kimə nə? Bu cür danışdığım üçün bağışlayın. Varenka, amma siz qızlar utandığınız kimi, yoxsullar da utancaq olur. Xahiş edirəm məni bağışlayın, Varenka, siz adam arasında soyunmazsınız, deyil? Eynən onlar da, kimsənin onların şəxsi həyatına burun soxmağını istəmirlər. Belə olan halda dürüst adamın şərəfini aşağılayan adamlarla birləşib məni alçaltmaq lazım deyil.
Bu gün çox utandım, Varenka, həddindən çox. Hesab edin ki, köhnə paltarda oturmuşam, paltarım deşik-deşikdir, görünüşümdən özüm utanıram. Stepan Karloviç mənimlə hansısa iş haqqında danışırdı, danışdı-danışdı, sonra dedi: “Eh, Makar Alekseyeviç, ay qoca!” Amma sözünün dalını gətirmədi. Mən onun nə demək istədiyini başa düşdüm və başımın keçəlinə qədər qızardım. Bu heç nədir. Amma bəs başqaları eşidibsə? Kaş ki, heç kim heç nə eşitməyəydi! Etiraf edim ki, bir nəfərdən çox şübhələnirəm. Axı onlar məni sata bilərlər, heç neçəyə satarlar; onlar üçün müqəddəs heç nə yoxdur.
Amma bunun zarafat olduğunu bilirəm. Hamısı Ratazyayevin işidir. O bizim idarədən kiminləsə tanışdır, hə, düzdür, ola bilsin söhbət arasında hamısını ona deyib, hələ üstəlik birin üstünə beşini də qoyub. Ya da öz idarələrində danışıb, ordan da bizim idarəyə sızıb. Evdəsə hamı bir nəfər kimi bilir, sizin pəncərənizi barmaqla göstərirlər; dəqiq bilirəm ki, göstərirlər. Dünən sizə nahara gəlmək üçün evdən çıxanda hamısı pəncərələrin qabağına doluşdu, ev sahibəsi də dedi ki, utanmaz cavan qız tapıb, hələ sizin haqqınızda pis söz də dedi. Amma bunlar Ratazyayevin məqsədinin qabağında heç nədir, o bizi ədəbiyyata salmaq istəyir, bizi satirik dillə yazmaq istəyir; bunu özü deyib, tanışlardan biri mənə çatdırdı. Bu haqda fikirləşib bir qərara gələ bilmirəm, anam. Siz mənə kitab göndərmək istəyirdiniz. Nə kitabdır elə? İnanın mənə, o xoşbəxt adamlar üçün yazılıb, çoxillik təcrübəmə inanın. Ola bilsin o kitabda Şekspir haqqında da yazıblar, Şekspirin özü də sərsəmdir, kitablarda yazılanların hamısı sərsəmləmədir!
Sizin Makar Devuşkin.
28-ci məktub – 2 avqust
Çox hörmətli Makar Devuşkin!
Heç nə üçün narahat olmayın; tanrının köməyiylə hər şey yoluna düşəcək. Fedora özü üçün də, mənim üçün də xeyli iş götürüb. Şadyanalıqla işə başlamışıq; ola bilsin, hər şeyi düzəldə biləcəyik. O deyir ki, axırıncı bədbəxtliklərim Anna Fyodorovnanın əməlləridir; amma mənim vecimə də deyil. Bu gün çox şadam. Yenə borc götürmək istəyirsiniz, – tanrı köməyiniz olsun! Qaytarmaq vaxtı çatanda çətinlik çəkəcəksiniz. Yaxşısı bir az sıxıntı çəkin, bizə tez-tez gəlin və ev sahibəsinə fikir verməyin. Sizin başqa düşmənlərinizə və pisliyinizi istəyənlərə qalanda isə, məncə əbəs yerə narahat olursunuz, Makar Alekseyeviç! Sağ olun, görüşənə qədər. Mütləq bizə gəlin.
Sizin V.D.
Правообладателям!
Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.