Текст книги "Yosxul insanlar"
Автор книги: Федор Достоевский
Жанр: Русская классика, Классика
сообщить о неприемлемом содержимом
Текущая страница: 9 (всего у книги 9 страниц)
53-cü məktub – 29 sentyabr
Varvara Alekseyevna, əzizim!
Bu gün Fedoranı gördüm. Dedi ki, sabah nikah mərasimidir, birisigün isə gedəcəksiniz, cənab Bıkov artıq at kirayələyib. Qoroxovoydakı dükanın haqq-hesabını yoxladım, hər şey düzdür, amma çox bahadır. Cənab Bıkov sizə nə üçün hirslənir axı? Xoşbəxt olun, anam! Mən şadam; siz xoşbəxt olsanız, mən şad olacağam. Kilsəyə, nikah mərasiminizə gəlmək istəyərdim, amma xəstəyəm, gələ bilmərəm. Məktublara gəlincə isə, indi onları kim aparıb-gətirəcək? Hə! Siz Fedoranı sevindirdiniz, əzizim! Çox yaxşı iş gördünüz, dostum; yaxşı işdir! Etdiyiniz hər xeyirxahlıq üçün tanrı sizi mükafatlandıracaq. Yaxşı işlər mükafatsız qalmır və xeyirxah adamlar tanrıdan əvəzini alır, gec, ya tez! Anam! Sizə daha çox yazmaq istəyərdim, hər gün, hər saat yazmaq istəyərdim. Məndə sizin kitabınız qalıb, “Belkinin povestləri”, siz onu məndən almayın, əzizim, onu mənə hədiyyə edin, qoyun məndə qalsın. Ona görə yox ki, onu oxumaq istəyirəm. Özünüz bilirsiniz, qış gəlir, gecələr uzun olacaq; nə etməli, onda oxuyaram. Mən, anam, öz mənzilimdən sizin mənzilinizə köçəcəyəm. Fedoranın yanında qalacağam. Mən bu vicdanlı qarıdan heç vaxt ayrılmayacağam. O çox işgüzardır. Sizin otağınıza dünən baxdım. Sizin tikiş maşınınız küncdə, həmişəki yerində qalıb. Tikdiyiniz bəzi şeylər də qalıb, onlara da baxdım. Stolun üstündə bir vərəq tapdım, üstündə yazmışdınız: “Çox hörmətli cənab, Makar Alekseyeviç, tələsirəm”. Elə bu. Ola bilsin kimsə sizə mane olmuşdu. Bu biri küncdə sizin çarpayınız qalıb… Əzizim mənim! Hə, sağ olun, sağ olun; çalışın cavab yazasınız.
Makar Devuşkin
54-cü məktub – 30 sentyabr
Dəyərli dostum Makar Alekseyeviç!
Qurtardı! Sabah yola düşəcəyik. Əzizim, dostum, xeyirxahım, sizinlə axırıncı dəfə sağollaşıram! Məndən nigaran qalmayın, xoşbəxt olun, məni unutmayın, tanrının xeyir-duası üstünüzdə olsun! Sizi tez-tez xatırlayacağam, sizin üçün dua edəcəyəm. Pis vaxtlar qurtardı! Gələcəyə çox az xatirəmi aparacağam, ən dəyərliləri sizinlə bağlı olacaq. Siz mənim yeganə dostumsunuz; siz burda məni sevən tək adamsınız! Bircə təbəssümümlə, bircə sətirlik məktubumla xoşbəxt olurdunuz. Axı məni necə sevdiyinizi görürdüm, bilirdim! İndi gərək mənsizliyə öyrəşəsiniz! Mənsiz sizin halınız necə olacaq? Sizi kimin ümidinə buraxıram, dostum? Sizin üçün kitab və natamam məktub qoyuram. Hər dəfə bu yarımçıq sətirlərə baxanda, xəyalən davamını oxumağa çalışın, sizə nələr yazmaq istədiyimi təsəvvür edin! Sizi çox sevən bədbəxt Varenkanı unutmayın. Sizin bütün məktublarınız Fedoranın evində, komodun üst gözündədir. Xəstə olduğunuzu yazmışdınız, cənab Bıkovsa bu gün məni heç yerə buraxmır. Mən sizə yazacağam, dostum, söz verirəm, amma nə olacağını təkcə tanrı bilir. Belə, gəlin həmişəlik halallaşaq, əzizim, dostum!.. Oh, indi sizi necə qucaqlayardım! Sağ olun, dostum, əlvida, əlvida. Özünüzə yaxşı baxın. Dualarım sizinlə olacaq. Necə də kədərliyəm! Cənab Bıkov məni çağırır. Sizi sevən
V.D.
P.S. Bu saat bütün varlığım ağlayır…
Gözyaşları içimi parçalayır. Əlvida.
Aman tanrım! Necə də kədərlidir!
Varenkanı unutmayın!
* * *
Anam, Varenkam, əzizim, dəyərlim! Sizi aparırlar, siz gedirsiniz! Sizi məndən almaq yerinə ürəyimi çıxartsaydılar… Necə olur axı? Siz ağlayırsınız, amma gedirsiniz. İndicə sizin məktubunuzu aldım, gözyaşlarınızla islanıb. Ola bilsin getmək istəmirsiniz, ola bilsin sizi güclə aparırlar, ola bilsin mənə yazığınız gəlir, ola bilsin məni sevirsiniz! Axı indi kiminlə olacaqsınız, necə olacaqsınız? Siz çox qəmlənəcəksiniz, kədərlənəcəksiniz. Kədər ürəyinizi iki yerə parçalayacaq. Siz orda öləcəksiniz, heç ağlayanınız da olmayacaq! Ah, anam, anam! Siz axı bu qərara necə gəldiniz, sizi nə məcbur etdi? Siz nə etdiniz, nə etdiniz! Sizi orda qəbirə qoyacaqlar! Siz axı çox zəifsiniz, mələyim! Bəs mən harda idim? Nəylə məşğul idim mən axmaq? Gör hər şey necə oldu – belə olmaz axı, axmaqlıq etdim, heç nə fikirləşmədim, heç nə görmədim, elə bil bu işin mənə aidiyyatı yox imiş! Hələ sizin qulluqlarınıza da qaçdım!.. Yox, Varenka, sabah duracağam, sabaha yəqin ki, sağalaram; sağalıb ayağa duracağam!.. Mən, anam, karetanın qabağında uzanacağam, sizi getməyə qoymayacağam! Yox, axı, bu nədir belə? Hansı haqla bunu edirlər? Mən sizinlə gedəcəyəm, aparmasanız karetanın dalınca qaçacağam, canım çıxana qədər qaçacağam. Siz bəyəm hara getdiyinizi bilmirsiniz, anam! Deyəsən bilmirsiniz, bilmirsinizsə məndən soruşun! Ora çöllükdür, boş çöllük, mənim ovcum kimi bomboşdur oralar! Orda hissiyyatsız arvadlar, əyyaş kişilər yaşayır. Orda ağacların yarpaqları tökülüb indi, yağış yağır, soyuqdur, – sizsə ora gedirsiniz! Cənab Bıkov başını qarışdıracaq orda, dovşanlarla məşğul olacaq, bəs siz? Siz mülkədar olmaq istəyirsiniz? Bir özünüzə baxın, heç mülkədara oxşayırsınız?.. Bu necə ola bilər, Varenka? Mən kimə məktub yazacağam? Hə, siz indi fikirləşin ki, o indi kimə məktub yazacaq? Mən kimə anam deyəcəyəm, kimi əzizləyəcəyəm? Sizi sonra hardan tapım, anam? Mən öləcəyəm, şübhəsiz öləcəyəm, ürəyim buna tab gətirməyəcək. Mən sizi sevirdim, qızım kimi sevirdim, mən sizi sevirdim, əzizim, anam! Təkcə sizin üçün yaşayırdım! Mən yaşayırdım, gəzirdim, yazırdım, çünki siz burda, yaxınlıqda idiniz. Bəlkə də siz bunu bilmirdiniz, amma bu belə idi! Qulaq asın, anam, özünüz fikirləşin, bu necə ola bilər axı? Siz bizi qoyub gedirsiniz. Siz axı gedə bilməzsiniz, qətiyyən gedə bilməzsiniz! Baxın, yağış yağır, sizsə çox zəifsiniz, xəstələnərsiniz. Sizin karetanız islanacaq; şübhəsiz ki, islanacaq. O yarı yolda sınıb qalacaq, görərsiniz. Peterburqda karetaları pis düzəldirlər! Kareta düzəldənləri tanıyıram, onlar ancaq görüntüyə fikir verir, anam, təki gözə yaxşı görünsün; amma düzəltdikləri möhkəm deyil. Mən, anam, cənab Bıkovun ayaqlarına yıxılıb yalvaracağam. Siz də deyin, deyin ki, gedə bilməzsiniz, burda qalırsınız. Axı o Moskvadakı tacir arvadla nə üçün evlənmədi? Elə onunla evlənəydi də! Ona tacir yaraşardı, tacir ona çox yaraşardı! Elə olsaydı siz burda mənimlə qalardınız. Bıkov sizin nəyinizə lazımdır axı? Nəyi xoşunuza gəlib? Ola bilsin sizin üçün bahalı şeylər almağı xoşunuza gəlib. Hamısı boş şeylərdir. Burda söhbət insan həyatından gedir. Qalan hər şey cındır parçasıdır. Maaşımı alan kimi sizin üçün hamısından alaram. Tanış dükan da var; siz ancaq bir az səbr edin ki, maaşımı alım, Varenka. Ah, tanrım, aman tanrım! Siz cənab Bıkovla çölə gedirsiniz, bir də qayıtmayacaqsınız! Ah, anam!.. Siz mənə yazın, haçan gedəcəksiniz, hamısını yerli-yataqlı yazın, ordan da yazarsınız. Bu axı axırıncı məktub olacaq; axı bu ola bilməz, bu məktub axırıncı ola bilməz. Necə yəni axırıncı? Bu ola bilməz. Yox, mən yazacağam, siz də yazın… Mənim yazı tərzim elə indi-indi düzəlir… Ah, əzizim, nə yazı tərzi? Axı indi nə yazdığımı bilmirəm, heç bilmirəm, heç nə bilmirəm, yazdığımı da oxumuram, səhvlərimi də düzəltmirəm, yazmaq üçün yazıram, sizə daha çox yazmaq üçün yazıram… Əzizim, mələyim, anam!
facebook.com/kohlanpress
instagram.com/kohlanpress
twitter.com/kohlanpress
(+994 55) 359-99-23
Правообладателям!
Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.