Электронная библиотека » Франц Кафка » » онлайн чтение - страница 3

Текст книги "Hekayələr"


  • Текст добавлен: 6 декабря 2022, 08:00


Автор книги: Франц Кафка


Жанр: Современная русская литература, Современная проза


Возрастные ограничения: +12

сообщить о неприемлемом содержимом

Текущая страница: 3 (всего у книги 12 страниц) [доступный отрывок для чтения: 3 страниц]

Шрифт:
- 100% +

Odur ki Qreqor sıçrayıb divanın altından çıxdı. Bu vaxt qadınlar qonşu otaqda idilər; yazı masasına söykənib nəfəslərini dərirdilər. İçəridəki əşyalardan ilk növbədə hansını qorumaq lazım olduğunu heç özü də dürüst bilmədiyindən gah o, gah da bu tərəfə sürünə-sürünə istiqamətini düz dörd dəfə dəyişdi, çılpaq divarda indi diqqəti daha tez cəlb edən xəz şlyapalı, xəz yaxalıqlı qadın portretini görüb tez-tələsik ora dırmaşdı, üzərinə sarıldığı şüşədən qarnına xoş sərinlik dəydi. Ən azından güman edirdi ki, gövdəsiylə üstünü örtdüyü və tamamilə görünməz etdiyi portreti heç kəs onun əlindən almaz. Başını qonaq otağının qapısına tərəf çevirdi ki, geri qayıdarkən qadınları görə bilsin. Anası ilə bacısının dincəlməsi çox çəkmədi, tez qayıtdılar. Qreta bir əliylə anasını qucaqlayıb onu az qala qolu üstündə gətirirdi.

– İndi nəyi aparaq? – deyə qız künc-bucağa göz gəzdirdi və elə bu vaxt nəzərləri divardan asılan Qreqorun baxışlarıyla toqquşdu. Görünür, anasının yaxında olması səbəbindən soyuqqanlı davranan Qreta onun geri qanrılmasına mane olmaq üçün tez irəli əyildi və uçuna-uçuna elə ağlına gələn ilk cümləni dedi:

– Bəlkə, bir dəqiqəliyə qonaq otağına qayıdaq?

Qretanın niyyəti Qreqora aydın idi – qız anasını təhlükəsiz bir yerə aparmaq, sonra da Qreqoru divardan qovub düşürtmək istəyirdi. Neynək, qoy sınaqdan keçirtsin! Qreqor onsuz da çıxıb şəklin üstündə oturmuşdu və onu əldən verən deyildi. Portreti verməkdənsə, cumub Qretanın sifətindən yapışardı.

Ancaq ananı təşvişə salan da elə Qretanın sözləri oldu. O, bir az qırağa çəkildi, ala-bəzək divar kağızının üzərində yepyekə qonur ləkəni görəndə isə hələ bunun Qreqor olduğu ağlına batmamış qulaqbatırıcı bir civiltiylə: “Aman, yarəbbim!” – deyə çığırdı, taqətsiz qolları yana açılmış halda divanın üstünə yıxılıb elə düşdüyü yerdəcə donub-qaldı.

– Ey, Qreqor! – deyə bacısı yumruğunu havaya qaldırdı və gözlərini bərəldərək qışqırdı. Bu, çevrilmədən bəri ona xitabən deyilən ilk söz idi.

Anasını özünə gətirmək üçün Qreta dərman dalınca yan otağa yüyürəndə Qreqor da ona yardım etmək istədi, – portreti xilas etməyə hələ vaxt vardı, – intəhası şüşəyə yaman bərk yapışmışdı və ondan güclə qopa bildi, qopan kimi də dərhal yan otağa tələsdi, sanki qabaqlar olduğu kimi indi də bacısına nəsə bir məsləhət verə bilərdi. Ancaq qızın arxasında boş-bikar durmaqdan özgə bir işə yaramadı. Bacısı isə müxtəlif cür dərman şüşələri götürüb geri qanrılanda bərk qorxdu, şüşənin biri əlindən yerə düşüb sındı və şüşə qırığı Qreqorun sifətini əməlli-başlı yaraladı, üstünə də yandırıcı dərman damcıları çiləndi.

Qreta ovucları tutduğu qədər dərman şüşəsi götürüb anasının yanına şığıdı, çıxanda da ayağıyla qapını daldan çırpıb örtdü.

İndi Qreqor üçün anasına tərəf gedən yol kəsilmişdi, halbuki dirigözlü ölümün caynağına anası elə onun ucbatından keçmişdi. Əgər o, bacısını otaqdan qovmaq istəmirdisə, onda gərək qapını açmayaydı, qız da gərək huşunu itirmiş anasının yanında olaydı. Gözləməkdən savayı daha indi onun ayrı heç bir çarəsi qalmamışdı və o da təlaş içərisində, peşmancasına, dilxorcasına sürünə-sürünə hər yeri – mebelləri, divarları, tavanı bircə-bircə dolaşıb axırda bütün ev başına fırlananda tam ümidsiz halda iri masanın tən ortasına düşdü.

Bir neçə saniyə ötüb-keçdi. Qreqor taqətsiz halda masanın üstündə sərilib qalmışdı, ətrafda tam sakitlik idi, bu, yəqin ki, yaxşı əlamət idi. Birdən qapının zəngi çalındı. Qulluqçu mətbəxə bağlanıb qaldığından qapını Qreta açmalı oldu. Gələn atası idi.

– Nə olub? – kişinin ilk sözü bu oldu, görünür, Qretanın görkəmi ona hər şeyi sözsüz anlatmışdı.

– Anamın ürəyi getmişdi, indi babatdır, – deyə cavab verən Qretanın səsi boğuq çıxdı, çox güman ki, üzünü atasının sinəsinə sıxıb danışırdı. – Qreqor yuvasından çıxıb.

– Mən bunu gözləyirdim, axı həmişə deyirdim, amma siz qadınlar heç kəsə qulaq asmırsınız.

Qretanın beş-üç kəlməlik məlumatını atasının yanlış anladığını Qreqor dərhal kəsdirdi – qızın sözlərindən belə çıxmışdı ki, guya Qreqor zor işlədib. Buna görə o, indi atasını hər necəsə birtəhər yumşaltmağa cəhd etməliydi, çünki işin, həqiqətən, nə yerdə olduğunu ona izah etmək üçün Qreqorun nə vaxtı vardı, nə də imkanı. Odur ki tez cumub öz otağının qapısına qısıldı ki, atası onun qeyd-şərtsiz öz yerinə qayıtmağa hazır dayandığını elə içəri girən kimi görsün, həm də baxsın ki, heç onu geri qaytarmağa da lüzum yoxdur, sadəcə, qapını aralamaq yetər ki, Qreqor göz qırpımında içəri keçib yoxa çıxsın.

Lakin atası belə incəlikləri görmək ovqatında deyildi. O, içəri girən kimi “bah” elədi, söz ağzından elə bir ahənglə çıxdı ki, sanki eyni vaxtda həm acıqlı, həm şad idi. Qreqor başını qapıdan aralayıb atasına doğru uzatdı. Kişini o heç zaman indi gördüyü kimi təsəvvür etməmişdi. Doğrudur, son vaxtlar otağın hər yerində, hər bucağında sürünməyə başlamış Qreqor evdə baş verənlərə qabaqkı diqqəti yetirmirdi, ona görə də hər hansı dəyişikliyə təəccüblənmək üçün əsası yox idi. Ancaq bütün bunlara baxmayaraq – lap hər necə də olsa! – yəni o, doğrudanmı, qarşısında öz atasını görürdü? Yəni doğrudanmı, bu adam, bir qayda olaraq, Qreqor işgüzar səfərlərə çıxarkən həmişə yorğun-üzgün halda öz yatağına uzanıb bərk-bərk yorğana bürünən, kreslodan qalxmağa iqtidarı çatmadığından səfərdən qayıdan oğlunu gecə xalatında qarşılayıb sevincini əlinin yüngül tərpənişiylə bildirən, birgə gəzintiyə çıxdıqları tək-tük hallarda – bazar günləri, yaxud bayramlarda – əlində əsa, yaxası kip düymələnmiş köhnə paltoda Qreqorla anasının arasında yavaş addımlarla yeriyən, – kişiyə görə elə onlar özləri də asta yeriyirdilər, – bir söz demək istəyəndə öz müşayiətçilərini başına cəmləmək üçün hökmən ayaq saxlayan həmin adamdır?! İndi o çox əzəmətliydi: əynində bank ayaqçılarının geydiyi qızıl düyməli göy mundir, dik yaxalığın kənarlarından sallanan yağlı-piyli buxaq, qalın qaşların altından iti nəzərlərlə baxan zil qara gözlər, səliqə ilə yana daranan yağlanmış ağ saçlar. Hə, atası üstündə hansısa bankın qızılı monoqramı olan furajkasını bütün otaq boyunca fırladıb divanın üstünə vızıldatdı, əllərini şalvarın cibinə şəstlə soxduğundan uzun mundirin ətəkləri dala dartıldı, hiddətindən qaralıb tanınmaz hala düşmüş bir sifətlə Qreqorun üstünə yeridi. Görünür, neyləyəcəyini heç özü də bilmirdi, amma ayağını çox hündürə qaldırmışdı və kişinin çəkməaltısının belə iriliyi Qreqoru əməlli-başlı heyrətə salmışdı.

İntəhası Qreqor da ləngimədi, çünki yeni həyatın elə ilk günündən bilirdi ki, onunla son dərəcə sərt davranmağı atası yolun ən düzgünü sayır, odur ki irəli-geri qaçaraq atası dayananda dayanır, o tərpənən kimi özünü qabağa atırdı. Otaqda boş-boşuna bir-iki dövrə vurdular, amma ləng tərpəndiklərindən bu, əsla təqibə, qaçdı-tutduya oxşamırdı. Qreqor hələ ki yalnız döşəmədə sürünürdü, divara, yaxud tavana dırmaşmağın ataya hörmətsizlik kimi başa düşülməsindən qorxurdu. Amma onu da hiss edirdi ki, bu cür qaçışa çox tab gətirə bilməz. Atası bir addım atanda Qreqora yüz cür hərəkət etmək lazım gəlirdi, təngnəfəslik getdikcə şiddətlənirdi, ciyərlərinə isə heç əvvəllər də çox bel bağlamırdı. O, tam ümidsizlik içində ayrı heç bir xilas yolu barədə düşünmürdü, künc-bucağına əcaib naxışlı, girintili-çıxıntılı mebellər düzülən divarlardan yararlanmağı isə büsbütün unutmuşdu. Birdən, Qreqor ayaqlarını güclə sürüyüb bəbəklərini zorla qaldıraraq aradan çıxmaq üçün var qüvvəsini toplamağa çalışdığı vaxt, yuxarıdan atılan nəsə bir şey düz böyrünə düşdü və dığırlanıb getdi. Bu, alma idi. Birincinin ardınca dərhal ikinci də gəldi. Qreqor dəhşət içində duruxub qalmışdı, qaçmaq artıq mənasız iş idi, çünki atası onu alma atəşinə hədəf etmək qərarı vermişdi. Bufetin üstündəki meyvəqabından almaları götürüb cibinə doldurmuşdu və indi bir-bir çıxarıb necə gəldi ona tərəf atırdı. Balaca, qırmızı almalar maqnitlənmiş kimi bir-birinə dəyə-dəyə döşəmə boyunca dığırlanıb gedirdi. Almanın biri belinə yüngülcə toxunsa da, xətər yetirmədi, dərhal atılan o biri alma isə kürəyində ilişib qaldı. Sürünüb uzaqlaşmaq istədi, sanki yerini dəyişməklə bu qəfil ürcah olduğu dözülməz ağrıdan xilas olacaqdı. Ancaq özünü döşəməyə mıxlanmış kimi hiss etdi və huşsuz halda yerə sərələnib qaldı. Yalnız onu görüb-eşitməyə macal tapdı ki, otağının qapısı taybatay açıldı, alt köynəyində olan anası arxadan nəsə çığıran bacısını qabaqlayaraq bayıra şığıdı, görünür, qəşş edəndə rahat nəfəs alması üçün qız onu soyundurubmuş. İndi ərinə tərəf qaçarkən yubkaları bir-bir sürüşüb əynindən düşürdü və ayaqları tumanına dolaşa-dolaşa özünü yetirib kişinin ağuşuna atıldı, ona bərk-bərk sarılıb peysərindən yapışdı, yalvardı ki, Qreqora dəyməsin, onu vurub öldürməsin, Qreqor isə bu zaman artıq heç nə görmürdü.

III

Qreqora bir aydan da artıq əziyyət verən həmin o ağır yara (almanı çıxartmağa heç kəs ürək eləmirdi; o da əyani nişanə kimi eləcə onun kürəyində ilişib qalmışdı), deyəsən, hətta atasına da xatırlatdı ki, indiki acınacaqlı və iyrənc görkəminə baxmayaraq, Qreqor, hər necə olsa, bu ailənin üzvüdür və onunla düşmən kimi rəftar etmək olmaz, ən azı ailə şərəfi naminə ikrah hissini boğub dözmək, yalnız dözmək lazımdır.

Qreqor yaranın ucbatından əvvəlki çevikliyini həmişəlik itirsə də və şikəst qocalar sayağı indi otağın bu başından o başına getmək – divarlara dırmaşmaqdan, ya tavanda sürünməkdən heç söhbət gedə bilməzdi – ona uzun, çox uzun dəqiqələr bahasına başa gəlsə də, əvəzində vəziyyətinin bu cür pisləşməsi müqabilində, onun fikrincə, əməlli-başlı mükafatlandırılmışdı; Axşamlar yan otağın qapısı daim açıq saxlanılırdı, o da qapının açılmasına düz iki saat qalmış durub gözləyirdi, öz otağının qonaq otağından görünməyən qaranlıq bir yerinə uzanıb gur işıqlı masa arxasında əyləşən doğmalarını seyr edir, əvvəlki vaxtlardan fərqli olaraq, necə deyərlər, ümumi razılıq əsasında onların söhbətinə qulaq asa bilirdi.

Əlbəttə, bu, Qreqorun qabaqlar yorğun-arğın halda darısqal mehmanxana otaqlarının nəm-nimdaş yatağına uzanıb haqqında düşündüyü qızğın söhbətlərdən deyildi. Evdə çox vaxt əsl sakitlik hökm sürürdü. Şam yeməyindən az sonra atası öz kreslosunda yuxuya gedir, o birilər də çalışırdı bu sükutu pozmasın. İkiqat bükülüb işığa doğru əyilən anası hazır geyim mağazası üçün alt paltarı tikirdi, mağazaya satıcı vəzifəsinə düzələn bacısı isə nə vaxtsa daha yaxşı iş tapacağı ümidiylə axşamlar stenoqrafiya və fransız dili öyrənməklə məşğul olurdu. Yuxulamasından xəbər tutmayan kişi hərdən gözünü açıb arvadına: “Sən bu gün yenə nə çox tikirsən”, – deyib dərhal da təzədən yuxuya gedir, ana ilə bacı da bir-birinə baxıb yorğun-yorğun gülümsəyirdilər.

Kişi höcətliyinə salıb iş formasını evdə də əynindən çıxartmırdı; xalat asqıdan boşuna asılıb qalsa da, o, iş paltarında oturub mürgü döyür, qulluğa tam hazır vəziyyətdə, sanki hər an öz rəisinin çağırışını gözləyirdi. Bu səbəbdən onsuz da nimdaş olan forma, arvadı və qızının səylərinə baxmayaraq, şux görkəmini tamam itirmişdi. Üstündəki ləkələrdən rəngi seçilməyən, yalnız düymələri daim parıldayan və qocanın narahat da olsa, sakit yatdığı bu paltara Qreqor bəzən bütün axşam ərzində tamaşa edirdi.

Saat onu vuranda arvad kişini ehmalca yuxudan oyatmağa və yataqda uzanması üçün dilə tutmağa çalışırdı, çünki o, səhər saat altıda işə gedirdi, rahat yuxuya ehtiyacı vardı, bu yuxu isə kresloda mümkün deyildi. Ayaqçılığa başlayan gündən tutulmuş olduğu höcətlik mərəzi ucbatından o, adətən, mürgü döyə-döyə oturduğu masanın arxasından heç vaxt özxoşuna qalxmır, onu yalnız çətinliklə yola gətirib yatağa aparandan sonra təzədən yuxuya gedirdi. Arvadı ilə qızı nə qədər çənə döysələr də, azından on beş dəqiqə ərzində o, gözlərini açmadan elə oturduğu yerdəcə ağır-ağır başını bulayırdı, qolundan yapışıb ehmalca darta-darta qulağına nəvazişli sözlər pıçıldayan anasına kömək etmək üçün Qreta da öz işindən ayrılmalı olur, amma bu da kresloda yerini rahatlayan qocaya təsir etmirdi. Yalnız qadınlar qoltuğuna girib onu ayağa qaldırandan sonra o, gözlərini açıb növbə ilə gah qızına, gah da arvadına baxır, acı-acı gileylənirdi: “Budur mənim həyatım. Budur mənim qoca vaxtımda rahatlığım”. Vücuduna gücü çatmırmış kimi qadınlara dayaqlanıb onların köməyi ilə ağır-ağır ayağa qalxır, qapıya çatanacan bu cür gedib qapıya çatanda başı ilə işarə edirdi ki, bəs qadınlar daha geri qayıtsınlar, sonra da özü təkbaşına getməyə üz qoyurdu, amma yenə də arvad öz tikişini, Qreta da qələmini bir kənara qoyub atasının köməyinə tələsir, onu ehmalca yatağa uzadırdılar.

İş-gücün yorub taqətdən saldığı bu üzgün ailədə kimin macalı vardı ki, Qreqora gərək olduğundan artıq vaxt ayırsın? Məsrəfləri getdikcə azaltmalı olurdular, axırda qulluqçunu da işdən çıxartdılar, indi yalnız səhərlər və axşamüstü evin ən ağır işlərini görməyə ağ, pırpızsaçlı, yekəpər bir arvad gəlirdi. Özünün ağır tikiş işiylə bahəm yerdə qalan bütün işləri ana görürdü. Ailə hətta ana ilə bacının qabaqlar şənliklərə, təntənəli mərasimlərə böyük həvəslə taxdıqları qiymətli daş-qaşı da satmağa məcbur olmuşdu. Qreqor bunu həmin əşyaların neçəyə satılması barədə axşamlar aparılan söhbətlərdən bilirdi. Ən çox ona təəssüflənirdilər ki, indiki durumlarına görə xeyli böyük olan bu mənzili buraxıb getmək mümkün deyildi, çünki Qreqoru necə aparmaq məsələsi hələ həll olunmamışdı. Amma Qreqor yaxşı başa düşürdü ki, ayrı mənzilə köçməyə mane olan şey təkcə onun mövcudluğuyla bağlı deyil, onu nəfəslik qoyulmuş hər hansı qutuda asanlıqla aparmaq olardı. Mənzili dəyişməməyin başlıca səbəbi tam ümidsizliklə – onlara heç bir qohum-tanışın başına gəlməyən bir müsibətin üz verməsiylə əlaqədar idi. Ailə dünyanın yoxsul bəndələrdən tələb etdiyi hər şeyi edirdi: ata kiçik bank xidmətçilərinə səhər yeməyi daşımaqla, ana özgələrə alt paltarı tikməklə özünü üzür, piştaxta dalında dayanan bacı isə alıcıların hər cür şıltaqlığına dözməli olurdu – daha bun

Внимание! Это не конец книги.

Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!

Страницы книги >> Предыдущая | 1 2 3
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации