Электронная библиотека » Hüseynqulu Sarabski » » онлайн чтение - страница 2

Текст книги "Köhnə Bakı"


  • Текст добавлен: 28 октября 2022, 20:41


Автор книги: Hüseynqulu Sarabski


Жанр: Биографии и Мемуары, Публицистика


сообщить о неприемлемом содержимом

Текущая страница: 2 (всего у книги 8 страниц)

Шрифт:
- 100% +

Bu qayda ilə oyun uzun zaman davam edərdi. Bayram günlərində gedən oyunların biri də “cızıq tutması” oyunu idi. Geniş küçələrin birində yerdə beş-altı kvadrat sazen dövrə çəkərdilər. Cızıq tutması oyununda iştirak edənlər iki dəstəyə bölünərdi. Çevrənin kənarında olan uşaqların əlində turna olardı (Uşaqlar qurşaqlarını bellərindən açıb düyümlər, ona da turna deyərdilər). Çalışmalı idilər ki, xaricdəkilərə təpik vursunlar, kənardakılarsa əllərindəki turna ilə daxildəkiləri döysünlər. Fəqət kimsə ayağını cızıqdan içəri, ya kənara qoysa idi, onu tez bərk vurar, yaxud ayağını xaricə qoysa, onu da turna ilə döyüb içəri qovardılar. Əgər xaricdəkilərdən birinə təpik dəysəydi, o zaman dəstələr yerini dəyişməli idilər. Bu növ davam edən oyuna “cızıq turnası” deyərdilər. Cızığın içərisinə girməyə birinci dəfə heç kəs razı olmazdı. Bu səbəbdən cızıq turnası oyununun mahnısı vardı. Həmin mahnının axırıncı kəlməsi kimə düşsə, azad idi. O biri dəstə cızığın içərisinə girməli idi.

Motal, motal, tərsə motal,

Yağ atar, qaymaq tutar.

Hacı oğlu Mustafanın

Qoltuğundan bir top atar.

Əkilkə bir quş idi,

Divarda oturmuşdu.

Getdim onu tutmağa,

O məni tutmuş idi.

Meydana salmış idi.

Meydanın ağacları

Dən gətirib ucları.

Çəpər çəkdim, yol açdım,

Qızılgülə dolaşdım.

Bir dəstə gül dərməmiş

Anası gəldi, mən qaçdım.

İynə-iynə, ucu düymə,

Şam ağacı qotur keçi.

Happan-huppan,

Yağlı-yırtıl,

Su iç qurtul.

Bəziləri mahnını aşağıdakı şəkildə oxuyardı:

Dumbulu çala-çala getdim bağa,

Bir sürü qızlar ilə oynamağa.

Əl atdım kiçik qızın məməsinə,

Böyüyü haray çəkdi nənəsinə.

Nənəsi xəncər, bıçaq o böyrümə, bu böyrümə,

Böyrümü tuta-tuta getdim həcə.

Həc dedi, canın çıxsın, gəlmə gecə.

Yeddi gün, yeddi gecə ağlamışam,

Atımı çöllərdə bağlamışam.

Atıma kişmiş gərək kişnəməyə,

İtimə sümük gərək gəmirməyə.

Əkilkə, məkilkə,

Stotdi namala.

Təbil-təbil, yeşil-vəşil,

Adı val.... padval,

Atdım, matdım,

Mən səni aldatdım.

Sən gedərsən, mən ağlaram dalınca,

Yaylıq elə, məni apar yanınca.

Qoltuğunda bağlama, mən gedirəm, ağlama,

Gedərəm, tez qayıdaram, özgəyə bel bağlama.

Yuxardakı mahnıların axırı kimdə qurtarsa, o dəstə azad olar, yəni cizginin kənarına turna vurardı.

Şəhərin başqa bir tinində toplaşmış uşaqlar “Qələndər, ay Qələndər” oynunu oynardılar. Bu oyunu belə oynardılar: uşaqlardan bir nəfər nüfuzlusu ana (oyun başçısı) olardı. O, əlindəki turnanı uşaqlara verər və aşağdakı tapmacanı söylərdi:

– Bir quşum var buxartana,

Xor:

– Qələndər, ay Qələndər!

– Dimdiyi var buxartana,

Xor:

– Qələndər, ay Qələndər!

– Su içər buxartana,

Xor:

– Qələndər, ay Qələndər!

– Ayaqları var buxartana,

Xor:

– Qələndər, ay Qələndər!

– Gözləri var buxartana,

Xor:

– Qələndər, ay Qələndər!

– Qanadları buxartana,

Xor:

– Qələndər, ay Qələndər!

– Başı mənim, ayağı sənin, tap görək?

Bu zaman uşaqlardan birisi yaxınlaşıb deyərdi:

– Qarğa.

Ana deyərdi:

– Ver qarğaya (yəni bilmədin)!

Uşaq əlindəki turnanı tapmadığı üçün yoldaşına ötürərdi. O biri deyərdi:

– Ördək.

Ana etiraz edərdi:

– Ver ördəyə!

Uşaq verərdi o birinə, o birisi səslənərdi:

– Toyuq.

Ana başını bulayardı:

– Ver toyuğa!

Daha başqası:

– Göyərçin, – deyəndə ana razılaşardı.

– Plan (yəni tapmısan)!

Uşaq turnanı alıb yanındakı uşaqları döyməyə başlardı. Ana isə bu zaman, “Plan-plan” – deyərək bir qədər davam etdikdən sonra qəflətən deyərdi:

– Yalan (yəni bəsdir)!

Bu zaman uşaqlar yüyürüb əlində turna olan uşağın tutar və qapazlamağa başlardılar. Əgər turnaçı özünü vaxtında mollanın yanına yetirsəydi, o zaman oyun yenidən mollanın “Palan” sözü ilə başlanırdı. Hərgah tutsaydılar, döyərək mollanın yanına gətirərdilər, oyun yenə lap əvvəlindən başlardı.

Belə maraqlı oyunlardan biri də xalq arasında “Kosaldıqaç”dır.

“KOSALDIQAÇ” OYUNU

Bu oyunda bir istiqamətdə üç ayrı məhəllə olardı; birinci kosalan, ikinci isti, üçüncü isə qaçan məhəllə idi. Kosalan məhəllədən isti məhəlləyədək məsafə 12 metr olardı. Qaçan məhəllə isti məhəllədən 90 metr aralı olardı. Kosalan məhəllədə iki nəfər dayanardı. Bunlardan biri kosu atardı, ikincisi isə sağ əli ilə kosu üfüqi istiqamətdə bərk vurardı. Özü isə yüyürüb isti məhəllədə dayanardı. Bundan başqa oyunda iştirak edənlərdən bir neçə nəfər də isti məhəllədə olardı. Kos verən kosu bir adam boyu yuxarı atıb tutmalı idi. Bu zaman isti məhəllədəkilər fürsət tapıb bir baş dal-dalı qaçan məhəlləyə yüyürərdilər. Yürüş zamanı kosu atıb-tutan bu kosla bunlardan birini vurmalı idi. Kos əlindən başqa harasına dəysə və kosu tutub qaçanlardan biri əlilə geri qaytarsa, kos verənin yoldaşı kosu tutub qaçanlardan başqa birini vurmalı idi. Bədəninə dəysə, məğlub olurdu. Hərgah o da əli ilə qaytarmış olsaydı, kosu verənin yoldaşı uzaqlara, kosun dalınca yüyürərdi. O zaman bu uşaqlar yüyürüb isti məhəllədə dayanardı. Kos verənin yoldaşı kosu gətirdikdən sonra oyun yenidən başlardı.

“GİZLƏNPAÇ” (GİZLƏNQAÇ) OYUNU

Bu oyunda ondan on beş nəfərədək adam iştirak edə bilərdi. Uşaqlardan bir nəfər yuxarıda söylədiyimiz mahnılardan birini oxuyardı. Mahnının axırı kimə dəysə, o, azad hesab olunurdu. Axrına kim düşsəydi, gözlərini yumub ta onlar gizlənənədək gözləməli idi. Onlar gizləndikdən sonra gözlərini açıb gizlənənləri tapmalı idi. Onlardan birini tapsa, o adam gərək yenidən gözünü yumar və oyun təzədən başlanardı. Hərgah gizlənənlər aşkara çıxıb qaçsaydılar, o zaman göz yuman adam onları qovub birini tutmalı idi. Qaçanlar yüyürə-yüyürə bu sözləri söylərdilər:

Gəl, məni tut, ştotdu,

Gəl, məni tut, ştotdu.

Və özlərini məhəlləyə çatdırmağa çalışardılar. Qovan adam onlardan birini tutsaydı, tutulmuş adam göz yummalı idi, hərgah heç birini tuta bilməsəydi, o zaman təzədən özü gözlərini yummalı, oyun yenidən başlamalı idi.

“OĞRU-OĞRU” OYUNU

Bu oyunda iştirak edənlər öz aralarında birini “xan” seçərdilər. Xan uşaqları iki dəstəyə bölüb birinə “oğru”, o birinə isə “yasavul” adını verərdi. Oğrular qaçıb qapı dalında, damda, təndirdə, tövlədə, mətbəxdə gizlənərdilər. Onlar gizli getdikləri kimi gizlin də gəlib özlərini xana təslim etməli idilər. Yolda onların birini yasavullardan görən olsa, o, tutulmuş hesab olunur. Bir az sonra kimi gizli, kimi tutulmuş – hamısı gəlib xanın yanına cəm olardılar. Xan tutulanların hərəsinə beş-on turna cəza və əllərinə yasavulluq vəsiqəsi verərdi. Oğruları tutmuş yasavullar bu dəfə həmin tutulanları əvəz edər və oğurluğa gedərdilər. Yasavulların borcu oğruları axtarıb tapmaq idi. O adamlar tutulmasa, görünməsə, oyun yenidən başlana bilməzdi. Bəzən bu oyun iki-üç saat çəkərdi.

“ŞUMAQƏDƏR” OYUNU

Şumaqədər oyunu yumşaq şum yerində oynanardı. Əvvəlcə bir parça yeri qazıyar, şumaqədərin ucunu sındırmasın deyə torpağın içindəki daşları təmizləyərdilər. Sonra onu ayaqları ilə tapdalayıb əzişdirərdilər. Uzun ağac parçalarının ucunu yonub iynə kimi şiş edərdilər. Hər adam əlində üç ağac olmaq şərtilə o qazılmış və hazırlanmış yerə gələr, əlindəki ağaclardan birini yerə vurardı. O biri yoldaşı isə ağacını həmin yerə elə vurmalı idi ki, sancılmış ağac bunun zərbindən yerindən çıxsın, bu özü yerə möhkəm sancılsın. Ağacın bir dəfə yerdən çıxarılmağı kifayət deyildi, gərək ağac yerindən iki dəfə çıxarılaydı. Bunun birinə borc, birinə də xərc deyərdilər. Bəzən ağacı yerə vuranda hər iki ağac yerindən oynayıb düşərdi. Buna “cağ” deyərdilər. Cağ salan adam yenidən yortmalı (vurmalı) idi. Ağacı yenidən oynadılmış adam müqabil tərəfə üzünü döndərib, “Cağ salmısan, yort” – deyərdi. Hərgah hərə birinin ağacını bir dəfə yerdən çıxarsaydı, o zaman iki dəfə o birinin ağacını yerindən çıxarıb həm xarcını, həm də borcunu verib ağaca sahib olardı. Uduzan adam uduzduğu ağacı verməsə, gərək əlindəkilərdən birini versin. Bu qayda ilə oyun xeyli davam edərdi.

“AŞIQ-AŞIQ” OYUNU

Bakının ən məşhur yeməyinin bozbaş olduğu kimə məlum deyildi? Bozbaşı qoyun ətindən, özü də maça və döş hissəsindən bişirərdilər. Bozbaş yedikdən sonra evin uşağı kasalara göz gəzdirər, sümükdən aşıqları çıxardıb bir yerə yığardı. Aşıqların irisi və xırdası olardı. Xırdasına aşıq, bir qədər irisinə maça deyərdilər. Əmim oğlanları həmişə Həştərxana gedib gələrdilər. Həştərxan qoyunu çox iri olduğundan onun aşığı bu biri aşıqlara nisbətən olduqca iri olardı. Əmimə tapşırardıq ki, Həştərxandan gələndə bizə Həştərxan maçası gətirsin. Həştərxandan qayıdan gəmiçilər də məsələni başa düşüb hərəsi zənbilində bizim üçün iki-üç iri maça gətirər və bizə bağışlardı. Hansı uşaqda o maçalardan olsa, o biri uşaqlar oyun zamanı onunla şərik olmağa çalışardılar.

Bəzən aşığın dik üzünü ovub oranı ərinmiş qurşun ilə doldurardılar ki, ağır olsun. Bir para aşığın dik üzünü sürtərdilər ki, atan zaman tez sürüşüb yerdə düzülmüş aşıqlara bərk dəysin və aşağı sıradan çıxarsın.

Bu oyun belə başlanardı: üç metr diametrində dairəvi çəkər, tam ortasında yarım arşınlıq düz cizgi çəkib aşıqları üzərinə düzərdilər. Beş və ya altı addım cızıqdan kənarda da məhəllə qərar edərdilər. Aşıqlar ordan atılmalı idi. Hər şey hazır olandan sonra bəs aşıq birinci kimi vurmalı idi?

Oyunu oynayanlarda belə adlar var idi: şah, ardıcıl, danaqovan. Bunlardan birincisi şah, ikincisi ardıcıl, üçüncüsü isə danaqovan hesab olunar, həmin qayda ilə aşıqları vurardılar. Biri oynayanların maçalarını yığar, ovcunda qatışdırıb yerə tullardı. Birinci dəfə kimin maçası alçı dursa, o, şah hesab olunardı. İkinci dəfə kiminki alçı dursa, o, ardıcıl, üçüncü isə danaqovan adlanardı. Oyun başlanarkən təyin olunmuş məsafədən aşağı atıb cızığa düzülmüş aşıqları sıradan çıxarardılar. Hərgah birinci dəfə atan aşıqlardan bir neçəsini çıxarsa, o, şahlığına davam edərdi. Bacarmasa, aşıqları ikinci atan, ya da danaqovan çıxarsa, o, şah təyin edilərdi. Aşıqları hüduddan çıxaran həm aşığı mənimsər, həm də cızığın qırağından aşıq atmaq hüququna malik olardı. Əgər o, buradan aşıqları vura bilməsə, onun dalınca da danaqovan vurmalı idi. Vurulan aşıqlardan kim neçəsini cızıqdan çıxarsa, onun xüsusi malı hesab olunurdu. Əgər bir parasanın maçası Həştərxan və ya qurşunlu olsa, özü də yaxşı oynayan olmuş olsaydı, bir oyunda altı və ya yeddi aşıq udardı. Hər adam yerə ya cüt, ya da tək aşıq qurmalı idi. Birdən beşədək aşıq qurmaq olardı. Oyun iştirak edənlərdən birinin aşıqları qurtarana qədər davam edərdi. Aşığı qurtaran adam oyundan kənar edilərdi. Beləliklə, axıra hamını udmuş adam qalardı. Bununla da oyun qurtarardı.

“QOZ-QOZ” OYUNU

“Qoz-qoz” oyunu da həmən qanunlarla olardı. Fəqət yerə düzülən aşıqların əvəzinə adama on qoz qurardılar ki, onun da cizgisi böyük, məsafələri isə uzaq təyin edilərdi.

“PULA-PULA” OYUNU

Divarın dibinə torpaq töküb başıaşağı yoxuş əmələ gətirərdilər. Torpaqdan müəyyən çəpər çəkib hüdudladıqdan sonra yuxarı başda dairəvi çuxur (Azərbaycanın bəzi rayonlarında buna “həbə” deyərdilər) qazınardı. Ona “şah pula” deyərdilər. Onun sağ və sol aşağı tərəfində iki dənə də yan pula qazılardı. Onların da tam mərkəzində – şah pulanın qarşısında orta pula qazınardı. Cəmi beş pula olardı. Oyunda iştirak edənlərdən bir nəfər şah pulaya doğru iki-iki və ya bir-bir qoz atardı. Hərgah şah pulada dörd, yan pulalarda iki qoz olsa və boş qalsa idi, o vaxt şah puladakı qozlardan iki və yan pulalardan bir qoz onun olardı. Deməli, şah pulada iki, yan pulalardan bir-bir – cəmi dörd qoz onun olardı. Bundan sonra o, ikinci dəfə qoz atmağa ixtiyar əldə edirdi. Hərgah qoz pulalara tək-tək düşsəydi, o vaxt pulaya neçə tək qoz düşmüşsə, yoldaşlarına o qədər qoz verməli və axırıncı növbədə durmalı idi. Bəs oyuna birinci dəfə kim başlamalı idi? Burada da aşıq-aşıq kimi maça çalışdırardılar, kimin maçası alçı dursaydı, oyuna ilk olaraq başlamalı idi.

Novruzdan iki ay yarım keçmiş havalar istiləşməyə başlardı. Kəblə Novruzqulu gün batan zaman dükandan pendir, köhnə sirkə-badımcan, sirkə-sarımsaq, soğan, kartof, dükanın köhnədən qalan və işə getməyən xırım-xırdasından yığıb, iki-üç tabaq çörəyi alıb qırmızı yaylıq içərisinə yerləşdirər, dükanı bağladıqdan sonra bağlamanı götürüb asta addımlarla evə gələr, həyəti keçərək:

– Ay arvad, al bunları! – deyərdi.

Ana ilə qız evdən bayıra çıxar, kişini içəri aparar, divarın dibində onun altına döşək, dalına yastıq qoyub rahatlayardılar. Kişi bir stəkan su içdikdən sonra sözə başlardı:

– Ay arvad, pəncərəni aç. Havalar yavaş-yavaş dəyişir, bağa keçmək lazımdır. Sənə nə lazımdırsa, denən, səhər dükandan göndərim.

Arvad kişinin yerini saldıqdan sonra taxçanı-boğçanı axtarıb yamaq-yırtığını tikərdi. Səhər tezdən kişi yuxudan oyanardı. Qara mahud şalvarını, tirmə döşlüyünü, kəyanı donunu geyib qurşağını bağladıqdan sonra dəstəmaz alar, namaz qıldıqdan sonra qarabuğdayı sifətini iki tərəfdən səliqə ilə örtmüş qara saqqalını darayar, ağ araxçının üstündən əmiri papağını başına qoyub oğlunu çağırardı.

– Ada, Kərim, Kərim…

Arvad elə başa düşür ki, kişi oğlunu döyəcək, tez gəlib kişiyə yalvarmağa başlayırdı:

– Sabah-sabah nə xeyir eləmişik, nə şər!.. Uşağı döyməginən. Əlin dəstəmazlıdır, xeyir olsun, uşağı qat qabağına, apar bazara. Hər nə almalısan, al, ver, gəlsin.

Kərim Kəblə Novruzqulu ilə dükana gedərdi. Kişinin alış-verişə başı qarışar, uşaq isə onu gözləyər, mollaxanasının vaxtı keçərdi.

– Ada, Kərim, sən get mollaya, mən şeyləri özgəsi ilə göndərərəm.

– Ay ata, bunu səhərdən deyəydin də, mən də çıxıb gedəydim mollaya, indi mən hara gedim? Vaxt keçib.

Fəqət atasından cavab almadığından bir ayağı gedər, bir ayağı qalardı. Nə isə, qorxa-qorxa gəlib mollaxanaya çıxardı. Keçib öz yerində oturar, molla uşaqların dərslərini qurtarandan sonra:

– Kərim, niyə gecikmisən? – deyə soruşardı.

Kərim qorxudan ağlaya-ağlaya:

– Vallah, molla əmi, atam səhər məni aparıb dükanda saxladı, vaxt da keçdi.

– Yalan deyirsən, namərbüt, görəsən, harda aşıq-aşığa başın qarışıbmış.

Çox deyib, az eşitdikdən sonra çubuqla falaqqa işə düşərdi.

Keçmişdə gözüaçıq adamlar oğlunu aparıb mollaya tapşırardı. Bu uşaq böyüyər, evdə anası, bacısı və qonşu uşaqlar bunun əlindən zara gələrdi. Uşağın atası mollaya müraciət edib:

– Molla! Bunu mən bura gətirmişəm, küçələrdən əl-ayağı yığılsın. Əlində bir az savadı olsun. Əti sənin, sümüyü mənim. Yenə sənə tapşırıram, sözünə qulaq asmadı, döy, uşaq döyülməklə ölməz, – deyərdi.

Molla uşağı gözucu süzüb deyərdi:

– Keç, əyləş uşaqların cərgəsində.

Uşaq bir az oturandan sonra molla yenə deyərdi:

– Sabah atana deynən, sənə əlifba cərgəsi alsın.

Atası səhər cərgə alıb uşağa verərdi.

Köhnə məscid hücrələri qışda soyuq, yayda isə həddən artıq isti olardı. Hücrənin yeri torpaq olardı. Bura evdə işlənib köhnəlmış həsirlər ilə döşənər, həsirlərin altı tozla dolu olar, birə əlindən tərpənmək olmazdı. Hər uşaq evindən bir döşəkçə gətirərdi ki, özünü soyuqdan saxlasın. Məktəbin müəyyən vaxtı yox idi. Mollanın kefi istədiyi vaxt dərs oxuyardılar. Səhər saat doqquzdan on ikiyə kimi, günorta iki saat tənəffüsdən sonra saat ikidən yenə də gün batana kimi uşaq məsciddə qalardı.

Birinci dərs “Hüvvəlfəttəhüləlim” dərsi olardı. Molla barmağını əlifin üstünə qoyub burnunda danışdığı və əlif deyə bilmədiyi üçün əlif yerinə ənif deyərdi. Uşaq da ənif deyərdi. Molla deyirdi ki, mən deyəni demə, ənif de. Uşaq da onun dediyini təkrarlayardı:

– Ənif.

Mollanın acığı tuturdu. Uşağa bir qapaz vurub söyürdü:

– Korazehin oğlu korazehin.

Uşaq qalxıb bildiyini də itirər, ağlamağa başlardı. Molla köhnə şəyirdlərdən birini çağırıb ona tapşırardı ki, aparıb ona əlif hərfini öyrətsin. Bu uşaq bir il tamam məktəbə gedərdi, amma hürafatı yaxşı tanıya bilməzdi. Dərsin üsulu olmazdı. Uşaqlara ərəb qiraəti ilə dərs verərdilər.

Bir “əbcəd” kəlməsini molla uşağa belə başa salardı:

– Əlif-zəbər-ə! Bey-zər-be! Çim-zəbər-çə! Dal-zən çəd-əbçəd. Bu üsul uşaqların zehnini kütləşdirib onların istedadını məhv edərdi.

Dərs əvəzinə bu “məktəbdə” uşaqları ölüncə döyərdilər.

Bir qədər diribaş və zirək uşaqlar mollanın xəlfəsi olardılar. Oxuyan uşaqları molla daima qulluğa göndərər, mollanın arvadı daima ev süpürdər, su daşıtdırar, odun yardırar, qab-qaşıq yudurdardı. Onlar mollanın arvadının satıl və boğçasını hamama aparardı. Mollanın arvadı üçün iş görən uşaqlar sevinə-sevinə məktəbə gələrdilər. Arvadına acığı tutan molla hirsini şəyirdlərə tökərdi. Bu zaman məşhur falaqqa işə düşərdi.

Falaqqa bir metr uzunluğunda ağac idi. Ortasında 1/4 metr fasiləli iki deşik var idi. O deşiklərə ip bağlanmışdı. Uşağın ayağını iki deşiyin arasına qoyar, ipi onun ayağına salar, sonra ağacı burardılar. Uşağın ayağı orada möhkəm sıxılardı. Əzgil ağacından, nar ağacından nazik düyümlü çubuqlar hazırlardılar. Molla qolunun gücü çatdıqca uşağın ayağına çırpardı. Belə ki, bəzən uşaqların dırnaqlarından qan sızardı.

Uşaqların çoxu həftələrlə yeriyə bilməz, “məktəbdən” evlərinə dizin-dizin gedərdilər. Çox vaxt molla uşaqları qatara salardı, yəni şəyirdlərin hamısı falaqqaya salınıb döyülərdi. Qurana çatana kimi yazıq uşaqların halı belə acınacaqlı olardı.

QURAN ÇIXMA

Quranı oxuyub qurtarmağa “Quran çıxma” deyərdilər. O uşaq qoca idi ki, bu şəraitdə oxuyub Quran çıxaydı. Axşam Quran çıxmış uşaq atasına deyərdi ki, mən sabah Quranı xətm edəcəyəm. Atası bazardan noğul, nabat, püstə, badam, qənd, çay, xına alıb podnosa yığar, molla üçün xonça hazırlayardı. Səhər uşaq mollaxanaya gedər, Quranın axrıncı surəsini əzbərdən oxuyardı. Oxuyub qurtardıqdan sonra xəlfə, “fətəbarəkkəllahy əhsənülxaliqin. Molla yesin südlü plov balığın, xəlfə yesin qırmızıca qazmağın, şəyird yesin qırmızıca çubuğu” – deyib Quran çıxan uşağın papağını götürüb onun evinə qaçardı. Uşağın anası papağı gətirən uşağa xonça verib yola salardı. Bu uşaq xonçanı mollaxanaya gətirəndə molla görüb gülümsər və uşaqları o gün azad edərdi.

MEŞQ XƏTTATLIQ

Meşqin üstündə uşaqların əlləri falaqqaya düşərdi. Uşaqlar gərək elə yazaydılar ki, hərflər hamısı bir qayda ilə peçatdan çıxan kimi olaydı.

Çox vaxt bunun üstündə şəyirdlərin hamısının əli falaqqaya düşərdi. Bir ağlaşma qopardı ki, deyəsən, yasxanadır. Çox uşaq falaqqanın qorxusundan döşəkçəsini, cərgəsini qoyub qaçardı, ata-analarına yalvarardılar, onları daha mollaxanaya aparmasınlar.

Uşaqların yanında molla adı çəkiləndə qorxudan titrəyib ağlardılar. O saat çubuq-falaqqa, vəhşi rəftar gəlib gözlərinin qabağında dayanardı. Beləliklə, vəhşi ruhanilər, onların əlaltıları olan mollalar xalqın başını tovlayıb onları savaddan, elmdən, bilikdən, qulturadan uzaqda avam və cahil halda saxlamağa çalışardılar. Bu onlar üçün əlverişli idi.

Nə isə…

Kərimin ayağına o qədər güclü çubuq dəydi ki, ayaqları şişdi. Yoldaşları qoluna girib evlərinə apardılar.

Kərimin anası oğlunu bu halda görcək əhvalatdan xəbərdar oldu: Kərimi falaqqaya salmışlar.

– Mollanı görüm saqqalı qanına bulansın, əmmaməsi ayağına dolaşsın. Onu görüm əli heç qələm tutmasın. Canı məscidlər tinində çürüsün, mənim balamın taqsırı nə idi, bu günə saldı?!

Kərimin ayağına yağlı xəmir salıb yerə uzatdılar. Evdən dükana gedən kisələr bir həftədən sonra dükandan dolu qayıtdı, arada Kərimin döyülməyi özünə qaldı. Beləliklə, uşaq molladan qaçır, molla adı gələndə bağırı yarılırdı. Burada uşağın savadı barədə danışmaq, əlbəttə, yersizdir. Çünki uşaq mollaxanda on il də oxusa idi, ana dilində savadı olmazdı, əksinə, orada əxlaqı və tərbiyəsi pozular, istedadı, zehni, bacarığı kütləşər və zəhərlənərdi. Mollaxanadan qovulan gündən uşaq fikirini quşbazlıq, tazıbazlıq, xoruzbazlıq, qocabazlıq, bildirçinbazlıq, itbazlıq və bu kimi işlərə verdi. Bir də görərdin, küçənin başında camaat cəm olub, iki qumral qoçu boğazlarından halqalarını çıxarıb döyüşdürürlər. Bu qocalar üç qisim olardı. Toğlu, şişək və ögəc. Toğlu bir illik, şişək iki illik, ögəc üç illik olardı. Ağ qocaların boyunlarından xırda zınqırov, muncuq, ara-sıra göz muncuğu və yaşıl meçindən tikilmiş içi dualı və üçkünc pitik asardılar. Buynuzlarını, kəlləsini və bədənini çalım-çapraz xına ilə boyardılar. Bu heyvanlar döyüşəndə bir-birilərinə elə zərbə ilə kəllə vurardılar ki, bunların buynuzları qırılar, bəzən başları belə parçalanardı. Kimin qoçu yerindən tərpənməsə, onu qaçmış hesab etməzdilər. Hərgah qaçsa, o, məğlub edilmiş hesab olunurdu. Qoçların vuruş zamanı düşdüyü halları ifadə etmək çətindir. Heyvanların gözünə qan dolur, buynuzları sınır, buynuzun dibindən qan axır, dilləri ağızlarından bayıra çıxır, dişləri sınır, sürətlə ləhləyərək ölümcül halda məsum-məsum ora yığılan camaatın üzünə baxırdılar. Bununla belə bu avam camaat bu vəhşi haldan əl çəkmək istəməzdi. Acınacaqlı hala salınmış heyvanların döşünü, başını ovuşdura-ovuşdura təkrar vuruşa cəlb etmək istərdilər. Çar hökuməti və ruhanilər tərəfindən qaranlıqda cahillik və vəhşiliklə saxlanılan, insanca yaşamaq imkanları əllərindən alınmış avam camaat arasında it boğuşdurmaq adəti də var idi.

Bakının ətraf kəndlərindən məşhur cins qoyun köklərini küçüklüyündən Bakıya gətirib il yarım-iki il bəsləməyə başlar və boğuşdurmağa hazırlaşdırardılar.

Yaxşı uzunboyunlu, uzunqıçlı hiratı xoruzların çoxunu çolpalıqdan kişmişlə bəsləyib, altı aydan sonra onun qıçlarındakı məmizlərini şişə ilə yonub iynə kimi itilərdilər ki, döyüşən zaman o biri xoruzun çinədanına batsın.

Dovşan ovuna getmək üçün tazı bəsləmək də adət idi. Məlumdur ki, tazının qıçları ceyran qıçları kimi nazik və uzun, bədəni zərif və yüngül, quyruğu isə uzun, çox da tüklü olmazdı.

Tazının başı tülkü başı kimi uzun olub qulaqları sallaq olur. Tazı altı ayda mərəz olardı, yəni tarazlıq həddinə çatardı. Onun yediyi qoyun qarnı, kəllə və çörək olardı. Tazıları bu cür saxlayıb böyüdərdilər. Beş-on nəfər sözü bir yerə qoyub tazıları hazırlayar və ova çıxardılar. Hamı at minib iki-üç tazını yanınca aparardı. Ova aparılan bu tazıların boynunda xalta, xaltaya dəmir halqa bağlı olardı. O çiyəni halqadan keçirib ipin iki ucunu at üstündə əlində tutardı. Harada dovşana rast gəlsə, halqadan keçirilmiş ipin birini buraxar, itlər ipdən azad olub dovşanların dalınca qaçardılar. Atın üstündəkilər isə onların dalınca çapardılar. Onlardan biri qışqırardı:

Anam qara qancıq!

Atam ağzı qara!

Babam boz tula!

Qoyma!

Qoyma dərdin-balan mənə gəlsin!

Belə ki, bağ-bostan, buğda zəmiləri hamısı atlara və tulalara ayaqaltı olardı. Bir para köhnə təcrübədən çıxmış dovşanlar çalım-çarpaq tazıları çaşdıraraq arabir də vaz atırdılar. Çox qaçdıqda havanın istisindən tazılar təngnəfəs olar, dırnaqları, qol-qıçları yaralanardı. Bəzən zavallı it taqətdən düşüb yerə yıxılardı. Çox vaxt isə dovşanların nəfəsi kəsilər, yıxılıb ölərdi. Bəzən iki tazı bir dovşanı tutsa idi, bu iki nəfərin arasında höcət və dava başlanardı. Çox zaman bu dava ölüb-öldürmək və ədavətlə nəticələnərdi. Ovçular yorğun, ac-susuz ovdan qayıdardılar.

BİLDİRÇİNBAZLIQ

Bildirçinlər oxumalarına görə bir-birindən fərqlənir. Onlar üç cür olur: yorqa, yəni tez-tez, ikincilər şumara, yəni bir az ağır, üçüncülər isə lap ağır oxuyan. Bu quşun bir qəribə şakəri var: yeri gen olsa, oxumaz, onun qəfəsinin eni, uzunu iyirmi altı santimetr, üstü isə dəmir millərlə hörülmüş olardı. Qəfəsin içində quş tükündən yumşaq döşəklər qayırıb quşun başının üstündə bərkidirlər ki, özünü ora-bura çırpanda başı dağılmasın. İşıqda yata bilməyən bu quşu işıqdan qorumaq üçün qəfəsin üstünə dəsmal salar, yaxud qəfəsi qaranlıq yerə aparardılar. Bildirçin adi darı yeyərdi. Ara-bir şadənə də verərdilər, quş qızışsın. Həftələrlə çöllərdə xəsillər (əkin) arasında tor qurulan bildirçin düdüyü (giyid) çalmaqla erkək bildirçini aldadıb tutardılar. Onu tutmaq üsulu belə idi: xəsillərin üzərinə böyük tor döşər, quşçular isə xəsillərin dibində gizlənib düdük çalardılar. Erkək bildirçin düdüyün səsinə aldanıb torun altına gələndə quşçular quşun tora düşdüyünü görüb qəfil ayağa qalxardılar. Quş yaxında adam görcək havaya qalxmaq istərkən tora ilişər və onu tutardılar. Bildirçini şəhərə gətirəndə qəfəsə salardılar. Həyətdə müəyyən yer və ya küncdə qapının üstünə mıx vurub qəfəsi ortadan asar və quşa muşqurardılar. Muşqurduqda quş, “Məmo-məmo”, quşun sahibi isə ahəstə səslə, “Hə-hə” – deyərdi. Quş isə oxumağa başlardı. Quşun oxumağına şəhərin alverçi, baqqal, tacir, dəllal kimi havayıyeyən boşboğazları toplanardı. Bunların, ümumiyyətlə, qarasaqqal, uzunboy başlarda qazağı, ya iki üzlü əmiri, ya qələmi papaq olardı. Boğazlarından göbəklərinədək ilməli donlar, yaşıl rəngli sarı başmaqlar, sarı ipək qurşaqlar, göy rəngli topuqdan yuxarı şalvarlar, bir parçası enli, əlvan yun qurşaqlar da olardı. Bu adamlar çiyinlərinə güləbətinli sırama ilə baftalı çuxa, bəzən də sarı uzun ərdəbil kürkü salardılar.

Quş oxuyandan sonra bu barədə böyük mübahisə və höcətlər başlanardı.

Nurcahan xala düyünü təmizlər, noxudunu, lobyasını, mərcisini arıyıb kisələrə tökər, ağızlarını bağlayıb evin bir küncünə yığardı. Kəblə Novruzqulu axşamçağı evə gəlib bir qədər istirahət etdikdən sonra Nurcahan xala unlu əllərini silərək ona deyərdi:

– A kişi, hər bir şey hazırdır, get Bayırşəhərə, Xanım karvansarasından araba danış, gəlib bizim kösüyümüzü aparsın.

Bakının ətraf kəndlərindən şəhər bazarlarına yük gətirən arabaçılar bazarda yükü boşaldıb arabalarını keçmiş Quba meydanındakı Xanım karvansarasında açar, orada rahatlanardılar. Kəblə Novruzqulu o karvansaraya gedib arabanı danışar, behləşərdi. Evə qayıdıb arvada deyərdi ki, tez ol, tədarük gör, avadanlığı qablaşdır, arabalar indi gələr.

– İndi nə üçün, a kişi?

– Arabaçılar atları istiyə salmamaq üçün gecə getmək istəyirlər.

Arvad deyinməyə başlardı:

– İndi mən qaragün məfrəşləri, qab-qazanı bağlayım, toyuq-cücəni tutum, ya sizə xörək hazırlayım?! Başıdaşlı arabaçı səhər gedə bilməzdi? Ay qız, Tubu, Tubu! Tez bu qab-qacağı quyu üstə yu, torpaqla salavatla gətir.

Tubu qonşu evində qızlarla gəlin-gəlin oynamaqla məşğuldu. Arvad bir çağırır, iki çağırır, görəndə Tubu gəlmədi, çığır-bağır salmağa başlayırdı…

– Tubu…Tubu…

Qız qonşu həyətdən anasının səsini eşitcək:

– Gəlirəm, ay ana, – deyib yürüyərək gəlirdi.

Nurcahan xala:

– Ay səni görüm başın topda getsin, heç qapılar açıb girməyəsən! – deyə qızı danlamağa başlayardı.

Kişinin ovqatı təlx olar, acığından samovar torbasını götürüb düşərdi arvadın üstünə. Tubu ağlayar, arvad da kötəyin zərbəsindən bağırardı. Bu zaman Kərim yedəyində bir qoca qotur köpək, boğazında bir üz dəsmal həyətə girərdi. Qanıqara kişinin gözü Kərimə sataşardı:

– Ada, ada? Bu qotur iti nəyə gətirmisən?

– Ay ata, bağa aparacağam.

Kişinin ovqatı daha da xarablaşar, oyan-buyanı axtarar, əlinə təndir kösəyi götürüb itə bir-iki çəkərdi. İt vanqıldaya-vanqıldaya qaçar, boğazına bağlanmış üz dəsmalını da aparardı. Atalar burada deyiblər: “İt də getdi, ip də”.

Kişi acıqdan Kərimin üstünə düşəndə həyətdə qiyamət qopardı.

Tez qonşular səsə yürüyər, kişilər Kəblə Novruzqulunu, arvadlar da Nurcahan xalanı sakit edərdi.

– Kəblə Novruzqulu, salavat çevir, axşam vaxtı yol üstündəsən hövsələni bas, ovqatını təlx eləmə.

Nurcahan xala üzünü arvadlara tutub:

– Ay Kəblə Püstə bacı! Mənim belə dərdim var, xeyri olsun ərdən, övladdan yarıyanların.

– Eybi yoxdur, bala, eybi yoxdur, başının sahibidir. Səni döyər də, istər də, ər adamı öldürər də…

Kişilər Kəblə Novruzqulunu sakitləşdirər, arvadlar da Nurcahan xalaya kömək edər, avadanlıq sazlayar, sonra ev yiyələri ilə süfrəyə əyləşib bozbaş həzmi-rabedən keçirərdilər.

Küçədən Salyan arabalarının ağac oxlarının cırıltısı eşidilməyə başlayardı. Tez Kəblə Novruzqulu qonşuların köməyi ilə arabaları yükləyər, arabaçılara yemək verdikdən sonra toyuq-cücələrin ayaqlarını bağlayıb yükün üstə, qoyunun isə əl-ayağını bağlayıb arabanın dütbəsinə qoyardılar.

Balaca Tubu gəlinciklərini, pişiyini qucağına götürüb, Nurcahan xala qonşu arvadlarla qucaqlaşıb-öpüşdükdən sonra arabaya minərdilər. Axırda Kəblə Novruzqulu evin və həyətin qapısını qıfıllayıb açarı qonşulara tapşırar, əlini cibinə atıb avadanlıq daşıyan xırda qonşu uşaqlarına pul bağışladıqdan sonra xudafizləşib arabaya minər və qonşuların, “Yaxşı yol, Allah salamat aparsın!” – sözləri ilə yola düşərdi. Araba silkələnər və cığıldayar, toyuq-cücə qanad çalıb qaqqıldamağa başlayardı.

Kəblə Novruzqulu səsdən təngə gəlib:

– Ə… ə… Köpək oğlunun malları… Şoğəribə qalasınız, xeyrata kəsiləsiniz… – deyə mızıldanardı.

Arvad:

– Yaxşı olardı, sənin xeyratına kəsilsin. Bir kərəlik qulağım dincələrdi.

Yolçular deyinə-deyinə gecəyarısı Suraxanıya çatardılar. Kəndin küçələrindən birində tini burularkən heç gözlənilmədən arabanın taxta oxunun qulağı divara toxunub sınardı. Ölüm-zülm kəndin içindən çıxıb gecəyarısı Suraxanıdan bir az aşağı – Usta-şəyird dediyimiz yerə çatardılar. Orada yükü yerə düşürüb arabanın oxunu düzəldər, bir qədər dincəlib, atları yemləyib suladıqdan sonra yükləri yerinə bağlayıb yola düşərdilər. Səhər saat on iki-birdə Şüvəlana çatardılar. Yükü həyətə boşaldanda kişi deyərdi:

– Arvad açarı ver.

Arvad bir qədər ora-burasını qurdalandıqdan sonra yadına düşərdi ki, bağın açarı yaddan çıxıb şəhərdəki evdə qalıb.

– Ay kişi, ay kişi, açar yadımdan çıxıb, qalıb evdə.

Kəblə Novruzqulunun qanı təzədən qaralardı.

– Ə… ə… sənin atan, anan gorbagor olsun, canımı boğazıma yığdın. Yekə arvadsan, bilmirsən, bağ otağının qapısı qıfıllıdır, açıq deyil?!

– Ay kişi, o qədər deyinirsən, bildiyimi də çaşıram. Səni görüm öləndə dilin kəlməyə gəlməsin, sən bəyəm qoyursan, bilim, nə iş görürəm?

Ər-arvad bir-birinin tozunu çırpandan sonra kişi ənvaimüsibətlə qapının qıfılını sındırar və açardı. Evin içində keçən ildənqalma quru meynə olardı. Payızda şəhərə köçərkən meynələrin başını kəsərdilər ki, gələn bahar üzümü yaxşı versin. O meynə başlarını evə doldurardılar. Onun qurumuşunu gələn bağ vaxtı ocaq altında yandırardılar. İndi isə köməkləşib o quru meynələri bayıra tökdükdən sonra evi sahmanladılar.

BAĞ MƏŞĞƏLƏLƏRİ

Axşam yeməyini yedikdən sonra hər məhəllə qonşuları qum üstünə yığılıb növbənöv oyun oynayardılar. Birisinin gözünü dəsmalla bağlayıb əlinə ağac verərdilər. Bu adam, “Nənəm mənə kor dedi, hər yetəni vur, dedi” – söyləyib ağacı sağına-soluna fırladardı.

Oyunda iştirak edənlər özlərini ağacdan mühafizə edərək onun kürəyinə şillə vurub tez qaçardılar ki, gözü bağlı olan adam onları tutmasın. İştirak edənlərdən biri vurulsa və ya tutulsaydı, onun gözünü açıb həmin vurulanın gözünü bağlardılar. Bu oyunun adına “top lələdə”, yaxud “gözbağlıca” deyərdilər.

Bəzən bağa yeni köçmüş, başında qızmızı tirmədən güləbətinli araqçın, əynində qara atlas köynək, gümüş sapoşka, belində gümüş körpülü belbağı, qıçında kitay ipəyindən şalvar olan qonşu oğlu Rəhim yoldaşları ilə söhbətə gedərdi. Orada maraqlı hadisə baş verərdi: uşaqlardan biri o birinə himlə bildirərdi ki, gələn hərif xamdır. O da o saat başlardı ki, gəlin “piyan-piyan” oynayaq.


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.


Популярные книги за неделю


Рекомендации