Текст книги "Köhnə Bakı"
Автор книги: Hüseynqulu Sarabski
Жанр: Биографии и Мемуары, Публицистика
сообщить о неприемлемом содержимом
Текущая страница: 3 (всего у книги 8 страниц)
Biri deyərdi, mən çaxırçı, biri o yandan deyərdi, lütün biri mən, o biri deyərdi, biri də mən.
– Yaxşı, bəs xozeyn kim olsun?
Yandan deyərdilər ki, xozeyn də Rəhim olsun. Rəhimsə:
– Oyun maraqlıdır, görək nə olur, vaxtımız xoş keçsin, – deyə razı olardı.
Rəhimi ortalıqda oturdardılar. Lütün biri sağında, biri də solunda əyləşərdi. Çaxırçı da onların qarşısında.
– Ey çaxırçı, çaxır ver.
– Pul ver!
Xozeyn pul verərdi. Bunlar da yalandan içməyə başlayardı. Bir az içəndən sonra guya ki pulları qurtarardı.
– Ey, çaxır ver!
– Pul ver!
– Pul qurtarıb.
Lütlər donlarını çıxarıb verdikdən sonra çaxır alıb içərdilər. Köynəklərini də verəndən sonra bir şey tapmayıb xozeynə deyərdilər, çaxır ver, çaxırçı isə deyərdi, pul ver. Cavabında lütlər: “Biz çox şey vermişik, sən də soyun, ver, içək”. Rəhim də fikir edərdi ki, başlamışıq, görək bunun axırı nə olur. Nəhayət, donunu, kəmərini, saat-“saroçka”sını çıxarıb verərdi. Ən axırda bunların üçü də lap çılpaq olardı. İçib lap “keflənəndən” sonra çaxırçı guya ki bunlara kələk gələrdi:
– Pul verin.
Lütlər:
– Sənə borclu deyilik. Paltar vermişik.
Mübahisə başlanar, çaxırçı fit verər, yalandan qorodovoy gələrdi. Çaxırçı qorodovoya bir şey verib onların kefli olduğunu söylərdi və:
– Siz taqsırkarsınız! – deyərdi.
Qorodovoy da rüşvətə baş əyib bu sözü təkrarlayıb əlavə edərdi:
– Kəndir gətirin və bunların qollarını bağlayın.
Rəhim ortada olmaq şərti ilə dərhal lütlərin birini sağa, birini də sola keçirər, qol-qola bağlayardılar. Lütlərin hər ikisinin sağ qolu açıq olardı. Bunların dərhal davası düşər, onlar hərəsi əlinə bir başmaq tayı alıb vuruşmağa başlayardılar. Lütlər iki qolu bağlı, özü də çılpaq halda olan Rəhimin üstünə düşüb xeyli vurardılar. Rəhim çox ki, xilas olsun, amma nə fayda, bütün bu dəzgahlar bununçünmüş. Özünü xilas etmək üçün qolları ilə bunların ikisini baş-başa çırpışdırar, fəqət görərdi, bir şey çıxmır. Arada üzüqoylu yerə yıxılardı. Tamaşaçılar onun bu halına xeyli gülüb zövq alardılar. Sonra Rəhim qollarını açardı. Zirək olan qaçardı, yerdə qalanla yumruqlaşma başlanardı. Oyun üstündə böyük davalar, ədavətlər düşərdi.
“TAĞI KÜLAH, NAĞI SƏR” OYUNU
On beş-iyirmi nəfər dövrə qurub oturar, başda bir nəfər də molla olardı. Oyunda iştirak edənlərin sayı on beş nəfərə çatsaydı, o zaman onların on dördü araqçınını ikiqat büküb öz başına qoyardı. Təkcə molla başıaçıq qalardı. Sonra hamısı bir ağızdan oxumağa başlardılar.
Birinci molla başlardı:
– Tağı külah, Nağı sər.
Oyunçular təkrar edərdi:
– Tağı külah, Nağı sər.
Molla deyərdi:
– Yağış yağar, yel əsər.
Oyunçular təkrar edərdi:
– Yağış yağar, yel əsər.
Bu mahnını oxuyarkən əl çalardılar. Ancaq fikirləri mollanın əlində və öz başlarındakı araqçında olmalı idi. Çünki molla lapdan yanındakının araqçınına əl uzadıb öz başına qoyardı, yanındakı isə cəld yoldaşının araqçınını alar, o da o birininkini və bu qayda ilə əl çala-çala, mahnı oxuya-oxuya papaqlarını bir-birinin başından götürüb öz başlarına qoyardılar. Qəflətən molla:
– Lax-lax, – dedikdə gərək hamı öz başındakı araqçını iki əli ilə bərk tutardı ki, başından götürülüb başıaçıq qalmasın. Kim başıaçıq qalsa, ona tənbeh edərdi. Tənbeh isə belə olardı: onu ortaya doğru üzüqoylu mollanın dizi üstə uzadardılar, iştirak edənlərin hamısı əllərini tənbeh olunanın kürəyində bir-birinin üstünə qoyardılar. Molla soruşardı:
– Əl üstə kimin əli?
Tənbeh olunan:
– Əkbərin əli!
– Bilmədin! Götürün, götürün, vurağın!
İyirmi altı əl ağırlığını yazığın kürəyinə endirərdilər. Tənbeh olunan ən üstdəki əlin kimin olduğunu tapmasa, bu qayda ilə xeyli zaman döyülərdi. Əgər tapmasa, oyun yenidən başlardı. Bu oyunun adına Bakıda “Tağı külah, Nağı sər” deyərdilər.
“HABUDU GETDİ, ŞAHBUDU GƏLDİ” OYUNU
Bu oyunda ya iyirmi, ya da on beş adam iştirak edərdi. Bunlar dövrə qurub oturar və qıçlarını özlərinə sarı elə yığardılar ki, dizlərinin altında tağ kimi boş yer qalsın. Oyunçular aralarında heç bir şey görünməsin deyə çox sıx oturmalı idilər. Biri araqçınını birindən digərinə diz altından yoldaşına ötürərdi:
– Habudu getdi, şahbudu gəldi!
Bu qayda ilə araqçın birindən digərinə dizaltı ötürülüb dövrə vurardı. Oyunçulardan biri araqçını əlində gizlədib uşaqlarla birgə əllərini tərpədərdi. Ayaq üstə olan araqçının mollanın əlində olduğunu başa düşsə, dayanar, hərgah başa düşməsə, yürüyüb-yürüyüb yorulardı. İştirak edənlərdən birinin əlində araqçın tutulsa, o, yerini ayaq üstündəkinə verib onun yerinə keçməli idi. Birdən-birə gizlincə araqçını yoldaşının dizinin altına qoyardı. Belə ki, o adam araqçının öz dizi altında olduğunu bilməzdi. Molla gözləyib görərdi ki, araqçın onun əlinə çatmadı, o vaxt oyunu saxlardı. Araqçın kimin qıçının altından çıxsa, o yerini ayaq üstəki ilə əvəz etməli idi. Bu oyunun adına “Habudu getdi, şahbudu gəldi” deyərdilər. Arada intizamsızlıq əmələ gəlsə və ya ayaq üstdəki yorulsaydı, molla araqçını havaya qaldırıb oyunçuları sakit edərdi. Bu zaman ayaq üstündəki yorğunluğunu alardı.
“USTA-ŞƏYİRD” OYUNU
Bu oyun on beş və ya iyirmi nəfər uşağın iştirakı ilə başlanardı. Bir nəfər usta olardı. Oynayanlardan biri gəlib ustanın qabağında oturar, usta onun gözlərini əlləri ilə örtərdi. İştirak edənlərdən biri onun kürəyinə yavaşca şillə vuranda usta əlini onun gözündən çəkib deyərdi:
– Ay canım şəyird, ay gözüm şəyird, səni kim vurdu, kim gördü?
İştirak edənlər də haman sözləri xorla təkrar edərdilər:
– Ay canım usta, ay gözüm usta, məni o vurdu, siz gördünüz.
Əgər tapmasa, usta:
– Ay kor olasan, lap kor olasan, səni bu vurdu, biz gördük, – deyə vuran adamı göstərərdi. Xor da həmin sözləri təkrar edərdi. Əgər vuranı tapsa, o zaman molla:
– Ay bərəkallah, səd bərəkallah, səni o vurdu, biz gördük.
Xor da eyni sözləri mahnı ilə təkrar edərdi. Vuran adam tapıldığı üçün şəyirdin yerinə keçər, şəyird isə dövrəyə daxil olar, oyun yenidən başlanardı. Bu oyunun adına “Usta-şəyird” deyərdilər.
“YOLDAŞ, SƏNİ KİM APARDI?” OYUNU
Beş nəfərdən ibarət sıra düzələrdi. Onlardan beş addım dalda üzləri qabaqdakıların arxasına doğru beş nəfər də düzülərdi. Hər dəstənin bir miyançısı (zurisi) olardı. Arxadakılardan biri asta-asta gəlib qabaqdakılardan birinin arxasına üsulluca barmağı ilə vurardı. Vurulan adam yavaşca qayıdıb öz yerini tutandan sonra miyançı deyərdi:
– Yoldaş, səni kim apardı?
Əgər Həsən tapsa, həmin adamın dalına minib müəyyən məsafəni gedib-qayıtmalı idi. Sonra onun yerinə keçib onu öz yerinə göndərməli idi. Hərgah tapmasa, onu vuran adam dalına minib müəyyən məsafəni getməli, qayıdandan sonra isə yenə hərə öz yerində qalmalı idi. Bu qayda ilə oyun yenidən başlanardı. Bu oyunun adına “Yoldaş, səni kim apardı” deyərdilər.
“BƏNÖVŞƏ” OYUNU
Bənövşə oyunu çox qədim oyunlardandır. Burada iştirak edənlər iki dəstəyə bölünüb on addım məsafədə üzbəüz dayanırlar. Dəstədəki uşaqlar bir-birinin əlindən möhkəm tutub sıraya düzülərdilər. Dəstədən biri oyuna başlardı. Bir nəfər o biri dəstəyə müraciət edərək deyərdi:
– Bənövşə!
Onlar cavab verərdi:
– Bəndə düşə!
– Bizdən sizə kim düşə?
– Sizdən bizə Rzaqulu düşə.
Bu zaman Rzaqulu dəstədən aralanıb bir qədər arxaya çəkilər, var qüvvəsini cəm edərək qabaqdakıların əllərini qırmaq üçün ox sürəti ilə yüyürüb onların əlləri üzərinə atılardı. Əllər davam gətirməyib açılanda o adam zərbdən üzüqoylu yerə yıxılardı.
Əlləri qıran adam o biri dəstədən bir nəfəri özü ilə dəstəsinə əsir aparırdı. Qıra bilməsəydi, özü onların dəstəsində əsir qalardı. Belə ki, bəzən bir dəstənin adamlarını o biri dəstə bütünlüklə əsir alırdı və iki dəstə birləşib o birini ləğv edərdi.
“AL BUNU” OYUNU
Dəstə bir yerə cəmləşər, bir ana seçərdi. Ananın əmri ilə dəstə yerə əyləşər və oyuna başlardı. Adamlar sıra ilə deyil, dövrə qurub oturmalı idilər, oyunu ana başlardı. Bir əlini tərpədərək cərgədəkilərdən birinə deyərdi:
– Al bunu!
– Nədi o?
– Bir kələfdir, sar getsin.
Oyunçu eyni sözləri bir əlini tərpədərək təkrarən yoldaşına söylərdi, ta ki dövrə gəlib anaya çatardı. Sonra ana iki əlini tərpədərək deyərdi:
– Al bunu!
– Nədi o?
– İki kələfdir, sar getsin.
Uşaqlar bu sözü də bir-birinə ötürərdi. Bu dəfə isə hamı iki əlini, bir qıçını tərpədərdi.
Yenə ana başlardı:
– Al bunu!
– Nədi o?
– Dörd kələfdir, sar getsin.
İştirak edənlər hamısı bunları təkrar edib iki əl və iki qıçını tərpətməyə başlardı. Yenə ana sözə başladı:
– Al bunu!
– Nədi o?
– Beş kələfdir, sar getsin.
İştirakçılar bu sözü bir-birilərinə ötürərək gərək iki əl, iki ayaq və bədənlərini tərpədərdilər.
Ana:
– Al bunu!
– Nədi o?
– Altı kələfdir, sar getsin.
Bu dəfə uşaqlar bu sözü iki əlini, iki ayağını, bədənini, bir də başını tərpədərək bir-birinə ötürərdilər.
Ana:
– Al bunu!
– Nədi o?
– Yeddi kələfdir, sar getsin.
Hamı oturub baş, bədən, qol-qıçlarını tərpədərək yerlərində tullanardı. Bununla gülüş başlanardı. Kim nizamsızlıq etsəydi, cərimə edərdilər. Ana o adama nə desə, əməl etməli idi.
“QUNDAQ-QUNDAQ” OYUNU
Bir-birindən bir arşın məsafədə olan iyirmiyə qədər adam dövrə tutardı. İki çuxanı və ya bir yorğanı yumruqlayıb top kimi qurşaqla səriyərdilər. O top ananın əlində olardı. Bir nəfər də ananın arxasında ayaq üstə dayanardı. Ana topu gah sağa, gah da sola tullardı. Yanındakılar tutub yoldaşlarına ötürərdilər. Ayaqüstə duran bu qundağı oyunçuların əlindən almağa çalışardı. Onlar isə topu tez tutub yoldaşlarına ötürməyə cəhd edərdilər. Top kimin əlində tutulsa, yerini ayaq üstəkinə verməli idi.
“CUMURUQ-CUMURUQ” OYUNU
On-on beş adam dövrə tutardı. Birini ana seçərdilər. Ana bunlara ad qoyardı. Bu adlar belə idi: cumuruq, yediyin yumruq, sənin adın bülbül, yediyin qənd, sənin adın dovşan, yediyin qarpız, sənin adın qoyun, yediyin saman.
Ana iştirakçılardan xam, naşı olana belə ad qoyardı: sənin adın eşşək, yediyin arpa. Ana, “cumuruq, cumuruq” – deyə əlini yerə sürtərdi. Bu işi iştirakçılar da etməli idi. Qəfil ana uşaqların birindən soruşardı:
– Sənin adın?!
Soruşulan dərhal gərək deyəydi:
– Dovşan.
Ana oyunçuları çaşdırmaqdan ötrü birdən üzünü başqasına tutub:
– Adın?
O, dərhal gərək adını deyərdi. Amma çaşdığından yediyini yanlış söyləyib cərimə olunardı. Ana cəhd edərdi, bunları tez-tez çaşdırsın. Kim ki usta idi, fikri anada olardı, dürüst cavab verərdi, kim ki korazehin idi, o çaşardı və cərimə olunardı.
“BEŞ, ON BEŞ” OYUNU
Yenə də yuxarıda söylədiyimiz qayda ilə adamlar oturardı: ana bunlara ad qoyardı:
– Beş, on beş, otuz beş, qırx beş, əlli beş və s.
Molla deyərdi:
– Tarxan satıram!
İştirakçılardan biri:
– Neçəyə?
– Beşə.
Beş kimin adı isə gərək dərhal deyərdi:
– Beşə nəyə olur, olsun on beşə.
– On beşə olmaz, olar qırx beşə.
Qırx beş dərhal gərək deyərdi:
– Qırx beşə nəyə olur, olsun doxsan beşə.
Doxsan beş gərək tez deyərdi:
– Doxsan beşə olmaz, olar əlli beşə.
Bəzən iki nəfər çınaq düşərdi . Bunlar bir-biri ilə deyişməyə başlardı:
– Beş nəyə olur, olsun iyirmi beşə.
– İyirmi beşə olmaz, olar beşə.
– Beşə olmaz, olar iyirmi beşə.
– İyirmi beşə olmaz, olar beşə.
– “…” “…”
Kim çaşsa, ya gec desə, onu da cərimə edərdilər. Bu növ ilə oyun davam edərdi.
Başları oyuna o qədər qarışardı ki, bir də görərdin, gecə keçib. Uşaqlardan biri deyərdi:
– Kim bir-birinin ardınca, “Plov-plov” – deyər. Bu şərtlə ki hər dəfə səsini ucaltsın.
Uşaqlar əvvəl lap yavaşcadan;
Birinci:
– Plov.
İkinci:
– Plov (bir qədər ucadan).
Bu minvalla onuncuya kimi daha da səslərini ucaldardılar. Belə ki, beş-on uşaq ağız-ağıza verib, “Plov-plov” – deyə bağırardılar. Gecə yarısı yatmış camaat və qonum-qonşu səsə ayılardı. Yuxudan yarımçıq oyananlardan biri də Kəblə Novruzqulu olardı. Şəbkulah başında, ağ köynək əynində, qıçında ağ yalınqat dizlik, çiynində sarı kürk, ayaqyalın, saqqalında çay qurşunlu xına, çənəsi göy yaylıqla bağlı, tuman bağı da qarşısında sallanmış yol üstünə çıxardı.
– Nə bağırırsınız? Belə qara dərd, çor!.. Dəng olasınız, çənəniz qovuşsun, köpək uşağı, gecənin bu vaxtında nə “Plov-plov” salıb camaatı dəng eləyirsiniz? Niyə camaatı yatmağa qoymursunuz?! Ada, Kərim, Kərim!
– Hə?
– Zəhrimar, it küçüyü! Bəs deyil, yorulmadın? Gəlib köpsənə!
Kəblə Novruzqulunun qışqırığından sonra uşaqlar bir-bir öz evlərinə dağılardı.
Bağın hər məhəlləsində tanınmış, nüfuzlu şəxslərin xüsusi otaqları olardı, axşam saat doqquzdan sonra cavanlar bu otaqlara yığılıb məşğuliyyətə başlardılar. Görərdin, biri başlardı oxumağa, o biriləri də vagir tutardılar. Birisi də hövsər tabağı götürüb çalardı:
– Sarı qovunun dilimi.
Xor:
– Lay-lay, gülüm, hay, ay gülüm, hay!
– Uçurtdum bülbülümü,
– Lay-lay, gülüm, hay, ay gülüm, hay!
– Bir otaq xəlfət elə,
– Lay-lay, gülüm, hay, ay gülüm, hay!
– Danışım dərd dilimi.
– Lay-lay, gülüm, hay, ay gülüm, hay!
– Araçının haşimi,
– Lay-lay, gülüm, hay, ay gülüm, hay!
– Hara qoyum başımı?
– Lay-lay gülüm, hay, ay gülüm, hay!
– Səni mənə verməzlər,
– Lay-lay gülüm, hay, ay gülüm, hay!
– Tökmə gözün yaşını.
– Lay-lay, gülüm, hay, ay gülüm, hay!
– Saçın ucun hörməzlər,
– Lay-lay, gülüm, hay, ay gülüm, hay!
– Əyil, üzündən öpüm!
– Lay-lay, gülüm, hay, ay gülüm, hay!
– Qaranlıqdır, görməzlər.
– Lay-lay, gülüm, hay, ay gülüm, hay!
Qəflətən iki nəfər – biri yaxşı oynayan qoca qarı surətində, o biri isə başına iki başmaq tayı bağlayıb, kürkü tərsinə geyərək oynaya-oynaya otağa daxil olardı. Bu zaman otaqdakı adamlar urra çəkərək oxuyub küy-kələk salardılar:
– Nə aş yeyər, nə əppək, yaxşı oynar bu köpək!
– Nə qovun yeyər, nə qarpız, yaxşı oynar bu donquz!
– Un ələr, yanın bular, mən neynirəm dul arvadı…
– Çörək yapar, yanın qapar, mən neynirəm dul arvadı…
Bu zaman bir nəfər gizlincə gəlib birdən bunların üzərinə su çilər və ya əllərini yuxarı uzadıb damdan asılmış lampanı söndürərdi. Bu zaman iştirakçılar bir-birini vurmağa başlar, beləliklə, gecəni keçirərdilər.
Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, xırda qızların da özlərinə görə mahnıları və oyunları var idi. Beş-altı qız bir dənə taxta çay keşiyi götürüb evin bir küncünə çəkilərdi. Sonra bacılarından, cicilərindən, xalalarından aldıqları əlvan parçalarla təbii ev səliqəsində yeşiyin içini bəzərdilər. Xırda çöp parçalarına tuman, köynək geyindirib kiçik gəlinciklər qayırardılar və onları yeşiyin divarına söykəyərdilər. Bəzən bu qızlar bu qonşudan o qonşuya (bu yeşikdən o yeşiyə) cehiz dəzgahı ilə gəlin köçərdilər. Bunların da mahnıları vardı:
Nəmcilər, al nəmcilər!
Qapını kəsib elçilər.
Anam deyir, vermərəm,
Atam deyir, dur görək.
Ağzına qurban, dayı,
Sən də bir danış barı.
Qızıl üzük laxladı,
Verdim, anam saxladı.
Anama qurban olum,
Tez məni adaxladı.
Araqçının məndədi,
Sərmişəm çəməndədi,
Aləmdə gözəl çoxdu,
Mənim gözüm səndədi.
Bağ evləri bağımıza yanaşa,
Meynələri meynəmizə dolaşa.
Yar məhlədən keçmə, anam savaşa,
Ver bağı bostanı, vermərəm barı.
Bir evdə ağlaram, bir evdə gülləm,
Bir evdə gözümün yaşın silləm,
Bir az da gec gəlsən, çərrərəm, ölləm,
Əs, giləvar, əs, qadasın aldığım.
Unu ələdim, basdım çuvala,
Başıqara qurdlar yeriyər divara,
Yar gəlib çıxmadı, qaldım avara,
Qaragöz oğlanın mən divanıyam.
Bir ev tikmişəm dörd yanı şişə,
Bir oğlan sevmişəm bığı bənəfşə,
Yarım nar göndərib hamı gülövşə,
Əlin ver əlimə, gec gələn oğlan.
Mən belə dəmyəni yeyə bilmərəm,
Dərdimi sərdara deyə bilmərəm,
Sən gedərsən, mən ağlaram dalınca,
Yaylıq elə, apar məni yanınca.
Mən belə dəmyəni yeyə bilmərəm,
Dərdimi sərdara deyə bilmərəm.
Qoltuğumda bağlama,
Mən gedirəm ağlama.
Mən belə dəmyəni yeyə bilmərəm,
Dərdimi sərdar deyə bilmərəm.
Gedərəm, tez qayıdaram,
Özgəyə bel bağlama.
Mən belə dəmyəni yeyə bilmərəm,
Dərdimi sərdar deyə bilmərəm.
Sonra üç-dörd qız əl-ələ verib birini dövrəyə alar və deyərdi:
– Miyo-miyo
Xor:
– Nə pişiyisən?
– Xan pişiyi.
Xor:
– Neçin gəlmisən?
– Ələk üçün.
Xor:
– Bizdə deyil, o xaladadır.
Ortaya alınan qız gedib başqa qızın qarşısında dayanaraq yuxarıdakı sözləri təkrar edər, qəfil qızların birini vurub qaçardı.
Xor, “Qara pişiyin evi dağılsın” (iki-üç dəfə) – deyib onun dalınca yürüyər, onu tutar və döyərdilər. Yeni biri onu əvəz etdikdən sonra oyun yenidən başlardı.
QOCALARIN BAĞ MƏŞQLƏRİ HAQQINDA
Qoca arvadlar səhər tezdən qızlarını, nəvələrini cəm edib birlikdə meynə diblərinin alağını və tikanlarını təmizləmək üçün bağın içərisinə girərdilər. Babalar da alaq təmizlənincə beli əlinə alıb meynələrin dibini şum elərdi. Sonra əlinə meşin əlçək geyib qırılan tikanları bir yerə cəm edər, bağın çəpəri üçün hazırlardı. Üzüm və əncir yetişdikdən sonra nənə üzümün çürüklərini, süfrədən artıq qalanları, yerə tökülənləri yığıb böyük sərinçələrə töküb sirkə qoyardı. Baba isə xatın, düqşeyi əsgəri, mövüzü üzümləri dərib gətirər, daş axıra töküb şalvarını dizinədək çırmalayar, arxalığının ətəklərini belinə sancıb üzümü tapdayar və şirə yığardı.
Nənə o şirələri böyük mis tavalarda qaynadıb doşab bişirərdi. Xırda uşaqlar bağdan meyvə dərib gətirər, nənələrinə verərdilər:
– Böyük nənə! Bu heyvanı sal şirənin içinə, bişsin.
Nənə də alıb deyinərək bişirərdi.
Baba bağın bir güşəsində bağdan qırılmış tikanları bir yerə toplayıb mövüçalan qayırardı ki, külək şiddətli əsəndə sərgini külək aparmasın.
Nənə isə ağaclardan əncir dərib üzümün yerdə qalanları ilə bir yerə yığar, öz taylarını başına toplayıb əncir qabıqlarını soyandan sonra sərib pisgərdə qurudardı. Baba əncirin yarı dəymişindən tabaqlara dərib nənəyə verərdi. Nənə də alıb rical bişirərdi.
Havalar soyuqlaşdıqca bağ mövsümü qurtarmağa başlardı. Kəblə Novruzqulunun külfəti yenə əlini-qolunu çirməyib mətbəxə girər, yurd halvası çalıb nimçələrə basardı. Kəblə Novruzqulu isə uşaqları başına yığıb evin avadanlığını səki üstünə çıxarar, bağın kəsilmiş meynə başlarını evə yığardı. Küpələrə və bardaqlara doldurulmuş doşabları şəhərə aparmaq üçün hazırlardı.
Doşablar həm şirin, həm də turşməzə olardı. Bəs o halda nə üçün turşirin meyxoş olurdu? Bir cürə ağ rəngli torpaq vardı ki, şirəyə ondan qatıb süzdükdən sonra o turşirin olardı. Bu torpaqdan qatılmasa, turşirin olmazdı. Onun adına “şirəxək” deyərdilər.
Kəblə Novruzqulu doşabı, turşirini, mövüzü, pisgəndəni, ricalı və qalan yükü arabalara yığdıqdan sonra qapını qıfıllayar, şəhərə köçərdi. Şəhərdə sakin olduqdan sonra Nurcahan xala evin sər-sahmanı ilə məşğul olardı. Kəblə Novruzqulu isə dükana gedərdi. Dükanın qıfılını açıb içəri girdikdə “gözəl” mənzərə açılardı. Bakının dəhşətli, gözçıxaran tozanağı hamıya məlumdur. Belə ki, dükanın qapısından toz soxulub bütün dükanın daxilini bürümüş, tərəzinin gözləri, qəfəslərin üstü, pendir çanağı və boş yeşiklərin üstü bir qarış toz-torpaqla örtülmüşdü. Qəfəslərə yığılmış şüşə bankalardakı saçaqlı qənfetləri, suxarını, noğulu, albuxaranı, kürəkəni, kişmişi, çanaqdakı ağ və qara saqqızı, kisələrdəki fındığı, qozu siçanlar darmadağın etmiş, asma tərəzinin, əl tərəzisinin şanında və zəncirlərində hədsiz milçək qarasını görən Kəblə Novruzqulu özündən çıxmışdı. Bir torba siçovul çoxdan tələyə düşüb gəbərmişdi. Başındakı əmiri papağı ağ araqçının üstündən götürüb, büzməli çuxasını əynindən çıxarıb kətil üstünə qoyduqdan və kəyani donunun düyməli qollarını çırmayandan sonra Kərimlə bərabər çox çətinliklə dükanı sahmanlayıb alış-verişə başlardı.
Orucluğa yaxın evin qadınları ayağına bir darbalaq, əyninə kişinin köhnə donunu geyib ev müxəlləfatını bayıra tökərdilər. Otaqların yerini, divarları əhənglə ağardar, təndiri ocaq sarı torpaqla şirələr, mis qab-qacağı qəleyciyə göndərib ağartdırar, saxsı qab-qacağı quyu üstə töküb, qumlayıb, külləyib, salavatlayıb “pak” edər, evin xalçalarını, həsir və palazını dəniz kənarına yumağa göndərərdilər.
Bütün bunları yerinə yetirdikdən sonra tam çirkli, bulaşıqlı, pal-paltarları bir yerə cəm edib hamama getmək üçün hazırlaşardılar.
Hamama getməzdən iki gün qabaq uşaqların başına xına yaxar və gilabı isladardılar. Gilabı üç növ olardı: ağ gilabı, sarı gilabı, göy gilabı.
Göy və sarı gilabı ilə baş yuyardılar. O, başın çirkini yaxşı təmizləyərdi. Ağ gilabı ilə çirkli paltarları yuyardılar. O, Bakının Qobi, Güzdək kəndlərindən gələrdi. Xüsusi adamlar yuxarıda dediyimiz kəndlərdəki dağların dibinə gedib gilabı çıxartmaq üçün oranı mağara kimi qazar və gilabını oralardan çıxarardılar. Gilabı satan xüsusi yoxsul adamlar olardı. Onlar bəzən də çox qazanıb dərinə getdikdə mağaranın bir hissəsi uçar və gilabı çıxaran biçarələr torpağın altında qalıb ölərdi. Kəndə səs düşərdi ki, filankəs itib, yoxdur, o yan-bu yanı axtarıb axırda deyərdilər:
– Bəlkə, gilabı mağarasında qalıb, arvadının və bacısının yadına düşərdi ki, doğurdan da, onların əri və ya oğulları iki gün qabaq gilabı çıxartmaq üçün getmişdi, bəlkə də, elə orada qalıb!!
Camaat gilabı mağaralarına yürüyü boraları axtardıqdan sonra görərdilər ki, doğurdan da, mağara uçub kişi altında qalaraq bağrı çatlayıb ölüb, eşşəyi isə oğurlayıbdır.
Gilabısatan dolu xurcununu eşşəyin belinə yükləyib şəhərin küçələrini dolaşaraq:
– Ay gilabı alan! Ay gilabı alan! – deyə çağırardı.
Uşaqların anası Gülpəriyə çoxdan tapşırıb ki, Gülpəri göz-qulaq olsun, gilabısatan gələndə tez yürüyüb gilabı alsın.
Gülpəri səhər tezdən samovarı qaynadıb, çayniki dəmləyib, evin ortasına qırmızıhaşiyəli süfrə salıb, uşaqları da ətrafına yığılıb çay içməkdə ikən küçədən gilabısatanın səsi eşidilir. Arvad mətbəxdən:
– Ay Gülpəri, ay Gülpəri, yüyür, gilabısatan gəlib.
Gülpəri anasının səsini eşitcək süfrədən atlayıb qapıya yürüyür ki, gilabısatanı çağırsın. Bu zaman Gülpərinin balağı samovarın burnuna ilişib burnunu açır, samovardan qaynar su axaraq yeni iməkləyən süfrə kənarındakı uşağın altına gəlir. Və uşağı yandırır. Uşaq ağlamağa başlayır. Ondan bir qədər iri uşaqlar da bunu görüb qorxudan ağlamağa başlayırlar və:
– Ay ana! Uşaq yandı, uşaq yandı! – deyə çağırmağa başlayırlar.
Onların mətbəxdən səsini eşidən anaları tez otağa yürüyür. Əhvalatdan xəbərdar olan kimi tez uşağı qucağına götürür. Arvadın başı uşaqlara qarışır, samovarın burnu yaddan çıxır. Samovarda olan-qalan su axıb qurtardıqdan sonra içindəki od samovarın özünü yandırıb odluğunu çıxarır. Bu zaman samovar çıqqıldamağa başlayır. Uşaqlar küy-kələk salır, ana gah uşaqların qaydına qalır, arabir də Gülpəriyə sarı:
– Heç qapılar açıb girməyəsən! Əndamın açılsın, qaraduvaq olasan, yaşın qara gəlsin, ay Gülpəri! Uşağı yandırdın. – deyir.
Evdə bir qiyamət qopur, gəl görəsən. Qərəz Gülpəri gilabısatanı əyləndirib evə qayıdır və:
– Ay ana! Tez ol, gəl, gilabısatan qapıdadır
Anası Gülpərinin başına ikiəlli qapaz vurub deyir:
– Əndamı açılmış, bax, gör uşağı nə günə salmısan!
Arvad qucağındakı uşağı bağrına basıb qapıya gedir. Gah uşağa, gah da gilabısatana müraciətlə:
– Ay əmi, gilabı neçəyə verirsən?!
– Batmanı altı şahı.
– Ay əmi, dəmirə, pula verərsən?
– Dəmirə vermərəm, ancaq paltara verərəm.
Arvad içəri qayıdıb kişinin köhnə donundan, çuxasından tapıb verir və gilabını alıb isladır, sonra uşaqların başına xına yaxıb səriyərdi ki, səhər hamama getsin. Samovarın yanmasını kişidən gizlətmək üçün arvad samovarı ərindən xəbərsiz qəleyçi dükanına aparıb ustaya yalvarardı:
– Ay usta, amanın günüdür, axşamacan bunu birtəhər elə, yoxsa axşam sahibim gəlib bilsə ki, samovarı yandırmışam, məni tikə-tikə edər.
Axşam kişi bazardan gəlib şam etdikdən sonra:
– A kişi, sabah uşaqları hamama aparacağam, mənə bir abbası manat ver.
Kişi deyinə-deyinə əlini cibinə salaraq:
– Mən sənə hamam pulu verməkdən yoruldum, – deyə pul kisəsini çıxarır, bir abbası qara pulu arvada verərdi. Sabah tezdən arvad kişini yola salaraq evdə olan bütün kirli paltarları bir boğçaya bağlayıb, iki çörək, gecədən qalma kələm dolmasından, almadan, şabalıddan bir dəftərxana (süfrə) yığıb bağladıqdan sonra hamama yola düşərdi.
Hamam zənənə olanda gülxanasını və ya cumadarı dama çıxarıb əlində dəmir şeypurla çaldırmağa başlardılar. Əhali başa düşərdi ki, bu gün hamam zənənədir. Hamının qapısında qırmızı mərcan fitə asardılar ki, yoldan ötən və şeypur səsi eşitməyən kişilər hamamın zənənə olduğunu bilsinlər.
Hamamın küçə divarlarında Rüstəm pəhləvanın ağ divlə vuruşmasını, Söhrabın davasını, dalan divarlarında “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Yusif və Züleyxa”nın şəkillərini, hamamın bayırında – soyunulan yerdə isə müxtəlif məşhur İran padşahlarının əkslərini əlvan rənglərlə çəkərdilər.
Bir dəfə çar saldatlarından biri şəhərin küçələrini seyr edərkən yolu bir hamamın qabağından düşər. Nəzərini divardakı əcaib rəsmlər cəlb edər. Bu adam özlüyündə düşünər ki, bura sirkdir. Özünü içəri toxuyar ki, bir qədər tamaşa etsin. Arvadlar bunu gördükdə firlərini eşib yazıq saldatın aşını-suyunu verərlər. Saldat da işin fırıq olduğunu görüb birtəhər yaxasını arvadların əlindən xilas edib əkilər.
Hamamın dalanlarından içəri olan qapılarını açdıqda hamam bağrına daxil olmaq olardı. Burada – tam ortada daşdan tikilmiş, ortasında fəvvarə bir cərhovuz olardı. Hamamın yeri təmiz yonulmuş ağ tava daşlarla döşənmiş olardı. Yanlarda hündür, böyük tağlar olardı. Hər tağın beş-altı çərək hündürlükdə səki, səkilərin içində başmaq qoymaq üçün balaca taxçalar vardı. Dörd tağın üstü böyük günbəz, günbəzlərdə daşdan qazılmış pəncərə olardı. Səkilərin birində hamamçı üçün bir tərəfdə taxtadan qabağı məhəccərli yer ayrılardı. Hamamçının altında balaca namazı əlvan xalça, qabağında xırda aynalar, xırda bankaların içində ruşul, ayaq daşı, xına, yumurta və bu kimi şeylər olardı.
Səkinin içəri tərəfində bir xeyli sönmüş əhəng olardı. Üstündən ip çəkilib, qırmızı-mərcanı fitlərə sərilib (bəzən də gülxanda da) qurudulardı. Səkiyə əvvəl həsir, həsirin üstündən xalça, palaz salınardı, bəzən də buraya əlvan rəngli taxta sarayı qoyulardı. Bu ancaq dövlətlilərdən ötrü idi. Onlar hamamdan çıxandan sonra burada uzanıb istirahət edərdilər. Xozeynlər hamama gələndə özləri üçün qanavat boğçanın içində fitə, qətfə gətirərdilər. Fitələr iki növ idi: darayı, mərcanı. Birinci ipək olardı, ikinci isə adi iplikdən. Hamamın o biri səkiləri isə kasıblardan ötrü idi. Oraya ancaq həsir döşərdilər. Hamama gələnlərin də hərəsinə bir mərcanı fitə verərdilər.
Hamamın içinin də quruluşu bayırdakı kimi olardı. Ancaq onların səkiləri yerdən bir qarış yuxarı olardı. Səkilərin dövrəsində su yolu olar, işlənmiş sular oradan axıb gedərdi. Səkilərin küncündə daşdan hovuzcuqlar olardı. Onlara uşaqların oynaması üçün ilıq su tökərdilər. Ortada bayırdakı kimi hovuz olmazdı. Tağlardan birinin altında hamamın içindən ayrılmış xəznə olardı. Orada isti su saxlanılardı. Xəznənin qabağında – səkinin içində hovuz olardı. Ona “qulleteyin” deyərdilər. Hovuzun üstündən xəznəyə doğru bütöv daşlar uzadılmış olardı. Onu üstü xəznəyə yol idi. Qulleteyində çirkab su olardı. Qeyri bir tağın altında xəznə kimi ayrılmış yerdə soyuq su olardı. Tağların bir başqasında balaca sövmiələr olardı, ona da “xəlfəti” deyərdilər. Ağa və xanımların çoxu orada yuyunardı.
Gülpərinin anası hamama gəldikdə ən əvvəl kirli paltarları yuyar, uşaqların başının xınasını tökər, sonra cici-bacılarını başına yığıb söhbətə başlardı:
– Ay Ağannə xala, həmişə təmizlikdə!
– Çox sağ ol! Oğlunun, qızının gəlinlik hamamına gələk – Allah imanını kamil eləsin!
Sonra hərə səkinin üstündə evindən gətirdiyi yeməyi ortalığa qoyub yeməyə başlardı. Uşaqlar xırda hovuzların kənarında oynayaraq analarından adlıqları kökü, şabalıdı yeyərdilər. Arvadların yeniyetmə qızları da olardı. Bakıda oğulsuz qoca qarıların sənəti evbəev gəzərək cavan oğlanları evləndirmək, yetişmiş qızları ərə vermək idi. Bu kimi tiplərdən hamamlarda çox olardı. Bunlardan biri dəstələrdən birinə yanaşıb:
– Salam əleyküm, ay Ağabacı!
– Əleyküməs-salam! Gəlib otursana, Gülpəri! Məşədi Püstə hacıdır da… tanımırsan?!
Məşədi Püstə hacının nəzəri Gülpəriyə düşdü.
– Ay Ağabacı! Qız böyüyüb, maşallah.
Məşədi Püstə xala əyləşcək Ağabacı Gülpəriyə işarə ilə mis satılı göstərir. Qaydaya görə, hamamda qoca arvadlar birinə yanaşıb yanında oturarsa, öz məhəbbətini bildirmək üçün qocanın başına bir satıl su tökərdilər. O, bir növ hörmət və etiram əlaməti idi. Bəzən səhvən isti su yerinə qocanın başına cavan qızlar soyuq su da tökərdi. Bu adətin adına “hamam suyu ilə dost tutmaq” da deyərdilər ki, bu misal indi də bizim aramızda işlənməkdədir.
Ümumiyyətlə, hamam xəznələrinin qapısı kiçik olardı. Qadınlar növbədə durduqları üçün bura daima basırıq olardı.
Bura toplaşan qadınlar mərcanı fitə geyinmiş, boyunlarında sarılıq, qulaqlarında şəvə sırqa olan qadınlardan qorxardılar. Belə qadınlar həmişə dava salardı. Bir də görərdin ki, xəznə üstə qalmaqal qopdu. O bunu, bu onu itələyərdi. Bir başqası da yanındakını qulleteynə itələrdi. Yıxılanın boğazına bir qədər çirkli sudan getdikdə daha da əsəbləşib kənara çıxar, öz fitəsini açıb düşərdi birinin canına, o da candərdi əlindəki satılı bunun başına çırpardı. Bir-birini saçlayıb ağızlarına gələn söyüşü yağdırardılar. Qoca qarılar həyasızlıq edib bunları aralaşdırardılar. Burada yeniyetmə qızlarla qocalara bir qədər güzəşt edərdilər. Qızlar növbəsiz xəznədən su da götürə bilərdilər.
Gülpəri satılı su ilə doldurub Məşədi Püstə bacının başına tökərdi. Məşədi Püstə bacı sözü təzələyərdi:
– Ağ bəxt olasan! Allah sənə halal süd əmmiş yetirsin! – Sonra üzünü Ağabacıya çevirərək, – Ay balam, niyə bunu verib başından eləmirsən?!
– Nə eləyim, ay Məşədi Püstə bacı? Kişi qocalıb yavaş-yavaş əldən düşür. Mənə elə adam gərəkdir ki, həm oğul ola, həm kürəkən. Bir özü, bir çuxası, başmağını çıxarsın, girsin evimə…
– A… a… a! Qaragünlü canım, bu vaxta qədər heç bunu bilməmişdim. Minnətini çəkərlər, ayağının altından öpərlər… Qoy qonşumuz Kəblə Paşanın yasından başım ayılsın, bir qazan qaynadaram ki!
Nurcahan xala əvvəl çirkli paltarları hamamın bayırında yuyub qızının başının xınasını tökər, sonra onu təmiz yuyub qurtarardı. Dəstələrdən birinə yanaşaraq laqqıltıya başlardı. Bir vədə baxıb görərdi, gün batıb, hamamçı cumadarı göndərib ki, axşam olduğu üçün camaatı bayıra çıxartsın. Qadınlar axşamın düşdüyünü ancaq bu zaman hiss edib təşvişə düşərdilər.
Tez başlarına su töküb paklandıqdan sonra hamamdan çıxardılar. Nurcahan xala da tez yuyunub evə gedərdi.
Məlum olduğu üzrə keçmişdə bütün Azərbaycanda olduğu kimi Bakıda da qadınlar dörd divar arasında məhkum, məzlum, avam və cahil halda yaşayırdılar. Onların işi uşaq doğmaq və kişiyə qulluq etmək idi. İnsanlıq və vətəndaşlıq hüquqları yox idi. İctimai yerlərə çıxmazdılar. Onların getdiyi yer toy, yas və hamam idi. Dövlətli qadınlar toya və hamama – ümumiyyətlə, özlərini göstərməyə, kasıblarlar qarşısında lovğalanmağa gələrdi. Bir də görərdin ki, dövlətli qadın on iki taxtalıq alışdım-yandım tumanını, al xaradan tikilmiş, yaxası baftalı köynəyini, pəncə-pəncə donunu geydi, başına qızıl cutquqabağını bağladı. Üstündən cərgə gül, qızıl silsiləsi və hamayılını bağladı, qollarına qızıl qolbaqlarını keçirib belinə qızıl kəmərini, barmaqlarına əlvanqaşlı qızıl üzüklərini taxıb ayağına gümüş daban başmağını geyinib, başına al rəngli Şirvan ipək çarşabını salıb, satıl boğçasını “qaravaşa” verib hamama gedərdi.
Правообладателям!
Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.