Текст книги "Köhnə Bakı"
Автор книги: Hüseynqulu Sarabski
Жанр: Биографии и Мемуары, Публицистика
сообщить о неприемлемом содержимом
Текущая страница: 8 (всего у книги 8 страниц)
1884-cü ildə Bakı ətrafında dolanan ovçu Ağarəhim nəvəsi Sonqulu adlı qaçaq da çox məhşur olmuşdu. Bu adam qırx yaşlarında, hündür, enlikürək, kök, açıqalınlı, parlaq, irigözlü, nazik, qarasaqqallı, rəssam fırçasına layiq görkəmli şəxs idi. Ağır olsa da, çox çevik idi. Üzündə şirin bir təbəssüm vardı. Keçə çuxa və keçə şalvar geyərdi. Ayaqlarına şal-çarıq geyər, qışda qara, uzun yapıncısını çiyninə salardı.
Sonqulu kənddən şəhərə gəlib gəncliyində bir tacirə nökər durur. Bunu birinci ağası yağlı dillə üç il qarınafətir işlədib pul vermir. Sonqulunun mahirliyini və çevikliyini görən başqa bir tacir onu öz yanında faytonçu durmağa dəvət edir və gözəl şərait təklif edir. Nəhayət, Sonqulu özü çıxıb gedir, yeni ağasının verdiyi vəzifədə qulluğa başlayır. Bunu görən köhnə ağası Sonqulunun üstünə oğurluq atıb onu tutdurur. Yeni ağası pul qoyub onu qazamatdan azad edir. O, yeni ağasının bu rəftarını görür və dübarə onun yanına qayıdıb faytonçu işləyir. Bir qədər sonra köhnə ağası yeni ağasının qapısını neftləyir. Gecələr üstünə gedir və ona sataşmağa çalışır. Vəziyyəti belə görən Sonqulu köhnə ağasının yanına gedir və ona belə deyir:
– Mən aciz-avara adam deyiləm. Məni aldadıb üç il havayı işlətdin. Sonra mənim üstümə şər atıb tutdurdun. O kişi pul qoyub məni çıxartdırdı. Qoy başımızı aşağı salıb öz kasıbçılığımızı edək. Bizdən əl çək və ona bir şey etsən, tək əlimlə sənin cavabını verməyi bacararam. Yenə deyirəm, mənim boynuma təklif qoyma, ağamdan əl çək!
Bunu dedikdən sonra Sonqulu qayıdır. Fəqət köhnə ağası çox qəzəblənir. Sonqulunun bu hərəkətindən xoşu gəlmir və onun yeni ağasının oğlunu öldürtdürür. Bu hadisədən sonra Sonqulu heç kimə demədən tüfəngini alır, gecə köhnə ağasının evinə girib öldürür və var-yoxunu talan edib şəhərdən kənara çıxır, qaçaqçılıq həyatı yaşayır.
Sonqulu bir qədər sonra haman məsələni təsnifatı ilə şəhər naçalnikinə yazır: “Mənim ağamda taqsır yoxdu. Taqsır öləndə və məndədir. Onun başından bir tük əskik olsa, dinc dayanmaram və düşmənimin südəmər uşağınadək qıraram”.
Hökumət bu işi Qafqaz canişinliyinə yazır və aşağıdakı məzmunda cavab gəlir: “Sonqulunu tutanadək bu işi saxlayın və hər iki tərəfi barışdırmağa çalışın”.
Sonqulunu çox axtarırlar və xəbər tuta bilmirlər. Bir qədər sonra Sonqulu titrətmə və qızdırma tutub Bakıda xozeyngilə gəlir. Bir-iki gün onlarda qalır. Ağası ona öz evində qalmağı təklif edir. Sonqulu düşünür ki, əgər məni bunlarda tutsalar, bunlara əziyyət olar. Razı olmayıb oradan Çənbərə kəndinə – dostunun yanına gəlir. Bu zaman bunun köhnə dostu ağasından beş-altı şahı almaq üçün divana xəbər verir. Polis gələrək Sonqulunu yataqda qızdırmalı halda tutur. Sonqulu ayıldıqdan sonra özünü qazamat xəstəxanasında görür. Onu müalicə edib sağaldırlar. Tiflisdən adamlar gələrək onu mühakimə edirlər. Bütün şəhər o günü Sonqulunun tamaşasına çıxır. Sonqulu üç gün mühakimə olunur, dediyi sözləri təkrar edir və yeni ağasının tərəfini saxlayır. Günahkar köhnə ağası və özü olduğunu göstərir. Qanun nə cür tələb edirsə, o cür də davranmağı tələb edir. Sonquluya on il qatorqa işi verib Sibirə göndərirlər. O, yolda qaçır. Bir neçə il qaçaqlıq edir, heç kəslə işi olmur, yalnız dövlətlilərlə düşmənçilik edir. Bütün qaçaqlıq müddətində Sonqulu bir nəfər adam öldürür ki, o da köhnə ağası olur. Qaçaqlıq həyatı axırda onu təngə gətirir, o da çıxıb İrana gedir.
On beş yaşında idim. İndiki kimi yadımdadır: Pirşağı bağlarına sərinişin daşıyan faytonlar Quba meydanından keçirdilər. Günorta iki-üç radələrində sərinişinlər yığıldı. Beş fayton, qabağında da dörd atlı dilzan yola düşdü. Mən də o faytonların birində əyləşdim. Bir yerdə yola düşdük.
Şəhərdən çıxıb Biləcəri qalasını endik. Binəqədinin ətəyindəki Şorun o biri tərəfinə çatanda faytonlar dayandı. Bir-birinə:
– Nə olub? Nə olub? – deyə ayağa qalxdılar və bir-birinin çiynindən qabağa baxıb, – A… a… Candadaş! Yaman yerdə axşamladıq. Bu bizi təmiz soyacaq!
Bir başqası da dedi:
– Soymaq yaxşıdır, əgər öldürməsə.
Candadaş da öz insanlıq haqqını tələb etmək üçün əlinə silah alıb çöllərə düşmüş və qaçaqçılığa məcbur edilmiş adamlardan idi. Çox çalışqan, namuslu, qeyrətli, igid adamlardan. Soyqunçuluq etməzdi. Varlıların və çar çinovniklərin amansız düşməni idi.
Candadaş adını eşitdikdə onu görmək üçün aşağı düşdüm. Məni görcək cəld dedi:
– Qoçaq, əyləş faytona!
Qorxumdan heç bilmədim faytona özümü necə soxdum. Faytondan boylanırdım ki, bu adama baxım. Onun mülayim tərzdə dediyi bu sözləri eşitdim:
– Mən Candadaşam. Mənim üçün işi düşüb, qəza-qədər eləyib qaçaq salıblar. Elə xəyal eləməyin ki, Candadaş da adi qaçaqdır, sizi soyacaq. Ola bilsin, bu faytondakılardan biri məni tanıyır. Ancaq indi sizdən təvəqqe edirəm, mənə bir az xərclik verəsiniz. Əgər bu xərcliyi mənə qorxudan verirsiniz və gedib camaata Candadaş bizi soydu yayacaqsınızsa, onda istəmirəm.
Sərinişinlərdən biri:
– Yaxşı sözdür, camaat, eşitdiniz? Bu kişi bizi soymur. Kimin qulbundan nə çıxır, hər kişi halı-halına görə bu kişiyə xərclik versin. Çıxaq, gedək, – dedi.
Sərinişinlər yerbəyerdən bunun üstünə düşdülər.
– Kişi bizdən təvəqqe eləyir, sən vermirsən-vermə, biz verərik.
Sərinişinlər bir ağızdan Candadaşa:
– Candadaş, qadavu alım, bunun sözlərinə qulaq asma. İzn ver, biri pulu yığsın, gətirib sənə versin.
Candadaş təmkinlə:
– Eybi yoxdur, ancaq o adam qurban olsun sizə. Onun kim olduğunu bilmək istəmirəm, onun pulu da mənə lazım deyil, fəqət bunu əhali arasında haqqımda artıq-əskik danışmağa qoymazsız, – dedi.
Uşaq olduğum üçün məni pul yığmağa çağırdılar. Əlim-ayağım əsə-əsə, ürəyim titrəyə-titrəyə ayağa durdum. Faytondan düşüb pul yığmağa başladım. Faytonların birində qoca kişi vardı. Onun əlindəki səbətin içində alma-armud vardı. Onu mənə uzadıb dedi:
– Bunu da mən verirəm, buna gücüm çatır, ana südü kimi də halal edirəm.
Biz az öncə etiraz edən şəxs də pul vermək istədi. Candadaş dedi:
– Xeyr! Xeyr! Sənin pulun mənə lazım deyil.
Mən də onun pulunu almadım. Pulu yığıb səbət də əlimdə faytonlardan aralandım. Ona tərəf getdikdə səsləndi:
– Bala, yaxın gəlmə, qoy yerə, get. Siz getdikdən sonra gəlib götürəcəm. Səbəti də apar, yiyəsinə ver, o mənə ağırlıq edər. Çox sağ olun!
Pulu yerə qoyub qayıdanda ona gözaltı baxırdım. Görkəmi, səmimi baxışı, gülümsəyən dodaqları adama hüzur verirdi. Üzündən oxumaq olardı ki, bu adam əlacsızlıqdan qaçaq olub.
Səbəti aparıb yiyəsinə verdim. Faytona mindim, bir az hərəkət etmişdik ki, arxadan səs eşidildi:
– Sizdən çox təvəqqe edirəm ki, məni bağışlayasınız.
Hamı bir ağızdan:
– Allah bağışlasın, bu nə sözdür. Kaş hamı qoçaqlar sənin kimi olardı, – deyə cavab verdilər.
Sonra Candadaş düşmənlərinin arxasınca gəlir, üç oğul və atasını öldürür. Adaxlısı ilə görüşüb deyir:
– Mən özümü divan əlinə verib Sibirə gedəcəyəm, sən özünü bədbəxt etmə, kimə istəyirsən, get.
Adaxlısı isə cavabında:
– Cadadaş, ömrümün çoxusunu keçirmişəm, bundan qalan ömrümü də sənin yolunu gözləyəcəm. Bundan sonra mən ərə yox, gora gedəcəm.
Bunlardan başqa Bakıda xırda qaçaqlar çox idi. O zamanlar Bakı və ətraf kəndlərində tapançabazlıq, qoçubazlıq mod olmuşdu. O zaman kənd və şəhərdə yüzdən artıq cinayətkar qoçu bandası vardı. Şəhərin küçələri dava meydanına dönmüşdü. İki dəstə bir-birinə harda rast gəlsə, partapart başlanar, qaçaqaç düşər, camaat bir-birinə qarışardı. Atışma kəsildikdən sonra küçədə ancaq hambal, yoxsul, qadın, uşaq, əlsiz-ayaqsız və kimsəsiz adamların meyitin görmək olardı.
Revolyusiyadan qabaq Bakı əhalisinin vəziyyəti belə həşarat və müzzur anarxistlərin, banditlərin, qoçuların cinayət və fəlakətləri nəticəsində faciə halını almışdı. Bunların qarşısını nə polis, nə də divanxana kəsə bilirdi. Xalqın cəhalət bataqlığında boğulması və din cəhalətinə sürüklənməsinin onun bütün təbəqələrini əhatə etməsinə çalışırdılar. Bununla çar cəlladları, eyni zamanda xalqın revolyusiya əhval-ruhiyyəsini, sinfi kin və nifrəti öldürmək istəyirdilər; buna görə vəziyyət getdikcə daha da kəskinləşirdi.
Onda Bakıda yaşayan xalqın sinfi maraqları bütün çılpaqlığı ilə meydana çıxmağa başlayırdı. Çar üsuli-idarəsi – burjuaziyanın qanlı hökmranlıq və özbaşınalığından hər kəsdən artıq zərər görən fəhlə və əməkçi kütlələr idi. Zəhmətkeş və yoxsul kütlələrin vəhşicəsinə istismar edilməsini, onların aclıq, yoxsulluq və səfalət girdabı içərisində boğulduğunu, köhnə quruluş, qapitalistlər və ruhanilər tərəfindən məhv olmağa doğru getdiyini hələ çoxdan hiss edən Qommunist Partiyası gizli də olsa, qəhrəmancasına, fədakarlıqla əməkçi xalqı bu acınacaqlı haldan çıxmağa çalışırdı.
Bakı Proletariatının sarsılmaz sinfi mübarizəsi alovlanıb revolyusiya yanğınına çevrildi və Azərbaycan öz vəhşi dırnaqları arasında əsrlərdən bəri uçurumlara sürükləyən qaniçici düşmən sinifləri və onların alçaq, xain niyyətlərini daşa çırpıb əzdi, məhv etdi.
Revolyusiya Bakı zülm, istismar, cəhalət, mövhumat zəncirini parçalayıb yeni sevincli, gözəl, misli görünməmiş parlaq həyatın qoynuna atıldı. Bugünkü Bakı sizə uzun-uzadı təsvir etdiyim, keçmiş, zavallı, solğunbənizli, bədbəxt Bakıya oxşamır. Bu hələ on şəkkiz yaşlı cavan Bakıdır. İyirmi səkkiz yaşlı, otuz səkkiz yaşlı, qırx səkkiz yaşlı Bakı, heç şübhəsiz, on səkkiz yaşlı Bakıya bənzəməyəcək. Onda Bakı daha gözəl, şən və parlaq olacaq!
Telefon | (+994 77) 330 01 34
Sayt | www.xannesrleri.az
E-mail | [email protected]
facebook.com/xannesriyyati
instagram.com/xannesriyyati
twitter.com/xannesriyyati
Notes
[
←1
]
Sənaye Politexnukumu – keçmiş Realni uçilişe
[
←2
]
Sövmiə – yaşayış yeri
Правообладателям!
Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.