Текст книги "Köhnə Bakı"
Автор книги: Hüseynqulu Sarabski
Жанр: Биографии и Мемуары, Публицистика
сообщить о неприемлемом содержимом
Текущая страница: 7 (всего у книги 8 страниц)
– İtini saxla, qoyma mənim küçüyümü çeynəsin.
Yaqub evə gedir, tərs kimi küçük bayıra çıxır. Küçədə tazı bunu çeynəməyə başlayır. Yaqub bunu eşitcək tez bayıra çıxır. Məhəmmədyusufun tazısına çatıb tez belindən bir xəncər vurur. İt iki parça olur. Yaqub üzünü Məhəmmədyusufa çevirib onu küçə söyüşləri ilə söyür və onu da iti kimi boğmaqla hədələyir.
Məhəllə adamları birtəhər onu yumşaldıb evə aparırlar.
Bu dəfə Quba meydanından çayçı dükanının qabağından keçərkən Yaqub görür ki, cəmi qoçular dükandadırlar. Qapının yanlarına vura-vura irəli yeriyib üzünü içəridəkilərə tutaraq biabırçı söyüşlərlə rüsvay edir. Təklif edir ki, çıxın bayıra, çapışaq!
Dükanda heç kim yoxmuş kimi bir adam cəsarət edib ona cavab verə bilmir. Yaqub daha da cəsarətlənərək:
– Bilmirəm, sizin nəyinizə qoçu deyirlər? – deyə onları təhqir edir.
Qoçular işi bu surətdə görüb sözü bir yerə qoyurlar. Bir nəfəri öyrədirlər ki, Yaqub gəlib keçəndə onu vursun. Bir gün Yaqub bazardan keçərkən haman adam Yaqubun iki kürəyinin ortasından bir güllə vurub qaçır. Yaqub da əlində siyirmə xəncər bunun dalınca qaçır. Qaçan adamın anası oğlunu bu halda görüb bilir ki, Yaqub bunu öldürəcək. Başını açıb onun ayağı altına yıxılır. Yaqub vəziyyəti belə görüb oğlanın dalınca danışır:
– Get, qurban olasan bu arvada.
O, ağır yara ilə iki gün qalıb sonra ölür. Meyrioğlu Yaqub da belə gedir…
Aşağı məhəllədə Hacı Pirverdi məscidi var idi. Bu məscidin böyüyü Hacı Zərbəli oğlu Kəblə Abdulla idi. Hacı Zərbəli yaxşı ağac vurardı. İçərişəhərdəki məscidlər məhəlləsi kimi Bayırşəhərdə də məhəllə məscidləri var idi. Bunların məşhurları bunlar idi: Qasım bəy məhəlləsi məscidi, Hacı Cavad məscidi məhəlləsi, Hacı Qurban məhəlləsi məscidi, Tazapir məhəlləsi məscidi, Hacımamalı məhəlləsi məscidi.
Bu məscidlərdən başqa təkələr də vardı: şirvanlılar təkəsi, qubalılar təkəsi, iranlılar təkəsi, qarabağlılar təkəsi.
Məhərrəm ayının birindən-onunadək təkələrdə və məscidlərdə gecələr saat on birə kimi cavan uşaqlar sıra ilə oturub avaz ilə mərsiyə deyib sinə vurardılar. Bir qədər keçəndən sonra onlar soyunardılar. Belə ki, qurşaqdan yuxarı soyuncaq olardılar. Ayaq üstə dayanıb cuşi mərsiyə deyər və sinə vurardılar. Sonra təkyənin, ya məscidin xalça, palazlarını yığardılar. Camaat da dörd ətrafda oturardı.
Bu şəbehlər teatr tamaşalarını xatırladardı. Quruluş belə olardı: bir bürünc teştin içinə su töküb gətirib ortalığa qoyardılar. Bir parça da ağac gətirib dibinə sancardılar. Məlum olardı ki, bunlar Ərəbistanda Fərat çayının kənarını göstərərdilər. Bir nəfər cavan oğlanın əyninə qalın paltar geyindirərdilər. Bu da Harisin arvadı olardı. İki nəfər on-on iki yaşında uşağı geyindirib başına ağ əmmanə, əyinlərinə də ərəbi köynək taxardılar. Bu da Müslümün balaları olardı. Harisin qadını bunları məclisə gətirərdi. Guya ki, bunlar tapılmışdır. Bunlarla söhbət başlardı. Nəticədə, Müslümün balaları olduğunu bilib onları Harisdən gizlətmək məqsədilə məscidin bir tərəfində yer salıb yatırardı. Bu zaman birisi başında dəmir dəbilqə, əynində zirehli geyim, ayağında uzunboğaz çəkmə, başdan-ayağadək yaraq və silahlı bir yəhər meydana gələrdi. Bu şəxs Harisin özü idi. O arvadına söhbət edərdi ki, Müslümün balaları zindandan qaçıb. Onları axtarmamış yer qoymayıblar. Bu halda Müslümün balaları ayılıb yuxularını bir-birinə nəql edər və ağlamağa başlardılar. Haris arvadından soruşardı:
– Bu nə səsdir?
Arvad deyərdi:
– Qonşudan gəlir.
Haris qulaq asmayıb axtararaq, uşaqları tapar və kəkillərindən yapışıb ortalığa çəkərdi, beybudu siyirib öldürmək istərdi. Uşaqlar onlara yalvararaq aşağıdakı sözləri ona oxuyardılar:
Haris, səni bizi Qurana bağışla!
Öldürmə bizi, xaliqi-sübhana bağışla!
Gəl, eylə mürəxxəs bizi, yol gözlər anamız,
Gün nuri-dueynik, bizi çox istər anamız,
Çöllərdə dolanıb oldu divanə, bağışla.
Avam camaat belə mənzərəni görüb təpəsinə vuraraq ağlamağa başlardı.
Bu cür şəbehlər keçmişdə Bakıda çox olardı. Belə ki, bir gecə “Əliəkbər şəbehi”, o biri gecə “Qasim şəbehi”, sonra müxtəlif şəbehləri göstərərdilər. Məhərrəmin onuncu günü əlli, altmış nəfər adam əyinlərinə qara paltar geyinər, əllərinə yanar şam alıb məhəllə məscidlərinə “şəmi-qəribana” gedərdilər:
Gəlmişik, ey şiələr,
Şəmi-qəribanə biz!
Verməyə baş sağlığı
Zeynəbi-nalana biz.
Başqa məsciddən bunlara cavab olaraq deyərdilər:
– Xoş gəlmişsiniz, ey şəmi-qəribanə gələnlər!
Bu tərəf təkrar onlara cavab verərdi:
Qara geyib gəlmişik,
Şiə, salamun əleyk!
Əsgərə su gətirmişik,
Şiə, salamun əleyk.
Bunlara cavab olaraq:
– Göz üstə gəlduz, şühəda nökər! – deyə cavab verərdilər.
Bu sözləri yüksək ton və sürətlə söyləyərdilər. Nəticədə, lampalar sönər, ara qarışıb, məzhəb itərdi. Çox adam qəşş edib yıxılar, olduqca gülünc bir vəziyyət yaranardı. Gündüzlər isə ağ köynəklər bir tərəfdə, qara köynəklər bir tərəfdə toplanardılar. Bunların qabağında “tuq”, “səllə” və bəzəkli Qasım otağı olardı. Məhəllənin xırda qızlarına ərəbi paltar geyindirib, saçlarını dağınıq hala salıb Qasım otağında oturdardılar. Qabaqlarına saman tökərdilər. Qızlar samanı başlarına sovuraraq başlarına və döşlərinə döyəcləyərdilər. Bir nəfər də otuz-otuz beş yaşlarında Qasım otağının damında ayaq üstə “möhtəşəm” deyərdi. Bir atı bəzərdilər. Onun yəhərinin üstünə bir əmmanə qoyardılar. Atın da yəhərinin üstünə qırmızı boyalıq bir ağ salardılar. Bu, “İmam Hüseyn Zülcanah” adlı atdı. Yenə başqa bir atın üstünə biri oturub əyninə qolsuz ağ köynək geyərdi. Bu köynək qırmızı ləkəli olardı. Haman şəxsə dişində tutmağa xəncər verərdilər. Bir qılıncı da başının diametri üstünə əyib onun başına qoyardılar. Bu hal qılıncın başı yarıb içəri keçməsini bildirərdi. Haman adam başını qılıncın üstündən əmmanə və ya qırmızı parça ilə elə bağlardı ki, qalan yerləri camaata görünməsin və qılıncın baş üzərində əyildiyini camaat duymasın. Bu adam Əlinin qəzəb oğlu Əbülfəz, yəni Həzrəti Abbas idi. Bunun altındakı “Uqab” idi. Bunun mərsiyəsi vardı. Bunun dövrəsinə qara köynəkli uşaqlar yığılıb mərsiyə deyərdilər.
Bunlardan əlavə nəş bəzərdilər. Bezdən bir adam fiquru tikib içinə həşəm doldurar, ayaqlarına uzunboğaz çəkmə geyindirərdilər. Onu taxtanın üstünə uzadıb dövrəsinə də ayağı bağlı ağ göyərçinlər bağlardılar. “Nəşi” və göyərçinləri qırmızı rəngə boyardılar.
Birisini axşamdan bir yerdə oturdub qurşaqdan yuxarı soyundurar, əndamını ova-ova dəhşətli mərsiyələr oxudardılar ki, onu həyəcanlandırsınlar.
Mərsiyəni oxuyaraq onun sinəsinə iki tərəfdən çalın-çarpaz iki xəncər sancardılar. İkisini də arxasından – kürəklərindən aşağı – qulunclarının üstündən sancardılar. Bunun çiynindən, döşündən, arxasından qıfıl, ağac, ox, lampa, güzgü və bu kimi xırda-xuruş da taxardılar. Bunlarla kifayətlənməyib çiyninə bir ağır zəncir də salardılar. Əlinə də bir iti uqyan xəncər verərdilər. Bu adam ağ köynəklərin qabağı ilə gedərdi.
Bu, vəhşiliyin, cahilliyin, avamlığın ən dəhşətli mənzərələrindən idi. Bunlara baxarkən çarizm və onun əlaltıları olan vicdansız ruhanilərin zəhmətkeş xalqı nə kimi uçurumlu və qorxulu yollara apardığı göz önündə canlanırdı.
Ətinə ağac və zəncir keçirən zavallılarla bir sırada, bir dəstədə zəncirvuran olardı. Köynəyin kürək tərəfləri də açıq olardı. Əllərindəki dəstəli, küt, xırda zəncir topasını “sinəzən” deyərək uzun zaman arxalarına çırpardılar. Bir çoxlarının kürəklərinin piyi çıxar, qanı tökülərdi. Bəzən heç qan da çıxmazdı. Qapqara qalardı. Bu ayin sinəzən ritmi altında müntəzəm ifa edilərdi.
Bütün bu ayinlər müxtəlif məscidlərin həyətində hazırlanar və künclərdə nümayiş etdirilərdi. Saydığımız mərhələlərin baş yaran, sinə vuran dəstəsi biri digərinə rast gələndə hər dəstə özünü qabağa salmağa çalışardı. Bu zaman dəstələr toqquşardı. Əvvəlcə ağac davası başlanar, hər qəhrəman çuxasını çıxarıb sol əlinə dolar və sağ əlinə yekə çomaq alardı. Bunların başında ikiüzlü qalın papaq olardı ki, ağac dəydikdə kar etməsin. Əllərindəki çomaqlar da şümşad, palıd və zoğal ağaclarından olardı. Bu ağacları bir-birinin təpəsinə vurmağa başlardılar. Necə deyərlər, ara qarışar, mənsəb itərdi: “Nənəm mənə kor dedi, hər yetəni vur dedi…” Damlardan məhəllə arvadları özgə məhəllə camaatının başına iri dumaqzələr yağdırardılar. Yaralanan kim, ölən kim, yıxılan kim! Bəzən dava o qədər qızışardı ki, hökumət tərəfindən bir rota saldat gələrdi. Əvvəl gülləni havaya atardılar ki, vəhşi camaat qorxub qaçsın. Amma din xadimləri camaatı qızışdırardı. Onlar çəkilməzdilər. O zaman saldatlar Hacıpirverdi məscidini gülləyə basardılar. Hökumətin göndərdiyi qoşun güllə gücünə və qan bahasına aranı sakitləşdirər, hamı məscidinə qaytarardı.
1885-ci ilin məhərrəmində bir şaxsey-vaxsey dəstəsi vağzaldan başlamış, Bayıl enişinə qədər bütün bu məsafəni tutmuşdu. Eşitdiyinə görə, qubernatorun qızı balkona çıxıb izdihamın böyüklüyünü görərək qorxmuş, dəstə başçıları bu iş üçün öz cəzalarını çəkmişdilər. O vaxtdan sonra hökumət bu işi şəhərdaxili etməyi qadağan etmiş, çöldə keçirilməyi üçün əmr vermişdi.
Bu dəstələr hamısı çölə gedərdi. Orada əvvəl ağ köynəklər xəncər vurar, sonra ümumi şəbeh başlanardı.
Dairə ip çəkərdi. Əhali bu ipdən çəkilmiş hasarın dövrəsində dayanardı. Yezidin ələmi onların başı üzərində yellənərdi. O biri cəbhə “bəni haşim övladı”, yəni “imam Hüseyn” və “yetmiş iki şühəda”dan ibarət idi. Meydanda çadırlar qurular, onların içində usəra əyləşərdi. Meydanın ortasından bu başdan-o başa böyük xəndək olardı. Onun içərisi su ilə doldurulardı. Bu Fərat çayının əvəzi idi. Ayin belə başlanardı:
“Həzrət Zeynəb” balaca Səkinənin əlindən tutub “həzrət Abbasın” çadırının qabağına aparar və uşağın susuzluqdan öldüyünü ona bildirərdi. Həzrəti Abbas da qəzəblənib su qabını çiyninə alaraq çaya doğru gedərdi. O biri tərəf çaydan su almağa mane olar, həzrəti Abbas bunlarla tək müharibə aparardı. Həzirəti Qasım xəbər tutardı ki, əmisi Fərata su gətirməyə gedib. Gəlib İmam Hüseyndən icazə alıb müharibəyə gedərdi. Əzrəqi öldürəndə imam Hüseyn bu mənzərəyə tamaşa edərdi. Görərdi ki, Qasım Əzrəqin kəmərindən yapışıb qaldırıb və başının üstündən yerə vurmağa hazırlaşır. Bu zaman imam Hüseyn deyərdi:
Yerə vur, çıxar düşmənin canını,
Al oğlan Əli Əkbərin qanını!
Daha sonra əshabələr xəbər tutardı ki, yoldaşları davadadır. Onlar da gecikməyib izn alaraq cəbhəyə gedərdilər. Davada həzrəti Abbasın qolunu salardılar. Yetmiş iki şühədanın hamısı qırılardı. Nəhayət, imam Hüseynə növbə çatar, bütün bədəni yaralı halda meydanda yıxılıb qalardı. Bu zaman olduqca gülünc vəziyyət yaranırdı. Cin Cəfər qoşunu meydana girərdi.
Bunlar bütün uşaqlardan təşkil olunub öyrədilərdi. Onlar kömürdən saqqal, bığ çəkərdilər. Qədim ərəb silahları və paltarları geyərdilər. Bunlar gəlib imam Hüseynin yanında dayanar və davaya girişməyə izn istərdilər:
– Ya imam Hüseyn, bizə izn ver, bunlarla davaya girək.
İmam Hüseyn izn verməzdi. Bunlar peşman qayıdardılar. Düşmən cəbhəsi imam Hüseyni öldürərdi. Xeymələrə üz qoyub onları yandırar, yerdə qalanları əsir götürərdilər. Bununla qətl tamaşası qurtarardı. Bu oyunbazlıq başqa dini ayinlər kimi camaatı dini ənənələrə, cəhalət girdabına bağlı saxlamaq, soymaq, qanını sormaq üçün mollalar və axundlar tərəfindən qondarılmış uydurmalardan başqa bir şey deyildi. Bu ayinlər nə qədər qızğın və davamlı olsaydı, ruhanilər üçün o qədər qazanclı olardı.
Məhərrəm ayının on bir-on üçüncü günlərinə imamın üçü deyərdilər. Bu günlər dövlətlilərin evində plov bişərdi. Fırıldaqçı axundlara, parazit tacir və baqqallara məcməyilərlə imam ehsanı göndərilərdi.
Kimi halva-külçə, kimi şərbət göndərərdi.
Bu, fırıldaq ruhanilər tərəfindən elə məharətlə qurulardı ki, yuxarıda göstərdiyimiz vəhşi dini ayinlərdə və proseslərdə bilavasitə bir nəfər dövlətli, ya molla iştirak etməzdi. Mərsiyə deyən kasıb, sinə vuran kasıb, zəncir vuran kasıb, ölən, yaralanan, şikəst olan, həbsə alınan kasıb idi.
Qazan və nimçələrlə plovu, halvanı, külçələrlə həzmi-rabedən keçirən dövlətlilər və mollalar idi. Aydın işdir, bu da Rusiya çarizminin müstəmləkə siyasəti əsasında aparılırdı.
Bu cəhalət mərasimində də özünü göstərənlər olurdu. Burada da meydan məhəllə qoçularının idi. Burada da cinayət, oğurluq, baş kəsmək, qan tökmək, arvada sataşmaq və ölüb öldürmək böyük yer tuturdu.
Belə məclislərin qəhrəmanlarından biri də Hacı Zərbalıoğlu qoçu Kəblə Abdulla idi.
Məhəllədə kim bir qədər zirəklilik göstəsə və ya baş qaldırıb söz qaytarsa, dərhal onun başını batırardı. Cinayətləri olduqca çox idi. 1906-cı illərdə Hacı Yaquboğlu Əli adlı biri çox zirək və gözüaçıq olduğundan siyasətə və revolyusiya məsələlərinə çox qarışardı. Bundan xəbər tutan Kəblə Abdulla çox çəkmədi, onu günün günorta vaxtı öldürtdürdü. Kəblə Abdulla çox anaları oğulsuz, çox ailələri başsız qoymuşdu.
1875-ci ildə bu qatilin məhəlləsinə Hacı və Ağakərim adlı iki qardaş köçmüşdü. Qardaşlar onun işlərinə qarışmayıb ona qulaq asmadıqlarına görə Kəblə Abdulla tezliklə öldürtdürdü. Bu ailədən ana və kiçik qardaş oradan köçüb İçərişəhərə gəldilər. Bu oğlan böyüyüb bir qəssab dükanı açdı. Kəblə Abdulla, nəhayət, 1895-ci ildə – qardaşlarının ölümündən iyirmi il sonra Mirağanı da vəhşicəsinə öldürtdürdü. Bu azğın cinayətkarın məqsədi bu idi ki, o nəsildən əsər qalmasın.
Tək Bakı şəhəri deyil, Bakının ətraf kəndlərində də vəziyyət belə və daha dəhşətli idi. Camaatın halına ağlayan, onun dərdinə dərman tapanların nəsli kəsilir, izi itirilirdi. Hökumət yuxarıda adını çəkdiyim canilərin, qatillərin, zulik və avantüristlərin, rüşvətxor və qaniçən parazitlərin əlində oyuncaq idi. Bunların pozucu, təxribedici vəhşi hərəkətləri ilə yoxsulların, zəhmətkeşlərin vəziyyəti gündən-günə daha da ağırlaşırdı. Yurdları tarimar, özləri məhv olur, ölkə xarabazara çevrilirdi.
1885-ci ildə Suraxanı kəndinə ilk dəfə gəlmiş olsaydınız, yəqin ki, kənddə qar yağdığını zənn edərdiniz, çünki kəndin yaxınlığında olan qazlı torpaqların alovuna yandırılan daş karxanasının xırda tozları Suraxanını əhəng yuvasına çevirmişdi. Bu səbəbdən kəndlilər evlərinin içini, bayırını, səkilərini, bağ-bağçalarını, hasarlarını və bütün gözə görünən yerlərini ağardardılar. Belə ki, kənd bir parça qar kimi uzaqdan ağarardı. Əhəng karxanalarının qazlı torpaqlarından çıxan alovu qəribə bir illüziya təşkil edirdi.
Suraxanı camaatının əl-qolunu bağlayan, onların müqəddəratını həll edən cani və qatillərin hər birinin belə karxanası var idi. Bu karxana qazanc mənbəyi olduğu kimi ən müdhiş cinayətlərin yuvası idi.
Suraxanı əməkçilərinə qan udduran “qəhrəman”lardan biri də Əlibəndə oğlu Vəhşi olmuşdu. Əlibəndənin sənəti gəncliyindən əhəng yandırıb ulağa yükləmək, gətirib şəhərdə satmaq idi. Dörd oğlu var idi. Bu uşaqlar da böyüyüb ataları kimi əhəng karxanası qayırıb, at-araba alaraq işi böyüdüb şəhər tikintilərinə podratla əhəng satmağa başlamışdılar.
Suraxanıda bir ad iki adamda ola bilməzdi. Əgər olsaydı, dərhal birini öldürərdilər. İş o yerə yetmişdi ki, bir-birindən ad götürmək üstündə kənddə böyük ədavət düşərdi. Suraxanıda əcaib və qəraib adlara rast gəlmək olardı: Əfi, Əlbəndə, Oruc, Namaz və s.
Əlbəndə oğlunun adını əvvəlcə Qarası qoymuşdu. Lakin kənddə Qarası adında başqa bir oğlan olduğu üçün oğlunun adını dəyişib Vəhşi qoymuşdu. Nəhayət, Qarasını kənddə adaxlamışlar. Suraxanıda, ümumiyyətlə, Azərbaycanda evlənmə barəsində dəb idi ki, adaxlı oğlan axşamlar qızı görmək üçün adaxbazlığa gedər, onunla söhbət edər, görüşər, yaylıq, şirni, qoğal verər, qayıdardı. Vəhşi ilə dost olduğu üçün adaxbazlığa gedən zaman onu da yanında aparır. Vəhşi necə və haradansa qıza əl atır və qıza vurulur. Qarası toy edir və qıza deyir: “Sən mənə düzünü de, heç nə etməyəcəm və heç kimə deməyəcəm”. Qız Vəhşinin adını verir, Qarası heç dinməyir və heç bir şey olmamış kimi Vəhşi ilə lap yaxşı dostluq edir. Qadın doğur. Qarası, “Bu uşaq məndən deyil, bunu məhv etmək lazımdır” – deyir. Gecə uşağın ağzına balış basıb boğur. Səhər səs salır ki, uşaq gecə anasının altında qalıb, boğulub. Günlərin birində Qarası Vəhşiyə deyir ki, qantordan qaş-daş oğulayıb və usta-şəyirddən aşağıdakı kühüldə basdırıb. Heç kəsə deməsin, çıxarıb gətirsin və bölüşsünlər.
Daima yalançı tamahkarı aldadacaq. Gecə yarısı Qarası ilə Vəhşi kənddən qırağa çıxıb təyin olunmuş yerə gedirlər. Qarası Vəhşini qabağa salır ki, gir içəri, dalınca gəlirəm. Qarası xəncəri dəstəsinədək Vəhşinin arxasından sancır. Vəhşi ölür. Səhəri kənddə səs-küy çıxır, Əlbəndənin oğlu Vəhşi yoxdur. Qarasını çağırıb soruşurlar. Qarası deyir:
– Axşamdan bəri yanımda idi, mənə dedi ki, bu gün evə tez gedəcəm.
Gedib hərifin meyitini tapıb gətirirlər. Qarası meyitin üstündə ağlayır:
– Qanını yerdə qoymayacam, – deyir.
Əlbəndə də hər nə qədər axtarır, qanlısını tapa bilmir. Əlbəndənin kimə gümanı gəlirsə, gecə yarısı boğub əhəng kürəsinə atır. Suraxanı kəndi xaraba qalır. 117 nəfər yandırılır və boğulur.
Əlbəndənin üç oğlu daha vardı. Onlar Əlibəndədən də qəddar idilər. Qaradovoydan pristavadək hər gecə bunlara qonaq olurdu. Kimi öldürmək istəsəydilər, əvvəlcədən pulu verib hər bir tədbiri görərdilər. Odur ki, təqsirsiz, yiyəsiz yoxsul camaatın da qanı batardı.
Əlbəndə və onun kimilərin axırı, Bakının o biri kəndlərinin isə vəziyyəti belə idi.
Zabrat kəndində 1901-ci ildə Hümmət və Qasım adlı iki qonşu kəndli yaşayırdı. Bunlar şirin su quyularından su çəkib yaxında olan neft mədənlərinə daşıyardılar. Bunlar bir qədər alış-veriş edirlər. Bu dəfə Qasım ziyarətə gedir, Hacı Hümmət onun bütün təsərrüfatını öz adına keçirir. Hacı Qasım qayıdanda ona heç bir hesab vermir. Fəqət Hacı Qasım yenə baş qoşmayıb bu işi buraxır. Motorlu dəyirmanın birini də artırır. Bunların arasında mübarizə başlayır. Hacı Qasımın oğlunu öldürtdürür. Sonra Hacı Qasım onun böyük oğlunu öldürtdürür. Beləliklə, iki dəstə bir-birini tələf etməyə başlayır. Biri öz təsərrüfatını düzəldirsə, o biri xaraba qoyur. Adamlar qorxurlar ki, onlar atışanda arada yoldan keçən təqsirsiz insanlar güllələnəcək.
1900-cü ildə Məştağa kəndində camaat üç hissəyə ayrılmışdı: Seyidlər məhəlləsi, Xonxar məhəlləsi, Keçəl məhəlləsi.
Buranın bağ-bağatı başqa kəndlərə görə bir az abad idi. Şəhərə yaxın olduğundan bağçılar buranın bağlarına çox köçərdilər. Məştağanın bəhərxıralarının çoxluğundan onların məhsulatı bağa köçənləri ödəmirdi.
Məştağanın Naxır bulağının üstündə Buzovnaya gedən yol vardı. Ona “bənd üstü” deyərdilər. Axşamçağılar bütün bəhərxıralar oraya cəm olardılar. Bu yer bulvar şəklini almışdı.
Kasıb kəndlilər ulaqlarını əlvan, bəzəkli çulla çullayıb bənd üstə gələr və pulla bəhərxıraların uşaqlarını növbəli ulaq üstə gəzdirərdilər. Məştağanın qəribə mənzərəsi vardı. Kəndin girəcəyində bir meydan vardı, ona “Naxır bulağı” deyərdilər. Bu bulağın dövrəsi, kəndin küçələri başdan-başa qustar və alverçi dükanları idi: bəzzaz, çayçı, qəssab, kababçı, boyaqxana, dəmirçi dükanları idi. Kənd bir şəhər şəklini almışdı. Bu narazılıq çox zaman böyüyər və ədavətə çevrilərdi. Evdə çalıb-oxumaq, gecələr qumarbazlıq qayda olmuşdu. Bu məclislərdə kənd pristavının yeri ayrı idi. Qonaqlıq xərci kəndlilərin kürəyindən çıxardı. Bağlardan, bostanlardan öz məhsullarını satmağa aparan kəndlilər əvvəlcə Əbdüləzimin qapısında dayanıb onunla haqq-hesab etməli, yəni bığ yağı verməli idilər. Kəndlilər nə divana, nə mollaya, nə ağsaqqal yanına gedə bilərdilər. Qovununu, qarpızını yerə töküb doğrardılar. Çox o yan-bu yan etsəydilər, özünü də öldürərdilər. Bədbəxt kəndlinin bağda məhsulatı əldən gedər, çürüyər, bazara aparmaq lazım olsa da, mümkün olmazdı. Kəndlilər oğul evləndirəndə də, qız verəndə də gərək Əbdüləzimin əlindən keçərdilər. Ona bir tutam pay çatmasa, bu iş düzəlməzdi. Məştağada bu kimi işlərin üstündə Əbdüləzim çox qanlar tökmüşdü. Məştağa dəstəsi bu üç dəstənin əlindən göz aça bilməzdi. Bu məhəllədən digər məhəlləyə qorxu köçərdi.
1906-cı ildə “Nicat Maarif Cəmiyyəti” Məştağa kəndində qiraətxana açmaq istəyirdi. Əvvəlcə komissiya seçilmişdi. Bu sətirləri yazan da o komissiyaya daxil idi. Bizə otaq verən Dövlətoğlu Əhməd çox maarifpərvər olduğundan dedi: “Siz gedin, iki gündən sonra gəlib lazımi işləri gətirərsiz. Siz gələnə qədər kəndin ağsaqqalları ilə danışıb camaatı hazırlayaram, birlikdə açılış edərik”. Biz də gedib vaxtında kəndə qayıtdıq. Nə qədər gözlədik, gələn olmadı. Əhmədə dedik, bəs hanı adamlarınız, gələn olmadı? Uzun-uzadı fikirləşdikdən sonra qərara gəldik ki, Ağa Mir Qəninin bığının altından keçək. Çox yalvarışdan sonra razı oldu, amma dedi, Əbdüləzim gəlsin, gələrəm. Bundan sonra da Əbdüləzimə yalvardıq, o, dalınca bir sürü papaqlılarla qiraətxanaya gəldi. İki saat sonra Ağa Mir Qəni gəlib çıxdı. Əhməd dedi:
– Evinizi Allah yıxsın, məni xətaya saldınız. Molla olan yerdə iş görmək olarmı? Kənddə qarışıqlıq düşüb.
– Nə üçün?
– Nədən ötrü?
– Kəndin camaatı məhəllə mollası Ağa Mir Qənidən soruşub ki, qiraətxanadakı qəzetlərdən oxuya bilərikmi? O isə deyib: “Qəzet oxumağın yerinə qəza namazı qılın. Biz müsəlmanlar Qurandan başqa heç bir şey oxumamalıyıq. Əgər olarsa, o kafirdir”.
O biri məhəllələrdə isə mollaların təkidi ilə deyirlər ki, nə üçün bizim məhəllədə açılmayıb? Kəndə ikitirəlik düşüb. Eşitdiyimə görə, bir-birinin acığına binanı yandırmaq istəyirmişlər. Belə qaniçənlərlə iş görmək olarmı?
Qiraətxana tezliklə bağlandı.
Şüvəlanda bənd üstündə hər qoçunun bir qəssab dükanı vardı. Qalalı Hacıbala və Ağagülün dükanları orada idi. Hacıbalanın dəstəsindən biri onun qabağını kəsib ağzına gələni deyərdi.
– Niyə dükanımın qabağından keçib əti özgədən alırsan? Məni bəyənmirsən?
Bu sözlərlə təqib edirdi.
Bir dəfə mən şəhərdən bağa gedirdim. Suraxanıda maşından düşüb faytona mindikdə bir kəndli mənə yoldaş oldu. Faytonda gedə-gedə mənə aşağıdakı əhvalatı nəql etdi:
– Çoxdandır, Hacıbala dalımca adam salıb, məni vurdurtmaq istəyir.
Mən soruşdum:
– Nə üçün?
O yenə sözə başladı:
– O, nahaq yerə məni söyüb biabır edirdi. Dedim, ayıbdır, adam söyüş söyməz. Vəssalam. İnanmadım ki, bu xırda şey üstə ölüb-öldürmək olar.
Yol uzunu buna nəsihət etdim. Faytonçu faytonu saxladı. Yaxınlaşıb yoldaşıma dedi:
– Qabağa getmə, bənd üstündə Hacıbalanın adamı dayanıb. Səni vuracaq.
Yoldaşım cavabında dedi:
– Yolumdan qayıtmayacağam, onlar mənə heç nə edə bilməz.
Nə qədər yalvardımsa, sözümə qulaq asmadı. Bənd üstə Hacıbala bağının yanında bir meydança vardı. Ordan daş çıxarılardı. Ora çatanda faytonu saxlatdırdım. Baxıb gördüm ki, bədbəxt yıxılıb, can verir. Əgər bir nəfər adamvuranı hökumətə desəydilər, sabahsı ikinci güllə ona vurulardı. Bir gün bir gecə o bədbəxtin meyiti haman meydançada qaldı.
O vaxt Bakıda neft firmaları vardı. Hər firmanın özünə görə mədəni vardı. “Nobel”, “Rotşild”, “Zubalov” və başqaları. O qoçular da dağıstanlıdan, iranlıdan buruqlarda qarovulçular qoyardılar. Firmaların qarovulu nə üçün qoçulara tapşırılırdı? Bundan ötəri idi ki, hamı onlardan qorxurdu.
Lotulardan biri oğurluq etmək istədikdə gözünün qabağına o saat mədənin qarovulunu gətirər, qorxusundan o mədənə oğurluğa getməzdi. Hər mədənin yanında hər qoçunun neft dükanı vardı. Bunlara nə polis, nə hökumət söz deyə bilməzdi. Heç kəs də qorxusundan söz deyə bilməzdi. Çünki qarovullar polislə əlbir idilər. Bakı qoçularının yanında Bakı burjuyları durmuşdurlar. Qoçulardan kimisə dövlət alsa, Bakı dövlətlilərindən biri mütləq onu qazamatdan qurtarardı.
Əslinə qalanda, bu vəhşilərin həyatı qazamatda da çox pis keçmirdi. Çalmaq, oxumaq, oynamaq, yeyib-içmək bunların peşəsi olardı. Kəllə ilə qənd, sini-sini plov, papiros qazamata o qədər göndərilərdi ki, yeyib-içmək və işlətməklə qurtarmaq olmazdı. Qazamat qulluqçuları bunlardan qorxub sərbəst buraxardılar. Hətta dustaqxanaya oxuyan və çalan da aparırdılar. Qazamata düşmək belə adamlar üçün şənlik demək idi. Qoçu qazamatdan çıxandan sonra o adamla görüşdükdə, “Sənin üçün eyib deyil, görüşümə niyə gəlmədin?” sözləri ilə hədələyir və onu tezliklə cəzasına çatdırırdı.
Bu adamlar qazamat qapısından bayıra çıxanda qoyun qurbanı kəsər, faytona mindirib təntənə və dəbdəbə ilə, zurna və balabanla evə gətirərdilər. İkinci qurban da evdə kəsilərdi. Bu zaman adam öldürüb qazamata düşmək lap dəb halını almışdı. Hər lotu belinə bir tapança bağlar, başına bir şiş tapaq qoyar, birisi ilə sözü tərs gələndə dərhal tapançalar çəkilib işlədilərdi. Kimin gülləsi qabaq dəydi, dəydi… Ölənin qapısına qalmaz, vuranı tərif edərdilər:
– Pay atonnan, ada, nə iyid adamdır, tapançanı belindən çıxarması ilə hərifi yerə sərməyi bir oldu. Zalım oğlunun əli elə bil maşındır.
Bir başqası bu igid haqqında belə deyərdi:
– Ada! O filankəsin bacısı oğludur da… dayısı da iyid adamdı… Məsəl çəkərlər ki, yaxşı iyid dayısına oxşar, yaxşı cəvanəzər xalasına.
Keçmişdə Bakıda bir qələbi Qasım bəy vardı. Bu adam özü mülkədardı. Həm də böyük tacir və sözü ötən adam. Bir dəfə orucluq zamanı bu cənab öz divanxanasının qabağında oturub camaata tamaşa edirmiş. O vaxtın yeni yetişmiş cavanlarından iki nəfər ayaqlarında dikdaban başmaq, qıçlarında xaçmazı şalvar, əyinlərində döşü düyməli “Hiro qədəyindən” don, üstdən baftalı çuxa, başlarında yanakı qazamatı papaq, barmaqlarında fındıqca xına, əllərində üç arşın uzunluqda yüsür təsbeh, ikisi bir təsbehi çevirə-çevirə etinasız bazar başı yuxarı gedirlərmiş. Səkilər dar olduğu üçün bunlar camaatın gediş-gəlişinə bir qədər mane olmuşlar. Bu hadisə Qasım bəyin nəzərini cəlb etmişdi. Yasavulunu göndərib o iki cavanın hər ikisini hüzuruna çağırtdırmışdı. Bunları başdan-ayağa nəzərdən keçirdikdən sonra birini tanıyıb soruşur:
– Kimin oğlusan, ada?
Bu gənc atasının adını deməyib dayısının adını deyir:
– Gülünün bacısı oğluyam.
Gülü o zaman məhşur qoçulardan idi. Bu iş Qasım bəyin acığına gəlir və ayağa qalxaraq:
– Ada, köpəkoğlu, səndən atanın adını soruşuram, sən mənə dayının adını deyirsən? Sənin dayından qorxacam, ada? Sən Dildilinin oğlu deyilsən? Atanın adını niyə demirsən? İndi ki sən Gülünün bacısı oğlusan, mən də səni tənbeh edəcəyəm, – deyə ona möhkəm bir şillə ilişdirir. Yasavuluna əmr edir, aparıb onu damlasın.
Qələbəyi şilləni elə bərk vurur ki, yazıq uşağın qulağı şillənin zərbindən bir həftə batır.
İçərişəhərdə bir ucastoqda Prator adlı pristav vardı. Onun aylıq maaşı səksən manat ancaq olardı. Bu pristav indiki Cqalov küçəsinin yuxarısında, keçmiş “İttihad” məktəbi ilə yanaşı dördmərtəbəli ev tikdirmişdi. Məlumdur ki, bu ev ayda səksən manatın işi deyildi. Bu bədbəxt camaatı bir-bir qırıb qan batırmasının pulları idi. Pulu olmayanın haqq sözü nahaq olar və qanı batardı. Çox təəssüf ki, avam camaat bu vicdansızlardan ən alçaq hərəkətlər, ən vəhşi münasibət, ən əclaf sözlər eşidərdilər.
O zaman bu müftə yeyənlərin və parazitlərin işi-peşəsi olmazdı. Məhəllənin gözə görünən adamları əbalı-qəbalı, ağzı dualı qocaları gündə bir yerə yığılıb qiraət oxuyar, həmd-surə düzəldib səkki-səhv öyrənərdilər. Dərdini demək üçün buraya gələn əlsiz-ayaqsız və yoxsulları ələ salıb onlara gülərək belə deyərdilər:
– A kişi… səbir eylə… Üsuli-din bilirsən? Bilmirsən, gərək öyrənəsən. Gərək qiraət öyrənəsən. Səbir eylə! Allah səbir eləyəni dost tutar. Allahın bir adı da səbirdi. Kərbəlada səyyidi-şühədanın başına nələr gətirmədilər?!
Bundan sonra boşboğazlığa başlayar, Kərbəla yanğısından danışardılar. Bu kişi də ürəyi odlu olduğundan başına döyər və ağlar, məyus və məhzun, əli qoltuğunda evinə qayıdardı.
Hər yerdən əli üzülən bu gözübağlı avam, kimsəsiz adamlar varlılardan kömək umub onların qapısına gedərdilər. Cahıllar çayçı dükanlarına yığılan kimi varlıların da yığıncağı otaqlar idi. Buraya yığılan yekəbaş küt və xudpəsənd boynuyoğunlar vaxtlarını yemək yemək, hiylə, fırıldaq işlətmək və yalan danışmaqla keçirərdilər. İran lotularından biri başında Mövləni əmmamə, əbanın qollarını geyib qabağına da bir “Hüseyn kürd” kitabı qoyub nağıl danışar, camaat da diqqətlə qulaq asardı. Nağıldan sonra boş və mənasız mübahisə və höcətlər başlardı. Nağılçıya sual verərdilər:
– Mirzə, əsli var ki… a. Hüseyn kürd kəmərbəstə idi?
– Bəli, bəli. Həzrəti Əli onun belinə qılınc bağlamışdı. Onun arxası yerə dəyməzdi.
– Necə yəni qılınc bağlamışdı? Bunu başa düşə bilmirəm. Kəmərbəstə nə olan şeydir?
– Ay kişi, onlara əl aparma.
– Necə aparma, bilmək günahdır? Bilmək istəyirəm da!
– Sənin tarixdən xəbərin yoxdur?
– Əgər tarixi bilirsənsə, mənə cavab ver. Dəvənin ayağının altında yumurta sınar, ya sınmaz? Heç başa düşmürəm, nə danışırsınız!
– A balam! Rüstəm Zala nə sözünüz var? Oğlunu öldürdü. Vətən yolunda kəmərbəstə olmasaydı, öldürməzdi.
Meydan qızışardı. Hər boş başdan axmaq mühakimələr çıxar, ağız deyəni qulaq eşitməzdi. Axırda biri ayağa qalxıb bağırardı.
– Atam! Höcət nə üçün? Bu saat adam göndərək tez axunddan öyrənib gəlsin.
Adam gedər, yalvarardılar ki, axund sabah bizə bu barədə söhbət eləsin. Axund gələr, avam başları yalan-palanla doldurub gedərdi.
Kömək üçün varlıların yanına gələnlər ağızlarından vurulub kor-peşman evə qayıdardılar. Bunların əli hər yerdən üzülər, bıçaq sümüyə dayanardı. Bu qayda ilə məcburən qaçaq olub çöllərə düşənlər keçmişdə çox idi. Bahadur oğlu Xanbala bu qaçaqlardandı.
Xanbala otuz yaşlarında, arıq, qısaboylu, xırda və itigözlü, qaraqaş, qaragöz kəndli idi. Əynində qırmızı filendən, üstü qara xallı şalvara salınmış köynəyi, üstündən yun qurşağı, onun da üstündə meşin yarım paltosu vardı. Hələ o zaman gəmilərin birində dava düşür. Gəmi əmələləri bu barədə haman oğlanı taqsırlandırır və hədələyirlər. Xanbala ona qahmar çıxır. Bu işdən sonra Xanbalanı də hədələsələr də, birtəhər başlarını xilas edirlər. Gəmi gəlib Abşeron qabağına çatanda Xanbala bu oğlanla suya düşür və üzərək sahilə çıxırlar. Mayaq qarovulçusu bunları tutub saxlayır. Gəmi də gəlib Abşerona çatır. Gəmidən su gətirməyə çıxanlar bunları görür və xəbər edirlər ki, bunlar gərək divanxanaya verilsin. Çünki bunlar bizim gəmidən oğurluq edib qaçmışlar. Xanbala qazamata düşür. Amma həsbxananın zülm və əziyyətinə dözməyib buradan da qaçır. Bir az keçdikdən sonra onu tuturlar. Bu dəfə özü ilə bərabər bir erməni dustağı da qaçırır. Uzun zaman Bakı kəndləri ətrafında dolanırlar. Onları təkrar tutub Quba meydanında çubuğa salırlar. Hərəsinə yüz əlli çubuq vururlar; erməni dözə bilməyib çubuq altında ölür, Xanbalanı isə yarımcan qazamat xəstəxanasına aparırlar. O, bir qədər müalicədən sonra sağalır. Xanbala üçüncü dəfə qaçanda iki Nikolay saldatını da özü ilə aparır. Şəhərə səs-küy düşür ki, bəs Xanbala üçüncü dəfə qaçıb, özü də iki saldatla. Bunların dalınca çox gəzirlər. Nəhayət, bir gün yenə Xanbala yoldaşları ilə bərabər tutulur. Qaçan zaman ətinin dərisi su yolunun divarlarında qalıbmış. Doğurdan da, onları tutub qazamata salırlar. Fəqət dördüncü dəfə yenə də su yolu ilə qaçıb canını qurtarır. Bir qədər Bakı kəndləri və onun ətrafında qaçaqçılıq etsə də, bir dəfə olsun, oğurluq və qarət etmir. Xalqın qabağını kəsib pul almaq ona ağır gəlir, fəqət o, ac qala bilmir, çarəsiz qalıb İrana qaçır.
Правообладателям!
Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.