Электронная библиотека » Hüseynqulu Sarabski » » онлайн чтение - страница 4

Текст книги "Köhnə Bakı"


  • Текст добавлен: 28 октября 2022, 20:41


Автор книги: Hüseynqulu Sarabski


Жанр: Биографии и Мемуары, Публицистика


сообщить о неприемлемом содержимом

Текущая страница: 4 (всего у книги 8 страниц)

Шрифт:
- 100% +

Qədim zamandan Məkkəyə gedən varlı hacılar qayıdarkən Ərəbistandan qul-qaravaş alıb gətirərdilər. Bu iş böyük şan-şöhrət hesab olunurdu. Qadın bu qədər zinətlə hamama gəlib soyunar, bütün süslü-bəzəkli əşyasını boğçaya bağlar və hamamçıya tapşırardı. Hamamçının yanında isə yüzdən yuxarı boğça olardı. Belə hadisə olurdu ki, Bəzən qeyri bir qadın dövlətli qadının boğçası rəngdə boğça bağlayıb hamamçıya verdikdən sonra içəri girib tez yuyunar, qayıdıb tez öz boğçası əvəzində həmin dövlətli qadının boğçasını alar, cəld geyinib əkilərdi.

Məsələ məlum olduqda, necə deyərlər, ara qarışıb, məhzəb itərdi. Zənənə hamamında nə olduğunu indi siz düşünün. Ağız deyəni qulaq eşitməzdi. Hamı nə qədər axtarsa da, heç bir şey əldə edə bilməzdi. Yazıq qadın ağlaya-ağlaya evlərinə dönüb əhvalatı nəql edərdi. Əri də onu bir xeyli döydükdən sonra:

– Belə arvad mənə lazım deyil! – deyə onu atası evinə göndərərdi.

İş düşərdi məhkəməyə. Məhkəmə idarəsi bir çox vasitələrlə bəzən dövlətli qadının itkisini tapardı. Bundan sonra kişi pristava, yasavula qızılların bahası qədər rüşvət verdikdən sonra mal əlinə gələrdi. Çox vaxt belə itkilər heç tapılmazdı. Arvad bədbəxt olub atası evində ömrünün axırınadək gözüyaşlı qalardı. Atası da axund otağında, divanxanalarda kəbin və talaq davası edərdi.

Nurcahan xala hamamdan çıxıb evə tələsər, Kəblə Novruzqulu da axşam olduğu üçün dükanı bağlayıb ahəstə addımlarla Nurcahan xaladan qabaq evə gəlib çıxardı. Bu zaman qapının qıfılını və lampanın yanmadığını görüb qanı qaralmağa başlardı. Yanını su “boçqası”nın üstünə qoyub deyinə-deyinə gözlərdi. Nurcahan xala həyətə girər, nəzəri kişinin turşumuş sifətinə sataşdıqda qıçları quruyardı. Kişi arvadı o ki var biabır edəndən sonra deyərdi:

– Bu gün niyyət axşamı olmasaydı, mən bilərdim, sənə neylərdim.

– Ay kişi! Mən nə eləyim, yetimlərin başlarını, əndamlarını yumağa getmişdim də. Toya, qonaqlığa, ixtilata getməmişdim ki!

Şamdan sonra kişi və arvad bir ay oruc tutmağı niyyət edərdilər.

Orucluq ayının özünəməxsus süfrəsi vardı: firni, tərək, bal halvası, nazik yuxa, şorqoğal, bəyimçörəyi, paxlava, südlü sıyıq, sucuq və s. Bozbaşla plov başda olardı. Axşama yaxın bütün evlərdə süfrələr salınar, samovar qaynadılardı. Nurcahan xala uşaqları süfrənin başına yığar, Kəblə Novruzqulu da daş səkinin üstündə oturub qonşusu Kəblə Vəli ilə azanı gözləyərdi. Qaladan azan səsi eşidərkən hamı öz evinə gedib süfrəyə hücuma başlardı. Bakının avam, yoxsul camaatı bir ay orucluğu bir sayaq başa vurar, qoca və ağsaqqallar isə din xadimlərinin hədə-qorxusu ilə vaxtlarını məsciddə dua və namazla keçirərdilər. Cavanların əksəriyyəti isə zorxana və fincan oyunu ilə məşğul olardı.

“ZORXANA” OYUNU

İçərişəhərdə, Yuxarı bazarda, Qoşa karvansaranın altında tağ bir zirzəmi vardı. Qapısı bazarın içindən idi. Özü də çox qaranlıq idi. Ortada səməndlə suvanmış böyük hovuz vardı. Bütün oyun məşğələləri o hovuzun içində keçərdi. Ona “süfrə” deyərdilər. Süfrənin on metr eni və uzunu, metr yarım dərinliyi vardı. “Zorxana” oyununun birinci aləti zorxana mili idi. Bu alət şumşatdan, azaddan və ya palıd ağacında qayrılardı. Bunun bir çərək yoğunluğu, beş çərək uzunluğu olardı. Alətin nazik başı getdikcə qalınlaşır, ucu isə yumrulaşırdı. Zorxana alətlərinin ikincisi metr yarım uzunluğu, yarım metr eni, üç santimetr qalınlığı, qapıyaoxşar ortası, dəstəli taxta yekbagirlər (səng) idi. Yekbagirlərdən savayı üç santimetr yarım qalınlığında, bir metr uzunluğunda zəncirlə birləşdirilmişdi. Dəmir alət idi. Zəncirin ucu qırmaq kimi idi, özü də iti dəmir parçalarla nəsib edilmişdi. Belə ki, o aləti bir əlilə dəmirin ortasından, digər əlilə zəncirin tam ortasından yapışıb dik başlarının üstünə qaldırardılar. Sağa və sola aparıb sonra başlarına keçirərdilər. Bu proses çalınan dumbulun tempi ilə əvvəl ağır, sonra bir qədər sürətlə davam edərdi. Bu aləti başına geyindirən adam zəncirin ucundakı iti qırmaqları üzünə toxundurmamalı idi. Yoxsa üzü siyrilib dağılardı. Oyunun sonuna qədər bədənini və üzünü parçalamayan adam məharətli sayılardı. O alətin adı kamada idi.

Bunlardan savayı oyunda iştirak edənlər bir putluq, iki putluq, üç putluq daşları da havaya atıb bir əllərilə tutardılar. Yekba oynayanlar o hovuzun içində arxası üstə uzanıb yekbagirlərin hərəsini bir əlinə alar, bütün bədəni ilə sağa və sola hərəkət edərdi. Hərəkət zamanı sağdan-sola arxası üstə hərəkət edərkən sağ qolu yuxarı, sol qolu aşağı enməli idi. Bu oyun da dunbul çalınması ilə davam edərdi. Dumbul əvvəl ağır, sonra sürətli templə çalınardı. Kim yuxarıda qeyd etdiyimiz hərəkəti iyirmi dəfə təkrar etsəydi, böyük pəhləvan sayılardı. Bu oyunun xüsusi bir mahnısı da vardı. Dumbulcu həmin mahnının tempi ilə dumbulu çalar, iştirak edənlər də aşağıdakı mahnını oxuyardılar:

Əlif Allah, adın eylədim əzbər,

Bey buyurdu, lütf siyan çağdır.

Tey tarallah, sey sünbəsey,

Çim cəmalın gərək əqlim dağıdır.

Hey hesab çəkər,

Xey xeyaldadır.

Dal gəncum üstə istemaldadır,

Vo vəlidir.

Müşküllər! Həll elər

Lamiəlifla,

Mömünlərə yol elər

Yeyə yalvar.

Murad səni qul elər,

Qibləgahə ərz etməyin çağıdır.

Ayın əli kövsər üstə sağıdır.

“Zorxana” oyunlarından biri də “sino” oyunu idi.

“SİNO” OYUNU

“Sino” oyununda iştirak edənlər cərgə ilə süfrənin içində üzüqoylu uzanıb ayaqlarını divara dayardılar. Sonra əlləri üstə yerdən bir qarış yuxarı yeriyər, əvvəl sağa, sonra sola, ən axırda aşağı enər, yerə çatar-çatmaz təkrar qalxardılar. Amma onların döşləri yerə dəyməməli idi. Bunun sayı üç qırx idi. Hər kim bu rəqəmi yerinə yetirsə, bədəni sağlam hesab olunardı. Bu rəqəm tədricən qalxa da bilərdi. Yaxşı və məşhur oyunçular “Sino” oyununa gedərkən arxalarında xırda uşaq oturdardılar. Bu o adamın qüvvətli olduğunu göstərirdi. Bu oyun orucluğun birindən on səkkizinədək davam edərdi. Zorxanaya kim yazılsaydı, gərək hər gün oyuna gələrdi. Cavanlar təkcə “daş” oyunu ilə kifayətlənməyib, “mil” oyunu da oynardılar.

“MİL” OYUNU

Novruzun ortasında hərə əlinə aldığı mili başı üstə qaldırıb dumbul çalmağa başlardı. Dumbul əvvəlcə lap ahəstə səslənər, sonra get-gedə tez yuxarı qalxıb yenə də enərdi. Mil oynadan adam da həmin templə başının üstə milləri hərləyərdi. Oyun qurtardıqdan sonra camaat onları alqışlayardı. Bəziləri camaatın xatirəsi üçün mili tək əli ilə yuxarı atıb yenə dəstəsindən tutardı. Yaxşı mil oynadanlar qıçının altından da atıb yuxarıda tutardılar. Axırda qurşaq tutardı. İştirak edənlər: Şoni oğlu Həsən, Məhəmməd Hüseyn, Şah İsmayıl, pəhləvan Məhəmməd Hənifə, Cəro Süleyman, Altıaylıq (Əbdüləli), Xiləli pəhləvan (Əli Himət), Zorba Rzaqulu, Hariş Məmmədəli, qatıqçı Mirzə, axmaq nəvəsi İsrail, çopur Sayad oğlu Məhəmməd Hənifə, tarta nəvəsi Kəbləhüseyn, balabançı oğlu Məhəmməd, Xəlfə Süleyman olardı (Adamlara ləqəb qoşmaq keçmişin qəbih adətlərindən idi).

Bu adamlar hər məşğələdən sonra hamama getməliydilər. Oyunun axırına bir qədər qalmış pəhləvanların birindən əhali təvəqqe edərdi ki, gənclərlə güləşsin. Altıaylıq qazamatı papağını başından yerə qoyar, sarı ipək qurşağını açar, ipək ələcə köynəyini çıxarardı. Sonra onun qabağına bir tünükə qoyar, gənc həvəskarlar da soyunardılar. Altıaylıq süfrəyə tullanar, tamaşaçılar hər tərəfdən alqışlayardılar. Məşhur musiqişünas xanəndə Hacı Zeynal oğlu Ağa Kərim qurşaq tutulmadan qabaq Altıaylığın şəninə pişrov deyərdi.

Altıaylıq özü nazik, qara xətli, başı heydərili, uzun qarabuğlu, hündürboylu, enlikürəkli üzügülər pəhləvan idi. Dodaqaltı gülə-gülə əlini döşünə qoyub camaata baş əyərdi. Bir qədər cavanlarla oynadıqdan sonra əliaçıq tamaşaçılar əllərini qoltuq cibinə aparıb ona üçlük, beşlik, onluq əskinaz bağışlayardılar. Hərdən İrandan, Ərdəbildən, Sarabdan nüfuzlu qurşaqtutanlar da gələrdi. Yadımdadır, bir dəfə orada hind pəhləvanı görmüşdüm. Bu günlərdə zorxanada onlar da iştirak edirdi. İran əhlindən olan, lakin Bakıda yaşayan pəhləvanlar da vardı: şatır Məmməd, kankan Rza (quyu qazıyan), qənnatı Kərim, pinəçi Məmi və b. belələrindən idi. Yığılan pullar zorxanaya xərclənər, iştirak edənlərə hamampulu verilərdi.

“FİNCAN-FİNCAN” OYUNU

Bu oyun çox vaxt çayçı dükanlarında oynanardı. Çayxanaya girən yerdə qapının sağında və ya solunda bir kvadrat metr yer ayrılardı. Orada bir metr hündürlüyündə taxtadan stol kimi bir şey qayırıb onun üstünə kərpic döşəyər, samovar üçün ayaq yeri qayırıb böyük samovarı oraya qoyardılar. Samovar üçün dəmir turba qayırıb ucunu pəncərənin bir gözündən qırağa qoyardılar ki, kömür qızaranda buxar və tüstü dükana dolmasın. Samovarın böyründə palçıqdan ocaq olardı. Oraya köz tökər, üstünə dəm almaq üçün çaynik qoyardılar. Samovarın yanında, divarda qatarla xırda mıxlar vurar, xırda padnoslar asardılar. Dükan boyu uzun stol olardı. O stolun üstündə on stəkanadək tutan müxtəlif çayniklər, qəndqabı, stəkan-nəlbəki, sulu qəlyan, şiraz qəlyanı da olardı. Çayçı şəyirdləri bazar-dükanlara çay daşıyardılar. Divarın dibində dövrə 50 sm hündürlüyündə, 75 sm enliliyində skamya olardı. Qabağı qırmızı şilə ilə örtülü idi. Dükanın yuxarı başında ayrılmış yerə “pəsdükan” deyərdilər.

Pəsdükanın yeri bir metr hündürlüyündə taxt olardı. Altına samovar üçün kömür tökər, üstünü isə xalça, palaz və həsirlə döşərdilər. Dükan sahibi və onun şəyirdi gecələr burada yatar, sair vaxt orada qumar oynardılar. Orucluqda isə gecələr burada “fincan-fincan” oyunu oynardılar.

Yetmiş beş santimetr diametrli bürünc məcməyini götürüb, çərçivəsinin bir yerində rumkayaoxşar mis, bürünc və ya taxta fincan qoyardılar. Buna “molla” adı verilərdi. Bundan sağa və sola bir qədər aralı altı fincan düzərdilər. Bunlardan birini də “molla”nın qarşısına məcməyinin o biri tərəfində başbabaş qoyardılar. Bu fincana “başbabaş”, mollanın sağında və solundakı iki fincana isə “qoltuq”, qoltuqdan aşağı olan sağ və sol iki fincana “ikilik”, ikilikdən aşağı sağ və sol iki fincana “üçlük”, üçlükdən aşağı iki sağ və sol fincana “dördlük” deyərdilər.

Dördlükdən aşağı iki və sol fincan “beşlər”, beşlərdən aşağı soldakı və sağdakı iki fincan “başbabaşın qoltuğu” adlanardı. Molladan başqa yazdığımız fincanların birisinin altında bürünc və ya mis üzüyəoxşar halqa gizlədərdilər. Buna “gül” deyərdilər.

Oyunda iştirak edənlər dəstələrə ayrılardı. On və ya on beş nəfərdən ibarət olan dəstələr dükanın künclərinə yığılardılar. Çuxalarını, ya böyük süfrəni küncdə bir pərdə qayırıb asar, fincanları orada qayda ilə düzüb halqanı birisinin altında gizlədərdilər. Onların məşhur gül düzən və gül tapanları vardı. Dəstənin biri məcməyini düzüb o biri dəstə üçün gətirərdi ki, tapsınlar. Özü üçün məcməyi gətirilən dəstə gərək o gülü tapaydı. Məcməyini araya alıb deyərdilər:

– Ada, gül qoltuqdadır.

– Yox! Gül başbabaşdadır.

– Sən bilmirsən! Gül dördlərdədir.

– Ada, sən tikanlıqdan dəvə tapa bilməzsən! Sən nəyə danışırsan?

Gül, yəqin, ikilikdədir. Onlardan biri:

– Heç biriniz bilmədiniz! Bircə məcməyini bəri ver!

Məcməyini alıb yerdə fırladaraq fincanlara diqqətlə baxardı. Bir qədər düşündükdən sonra şəhadət barmağını dikləyib mollanın sağ tərəfindən başbabaşa qədər barmağı ilə, “Boş, boş, boş…” – deyib fincanları bir-bir sıradan çıxarardı. İttifaqən sıradan çıxmış fincanın birinin altından üzük çıxsaydı, o vaxt uduzmuş olardı. Halqanı geri qaytarar, fincanları təzədən düzərdilər. Məcməyinin içində bir altılıq və bir başbabaş qalanda üzük tapılmış hesab olunurdu. Çünki axtaran dəstənin iki dəfə gül çəkməyə ixtiyarı vardı və gül çəkməmiş fincanların hamısını, “Boş, boş” – deyərək sıradan çıxarırdılar. Gül çəkmək prosesi belə olardı: qabağında məcməyi duran adam birdən bir əlini uzadıb fincanı üsulca məcməyinin ortasına çəkərdi. Sonra onu yavaş-yavaş tərpədərdi. Fincanın altında üzük də tərpənərdi. Odur ki, dizi üstə qalxıb fincanı zərblə yerindən çevirdikdə üzük fincanın içindən sıçrayıb tavana doğru qalxardı. Yaxşı oyunçu məcməyini qabağına qoyub yazdığımız kimi gül vurardı. Ona görə də deyərdilər: “Filankəs bikr gül vurdu”.

Bəs gül neçə dəfə tapılmalı idi? Bunun miqdarı on dəfə idi. Hərgah hər dəstə bir dəfə bikr tapsaydı, o udmuş olardı. İttifaqən doqquz dəfə tapmayıb onuncu bikr tapsaydı, doqquz dəfə uduzmağına baxmayaraq yenə udmuş hesab olunardı.

Bu oyunu bu qədər əzab çəkib nədən ötrü oynayırdılar? Məlumdur ki, oyunçün dükana yığılan cavanlar (hər iki tərəf) çay içər, şorqoğalı yeyər, qəlyan çəkərdilər. Bunların, hətta tamaşaya yığılan həvəskarların da pulunu uduzan dəstə verməli idi. Bu oyunun adına “fincan-fincan” deyərdilər. Oyun zamanı bəzən “Rüstəmnamə” və “İsgəndərnamə”dən nağıl deyər, dərviş, aşıq oxutdurardılar. Çox zaman oyun gecə yarısına qədər davam edərdi.

Hamı evinə gedib obaşdanlığını edib yatardı. Günorta vaxtı saat on iki tamamda ağzı oruc məşədilər, hacılar, möminlər və başqa parazitlər Allaha xoş gəlsin deyə dəstəmaz alardılar. Hamı Quranını qoltuğuna vurar, təsbehini əlinə alıb məscidə gedərdi. Məscidin içində isə başqa bir aləm var idi. Bu tiplər isə üzü mərhaba sarı sıra ilə sərd çəkib oturardılar. Bu vaxt pişnamaz gəlib zöhr, günorta, əsr namazını qılardı. Vaiz mənbərə çıxıb bir qədər göydən, yerdən danışdıqdan sonra mərsiyəxan Kərbəla vaqiəsindən danışıb yalanlarla camaatı aldatmağa çalışardı. Sonra bəziləri gedər, yerdəkilər müqabiləyə qalardılar. Məscidin ortasında səsli uşaqlardan dörd-beşini sıra ilə əyləşdirərdilər. Qare (Quran oxuyanlardan biri) avazla oxumağa başlardı: ayələr qurtaranda uşaqlardan biri ayə çəkərdi.

Bu qayda ilə gündə bir cüz Quran oxunub qurtarmalı idi, çünki ay otuz gündür. Quranda otuz cüz idi, xətm ediləndən sonra hamı iftara gedərdi. Orucluq ayının 19, 21, 23-cü günlərinə “əhya axşamı” və ya sadəcə “əhya” deyərdilər. Bu günlərdə məscidlərə halva-çörək bişirib göndərədilər. Əhyalarda gecəyarısı avam camaat məscidlərə dolub mollanın ərəbcə dediyi anlaşılmaz ibarələri dinlər, sonra hərə evinə qayıdardı. Alverçi hacılar, baqqallar, müamilləçilər, dəllallar bəzən sabaha qədər yatmaz, namaz qılıb zikr edərdilər. Gördükləri pis əməllərdən tövbə edər, Allaha yalvarardılar ki, alış-veriş edəndə nə qədər adam aldadıb, yalandan and içib köhnə malı təzə mal kimi satıb, görməyə-görməyə şəhadət verib xalqın oğullarını göndərtdiriblərsə də, günahlarından keçsin… Əmzikli yoxsul analar isə şənlik əvəzinə qonşu qapılarda, ocaq qabağında səhərədək çalışdıqda yuxusuz qaldıqda evləri, uşaqları başsız qalardı. Bundan başqa evdə anaların döşlərinin südü belə quruyardı. Qonşu qadınlar yığılıb onu süd quyusuna aparmağa çalışar, qonum-qonşudan bir qədər un, yağ, doşab tapıb Xan sarayına (keçmişdə cəzayə məhkum edilmişlərin meyitinin atıldığı quyunun üstə) gedərdilər. Orada süd quyusu deyilən yerdə südü çəkilmiş qadının döşündən bir qədər oraya süd sağıb ocaq quraraq halva çalardılar və qayıdardılar.

O halvanı özləri yeyib paylayardılar ki, ananın döşünə süd gəlsin. Paylanmış halvaya “tütyə” deyərdilər (tutiya). Fəqət onu söyləmək lazımdır ki, qadının döşlərinə süd adlı şey gəlməzdi. O, bir qədər yedikdən və dincəldikdən sonra döşləri südlənərdi. Avam qadınlar bunu “süd quyusunun kəraməti” adlandırıb etiqad edərdilər.

Bəzən uşaqların diş çıxarması orucluq vaxtına təsadüf edərdi. Orucluqda qadınların işi çox olduğundan uşaqları başlı-başına buraxardılar. Qəflətən uşağın gözləri qan çəkir, ağzının suyu axır, bədənində bir az qızdırma əmələ gəlir, evdə Xanpəri, Gülpəri, Fatmanisə yığılıb uşağın dərdini başa düşmədən olmazın türkəçarə davaları ilə uşağın qarnını doldururdılar. Yazıq uşaq daha da şiddətli şıltağa başlayırdı. Bir həftədən sonra başa düşürdülər ki, uşaq diş çıxarır. Uşaq üçün təzədən dəsgaha başlayırdırlar. Noxudu, buğdanı, mərcini, lobyanı bir-birinə qarışdırıb qazana tökür, hədik bişirdikdən sonra qonşulara paylayırdılar. Bunun adına “dişçıxarma hədiyi” deyərlər.

SƏMƏNİ

Böyük tabaqlara buğda töküb isladırdılar. Buğda göyərərdi. Belə ki, rişələri bir-birinə qarışar, sonra onu parça-parça doğrayıb əzərdilər. Onun ağrəngli şirəsini sıxıb qablara yığardılar. Sonra ona bir qədər su axıdıb həyətdə ocaq qurar, iki put, üç put bişirən böyük mis qazanlarda iki-üç gecə qaynadardılar.

Bişənə yaxın rəngi yavaş-yavaş qızarardı. Onun içinə qabıqlı qoz, fındıq tökər, qonşu arvadlar bəzəkli xonça düzəldib aparar və “Allah qəbul eləsin” – deyib həyətə düzərdilər. Belə ki, həyətdə ayaq qoymağa yer tapılmazdı. Həyətin hər yeri əlvan xonçalarla bəzənərdi. Gecə hamı oturub gözlərdi ki, görsün, filankəsin səmənisi qəbul olacaq, ya olmayacaq. Əgər səməni şirin çıxsaydı, demək, qəbul olunub. Onda qadınlar çalıb-oxuyub oynardılar. Əgər şirin yox, acıtam olsaydı, deməli, qəbul olmayıb. Amma bunu söyləmək lazımdır ki, camaat o qədər avamlığından qazanın altının odu çox düşdüyünə görə dibinin yanıb acı tam verdiyini başa düşməzdilər.

Səməniyə çağrılan qadınlar çalar, oynar, yorulardılar, sübhə yaxın sabah yeli onlara dəyəndə yuxulardılar. Ev yiyəsi bundan istifadə edərək gizlincə səməni qazanının ağzına qoyulmuş məcməyinin içindəki una əlini basar və yenə qayıdıb üsulca yerinə girərdi. Ondan ötrü ki qonşular səməninin qəbula keçməsini təsdiq etsinlər. Əgər səməninin ununda əl olmasaydı, “Fatimeyi-Zəhra nəzrimizi qəbul etməyib” deyərdilər.

Əhyalardan sonra axundlar mənbələrdə söhbəti səxavətdən salıb camaatı qızışdırar, fitrədən söhbət açardılar. Fitrə bir ay orucun “qada-bəlasını qaytaran nəzir” demək idi. Ailədəki adam sayına görə axunda bir çörək yarım buğda verilməli idi. Axund deyərdi ki, əziyyət olmasın deyə buğdanın pulunu hesablayıb hərəyə nə qədər pul düşərsə, adambaşı o qədər pul versinlər. Fitrələr hazırlanardı, hər evdən iki, beş, on manat toplayıb mollaya təqdim edərdilər. Molla pulları cibişdanına¿ qoyar, camaatı da aldadardı ki, pulları yoxsullara paylamışam. Bu sürətlə bütün pulu həzmi-rabedən keçirərdi. Beləcə, ruhanilər camaatı soyardılar.

Mollaların bu fırıldaqlarını çox adam bilməzdi.

Orucluğun axırına yaxın göydə ay axtarardılar. Bəzən hava bulud olduğundan ay görünməzdi. Bəzən şəhərə səs düşərdi ki, gün və ya ay tutulub. Bir də görərdin, hərə əlinə mis qapıb qapıya çıxır və döyəcləyir. Bir para evlərdə uşaqların atası çaxmağı tüfəngi doldurub gurhagur ilə güllə atardı ki, ay və ya gün tilsimdən azad olsun.

Məsələdən xəbərdar olmayan polis məmurları tüfəng səsini eşidib küçələrə düşərdilər. Taqsırsız fəhlələri, qocaları evlərdən çıxarıb həbs edərdilər. Əlsiz-ayaqsız avam biçarə qadınlar və qarılar çadrasını başına salıb balağını çəkə-çəkə məhəllə boyu düz Hacı Kazım bəyin üstünə gedərdilər. Hacı Kazım məhəllədə sözü ötən adam idi. O da məsələni başa düşüb kiçik kağızda bu əhvalatın mənasını pristava yazar, camaatı birtəhər buraxdırardı.

Orucluq vaxtı havalar açıq və təmiz olanda camaat dəstə-dəstə çölə, qoca kişilər isə dama çıxıb ayı axtarardılar. Bəzən ayın 30-cu günü də ay görünməzdü. Bir də görərdin, bir nəfər axundun qapısına gedib:

– Mən ayı görmüşəm! – deyə bağırır.

Camaat dərhal onun başına yığılardı. Axund onun yaşını soruşar və altmış olduğunu öyrənərdi.

– Quran oxuya bilərsənmi?

– Bəli.

Otaqdan Quran gətirib oxutdurandan sonra savadlı olduğunu bilərdilər.

– İndi sən Qurana and içməlisən ki, yalan demirsən və lap ayın özünü görmüsən!

Kişi də and içərdi ki, ayı görüb.

Bəzən də Şəkidən, Şirvandan və ya Qarabağdan bu aşağıdakı məzmunda gülməli teleqramma gələrdi: “Ay görünüb. Bayramınız mübarək, oruc-namazınız qəbul olsun. İmza: Molla Fərəculla”.

Gecə ilə azançılar qalay çıxarıb münacat vasitəsilə sabah bayram olduğunu məlum edərdilər. Səhər tezdən mövhumatçı kütlə dəstəmaz alar və birinci növbədə fitrə pulunu gətirib məsciddə min bir fırıldaqla camaatın beynini zəhərləyən, gözünü pərdələyib cəhalətdə, avamlıqda, hüquqsuzluqda saxlayan axundun ovcuna basardı. Axund pulları ehmalca yaylığa bağlayıb əbasının altına vurar və evə sürüşərdi ki, görən olmasın. Yoxsa onun hiylələrinin üstü açılardı.

QURBAN BAYRAMI

Qurban bayramı da varlılar bayramı idi. Qurban bayramına bir-iki həftə qalmış pulu başından daşanlar qoyun alıb həyətə buraxardılar. Yemlənib kökəlmiş qoyunu bayram günü həyətə çıxarar, gözünə sürmə çəkər, sulayar, ağzına bir parça qənd verərdilər. Qurban duası oxunduqdan sonra qoyunu kəsərdilər. Fəqir-füqəraya paylamaq əvəzinə dərisini soyub satar, ya da molla üçün göndərərdilər. Quyruğunu da əridib bankalara tökərdilər. Ətini parçalayıb varlı və tanınmış qonşulara, qohum-əqrəbaya payladıqdan və əvəzində onlardan ət payı aldıqdan sonra oturub kabab yeyərdilər. Fəqir-füqəra, əlsiz-ayaqsızlar, yoxsullar, dilənçilər gəlib sədəqə istədikdə min cür danlaqdan sonra ağalar qoyunun sür-sümük, şəndir-şündüründən verib rədd edərdi. Bayram günləri Bakıda və ətraf kəndlərdə on minədək qoyun kəsilərdi. Əgər biri iki manatdan hesab edilərsə, iyirmi min manat pul edərdi. Buna bir məktəb və ya xəstəxana açmaq olsa da, pullar müftəxor və boynuyoğun ruhanilərin, acgöz, fırıldaqcı axund və mollaların cibinə tökülərdi.

QIZ BƏYƏNMƏ

Məşəd Püstə bacı hamamdan çıxıb Kəblə Xeyransa xanımın evinə gəlirdi.

– Salam… Əleykum… Ay Kəblə, Xeyransa bacı!

– Xoş gəlmisən… Xoş gəlmisən… Ay Məşədi Püstə bacı, həmişə sən gələsən! Zöhr ulduzuna dönmüsən, səni əməli saleh adamlar görə bilər, balam.

– Dil-ağzın var olsun, əcəb camalın, çoxdandı səni görmürəm, başıma düşdü, gəldim, sənlə bir az dərdləşək.

– Gəl, əyləş, gəl… – Üzünü öz qızına tutaraq deyirdi, – Ay qız, döşək! Gəl… gəl, otur.

Tükəzban bir döşək gətirib Məşədi Püstə xanımın altına salırdı.

– Uşağa zəhmət verməyin!.. İsməzə a… İstəməz… Məşədi Püstə bacı qadanı alsın! – deyə qızı qucaqlayıb öpəndən sonra döşək üstə oturur, lənkə çarşabını başından çiyninə salır, cibindən burunotu çəkib bir-iki dəfə asqırırdı. Qız podnusda bir stəkan gətirib Məşədi Püstə bacının qabağına qoyurdu. Məşədi Püstə bacı çay içməkdə olsun, o biri otaqdan Kəblə Xeyransa xanımın oğlu İnayət içəri daxil olurdu.

– Xoş gördük, ay Məşədi Püstə bacı, xoş gördük, bizi lap yaddan çıxarıbsan! Əlin böyüklər ətəyindədir, yenə saqqala salam vermirsən.

– A xala boyuna qurban! Hər yerdə olsan, duaçınam. Sənin kimi oğlanı mən heç yaddan çıxararam?

İnayət əl uzadıb mıxdan çuxasını əyninə geyirdi.

– Ay Xeyransa bacı, İnayəti niyə evləndirmirsən? Sən razı olursan ki, a… İnayətin toyunu görməyib ölüm? Onunçün gərək elə qız tapam, gözəlliyi dünyada dastan olsun.

– A balam, mənə elə bir adam lazımdır ki, həm əsl-nəcabəti, həm də atası atama, anası da anama tay olsun.

– Ay Xeyransa bacı, budur… Ağca xanımın qızı Gülpəri!

– A… a… a… balam, Allah imanını kamil eləsin! Ay Məşədi Püstə bacı, mənim heç yadımda yoxdu. Əsl mənim evimin adamıdır.

– Dilsiz-ağızsız, sərri-sahmanlı, hər şeyin yerini bilən, yırtıqlı-yamaqlı, şirəli, şəftəli, bir dəqiqədə ələyər, yoğurar, yapar. Qız döyül, balam, yıxılmış evin dirəyidir. Belə tikəni əldən vermək olmaz… Elə günü bu gün dur, mənilən qəfildən gedək evlərinə. Qızı görməyə gedəndə qəfildən getmək yaxşıdır ki, bəzək-düzəyi olmasın.

– A balam, deyirəm, bir kişiyə məsləhət eləyim, sonra gedək.

– A canım, əvvəlcə gedək, qıza baxaq… bəyəndin… sonra, əlbəttə, kişiyə deyərsən. Bəlkə, heç bəyənmədin.

– Hə… hə… hə… yaxşı deyirsən. Bir az dayan, qovraqlanım, gedək.

Qərəz… Kəblə Xeyransa Xorasan qanavuzundan tikilmiş çaxcurunu, abı firəng parçasından köynəyini geyib, dörd rəng ipək düyürdüsünü başına salıb, ördək boynu qanavuz çadrasına bürünüb, Məsədi Püstə bacı ilə bərabər gedib, Ağca xanımın həyətinə girib çağırardılar:

– Ay ev yiyəsi… Ay ev yiyəsi!

Ağca xanım səsi eşitcək deyərdi:

– Ağız, Gülpəri, gör nə səsdir!

Qız isə əlində samovarın qara qapağını sürtərək saçı-başı nizamsız özünü bayıra atar və nəzəri Kəblə Xeyransa xalaya düşərək məsələni başa düşərdi. Ucaboylu, şimşədbiləkli, incəbelli, mərmərsinəli, minagərdənli, qonçadodaqlı, mirvaridişli, çatmaqaşlı, alagözlü, alyanaqlı qız utanaraq qumral saçlarını üzünə örtüb, ürkmüş maral kimi evə qayıdardı.

– Ay ana, həyətə iki arvad gəlib, tanımıram, – deyərək anasının başı üstündən ceyran kimi vaz atıb o biri evə qaçırdı.

Anası:

– Yaxşı, ay qız, az qala, məni tapdalamışdın, nə olub məyər! – deyərək özünü bayıra atırdı. Bir neçə saniyə baxdıqdan sonra deyirdi, – Kəblə Xeyransa xanım deyilsən? A! Gəlin içəri də! Özgəsi deyilsiz ki! Qız başıdaşlı üstümdən elə keçdi, məni də çaşdırdı.

Xeyransa:

– İstəməz… yaxşıdır, qıza deyinən bizə su gətirsin, gəlsin, içib gedirik.

Ağca xanım:

– Qardaşımın canınçün olmaz. Ay ötüb, il dolanıb, aləmdə düşər şənbəyə novruz, bir dəfə bizə gəlmisən, boş sudan nə olsun? Sən oğlunun canı, bircə evə gəl, heç olmasa, bu kasıb daxmamızda iki stəkan çay iç.

– Ay Ağca xanım… uzun çəkər… işimiz var. Bircə qıza denən, su gətirsin, içək.

– Ay Xeyransa xanım, iş həmişə var. Dünya malı dünyada qalacaq. Oğlunun canı üçün, qızımın canı üçün qoymaram.

Yürüyüb qızına səslənərdi:

– Gülpəri, samovara tez ol od sal. Heç bilirsən, bizə kim gəlib, İnayətin anası Xeyransa xanımdır.

Qız üst-başını təzələyərək samovara od salırdı.

Ağca xanım:

– Yaxşı, deyin, görüm ay, gün hayandan çıxdı, bizi yada saldız?!

– Nə bilim? Ay başına dönüm, evdə oturmuşdum, Məşədi Püstə bacı gəldi, üzümü bir az danlayandan sonra qəbir üstə gedib əhlqubura fatehə verdik, qayıdanda yolumuz sizin qapıya düşdü, dedik, bir az su içək, gedək.

Bu zaman qız saçını, birçəyini kəlayağı altda gizlədib qələmkar süfrəni bunların qabağına döşəyir, qaynar samovarı gətirib süfrəyə qoyur, çay dəmləyib ləbləb stəkanlara çay tökərək qonaqların qabağına qoyurdu. Qızın ala gözlərini, şümşad barmaqlarını görən Kəblə Xeyransa xala çox xoşlanır və dərhal onun nəzərini cəlb edir. Ağca xanım da Kəblə Xeyransa xanımın qıza bu qədər diqqətli baxdığını görüb məsələni başa düşür.

Xeyransa xanım çayı içdikdən sonra çarşablana-çarşablana Ağca xanımdan soruşur:

– Bu qızın neçə yaşı var?!

– Ay Xeyransa bacı! Heç yadımda deyil, bu anadan olanda üzüm vaxtı idi, qardaşım Yasin çərəkəsinin dalına yazıb.

– Ağız, Gülpəri… Gülpəri, o yaşın çərəkəsin bura gətir.

– Gərək deyil… Tutaq ki, yasin çərəkəsini gətirdi, bəs bunu kim oxuyacaq? Heç birimiz oxumaq bilmirik.

– A, Gülpəri bilir… Quranı çıxıbdır, gərək on altı-on yeddi yaşı olsun.

– Eybi yoxdur… Sağlığla qal, oğlunun, qızının toyuna gələk, sağlığına qal, balam.

– Xoş gəldiniz… Xoş gəldiniz… Qədəm əziz elədiniz.

Xudafizləşib həyətdən çıxıbrlar.

Məşədi Püstə bacı sözə başlardı:

– Hə, Xeyransa bacı! Qızı bəyəndin?

– Kəblə Püstə bacı heç dinmə. Doşab almışıq, bal çıxıb.

– Tez dayı, qızı elçilə, eşitdiyimə görə, qız üçün çox yerdən adam gəlir.

– Elə günü bu gün kişi ilə söhbət eləyib sabahdan oyana keçirmərəm. Sənin də xələtin mənim gözüm üstə, toydan farağat olum, gör sənə nələr bağışlayacam.

Xeyransa Məşədi Püstə bacıdan ayrılıb evə gələndə Hacı Abtalıb soruşurdu:

– Arvad, hardan gəlirsən?

– Ay Hacı, bir dayan, nəfəsimi alım, sənə xeyir xəbər verəcəyəm.

– Xeyir olsun, Xeyransa.

– Qəbir üstündən qayıdanda yolumuz Ağca xanımgilə düşdü.

– Ağca xanım? Kəblə Fərəcullahın arvadı…

– Hə… Hə.

– Sonra?

– Ay kişi, onların nə gözəl qızları varmış! Mən arvadlığımnan o qıza aşiq oldum, gələsən, o qızı oğlumuzçün alaq?

– Ay arvad! O qızın barəsində mən də eşitmişəm, deyirlər, çox vəcihədir, Quranı da əzbər bilir.

– Axı bir iş var, deyirəm, bir İnayətlə danışaq. Sən onunla bu barədə söhbət elə, sonra mənə deyərsən, əgər razı olursa, işi başlayaq. Hə… odu a, özü gəlir… Mən gedərəm. Sən özün danış.

Hacı gedəndən bir qədər sonra anası oğlunu səsləyir:

– Ay İnayət! Ay İnayət!

– Nə var, ay ana?

– Anan sənə qurban, ay bala, bir bura gəl, sənlə söhbət eləyəcəm.

– Xeyir olsun.

– Kəblə Fərəcullanı tanıyırsan?

– Necə bəyəm? Tanıyıram.

– İndi ikindi çağı qəbir üstündən gəlirdik. Yolumuz Kəblə Fərəcullagilin evinin qabağından düşdü. Mən də eşitmişdim, onun göyçək qızı var. Kəblə Püstə bacıynan su içmək bəhanəsi ilə girdik onların həyətinə, baxtımızdan Ağca xanım da evdə idi. Qız bəzəksiz, düzəksiz öz paltarında qəfildən çıxdı qabağımıza. Anan qadavı alsın, qız deyil… ceyrandır… aton razıdır, balam. Sən də razı olsan, elçi göndərək.

– Ana, tutaq ki, mən də razı oldum, qızı da mənə verdilər, sonra axı sən onu yola apara bilməyəcəksən.

– A balam, niyə yola aparmıram, mənim gözümün ağı-qarası bir oğlum var, gecə səhərəcən kürəyimi ayaza verib sənə layla çalmışam, zəhmətini çəkib səni bu yerə yetirmişəm. İndi səni evləndirib toy eləyərəm, arzularıma çataram. Dostum söynəcək, düşmənim yanacaq, gözü çıxacaq. Gəlinim – qızımdır. Nöş yola aparmıram?

– Ana, onu bilirəm, məni istəyirsən – fikrin də budur, toy eləyəsən, gəlin gətirəsən, ancaq ondan qorxuram ki, o dediklərinin hamısı tərsinə olsun.

– Necə yəni tərsinə olsun, a balam? Başa düşmürəm.

– Başa düşmürsən, bir qulaq as, mən səni başa salım. Toy eləyib gəlini gətirəndən sonra ona cürbəcür dedi-qodu olmayacaq, yola aparacaqsansa, get, al.

– Yaxşı, görərsən, mən necə gəlin saxlayıram. Hər kəs görsün, “Mərhaba!” – desin.

Axşam Hacı evdəykən Kəblə Xeyransa əlinə bir ayna götürüb küçə qapısından qulaq falına gedirdi. Qapının dalında xəlvəti dayanıb küçə qapısını aralayaraq:

– Görüm, görüm ki, gəlinimlə oğlumun püşkləri barışacaq, yaxşı yola gedəcəklər… Falım yaxşı gəlsin, – deyə küçədəki danışıqlara izdihamla qulaq asırdı.

Küçədə iki nəfərin söhbəti eşidilirdi.

– Meşt İbrahim, hayannan gəlirsən?

– Ə… Salam əleyküm, balam… Kəblə Səfərin atını aldım!

– Kəblə Səfər o atı satdı?

– Həri.

– Neçəyə aldın?

– Yüz əlli manata.

– Ucuz almısan. Yaxşı atdı, Allah xeyir versin!

Kəblə Xeyransa bunu eşidəcək evə qayıdırdı:

– Ay Hacı… Ay Hacı… İndicə qulaq falına çıxmışdım, falım yaxşı gəldi.

– Arvad! İnayətlə danışdın?

– Hə… Hə. Razıdır! Razıdır! Ay Hacı, razıdır… Ay Hacı!!! Oruc tutmayasan, namaz qılmayasan, işin belə düz gəlsin?

– Yaxşıya… indi bəs elçiliyə kimi göndərək?

– A? Buduva… qonşumuz Kəblə Novruzqulu! Mömin, Allah bəndəsi, ağzı quranlı, dualı kişi…

– Hə… Hə… Yaxşı deyirsən.

Hacı səhər Kəblə Novruzqulunun yanına gedər, əhvalatı ona nəql edib elçiliyə göndərər, Kəblə Novruzqulu Fərəcullanın yanına gedərdi.

– Salam əleyküm, Hacı.

– Əleyküm-salam. Hafizixoş kəlam. Xoş gördük səni, balam. Səni də görmək olarmış… Buyur, əyləş… Buyur, əyləş! Əhvali-şərif, damağı-lətif!

– Əh… Əcəb camalın… Əcəb camalın, ay Hacı.

– Kəbleyə nisbət qulluğun? Buyur görək!

– İnşallah ki, xeyirdir.

– Sən həmişə xeyirxəbərsən… Buyur…

– Hacı Abtalıbı tanıyırsan?

– Hə, tanıyıram. Necə bəyəm? Bununla alış-veriş zadın var? Mötəbər adamdır, qorxma.

– Mən qoxmuram, sən qoxma… Alış-veriş sənlədir.

– Necə bəyəm?

– Onun oğlu İnayəti görmüsən, xoşuna gəlib?


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.


Популярные книги за неделю


Рекомендации