Текст книги "Köhnə Bakı"
Автор книги: Hüseynqulu Sarabski
Жанр: Биографии и Мемуары, Публицистика
сообщить о неприемлемом содержимом
Текущая страница: 6 (всего у книги 8 страниц)
Qayda belə idi: kəbin kağızı oğlanın dayısında, ya əmisində olardı. O, gəlib üsullu qızın dayısına yan alar və kəbin kağızını ona təqdim edərdi. Kəbin kağızını almamış gəlini bayıra çıxarmazdılar. Kişilər küçədə dayanardılar. Oğlan evindən gələn qadınlar gəlin olan otağa girərdi. Xoşbeş, dil-ağız edib, bir az oynayandan sonra oğlan evindən gələn bir uşağın əlinə qurşaq verərdilər. O da gedib gəlinin belini bağlayardı. Bu işin mahnısı vardı:
Anam, bacım, qız, gəlin,
Əli-ayağı düz gəlin.
On bir oğlan istərəm,
Bircə dənə qız gəlin.
– deyib əlindəki qurşağı gəlinin belinə bağlardı. Qızın anası o uşağın başına bir təzə araqçın qoyardı. Oğlan evinin adamı qız evindən nə isə bir şey oğurlamalı idi. Ev sahibləri göz-qulaq olardılar ki, oğlan evi bir şey apara bilməsin. Qızın anası balaca uşağın başına araqçın qoyduqdan sonra üzünü oğlan evinə tutub deyərdi:
– Bax, saçlı-birçəkli, boylu-buxunlu, ədəbli-ərkanlı, gözəl-göyçək qız bəsləmişəm. Mənim qızım divardan, qapıdan, pəncərədən baxan deyil. Ağır evdən gedir. Balamı yaxşı saxlayın!
– Ay ana! Bu, sözdür danışırsan? Sənin balan bizim balamızdır. Nə təfavütü var? Elə gəlin saxlayaq ki, aləm, “Mərhaba!” – desin.
Qızın atası içəri girərək:
– Kişiləri məəttəl eləməyin! – deyib qızın yanına gələrdi. Başını sığallayaraq onu qucaqlayıb ağlayardı:
– Get, qızım! Xoşbəxt olasan! Bilmirəm, gələcəyin nə olacaq, qəza sənin başına nə gətirəcək…
Qızın başında al duvaq, sağdış və solduşu yanında: əllərində ağ qartof şamlar yana-yana gəlini ağ miçətkənin altında küçəyə çıxarıb faytona mindirərdilər. Miçətkəni isə faytonun üstünə salardılar.
– Hə! Allah xeyir eləsin! Cahıllarınız üçün olsun! Sür, bala!
Fayton oğlan evi tərəfə hərəkət edərdi.
Gəlini gətirməyə gedəndə oğlan da gedərdi. Bəylə birgə sağdış-solduş da gedərdi bəyi qorumağa. Gəlin gələn gecə bəyin papağını götürüb qaçmaq qayda idi. Aparılan papaq qız evinə verilər, əvəzində araqçın və ya tafta köynək bəxşiş alınardı. Səhərisi sağdış və soğduşun sərvaxt olmayıb papağı oğruya verdikləri məhəllədə danışarlardı.
Qədimdə belə bir qayda vardı: gəlini aparan zaman o məhəllənin cahılları faytonun qabağını kəsərdi. Onlar oğlan adamından xələt almayınca gəlini aparmağa qoymazdılar. Bu adətin adına “qazaqyana” deyərdilər. Qız evində toy olan zaman məhəllə cahıllarının yarısını çağırıb, yarısını çağırmasaydılar, onlar da sözü bir yerə qoyardılar: “Qazaqyana almamış gəlini bir yana buraxdı yoxdu”.
Həmin cahıllar gəlib atların başından yapışardılar.
– Sürmə!
Oğlan adamları faytonçuya müraciət edərək:
– A balam, sürsənə! Nə üçün məəttəlsən?
– Ay əmimoğlu, məhəllə cahıllarıdır… Özün bilirsən də, daha nə deyim?
Oğlan adamının başçıları dil anlayan, burnuna şam iyi dəymiş olsaydı:
– Hə… Hə… Başa düşdüm, – deyərək cibindən bir iyirmi beşlik çıxarıb cavanlara paylamağa başlayardı. Ya da ucadan, “Cahıllara bir qoyun verildi!” – deyərdi.
Onun sözü veksil kimi idi. Odur ki, ona inanardılar.
– Allah mübarək eləsin! Allah xeyir versin! – deyib əl çəkərdilər. Məsələ bununla bitərdi.
Bəzən oğlan adamı da tərs olar, boyunlarından düşürərdi:
– Biz heç bir şey verməyəcəyik, sür, adə!
– Biz də buraxmayacağıq, aparın, görək necə aparırsınız?! Siz vurandan qan, biz vurandan su çıxmayacaq. Biz də atın başın buraxmarıq.
– Bu məhəllədə kişi-zad yoxdur bəyəm?! Verən belə-belə olsun, almayan da belə-belə olsun. Alın, görək necə alırsınız?
– Adə, adə! O kimdir? Yetim Məhəmməd deyil? Mənə Bahadur oğlu Xanbaba deyərlər, qoymaram, ayağınızı ayağınızın üstündən götürəsiniz, hamınızı xingal kimi doğrayaram!
– Adə! Belə ağız-burun bəhəm eləmisən ki, sözümün qabağına söz deyirsən? Mənə Şeytan Bağır deyərlər. Buyurun, bu meydan, bu siz!
– Mənə də Şırdanaqdadaş deyərlər. Sibirin yolunu mən yaxşı öyrənmişəm.
– Sənə deyirəm, burax atın başını!
Balabançıoğlu Məhəmməd, Çopur Sayadoğlu Xalıq, Qafdan Bağır, Axmaq nəvəsi İsmayıl, Pota Baxşəli, Mandır Məmmədrəhim, xır-xır Əzim, Tarta nəvəsi Kəbləhüseyn, Cücə Nəcəfqulu, Habış Məmdalı, Palton Abbasqulu, Pendiryeməz Zeynalabdin, İt Abtalıb, Qanlı Qədir, Part-part nəvəsi Hacıağa, yağ satan Yardıməli, Qütgə Cəfər, Şonuoğlu Həsən, Oşar Həsən və başqa bu kimi qəhrəmanlar bir-biri ilə əlbəyaxa olub, əvvəl yumruqla, sonra zoğal ağacları ilə vuruşa başlardılar. Nəhayət, bunlardan da bir şey çıxmazdı, qəddarələr və xəncərlər işə düşərdi. Siyirmə xəncər bir-birini doğramağa başlardı. Qızın adamları gəlini faytondan düşürüb atası evinə aparardı. Obxod qalmaqala gəlib vəziyyəti qorxulu gördükdə polis idarəsinə, polis idarəsi də polismestrə – “qələbəyinə”, o da qubernatora xəbər verərdi. Qubernator emr edərdi, bir rota polis gəlsin. Afiser görürdü, işlər xarabdır, vəhşi camaat bir-birini doğrayır. Əmr edirdi, havaya güllə atsınlar, camaat qorxub qaçsın. Havaya bir-iki zalp atardılar. Fəqət afiser görürdü, dava yaman qızışıb, heç birinin vecinə gəlmir. Əmr edirdi, vuruşanları güllə ilə bassınlar. Tüfənglərin ağzı bir-birini vəhşicə didənlərə çevrilərdi. Bir neçəsinə güllə dəyib yıxıldıqdan sonra həzaratın baş-gözü yaralı, əl-ayağı qanlı, üst-başı cırıq, kimi böyrünü, kimi xəncərini, kimi çuxasını qoyub qaçar, evlərə soxular, damdan-dama qaçıb gizlənərdilər. Çox adama güllə dəyib ölər, meyitləri səhərə qədər küçədə qalardı. Səhəri geniş xalq kütlələrinin həyat məişəti ilə qəti surətdə maraqlanmayan, onlar arasına bu yolla ədavət və qalmaqal salan, xalqı vəhşiliyə sürükləyən çar hökumət rüşvətxorları gəlib istintaqa başlayardılar. Hamı öz ölüsünü aparmağa gələrdi. Davadan bir həftə sonraya qədər şəhərdə kimin əl-ayağında yara görsəydilər, dərhal tutardılar ki, sən davada iştirak etmisən.
İçərişəhərdə Qasımbəy hamamının yanında Qəzvinli oğlu Kəblə Abbasqulu qızın Hacıqayıb üstünə Əbdüləyanın qardaşı üçün gəlin gedərkən belə bir hadisə baş vermiş və onlarca adamların qanı axıdılmışdı. Bu gəlin “qanlı gəlin” adı ilə məşhurdur.
Gəlinin qarşısına adam çıxmasa və ya cahıllar xələt alıb, onu xoşluqla buraxsaydılar, “urra” ilə onu oğlan evinə gətirərdilər. Küçə qapısının ağzında qurbanlıq qoyun kəsərdilər. Camaat həyətə girər, ev qapısının arasında yengə gəlini saxlayardı:
– Hanı gəlinin qayınatası?!
Qayınata isə evdən çıxıb gəlinə baş əyərdi.
Yengə deyərdi:
– Hacı Ağa, gəlinin sənə salam verir, ona nə bağışlayırsan?
Qayınata da ona ya on imperial, bağ, ya ev, uçqun bağışlayardı. Gəlin ikinci dəfə baş əydikdən sonra onu evə aparardılar. Gəlinin başında çörək parçalar, başına qənfet, pul atardılar. Dəf, dunbulu qızışdırıb, gəlini taxta arxasına aparıb, taxtın üstündə otuzdurardılar.
Taxt belə düzələr, evin yuxarı başında isə iki qalın, qırmızı, üzü zərli, yumru, böyük mütəkkələr, onun üstündə böyük bir püstü olardı. Sağ divardan sonra divara bir mıx çalıb gəlinin ipək çarşabını o ipin üstünə atardılar. Bəylə gəlinə guşə təşkil edilərdi. Gəlin pərdənin dalında qalardı.
Kəndlərdə pərdə aparmaq dəb idi. O belə olardı. Kənddə gəlini gündüz aparardılar. Bu kənddən o biri kəndə və ya şəhərə gəlin gətirəndə gəlini çıxarıb faytonda oturdardılar. İyirmi-otuz nəfər atlı olardı, gəlin yola düşdükdən sonra pərdəni atlardan birinə verər, onlar da atlarını çapmağa başlardılar. Kim qabağa düşsə, o birindən alardı. Bunlar çapa-çapa hərdən bir-birindən alardılar. Axırda əvvəlcə oğlan evinin qarşısına hansı atlı çatsaydı, ona xalat bağışlayırdılar. Atın da alnına bir yumurta çırpardılar. Çox vaxt yolda atların bağrı çatlayıb yarı yolda ölərdi. Bəyin anası əyninə misqal tirmədən don geyinər, başına tirmə şal atardı. Qonaqları o biri otağa dəvət edərdilər. Evdə yaxın qohum-əqrəba qalardı. Qalanları da çıxıb gedərdi. Birisi əlində ağ dəsmal, miss aftafa-ləyən, canamaz içəri girib evin bir tərəfinə gətirdiklərini qoyar, lampaların bir-ikisini aparardı. Evin işığı birə iki azalardı. Və qapını açıb gəlin olan otağa daxil olardı.
Bəy gəlinə dil-ağız etdikdən sonra onun üzünü görmək istərdi. Gəlin iki əli ilə üzünü bərk tutub açmağa qoymazdı. Gəlini öyrədərdilər ki, bəy gələndə sağ ayağını onun qabaq ayağının üstünə qoysun. Onda həmişə gəlinin sözü onun yanında kəsərli olarmış. Gəlin ayağını bəyin ayağının üstünə qoyduqda bəy də başa düşərdi ki, gəlin ondan üzgörümsəyi istəyir. O zaman da oğlan əlini cibinə salıb qıza ya qızıl saat, ya saroçqa, ya bacaqlı, ya da üzük bağışlardı. Bu bəxşiş gəlinin halal malı hesab edilərdi. Bu dəqiqədə iki cavanın düşüncəsini, bir-birini görməyən, tanımayan, bir-birinə qərib və yabançı olan iki gənc könlün çırpıntı və intizarını ifadə etmək çətindir. Qız, “Görərsən, oğlanın xoşuna gələcəyəmmi və ya oğlan mənim xoşuna gələcəkmi?”, oğlan “Görəsən, qız mənim xoşuna gələcəkmi və mən qızın xoşuna gələcəyəmmi?” – deyə düşünürdü. Gənclərin bu dəqiqələri onların gələcəkdə quracaqları həyatın ilk saniyələri idi. Revolyusiyadan qabaq Azərbaycan xalqını uçurumlara sürükləmək istəyən çar üsul idarəsinin murdar niyyətləri ilə xalq arasında intişar etdirilən, cəhalət və avamlıqdan doğan qanlı faciələrin ilk dəqiqələri başlanırdı. Çünki evlənən bədbəxtlər öz düşüncə və mühakimələri ilə iş görməyə imkan tapmamışdılar. Çünki bir-birinin xasiyyət və xüsusiyyətləri ilə tanış olmamışdılar. Çünki bunları ana-ata almış və ana-ata satmış, mənfi adətlərin əsiri olmuşlar.
Qız utana-utana üzün açıb oğlana göstərərdi. Bundan sonra söhbət və tanışlıq başlardı.
Oğlan atasını təbrik edirdilər ki, oğlu kürəkən olub, qız atasına xəbər verirlər ki, qızı tapşırılıb.
Bir neçə vaxtdan sonra oğlan evdən soyumağa başlayırdı. Qız qayın, quda, qayınata, baldız və qayınananın hökmünə əsir olar, onların dedi-qodusuna düşərdi. Qıza darbalaq tuman geyindirib, əlinə bir parça şirapus verib, gününü göy əskiyə bükərdilər. Tezliklə üstü-başı cırıq, saç-birçəyi üzünə tökülmüş, başı kilkə, dodaqları gül kimi solmuş, üzü saralmış, zavallı hala düşən qulluqçuya dönərdi. Əri bu halda görüb daha da soyuyardı. Yazıq qızı ata-anasının yanına qoymazdılar. Qohumluq düşmənçiliyə və ədavətə çevrilərdi. Ata-anasını görəcək qız həyatından şikayətə başlardı. Cavabında isə zavallı qız ata-anadan bu sözləri eşidərdi:
– Qızım, səbir elə, ər ki var, arvadın ikinci Allahıdır. Ev sözsüz, kor əzabsız olmaz. Sən ərin evindən gora gedərsən. Papaq deyilsən ki, başdan-başa qoyulasan.
Bir az sonra kişi bu yazıq qızın üstünə ikinci arvad alardı. İki gününün arasında böyük mübahisə başlardı. Bəzən onlar beynini zəhərləyib öldürərdilər. Atadan, anadan, qohum-qardaşdan köməkçi olmazdı. Kənardan küpəgirən, işsiz, peşəsiz, avam qarılar meydanı daha da qızışdırırdılar. Gəlin bir gün fürsət tapıb özünün ağ-qızılını yığıb, evi alt-üst qoyub küçələrə düşər, ya özünü boğar, ya da zəhərləyər, ya yandırar, ya da qara səfalətin caynağına atardı. Orada onun gənc ömrü puç olardı. Bu xəbəri eşidəndə el və əqrəba, “Bu qız bizim papağımızı yerə soxdu” – deyə həyəcanla gələrdi. Şəhər bu ailəyə düşmən olar, gözü götürməyənlər istehzaya gələrdi. Dəliqanlılar coşardı. Qızın qardaşından, əmisi və dayısı oğlundan biri zavallı qızı doğrardı. Bu qayda ilə öz çürük təsirinin acı meyvəsi olan bu zavallı gəlinin ömrünə axır qoyulardı. Bundan sonra hər iki tərəfin peşəsi divanxanalar qapısında vəkil tutmaq və rüşvət vermək idi. Var-yoxdan çıxardılar, nəticədə, qatili ya qurtarar, ya da cavan ömrü Sibirdə çürüyərdi.
Qız oğlan evinə gedən günün ertəsi adət üzrə qızın atasından, anasından muştuluq gedərdi ki, qızın ağ bəxt oldu, gəlin qayınananın xoşuna gedir. Qayınana qudasını qonaq edirdi. Bir müddət sonra yeni bir xoşbəxtlik üz verirdi. Gəlin hamilə olur və ağrı çəkirdi. O saat xəbər göndərib İçərişəhərdə Xıdır dalanın altında Qara Nəcəfqulunun anası əldə qayrılma küçə maması Amad xalanı çağırırdılar. Amad xala dəm-dəsgahını yığışdırıb, gecəyarısı balağını çəkə-çəkə gəlirdi.
– Ay xala, balandan görəsən!
– Bilirəm, balam, bilirəm, əlim yüngüldür, inşallah, salamatçılıqdır.
Amad xala əlini, qolunu çırmalayıb evin bir tərəfinin palaz-parçasını yığar, iki böyük qazanı ağzıüstə bir-birinin yanında qoyub onun üstünə də köhnə kültədən bir şey salardı. İki qazanın arasına da kül tökərdi. Bunun adına da “çala” deyərdilər.
Sonra hamilənin qoluna girib onu evdə gəzdirməyə başlardı. Nəhayət, onu çala üstünə çıxardardılar. Hamilə hər qıçını qazanın birinin üstünə qoyub sallağı oturardı.
– Anam, güc elə, ya Xıdır Nəbi, Xıdır Niyaz, bəndəni bəndədən xilas.
Bu dəmdə gəlinin anası içəri girib, piri, peyğəmbəri, Allahı, imamı yığıb bu evə tökər, səs-küy salar, ağız deyəni qulaq eşitməzdi. İş çətinə düşərdi.
– Ay balam, gedin, çolaq Ağa Səlimin dükanı ilə üzbəüz evdə yaşayan mama Mələknisəni çağırın.
Mələknisə gələrdi. Gələn kimi xəstəyə baxmamış:
– A-a, nəyə dayanmısınız, gedin, səhəng gətirib zahıya verin!
– Anam, pilə, bacım, pilə. Pilə bunu!
Zahı yazıq sancının qorxusundan nə desəydilər, onu edərdi və səhəngi alıb var qüvvəsi ilə piləməyə başlardı. Bundan da bir şey çıxmazdı. İki mama bir-biri ilə höcətə başlardılar. Zahının nəfəsi kəsilər, ürəyi gedər, nəhayət, çalanın üstündən yerə yumbalanardı. Beləliklə, yazıq arvadı həlak edərdilər. Bəziləri iki-üç mama gətirər, ancaq bundan da bir şey çıxmazdı. Qızın anası bir az anlaqlı olsaydı, “Yüyür, bir urus maması çağır!” – deyə yalvarardı. Buna çətinliklə razı olardı. Rus maması gələn kimi evdəki qadınların hamısını qovar, əl-ayağını təmiz yuyub qayda ilə işə başlardı. Evdəki qadınların əlləri hər bir şeydən üzüləndən sonra canamazı açıb qabaqlarına qoyardılar; Quran oxuyar, Allaha dua etməyə başlardılar. “Jevdolkiya İvanovna” bunlara əhəmiyyət verməyib gəlini əziyyətdən xilas edər, lazımi tapşırıqlar verdikdən sonra çıxıb evinə gedərdi. Yenə meydan “əldəqayırma” mamaçalara qalardı.
– A balam, gəlin evi möhür eləyək.
Bir kabab şişinə üç soğan keçirib, şişin ucunu otağın dörd divarına sürtər, aparıb xəstənin başı üstündə qoyardılar. Zahıya deyərdilər ki, yatma, yatsan, al anası gələr, ciyərini çıxarar.
O biri mamaça sözə başlardı:
– A balam, xəbəriniz var ki, a… İtotaran Daşdəmirin qızının başına nə gəlib?! Doğub salıblar kürsüyə. İsti kürsü arvadı yuxu aparıb, arvad da ölüb.
– Ay yazıq! Ay yazıq!
– Bunların hamısı yazıdı… a başuva dönüm! Adamın alnına nə yazılıbsa, başına da o gələcək.
Birinci mamaça yeni bir yalan toxumağa başladı:
– A, a, a qarageymiş… heç xəbəriniz var ki… a bizim kənddə Kəblə Qayxanım doğub, yatıb kürsüdə… Deyir ki, elə məni huş apara-aparmaya, gördüm, bir hündür yekədöşlü arvad dayandı qapının astanasında. Gördü, ara xəlfətdir, üsulluca girdi içəri. Birdən yadıma düşdü ki, ey dili-qafil bu al anasıdır. Özümü itirmədim dedim: “Hə, gəlsənə, nə istəyirsən?” Gördüm, bu yazıq özünü itirdi və dedi: “Hə, bəs mən sizin qonşunuz Qarabəniz xalayam da. Tanımırsan? Mənə o kürsüdən bir balaca od ver.” Dedim, gəl, kürsüdən götür, apar. O gəlib yorğanı qalxızıb kürsüyə soxanda əlüstü mən durdum ayağa. Yaxamdan iynəni çıxartdım, onun yaxasına sancdım və dedim: “Kafir, sən al anasısan, gəlmisən mənim ciyərimi çıxardasan, Allahın izni ilə mən səni əsir elədim”. Bu başladı mənə yalvarmağa: “Allah xatirinə məni bağışla, məni öldürmə, mən sənə qulluqçu olaram, iynəni yaxamdan çıxart”.
Deyirlər ki, al anasının döşündə nə qədər o iynə var, o heç yerə gedə bilməz. Özü də iynədən qorxduğu üçün çıxarda bilməz. O adam axtarardı ki, iynəni döşündən çıxartdırsın. İttifaqən balaca qız və ya oğlan uşağından görsə, iynəni döşündən çıxartdırıb qaçardı.
Belə və bu kimi yalan-yalan uydurmalar və danışıqlar qadınların gözlərini bağlar, öz etibarını möhkəm saxlatmağa çalışardı.
Məlumdur ki, qadın doğduqdan sonra bütün damarları boşalır və əzələləri zəifləyir. O zaman onları yatmağa qoymazdılar. Çünki yatarsa, onu qan aparar və ölər. Ona qəhvə verər, qanfora vurarlar ki, yuxusu qaçsın. Küçə mamaları isə bunlardan bixəbər idilər.
Səhərisi yenə mamaça gələr, zahıya baxıb lazımı tapşırıq və dərmanlar verər, şişlərinin yatmasına naəzarət edərdi. Zahı xəstəlikdən durduqdan sonra “Jevdokiya İvanovnanın” pulunu və xələtini artıqlaması ilə verər və hörmətlə yola salardılar.
Mamaça gedəndən sonra yenə qapı köhnə dabanüstə işlərdi. Avam qadınlar yenə yazıq qadının başına yığılıb kişinin köhnə donunu, çuxasını parçalayıb çirkinə-pasağına baxmadan uşaq üçün əski qayırardılar. Bu əskiləri uşağın altına sərdikdən sonra onun üstündən bir parça əlif yağı çəkilmiş brezent qoyardılar ki, su buraxmasın. Ona “muşanba” deyərdilər. Sonra uşağı yorğançaya büküb əl-ayağını yorğanın altına salıb uzun bələk bağı ilə möhkəm bağlayardılar. Uşağın yeri həmişə yaş olardı: əskinin çirki və rütubəti uşağın canını olduqca incidər və zavallı ağlamağa başlardı. Avam ana uşağın yerinin narahat olduğunu anlamazdı. Qonum-qonşular cürbəcür məsləhətlər görərdilər.
– A bala, qonşumuz Gülmirənin də uşağı yatmırdı. Ona xugəri verərdilər, sən də ver, yuxusu gəlsin.
Attar Mollaməhəmmədin dükanından xaş-xaş qabığı alardılar. Onu qaynadıb bir-iki damcı suyunu uşağın boğazına tökərdilər. Əgər bu da kömək etməsəydi, onda tiryək qaynadıb uşağın boğazına damcıladardılar. Səhər uşağın bələyini açanda görərdilər ki, onun qılçalarını rütubət yandırıb. Uşağın əndamına quru xına sürtməyə başlardılar. Uşağın zəif bənədi xungəriyə, tiryəkə və xınaya davam gətirməzdi. Uşaq naxoşlardı. Uşağı həkimə göstərməzdilər. Avam qadınlar bir yerə yığışıb cürbəcür mühakimələr yürüdərdilər:
– Uşaq çiləyə düşüb, bunu kəmmədən keçirmək lazımdır.
Uşağı hamam gülxanasına aparıb gülxanaçıya deyərdilər ki, əlindəki hisdən uşağın üzünə yaxsın. O da əlini hisə batırıb uşağın üz-gözünü qaralardı.
O biri arvad deyərdi:
– Yox, bunu boyaqxana külünün üstünə aparmaq lazımdır.
Uşağı boyaqxanaya gətirib üz-gözünü boyatdırardılar. Nəhayət, uşaq üçün fala baxdırıb tas qurdurar və dua yazdırardılar. Yüzlərlə sağlam uşaq avam qadınların əlində həlak olub gedərdi. Bütün bu əzab və işgəncəyə tab gətirən uşaq əzablarla böyüyərdi. Bəzən tərəzinin bir gözünə uşağı o birinə də ağırlığı qədər ət qoyub çəkərdilər. Sonra o əti aparıb qəbiristanlıqda basdırardılar. Bununla uşağın ömrünün uzun olacağını qət edərdilər. Bu adətin adına “əqiqi” deyərdilər. Bəzən qadınların ağzından “filankəs öz uşağını əqiq eləyib, onun ömrü uzun olar” sözlərini eşitmək olardı.
Səkkiz-doqquz yaşına çatan uşaq yetənə yetər, yetməyənə daş atardı. Söyüş söyər, üst-başını cırar, evdə qab-qacaq sındırardı, ancaq onun kefinə dəyməzdilər. “Ərköyün” böyüdərdilər. Bu uşağı aparıb bir küçə mollasının yanında dərsə qoyar və belə deyərdilər:
– Molla əmi, bu uşağın əti sənin, sümüyü mənim.
Bu cür tərbiyə ilə böyümüş uşaq mollaxanada da nadinclik edər, o biri uşaqlara sataşar, molla da bunun ayaqlarını fallaqaya salıb çubuqla döyərdi. Sonra uşaq molladan qaçardı. Uşaqlar da bunu harda görsəydilər, mahnı oxuyub əl çalmağa və onu ələ salmağa başlardılar:
– At nalı, eşşək nalı, molladan qaçan Hüseynalı.
Uşaq ağlaya-ağlaya anasının üstünə gedərdi. Anası da qapıya çıxar, uşaqları söyüb qarğış edərdi. Bunun söyüşünü eşidən bir başqa qonşu qadın gəlib qapı ağzında dayanar və ona cavab verərdi.
– Uşağın molladan qaçıb, mənim uşağımın taqsırı nədir, söyürsən? Canı çıxsın, qaçmasın.
– A…a... kül başına, Şərif, hamamçı səndən pul istəyir. Kül başına, xindi! Başına milçəklər qondu!
– A qız! Sənin danışmağa dilin də var? Ay filan-filan şudə! Açma mənim gül ağzımı, açaram sandığı, tökərəm pambığı! Dəli Şirinin nəvəsi deyilsən?! Dünənəcən qapılarda qulluqçuluq etmirdin? Ay yazıq!
Bu qalmaqala arvadların kişiləri gəlib çıxardı. Əvvəlcə ağız işi, sonra yumruq işi başlardı. Məhəllə adamları yığılıb hərəsi bir söz deyərdi.
– Ay Kəblə Fərəculla, bir salavat çevir. Allah şeytana lənət eləsin!
– Ay Məşədi Balaqədeş! Arvad-uşaq işinə qarışmayın, uşaqdırlar, indi dava edib yarım saat sonra barışarlar.
– Əş-şi, eyib zaddır qonşuluqda. Hövsələnizi basın.
– Masaxar haramzadalar, həşturabların sir-sifətinə bir baxın. Gəlin barışın! – deyib uşaqları barışdırardılar. Uşaqlar da bir-birinə əl verib hırıldaya-hırıldaya barışardılar. Guya aralarında heç bir şey olmayıb.
Mollaxanadan, adamın beynini zəhərləyən küt, yaramaz mühitdən, buranın falaqqa əzabından qaçan uşaqları palçıqçılığa, xarratlığa, malakeşliyə, dəmirçiliyə, papaqçılığa, zərgərliyə, kababçı və çayçı şəyirdliyinə qoyardılar. Bir neçəsi alış-verişə başlar, bir neçəsi də nökər dayanardı. Başqa çarələri yox idi.
Oğlundan bezar olmuş kişi kənddən və ya şəhərdən oğlunu aparıb dövlətli tacirə nökər verərdi. Bunların şərti belə olardı: uşaq bir il gərək havayı qulluq edə. Yatan yeri mətbəx və ya qaranlıq anbarlar olar, ev sahibinin qabağından qalan tör-töküntünü yeyərdi. Qışın soyuğunda ayaqyalın su daşıyar, yayın istisində tərləyə-tərləyə həyəti süpürər, sulayardı. Bazardan ağası undan, qənddən, çaydan, düyüdən, kömürdən, odundan alıb bunun dalına yüklər və evə göndərərdi. Onun sənəti evə şey daşımaq olardı. Bir il bu yazıq uşaq qoyulmuş şərtlə işləyəndən sonra bunun atası xozeynin yanına gələrdi.
Xozeyn isə:
– Uşağın təmizkar deyil. Natəmizlikdən və murdarlıqdan başına yara düşüb. Yaxşı qulluq etmir, – deyib fırıldaqla uşağın əmək haqqına kəf gələr, öz vəhşi istismarını bir neçə il daha davam etdirməyə çalışardı.
Bədbəxt ata da xozeynin sözünə inanıb uşağın üstünə düşərdi. Yazıq uşağın çarəsi kəsilər, ya hamballıq edər, ya da fəhləliyə qurşanardı. Çox zaman gedib tövlə nökəri olardı. Bir az böyüyəndə təngə gəlib oğurluğa başlardı. Ya öldürər, ya da Sibirə sürgün edərdilər. Fəhləliyə gedən azyaşlı uşaqlara xozeynləri heç bir zaman istirahət günü verməzdilər. Onlar ac-yalavac, dilənçi günündə yaşayar, gecə-gündüz insan qüvvəsindən xaric işləyərdilər. Keçmişdə Bakıda və onun kəndləridə maarif, qultur ocaqlar olmadığından gənclər boş vaxtlarında çayçı dükanlarına, dəllək dükanlarına yığılardılar. O zaman çayçı dükanları ən pis, ən murdar işlərin yuvası idi.
Hər məhəllədə bir qoçu, hər qoçunun da bir çayçı dükanı olardı. Çayçı dükanının dal tərəfində qumarxana olardı. Məşhur qoçu Ağakərimin dükanı Quba meydanında idi. Ağakərimin özündən başqa iki qardaşı vardı. Birinin adı Əli, o birinin isə Hüseynqulu idi. Əli ilə Hüseynqulunun kababçı dükanları vardı. Bunlar Quba meydanının allahı idilər. Quba meydanına ətraf kəndlərdən nə qədər meyvə gəlsəydi, gərək Ağakərimin əli ilə satılaydı. Ona “buğ yağı” düşərdi. Ondan bixəbər heç bir kəndli Quba meydanında malını sata bilməzdi. Yaxşı yadımdadır. 1890-cı ildə bir gün səhər erkən meydana getmişdim. Ağakərimin Əli adlı qardaşı əllərini belinə vurub bir qocanı söyürdü. Qoca isə ağlayırdı.
– Köpək oğlu, sən gərək bu meydandan çıxasan!
Bunu deyərək irəli gəlib bu kişinin kabab manqalına təpik vurdular. Manqal çevrildi, üzərindəki ciyər kababları hərəsi bir yerə dağıldı. Zavallı qoca ağlaya-ağlaya:
– Əli qardaş! Bu gün axşam sənin qulluğuna gələcəkdim.
Əli etina etməyib getdi. Mən o kişiyə yanaşaraq məsələnin nə yerdə olduğunu soruşdum. O mənə nəql etdi:
– A qardaş! Mənim səkkiz baş külfətim var. Hər gün ciyər kababı bişirib şişi iki qəpiyə satıram və onunla başımı girləyirəm. Mən gərək manata iki qəpik hər axşam aparıb Əliyə verəm. Keçən gün vermədiyimçün bu gün burda kasıbçılıq etməyimə qoymur.
Mən təəccüb edib soruşdum:
– Ay qardaş! Məgər burada polis idarəsi yoxdur?! Qaradovoyu görürsən?
– Ay qardaş, nə qoyub, nə axtarırsan?! Hər yerə gedirəm, heç kəs qulaq asmır. Hamısı əlbirdir. Bax o qaradovoyu görürsən? Bir az bundan əvvəl burada idi. Əli məni söyməyə başladığı zaman özünü bilməməzliyə vurub bizdən uzaqlaşdı.
Qoçuların peşəsi gündüz xərc yemək, gecə isə qumarda şətəl yığmaq idi.
Çayçı dükanlarında əxlaqsızlıq, qumarbazlıq məşğələləri belə başlardı: əvvəlcə qoltuq sazı çalıb şikəstə oxuyardılar. Bir az sonra “fincan gül” oyunu başlanardı. Fincan oyunu qurtardıqdan sonra həzərat qumara yığışardı. Qumar qəhrəmanları gözəşirin bir gənci əhatə edib min cür hiylə ilə qumara qovuşardılar. Əvvəlcə onun pulunu udardılar. Sonra qumar mütəxəssislərindən biri ona deyərdi:
– Bacı oğlu, pul istəyirsən, sənə verim. Qorxma, indi baxtı gətirənlərin hamısını çer eləyərsən. Ancaq dilxor olma.
Bir üçlük çıxarıb onun qabağına qoyardılar. O biri qumar qəhrəmanları isə bu pulu ondan udardılar. Həriflər yenə də bir üçlük çıxarıb verərdilər:
– Udduğuna və uduzduğuna şərikəm, nə olacaq, dünya malı dünyada qalacaq.
Qumar qurtardıqdan sonra oğlan bu adamların hərəsinə on-on iki manat borclu qalardı. Qumar qəhrəmanları:
– Bacıoğlu, eybi yoxdur, sonra verərsən, – deyib ayrıldılar. Bir az keçdikdən sonra gəncə, “Məndən qumar üstə borc almısan, niyə vermirsən?” – deyərdilər.
Gedib gəncin qorxduğu adama və böyüyünə deyəcəklərini söyləyərdilər.
Dünya görməmiş cavan oğlan da atasından, yaxud böyüyündən qorxar, belə düşünərdi: “Bilsə, yəqin ki, məni öldürəcək”. Bu kimi yollarla lotular gənci ələ gətirib əxlaqını pozardılar. Haman gənc evdən və ailədən qaçaq düşərdi. Qohum-əqrəbası da Ağakərimin qorxusundan bir söz deyə bilməzdi. Bu gəncin belinə tapança bağlayıb üst-başını təzələyər, cibinə pul töküb evini yıxardılar və onu da özləri kimi qoçu edərdilər. O da yavaş-yavaş əvvəlcə birini söyər, sonra döyər, başqasına tapança çəkərdi.
Qorxudan heç həs danışa bilməzdi. Çünki bilirdilər, Ağakərimin adamıdır. Nəhayət, gənc böyük qoçuların da üzünə ağ olmağa başlardı. Bir gün eşidərdin ki, küçələrin birinə adam meyiti atmışlar. Meyitə baxıb haman cavan oğlan olduğunu görərdilər. Ağakərimin dükanına gələn gənclərin birini şəxsən tanıyıram. Birinin adı Ağakişi, o birinin Babakişi idi. Ağakərim kiçik qardaşı ələ gətirə bilməyib öldürtdürdü. Onun mafəsi qapıya qoyulmuşdu ki, aparıb dəfn etsinlər. Camaat da oraya cəm olmuşdu.
Yuxarı küçədən bir güllə səsi eşidildi. Camaat xəbər üçün o səmtə yüyürdü. Ölənin qohumlarından bir nəfər gəlib dəfn ediləcək adamın anasına dedi:
– A bədbəxt, böyük oğlunu da vurdular.
Arvad bunu eşidəndə rəngi qaraldı. Üzünü göyə tutub dedi:
– Ay Allah, əgər varsansa, divanını elə! Ağakərimi görüm arxası yerə gəlsin, balalarımın yolu yollansın!
Məlum oldu ki, bunu da Ağakərim vurdurub. Sabahsı gün bir qapıdan iki cəhalət qurbanı apararlardı. Bir həftə keçməzdi, bədbəxt oğlanlarının dərd-qüssəsinə davam gətirməyən bədbəxt ana vəfat edərdi. Beləliklə, Ağakərim təkcə bir ailənin qapısını deyil, yüzlərcə əlsiz-ayaqsızların, yoxsulların, çarəsizlərin evini qıfıllayıb, çırağını söndürüb, açarını dama tullardı.
Məhəllənin baş cahılı olduğu üçün qonşu Ağakərimi ehsana çağırardı. O da öz adamlarını başına cəm edib deyərdi:
– Bu gecə gərək filankəs ölsün. Mən sabah gecə ehsandayam. Məhəllənin mötəbər adamları orda olacaq. Mən də ordayam sərpayıyam (ehsanda süfrə döşüyüb çay paylayan adama “sərpayı” deyərdilər). Onu güdüb hansı küçədə və harada olduğunu mənə xəbər verərsiniz. Dəxi sizin işiniz yoxdur.
Bu qayda ilə Ağakərimə xəbər verərdilər. O gecə Ağakərim hiylə ilə məclisdən çıxar, gedib haman adamın başını batırıb, dübarə qayıdaraq öz çayını paylayar və özünün orada olduğunu nəzərə çatdırardı. Ölənin adamları polis idarəsinə məlum edərdi ki, bizim qanlımız Ağakərimdir. O da cavab verərdi:
– Mən filan gecə filankəsin evində sərpayı idim. Məhəllənin bütün ağsaqqalları, mollaları, mötəbər adamları hamısı orada idi. İnanmırsınız, çağırın, onlardan soruşun.
Pristava bir-iki yüz manat bığ yağı verdikdən sonra Ağakərim evə gələrdi. Polis idarəsi göstərilən adamlardan çağırıb soruşardı. Haman adamlar isə şahidlik verib deyərdilər:
– Bəli, bəli, o gecə filankəs orda idi. Biz də gördük, onun heç bir tapşırığı yoxdur.
Beləliklə, çox qanlar batardı.
Köhnə Bakıda ağakərimlər tək deyildi. Hər məhəllənin özünün qoçusu vardı. Hər birinin də ayrı hökmü. Belə cani və qatillərdən biri də Kəblə Heybət idi. Bu adamın çox gülünc görünüşü vardı. Başında qablama qazanaoxşar buxara dərisindən qara, təpəsi mahud, dallayı papaq, əynində qara atlas, döşü ilmə-düyməli büzmə don, belində qəhvəyi, enli ipək qurşaq, qıçında qara mahud, enlilifəli, genbalaqlı şalvar, ayağında püstəyi rəngli sarı başmaq var idi. Bəzən yanı rezinli zıq-zıq şiblit də geyərdi, xoşuna gəlməyən adamların kürəyinin ortasında əlini daim tatarı gəzdirirdi. Belində çuxanın altında xəncər və tapança bağlamış olardı. Bunlar iki qardaş idilər. İkinci qardaşın adı Kəblə Məcid idi.
Keçmiş Salyan qazarmasından aşağı hasara alınmış bir parça yer vardı. Ətraf kəndlərdən nə qədər mal gəlsəydi, orada satardılar. Bunlar birdən-birə qoçu olmamışdılar. Əvvəlcə həyasızlıqla bütün bu meydanı əllərinə almışdılar. Ora gələn mal-qaranın hamısı əllərində satılardı. Buna görə onları bütün kürdlər – şahsevənlər və codalar tanıyırdılar. Sonralar qəssab bazarında qardaşlar iki qəssab dükanı açdılar və başlarına dəstə yığıb bellərinəbir tapança bağlayıb qoçu oldular! Belə ki, “Kəblə Məcid gəldi, Kəblə Heybət getdi” – deyə şəhərdə danışıq gedərdi. Bunlar yavaş-yavaş bazarın da alış-verişini öz əllərinə aldılar. Mal-qara, araba, proljotka əldə etdilər. Qantor düzəltdilər: onlar cüzi bir məbləğ verib söyüş və hədə ilə qorxutdular. Məhəllədə cavanlardan biri bunlara ağır cavab versə, gecə onu öz evində ciyə ilə boğduqdan sonra nəşini it-bat edərdilər. Ağır vaxtlarda şahsevənlərin mallarını alıb özlərini gecə düşbərəyə, qutaba qonaq çağırıb öldürərdilər. Sonralar əhali buna dözə bilməyib qonşuluqda olan cavan qəssab Cəfərqulu oğlu Səttarın başına yığıldılar. Ona yalvardılar ki, “Sən bunların şərini başımızdan rədd elə. Qorxma, biz sənə kömək edib qurtararıq”.
Səttar bunlardan ət alıb pulunu verməməyə başlayır. Günlərin bir günündə Kəblə heybət etinasız gəlib, Səttarın dükanının qabağında dayanıb ağzına gələn söyüşü Səttara yağdırmağa başlayır.
– Kəblə, niyə söyürsən, buyur, gəl içəri, pullarını verim.
Kəblə içəri girib pul almaq istədikdə Səttar daxıl çəkib tapançanı çıxarır, Kəblə Heybətin ürəyinə bir güllə çaxır. Sonra ət baltasını gətirib tərəzinin üstünə atır. Qışqırıq başlayır ki, guya Kəblə Heybət onu balta ilə vurmaq istəyərkən özünü qorumaq üçün o güllə atmağa məcbur olub. O saat Səttarın adamları onu əhatə edib polisə aparırlar və orada onun təqsirsiz olduğunu sübut etdirirlər. Sonra Kəblə Məcid yığdığı dövləti qardaşının üstündə, vəkilə, divanxanaya qoyub onun qanını almağa qalxır. Zülmlə qazanılmış kapital, zülmlə də gedir.
Bakıda “Aşağı məhəllə” adlanılan yerdə Meyrnigar adlı fahişə qadın və Meyrioğlu Yaqub adlı oğlu var idi. Bu şəxsin belində həmişə tapança və xəncər olardı. O yetənə yetər, yetməyənə daş atardı. Davanı satın alardı.
Bu adam bütün Quba meydanı qoçularının gözünün odunu almışdı. Hamısı ondan qorxardı. Yaqubun bir tazı küsüyü vardı. Onun qonşuluğunda qəssab Məhəmmədyusufun da tazısı vardı. Yaqub bir gün gəlib Məhəmmədyusufa deyir:
Правообладателям!
Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.