Электронная библиотека » Mahir İsrafilov » » онлайн чтение - страница 4

Текст книги "Məntiq"


  • Текст добавлен: 13 января 2023, 17:57


Автор книги: Mahir İsrafilov


Жанр: Зарубежная публицистика, Публицистика


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 4 (всего у книги 21 страниц) [доступный отрывок для чтения: 7 страниц]

Шрифт:
- 100% +

Əlamət – hər hansı bir predmetdə başqa predmetlərlə müqayisədə bu və başqa xassənin, yaxud əlaqənin olması, yaxud yoxluğudur. Əslində, əlamət xassələrin toplusudur. Məsələn, "Bu gül qırmızı rəngdədir" hökmündə həmin güldə qırmızılığın varlığı təsdiq olunur. Burada "qırmızı rəngdədir" söz birləşməsi əlamətin işarəsidir, "qırmızı" sözü isə xassənin işarəsidir. "Gəncə Şəmkirdən böyükdür" hökmündə "böyük" sözü qoşa predmetlərin – Gəncə, Şəmkir əlamətinin işarəsidir. Bu hökmün məzmununu başqa cür də ifadə etmək olar: "Gəncə böyükdür, nəinki Şəmkir". Burada "böyükdür" əlamətin işarəsidir, "nəinki" – əlaqə işarəsidir.

Bir tərəfdən ümumi adlar, digər tərəfdən xassələrin işarələri və münasibətləri arasında həmişə fərqli cəhətləri göstərmək olmur. Məsələn, "qırmızı" sözünü kontekstdən (mətndən) kənarda xassənin işarəsi, həm də ümumi adlar hesab etmək olar. Sonuncu halda bu ümumi ad qırmızı predmetlərin adlarıdır.

Predikatlar məntiqinin qurulmasında biz xassəni predmetlərin ümumi adları kimi başa düşməliyik.

Funksional işarələr – predmet funksiyalarını ifadə edən sözlər, yaxud xüsusi işarələridir.

"Funksiya" anlayışı konkret bir hadisədən asılı olaraq onun dəyişməsilə dəyişən hadisədir. Ümumiyyətlə, funksiya obyektin təsvirinə uyğun gələn hadisədir. Burada bir və ya bir neçə predmet götürülə bilər. Funksiyanın müəyyən etdiyi sahə onun mənası ilə bağlıdır. Məsələn, sadə bir tərifi nəzərdən keçirək: "Spidometr gedilən məsafəni və sürəti ölçən cihazdır". Bu funksional tərifdir, çünki həmin cihazın funksiyasını bildirir. Buna predmet funksiyası da deyilir.

Bu bölmədə məntiqi əlaqələri yaxşı mənimsətmək məqsədilə terminlər haqqında da məlumat vermək istərdik. Birincisi, termin müəyyən elm, yaxud bir-birilə əlaqəli olan elmlər qrupu sahəsində həqiqiliyi müəyyən olunan və eyni mənanı bildirən söz, yaxud söz birləşməsidir. Hər bir elm sahəsində işlədilən elmi terminlər sistemi vardır. Bundan fərqli olaraq, konkret fikir proseslərinin əlaqəsini bildirən əsas məntiqi terminlər də vardır ki, onlar aşağıdakılardır: "var", "yox", "və", "və yaxud", "əgər…o", "doğru deyil ki", "hər cür" ("hər bir"), "bütün", "bəzi" və s. Bu terminlərdən bəziləri, məsələn "və", "və yaxud", "əgər…o" və başqaları gerçəklikdəki əlaqələri ifadə edir. Bu əlaqələr qeyri-məntiqi əlaqələrdən fərqli olaraq məntiqi (deskriptiv) əlaqələr adlanır.

Belə bir hökmü nəzərdən keçirək: "Əgər Mahmudlunun ailə üzvlərinin heç biri şərəfli adam deyilsə və Qurban da onun ailə üzvüdürsə, onda Qurban da şərəfli adam deyil." Müəyyən edək ki, bu ifadələr hansı məntiqi kateqoriyalara aiddir, hissələri hansılardır. Bu hökmdəki "əgər… o", "heç bir" ("hamısı"), "deyil", "var", "və" sözləri məntiqi terminlərdir, "Mahmudlunun ailə üzvü", "şərəfli adam" – predikat, "Qurban" – fərdi addır.

Təfəkkür prosesinin mahiyyətinin aşkara çıxarılmasında ən mühüm vasitə olan dilin funksiyalarını yığcam formada tələbələrin və oxucuların nəzərinə çatdırmağı lazım bilirik, çünki bəzi dilçilərin özləri də bu funksiyaları bir-birindən aydın fərqləndirə bilmirlər. Dilin funksiyaları, tətbiqi elə əsas problemdir ki, onlar kommunikasiya və idrak prosesində dillə həll olunur.

1.Dil gerçəklikdə mövcud olan durumların, baş verən olayların təsviridir; 2.Dilin funksiyalarından biri də insanı müəyyən tapşırıqları yerinə yetirməyə vadar etməkdir; 3.Dil cürbəcür duyğuların ifadəsidir, ona xidmət edir. 4.Dildən dünyanın və sosial proseslərin sözlərlə dəyişilməsində də istifadə olunur; 5.Dilin əsas funksiyalarından biri də durum və gedişləri dəyərləndirmək qabiliyyətidir. Burada söhbət nəzərdən keçirilən predmet və hadisələrə müsbət, mənfi və yaxud neytral yanaşmadan gedir.

Bir çox alimlər dilin təsviri və qiymətləndirici funksiyasına xüsusilə geniş yer verirlər ki, bu da təsadüfi deyildir, çünki bu funksiyalar idrak prosesinin iki qütbünü xatırladır; dəyərləndirmə anlayışı həqiqət kimi universaldır.

Bəşəriyyətin mənəvi mədəniyyətinin intellektual nüvəsini təşkil edən məntiqin sosial proseslərin inkişafı və tənzimlənməsində müsbət rolunu, əhəmiyyətini anlamaq istəməyən aidiyyəti təşkilatların nümayəndələri üçün bu elmin funksiyalarını bir daha açıqlamaq istərdik.

1.Bu elmin idrakı funksiyası vardır. Bütün elmlər kimi, məntiqin də əsas problemi obyektiv qanunların kəşfi və öyrənilməsidir; fərq ondadır ki, məntiqdə əsas diqqət təfəkkür qanunları üzərinə salınır.

Gerçəkliyi dərk etmənin ümumi sistemində mühüm yer tutan məntiq elmi sosial proseslərin izahında və baş verəcək hadisələrin öncədən görülməsində vacib yer tutur, biliklərimizi artırır, ağlımızı itiləyir.

2.Məntiq dünyagörüşü funksiyasıdır. Təbiətşünaslıqda və ictimai elmlərdə təfəkkür gerçəkliyin dərkində bir vasitədirsə, məntiqdə birbaşa idrakın məqsədidir. Məntiq təbiətlə cəmiyyət arasındakı qarşılıqlı əlaqələri öyrənməklə, təfəkkürün ümumi qanunauyğunluqlarını aşkara çıxarır, fəlsəfənin fundamental problemlərinin həllinə kömək edir. Məntiq insanların dünyagörüşünün formalaşmasında mühüm rol oynamaqla, bizə ümumiləşmiş dəqiq, dolğun biliklər verir

3.Metodoloji funksiyadır. Bütün elmi nəzəriyyələr kimi məntiq də qabaqcadan dərk olunan predmet və hadisələrin gələcək nəticəsidir, hadisələrin dərindən, hərtərəfli öyrənilməsi metodudur, Məntiqdə tətbiq olunan konkret xüsusi metodlar (analiz, sintez, ümumiləşdirmə, məhdudlaşdırma, deduksiya, induksiya, traduksiya və s.) bütün təfəkkür formalarının təhlilini və yekun biliklərin alınmasının əsasını təşkil edir. Bunların bazasında yaranan və bütün elmlərdə tətbiq olunan dialektik metodun da rolunu heç cür azaltmaq olmaz.

4.Məntiqin ideoloji funksiyasına gəldikdə, deməliyik ki, bu elm ideoloji mübarizədən kənarda inkişaf etməmişdir. Məntiq hər zaman müəyyən ideologiyaların əsaslandırılması və mübarizəsində insanların əlində tutarlı bir yaraq olmuşdur.

Bu bölmədə mənəvi mədəniyyətin formalaşmasında məntiqin rolunu ətraflı izləmək istəyən oxucu Dərsliyin 57-66-cı səhifəsinə baxa bilər.

Məntiqin qısa tarixi

Məntiq qədim və zəngin tarixi olan elmlərdəndir. Cəmiyyətin meydana gəlməsi və inkişafı ilə məntiqi biliklər, məntiqi nəzəriyyələr yaranmağa başlayır. Məntiqin bir elm kimi inkişafı tarixilə maraqlanmaq istəyən hər bir oxucuya Dərsliyin 67-94-cü səhifələrini nəzərdən keçirməyi məsləhət bilirik.

Bununla belə, sadə məlumat naminə oxuculara və tələbələrə məntiqin tarixindən müəyyən fraqmentləri çatdırmağı faydalı sayırıq.

Məntiq elmi haqqında ilkin biliklərə qədim Hindistan və Çin fəlsəfəsində rast gəlirik. Məntiqi biliklər daha səmərəli formada b.e.ə. VI əsrdə Yunanıstanda və Hindistanda yayılmağa başlayır. Hind məntiqinin ənənələri əsasında Çində, Yaponiyada, İndoneziyada, Seylonda, Tibetdə və s. ölkələrdə, yunan məntiqinin əsasında isə Şərqi və Qərbi Avropa ölkələrində, Yaxın Şərqdə məntiqi təlimlər yayılmağa başlayır.

Məntiq əvvəlcə ritorikanın hissəsi kimi, natiqlik sənətinin inkişafı ilə bağlı öyrənilirdi. Qədim Yunanıstanda məntiq elminin problemlərilə məşğul olan, tədqiqat aparan alimlərdən Demokritin, Platonun, Sokratın və b. adlarını çəkmək olar. Platonun "Məntiq haqqında" geniş həcmli əsəri də olmuşdur. Lakin bu elmin banisi antiq dövrün böyük mütəfəkkiri, yunan fəlsəfəsinin nəhənglərindən olan Aristotel olmuşdur. Aristotel ilk dəfə özünə qədər olan məntiqi bilikləri sistemləşdirərək, təfəkkürün məntiqi formalarını (anlayış, hökm, əqli nəticə, sübut), qaydalarını və üç qanunu (eyniyyət, ziddiyyətsizlik, üçüncünü istisna) elmə daxil etmişdir. Məntiqin kafi əsas qanunu isə XVII-XVIII əsrlərdə yaşamış alman alimi Q.V.Leybnis tərəfindən kəşf olunmuşdur.

Aristotel məntiqə aid bir çox əsərlər yazmışdır. Sonralar onun şərhçiləri bu əsərləri "Orqanon" (biliyin silahı) adı altında birləşdirərək çap etmişdilər.

Aristotelin məntiq təlimində qismən təhriflər olsa da, sonralar davamçıları tərəfindən bu təlim təkmilləşdirilərək daha da inkişaf etdirilir və ənənəvi məntiq adlandırılır. Buna formal məntiq də deyilir və sözün hərfi mənasında yox, təfəkkürün formalarını xüsusi tədqiqat obyekti kimi öyrəndiyindən bu cür adlanır. XX əsrin əvvəllərində isə, hələ keçmişdə alman alimi Q.V.Leybnisin dediyi kimi, məntiq elmində özünəməxsus inqilab baş verir, bunun nəticəsində simvolik, yaxud riyazi məntiq yaranır (simvolik məntiqin yaranması ideyasını da Leybnis vermişdir).

Mühakimə prosesinin hesablamalara tətbiqi ideyasının mümkünlüyü və səmərəliliyi haqqında Leybnisin verdiyi ideya bir çox illər ərzində inkişaf etməmişdi və tətbiq olunmamışdı. Simvolik məntiq XIX əsrin ortalarından yaradılmağa başlasa da, onun inkişafı C.Bul, Morqan, C.Pirs, Q.Freqe və digər görkəmli alimlərin adı ilə bağlıdır. Simvolik məntiqə aid ilk kapital əsər Rassel və A.Uaytxed ("Prinçipia matematika") tərəfindən yazılmışdır. Rus alimlərindən P.Poreskinin, E.Buniskinin və b. da simvolik məntiqin yaranmasında böyük xidmətləri olmuşdur.

Beləliklə, XX əsrin əvvəllərində simvolik məntiq ənənəvi məntiqin keyfiyyətcə müstəqil bölməsi kimi qanuni şəklə salınır. Ənənəvi məntiq tərəfindən qoyulan problemlərin həllinə riyazi metodların tətbiqi XX yüzilliyin əvvəllərində məntiqdə baş vermiş inqilablardan irəli gəlirdi. Bu təbii bir proses idi. Lakin ənənəvi məntiqdə riyazi metodlardan istifadə olunsa da, riyazi məntiq onu əvəz edə bilməz, çünki riyazi məntiq fikrin məzmununu aşkara çıxara bilmir. Buna görə də ənənəvi məntiq öz müstəqilliyini indi də saxlayır və onun problemlərini riyazi məntiq heç vaxt həll edə bilməyəcəkdir.

Məntiq elminin inkişafında ən yüksək mərhələni XIX əsrin ortalarında meydana gələn dialektik məntiq təşkil edir. Onun əsasını Hegel qoymuşdur. Lakin bu elmin də mənşəyi lap qədimlərə gedib çıxır, çünki təfəkkürün dialektikası ideyaları öz başlanğıcını Şərq və antiq yunan fəlsəfəsindən götürür. Hələ b.e.ə. VI-V əsrlərdə qədim yunan klassikləri dialektik məntiqin əsas kateqoriyalarından istifadə edirdilər, lakin onlar bu kateqoriyaları sistem halında birləşdirə bilmədiklərindən məntiq müstəqil elmə çevrilməmişdi. Dialektik məntiqin inkişafında Platon və Aristotelin xidmətləri çoxdur. Aristotelin əsərlərində dialektik məntiqin bir çox ünsürlərinə rast gəlmək olar, çünki onun məntiqi axtarışlarla doludur.

İkinci mövzu
MƏNTİQ VƏ METODOLOGİYA

1. Elmi idrakın metodologiyasında məntiqin yeri

Elmi idrakda məntiq elmi bir sıra funksiyaları yerinə yetirir ki, bunlardan biri də metodoloji funksiyadır. Bu funksiyanı təsvir etmək üçün ilk növbədə metodologiya anlayışını təhlil etməliyik.

"Metodologiya" sözü "metod" və "logiya" sözlərindən əmələ gəlmişdir; logiya, loqos isə çoxmənalı yunan sözü olub nitq, zəka, mühakimə yürütmək, qısa şəkildə "təlim" deməkdir. Deməli, metodologiya metod haqqında təlimdir. "Metod" sözünü dəqiqləşdirməzdən, metodologiya haqqında bir qədər geniş məlumat vermək istədik. Mövcud elmi ədəbiyyatda metodologiya anlayışı bir neçə mənada işlənir: 1.Təbiət və cəmiyyət hadisələrinə yanaşma üsulu haqqında təlim, F.Engelsin dediyi kimi, metod haqqında təlim; 2.Məqsədə çatmaq, müəyyən məsələnin həllində istifadə olunan yol və üsullar haqqında təlim, baxış, nəzəriyyə; 3.Tədqiqat üsulları haqqında təlim – metodika kimi; 4.Elmin müxtəlif sahələrində tətbiq olunan tədqiqat üsullarının məcmusu, başqa sözlə, elmi metod.

H.Kondakov isə "Məntiq lüğəti" kitabında metodologiya anlayışına idrak və gerçəkliyin dəyişdirilməsi metodları haqqında təlim, dünyagörüşü prinsiplərinin idrak prosesinə, mənəvi fəaliyyətə və praktikaya tətbiqi kimi tərif verir. Metodologiyaya bu və başqa elm sahəsində tətbiq olunan müəyyən metodlar sistemi kimi də tərif vermək olar. Konkret deyilsə, metodologiya gerçəkliyin dərki və dəyişdirilməsinin ideal vasitələri sistemi, yaxud bu vasitələr haqqında təlimdir. Məntiq fikrin inkişaf və əlaqələrindəki qanunauyğunluqları öyrəndiyindən, metodologiya da bu qanunauyğunluqlar haqqında təlimdir.

Alimlərdən, Y.Andreyevin və M.Mosteranenkonun fikrincə, metod əlavə biliklərlə əlaqədar olduğundan metodologiyanın iki hissədən ibarət olduğunu demək olar: 1.İdrakın prinsipləri haqqında və 2.Tədqiqatın bu prinsiplər üzərində yüksələn qayda və üsulları haqqında.

Bir məqamı oxucuların nəzərinə çatdırmağı gərəkli bilirik. Metodoloji prinsipləri dünyagörüşündən fərqləndirmək lazımdır. Bu məsələnin izahında elmdə təsviri və təyinedici olmaqla iki aspekt fərqləndirilir. Dünyagörüşü elmin təsviri, metodologiya isə təyinedici tərəfidir. Dünyagörüşü sözün geniş mənasında – gerçəklik haqqında insanın praktik fəaliyyətində nail olduğu bütöv biliklər sistemidir. Bu biliklər sisteminin əsasını isə fəlsəfi və məntiqi dünyagörüşü təşkil edir.

Dünyagörüşü prinsiplərindən fərqli olaraq, metodoloji prinsiplər idrak prosesinin həyata keçirilməsində və əməli fəaliyyətdə tədqiqatçılara yol göstərir. Metodoloji prinsiplərin müəyyən qanunlar əsasında idrak və praktika prosesində hazırlanır. Məsələn, nəzərdən keçirilən hər bir obyektin, predmetin obyektiv və hərtərəfli öyrənilməsi prinsipi. Sosial idrakın özündə ikinci qəbildən olan hadisələrdən səbəbə yox, əksinə, səbəblərdən, bazis olan hadisələrdən ona uyğun nəticələr çıxarılır.

Formal məntiq tərəfindən işlənilmiş metodoloji vasitələr elmi idrakın metodoloji strukturunda başqa rol oynayır və başqa cür yer tutur. Ənənəvi məntiqin prinsiplərini, metod və üsullarını idrak prosesinin bütün sahələrində fəaliyyət göstərən ümumi metodologiya kimi vermək fikri də yanlışdır. Ümumi metodologiya rolunu ancaq dialektik təfəkkür, yaxud dialektik məntiq oynaya bilər. Formal məntiqdə və bir çox digər elmlərdə tətbiq olunan metod və üsullar sosial idrakda müəyyən funksiyaları yerinə yetirir ki, bunlar xüsusi elmi-metodoloji vasitələrdir. Bunlardan idarəçilik sahəsində ən optimal qərarların çıxarılmasında tətbiq olunan məntiqin cəbri metodlarını göstərmək olar.

İdrakın prinsip, metod və üsulları arasında mütləq sərhəd çəkmək çətindir. Məsələn, daha çox sadə metodları idrakı, yaxud praktik fəaliyyətin üsulları və əksinə hesab etmək olar. Ona görə də, məntiqi metodologiya formal və dialektik məntiqin metodoloji vasitələrini özündə birləşdirir.

Metodologiya ilə bağlı olan digər bir anlayış da metoddur. Heç bir elm sahəsində idrak metodları olmadan inkişafdan danışmaq olmaz, çünki idrak metodları tədqiqatçının, alimin işini yönəltməklə, onun düzgün nəticələrə gəlməsinə kömək edir. Təfəkkür prosesi müəyyən qayda və qanunauyğunluqlara tabe olmasaydı, həqiqi nəticələrə gələ bilməzdik. Hər bir insan, tədqiqatçı qarşıya qoyduğu məqsədə çatmaq üçün müəyyən üsul və yollardan istifadə edir. Rus fizioloqu İ.Pavlovun dediyi kimi, elmi tədqiqatın bütün ciddiliyi metoddan, fəaliyyət üsulundan asılıdır. Tədqiqatçı da belədir əslində. O, düzgün metoda yiyələnərsə, çox şeyə nail olar. Fransız riyaziyyatçısı Laplas bu mənada deyirdi ki, müəyyən kəşf etmiş alimin istifadə etdiyi metodu öyrənmək elm üçün heç də onun kəşfindən az əhəmiyyətli deyildir.

Elmi ədəbiyyatda "metod" sözü iki mənada işlənir.

Birincisi, metod idrakın və gerçəkliyin dəyişdirilməsinin ideal vasitələrinin sistemi, yəni, bütöv metodologiya mənasında. "Metod" sözü bu mənada işləndikdə, dialektik metod, nəzəri fizikanın metodu, Bekonun metodu və s. haqqında danışmaq olar.

İkincisi, metod termini (metodologiyanın elementi kimi) insan fəaliyyətinin idraki əməliyyat və mərhələlərinin arzu olunan nəticələrə uğurla çatmasına səbəb olan ardıcıllığı mənasında başa düşülə bilər. Burada idrak prosesinin ümumi istiqamətini müəyyən edən fəlsəfi, xüsusilə ən ümumi dialektik metoddan və müxtəlif elm sahələrində tətbiq olunan xüsusi metodlardan – alqoritmlərdən danışmaq yerinə düşər.

Hadisə və proseslərin genişlik dərəcəsinə nəzərən metodları üç qrupa bölmək olar:

1.Gerçəkliyin bütün sahələrində (təbiət, cəmiyyət və təfəkkürdə) tətbiq olunan dialektik metod;

2.Bir çox bilik sahələrində tətbiq olunan ümumi metodlar (təhlil və tərkib, deduksiya və induksiya, traduksiya və modelləşdirmə və s.);

3.Müxtəlif elm sahələrində, konkret biliklər hüdudunda tətbiq olunan xüsusi metodlar (riyazi induksiya metodu, biologiyada – hibridləşdirmə, kosmoqoniyada – radioaktiv parçalanma metodu və i.a.).

İdrakın üsulları da metodologiyanın tərkib hissələrindəndir. Bunlar idraki, yaxud praktik fəaliyyətin nisbətən sadə üsullarını təmsil edir, qarşıya qoyulan məqsədə uğurla çatmağa səbəb olan hər hansı metodun hissəsi kimi çıxış edən qaydalardır. Vurğulamaq yerinə düşər ki, idrak prosesinin prinsip, metod və üsulları arasında mütləq sərhəd yoxdur. Ona görə ki, daha çox sadə metodları idraki, yaxud praktik fəaliyyətin üsulları və əksinə hesab etmək olar.

Məntiqi metodologiya özündə həm formal, həm dialektik məntiqin vasitələrini birləşdirir.

Dialektik məntiqin prinsip, metod və üsulları daha çox ümumi səciyyə daşıyır. Təbiidir ki, elmi idrakın özü dialektik məntiqin prinsip, metod və üsullarının tətbiqindən başlayır və tədqiqata ümumi istiqamət verir. Elmi idrakın metodologiyasında dialektik məntiqin tədqiqat predmetini təmsil edən biliyin inkişaf formaları xüsusi rol oynayır. Bu formalar idrakın prinsip, metod və üsullarının təşkilolunma ardıcıllığı vasitələri kimi çıxış edir. Biliyin dialektik-məntiqi inkişaf formalarının nümunələri isə problem, fərziyyə və nəzəriyyədir.

Formal məntiq tərəfindən hazırlanmış metodoloji vasitələr isə elmi idrakın metodoloji strukturunda başqa rolu yerinə yetirir və başqa cür yer tutur. Formal məntiqin prinsip, metod və üsulları idrak prosesinin bütün gedişində fəaliyyət göstərir və ümumi metodologiya rolunu oynayır, hər cür digər metodoloji vasitələrin tətbiqinə imkan yaradır. Lakin bu rolu mütləqləşdirmək olmaz. Elmi ədəbiyyatda bəzən belə fikirlərə də təsadüf edirik ki, idrakda formal məntiqin prinsiplərindən çıxış etmək zəruridir. Bu cür mülahizələr yanlışdır və neqativ nəticələrə gətirib çıxara bilər, çünki bəzən alınan biliklər formal və dialektik məntiqdə səthi informasiyalara əsaslanır.

2. Formal məntiqin əsas prinsipləri

Formal məntiqin əsas prinsipləri (qanunları) bunlardır: eyniyyət, ziddiyyətsizlik, üçüncünü istisna və kafi əsas. Məntiqin bu prinsipləri, başqa elmlərdə tətbiq olunan prinsiplərdən fərqli olaraq, ən çox ümumi tələbləri ifadə edir; fikirlərimizi və fikirlərdə aparılan məntiqi əməliyyatları təmin edir. Bu qanunların mühakimə prosesində düzgün ümumiləşdirmələr aparılmasında və yekun biliklərinin alınmasında mühüm idraki və metodoloji əhəmiyyəti vardır.

Eyniyyət prinsipi təfəkkürün müəyyənliyi tələbini təmin edir. Bu qanun təfəkkür prosesində işlətdiyimiz konkret terminin, anlayışın dəyişməməsini, eyni mənanı saxlamasını tələb edir. Mühakimənin gedişində anlayışın mənası dəyişərsə, düzgün məntiqi nəticələr çıxarmaq olmur. Məsələn, desək ki, “dil insanlar arasında gündəlik ünsiyyət vasitəsidir", “dil ağız boşluğunda yerləşir". Bu hökmlərdən nəticə çıxarsaq ki, ağız boşluğunda yerləşən hər şey ünsiyyət vasitəsidir, bu, yanlış nəticədir, çünki dil sözü burada müxtəlif mənalarda işlənir (həm mənəvi, həm də cisim, orqan mənasında). Məntiqdə bu cür səhvlərə terminlərin dərdləşməsi deyilir.

Obyektiv gerçəklikdə predmet və hadisələr dəyişdiyinə və inkişaf etdiyinə görə, onları əks etdirən fikirlər də dəyişir. Ona görə də mühakimə prosesində anlayışı qeyd-şərtsiz olaraq dəyişmək mümkün deyildir. Başqa sözlə, anlayış dəyişdikdə, eyniyyət prinsipi yanlış prinsip halına düşür.

Eyniyyət prinsipinə riayət etmək düzgün təfəkkürün ən zəruri şərtlərindən biridir. Bəzən müxtəlif anlayışların eyni söz və söz birləşmələrilə ifadə olunmasında bu prinsip pozulur. Hər bir sözü, anlayışı öz yerində və dəqiq işlətməyin özü məntiqiliyin, məntiqi mədəniyyətin təzahürüdür. Ona görə də çox vaxt deyilir ki, sözlər üstündə mübahisə etmək ağılsızlıqdır, mübahisə prosesində hər bir anlayışın mənasını aydınlaşdırmaq daha vacibdir. Hər bir sözün, ifadənin, cümlənin öz məntiqi mənası vardır.

Qısaca bir söhbəti oxucuların diqqətinə çatdırmaq burada yerinə düşər. Özünü "savadlı", "yüksək intellektli tarixçi alim" sayan, adlı bir şəxs söhbət əsnasında təşkilatçı, xeyirxah, görkəmli bir alim haqqında dedi ki, onun atası yaxşı adam idi. O dəqiqə bir neçə nəfərin yanında dedim ki, "məntiqsiz danışırsan, sənin sözündən belə çıxır ki, özü pis adamdır; desəydin ki, rəhmətlik atası da yaxşı adam idi, onda məntiqi nəticə çıxardı ki, özü də yaxşı adamdır". Görün “da“ hissəciyi mənanı necə dəyişdi?!

Təfəkkür qanunları fikirlərimiz arasındakı mühüm, önəmli, gərəkli, daxili, sabit və təkrarlanan əlaqə və münasibətləri ifadə etdiyindən, onun mənbəyini gerçəklikdəki predmet və hadisələrdən ayırmaq olmaz. Bunlar gerçəklikdəki qanunauyğunluqların şüurumuzda şəkli dəyişilmiş, sistemləşmiş inikaslarıdır. Deməli, predmet və hadisələrin əlaqələri, sistemliliyi təfəkkürün əlaqə və qaydalarını müəyyənləşdirir. Təfəkkürdə bu prosesin özü məzmunlu və formal olmaqla iki yöndə gedir.

Müəllimlik təcrübəmdən və bu elmin tədrisində yaranan çətinliklərdən çıxardığım nəticə belə bir fikri söyləməyə əsas verir ki, məntiqi öyrənməyə başlayan tələbələrimizin əksəriyyəti eyniyyət qanununun mahiyyətini çətin dərk edirlər. Bu çətinliyin səbəbini həmin qanunun yanlış şərhində axtarmaq olar. Dərsliklərin çoxunda yazılır ki, "fikrimizdəki hər bir obyekt, hər bir predmet necə varsa, olduğu kimi öz-özünə bərabərdir". Məsələn, A-A-dır formulunun yerinə müəyyən anlayışları qoyduqda taftoloji yanlışlar alınır. "Metal-metaldır", "tələbə-tələbədir", "cinayət-cinayətdir" və s. Eyniyyət qanununun bu cür şərhi iki cəhətdən səhvdir: 1.Bu qanunda fikrin deyil, gerçəklikdəki predmet və hadisələrin eyniyyətindən danışılır.

Subyektiv xarakter daşıyan təfəkkür qanunlarını gerçəklik qanunları ilə tam mənada eyniləşdirmək yanlış fikirdir.

2. Bu qanunu metafizikcəsinə şərh edirlər, tərifdə eyniyyətin nisbiliyi nəzərə alınmır. Eyniyyətə əbədi, dəyişməz, mütləq bir şey kimi baxmaq doğru deyil. Hər bir şey dəyişir, inkişaf edir. Prof.Çelpanov mütləq eyniyyəti nəzərdə tutaraq yazırdı ki, "fikirləşdiyimiz hər şey özlüyündə eyniyyətini saxlamalıdır". Q.Struve də bu mövqedə dururdu. Onun fikrincə, "əgər A fikri doğrudursa, həmişə və hər yerdə A-A-dır".

Həqiqət isə proses olduğundan onun şərhinə bu cür yanaşmaq yanlışdır. Həqiqətə əbədi, dəyişilməz bir proses kimi baxsaq, idrakın inkişaf yollarına sərhəd çəkmiş olarıq, müəyyən şəraitdə həqiqi olan fikir başqa bir vaxtda, başqa bir baxımdan yalan ola bilər (dünya sosializm sistemini yada salmaq olar).

Eyniyyət qanunu fikirdə yayğınlığa, qeyri-müəyyənliyə, ikimənalığa yol verməməyi tələb edir. Predmet və hadisələrin dəyişilməsilə onların məzmunu da dəyişir. Metafizik mənada eyniyyət prinsipi – keçmiş dünyagörüşünün əsas prinsipidir: a=a. Nəzəriyyə sahəsində bu prinsip qalsa da, təbiətşünaslığın hər bir addımında təkzib olunur. Hegel bu qanunun mahiyyətini dərindən aşkara çıxara bilmədiyindən qeyd edirdi ki, "təfəkkürün bu qanunu məzmunsuzdur və fikri irəliyə doğru apara bilmir". Eyniyyət qanununun elementarlığına baxmayaraq, ondan yalnız sadə mühakimələrdə yox, ciddi elmi-nəzəri diskusiyalarda da istifadə olunur. Dialektik məntiqdə "eyniyyət" anlayışına gerçəkliyin ən ümumi inkişaf prosesində nisbi sabitlik məqamı kimi baxılır. Anlayışların dəyişməsi, elastikliyi idrak prosesinin əsas şərti kimi götürülür.

Cinayət işlərinin açılmasında, təsnifatında da hüquqşünas fikrinin dəqiqliyi və yayğınsızlığının mühüm idraki əhəmiyyəti vardır. İstintaq praktikasında eyniyyət qanununa əsaslanan iki cür istintaq işini (tanıma və eyniləşdirmə) fərqləndirmək vacib məsələdir.

Formal məntiqin əsas prinsiplərindən biri də "ziddiyyətsizlik"dir. Bu prinsip təfəkkürün ardıcıllığı tələbini müəyyən edir. Onun mahiyyəti belə ifadə olunur: eyni vaxtda, eyni məna və münasibətdə bir-birinə əks söylənilən iki fikrin ikisi də həqiqi ola bilməz. Burada bir məsələ açıq qalır: söylənilən əks hökmlərin ikisi də yalan ola bilər, lakin bu cür hökmlərin yalanlığı qanunla yox, praktika və konkret tədqiqat prosesində yoxlanılır.

Oxucularımız ziddiyyətsizlik qanununun məzmununu öyrənərkən, onun əksliklərin vəhdəti və mübarizəsi qanunu ilə əlaqəsini, fərqini bilməklə yanaşı, bu qanunun əks (A və E) və zidd hökmlərdə (A və O, E və Y) tətbiqini də yaddan çıxarmamalıdırlar.

Ziddiyyət prinsipi əks və zidd fikirlər arasında tətbiq olunduğundan, hökmlərin birində müəyyən xassə iqrar olunursa, digərində həmin xassə inkar olunur. Fikrin bu söz forması xalq arasında qarışıq, dolaşıq və məntiqsiz fikir kimi baxılır. Fikirlər arasındakı uyuşmazlıq, ziddiyyət "məntiqi ziddiyyət" adlanır, ona görə də uyuşan hökmlər eyniyyət adlanır, uyuşmayan hökmləri eyniləşdirmək yanlış fikirdir. Odur ki, ziddiyətsizlik prinsipinə riayət etmək zəruridir. Düzgün məntiqi təfəkkür şəraitində iqtisadi və siyasi təhlildə məntiqi ziddiyyətə yol verilməməlidir.

Mühakimələrdə ziddiyyətə bəzən açıq şəkildə rast gəlmirik. Məsələn, Sokratın məhşur bir müddəasını nəzərdən keçirək: "Mən onu bilirəm ki, heç nə bilmirəm”. Bu fikir özündə ziddiyyəti gizlədir. Əgər Sokrat nəyisə bilirsə, onda niyə deyir ki, heç nə bilmirəm? Əgər Sokrat heç nə bilmirsə, onda o bunu da bilmir. Digər tərəfdən Sokratın bu müddəasında bir təvazökarlıq əlaməti də var. Xalq şairi B.Vahabzadənin aşağıdakı beyti buna oxşardır. Orada məntiqi ziddiyyət olsa da, dərin məna vardır:

 
Bu sənət dünyasının qırıq telli sazıyam,
Bircə onu bilirəm ki, özümdən narazıyam.
 

Beləliklə, təfəkkürdə buraxılan məntiqi səhvlərin qarşısını almaq məqsədilə bir sıra şərtlərə əməl olunmalıdır: 1.Hər hansı predmetə konkret bir əlamətin aid olduğunu təsdiqləyir və onda başqa əlamətin olmadığını inkar ediriksə, burada məntiqi ziddiyyət yoxdur. Sadə bir nümunə gətirək: "M-in xəbərçilikdən zəhləsi gedir, çünki bu, insan adlanan varlığa yaraşmayan keyfiyyətdir". "M mərd və kişi adamdır, ona görə ki, çətin, çıxılmaz şəraitdə də öz sözünü şax demişdir".

2.Müxtəlif predmetlər haqqında yürüdülən fikirlər arasında ziddiyyət ola bilməz. Məsələn, “Vətəndaş” adlanan Z. mənəvi dəyərlərimizə hörmət etmir” və “Vətəndaş A. heç vaxt mənəvi dəyərlərimizin tənqidinə yol verməmişdir”.

3.Eyni predmet haqqında müxtəlif vaxtlarda iqrar və inkar edilən hökmlər arasında məntiqi ziddiyyət tapmaq çətindir. Tələbənin seminarların ilkin və sonrakı dövrləri arasında verdiyi cavabları müqayisə edib, nəticə çıxarmaq olar ki, “Fəridin cavabları zəif idi” və “Fəridin cavabları dəqiq, doğru və sübutedicidir”. Bu hökmlərin hər ikisi doğrudur.

4.Fikrimizdəki eyni predmetə müxtəlif münasibətlərdən baxılarsa, burada da məntiqi ziddiyyət ola bilməz.

Misal: "Tələbə Hikmət məntiqi yaxşı bilir, çünki onun biliyi lazımi tələblərə cavab verir", yaxud "Tələbə Hikmət məntiqi çox zəif bilir".

Ziddiyyətsizlik qanununu düzgün dərk etməyin idraki və metodoloji əhəmiyyəti ondadır ki, insan bir çox çətin vəziyyətlərdən məntiqi təfəkkürlə çıxış yolları tapa bilir. Bəzi alimlər yanlış olaraq bu qanunun dialektik, hətta təfəkkürdəki ziddiyyətləri də aradan qaldırdığını iddia edirlər. Əksliklərin vəhdəti və mübarizəsi qanunu hər cür hərəkət və inkişafın mənbəyidir. Buna görə də hər bir oxucu 1.Real 2.Məntiqi ziddiyyətləri bir-birindən fərqləndirməyi və əməli fəaliyyətində tətbiq etməyi bacarmalıdır. Real ziddiyyətlər canlı həyatın və gerçəkliyin özündən obyektiv surətdə irəli gəlir. Əməklə kapital, istehsalın ictimai xarakterilə mənimsəmənin xüsusi forması arasındakı ziddiyyət gerçəkdir, bunlar təfəkkürdən asılı deyildir. Təfəkkür qanunlarının pozulması nəticəsində əmələ gələn səhvlər isə məntiqi ziddiyyətlərə aiddir. Məntiqi ziddiyyətlər gerçək prosesin mahiyyətinin dərk olunmamasından da irəli gələ bilər. A.Smitin iqtisadi nəzəriyyəsində əsas və dövriyyə kapitalı əvvəlcə müstəqil kapital yığımı kimi verilir, sonra isə bu kapital eyni məhsuldar kapitalın hissəsi kimi şərh edilir, bununla da ticarət kapitalı əsas kapitalın əksinə qoyulur. Mühakimə prosesində buraxılan bu cür səhvlərə çox vaxt eklektik – qarmaqarışıq səhvlər də deyilir. Bu qəbildən olan səhvlərin çoxunun mənbəyi sosial-sinfi səbəblərdə axtarılmalıdır. Məntiqi ziddiyyətlər bəzən yanlış çıxış konsepsiyasından da irəli gəlir. İngilis siyasi iqtisadının nümayəndələrindən A.Smit və D.Rikardo ilk dəfə əmək dəyər nəzəriyyəsini yaratsalar da, istehsal prosesində yanlış olaraq dəyərlə izafi dəyəri eyniləşədirirdilər. Birisi bir-birini istisna edən iki mülahizənin ikisini də həqiqət kimi qəbul edirsə, məntiqi ziddiyyətə yol verir. Turgenevin "Rudin" romanında deyildiyi kimi, "Əqidə yoxdur" və "Əqidə vardır". Eklektikanın əzabkeşi adlandırdığımız bir "alim" öz mülahizələrinin "doğruluğunu" əsaslandırmaq məqsədilə inad edirdi ki, elmdə prinsip deyilən şey yoxdur. Onunla apardığımız uzun söhbət və izahatdan sonra etiraf etdi ki, "elmdə prinsip vardır". Bu fikrin özündə də məntiqi ziddiyyətə yol verilmişdir. Məntiqi ziddiyyətin qabarıq nümunəsinə Molla Nəsrəddinin "Qazan əhvalatı" hekayəsində də rast gəlirik. Molla Nəsrəddinin varlı və simic qonşusuna verdiyi cavaba diqqət yetirək: "Məmnuniyyətlə qazanı sizə qaytarardım, qonşu, təəssüf ki, qazan öldü. Qonşu narazı halda bildirir ki, nə boş-boş danışırsan qazan da ölə bilər? Molla cavab verir ki, qazan ölə bilməzsə, doğa da bilməz? Doğan ölər də“.

Biz məntiqi ziddiyyətlərdən şüurlu şəkildə istifadə olunmasına lətifələrdə də rast gəlirik. Dövrümüzlə səsləşən "Reklam" adlı bir Qabrova lətifəsində deyilir:

– Deməli, bu yeni parçadır?

– Elə dünən birbaşa fabrikdən alınmışdır!

– Bu parça rəngi solmayandırmı?

– Siz nə danışırsınız?! Bir aydan çoxdur ki, mağazada şərqidən asılıb və ona heç nə olmayıb".

Çox vaxt elmi idrakın özündə də məntiqi ziddiyyətlərə yol verilir ki, bunlar da müxtəlif xarakter daşıyır. Bu cür ziddiyyətlərə sözlərin özünün birləşməsində də rast gəlirik. Məsələn, "Qızdırılmış buz", "Dairəvi kvadrat", "İti bucaqlı dairəvi stol", "Gurultulu sakitlik" və i.a. Ayrı-ayrı müddəalar, bütöv nəzəriyyələr, ictimai-siyasi və fəlsəfi mövqelər, sistemlər arasında da məntiqi ziddiyyətlərə də yol verilə bilər. Məsələn, Hegelin sistemilə metodu arasındakı ziddiyyət bunun bariz nümunəsidir.

Hüquqi sənədlərdə, qanunlarda da çoxlu məntiqi ziddiyyətlərə yol verilir. Bu sahəyə xüsusi diqqət vermək daha vacibdir, çünki orada söhbət dövlət quruculuğu məsələlərindən və insan taleyindən gedir. Ziddiyyətlərə ən çox eyni qanun daxilində (onun müxtəlif məqamları arasında), fəaliyyətdə olan və yeni qəbul olunan qanunlar, yaxud qanun qüvvəsinə malik olan hüquqi aktlar, beynəlxalq hüquqi normalarla ayrı-ayrı ölkələrin qanunları arasında rast gəlirik. Bu cür ziddiyyətləri aradan qaldırmağın yollarından biri qüvvədə olan qanunların sistemə salınmasıdır. Başqa bir çıxış yolu hər bir ölkənin, dövlətin ali qanunu sayılan konstitusiyanın digər hüquqi qanunlar qarşısında birinciliyi prinsipinə əməl olunmasıdır.


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации