Электронная библиотека » Mahir İsrafilov » » онлайн чтение - страница 6

Текст книги "Məntiq"


  • Текст добавлен: 13 января 2023, 17:57


Автор книги: Mahir İsrafilov


Жанр: Зарубежная публицистика, Публицистика


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 6 (всего у книги 21 страниц) [доступный отрывок для чтения: 7 страниц]

Шрифт:
- 100% +

Prof. A.İvin "Məntiq" (M., 2004) kitabında çox yerdə adla anlayışı eyniləşdirir, bəzən də adları anlayışlar kimi araşdırır və göstərir ki, adlar (anlayış), mülahizə və əqli nəticə – məntiqin üç mərkəzi kateqoriyasıdır. Adı kateqoriya kimi qəbul etməyin özü o qədər də məntiqi çıxmır, çünki kateqoriyaların cinsi olmur, bütün adların isə cinsi vardır. Məsələn, "Qızıl gül" sözünü "gülə", "Tofiq" sözünü "azərbaycanlı", "insan" anlayışlarına daxil edirik.

Adlar bütün dil ifadələrinin ən sadəsidir. O da həqiqətdir ki, adsız əşya yoxdur. Ad – idrak prosesinin və ünsiyyətin zəruri vasitəsidir, ona görə ki, adlar predmetləri və onların toplusunu ifadə etməklə, dili gerçəkliklə əlaqələndirir. Bununla belə, adlar rəngi, ağlığı və başqa xassələri də əks etdirir. Hər bir adın, sözün müəyyən mənası vardır, sözlərin mənası semantik məntiq tərəfindən tədqiq olunur. İbtidai insanlar öz adlarına konkret, real, tez-tez də müqəddəs bir şey kimi baxırdılar.

Adların ayrıca predmeti yaxud öz aralarında oxşarlıqları olan predmetləri (sinfi, çoxluğu) əks etdirən dil ifadəsi olduğunu heç kim danmır. Ona görə də dilin iki məntiqi tələbinə (1.Eynimənalılıq prinsipi, 2.Predmetlilik prinsipi) əməl etməyin böyük idraki və metodoloji əhəmiyyəti vardır.

1. Anlayışların tərifi

Anlayışlara tərif verməyin özü bir intellektual-nitqi əməliyyatdır. Bu əməliyyatın mahiyyətini açmaq, onun idraki və kommunikativ funksiyalarını bilmək həyat proseslərinin təhlilində insana ciddi metodoloji köməklik göstərir. İlk növbədə tələbə bilməlidir ki, anlayışın məntiqi strukturunu təşkil edən məzmun və həcm arasında qarşılıqlı əlaqə vardır. İnsan praktik fəaliyyətində predmet və hadisələri hərtərəfli öyrənmək istəyirsə, hökmən onların məzmun və həcmini açmağa çalışmalıdır. Ona görə də fikri əməliyyatın tərif və bölgü adlanan formalarından istifadə etməyi bacarmalıdır. Çoxəsrlik ictimai-istehsal prosesində insanlar gerçəklikdəki predmetləri bir-birindən ayırmaq, sərhədlərini müəyyənləşdirmək və məzmununu açmaq vərdişlərinə yiyələnmişlər. Əqli əməliyyatın bu forması bu və ya başqa şəkildə milyard dəfələrlə təkrar olunaraq insan təfəkküründə möhkəmlənərək aksioma çevrilmişdir. Ona görə də hər bir predmetin elmi məzmununun açılmasında tərifdən istifadə olunur. Tərif elə intellektual-nitqi əməliyyatdır ki, onun vasitəsilə anlayışların məzmunu açılır. Bu əqli əməliyyata deflnisiya da deyilir, (latınca definitio – "həd", "son", "sərhəd" deməkdir) Məsələn, "İnsan – mühakimə yürütmək, əmək və nitq qabiliyyəti olan canlıdır" tərifində fərqləndirici əlamətlərini göstərməklə insanı başqa canlılardan ayırırıq. Tələbə belə bir cəhəti də yaddan çıxarmamalıdır ki, gerçəklikdə hər bir əşya, hadisə dəyişikliyə uğradığına görə ona uyğun olan tərif də dəyişir, çünki predmetin yeni xassələri, tərəfləri aşkara çıxa bilər. Bu baxımdan, tərifin nisbiliyini unutmamalı.

Sadə bir həqiqəti də yaddan çıxarmayaq ki, bədii əsərlərdə, kinofimlərdə tərif verməyə ehtiyac yoxdur; tədris prosesində, elmi-tədqiqat işlərində isə tərifsiz keçinmək mümkün deyil. Onda belə bir suala cavab verək ki, tərifə ehtiyac nə vaxt duyulur?

1.Predmetin mahiyyətinin açılmasında ümumi nəticəyə gəldikdə tərifdən geniş istifadə olunur. Məsələn, alim sosial hadisə kimi "hüquq" anlayışını tədqiq edərək ona belə bir tərif verir ki, "Hüquq dövlət tərəfindən müəyyən və təsdiq edilən, məcburi qüvvəsi təmin olunmuş insan davranışı normalarının məcmusudur".

2.Tədris prosesində və yaxud başqa sahələrdə işlədilən, oxucu, dinləyici üçün mənası aydın olmayan termin və anlayışların işlədilməsində tərifdən istifadə olunur ("qanun", "məntiqi forma", "kibernetika", "hökm", "materiya" və s. anlayışları nümunə gətirmək olar).

3.Elmi dövriyyəyə yeni bir söz, termin daxil olduqda, yaxud sözlər yeni məna kəsb etdikdə də tərifə ehtiyac duyulur ("Sosial bilik" anlayışını nəzərdən keçirmək olar).

Çox vaxt təfəkkür praktikasında anlayışların funksiyalarını yetərincə dəyərləndirə bilmirlər. Tərif verməyin özü elə bir metodoloji əməliyyatdır ki, onun köməyilə mühakimə prosesində işlədilən anlayışların dəqiqliyini, eynimənalılığını müəyyən edə bilərik. Tərifin mühakimə prosesində iki fundamental funksiyasını (1.İdraki, Kommunikativ) oxucu öz praktikasında da hiss edə bilər. İdraki funksiyada ən çox insan fəaliyyətinin ümumi nəticələri toplanılır, möhkəmləndirilir; kommunikativ funksiyada isə insanın əldə etdiyi biliklər tərif formasında başqa adamlara, nəsillərə ötürülür ki, bununla da bəşəriyyətin mənəvi əlaqəsi həyata keçirilir.

Ünsiyyət prosesində anlayışların işlədilməsində dilçilərdən, jurnalistlərdən, xüsusilə hüquqşünaslardan daha çox dəqiqlik tələb olunur, çünki hüquqşünaslıqda bir sıra qanunverici aktlar tərifdən başlanır.

Respublikamızın cinayət kodeksində cinayətin və onun ayrı-ayrı növlərinin (qarət, oğurluq, adam öldürmək, dələduzluq və s.) "valyuta qiymətləri", "valyuta əməliyyatları" və bu kimi anlayışların tərifini vermədən onların məzmununu aşkara çıxarmaq mümkünsüzdür. Ən çox məhkəmələrin praktik fəaliyyətində, başqa sözlə, məhkəmə proseslərində, mühakimələrdə, mübahisələrdə, hesabatlarda və s. sənədlərdə sözlərin, ifadələrin (anlayışların) məzmununu açmağa tez-tez zərurət yaranır. Vətəndaşların günahlarını, cinayətlərini düzgün təyin etmək və çıxarılan qərarların hansı növə, formaya aid olduğunu bilmək üçün anlayışların məzmununu dəqiq müəyyən etmək lazımdır.

Hər cür məhkəmə prosesində, hüquqşünasın praktik fəaliyyətindən fərqli olaraq, sübut və arqumentləşmənin gedişində anlayışları dəqiqləşdirmənin və tərifinin mühüm əhəmiyyəti vardır.

Anlayışların məzmununu predmetin mühüm və fərqləndirici əlamətlərinin cəmi təşkil etdiyindən, hər hansı bir anlayışın məzmununu açmaq gerçək predmetə aid müxtəlif cinsdən olan əlamətlərin tapılmasıdır. Anlayışlara tərif verməyin cürbəcür üsulları vardır ki, bunların hər biri konkret məqsədə xidmət edir. Bunlardan bir neçəsini oxucuların mühakiməsinə verək:

1.Müəyyən tip predmetlər sinfini başqalarından aydın ayırmaq lazımdır; 2.Bu predmetlərin spesifik məzmununu, yəni mühüm və fərqləndirici əlamətlərin məcmusunu aşkara çıxarmaq vacibdir.

Elmdə tərifin idraki əhəmiyyəti bundadır ki, o, predmetin dildə ifadəsinə dəqiq məna verir, anlayışın məzmununu açır, yaxud da terminin mənasını müəyyənləşdirir.

Uzun illər apardığım praktik məşğələlər zamanı hiss etmişəm ki, tələbələrimizin çoxu nə tərifin növ müxtəlifliklərini yaxşı bilir, nə də onun qaydalarının pozulmasından irəli gələn məntiqi səhvləri anlayır. Bəşəri fikir qaydalarını əməli həyatda tətbiq etməyi bacarmayan adamlarda isə intellektual səviyyə primitiv olur.

Məntiqdə anlayışlara tərif verməyin yolları, üsulları çoxdur. Məntiq kitablarının əksəriyyətində üç növ (1.Morfoloji, 2.Bioloji, 3.Genetik) tərifdən söhbət gedir. Lakin bu bölgü tərifin növ müxtəlifliklərini tam əhatə etmir. Elmin müxtəlif sahələrində mahiyyət, struktur, funksional, nominal və bu kimi təriflərə rast gəlirik. Tələbə bu mövzunu öyrənərkən xüsusi diqqət yetirməlidir ki, tərifin strukturunda hansı anlayışlardan istifadə olunur, onun idraki əhəmiyyəti nədədir. Yaddan çıxarmaq olmaz ki, hər bir tərif, öz aralarında bir-birilə üzvi əlaqədə olan iki elementdən (1.Tərif verilən və 2.Tərif verən) ibarətdir. Tərif verilən anlayış odur ki, onun məzmunu açılır, bu məzmunu təşkil edən ümumi və mühüm əlamətələri özündə əks etdirən anlayış (söz birləşməsi) isə tərif verən adlanır. "Anlayış – predmet, yaxud predmetlər sinfinin ümumi, mühüm və fərqləndirici əlamətlərini əks etdirən fikirdir, təfəkkür formasıdır" hökmündə "anlayış" termini tərif veriləni, yerdə qalan sözlər tərif verəni, şəkilçilər isə onlar arasındakı məntiqi əlaqəni bildirir.

Tərif verilən və tərif verən çox vaxt simvolik formulə ilə belə göstərilir: Dfd=Dfns. Burada Dfd latınca de-finiendum, "tərifverilən", Dfns – definiens – tərif verəndir, "=" isə eyniyyət, bərabərlik işarəsidir.

Məntiqdə aşkar (aydın) və aşkar olmayan (aydın olmayan) təriflərdən də istifadə olunur. Aydın tərif odur ki, orada tərifverilən və tərifverən anlayışlardan istifadə olunur. Bu cür təriflər arasında bəzi bərabərlik və ekvivalentlik əlaqələri müəyyən edilir, aydın, aşkar olmayan təriflərdə isə tərifverən anlayışı kontekst, aksiom dəsti, yaxud müəyyən obyektlərin qurulması üsullarının təsviri əvəz edir.

Aydın tərifdə anlayışlarda əks olunan predmetlərin mühüm əlamətələri göstərilir, anlayışların məzmunu açılır və bununla da tərif verilən predmetlər başqalarından fərqləndirilir.

Tələbələr məntiqdə işlədilən cins və növ anlayışlarını da dəqiq fərqləndirməyi bacarmalıdır. Müəyyən predmetlər dairəsini tərifverilən predmetlər çoxluğundan ayırmağa xidmət edən əlamətlər cins, yaxud növ əlamətləri adlanır. Məsələn, "spidometr – gedilən məsafəni və sürəti ölçən cihazdır" tərifində "cihaz" sözü cinsi (çoxluğu, məntiqi sinfi), "spidometr" – növü, gedilən məsafəni və sürəti bildirməsi – növi fərqi bildirir.

Tərifin real və nominal tərif adlanan növ müxtəliflikləri də vardır. Bəzən tələbə bunları bir-birindən çətin fərqləndirir, onun metodoloji əhəmiyyətini anlaya bilmir. Predmetə verilən tərif – real, predmeti bildirən terminə verilən tərifsə – nominal tərif adlanır. Məsələn, Federasiya latınca "fedus" sözündən olub, birlik, ittifaq deməkdir. Bu nominal, etimoloji tərifdir: "Federasiya – formal dövlət əlamətlərinə malik, lakin suverenliyi olmayan ayrı-ayrı subyektlərdən ibarət mürəkkəb dövlət formasıdır" – bu isə real tərifdir.

Anlayışların məntiqi tərifini o vaxt həqiqi, real saymaq olar ki, predmeti hərtərəfli öyrənmiş olaq. İnsan predmet və hadisəni bütün tərəflərilə öyrənə bilmir, lakin ona cəhd etmək bizi səhvlərdən, cansızlaşdırmadan azad edir. Ona görə də predmeti statik yox, dinamik halında, ictimai praktikanın nəticələrinə əsaslanaraq, inkişafda öyrənmək lazımdır.

Anlayışlar birdən-birə yaranmır. Onların formalaşmasında bir sıra üsullardan istifadə olunur. Bunları qısaca qeyd etməyi vacib bilirik.

1. Bütün predmetlərin tərkib hissələrinə, elementlərinə, ayrı-ayrı əlamətlərinə görə fikrən ayrılmasıdır ki, bu əməliyyata təhlil və ya analiz deyilir. Çox vaxt predmetin praktik bölgüsü fikri analizdən əvvəl gəlir. Lakin məhkəmələrin praktik fəaliyyətində bu əməliyyatı gerçəkləşdirmək çətin olur.

2. İkincisi, predmetlərin ayrı-ayrı hissələrə, tərəflərə bölgüsündən sonra onun mühüm və fərqləndirici əlamətlərini ayırmaq tələb olunur. Bu əməliyyat vasitəsilə cismin bir qrup əlamətlərini başqa qrupdan fikrən ayırırlar. Bu da mücərrədləşdirmə və ya abstraksiya prosesi adlanır.

Abstraksiyanın (mücərrədləşdirmənin) əsasında nisbi müstəqil proses olan müqayisə durur. Müqayisə mücərrədləşdirmənin başlıca ünsürü, vasitəsidir. Müqayisə zamanı predmetləri bir-biriylə tutuşdurmaqla mühüm və qeyri-mühüm əlamətlərə görə oxşar və fərqli cəhətləri müəyyən edilir.

Üçüncüsü, predmetlərin növ fərqini və cinsi əlamətlərini aşkara çıxarmaq üçün sintezdən istifadə olunur. Anlayışların sintezində ümumiləşdirmə və məhdudlaşdırma həyata keçirilir. Sintez vasitəsilə həmcins predmetlər sırasına aid olan mühüm əlamətlərin ümumiləşdirilməsi yolu ilə tədqiq olunan predmetin anlayışının tərifi formalaşır. Anlayışın aydın tərifinin son pilləsi iki ardıcıl mərhələdən ibarətdir. Birinci mərhələdə tərif verilən anlayış cinsi bildirən tərifverənə daxil edilir; ikinci mərhələdə isə tərifverilən predmeti başqalarından ayıran fərqləndirici əlaməti (növ fərqi) müəyyən etmək lazımdır. Bu barədə Dərsliyin 172-183-cü səhifələrini oxumağı məsləhət görərdik.

Anlayışların tərifindən, tərifin qaydalarından danışarkən bir məqamı da vurğulamaq yerinə düşər. Çox vaxt tələbələrimiz tərifin idraki, metodoloji əhəmiyyətini qiymətləndirə bilmədiklərindən tərifin qaydalarının izahında və tərifin tətbiqində də məntiqi səhvlər buraxırlar. Bu çətinliyin aradan qaldırılmasının bircə yolu vardır: qaydaları mexaniki əzbərləmək yox, onları düşüncəli şəkildə, sosial gerçəklikdə gedən proseslərə, hüquqi biliklərə tətbiq etmək. Bu qaydalardan bir neçəsini oxucuların mühakiməsinə vermək istərdik.

1. Tərif mütənasib olmalıdır, yəni tərifverilən anlayışla tərifverənin həcmi bərabər olmalıdır: Dfd=Dfn.

Bu anlayışlar bərabərmənalı münasibətdə olmalıdır. Prinsip pozularsa, iki cür məntiqi səhv alınar. 1.Geniş tərif (Dfd<Dfn), 2.Məhdud tərif (Dfn>Dfn). O da ola bilər ki, tərif bir münasibətdə geniş, digərində məhdud (az) götürülsün. Bu qaydanın pozulmasına aid sadə nümunələr gətirək.

1. "Vəkil – adamdır" – Dfd<Dfn. Bu hökmdə "vəkil" anlayışını "həkim", "mühəndis", "alim" və b. fərqləndirmək olmur, ona görə də bu, geniş tərifdir.

2. "Məhsuldar qüvvələr əmək alətlərindən və insandan ibarətdir" – Dfn>Dfn. Burada səhv ondadır ki, məhsuldar qüvvələrə ancaq əmək alətləri deyil, əmək cisimləri və vasitələri də daxildir.

3. "Ali məktəb müəllimi tələbələrə təhsil verən insandır". Bu, bir baxımdan geniş, başqasında məhdud tərifdir.

2. Tərif – iqrari olmalıdır.

3. Tərif – dəqiq və aydın olmalıdır.

4. Tərifdə dairəyə yol verilməməlidir.

Əgər tərifverən anlayış tərifverilənin vasitəsilə izah olunursa, tərifdə taftoloji səhvlər əmələ gəlir. "İnsan insandır", "məntiqi forma məntiqi formadır", "vəkil vəkildir", "həyat həyatdır" və i.a.

Əgər tərifdə ikimənalığa, qeyri-müəyyənliyə, müqayisəyə, məcaza yol verilərsə, bunları dəqiq, aydın tərifə aid edə bilmərik. "Siyasət – mümkün olan sənətdir". "Şir meşənin şahıdır", "Dəvə – səhra gəmisidir" kimi təriflər aydın olmayanlara daxildir.

Aydın olmayan tərifin növlərini də bilməyin insanın intellektual inkişafında xüsusi əhəmiyyəti vardır. Bunlardan bir neçəsini oxucuların diqqətinə çatdıraq:

1. Kontekstual tərifdir. Bu cür tərifdə tanış olmayan sözün, anlayışın məzmununu lüğətə baxmadan kontekst vasitəsilə izah etməyə imkan yaradılır, oxucu ya sözün mənasını müəyyənləşdirir, ya da məzmununu formulə edir.

Anlayışların məzmununun müəyyən olunmasına, hüquqi sənədlərlə işləyərkən termin və sözlərin mənasına kontekstual yanaşmanın xüsusi əhəmiyyəti vardır. Anlayışda verilən mənadan asılı olaraq, bəzən hüquqi sənədlərin müxtəlif cür anlaşılması baş verir ki, o da nəinki mübahisələrə, hətta qanunların tətbiqində səhvlərə gətirib çıxarır. Məsələn, belə ziddiyyətə RF-nın konstitusiyasının 59-cu maddəsilə Tatarıstan Respublikası hakimiyyətinin qanunvericilik orqanlarının qərarları arasındakı əlaqədə rast gəlmək olar. Orada deyilir ki, respublikada yaşayan və çağırış yaşına çatmış vətəndaşlar respublika rəhbərliyinin qərarı ilə ölkənin müəyyən rayonlarına göndərilir.

Kontekstual tərif dəqiqliyin, aydınlığın və birmənalılığın müxtəlif dərəcəsini ifadə edə bilər. Buraya ostensif (lat. osterido – göstərirəm deməkdir) tərif də daxildir, bunun özü isə göstərmənin növ müxtəlifliyinə aiddir. Göstərmə vasitəsilə insanlar real aləmin predmetlərini mənimsəyir, öyrənirlər. Daha az aydın və birmənalı təriflərdən biri də aksiomatik tərifdir. Faktlara, müşahidələrə və eksperimentlərə əsaslanan bu tərif ən çox iqtisadi nəzəriyyələrdə, sosiologiyada, kriminologiyada və başqa sahələrdə tətbiq olunur.

Obyektləri müəyyən etmədən, aksiomatik ifadələrdən istifadə edərək hər hansı bir əməlin kimə məxsus olduğunu müəyyən etmək olar. Məsələn:

a) Hər cür hadisənin müəyyən səbəbi vardır;

b) Zülüdə Məcidin şəxsi əşyaları tapılmışdır.

q) Sübut olunmuşdur ki, Zülü Məcidin şəxsi əşyalarını oğurlamışdır. Nəticə çıxır ki, Zülü oğrudur.

İnduktiv tərifin özündə tərifverilən termindən anlayışın ifadəsində istifadə olunur. Bu tavtologiya deyildir, çünki o termin burada əvvəlcədən özündə məna yükü daşıyır. İnduktiv tərifdən riyaziyyat və kibernetikada istifadə olunur.

İnduktiv tərifə daha çox əyani nümunə kimi natural ədədlərə və "Müdafiə müharibələri"nə verilən tərifi gətirmək olar. Natural ədədlər ədəd kimi 0-dan sonsuzluğa doğru bir sırada yerləşən ədədlərdir. "Müdafiə müharibələri" dedikdə isə dövlətin və yaxud konkret ərazilərin qorunması məqsədilə aparılan savaşlar başa düşülür.

Predmetin öz əksliyinə münasibətini göstərməklə verilən tərifin də idrak prosesində əhəmiyyəti var. Tələbə bilməlidir ki, tərifvermənin gedişində iki məsələ həll edilir. (1.Tərifverilən predmetlər digərlərindən fərqləndirilir, 2.Tərifverilən predmetin məzmunu açılır)

Geniş həcmli fəlsəfi kateqoriyaların çoxuna birinin digərinə olan münasibətini göstərməklə tərif verilir. V.İ.Lelin "materiya" anlayışına onun şüura münasibətini göstərməklə tərif verirdi:

"Materiya – bizdən kənarda və şüurumuzdan asdı olmayaraq mövcud olan obyektiv reallıqdır".

Biz burada xüsusi orijinallıq göstərmək fikrində deyilik, lakin hesab edirik ki, Leninin verdiyi bu tərifdə "materiya" anlayışı obyektiv reallıqla eyniləşdirilir. Fəlsəfədən bildiyimiz kimi, XVIII əsr fransız filosofları da materiya ilə obyektiv reallığı eyniləşdirirdilər. Düzgün məntiqi məna belə olmalıdır: "Materiya – bizdən kənarda və şüurumuzdan asılı olmayaraq mövcud olan obyektiv reallığı əks etdirən fəlsəfi kateqoriyadır".

Bəzi məntiq kitablarında predmet və hadisələrə tərif vermək mümkün olmadıqda tərifi əvəz edən məntiqi üsullardan danışılır. Buraya 1.Təsvir, 2.Göstərmə, 3.Xarakteristika, 4.Müqayisə, 5.Fərqləndirmə və başqaları daxildir. Bu cür əməliyyatları tərif də adlandırmaq olar. Bunlardan biri də təsvir vasitəsilə verilən tərifdir. Bu cür tərifdə predmetin ona oxşar olan predmetlərdən mühüm olmayan fərqini göstərmək məqsədilə onun zahiri əlamətləri təsvir olunur. Təsvir predmetin hiss-əyani obrazıdır, insan onun köməyilə yaradıcı təsəvvürə yiyələnə bilir. Təsvirdə mühüm və qeyri-mühüm əlamətlər əks oluna bilər. Təsvir həmişə hissi idrakın materiallarına əsaslanır. Məsələn, cəmiyyətdə hər hansı bir cinayət işi baş verdikdə əvvəlcə onun yeri, vaxtı, gedişi və s. cəhətlər müəyyən olunur. Bu yaxınlarda (2005-ci il) AMTN-in adam oğurluğu ilə bağlı aşkara çıxardığı cinayət işinin təsviri bu qəbildəndir.

Təsvir məhkəmə praktikasında mütəxəssislərə əlamətləri eyniləşdirməyə və əlaqələndirməyə imkan verir ki, bunun də köməyilə predmeti müəyyən etmək və ona hüquq normalarını tətbiq etmək mümkün olur.

Xarakteristika vasitəsilə verilən tərifdə isə inşanın, hadisənin, predmetin və s. bəzi daxili və mühüm əlamətləri təfəkkürümüzdə əks olunur. Bu, xarakteristikanın təsvirdən mühüm fərqidir. Xarakteristikada bir, yaxud bir neçə əlamət göstərilsə də, burada fikir obrazlı və konkret olur. K.Uşinski tənbəlliyin geniş və dəqiq xarakteristikasını vermişdir. O yazırdı ki, "Tənbəllik – insanın gücünün qarşısını almaqdır”.

Xarakteristika və təsvir dəyərli qərarlar çıxarılmasını təmin edərək məhkəmə praktikasında tez-tez birləşir. Anlayışın məzmununu dəqiq açmaq məqsədilə müəyyən nümunələrdən də istifadə olunur. Məhkəmə çıxışlarında hər hansı bir cinayətin açılması üçün tez-tez eksperiment formasında konkret üsullara əl atılır.

Müqayisə vasitəsilə verilən tərifdə müxtəlif predmet və hadisələr arasındakı oxşar və fərqli cəhətlər aşkara çıxarılır. Təhlilin gedişində əlaqələrin müxtəlif növlərindən istifadə olunur. Müqayisədə müəyyən nəticələrə gəlinir, tövsiyələr verilir. Müqayisə vasitəsilə nəzərdən keçirilən predmetin oxşar və fərqli xassələri müəyyənləşdirilir. Elmi idrakda olduğu kimi, məhkəmə praktikasında da müqayisədən geniş istifadə olunur.

Müqayisə qarşılaşdırılan predmetlərin oxşar və fərqli xassələrini izah edən fikir prosesidir. Gerçəkliyin bədii inikasında iki predmetdə olan ümumi, oxşar əlamətləri dəyişdirmək mümkündür. Bədii müqayisədə "necə", "sanki" "guya ki" və bu kimi sözlərdən tez-tez istifadə olunur. Məsələn, "Kobudluq eynilə donqarlıq kimi eybəcərlikdir".

"Z-nın başı eynilə Cənubi Afrikada yaşayan kobranın oxşarıdır".

Tələbə bilməlidir ki, məhkəmələrin nəzəri və praktik fəaliyyətində anlayışların düzgün tərifinin mühüm rolu və əhəmiyyəti vardır, çünki tədqiq olunan obyekti və predmet haqqında əldə olunmuş bilikləri tərifdə yığcam (qısaldılmış) formada ifadə etməklə gerçəkliyi dərk edirik. Bununla yanaşı, bu biliklər çıxarılan nəticələrin, tərtib olunan hesabatların və qəbul olunan qərarların mexanizmi kimi çıxış edir. (Bax: Dərslik, səh.192-199).

2. Anlayışların bölgüsü və təsnifatı

Anlayışlar üzərində aparılan məntiqi əməliyyatlardan biri də bölgü və təsnifatdır. Bölgünün tərifdən əsas fərqi ondadır ki, tərifdə predmetin məzmunu, bölgüdə isə həcmi açılır. İnsan heç vaxt tərif verməklə kifayətlənə bilməz, çünki predmetin həcmini də, yəni, onun növ müxtəlifliklərini də bilməsi vacibdir. Bölgünün mənşəyini də insanların praktik fəaliyyəti təşkil edir. İnsan ictimai əmək prosesində əvvəlcə predmetləri hissələrə bölmüş, onları məntiqi sinfin üzvləri, növləri kimi müəyyənləşdirmişdir. Bu cür praktik əməliyyatların milyard dəfələrlə təkrarlanması nəticəsində predmetlər qruplara, yarımqruplara ayrılmışdır, aksioma çevrilən bu əməliyyatlar şüurumuzda anlayışların bölgüsü (divisio) kimi möhkəmlənmişdir. Anlayışın məzmununu açmaqla yanaşı, onun növlərini də bilməyin idraki və praktik əhəmiyyəti vardır. Bölgü elə intellektual-nitqi əməliyyatdır ki, onun vasitəsilə anlayışların həcmi açılır. Məsələn, "Konstitusiya" anlayışının həcmini açarkən o dəqiqə onu "unitar dövlət konstitusiyası" və "federativ dövlət konstitusiyası" kimi ortaqlı növ anlayışlarına bölürük. Bu bölgüdə "Konstitusiya" anlayışı cinsi, o biriləri isə növü əks etdirir. Bunları Eyler dairəsilə göstərək:



Burada M-cinsi, R və Q isə növü bildirir.

Oxucu, tələbə bu mövzunu öyrənərkən predmetin fikrən tərkib hissələrə ayrılması əməliyyatından anlayışların bölgüsünü fərqləndirməlidir. Təəssüf ki, bu mövzunu soruşarkən tələb olunan cavabı ala bilmirik, çünki onlar növ-cins anlayışları ilə bütöv-hissə əlaqələrini eyniləşdirirlər. Yadda saxlamaq lazımdır ki, anlayışların bölgüsü cins-növ əlaqələrini bildirir, cins haqqında söylənilən fikri növə aid edirik. "Unitar dövlət konstitusiyası" anlayışı özündə konstitusiyanın bütün əlamətlərini əks etdirir. Tamın bölgüsündə isə onun tərkib hissələri aşkara çıxarılır. Məsələn, konstitusiyanı bölmələrə, fəsillərə, məqalələrə, maddələrə və s. bölmək olar. Bütöv haqqında deyilən fikri isə hissəyə aid etmək mümkünsüzdür, ona görə ki, heç vaxt iqrar edə bilmərik ki, ayrı-ayrı məqalələr, fəsil, bölmə – konstitusiyadır.

Anlayışların bölgüsündə bölgü üzvləri bölünməzdir, lakin bütövün tərkib hissələrə bölünməsi prosesində hissələri də öz növbəsində kiçik hissələrə ayırmaq mümkündür. Hər iki əməliyyatın oxşar cəhətləri olsa da, onları bir-birinə qarşı qoymaq olmaz. Desək ki, federal şura iki palatadan ibarətdir, (1.Rusiya Federasiya Şurası, 2.Dövlət Duması), bu tamın hissələrə bölünməsidir. Federal Şuranın Palataları – Federasiya Şurası və Dövlət dumasından ibarətdir – fikri isə anlayışın bölgüsünü bildirir.

Gerçəklikdəki predmet və hadisələr arasında obyektiv əlaqələr və münasibətlər mövcuddur. Buna görə də təriflə yanaşı, anlayışların bölgüsü və təsnifatının da mühüm metodoloji əhəmiyyəti vardır. Anlayışların bölgüsü əslində onların həcminin aşkara çıxarılmasıdır.

Tələbə belə bir məqama da diqqət yetirməlidir: anlayışların bölgüsünə zərurət nədən irəli gəlir. Biz idrak prosesində predmetin məzmununu açarkən istər-istəməz onun təzahür formalarını və inkişaf yollarını da tədqiq etməliyik. Məsələn, hüquqşünas ictimai hadisə kimi "hüquq" anlayışının məzmununun şərhindən sonra, ardıcıl olaraq onun tarixi növlərini, formalarını və tətbiq sahələrini təhlil etməlidir. Digər tərəfdən, konkret bir anlayışın tətbiq sahəsi məlum olmadıqda onun həcminin açılmasına ehtiyac duyulur ("vətəndaş hüququ" anlayışının həcminin açılması). Çoxmənalı sözlər işləndikdə də bölgüdən istifadə olunur. Məsələn, "tədris müavinəti" və "maddi müavinət" anlayışlarını bir-birindən fərqləndirmək gərəkdir.

Oxucu, tələbə belə bir prinsipdən çıxış etməlidir ki, hər bir bölgünün öz strukturu və tərkib hissələri vardır.

Bölgünün tərkib hissələrinə: 1.Bölünən anlayış (həcmi açılan), 2.Bölgü üzvləri (bölgü nəticəsində alınan növ anlayışları), 3.Bölgünün əsası (bölgünün hansı əlamətə görə aparılması) daxildir. "Müharibə" anlayışının həcmini açdıqda onun hansı əlamətə görə aparıldığı önə çəkilməlidir. Məsələn, miqyasına görə müharibələri lokal, regional və qlobal müharibələrə bölmək olar. İnsanın həyat fəaliyyəti sferalarına görə müharibələr aşağıdakı növlərə bölünür: 1.Kosmik müharibələr ("ulduz müharibələri"), 2.Dəniz müharibələri və s. Burada müharibələr – cinsi, kosmik və dəniz müharibələri – növü, insan fəaliyyətinin sferaları – əlaməti bildirir.

Bu bölgünün öyrənilməsində anlayışların bölgüsü üsullarını da insan öz praktik fəaliyyətində fərqləndirməlidir. Məntiqdə anlayışların bölgüsünün iki üsulunu (1.Taksonomik; (lat.taxare – qiymətləndirmək, 2. Meroloji; yun.meros – hissə) qeyd etmək olar.

Taksonomik bölgüdə həcmini açdığımız anlayışın tərkibinə daxil olub yarımsinif adlanan növ anlayışlarının həcmindən söhbət gedir. Bu da öz növbəsində dixomatik (iki üzvlü) və əlamətin dəyişməsinə görə aparılan bölgüdür.

Dixomatik bölgü tələb edir ki, anlayışın həcmi bəzi əlamətlərin varlığına, yaxud yoxluğuna (iki əks anlayış götürülür: "A" və "qeyri-A") görə iki növə ayrılsın. İkiüzvlü bölgüdən adi təfəkkürdə və müxtəlif elmlərdə geniş istifadə olunur. Təbiətin canlı və cansıza, kimyəvi elementlərin metallara və qeyri-metallara, müharibələrin ədalətli və ədalətsizə bölgüsü buna ən yaxşı nümunədir. Nəzərdən qaçırmayaq ki, ikiüzvlü bölgünün bir sıra üstünlükləri olsa da, bölünən cinsin bütün növlərini hesablamağa ehtiyac yoxdur, çünki bir növ ayrılır, sonra zidd anlayış yaranır. Buna görə də ən yaxşı üsul bölgünü bir əsasa görə aparmaqdır, onda bölgüdə mütənasiblik gözlənilir. Bununla belə, bölgünün bu növündə də səhvlər vardır. Birincisi, inkari (mənfi) anlayışın həcmində qeyri-müəyyənlik ola bilər. İkincisi, mahiyyətcə yalnız bir-birinə zidd olan birinci iki anlayış aydın və ardıcıl olur. Bəzən belə də olur ki, "qeyri-A" iki zidd anlayışa bölünür: "B" və "qeyri-B-yə"; sonra "qeyri-B" ola bilər ki, "Q" və "qeyri-Q-yə" bölünsün. Fikrimizi əsaslandırmaq üçün aşağıdakı bölgünü nəzərdən keçirək: "Radioaktivlik" anlayışı "təbii radioaktivlik" və "süni radioaktivlik" (qeyri-təbii) deyə iki yerə bölünür. Bu bölgünü davam etdirsək, onda "qeyri-təbii radioaktivlik (qeyri-A) öz növbəsində "nüvə silahlarının istifadəsi nəticəsində yaranan radioaktivliyə" (B) və "atom reaktorunun partlayışı nəticəsində yaranan radioaktivliyə (qeyri-B) bolunür. Məlumdur ki, "atom reaktorunun partlayışı nəticəsində yaranan radioaktivlik" (qeyri-B) nüvə reaktorunun işlərinin dayanması texnologiyasının pozulması" (Q), "nüvə reaktorunun dayanması texnologiyasının pozulmasının (qeyri-Q) nəticəsi ola bilər.

Əlamətin dəyişilməsinə görə aparılan bölgüdə isə bölgünün əsasını növ anlayışlarını yaradan əlamət təşkil edir. Məsələn, "nüvə partlayışları", onların tətbiq olunması sahələrindən asılı olaraq müştərək tabeli növ anlayışlarına bölünür ("hava", "yerüstü", "sualtı", "yeraltı", "kosmik").

Tələbə onu da bilməlidir ki, bölgüdə əsas kimi bölünən anlayışın müxtəlif əlamətlərindən istifadə etmək olar. Burada əlamətlərin seçilməsi bölgünün məqsədindən, praktik məsələlərdən, həllolunan işdən, taledən asılıdır. Bununla belə, əsas kimi də müəyyən tələblər irəli sürülür, bunlardan ən vacibi əsasın obyektivliyidir.

Biz burada trixotomik (üçüzvlü), polixotomik (çoxüzvlü) və qarışıq bölgüdən geniş danışmaq fikrində deyilik, maraqlananlar Dərsliyin 199-206-cı səhifəsinə baxa bilərlər.

Bu mövzunun mənimsənilməsində tələbələrin məntiqi səhvlərə yol verməmələri məqsədilə müəyyən şərtlərə riayət etmələrini tövsiyə edirəm: 1.Bölgüdə çarpazlaşan anlayışlardan istifadə olunmamalıdır, 2.Bölünən anlayış tabedən, bölgü üzvləri isə müştərəktabeli növ anlayışlardan olmalıdır.

Tələbələrimizi müəyyən çətinliklərdən çıxarmaq üçün bölgünün konkret qaydalarının şərhini də verməyi faydalı iş bilirik, çünki bu qaydalar bölgünün aydınlığını və bütövlüyünü təmin edir.

1.Bölgü mütənasib olmalıdır. Bu o deməkdir ki, bölünən anlayışın həcmi bölgü üzvlərinin cəminə bərabər olmalıdır.

Bu qayda gözlənilmədikdə, bölgüdə iki cür məntiqi səhvlər alınır (1.Məhdud, yaxud natamam bölgü, 2.Geniş, yaxud artıq üzvlü bölgü). Natamam bölgü o vaxt alınır ki, cins anlayışının müasir nəzəriyyə və praktikada məlum olan bütün növləri hesablanmır, fikirdə ifadə olunmur. Məsələn, biz hüquq sistemi anlayışının bölgüsünü versək, onda deyə bilərik ki, hüquq sisteminin tərkib hissələri – hüquq sahələri və institutlarıdır. "Hüquq sistemi" anlayışının həcmini açıb iqrar etsək ki, buraya konstitusiya hüququ, inzibati hüquq, beynəlxalq hüquq daxildir, onda yarımçıq, natamam bölgü alınır. Belə halda anlayışın həcmi açılmamış qalır.

Yeni bölgü (artıq üzvlü bölgü) o vaxt alınır ki, məntiqi sinfə (cinsə) aid olmayan növləri bölgüyə daxil edirik. "Şəxsiyyətin davranışını alçaldan formalar" anlayışının həcmini açarkən "alkoqolizm", "ehtiraslı oyunlar", "narkomaniya", "pozğunluq" və başqaları ilə yanaşı, bu anlayışa "şəxsiyyət əleyhinə cinayət", "dövlət əleyhinə cinayət" və başqalarını daxil etdikdə geniş bölgü (artıq üzvlü) alınır, çünki cinayətin konkret formaları ŞDA-dan formalara aid deyildir.

2. Bölgü bir əsasa görə aparılmalıdır. Bu qayda pozulduqda çarpazlaşan bölgü alınır, əsas, əlamət dəyişəndə isə bölgü ardıcıl aparılmır. BDU-nun tələbələri əyanidə, qiyabidə, tarix, hüquq və başqa fakültələrdə təhsil alanlara və 1-4-cü kursda oxuyanlara bölünür. Bu da ardıcıl, dəqiq bölgü deyildir.

3. Bölgü üzvləri biri digərini istisna etməlidir. Burada ortaq tabeli anlayışlar götürülür, onların həcmi çarpazlaşır, ümumi əlamətləri olmur. Məsələn, "Şəxsiyyət əleyhinə cinayət" anlayışının bölgüsündə bölgü üzvləri özündə ümumi əlamətləri ehtiva edərsə, o vaxt səhvlər meydana gəlir. Bəzən bu cür səhvlərə tələbələrin cavablarında da rast gəlirik. Tələbə "qəsdən törədilmiş cinayət" anlayışının həcmini açarkən oraya ölümdən başqa "kötəkləmə", "işgəncə", "böhtan", "zorlama", "vətəndaşların hüquq bərabərliyinin pozulması" və başqalarını aid edirsə, məntiqi səhvə yol verir. Səhvin mənası ondadır ki, burada bölgü üzvləri bir-birini "istisna etmir". Yaddan çıxarmaq olmaz ki, cinayət işləri qəsdən törədilən və ehtiyatsızlıq üzündən baş verən cinayətlərə bölünür ki, bu da düzgün bölgüdür.

4. Bölgü fasiləsiz, yəni ardıcıl aparılmalıdır. Adi bir nümunə gətirək. "Ordu" anlayışını tipinə, növünə, sonra isə formasına görə bölmək olar. Əgər "ordu" anlayışını "imperialist dövlətlərin ordusu", "burjuaziya ordusu", "inkişaf edən dövlətlərin ordusu", "polis ordusu" və s. deyə bölsək ardıcıl bölgü alınmır. Buna bölgüdə sıçrayış deyilir, bu da məntiqi səhvdir.


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации