Текст книги "Azərbaycan şairi Nizami"
Автор книги: Məhəmməd Əmin Rəsulzadə
Жанр: Современная зарубежная литература, Современная проза
сообщить о неприемлемом содержимом
Текущая страница: 3 (всего у книги 19 страниц) [доступный отрывок для чтения: 6 страниц]
Şairin şəxsi həyatına aid məlumat, təəssüf ki, çox azdır. Təzkirəçilərin bu xüsusdakı laqeydliyi hamıya bəllidir. Təzkirəçilər şairin üç dəfə evləndiyini, bir oğlu olduğunu xəbər verirlər. “Xəmsə”ni diqqətlə oxuyarkən şairin şəxsi həyatına aid başqa bəzi yeni təfsilat çıxara bilirik. Şairin ilk evləndiyi qadın Dərbənd hakiminin göndərmiş olduğu qıpçaqlı bir kəniz olmuşdur89. Bu türk qızını Nizami son dərəcədə sevmiş və onunla “bir yastığa baş qoymuş”, yəni evlənmişdir (1173-cü ildə). Canı kimi sevdiyi və əsərləri qədər dəyərləndirdiyi bircə oğlu Məhəmməd bu türk gözəlindən doğulmuşdur. Qıpçaqlı gözəl “Xosrov və Şirin” yazılarkən (1180-ci ildə) vəfat etmişdir. Şair dünya ədəbiyyatında bənzərsiz bir gözəllik örnəyi olaraq obrazını yaratdığı Şirinin əri Xosrovun cənazəsi üstündə fədakarlıqla can verdiyini təsvir edərkən sözü öz sevimli arvadına gətirərək deyir: “O, mənim qıpçaqlı Afaqıma bənzərdi, bəlkə də, elə onun özü idi”90. Beləliklə, Şirinlə müqayisə etdiyi qıpçaqlı həyat yoldaşının adı Afaq olduğunu, bəzi tədqiqatçılara görə, şair, yeri gəlmişkən, bildirmişdir. Eyni zamanda oğlu Məhəmmədin bu qadından doğulduğunu da “türküm köçdüsə də, İlahi, türk balasını sən özün qoru”91 sözləri ilə bizə anlatmaqdadır. Şairin öz oğlu Məhəmmədə bəslədiyi sevginin həddi-hüdudu olmamışdır. Bu sonsuz sevginin candan sevdiyi ilk arvadına bəslədiyi duyğu və hissiyyatın davamı olmasına heç bir şübhə yoxdur. “Türk” arvadına olan bağlılığı şair “türk balası”na keçirmişdir.
Eşqin ilahi şairi Nizami evlənmə məsələsində təkarvadlı (monoqamiya) olmağın tərəfdarı idi. Həyatında üç dəfə evlənmişdir, lakin o, heç bir zaman çoxarvadlı olmamışdır. Filosof Sokratın dili ilə öyüd-nəsihət şəklində söylədiyi beytlərdən birində Nizami təkarvadlılığın məziyyətini özünəməxsus bir üslubla açıqlamışdır: “Sənə yaraşan bir arvad sənə bəsdir, çox dostu olan dostsuz qalar. Dünyanın yeddi atası və dörd anası olduğu üçün onun işləri dolaşıqdır92. Övladını kamil və ahəngdar görmək istəyirsənsə, öz qəlbini bir ana ilə bir ataya bağla”.93
Nizami “İqbalnamə”nin sonunda filosof Arximedi başdan çıxaran çinli türk gözəlinin ölümünü təsvir edərkən özünün şəxsi həyatındakı talesizlikdən şikayət edir. Bu şikayətdən anlayırıq ki, Şirin obrazını yaradarkən sevgili “Afaq”ını, Leylini yazarkən ikinci “gövhər”ini, çinli türk gözəlinin macərasını şərh edərkən üçüncü “gəlin”ini itirmişdir:
Nəzmə çəksəm hər zaman bir dastan,
Çox tühafdır taleyim, verməz aman.
Saçmağa başlarsam ətrafa şəkər,
Sevgili bir dilbərim əldən gedər.
Dadlıca Şirini çün xəlq eylədim,
Çox şəkər bir yarımı dəfn eylədim.
Leylinin çün köşkünə çəkdim hisar,
Başqa bir gövhərmi mən etdim nisar.
Getdi dünyadan yenə bir nazənin,
Oldu cənnətlik bizim tazə gəlin94.
Nə qəribə bir tale təcəllisi ki, yaratdığı gözəl qəhrəmanlar sevdiyi gözəl həyat yoldaşlarını özlərilə götürüb aparmışlar! Bu, qadın qısqanclığının bir təzahürüdürmü? Yoxsa Nizami sevgili qadınlarının xəyalını sənətinin qüdrətilə yaşatmaqmı istəmiş?! Buna, “bu gəlinlərin qüssəsilə kədərli ikən rumla rusun hekayəsini necə nəql edim?!…” – deyə özünə sual verən şair, “yaxşısı budur, dərdlərimi unudaraq bu dastanla könlümü xoş tutum!”95 – deyə özü cavab vermişdir.
İlk eşqinin yadigarı oğlu Məhəmmədi şair daim düşünmüş, bu “türk cocuğunu” candan gələn bir istəklə bəsləmişdir. Beş böyük əsərinin dördündə xüsusi şəkildə şairin öz “Məhmədciyi”nə xitab edən beytləri diqqəti cəlb edən düşüncə və duyğularla doludur.
Bir ata öyüd-nəsihətləri şəklində olan bu xitablar müdrik, bilici şairin kamil adam tipinin necə yetişə biləcəyi haqqındakı ən səmimi duyğularının tərcümanıdır. Çox isti bir istəyin məhsulu olan bu duyğuları ilə o, sevimli oğlunun xatirəsini də sevimli əsərlərilə birlikdə əbədiləşdirmişdir. Həqiqətən, şair öz oğlunu əsərlərindən biri kimi qəbul etmiş və onu kitablarına qardaş saymışdır96.
Öyüd və nəsihətlərində şair oğlunun mənəvi tərbiyəsi və cəmiyyətdə tutacağı mövqe ilə maraqlandığını yetərincə hiss etdirmişdir. Bununla yanaşı Nizami oğlunu həyatda maddi cəhətdən təmin etmək barədə də düşünmüşdür. O, “Leyli və Məcnun” poemasını Şirvan şahının sarayına oğlu Məhəmməd vasitəsilə göndərmiş və kitabın müqəddiməsində Şirvanın gənc vəliəhdinə yazdığı xitabın sətirlərində “öz əziz oğlunu dəyərli şahzadəyə əmanət vermiş” və eyham vasitəsilə ona dövlət idarəsində (divanda) bir iş verilməsini xahiş etmişdir. Bu xahişin nə ilə nəticələndiyi məlum olmasa da, bunun özü sevən bir atanın istəkli oğlunun müqəddəratı ilə axıra qədər məşğul olduğunu göstərmək baxımından əhəmiyyətlidir.
Səmərqəndli Dövlətşah, Lütf Əli bəy Azər və digər təzkirəçilərin qeydlərinə əsasən Nizaminin yalnız bir oğlu olmuşdur. Lakin hicri tarixi ilə VII əsrdə yazılmış “Lübabül-əlbab” təzkirəsinin müəllifi Məhəmməd Aufi, Nizaminin kiçik ikən ölmüş bir oğluna yazdığı bir mərsiyəni nəql etmişdir:
Cənnət gözəlləri ilə bir yastığa baş qoyan,
Yavrum, gözəl üzünlə məzara oldun rəvan.
Meyvəsini həyatın, yavrucuğum, dərmədin,
Vardın, cənnətlik oldun, cəhənnəmlik olmadın.
Ömür daha çəkmədi yanağına bir xət sənin,
Kim yazmışdı bu qəzanı başına biaman?
Torpaq gözümdən axan qanlı yaşla islansa,
Kimsəyə gəlməz qərib, ey mənim canımda can.
Su verməmək tarlaya necə mümkün olur ki,
Üzündəki səbzəlik torpaqda tutmuş məkan97.
Bu qeydə görə Nizaminin Məhəmməddən başqa daha bir oğlu olduğuna hökm etmək lazım gəlir. Lakin bu mərsiyənin ayrı bir gəncə yazıldığını iddia edənlər də vardır.
Öz arvadlarına bəslədiyi hissiyyat, oğlu Məhəmmədə göstərdiyi qayğı, ilgi və yuxarıdakı mərsiyəsi Nizaminin nə qədər qayğıkeş, həssas və şəfqətli ailə başçısı olduğunu göz önündə canlandırır. Tərcümeyi-halına aid qeydlərdən göründüyü kimi Nizaminin həyatı doğulduğu Gəncə şəhərində keçmiş, buradan tamamilə heç bir tərəfə ayrılmamışdır. Yalnız təzkirələrdə həmvətəni Xaqani Şirvani ilə birlikdə bir dəfə həccə getdiyi qeydinə təsadüf olunmaqdadır. Fəqət buna şübhə edənlər də vardır.
Nizami təvazökarlıq və qənaətə riayət edərək zahidanə sadə bir həyat tərzilə yaşamışdır. Təvazökarlıq Nizami həyatının ana xətti olmuşdur. Firdovsi məşhur “Şahnamə”sini Qəznə sarayında ona ayrılmış xüsusi otaqda min bir qayğı içində və ona vəd edilən qızıl üçün yazmış, sonra isə qələm haqqı üstündə əfsanəyə çevrilmiş davası ilə məşhur ikən Nizami bütün poemalarını Gəncədəki dərvişxanəsinin dörd divarı arasında kimsədən heç bir şey ummadan yazmışdır. Öz “ruzi”sini isə o, başqalarının “Əl süfrəsindən yox”, “ruzi paylayan Allahdan” gözləmişdir98.
Çəkingənliklə eyni qaynaqdan gələn gözütoxluluq da şairə məxsus bir fəzilətdir. Onun nəzərində hər bir adam yalnız öz gözütoxluğu ilə əsl böyüklüyünü tapır və yalnız xalqa möhtac olmadıqca azadlığın həqiqi zövqünü dadır. “Başqasının çörəyinin iti və ya süfrəsinin pişiyi” deyil, “öz əməyinin məhsulunu yeyən” və “işığını öz yağından alan”lara Nizami şəxsi təcrübəsinə əsaslanaraq dünya padşahlarının qulluq edəcəyini vəd edir99.
Nizami çağının başqa məddah şairlərindən fərqli olaraq hökmdar qapılarından çəkingən bir həyat tərzi yaşamışdır. Şair bu hərəkətinin hikmətini bizə belə izah edir:
“Padşahın verdiyi maaşı burax, bundan gələcək şey fənalıqla avaralıqdır. Padşahla oturub-durmaqdan çəkin, çünki bu, pambıqla odun münasibətinə bənzər. Od nə qədər parlaq olsa da, salamatlıq ondan uzaq durmaqdadır. Pərvanə şamın işığına can atır, fəqət ona yaxınlaşınca yanır”100.
Səmərqəndli Dövlətşah şairin bu fikirlərinin izi ilə gedərək Nizami ilə sultan Qızıl Arslan arasında keçən çox maraqlı bir hekayət söyləyir:
“Azərbaycanın qüdrətli və zəhmli padşahı atabəy Qızıl Arslan Nizamini görmək istəmiş və şairi yanına çağırtdırmışdır. Göndərdiyi adam şairin ibadətdə olduğu və heç kimsə ilə görüşmək istəmədiyi haqda padşaha xəbər gətirmiş. Sultan bu cəsarətli şeyxi şəxsən görmək istəmiş. Padşahın niyyəti haqqında xəbər tutan şair sultana öz əzəmətini göstərmək üçün kəramət göstərmiş, indiki terminlə desək, onu hipnoz etmişdir: Qızıl Arslan şairin yanına gəldikdə şahanə bir taxt üstündə oturmuş, ətrafında qullar, xidmətçilər, məmur və əsgərlərlə dolu əzəmətli başıtaclı bir şahla qarşılaşmış. Bu əzəmət qarşısında kiçilən sultan ehtiramla yerə əyilərək ona təzim etmək istəyərkən önündəki mənzərə dəyişmiş: padşah özünü sadə bir döşək üstündə oturmuş, qabağında qələm və mürəkkəb yazı ilə məşğul bir şeyxin qarşısında görmüşdür”.
Beləliklə, şair ilə şah arasında səmimi bir dostluq yaranmışdır. Bu hadisədən sonra “iki hökmdar” ara-sıra görüşməyə davam etmişlər.
Bu, şübhəsiz, bir əfsanədir. Lakin bu əfsanə Nizaminin müstəqilliyini və hökmdarlara qarşı laqeyd və onlardan asılı olmadığını göstərən böyük bir rəmz və simvoldur…
Nizami bu əsaslı fəzilətlərinə uyğun yüksək bir əxlaq sahibi olmuşdur. Dünyanın heç bir zaman boş qalmadığı qaba tiplərlə bədniyyətli adamlarından Nizaminin həddindən artıq çəkdiyi əziyyətlər onun şikayətnamələrindən aydın görünür. Lakin şair öz müasirləri kimi101 bu qabalıq və kobudluqlara şiddət və hiddətlə deyil, özünəməxsus yumşaqlıq və yaxşılıqla qarşı çıxmışdır. Təbiət etibarilə yumşaq və hamıya yaxşılıq diləyən şair ona pislik istəyənlərə belə pislikdən çəkinmişdir. Onun sözlərilə desək, o, pislik edərsə, “bu pislikdən mənəvi əzab çəkəcəyinə” əmin olmuşdur. Yaxşı olmaq, yaxşılıq etmək və yaxşılıqda qalmaq şairin həyatdakı əsas prinsipi olmuşdur. Kobudluq qarşılıqlı kobudluqla deyil, əksinə, yaxşılıqla aradan qaldırıla bilər. “Ömrünün sonuna qədər yaxşılıq edə bilsə” şair özünün “yaxşı adamların ziyarətgahı” olacağına inanmış və bu haqda yazmışdır.
Əsərlərində hamıya tövsiyə etdiyi: “Həvəs və nəfsə hakim olmaq lazımdır” prinsipinə ömrünün axırına qədər sadiq qalan bu Allah adamı öz “əlinin zəhməti” sayəsində ömrünü kasıb “dərviş əzəməti” ilə keçirmişdir.
Zəmanəsinin digər şairləri kimi Nizami saraylarda qulluq edib, padşahların arxasınca getməmişdir. Hökmdarların hüzuruna çox nadir və yalnız xüsusi surətdə çağırıldığı hallarda getmişdir.
Şairin yazmış olduğu qəsidələr o dövrün hakim və sultanlarına yaltaqlıqlarla dolu saray qəsidələrinə bənzəməz. Nizaminin qəsidələri, təzkirəçilərin yekdilliklə söylədikləri kimi sufilikdən, inziva və guşənişinlikdən, dünya nemətlərindən pəhriz etməkdən və hamının mənafeyi üçün çalışmağa çağıran öyüd-nəsihətlərdən ibarətdir. Başqalarına qayğı göstərmək (altruizm), “bacarırsansa, başqasının yükünü çək, yük çəkən birisini qurtarmaqdan daha yaxşı nə ola bilər?”². Nizaminin bu dedikləri onun təbiətinin ən xarakterik xüsusiyyətlərini təşkil edir.
Şair “Xosrov və Şirin” və “Yeddi gözəl” kimi saray həyatı ilə “çalğı” və “içki” məclislərinin incəliklərinə varıncaya qədər ən parlaq təsvirlərini verə bildiyi halda bu kimi eyş və işrət məclislərinə getməmiş, ömründə bir dəfə də olsun, ağzına “içki” almamış və ya öz ifadəsi ilə desək, o, dodağı ilə ətəyini şəraba bulaşdırmamışdır. Bunları həm şair özü poemalarında qeyd etmiş,102 həm də onun həyatı haqda məlumat verən təzkirəçi və alimlər bir ağızdan təsdiq etməkdədirlər.
“Ağıla düşmən olduğu üçün haram” hesab etdiyi şərabdan iyrənən şairə, əsərlərində gördüyümüz saqilərin böyük həvəs və şövq ilə qədəhlərə süzdükləri şərab əcəba hansıdır?
– Bu, şairin səmimi şərhinə görə haram olmayan, ağıla pozğunluq deyil, ancaq aydınlıq verən ilahi bir şərabdır – elə bir şərab ki, onun verdiyi sərxoşluq cazibəsi ilə şair özündən 800 il sonra belə oxucularını öz sənətinin cana hopan nəşəsi ilə “məstü bihuş” etməkdədir.
Nizami izzəti-nəfsinin yüksəkliyi ilə tanınmışdır. Özünü dərk etmiş bu həqiqi insan özünün dediyi kimi, “vücudunun xaricində yaşamaq sirrini” bilməklə qalmamış, eyni zamanda müasirlərinə özünə qarşı böyük bir ehtiram hissi təlqin etməyi bacarmışdır.
“İskəndərnamə”də şair öz vəziyyətini təsvir edərkən bilavasitə bildirir ki, o, “Allaha sığınmaqdan başqa bir qayğısı olmayan bir mütəfəkkirdir” və sonra özünü məşhur yunan filosofu Sokrata bənzədir. İnzivada (inziva – özünütəcrid, guşənişinlik – Ə.Q.) yaşayan şair ona göstərilən ehtiram və etibarın səbəbini yenə Sokratın cümləsi ilə şərh edir: “İnsanlar onlardan qaçanlara daha çox meyil edirlər”103.
Beş böyük məsnəvisindən birincisi – “Məxzənül-əsrar”ı (“Sirlər xəzinəsi”) Nizami hicri 559-cu ildə (miladi 1160) yazmışdır. Həmin tarixdə şair 20 yaşında olmuşdur104. “Məxzən” onun ilk əsəri deyildir. O vaxtlarda şair sufiyanə qəsidələri, qəzəlləri və başqa şerləri ilə artıq yaxşı tanınmış bir sənətkar idi. Qəzəllər öz dövründə hər yana yayılmış və bütün oxucular tərəfindən sevilmişdi. Azərbaycan atabəylərindən Qızıl Arslanın məclislərində xanəndələrin onun qəzəllərini oxuduqlarını şair özü qeyd etmişdir.
Son böyük əsəri “İskəndərnamə”ni Nizami hicrinin 597-ci ilində (miladi 1201-ci ildə) yazmışdır. Bu tarixdən dörd və ya beş il sonra təsvir etdiyi bütün qəhrəmanları kimi o da kədərli bir aqibətə uğramışdır. İskəndərin və onun ətrafındakı yunan filosoflarının ölümünü bir-bir təsvir edən həkim (filosof) şair öz ölümünü də təsəvvür etmiş və “onların yuxuya getdikləri kimi Nizami də uyudu” demişdir105. Altmış üç ilə yaxın ömrünün yarım əsrlik mühüm bir qismini sənət, hikmət və insanları düz yola hidayət etməyə sərf etmişdir. Nəhayət, öz sözlərilə söyləsək, 1204-cü ildə o, “müvəqqəti qəlibini tərk edərək əbədiyyətə qovuşmuşdur”106.
Beləcə, dünyanın ölməzləri sırasına keçən Nizaminin həyatında arzu etdiyi kimi sonuna qədər özünə sadiq qalan şəxsiyyəti irfan əhlinin mənəvi ziyarətgahı olmuşdur.
Şair hələ həyatda ikən həmvətənləri tərəfindən gördüyü misilsiz hörmət və məhəbbətin çox gözəl bir əfsanə şəklində sonrakı nəsillərə keçmiş olduğunu bilirik.
Nizamiyə bu simanı verən, onun yalnız böyük bir şair deyil, eyni zamanda xalq üçün çalışan, vətən üçün yanan idealist bir mücahid və cəmiyyət adamı olmasıdır.
II
ŞAİRİN AZƏRBAYCAN HÖKMDARLARI İLƏ MÜNASİBƏTLƏRİ
Qızıl Arslanla görüşmələrindən:
Girib dərgaha qasid, ərzə gəldi,
Dedi: “şahım, nəhr dəryaya gəldi”.
Nizami
1.
Nizami “Pənc gənc” (“Beş xəzinə”) adlandırdığı beş məsnəvisini öz müasirləri olmuş hökmdarların adları ilə bağlamışdır. Bu münasibətlə onların özlərilə ya yazışmaq, ya da görüşmək vasitəsilə ilə təmasda olmuşdur. O, dolayısı ilə də onlardan söz açmış və mədhiyyələr yazmışdır.
Şairin bilavasitə mədh etdiyi sülalə, dövrlərində yaşamış olduğu Azərbaycan atabəyləridir. İki böyük əsərini (“Xosrov və Şirin” ilə “İskəndərnamə”ni) şair atabəylərə ithaf etmişdir.
Həyatı ilə sıx bağlı olduğu üçün burada şairin əsərlərindəki ithaflar üzərində bir az dayanmağımız lazımdır:
Nizami ilk məsnəvisi “Məxzənül-əsrar”ı şair Sənainin Qəznəvilər sülaləsindən olan Bəhram şahın adına yazdığı “Hədiqətül-əsrar”a bənzədərək yazmış və eyni adı daşıyan Ərzincan hökmdarı Fəxrəddin Bəhramşah Mənküçəkə 107 ithaf etmişdir. Kitabı Bəhramşaha təqdim etmək üçün Nizami şəxsən özü Ərzincana getmək istəmişsə də, o zamankı qoşun hərəkətləri ucbatından məqsədinə nail olmamışdır, çünki “yollar bağlanmışdı”. Buna görə şair yalnız kitabın göndərilməsilə kifayətlənmişdir. Öz əsərini göndərərkən Nizami Ərzincan sarayının şaha yaxın şairlərlə əhatə olunduğunu bilirdi, lakin onlara üstün gələcəyinə də əmin idi. “Rumu alan və Abxaziyanı fəth edən” Bəhram şaha müraciət edərək şair deyir: “Onlar, yəni Ərzincan şairləri Nizaminin qabağında hesab verəcək kimsələrdir”. O, özünü “sözdən düzəldilmiş qılınc sahibi” adlandırır və “qarşısına çıxanların başlarını kəsəcək” – deyə öyünür108.
Şairin ikinci böyük əsəri “Xosrov və Şirin”dir. İthaf və mədhiyyələri baxımından bunun diqqəti cəlb edən orijinallığı vardır. Əsər, əslində, o dövrün həqiqi sahibi və hökmdarı Azərbaycan atabəylərinin ikincisi olan Şəmsəddin Məhəmməd Cahan-Pəhləvanın adına yazılmışdır. Lakin o zaman İran Səlcuqlarının sonuncusu Toğrul ismən (nominal şəkildə – red.) hələ sultanlıq rütbəsini daşıdığı üçün kitab da rəsmən onun adına ithaf olunmuşdur. Bu ithaflarda hər nə qədər sultan Toğrula “Sultan” və atabəy Məhəmmədə “Naibe-sultan” deyilirsə də, məqsədin ifadəsinə gəlincə əsl sultanın kim olduğu meydana çıxır. “Pənahe-mülk” ilə “xodavənde-cəhan” olan “sultane-adil”dən şairin istədiyi yalnız “şahənşahlar başçısı” olub, “dünyanı zülmdən qurtarmış” böyük atabəyə tövsiyədən ibarətdir. Həmin atabəyə ki onun kimi qüdrətli ikinci adamı analar doğmayıb; “Həbəşdən Çinə qədər bütün ölkələr bu dövlət xadiminin üzünə açılır; İraqda badə qaldırarkən, Rum ilə Şama qorxu salan bu adamın Abxaz ilə Dərbənd ovlağıdır; Xarəzm ilə Səmərqəndə hücum edən, Gəncədən Xuzistana qədər fəth edən və Ümmandan İsfahanadək at çapan da odur”.
Nizami “duaçı”sı olduğu bu qəhrəmanın düşmənlərini qarşılayaraq deyir:
Bir şey onunca deyilsə məqsud,
Od tutub yansın, olsa da gər ud.
Dünyada hər kəs ona qabarsa,
Suda boğulsun şəkər də olsa;
Hər kəs qəlbini onun daraltsa,
Yerə batsın o, xəzinə olsa.
Toz qondurarsa ona bir könül
Solub tökülsün, olsa da bir gül109.
Çox canlı və mübaliğəli mədhiyyəsinin yuxarıda gətirdiyimiz beytlərindən də göründüyü kimi Nizaminin gözündə Şəmsəddin Məhəmməd sadə bir atabəy və sultan naibi deyildir: “fəth-i şahi ilə ovn-i İlahi”yə nail və layiq olan bu adam səltənətin sığınacağı, “Xilafətin dayağı”dır. Bu, klassik Şərq ədəbiyyatının məşhur bir təşbihi ilə “İkinci Fəridun” və “Cəmşid-e cani”dir. Hətta onlardan da yüksəkdir, çünki “onların taxt və tacları var idisə”, bunun “möhtaclara tac bağışlaması” vardır. “Hər xosrovun (yəni padşahın) yanında bir pəhləvan olursa”, bu özü “həm pəhləvan, həm də xosrovdur”.
Atabəy Məhəmmədin xatiri bir də “şahlar şahı atabəy Şəmsəddin Eldənizin (Eldəgizin) vəliəhdi” olmaqla əzizdir, çünki Nizami özünü bu “bağçanın”, yəni Eldənizlər sülaləsinin “ilk quşu” (bülbülü), yəni şairi hesab etmişdir.
Nizami eyni əsərində Atabəy Məhəmmədlə bərabər onun vəliəhdi olan və ondan sonra Azərbaycan taxtına çıxmış qardaşı Osman Qızıl Arslanı da mədh etmişdir. Daha doğrusu, əvvəlcə sultan Toğrul ilə Atabəy Məhəmmədə ithaf olunan əsərinin müqəddiməsində qardaşının vəliəhdi kimi mədh edilmiş Qızıl Arslanın adına poemanın sonunda da uzun bir “xatimə” həsr olunmuşdur. Bu mədhiyyəyə görə “Qızıl Arslan Şərqin padşahı, Qərbin isə pənahıdır. O, istəsə Çindən xərac, Rumdan isə cizyə alar. Əgər Hindistanın fəthinə varsa, oranı qaralardan təmizlər”. Əsərin digər bir yerində şair lütfünü gördüyü bu qüdrətli sultanın öldürülməsindən duymuş olduğu kədəri nəzmə çəkmişdir. “Abi-həyatı dadmayan Zülqərneyn kimi gəncliyinin meyvəsini yemədən bir düşmən yarası ilə şəhid olan” bu padşahın xatirəsini əziz tutub ağlamışdır110.
Lakin şair bağlı olduğu sülalənin hakimiyyətdə qalması ilə təsəlli tapır: “O öldüsə, Məhəmməd oğlu Əbubəkr sağ olsun” deyir. Necə ki Eldənizlərin bu ziyalı nümayəndəsinə Nizami özünün ən böyük poeması olan “İskəndərnamə”ni ithaf etmişdir.
Üçüncü məsnəvisi olan “Leyli və Məcnun”u şair Şirvanşah Mənuçöhrün oğlu Axsitanın sifarişilə yazmış və onun adı ilə bağlamışdır.
Şirvanşahlar Şimali Azərbaycanda yerli bir sülalə olub, hökmdarlıqları bəzən mərkəzi Gəncə olan Arran vilayətinə, hətta Araz çayının cənubunda Təbriz və onun ətrafına belə şamil olmuş, bəzən də Cənubi Azərbaycanda yüksələn hökmdarlara, məsələn, Azərbaycan atabəylərinə tabe bir vəziyyətdə olmuşlar. Bunlar şərqdə örnəkləri görünmüş olduğu kimi öz nəsillərinin qədimliyini göstərmək üçün özlərini İran Kəyanilərinə bağlayırdılar. Nizami də buna uyğun olaraq Məlik Mənuçöhrün “Bəhram nəslindən və Adəmdən bəri şah oğlu şah olduğundan” bəhs etmişdir. Bundan başqa şair Axsitanın “Əbül-Müzəffər” (yəni “Zəfər, qalibiyyət atası”) olduğunu bildirərək elm və irfan adamlarına hamilik etdiyini də alqışlarla yad eyləmişdir111.
Ümumiyyətlə, Şirvanşahlar sülaləsindən olan bu adlı-sanlı Azərbaycan hökmdarının bütün maddi-mənəvi məziyyətləri ilə parlaq portreti Nizaminin poemasında verilmişdir.
Şairin “Həft peykər” adlı dördüncü məsnəvisi Marağa hakimi Ağsonqurlar nəslindən Əlaəddin Körp (Körpə) Arslanın xahişi ilə yazılmış və ona da ithaf olunmuşdur. Bu şəxs şairin şeirlərində qüdrətli bir hökmdar, “tac bəxş edən və bac alan bir “xosrov”dur. “Ölkələr alan bu Arslan tac və taxt etibarilə Alp Arslandan daha üstündür. Ağsonqur nəsli onunla ucalıb”112.
Beşinci məsnəvi – “İskəndərnamə” yuxarıda qeyd olunduğu kimi Azərbaycan padşahlarından Atabəy Nüsrətəddin Əbubəkrə ithaf olunmuşdur. Bu hökmdar atabəylərdən şairin şəxsən çox sevdiyi Məhəmməd Cahan Pəhləvanın oğludur. Əmisi Qızıl Arslan öldürüldükdən sonra Azərbaycan taxtına çıxmış və nisbətən uzun sürən hakimiyyəti nisbi bir rahatlıq içində keçmişdir. Bizə rast gəlmiş bir qeydə görə Əbubəkrin özü də şair imiş və “Bişkin” təxəllüsünü daşıyırmış113. Eyni zamanda bu padşah elm, irfan və ədəbiyyatın da hamisi imiş. Nizaminin Əbubəkrə həsr etdiyi sətirlərdə onun atası ilə əmisinə bəslədiyi coşqun məhəbbət hiss edilməkdədir. Əbubəkrin ədəbiyyat həvəskarı və hamisi olduğu da şair tərəfindən ayrıca qeyd edilmişdir. Nizaminin fikrinə görə, “başqaları insandırsa, atabəy Əbubəkr tam bir insanlıqdır”114. “İrəm bağından uçmuş bülbül” – Nizami öz “aramgahını” bu “insanlıq bağında” tapmış və onun “dövründə bəstələdiyi nəğmələrlə adının illərcə yaşamasını təmin etmişdir”.
Şairin dördüncü atabəyi mədh etdiyi şeirlər rəsmi ithaf çərçivəsindən çıxaraq səmimi hissiyyat və böyük sevgini tərənnüm edir. İskəndərin fəzilət və qəhrəmanlıqlarını təsvir edən bir mətnin içərisində şair bəzən etdiyi kimi aktual məsələlərə keçərək bir neçə beytlə dövrünün hökmdarına müraciət edir. Bu xitabında Atabəyə bəslədiyi sevgisi ilə coşub: “O ulduz batdı isə, sən çıxdın”, “Sənin padşahlığın əbədi olsun!” – deyə xeyir-dua edib, “şah Axsitandan sonra bu gülüstanda Əbu-Bəkrin çiçəkləndiyini” və özünü (yəni şairi) ondan (yəni Axsitandan) daha yüksək tutaraq “şah bağının heç bir zaman üzünə bağlanmadığını” təşəkkürlə bildirir115.
“İskəndərnamə”nin ikinci hissəsini təşkil edən “İqbalnamə”də əsərin Mosul atabəylərindən İzzəddin Məsud adına bir ithaf görülməkdədir. Bu barədə əlimizdəki qaynaqlarda üç cür rəylə qarşılaşırıq.
Birinci rəy “Ensyclopedie de l’İslam”da “Nizami” məqaləsini yazan Y.Bertelsindir. Onun mülahizəsinə görə “İskəndərnamə” ilk dəfə həmin adama ithaf olunub, lakin sonralar ithafın mətni dəyişdirilmiş, nüsxəsi Atabəy Əbubəkrə təqdim edilmişdir.
İkinci rəy əlimizdəki “Xəmsə”nin hicrinin 1313-cü ilində Şirazda çap edilmiş kitabın müqəddiməsinin müəllifinə aiddir. Həmin müəllif yuxarıdakı fərziyyəni yerli-dibli rədd edir. Şirazlı naşir “İzzəddin Məsud fəsli”nin sonralar mətnə əlavə edildiyini söyləyir. O, bu iddiasına poemanın lap əvvəlində “Məlik Nüsrətəddindən bəhs edildiyini” dəlil gətirir.
Üçüncü mülahizə isə Vəhid Dəstgirdinindir. Bu mülahizəyə görə “İskəndərnamə” bir deyil, iki kitabdan – “Şərəfnamə” və “İqbalnamə”dən ibarətdir. Birinci kitab Əbubəkrə, ikinci kitab isə İzzəddin Məsuda ithaf olunmuşdur. “İqbalnamə”nin bəzi nüsxələrində Nüsrətəddindən bəhs edən sətirlər “ilhaqi” – sonradan artırmadır.
Əlimizdəki nüsxənin tədqiqi nəticəsində şirazlı naşirin rəyinə biz də şərik oluruq. Xüsusən, İzzəddin üçün yazılmış beytlərin ifadə tərzi Nizami üslubuna tamamilə uyğun deyil. Bundan başqa Əbubəkrə həsr edilmiş fəsildəki bir çox beytlər qismən eynilə, qismən də qəribə bir dəyişikliklərlə təkrar olunur. Bunu hər halda “söz xaliqi” olan bir şairin edə biləcəyini düşünmək qətiyyən mümkün deyildir. Məsələn, Azərbaycan atabəyinə həsr olunmuş ilk müqəddimədəki:
Tərəfdare məğrib bemərdanəki
Qıdırxan-e məşriq be fərzanəki.
(Məğribin tərəfdarıdır öz mərdliyi ilə,
Məşriqin Qıdırxanıdır öz müdrikliyi ilə – red.)
beyti Mosul Atabəyi İzzəddin üçün yazılmış fəsildə aşağıdakı şəkli almışdır:
Tərəfdar-e Musil befərzanəki
Qıdırxan-e şahan bemərdanəki.
(Mosulun tərəfdarıdır öz müdrikliyi ilə,
Şahların Qıdırxanıdır öz mərdliyi ilə – red.)
Başqa misal:
Şəhənra ze rəsmi ke ayin bovəd,
Kəlid ahənin, gənc zərrin bovəd.
(Qanuna çevrilmiş adətə görə,
Şahların kilidi dəmirdən, xəzinələri qızıldan olur – red.)
Beytin o biri variantı:
Ze şokr-e vey ənam əfzun bovəd
Kəlid ahənin, qofl zər çon bovəd.
(Ona təşəkkür ənamını artırır,
Necə ola bilər ki, açar dəmirdən, qıfıl qızıldan olsun? – red.)
Belə bir şəklə düşmüş beytin Nizami sözlərinə bənzəmədiyini fars dilini bir az bilən hər bir adam o dəqiqə hiss edə bilər.
Başqa misal:
Səlah-e cəhan aməd an şəb pədid,
Ke əz madər in sobh-e sadiq dəmid.
(Dünyanın işləri o gecə düzəldi ki,
Bu işıqlı sübh anadan oldu – red.)
Bu beyt İzzəddinə ithaf variantında aşağıdakı eybəcər şəklə düşmüşdür:
Səlah-e sitəm an şəb aməd pədid,
Ke əz moukəb an sobh-e sadiq dəmid.
(Zülmün işləri o vaxt düzəldi ki,
Moukebdən bu işıqlı sübh açıldı – red.)
İki ayrı hökmdara müraciətdəki misralardakı oxşarlığı hətta birinə ithaf olunmuş (“Əgər digəran k-əslişan adəmist, həme mərdomənd u həme adəmist”) beytin o birisinin mədhiyyəsində olduğu kimi təkrarlanmasını nəzərə alsaq, heç şübhə yoxdur ki, şirazlı naşir haqlıdır. Belə əcaib yazını və ya bu şəkildə şeirlərin məzmun və formasının dəyişdirilməsini möhtəşəm söz sənətkarına mənsub etmək onun xatirəsinə qarşı böyük hörmətsizlik olardı.
Dünya müharibəsinə görə Avropanın ümumi kitabxanalarında saxlanılan qədim əlyazmalarını görmək olmadı, çünki nadir nüsxələri hava bombardmanından xilas etmək üçün xüsusi sığınacaqlara köçürmüşdülər. Bununla bərabər Mehmet Məhərrəmin Parisdə satın aldığı XIV əsrə aid bir əlyazmanı araşdıra bildik. Burada İzzəddin adına yazılmış heç bir ithaf yoxdur. Şirazlı naşirin rəyi bu fakt ilə də qüvvətlənmiş olur.
Vəhid Dəstgirdinin “Şərəfnamə” ilə “İqbalnamə”nin ayrı-ayrı müstəqil əsərlər olmaları barədə iddiası da qüvvətli deyildir, çünki Nizami özü “Pənc gənc”i təşkil edən məsnəvilərini sayarkən “İskəndərnamə”dən yalnız bir vahid əsər kimi söz açmışdır. O, “Şərəfnamə”nin müqəddiməsindəki mündəricatını açarkən İskəndərin həm dövlət xadimliyindən, həm də həkimlik və peyğəmbərliyindən bəhs edəcəyini açıqca elan etmişdir. Deməli, bildiyimiz kimi bu proqram “İskəndərnamə”nin, yəni bu əsərin iki hissəsində həyata keçirilmişdir116.
Başqa bir fakt “İskəndərnamə”, “Şərəfnamə” hissəsində şairin qeydinə görə hicrinin 593-cü ilində (miladi 1199) yazılmışdır. Bizə dəqiq məlumdur ki, kitab şairin həyatının son günlərində tamamlanmışdır. Buna güzgüyə baxıb, “görəsən əsərimi bitirə biləcəyəmmi?” – deyərək öz zəiflik və qocalığından şikayət edən şairin özü də işarə etmişdir117. 1199-cu ildən sonra bitirdiyi bir əsəri Nizami Mosul atabəylərindən I Məsuda həsr edə bilməzdi, çünki həmin şəxs 1193-cü ildən sonra artıq şah deyildi. Kitab onun dövründən ən azı altı il sonra yazılmışdı. Poema II Məsuda da ithaf oluna bilməzdi, çünki 1204-cü ildə ölən bir şairlə 1211-ci ildə taxta çıxan hökmdar arasında bir əlaqə və münasibət ola bilməsini təsəvvür etmək heç cür mümkün deyildir. Deməli, “İskəndərnamə”nin hər iki hissəsi yalnız 1191-ci ildən 1210-cu ilə qədər hakimiyyət başında olan Azərbaycan Atabəyi Nüsrətəddin Əbubəkrə ithaf olunmuşdur118.
“İskəndərnamə”nin Mosul Atabəylərindən İzzəddin Məsuda deyil, Azərbaycan Atabəyi Nüsrətəddinə həsr olunduğunu təsdiq edən bir dəlil də vardır. “Dastanın təzələnməsi haqqında” (“Dər taze kərdən-e in dastan”) fəslində şair: “Qızıl Arslanın ölümündən sonra söz yaratmaq necə mümkün ola bilər? Bəlkə, sən şahın lütfü yardım edərək mənə yenidən söz söyləmək imkanı verə”119 – deyərək təriflədiyi adama müraciət edir. Bir az aşağıda isə həmin şəxsin “həm comərd, həm də söz sahibi” olduğundan bəhs edir120. Kitab İzzəddinə yazılmış olsaydı, başqa bir sülalə nümayəndəsi olan bu hökmdara qarşı şairin Eldənizlərdən bir hökmdarın ölümündən yana-yana söz salması yersiz olardı. Əksinə, ölənin qardaşı oğluna və taxtına varisi və səltənət vəliəhdinə qarşı belə bir müraciət etməsi tamamilə öz yerinə düşür. Beləcə, “Şərəfnamə”nin müqəddiməsində də Qızıl Arslanın ruhu rəhmətlə anılmışdır. Bundan başqa “həm comərd, həm də söz sahibi” olmaq tərifinə layiq olan şəxs də eyni zamanda şair olan atabəy Əbubəkrdir.
İzzəddin adına yazılan ithafın şübhəli olmasının bir dəlili də V.Dəstgirdi nəşrində mövcud olan təzaddır: “Şərəfnamə”nin bir yerində Nizami (bu faktı ingilis şərqşünası E.Broun da qeyd etmişdir) “Bişkin” təxəllüsünü daşıyan Əbubəkrə müraciət edərək bu beyti yazmışdır:
Moxalef pəsəndiş u pişbin,
Bədəndiş kəmmehr-o u Bişkin.
(Müxalif sonradan, o isə öncədən düşünür,
Düşmən amansız, o isə Bişkindir).
V.Dəstgirdi bu beyti şərh edərkən “Bişkin” Atabəy Nüsrətəddinin bir “ünvanıdır” (daha doğrusu “ləqəbi”) deyir və “necə ki şair “İqbalnamə”də də həmin ləqəbi işlədir” – qeydini əlavə edir. “İqbalnamə”də isə bu ünvan Atabəy İzzəddin üçün də təkrar edilir və “bişkin”, “pişkin” şəklini alaraq “əslində, “Key-pişkin” ikən sonralar “pişkin” olmuşdur” – deyə izah edilir.
İki şahın eyni ünvanı daşıdıqlarını təsəvvür etmək çətindir. “Bişkin” və ya “Pişkin”in türk sözləri olduğu göz qabağındadır. Nizaminin də şəxsən qeyd etdiyi kimi şeir və ədəbiyyatdan nəsibsiz olmayan Əbubəkrin “ləqəbi” deyil, təxəllüsü olmalıdır. “İskəndərnamə”nin iki hissədən ibarət bir kitab olub, Nüsrətəddin Əbu-Bəkrin adına yazıldığını “Məcalisül-üns”ə əsaslanaraq M.Ə.Tərbiyət də öz kitabı “Daneşməndan-e Azərbaycan”da qeyd edir.
2.
Nizami təvazökar həyatını öz əməyinin qazancı ilə təmin etmişdir. Şübhəsiz, bu “qazanc” o dövrlərdə dəb olduğu kimi şairin ithaf və təqdim etdiyi əsərlərə müqabil aldığı “mükafat” və “hədiyyə”lərdən ibarət olmuşdur. Şairə aid məlumatlar arasında bu qəbildən olan iki xəbər mühüm yer tutur.
Bunlardan birincisi, “Məxzənül-əsrar”ın müqabilində Ərzincan hökmdarı Fəxrəddin Bəhramşah şairə 5000 qızıl dinar və beş-yeddi seçmə qatır göndərmişdir. Bu xəbər bütün qaynaqlarda qeyd olunmuşdur.
İkinci xəbərin məzmununu təşkil edən hadisəni şair özü “Xosrov və Şirin” poemasının sonuna Qızıl Arslanın qətlindən sonra əlavə etdiyi xatirədə təfsilatı ilə şərh etmişdir. Bu təfsilata görə daha əvvəllər Atabəy Məhəmməd sağ ikən öz şəxsi əmlakından iki kəndin şairə verilməsini əmr etmişdir. Atabəy ölərkən “hamı ziyana uğradığı kimi şair də ziyan çəkmişdir”. Qardaşı Məhəmməddən sonra Qızıl Arslan şairi şəxsən öz yanına dəvət etmiş, ona sonsuz dərəcədə hörmət, mərhəmət göstərmiş və onun çəkdiyi “ziyan”dan xəbər tutaraq öz şəxsi mülklərindən “Həmdanian” kəndinin fərmanını (sicillini) Nizaminin adına yazdırmışdır. İkinci kənd haqqında isə zarafatla demişdir: “O barədə şahzadələrlə özün dil taparsan”121.
Həmdanian kəndinin önəmsiz və gəlir baxımından dəyərsiz bir şey olduğunu dövrümüzün bəzi tədqiqatçıları irəli sürmüşlər. Padşahın bu hədiyyəsinin Nizaminin əsərinə layiq olmadığını söyləyənlər, təbii ki, o zamanlarda da az olmamışdır. Şair bu kimi sözbazları yad etdiyi xatirələrində anaraq onları “bəlli paxıllar” saymış, “verən məmnun, alan isə şad ikən füzullara nə qalmış?” deyərək dedi-qoduya son qoymuşdur. Şirvanşah Axsitanın arzu və sifarişinə görə yazdığı “Leyli və Məcnun” poemasının müqabilində Nizamiyə nə verildiyini bilmiriksə də, şairin şahdan məmnun qaldığını atabəy Əbubəkrə yazdığı müqayisəli beytlərdən anlayırıq. İşi başqa cürə də təsəvvür etmək olmaz. Nizami kimi böyük ustadı belə fikrə daldıran, qorxudan bu çətin və işlənməmiş mövzu122 əsasında misilsiz bir uğurla möhtəşəm bir sənət əsəri yaradan şairə “yüksək şeirin nə olduğunu bilən və öz əsil-nəcabəti ilə öyünən” Axsitan necə laqeydlik göstərə bilərdi? Belə bir şey baş versəydi, şah özünü şairə yazdığı məktubunda ikrahla işarə etdiyi sultan Mahmud Qəznəvinin vəziyyətinə salmış olardı. Belə bir şeyə isə heç bir işarə yoxdur. Başqa cür olsaydı, şairin yuxarıda qeyd etdiyimiz təşəkkürünü şirvanşah necə qazana bilərdi? Qapısında Xaqani və Fələki kimi kəskin qələmli şairlər durarkən, mövzusunu Gəncədə öz guşəsinə çəkilmiş ustad sənətkara əmanət etməsini bilən diqqətli şirvanşahın belə diqqətsizlik edəcəyini kim ehtimal edə bilər?!
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?