Текст книги "Azərbaycan şairi Nizami"
Автор книги: Məhəmməd Əmin Rəsulzadə
Жанр: Современная зарубежная литература, Современная проза
сообщить о неприемлемом содержимом
Текущая страница: 4 (всего у книги 19 страниц) [доступный отрывок для чтения: 6 страниц]
Hər halda Tanrıya müraciət edərək “Xəyalındakı ruzisini Məhəmməd amallı padşahdan” diləyən123 şairin xəyalında tutduqlarının həyata keçdiyinə və uğursuzluğa məruz qalmadığına heç kim şübhə edə bilməz. Bu qənaəti Füzulinin:
“Bulmuşdu səfayi-dil Nizami,
Şirvan şahına düşüb girami” –
beyti də qüvvətləndirir.
Marağa hökmdarı Ağsonqurlu Körp (Körpə) Arslana ithaf etdiyi “Həft peykər”in də mükafatsız qalmadığını ehtimal etmək olar.
Atabəylərin dördüncüsü olan Nüsrətəddin Əbubəkrdən də “İskəndərnamə” üçün “qələm hədiyyəsi” alıb-almaması, ümumiyyətlə, heç bir yerdə qeyd olunmamışdır. Bununla bərabər özü şair olub və Nizami tərəfindən maarifpərvərliyi təsdiq edilən dördüncü atabəyin “sülalə gülüstanının ilk və seçilmiş bülbülünə” qarşı laqeydlik göstərilməsini xəyal etmək haqsızlıq olar. Dediklərimizi şairin şəxsən həmin hökmdara (“İskəndərnamə”nin birinci hissəsi olan “Şərəfnamə”də) həsr etdiyi beytlər təsdiq edir. Bu beytlərdə yuxarıda qeyd etdiyimiz kimi şair Atabəy Nüsrətəddin Əbubəkrə müraciət edərək deyir: “Şirvanşah Axsitan məni nemətlər içində bəsləyib, yerdən göylərə qaldırdı isə, sən məni ondan daha yaxşı və yüksək tutdun”. Bu beytlərlə şairin Axsitandan olduğu kimi Atabəy Nüsrətəddindən də qələm haqqı aldığına tərəddüdsüz inana bilərik.
Həmvətənimiz Mehmet Məhərrəmin Parisdə satın aldığı “Xəmsə”nin XIV əsrə aid əlyazmasını bu mülahizələri yazandan xeyli sonra gördük. Burada “İqbalnamə”nin “Xateme-ye kitab” fəslində çaplarda görmədiyimiz bir təfsilata rast gəldik. Bu təfsilata görə əsərdən son dərəcə məmnun qalan Nüsrətəddin Əbubəkr əvvəlcə qərarlanmış xalis əyarlı 1000 qızılı dərhal Nizamiyə vermiş və bundan başqa minik atları, ipək, qumaş və sairədən ibarət on cürə yüksək qiymətli şeylərlə bərabər şahanə bir xələt də bəxş etmiş və əlavə olaraq divandan (dövlət idarəsindən) şairə 200 qızıl miqdarında124 illik maaş təyin edilməsi barədə xüsusi fərman vermişdir125.
3.
Yuxarıdakı ehtimallarla bərabər heç şübhə yoxdur ki, şair həyatını olduqca sadə və təvazökarlıqla keçirmişdir. Bu həyat tərzi bir tərəfdən onun daxili aləmindən gələn “az yemək, çox bağışlamaq” prinsipindən doğan zöhd (asketizm – red.) ilə izah edilə bilərsə, o biri tərəfdən isə o zamankı həyat şəraitilə bağlıdır.
Şairin yaşayışına aid bu gün üçün alışdığımız “reportaj” qıtlığı kimi o zamanın “qələm haqqı” da bugünkü Avropa və Amerika sənətkarlarının qazandıqları milyonlarla müqayisə edilə bilməz.
Nizaminin maddi baxımdan təmin olunub və səs-küysüz bir həyat keçirdiyi mübahisə mövzusu olsa da, müasirləri arasında böyük mənəvi ehtiram və nüfuz sahibi olduğu heç bir şübhə doğurmur. O, hələ həyatda və nisbətən gənc ikən üzü köçürülən əsərləri əldən-ələ keçərək Gəncədən İslam dünyasının hər tərəfinə yayılmışdı. Belə böyük bir adam zəmanə hökmdarlarının qapılarını çox nadir hallarda açdığına baxmayaraq onların, xüsusən, Atabəylər sülaləsinin özünə qarşı çox böyük hörmətlərini görmüşdür. Özünün bir müqayisəsinə görə, Sokrat kimi çəkingən olan həkim sənətkar onun qədər də sevilmiş və axtarılmışdır.
Ona bəslənən ehtiram və etibarın nə dərəcədə olduğunu şairin yuxarıda haqqında danışdığımız bir xatirəsindən anlaya bilərik: Azərbaycanın ən zəhmətkeş padşahı sultan Qızıl Arslan yanına çağırdığı şairin gəldiyindən xəbər tutarkən eyş-işrətlə məşğul imiş. “Kef məclisi” qurulub, saqilər şərab tökür, xanəndələr oxuyur, sazəndələr çalır, rəqqasələr də oynayırlarmış. Şairin hamıya məlum olan zahidliyinə (möminliyinə) hörmət əlaməti olaraq bütün məclis bir anda dayandırılmışdır. Nizami içəri girərkən padşah ayağa qalxmış və qonağını həyəcanla qarşılamışdır. Onlar qucaqlaşmış və Qızıl Arslan Nizamini min bir rica ilə başda oturdaraq saqilərlə mütribləri buraxmış və “bu gün ancaq Nizami ilə görüşəcəyəm, çünki onun söhbəti meydən daha nəşəli və neydən daha ahənglidir”, – demişdir.
Şair ona göstərilən bu diqqət və ehtiramdan son dərəcədə razı qaldığını bildirərək yazır: “Bundan sonra padşahın yanında olanda hamı ayaq üstə durarkən mən oturardım”. Nizami padşahın hüzurundan “meracdan dönən Əhməd (Məhəmməd peyğəmbər) kimi qayıtmış və bu hadisəni öz xatirələrində xüsusi olaraq yad etmişdir126.
Özü ilə çağdaş olan qələm yoldaşlarına az və ya heç qismət olmayan hörmət və etinanı Nizami öz vüqarı və çəkingənliyi ilə əldə etmişdir.
Şairin saray qapılarına çox nadir hallarda getdiyinin bir dəlilini də onun ikinci Atabəy Məhəmməd Cahan Pəhləvana yazdığı mədhiyyədə görürük. Atabəyə öz əsəri “Xosrov və Şirin”i gətirən şair sarayda yaşamadığına bəraət qazandırmaq üçün, “Gec gəldimsə də, arslan kimi gəldim”127, – deyir və “Evdə otursam da, sənin duaçınam” – deyə üzrxahlıq edir.
Yüksək izzəti-nəfs sahibi olan şair, həyatda öz tarixi mövqeyində durmağı bacarmış, heç bir zaman heç kəsin önündə kiçilməmişdir. Hökmdarlara müraciətlərində, hətta mədhiyyə yazıb bir şey xahiş edərkən özünü onlarla bərabər tutmuş, mənəvi aləmi ona daxildən verdiyi qüvvəyə arxalanıb təriflədiyi tacdarlara ata kimi öyüd-nəsihət vermiş, onları düz yola çağırmışdır. Məsələn, “Leyli və Məcnun” poemasının müqəddiməsində Şirvanşah Axsitana verdiyi öyüd-nəsihətlər bizim iddiamızın bir dəlilidir. Bu “Nəsihətnamə”sində şair padşaha müraciət edərək ondan bir neçə məsləhət dinləməsini rica edib belə kəskin nəsihətlər verir: “Qüdrətli ol, ancaq təmkinini əldən buraxma! Şərab iç, amma sərxoş olma! İkiüzlüləri yaxına buraxma! Xalqın etimadını qazanmaq üçün verdiyin sözü yerinə yetir! Ürəyin tutmadığı adamlara inanma! Öz düşmənini kiçik görmə! Vuracağını kökündən vur, tutacağını isə alçaltma!”
Tələbkar izzəti-nəfsini dərin bir təvazökarlıqla həkimanə bir surətdə birləşdirdiyini bilən ustad öz mədhiyyələrində işlətdiyi təşbih və müqayisələrdə belə öz həyat prinsipinə sadiq qalmışdır. Məsələn, padşahı dənizə bənzədərkən özünü onun yanına gedən çaya tay tutur.128 Padşahın bağı “cənnət” isə, o da bir “cənnət quşu”dur. Padşah “Ay” isə, o da “Ütarid” ulduzudur129. Şah dünyanın hökmdarı isə o da sözün sultanıdır. O, savaş meydanının pəhləvanı isə, bu da məna və sözün qəhrəmanıdır – elə bir “söz” ki, “yaradılış pərdəsi açılarkən səhnəyə ilk çıxan o olmuşdur”130. Allahın hüzuruna çıxmaq haqqı, Nizamiyə görə, əvvəl peyğəmbərlərə, sonra da şairlərə verilmişdir131. Göylər qədər uca olan şair bəzən bu haqqından keçən kimi görünürsə də, həqiqətdə o, “başımızın üstündəki üfüqün, eyni zamanda yerə qovuşmasına”132 bənzər.
III
ÖZ GÖZÜ İLƏ NİZAMİ
Hər kəs için birər inci işlədim,
Özümə də bir qəsidə söylədim.
Nizami
Bu beytdə “özüm” dedikdə şair ədəbi və mənəvi mənliyini nəzərdə tutur. “İskəndərnamə”də Allaha yalvararkən “can” adlandırdığı bu mənliyi böyük bir hikmətlə ifadə etmişdir. Vücudunun çürüyüb torpağa çevriləcəyini bilən həkim sənətkar özünü əbədiləşdirmək ümidilə “can”ını öz nəzmindən olan bir qəlibə qoyaraq demişdir: “Ey Tanrı, Sənin əbədi varlığını isbat etmək üçün cana sinən çoxlu parlaq dəlillər gətirdim, nə olardı ki, Sən də mənim mənliyimin əbədiliyini bildirəydin!”133
Bu mənlikdən şair klassik ədəbiyyatda geniş yayılmış və işlədilən “öyünmə üslubu” (”fəxriyyə” – red.) ilə poemalarının müxtəlif yerlərində öz vəziyyətini təsvir edərkən bəhs etmişdir.
Başqalarının “mənlik” və şəxsiyyətlərindən bəhs edərək işlətdiyi üslubu Nizami öz “fəxriyyə”lərində eyni şəkildə işlətmişdir.
Klassik ədəbiyyatda “dürr deşmək” deyilən məcazi bir ifadə vardır. “Dürr deşmək” incə, iti, bakirə ifadələrlə şeir yazmaq deməkdir.
Dastanlarındakı qəhrəmanları ilə qəsidə və ithaflarında mədh etdiyi adamlar üçün bir-bir dürlər deşən Nizami özünü də unutmamışdır134.
Gözəl misra, mənalı söz, dərin və iti məzmunlu təşbihlərlə dolu daş-qaş dükanından ibarət olan “Pənc gənc”in qiyməti ölçülə bilməz məsnəvilərində səpilmiş bu “dürr”lərdən (inci) seçilmiş sətirlərini bir sapa düzsək, dünyanın ən məşhur brilyant boyunbağılarından daha qiymətli bir təsbeh hasil olar.
“Sirlər xəzinəsi”ni yazdığı zaman şair hələ gənc idi, yaşı iyirmiyə yeni çatmışdı. Öz sözləri ilə desək, o, hələ açılmamış bir “qönçə” halında idi. Amma bu “qönçə” açılmasını tamamlayacaq “şimal küləyini” gözləyirdi və açılan zaman etdiyi təsiri də yaxşı bilirdi. O bilirdi ki, düşündüyü yeniliyi göstərdikdə qiyamət şeypuru çalınacaqdır, çünki “köhnədən, yenidən nə varsa” hamısı bu “cadusözlü” adamda mövcuddur. O, əmin idi ki, onun “sənəti cadunu kölgədə qoymuş və sehr ilə əfsunu mələkləri belə çaşdırmışdır”135.
Nizami müzəffəranə bir əda ilə öyünərək bildirir ki, “şeir mənim sayəmdə tüfeylilikdən çıxaraq müstəqil təkyə sahibi oldu, zahid və rahiblər öz xirqə və zünnarlarını atıb mənə qoşuldular”136.
“Məxzənül-əsrar”ı Anadoluya (Ərzincana) göndərənə qədər Nizami “şəhrbənd” (məhbus) olduğu Gəncə ilə Arran mühitində qəsidə və qəzəl kimi xırda şeir parçaları ilə tanınmış məhəlli miqyaslı bir şair idi. Lakin “Sirlər xəzinəsi” geniş yayıldıqdan sonra “Xosrov və Şirin”i yazarkən onun içərisindən bir ruh ona müraciət edir: “Gəncə hara, sən hara?” Həmin ruh onu “geniş dünya sahəsinə atılmağa” təşviq edir və “sənin dövründə sənin kimi bakirə söz söyləyən heç kimsə yoxdur”, deyə şairi “Humay quşu kimi üfüqlərə kölgə salmağa” çağırır. “Çünki sən, – ruh davam edir, – Şərq və Qərbə günəş kimi bəlli bir ruhsan”137.
Yaşadığı dar mühitdən o zamankı İslam Şərq mədəniyyətinin yayıldığı geniş dünyaya çıxan şair qazandığı müvəffəqiyyətin ona verdiyi haqlı bir cəsarətlə öz əhəmiyyətini daha dərindən duymağa başlayır. “Barmağım toxunarsa, heç kimdə yazıçılıq cəsarəti qalmaz”138 – deyən Nizami öz böyüklüyünə və bütün şairlərdən, hətta Firdovsidən də üstün bir şair olduğuna işarə edir.
“Söz kimyasına hakim iki ustad köhnə dəyərləri təzələdilər; biri misdən gümüş, o biri isə gümüşdən kamil qızıl yaratdı. Misin gümüş olduğunu gördünsə, gümüşün qızıl olmasına təəccüb etmə!”139
“Xosrov və Şirin”i yaratmaqla qazandığı böyük şöhrəti Şirvanşahın sifarişilə “Leyli və Məcnun” mövzusunu işləyib başa çatdırdığını görən şair “söz meydanının özünə qaldığını” hiss edir və dünyaya meydan oxumağa başlayır:
Meydane-soxən mərast emruz
Beh zin soxən kerast emruz.
Mənası:
Söz meydanı bu gün mənimdir
Mənimkindən yüksək şeir kimindir?!
Eşq əfsanəsilə ehtiraslı dastan növünün yaradıcısı olan şair öz yaradıcılığının orijinallığını yaxşı bilirdi. Heç kimə möhtac olmadan və “ehtişamını öz xəzinəsindən təmin edən” şair vəziyyətindən razıdır. “Təbinin bülbülü ancaq öz şeirinin açdığı gül üzərində” ötmüşdür140. Özündən daha yaxşı bir gül ağacı tapa bilməyən şair “güllərini yalnız öz gül ağaclarından” dərmişdir141. Heç kəsdən bir şey borc almamış, könlü nəyi istəmişsə, ancaq onu söyləmişdir142. “Zəmiri (yəni təbi) müqəddəs Məryəm ana kimi bakirə olmağına baxmayaraq hamilə olmuşdur143. “Aşiq də, məşuq da o özüdür”144.
Söz yaratmaq sehrində kamil olduğu üçün Nizami öyünür ki, ona “qeybin güzgüsü” deyirlər. Onun “dil fəsahəti İsa peyğəmbərin möcüzəsinin sehrinə malikdir: “Şeirin suyu onun arxından axmış və şöhrəti də onun dövründə ucalmışdır”145. “Xəmsə”yə daxil olmayan parçalarının birində Nizami özü haqqında yazdığı “fəxriyyə”də özünü “Fəzilətin şahlar şahı” və “sözün xaliqi (yaradanı)” elan edərək deyir:
“Soxən əz mən afəride, ço fotovvət əz morəvvət,
Honər əz mən aşekara, ço təravət əz cəvani”146.
Çox sevdiyi oğlu Məhəmmədə verdiyi məsləhətlərdən birində Nizami ona təbabət ilə fiqh (hüquq) elmlərini öyrənməsini tövsiyə edir. O, oğlunu şairliyə təşviq etmir və ona deyir: “Bilirəm, söz söyləmək iqtidarın var, şeir yaza bilirsən, amma ən yaxşısı budur:
Sən şeirdən gözləmə şöhrət və nam
Çünki Nizamidə o olmuş tamam147.
Həzrət Məhəmməd peyğəmbərlərin sonuncusu olduğu kimi həzrət Nizami də şairlərin sonuncusudurmu? İslam dini qiyamətə qədər qalacağı kimi şeir də qiyamətədək Nizami üslubunu aşa bilməyəcəkmi?
Deyəsən, belə də olacaqdır!
Son əsəri olan “İskəndərnamə”də Nizami eynilə bunları yazmışdır:
“İstiqamətini məndən alan söz qiyamətə qədər də mənimlə qaim olacaqdır!”
Bemən çon gereft esteqamət soxən,
Qiyamət konəd ta qiyamət bemən148.
IV
NİZAMİNİN DÜNYA ƏDƏBİYYATINDAKI YERİ
Söz meydanı bu gün mənimdir,
Mənimkindən yüksək şeir kimindir?!
Nizami
İslamiyyətdən sonra yenidən yaranan İran ədəbiyyatının X əsrdə ən böyük siması məlum olduğu kimi “Şahnamə” məsnəvisinin müəllifi dünyada məşhur olan Əbülqasim Firdovsidir. Nizami Firdovsidən sonra məsnəvi yazan ən böyük sənətkar sayılır və epik janra gətirdiyi lirik səciyyə ilə özünə xas bir əfsanə üslubu yaradaraq Firdovsini də keçmişdir.
Yaratdığı ədəbi surətlərlə farsdilli ədəbiyyata gətirdiyi yeniliklər haqqında ustadın şeir və sənətdəki orijinallığından bəhs edərkən təfsilatla danışacağımız təbiidir. Burada isə hələlik belə bir qeyd etməliyik: şairin romantik don geyinmiş mistik ruhu misilsiz sənətinin sehrilə az müddətdə yalnız İran ədəbiyyatının şamil olduğu sahəyə yayılmaqla qalmamış, eyni zamanda onun yaratmış olduğu sənət növü bütün Şərqdə fars və türk ədəbiyyatının ən məşhur nümayəndələri tərəfindən təqlid olunmuş, həm “Xəmsə”sinə, həm də “Xəmsə”ni təşkil edən beş əsərindən hər birinə ayrı-ayrı, mübaliğəsiz, yüzlərcə nəzirələr və bənzətmələr yazılmışdır.
Yalnız nəzirələr deyil, Nizami əsərlərinə yazılan yozumların (yəni şərh və təfsirlərin) sayı da həddindən artıqdır. Klassik Şərq kitablarından ən ustad xəttatlar tərəfindən ən çox üzü köçürüləni, ən mahir miniatürçülər tərəfindən ən çox rəsmlər və qızıl suyu ilə çəkilən ornamentlərlə bəzədiləni Nizaminin “Xəmsə”sidir.
Nizaminin özündən sonra yaranmış ümumşərq ədəbiyyatına göstərdiyi təsiri təsəvvür etmək üçün onun əsərlərinə yazılmış bənzətmə və nəzirələrin say və qiymətlərini göz önünə gətirmək lazımdır. Ona nəzirə yazanlar arasında Şərq ədəbiyyatının məşhur simalarından Əmir Xosrov Dəhləvi, Xacu Kirmani, Səlman Savəci, Katibi, Cami, Hatifi və sufilərin böyük ustadlarından Fəridəddin Əttar kimi farsca yazmış böyük şair və mistiklər də vardır.
Klassik farsdilli ədəbiyyatdan sonra vücuda gələn klassik türk ədəbiyyatına da Nizami böyük təsir göstərmişdir. Cığatay şeirinin və türk xalqlarının yaratdığı müştərək ədəbiyyatın böyük ustadı Əmir Əlişir Nəvai də daxil olmaq üzrə bir çox türk şairi Nizamini ya tərcümə etmiş, ya da ona bənzətmə yazmışlar. Bunların arasında orijinallığı və bəlkə də, üstünlüyü bir sıra tədqiqatçılar tərəfindən qəbul edilən öz “Leyli və Məcnun”u ilə məşhur azəri-türk şeirinin və bütün türk ədəbiyyatının böyük nümayəndəsi Füzuli də vardır149.
Nizaminin qonşu Gürcüstanın ədəbiyyatına göstərdiyi təsir XII əsrin sonlarında yaşamış “Pələng dərisi geymiş pəhləvan” əsərinin müəllifi məşhur Şota Rustavelinin yaradıcılığını tədqiq edənlər tərəfindən təsdiq edilməkdədir. “Rustaveli dövrünün abidələri”ni tədqiq edib incələyən akademik İ.Orbelinin qənaətincə, “Rustavelini anlamaq, həm də layiqincə anlamaq XII və XIII əsrlərdəki Şərq mədəniyyətini anlamaq deməkdir. Rustavelini layiqincə, bütün dərinliyilə anlamayan bir adam, deməli, Şərqi də anlamayır”150.
Gürcü professorlarından rustavelişünas Pavel İnkorokva öz məqaləsində vaxtilə Nizaminin “Leyli və Məcnun” və “Xosrov və Şirin” poemalarının gürcü dilinə tərcümə edildiyini tədqiq və isbat edir151. Professorun fikrincə, “Pələng dərisi geymiş pəhləvan” poemasının tədqiqi göstərir ki, Ş.Rustaveli üçün “Şərq mədəniyyəti, gürcü mədəniyyəti qədər yaxın və doğma idi”152. Həmin müəllif qeyd edir ki, Şotanın əsərində “Leyli və Məcnun”un buraxdığı izlər vardır: Tariyel Qeysin tayıdır, onun kimi dəli olub çöllərə düşür, vəhşi heyvanlarla yoldaşlıq edir; onu müşayiət edən Aftandil isə Nofəlin varisidir”153.
“Pələng dərisi geymiş pəhləvan”ı gürcü dilindən ruscaya çox gözəl tərcümə edən Şalva Nutsubidzenin qeydinə görə, XII əsr gürcü ədəbiyyatında Rustavelinin yaşlı müasirlərindən Çaxruxadzenin əsərlərində belə Nizamiyə işarələr vardır. Rustaveli Nizaminin açdığı Şərq Renessansının yolu ilə getmişdir154.
Farsca yazdığına görə millətlərarası sahədə İran ədəbiyyatına və beləliklə, İrana mənsub edilən Nizamiyə Avropada da əhəmiyyət verilmişdir. Şərq və bilavasitə İran ədəbiyyatı tarixi ilə məşğul olanlar ona çoxlu tədqiqatlar həsr etmiş və hətta haqqında kitablar da yazmışlar. Şairin əsərləri qismən də olsa, Avropa dillərinə tərcümə olunmuşdur.
XIX əsrin əvvəllərindən başlayaraq İngiltərə, Almaniya, Fransa, İtaliya və Rusiyada Nizami haqqında çap olunmuş əsərlərin sayı onlarcadır.
Nizaminin əsərlərinə yazılan bənzətmələrlə bu əsərlərə aid nəşr olunmuş tədqiqatlar haqqında kitabımızın sonunda biblioqrafik məlumat veriləcək. Şairin dünya ədəbiyyatındakı mövqeyi haqqında oxucularımızda tam bir təsəvvür yaratmaq üçün ədəbiyyatçı və tənqidçilərin – həm Şərqin, həm də Qərbin Nizami haqqındakı rəy və təqdirlərini aşağıda iki bölümdə ayrı-ayrı xülasələşdiririk.
1.
Şərq ədibləri Nizamini (əsərlərinə yazılmış hədsiz-hesabsız bənzətmə və nəzirələrdən göründüyü kimi) şairlikdə klassik İran ədəbiyyatının mürşidi kimi tanımış və “məsnəviçilərin imamı və Şərq əfsanə yazanlarının şeyxi” saymışlar. Bu baxımdan onların nəzərində Nizami nəhəngliyi ölçülə bilməyən bir yaradıcıdır; klassik istilahla desək, o, ixtiraçıdır. Bunun ən böyük şahidi kimi Nizamidən sonra yazıb-yaradan şairlərin heç birinə onun işlədiyi mövzu, istifadə etdiyi vəzn və formadan xaric bir dastan yazmanın nəsib olmadığı irəli sürülür.
Nizamidən əvvəl “Xosrov və Şirin”, “Yeddi gözəl”, “Leyli və Məcnun” poemalarının mövzuları qədim kitablarda, qismən ərəb dilində nəzm halında, qismən də farsca, pəhləvicə və ərəbcə nəsr şəklində mövcud idi. Nizami ilk dəfə olaraq onları özünəməxsus sənətlə nəzmə çəkmiş və rəngarəng şeirlərlə canlandırmışdır.
Nizami yalnız təbinin sehrli təsirilə deyil, öz dövrünün bütün biliklərinə sahib geniş qavrayışı ilə də qələm yoldaşları arasında görkəmli yer tutmuşdur. Təkcə Xaqani Şirvani, Ənvəri, Kəmaləddin və Cəmaləddin İsfahani kimi yüksək səviyyəli müasirlərinin deyil, həm də özündən sonrakı əsrlərdə yaşayıb-yaratmış, ədəbiyyat üfüqlərində məşhur olan bütün şeir ulduzlarının üzərində parlayan bir nur kimi, daha doğrusu, parlaq bir günəş kimi əsrlər boyu gələn nəsillərə öz feyzinin hərarətini vermişdir.
Nizaminin ölümündən təqribən əlli il sonra “Əl-Mücəm” adlı əsərində Şəms-i Qeys adlı bir yazıçı ədəbiyyata aid xatirələrində yazır ki, həm nəzmi, həm də nəsri yaxşı bilən bir ədib dostu ədiblərə məxsus məhrəm bir məclisdə Nizaminin “Xosrov və Şirin”indən seçilmiş parçaları xoş bir səslə oxuyurdu, məclisdə oturmuş bir neçə “zərif”lər onun oxuduqlarını ahəngə uyduraraq asta-asta dəfdə çalırlar. Bu hekayə bizə artıq o zamanlarda Nizami sənətinin şöhrəti və sevildiyi haqda maraqlı məlumat verir155.
Hicri VII (miladi XIII) əsrin başlanğıcında yazılmış “Lübabül-əlbab” əsərində onun müəllifi, öz dövrünün məşhur bioqrafı, ədəbiyyat həvəskarı və söz mütəxəssisi Məhəmməd Oufi Nizami haqqında yazır: “Gəncəli Nizami məharətli ifadələri və mənimsədiyi biliyin sərvəti vasitəsilə incəliklər xəzinəsini dünyadakıların başına səpmişdir”. “Məxzənül-əsrar”ında gizlənmiş eşidilməmiş sözlər meydana çıxarılarsa, aşiqlərin ürəkləri ovlanar; “Leyli və Məcnun” mənzuməsinin Türküstanındakı gözəllər üzlərindəki yaşmağı atsalar, zəmanənin bütün ağıllı adamlarının ağlını alarlar; şirindillikdə bilik taxtının xosrovu olduğundan o, “Xosrov və Şirin” dastanını Ünsürinin kefini pozacaq bir şəkildə nəzm etmiş və bəlağət mülkünün sultanı olduğu üçün İskəndərin sərgüzəştini bir güzgü aydınlığı ilə oxucuların gözləri önündə tutmuşdur. Biliciliyin və müdrikliyin xütbəsini İskəndərin naminə, sikkəsini də onun adına zərb etmişdi”.
Hicri VIII (XIV) əsrdə Zəkəriyyə Qəzvini və Əbdürrəşid Bakuvi öz əsərlərində Nizamidən bəhs etmişlər. İslam dünyasının tanınmış bu iki coğrafiyaçı və bioqrafları hələ o zaman şairin əhəmiyyətini qeyd edərək onun “irfan və hikmət sahibi nadir bir sənətkar” olduğunu bildirmişlər.
Hicrətin IX (miladi XV) əsrinin müəlliflərindən Dövlətşah Səmərqəndi öz məşhur “Təzkirət-üş-şüəra”sında Nizamidən bəhs edərkən, “Şeyxin dəyər-qiymətini və əzəmətini ifadə etmək üçün söz də, yazı da acizdir” – deyərək əlavə edir, “Onun sözlərində və şairlik sənətində elə bir gözəllik vardır ki, mərifət sahibi olan bütün zəkalı adamlar onu axtarmaqdadır”.
Nizaminin “Xəmsə”sinə ilk nəzirəni yazan Əmir Xosrov Dəhləvi öz “Məcnun və Leyli” poemasının müqəddiməsində “Sənin söylədiklərinin hamısı Nizamidəndir” – deyənlərə cavab olaraq yazdığı sətirlərdə, Nizaminin yaradıcılığındakı üstünlük və birinciliyini bildirərək deyir:
An gəncfeşan-e gəncpərvərd,
Budəst bedin məta dər xvərd.
Bari nə bədəl, məgər həmin bar,
Kari nə degər, məgər həmin kar.
(Xəzinəni bəsləyən də, saçan da odur, bu iş onun boyuna biçilmişdir, əvəzini deyil, eynini veririk; başqa iş deyil, eyni işi görürəm)156.
İran klassiklərindən ən məşhuru Sədi Şirazi tanınmış “Bustan” əsərində Nizamidən çox ilhamlanaraq ondan misallar, beyt və misralar iqtibas etmişdir:
Xerədməndan-e pişin rast qoftənd,
Məra xod kaşki madər nəzadi157.
Bu beytdəki “xerədməndan” sözündə məqsəd Nizamidir, çünki ikinci misra ondan alınmışdır.
Klassik İran şeirinin ən parlaq örnəyi sayılan qəzəllərilə məşhur olan Hafiz Şirazi öz “Müğənninamə”sində Nizamidən bu şəkildə bəhs etmişdir:
Ze nəzm-e Nizami ke çərx-e kohən,
Nədarəd coz u hiç ziba soxən!
yəni: “əski dünya Nizaminin nəzmi kimi gözəl bir sözə malik deyildir”.
Nizamiyə nəzirə yazan farslar arasında ən müvəffəqiyyətlisi Məktəbi Şirazidir. O, Nizaminin tərifində bu beytləri yazmışdır:
An xoş soxəni ke vəqt-e təhvil,
Peyğəmbər-i əqlrast cəbril.
Çun u ney-e xame por nəva kərd,
Noh daire-ra por əz nəva kərd.
Mən k-an honər-e homay didəm
Çun saye be bal-e u pəridəm.
(”O gözəl sözlü adam məram anladarkən ağıl peyğəmbərinə Cəbraildir: qələmin neyini nəva ilə dolduran kimi doqquz təbəqəli göyləri öz avazı ilə doldurdu; mən onun Hümaya xas olan hünərini (sənətini) görcək bir kölgə kimi uçub onun qanadına qondum”).
Hafizdən sonra İran klassiklərinin son ən böyük nümayəndəsi olan ustad Əbdürrəhman Cami də Nizamini öymüşdür. O, öz “Bəharistan” kitabında “Nizami” maddəsində yazır: “Məlum olan fəzilət və kamalının şərh və izaha ehtiyacı yoxdur. “Pənc-gənc” adlı əsərinə o qədər gözəlliklər və incəliklər doldurmuşdur ki, bu şərəf heç kimə nəsib olmayıb. Belə bir əsər, bəlkə də, bəşər qüdrətinin yetişdirə bilməyəcəyi bir xariqədir”.
Cami öz “Həft ourəngi”ndən “Leyli və Məcnun” poemasına yazdığı müqəddimədə əsərin mövzusunun birinci dəfə Nizami Gəncəvi və Xosrov Dəhləvi tərəfindən işləndiyinə işarət edərək bu iki ustadın sənətdəki məharət və qüdrətlərini qüvvətli misralarla təsvir etdikdən və onların yürüşlərini iki qoşa köhlənin yürüşünə bənzətdikdən sonra deyir:
Mən niz be faqe naqə randəm,
Xorda be ğobareşan rəsandəm.
Gər mandəəm əz şomareşan pəs,
Bər çehre-ye mən ğobareşan bəs.
(“Mən də bu zəifliyimlə arxalarınca dəvəmi sürdüm və özümü onların tozlarına çatdırdım; onların özlərinə çata bilmədimsə də, üzümə qonan tozları mənə bəsdir”).
Fəxriyyələrinin birində Cami təbinin necə mövzu olursa-olsun, qafiyələməyə qadir olduğunu Gəncəvinin “Yeddi gözəl”indəki mənaları örnək tutaraq onlardan ilham alması ilə izah edir:
Be bustan-e soxən morğ-e təb-e mən əksər,
Be həft beyt şəvəd nəğməsaz-o qafiyəsənc.
Ço Həft-Peykər-i gəncur-i Gənce, hər qəzəli
Nomune-ist ze məna nəhan dər-u səd gənc158.
“Atəşkədə” təzkirəsinin sahibi Lütf Əli bəyin (XVIII əsr) qənaətincə, Nizami sözün “ərkan-e ərbəə”sindən, yəni dörd dirəyindən biridir.
Səfəvi dövrünün “Xəmsə” yazanlarından Ruh-ül-Əmin Nizamini təriflədiyi bir parçasında “Gəncəvinin məsnəviçilikdə yeganə ustad” olmağından canlı bir surətdə bəhs etdikdən sonra sözlərini bu beytlərlə bitirir:
Dər xane nehofte meşk-e tatar,
Şagerd-e gəmineiiş Əttar.
Mehr əz nəfəsəş ço tab girəd,
Ferdousi əz-u hesab girəd.
Dər piş-e soxənvəriiş bican
Xaqani-ye can-e molk-e Şirvan.
Şoəra-ye Məlik be ust dəmsaz
Xosrov ze ğolamiyəş sərəfraz.
(O, (Nizami) evində tatar müşkü gizlədib; Əttar onun ən kiçik şagirdidir159; eşq onun üfürməsilə alışır; Firdovsi onun hüzurunda hesab verir. Onun şairliyi qarşısında Şirvan ölkəsinin canı olan Xaqani cansız qalır. Padşahın şairləri onunla canlanırlar. Xosrov (Dəhləvi) onun (Nizaminin) qulu olduğu üçün başı ucaldı.)
Hilali Cığatai Nizami haqqında bu beytləri yazmışdır:
An gənc-i qohər ze kan-e Gənce,
Şəmşirzəban-o şirpənce.
Yəni şəh-e molk-e niknami
Şahənşəh-e arefan Nizami.
Qoft an soxəni ke qoftəni bud,
Soft an qohəri ke softəni bud.
Hər quş ze nəzm-e ust por dor
Hər pənce ze Pənc-gənc-e u por.
Gənc-i do cəhan nesar-e u bad,
Gəncur-e do koun yar-i u bad!
(O, Gəncə mədənindən çıxan bir cövhər xəzinəsidir, qılınc dilli, şir pəncəli bir adamdır. Yaxşılıq mülkünün sultanı, ariflərin şahənşahı Nizami odur. Söylənəcək sözü söyləmiş, deşiləcək inciləri deşmişdir. Hər qulaq onun nəzminin dürlərilə, hər ovuc isə onun “Beş xəzinə”sinin gövhərlərilə dolmuşdur. Hər iki dünyanın xəzinələri ona nisar, hər iki dünyanın xəzinədarı ona yar olsun!)
“Məcməül-füsəha” təzkirəsinin müəllifi Rzaquluxan Hidayətin fikrincə, “özünəməxsus bir üsulda (fəndə), yəni eşq məsnəvisi yazmaqda ikinci bir Nizami yoxdur; bu həqiqəti hamı qəbul etmişdir; bu xüsusda onunla rəqabətə qalxmaq kafirlikdən başqa bir şey deyildir”.
Hicri 1313 ilə 1318-ci illər arasında Nizami külliyyatının tənqidi mətnini böyük sevgi və diqqətlə hazırlayıb çap edən, Tehranda çıxan “Ərməğan” jurnalının müdiri Vəhid Dəstgirdi bu külliyyatın VII cildini təşkil edən “Gəncineye-Nezami”yə yazdığı incələməsində Nizamini İran klassik ədəbiyyatının ən böyük şəxsiyyətləri ilə müqayisə edərək belə bir nəticəyə gəlir: ümumiyyətlə, əxlaq, təmizlik və möminlikdə həkim Nizami bütün dünya şairləri arasında misilsizdir. Nizaminin bütün əsərlərində bir dənə də olsun, qaba sözə, çirkin ifadəyə rast gəlmək olmaz. Eşqin paklığının və ülviliyinin təsvirində o, Firdovsidən üstündür; çünki Nizamidə erkəklərin sevişmələrindən və gənc oğlanların işvəkarlıqlarından bəhs edən tək bir misra yox ikən Firdovsidə160 vardır.
V.Dəstgirdi Nizamini İran şeirinin bütün ustadlarından yalnız Firdovsi və Sədi ilə qarşılaşdırır, çünki hər üç şair əruzun eyni bəhrində (mütəqariblə) məsnəvilər yazmışlar. Nizami əsərlərində yalnız Firdovsidən söz açmış və dəfələrlə onu yad etmişdir, çünki işlədiyi mövzular ilk dəfə Firdovsi tərəfindən toxunulmuş mövzulardır. Bütün təvazökarlığına baxmayaraq Nizami bunu açıq büruzə verməsə də, əsərlərində özünü Firdovsidən üstün olduğuna işarə edən kinayələr vardır. Bunu V.Dəstgirdi də qeyd etmişdir. O, bu barədə olan kinayələrin birində Firdovsinin yaratdığı Şirin surətini gümüş, özününkünü qızıl, başqalarını isə mislə müqayisə edir. V.Dəstgirdi bu iddianın tamamilə həqiqətə uyğun olduğunu təsdiq edir. O, yazır: “Nizaminin əsərlərini yüz dəfələrlə oxudum və hər dəfə oxuyarkən Daranın, Xosrov Pərvizin və Leylinin ölümlərini təsvir edən fəsilləri ağlamadan oxuya bilmədim”. Şeirindəki bu əzəmət və təsiri şair özü də bilirdi. Bu haqda o deyir:
Kəsira ke dər gerye arəm ço ab,
Bexəndanəməş baz çon afetab.
(Yağış kimi ağlatdığım bir kəsi yenə də sonra günəş kimi güldürürəm).
Sədi ilə qarşılaşdırılmağa gəlincə də V.Dəstgirdi məsnəvidə Nizamini Sədidən üstün tutur. O, yazır: “Sədi öz “Bustan”ında Nizaminin “Şərəfnamə” və “İqbalnamə”sindən son dərəcə faydalanmışdır. “Bustan”dakı mövzuların çoxu Nizaminin “İskəndənamə”sinin hər iki hissəsində mövcuddur. Bu, bir-birinə bənzər mövzuların müqayisəsindən və incələnməsindən sonra sağlam zövqlü hər tənqidçi Nizamidəki ifadə qüdrətinin, tərkib sağlamlığının, sözlərdə bağlanma ahənginin və mənalardakı yaradıcılıq qüvvətinin Sədiyə nisbətən qat-qat yüksək olduğuna hökm verər”. V.Dəstgirdi Sədinin Nizamidən faydalanıb iqtibas etdiyi beytlərdən bir çox misal gətirmişdir.
Nizami ilə farsca yazmış başqa böyük türk şairi Cəlaləddin Rumi arasındakı mənəvi münasibətlərə də toxunan V.Dəstgirdi yazır: “İrfan və şeir mülkünün ən böyük sultanı Mövlana Cəlaləddin Rumi həkim Nizaminin şeirlərindən bir çox iqtibaslar etmişdir. Mövlana Ruminin məsnəvi və qəzəllərini incələyən fəzilətli alim Ağa Hadi Xairi yazır: “Mövlana Rumi Nizaminin “Divan”ını həmişə öz gözü önündə saxlardı və ondan mənaca böyük ölçüdə iqtibaslar edərdi. Halbuki o, həkim Sənai Qəznəviyə böyük rəğbət bəsləməyinə baxmayaraq ondan iqtibaslar etməmişdir. Bu iqtibaslar, şübhəsiz, Nizami şeirinin bir fenomen olduğunu isbat edir; əgər belə olmasaydı, Mövlana kimi bir ustadı özünə necə cəlb edə bilərdi?!”
Mövlana, Nizaminin bir qəzəlindən bu şəkildə istifadə etmişdir.
Cəvab anke Nezami be nəzm miquyəd:
“Cəfa məkon ke, cəfa şive-ye vəfa-ye to nist”.
(Cavab odur ki, Nizami nəzm ilə demişdir: “Cəfa etmə, çünki cəfa sənin vəfadarlığına yaraşmır”)161.
XIV əsrdə yaşamış Qızıl Ordu şairi Qütb xana təqdim etdiyi öz “Xosrov və Şirin”ini “Nizami balından bişirilmiş bir sevda halvasına” bənzədir:
“Nizami nəzmi yanlıq162 tüz sözünqi,
Anın bilgut Xanınqa bu özünqi.
Qazantək qaynab uş sevda bişurdum ,
Nizami balıdın halva bişurdum.
XV əsr Xarəzm şairi Heydər də öz “Məxzənül-əsrar”ını Nizami ruhundan aldığı can və fərmanla yazdığını söyləyir:
Mən ki bişurdum bu ləziz aşnı,
Şeyx Nizamidən alıb çaşnı.
Şeyx Nizami dəmidən can tapıb,
Mənasidən yarlığ-ü fərman tapıb163.
Türküstanın böyük şairi Mir Əlişir Nəvai türk dilinin farsca ilə ölçüləcək dərəcədə yüksək bir ədəbiyyat dili olduğunu isbat etmək üçün yazdığı məsnəvilərinə:
“Xeyl-i fəsahət başının əfsəri
Gənc-i yəqin əfsərinin gövhəri”
– deyə heyranı olduğu Nizaminin əsərlərindən özünə örnək götürmüşdür. Nizamiyə qarşı bəslədiyi bu dərin təqdir və heyranlıq hissini Nəvainin bütün əsərlərində görürük. Məsələn, “Məxzənül-əsrar”a bənzətdiyi “Heyrətül-əbrar”dan bir parça:
Gəncə vətən, könqlü anun gəncxiz,
Xatiri gəncur, tili gəncriz.
Fikrəti-mizanı bulub Xəmsəsənc
“Xəmsə” demə, bəlkə degil “Pənc gənc”.
Kəffeyi-mizan ana əflak olub,
Batmani-taşı küreyi-xak olub.
Dartsa yüz qərn xirəd xazini,
Çəkməqay anin qöbidin azini.
Xani-lətayifgə sözü münqəsim,
Dürr-i məanigə dili müntəzim.
Nazim olub söz dür-i sirabıqa,
Çərx Nizami yazıb əlqabıqa.
Qəddəse sirrəh-i məanidir ol,
Ruh-i qüdüs feyzi nişanidir ol!
“Leyli və Məcnun”dan:
Bu tilbilə kimsə tapmadı kam
Cüz gəncfişan-i Gəncəaram.
Məna dirəmigə sikkəpərdaz,
Üzlət hərəmidə məhrəmi-raz.
Gəncineyi-fikri göhərayin,
Ondan bəri haq olub göhərçin.
Vəhdət göhərin əliqə alqan,
Üzlət kəmərin beligə çalqan.
Məna hərəmin müsəxxər etgən
Söz bikrini qərqi-zivar etgən.
Həm Turi-fəzilət üzrə Musa,
Həm Qafi-qənaət üzrə Ənqa.
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?