Текст книги "Azərbaycan şairi Nizami"
Автор книги: Məhəmməd Əmin Rəsulzadə
Жанр: Современная зарубежная литература, Современная проза
сообщить о неприемлемом содержимом
Текущая страница: 5 (всего у книги 19 страниц) [доступный отрывок для чтения: 6 страниц]
Musa imas erdi kilki-naqu,
Cəvfi ara müzmər etdi cadu.
Ənqa gər imas nədən həmişə
Söz qafidə üzlət etdi pişə?
Nəzm əhlinin əfsəhülkəlami,
Söz dürigə müntəzim Nizami.
“Fərhad və Şirin”dən:
Əgərçi Gəncədə aramı anın
Vəli gənc üzrə daim dami anın.
Tutub gövhərləri yeksər cahanı,
Ne çük kim xeyl-i əxtər asimanı.
Nə ol zinət ki, asılqay qulaqdan,
Və gər açılsa ayrılqay qulaqdan.
Düri kim çun qulaqnı qıldı məskən,
Girib qılğay köngül dərcini məxzən.
Köngül dərcin demay qılğay ləbaləb,
Kim ol dəryağa salğay dürnü ta ləb.
Kim ol gövhərdən alsa xalq hər dəm,
Yüz ildə bulmağay mindən biri kəm.
İmas asan bu meydan içrə durmaq,
Nizami pəncəsigə pəncə urmaq.
“Yeddi gözəl”ə nəzirə yazılmış “Səbəyi-səyyar”dan:
Nüktəsi diqqət içrə rişteyi-can,
Riştəgə çaşni sərişteyi-can.
Nəzmi-övrağı pərdeyi-candan,
Həm siyahisi abi-heyvandan.
Elğə can bergili dəvati anın,
Gəlibən çeşmeyi-həyatı anın.
Kilki Xızrı atəş qılıb bitab,
Hər kəs ol çeşmədən bulub sirab.
Əhli-nəzm əfsəhülkəlami ol,
“Xəmsə”nin nazimi Nizami ol.
“Xəmsə” yox, pənc gənc-i Qaruni
Pasban ilğə gənc-i mədfuni.
Leyk hər kim bulub cəvahirsənc,
Tapıb ol gənclərdə yüz min gənc.
Hər səmin dürrü məmləkətğə xərac
Anqa layiq ki, bulğay üstidə tac.
Söz yolun öylə qət edib çalak,
Kim ipəkdə yürürsə, gövhəri-pak”.
“İskəndərnamə“yə nəzirə yazılmış “Sədd-i İskəndər”dən:
Tutub gənci bu çərx-i nöh taqnı
Neçuk kim Günəş nuri afaqnı:
Bu yanqlığ ki, gənci-məani töküb,
Cəhan əhliğə cavidani töküb.
Bu beş gəncdən kim cahandır məla,
Ki, gök covfidə dəxi yoktur xəla.
Bu gərdun ara təbi xurşid olub,
Anın nuri aləmdə cavid olub.
Şehab-i qələm çünki eylab taraş,
Tapıb səhfe-yi mehrə andan xəraş.
Nəvai özünü Nizaminin şagirdi saymaqla və ustadından mənəvi kamillik diplomu alması ilə öyünür və fəxr edir.
Bir əlindən Xosrov Dehləvi, bir əlindən də Əbdürrəhman Cami tutaraq Nəvaini xəyal aləmində Nizaminin hüzuruna gətirirlər. Görüş əsnasında Nizaminin ruhu Nəvaiyə belə müraciət edir:
“Ki qıldın söz içrə tətəbbü manqa,
Nəy istərdə etdin təzərrü manqa.
Ki mən “Xəmsə”də eylab erdim vəid,
Ki hər kim ki, ayturğa tutsa ümid.
Qılay tiğ-i bürran sözüm dasıdın
Uray başın ol tiği almasdın164.
Köb il açdı dəvağa söz başını,
Bu dəva ara qoydu öz başını.
Məgər sən165 ki, bu yolğa qoyğac qədəm,
Vücudnun xəyalını qıldın adəm!”
Nəhayət, türk ədəbiyyatında etdiyi ədəbi inqilabın tarixdəki əzəmətini dərk etmiş olan bu dahi adam öz şəxsiyyətinə qiymət verən fəxriyyəsində öz böyüklüyünü Nizamilə ölçərək belə deyir:
Fələk görmədi mən kimi nadiri,
Nizami kimi nəzm ara qadiri.
Klassik türk şeirinin böyük dahisi Füzuli də özünü Nizaminin şagirdi saymışdır166.
“Beşlik” şairini düşündürmüş olan “Leyli və Məcnun” mövzusunun çətinliyi qarşısında “təvəkkülə rücu edən” Füzuli eyni tərəddüdü göstərmiş olan Nizamidən bu surətlə bəhs etmişdir:
Bir iş ki qılır şikayət ustad,
Şagirdə olur rücuü bidad!
Füzuli həmin əsərində dövründəki “Söz mülkünün nizamsızlığından” bəhs etdiyi “Saqinamə”sində keçmiş dövrlərdəki böyük şairlərin söz sənətini anlayıb sevən bütün hökmdarların himayəsini gördüklərini həsrətlə yad edir. Burada diqqəti cəlb edən odur ki, ustad Füzuli farsca yazan belə şairlər arasında Nizamini də göstərmişdir. O, belə deyir:
“Türkü ərəbü əcəmdə əyyam,
Hər şairə vermiş idi bir kam:
Şad etmiş idi Əbu-Nəvası
Harun xəlifənin ətası.
Bulmuşdu səfayi-dil Nizami,
Şirvan şahına düşüb girami.
Olmuşdu Nəvaiyi-süxəndan
Mənzuri-şəhənşəhi-Xorasan”.
Osmanlı türk klassiklərindən Nabi də Nizami və Xosrov Dəhləvinin “Xəmsə”lərini nəzərdə tutaraq yazır: “Onların hər biri cilvədə bir təzə məna ifadə edirlər”.
Ətai eşq məsələsinin “Yeddi gözəl”dəki şərhini qəbul etməyərək əsərin müəllifini tənqid etməsi ilə bərabər Nizamini məsnəvi yazanlardan seçdiyi üç sənətkar sırasına daxil edir:
“Bexüsus içlərində üç ustad,
Şəsti-pürzurinə verincə quşad.
Tirvəş qeyri qodu padərgil,
Həssi-ecazı eylədi mənzil.
Biri Xosrov, biri Nizamidür
Biri sərməst-i eşq Camidür”.
Mərhum Ziya Paşa isə “Xərabat” adlı tanınmış əsərində İran şairlərini xarakterizə edərkən Nizami haqqındakı rəyini belə vermişdir:
“Təkidi buraxsa gər Nizami,
Ecazə yetər idi kəlami.
Bihudə deyilmi təb’i iza,
Söz yerinə söyləmək müəmma.
Vermiş ona şöhrətü səlabət,
Təksir-i tənafürü ğərabət.
Birdir yenə leyk o piri-fani
Yox “Xəmsə”sinə nəziri-sani.
Tənzirə onu Əmiri-Xosrov,
Etmiş idi gərçi himməti-nov.
Təbinə bihudə verdi rəncə
Qanda Dehli və qanda Gəncə.
Aləmdə durur ikən Nizami,
Aqil edəməz bu iltizami”.
Bəhsi keçən iki “Xəmsə”nin müqayisəsi nəticəsində Ziya Paşanın verdiyi hökmü qəbul etməklə bərabər H.Daniş Dəhləvinin fars dilində yazmış olan şairlərin ən böyüklərindən biri olduğunu da qeyd edir. Bu isə Nizaminin söz sənətində tək olduğunu bir daha bildirir.
Nizaminin nəzmi:
“Xosrova, guş et, Mühibbi şeirinə eylə nəzər,
Nəzm tərzində Nizami, mənada Xacu imiş!”
– deyən Sultan Süleyman Qanuninin (“Mühibbi” – onun təxəllüsüdür) də örnəyidir.
İstanbul universitetində uzun illər İran ədəbiyyatından dərs demiş Hüseyn Daniş yazır: “Şərqli və qərbli bütün tənqidçilər bir məsələdə yekdil və həmfikirdilər: “Nizami nəcib, müstəqil və vüqarlı bir dühaya malik olan şairdir”. Sonra o, davam edir: “Nizami yüksək bir dühanı sonsuz dərəcədə təmiz bir vicdanla birləşdirərək fars ədəbiyyatı aləmində misilsiz və son dərəcədə yüksək bir yer tutmuşdur”.
Ustad M.F.Köprülü V.Bartoldun “İslam mədəniyyəti tarixi” adlı kitabına yazdığı qeydlər arasında Nizami barədə demişdir ki, Nizami “İran və türk məsnəviçilərinin ən böyük ustadı, İranın ən böyük şairlərindən biridir və onun şeirlərində olduqca təravətli türk sözlərinə də təsadüf edilir”.
Bundan bir neçə il əvvəl nəşr etmiş olduğu “Danişməndane-Azərbaycan” (“Azərbaycan biliciləri”) adlı təzkirəsində İran Azərbaycanının məşhur alimi Məhəmməd Əlixan Tərbiyət Nizamini “İran şairlərinin ən məşhuru və Azərbaycan fəsihlərinin ən fəsahətlisi” kimi səciyyələndirmişdir.
“Xəmsə”nin hicri 1313-cü ildə Şirazda çap edilmiş əlimizdəki nüsxəsinin başlanğıcında şair haqqında aşağıdakı fikirlərə rast gəlirik: “Fars dilində Nizaminin ifadəsindən daha şirin və səlis bir üslubda heç kim söz söyləməmişdir; belə rəvan söz, olsa-olsa, yalnız Tus bilicisi Firdovsidə tapmaq olar. Lakin Firdovsidə də Nizami sözündən yaxşısını tapmaq mümkün deyil. Halbuki aşiqanə məsnəvilər yazmaq və özünə xas bir sənət olan təmsilçilikdə əvvəlkilərdən heç kim Şeyx həzrətlərinin dərəcəsinə yüksələ bilməmişdir. Tus bilicisi Firdovsinin “Yusif və Züleyxa” poeması bu iddianın şahididir. Bundan başqa orta əsrlərdə yaşamış və axırıncı əsrlərdə meydana çıxmış sənətkarlar ümumən o dərəcəyə yüksələ bilməmişdir.
Sırtıqlıq və yarışıb özünü göstərmək üçün deyil, yalnız həkim Nizaminin izi ilə getmək və onun xırmanından qalan başaqları toplamaq məqsədi ilə Əmir Xosrov Dəhləvi kimi bir qrup şairlər onu təqlid edərək “Xəmsə”lər yazmışlarsa da, əsərlərinin yalnız adlarını ustadınkılara bənzədə bilmişlər”.
Vəhşi Bafqi Kirmaninin “Fərhad və Şirin”ində, Məktəbi Şirazinin “Leyli və Məcnun”unda yüksək bir ilham və istedad izlərini təqdir etməklə bərabər yuxarıdakı Şiraz naşiri öz sözlərini belə bitirir: “Şübhəsiz olan bircə həqiqət budur: fars ədəbiyyatının yarandığı gündən bəri “Xosrov və Şirin” ilə “Həft peykər” kimi dəyərli bir eşq hekayəsi heç kimsə tərəfindən indiyə qədər yazılmayıb və o cənab (Nizami) öz “İskəndərnamə”si ilə də Firdovsidən sonra öz növündə tək qalmışdır”.
Nizamiyə nəzirə yazanlardan yuxarıda adı çəkilən Vəhşi Bafqi Kirmani “Xold-e bərin” adlı əsərində Şeyxin “Məxzənül-əsrar”ından bəhs edərkən “bu əsası qoyan yaradıcının (Nizaminin) müqayisəedilməz bir sərmayəyə malik olduğunu” etiraf edərək yazır: “Nizami “Xəzinə”sindəki sirlər sonsuz və tükənməzdir”.
Yuxarıda çəkdiyimiz adlardan başqa digər Şərq tənqidçi və şairlərinin Nizami haqqındakı bitməz-tükənməz təqdirlərini bir-bir qeyd etsək, ustadın sənət və yaradıcılığı qarşısında heyranlıq ifadə edən bir-birinə bənzər cümlələri təkrarlamaqdan başqa bir şey etmərik. Bunu nəzərə alaraq Nizami haqqında farsca deyilmiş bir parçanı da oxuculara təqdim etməklə kifayətlənirik:
Nezami ke dər nəzm oula kəlam,
Cəhan-e soxənrast nəzm-o-nezam.
Qələm rand bər səfhe-ye ruzqar,
Be tərif-e Eskəndər-e namdar.
Bedaneş cəhan-e soxənra gereft,
Bedansan ke aməd xerədra şegeft.
Kohən dastanha ə-zu taze şod,
Sekəndər əz-u sahebavaze şod.
Peyəmbər təvan qoft bər an cənab
Ke çun “Xəmse”i həst ura ketab.
Be ezhar-e ecaz-e u “Xəmse” bəs,
Ço u noktesənci nədidəst kəs”.
Mənası:
Tayı yoxdur şeirdə, ustaddır Nizami,
Söz mülkünün sultanı, ona verən nizamı.
Çaldı qələm, aləmin anlatdı əhvalını,
Tanıtdırdı yaxşıca İskəndərin namını.
Sözündəki sənətlə tutdu bütün cahanı,
Şeirdəki sehrinin oldu ağıl heyranı.
Nəzmində təzələndi tarixin dastanı,
İskəndəri o etdi dünyanın qəhrəmanı.
“Peyğəmbərdir” – deyilsə, yerindədir; o cənab
“Xəmsə” kimi gətirmiş vücuda çün bir kitab.
Möcüzə istənirsə budur: kitabı “Xəmsə”
Onun kimi nüktəçi görmüş deyildir kimsə.
Şairin peyğəmbərliyini təsdiq edən bu təqdirlərin yanında dünyanın sonuncu (axərüz-zəman) şairi olduğunu təsdiq edən İranda çap edilmiş “Külliyyat-e Nezami”ni bəzəyən aşağıdakı qitəni də veririk:
Nezam-e əqd-e loulou-e soxən-ra,
Beayin-e Nezami kəs nəbəste.
Hezaran rəhmət-e həq bər rəvanəş
Ke əlhəq şer bər vey xətm gəşte167.
Mənası:
Kimsə sözün nəzmini
Nizamitək verməmiş.
Haqdan ona min rəhmət,
Şeir onda xətmə yetmiş.
2.
Qərb tənqidçiləri İran ədəbiyyatı tarixində Nizaminin əhəmiyyətini layiqincə dərk və təsdiq edirlər ki, “onun əsərlərində İran epik ədəbiyyatı ilk dəfə olaraq ən yüksək nöqtəyə ucaldı”, çünki “lirik dil ilə əski dastan dili arasındakı uyuşmazlıq Nizaminin şeirlərində aradan qalxmış və dastan dili bu dövrdə saray ədəbiyyatında axtarılan “zövqə” uymuşdur. Bundan əlavə epopeya öz dastanlıq xarakterini itirərək get-gedə daha artıq ruhi təhlil sahəsinə girmişdir; bunda da Nizami misli görünməmiş bir ustaddır”168.
Eyni mövzuya, yəni Nizami üslubuna toxunan alman tədqiqatçılarından Georq Yakob Nizamini (baxmayaraq “onun Nöldeke və Şaks169 kimi “tədqiqatçıları və təfsirçiləri yoxdur”) şairlikdə Firdovsidən yüksək tutmuşdur170.
İran ədəbiyyatının heyranı böyük alman şairi Höte külliyyatının “Das West-Ostlicher Diwan” adını daşıyan cildində İran ədəbiyyatının ustadlarını bir-bir incələyərək özünə xas qavrayış və bilik qüdrəti ilə səciyyələndirib təqdim edərkən belə yazmışdır: “Nizami yüksək düha sahibi, incə bir zəkadır. Firdovsi qəhrəmanlıq dastanlarına aid bütün mövzuların hamısını işləmiş olduğundan o, (yəni Nizami) sevişən incə ruhların qarşılıqlı duyğularını öz şeirinin mövzu və məzmunu etmiş, bir-birini sevən Xosrov ilə Şirini, Leyli ilə Məcnunu oxucularla tanış etmişdir; bunlar əvvəlcədən sezmə, qəza və qədər, təbiət (xarakter), alışqanlıq, istək və ehtiras təhrik və cazibəsi nəticəsində, gerçəkdən, yaxınlaşmaq (birləşmək) istəyirlər; ancaq onlar bir böhran keçirərək inad, təsadüf, qəribə və qeyri-adi hadisələr və məcburiyyət üzündən bir-birindən uzaqlaşırlar; daha sonra taleyin qəribə hökmü nəticəsində onlar birləşirlərsə də, lakin bu və ya başqa surətlə yenidən bir-birindən ayrı düşürlər.
Bu mövzu və materialların işlənməsindən ideal bir daxili iğtişaşın yüksək həyəcanı doğulur, amma heç bir yerdə bunun təmin olunduğunu görmürük. Gözəllik böyük, onun növləri isə sonsuzdur.
Şairin doğrudan-doğruya əxlaqi mövzulara toxunan başqa parçaları da eyni şirin və aydın bir deyim tərzi daşıyır. Hər hansı bir adama aid ikitərəfli, nə qədər qarışıq vəziyyətdə olursa-olsun, bütün məsələləri şair çıxış yoluna apararaq həmin əxlaqa uyğun bir şəkildə həll edir. Sakit təbiətinə tam uyğun olaraq Nizami Səlcuqlar dövründə ana yurdu Gəncədə sakit bir həyat keçirmiş və orada da vəfat etmişdir.
Öz ətrafında tapdığı bütün eşq əfsanələri (leqendaları) ilə yarı möcüzəli əfsanələri Nizami coşqun bir şövqlə toplamışdır”171.
Dr.Vilhelm Baxer 1871-ci ildə nəşr etdiyi əsərində172 İran klassiklərinin önəmlilərini saydıqdan və bunların Avropada da qismən tanınmış olduqlarını qeyd etdikdən sonra Nizaminin İran ədəbiyyatının böyük ustadları arasındakı müstəsna mövqeyi və Hötenin onun haqqında “yüksək dühaya malik incə bir zəka” deməsinə rəğmən “Almaniyada və bütün Avropada çox tanınmadığını” təəssüflə vurğulayır.
Lakin Baxerin şikayət etdiyi bu vəziyyət sonralar dəyişmişdir. İran ədəbiyyatı tarixinin elmi əsasını qurmaqla tanınan H.Ete 1887-ci ildə nəşr etdiyi əsərində173 Nizami şerinin “əxlaqi yüksək məzmunundan, mətinlik və cəldliyindən, ifadəsindəki orijinallıqla təbiət təsvirindəki tablolarının əzəmətindən” bəhs edir. H.Ete qədim Şərq əfsanəsindən istifadə olunaraq yazılmış Şillerin “Turandot”unun Nizaminin “Həft peykər”indəki rus şahzadəsinə bənzədiyini də qeyd edir174.
Nizami haqqında son zamanlarda (bu əsərin yazıldığı dövrlərdə – Ə.Q.) müxtəlif Avropa dillərində bir sıra monoqrafiyalar və tərcümələr çap edilib yayılmışdır. Bunların içərisində P.Horn 1925-ci ildə Berlində nəşr etdiyi əsərində175 Nizami şeirinin misilsiz dolğunluğunu belə təsvir edir: “Qraf Şaks “Leyli və Məcnun” şairinin misilsiz həssaslığını alman dilində etdiyi nəfis tərcümələrində əks etdirə bilmişdir. Bu beytlərdə tərənnüm olunan sevginin Qərbi Avropanın orta əsrlər məhəbbət hekayələrinə bənzədiyi bilavasitə gözə çarpır; bu, yəni Qərbi Avropaya orta əsrlərdə məhəbbət hekayələri, şübhəsiz, Şərqdən gəlmiş və çox güman ki, həmin janr Qərbi Avropaya ərəb İspaniyası yolu ilə keçmişdir”. P.Horn da üslub baxımından Nizamini Firdovsidən üstün tutur və aralarındakı fərq “yerdən göyə qədərdir” – deyə öz fikrini tamamlayır. Alim ayrıca qeyd edir ki, Nizami iranlılar tərəfindən “mənzum roman sahəsində sevilən yeganə ustad”dır.
H.Ritter Praqa şərqşünaslıq institutu hesabına nəşr edilib yayılan “Həft peykər” mətninə yazdığı müqəddiməsində Nizami sənətkarlığını (daha əvvəllər çap etdiyi “Bildensprache des Nizamis”176 əsərində qeyd etdiyi kimi) təhlil edərək yazır: “Nizami yalnız öz dövründəki şeir dilinə məxsus ifadə tərzinə hakim olmaqla qalmamış, eyni zamanda bu daha qiymətlidir. Bu sənəti öz əsərlərinin varlığını təşkil edən fikirlərinə xidmət etdirməyi də bacarmışdır. Sənətkarlıq baxımından “Həft peykər” şairin ən dolğun bir əsəri olduğu halda burada sənət sənət üçün işlədilməmiş və şairlik məharəti sadəcə zövq əhli olan şeir həvəskarlarının gözlərini qamaşdırmaq üçün sərf edilməmişdir: yalnız əsərin məzmunu bu ecazkar, parlaq formanı zəruri etmişdir. Bu forma o məzmuna uyğun gəldiyi üçün təbii surətdə öz-özündən yaranmışdır. Belə ki, forma pozulmadan yaymaq istədiyi fikri qüvvətləndirmək prinsipini yüksək bir surətdə həyata keçirmişdir”.
İngiliscə Nizami haqqında müxtəlif tədqiqlər və əsərlərindən bir çox tərcümələr vardır. Bunların hamısını burada qeyd etmək cızdığımız plan çərçivəsinə sığmaz; məhz buna görə də yalnız adlı-sanlı müəlliflərdən bir neçəsinin şair haqqındakı rəy və fikirlərini göstərməklə kifayətlənirik.
Məşhur şərqşünas professor E.Broun “İran ədəbiyyatı”177 adlı əsərində Nizami haqqında bunları yazmışdır:
“Nizaminin orijinal və istedadlı bir şair, yüksək və nadir bir düha sahibi olduğu Oufi, Qəzvini, Dövlətşah və Lütfəli bəy kimi bioqraflar və Sədi, Hafiz, Cami, İsmət kimi şairlər daxil olmaq üzrə iranlı olan və olmayan tənqidçilər tərəfindən qəbul edilməkdədir. İran şairləri arasında bu ölçüdə bir dühaya sahib olanlar isə daha azdır, o xarakter və əxlaqda olanlar daha azdır. Səmimi bir mömin və Allah adamı olmaqla bərabər qeyd etmək lazımdır ki, o, həm qatı təəssübdən, həm də biganəlikdən tamamilə uzaq idi. Özünə hörmət edən və fikirlərində istiqlal göstərməsinə baxmayaraq davranışında sadə və təvazökar olmuşdur.
O, sevən bir ata və ər idi. Şəriətə görə haram da olsa, bir çox İran şairlərinə, xüsusən, sufi şairlərə ilham mənbəyi olan şərabdan rəhmətlik (şair) son dərəcə özünü gözləyirdi. Hər növ etirazdan uzaq qətiyyət və bir sözlə, demək olar ki, onu böyük düha ilə yüksək əxlaqı özündə birləşdirmiş müstəsna bir şəxsiyyət adlandırmaq mümkündür. Bu baxımdan heç bir İran şairi onunla müqayisə edilə bilməz”.
1924-cü ildə “Yeddi gözəl”i ingilis dilinə tərcümə və təfsir edən iki cildlik mötəbər əsərinə yazdığı ön sözdə London universitetində fars dili və İran ədəbiyyatı professoru olan S.E.Vilson “həyəcan, ehtiras, hüzn və kədərini ifadə etməkdə” Nizamini Şekspir və Petrarka ilə ekiz sayır178.
Fransızlardan “College de France” professoru Barbye de Meynar Nizamini belə incələmişdir: “Nizamidə biz tarixi romanın yeni bir növünü görürük. Şöhrətli şair bu sahədə atalıq haqqına malikdir. Hicri tarixi ilə VI yüzillikdə epopeya (dastan) özünə lazım qida və şərait tapmadığı üçün ölməyə üz tutur: lakin bu, o dövrün şairlərindəki fantaziya və zəka əskikliyini göstərmir. Bunun səbəbi ondan ibarətdir ki, onlar artıq Firdovsi məktəbindən həyəcanlanacaq dərəcədə bəsit deyildilər. Qəhrəmanlıq dastanlarının xatirəsi hələ də mühafizə edilirdi, lakin bu, bəzilərində xəstəlik şəklini almış təqlidçilik, bəzilərində isə qəzəb, kin və düşkünlük təsvirinə yarayan şəraitlə bağlı bir mövzu şəklini alırdı. Nizami ilk dəfə olaraq bu ənənənin kök atmış formasını dəyişdirmişdir. Saflıqları və boyalarının mühafizəsi barədə həssaslıq göstərmədən ərəb dastanlarının çox maraqlı hekayələrini “İskəndəriyyə məktəbi” romançılığının uydurmaçılığı ilə asanlıqla birləşdirərək o, bir sintez yaratmışdır.
“Xosrov və Şirin” ilə “Həft peykər” poemalarında lirik şəkil üstünlük təşkil edir. Qəhrəmanı İskəndər olan “İskəndərnamə” romanı isə, xüsusən, ikinci hissəsində öyrədici (didaktik) mahiyyətdə xəyali uydurmalarla əxlaqi təlimatı hər addımda təkrarlanan bir əsər olub, lirik mənzumə mahiyyətini itirmişdir.
Onun tərcümeyi-halı haqqında deyilmiş mübaliğə dolu nağıllardan vaz keçərək deməliyəm ki, Nizami haqqında məlumatlar bir-birindən fərqli iki şəxsiyyəti göstərir: bir yandan məddahlıq edən, saraylardan diqqət və iltifat gözləyən mükafat düşkünü179, o biri tərəfdən isə sufiliyin qəribə görüşlərini daşıyan sırf bir mistik. Bunu da qeyd etmək lazımdır ki, o çağdakı İran cəmiyyətini bürüyən təfəkkür cərəyanını, əslində, iki yerə bölən və bir-birinə bu qədər müxalif olan iki duyğu arasındakı ittifaqın əhəmiyyəti son zamanlarda ikiqat artmışdır. Eyni xarakteri biz Camidə, Əlişir Nəvaidə və tənəzzül dövrünün adlı-sanlı bütün nümayəndələrində də görürük. Bununla bərabər Nizami onu təqlid edənlərin üzərində misilsiz bir yüksəkliyi mühafizə edərək həm şəkil (forma), həm də vəzn baxımından daha orijinal və kamil bir şəxsiyyətdir. Nə istədiyinin bəlli olmadığı və ifadəsindəki dolaşıqlıq xoşa gəlməsə də, insan onun hekayətçiliyindəki qüdrətə və ifadəsindəki cürbəcür imkanlara, gerçəkdən, heyran olur”180.
Turin universitetinin professoru İtalo Pizzi 1894-cü ildə “Fars poeziyasının tarixi” (“Storia della Poesia Persiana”) adlı mötəbər bir əsər çap etdirmişdir. İran ədəbiyyatını mövzular və dövrlər əsasında qruplaşdırıb incələyən müəllif kitabını bütün şairlərin əsərlərindən tərcümə edilmiş nümunələrlə bəzəmişdir. Həmin kitabda o, fikir, sənət və həyatı üzərində ciddiyyət və təfsilatı ilə dayandığı Nizamidən mötəbər və seçilmiş parçalar vermişdir. O vaxta qədər Avropada İran ədəbiyyatı haqqında yazılmış bütün əsərləri tənqiddən keçirib incələyən Pizzi, İtaliya ədəbiyyatı ilə İran ədəbiyyatı arasında qiymətli qarşılaşdırmalar da aparmışdır. O cümlədən müəllif Nizami ilə yeni İtalyan klassiklərindən Bokkaçonun əsərləri üzərində durmuşdur.
Pizzi Nizaminin “Bəhram-Gur”u ilə Bokkaçonun “Ameto”su arasında dərin bir oxşarlıq görür. “Həft peykər” qəhrəmanı kimi “Dekameron”un qəhrəmanı da yaxşı bir ovçudur. Bəhramın Ərəbistan səhralarındakı ovçuluğuna müqabil Ametonun da meşəliklərdə vəhşi heyvanlar arasında gəzib qaçmağı vardır. Nizamidə olduğu kimi Bokkaçoda da yeddi sarayda yaşayan yeddi gözəl Ametoya hər gecə eşq-məhəbbət haqqında bir nağıl danışır. Gəncəli şair kimi italiyalı şair də hekayə söyləyən dilbərlərin yaşadıqları qəsrləri yeddi rəngə boyamış və gözəllər həmin qəsrlərin rənginə uyğun paltar geyinmişlər.
Pizzi bu rənglərlə geyimlərin Bokkaçoda təəccüblü dərəcədə Nizamidəki rənglərlə geyimlərin eyni olduğunu inandırıcı şəkildə göstərmişdir. Lakin İtaliya hekayəsində bu yeddi rəngin gizli və rəmzli heç bir mənası yoxdur. Bokkaço həmin hekayələri onların haradan gəldiklərinin və nə əhəmiyyətə malik olduqlarının fərqinə varmadan gəlişi gözəl nəql etmişdir. Halbuki Nizami hekayəsində bunun bəlli bir mənası vardır. Yeddi ulduz (səyyarə) əqidəsinə görə bu yeddi rəngli qəsrlər əski münəccimlik və dini bir sistemə bağlıdır. Yeddi səyyarəni (planeti) təmsil etmək üçün yeddi qübbəli bir saray tikməyi memar Simnarın hökmdar Nemana təklif etdiyini Nizami öz “Yeddi gözəl”ində hekayə edir.
Pizzi Bokkaçonun özünəməxsus ədəbi bir məktəb sahibi olduğunu əlavə etməklə bərabər hər iki əsərin bir-birinə bu qədər bənzəməsinə təəccüblənərək çaşıb qalır. Nizaminin hekayəsində hər şeyin öz yerində olması nəzərə alınarsa, İtaliya hekayəsinin bir təqliddən ibarət olduğuna hökm vermək olar. Amma Pizzi Bokkaçonun, doğrudan da, “Nizaminin varisi olduğunu” heç söyləmir; yalnız qeyd edir ki, “bununla belə, Nizami 1204-cü ildə, yəni Bokkaçodan bir əsr yarım əvvəl ölmüşdür”. Müəllifə görə, Nizaminin əski pəhləvi qaynağından əxz etdiyi eyni hekayənin hər hansı bir yolla Qərbə keçmiş olan başqa bir variantından Bokkaço da istifadə etmiş ola bilər. Xüsusilə, Bəhram Gur hekayəsi Qərbə tez yayıla bilərdi, çünki XII əsrdə Siciliyada olan İbn Zəfər 181 öz kitabının dördüncü hissəsində bu hekayəni gətirmişdir.
Nizami ilə Bokkaço arasındakı oxşarlıqları başqa Avropa tədqiqatçıları da qeyd etmişlər. Alman şərqşünası Yosef fon Hammer bu məsələyə hələ 1818-ci ildə işarə etmişdir. Hammerə görə, yalnız “Həft peykər” ilə “Dekameron” hekayələri arasındakı oxşarlıq deyil, qadınları ideallaşdırma baxımından da Bokkaço Nizamini xatırladır”182.
Ukraynalı məşhur şərqşünas A.Krımski “Brokqauz Efron” tərəfindən nəşr olunmuş rus ensiklopediyasında yer alan “İran ədəbiyyatı” məqaləsində yazır: “XII əsrə şeir baxımından çox hallarda romantik epopeya dövrü deyilir, çünki bu dövrdə Firdovsidən sonra İranın ikinci böyük epopeya şairi Nizami Gəncəvi yazmışdır”.
Həmin müəllif 1906 və 1912-ci illərdə rusca nəşr etmiş olduğu “İranın, İran ədəbiyyatının və dərviş sufizminin tarixi”183 adlı kitabında Nizamini belə təqdim etmişdir:
“Nizami İranın ən yaxşı romantik, daha doğrusu, sufi və romantik bir şairidir. Özündən sonra gələn İran romantikləri üçün həmişə təqlid, nəzirə qaynağı və örnəyi olmuşdur. O, yalnız İran deyil, türk ədəbiyyatında da son dərəcə sevilən bir söz sənətkarıdır”184.
XII əsr ədəbiyyatının mahiyyətini təhlil edərkən müəllif göstərir ki, Böyük Səlcuq imperiyası tənəzzülə uğradıqdan sonra dərəbəylik şəklini alan bu dövrdə ədəbiyyat bir yandan məddahlığa, o biri yandan isə sufilik və dərvişliyə uymağa başladı. Bu dövrün şairləri arasında Nizami müstəsna bir yer tutur. Sufilik və tərki-dünyalığa uymuş olmaqla yanaşı o, romantizm cərəyanını və eşq əfsanələrini yaradır. Aşiq tiplərini sufiyanə fikirlərinin bir rəmzləri kimi təqdim etməklə bərabər şairin yaratmış olduğu tiplərin hamısı gerçək varlıqlardır. Bu hal məsələdən xəbərsiz olan oxucuları çaşdıra bilər. Belə ki, “Məxzənül-əsrar” müəllifinin sonralar durub “Xosrov və Şirin” yazacağını təsəvvür etmək çətindir”.
Şairin yaradıcılığını son dərəcə yüksək tutan akademik S.F.Oldenburq Nizaminin tədqiq edilməsini gənc şərqşünaslara tövsiyə edərkən demişdir ki, onun “ruhşünas” bir şair olduğu “heç vaxt unudulmamalıdır”185. “Bir Sasani tacdarı olan Xosrov təvazökar bir zəhmətkeş Fərhad, bir ərəb gənci – Məcnun, xülasə, kim olursa olsun, şair onu ələ alınca ruhunun bütün incəliklərinə vararaq yaşadığı sosial şəraitə və yaşına uyğun bir şəkildə onun bütün mahiyyətini aydınca təsvir edir”.
1941-ci ildə Nizaminin yubileyi münasibəti ilə Bakıda Bertels tərəfindən rusca “Böyük Azərbaycan şairi” başlığı altında bir monoqrafiya nəşr edilmişdir. Kitabımızın başqa bir bölümündə təhlil edəcəyimiz bu əsərin, sovet dövrünün şərtləri çərçivəsində müəllifin müəyyən bəzi meyilləri istisna olmaqla ümumilikdə Nizaminin həqiqi qiymət və böyüklüyünə layiq bir diqqət və sevgi ilə yazıldığını etiraf etmək lazımdır. Y.Bertelsə görə, Nizami Səlcuq imperiyasının tənəzzülə uğradığı və ölkənin hər yerində ortaya çıxan aristokrat özbaşınalığı və zorakılığı ilə şəhərli zümrələr arasında başlanmış mübarizə şəraitində meydana gəlmişdir. Marksizm və materializm təliminə uyaraq Bertels Nizamini o zaman üçün inqilabçı bir mərkəz olan şəhərin və şəhərlilərin ideoloqu və fikirlərinin tərcümanı kimi qələmə verir. Məhz buna görə Nizami ancaq Qafqazda yerləşən Gəncə kimi bir şəhərdə yetişə bilərdi, çünki “Səlcuqlar dövründəki memarlıq kimi müsəlman ənənələri və xristian Qafqazının bədii dəyərlərini birləşdirən bu müstəsna zəka yalnız o zamankı şəhərin, xüsusən, Cənubi Qafqaz şəhərinin şəraitində meydana gələ bilərdi”.
Nizaminin ictimai şəxsiyyətini təhlil edən həmin müəllif yazır: “Bir insan və cəmiyyət üzvü kimi Nizami XII əsrin ən yaxşı xüsusiyyətlərinin hamısını özündə cəmləşdirmişdi. Onun təlimatı ciddi və kəskindir. O, insanı pisləməyən, özü də öz tutduğu yoldan dönməz, yaxşı gələcəyə inanan, ölüm qarşısında Sədinin seçdiyi köləlik yoluna girməyə razı olmayan bir əzəmətli şəxsiyyət idi”.
Şairin sənətkarlığından bəhs edərkən Bertels “Xosrov və Şirin”in təhlilinə başlayaraq belə yazır: “… Nizaminin ikinci poeması “Xosrov və Şirin” dünya ədəbiyyatında tayı-bərabəri olmayan, heyrətləndirici dərəcədə kamil bir əsərdir. Yaxın Şərq ədəbiyyatında ilk dəfə olaraq insanın şəxsiyyəti bütün dəyərləri ilə bu əsərdə bizə göstərilmişdir. Həm də şairin əl-qolunu bağlayan ənənələrdə yerləşmiş bir mövzunu işləmək surəti ilə” (s.72).
“Həft peykər”i təhlil edərkən müəllif yazır: “Yazılışlarındakı ustalığa görə bu hekayələr, romançılığın ağılları heyrətləndirən əsərlərindən olaraq Hofmanın 186 məşhur təmsillərinə bənzəyir, xüsusən, bunlardakı inandırıcılıq eyni üsulla, yəni xəyal ilə həqiqətin qarışması, daha doğrusu, ən xırda incəliklərinə varıncaya qədər bunların bir-birinə hörülməsi ilə əldə edilir”(s.91).
Şairin ədəbi irsinə gəlincə Bertels hər şeydən əvvəl Şərq ilə Qərb mədəni ənənələrinin Nizamidə qarşılaşdığına və bir-birinə qarışdığına işarət edir. Nizamidən əvvəl Yaxın Şərq ədəbiyyatında Qərbin təsir və ya izlərinin olduğu inkar edilə bilməz. Məsələn, Bertels yazır: “X-XI əsr şairi Ünsüridə qədim yunan dastanlarının bir sıra izləri vardır. Lakin heç kim bu mövzu baxımından Nizami qədər əlverişli şəraitdə olmamışdır. O, iki mədəniyyətin tam qarşılaşdığı coğrafi bir mövqedə yaşamışdır. Bu kimi əlverişli şərait isə başqalarına heç nəsib olmamışdır.
Firdovsidəki cəngavər romanının özünəməxsusluğu Nizamidə yoxdur. Nizami yalnız hadisələri hekayət etməklə qalmamış, eyni zamanda surətlərin psixoloji vəziyyətlərini daha dərindən incələmişdir və bu surətlə də romantik bir dastan yaratmışdır. Nizamidən əvvəl bu işi XI əsr şairi Fəxrəddin Gürgani öz poeması “Veys və Ramin”də etmək istəmişsə də, bacarmamışdır. Beləliklə, Nizami epik dastanın örnəyini meydana çıxarmışdır. Nizamidən sonra əski ənənələrə bir daha qayıtmaq mümkün olmamışdır. Sonralar “Şahnamə”yə bənzədilərək “Teymurnamə” və “Şahənşahnamə”lər yazılmışsa da, bunların hamısı epiqonçuluq (təqlidçilik) mahiyyəti kəsb etmişdir”.
Bu yoldakı görüşlərinə davam edərək Bertels yazır: “İnsan ruhunu lazımınca anlamaq nəticəsində edilən incələmə Nizamiyə dünya ədəbiyyatının ölməz əsərləri arasında daimi yer almış klassik qəhrəman surətlərini yaratmaq imkanını vermişdir. Şirin, Fərhad, Leyli, Məcnun, Bəhram və İskəndər öz sifətlərinin tam cizgilərini Nizaminin əsərlərində tapmışdılar. Türkiyədən tutmuş müsəlman Hindistanına qədər həmin surətlər bu biçimlərilə bütün Yaxın Şərq ədəbiyyatına keçmiş, bu vəziyyətləri ilə bizim günümüzə qədər yaşamışlar və gələcəkdə də yaşamaqları təbiidir. Nizamidən sonra gələn yazıçılar bu qəhrəmanların xarakterlərini öz ədəbi prinsiplərinə müvafiq dəyişdirmək istəmişlərsə də, bu xüsusda əhəmiyyətli bir şey etməyi bacarmamışlar” (s.141).
Bertelsin qənaətincə, poemaların yazılışında Nizaminin təməlini qoyduğu yeni əsas eşq dastanının müəyyən tiplərini, demək olar ki, qanunlaşdırmasıdır. Nizami üç növ eşq müəyyənləşdirir: a) qəhrəmancasına eşq; b) faciəli və ya fəlakətli eşq; c) kef çəkmək üçün əyləncə və ya oyuncaq olan eşq. Bu üç cür eşq hekayəsinin hər növünü Nizami müəyyən bir vəznlə öz poemalarında təsvir etmişdir. Bunlar ərəb-fars vəznini, yəni əruzu işlədən bütün xalqlar üçün eyni növlü eşq mənzumələrinin (poemalarının) dəyişməz bir yeganə vəzni olaraq qalmışdır. “Leyli və Məcnun” mövzusu 800 il müddətində bir dəfə də olsa, “Xosrov və Şirin” bəhri ilə yazılmamışdır187. Bertelsin dediyi kimi, “bu, Nizami üslubunun özündən sonra gələnlər üzərində nə qədər böyük bir təsiri olduğunu göstərir”.
Nizaminin yaratdığı qəhrəmanlar sadəcə olaraq özündən sonrakı ədəbiyyat üzərinə təsir etməklə dayanıb qalmamışlar. “Xəmsə”dəki qəhrəmanlar xalq kütləsi tərəfindən də Nizamidən gələn təsir nəticəsində doğrudan-doğruya tanınmışlar; bu kütlənin oxuyub-yaza bilmədiyini göz önünə gətirsək, Bertelsin dediyi kimi, “bu işin ancaq Nizami sənətinin dahiliyi və insana qarşı bəslədiyi sevginin böyüklüyü sayəsində vücuda gələ biləcəyi aşkar olur”. Y.Bertelsin təsnifinə görə, Nizaminin yaratdığı surətlər türk, gürcü, erməni, özbək, türkmən, tacik, fars və başqa xalqların ədəbiyyatına da əslində olduğu kimi keçmişdir. Homerin qəhrəmanlarının Avropadakı şöhrətlərindən Nizami qəhrəmanlarının Şərqdəki müvəffəqiyyətləri daha genişdir.
Nizami müxtəlif xalq ədəbiyyatlarına göstərdiyi təsir kimi özü də xalq ədəbiyyatından (folklordan) faydalanmışdır. Müəllifə görə, bu, şairin ənənələrinə ayrı bir əhəmiyyət və canlılıq vermişdir. Müxtəlif müşahidə nöqtələrindən incələdiyi Nizaminin böyüklüyünün miqyasını təyin etmək üçün müəllif bir ölçü tapa bilmir. O, deyir: “Nizami üçün ölçü yoxdur, onu ancaq özü ilə ölçmək mümkün olar!” (s.125)
Nizami haqqındakı orijinal rəyini bildiyimiz Hötenin klassik İran şairləri haqqında Şansölye fon Müllerə söylədiyi məşhur bir sözü vardır: “İranlılar beş yüz il içində yetişən şairlərindən yalnız yeddisini yeddi ulduza bənzədib bəyəniblər. Halbuki onların bəyənmədikləri arasında bir çoxları məndən parlaqdır”.
Mədəniyyət dünyasının ən böyük şairi tərəfindən özündən üstün olduğu etiraf edilən bu yeddilərdən biri, yuxarıda araşdırdığımız müxtəlif rəylərdən göründüyü kimi, bəlkə də, birincisi Nizamidir!..
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?