Текст книги "Azərbaycan şairi Nizami"
Автор книги: Məhəmməd Əmin Rəsulzadə
Жанр: Современная зарубежная литература, Современная проза
сообщить о неприемлемом содержимом
Текущая страница: 6 (всего у книги 19 страниц) [доступный отрывок для чтения: 6 страниц]
İKİNCİ BÖLÜM
NİZAMİNİN BEŞ KİTABI
BEŞLİK
Tasarladım188 mən əvvəlcə Məxzəni.
Tutmadı gevşəklik189 bu işdə məni.
Bu surətlə yağlı, dadlı topladım,
Xosrov-Şirin dastanına başladım.
Bundan sonra bir başqa pərdə açdım,
Leyli-Məcnun sevdasına ulaşdım.
Bu qissəni bitirmiş oldum həmən,
Yeddi gözəl sarayına çəkdim yüyən.
İndi şeirin mən girdim meydanına,
Təbil vurdum İskəndərin namına.
Nizami
“PƏNC GƏNC” və yaxud “XƏMSƏ”
Nizamidən qalan ədəbi miras Şərq ədəbiyyatında mövcud olan bütün janrları əhatə edən 48 min beytdən ibarətdir. Bundan 19 mini şairin nisbətən az məşhur olan “Divane-əşar”ını (qəzəllər, qəsidələr və başqa parçalar) təşkil edir, qalan 29 min beyt isə kitabımızın bu bölümünün mövzusu olan beş kitaba daxildir.
Bizim “beş kitab” dediyimiz bu mövzular məsnəvi tərzində yazılmış beş müstəqil poemadan ibarətdir. Şair özü bu beş kitabına “Pənc-gənc” (“beş xəzinə”) adı vermişdir. Təzkirəçilər və kitabçılar isə beşi bir yerdə toplanmış olan bu məsnəvilərə, qısaca olaraq ərəb termini ilə “Xəmsə” demişlər. “Xəmsə” sözü Azərbaycan dilində “Beşlik” deməkdir.
Nizami bilavasitə bu “Beşlik”i ilə tanınmışdır. “Nizami Gəncəvi” ilə “Xəmseye– Nizami” söz birləşmələri ədəbiyyatın bir-birini tamamlayan iki məşhur tərkibidir.
“Xəmsə”dən kənarda qalmış “Divan” yüksək əhəmiyyətə malik olsa da, Nizamini Nizami olaraq bütün şairlərdən ayıran və onun orijinallığını təmin edən, əslində, bu beş kitabdır, ustadın özü də sonuncu əsər “İskəndərnamə”nin müqəddiməsində buna işarə etmişdir190. Bunun üçün biz də oxucularımıza bu kitabları ümumi surətdə olsa da, tanıtmaq istəyirik. “Beşlik”i tanımadan Nizamiliyi təşkil edən fikirlərə, sənətə aid özəllik və yaradıcılıq haqqında bir fikir aşılamaq mümkün ola bilməz.
“Beşlik” içindəki poemaların yazıldıqları tarix sırası ilə tərtib edilmişdir. Biz də bu beş kitabı eyni sıra ilə təhlil edəcəyik191.
I
MƏXZƏNÜL-ƏSRAR
Bismilləhir-rahmanir-rahim
Həst kəlid-e dər-e gənc-e həkim192.
Nizami
2263 beytdən ibarət olan bu məsnəvi h. 559-da (m. 1163/4) yazılmışdır193. Həmin tarixdə şair hələ çox gənc idi. “Məxzənül-əsrar”ı bitirdiyi zaman Nizaminin 20 yaşlarında olduğu təxmin edilir.
“Pənc gənc”in ilk “xəzinə”sini təşkil edən “Məxzənül-əsrar” özündən sonra gələn dörd “xəzinə” əsərdən şəkil baxımından bambaşqadır. Bu, nə bir eşqin macərasını, nə də bir hökmdarın dünyanı fəth etməsini təsvir edir. Bu, nə bir hekayə, nə təmsil, nə də dastandır. Bu baxımdan onun “Beşlik”dəki o biri qardaşlarına oxşarlığı yoxdur. “Sirlər xəzinəsi”nin o biri poemalarla ortaqlığı yalnız yazıldığı məsnəvi tərzində təlqin etdiyi Nizami fikirləridir. Bu kitab “Beşlik”dəki o biri dörd poema kimi forma nöqteyi-nəzərindən bir vəhdət təşkil etmir. Lakin bu, onun məna və fikir etibarilə o biri mənzumələrdən uzaq olduğuna dəlalət etmir. Əksinə, “Sirlər xəzinəsi”nin yazılışındakı əsl məqsəd şairlik deyil, filosof və şeyx olan Nizaminin əxlaqi fikirlərini daxildən gələn bir istəklə oxuculara təlqin etməkdir. Yalnız bu baxımdan ona müstəqil bir kitab demək olar – din yayan bir müqəddəs kitab.
“Məxzənül-əsrar” təlqinçi bir əsərdir. Burada şair nəzm dili ilə sufiyanə fikir, əqidə, əxlaq və dünyagörüşünü başqalarına aşılayaraq təlim etməkdədir. O, ilahi hikmətlərin sirrinə varid olmuş və bunları bir “xəzinə” halında mömin və müqəddəs “ərənlərə” əmanət vermişdir194.
1.
“Beşlik”in bu əsərində biz fikirlərini rəmzlər, rəmzli hekayələr, təmsillər və şairanə təşbihlərlə təlqin edən və hər şeyi tək bir varlıqdan görən bir mürşidlə qarşılaşırıq. Bu mürşid öz kitabına ənənəvi olaraq Cənabi-Həqqə xitab edən bir həmd və minacat ilə başlayır.
Nizaminin qənaətincə, müsəlmanlığın Allah haqqında əsas əqidəsi də budur: “bütün varlıqları O vücuda gətirib, zəif torpaq, yer üzü onun bayrağı altına sığınmışdır. Biz Onunla durarkən O, öz-özünə durmuşdur. Varlığının müəyyən bir şəkil və surəti yoxdur, kimsəyə bənzəməz, dəyişməz, ölməz, bizim hamımız fani ikən O əbədidir. Yüksəkliklə müqəddəsliyə sahib olan Odur”.
Allaha mədh və sənadan sonra həzrət Peyğəmbərin tərifi gəlir. Nizami bu əsərində “Peyğəmbərin tərifi”ni (“nə’ti-nəbi”) dörd dəfə təkrarlayır. Nizaminin dediyinə görə, hökmü qiyamətə qədər sürəcək ən böyük bilik və hidayət sahibi olan rəhbər Məhəmməddir. Böyük bir peyğəmbər sifətilə o, Allahla daimi və səmimi münasibətdədir. Merac bu ruhi münasibətin bir rəmzidir. Sufilikdəki Allahla ruhi təmas əqidəsinin şairanə bir rəmzini gördüyü ehtimal edilən merac dastanına Nizami Məhəmməd həzrətlərini mədh edərkən xüsusi bir qayə və diqqətlə daima qayıtmaqdadır.
Peyğəmbərin mədhindən sonra klassik üsulun tələbinə görə növbə kitabın ithaf olunduğu padşahın – Ərzincan hökmdarı Bəhram şahın mədhinə çatır. Bu barədə keçən bölümdə məlumat verilmişdir.
Bundan sonra şair bizə sözün əsl şərəf və fəzilətindən söz açır. Şairin qənaətincə, “yaradılış pərdəsinin açılmasıyla varlıq səhnəsinə ilk gələn söz olmuşdur”. “Söz (yəni şeir) deməkdəki sirr pərdəsi peyğəmbərliyin bir kölgəsidir”. Məxluqun qədimliyi-təzəliyi araşdırılarkən “Tanrı hüzurunda ön cərgədə peyğəmbərlər, ikinci sırada isə şairlər dururlar”195.
Şeirlə şairin rütbə və şərəfi təyin edildikdən sonra Nizami bir-iki fırça ilə ilahi eşq ilə coşan füsunkar bir şair kimi öz portretini yaradır.
Məsələnin yaxşı anlaşılması üçün əlavə etməliyik ki, Nizaminin peyğəmbərlər dərəcəsinə çıxardığı şair həvəslərinə deyil, qəlbinə bağlı olan şairdir. “Həvəs yolkəsənlərindən qorxmağı” və “həyatda ancaq qəlbin rəhbərliyi ilə yol getməyi” o, xüsusi olaraq tövsiyə edir. Nizaminin qənaətincə, “qəlbləri qüvvətli olanlar hər iki dünyada öz arzularına çatırlar”.
2.
Belə müqəddimədən sonra şair son dərəcə nəfis və təsvirlərlə bəzənmiş bir-iki fəsildə özü ilə dərdləşərək vəcdə gəlir. Belə bir halətdə o, Allaha qovuşur, onunla tək qalır, şəxsi söhbətləri ilə “xəlvət” düzəldir. Maddi aləmə bağlılıqdan, dünyəvi əlaqələrdən ayrılaraq təcərrüd halında mistik bir hissiyyatla o, Allahın hüzurunda olduğunu anlayır, həqiqi aydınlığa çatır, bəxtəvərdir. Bu səadətini o, istəyinə çatmış bir adam sevinci ilə təsvir edir. Bu “müqəddəslik” “gündüz qədər aydın bir gecədə” – “bir merac gecəsində” üz verdi. “Elə bir gecə ki düşməni olan gündüz belə onun kimi bir gecə olmaq istərdi”.
Öz-özünə ucalaraq ruhunun (Peyğəmbər kimi merac edərək) Həqq ilə təmasda olduğunu bu şəkildə bildirdikdən sonra şair vəhy deyilsə də, özünə ilham olunan hikmətləri yaymağa başlayır. Kitabın əsl təlqinçi məqalələri də buradan başlayır.
Cəmi 20 olan bu məqalələri aşağıda xülasələşdiririk.
Birinci məqalə “İnsani-kamil və tərki-dünyalıq” haqqındadır. Atamız Adəm Allahın bu buyruğundan çıxaraq günah iş gördüyü üçün cəzaya uğrayıb cənnətdən yer üzünə qovulmuşdur. Lakin o, öz günahını başa düşüb tövbə etdiyi üçün yerdə Allahın xəlifəsi təyin edilir. Nizami həmin hekayədən belə nəticə çıxarır: Allahdan qorxmaq və Ona mütləq surətdə tabe olmaq lazımdır. Belə olarsa, insan üçün heç bir təhlükə yoxdur, çünki “Allahdan yaxşılıqdan başqa bir şey gözləmək olmaz”. “Fəna olan bizik, Allah isə yaxşılığın elə özüdür”. Şairin dediyinə görə, “günahımızı başa düşüb Allaha sığınsaq, həmişə onun mərhəmət və lütfündə olacağıq”.
İkinci məqalə “Ədalət və insaf” haqqındadır. “Ədalət ağılı məmnun edən bir rəhbərdir. Məmləkət işləri yalnız ədalət sayəsində görülür. Ölkə yalnız onunla abad olur”.
Üçüncü məqalə “Dünyanın dəyişən bir varlıq olduğu” haqqındadır. Fırlanan fələk çərxinin altında olan hər şey dəyişməyə və zavala məhkumdur. Yaşa dolan zaman bizimlə daima müxalifətdədir; o, bizimlə oynar: gah canlılara hakimlik edər, gah da bizi kuzə düzəldənlərə palçıq edər”.
Dördüncü məqalə “Padşahın rəiyyətə qarşı vəzifəsi” haqqındadır. Dünyanın əsası ədalətsizlik üzərində qurulmuşsa da, dünyanı idarə etmənin şərti ədalətdir. Kim bu dünyadakı “evində” bir gecə ədalətə qulluq etsə, özünün sabahkı evini tikmiş olur.
Beşinci məqalə “Özünə güvənmək və kimsəyə əl açmamaq” haqqındadır. Nizami “bir ovuc buğdaya bənzər arpa” üçün “ürək dənini arpa və buğda kimi üyütmənin” əleyhinədir. Ona görə “xəsislərin çörəyini yeməkdənsə, torpaq yemək daha yaxşıdır”. “Əlini ona-buna uzatmaqdansa, bir işə uzat!” – deyir şair.
Altıncı məqalə “Dözümlü olmaq və riyazət” haqqındadır. Burada şair dözümlü olmağın insana mənəvi istiqlal və mətanət verəcəyi fikrini əsaslandırır. “Xudpəsəndlik xəstəliyi fəlakət zərbələri nəticəsində şəfa tapır, çünki “azadlığa gətirib çıxaran hər yolda sevinc günlərini qabaqlayan əzab günləri vardır”.
Yeddinci məqalə “İnsanlıq şərəfi” haqqındadır. Bu şərəf insana yalnız o vaxt nəsib olur ki, o, öz ehtiras və həvəslərinə kölə deyil, hakim olur. Əsl insan nəfsini özünə tabe edəndir. “Həva və həvəsə uymaq zalimlik, özünü tanımaq isə peyğəmbərlikdəndir”. “Çalışmaq və xalqa xidmət etmək – budur insanlığın şərəfi!”
Səkkizinci məqalə “Yaradılışın qədimliyi” haqqındadır. İnsanlar yaranmamışdan əvvəl kainatın mövcud olduğunu, günəşin, ayın, ulduzların, mövsümlərin, gecələrin, gündüzlərin eyni nizam daxilində hərəkət etdiklərini özünəməxsus bəlağətlə təsvir etdikdən sonra şair bu köhnə dığırlanan fələyin altında yaxşılıqdan-kobudluqdan hər nə varsa, hamısının bir-birindən rəng alıb-rəng verməkdə olduğunu bəyan edir. Varlıqdakı dialektikanın (təarüz) qədimliyinə bu şəkildə işarə etdikdən sonra, müdrik filosof insan övladını bu xətərli yolda qəflətə dalmaqdan qorxudaraq deyir: “Bu yolda yatanın ya başı əldən gedər, ya da papağı”:
Hər ke dər in rah konəd xabqah,
Ya sərəş əz dəst rəvəd, ya kolah!
Doqquzuncu məqalə “Özünü tanımaq” haqqındadır. O deyir: “Biz su ilə palçıqdan yoğrulmuşuqsa da, bir qiymətli cövhərə malikik. Bizim torpaqdan yoğrulmuş xəmirimizi bişirdikləri zaman içinə “ürək” deyilən bir məcun qoymuşlar. Torpağımız əzablarla, əziyyətlərlə əzilməkdədirsə də, bu “torpağın qəlbi” xəzinələrlə doludur”. Şair tövsiyə edir ki, bu torpağın qədrini bilmək və onu Yaradana şükür etməliyik. “Bura bizə təyin edilməmiş olduğu bir vaxtda, yəni fani vücud örtüyünü üstümüzə salmadığımız bir zamanda ruhumuz əbədiyyətin uca nöqtələrinə uçmaq əzmində idi”. Ruhumuzun müvəqqəti olaraq bağlandığı vücudumuzu tərk etdikdən sonra əsl hədəfi olan yüksəkliyə uçmasını və özünə layiq məqama qonmasını həyatdakı sonu düşünməklə təmin etməliyik. “Sonu düşündüyü üçün arının pətəyi balla dolu olur”. “Mərdanə cərgəyə düzülmüş qarışqa gələcək günün yemini daşımaqdadır”. “Adam kor deyilsə, bu böcəklə bu qurddan necə geri qala bilər?” “İnsanın getməyə borclu olduğu yolun səhralardan keçən çətin bir yol” olduğunu Nizami yaxşı bilirdi. Lakin “yolun çətinliyini görərkən süstləşməməyi” və məqsədə çatmaq üçün oxucularına “din atına minməyi”, yəni bir iman sahibi olmağı tövsiyə edir.
Onuncu məqalə “Hünər sahibi olmaq” haqqındadır. Hünər sahibi olmağı tövsiyə etməzdən əvvəl bizə xidmətdə olan kainatın təsəvvür ediləcək bir zamanda sona çatacağını, çərxin tənəzzülə uğrayacağını, fələyin bizə xidmətindən qalıb qiyamətin qopacağını şair qorxunc bir səhnə halında təsvir edir. Dəhşət doğuran bu “axirüzzəman” təsəvvür qarşısında insan nə etməli, nəyə əl atmalıdır? Bu suala Nizami, “Bir hünər sahibi olub, kamala çatmaq lazımdır” – deyə cavab verir. “Eyb və qüsurla dolu olan dünyada” başqalarında eyb və qüsur axtarmağı mənasız iş sayan filosof şair deyir: “Bunları özündə axtar və pak olmağa çalış!”
On birinci məqalə “Təkəbbür və məğrurluq” haqqındadır. Burada şair insanlara mənasız qürur və lovğalanmaqdan vaz keçməyi və ideal şəkildə təvazökar olmağı tövsiyə edir. “Qəlbinin tapdığı yol ilə irəlilə ki, hər iki cahana sahib olasan”. Lakin necə irəliləməli? “Rütbəndən qorxmamaq üçün aşağıya, kölgəndən ürkməmək üçün arxaya baxmadan irəlilə!”196
On ikinci məqalə “Maddiyyatdan uzaqlaşmaq” haqqındadır. Bunu həkimin bir hikmətli cümləsi ilə ifadə etmək olar: “Üzərində məqsəd sikkəsi olmayan zər (qızıl) ilə zərnix (arsen) eyni qiymətdədir”197.
On üçüncü məqalə “Dünyanın faniliyi” haqqındadır. Bu dünya: “fani bir mənzildir, qərarı yox; xəzan ruzigarıdır, baharı yox!”
On dördüncü məqalə “Ədalətsevərlik və düzsözlü olmaq” haqqındadır. Burada Nizami bütün insanları ədaləti sevməyə təşviq edir. Vətəndaşlığın vəzifəsi zülmə və haqsızlığa qarşı çıxmaq və həqiqəti cəsarətlə söyləməkdir. Ağıl sahibi əsl insan yalnız belə etməlidir, çünki “ağıl – Məsihdir, ondan ayrılma!”. “Şərab ağıla düşmən olduğu üçün haram elan edilmişdir”, yoxsa “adama kef verən və nəşə gətirən bir şeydir”. Kişinin əsl silahı doğruluqdur. “Əyrilikdən ziyan, doğruluqdan isə salamatlıq və yaxşılıq” gəlir.
On beşinci məqalə “İnsanın əhəmiyyəti və qiyməti” haqqındadır. Bu məqalədə şair zəmanəmizdə daha aktual olan nəsillər arasındakı ahəngə, gənclik və şəxsiyyət məsələsinə toxunur: deyirlər ki, “daş qocaldıqca lələ çevrilir”. Şairin qənaətincə bu, mübahisəli bir məsələdir, çünki o, öz təcrübəsində “bu güruhun qocaldıqca, betər olduğunu” gözlərilə görmüşdür. Şairin tədqiqinə görə, “Yaşlılar arasında gənclərə yardım edən insaflı qocalar az olur”. Beləliklə, “könül genişliyi təzə çiçəklərdən, yaralar isə əski tikanlardan gəlir”. Daha münasib bir təşbih: “Başı ağıl üçün ayrılmış qab ikən əski beyin onu qəbul etməyə heç də hazır deyildir”. Amma “səhhət və sağlamlıqdan ibarət olan gəncliyin dəlilik198 tərəfləri də az deyildir”. Bu halda nə etməli? Nizamini nümunə götürüb ona oxşamalı; çünki o, gül kimi xəzinə saçır və cavan ikən qocalıq iddiası edir”. “Təzə çıxan ayı hilal şəklində görürsünüz, lakin onun kamala yetişib bədr olacağını unutmayın”. “İddialara yox, hünərə qiymət vermək lazımdır”. “Su da sədəf də çoxdur, lakin inci olacaq damlalar azdır”. “Nə qədər can, nə qədər qan lazımdır ki, bir gövhər bir taca qonsun!”
On altıncı məqalə “Gələcəyi düşünmək” haqqındadır. Burada şair ziyanlarımıza görə şəxsən özümüzün cavabdeh olmağımız fikrini təlqin edərək soruşur: “Şərabı içən sən, dünyanın qəbahəti nə?” Hərəkətlərinin nəticəsini düşünməyən adamlar, şairin fikrincə, daima ziyan görərlər. Gələcəyi, aqibəti düşünənlər isə azdır. “Dünyanın hər yeri daşlarla dolu isə də ləl olan daş çox azdır”.
On yeddinci məqalə “Guşənişinlik və təcrid” haqqındadır. Sufiliyə xas olan bu iki kəlmə ilə bir insanın mənən öz qınına çəkilməsi, həva və həvəslərdən ayrılması, öz idealı yolunda hər cür məhrumiyyət və çətinliklərə dözməsi ifadə olunur.
Şair bizdən qüvvətli olan həyat şəraiti qarşısında nə sırtıq, nə də məyus olmağı bizə məsləhət görür. Nə yersiz ağlamaqla kor olmağı, nə də arsızca daima gülməyi tövsiyə edir. Bunların hər ikisi ölçüsüzlükdür. Həyatın sirri isə ölçülü olmaqdadır. İnsanları bədbəxt edən içlərindəki təzaddır. Bunun şairanə misalı isə mumdur. “Yanarkən mum kimi gülənlərin ömrü qığılcım kimi qısa olur”.
On səkkizinci məqalə “Zəmanə adamlarının vəfasızlıqları” haqqındadır. Şair çiy süd əmmiş insan oğlunun vəfasızlığını yaxşı bilirdi. Bunun üçün işarə etdiyi insanları dost seçməkdə ehtiyatlı olmağa dəvət edir. Bu axtarışlarda vücudumuzun aciz olduğunu başa salaraq şair vəzifəni qəlbimizin öhdəsinə qoymağı məsləhət görür.
Tən çe şenasəd ke tora yar kist,
Del bovəd agəh ke vəfadar kist199.
On doqquzuncu məqalə “Düşməndən çəkinmək” haqqındadır. Şairin bu xüsusdakı tövsiyəsi sadədir: Düşmənin böyüyü-kiçiyi olmaz; hətta kiçik düşmən daha təhlükəlidir. Əqrəb kiçik olduğu halda əjdahadan daha qorxuludur; bunlardan ikincisi açıqda ikən birincisi gizlidir. “Ən böyük qəflət ən kiçik düşməndən qafil olmaqdır”.
İyirminci məqalə “Mütəəssiblərdən şikayət” haqqındadır. Hər yenilik nümayəndəsi və hər böyük sənətkar kimi Nizami də öz dövrünün mütəəssiblərindən çox əziyyət çəkmişdir. Şair deyir: “Dünyanın vəziyyətinə bax, gör, onun başçıları, “adlı-sanlıları” kimdirlər?” Bu bir-iki bədnam, “adıbatmış” başçılar istəyirlər ki, şairi sındırsınlar, lakin o, buna əhəmiyyət vermir, “çünki hilal halında olan şəxsiyyət sındırıldıqca böyüyərək” bədr (tam, bütün ay) olacağına əmindir.
* * *
Nizami bütün bu məqalələrdə yürütdüyü fikirlərin hərəsini bir hekayə və ya təmsil ilə təchiz və təsvir etmişdir. Bunların hamısını xülasə halında olsa da, burada təhlil etmək sözün həddindən artıq uzanmasına səbəb olardı. Bununla bərabər çox mənalı və bəzən də çox maraqlı bədii nümunə olan bir neçə misal gətirmək zövqündən özümüzü məhrum edə bilmədik.
Ədalət və insafdan bəhs edən məqaləsini şair Ənuşirəvan ilə vəzirinə aid bir hekayə ilə təsvir edir. Şah vəziri ilə birlikdə gəzintiyə çıxdığı zaman iki xaraba evin divarları üstünə qonmuş iki bayquşun səs-səsə verərək uladıqlarını görmüşdür. Şah vəzirə tərəf dönərək, “sən quşların dilini anlayırsan, bunlar nə danışırlar?” – deyə soruşmuşdur. Vəzir, “söhbət toy-düyün haqqındadır” – demişdir. “Bayquşun biri o birindən qızının nigahı müqabilində yüz xaraba istəyir. Bu birisi isə cavabında deyir ki, günlər belə keçsə və padşah eyni adam qalsa, mən sənə yüz yox, yüz min xaraba verərəm” – deyə vəzir cavab verir.
Gər məlek inəst, çenin ruzeqar,
Z-in deh-e viran dehəmət səd hezar.
Tərcüməsi:
Şah bu isə, böylə getsə ruzigar,
Yüz min xərabəlik diləsən də var!
Padşahın rəiyyətə qarşı vəzifəsinə aid məqalə aşağıdakı hekayə ilə təsdiqlənmişdir: Böyük səlcuqlardan sultan Səncərin qarşısına zülm və işgəncəyə məruz qalmış bir qoca qarı çıxaraq demişdir:
Doulət-e torkan ke boləndi gereft,
Məmləkət əz dad pəsəndi gereft.
Çon ke to bidadgəri pərvəri,
Tork nəyi, hendu-ye ğarətgəri.
Tərcüməsi:
Türklərin çün yüksəldi dövlətləri,
Ədalətdən süsləndi hər elləri.
Madam ki, sən zülmə amil olursan,
Bir türk deyil, çapqınçı bir hindusan!200
* * *
Özünə güvənmək və kimsəyə əl açmamaq haqqındakı məqaləsini şair belə bir hekayə ilə tamamlamışdır: Cavanlardan biri kərpic palçığını ayaqlayan bir qocaya rast gəlir. “Ata, nə üçün özünü yorursan, nəyə görə özünə bu qədər əziyyət verirsən? Kərpic kəsmək sənin yox, gənclərin işidir. Sən xahiş etsən, kim sənə kömək etməz?! Hansı cavan səndən bir parça çörəyini əsirgər?!” – deyən gənc, qoca kərpickəsənə müraciət edir. “Elə ona görə əziyyət çəkərək palçıq qayırıram ki, günlərin bir günü sənə əl açmayım” – deyə qoca cavab verir və həmin cavabla da gənci utandırır.
Ədalət və doğruluq haqqındakı fikirlərini təsdiqləmək üçün düzdanışan bir zahidin cəsarətini təsvir edir: Zülmkar və qəddar bir padşah varmış. O, xalqa zülm edir, əhalinin malına və mülkünə əl atırmış. Qoca bir zahid bu vəziyyəti tənqid edərək padşahın zülmkar olduğundan şikayətlənirmiş. Bundan xəbər tutan padşah qocanı öz hüzuruna çağırtdırmış; bunu eşidən qoca qüslünü alıb, kəfənini geyinib şahın hüzuruna getmişdir. Zalım padşah əvvəldən öz cəlladlarını hazırlayaraq onlara əmr veribmiş ki, qoca ağzını açmamış onu öldürsünlər. Qocanı görən kimi padşah onun üstünə qışqırmış: “Mənə zalım deyən sənsənmi?” “Bəli”, – deyə qoca cavab verir, “Mən sənin haqqında hələ sən bildiklərindən də ağır sözlər demişəm, lakin unutma ki, mən səni olduğun kimi göstərən bir güzgüyəm; öz üzünü bu güzgüdə eybəcər görürsənsə, günah güzgüdə yox, sənin özündədir. Odur ki, o güzgünü yox, özünü qır”. Padşah qocanın doğru sözlərindən və cəsarətindən təsirlənmiş, onun kəfənini çıxartdırıb əvəzində xələt geyindirmişdir. Bu ibrətdən dərs alan padşah zülmü atıb ədalətə qovuşmuşdur.
* * *
Pisliyə yox, yaxşılığa qulluq etmək hikmətinin təsviri üçün şair İsaya aid bir təmsil gətirmişdir.
Çürümüş bir köpək leşinin ətrafına toplaşanlardan biri leşin pis iyləndiyindən, o biri çirkinliyindən, üçüncüsü çürüdüyündən, dördüncüsü isə qurdladığından bəhs edirmiş. Bu arada İsa gələrək deyir: “Bir baxınız, görün, nə ağ, nə gözəl, nə sağlam dişləri vardır!”201
* * *
Əvvəllər qeyd etdiyimiz kimi, “Məxzənül-əsrar” şairdən çox filosof və şeyx Nizaminin əsəridir. Təlqinçi bir əsər olduğundan başqa bədii əsərlərinə nisbətən sənət baxımından bir az soyuqdur. Buna baxmayaraq Nizamiyə xas orijinal ifadə və mistik ruh ilə yazılan bu əsər şeir nöqteyi-nəzərindən də yüksək və canlı parçalara malik, fövqəladə bir “Sirlər” xəzinəsidir. Həm şairin sağlığında, həm də özündən sonra Şərq ədəbiyyatının çox məşhur simaları “Məxzənül-əsrar”a təqlid ilə ona nəzirələr yazmışlarsa da, tənqidçilərin bir səslə söylədiklərinə görə heç biri onun qədər uğurlu olmamışdır.
II
XOSROV VƏ ŞİRİN
Xodavənda dər-i toufiq beqoşay
Nezami-ra dər-i təhqiq benomay.
(İlahi, müvəffəqiyyət qapısını aç,
Nizamiyə axtarış qapısını göstər! – red.)
6966 beytdən ibarət olan bu məsnəvi hicri 576-cı ildə (m. 1180) tamamlanmışdır202. Əsər Azərbaycan hökmdarlarından Atabəy Məhəmməd Cahan Pəhləvana ithaf olunmuşdur.
“Xosrov və Şirin” Sasanilərin 23-cü şahı Xosrov Pərviz ilə sevgilisi Şirin haqqında qədim bir hekayət əsasında işlənmiş mənzum bir romandır. Bu hekayətin müxtəlif hissələri qədim kitablardan olan Cahizin “Kitab əl-məhasin vəl-əzdad”, Əbu Mənsur Səalibinin “Ğürər əl-əxbar”, Əbu Əli Miskəveyhin “Nədim əl-fərid”, İbn Nəbatenin “Sirh əl-üyun” əsərlərində nəsr ilə və məşhur İran şairi Əbülqasim Firdovsinin “Şahnamə”sində (yalnız bir hissəsi) nəzm ilə bir-birinə bənzər şəkildə nəql olunmuşdur203.
Nizami bu hekayəti bütünlüklə nəzmə çəkən ilk şairdir; özünə xas psixoloji təhlil və yaradıclıq məharəti sayəsində dünya ədəbiyyatının əbədi mövzusunu təşkil edən məhəbbət haqqında yazılmış dastanlar arasında ona xüsusi bir yer təmin etmişdir.
Hekayənin müəyyən bir çərçivə içərisinə sığan qısa məzmunu belədir:
Sasani padşahı Hörmüzə canı qədər sevdiyi yeganə oğlu və vəliəhdi Xosrov Pərvizdən şikayət edirlər.
– Günahı nədir? – deyə soruşur.
– Atı bir kəndlinin tarlasını yemişdir. Qulları başqalarının bağından salxımlarla üzüm dərmişlər. Özü kəndxudanın razılığı olmadan evinə girmiş və yatağında gecələmişdir. Çalğıçısı kamanının naləsi ilə bütün gecə xalqın rahatlığını pozmuşdur, – deyirlər.
Əmr edir: “Şahzadənin atı kəndliyə bağışlansın, qulları üzümü dərilmiş bağın sahibinə verilsin, taxtı yatağı alınmış kəndxudaya verilsin, çalğıçının dırnaqları çıxarılıb kamanının telləri qırılsın”.
Ağıllı şahzadə atasının bu ağır cəzasını mərdliklə qarşılayır və hüzura gələrək etdiyindən peşman olduğu üçün bağışlanır.
Bu hadisədən sonra daim fikirli görünən şahzadə günlərin birində öz nədimi, məşhur rəssam Şapurdan gördüyü bir yuxunu yozmağı xahiş edir.
Nazənin bir pəri Xosrovun yuxusuna gəlmiş və demişdir: “Dörd sevdiyin şey əlindən çıxmışsa da, dörd şeyin müjdəsini verirəm: birincisi, üzüm yediyin zaman üzünü turşutmadığın üçün elə gözəl bir yar tapacaqsan ki, ondan daha şirin bir varlıq dünyada ələ düşməz; ikincisi, atını bağışladılarsa da, Şəbdiz adlı qara bir ata malik olacaqsan ki, sürətdə külək də ona çata bilməz; üçüncüsü, taxtını kəndliyə verdilərsə də, baxtın dönmədi, qızıldan şahanə bir taxta çıxacaqsan; dördüncüsü, dırnaqları çıxarılmış sazəndənin yerinə Barbəd adlı bir çalğıçın olacaq ki, ahəngi ilə bülbülləri belə bihuş edəcəkdir.
Şapur şahzadənin yuxusuna girən gözəlin şahzadə Şirindən başqası olmayacağını söyləyir. Bu, Dərbənd dənizi ətrafındakı Gülüstanın bəri tərəfində204 hökmdarlıq edən Şemiraminin205 qardaşı qızı və vəliəhdidir. Şəbdiz adındakı qara at da bu saraya məxsus tövlədədir.
Nəqqaş Şapur Şirini anlatdıqca röyasında gördüyü gözəl şahzadənin gözü önündə canlanır. Nəhayət, içini gəmirən həyəcanı tuta bilməyən Xosrov sədaqətli nədiminə Şirinə vurulduğunu etiraf edərək ondan bir çarə istəyir. Şapur Şirini bulmaq və könlünü almaq üzrə şahzadədən bir üzük alaraq yola çıxır.
1.
Gecəni gündüzə qataraq yol alan Şapur bir yaz mövsümündə Ermənistan dağlarına206 gəlir. Bu mövsümdə Şirin, adətən, qızların müşayiəti ilə dağ yamaclarında, çəmənliklər və çiçəkliklərdə vaxtını keçirərmiş.
Qərib bir yolçu sifətilə dağdakı bir monastırda məskən salan Şapur çox keçmədən gözəllərin yerini öyrənir, onların arasında Şirini müəyyənləşdirir, lakin özünü heç kimə göstərmir, məqsədə yetişmək üçün tədbirlər düşünür – qızlığın bəxş etdiyi sevinclə, zövq və səfaya dalaraq əylənən pəriləri hər hansı yad bir adamın mövcudluğu ürküdə bilərdi, ehtiyatla davranmaq lazım idi. Şapur bir kağız üzərində şahzadə Xosrovun şəklini çəkərək gecə qaranlıqda gözəllərin olduqları yerdə bir ağacdan asır. Səhər açılarkən yenə gəzintiyə çıxan qızlar, eyş-işrətin ən dadlı bir anında ağacdakı kağızı görürlər. Şəkli Şirinə gətirirlər. O, müstəsna dərəcədə gözəl bir gəncin şəkli olan bu kağızı dağın başında hansı əlin ağacdan asdığı barədə fikrə gedir. Qızlar bunun pəri sehri ola biləcəyindən qorxuya düşürlər – şahzadənin onu seyr etməsinə imkan vermirlər.
Hadisəni gizlincə müşahidə edən Şapur şəklin ikinci bir surətini başqa bir ağacdan asır. Eyni qayda ilə qızların əlinə keçən şəkil bu dəfə Şirini xüsusilə maraqlandırır. Yanındakılar yenə kağızı ondan alıb cırırlar. Olduqları yerin pərilər məskəni olmasına şübhələri qalmır. Başqa bir gəzinti yerinə köçürlər.
Şapur qızların köçdüyü yeni çəmənliyin də yerini öyrənir. Üçüncü dəfə Xosrovun şəklini bir ağaca asır. Bu dəfə şəxsən Şirinin özü şəkli görür və bunun pəri deyil, insan işi olduğu qənaətinə gəlir. Gözəl şahzadə şəkildəki gəncə vurulduğunu yanındakı qızlara açır. Naməlum gəncin şərəfinə bir-birinin ardınca qədəhlər qaldıraraq hər dəfə içdikdən sonra şəkli doymadan öpür. Dərin düşüncədən sonra əmr edir ki, qızlar ətrafdakı dərələrə, təpələrə dağılıb buraya bir yad adamın gəlib-getdiyini və bu şəkildən xəbəri olub-olmadığını öyrənsinlər.
Bu axtarış zamanı şair Şirinin özünü Şapurla rastlaşdırır. Qarşısındakı gözəlin axtardığı Şirinin özü olduğunu bilən qoca rəssam Nizaminin istifadə etdiyi şahmat istilahı ilə desək, “gedişinin baş tutduğunu” görüb ehtiyatla davranır: sirrini açmazdan əvvəl şahzadə ilə ikilikdə qalmağa nail olur. Söhbət əsnasında Şirini şəklini gördüyü gəncə aşiq olduğunu etiraf etdirdikdən sonra olub keçəni danışır, kim olduğunu söyləyir və şəklini çəkdiyi adam tərəfindən elçiliyə göndərildiyini bildirərək Xosrovdan aldığı üzüyü Şirinin barmağına taxır.
Öz aralarında tutduqları plana görə Şirinin İran paytaxtı Mədainə getməsi qərara alınır. Şirin bibisindən qızlarla birlikdə ova çıxmaq üçün icazə alacaq və bir bəhanə ilə bu zaman Şəbdiz atına minmiş olacaqdır. Bu yolla çölə çıxdıqdan sonra mindiyi atın qeyri-adi sürətindən istifadə edərək məiyyətindən (onu müşayiət edənlərdən – Ə.Q.) uzaqlaşacaq və İran yolunu tutub Mədainə gedərək vəliəhd Xosrovun xüsusi mənzilinə yetişdikdə Şapurun verdiyi üzüyü göstərərək qəbul olunacaqdır.
Şapur Xosrovun qırmızı rəngli libas geyindiyini və qırmızı papaq qoyduğunu hər ehtimala qarşı məlumat üçün Şirinə deyir.
Mədainə gəldikdə, tutalım, şahzadəyə rast gəlməzsə və onu yerində tapmazsa, Şirinin arzusu üzrə istədiyi şəkildə dincəlməyə imkanı olacaq və onun şahzadəni gözləyə bilməsi üçün hər bir şərait yaradılacaqdır.
Şirinin yola düşməsi xəbərini alar-almaz Şapur da onun arxasınca hərəkət edəcəkdir.
2.
Dövrün adəti üzrə oğlan kimi geyinmiş Şirin məşhur Şəbdiz atına minərək özü kimi oğlan libasında olan qızların müşayiətilə ova çıxır. Dərhal qara atı mahmızlayan Şirin İran yolunu tutur. Yanındakılar atlarını şahzadənin ardınca çapırlarsa da, yel kimi uçan Şəbdiz bir anda gözdən itir və şahzadənin izindən tozdan başqa heç nə qalmır. Qızlar məyus halda geri qayıdırlar.
Üzüntülü xəbəri alan şah Şemirami son dərəcə mütəəssir olsa da, Şəbdizin arxasınca getməyi faydasız bilir.
Şirin yol getməkdə olsun, biz isə sürətdə Şəbdizin yeganə rəqibi olan xəyalın köməyi ilə bu zaman Mədaindəki hadisələrlə tanış olaq:
Rəqiblərinin qurduğu bir intriqadan sonra atası Xosrovdan şübhələnməyə başlayır. Onun yaxşılığını istəyən qoca vəzir Büzürgümmidin tövsiyəsi ilə Xosrov müəyyən müddətdə Mədaində olmamaq üçün paltarını dəyişib gizlicə səyahətə çıxır207. Onun məqsədi Şapuru tapmaq və bəlkə də, Şirinlə görüşməkdir. Yola çıxarkən hər ehtimala qarşı, onu bir qadın soruşarsa, onun hər cür istirahətini təmin edib şahzadənin də iki-üç həftəyə qayıdacağını söyləməyi saray adamlarına tapşırır.
Mədainə yaxın bir yerdə ətrafda heç kəsin olmamasından istifadə edən Şirin yorğunluğunu çıxarmaq üçün bir çeşmə başında çimməyə başlayır. Paytaxtdan uzaqlaşmaqda olan Xosrov ona rast gəlir və hər ikisində qarşılıqlı qəribə bir meyil və eşq hissi oyanırsa da, bir-birilə tanış olmaq üçün münasib bir səbəb olmadığından və üstəlik şahzadənin əynində Şirinə deyilmiş əlamətlərlə uyğun gəlməyən adi geyim olması sevgililərin rastlaşsalar da, bir-birini tanımadan müxtəlif istiqamətlərdə ayrılmalarına səbəb olur.
Şirin Mədainə – Xosrovun sarayına gəlir. Onu qəbul edirlər. Şahzadənin gedərkən bir kəs gələrsə, onu gözləməsini tapşırdığını söyləyirlər. Şəbdizi tövləyə bağlayırlar, Şirinə də cariyələrə məxsus qəsrdə bir yer ayırırlar. Şirin burada yeni gəlmiş cariyə rolunu oynamağa məcbur olur. İntizar onu üzür. Özünun bir dağ qızı olub şəhər hava və həyatına alışmadığı üçün xəstələndiyini bildirərək Şirin mümkünsə, onun üçün də dağda bir yer hazırlanmasını xahiş edir. Sarayın paxıl cariyələri onun bu xahişindən istifadə edərək mənzərəli və xoş havalı bir saray əvəzinə Kirmanşah yaxınlığında, havası bürkü, yaşıllıqdan məhrum bir dağın qayalıqları arasında həbsxanadan fərqlənməyən bir qəsr tikdirirlər. Gözəl Şirin bu qəsrə köçür.
Digər istiqamətdə yola düşən Xosrov Ermənistan208 hüduduna gəlir. Burada bir az qaldıqdan sonra Muğana, ordan da Xuzistana gedir. Şemirami şahzadənin bu tərəflərə gəldiyini bilən kimi onu qarşılamağa çıxır. Qışı eyş-işrətlə keçirmək üçün onu Bərdəyə dəvət edir.
Şah Şemiraminin qonağı kimi vaxtını keflə keçirən Xosrov daxilən əzab çəkir, Şirini düşünür. Amma sirrini heç kəsə açmır. Birdən Şapurun gəldiyini xəbər verirlər. Sonsuz maraq içində Şapurla təkbətək qalan Xosrov olub keçəni öyrənir (Şapurun Şirinə verdiyi sözə xilafən hələ buralarda olması onun təsadüfən xəstələnməsindən irəli gəlmişdir).
Hadisəni Şemiramiyə açırlar. Xosrovun əmri ilə Şapur Şirini gətirmək üçün Mədainə qayıdır.
Şapur Şirini “Qəsri-Şirin”dən götürüb min bir sevinc içində Bərdəyə qayıtdıqda Xosrovu orda tapmır. Fələk yenə də öz işini görmüşdür: Şapur getdikdən sonra Hindistandan Xosrovun yanına bir qasid gəlmiş, atasının orda ölməsi xəbərini ona yetirmiş və demişdir ki, bütün dövlət adamları taxt-taca sahib olmaq üçün onun dərhal məmləkətə qayıtmasını gözləyirlər. Bu hadisə ilə əlaqədar Xosrov Şirini gözləmədən getmişdir.
3.
Xosrov İran taxtına çıxıb səltənət işlərini yoluna qoyduqdan sonra könlünün səsinə qulaq asaraq Şirini axtarır. Şapurun onu apardığını bildirirlər. Gənc padşah yenə dadmalı olduğu ayrılıq acısını Şirinin burda qoyub getdiyi Şəbdizlə sakitləşdirir.
Внимание! Это не конец книги.
Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?