Электронная библиотека » Оскар Уайльд » » онлайн чтение - страница 2

Текст книги "Hekayələr"


  • Текст добавлен: 6 декабря 2022, 08:01


Автор книги: Оскар Уайльд


Жанр: Современная русская литература, Современная проза


Возрастные ограничения: +12

сообщить о неприемлемом содержимом

Текущая страница: 2 (всего у книги 10 страниц) [доступный отрывок для чтения: 3 страниц]

Шрифт:
- 100% +

LOVĞA NƏHƏNG

Uşaqlar hər gün günorta məktəbdən qayıdan kimi Nəhəngin bağına oynamağa gedirdilər. Bağ yamyaşıl, geniş və qəşəng idi. Bu bağda yazda çəhrayı və al-qırmızı incə çiçəklərdən don geyən, payızda isə bol bəhrə verən on iki şaftalı ağacı vardı. Quşlar ağaclarda elə şirin oxuyurdular ki, uşaqlar oyunlarını yarımçıq qoyub onlara qulaq asır və bir-birinə:

– Biz necə də xoşbəxtik, – deyirdilər.

Günlərin bir günü Nəhəng geri qayıtdı. O, dostunun – kornuelli adamyeyən nəhəngin yanına getmiş və yeddi il orada qalmışdı. Yeddi il başa çatandan sonra öz qəsrinə qayıtmağı qərara almışdı. Nəhəng qayıdıb uşaqları bağında oynayan gördü və:

– Siz burada nə edirsiniz? – deyə nərildədi.

Uşaqlar qaçdılar. Nəhəng onların arxasınca qışqırdı:

– Bu bağ ancaq mənim bağımdır. Başa düşməlisiniz ki, özümdən başqa heç kəsi burada oynamağa qoymaram.

O, bağın ətrafına hündür hasar çəkdi və bir taxta parçasına “Bağa girənlər cəzalanacaq” sözlərini yazıb divardan asdı.

Yazıq uşaqların oynamağa yeri yox idi, ancaq oynamaqdan ötrü burunlarının ucu göynəyirdi. Əlacları kəsildi, daşlı-kəsəkli yolda oynayası oldular. Bu yer uşaqların xoşuna gəlmirdi. Dərslər qurtaran kimi hündür hasarın ətrafında dolaşır, həsrətlə bağa boylanır və köks ötürürdülər:

– Biz orada necə də xoşbəxt idik!

Bahar gəldi. Hər yerdə zərif güllər açıldı. Balaca quşlar oxumağa başladı. Bircə lovğa Nəhəngin bağında qış hökm sürürdü. Quşlar bağda nəğmə oxumaq istəmirdilər. Ağaclar da çiçəkləməmişdi. Axı uşaqlar bağda yox idilər! Bir dəfə qəşəng gül başını otların arasından qaldırdı, lakin Nəhəngin yazdığı sözləri görüb uşaqlar üçün heyifsiləndi, yenidən torpağın altında gizləndi və yatdı. Bütün bunlardan razı qalan təkcə Qar və Şaxta idi. Onlar:

– Bahar bu bağı unudub, demək, biz bütün ilboyu burada yaşayacağıq, – deyə sevinirdilər. Qar otları öz qalın, ağ örpəyinə bürümüş, Şaxta isə bütün ağacları gümüşü rəngə boyamışdı. Onlar bununla kifayətlənməyib Şimal küləyini də çağırdılar, o da gəldi. Şimal küləyi xəzə bürünüb bütün günü bağda və sobanın içində vıyıldadı.

– Bura çox gözəl yerdir, – dedi. – Biz hələ Dolunu da bura çağırmalıyıq.

Dolu da gəldi. O hər gün üç saat kirəmitləri sındıranadək qəsrin damını döyəcləyir, sonra isə yorulanadək bağın ətrafında sürətlə hərlənirdi. Dolu tamam buz idi. Nəfəsi də buz kimi idi.

Nəhəng pəncərədən başdan-başa ağ örpəyə bürünmüş qarlı bağına baxır və öz-özünə deyirdi:

– Anlaya bilmirəm bahar niyə belə gecikir? Ümidvaram ki, hava dəyişəcək.

Lakin lovğa Nəhəngin bağına nə bahar gəldi, nə də yay. Bağlara qızıl meyvələr verən payız da ondan uzaq gəzdi:

– O, çox lovğadır, – dedi və Nəhəngin bağına gəlmədi.

Bağda həmişəlik qış oldu. Orada Şimal küləyi, Dolu, Şaxta və Qar məskən saldı, ağacların arasında dolaşıb gəzdi.

Bir səhər Nəhəng yuxudan ayılıb yerində uzanmışdı. Bu vaxt o, gözəl musiqi eşitdi. Musiqi çox şirin olduğuna görə Nəhəngə elə gəldi ki, çalan kralın musiqiçiləridir. Əslində isə oxuyan kiçik bir quşdu. Nəhəng çoxdan idi ki, bağında quşların nəğməsini eşitmirdi, elə buna görə də kiçik quşcuğazın nəğməsi onun qulaqlarında dünyanın ən gözəl musiqisi kimi səslənirdi. Sonra Dolu Nəhəngin başı üstündə rəqsini dayandırdı. Şimal küləyinin də vıyıltısı kəsildi. Pəncərədən gələn ətir onu bihuş etdi.

– Nəhayət, bahar gəlib çıxdı, – deyə Nəhəng çarpayıdan sıçradı və bayıra boylandı. O, qəribə bir səhnənin şahidi oldu. Uşaqlar hasardakı kiçik deşikdən bağa girmiş, ağacların budaqlarında oturmuşdular. Nəhəng bağa göz gəzdirdi və hər ağacda balaca bir uşaq gördü. Ağaclar da uşaqların gəlişinə sevinirdi. Onların hamısı çiçəkləmişdi. Ağacların budaqları uşaqların başı üstündə ehmalca yellənirdi. Quşlar ətrafda uçuşur, sevinclə civildəşir, güllər yaşıl otların arasından boylanır və gülüşürdü. Bu, çox gözəl idi, lakin bağın bir küncündə hələ də Qış hökmranlıq edirdi. Bura bağın ən ucqar bucağı idi. Orada kiçik bir oğlan dayanmışdı. O qədər balaca idi ki, ağacın budağına qalxa bilmirdi. Oğlan ağacın ətrafında hərlənir, acı-acı ağlayırdı. Yazıq ağac hələ də qar və buzla örtülü idi. Şimal küləyi də onun üzərində vıyıldayırdı. Ağac:

– Yuxarı qalx, balaca oğlan, – dedi və budaqlarını bacardığı qədər aşağı əydi, lakin uşaq həddən artıq kiçik idi.

Bunu görən Nəhəngin ürəyi kövrəldi. O:

– Mən nə qədər insafsız imişəm. Mən indi baharın gəlməməyinin səbəbini anladım. Mən o yazıq balacanı ağacın zirvəsinə qoyacağam, sonra hasarı uçurdacağam. Bundan sonra mənim bağım həmişəlik uşaqların olacaq, – dedi.

Bəli, Nəhəng, doğrudan da, tutduğu işdən yaman peşman olmuşdu. O aşağı düşdü, ehmalca qapını açdı və bağa çıxdı. Lakin uşaqlar onu görcək qorxub qaçdılar və bağda yenidən Qış hökmran oldu. Bircə balaca oğlan qaçmadı. Onun gözləri yaşla dolduğundan Nəhəngi görmədi. Nəhəng ehtiyatla arxadan balaca oğlana yaxınlaşdı, onu ehmalca əllərinə aldı və ağaca qaldırdı. Ağac bir anda çiçəklədi, quşlar oxumağa başladılar. Balaca oğlan qollarını uzadıb Nəhəngin boynuna sarıldı və onu öpdü. Uşaqlar bunu görüb qaça-qaça geri qayıtdılar. Bahar da onlarla birlikdə yenidən Nəhəngin bağına qayıtdı. Nəhəng:

– Uşaqlar, bu bağ indi sizindir, – deyib baltanı götürdü və hasarı uçurdu. Camaat günorta bazara gedəndə Nəhəngi uşaqlarla birlikdə misli görünməmiş gözəl bağda oynayan gördü.

Onlar bütün günü oynadılar. Axşamsa vidalaşanda Nəhəng soruşdu:

– Bəs mənim ağaca qaldırdığım oğlan, sizin balaca dostunuz hardadır?

Nəhəng onu hamıdan çox istəyirdi, çünki balaca onu öpmüşdü. Uşaqlar cavab verdilər:

– Biz bilmirik. O çıxıb gedib.

Nəhəng kövrəldi:

– Ona deyin ki, sabah mütləq gəlsin.

Lakin onun harada yaşadığını uşaqlar bilmirdilər. Onlar balacanı indiyədək heç görməmişdilər də. Bunu eşidən Nəhəng çox pərişan oldu.

Hər gün dərslər qurtardıqdan sonra uşaqlar Nəhəngin yanına oynamağa gəlirdilər. Nəhəngin sevdiyi balaca oğlan isə bir daha bağa gəlmədi. Nəhəng bütün uşaqlarla mehriban idi, lakin o, balaca oğlan üçün çox darıxırdı və tez-tez onun haqqında söhbət açırdı. Həmişə deyirdi:

– Mən onu necə də görmək istərdim.

İllər ötür, Nəhəng qocalır və zəifləyirdi. O daha oynaya bilmirdi. Kürsüdə oturub uşaqların oyunlarına baxır və bağdan həzz alırdı:

– Mənim qəşəng güllərim çoxdur, amma onların ən gözəli uşaqlardır.

Bir qış səhəri Nəhəng paltarını geyərkən pəncərədən bayıra baxdı. İndi onun qışdan zəhləsi getmirdi. O bilirdi ki, bahar yatır, güllərsə dincəlir.

Birdən o, heyrət içində gözlərini sildi və bağa baxdı. Bu, doğrudan da, heyrətamiz bir şey idi. Bağın ən uzaq küncündə tamam ağ çiçəyə bürünmüş bir ağac var idi. Ağacın qızıl budaqlarından gümüş meyvələr sallanırdı, onun altında isə Nəhəngin sevdiyi balaca oğlan dayanmışdı.

Nəhəng böyük sevinc içində pillələrlə aşağı endi və bağa çıxdı. Otların içindən tələsik keçib uşağa yaxınlaşdı. Balacanı görən kimi qəzəbindən üzü qızardı:

– Kim cürət edib səni yaralayıb?

Uşağın ovuclarında və kiçik ayaqlarında iki mismar izi vardı. Nəhəng yenə qışqırdı:

– De görüm, kim cürət edib səni yaralayıb, mən onu öz böyük qılıncımla öldürərəm!

Uşaq dilləndi:

– Yox. Bunlar məhəbbət yaralarıdır.

Nəhəng soruşdu:

– De, sən kimsən?

Nəsə anlaşılmaz bir qorxu hissi Nəhəngin qəlbini bürüdü və o, uşağın qarşısında diz çökdü.

Uşaq gülümsündü:

– Sən bir dəfə mənə öz bağında oynamağa izin verdin, bu gün isə sən mənim bağıma – cənnətə gedəcəksən.

Həmin gün günortaçağı uşaqlar bağa gələndə Nəhəngi ağacın altında uzanmış gördülər. Nəhəng tamam ağ çiçəklərin içində idi. O ölmüşdü.

SADİQ DOST

Bir səhər qoca susiçovulu başını yuvasından çıxarıb ətrafa boylandı. Onun muncuq kimi parıldayan gözləri və ağarmış, cod bığları vardı. Uzun quyruğu isə elə bil qara qaytandandı. Axmazda sarıbülbüllərə bənzəyən çoxlu ördək balası oyan-buyana üzüşürdü. Anaları – qırmızıayaq, ağappaq ördəksə onlara suda başıaşağı dayanmağı öyrətməyə çalışırdı.

Ana ördək balalarına:

– Kübar cəmiyyətin üzvü olmaq üçün başıaşağı dayanmağı öyrənməlisiniz, – deyə nəsihət verir və vaxtaşırı bunu necə etmək lazım olduğunu göstərirdi. Amma balaca ördəklər ona məhəl qoymurdular. Onlar hələ körpə idilər və kübar cəmiyyətin üzvü olmağın üstünlükləri barədə heç nə bilmirdilər. Qoca susiçovulu dedi:

– Bunları görürsən! Heç sözə baxmırlar. Belə uşaqları suda boğmaq lazımdır.

Ördək onun cavabında:

– Heç elə şey olar?! – dedi. – Axı hər uşağın bir xasiyyəti var. Valideyn balasının nazını çəkməyi bacarmalıdır.

Susiçovulu:

– Ailəm olmadığından valideynlərin keçirdiyi hislər mənə yaddır. Mən heç vaxt evli olmamışam. İndiyədək heç evlənmək fikrinə də düşməmişəm. Məhəbbət öz-özlüyündə nə qədər yaxşı şey olsa da, dostluğa çata bilməz. Dostluq ondan qat-qat üstündür. Sözün düzü, mən dünyada sadiq dostluqdan gözəl və ülvi bir şey tanımıram.

– Elə isə, de görək, səncə, sadiq dost necə olmalıdır? – deyə yaxınlıqdakı söyüd ağacında oturan yaşıl kətanquşu söhbətə qarışdı. O, təsadüfən susiçovulunun dediklərini eşitmişdi.

Ördək:

– Elə mən də bunu bilmək istərdim, – deyib axmazın o biri başına tərəf üzdü və uşaqlarına ibrət dərsi vermək üçün suya baş vurdu. Susiçovulu:

– Axmaq sualdır, – dedi. – Mənim dostum, heç şübhəsiz, mənə sadiq olmalıdır.

– Bəs bunun müqabilində sən nə etməlisən? – deyən quşcuğaz toz kimi havaya qalxan gümüşü su damlalarının üzərində qanad çalaraq dayandı.

Susiçovulu:

– Mən səni anlamıram, – dedi.

Kətanquşu:

– Gəl onda sənə bu barədə bir əhvalat danışım.

– Bu əhvalat mənim haqqımdadır? – deyə susiçovulu soruşdu. – Belə isə, mən ona qulaq asaram. Maraqlı əhvalatlardan yaman xoşum gəlir.

Kətanquşu:

– Söyləyəcəyim əhvalat sənin kimilərinin haqqındadır, – deyib aşağı endi və sahilə qonub bir sadiq dostun başına gələnlər barədə danışdı.

O, söhbətinə belə başladı:

– Biri varmış, biri yoxmuş, yer üzündə Hans adlı namuslu bir insan varmış.

Susiçovulu xəbər aldı:

– O, məşhur adam idi?

– Yox, lap adicə bir insan idi. Mərhəmətli qəlbi vardı. Onun şən, yumru və gülər sifəti çoxlarına tanışdı. O, balaca daxmasında tək-tənha yaşayır və hər gün səhərdən axşamacan bağçasında əlləşirdi. Bütün ətrafda onunku kimi gözəl bağça tapılmazdı. Orada türk qərənfilləri, şəbbü çiçəkləri, çobanyastığı, qaymaqçiçəyi ilə bərabər, tünd-qırmızı və sarı qızılgüllər, yasəməni və qızılı krokuslar, ağ və çəhrayı bənövşələr, sırğagülü, çöltərəsi, mərzə, yabanı reyhan, süsən, sarımtıl nərgizlər və qırmızı qərənfillər vardı. Günlər, aylar ötdükcə gül-çiçəklər də bir-birini əvəz edir, biri açanda o birisi solurdu. Xülasə, bağçaya gələnlər bu gözəlliyə tamaşa etməkdən doymur, güllərin təravətindən, ətrindən az qala bihuş olurdular.

Balaca Hansın dostları çox idi. Ancaq onların içində ən sadiqi dəyirmançı Böyük Hyuq idi. Doğrudan da, varlı dəyirmançı Balaca Hansa o qədər bağlanmışdı ki, bağçasının yanından keçərkən çəpərdən əyilib böyük bir gül dəstəsi, yaxud qucaq dolusu ətirli çiçəklərdən dərməmiş, meyvələrin dəyən vaxtı isə ciblərini gavalı, ya da albalı ilə doldurmamış ötüb-getməzdi.

Dəyirmançı hər dəfə adəti üzrə:

– Dost dosta tən gərək, – deyəndə Balaca Hans gülümsəyər, başını tərpədərək onun sözlərini təsdiqləyər və özlüyündə dostunun belə nəcib niyyətli olması ilə fəxr edərdi.

Düzdür, dövlətli dəyirmançının bütün bunların müqabilində Balaca Hansa bir çöp də verməməsi bəzən qonşulara qəribə gələrdi. Axı onun dəyirmanda ehtiyat üçün gizlədilmiş yüz kisə unu, bundan başqa, altı sağmal inəyi, yaxşı yunu olan böyük qoyun sürüsü vardı. Lakin Balaca Hans bütün bunlar barədə fikirləşib başını ağrıtmazdı. Onun ən çox xoşuna gələn şey dəyirmançının əsl dostluğun xudbinlikdən nə qədər uzaq olması haqqında həmişə dediyi gözəl sözlərə qulaq asmaqdı.

Bu minvalla Balaca Hans öz bağçasında işləyər və gördüyü işdən həzz alardı. Yaz, yay, bir də payız aylarında o özünü xoşbəxt sanardı. Qışda isə, bazarda satılmağa nə meyvəsi, nə də gül-çiçəyi olanda, Hans soyuqdan, aclıqdan yaman əziyyət çəkərdi. Tez-tez elə olurdu ki, bütün günü dilinə armud qurusu, ya da daş kimi bərk qozdan başqa heç nə dəymir və o, ac-yalavac yatağına girib yatırdı. Qışda Hans həm də tək-tənha qalırdı. İlin bu vaxtı dəyirmançı onu heç yada salmırdı.

Dəyirmançı Balaca Hansdan xəbər tutmamağını arvadına, adətən, belə izah edirdi:

– Qar əriməyincə Hansın yanına getməyin onsuz da heç bir xeyri yoxdur. Axı onun belə çətin vəziyyətində öz dərdi özünə bəsdir. Belə hallarda adamı tək buraxmaq lazımdır. Hər halda, əsl dost bu cür hərəkət etməlidir. Zənnimcə, mən onun yanına getməməkdə haqlıyam. Balaca Hansın yanına yaz girəndən sonra gedəcəyəm ki, o mənə bir iri səbət novruzgülü verə bilsin. Bu onu dünyalar qədər sevindirəcək.

Dəyirmançının rahat, qoltuqlu kürsüdə, çatırtı ilə yanan ocağın istisində oturan arvadı isə cavabında deyirdi:

– Başqalarının qeydinə yaman qalırsan. Dostluq haqqında dediyin sözlər də adama ləzzət verir. Səni inandırıram ki, heç keşişimizin özü də, üçmərtəbəli evdə yaşamasına və çeçələ barmağında qızıl üzük gəzdirməsinə baxmayaraq, sənin dediyin sözlər qədər gözəl ifadələr işlədə bilməz.

Dəyirmançının kiçik oğlu söhbətə qarışdı:

– Bəs biz Balaca Hansı evimizə çağıra bilmərik? Əgər onun vəziyyəti ağırdırsa, yeməyə bir şeyi yoxdursa, mən sıyığımın yarısını ona verərəm. Hələ üstəlik, ağ dovşanlarımı da ona göstərərəm.

Dəyirmançı:

– Nə axmaq uşaqsan! – deyə qışqırdı. – Sənin məktəbə getməyinin nə xeyri olduğunu heç cür başa düşə bilmirəm. Deyəsən, orada heç nə öyrənmirsən. Balaca Hans bizə gəlib isti ocağımızı, dadlı yeməklərimizi və bir böyük çəllək qırmızı çaxırımızı görsə, bizə paxıllığı tutar. Paxıllıqdan da ki pis şey yoxdur. O, adamları korlayır. Mənsə Hansın paxıl olmasına heç cür yol verə bilmərəm. Onun ən yaxın dostu olduğumdan həmişə ona nəzarət etməli və yolunu azmağa qoymamalıyam. Bundan başqa, Hans gəlib məndən borc un istəsə, ona heç nə vermərəm. Un başqa şeydir, dostluq isə tamam başqa. Onları bir-biri ilə qarışdırmaq olmaz. Elə sözlərin özünü götürək. “Un” – “Dostluq”. Görürsənmi, onların nə tələffüzü, nə də mənası bir-birinə uyğun gəlir. Bu ki, Allaha şükür, hamıya məlumdur.

Özü üçün böyük stəkana ilıq ev pivəsi süzən dəyirmançının arvadı dilləndi:

– Gözəl danışdın. Məni yuxu basdı. Elə bil lap kilsədəyəm.

Dəyirmançı sözünə davam etdi:

– Camaatın çoxu yaxşı işlər görür, amma yaxşı danışmağı bacaran çox azdır. Bu da bir daha onu sübut edir ki, danışmağı bacarmaq hər adamın işi deyil. Həm də iş görməkdənsə, danışmaq yaxşıdır.

Bunu deyən dəyirmançı stolun o başında oturan kiçik oğluna acıqlı-acıqlı baxdı. Uşaq utandığından başını aşağı salıb qıpqırmızı qızardı. Göz yaşları damcı-damcı axıb qabağındakı çayın içinə töküldü. Hər halda, cavan olduğu üçün onu bağışlamalı olacaqsınız.

Susiçovulu soruşdu:

– Əhvalat bununla bitir?

– Əlbəttə yox, – deyə kətanquşu ona cavab verdi. – Bu hələ başlanğıcdır.

Susiçovulu:

– Onda sən zəmanədən geri qalmısan, – dedi. – İndiki zamanda əməlli-başlı rəvayətçilərin hamısı əhvalatın sonundan başlayıb əvvəlinə keçir və söhbətinə danışdığı əhvalatın ortasında yekun vurur. Bu, yeni üsuldur. Mən bunları dünən axmazın ətrafında bir gənclə gəzişən tənqidçinin söhbətindən eşitmişəm. O bu barədə xeyli danışdı. Əminəm ki, tənqidçi haqlıdır. Axı onun göy şüşəli eynəyi vardı. Başı da dazdı. Hər dəfə gənc bir söz deyəndə o, qəti narazılığını bildirir və heç nə ilə razılaşmırdı. Di yaxşı, Allah xatirinə, söhbətinə davam elə. Dəyirmançı yaman xoşuma gəlir. Mənim xasiyyətimdə də gözəl cəhətlər çoxdur. Ümumiyyətlə, bizim aramızda xeyli oxşarlıq var.

Kətanquşu bir ayağının üstündən o biri ayağının üstünə hoppanıb söhbətinə davam etdi:

– Beləliklə, qış qurtarandan və novruzgüllərinin ulduzabənzər sarımtıl ləçəkləri açılmağa başlayandan sonra dəyirmançı, arvadına Balaca Hansın yanına gedəcəyini bildirdi.

Arvadı:

– Gör sənin nə gözəl qəlbin var! – dedi. – Həmişə başqalarının qeydinə qalırsan. Bura bax, gül gətirmək üçün böyük səbəti özünlə aparmağı unutma.

Xülasə, dəyirmançı yeldəyirmanının qanadlarını zəncirlə bir-birinə möhkəm bağlayıb təpədən üzüaşağı, qoltuğunda da səbət yoluna düzəldi.

– Sabahın xeyir, Balaca Hans!

– Sabahın xeyir! – deyə dəyirmançının salamını alan Hans əlindəki belə söykənib mehribancasına gülümsədi.

– Qışı necə keçinmisən?

Hans:

– Halımı xəbər aldığın üçün sənə minnətdaram. Şikayətlənmək istəmirəm, amma sözün düzü, bu qış yaman əziyyət çəkdim. İndi isə, şükür, artıq bahardır. Mən də özümü tamamilə xoşbəxt hiss edirəm. Güllərim də öz qaydasındadır.

Dəyirmançı:

– Hans, bu qışda tez-tez səni xatırlayır və vəziyyətin barədə düşünürdük.

– Çox məmnunam. Qorxurdum məni unudasınız.

– Hans, sən məni təəccübləndirirsən. Heç dostu da unutmaq olar? Dostluqdan gözəl şey yoxdur. Deyəsən, sən həyatın incəliklərini başa düşmürsən. Yeri gəlmişkən deyim: gör sənin nə qəşəng novruzgüllərin var!

Hans:

– Onlar, doğrudan da, qəşəngdir. Bəxtim gətirib ki, çoxdurlar. Onları bazara aparıb burqomistrin qızına satacağam. Sonra da həmin pula öz əl arabamı geri alacağam.

– Öz əl arabanı geri alacaqsan? Yəni sən onu satmısan? Gör bir nə axmaq iş tutmusan!

– Hə, iş elə gətirdi ki, onu satmalı oldum. Bilirsən ki, qışda olmazın əziyyət çəkmişəm. Çörək almağa pulum olmayıb. Əvvəl bayram paltarımın gümüş düymələrini, sonra gümüş zəncirimi, böyük qəlyanımı və axırda da əl arabamı satdım. Amma mən onların hamısını bir azdan geri alacağam.

Dəyirmançı:

– Hans, – dedi, – mən sənə öz əl arabamı verərəm. Düzdür, o, bir balaca korlanıb. Bir tərəfi sınıb, təkərinin milləri də xarabdır. Buna baxmayaraq mən onu sənə verirəm. Həddindən artıq əliaçıqlıq etdiyimi bilirəm. Camaatın çoxu əl arabamı sənə verməyimin üstündə məni axmaq hesab edəcək, ancaq mən hamı kimi ola bilmərəm. Zənnimcə, dostluğun mahiyyəti alicənablıqdır. Bir də ki mənim təptəzə ikinci əl arabam da var. Ürəyini sıxma, köhnə əl arabamı sənə verəcəyəm.

Balaca Hansın məzəli, yumru sifəti sevincdən alışıb-yandı:

– Bəli, sən, doğrudan da, çox alicənabsan. Mən onu asanlıqla təmir edə bilərəm. Evdə yaxşı taxtam var.

Bunu eşidən dəyirmançı dedi:

– Yaxşı taxtan var? Anbarımın damı üçün mənə elə taxta lazımdır. Damda böyük bir deşik açılıb. Onu tutmasam, taxılın hamısı islanacaq. Yaxşı ki, yadıma saldın! Düz deyiblər: “Əl əli yuyar, əl də qayıdıb üzü”. Yaxşılıq yaxşılıq doğurar. Mən sənə əl arabamı vermişəm, sən də qayıdıb mənə taxta verirsən. Əlbəttə, əl arabası taxtadan xeyli bahadır, ancaq əsl dost xırdaçı olmaz. Sən Allah, taxtanı mənə tez ver ki, elə günü bu gün anbarın təmirinə başlayım.

Balaca Hans:

– Bu saat! – deyib çardağa qaçdı və taxtanı sürüyüb gətirdi.

Dəyirmançı taxtaya baxıb dedi:

– Bu o qədər də böyük deyil. Qorxuram anbarımın damını təmir edəndən sonra əl arabasının təmiri üçün bir şey qalmasın. Amma neyləmək olar?! Burada mənim günahım yoxdur. İndi isə, əl arabamı sənə verdikdən sonra əminəm ki, onun əvəzində mənə bir qədər gül verəcəksən. Özümlə səbət də gətirmişəm. Elə bilirəm ki, onu ağzınacan dolduracaqsan.

– Ağzınacan?

Balaca Hansın kefi pozuldu. Səbət yaman iri idi.

Onu ağzınacan doldursa, satmağa gülü qalmayacaqdı. Belə olduqda isə həsrətini çəkdiyi gümüş düymələrini geri ala bilməyəcəkdi.

Dəyirmançı:

– Doğrusu, elə bilirdim ki, əl arabasının əvəzində səndən bir qədər gül istəmək o qədər də çox deyil. Bəlkə də, səhv edirəm, ancaq, zənnimcə, dostluq, əsl dostluq, əlbəttə, hər cür xudbinlikdən uzaq olmalıdır.

Balaca Hans həyəcanlandı:

– Mənim əziz dostum, mənim ən yaxın dostum! Bağçamdakı bütün güllər sənə qurbandır. Sənin gözündən düşməkdənsə, o gümüş düymələri heç görməmək yaxşıdır, – deyib bağçasına girdi və qəşəng novruzgüllərinin hamısını dərib dəyirmançının səbətini doldurdu.

Dəyirmançı:

– Sağ ol, Balaca Hans, – deyib çiynində taxta, qoltuğunda iri səbət təpəyə doğru üzüyuxarı yollandı.

Balaca Hans da:

– Sağ ol, – deyərək razı halda yeri belləməyə başladı. Dəyirmançının əl arabasını ona verməsi ürəyincə olmuşdu.

Ertəsi gün doqquzdon kolunun budaqlarını artırmanın dirəklərinə bərkidəndə Balaca Hans dəyirmançının yol ağzından onu harayladığını eşitdi. Hans nərdivandan aşağı tullanıb bağçanın içi ilə hasara doğru qaçdı və bayıra boylandı.

Dəyirmançı, çiynində iri bir un kisəsi, dayanıb onu gözləyirdi:

– Əziz Balaca Hans, bu bir kisə unu bazara aparıb mənimçün satmazsan ki?

– Gərək məni bağışlayasan. Bu gün çox işim var. Sarmaşıqlarımı talvara mıxlamalı, gülləri suvarmalı, otlardan taya vurmalıyam.

– Doğrusu, əl arabamı sənə verəcəyimi nəzərə alsaq, sözümü yerə salmağın heç dostluqdan deyil.

– Sən Allah, elə demə! Mən heç kimin sözünü yerə sala bilmərəm, – deyən Balaca Hans papağını götürmək üçün içəri keçdi və böyük kisəni çiyninə alıb ağır-ağır addımlamağa başladı.

Həmin gün çox isti olduğundan yol da yaman tozlu idi. Buna görə də Balaca Hans altı mil yol getməmiş, bərk yorulduğundan, oturub dincini almalı oldu. Hər halda, o, fədakarlıqla yoluna davam edərək, nəhayət, gəlib bazara çatdı. Bir qədər gözlədikdən sonra unu yaxşı qiymətə satıb o saat da geri döndü ki, axşama düşməsin. Yolda quldurlar qabağını kəsə bilərdilər.

Axşam yatağına girən Balaca Hans öz-özünə:

– Doğrudan da, çətin gün idi, – dedi. – Amma yaxşı ki, dəyirmançının sözünü yerə salmadım, axı o mənim ən yaxın dostumdur. Bir də ki o öz əl arabasını mənə verəcək.

Ertəsi gün sübh tezdən dəyirmançı pullarının dalınca gələndə Balaca Hans həddindən artıq yorğun olduğu üçün hələ də yatağından qalxmamışdı.

Dəyirmançı ona:

– Sözün düzü, yaman tənbəlsən. Mən sənə əl arabamı verəcəyəm. Buna görə də gərək möhkəm çalışasan. Tənbəllik böyük günahdır. Təbii ki, dostlarımdan heç birinin tənbəl, yaxud astagəl olmasını istəmirəm. Gərək səninlə belə açıq danışdığım üçün məndən inciməyəsən. Ürəyim yanmasaydı, ağzımı açıb sənə bir kəlmə belə deməzdim. Dost dostun üzünə onun haqqında fikirləşdiklərini deyə bilmirsə, daha nə dostluqdur?! Birisinə tərifli sözlər deyib onun qılığına girməyi və yaltaqlıq etməyi hamı bacarar. Təkcə əsl dost müsahibinin inciyəcəyindən çəkinməyərək acı, lakin düzgün sözlər deyə bilər. Əlbəttə, əgər o, doğrudan da, əsl dostdursa, həqiqəti deməyi üstün tutacaq. Çünki onun bu sözləri axırda dönüb dostunun xeyrinə olacaq.

– Məni bağışla, – deyə Balaca Hans gözlərini ovdu və gecə papağını başından çıxartdı. – Elə yorulmuşdum ki, yerimin içində bir az da uzanıb quşların nəğməsinə qulaq asmaq istədim. Bilirsənmi, quşların nəğməsini dinlədikdən sonra həmişə əla işləyirəm.

– Lap yaxşı, – deyə dəyirmançı əlini Balaca Hansın kürəyinə vurdu. – İstəyirəm ki, geyinən kimi dəyirmana gəlib anbarımın damını təmir edəsən.

Zavallı Hans bağına gedib yaman işləmək istəyirdi. Güllərinə iki gün idi ki, su verilməmişdi. Amma dəyirmançı ən yaxın dostu olduğundan onun sözünü yerə salmaq istəmirdi. O:

– Səncə, çox məşğulam desəm, sözünü yerə salmış olacağam, hə? – deyə utana-utana məzlum bir səslə xəbər aldı.

Dəyirmançı cavabında:

– Əlbəttə, – dedi. – Əl arabamı sənə verəcəyimi nəzərə alsaq, mən o qədər də çox şey istəmirəm. Ancaq istəmirsənsə, damı gedib özüm də düzəldə bilərəm.

– Yox! Yox! Heç elə də şey olar! – deyə Balaca Hans yerindən sıçrayıb geyindi və dəyirmançının anbarına getdi.

Hans bütün günü, günbatanacan işlədi. Axşam dəyirmançı onun nə etdiyini yoxlamağa gəldi və şən səslə ucadan dedi:

– Damdakı deşiyin ağzını tutdunmu, Balaca Hans?

Balaca Hans nərdivandan aşağı enərək:

– Hər şey öz qaydasındadır, – deyə cavab verdi.

Dəyirmançı:

– Ah, görəsən, özgəsinə yaxşılıq etməkdən də gözəl şey varmı?

Balaca Hans yerə oturub alnının tərini sildi:

– Səndən belə sözlər eşitmək böyük şərəfdir. Doğrudan da, böyük şərəfdir. Qorxuram ki, mənim ağlıma heç vaxt belə gözəl fikirlər gəlməyə.

Dəyirmançı:

– Gələcək, gələcək, – dedi, – amma bundan ötrü hələ çox əziyyət çəkməlisən. Sən hələ dostluğun əməli tərəflərini öyrənirsən. Vaxt gələcək, dostluğun nəzəriyyəsini də biləcəksən.

– Doğrudanmı, mənim buna qadir olduğuma inanırsan?

– Buna heç bir şübhəm yoxdur, – deyə dəyirmançı Balaca Hansın sualına cavab verdi. – İndi isə damı təmir edib qurtarandan sonra evə gedib dincəlməyin məsləhətdir. İstəyirəm sabah qoyunlarımı dağa otarmağa aparasan.

Zavallı Balaca Hans ağzını açıb bir kəlmə söz deməkdən belə çəkindi. Ertəsi gün sübh tezdən dəyirmançı artıq qoyunlarını gətirib onun daxmasının ətrafına buraxmışdı. Hans onları qabağına qatıb dağa getdi. Dağa gedib-gəlmək onun bütün gününü əlindən aldı. Evə qayıdanda o qədər yorulmuşdu ki, elə oturduğu yerdəcə yuxuya getdi və bir də gün günortanı aşanda ayıldı.

Hans:

– Gör indi bağımda nə ləzzətlə işləyəcəyəm, – deyib o dəqiqə işə girişdi.

Sözün düzü, son vaxtlar onun güllərə baxmağa heç imkanı olmamışdı. Dostu dəyirmançı həmişə gəlib onu ya uzaq yerə iş dalınca göndərər, ya da dəyirmanda işlədərdi. Fikirləşəndə ki güllər ürəklərinə Hansın onları unutduğunu gətirə bilər, kefi yaman pozulurdu. Bircə dəyirmançının ən yaxın dostu olması fikri ona toxtaqlıq verirdi. Hans həm də tez-tez özünə deyirdi:

– Bir də axı o mənə öz əl arabasını verəcək. Bu isə onun əliaçıq olmasına sübutdur.

Beləliklə, Balaca Hans bütün günü dəyirmançı üçün işləyir və onun dostluq haqqında dediyi dərinmənalı kəlamlarını dəftərçəyə qeyd edirdi. Axşamlarsa, çox çalışqan olduğundan yazdıqlarını oxuyurdu.

Bir axşam Balaca Hans buxarının yanında oturmuşdu. Birdən qapı bərkdən döyüldü. Həmin gecə hava yaman pis idi. Külək elə şiddətlə əsir, evin divarlarına çırpılaraq uğuldayırdı ki, Hans əvvəlcə bu havada kiminsə qapını döyməsinə inanmadı. Lakin qapını ikinci və üçüncü dəfə də möhkəm döyəclədilər.

Balaca Hans öz-özünə:

– Görünür, kimsə qərib adamdır, – deyib tez qapıya yaxınlaşdı.

Qapının kandarında dəyirmançı, bir əlində lampa, o birisində isə böyük bir əsa, dayanmışdı:

O, hövlnak dilləndi:

– Əziz Balaca Hans, mənə böyük bədbəxtlik üz verib. Kiçik oğlum pilləkəndən yıxılıb və möhkəm əzilib. İndi həkim dalınca gedirəm. Ancaq o, yaman uzaqda yaşayır, hava da çox pisdir. Buna görə ağlıma belə bir fikir gəldi ki, həkimin dalınca sən getsən, daha yaxşı olar. Bilirsən ki, əl arabamı sənə verəcəyəm. Ona görə də, təbii ki, bunun əvəzində mənimçün bir şey etməlisən.

Balaca Hans cavabında:

– Əlbəttə, – dedi. – Evimə gəlməyin mənim üçün böyük şərəfdir. Elə bu dəqiqə həkimin dalınca gedərəm. Ancaq lampanı mənə verməli olacaqsan. Gecə çox qaranlıq olduğundan bayırda göz-gözü görmür. Qorxuram xəndəyə düşüm.

Dəyirmançı:

– Məni bağışla, – dedi, – amma bu mənim təzə lampamdır. Ona bir şey olmasından ehtiyat edirəm.

Balaca Hans:

– Yaxşı, eybi yoxdur. Lampasız gedərəm, – deyib böyük xəz paltosunu əyninə geydi, isti qırmızı papağını başına taxdı, şərfini boğazına doladı və yola düzəldi.

Bayırda dəhşətli tufan qopmuşdu. Gecə elə qaranlıqdı ki, Balaca Hans ayağının altını güclə seçirdi. Şiddətli küləksə onu sanki göyə qaldırıb yerə çırpmaq istəyirdi. Uzun sözün qısası, Hans cəsur adam idi. Üç saat yol getdikdən sonra həkimin evinə çatıb qapını döydü.

Həkim başını yataq otağının pəncərəsindən bayıra çıxarıb soruşdu:

– Kimdir?

– Mənəm, Balaca Hans.

– Nə istəyirsən, Balaca Hans?

– Dəyirmançının oğlu pilləkəndən yıxılıb və möhkəm əzilib. Təcili köməyiniz lazımdır.

– Yaxşı, – deyən həkim atını, iri çəkmələrini və lampasını hazır etməyi tapşırdı. Hər şey hazır olandan sonra aşağı endi və dəyirmançının evinə tərəf üz qoydu. Balaca Hans da onun dalınca düşdü.

Tufan getdikcə şiddətlənir, yağış da göydən sel kimi axırdı. Balaca Hans nə getdiyi yolu seçir, nə də atla ayaqlaşa bilirdi. Axırda o, yolu azıb torf bataqlığına düşdü. Çoxlu dərin çalalar olduğundan bura yaman qorxulu yer idi. Zavallı Balaca Hans onların birinin içinə düşüb batdı. Ertəsi gün onun cəsədini bir çoban böyük su gölməçəsinin içindən tapıb Hansın öz daxmasına gətirdi.

Balaca Hansın dəfninə, onu çox istədiklərindən, hamı gəlmişdi. Dəyirmançı isə hamıdan çox canfəşanlıq edirdi.

– Onun ən yaxın dostu olduğum üçün ən yaxşı yer də mənim olmalıdır, – deyərək dəfnə gedən camaatın qabağınca addımlamağa başladı. Əynində uzun, qara əba olan Hyuq dəqiqədə bir gözlərini iri cib yaylığı ilə silirdi.

Dəfn mərasimindən sonra hamı meyxanada rahatca oturub ədviyyatlı çaxırla şirin qoğal yeyəndə dəmirçi dedi:

– Balaca Hansın ölümü, doğrudan da, hamı üçün ağır itkidir.

Bu yerdə dəyirmançı sözə qarışdı:

– Hər halda, mənimçün böyük itkidir. Mən ona, demək olar ki, öz əl arabamı vermişdim. İndi onu-neyləyəcəyimi bilmirəm. Müəyyən səbəblərə görə əl arabası mənim evimdədir, amma elə bərbad vəziyyətdədir ki, onu məndən heç alan da olmaz. Əlbəttə, bundan sonra çalışacağam ki, heç kimə heç nə verməyim. Birinə yaxşılıq edəndə sonra həmişə altını çəkirsən.

Uzunsürən sükutdan sonra susiçovulu dilləndi:

– Yaxşı, bəs sonra?

– Sonrası yoxdur. Əhvalat bitdi, – deyə kətanquşu ona cavab verdi.

Susiçovulu:

– Bəs dəyirmançının axırı nə oldu? – deyə maraqlandı.

Kətanquşu:

– Eh, mən nə bilim. O məni heç maraqlandırmır da.

– Sözlərindən belə çıxır ki, sən heç kimin halına acımırsan.

– Deyəsən, sən əhvalatın əxlaqi nəticəsini başa düşməmisən.

Susiçovulu çığırdı:

– Nəyi başa düşməmişəm?

– Əhvalatın əxlaqi nəticəsini.

– Demək istəyirsən ki, danışdığının əxlaqi nəticəsi də var?

Kətanquşu:

– Əlbəttə, – deyə cavab verdi.

Susiçovulu acıqlı-acıqlı dedi:

– Zənnimcə, sən bunu söhbətə başlamazdan əvvəl deməli idin. Belə etsəydin, sənə heç qulaq da asmazdım. Sözün düzü, mən də tənqidçi kimi öz narazılığımı bildirərdim. Hər halda, mən bunu indi də edə bilərəm.

Bunu deyən susiçovulu hirslə yerə tüpürdü və quyruğunu hərləyib yuvasında gözdən itdi.

Bir az sonra üzə-üzə gəlib çıxan ördək dedi:

– Sən bir buna bax! Ancaq hər halda, onun yaxşı cəhətləri də çoxdur. Özümə gəldikdə isə onu deməliyəm ki, subay görəndə gözlərim yaşarır, çünki mən anayam, məndə analıq hissiyyatı var.

Kətanquşu cavab verdi:

– Deyəsən, söhbətimlə onu dilxor etdim. İş orasındadır ki, mən ona mənası olan əhvalat söylədim.

Ördək:

– Belə şeylər danışmaq həmişə təhlükəlidir!

Ördəyin bu fikri ilə mən də şərikəm.


Страницы книги >> Предыдущая | 1 2 3 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации