Текст книги "Xiyabani"
Автор книги: Pənahi Makulu
Жанр: Современная зарубежная литература, Современная проза
сообщить о неприемлемом содержимом
Текущая страница: 6 (всего у книги 18 страниц) [доступный отрывок для чтения: 6 страниц]
Paşa bəyin Trabzondan birbaş Təbrizə yük gətirən dəvələri də bu gün obaya çatmışdı. Paşa bəyin tapşırığına görə dəvəçilər bir həftə burada qalıb dincələndən sonra sə-fərlərinə davam edəcəkdilər. Uzaqlarda, Ələnd dağının ətə-yində otlayan dəvələr qoyun boyda görünürdü. Üç yerindən dəmir çəkilmiş ticarət mallarını bir-birinin yanında dörd-gözlü ev kimi düzəldib, üzərinə qara keçə çəkmişdilər. Ailəsi obada olmayan dəvəçilər burada gecələyirdilər.
Yekmala dağı arxasında gizlənməyə tələsən günəş hələ öz qızıl saçlarını Ağçaydan yığmamış naxırçı və çoban-lar dərələrə, düzlərə dağılan heyvanları çadırlara tərəf qay-tarırdılar. Elə bu vaxt boz yoldan çıxan atlılar təpələrin ətə-yində göründülər. Yeklərin yanında dəvəçilərlə söhbət elə-yən Paşa bəy onları görən kimi qarşılarına üç nəfər göndərdi ki, qonaqların atını tutsun. O isə ağsaqqallarla bərabər böyük çadıra getdi.
Gələnlər çadırın qabağında atdan düşdü. İçəri keçib, qonaqlara məxsus yerdə oturub, silahlarını da çadırı divar kimi çöldən ayıran cığa söykədilər. Qonaqlardan birinin qırx, o birinin qırx dörd yaşı vardı. Onlar yuxarı başda, Paşa bəylə üzbəüz döşəkçə üstündə oturan gəncin məsləhətçiləri idilər. Elin adətincə, Bahar xanım da qonaqlara xoşgəldin de-mək üçün çadıra gəldi. Bahar xanımın getməsindən istifadə edən qulluqçu qız Səlimə özünü tez Dürdanənin yanına ver-di:
– Pis oğlan deyil, ay qız… Kaş, elə qismətin bu ol-sun. Maşallah, üz gözündən nəciblik yağır:
– Bunun nəyini deyirsən? – Dürdanə dodaqlarını büzdü. Sənin gözün görmür… Keçən il bizdə qonaq qalan o tacir oğlan yadındadırmı? Həyalı ona deyərlər!
Bahar xanım qonaqların yanından qayıdanda qulluq-çu o tərəfdə on satıl su tutan böyük qazanın altını yandırdı. Dürdanə atası üçün başladığı corabın quncunu toxuyurdu. Bahar xanımın gözlərinin gülüşündən anlamaq olardı ki, oğ-lan xoşuna gəlmişdir.
– Qızım, gələn Qaraeynili Mir Abdulla ağanın oğ-ludur. Atasının var-dövləti həddən aşıb. Bu da səni istəyən-lərdən biridir! – deməklə ana qızının fikrini bilmək istədi.
– Anama bax ha, hər gələn qonağı elçi adlandırır…
– Adam çörəyi qulağına yeməyib ki, qızım. Oğlanın o cür utana-utana oturmağı, danışanda lalə kimi qızarması deyir ki, qız almağa gəlmişəm. Bu, qiyamət sövdasıdır, bala. Yaxşı-yaxşı bax ki, sonra deməyəsən dədəmlə nənəm elədi.
Tuluq çalxalayan qadın da söhbətə qoşuldu:
– Sən Allah, ay kiçik xanım, bu qədər oğlanlardan birini bəyən, bu düzdə bir toy çaldırıb biz də süzək.
– Zeynəb dostu düz deyir. Adam bu qədər vasvası olmaz. Bu işdə gərək bir az da Allaha təvəkkül deyəsən. “Ya bəxt səndən mədəd!”
– Yəqin sən atama Allaha təvəkküllə gəlmisən? – de-yə Dürdanə güldü.
– Mən heç… mən yazıq atanı heç görməmişdim. Atam rəhmətliklə atası sövdələşmişdilər. Biz dörd bacı idik, hamı-mız da görməz-bilməz getmişik. Amma sən… –Bahar xanım köks ötürdü. –Allah heç kəsin qabağında çörəyini bir dənə eləməsin. Bilmirəm sən getsən, mən neyləyəcəm! Yox, heç atan da sənsiz dözməz. Allah kərimdir, görək necə ola-caq.
– Siz dözsəniz də, ana, mən bir gün sizsiz qala bil-mərəm..
Bahar xanım qızına ürək-dirək verdi:
– Atan deyir ki, qızımı o adama verəcəyəm ki, əvvəla Dürdanə bəyənsin, ikincisi, o da köçüb bizdə qalsın.
– Dürdanə xanımdan heç biz də uzaq düşməyə razı olmarıq, – deyə tuluq çalxayan qadın da qıza olan məhəb-bətini bildirdi.
…Oğlan qızı bəyənmişdi. Paşa bəylə Bahar xanım da oğlanı xoşlamışdılar.
Arvad ərinə dedi:
– Kişi, tutaq ki, bu gün sabah nişan içdik, bir ay, bir il sonra toy edib aparacaqlar. Dürdanəsiz neyləyəcəyik?
– Elə mən də onu fikirləşirəm. Amma yox. Mir Ab-dullanın beş oğlu var. Bu ortancıldır. Mən bilən o, bunun bizdə qalmasına razılıq verər.
– Belə olsa, mən də razıyam. Mənim elə ölümüm budur ki, qız gözümdən o yana getməsin.
Ata ilə ana o gecə qızı çağırıb fikrini soruşdular. Da-ha özünü təngə gəlmiş kimi göstərən qız:
– Mən bilmərəm, ixtiyarım sizdədir, – dedi, – başımı hayana kəssəniz, qanım o yana axacaqdır.
Paşa bəylə Bahar xanım Dürdanənin gözlənilməz ca-vabından sevinib, qızlarını öpdülər.
…Oğlanın yanınca gələn ağsaqqallar da işin belə asanlıqla düzəlməyindən məmnun halda geri qayıtdılar. La-kin onlar Paşa bəyin şərtinə Mir Abdullanın razı olub-olma-yacağından nigaran gedirdilər. Elçilər nişan içmək üçün əlli atlı ilə iki gün sonra gələcəklərini bildirmişdilər.
Paşa bəy həmin günün səhəri nişan tədarükünə baş-ladı. Yaxın qəsəbədən düyü, qənd almağa adam göndərdi. Qonşu obaların başçılarına, ağsaqqallarına, qəbilə rəisləri və tayfa böyüklərinə xəbərçi yollayıb onları nişan məclisinə də-vət etdi.
Böyük çadır iki hissəyə bölünmüşdü. Qız-gəlinlər təzə paltarlarını geyinmişdilər. Kəbin kəsmək üçün Qara-quşlu Hacı Mir Rəhim ağanın dalınca atlı göndərilmişdi. Vaxtı-müəyyəndə dəvət olunanlar dəstə-dəstə Paşa bəyin ça-dırları qurulan düzəngaha axışırdılar… Oğlan adamları ha-mıdan qabaqda idi. Əlli atlıdan ibarət bu dəstənin beş nəfəri qadın (biri oğlanın anası, ikisi bacıları, biri əmisi arvadı, biri də xalası) idi. Oğlanın atası Mir Abdullanın kefi çalır, dama-ğı oynayırdı. O özünə böyük bir arxa tapmış, oğlunu böyük bir sərvətə çatdırmış, gələcəyini təmin etmişdi. Yolda nişan məclisinə gedənlərlə salamlaşır, onların ehtiramına ehtiram-la cavab verirdi.
Birdən hamı heyrət içində qaldı: Paşa bəyin çadırları yox idi, lələ köçüb, yurdu qalmışdı. O qədər çadırdan, atdan, dəvədən, qoyun-keçidən, tay kimi vurulan ticarət malların-dan bir nişan qalmamışdı. “Bu necə olan işdir?! Əgər Paşa bəy qızı vermək istəmirdisə, nə üçün bu qədər camaatı yığıb buraya tökmüşdü? Hacı Mir Rəhim ağa kimi böyük bir alimi kəbin kəsməyə çağırmışdılar… Bu necə olan işdir, İlahi?” Bu sual ildırım sürətilə Mir Abdullanın qəlbindən keçsə də, baş-qaları kimi o da geniş açılmış gözlərini düzənliyə zilləyib ba-xırdı:
– Əstəğfurullah, bu necə hikmətdir?!
Bu hikməti bilmək üçün bir gün əvvəli təsvir etməli-yik.
Təzəli tayfası üçün ən əziz gün gəlib çatmışdı. Oba-nın adamları şadlanacaq, tayfanın yeganə qızı, nadir gözəli üçün şirni içiləcəkdi. Birdən uzaqlarda, başı ağ dağların zir-vəsində görünən qara buludlar günəşin qabağını kəsdi, hava qaraldı, qara yel əsdi. Göyləri yer-yerdən doğrayan şimşək-lərin işığı qaranlıq gecəni işıqlandırdı. Şiddətli yağmurun dalınca qoz boyda dolu hamını çadırlara dolmağa məcbur etdi. Çox çəkmədi ki, dünəndən bəri kəndə, obaya qaçıb, əldən-ayaqdan düşüb, yorulan çobanlar, naxırçılar, tuluq çalxayanlar yuxuya daldılar. Axı, sabah hamının əzizi Dür-danəyə nişan gəlirdi, səhər tezdən durmaq lazım idi.
Bütün obada iki nəfər yatmamışdı–Paşa bəylə arvadı Bahar xanımın gözlərinə yuxu getmirdi. Qara çadırın dirə-yindən asılan fanarın zəif işığı onların üzünü saraltmışdı. Özünü rahat hiss edən Bahar xanım bir bəd hadisənin baş verəcəyini irəlicədən duyurmuş kimi, tez-tez ərinə deyirdi.
– Allah özü saxlasın kişi, həyatımda ikinci dəfədir ki, belə oluram. Bir də rəhmətlik anam ölən günü belə ol-muşdum.
– Salavat çevir, dua oxu, inşallah, heç nə olmaz.
Dolu güclənirdi. Dağlardan axan sular dərələrdə çaya dönmüşdü. Sel qabağına çıxan hər şeyi vurub dağıdırdı. Ye-rin gurultusu söyün gurultusuna qarışmışdı. Hayqıra-hay-qıra çadırlara hücum çəkən bu qorxunc daşqından ən əvvəl xəbər tutan itlər ulaşıb qaçmağa, arxayın-arxayın yatan sa-hiblərini oyatmağa başlasalar da, yorğun adamlar yorğanı başlarına daha möhkəm çəkmişdilər. İtlərdən sonra qoyun-lar ürküb dağılır, canavar görəndə insana pənah gətirdiyi ki-mi indi də çadırlara doluşurdular. Gözlərini ovuşdura-ovuş-dura yuxudan oyananlar isə gələn bəladan hələ də baş aç-mırdılar. Xətərin yaxınlaşdığını hiss edən madyanlar kişnə-yib balalarını çağırır, ürküb çadırların tənəfinə toxunurdular. Nəhayət hamı durub çadırdan çıxmağa məcbur oldu. Adam-ların hay-harayı bir-birinə qarışdı.
Şimşək dayanmadan çaxır, göy qızmış nər kimi nərə çəkirdi. Paşa bəy arvadı ilə sevimli qızının əlindən yapışıb çadırdan çıxanda lap yaxında şimşək oyandı. Onun işığında biyaban açıq-aydın göründü. Obada özünü itirməyən bir adam vardısa, o da Paşa bəy idi. O, bilirdi ki, ata minməklə də bu selin qabağından qurtarmaq olmaz. O, yubanmadan arvadı ilə qızını yükləri yığılan yerə çatdırdı. Su onların di-zinə çıxır və getdikcə artırdı. O, əvvəlcə qızını, sonra da ar-vadını yüklərin üstünə çıxartdı. Dönə-dönə tapşırdı ki, yük-lərin dəmirindən bərk-bərk tutsunlar. Paşa bəydən başqa bir neçə adam da yüklərin üstünə çıxıb oturmuşdu. Dağ seli bir göz qırpımında çadırları uçurdub, tayların toplandığı yerə çatdı. Paşa bəy qışqırdı:
– Özünüzü itirməyin, dəmirlərdən möhkəm yapışın.
Bu onun axırıncı tapşırığı oldu: sel yüklərin yığınına əvvəlcə aşağı tərəfdən toxundu. Elə bil ki, zəlzələ oldu. Taylar bir-birinə toqquşub bərkdən silkələndi. İkinci təkanda pənahgahın bəndi ayrıldı. Paşa bəyin özü də üzərinə mindiyi tayla birlikdə suya yıxıldı. Lilli sudan başını çıxaran kimi arvadı ilə qızını səslədi. Onun səsinə cavab verən ol-madı. Neçə dəfə qışqırdısa dəhşətli gurultular içərisində sə-sini eşidən olmadı. Paşa bəy yenə özünü itirmədi. Bir əlini tayın yan dəmirindən qoparıb üst dəmirinə bənd elədi. Güc-bəla ilə tayın üstünə minə bildi. Yenə səsləndi:
– Bahar!.. Bahar hey!.. Dürdanə hey!..
Hər bağırtıdan sonra bütün qüvvəsini qulaqlarına toplayıb qulaq asdı. Bu gurultular içərisində bir səs eşitdi: “Ata, ata!..” Bu səs o qədər zəif idi ki, Paşa bəy onun qəlbin-dən gəldiyini zənn etdi. Sel onu istədiyi səmtə aparırdı. O, indi gəmisi qərq olub, özü bir taxta paranın üstündə qalan kapitana oxşayırdı. Yenə ildırım çaxdı, hava işıqlandı. Özün-dən xeyli qabaqda suyun üzündə bir neçə qaraltı gözünə dəydi. Paşa bəy bilmədi ki, o qaraltılar arvadı ilə qızıdır, yoxsa başqalarıdır. Bəlkə də heç adam deyil, gözünə elə də-yirdi…
Paşa bəy selin qabağında axırdı. Lakin bu halında da fikri ancaq arvadı ilə qızının yanında idi.
Paşa bəy bilirdi ki, əgər sel onu dağa-daşa çırpmasa, mindiyi bu tay onu Qaraquş çəmənində yerə oturdacaqdır. O, ümid edirdi ki, arvadı ilə qızını da burada tapacaqdır.
Paşa bəyin düşündüyü kimi də oldu: Qaraquş çə-məninə çatanda sel gücdən düşdü. İndi su adamın dizindən bir az yuxarı idi. Paşa bəy bunu bir neçə qanqal qolunun ba-şının sudan çıxmasından bildi. O, dərhal tumanını budlarına kimi çirmələyib tayın üstündən yerə endi. Əli ilə tayı saxlayıb sahilə tərəf çəkdi.
Səhər açıldı. Günəş Qaraquş çəmənində gölməçələnib qalan sularda özünü göstərdi. Dünən bu vaxt hər şeyi-eli, obası, varı-dövləti, vəfalı arvadı, gözəl qızı olan Paşa bəy bu gün bir tuman-köynəkdə çöllərə düşüb öz əzizlərini axtarır-dı…
II HİSSƏ
1
İki yüz dəvədən ibarət bir karvan arandan yaylağa ağır-ağır hərəkət edirdi. Hər yeddi dəvənin ofsarı bir nəfərin əlində idi. Yarıyatmış, yarıoyaq yol gedən dəvəçilər dəvələ-rin ayağı yöndəmsiz yerə düşəndə diksinir, gözlərini açır-dılar.
Baharın axır ayının qızmar günəşi boyun-boğazlarını, üzlərinin yandırmasın deyə müsafirlərdən çoxu papaqları-nın altından başlarına yekə dəsmal salmışdılar. Onlar dəvə-lərin üstündə yel dəyən budaq kimi yırğalanırdılar. Qırmızı fəsinin üstünə yaşıl parça sarıyıb, ağ atını gah karvanın ar-xasınca, gah da qabağındaca sürən çavuş hərdənbir: “Vəbər, həbibi xuda, xətm əmbiya səlavat!”24 − deyə-deyə böyük bir orkestrin yeganə solisti kimi hicaz oxuya-oxuya bələdçilik edirdi.
Gül-çiçəklə bəzənmiş dağ yolları Xoy şəhərində gələn müsafirlərə ruh verirdi. Çavuşun ardınca gedən bir nəfərin kəcavənin sağında oturan uzunsaqqal kişi ilə danışması qocanın varlı-karlı və nüfuzlu şəxs olduğunu bildirirdi. O, Təbriz müdərrisi hacı Pişnamaz ağa idi. Kəcavənin o biri tərəfində oturan qadın onun arvadı hacı Səriyyə idi.
Qocalar, bir övlad−heç olmasa bir kor qız üçün dəfə-lərlə ata, qatıra, dəvəyə minib, Kəbəyə, on dörd məsum zi-yarətinə getmişdilər. Nədənsə, indiyədək Allah dərgahında onların iltiması qəbul olunmamışdı.
Yoldan bir az kənarda, zümrüd kimi yaşıl döşdə bir sürü otlayırdı. Bu qədər adamdan, dəvələrdən qorxmayıb, sürüdən ayrılaraq karvana tərəf güllə kimi gələn bir itlə iki balasını görən qadının dərdi təzələndi:
− Pərvərdigara, ilan yerisin, balaları da dalınca. Amma − mən… Səd şükür cəlalına! Bu itincən də olmadım?!
Qadının sözlərini eşidən qoca yenə də ona təskinlik verdi.
− Səbr elə, xanım. Allah məsləhətidir. Bu fani dün-yanın işi belədir, hərə bir cür müsibətə giriftardır.
Yol nə qədər uzun olsa, karvan nə qədər ağır getsə də, tez-tez bir-birini əvəz edən ürəkaçan mənzərələr yolu qı-saltmış, Ərəbistanın qumlu düzənlərində çəkdikləri əzabı onlara unutdurmuşdu.
Nəhayət, dağlıq yol qurtardı, müsafirlər geniş bir dü-zənliyə yetişdilər. Ətrafındakı mənzərə karvan əhlini lərzəyə salan kimi oldu. Düzü dünyanı su tutub, yolu bağlamışdı.
− Deyəsən güclü yağış olub.
− Bəli, ağa elədir ki, var. Bəs biz oradan necə keçə-cəyik?
− Keçə bilməsək, bu tərəfdə oturarıq − deyə hacı Pişnamaz arvadına cavab verdi.
Onlar suyun kənarına yetişdilər.
− Ora baxın, bir adam huşsuz düşüb qalıb!..Çavuş irəliyə işarə etdi. − Özü də zənən xeylağıdır!..
Qadını xilas etmək üçün nə çavuş, nə sarvan, nə də dəvəçilərdən biri yerindən tərpənmədi. Hacı Pişnamaz ağa arvadına dedi:
− Deyəsən qarı, Allah ərzimizi eşidib, duamız müs-təcəb olur.
− Necə bəyəm, hacı ağa!
− O qız xeylağı kim olur-olsun, onu övlad kimi özü-müzlə Təbrizə aparmalıyıq.
− İndi ki, Allah belə istəyib, nə deyirəm, ağa, mən razı… − Qadının sevincindən gözləri doldu.
Hacı Pişnamaz sarvanı çağırdı:
− Baxın, ölmüyübsə, gətirin bizim kəcavəyə.
Sarvanın əmri ilə dörd adam oraya yüyürdü.
Bu, bir qız idi, qorxudan gözlərini bir anlığa açıb tə-zədən yumdu. Onu hacı Xanımın yanında uzandırdılar. Kar-van yeddi ağaclıqda olan Ağbulaq kəndinə qayıtdı. Günorta vaxtı qız gözlərini açdı. Ailələrinə və tayfalarına üz verən bədbəxtliyi danışandan sonra onun Paşa bəy Pezikinin qızı Dürdanə olduğunu bildilər.
Çoxlu kişi, qadın və uşaq cənazəsi tapıb dəfn etdilər. Bahar xanımın da cəsədi tapılmışdı. Onun boynunda olan qı-zılları gətirib verəndə qızın təzədən ürəyi getdi.
Paşa bəyin cənazəsi tapılmamışdı. Dürdanə tez-tez ayılıb özündən gedirdi. Anasının nişanələrinə baxdıqca halı daha da xarablaşırdı. Son dəfə gözlərini açanda başını hacı Xanımın dizi üstündə gördü qadın ağlayır, Allaha yalvarır, ona şəfa diləyirdi. Hacı Xanimla Pişnamaz ağa onu özlərinin yeganə övladı kimi sevəcəklərinə, atasını axtarıb tapacaqla-rına qızı inandırandan sonra, Dürdanə yavaş-yavaş özünə gəlməyə başladı.
Xoy şəhərinə getməyə beş ağac qalmış pişvaza çıxan-ların başı açıldı. Məşhur məqbərə seyidləri iki boş fayton göndərmişdilər. Onların birində Dürdanə ilə hacı Xanım, di-gərində hacı Pişnamaz ağa ilə başqa bir hacı oturdu. Dürda-nə ilk dəfə idi ki, faytona minirdi. Hələ Ağbulaqda ikən hacı Xanım yeddi arşın qara parça alıb, bir çadra tikmiş, naməh-rəmlərdən gizlənməyi Dürdanəyə tapşırmışdı. Ancaq bu dağlar gözəli, elat qızı heç cür çadraya bürünməyi bacarmır-dı. Bir də görürdün ki, yadından çıxarıb, hacı Pişnamaz ağa ilə üzüaçıq danışır.
Kəcavədən düşüb faytona minmək Xanıma Dürda-nədən artıq xoş gəldi. Üzünü bürümək yenə Dürdanənin ya-dından çıxmışdı. Bu dəfə hacı özü faytona yaxınlaşmalı oldu:
− Qızım, hərçənd ki, adəti tərk etmək çətindir, ancaq bilməlisən ki, bundan bu yana şəhərdir. Şəhər dağın başı deyil. Orada qadınlar üzlərini örtür, naməhrəmlərdən gizlə-nirlər.
Vilayətdən gələnləri qarşılamağa çıxanların sayı-he-sabı yox idi.
Dürdanə hacı Xanıma tərəf əyilib soruşdu:
− Ay xanım, görəsən bu qədər camaatın börkünü (papağını) kim tikir?
Hacı Xanım çadranın altından gülüb dedi ki, bir gün səni Təbrizdəki börkçü bazarına aparram bilərsən…
2
Pişnamaz ağanın Təbrizdəki bağlı-bağçalı həyəti, iki-mərtəbəli evi, bəzəkli otaqları, böyük çilçıraqları, kitab do-labları Dürdanəyə qəribə göründü. Ən qəribəsi isə bu idi ki, düz üç ay hacı Səriyyə xanımın görüşünə gəlib-getdilər. Dürdanə fikir-xəyalat eləməsin deyə, hacı Xanım onu özü ilə bazdidlərə (qonaqlıqlara) aparırdı.
Hacı Xanımla Pişnamaz ağanın Dürdanəyə məhəb-bəti gündən-günə artdığı kimi, Dürdanə də tədricən onlara alışır, onları sevməyə başlayırdı.
Hacı Pişnamaz ağa yenə də mədrəsədə dərs deyir, gündə iki kərə camaat namazında hazır olur, minlərlə adam onun arxasında səcdəyə gedirdi.
Lakin Təbriz xanımlarının çoxu Dürdanəni qulluqçu bilib hacı Xanımın onu bu qədər əzizləməsinə heyrət edirdi-lər. Bir gün hacı Xanım hamamda Dürdanənin başını yu-yanda kisəçi Həcərlə o biri arvadlar şaqqanaq çəkib güldü-lər. Kimdisə, fısıldaya-fısıldaya deyinirdi:
− Adam öz qarnından çıxanı bu qədər əzizləmir, bu, qulluqçuya gör nə ürəyi yananlıq eyləyir?!
Qızına qulluqçu deyilməsi hacı Xanıma bərk toxunsa da, heç kimə bir söz demədi.
Ay dolandı, il dolandı, yenə də zilhiccə ayı gəldi.
Hacı Xanım mərsiyəxan çağırmışdı. Bu günün fəzilə-tindən danışdılar, sonra müsibətdən oxudular. Qadınlar, elə-cə də anasını, atasını, el-obasının faciəsini xatırlayan Dürda-nə də doyunca ağladı. Mərsiyəxan gedəndən sonra hacı Xa-nım gəlib molla oturan səndəldə əyləşdi. O, çox iri bir çadra-ya bürünmüşdü. Ağ parçadan tikilmiş iri parçasını əba kimi özünə bürmələdi, üzünü qonaqlara tutdu:
− Hörmətli bacılarım, bilin ki, Allah-taalanın mənə və Pişnamaz ağaya rəhmi gəlib, bu qızı (Dürdanəni göstərdi) bizə bağışlayıb.
Qadınlar mat-məətəl qalıb, birdən hönkürtü ilə ağ-laşdılar. Hacı xanım səndəldən düşüb yerdə oturdu və ya-xasını açaraq Dürdanəni yanına çağırdı.
− Gəl, keç mənim yaxamdan, bu xanımlar da görsün.
Gözlərinin yaşını saxlaya bilməyən Dürdanə çadrası-nı yığışdırıb, hacı Xanımın dediyini yerinə yetirdi. Hacı Xa-nımla qız ikisi də bir köynəyin içində oturdu.
− Otur, qızım, − deyə başqa bir qadın Dürdanənin təzədən oturmağa dəvət etdi.
Dürdanəni dartıb xanımın köynəyindən çıxartdılar.
Allah ruzusunu bol eləsin! − deyə hamı əlini yuxarı qaldırdı.
Qalanlar qıza səadət arzulayıb şərbət içdilər.
Qonaqları həyət qapısınacan: “Nəvə, nəticə sahibi olasınız” − deyə-deyə müşayiət edən hacı Xanım o gün o qə-dər sevinmişdi ki, ayaq üstə dura bilməyib yerə uzandı.
Dürdanə artıq hacı Xanımın doğma qızı hesab olu-nurdu…
Axşam hacı Xanım ərinə əhvalatı danışdı. O da şad oldu. İndi qızı oxutmaq lazım idi. Ərlə arvad molla Minanı gətirdib, qızı evdə oxutdurmağı qərara aldılar.
Günlər, aylar, illər gəlib keçdi. Dürdanə əməlli-başlı şəhər qızı olmuşdu.
Bu gün Şeyxin arvadı, qızı və onun yaşyarımlıq oğlu hacı Xanımgilə qonaq gəldi. Uşaq Dürdanəyə o qədər xoş gəlmişdi ki, qonaqlar gedənə kimi onu qucağından yerə qoymadı. Bunu gözdən qoymayan hacı Xanım elə bil ki, yat-mışdı, oyandı: “Mənim də belə şirin bir nəvəm olsa, evimiz daha da günəşli olar” deyə axşam yenə də ərilə danışmalı ol-du.
− Biz, bu qızı nə vaxtacan subay saxlayacağıq? Axı şərən biz günah elirux.
Kişi də diksinən kimi oldu:
− Düz deyirsən, hacı Xanım, bu işdə Allah özü bizi bağışlasın…
− Sənin tələbələrindən bir yaxşısına versək, necə olar? − deyə hacı Xanım öz fikrini bildirdi.
− Başqa yerdən istəyən yoxsa, mən sabah gələcəyinə ümid bağladığım bir oğlanı bura göndərərəm. Gəlsin, mə-nim kitablarımın içindən bir kitab seçib götürsün. Qoy qız onu görsün.
− Oğlan kimdir, hacı ağa?
− Bir yaxşı kişinin oğludur. Tələbələrimin içində on-dan zirəngi, səxavətlisi yoxdur, O, təkcə fiqh-üsul deyil, baş-qa elmləri də öyrənir, böyük-böyük alimlər ondan çox razılıq edirlər. Qız oğlanı, oğlan qızı xoşlasa, ikisi də xoşbəxt olar.
− Qız oğlanı necə görəcək? Mən ona necə deyim ki, üzünü aç, oğlana göstər?
Hacı Pişnamaz ağa güldü:
− Təki qız onu bəyənsin, qalanı asandır.
− Axı, necə asandır?
− Bir gün oğlanı çağırıb nəzər siğəsi oxuyaram, qıza da icazə verərik ki, Məhəmməd (s.s) peyğəmbərin qanununa görə üzünü ondan gizlətməsin, oğlanla söhbət eləsin.
Həmin günün səhəri Pişnamaz ağa mədrəsəyə ge-dəndən bir saat sonra qapı döyüldü. Bazarlıq gətirən ham-bal, hacının qulluğa göndərdiyi tələbələr qızı görməsin deyə hər vaxt hacı Xanım qapıya gedərdi. Əgər təsadüfən Dürda-nə getsəydi, onda hacı Xanım qıza tapşırıq verərdi: “Çadranı bürün, üzünü tut, soruş, sonra qapını aç”.
Bu gün qapı döyüləndə hacı Xanım pəncərə qaba-ğında oturub sulu qəlyan çəkir, Dürdanə isə çit çadranın uc-larını belinə bağlayıb, hovuzda əllərini yuyurdu. Qapının sə-sini eşidəndə hacı Xanım oturduğu yerdən dilləndi:
− Ay qız, gör kimdir!..
Dürdanə cəld qapıya getdi. Daha yadına düşmədi ki, çadranın uclarını açıb üzünü gələn adamdan gizlətsin.
− Qapı döyən, kimsən? − deyə qız ahəstə və məlahətli bir səslə soruşdu.
Ömründə bir qızı doğru-düzgün görə bilməyən, onunla kəlmə kəsməyən oğlanı belə ahəngdar və cingiltili səs ahənruba kimi özünə cəzb etdi:
− Məni hacı ağa göndərib… evdə bir kitab var, onu aparacağam. − Oğlan titrək səslə cavab verdi.
Elat qızı ehtiyat hiss etmədən qapını açıb kənara çə-kildi. Gözündə qalın şüşəli eynək olan bu gənci haradasa gördüyünü dərhal xatırlaya bilmədi. Gənc içəri daxil oldu: “Adam da adama bu qədər oxşayar?!” − deyə öz-özünə pı-çıldadı. Onun duruxduğunu qız görsə də, nə pıçıldadığını eşitmədi. Çünki o da ildırım vurmuş adamlar kimi yerindəcə quruyub qalmışdı. Dürdanə birdən “Bay” edərək utandığın-dan özünü qapının dalına atdı. “Biabır oldum. Üzüm açıq, yad oğlan…” oğlanı da fikir apardı. “Ona nə oldu?..” Hər iki-sinin üzündə tər damcıları muncuqlanmışdı. Məhəmməd nə edəcəyini unutmuş kimi idi. Qızın pıçıltısı eşidildi:
− Kitablar evdə, dolabdadır, buyurun içəri.
Məhəmməd içəri keçib, evə tərəf addımladı. Pəncərə qabağında oturan hacı Xanım Məhəmmədə müştəri gözü ilə baxırdı. Oğlanın təzim edib, ədəb-ərkanla salam verməsi, qı-zı görəndə utanması, bir sözlə, özünü həyalı aparması xanı-mın çox xoşuna gəldi.
Oğlan gedən kimi Dürdanəni yanına çağırdı.
− Sənə bir söz demək istəyirəm, qızım.
Dürdanənin ürəyinə damdı ki, bu adi sözə oxşamır… Hər nəsə, kitab almağa gələn oğlan barədə olacaq.
Qızın xəyalı Ələnd dağlarının ətəklərinə uçdu. Evləri, elatları yadına düşdü. Bir vaxtlar onlarda qonaq qalan qə-şəng oğlanı xatırladı. O, bu oğlana necə də oxşayırdı!
Dürdanə onu yamanca xoşlamışdı. Sonra o dəhşətli gecə qızı sarsıtdı. Qəlbinin dərinliyində ildırımlar çaxdı, mə-ləşən qoyun quzuları, fəryad edən anası, arvadını, qızını ha-raylayan atasını, bədqədəm elçiləri, daha nələri, nələri xatır-layıb köks ötürdü. Özü də hiss etmədən gözlərindən yaş ax-mağa başladı. Çadrası köməyinə çatdı, tez gözlərini sildi, ha-cı Xanım onun ağladığını görmədi.
− Qızım, o gün Şeyxin nəvəsini gördün?
− Bəli, hacı Xanım, Allah saxlasın, göyçək uşaqdı, lap təzə doğulan quzulara oxşayırdı.
− Elə mən də, Hacı Pişnamaz ağa da onu deyirik: yaman sevməli uşaqdı. Axı biz də arzulayırıq ki, elə bir uşa-ğımız olsun, nəvəmiz olsun. – Dürdanə mətləbi anlayıb, ba-şını aşağı saldı. Hacı Xanım sözünə davam etdi. – Bax, belə bir oğlana getsən, həm Allahın əmri, peyğəmbərin şəriətini yerinə yetirmiş olarsan, həm də bizim muradımız hasil olar. – Dürdanə dinmədi, üzü rəngdən-rəngə düşdü. – Mənə de görüm, səni ona versək, gedərsənmi?
Dürdanə neçə il qabaq doğma anası Bahar xanıma verdiyi cavabı hacı Xanıma da verdi:
− Mən bilmirəm, ixtiyar sizindir. Başımı ha tərəfə kəssəniz, qanım da o tərəfə axacaq… − deyib otaqdan çıxdı və öz otağına yüyürdü.
3
Hacı Xanımla Pişnamaz ağa arzularına çatmışdılar. Onlar Dürdanənin toyunu, ilk və ikinci övladını görə bildi-lər. Vəsiyyətlərinə görə Dürdanə onların yeganə varisi oldu.
Qız, ömrünün nübarları olan iki qızı ilə əyləndikcə, ərinin nəvazişlərini gördükcə, keçmiş günləri unutmağa başlasa da, hərdənbir köhnə xatirələr yenə baş qaldırırdı.
Dürdanə sədaqətli bir övlad kimi hər cümə axşamı valideynləri üçün Yasin oxuyur, hacı Xanım isə tapşırırdı. Qızı hər şeydən çox darıxdıran atasının taleyi idi. Onun me-yidi tapılmamışdı, ölüb-qaldısı bəlli deyildi. Elə bil qəlbi ona deyirdi ki, qorxma atan səlamətdir. Bu fikirlər qəlbini yan-dırıb-yaxdıqca qız tez-tez ağlayırdı.
4
Paşa bəy sudan çıxan kimi gözləri qaraldı, başı gicəl-di, ayaqları sözünə baxmadı, arxası üstə yerə yıxıldı…
Bir azdan gecənin ayazı, soyuq külək onu ayıldanda başına gələn fəlakəti birdən-birə dərk edə bilmədi. Bədəninə üşütmə gəldi, bütün vücudu lərzəyə düşdü: “Allah, özün mənə dözüm ver!” Paşa bəyi ağlamaq tutdu. Onun hönkür-tüsü ulduzlu gecənin sükutunu pozdu. Ağladıqca özündə yüngüllük duyurdu, elə bil yanaqlarında cığırlar açan göz yaşları qəlbindəki acı-ağrını yuyub aparırdı. Huşu özünə gəldikdə, məyusluq azalır, qəlbində ümid baş qaldırırdı: “Bəlkə məni qurtaran Allah onların da dadına çatıb?”
Paşa bəy ayağa qalxdı, böyük təpələrin arxasından boylanan Ələnd dağlarına sarı üz tutub getməyə başladı. Ax-şamçağı kiçik bir dərənin ağzında yerləşən Kəsyan kəndinə çatdı. Kəndxuda onu dərhal tanıdı. Paşa bəyə əlindən gələn hörməti etdi.
Ertəsi gün səhər kəndxuda Paşa bəyə at vermək istə-yəndə o, etiraz etdi.
− Mən çay kənarı ilə axtarış apara-apara gedəcəyəm, oralardan at keçməz.
Paşa bəy gəlib öz yurduna çatdı. Gördüyü mənzərə-dən onun nə hala düşdüyünü təsvir etmək çox çətindir. Ki-şinin başına hava gələnə oxşadı. Bir müddət keçəndə uşaq kimi hönkürməyə başladı.
…Paşa bəy arvadını, qızını tapmaq məqsədilə yola düzəldi. O, çölləri gəzib, kəndlərə baş çəkib, meşələrə girib-çıxırdı, lakin onun sorağına hay verən olmurdu.
5
Arazın əlli kilometr qərbində yerləşən Maku şəhərinə yerli əhali Qala adı vermişdir. Yəqin ki, bu da oranın möh-kəm və alınmaz olduğuna işarədir.
Bu kiçik şəhər Şərqdən Qozbəli dağı, Cənubdan başı az qala kəhkəşana toxunan Səbət dağı, şimaldan isə Sarıqaya ilə əhatə olunmuşdur. Sarıqayanın ucalığı üç yüz, uzunluğu isə min metrdən çoxdur. Sarıqayanın (bu nəhəng daş baş tə-rəfdən o qədər əyilib ki, onun altındakı əlvan rənglərlə bə-zənmiş binaları nə qar, nə də yağış tutmur) tən ortasında ti-kilmiş qalın divarlar şəhərə varid olan hər müsafiri təəccüb-ləndirməyə bilməz. Elə adam olmaz ki, qayanın dibindəki bu nəhəng binaları görüb heyrətlənməsin.
Arakelin nalbəndxanası evinin dalındakı çardaqdan ibarət idi. Bədəncə sağlam olan bu adamın başındakı quzu dərisinə oxşar mahud papaq onun özündən xeyli yaşlı idi. Uzun illər günəş, qar, yağış, toz-torpaq altında qalan papaq əsil rəngini itirmişdi. Lakin üzdən saralsa da, dib tərəfdən hələ də qara idi. Arakelin dirsəkləri yamaqlı, rəngi bozarmış çuxasının da tarixçəsi var idi. Dediyinə görə, otuz il əvvəl İs-haq paşa Yarımqaya müharibəsi zamanı Arakelin mərhum atası Xaçaturu qoşun atlarını nallamaq üçün aparmış və yax-şı xidmətlərinə görə paşa öz çuxasını əynindən çıxarıb, ona bağışlamışdı.
Arakelin qırx yaşı ancaq olardı. Ətraf mahallarının adamları bu ustanı yaxşı tanıyırdı. Nə cür bəd at olurdusa, ustanın əlində yumşalıb mülayimləşirdi. At nədir, lap meşə-dən tutulmuş fili də o, itaətə gətirərdi.
Arakelin çardağı, qonşusu Hüseynqulu bəyin həyət qapısı ilə üzbəüz idi. Buna görə də Hüsynqulu bəy bəzən evindən çıxanda Arakelin kefini soruşmamış, adamlarına la-zımi göstərişləri verməzdi. Arakel şagirdi Hampo ilə bu çar-daqda olardı. Qışın soyuğunda onlar balaca bir manqalda kömür qızardıb, ağac sandığının içinə qoyar, sandığın üstü-nə bir at çulu atıb ondan kürsü kimi istifadə edirdilər. Arakel özü dalını divara söykəyib oturar, Hampo da onun qənşərin-də əyləşib özünü qızdırardı.
Arakelin cavan arvadı Siranuş da özü kimi çalışqan, işgüzar idi. Onun toxuduğu ipək corablar, necə deyərlər, bir üzüyə yerləşirdi.
Qızları Şuşankinin bir yaşı təzəcə tamam olmuşdu. Havalar xoş olanda Hampo onu qucağına alıb çardağa çı-xardar, nallatmaq üçün gətirilən atlara mindirib oynadar, onunla da bir az nal döyməkdən dincələr, ən başlıcası isə us-tanın arvadı Siranuşu özündən razı salardı. Hampo hər dəfə uşağı eşiyə çıxaranda Siranuş bərk-bərk tapşırardı:
− Bax, sənə tapşırmışam, uşağın başına bir iş gəlsə, əlimdən qurtarmazsan ha! Elə ki, gördün Hüseynqulu bəy gəlir, uşağı tez içəri, evə qaçırt, yoxsa gözə gələr.
− Siranuş bacıya bax ha! Mən özüm bilmərəm ki, Hüseynqulu bəy bədnəzərdir? Onun gözü hansı uşağa dəysə, ox ilanı kimi onu çalar. Qardaşı oğlu Rəşid də deyir ki…
− Ay gədə, başından yekə qələt eləmə! Onu Hü-seynqulu bəyin düşmənləri çıxarıbdı. Rəşid Hüseynqulu bə-yin öz oğludur. Qardaşı oğlunun adı Əmoşdur. Amma burası var ki, zalım oğlunun gözləri daşa dəysə, daşı çatladar!
Bu gün Hampo uşağı eşiyə çıxaranda Hüseynqulu bəy çardağın altında durub Arakelə nə isə deyirdi. Qapının şıqqıltısı ilə Hüseynqulu bəyin dönüb uşağı görməsi bir oldu. Arakel o saat Hampoya göz ağartdı. Lakin iş-işdən keçmiş, Hüseynqulu bəy uşağı görmüşdü:
− Hampo, bu kimdir? − deyə Hüseynqulu bəy uşağa dolu gözlə baxanda Hamponun rəngi kağız kimi ağardı.
Arakel dili ilə dodağının arasında üç kərə bədnəzərə lənət oxudu. Hüseynqulu bəy hələ bir addım çardağın altın-dan aralanmamışdı ki, Arakel deyinməyə başladı:
− Axmağın biri axmaq, sənə nə deyiblər? Qaçırt uşağı içəri, Siranuşa da de ki, qoy üzərrik yandırsın.
Hamponun rəngi qaçmışdı. O bilmirdi ki, xanıma Hüseynqulu bəyin uşağı gördüyünü və Arakelin üzərrik yandırmaq sifarişini nə cür xəbər versin. Arakel onu məzəm-mət etsə də, söyüb döyməzdi. Amma Siranuş çox əzazil idi. Bir gün Hampo qatıq qabını əlindən saldığı üçün onun başına elə bir qapaz vurmuşdu ki, ağrısı hələ də getməmişdi.
Hamponun tez dönməsini, rəng verib, rəng almasını görən Siranuş şəkkə düşdü:
− Nə olub, ədə? Niyə uşağı tez qaytardın? Olmaya o köpək oğlu uşağı görüb?!
− Siranuş bacı, sən deyən o qədər də yaxşı görmədi…
− Bəs necə gördü? − deyə Siranuş Hamponun ağzını əydi.
− Siranuş bacı, sən elə bilirsən ki, mən uşağı küçəyə çıxarandan sonra o gəldi? Demə, köpək orada imiş… Qapı tıqqıldayan kimi, oğru pişik tək dönüb dik baxdı.
− Bir söz demədi?
− Qızı təriflədi. Dedi ki, paho, bu kimdir? Necə də qəşəng uşaqdır…
− Deyinən evim yıxılıb də!.. Bəs dili qurumuş ma-şallah-zad demədi?
Hampo gördü ki, əgər desə ki, maşallah demədi, öz işi pis olacaq.
− Deyəsən dedi. Usta da tapşırdı ki, apar Siranuş bacın bir üzərrik yandırsın, inşallah bir şey olmaz. O, qızı tə-rifləyəndə mən o saat tumanının ağından bərk-bərk vurdum.
− Yaxşı, yaxşı, axmaqlama, kəs səsini! − Siranuş uşağı alıb tez mətbəxə apardı. Bir azdan üzzəriyin tüstüsü nəfəs borusuna dolan uşaq bərkdən öskürməyə başlayanda, Sira-nuş öz-özünə deyindi:
− Yaxşı evimi yıxdı bu maymaq, evimi… Balacığazım ikicə dəqiqənin bəlasına gəldi. Bura bax uşağın gözləri gör necə yaşardı, gözün çıxsın sənin! Görüm gözünə şiş batsın, ay Hüseynqulu!
Внимание! Это не конец книги.
Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?