Текст книги "Son mənzili Xəzər oldu "
Автор книги: Qumral Sadıqzadə
Жанр: Биографии и Мемуары, Публицистика
сообщить о неприемлемом содержимом
Текущая страница: 6 (всего у книги 33 страниц) [доступный отрывок для чтения: 11 страниц]
İrana səfəri zamanı gördüyü yerlər, rast gəldiyi adamlar barədə də xeyli qeydlər eləmişdi. İndi, birinci növbədə həmin qeydlərini sahmana salıb nəşr etdirmək istəyirdi. Ancaq özünə inanmırdı. Yazdıqlarının nə dərəcədə maraqlı və oxunaqlı olduğunu yoxlamaq üçün onu əvvəlcə Mirpaşaya göstərdi. Qardaşı oxuyub bəyəndi.
– Lap yaxşıdır, – dedi, – ver, qorxma, çap eləyərlər. Özün bilirsən ki, səfər təəssüratlarını, yol qeydlərini oxumaq həmişə maraqlı olur. Elə bilirsən ki, özün həmin yerlərdə olmusan. Sənin xatirələrində bir kəlmə də olsun yalan, qondarma söz yoxdur…
Seyid Hüseyn Mirpaşanın sözlərindən ürəklənib “Məşhəd xatirələri”ni “Tazə həyat” qəzetinə verdi. 1908-ci ilin iyun ayından başlayaraq onu hissə-hissə qəzetin bir neçə nömrəsində çap etdilər. O, artıq özünə inanmağa başladı. Yazmağa həvəsi artdı, hiss etdi ki, bundan sonra yazacağı məqalələr stolunun üstündə yatıb qalmayacaq, hansı qəzetdəsə nəşr olunacaq.
Yaşı az olsa da, xalqının qayğısına qalır, onun hərtərəfli inkişaf edib başqa millətlərin, xüsusən, Avropa xalqlarının mədəni səviyyəsinə çatmasını arzulayırdı. Bu vaxtacan bu arzunun həyata keçirilməsi üçün əlindən bir iş gəlməmişdi. İndi qələmi ilə xalqına kömək etmək əzmində idi.
Seyid Hüseyn hər şeylə maraqlanırdı: uşaqların, gənclərin, xüsusilə, qızların təlim-tərbiyəsi, ümumiyyətlə, bütün Azərbaycan xalqının savadlanması, yoxsullara kömək, qadınların kölə vəziyyəti, din xadimlərinin avam camaatın başına açdıqları müsibətlər, Dumaya seçilən deputatların satqınlığı, qəzet və məcmuələrin imlası, tərtibatı və s… Bütün bu məsələlər barədə o, “Tazə həyat”, “Tazə xəbər”, “Yeni İrşad”, “Həqiqəti-əfkar” və başqa qəzetlərdə tez-tez öz yazıları ilə çıxış etməyə başladı.
* * *
Artıq Seyid Hüseynin əli qazanca çatmışdı. O, get-gedə mətbuat aləminə daha çox alışır, görkəmli yazıçılarla, şairlərlə tanış olurdu. Evdəkiləri narahat etməmək və bir qədər sərbəst olmaq üçün o, kənarda tək yaşamaq qərarına gəlmişdi.
1910-cu ildə Nikolayevski küçəsindəki Hacı Hacıağa karvansarasında bir otaq kirayə edib ora köçdü. Bu karvansara təkcə bakılılara yox, bütün Şərq aləminə məlumdu. Çünki Qafqazın başqa şəhərlərindən Məşhədə ziyarətə gedənlər mütləq Bakıdan keçməli və ən münasib yer olan bu karvansarada bir-iki gün qalmalı olurdular. Türküstanda, Buxara və Xivə xanlıqlarında, türkmən çöllərində yaşayan bütün hacılar buranı tanıyırdılar. Bu hacıların əksəriyyəti müsafir sifətilə Hacı Hacıağa karvansarasından qalmış, onun divarları arasındakı ocaqlarda, çuğun aftabada çay qaynatmışdılar.
Karvansaradakı otaqlar, ümumiyyətlə, üç növə ayrılırdı. Bunların bir qismi mehmanxana idi. Burada mehmanxanaya lazım olan hər növ əşya vardı. İkinci qismi Bakıda yaşayan bəzi evsizlərə aylıq kirayə verilirdi. Üçüncü qismi isə yolcu sifətilə Bakıda bir-iki gün qalmağa məcbur olan, lakin xeyli baha qiymətə verilən mehmanxanada yaşamağa imkanı olmayan kasıb zəvvarlara və müsafirlərə verilirdi.
Seyid Hüseyn aylıq kirayə verilən otaqlardan birində qaldı. Bura onun üçün hər barədə əlverişli idi. İçərişəhərə və işlədiyi yerə yaxındı, istədiyi vaxtda dost-tanışı dəvət edə bilirdi və heç kəsə mane olmadan mütaliə edib yazı-pozu ilə məşğul olurdu.
Küləkli qış axşamlarının birində Seyid Hüseyn otağının pəncərəsi qabağıda dayanıb nə edəcəyi barədə fikirləşirdi.
Məhərrəm ayı idi. Bu gün cümə axşamı olduğundan karvansaranın geniş həyətində təziyyə məclisi keçirilirdi. Bura toplaşan adamların qalmaqalından və mollanın ucadan oxuduğu mərsiyələrdən diqqətini bir yerə cəm edə bilmir, yarımçıq qalmış maraqlı kitabını belə oxumağa həvəsi gəlmirdi. Darıxdığından otaqda gəzişməyə başladı. Bu vaxt kimsə qapısını döydü.
– Buyurun, gəlin, açıqdır, – deyə o sevinclə qapıya tərəf getdi, demək axşamı tək keçirməyəcəkdi. İçəri daxil olanları görəndə sevinci bir az da artdı. Gələnlər, şəxsiyyətinə böyük ehtiram bəslədiyi, şeirlərini əzbərlədiyi, Azərbaycanın gözəl şairi Sabir əfəndi ilə mürəttib yoldaşı Mirhüseyn Abdullayev idi.
Seyid Hüseyn qonaqları hörmətlə qarşılayıb oturmağa yer göstərdi. Sabir dedi:
– Yox, biz sənin yanına oturmağa gəlməmişik, məclisə gəlmişik. Dur, sən də bizimlə aşağıdakı təziyyə məclisinə gedək.
Bugünkü təziyyəni qarabağlılar verirdilər. Onların içərisində Seyid Hüseynin heç bir tanışı yoxdu. Ona görə getmək istəmədi:
– İndi gecdir, – dedi, – oturmağa yer tapa bilməyəcəyik.
– Bəs necə olsun? Axı mən bu gecə məhərrəmlik məclisində oturmaq istəyirəm…
… Sabir Şamaxıdakı dükanını 1907-ci ildə bağlayıb, başqa bir işlə, əsasən, müəllimliklə məşğul olmaq istəmişdi. Üç ildə Şamaxıda özünə bir iş tapa bilməyib bu ilin əvvəlində Bakıya gəlmişdi. Müəllimlik vəzifəsinə keçmək üçün şəhər idarələrinə müraciət etməyə, müxtəlif adamlara yazmağa başladı. Ancaq Şamaxı kimi hər cəhətdən geridə qalan bir mühitdə deyil, Bakı kimi öz zamanı üçün maarifpərvər və ziyalıların mədəni mərkəzi olan şəhərdə də Sabiri qiymətləndirmədilər. İstədiyi vəzifəni ona vermədilər. Sabir tamamilə işsiz qalmamaq üçün məcbur olub Haşım bəy Vəzirovun mətbəəsində çalışan fəhlələrlə, mürəttiblərlə, o cümlədən, Seyid Hüseynlə də yaxınlıq etdi, onların qayğısına qaldı, Haşım bəy Vəzirovun bu gəncləri istismar etməsindən, onlara az maaş verməsindən narazı olduğunu hamıya bildirirdi.
Nəhayət, bir neçə aydan sonra Sabirə Balaxanı kənd məktəbində şərait yaradıb və fars dili müəllimliyi vəzifəsi verildi. O mətbəədəki işini buraxıb Balaxanıya getdi. Orada o, tək yaşayırdı. Ailəsi Şamaxıda idi. Hər dəfə də gələndə əvvəlki mürəttib dostları ilə görüşürdü. Bu gün birinci dəfə Seyid Hüseynin mənzilinə də gəlmişdi.
… Seyid Hüseyn hörmətli şairin arzusunu yerinə yetirmək üçün belə bir təklif irəli sürdü.
– İndi ki, siz bu gecəni təziyyə məclisində keçirmək istəyirsiz, onda gəlin iranlıların təkyəsinə gedək, – dedi.
1905-ci il inqilabından sonra Bakıda yaşayan İran tacirləri “Əncüməni-İttihadi-İraniyan” adlı bir təşkilat düzəltmişdilər. Bu adla bir məktəb də açmışdılar. Hər il məhərrəmlikdə burada 10 gün dərslər kəsilir, məktəbin binasında təziyyə saxlanırdı.
Sabir gülümsəyib soruşdu:
– Səbəbi nədir ki, sən hazırca qulağının dibindəki təziyyəni burada qoyub bu soyuqda iranlıların təkyəsinə gedirsən?
– Səbəbi odur ki, qarabağlıların, şamaxılıların, yaxud bakılıların məclisində təzə bir şey eşitmək mümkün deyil. Mərsiyaxanalar həmişə eşitdiklərimizi bir də təkrar edirlər. Amma iranlılarda təzə bir vaiz peyda olub. Çox maraqlı adamdır. Deyirlər, o oxuduğu mərsiyələrin mövzusunu dəyişib müasirləşdirir. Çox vaxt camaatı Kərbəla faciəsinə deyil, Məmmədəli şahın İranda törətdiyi zülmlərə ağladır, xalqı intibaha, məktəbə, maarifə çağırır. Eşitmişəm ki, Bakıya bu il gələn həmin vazir İranın tərəqqipərvər və gözüaçıq ziyalıları arasında böyük hörmət qazanıb. Onun minbərdən dediyi acı töhmətləri hamı həvəslə dinləyir, ondan heç kim incimir.
Sabir dostunun söylədiklərinə diqqətlə qulaq asırdı.
– Maraqlıdır. Yaxşı, gedək görək bu vaiz nə deyir…
Onlar “İttihadi-İraniyan” məktəbinə getdilər. Burada Seyid Hüseynin atası təbrizli, anası şamaxılı olan Məşədi İsmayıl Xəyyat adlı bir dostu vardı. Zarafatcıl bir gəncdi. Maarif xadimlərinə, mətbuat işçilərinə rəğbət bəsləyirdi.
Seyid Hüseyn adamların arasında Məşədi İsmayılı axtarıb tapdı, qonaqlarını onunla tanış etdi. Məşədi İsmayıl əsərlərini sevə-sevə oxuyurdu, qiyabi də olsa özünü çox sevdiyi məşhur Azərbaycan şairi ilə şəxsən tanış olmağına görə Seyid Hüseynə öz minnətdarlığını bildirdi. Onları minbərə yaxın bir yerdə, öz yanında oturtdu. Yerini rahatladıb hörmətlə Sabirə baxdı, gülümsədi, Seyid Hüseynə göz vurdu.
– Bu gecə aşnamız Ərdəbillinin atası yanacaq, – dedi.
Sabir maraqla soruşdu:
– Bu yazıq Ərdəbilli kimdir və neyləyib ki, indi də atası yansın?
Məşədi İsmayıl həvəslə Ərdəbilli haqqında məlumat verdi:
– Tacirdir, dəniz qırağındakı “Çuxur” karvansarasında ticarətxanası var. Mənim də dükanım həmin karvansaranın qapısı ağzın-dadı, onu yaxşı tanıyıram. Çox xəsisdir. Qəzetə-zada pul xərcləməz. Ya qonşularından, çox vaxt da məndən dilənir, ya da qəzetsatan uşağı küçədə saxlayıb ondan bir qəzet alır, qaçıb onu maraqlandıran İran hadisələrini nəzərdən keçirdikdən sonra qaytarır. Bu qoçağın İranda arvad-uşağı ola-ola Bakıda da axır vaxtlar bir aşna saxlamağa başlayıb. Vaiz dünən onun bu işindən xəbər tutub, indi görək nə deyəcək?
Seyid Hüseyngil məclisə gələndə adi mərsiyəxanlardan bir-ikisi növbə ilə oxuyurdular. Təziyyənin axırında həmin məşhur vaiz minbərə çıxdı. Üzünü dinləyənlərə tutub kimi isə danlamağa başladı:
– Gədə, doğrudan da, sənin qeybətin varmış, – dedi, – arvadını qoymusan vətəndə, bir parça çörək pulu qazanmaq üçün gəlmisən Badukəbəyə. Allah bərəkət versin, yaxşı da qazanırsan. Nə məktəbə-maarifə bir qəpik verirsən, nə də arvad-uşağına xərclik göndərirsən! Ayağına geymisən cırt-cırt çəkməni, başında buxara papaq, cavan arvadından da xəbərin yox. Hələ kişi tək bir sənsən! Qurban olum sənin qeyrətinə!…
Ərdəbilli taciri yaxından tanıyanlar vaizin məhz ona sataşdığını başa düşüb, ona tərəf boylanır, bir-birinə göz vurur, bu sözlərin kişiyə necə təsir etdiyilə maraqlanırdılar. Məclis dağılışmağa başlayanda haqqında danışılan tacir Seyid Hüseyngilin qabağından ötüb keçdi. O özünü elə aparırdı ki, guya deyilən sözlər ona aid deyil. Məşhədi İsmayıl Sabir əfəndinin qoluna toxunub ucadan, mərsiyə deyirmiş kimi avazla oxuyurdu.
“Ey dadi-bidad Ərdəbil, ey dadi-bidad Ərdəbil!”
Sabir yerindən qalxıb Məşhədi İsmayılın dediklərinə bədahətən əlavə etdi:
“Bir də namərdəm əgər, etsəm səni yad Ərdəbil!”
Dostlar Sabirin bu sözlərinə gülümsədilər. “İttihad” məktəbinin salonu yavaş-yavaş boşalırdı. Seyid Hüseyngil qapıda Məşədi İsmayılla xüdahfizləşib küçəyə çıxdılar.
– Sabir əfəndi, buyurun mənim mənzilimə gedək, gecəni orda qalarsız, – deyə Seyid Hüseyn şairdən xahiş etdi.
– Sağ ol. Sənin yanında qala bilməyəcəyəm. Çünki əvvəldən Mirhüseyngilə gedəcəyimə söz vermişəm, – dedi, – ancaq iranlıların məclisindən çox məmnun oldum. Yaxşı ki, sözünə baxıb səninlə bura gəldik.
… Bu hadisədən təxminən bir ay sonra Seyid Hüseyn “Molla Nəsrəddin” jurnalının onuncu nömrəsində Kərbəlayi Feyzulla, Nazimi-ağlar-güləyən imzası ilə “Altmış illik ömrüm oldu səndə bərbad Ərdəbil” adlı satirik şeri götürüb maraqla oxudu. Sabirin bütün başqa şerləri kimi, bu şeir də çox xoşuna gəldi.
Bir gün mayın axırlarında Seyid Hüseyn işdən çıxıb “Zənbur” məzhəkə məcmuəsinin redaksiyasına getdi. Redaksiya böyük Rus kilsəsinin yanında, Aleksandr Nevski pasajının ikinci mərtəbəsində yerləşirdi. Bu həftəlik məcmuənin naşiri Bakıda çox tanınmış həkim və jurnalist Əbdülxaliq Axundov idi. O, 1890-cı illərdə Derpt (Tartu) Universtetini bitirib təbabət magistri alimlik dərəcəsi almışdı. “Əvvəli hənk, sonra dəyənək” komediyasının müəllifi idi.
Gənc mürəttiblər və mətbuat işçiləri hər gün işdən sonra “Zənbur”un redaksiyasına yığışar, məcmuədə tez-tez çıxış edən Sabir, Abbas Səhhət, Əli Nəzmi, Əzim Əimzadə və başqalarının söhbətlərinə qulaq asar, mübahisə edərdilər. Bu gün Seyid Hüseyn redaksiyaya gələndə orada Sabiri və qəzetçi Mirzə Cəlal Yusifzadəni gördü.
Sabir bu yaxınlarda Şamaxıya getmək istədiyindən danışırdı. Uşaqların yay tətilinə buraxılmasına az qalmışdı. O, əllərini qoltuğunda çarpazlamış, stola söykənmişdi.
– Şamaxıda çox qalmayacağam, fikrim var, bir aydan sonra Bakıya qayıdıb özüm sağ ikən şeirlərimi bir divan şəklində çap etdirim, – dedi, sonra son vaxtlar xəstəliyinin şiddətlənib onu narahat etməsindən söz saldı, – Ölüm insandan çox da uzaqda deyil, xüsusən, vücudu mənim kimi hər xəstəliyə düçar olan bir adam üçün lap qulağının dibindədir. Kim bilir, bəlkə, mən heç Şamaxıdan qayıda bilməyəcəyəm? Əzrayil mənə bir fürsət versəydi məqsədimə nail ola bilərdim…
O zamanlar Bakıda fəaliyyət göstərən mətbəələr əsasən üç adamın Orucov qardaşlarının, Hacı Zeynalabdin Tağıyevin və Haşım bəy Vəzirovun ixtiyarında idi. Bu mətbəələrdə kitablar müəllifin hesabına çap olunurdu. Sabiri də çətinliyə salan bu cəhətdir.
O, stolun üstündəki üzü yaşıl olan qovluğu götürüb Seyid Hüseynin qabağına qoydu.
– Sən mətbəə işlərini yaxşı bilirsən, – dedi, – bir hesabla gör nə qədər xərci çıxar?
Seyid Hüseyn qovluğu açdı. Burada qəzet və məcmuələrdən kəsilmiş şerlərlə birlikdə qələmlə, mürəkkəblə yazılmış əlyazmaları da vardı. Bu əlyazmaların bəzisi şagird dəftərlərində, bəzisi də adi kağız parçalarında yazılmışdı. Sabir bu qovluğa özünün 1905-ci il inqilabından sonrakı məşhur əsərləri ilə bərabər, inqilabdan əvvəlki əsərlərinin də bir qismini toplamışdı. Seyid Hüseyn bir-bir vərəqləri nəzərdən keçirib kənara qoyur, fikrində hesab aparırdı.
Sabir dedi:
– Mən bilirəm, bunların hamısını birdən çap etdirmək mənə çox baha başa gələr. İstəyirəm birinci növbədə “Molla Nəsrəddin”də və digər məzhəkə məcmuələrində nəşr olunmuş şeirlərimi çapa verim. Gör bir nə qədər olar?
Seyid Hüseyn təxmini hesabladı: iyirmi çap vərəqinə yaxındı. Hər çap vərəqinin 20-22 manat xərci çıxırdı. O, şairi ruhdan salmamaq üçün bu məbləği bir qədər azaltdı.
– 300 manata qədər olar, Sabir əfəndi, – dedi, – əgər min nüsxə çap edilsə kitabın biri sizə 30 qəpiyə başa gələr.
Sabir dərindən ah çəkib yaşıl qovluğu Seyid Hüseyndən aldı, əlyazmalarını səliqə ilə üst-üstə yığıb bağladı.
– Görünür, mən də müəllim Hacı Seyid Əzim kimi öz kitabımı görmədən həsrətlə öləcəyəm, – dedi.
Şairin bu sözü Seyid Hüseynə çox pis təsir etdi. O, heç cür zənn etmirdi ki, Sabirin cibi bu xərci ödəyə bilməz.
Böyük şair öz-özünə təskinlik verərək dedi:
– Eybi yoxdur, Şamaxıdan qayıdandan sonra heç olmasa, beş çap vərəqəsi qədər kiçik bir kitabça buraxdıraram, inşallah…
Seyid Hüseyn “Zənbur”dan çıxıb İçərişəhərə – evlərinə gedəndə bayaq Sabirin dedikləri haqqında düşünür, belə böyük sənətkarın öz arzusuna çatması üçün ona hansı yolla kömək etmək barədə fikirləşirdi. Bu saat onun özünün də ən böyük arzusu istəkli şairin öz əsərlərini çap etdirməsinə imkan tapa bilməsi idi.
Sabirin gəliri xərcini ödəyə bilmirdi. Bütün başqa mətbuat işçiləri kimi, o da şeirləri üçün müəllif haqqı almırdı.
1910-cu ildə Sabir artıq Azərbaycanda məşhur şair hesab olunurdu. Onun şeirləri çap edilən qəzetlərin oxucusu getdikcə çoxalırdı. Sabirin şeirlərini naşirlər öz qəzetlərində tez-tez verirdilər. Orucov qardaşları Sabiri öz qəzetlərinə cəlb etmək üçün birinci dəfə olaraq ona “yüksək” qonarar təyin etmişdilər. Onlar özlərinin “Günəş” və “Məlumat” qəzetlərinə verəcəyi taziyələr üçün şairə ayda 10 manat vəd etmişdilər.
Seyid Hüseyn fikirləşirdi: “Sabirin kitabını nəşr edə bilməsi üçün ianə toplamaq istəsək, görəsən, o buna razı olarmı? Bu, şairin izzəti-nəfsinə toxunmazmı?” Sonra o özlüyündə belə qərara gəldi ki, əgər ianə toplaya bilsələr bunu Sabirdən gizli etmək olar. Kitab hazır olduqdan sonra Sabir əfəndi, yəqin ki, buna sevinər.
* * *
Kəblə Ələkbərin təzə kürəkəni, Səriyyənin əri Əlipaşa hər şeydə yenilik tərəfdarı idi. O, indi ağa Kazımın yanında işləməklə bərabər, həm də mürəttiblik edir, Bakıda nəşr olunan qəzet və jurnallarda öz mənzum hekayələri, lirik şeirləri ilə çıxış edirdi. Evlənəndən bir az sonra, ata mülkündə darısqallıq olduğundan İçərişəhərdə ikiotaqlı mənzil kirayə edib təzə avadanlıq almış, onu Avropa qaydası ilə bəzəmişdi. Bu onun çoxdankı arzusu idi. O, beş-altı il bundan qabaq səyahətə çıxan ağa Kazımı müşayiət edən zaman Avropanın böyük şəhərlərini gəzərkən, əcnəbilərin yaşayış tərzilə, onların ev əşyaları ilə tanış olarkən özünə söz vermişdi ki, evlənən kimi mənzilini Avropada gördüyü və çox xoşuna gəldiyi avadanlıqla bəzəyəcəkdir.
Səriyyə gəlin gələn gündən ərinin məsləhətilə, uşaqlıqdan adət etdiyi genbalaq tumanlarını və qırçınlı donlarını birtərəfə qoyub, onun üçün xüsusi alınmış xarici paltarlar geyməyə başladı. Bununla kifayətlənməyib Əlipaşa cavan arvadını özü ilə bərabər məclislərə, qonaqlıqlara, teatra və başqa yerlərə də aparırdı. Ancaq çadrasını başından götürməyə hələ cürət etmirdi.
1911-ci ilin əvvəllərində onların bir qızı oldu, ancaq heç qırxı çıxmamış öldü. Bu hadisə gənc anaya çox pis təsir etdi. Günlərlə evdə oturub ağladı, heç yerə getmədi, heç şeylə maraqlanmadı. Əlipaşa arvadının fikrini dağıtmaq, həlak olan körpəsini onun yadından çıxartmaq üçün əlindən gələni etdi.
Martın 15-i axrıncı üsgü axşamı idi. Əlipaşa min xahişdən sonra Səriyyəni atasıgilə gətirmişdi. Hava soyuqdu, sulu qar yağır, bərk külək əsirdi. Hamı aşağı otaqda salınmış süfrənin ətrafında yığışdı. Rübabə xanımın bişirdiyi şabalıd qovurması ilə ətli plov ortaya gəldi. Səriyyə heç nə yeməyib gözlərini bir nöqtəyə zillədi. Mehinbanu nəvəsini belə görəndə ona öyüd-nəsihət verdi:
– Ay qızım, belə olmaz, nə vaxtacan yas saxlayıb dinib-danışmayacaqsan? Olacağa çarə yoxdur… başınıza sadağa. Hələ cavansız, o qədər uşağınız olacaq ki. Adam belə bədniyyət olmaz! Onda mən gərək çoxdan özümü üzüb öldürəydim ki?! Kiçik yaşda ölən balalarımı heç demirəm, amma o boyda lay-divar oğul itirmişəm, o boyda da üç cüvənəzər gəlin… – arvad ağlamsındı, ancaq tez özünü ələ aldı, istəmirdi ki, süfrə başında bayram əhvali-ruhiyyəsinə qəmli fikirlər gətirsin. Ona görə də sözünü zarafatla qurtardı – pişik boyda uşaqçın da adam belə əldən gedər? Ağıllı ol, qızım, özünü də, ərinin də gününü qara eləmə…
Bacıları və Rübabə xanım da təkid edəndən sonra Səriyyə əlini süfrəyə uzatdı, plovdan iki-üç qaşıq götürüb ağzına apardı.
Yeməkdən sonra cavanlar qalxıb Mirpaşanın otağına getdilər. Mirpaşanın da otağını bayram münasibətilə yaxşıca təmizləyib bəzəmişdilər. Pəncərəyə, stolun üstünə iri nimçələrdə yamyaşıl səməni qoymuşdular. Mətbəxdən İsfahan halvasının iyi gəlirdi.
Seyid Hüseyn bir az qabaq oxuduğu qəzeti göstərib dedi:
– Bir bura bax, heç belə də iş olar? Hər qəzet öz istədiyi kimi yazır, hərənin ayrı-ayrı imlası və üslubu var. Bir sözün neçə yazılışı olar? Bəzən adam çaşıb qalır, sözün mənasını başa düşmək olmur. Bu hərc-mərcliyə bir son qoyulmalıdır. Başqa dillərdə bir ümumi qayda var, hamı da o qayda ilə yazır. Bəs bizim dilimizdə niyə belə qayda olmasın? – o sözünə ara verib his eləyən şamın fitilini qayçı ilə kəsib düzəltdi – hərfləri də hərə bir cür yazır. Gərək birdəfəlik qərara alınsın ki, hansı hərf bitişik, hansı ayrı yazılmalıdır. Ümumi qanunauyğunluğa heç yerdə riayət edilmir…
– Sən düz deyirsən, – Əlipaşa da onunla razılaşdı, – bizdə durğu işarələri də yerində deyil. Sual, nida işarələri, nöqtə, vergül, iki nöqtə məlum məsələdir ki, sözün axırında olmalıdır. Amma çox vaxt ya özündən sonra gələn sözün əvvəlinə düşür, ya da müstəqil kəlmə kimi ayrı yazılır…
Bayaqdan onlara qulaq asan Mirpaşa xonçadan bir-iki qoz ləpəsi götürüb ağzına atdı, dedi:
– Sətirdən-sətrə keçirməyi nöşün demirsiz? Başqa dillərdə sözü hecalara bölüb köçürdürdülər. Amma bizdə sətrin axırına söz sığışmayanda necə gəldi köçürdürlər təzə sətrə, vəssalam.
Seyid Hüseyn məcməyidən bir İsfahan halvası götürüb Əlipaşanın qabağındakı nimçəyə qoydu:
– Mən də onu deyirəm də… Bizim əlifbamızda gərək ciddi qanunauyğunluq olsun və bütün qəzet müdirləri bu qanuna əməl etsinlər. Bu yaxınlarda “Nicat” maarif cəmiyyətində Bakının mühərrir və müəllimlərindən təşkil olunmuş bir məclis açıblar. Məqsədləri bizim arzu etdiyimiz bir imla yaratmaqdır. Həftədə bir dəfə məşğələləri olur. Mən deyirəm ki, gərək belə məclislərdə mürəttiblər də iştirak etsinlər. Çünki mürəttib yarımmühərrir, yazrımmüəllimdir. Bütün qəzet və məcmuələri onlar təshih edirlər. Mühərir köhnə imlaya adət etdiyindən yanılıb səhv sala bilər. Belə olanda onun səhvini kim düzəldir? Əlbəttə, mürəttib. Ona görə də mən deyirəm ki, təzə təşkil olunmuş bu “İttihadi-imla” məclisində mütləq mürəttiblər də iştirak etməlidirlər – o özü üçün də bir halva götürüb yeməyə başladı – istəyirəm, bu barədə yazım qəzetə, – dedi, – necə bilirsiz?
– Yaz, yaz, bəlkə sənin bu fikrini bəyənib əməl edərlər…
Mirpaşa ağzındakı ləbləbi-kişmişi çeynəyərək söhbəti dəyişdi:
– Əlipaşa, Üzeyirbəyin “Leyli və Məcnun”una yəqin ki, baxmısan, necədir, xoşuna gəldi?
– Əlbəttə, çox xoşuma gəldi. Bu tamaşa Azərbaycan səhnəsində mühüm hadisədir. Dostlar, öz aramızdır, musiqili tamaşa, milli opera sahəsində biz, deyəsən, bəzi millətləri dalda qoymuşuq.
– Düzdür, Azərbaycan operası yaratmaq kiçik şey deyil, ancaq ümumiyyətlə götürsək Azərbaycan xalqı başqa xalqlardan çox geridə qalıb.
Mirpaşa qardaşına etiraz etdi:
– Naşükür olma, ay Hüseyn! – dedi, – Axı nə olub bizə, kimdən əskiyik? Mən bilən təzə başlayan bu iyirminci əsr bizə düşüb. 1905-ci il inqilabından sonrakı bu beş-altı ildə Azərbaycan çox irəli gedib, mədəniyyətimiz artıb. Gör neçə dənə təzə üsulla məktəb açılıb, hətta ən geridə qalmış kəndlərdə də məktəb var. Cavanlar savad kurslarına gedirlər. Bizim uşaqlıq vaxtlarımızda heç belə şeylər vardı? Oğlanlar, o da hamısı yox, bir-iki il molla məktəbinə gedirdilər, güc-bəla ilə ərəb əlifbasını öyrənirdilər, vəssalam. Amma indi kasıblar da uşaqlarını təzə, rus-tatar məktəbinə qoyur. Allaha şükür, bu məktəb uşağa rus, fars dilini öyrədir. Daha nə istəyirsən? Götür elə bizim özümüzü. Hə yaxşı ki, Seyid Sadıq baba uzağı görən olub, bizi molla məktəbindən çıxardıb Həbibbəy Mahmudovun təzə açdığı məktəbə qoydu. Yoxsa rus dilini hardan öyrənəcəkdik. İndiki uşaqlar da bu məktəbi bitirəndən sonra mükəmməl dil öyrənirlər, sonra da həvəsi olan o qədər kitab var ki, oxusun, dünyagörüşünü, savadını artırsın də.
– Düzdür, bu təzə məktəblərin köməyi böyükdür, ancaq yenə də hamı savadlana bilmir. Götür elə bizim yaşda olan cavanları. Çoxu molla məktəbində oxuyub, təzədən yeni məktəbdə azyaşlı uşaqlarla bir yerdə oxumaq onlar üçün mümkün olmur. Ona görə də belə etmək lazımdır ki, axşam kursları açılsın, cavanlar da bu kurslarda təhsil alsınlar.
Əlipaşa dedi:
– Var da elə kurslar, oxuyan da az deyil.
– Bilirəm, var, keçən il “Nicat” qiraətxanasında da bir kurs açılmışdı. Orada türkcə-firəngcə dərs keçilirdi. Bu çox yaxşı təşəbbüsdü. Amma bu il nədənsə o da yoxdur. Deyirəm, belə qısa müddətli kursların xeyri azdır. Müntəzəm davam edən məktəb lazımdır.
– Əlbəttə, məktəb yaxşı olardı.
– Bu yay biz də, bir qrup mürəttiblə bir yerdə, ədəbi məclis təşkil etmək istədik. Adı da “Qafqaz türk ədəbiyyatı cəmiyyəti” olacaqdı. Ancaq çox heyif ki, məclis açmaq üçün hökumətdən icazə almağa bizə yol göstərən, kömək eləyən tapılmadı. Belə cəmiyyətlərin də xeyri olardı, cavanlarımız başqa əyləncə yerlərinə getməyib bu məclislərdə toplaşar, həvəskar yazıçıların əsərlərini oxuyub, öz mülahizələrini deyər, tənqid edərdilər, özləri də yazmağa həvəslənirdilər.
Mirpaşa əlini qardaşının kürəyinə vurdu:
– Fikir eləmə, a kişi, belə ki, sən başlamısan, hər şeyin dərdinə qalırsan, inşallah, istədiyinə nail olarsan. Kurslar da çoxalar, böyüklər üçün məktəb də açılar, hələ desən qızlar üçün də məktəblər təşkil edilər…
– Eh, hardeydi o xoşbəxtlik? Hər şey düzəlsə də, qız məktəblərinin açılması bu tezliklə düzələnə oxşamır. Vallah qızlarımız haqqında düşünəndə qanım lap qaralır. İndi çox şükür ki, oğlanlarımız az-çox savadlanırlar. Bu oğlanlar evlənmək məqamına çatanda, məlum məsələdir ki, özləri üçün savadlı qız axtaracaqlar. Hanı o qədər savadlı qız Bakıda yaxud başqa yerlərdə? Belə çıxır ki, bu yazıq, oxumamış qızlara heç kəs yaxın düşməyəcək, evdə qalıb qarıyacaqlar… Düzdür, bizdə Aleksandr Nevski adına bir qız məktəbi var. Ancaq burada oxumaq üçün ildə 200 manat təhsil haqqı vermək lazımdır. Kasıb bu qədər pulu hardan tapsın?
Əlipaşa dedi:
– Niyə, o məktəbdə məccani oxuyanlar da var.
– Bilirəm. Ancaq, xəbərin var kimlərin qızıdır məccani oxuyanlar? Mən öyrənmişəm, hamısı dövlətlilərin uşaqlarıdır.
Mirpaşa başını yellədi:
– Ay balam, sənin elə yerlərdə nə işin? Gör gedib hara çıxıb a, xalqın qızlarının məktəbinə də baş çəkib. Sənin nəyinə gərəkdir, dövlətlinin qızı məccani oxuyur, ya ki, pulla? Vallah, deyəsən, sən axırda bir əngəl çıxardacaqsan. Elə bilirsən bu dövlətli köpəkoğlunun xoşuna gələr ki, gedib onun qızı oxuduğu məktəbi yoxlayasan?
Seyid Hüseyn bir az əsəbiləşdi:
– Sən belə işlərə laqeydsən, ona görə elə danışırsan. Sən qarışma, mən qarışmayım, nə vaxtacan oturub kənardan baxaq? Onda əlbəttə, irəli gedə bilmərik. Yəni dövlətlinin ildə 200 manat təhsil haqqı verməyə pulu yoxdur? Amma kasıb üçün 200 manat böyük puldur. Mən çoxdan bu haqda fikirləşirəm. Mütləq bu barədə yazmaq lazımdır. Qoy dövlətli öz qızını pulla oxutsun, kasıb isə məccani. Məktəbə ildə on-on beş nəfər kasıb qızını qəbul etsələr, o da böyük işdir.
– Yaz, yaz, axırda şəhərin bütün adlı-sanlı kişilərini özünə düşmən eləyəcksən.
– Ağıllı kişi, millətini sevən adam, gərək belə şeylərə görə mənimlə düşmən olmasın…
Əlipaşa iki qardaşın mübahisəsinə maraqla qulaq asır, Seyid Hüseyni haqlı sayırdı. Ancaq eyni zamanda hiss edirdi ki, indiki şəraitdə Mirpaşanın dedikləri doğrudur. Hazırkı dövrdə xalqının qeydinə qalan, ona kömək etmək istəyən çoxdur. Ancaq bu “çoxluq” istədiyini həyata keçirmək üçün bir iş görmür, yaxud bacarmırdı. Seyid Hüseyn kimi tək-tük adamlar isə bu yolda nəsə əməlli bir iş görməyə çalışır və çox vaxt buna nail olurdular.
Əlipaşa söhbətin bir qədər ara verməsindən istifadə edib cib saatına baxdı: on birə az qalmışdı. O, ayağa durdu.
– Daha gecdir, icazə verin mən gedim – dedi. – Paşa, zəhmət olmasa Səriyyəyə de, hazırlaşsın.
Hər üçü həyətə çıxdı. Təmiz havada dayanıb Səriyyənin geyinməsini gözlədilər. Qar kəsmiş, külək də dayanmışdı. Göyün üzündə ulduzlar görünürdü. Seyid Hüseyn ulduzları xeyli seyr edib dedi:
– Deyəsən, sabah hava yaxşı olacaq…
İki qardaş qonaqları Kəblə Ələkbərin dükanına qədər yola saldı. Seyid Hüseyn bu gün də mənzilinə getmədi, Mirpaşanın yanında qaldı.
…Ertəsi gün səhər külək tamamilə yatmışdı, gün çıxmışdı. Yeməkdən sonra Seyid Hüseyn Mirpaşa ilə evdən çıxıb Haşım Bəy Vəzirovun “Səda” mətbəəsinə getdi. Orada onun “Ağ valideyn və zavallı Məşədi Zaman” adlı birinci kitabçası nəşr olunurdu. Mətbəənin qapısı ağzında kitabçanın redaktoru Əlabbas Muznibə rast gəldi. O çox narahat görünürdü. Salamdan sonra bir qədər tərəddüdlə Seyid Hüseyndən soruşdu:
– Xəbərin var, təzə xəbərdən?
– Yox, nə xəbər, xeyir ola?
– Bu gecə jandarm idarəsi bir neçə qəzetçinin evində axtarış aparıb, bəzisini həbs edib…
– Yox əşi, sən nə danışırsan? Kimləri tutublar? Sənə kim dedi?
– İndicə mətbəədə eşitdim. Mən elə bilirdim bu əhvalatdan hamıdan qabaq sən xəbər tutmusan?
– Hardan? Evdən birbaşa bura gəlmişəm, heç kəsi görməmişəm.
– Axı, deyirlər, Əlipaşanı da tutublar, nə əcəb xəbərin yoxdur?
– Sən nə danışırsan, səhv eləmirsən ki? Əlipaşa dünən axşam saat 11-də bizdən gedib…
– Deyirəm sənə, gecə gəliblər!
– Vay, vay nə pis oldu?! – O tələsik sağollaşıb, mətbəəyə baş çəkməmiş evə qayıtdı.
Evdəkilər əhvalatdan xəbərdardılar. Səriyyənin nökəri balaca Rəşid gəlib deyibmiş. Rübabə Kəblə Ələkbərlə Səriyyəgilə getmişdi. Əvvəlcə Seyid Hüseyn də onlara getmək istədi, sonra fikirləşdi ki, ora getməyin mənası yoxdur. Yaxşısı budur Mirpaşanı tapsın, birlikdə gedib hər şeyli yerli-dibli öyrənsin.
Bu vaxt Mirpaşa özü gəlib çıxdı. Məsələdən o da xəbər tutmuşdu. İçəri girən kimi qardaşını tələsdirdi:
– Dur gedək, görək başımıza nə gəlir, – dedi.
– Hara gedək, kimdən soruşaq?
– Əvvəlcə Səriyyəgilə, sonra baxarıq…
… Səriyyə otağının qapısı ağzında oturub ağlayırdı. Evdə aləm bir-birinə qarışmışdı: yorğan-döşək çarpayıların üstündən götürülüb necə gəldi, yerə səpələnmiş, divar şkaflarının qapıları taybatay açılmış, içərisindəki qovluqlar, kitablar, kağızlar, qəzet-jurnallar yerə dağılmış, bufetdən çıxarılan qab-qacaq stolun üstünə qalanmış, neçəsi sınıb ayaq altına tökülmüşdü. Hər tərəfi ələk-vələk edib şübhəli heç nə tapmamışdılar. Ancaq Əlipaşanin bəzi qiymətli kitablarını, arxivini, sənədlərini yığıb aparmışdılar.
Son vaxtlar Əlipaşa ağa Kazımın kontorundan çıxıb qəzet və məcmulərdə mücəhhih vəzifəsində işləyirdi. Bu yaxınlarda “Yeni Füyuzat” məcmuəsini nəşr etməyə başlamışdı.
Səriyyə yanına gələn qardaşlarını görəndə bir az da ucadan ağladı:
– Gör başımıza nə oyun gəldi, ay Paşa, ay Hüseyn, – dedi,– indi biz neynəyək, hə?
Mirpaşa onu sakit etməyə başladı:
– Qorxma, ay qız, aparıb bir-iki söz soruşub, yəqin ki, buraxacaqlar. Elə bilirsən, tək Əlipaşanı tutublar? Yox, bir o deyil, “Yeni həqiqət”in müdiri Oruc Orucovu da tutublar, hələ kim bilir neçəsini aparıblar. Sən heç fikir eləmə, axı yazıqların nə günahı var?
Kəblə Ələkbər də məyusluqla qızına baxıb təsdiq etdi:
– Mən də bayaqdan onu deyirəm hələ, ancaq mənə inanmır. Dur ayağa qızım, ağıllı ol, ağlamaqdan nə çıxar. Geyin, gedək evimizə. Burda tək qalıb neyləyəcəksən? Qoy Rəşid buraları yığışdırsın, sonra da qapını bağlayıb gələr.
Bayaqdan bəri xanımının yanında ağlamsınıb dayanan Rəşid bu sözləri eşitcək tez əl-ayağa düşdü, evi öz bildiyi kimi yığışdırmağa başladı.
Seyid Hüseyn də Səriyyəyə ürək-dirək verməyi lazım bildi, çəkinərək dedi:
– Kəbleyi düz deyir, sən dur yığış, Bircəbacı ilə get evə. Biz bu saat gedib hər şeyi öyrənərik, səninçün xəbər gətirərik.
Səriyyəni getməyə razı saldılar. Rəşiddən başqa hamı geyinib çıxdı.
Seyid Hüseyngil axşama yaxın qayıtdılar. Kefləri yoxdu, hiss olunurdu ki, yaxşı xəbərlə gəlməyiblər. Onlar ancaq bunu öyrənə bilmişdilər ki, bu gecə tutulanların hamısını Bayıl həbsxanasına aparıblar. Nə vaxt buraxılacaqları məlum deyil. Kəblə Ələkbər Mirpaşanı dəhlizə çağırıb pıçıltı ilə soruşdu:
– Düzünü de mənə, ay Paşa, nədir bu fağırın günahı?
– Heç nə, Kəbleyi, məcmuəsində camaatımızın ağır güzəranından, haqsızlıqlardan yazıb. Elə o birilərin də taxsırı həmin şeydir.
– İndi necə olacaq, məhkəmə olacaq görəsən?
– Nə bilim, vallah, ağlım kəsmir ki, məhkəməyə versinlər.
Kəblə Ələkbər deyinməyə başladı:
– Bu da sözdür, sən allah, bayram günü gör camaatın qanını necə qaraldırlar də…
– Belədir neyləyək, əlimizdən nə gələr? Səriyyə necədir?
– Necə olacaq, səhərdən ağlayır. Nisəxanımın dərdi azmış, buda gəldi üstəlik.
– Eybi yoxdur, Kəbleyi, darıxma, hər şey düzələr.
Kəblə Ələkbər ah çəkib əlini yellədi, o biri otağa, qızının yanına keçdi.
Əlipaşanı altı ay Bayıl həbsxanasında saxladıqdan sonra 1911-ci ilin sentyabrında Həştərxana sürgün etdilər. Körpə qızını itirdiyinə görə ağlayan Səriyyənin dərdinin üstünə bir dərd də gəldi. O, səhərdən axşama kimi ağlayıb gah uşağını, gah ərini oxşayıb, atasıgilin gününü qara eləyirdi. Kəblə Ələkbər qızının iztirablarına dözə bilmirdi. Nəhayət, o belə qərara gəldi ki, Səriyyəni ərinin yanına göndərsin. 1912-ci ilin axırlarında onu qaynı Əlisəttara və Mirpaşaya qoşub Həştərxana yola saldı.
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?