Текст книги "Son mənzili Xəzər oldu "
Автор книги: Qumral Sadıqzadə
Жанр: Биографии и Мемуары, Публицистика
сообщить о неприемлемом содержимом
Текущая страница: 3 (всего у книги 33 страниц) [доступный отрывок для чтения: 11 страниц]
Ələkbər getməyə hazırlaşdı, ayağa durdu.
– Hazırlıqlı olub neyniyə bilərik, ay Ağa? – soruşdu.
– Elə demə, Allah eləməmiş, Bakıda xəstəlik baş versə uşaqları yığıb bağa köçərik.
Mehinbanu:
– Guya bağ Bakıdan çox uzaqmış… – dedi.
– Yenə bir xeyli aralıdır. Havası təmizdir. Həm də şirin suyu öz quyumuzdan işlədərik, burdakı kimi qapıya gələn sudan almarıq. Azuqəni elə indidən alıb tədarük eləmək olar. Daha bazar-dükandan evə şey gətirmərik.
Arvad onunla razılaşdı:
– Yaxşı da, nə deyirəm ki? Onda günü sabahdan başlayaq azuqə yığmağa, havalar bir balaca qızan kimi köçək bağa.
– Allah qoysa, novruzdan bir az sonra köçmək olar. Deyirlər, mart çıxdı, dərd çıxdı. Çətini bu mart ayını başa vuranadır.
Kəblə Ələkbər gecədən xeyli keçmiş qocalarla vidalaşıb evinə getdi.
Adətən, o səfərdə olanda Gülnisə ilə Əli evdə qalıb onun qayıtmasını gözlər, ev-eşiyini sər-sahmanda saxlayardılar. Nə qədər bivaxt qayıtsa da, sadiq qulluqçu və nökər onu sevinclə qarşılayıb lazım olan xidməti edərdilər. Bu gün gəmidən düşən kimi şeylərini hamballa evə göndərmişdi. Deməli, Gülnisə ağasının qayıtmasından xəbərdardı. Ancaq qapıya çatanda içəridən işıq gəlmədiyin görüb təəccübləndi və qanı qaraldı. Yorğun olduğundan evə çatan kimi isti yatağında rahatlanmaq istəyirdi.
Qapını bir-iki dəfə bərk döyəndən sonra Əli əsnəyə-əsnəyə gəlib açdı.
– Bəs bilmirsiz ki, mən gəlmişəm, nə əcəb belə tez yatmısız?
Əli tələsik ağasının kürkünü, papağını alıb ondan üzr istədi.
– Ağa, biz gözlədik, çox gec olduğundan elə bildik daha gəlməli olmadın. Dedik, yəqin uşaqların yanında gecələmisən. Bağışla, ağa, bu saat hər şey hazır olar.
Səsə Gülnisə də ayılıb əl-ayağa düşdü:
– Kəbleyi, bağışla, elə bildik bu gün daha gəlməyəcəksən. Bu saat kürsünü qalayıram… Əli, sən də tez samovar qaynat.
Ələkbər əlini yellədi:
– Samovar lazım deyil, otaqları qızdırın, – dedi.
O yataq otağına keçib soyuq yorğan-döşəyin üstündə, çarpayıda oturdu. Bir azdan Gülnisə közərmiş kömürləri gətirib kürsüyə qoydu. Qapı ağzında dayandı:
– Genə bir şey lazımsa, gətirim, – dedi.
– Yox, heç nə lazım deyil, get yat. Səhər məni tezdən oyat.
– Baş üstə, Kəbleyi, – deyib qadın otaqdan çıxdı.
Ələkbər ayaqlarını qızdırmaq üçün kürsüyə yaxın gəldi. Çarpayının üstündən yorğanını götürüb kürsünün üstünə saldı ki, qızışsın. Sonra yatağına uzanıb fikrə getdi. Yuxusu gəlmirdi. Gah, bayaq qaynatasıgildəki vəba söhbəti yadına düşür, narahat olurdu, gah da keçmişləri xatırlayırdı. Bəxtindən razı deyildi. Doğrudan da ailə məsələsində onunku gətirməmişdi. İki dəfə evlənib dörd uşaq atası olsa da, avara-sərkərdan idi. Uşaqları onunla yaşamır, evdə rahat güzəranı, qayğısına qalıb can yandıran yoxdu. Hiss edirdi ki, üçüncü dəfə də evlənmək lazım gələcək. Həm özü nisbətən cavandı, qırx beş yaşı vardı, həm də uşaqlarına ana lazımdı. Nənə ilə baba nə qədər onların nazını çəkib tərbiyə etsələr, qayğısına qalsalar da həmişə yaşamayacaqdılar. Qız uşağı böyüdükcə dərdi-səri də artırdı. Onları vaxtında ərə vermək, el adəti ilə cehiz qoşub köçürtmək üçün evin xanımı, qızların anaları olmalıydı. Digər tərəfdən də üçüncü dəfə evlənməyə qorxurdu. Bu dəfəki də xəstələnib ölsəydi, daha o buna dözə bilməzdi. Həm də gərək eləsini seçəydi ki, uşaqlarını incitməsin. Doğma xalanın – rəhmətlik Zübeydənin onları incitməsindən gözü qorxmuşdu.
Xeyli fikirdən sonra belə qərara gəldi ki, bu məsələ barədə yenə bacısı ilə məsləhətləşsin.
* * *
Kəblə Ələkbərin gətirdiyi xəbər düz çıxdı. Birinci dəfə vəba İranın Tehran və Həmadan şəhərlərində baş verdiyinə görə Xəzər dənizinin Rusiya sahilləri və Zaqafqaziya təhlükəli rayon sayılmağa başladı.
Daxili İşlər Nazirliyi Xəzərdə üzən bütün gəmilərin heyət və sərnişinlərini tibbi müayinədən keçirmək üçün 1904-cü il iyulun 22-də Zığda xüsusi məntəqə təşkil etdi. Bu günlərdə Xəzərdə xüsus keşikçi gəmilər üzürdü. Onlar limana daxil olmaq istəyən gəmiləri körpüyə buraxmır, Bakı Mərkəzi Dəniz Tibbi Müayinə məntəqəsinə göndərirdilər.
Lakin hökumətin gördüyü tədbirlərə baxmayaraq Bakını bu dəhşətli azardan qorumaq mümkün olmadı. Avqust ayında vəbaya tutulan ilk xəstələr aşkar olundu. Sonrakı günlərdə xəstələrin sayı xeyli çoxaldı. Vəziyyət o yerə gəlib çatdı ki, Bakı və Sartov təhlükəli şəhərlər elan olundu. Vəbanın Volqa sahillərinə yayılmasına səbəb quru yollarda nəzarətin zəif olması idi. Yaxşı ki, xəstəlik epidemiya halına keçmədi. Bakıda, “Asiya vəbası” adlanan bu xəstəliyə cəmi beş-altı yüz adam tutulmuş, bunun yarıya qədəri ölümlə nəticələnmişdi.
Hələ qışda, birinci dəfə bu xəstəlik barədəki söz-söhbəti kürəkənnindən eşidəndə belə qərara gəlmişdi ki, illərdən bəri nəvələri üçün yığıb saxladığı qızılları bir etibarlı yerdə gizlətsin. O, oğlunun dükanını satandan sonra əldə etdiyi pulun üstünə hər ay məvacibindən əlavə etmişdi. Odur ki, dərdi bir az yüngülləşmişdi. Təxmini hesaba görə bu pullar nəvələrinin üçünə də artıqlaması ilə çatmalıydı. İndi belə bir qorxulu vaxtda, bağa köçməmişdən qabaq qızılları bir yerdə basdırmaq istəyirdi.
Səhər yeməyindən sonra Mehinbanu qızları götürüb Şərəbanı xanımgilə getmişdi. Seyid Hüseynlə Mirpaşa, məktəbdə idilər. Evdə təkcə Rübabə qalmışdı. Fürsəti əldən vermək olmazdı. Seyid Sadıq nəvəsini çağırdı.
– Rübadə, get küçə qapısını yaxşı-yaxşı bağla, sonra bura gəl, səninlə işim var, – dedi.
Rübabə qapını bağlayıb gəldi. Babası əllərini belinə qoyub otağın ortasında dayanmışdı.
– Qızım, bu çaxçanın yorğan-döşəyini yığ bir tərəfə, – deyə o yuxarı başdakı çaxçalardan birini göstərdi, qızın təəccüblə ona baxdığını görüb gülümsədi, – sən mən deyənə qulaq as…
Rübabə, rəngbərəng şüşəli, şəbəkəli çaxça qapısını açıb ipək yorğan-döşəyi səliqə ilə evin bir küncünə yığdı. Seyid Sadıq böyük sandığı yerindən tərpətmək istədi, gücü çatmadı.
– Gəl kömək elə mənə, bunu da burdan götürək.
– Ay baba, ağırdır, gücümüz çatmaz!
– Onda ac, içindəkilərdən bir az boşalt. Özün də bir az becid ol, gələn olar.
Rübabə bir söz deməyib sandığın qapağını qaldırdı, içərisindən ipək, xara, kisəyi, satin və başqa parça toplarını, bir neçə qutu çarşabını, tiftikli dəsmal və qətfələri çıxardıb yorğan-döşəyin yanına yığdı. Seyid Sadıq bir qulpundan, Rübabə o biri qulpundan yapışıb sandığı çaxçadan çıxartdılar. Rübabə yaş əsgi gətirib onun yanlarının tozunu silmək istəyəndə babası onu yenə tələsdirdi:
– Qızım, o sonrakı işdir. Get anbardan mənimçün balaca lapatkanı gətir.
Seyid Sadıq çaxçanın yerinə düzülmüş taxtaları çıxardıb nəvəsinin gətirdiyi lapatka ilə torpağı qazmağa başladı. O tələsirdi, üzündən, boynundan tər axırdı.
– Baba, ver bir az da mən qazım, sən otur, dincini al, – dedi Rübabə irəli gəldi.
– Yaxşı, qızım. Onda mən də gedim, bir küp tapım.
– Axı ay baba, neynəmək istəyirsən ey burda?
Seyid Sadıq üzünün tərini əli ilə silib, pəncərənin qırağında oturdu:
– Qızım, bax, bu sirri təkcə sənə açıram. Heç kəsə deyib eləməyəsən ha… Qızıllarımı basdırmaq istəyirəm burda. Daha qocalmışam, bu gün varam, sabah yox. İşdir-şayəd başıma bir qəza gəlsə, bil ki, dolanmağınız üçün, Allah qoysa, xeyir işiniz üçün ehtiyatınızı bura qoyuram.
– Baba, nə qədər qızılın var? – Rübabə gülüb maraqlandı.
– Bir xeyli var. Sən mənə de görüm, boş bardaq hardan tapım?
– Nə boyda lazımdır sənə?
– İki-üç girvənkəlik.
– Bu saat gətirərəm, sən tapa bilməzsən.
Qız mətbəxə gedəndə Seyid Sadıq qalxıb yenə qazdı. Sonra bardağı, qazılmış çala qoyub dərinliyini yoxladı, işindən razı qaldı:
– Mən bilən bəsdir, boş yerə özümüzü yormayaq.
Kişi dəhlizə keçib köhnə pal-paltar yığılan sandıqdan bir pul kisəsi gətirdi. Sonra qapının dalından asılmış nimdaş qara ləbbadəsinin astarını söküb, ordan da balaca bir kisə çıxartdı. Hər iki kisədəki qızıl onluqları bardağa tökdü, yarıdan oldu. Qızılların üstündən köhnə əski-üskü qoydu. Ağzını mahud parça ilə bağlayıb çaxçanın dibində qazdıqları çuxura qoydu, üstünü torpaqla örtdü. Sonra taxtaları üstdən düzdü, Rübabə ilə köməkləşib sandığı yerinə qoydu.
Seyid Sadıq yorulub əldən düşmüşdü. Pəncərədə oturub Rübabənin, parçaları və başqa şeyləri sandığa yığmasına tamaşa edirdi. Bu vaxt küçə qapısı döyüldü. Kişi diksindi:
– Görəsən, gələn kimdir, axı bizimkilər belə tez qayıtmazlar? Qızım, sən işində ol, qapıya mən gedərəm.
O, həyətə çıxdı. Qapını açmağa tələsmirdi. Hər şeyi sahmana salmaq üçün Rübabəyə vaxt lazımdı. Bir az da həyətdə yubanıb ucadan soruşdu:
– Kimdir qapını döyən?
– Mənəm, Ağa, Ələsgərəm. Nə əcəb gündüzün günorta vaxtı qapını bağlamısız?
Kişi qapının qullabasını açanda cavab verməyə çətinlik çəkdi.
– Yəqin Rübabə bağlayıb, – dedi.
Ələsgər keçmiş qaynatasının dalınca dəhlizə getdi. Seyid Sadıq döşəyin üstünə oturub qonağa da yer göstərdi. Ələsgər oturmamışdan qabaq ara qapını aralayıb içəri baxdı, Rübabənin yorğan-döşək yığmasını görüb təəccübləndi, qocanın yanında oturmayıb otağa keçdi.
– Salam əleykim, Rübabə xanım, kefin necədir? – dedi.
Ələsgərin otağa gəldiyini görən Rübabə qorxdu, ancaq özünü ələ alıb qohumunun salamını aldı:
– Sağ ol yaxşıyam. Əlabas necədir? Çoxdandır onu bizə gətirmirsən.
– Gətirəcəyəm. Qoy havalar əməlli-başlı qızsın, gətirərəm, – sonra diqqətlə Rübabəyə baxdı, – nə əcəb bu vaxtacan yükünüz yerdə qalıb? – soruşdu.
– Sandıqcadan çıxartmalı şey vardı, yükü ona görə tökmüşdüm, – birinci ağlına gələn sözdən Rübabə özü də razı qaldı.
Gənc qız çaxçanın qapısını bağlayıb kənara çəkiləndə Ələsgərin gözü yerə tökülmüş torpağa sataşdı. Bir söz deməyib dəhlizə qayıtdı, qaynatasının yanında əyləşdi.
– Uşaqlar hardadır? – soruşdu.
– Qonaq gediblər. Oğlanlar da məktəbdədir. Çoxdandır biz tərəflərə gəlmirdin, indi nə əcəb səndən, ay Ələsgər?
– Əcəb deyəndə ki, Ağa, səninlə bir balaca söhbət eləmək istəyirəm.
– Nə barədə, danış görüm nə istəyirsən?
– Ağa, təklikdə danışmaq məsləhətdir.
Seyid Sadıq qapını araladı:
– Qızım, işin qurtarandan sonra get, bizimçün bir yaxşı çay dəmlə.
Rübabə mətbəxə gedib samovara od saldı. Süpürgə, xəkəndazı gətirib səssiz toz-torpağı süpürdü, mətbəxə qayıtdı.
Seyid Sadıq səbirsizliklə dedi:
– Danış görüm sözünü.
– Ağa, özün bilirsən ki, rəhmətlik Zəhradan sonra mənim günüm necə keçir. Uşağı saxlamağa adam tapa bilmirəm. Tez-tez xəstələnir, baxan olmur. Deyirəm, icazə versəydin, mən təzədən evlənərdim.
Seyid Sadıq təəccüblə ona baxdı.
– Ay bala, evlən də kim qoymur səni evlənməyə? Bununçün məndən icazə istəməyin artıqdı. Məlum məsələdir ki, uşağına özünə baxmaqçün sənə evlənmək vacibdir. Allah xeyir versin! Mən nə deyə bilərəm ki…
– Çox sağ ol, Ağa! Ancaq bir məsələ də var var ki, onu həll etmək səndən asılıdır.
– Nə məsələdir o elə?
– Hm… bilirsən, Ağa, mən… Rübabə xanımla evlənmək istəyirəm. Öz bibisinin uşağına təkcə o, yaxşı ana ola bilər.
Seyid Sadıq qaş-qabağını sallayıb keçmiş kürəkəninə baxdı, sərt cavab verdi:
– Bunu bir dedin, bir də ağzına alma! Rübabə sənin tayın deyil. Get, özünə başqa yerdən qız axtar.
Ələsgər fikrində tutduğu işdən tez əl çəkən oğlanlardan deyildi. Özünü o yerə qoymayıb təkidlə soruşdu:
– Niyə tayım olmur Rübabə xanım, ağa? Deyirsən yəni mən onunçün qocayam? Mənim nə yaşım var ki, Otuzum hələ tamam olmayıb. Pula görə deyirsənsə, ağa, hər halda səndən kasıb deyiləm.
Seyid Sadıq əsəbiləşdi:
– Məsələ nə yaşdadır, nə də pulda-dövlətdə. Dedim ki, bu iş baş tutmaz. Birdəfəlik bunu yadında saxla, vəssalam!
Ələsgər əyi-əyri ona baxdı:
– Yaxşı, nə deyirəm ki? Yəqin, sən deyən məsləhətdir, onda xüdahafiz, ağa, mən getdim.
– Hara tələsirsən, otur çay iç, sonra gedərsən.
– Sağ ol, ağa, mən payımı aldım, hələlik, – deyib cəld yerindən qalxdı, qapıdan çıxdı.
Bir azdan Rübabə qaynar samovarı içəri gətirdi:
– A, bəs Ələsgər hanı, çay içməmiş getdi?
– Hə, getdi. Eybi yoxdur, qoy getsin.
Rübabə narahatlıqla dedi:
– Ay baba, deyəsən, axı o nəsə hiss elədi, yerdəki torpağa baxırdı.
– Yox əşi, onda sən deyən ağıl hardaydı? Amma sən də ona yaxşı cavab verdin, yükü soruşanda…
– Təki bir şey başa düşməyəydi.
Baba, nəvə ikilikdə oturub çay içdilər. Bir azdan Mehinbanu da qızlarla qayıdıb gəldi. Süfrə arxasına keçdilər. Çay içiləndən sonra səkkiz yaşlı Maxviret stəkan-nəlbəkini yuyub yığışdırırdı, Nisəxanımla Səriyyə pəncərə qabağına çəkilib kurjeva toxumağa başladılar, Rübabə yarımçıq qalmış kitabını götürüb yuxarı çıxdı.
Seyid Sadıq arvadından soruşdu:
– Necədirlər Şərəbanıgil?
– Yaxşıdırlar. Söhbət arasında yenə Ələkbərdən söz saldı. Deyir, qardaşıma yazığım gəlir. Nə evi-eşiyi var, nə də bir güzəranı. Pul qazana bilir, deyir, amma heyf ki, bəxti gətirmir. Bilmirəm bunun axırı necə olacaq? Siz də deyir, qocalmısız, nə vaxtacan onun yetimlərinə baxacaqsız?
Seyid Sadıq narahatlıqla yerində qurcalandı:
– Necə, uşaqları bizdən almaq istəyir, ya evləndirmək istəyir onu genə?
– A kişi, evləndirməsin, bəs neyləsin? Sənə asan gəlir.
– Arvad, elə danışırsan ki, elə bil, özün də kürəkənin evinə, uşaqlarına ana gətirməyə tələsirsən!
– Sən də danışdın da… Mən ancaq uşaqlardan narahatam.
Əziz qızlarımın yerinə başqa arvadın evdə xanımlıq eləməsi indi daha ürəyimi çox sıxmır. Təki uşaqlarımız yaxşı arvad əlinə düşəydilər.
– Elə mən də onu deyirəm də… Səni bilmirəm, mənciyəz kürəkənimdən razıyam. Allah ömrünü uzun eləsin, həmişə balalarının üstə gözü olsun.
Mehinbanu cavab vermədi. Bir qədər sakit oturdular. Sonra Seyid Sadıq söhbəti dəyişdi:
– Bayaq Ələsgər gəlmişdi dedi:
– Hə? Nə deyirdi, uşaq necədir?
– Şikayət eləyirdi ki, uşağa baxmağa adam yoxdur.
– Bəlkə istəyir onu bizə versin? Yəqin fikirləşir ki, o biri nəvələrimizi saxlayırıqsa, onun bircə uşağını da saxlamalıyıq. Əslinə qalsa, elə düz fikirləşir: Zəhramın yeganə yadigarıdır. Ancaq yadındadır da, o vaxt biz ondan uşağı istədik, vermədi. Dedi, özüm baxacağam. İndi fikrini dəyişibsə, deyərdin, gətirəydi. Biz daha öyrəncəliyik. Yeddi uşağa baxan səkkizinciyə də baxar.
– Yox ey, ay arvad, məsələ başqa cürdür. Qoçaq bizim Rübabəni istəyir, deyir, icazə ver, onunla evlənim.
Arvad tərs-tərs ərinə baxdı:
– Çox qələt eləyir, istəyir. Rübabə onun tayıdır? Bəs sən nə dedin, a kişi?
– Nə deyəcəyəm, rədd cavabı verdim. Dedim bir də bu barədə söhbət salmasın.
– Lap yaxşı demisən. O heç Zəhraya da tay deyildi.
Seyid Sadıq bir xeyli sakit oturub fikrə getdi, sonra səsini alçaldıb arvadının qoluna toxundu?
– Mehinbanu, neçə vaxtdır başıma bir fikir gəlib, ancaq deməyə çətinlik çəkirəm.
– De görüm nə fikirdir?
– Deyirəm, amma bilirəm ki, sənim xoşuna gəlməyəcək.
– Xoşuma gəldi, gəlmədi, de, gəlsin.
– Deyirəm ki, Rübabə uşaqlara yaxşı baxır, elə uşaqlar da onun sözündən çıxmırlar, ona hörmət eləyirlər. Bəlkə, deyirəm, Rübabəni Ələkbərə verək, hə?
Mehinbanu özündən çıxdı:
– Kişi, deyəsən, qocaldıqca başın lap xarab olur sənin. On yeddi yaşında qız uşağını qırx beş yaşında dul kişiyə vermək?! Özü də dörd uşaq üstünə! Bunu indi dedin, bir də demə! Əvvəla, mən özüm razı deyiləm, ikincisi Rübabə ona getməz, üçüncüsü, bəlkə heç Ələkbər də onu almaq istəmədi?
Seyid Sadıq ağzını büzdü:
– Nə? Ələkbər qoy şadlığından papağını göyə atsın ki, ona o cür qız vermək istəyirlər. Rübabəyə gələndə… O ağıllı qızdır. Mən bilən babasının sözündən çıxmaz. Onu yaxşı-yaxşı başa salmaq lazımdır. Sənin razı olub-olmamağının əhəmiyyəti yoxdur. Əsas Ələkbərlə Rübabəbir. Hələlik heç kəsə bir söz demə. Ancaq yavaş-yavaş qızın ağzını ara, gör Ələkbər barədə bir insan kimi nə fikirdədir? Nə olsun ki, qırx beş yaşı var? Boylu-buxunlu, sağlam, yaraşıqlı kişidir. Nəcib ailədəndir, özü də yaxşı adamdır. Bir pis əməli yoxdur. Əsas məsələ budur ki, Allah qoysa, bu iş baş tutsa, mən gözlərimi rahat yumub ölərəm. Bilərəm ki, Seyid Hüseynlə Mirpaşaya da atalıq eləyən, onların qayğısına qalan var…
Hə, bir yaxşı-yaxşı fikirləş, gör düz demirəm?
Mehinbanu sakit oturub gözünün yaşını silirdi.
– Allah nə bizə, nə də balalarımıza bir vaxt vermədi. Axı nöşün o yazıqlar dünyadan tez getdilər ki, onların ucbatından bu yetim də bir gün görmür?
– Ərə gedəndən sonra yaxşı gün görər, inşallah. Düz deyirəm arvad, sən nəvənlə bu barədə bir danış. Deyinən bu babanın fikridir. Mən bilən o, babasının, qardaşlarının xətrinə bu işə razı olar. Onu razı salandan sonra mən özüm kürəkənimlə danışaram. Düzdür, qız atasının bu barədə birinci danışmağı yaxşı deyil, ancaq Kəblə Ələkbər elə adam deyil, o məni başa düşər. Belə güman edirəm ki, məni qınamaz.
Mehinbanu, əlində kitab yuxarıdan gələn nəvəsinə məhəbbətlə, nəvazişlə baxdı. Gizlində ağlayıb ürəyini boşaltmaq üçün durub mətbəxə getdi.
* * *
Şərabanı xanım qonaq otağında qardaşı ilə üzbəüz oturub, yenə onun ailə vəziyyəti barədə söhbət edirdi. Ələkbər fikirli idi. Axır vaxtlar çox yorğun görünürdü, bir qədər arıqlamışdı.
– Qardaş, niyə belə bikefsən? – deyə mehribanlıqla soruşdu.
– Eh… necə deyim, arvad sarıdan mənimki əvvəldən düz gətirmədi.
– Elə demə, bütün bunlar allahın işidir, səndə nə təqsir? – Şərəbanı gülümsədi, – Ələkbər, Allahın üç kərəmindən deyiblər. Üçüncü dəfə evlənəndə hər şey yaxşı olar inşallah. Heç fikir eləmə, bacın bu dəfə səninçün elə bir arvad tapsın ki, buz baltası kimi…
– Eh, deyirsən də, kimdir mənim kimi qoca kişiylə dörd uşaq üstünə qız verən?
– Qocaltma özünü, əşi! Əvvəla sənə hələ qoca demək olmaz, ikincisinə qalanda arvad adama qoca vaxtında daha çox lazım olur.
Ələkbər cavab vermədi.
– İstəyirəm bir iş görəm, ancaq bilmirəm sən buna necə baxarsan, – deyə Şərəbanı sözə başladı.
– Nə iş?
– Deyirəm, gəlsənə səninçün Rübabəni alaq? Bilirəm, deyəcəksən, o çox cavandır, babası razı olmaz…
Ələkbər gözlərini bir nöqtəyə zilləyib gülümsədi:
– Babası razı olar, – dedi və tez ürəyində özünü qınadı, sözünü bir qədər dəyişdi, – mənə elə gəlir ki, babası, bəlkə də, uşaqlara görə razı olar. Ancaq Rübabə xanım özü razı olmaz. Mən hara, o hara? O cür ağıllı, savadlı, cavan, qəşəng qıza özü kimi də ər lazımdır. Yox, yox, bu iş baş tutmaz!
– Mənə bax, bir de görüm, işdir-şayəd baş tutsa, sən özün necə, razı olarsan?
Ələkbər qızardı, bir xeyli dinmədi.
– Səndən nə gizlədim, bacım, – dedi, – mənim o qızdan xoşum gəlir. Neçə ildir fikir verirəm, hər barədə yaxşıdır. Ancaq onunla evlənmək heç vaxt ağlıma gəlməyib. Yox, yox, heç elə şey olar? O mənim qızım yerindədir. Deyəsən, Nisəxanımdan cəmisi bir yaş böyükdür. Yox, qız razı olmaz, boş yerə ağız açma!
– Qardaş, sənin işin olmasın, fürsət düşəndə mən bir Mehinbanu xanımla söhbət elərəm, Allah kərimdir, bəlkə düzəldi?
– Nahaq yerə məni qohum-əqrəba arasında pis vəziyyətdə qoyma, bacı. Birdən düzəlməz, biabr olaram. Onda gərək uşaqlarımı görmək üçün onlara gedib-gəlməyim.
– Yəni mən o qədər ağılsızam ki, bunu camaat arasında yayam? Təkcə nənəsinə deyərəm, o da qızın fikrini öyrənib mənə deyər. Əgər “hə” cavabı alsam, onda qoy hamı bilsin. “Yox” cavabı alsam, bir Mehinbanu ilə Rübabə bilər, bir də səninlə mən, vəssalam…
Kəblə Ələkbər tərəddüdlə dedi:
– Nə deyim, vallah, bax gör də neynirsən?
O daha ləngiməyib bacısından ayrıldı.
Bu məsələni həll emək üçün elə həmin gün axşam Şərəbanı İçərişəhərə getdi. İkilikdə Mehinbanu ilə söhbət edib ürəyini ona açdı. Mehinbanu ağlamsındı, titrək səslə dedi:
– Mən səninlə açıq danışacağam, Şərəbanı xanım. Bu günlərdə Seyid Sadıq da bu barədə söhbət salmışdı. O da istəyir, qızı Ələkbərə versin. Deyir, belə olsa uşaqlardan xatircəm olaram, bilərəm ki, kürəkənim o biri nəvələrimə də əsl atalıq eləyəcək… Əvvəlcə mən buna razı deyildim, ancaq sonra fikirləşib gördüm ki, kişi düz deyir, – arvad həyəcanından qabağındakı çay süfrəsinin saçaqlarını didişdirirdi.
Şərəbanı sevincək əlini arvadın dizi üstünə qoydu:
– Bax, görürsən, Seyid Sadıq əmi də yaxşı fikirləşib, – dedi, – lap yaxşı, indi qalıb qızın özü ilə danışmaq. Onu da razı sala bilsəydik, tamam xatircəm olardıq.
Mehinbanu gözünün yaşını silib dedi:
– Onunla da danışmışam… Əlbəttə, ağladı, razı olmadı, amma sonra… özün bilirsən də o babasının xətrini nə qədər istəyir. Heç vaxt bizim sözümüzdən çıxmayıb. Mən bilən bir az da təkid eləsək, razı sala bilərik onu…
– Onda Mehin xanım, icazə versəydin elə indi qızı çağırıb danışardıq, sonraya niyə qoyaq?
– Nə deyirəm, danış, görək, nə deyir…
Rübabəni çağırdılar. O utana-utana içəri girib qapı ağzında dayandı. Deyəsən, hiss etmişdi ki, bu dəfə Şərəbanı xanım onlara boş-boşuna gəlməyib.
Nənə nəvazişlə nəvəsinə baxdı:
– Gəl, otur, qızım, Şərəbanı xanımın sənə vacib sözü var.
Rübabə keçib nənəsinin yanında oturdu. Şərəbanı onu özünə tərəf çəkib qucaqladı, üzündən öpdü:
– Qızım səninçün elçiliyə gəlmişəm, – dedi, – bilirəm, qardaşım sənin kimi ağıllı, gözəl, cavan qıza layiq deyil. Amma ona ərə getməyə razılıq versən, peşman olmazsan, xoşbəxt olarsan! Cavan ərlərin gözü bayırda-bacada olur. Günü kefdə, yeyib-içməkdə keçirir. Yaşlı ər isə həmişə arvadının qədrini bilir, onu əzizləyir, qazandığını evə gətirir…
Mən bunu yaxşı bilirəm, öz başıma gəlib. Birinci ərim, rəhmətlik ağa Cavad məndən iyirmi iki yaş böyükdü. Amma onun barəsində bir kəlmə də pis söz deyə bilmərəm. Bilirsən, məni necə saxlayırdı? Yağ içində böyrək kimi… Elə Hacı Hacıbaba da iyirmi yaş böyükdür, o da onun kimi. Hə, nə deyirsən, qızım?
Rübabə başını aşağı dikib fikirləşirdi. O həmişə böyüklərin dediyi ilə oturub durmuşdu. Bilirdi ki, ərə gedən qızların rəyini çox vaxt heç soruşmurdular. Ata-anasının, ya əmi-dayısının arzusu ilə yaşına baxmadan istədikləri adama verirlər. Oxuduğu kitablardanda bilirdi ki, böyüyün sözü ilə, onun məsləhətilə bir iş tutanda axırı pis olmur. Yeniyetmə olmasına baxmayaraq vəziyyəti də nəzərə alırdı. Qardaşlarına görə babasının bu qərara gəldiyini bilirdi. Ələkbəri də bir insan kimi yaxşı tanıyır və ona hörmət edirdi. Ona görə də hələ nənəsi ilə bu barədə söhbət edəndə bu təklifə razı olmaq qərarına gəlmişdi. İndi utandığından açıq-açığına “hə” demir, susub dururdu.
Şərəbanı diqqətlə qıza baxıb gözləyirdi, elə bil onun ürəyindən keçənləri başa düşürdü. Nəhayət, o gümrah səslə dilləndi:
– Hə, susmaq razılıq əlamətidir! Ay sağ ol, qızım! – o Mehinbanuya sarı döndü, – Allah mübarək eləsin! Xoşbəxt olsun! – deyib Rübabəni, sonra da nəvəsini öpüb qucaqladı. Mehinbanu sakitcə ağlayırdı. Şərəbanı hər şeyi elə indi həll etmək istədi.
– Mehin xanım, deyirəm onda məsələni yubatmayaq. Nəyi gözləyirik? Qoy Seyid Sadıq əmi nəvəsinin toyunu, Allah qoysa, nəticəsini də görsün, qardaşım da rahatlığa çıxsın. Necə bilirsən?
– Məsləhət sənindir…
… İki həftədən sonra Rübabə üçün nişan gətirdilər. İndi Kəblə Ələkbər bu evə həm keçmiş kürəkən və uşaqlarının atası kimi, həm də təzə adaxlı kimi gəlib gedirdi. Hər dəfə uşaqları ilə, xüsusən, böyük qızı Nisəxanımla görüşəndə bir növ xəcalət çəkirdi. Səfərdən qayıdanda Rübabə üçün gətirdiyi qiymətli hədiyyələri ona verməyə utanır, Maxviretin qulağına pıçıldayırdı. “Apar bunu Bircəbacıyçün”…
* * *
1904-cü il payızın əvvəllərində Rübabə ilə Nisəxanım aşağı evi, Mehinbanu ilə kiçik qızlar yuxarıdakı otaqları yır-yığış edir, Kəblə Ələkbərin xidmətçiləri Gülnisə ilə Əli odun anbarını, mətbəxi təmizləyirdilər. Ailə dünən axşam bağdan köçüb gəlmişdi.
Rübabə yorğan-döşəyi yerinə yığmamışdan qabaq əski gətirib çaxçanın şüşələrini sildi, sonra sandığın tozunu almağa başladı. Birdən yerində donub qaldı: sandığın dalına, çaxçanın dibinə daş-kəsək tökülmüşdü, yerindən tərpənmiş divar kərpiclərinin arasından küçə görünürdü. Qız özünü itirdi, qorxa-qorxa Nisəxanımı çağırdı:
– Bir bura bax, elə bil kimsə küçədən divarı söküb!
– A… doğrudan a, bəlkə zəlzələ olub, heç xəbər tutmamışıq?
– Yox, deyəsən, oğru gəlib.
– Bu necə oğrudur ki, heç nə aparmayıb? Hər şey öz yerindədir. Bəlkə sandığın içindəkiləri aparıblar? Gəl, açıb baxaq.
Rübabə nə edəcəyini bilmirdi. Xeyli fikirləşəndən sonra babasına xəbər verməyi lazım bildi. Yavaşca dəhlizə keçdi. Babası yerində uzanıb gözlərini yummuşdu. O xəstə idi. Ayaqları ağrıyır, özünü piss hiss edirdi. Hələ bağda olarkən yorğan-döşəkdən durmuşdu. Yazda nəvəsi nişanlanandan sonra o, Ələkbərin təkidi ilə işini buraxmışdı. Özü hiss edirdi ki, son illər dənizdə işləmək getdikcə çətinləşir.
Rübabə diz üstə çöküb əlini astaca babasının çiyninə toxundurdu. Kişi gözlərini açdı.
– Baba necəsən? Bağışla, səni oyatdım.
– Yatmamışdım qızm. Nə var, nə olub?
– Bir bura gələ bilərsən, çaxçanın yanına?
– Xeyir ola, bala, nə var ki, çaxçada? – deyə Seyid Sadıq durub oturdu, nəvəsinin köməyilə ayağa durdu, o biri otağa keçdi, qorxa-qorxa açıq çaxçanın qabağına gəldi, küçədən düşən işığı o da gördü, dizləri əsməyə başladı.
Nisəxanım sandığı açıb içərisindəkiləri yoxlayırdı.
– Bircəbacı, mən bilən hər şey yerindədir, gəl bax…
Rübabə heç nə deməyib tələsik sandığı boşaltdı, Nisəxanımla köməkləşib kənara qoydu. Altındakı taxtaları da götürdü. Çuxur boşdu! Balaca bardaq yoxa çıxmışdı! Seyid Sadıq çənəsi əsə-əsə nəvəsinin hərəkətlərini izləyirdi. Bardaq yerinin boş olduğunu görəndə başına möhkəm bir qapaz vurdu:
– Vay! Evim yıxıldı, yetimlərim ac qaldı… – deyə qışqırıb tappıltı ilə yerə sərələndi.
Qızlar bərk qorxub babanın üzərinə əyildilər. Rübabə ağlaya-ağlaya dedi:
– Babacan, cəhənnəm olsun qızıllar, eybi yoxdur, fikir eləmə, dur ayağa! Bəlkə tapıldı?!
Nisəxanım həyətə çıxıb yuxarıdan nənəsini çağırdı:
– Nənə, ay nənə! Baba yıxıldı, tez ol düş aşağı!
Hamı Seyid Sadığın başına yığışdı. Onu yerdən qaldırıb dəhlizə apardılar, yatağına uzatdılar, üzünə su çilədilər. Bir azdan bədbəxt qoca gözlərini açıb ətrafına baxdı, arvadını görüb hönkürtü ilə ağladı:
– Mehinbanu evimiz yıxıldı, balalarımız ac qaldı – dedi, – mən ağılsıza deyən gərək, nəyinə lazımdır pulları basdırmaq, neçə ildi sandıqdaydı, qoy yenə qalaydı da… Yox, şeytan çıxartdı məni yoldan…
Rübabə hər şeyi – yazda babası ilə qızılları basdırdıqlarını və indi çaxça divarının küncdən sökülməsini nənəsinə danışdı. Mehinbanu əlli ildən çox bir yerdə ömür sürdüyü vaxt ərzində ərinin ağlamasını, özü də bərkdən hönkürərək ağlamasını birinci dəfə görürdü. Ona yazığı gəldi. Əlindən hirsli olsa da, yanında oturub ürək-dirək verdi:
– Kişi, bəsdir, sakit ol, uşaq-zadsan, ağlayırsan? Cəhənnəm olsun pullar. Uşaqların başına sadağa…
Seyid Sadıq hıçqıraraq elə hey təkrar edirdi: “Evimiz yıxıldı, balalarımız ac qaldı”. Onu öskürək tutdu. Rübabə soyuq çay gətirdi, yanında oturub içirtdi.
– Eybi yoxdur baba, fikir eləmə, acından ölmərik – deyə ona təsəlli verdi – Seyid Hüseyn bu gün-sabah qulluğa girəcək, dolanarıq!
Axşama yaxın qoca bir balaca sakitləşdi. Balışa söykənib oturmuşdu, öz-özü ilə danışırdı. Birdən başını qaldırıb dedi:
– Arvad, mən bilirəm bu kimin işidir! Qızılların yerini Rübabədən başqa heç kim bilmirdi. Ələsgərin işidir! Pulları basdıranda o xosdərəngi1 gəlmişdi bizə… Həm də eşitmişəm Ələkbərin dükanında dalımca deyibmiş ki, nəvəsini mənim kimi cavana vermədi, atası yaşında qoca kişinin puluna satdı, mənim ürəyimə dağ çəkdi!
– Kişi, xalxın babalını yuma, bunu bilmək olmaz!
– Babal-zad yumuram, mən bildiyimi deyirəm.
Bu zərbə əvvəldən xəstə olan Seyid Sadığın vəziyyətini bir az da ağırlaşdırdı. Kəblə Ələkbər kişinin halına acıyır, boş vaxtlarını yanında olur, başqa söhbətlərlə başını qatmağa çalışırdı. Ancaq bunların köməyi olmurdu. Kişi gündən-günə zəifləyirdi.
Bir gün Seyid Sadıq qəti qərara gəlib kürəkənini yanına çağırtdırdı.
– Oğlum, – dedi – mən yəqin bilirəm ki, qızılları Ələsgər aparıb. Deyirlər, indi o Bakıda deyil, oğlunu da götürüb vətəninə, Qarabağa gedib. Xahiş edirəm, bir adam göndər, onu tapıb gətirsin bura. Mən mütləq ondan pulları almalıyam.
Ələkbər ehtiyatla ona etiraz etdi:
– Ağa, ona necə sübut etmək olar ki, pulları o aparıb? Görən olmayıb, əlində tutan olmayıb.
– Sən mənə əməlli qulaq as: bağa köçəndə həmişəki kimi həmşəri Gülsənəmi qoymuşuq həyətdə. Bu yaxınlarda Gülsənəmin başında kənarları göy haşiyəli ağ kələğayı görüblər. Həmin bu kələğayıdan o vaxt sandıqdan bir qutu yox olmuşdu – qoca nəfəsini dərib sözünə davam etdi – mən başıdaşlı, bağa köçəndə yorğan-döşəyi məfrəclərə2 qablaşdıranda, sandığın üstün boş görüb, onun kilidini divar tərəfə çevirmişdim ki, guya onu açmaq çətin olsun. Bəlkə də, elə bilib nəsə içində qiymətli şey var… – Kəblə Ələkbər maraqla qulaq asırdı, qaynatasının bir an susduğunu görüb dedi:
– Ağa, nə çoxdur göy haşiyə kələğayı. Yayda arvadların hamısı ağ kələğayı örtürdə…
Seyid Sadıq narazılıqla onun sözünü kəsdi:
– Dalına qulaq as: Arvad bu kələğayını hardan almasını Gülsənəmdən soruşub. Əvvəl deyib dükandan almışam, amma sonra boynuna alıb ki, bunu yayda ona Ələsgər bağışlayıb. Deyib biz bağda olanda bir gün Ələsgər gəlib həyətə, tutub onu sorğu-suala ki, ağagildən gəlib-gedən olur, yay ox? Soruşur, deyib yox heç kəs gəlib-eləmir. Həmin günün sabahısı Ələsgər yenə Gülsənəmin yanına gəlib, həmin kələğayını verib ona, tapşırıb ki, onun bura gəlməsini heç kimə deməsin… İndi başa düşdün? Mənim ondan şübhələnməyimə üç əsas var: birincisi, pulları basdıranda ancaq o gəlmişdi bizə, ikincisi, kəlağayı məsələsi, üçüncüsü də, sənin dükanında evlənmək barədə dediyi sözlər. Ay oğul, bilirəm, bunu ona sübut eləmək çətindir. Amma qoy gəlsin mənim yanımda Qurana əl basın, görüm onda necə olar? İnanmıram, yalandan Qurana əl basa. – Kişi danışmaqdan yorulub balışa söykəndi, – Deyirəm, heç olmasa pullarımın yarısını qaytareydi, mən ona da razıyam, halal eləyərdim ona xərclədiklərini…
Kəblə Ələkbər kişinin axrıncı sözlərindən çox mütəssir oldu.
– Yaxşı, ağa, – dedi – tapıb gətirərəm, fikir eləmə…
Bu söhbətdən bir həftə sonra Seyid Sadıq balışa dirsəklənib təsbehini çeviridi, Ələsgər saymazyana otağa girib təəccüblə soruşdu:
– Olmasın azar, belə niyə, ağa, nə olub sənə?
– Heç bir balaca kefsizəm… Oğul, elə birdən çıxıb, bir getdin Bakıdan, bir gəlib görüşmədin bizimlə, xüdahfizləşmədin? Bilirsən ki, arvad-uşaqlar Əlabbası çox istəyirlər, heç olmasa, uşağı göndərəydin, görəydik… axı nəvədir?!
Ələsgər deməyə söz tapmadı, dodaqaltı nəsə mızıldandı. Seyid Sadıq diqqətlə keçmiş kürəkəninə baxdı:
– Sənə bir sözüm var, bala. Bu yaxınlarda evimdən qiymətli bir şey itib. Şübhələndiyim bütün tanışlar, qohumlar gəlib Qurana and içiblər ki, xəbərimiz yoxdur. Bircə sən qalmısan. İndi xahiş eləyirəm ki, zəhmət çək, sən də Qurana and iç ki, arxayın olum.
Kənarda oturmuş Kəblə Ələsgər qaynatası danışdıqca zəndlə bacanağına baxırdı. Bu sözlərin ona necə təsir etdiyini görmək istəyirdi. Ələsgər bir an, elə bil özünü itirdi, susub ətrafına boylandı. Seyid Sadıq arvadını çağırdı:
– Mehin xanım, gətir Quranı bura – dedi.
– Mehinbanu ağ parçaya bükülmüş, vərəqləri saralmış köhnə meşin cildli Quranı götürüb “bismillah” dedi, ərinə uzatdı. Kişi, Quranı öpdü, gözünün üstünə qoydu.
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?