Электронная библиотека » Qumral Sadıqzadə » » онлайн чтение - страница 8

Текст книги "Son mənzili Xəzər oldu "


  • Текст добавлен: 28 октября 2022, 20:42


Автор книги: Qumral Sadıqzadə


Жанр: Биографии и Мемуары, Публицистика


сообщить о неприемлемом содержимом

Текущая страница: 8 (всего у книги 33 страниц) [доступный отрывок для чтения: 11 страниц]

Шрифт:
- 100% +

Rəfiqələrim barəsində yazmaq artıqdır. Çünki mənim bir rəfiq və arkadaşım yoxdur. Hər bir kəsdən qəti-əlaqə etmişəm. Bəlkə bundan sonra da edəcəyəm. Çünki bəninövi-bəşərə vəfa deyilən hissi-müqəddəs yoxdur. Vəfa və məhəbbətsiz dostluqdan da nə fayda hasil ola bilər? Çox vaxtlar Mehdibəy Hacınıski ilə bir yerdə oluram. Çünki o, “Səfa” maarif cəmiyyəti ədəbiyyat şöbəsinin sədri, mən isə katibiyəm.

Uşaqlara məndən salam söyləməyinizi diləyirəm.

Qardaşınız Seyid Hüseyn.

7 may 1913-cü il

Seyid Hüseyn məktubu zərfə qoyub mətbəxə getdi. Rübabə onun üçün süfrə hazırlayıb soruşdu:

– Hə, Əlipaşa nə yazır, necədirlər?

– Yaxşıdırlar. Səriyyə də, o da hamınıza salam göndərir.

– Sağ olsunlar. Cavab yazanda nenənin vəziyyətinin pisləşdiyini xəbər vermə, qoy Səriyyə narahat olmasın.

– Bilirəm, yazmaram. – Seyid Hüseyn xörəyini yeyib təşəkkür etdi, çay içməyə başladı.

Bayaqdan Mirpaşanın yazı stolunun üstünü sahmana salan Rübabə stul çəkib qardaşı ilə üzbəüz oturdu:

– Hüseyn, – dedi – səndən bir şey soruşmaq istəyirəm… Mən bu yaxınlarda Mirpaşadan təsadüfən eşitmişəm ki, sən indi Orucovlar üçün işləyirsən, demə, iki ildir Haşım bəyin mətbəəsindən çıxmısan. Axı, gör neçə ildir orda işləyirdin, nə əcəb yerini dəyişdirdin?

– Əvvəla, Orucovlar mənə mürəttiblik yox, müsəhhihlik təklif etdilər. Özün bilirsən ki, müsəhhih mürəttibdən bir pillə yuxarıdır, həm də maaşı çoxdur. İkinci də ki, axır vaxtlar Haşım bəyin bəzi işlərindən xoşum gəlmirdi. Rəhmətlik Sabir əfəndi 1910-cu ildə mətbəədə bizimlə bir-iki ay işləmişdi. Buna baxmayaraq, Vəzirovun necə adam olduğunu tez başa düşüb onu açıq-açığına tənqid etmişdi, ona taziyanələr qoşmuşdu, birini də “Zənbur”da çap etdirmişdi:

Dün yatıb Mir Haşımı röyada gördüm, söylədim:

Seyyidim! Hicrində ərzi-şurişi -həşr eləyərəm.

Ən boğuntu bir “Səda” ilə dedi: görməzmisən,

Hiylələr icad edib, bir qəzetəcik nəşr eylərəm.

O vaxt mən Sabir əfəndinin Haşım bəy haqqında belə sərt taziyanə yazmasına təəccüblənmişdim. Çünki onda Haşım bəyi çox yaxşı bir insan kimi tanıyırdım. Amma sonra başa düşdüm ki, Sabir rəhmətlik onu haqlı tənqid edirmiş.

– Düzünü de, Hüseyn, sən özün Haşım bəy haqqında bir pis şey yazıb eləməmisən?

– Elə hamınız hər şeydən qorxursunuz. Narahat olma, mətbuatda yazmamışam, Əlipaşaya yazmışam.

– Əlipaşa özümüzünküdür, eybi yoxdur. Ancaq hər halda başqalarına deməsən, yaxşıdır.

… Aradan üç ay keçdi. Mehinbanu xanımın vəziyyəti günü-gündən ağırlaşırdı. İndi o, kürəkəninin qayıtmasını daha artıq səbirsizliklə gözləyir, gündə beş-altı dəfə Rübabədən, Mirpaşadan soruşurdu:

– Neçə gün qalıb gəlib çıxmaqlarına? Deyirsən, üzü buyanadırlar? Kərbəladan nə vaxt yola düşüblər?

Rübabə onun eyni suallarına cavab verməkdən yorulsa da, bunu nənəsinə hiss etdirmirdi, aramla, səbirlə başa saldı:

– Nenə, daha az qalıb, Kərbəladan çoxdan çıxıblar. İndi Rəştdədirlər, Allah qoysa, bir həftəyə, on günə gəlib çıxarlar. Bircə dəniz yolları qalıb, sən darıxma, – deyirdi.

– Necə darıxmayım, ay ağbətxeyir? Qorxuram onlar gələnəcən canımı tapşıram. Kişini yaxşı-yaxşı qarşılamaq, biş-düşlərini eləmək əvəzinə başınız qarışar mənim şər işimə. Ona görə tələsirəm, bala. Deyirəm, qoy gəlib çıxsınlar, əməlli-başlı qarşılayın, gözaydınlığa gələnləri rahat yola salın…heç olmasa, on gün keçsin, sonra ölüm də. Mən ölümdən qorxmuram ki, nə qədər yaşamaq olar? Daha yorulmuşam. Birdə ki, beyəm övladlarımdan, rəhmətlik kişimdən artığam? Əksinə, tez ölməyimi istəyirəm ki, gedim o dünyada qoşulum onlara, yəqin, balalarım çoxdan yolumu gözləyirlər, – ağıl, dünyagörmüş qoca arvad, həyatdan doymayıb, cavan ikən torpağa gedən övladlarını bir-bir yadına salıb ağladı.

Rübabə xanım onu sakit etməyə çalışdı:

– Ay nenə, özünü nöşün belə üzürsən? Nə olub sənə axı? İki ildir yorğan-döşəkdəsən, nə oldu elə indi öldün? Ələkbər gələndən sonra nigarançılıqdan çıxacaqsan, onda halın da yaxşılaşacaq. Qorxutma görək bizi, ay arvad?

O narazılıqla nəvəsinə baxdı:

– Dedim sənə ki, ölməyimdən qorxmuram. Mən nə danışdığımı bilirəm. Allaha şükür, ağlım başımdadır… Yaxşı, bu vaxtacan gözləmişəm, beş-altı gündə gözləyərəm.

…Mehinbanu xanımın dediyi düz çıxdı. Kəblə Ələkbərgil qayıdandan düz bir həftə sonra o, özü dediyi kimi bu dünyadan xatircəm getdi.

* * *

Ağakazımgilin Qoşa qala qapısı yanındakı böyük mülkündə bir canlanma hiss olunurdu. Hər il olduğu kimi bu il də Şərəbanı xanım evində məhərrəmlik oxutdururdu. Faytonlar tez-tez binaya yan alır, içərisindən geyimli-keçimli xanımlar düşüb içəri girirdilər. İkinci mərtəbədəki böyük salon başdan-başa xalılarla döşənmiş, divar boyunca al-əlvan məxmər, atlas, xara döşəklər salınmışdı.

Cavan xidmətçi qızlar qonaqların çarşablarını başlarından götürüb səliqə ilə bükür, ayaqqabılarını cütləyib dəhlizin bir tərəfinə qoyurdular.

Molla şagirdilə yuxarı başda oturub çay içir, yanındakı arvadlarla astadan söhbət edirdi. Hələ məclis başlamamışdı.

Rübabə, Nisəxanım və Maxviretlə birlikdə qapıdan girib ətrafa boylandı. Oturmağa münasib yer, söhbət etməyə yaxın tanış axtarırdı. Hər üçü məclisə layiq geyinmişdi. Rübabə tündgöy şəmsi-qəmərdən, Nisəxanım sumağı rəngdə məxmərdən, Maxviret sarı məxmərdən tuman və don geymişdilər. Maxviret əvvəllər də bibisigilə tez-tez gəlib getmişdi. Ancaq bu qədər adam olan böyük məclislərdə olmamışdı. Burada tanımadığı, zər-ziba geyinmiş çoxlu qadın vardı. O salonun qapısından içəri girəndə əvvəlcə özünü itirdi, Nisəxanımın qolundan tutub key adamlar kimi ətrafına gör gəzdirdi. Qapıya yaxın oturmuş arvadların onları diqqətlə nəzərdən keçirdiklərini görüb qızardı. Bu vaxt Şərəbanı xanım yuxarı başdan, oturduğu yerdən əl eləyib onları çağırdı, öz yanında yer göstərdi. Keçib oturdular. Maxviret bir az sakit oldu. Yerini rahatlayıb enli, zərli bafta ilə haşiyələnmiş tumanının ətəkləri ilə ayaqlarını örtdü. Ağır, uzun hörükləri döşəkcənin üstünə düşdü. Yanındakı arvadların geyiminə, qaşdaşına gözucu nəzər saldı. Bibisinin sağ tərəfində hündürboylu, dolubədənli, əyninə parıltısı göz qamaşdıran iri güllü: Hacıbəribax xaradan tuman geymiş bir arvad oturmuşdu. Bu atasının dayısı arvadı Mələksima xanım idi.

Rübabə xanımgil qapı ağzında görünəndə Mələksima bu üç cavan qəşəng qadına diqqətlə baxmışdı. Onların üçü də xoşuna gəlmişdi. Qabaqda gələn Rübabə xanımı tanıyırdı. Bir il əvvəl onu elə burda Şərəbanının nəvəsinin toyunda görmüşdü. Onda Şərəbanı Rübabəni dayısı arvadının yanına gətirib tanış eləmişdi:

– Dayıdostu, deyəsən, Ələkbərin təzə arvadını görməmisən, gəl tanış ol, – demişdi.

Mələksima baldızı oğlunun gənc arvadını qucaqlayıb öpmüş, soruşmuşdu:

– Gəlinimizin oğul-uşaqdan nəyi var?

– İki oğlu, bir qızı var.

– Allah saxlasın, sağ-salamat böyüsünlər. Qızım, Ələkbərdən muğayət ol, o çox yaxşı adamdır, demişdi.

Rübabə xanım utanıb başını aşağı dikmişdi.

İndi Mələksima gəlnilə birlikdə gələn bu iki gözəl qıza heyran-heyran baxırdı. Evlənməli oğlu olan bütün başqa analar kimi, o da getdiyi məclislərdə, tanışların, qohumların evində oğlu Mirhəbib üçün qız axtarırdı. Bu qızlardan yaşca kiçiyi elə uzaqdan onun ürəyinə yatmışdı. Maxviret gəlib bibisinin yanında yerini rahatlayanda onun boy-buxununa, saçlarına müştəri gözü ilə baxdı. Qız oturandan sonra uzaqdan soruşdu.

– Bu cüvənəzən kimin qızıdır belə, ay Şərəbanı?

– Ələkbərgilin qızlarıdır da, tanımadın?

– Hardan tanıyım, mən onları axrıncı dəfə gör nə vaxt görmüşəm? Onda bapbalaca idilər. İndi, maşallah, böyüyüblər, – deyib o Maxviretə nəvazişlə baxdı, – gəl bir öpüm səni, qızım…

Maxviret də, Nisəxanım da durub onunla öpüşdülər. Arvad Maxvireti öz yanında oturtdu.

Rübabə xanım, qızları hələ vermirsən ki? – soruşdu.

– İkisini vermişik, dayısıoğluna. Bircə Maxviret evdədir, onu da allah qoysa, bu yaxınlarda verəcəyik, istəyəni çoxdur.

Bu vaxt molla “Bismillah, rəhmanu rəhim…” deyib avazla Quran oxumağa başladı. Məclisə sakitlik çökdü. Arvadların söhbəti yarımçıq qaldı.

Bu gün təziyyənin doqquzuncu günü idi. Sabah, onuncu gün Quran tapşırılacaqdı. Molla arvad fasilə verir, onun əvəzinə şagirdləri növbə ilə gah biri, gah da o biri həzin səslə mərsiyə oxuyur, imamın qətli, arvadlarının, qızının əsir düşməsi barədə təsirli sözlərə hekayətlər danışır, məclisi ağladırdılar.

Nəhayət, ağlaşma da, mərsiyə də, Quran oxumaq mərasimi də qurtardı, fatihə deyildi, salavat çevrildi… Yerə uzun süfrələr salındı. Halva, yağ, pendir, göy-göyərti, küftə-bozbaş gətirdilər. Halvalar yeyildi, kasalar boşaldı. Molla allaha müraciətilə “ehsanı qəbul eylə, Quranı qəbul eylə, xərcini həlal eylə…” deyə avazla oxudu, süfrə yığışılandan sonra şagirdləri ilə birlikdə çıxıb getdi.

Məclis hələ tamamilə dağılmamışdı. Arvadlar bir-birilə söhbət edir, hətta zarafatlaşıb gülürdülər. Elə bil bir saat bundan qabaq hönkürtü ilə ağlayıb dizlərini döyən bunlar deyildi.

– Hamı Şərəbanı xanımın Kərbəla səfəri ilə maraqlanırdı. Hər yerə səs yayılmışdı ki, yolda karvanı soyublar, onların bütün var-yoxlarını əllərindən alıblar. İndi avadlar bu hadisəni təfərrüatı ilə öyrənmək istəyirdilər. Mələksima xanım ucadan dedi:

– Ay Şərəbanı, sizin barənizdə hərə bir rəvayət danışır, bilmirsən, hansına inanasan. Bir özün əməlli danış görək, başınıza nə gəlib…

Şərəbanı əvvəlcə çox könülsüz danışmağa başladı. Hiss olunurdu ki, eyni bir şeyi neçə dəfə təkrar etməkdən yorulub. Həm də o dəhşətli günü bir də yadına salmaq istəmirdi. Ancaq sonra, uzaqda oturmuş arvadların da yaxınlaşıb diqqətlə qulaq asdıqlarını görəndə get-gedə həvəsləndi.

– Deməli, bizim hamımızı, kişiləri bir tərəfdə, arvadları başqa tərəfdə bir böyük ağacın altına yığdılar. Qorxudan, soyuqdan tir-tir əsirdik. Mənim heç nə vecimə deyildi, fikrim, qorxum qardaşım üçün idi. Deyirdim, təki ona dəyməsinlər, Allah eləməmiş bir xata-zad toxundurmasınlar. Əsə-əsə gedib quldurbaşının ayaqlarına yıxıldım, özüm öz əlimlə üzük-sırğalarımı, boyunbağı-boğazaltımı, qolbaqlarımı, hamısını çıxardıb tökdüm qabağına, dedim:

– Götür, hamısını götür, bütün şeylərimizi, pullarımızı götür, halal eləyirəm sənə, ancaq qardaşıma dəymə. Sən də dedim özünə görə bir kişisən, insaf elə, məni-arvad xeylağını bu çöllü-biyabanda, qardaşımın balalarını yurdunda başsız qoyma! Mən bu sözləri deyəndə gördüm ki, Ələkbər əlimdən bərk hirslənib, quldurun qabağında özümü alçaltmağım ona pis təsir edib. Ancaq neyləyəydim? O biri arvadlar da mənə baxıb xoşluqla gətirib bütün qızıllarını, pullarını özləri verdilər, qoymadılar yad kişilərin, quldurların əlləri onların boğazlarında, qollarında gəzsin. Hər kimdisə quldurbaşı insaflıydı. Heç birimizə toxunmadılar, şeylərimizi öz atlarımıza, dəvələrimizə yükləyib apardılar özləriylə. Elə buna da şükür! Allah eləməmiş, bizə bir xata toxundursaydılar, əlimizdən nə gələrdi? – o, sözünə bir qədər ara verib dedi, – Həmədandan çıxanda bizə demişdilər ki, bu yerlərdə tez-tez quldurlar basqın edirlər. Düzdür, beş-altı nəfər əli tüfəngli əsgər də qoşulmuşdular bizə ki, lazım olanda bizi qorusunlar. Amma nə fayda, quldurların birincisinin təpənin dalından çıxdığını görəndə heç bilmədik, əsgərlər nə vaxt götürüldülər.

Bayaqdan bəri maraqla qulaq asan bir cavan gəlin soruşdu.

– Bəs kişilərdə silah-zad yoxdu? Nə əcəb…

– Ay qız, karvanda cəmisi on iki kişi vardı, onun da beşi nökər, biri Ələkbərin balaca Rəşidi. Bələdçimiz də qoca, əfəlin biri, hüfləsən yıxılar. Amma arvad çoxdu, məndən başqa altı arvad gedirdi, hərəsinin də yanında bir-iki qulluqcusu. Quldurların hamısı qıvraq, cavan, dişdən dırnağacan silahlı, bizdən neçə qat çox. Özümüzü qorumaq heç kimin ağlına gəlmədi. Elə yaxşı ki, özümüz təslim olduq. Yoxsa qan su yerinə gedəcəkdi. Şeyləri də aparacaqdılar, hələ üstəlik neçəmizi də ya öldürəcək, ya da Allah eləməmiş başımıza pislik gətirəcəkdilər…

Kök, yaşlı bir qadın da onunla razılaşdı:

– Əlbəttə, ay qız, sən nə danışırsan? Pulu, malı yenə yığıb düzəltmək olar, özünüzə bir şey olsaydı neyləyəcəkdiz? Lap yaxşı eləyib vermisiz özünüz şey-şüyünüzü. Mənciyəz də sizin yerinizdə olsaydım, elə eləyərdim, – dedi.

Şərəbanı dil ağız elədi.

– Allah heç kəsin başına elə şey gətirməsin…

Bayaqki gəlin yenə soruşdu:

– Bəs sonra necə oldu?

Şərəbanı nəvazişlə yanında oturmuş Rübabəni qucaqladı, onu arvadlara göstərdi.

– Sağ olsun qardaş arvadı, – dedi, – onun ağlı bizim ağlımızdan çoxdur. Səfərə çıxanda mənimçün köhnə parçadan bir sırıqlı cübbə tikmişdi. İçinə də düzmüşdü qızıl onluqları. Mən ağılsız Bakıdan yola düşəndə bu cübbəni heç əynimə geymədim. Ta Həmədana çatanda çamadanın bir küncüdə qaldı. Yaxşı ki, orda bu quldur söz-söhbətini eşidib altdan geydim. Fikirləşdim ki, şər deməsən, xeyir gəlməz…Cübbə elə köhnəydi ki, quldurlar onu əynimdən çıxartmadılar…Bax bu cübbənin içindəki qızıllar sonra yaman dadımıza çatdı. Yoxsa, neynərdik o yad-biganə yerdə? Elə acından, soyuqdan ölərdik. Bir də yaxşı ki, Həmədandan qabaq kəsmədilər yolumuzu, onda heç cübbə əynimdə deyildi, o da çamadanda gedəcəkdi əlimdən…

Arvadlar səbirsizliklə soruşdular:

– Bəs sonra neynəduz?

– Bələdçi bizi bir yaxın kəndə apardı. Orada babat bir evi kirayə elədik. Cübbəni söküb qızılları çıxartdım. Kənddə köhnə pal-paltar, yemək içmək aldıq, gecəni orada qaldıq. Səhər kişilər at, araba tapdılar, minib Bağdada gəldik. Daha quldurdan-zad qorxumuz yoxdur. Torbalardakı ölü sümüklərindən başqa nəyimiz qalmışdı ki? Bağdaddan evə teleqram vurduq. Pul gəlib çatanacan burda bir neçə gün gözləməli olduq. Yenə cübbədən çıxan pullarla dolandıq. Abırlı bir ev tutduq. Pulumuz hələ artıq da qaldı. İndi o vaxtdan gecə-gündüz Rübabə xanıma dua eləyirəm. Bu cübbə məsələsi onun ağlına gəlməsəydi, heç bilmirəm halımız necə olacaqdı?

Qonaqlar da hörmətlə cavan gəlinə baxıb dedilər:

– Allah onun işini həmişə avand eləsin, balalarını saxlasın…

Bir azdan məclis yavaş-yavaş dağılışmağa başladı. Şərəbanı gəlini Törə xanımla qapıda dayanıb qonaqları yola salır, hamıya deyirdi:

– Sabah Quran tapşırılacaq, Əli süfrəsi açacağıq, mütləq gəlin…

Mələksima “bismillah” deyib qulluqçusunun köməyilə ayağa qalxdı, qızlarla, Rübabə ilə görüşüb qapıya sarı getdi.

* * *

1913-cü ilin axırları idi. Səfər ayı (məhərrəmliyin ikinci ayı) təzə girmişdi. Kəblə Ələkbər Ağakazımın kontorunda oturub, onunla iş barədə söhbət edirdi. Həkimlərin məsləhətilə bu yaxınlarda Ağakazım xaricə, müalicəyə getməli idi. İki-üç ay Bakıda olmayacaqdı. Bu müddətdə işi aparmaq üçün inanılmış bir adam lazımdı. Şərəbanı xanım oğluna Ələkbəri məsləhət görmüşdü. Ancaq Ağakazım əmin idi ki, dayısı bu işin öhdəsindən gələ bilməz. Ağıllı, təcrübəli olsa da, savadı azdı, bu böyük, ticarət işinin incəliklərinə bələd deyildi. Anasının sözündən çıxmamaq üçün bu gün dayısı ilə bu barədə söhbət etməyi lazım bildi.

– Kəbleyi, mən bir həftədən sonra yola düşməliyəm, – dedi, – amma bilmirəm, yerimdə kimi qoyum. Anam deyir, səni qoyaq, necə bilirsən?

– Yox, oğlum, mən bacarmaram, – deyə Kəblə Ələkbər bu təklifdən cəld boyun qaçırdı, sonra ciddi soruşdu, – necə, Hacı Hacıbabanın vəziyyəti yəni elə ağırdır ki, özü işi apara bilmir?

– Hə, axır vaxtlar halı bir az da pisləşib, özü də o, indi hər şeyə biganə olub, işlə tamamilə maraqlanmır.

– Bu heç yaxşı olmadı. Mən elə bilirdim, elə-belə yüngül xəstəlikdir, bir-iki günə sağalıb duracaq. İndi yanında kim var, gedib bir dəyim ona… – o ayağa durdu, – sən, bacıoğlu, müavinlərindən birini qoy, mən də gücüm çatan işlərə baxaram, kömək eləyərəm.

O getmək istəyəndə Ağakazım dedi:

– Dayı, otur bir söhbət eləyək, hara tələsirsən?

– Tələsmirəm, deyirəm, gedim bir əminə baş çəkim, görüm nədir kişinin dərdi?

– İndi yanında həkim var, bir azdan gedərsən, Dayı, sənə bir söz demək istəyirdim, – o, stolunun yeşiyindən bir yığın qəzet çıxartdı, onların arasından “İqbal”ı götürüb qalanlarını yenə yerinə qoydu, – sən narahat olma, – dedi, – bügünkü qəzetdə dostumuz Seyid Hüseyni, deyəsən, bir balaca hədələyiblər…

Kəblə Ələkbər qorxdu, təzədən yerində oturdu.

– Kim? Yenə kimə sataşıb? Bu kişi axırda bir oyun açacaq başına! Vallah, mən də neçə dəfə demişəm, bacısı da yalvarıb ki, sən başqalarının işinə qarışma, başını sal aşağı, kəsbkarlığını elə, hamı necə, sən də elə. Kimə deyirsən, öz bildiyindən qalmır. İndi də ki, qəzet keçib ixtiyarına… ürəyində nə var, hamısını yazır. Hanı, oxu görüm kimdir onu hədələyən?

Ağakazım qəzetin səhifəsini açıb stolun üstündən ona uzatdı, məqalənin lazım olan yerini göstərdi.

– Al, burdan özün oxu.

Kəblə Ələkbər eynəyini çıxarıb taxdı, əvvəlcə məqalənin axırındakı imzaya baxdı.

– Bu “zadə” kimdir görəsən, belə də imza olar?

– Hər kimdirsə böyük rütbəli axunddur, yəqin, gizli imza ilə yazıb.

Kəblə Ələkbər məqaləni oxumağa başladı: “…Sizlər kimi çox alipərvər insanlar bu yolda çalışıb heç səmər görməyib, axıra qan ilə əlvan olub dar dünyadan rəhmət bulunmaqları aşkardır. Sizdən xahiş olunur: imam taziyəsinin barəsində heç bir kəlmə dilinə gətirməyib, tamaşaçı olgilən! Axırıncı vəsiyyətimdir edirəm sənə!… Özünə rəhm edib bundan əlavə bu nöqtəyə dair məqalələri qəzetinizdə dərc etməyiniz. İstədim ki, o gün və o gecə səni həlak eyləyəm, amma çifaydə ki, imam təziyəsi qabağıma hail olub səni bu ali olan ölümdən azad elədim”.

Kəblə Ələkbər başını qəzetdən qaldırıb bacısı oğluna baxdı, bir söz demədi.

Ağakazım dayısını başa saldı.

– Bu hədə məktubunu Seyid Hüseynin yazdığı bir məqaləyə görə göndəriblər qəzetə. İndi dalını oxu, gör qaynın məktuba necə cavab verir.

Kəblə Ələkbər yenə oxumağa başladı: “Biz zənn etməyiriz, qəzetimizdə dərc edilən fəqərə anlaqlı müsəlmanlar üçün möcubi-kədər olsun. Məqsədimiz nəinki islam və islamiyyəti təhqir etməkdir, bəlkə islamiyyəti təhqir edənlərdən müdafiə etməkdir. Bir dəfə yuxarıdakı sətirləri yazmağa məcbur etdirən “Balaca felytonu” gözdən keçirmiş olsaq, onda islamiyyətə və imam Hüseyn Əleyhüssəlam təziyyəsinə dair həqarətli bir kəlmə görülməz. Orada deyilir: “Bir neçə gündür ki, on bir ay toz-torpaq basmış məscidlərimizin pasa batmış qıfılları sındırılıb, dər-divarı süpürülüb, təmizlənmişdir”, “dəmirçi dükanları cana-başa vurmaq üçün gecə-gündüz işləyib zəncirlər hazırlayırlar”, “xəncərçi dükanları on bir ay müddətində müsəlman başı kəsib, müsəlman qarnı çıxan və müsəlman qanı ilə əlvan xəncərləri təmizləyib çarxadaşa çəkirlər ki, aşura günü o xəncərlərlə baş yarılsın”, “şaxsey getmək üçün əl ağacları yağlanıb hazırlanmışdır”, “məsciddə başmaq oğurlayanlar torpaqlarını hazırlamışlar” və i. a.

Bunların hansı xilafdır, hansı xilafi-şəriə, iftira və böhtahdıır? Bu gün Bakı məscidlərində saxlanan təziyyələr və o təziyyə məclislərində olan işləri tamamilə bilirik. Onların cümləsini imam Hüseyn Əleyhüssəlam təziyyəsinə və islam şəriətinə həqarət bilib onların məhvinə çalışırıq… Bu təziyyədarlığın içində nələr olmayır? Hələ bu axır illərə kimi məscidlərimizdə davam edən soyunub sinə vurmağın içində nələr olduğu və cavan uşaqların kimlər qarşısına dayanıb sinə vurduqlarını söyləmirik. Məscidlərdə imam Hüseyn nökəri adı ilə boynuna qara bağlayıb silsiləçünbanlıq edən zatların dəstə çıxan vaxt qara və yaşıl köynəklərlə nə qədər uşaqları aldadıb onlara təcavüz etdikləri kimə məlum deyildir?

Bizə hədə məktubları yazan bəradərlərimiz Tasya gecəsi sübh tezdəndən Bibiheybətə dəstə getmək üçün məsciddə yatan zavallı çocuqların başına imam Hüseyn nökərlərinin nə gətirdiklərini bilmirlərmi? Və on gün məhərrəmliyi gecələr məsciddə nə kimi rəzalətlər yapdıqları və şami-qəriban gecəsi dəstə çıxdıqda nələr olduğu bizə məlum deyildir. İndi də zəncir ilə nə qədər uşaqların əxlaqlarının pozulduğunu bilirik. Bunların hamısı təziyyə adı ilə yapılır. Bu gün məscidlərinizi hörmət və etibardan salan və cəmaəti orada nifrətləndirən səbəblərdən biri də məscidlərdə saxlanan və içi bu kimi rəzalətlərlə dolu olan təziyyə məclisləridir. Əcaba bizmi imam Hüseyn Əleyhüssəlamın təziyəsini məsxərə və təhqir edirik, ya ki bu kimi təziyyə məclisləri?

Məktub sahibləri bizi ölümdən azad etdiklərini bəyan buyururlar. Bu mərhəmətlərinə görə təşəkkür edirik. Və islamiyyətə olan təəssüblərindən dolayı çox məmnun olardıq. Lakin bu təəssüb islamiyyət üçün deyil, bəlkə söylənilən şərait daxilində saxlanan təziyyə məclislərinin gələcəkdə bir gün aradan götürülməsi xofundandır. Əmin olmalıdır ki, böylə rəzalət artıq davam etməyəcək”.

Hüseyn Sadıq

Kəblə Ələkbər məqaləni axıra qədər oxuyub qəzeti stolun üstünə qoydu, dərindən ah çəkdi.

– Bax, elə buna görə mən onun “İqbal”a redaktor olmasına razı deyildim! Bilirdim, qəzeti belə yazılarla dolduracaq. Əvvəllər onun belə yazılarını çap etməyi qəzet boynuna götürmürdü. İndi ixtiyar sahibidir. Özü yazır, özü də buraxır. Onun cilovunu çəkməsək, vallah, axırı bir xata çıxardacaq! Gör bir iş gəlib hara çıxıb ki, şəhərin üləması onun ölümünə fitva vermək istəyib. Bu məsələ gəlib qəzetə də çıxıb…

Ağakazım Kəbleyinin hövsələdən çıxdığını görüb onu sakitləşdirmək istədi.

– Dayı sən onun dalınca nahaq belə danışırsan. Bu yazıya görə Seyid Hüseynə “sağ ol” demək lazımdır. Gəl, əyri oturaq, düz danışaq. Məgər hamımıza məlum deyil ki, bu molla tayfası, məscid əhli Bakıda nə hoqqadan çıxır? Eşidirik, bilirik, amma açıb, ağartmağa cürətimiz çatmır. Seyid Hüseyn isə belə şeylərə göz yuma bilmir. Ürəyindən keçənləri açıq-açığına yazır. Düz də eləyir. Çünki o mərddir, sözü adamın üzünə deməkdən qorxmur. Kəbleyi, mən Seyid Hüseynin üç-dörd gün bundan qabaq məhərrəmlik barədə yazdığı “Balaca felyetonu”nu da oxumuşam. Qəzetə bu hədə məktubunu yazan elə fikirləşib ki, Seyid Hüseyn qorxub bir də məhərrəmlikdən, fırıldaqçı mollalardan yazmaz. Amma əksinə oldu. Bu gün həmin cənablar öz əməllərindən bir az da artıq oxuyub bildilər.

Ağakazım danışdıqca Kəblə Ələkbər ona qulaq asır, dedikləriylə razılaşırdı. Sonra dedi:

– Niyə, yadında deyil? Beş-altı il bundan əvvəl, hələ adi mətbəə işçisi olanda iki-üç nəfər özü kimi kasıb əhli-qələmi başına yığıb məzhəkə məcmuəsi çıxartmışdı.

– Hə, hə, “Bəhlul”u deyirsən yəqin. Onda da şəhərin adlı-sanlı dövlətlilərinə sataşmışdı, düz də sataşmışdı. Demişdi ki, “millət, millət” deyə-deyə millətin evini yıxan elə özünüzsüz!… Görürsən dayı, onda Seyid Hüseynin cəmi 20 yaşı vardı, amma o boyda nəhənglərə, Bakı kapitalistlərinə girişmişdi. Mən hərdən onu özümlə müqayisə edirəm, fikirləşirəm, mənim iyirmi yaşım olanda necəydim? Nə millət yadıma düşdü, nə də onun dərdi. İşim-gücüm səyahətə çıxmaq, gəzmək-dolanmaq, kef eləməkdi. İstəsəydim, millət üçün çox iş görə bilərdim, pulum da vardı, imkanım da. Ancaq belə şeylər heç ağlıma da gəlmirdi. Yaxşı ki, indi bir az dəyişmişəm. Seyid Hüseynlə yaxınlıq eləyəndən sonra heç olmasa xeyriyyə işləri üçün, məktəblər açılması üçün hərdən ianə verirəm.

Kəblə Ələkbər ayağa durub getməyə hazırlaşdı, eynəyini cibinə qoydu.

– Eh, qəzavü-qədərin işlərini bilmək olmur. Seyid Hüseynin birinci hekayəsi qəzetdə çıxanda sevindim, dedim ki, yazı-pozu yaxşı peşədir, sakit oturar, məşğul olar özüyçün. Daha mən nə bileydim, bu peşənin belə həngamələri də varmış? Bu gün ona hədə məktubu göndərənlər, qorxuram sabah da, allah eləməmiş, bir xata çıxardacaqlar onunçün.

– Qorxma, haqq sözə zaval yoxdur deyiblər, dayı. Mən onu bilirəm ki, Seyid Hüseyn boş yerə güllə atmaz. Yəqin yazdıqlarını sübut etmək üçün əlində dəlil-sübut var.

Kəbleyi qapıdan çıxanda Ağakazım dedi:

– Bu qəzeti dayıdostuma göstərmə, narahat olar.

– Bilirəm, gərək Mirpaşaya da tapşırım, evdə bu barədə danışmasın.

Kişi fikirli halda kontordan çıxdı. Qoşa qala qapısına sarı getdi. Bayaq, qəzeti oxumamışdan qabaq, xəstələnən Hacı Hacıbabanın yanına qalxmaq istəməsi də yadından çıxmışdı. Evə yaxınlaşanda yadına düşdü, ancaq geri qayıtmadı.

* * *

Hacı Hacıbabanın xəstəliyi uzanırdı. Dərdini əməlli-başlı bilən yoxdu. Ayaqları şişir, ürəyi ağrıyır, yeriyə bilmirdi. Həkimi gündə gəlib baxır, cürbəcür dərmanlar verir, ancaq hələlik bütün bunların xəstəyə heç bir köməyi olmurdu. Ailə üzvləri, yaxın qohum-əqrəba hiss edirdilər ki, kişi bu xəstəlikdən ayağa dura bilməyəcək. İndi Şərəbanı xanımgilin böyük evi səhərdən axşama kimi adamla dolu olurdu. Dost-tanış, uzaq-yaxın qohumlar xəstəyə baş çəkməyi özünə borc bilirdi. Bəlkə də onları xəstənin vəziyyətindən çox onun vəsiyyəti, illərdən bəri üst-üstə yığılmış mal-dövlətin aqibəti maraqlandırırdı. Hamı bilirdi ki, Hacının əsas varisi – öz övladları yoxdur.

Bir gün səhər xəstə çarpayısının yanında oturmuş arvadının qoluna toxundu. Şərəbanı xanım tez ona tərəf əyildi.

– Nə istəyirsən, Hacı? – soruşdu.

– Xəbər göndər, əmioğullarımı, gəlinin atasını, bir də dostlarımdan bir-ikisini çağırtdır…

Ərinin bu adamları nə üçün görmək istədiyinin səbəbini Şərəbanı başa düşdü, ancaq özünü bilməməzliyə qoyub gülümsədi.

– Hamısını birdən? Neynirsən bu qədər adamı, kişi? Həmişə başına çox adam yığışanda xoşuna gəlmirdi…

Hacı gözlərini zər naxışlı tavanın bir küncünə zilləyib ciddi dedi:

– Hə, hamısını birdən… Vəsiyyət eləyəcəm, arvad… Daha vaxt gəlib çatıb.

Şərəbanı istədi ərini sakit etsin, desin ki, nə danışırsan, ay kişi, bəyəm səndə nə var, bu gün sabah sağalıb duracaqsan, gedəcəksən işinə-gücünə…Amma demədi, özünü də, dünyagörmüş kişini də boş sözlərlə aldatmağı lazımsız bildi.

– Yaxşı, Hacı, nökərə deyərəm, hamısını tapıb sabaha yanına çağırar.

Xəstə qaş-qabaqla ona baxdı:

– Sabah gecdir, bu gün axşama!… dedi, – sonra nə yadına düşdüsə, əlavə etdi. – Ağa Kazıma de, Seyid Hüseyni də çağırsın, onunçün də maraqlı olar…

Axşam saat yeddiyə yaxın Hacı Hacıbabanın beş əmisi oğlu, bacı oğlanları, xala-bibi nəvələri, bir sözlə demək olar ki, qohumların bütün kişi nümayəndələri onun yataq otağına toplaşmışdılar. İçərilərində üç-dörd qoca arvad da vardı. Hamı çarpayıya yaxın oturmağa, xəstənin deyəcəyi sözləri aydın eşitməyə can atırdı. Heç biri danışmır, bir-birinə baxıb səbirsizliklə gözləyirdilər.

Kişi haçandan-haçana gözlərini açıb ətrafındakıları bir-bir süzdü. Sonra başının üstündə dayanmış Ağa Kazıma baxdı.

– Mən tapşırmışdım əmioğullarımı, dostlarımı, bir də qudamı çağırsınlar… Nöşün aləmə car çəkib bu qədər adamı yığmısız bura?

Qardaşı oğlu pərt oldu, deməyə söz tapmadı. Şərəbanı xanım qəsdən ətrafındakılara eşitdirmək üçün ucadan oğlunun əvəzinə cavab verdi:

– Hacı, onları biz çağırtdırmamışıq, hardansa xəbər tutub özləri gəliblər, – dedi, – ancaq sən heç narahat olma, bu saat xahiş edərik çıxıb gedərlər… – o yerindən qalxıb xara tumanını xışıldada-xışıldada aramla qapıya tərəf getdi, onu taybatay açdı, özü qapının yanında dayanıb gözlədi.

Ancaq heç kəs yerindən tərpənmir, o yan-buyana baxıb nəyisə gözləyirdi. Nəhayət, Şərəbanının qudası tacir Məmmədbağır kənardakı divanın üstündən qalxıb otağın ortasına gəldi, üzünü qonaqlara tutdu:

– Ağalar, xəstənin xahişini yerinə yetirməmək günahdır, – deyib əlini qapıya uzatdı, – buyurun, yol açıqdır…

Gələnlər təəssüflə otağı tərk etməyə məcbur oldular.

Xəstənin yanında əmioğlular (Kəblə Ələkbər də Hacının əmisi oğlu idi) – Hacı İbrahim, Kəblə Ələkbərin kiçik bacısı Nurşərəfin əri Hacı Rəsul, Hacı Hüseynqulu, Məşədi Ağasəlim, Kəblə Qulaməli, tacir Məmmədbağır, onun oğlu Məmmədəli, Hacının üç dostu Seyid Hüseyn, Şərəbanı xanım və Törə xanım qaldılar.

Ağa Kazım atalığının işarəsi ilə qapının açarını burdu, qayıdıb yenə xəstənin başı üstündə dayandı. Bir xeyli sükutdan sonra kişi aramla dedi:

– Ağa Kazım, kağız-qələm götür, dediklərimi yaz!

Oğlan qara meşin üzlü qovluğu və qələmi gətirib çarpayının yanındakı mizin üstünə qoydu, özü də oturdu.

– Hə, hazırsan? Yaz: “Mən, Bakı taciri Hacıbaba Haşımov ölüm yatağında vəsiyyət edirəm: mərhum qardaşım Ağacavadın vəfatından sonra mənə keçən onun bütün əmlakını – qiymətli daş-qaşını, torpaq sahələrini, ticarət gəmilərini, gəlir gətirən mülklərini, pullarını, qiymətli kağızlarını indi onun oğlu Ağa Kazıma qaytarıram. Bu neçə ildə Ağacavadın dövlətini otuz faizə qədər artırmışam. Öz hissəmə düşən var-dövlətin tən yarısını arvadım Şərəbanı xanıma və onun uşaqları Ağa Kazımla Xədicəyə verirəm. Xahiş edirəm, dövlətimin o biri yarısına kasıblara pulsuz xidmət etmək üçün Bakıda üç yerdə karvansara açılsın, dul qadınlara, yetim uşaqlara hər il verilmək şərtilə müəyyən məbləğ ayrılsın, (o cümlədən Seyid Hüseynin iştirakı ilə açılmış “Yetimlər məktəbinə”).

Vəsiyyətnamənin yerinə yetirilməsini Kəblə Ələkbərə, Məmmədbağıra və Seyid Hüseynə həvalə edirəm”. Vəssalam. Ver qol çəkim, sonra da siz qolunuzu qoyun…

Ağa Kazım yazdıqlarını ucadan oxudu. Xəstə başı ilə təsdiq etdi.

– Düzdür, heç bir əlavəm yoxdur, – deyə Hacı, Ağa Kazımın ona uzatdığı qovluğu alıb əli əsə-əsə qol çəkdi, böyük, çətin bir işin öhdəsindən gəlibmiş kimi yana itələdi, yerini rahatlayıb uzandı.

Vəsiyyəti dinləyənlərin arasında bir neçə nəfər Hacının mal-dövlətinin mühüm hissəsini kasıblara paylamaq istəməsini eşitdikdə qulaqlarına inanmadı. İki əmioğlu gözlərini bərəldib xəstə kişiyə baxır, elə bil onu bu fikirdən döndərmək, vəsiyyətinin düzgün tərtib edilmədiyini ona başa salmaq istəyirdilər. Ancaq heç birinin xəstənin son arzusuna etiraz etməyə cürəti çatmadı. Hamı çarpayıya yaxın gəlib Hacının qolunun altından öz imzalarını qoyduqda onlar da məcbur olub sənədi imzaladılar.

Hava qaralmışdı. Vəsiyyəti dinləyənlər xəstənin gözlərini yumduğunu görüb ayağa qalxdılar, sakitcə çıxıb getdilər.

Kəblə Ələkbər və Ağa Kazım Seyid Hüseynlə qonaq otağına gələndə, bayaq xəstənin yanında oturanların hamısının burada gördü. Onları sözün əsl mənasında evdən qovsalar da, heç biri çıxıb getməmişdi. Pıçıldaşıb bir-birilə xısın-xısın söhbət edir, nəyisə gözləyirdilər. Onlar maraqla, səbirsizliklə xəstənin yanından gələnlərə baxdılar. Hacının çoxdan rəhmətə getmiş böyük bacısının nəvəsi bu nigarançılığa dözməyib soruşdu:

– Hə, nə oldu, Kəbleyi, dayım pullarını kimə vəsiyyət elədi?

Kəblə Ələkbər hiss etdi ki, burada oturub hərisliklə qoca kişinin malına göz dikən bu qohumlar, onlara bir qəpik də pul çatmayacağını eşidib biləndə böyük həngamə qoparacaq, qonşu otaqda yatmış xəstənin qulağı eşidə-eşidə onu söyüb qarğımaqdan belə çəkinməyəcəklər. Odur ki, bu xəbəri bir qədər təxirə salmağı lazım bildi.

– Hacı özünü pis hiss eləyir, vəsiyyət eləməyib, – deyib tərs-tərs qohumlara baxdı, – bəyəm sizin işiniz-gücünüz yoxdur? Nə oturub gözləyirsiz? Çıxın gedin evinizə! Elə bilirsiz burda oturub gözləməklə adınız vəsiyyətnaməyə düşəcək? – o, başını yelləyib bacısının yanına getdi.

Aradan bir saat keçmiş qohumlar bərkdən danışmağa, səs-küy salmağa başladılar. Hər yerə baş soxan, hər danışılan sözə diqqətlə qulaq verən adamlar vəsiyyətnamənin tərtib olunduğundan və onlara bir qəpik də ayrılmadığından xəbər tutmuşdular.


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 10 11 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации