Электронная библиотека » Qumral Sadıqzadə » » онлайн чтение - страница 11

Текст книги "Son mənzili Xəzər oldu "


  • Текст добавлен: 28 октября 2022, 20:42


Автор книги: Qumral Sadıqzadə


Жанр: Биографии и Мемуары, Публицистика


сообщить о неприемлемом содержимом

Текущая страница: 11 (всего у книги 33 страниц) [доступный отрывок для чтения: 11 страниц]

Шрифт:
- 100% +

Müraciəti bu gün ”Yeni İqbal”a çatdırmaq lazımdı ki, sabahkı nömrədə çap edilsin.

Saat üçdə Mirpaşa gəldi. Gülnisə onlar üçün süfrə hazırladı. Seyid Hüseynə quru xingəl, Mirpaşaya dünəndən qalmış küftə-bozbaş gətirdi. Süfrə arxasında söhbət yenə də yetimlərdən gedirdi. Mirpaşa deyirdi:

− Bu saat “Səfa”dan gəlirəm. Əşi, hərəsi bir söz danışır. Deyirlər, cəmiyyəti-xeyriyyə uşaqları şəxsi evlərə paylamaq istəyir. Guya müəyyən şərtlərlə verəcək ki, onlardan qulluqçu-nökər kimi istifadə etməsinlər. Deyən gərək, istədiyi uşağı seçib evinə aparandan sonra kim bu şəxsi yoxlayacaq ki, şərtlərə əməl eləyir, ya yox? Ona doğma ata kimi baxır, ya evində ağır iş gördürür? Əlbəttə, cəmiyyəti-xeyriyyə uşaqları başından eləmək istəyir. Bilir ki, onun yetimlər üçün ev tikdirməyə o qədər pulu yoxdur. 5-10 nəfərini Şamaxıya, Şuşaya, nə bilim daha hansı rayona, bir 20-30-nu da Türkmənistana, Özbəkistana göndərər, yerdə qalanını da paylayar kefi istəyən şəxslərə…

− Buna heç cür yol vermək olmaz. Uzaq şəhərlərə göndərmək lap ağılsızlıqdır. Bakıda qalan uşaqlar haqqında cəmiyyət istədiyi vaxt məlumat toplaya bilər. Bəs Buxaradakılara, Səmərqənddəkilərə kim nəzarət eləyəcək? Yox, mütləq yetimlər evi açılmalıdır!

− Yenə “Səfa”nın buna gücü çatar. Özün işin içindəsən, bilirsən ki, “Səfa” ona-buna əl açıb təkcə ianə toplamaqla iş görmür. O çalışır, zəhmət çəkir, ildə neçə dəfə tamaşa göstərir, hər tamaşadan xeyli qazanır. Başqa cəmiyyətlər də bir balaca kömək eləsələr, “Səfa” 100-150 nəfərlik uşaq evi aça bilər.

Seyid Hüseyn də bu fikirdə idi. “Səfa”nın pulunun çox olmasından başqa, üzvləri də həm sayca çox, həm də həvəsli cavanlardı. Əməlli-başlı işə can yandırırdılar.

− Deyirəm, bu yazıqlar öz vətənlərindən, kəndlərindən ayrı düşsələr də indilikdə bir-birilərinə, həyandırlar. Hər uşaq öz kəndlisi, qonşusu, qohumu, bacı-qardaşı ilə yaxınlıq edir. Bunları təzədən bir-birindən ayırmaq, hərəsini bir dərəyə göndərmək insafsızlıqdır.

− Əlbəttə, mən bilən hər şəhər ki, 5-10 nəfərlik yetim evi açmağa gücü çatdığını deyir, qoy həmin evə çəkəcəyi xərci Bakıya göndərsin, yığılan pullardan böyük bir ev tikilsin, yetimlərin hamısı yığılsın bir damın altına.

− Hə, bu yaxşı fikirdir. Bu barədə qəzetdə çoxlu yazmaq lazımdır – deyə Seyid Hüseyn qalxıb getməyə hazırlaşdı – təzə qonaqlarım, yəqin ki, məni gözləyirlər, gedim onları da yedirdim, sonra da İsmailiyyəyə ötürüm. Axşam Keşləyə getməlidirlər, qorxuram hamını apararlar, kişi qalar avara – o Əlini çağırdı – götür boxçanı gedək, − dedi.

* * *

Yetim qalmış uşaqların Bakıya gətirilməsindən üç ay keçmişdi. Onların haqqında gedən mübahisələr hələ də davam edir, qəzetlərdə müxtəlif xəbərlər dərc edilirdi. “Səfa” cəmiyyətinin yetimlər evi tikdirmək təklifi, cəmiyyəti-xeyriyyənin növbəti iclasında müzakirəyə qoyulmuş və rədd edilmişdi. Cəmiyyəti-xeyriyyə, “bizim öz gücümüz çatar” demişdi. “Səfa” da bu barədə bir də məsələ qaldırmayıb həvəsdən düşmüşdü. Toplanan ianələr kifayət qədər deyildi. Belə az məbləğlə böyük bir uşaq evi tikdirmək mümkün olmayacaqdı. Məsələni necə olur-olsun həll etmək üçün cəmiyyəti-xeyriyyə Gəncəyə, Qarabağa, Şuşaya, Qazaxa, hərəsinə 25 nəfər olmaqla uşaq göndərmişdi. Hələlik onları məscidlərdə yerləşdirmişdilər. Tikiləcək yetimlər evinin Bakıda, yaxud Tiflisdə olacağı da hələ məlum deyildi.

İyulun axırlarında Seyid Hüseyn “Son xəbər” qəzetində dərc olunmuş bir yazıdan öyrəndi ki, Şeyxülislam və Müfti həzrətləri orucluq bayramında Qafqaz müsəlmanlarının fitrə-sədəqələrini başqa yerə verməyib rühani və qazılar vasitəsilə Tiflisə göndərmələrini xahiş etmişlər. Tiflisdə cəm olunacaq bu fitrə-sədəqələri ilə “Yetimlər evi” açılacaq, orada Ərdəhan və Qars çöllərində ata-anasız qalan yetim uşaqlar saxlanılacaq, onlara təlim-tərbiyə veriləcək.

Seyid Hüseyn bu xəbərdən çox sevindi. Hamıya məlumdu ki, orucluq ayının axırında hər bir müsəlman ailəsi mütləq məhəlləsindəki fəqir-füqəraya fitrə verir. Bu fitrələr yığılıb bir yerə cəm olunsa, çox böyük məbləğ alınardı. O kağız-qələm götürüb haqq-hesab çəkməyə başladı: orta hesabla hər ailədə bu ailədə beş nəfər götürülürsə, adam başına 30 qəpikdən (adətən adam başına həmin dövrdə bir kiloqram çörəyin qiyməti qədər fitrə sədəqəsi verirdilər) 1 manat 50 qəpik fitrə verməlidir. Beləliklə orta hesabla 300 ailədən ibarət olan hər kənd və ya qəsəbə 450 manat verə bilərdi. Zaqafqaziyadakı müsəlman kənd və şəhərlərinin sayını 450 manata vurduqda gör nə qədər pul eləyirdi. Hələ şəhərlərdə yaşayan ailələrin sayı 300-dən qat-qat artıqdı! Bu məbləğ indiyə kimi yığılan ianələrdən xeyli çox olacaqdı. Çünki əvvəla, ianəni hər müsəlman verməmişdi. Verənlər də 40-50, 60 qəpiklə kifayətlənmişdilər.

Ancaq Seyid Hüseyni bir şey narahat edirdi: fitrə-sədəqələrini bir yerə toplamaq müşgül məsələ idi. İndiyə kimi Bakıda və başqa yerlərdə hər kəs fitrəsini öz əli ilə məhəllə fəqirinə verirdi. Seyid Hüseynə məlumdu ki, müsəlmanların çoxu qəzet oxumur, orucluq ayında heç oxumurlar. Deməli, bu elandan çoxunun xəbəri olmayacaqdı və o yenə də fitrəsini əvvəlki kimi ayrı-ayrı fəqirlərə verəcəkdi. Bir tərəfdən də o bilirdi ki, bütün müsəlmanlar orucluq və məhərrəmlik aylarında məscidə daha çox gedirlər. Bu aylarda məscid və məhəllələrdə vaizlər moizələr oxuyardılar. O fikirləşdi ki, əgər bir neçə gün ərzində vaizlər və mollalar Şeyxülislamın bu elanını camaata çatdırsalar və ümumiyyətlə hərbzədə yetimlər haqqında, onlar üçün tikiləcək yetimlər evi haqqında məlumat versələr, bəlkə, onda fitrə-sədəqələri bir yerə yığmaq mümkün oldu.

Seyid Hüseyn bu barədə geniş bir məqalə yazdı və təklif etdi ki, kimin nə qədər fitrə verdiyi haqda siyahı tutulsun və bu siyahı müntəzəm olaraq qəzetdə dərc edilsin. Onda hər bir müsəlman adını qəzetdə görəndə həm verdiyi sədəqənin gedib yerinə çatdığına əmin olardı, həm də onda, qəzetə maraq oyanardı. Beləliklə də müsəlman oxucularının sayı artardı.

…Şeyxülislamın Müfti həzrətlərinin təşəbbüsü, Seyid Hüseynin və eləcə də başqa ziyalıların qəzetlərdə çıxışları nəticəsində əvvəllər toplanmış ianədən başqa fitrə-sədəqələrini də bir yerə cəm etmək mümkün oldu. Bakı, Gəncə və Tiflisdə darülyetimlər təşkil edildi. Bütün hərbzədələri kiçik şəhərlərdən-məscidlərdən yığıb bu evlərdə yerləşdirdilər.


* * *

Mirpaşa yeznəsi ilə söhbət etmək üçün yuxarı çıxdı. Bacısı balkonda oturub uşaqlara astadan kitab oxuyurdu. Mirpaşa, yerdə, palazın üstündə oturub anasına qulaq asan üç yaşlı Hüsniyyəni qucağına götürdü.

− Kəbleyi hələ gəlməyib? − soruşdu.

− Gəlib, içəridədir.

Mirpaşa qucağında uşaq içəri keçdi. Kəblə Ələkbər onu gülərüzlə qarşıladı.

− Gəl görək, nə var, nə yox?

− Bir elə şey yoxdur − o ucadan soruşdu − Bircəbacı, bu gün Seyid Hüseyn gəlmişdi?

− Hə, günorta gəlmişdi necə bəyəm? − Rübabə də kitabı qoyub içəri gəldi.

− Heç, elə-belə soruşuram − Mirpaşa cibindən iki qat bükülmüş bir məcmuə çıxartdı − alın baxın, qardaşım təzə jurnal çıxartmağa başlayıb, adı da “Qurtuluş”. Heç bilmirəm bunu hansı pulla çıxartdırır, neçə nömrəyə gücü çatacaq?!

Kəblə Ələkbər də məsələnin maddi cəhəti ilə maraqlandı.

− Paşa, deyirsən yəni bu qəzet, məcmuə çıxardanlar heç xeyir götürmürlər?

− Yox əşi, xeyir hardaydı? Sən soruş zərərləri nə qədər olur?

Kəblə Ələkbər tacir olduğu üçün hər işdə, hər haqq-hesabda həmişə xeyir götürməyə çalışırdı. Odur ki, maraqla soruşdu:

− Nə qədər olur zərərləri?

− Çox vaxt qəzetin, məcmuənin mədaxili məxaricini ödəmir. Mən bilən 16 səhifəlik bir məcmuənin hər nömrəsi 25-30 manata başa gəlir. Əgər bütün nömrələr satılsa, zərəri 5-6 manat eləyər, satılmasa…

− Onda məcmuə, qəzet çıxardanlara afərin! Hər kişi buna razı olmaz. Bir işdən ki, əvvəldən bilirsən zərər çəkəcəksən, deyinən nəyinə gərəkdir belə bir iş? Ancaq o biri tərəfdən də fikirləşirsən ki, əgər qəzetçilər də biz tacirlər kimi öz şəxsi mənfəətini güdsəydilər onda heç qəzet, məcmuə çıxmazdı!

− Yox, Kəbleyi, məsələ sən deyən kimi deyil. Seyid Hüseyn kimilər təkbaşına jurnal çıxardanda zərər çəkirlər. Amma Orucovlar, Hacı Zeynalabdin Tağıyev, Haşımbəy Vəzirov kimi adamların öz mətbəələri, öz işçiləri, öz maşınları var, onlar onun-bunun kitabını, məcmuəsini buraxmaqla qazanırlar, çoxlu xeyir götürürlər.

− Hə, deyirəm axı?

Rübabə xanım təzə məcmuəni maraqla vərəqləyirdi. Sonra o birinci səhifədəki yazını ucadan oxudu: “”Tənqid haqqında beş-altı il əvvəl möhtərəm bir zat demişdi: “Bəzi xüsuslarda yazmaq və danışmaq, bir çirkaba daş atmaq kimidir ki, sıçradıqda ilk daş atan şəxsin üstünü və libasını aludə edər və batində saxladığı üfunəti dışarıya çıxarar. Təbiət həmin çirkabları müəyyən zamanla yox edəcəyindən onları özbaşına buraxmalıdır”. İkinci bir zat deyir ki, çirkabların sıçramalarından və ətrafında bulunanların üst-başını alüdə etmələrindən çəkinməli və qorxmalıdır. O çirkablara o qədər daş atmalı ki, hər sıçramaqla məhv olub getsin və getdiyimiz yolun üzərindən təmizlənsin”.

“Qurtuluş” məcmuəsi işə başladığından üst-başımızın çirkaba bulaşmasından çəkinməyərək haqqında yazılması lazım gələn məsələlərə dair yazacayıq, açığı, bəzi kök salmış çirkablara daş atacağıq. Nə qədər sıçrayırlar, sıçrasınlar. Axırda bitib təmizlənəcəklərinə ümid çoxdur”.

Kəblə Ələkbər arvadının oxuduqlarına diqqətlə qulaq asdı, jurnalı o da vərəqlədi.

− Mağul, keçən il payızda “İqbal”ın redaktorluğundan çıxandan sonra əcəb sakit yaşayırdıq özümüzçün, − dedi, − daha qorxmurduq ki, yenə kiminsə ünvanına acı söz deyəcək, biz də altını çəkəcəyik. Bir də başı qarışmışdı Qars yetimlərinə. Tənqid eləməyə vaxt qalmırdı. İndi başı bir balaca ayılan kimi, budur, yenə əvvəlki peşəsinə qayıdıb. Yaxşıdır, kişi kimi əvvəldən xəbərdarlıq eləyir, “çirkablara daş atacağam” deyir, “axırda bitib təmizlənəcəklərinə ümid çoxdur”. Hardaydı o xoşbəxtlik? Dünya durduqca bu çirkab-lar da həmişə olacaq, inanmıram ki, bir gün onlar bitib təmizlənsin.

Mirpaşa etiraz etdi:

− Elə demə, Kəbleyi, tamamilə bitməsə də, hər halda azalacağına şübhə yoxdur.

− Bəlkə də, azalacaq. Axı, bu çirkabları təmizləmək bəyəm tək Seyid Hüseynin işidir? Qoy başqaları da təmizləsin də… − kişi mütəkkəni götürüb taxtın o biri tərəfinə qoydu, yerini dəyişib dedi, – bircə onu tezliklə evləndirə bilsəydik, qayğısı çoxalardı, çirkablara daş atmağa vaxtı qalmazdı.

Rübabənin də dərdi təzələndi:

− İyirmi doqquz yaşı var, − daha fikirləşmir ki, özündən başqa qardaşlarının da evlənmək vaxtı çoxdan çatıb. Hələ sənin də vaxtın keçir, ay Paşa! Sizin tay-tuşlarınızın 7-8 yaşında uşaqları var. Bunlar hələ oturub gözləyirlər.

Mirpaşa gülümsədi.

− Bircəbacı, xahiş eləyirəm, məni Seyid Hüseynə qatmayasan. Siz nə vaxt məni evləndirmək istəmisiz, mən də razı olmamışam?

− Bilirəm, sən də elə onun tayısan, indi belə deyirsən, elə ki, başladıq sənə qız göstərməyə, min cür hoqqa çıxardacaqsan?

− Yadınızdadır, 7-8 il bundan qabaq, onun birinci hekayəsi qəzetdə çıxanda oturub bu barədə söhbət eləyirdik, onda mən sizə nə demişdim? Demişdim ki, bu tezliklə evlənən deyil. Onda gülümsəyib bacısına baxdı, − sizə bir şey demək istəyirəm, ancaq bunu gərək heç kim, ələlxüsus Seyid Hüseyn bilməsin.

Rübabə maraqla soruşdu: “De görək xeyirdir…”

− Bir qız var, onunla yaman maraqlanır qardaşım.

Kəblə Ələkbər yerindən qalxıb oturdu.

− Yox əşi, kimin qızıdır? Harda görüb onu?

− Mən bilən hələ görməyib. Kimin qızı olduğu da məlum deyil. Amma bilirəm ki, o qız xoşuna gəlir.

Rübabə səbirsizliklə dedi:

− Ay Paşa, bu lap tapmaca oldu ki? Qızı görməyib, kim olduğunu bilmir, amma xoşuna gəlir! Heç belə şey olar? Bir əməlli-başlı başa sal görək kimdən eşidib, bəlkə kifirdir, yaşlıdır?

− Yox, deyirlər kifir deyil, yaşı da 17 ya 18 olar. Şairədir, yaxşı şeirlər yazır, tez-tez qəzetlərdə çap olunur…

Rübabənin üzü güldü:

− Səni görüm, həmişə şad xəbər olasan, ay Mirpaşa! Sevindirdin məni. Gedək öyrənək, görək kimlərdəndir?

Mirpaşa qəti etiraz etdi:

− Sən allah, dayan bir hələ, səs salma, yoxsa hürküdərsən qardaşımı. Birdə ki, mən dedim maraqlanır o qızla. Maraqlanmaq hələ istəmək deyil. Qoy özü bir qərara gəlsin, sonra siz düşün əl-ayağa.

Kəblə Ələkbər də qaynı ilə razılaşdı.

− Paşa düz deyir. Sən özünü elə apar ki, guya heç nədən xəbərin yoxdur. Özü nə vaxt desə, onda başlarsan işə.

Rübabə əsəbiləşdi:

− Əşi, özünə qalsa, bir beş il də keçər, o qərara gəlincə. Tələsdirmək lazımdır onu. Yenə sən yaxşısan, Paşa. Hərdənbir söz sal evlənmək barədə, gör nə deyir?

− Bilirəm. Siz narahat olmayın, bir təzə xəbər öyrənən kimi gəlib deyərəm…


* * *

Seyid Hüseyn naşiri və redaktoru olduğu “Qurtuluş” jurnalında təzə yazmağa başlayanlara, xüsusən, qadın yazıçılarına geniş yer verirdi. Hər hansı bir qadının hekayəsini, şeirini, məqaləsini qəzet və jurnal səhifələrində görəndə hədsiz dərəcədə sevinirdi.

İki il bundan qabaq “Səfa” cəmiyyəti tərəfindən Zeynalabdin Tağıyevin teatrında Nəcəf bəy Vəzirovun yaradıcılığının 40 illiyi qeyd olunarkən, yubiley gecəsində iştirak etmək üçün başqa şəhərlərdən dəvət olunmuş qonaqların içərisində bir qadın da vardı. O vaxt bu xanım öz çıxışının sonunda demişdi: “…Siz, azərbaycanlılar öz qadınlarınıza inanmırsız, onları qapalı saxlayırsız, savadlandırmırsız!…”

O vaxt bu qadının dedikləri Seyid Hüseynə çox təsir etmişdi. O təbiətən paxıl deyildi. Ama indi bu qadına paxıllığı tutmuşdu. Çox arzulayırdı ki, Azərbaycan qadınları da üzə çıxsınlar, cəmiyyət işlərində iştirak etsinlər, öz bacarıqlarını nümayiş etdirsinlər. Buna görə də indi hər dəfə qadın imzasına rast gələndə sevinir, onlara əlindən gələn köməyi etməyə çalışırdı.

Bu yaxınlarda “İqbal”da Xeyriyyə xanımın “Bizə yol veriniz” adlı məqaləsindəki sözlərini o unuda bilmirdi: “Biz səfalət və cəhalət quyusundan qurtulub həqiqi həyat səhnəsinə çıxmaq istəyirik. Əsrlərdən bəri gülməyən çöhrəmizi güldürmək istəyirik. Çəkdiyimiz fəlakət, gördüyümüz həqarət artıq yetişməzmi? Canlı cənazə kimi evlərdə, yer altında saxladığınız kafi deyilmi? Ey Şərq ərləri! Yaxşı bilirsiniz ki, biz cahil və nadan qaldıqca sizə səadət yoxdur!

Oxudun bizi! Həqiqi analıq yoluna çıxarın bizi! Məktəb açın!.. Siz din naminə bizi qəhr edir, şəriət adı ilə öldürürsüz. Qəzetlərdə görürəm ki, filan darulfunundan, filan gimnaziyadan, filan darülmüəllimindən nə qədər alman, fransız, ingilis xanımları çıxmışdır. Bunları oxuduqca deyirəm: bizdən, müsəlmanlardan nə üçün belə həqiqi analar yetişməsin?

Bu şəriət artıq yetər! Yox qadınların cahil qalması islamiyyətin əmri iləsə, böyük yalan və iftiradır. Biz insanıq, insancasına yaşamaq istəyirik! Haqqımızı, sərbəstliyimizi istəyirik.! Bizi oxudun! Bizə yol verin!”

Seyid Hüseyn bu yazıdakı mübarizlik ruhuna, cəsarətə heyran qalmışdı. Bu, əsrlərdən bəri əsarət altında inləyən, dünənədək kölə halında yaşayan Şərq qadınının aləmə car çəkən üsyan səsi idi, öz həmcinslərini azadlığa, bərabərliyə, parlaq sabaha çağırış səsi idi!

Seyid Hüseyn bu səsə inanırdı. Bu səs onu əmin edirdi ki, Azərbaycan qadınlarının azadlığa çıxacağı, öz istedadlarını göstərəcəyi günlər yaxınlaşır.

O, yaradıcılığa təzə başlayan gəncləri həvəsləndirmək məqsədilə “Qurtuluş”un ikinci nömrəsində bir yazı yarışı (müsabiqə) elan etmişdi. Əsərlərin mövzusu çox güman ki, müharibənin ağrı-acısını görmüş, evsiz-eşiksiz, atasız-anasız qalmış yetimlərin həyatından alınmalıydı. Yarışda qalib gələnlər Sabirin “Hophopnamə”si və “Qurtuluş” jurnalının birillik abunəsi ilə mükafatlandırılacaqdılar.

Gənclər həvəslə bu yarışda iştirak edir, öz yazılarını redaksiyaya göndərirdilər. Çox keçmədi ki, jurnalın üçüncü nömrəsində belə bir xəbər dərc edildi: “İkinci nömrədə verdiyimiz yazı yarışında bir çoxu iştirak edib şeir və nəsr olaraq bir çox yazılar göndərmişlər. Bunları tədqid etmək üçün bir komissiyaya həvalə ediləcəyindən bu nömrədə dərc edilə bilmədi. Dördüncü nömrədə birincilik qazana biləcək yazılar dərc edilməklə, ən yaxşı yazana, vəd edilən mükafat veriləcək”.

Yarışda birincilik qazanan əsərləri dördüncü nömrədə vermək üçün noyabrın əvvəllərində komissiya üzvləri ilə birlikdə yazıları oxumağa başladılar. Bu yazıların içərisində Seyid Hüseyn keçən ildən bəri şeir və kiçik hekayələrini mətbuat səhifələrində maraqla izlədiyi tanış bir imzaya rast gəldi. Bu bir ay bundan qabaq Mirpaşanın bacısına dediyi həmin qızın imzası idi: “Ümgülsüm”.

Keçən il “Dirilik” jurnalının 6-cı nömrəsində Ümgülsümün “Vətən sevgisi” adlı hekayəsi dərc olunmuşdu. Bundan başqa Seyid Hüseyn onun yaxşı lirik şeirlər də yazdığını bilirdi. On altı yaşlı bu qız həm əruz vəznində, həm də heca vəznində yazdığı gözəl, mənalı şeirlərilə ara-sıra “İqbal”da da çıxış edirdi. Xüsusən, əruz vəznində yazdığı, dövrün keşməkəşli, narahat günlərindən bəhs edən “Təsəlli” şerindən Seyid Hüseynin çox xoşu gəlmişdi.

Seyid Hüseyn redaksiyada işini qurtarıb dostları ilə görüşmək üçün həmişəki kimi Qubernator bağına getdi (Filarmoniyanın yanındakı indiki “Pioner parkı”) Hüseyn Cavidlə Cəfər Bünyadzadə böyük hovuzun yanında oturub söhbət edirdilər. Bura onların daimi görüş yerləri idi.

Hüseyn Cavid çoxdan arzu edirdi ki, birdəfəlik köçüb Bakıya gəlsin və burda işləsin. Bu ilin sentyabrında arzusuna nail olmuşdu, “Səfa” məktəbinə müəllim təyin olunmuşdu.

Seyid Hüseyn yaxınlaşıb onlarla görüşdü, yanlarında oturdu, Cəfərdən soruşdu:

− Hə, bizim keçmiş “Yetimlər” məktəbində işlər necə gedir?

Cəfər Bünyadzadə əlindəki qəzetlərə göz gəzdirərək fərəhlə dedi:

− Cavid əfəndi kimi müəllimi olan bir məktəbin işləri sən bilən necə gedər? Əla! − o “İqbal”da gözünə sataşdığı bir yazı ilə maraqlanıb onu ucadan oxudu: “Möhtərəm müdir əfəndi! Aşağıdakı sətirlərimizin fərqini rica edirik! 1914-cü il yanvarın 6-da “Səfa” cəmiyyətinin ümumi iclası bizi idarə üzvlüyünə seçmiş və son zamanadək öhdəmizə götürdüyümüz vəzifəni bacardığımız qədər ifa edib gəlmişik. Son 1915-ci il müddətində “Səfa” cəmiyyəti idarəsində bir süstlük və işsizlik göründüyündən özümüzü “Səfa” idarəsi üzvü adını daşımağa haqsız olduğumuzu, daha doğrusu indiki şərait altında artıq işləmək mümkün olmadığını hiss edərək, mötəbər qəzetiniz vasitəsilə bu tarixdən etibarən istefa etdiyimizi, bizi seçən “Səfa” cəmiyyəti üzvlərinə bildirməyimizi rica edirik.

Seyid Hüseyn, Əsədulla Məhəmmədov”.

O başını qəzetdən qaldırıb təəccüblə dostuna baxdı:

− Bu nədir, ay Seyid Hüseyn? − dedi, − Sən ki, “Səfa”nın qayğısına hamıdan çox qalırdın, indi nə oldu, ondan uzaqlaşırsan?

Seyid Hüseyn düşüncəli halda dedi:

− Yadındadır, üç il bundan qabaq, biz səkkiz nəfər, əlbir olub sənin rəhbərliyinlə “Yetimlər məktəbi” açdıq, ondan-bundan yığdığımız qəpik-quruş ianə ilə 60-70 uşağı məktəbə cəlb etdik. Onda necə də həvəslə çalışırdıq. Məqsədimiz uşaqları oxudub tərbiyə etməkdən başqa, həm də onları mümkün olduqca geyimlə, yeməklə təmin etməkdi. Məktəb üçün rəsmi icazə almaq lazım gələndə “Səfa” cəmiyyətini biz diriltdik… − o üzünü Hüseyn Cavidə tutdu − o vaxt doktor Əbdülxalıq Axundov bir ağıllı söz dedi bizə. Doğrusu, mən onun dediklərinə inanmadım, fikirləşdim ki, yəqin o öz başına gələnləri şişirdir, mübaliğə edir.

Hüseyn Cavid səbirsizliklə soruşdu:

− Axı, doktor sizə nə demişdi?

− Demişdi, siz ki, bu cür canfəşanlıqla çalışıb məktəb açmısız, indi də köhnə, yaddan çıxmış, fəaliyyətsiz bir cəmiyyəti diriltmək istəyirsiz, hər şeyi təşkil edəndən sonra, işlərin hamısını cığırına saldıqdan sonra, bir də görəcəksiniz ki, qalmısız kənarda, sizin yerinizdə başqaları əyləşib, sizin məqsədinizi də hərə istədiyi səmtə çöndərib… İndi görürəm, o kişi çox qabaqgörənmiş, dedikləri düz çıxdı. Bu saat cəmiyyətdə aləm qarışıb bir-birinə. Bizim əsas məqsədimiz məktəbi yaşatmaq, ehtiyacı olan uşaqları geyindirib, yedirtmək idi. Amma indi məsələ tamam başqa cür olub. İndi “Nicat”la “Səfa”nın işi-gücü teatr heyətlərinin bir-birilə olan uzun-uzadı mübahisələrinə qulaq asmaq, artistləri hərə öz tərəfinə çəkməkdir… Bu barədə Cəfərin işi yaxşıdır. O, əvvəl də, indi də bir müəllim kimi çalışır. Onun məqsədi həmişə uşaqların təlim-tərbiyəsi olub. Nə isə… − Seyid Hüseyn söhbətin mövzusunu dəyişdi – Cavid əfəndi, dördüncü nömrə üçün “Şeyx Sənan”ın ardını hazırlamaq istəmirsiz? − Hüseyn Cavidin təzə yazıb qurtardığı “Şeyx Sənan” dramının ikinci pərdəsi “Qurtuluş”un birinci, ikinci, üçüncü nömrələrində dərc edilmişdi.

Hüseyn Cavid bir az fikirləşdi.

− Bilmirəm, − dedi, − bəlkə verdim, − sonra o da öz növbəsində soruşdu, − necə oldu, yazı yarışının qaliblərini təyin edə bildiz, kimlərdir?

− Elə bu gün qurtarmışıq. Qaliblərdən biri mənim böyük sevincimə səbəb olan bir qadındır. Axır vaxtlar tez-tez qəzetlərdə şerləri çap olunur, bəlkə siz də onun imzasına rast gəlmisiz? Ümgülsüm…

− Hə, lap yaxşı tanıyıram. Özünü də tanyıram, ailəsini də. Onun qardaşını yəqin sən də tanıyırsan.

− Kimdir ki, onun qardaşı?

− Səndən sonra “İqbal”ın redaktoru və sahibi-imtiyazı olan Məmmədəli. Tanımırsan?

− Deməli, bu xanım Məmmədəlinin bacısıdır? Deyirəm axı! Afərin! Yazılarından hisss olunur ki, ziyalı ailəsində böyüyüb, yaxşı savadı var.

− Bəli, onun atası savadlı molla, əmisi hörmətli axunddur. Anası da oxumuşdur. Qızlarına fars, ərəb, türk dillərini öyrədiblər. Bu qız doqquz yaşından şeir yazır. Ancaq dərc olunmağa keçən ildən başlayıb. Çox ağıllı, mərifətli qızdır.

Seyid Hüseyn dostuna diqqətlə qulaq asır, maraqlandığı qız haqqında daha ətraflı məlumat öyrənməyə çalışırdı. Ancaq əlavə sual verib bir şey soruşmağa cəsarəti çatmırdı. İstəyirdi ki, Cavid bu barədə hey danışsın. Ancaq o daha Ümgülsümdən danışmadı.

− Bəs ikinci müəllif kimdir? − deyə soruşdu.

− O da maraqlı gəncdir. Sənaye məktəbində oxuyur. Cəfər Cabbarzadə. İstedadlıdır. Bu oğlan hələ iki il bundan qabaq bir hekayəsini utana-utana mənim üçün oxumuşdu. Düzdür, hekayə nağıl kimi yazılmışdı, ancaq istedadlı olduğunu mən elə onda hiss etdim. Bəzi göstərişlər verib hekayənin zəif cəhətlərini nəzərinə çatdırdım. Sonralar o şer yazmağa başladı. İlk şerlərini Əlabbas Müznib təshih edib “Babayi-Əmir” məcmuəsində buraxıb. Siz, onu necə tanıyırsız?

Bayaqdan söhbətə qulaq asan Cəfər dedi:

− Deyəsən, mən onun bir şerini bu ilki “Məktəb” jurnalında görmüşəm. Səhv etmirəmsə “Bahar” adlanırdı… Deyirəm Azərbaycanda istedadlı cavanlar çoxdur. Onları tanıyıb üzə çıxartmaq, Seyid Hüseyn kimi həvəsləndirmək lazımdır. Bu, Bakı ziyalılarının borcudur.

Hüseyn Cavid başı ilə təsdiq etdi, üzünü yana çevirəndə gülə-gülə onlara yaxınlaşan Abdulla Şaiqi gördü.

– Odur, Şaiq əfəndi də gəlir, yəqin o da sənin dediklərinə şərik olar, düz demirəm? – deyə təzə gələn dostu ilə əl verib görüşdü.

Seyid Hüseyn skamyanın kənarına tərəf çəkilib özü ilə Cavidin arasında Şaiq əfəndiyə yer verdi.

− Mən nəyə şərik olmalıyam, Cavid əfəndi, − Şaiq yoldaşları ilə görüşəndən sonra soruşdu.

− İstedadlı cavanlarımızı arayıb üzə çıxartmağa!

− Hə, əlbəttə, bəs necə? − Abdulla Şaiq həvəslə söhbətə qoşulub öz şagirdləri arasındakı bəzi istedadlı gənclər haqqında danışmağa başladı.

Seyid Hüseyn birinci dəfə Abdulla Şaiqi 1903-cü ildə görmüşdü. O zaman Seyid Hüseyn üçüncü rus-tatar şəhər məktəbinin üçüncü sinfində oxuyurdu. Bir gün vücudca zəif, yaşca şagirdlərdən çox da böyük olmayan Şaiq, xəstələnən şəriət və elmi-ilahi müəllimini müvəqqəti əvəz edərək, onlara tarixi-müqəddəsdən dərs deməyə başladı.

Sonralar, 1908-ci ildə Seyid Hüseyn ədəbiyyatla maraqlanan bir dəstə gənc ilə qeyri-rəsmi bir ədəbi cəmiyyət təşkil etmişdi. Onlar həftədə bir dəfə cümə günləri yoldaşlardan birinin evində toplaşır, şerlər oxuyur, müzakirə edirdilər. Bu dərnəkdə ən çox köhnə və yeni ədəbiyyat nümunələrindən mübahisə gedirdi. Şeri yalnız qəzəldən, qəsidədən ibarət bilən köhnəpərəstlər yeni ədəbiyyatı bəyənmirdilər. Bəzi zəif ədəbi parçaları tərifləyib yeni ədəbiyyat tərəfdarlarını tənqid edirdilər.

Bir gün Seyid Hüseyn Abdulla Şaiqin “Məzlum gecədə nişanlı bir qız, min hüzn, ələm içində yalnız”… beytillə başlanan bir şerinə rast gəldi. Bu şer yeni ədəbiyyat haqqında müəyyən bir təsəvvür yaradırdı. O, Şeri öz dəftərçəsinə köçürtdü. Cümə günü cəmiyyətin toplanışında yenə də, köhnə ədəbiyyatdan zəif tərcümə olunmuş şeir parçalarını oxuyub tərifləməyə başlayanda Seyid Hüseyn ayağa qalxıb “Məzlum gecədə…” şerini oxudu. Hamı diqqətlə qulaq asdı. Şeir hamıya təsir etmişdi.

− Bu şerin harası pisdir? − deyə o, əvvəlki zəif şerlə müqayisə etdi. Məclisin əksəriyyəti onunla razılaşdı.

O vaxtdan Seyid Hüseynin Şaiqə olan hörməti bir az da artdı, yazılarını müntəzəm oxumağa başladı. Xüsusilə onun uşaqlar üçün yazdığı əsərlərini oxuduqca belə bir qənaətə gəlmişdi ki, Şaiq əsl uşaq şairidir.

… Cavid dedi:

− Şaiq əfəndi, eşitmişəm, təzə bir şeir yazmısız, bəlkə oxuyasız onu bizə, hə?

Seyid Hüseynlə Cəfər də xahiş etdilər:

– Oxuyun, oxuyun, məmnuniyyətlə qulaq asırıq…

Şaiq gülümsədi:

− Ancaq xəbərdarlıq edirəm, vaxtınızı çox alacaq, bu bir mənzum pyesdir.

− Eybi yoxdur, hara tələsirik ki? − Seyid Hüseyn üçünün də əvəzinə cavab verdi.

Şaiq qovluğundan əlyazmasını çıxardıb “Şair və qadın” adlı əsərini dostlarına oxumağa başladı…

Əsər bəyənildi. Seyid Hüseyn dedi:

− Bu vaxtacan mən sizi bir uşaq şairi kimi tanıyırdım. Ancaq indi fikrimi dəyişdim. Şaiq əfəndi, siz sözün əsl mənasında yeni ədəbiyyatımızın görkəmli nümayəndələrindənsiz… − yoldaşları Seyid Hüseynin bir tənqidçi kimi Abdulla Şaiq haqqında nə fikirdə olduğunu bilməyə maraq göstərdiklərindən onun dediklərinə diqqətlə qulaq asırdılar − bilirsiz ki, 1905-ci il inqilabından sonra bizim ədəbiyyatımız da bir inqilab dövrü keçirdi. Məhəmməd Hadi özünün gurultulu, təmtəraqlı şeirlərilə, Sabir kəskin satirik şeirlərilə köhnə ədəbiyyatı kökündən yıxdılar, onun yerində yeni cığır açdılar. Siz isə, Şaiq əfəndi, yeni ədəbiyyatın təməl daşını qoyanlardan birisiz!

Abdulla Şaiq dostunun bu sözlərindən xoşlansa da, təvəzökarlıqla dedi:

– Dostum, deyəsən, sən mənim əsərlərimi həddindən artıq tərifləyib şişirdirsən…

– Xeyr, burada heç bir şişirtmə yoxdur. Bu, həqiqətən belədir, – deyə Hüseyn Cavid də təsdiq etdi.

– Mən hələ burasını demirəm ki, əgər siz, məktəb işlərilə, dərsliklər yazmaqla, məktəb proqramı tərtib etməklə, ümumiyyətlə maarif işlərilə bu qədər məşğul olmasaydız, ədəbiyyatımıza daha artıq xidmət göstərərdiz, bundan da yaxşı əsərlər yarada bilərdiz…

Şaiq dostlarına razılıq edib skamyadan qalxdı:

– Çox sağ olun, söhbətimiz uzun çəkdi, bu gün bağda çox oturduq, – dedi, – axşam düşür, hava soyuyur, durun gedək.

Onlar bağın çıxacağına tərəf getdilər.

* * *

1916-cı il, novruzdan sonra bir gün Rübabə Mirpaşanın otağına gəldi. Qardaşı gündüzlər bekar olduğundan evdə təsərrüfat işlərinə baxır, Kəblə Ələkbərə kömək edirdi. İndi də çarpayıda balışa dirsəklənib kitab oxuyurdu. Bacısını görəndə cəld ayağa durdu.

– Paşa, Kəbleyi səhər xahiş elədi ki, bir gedib Məmmədrzanın məktəbinə baş çəkəsən.

– Xeyir ola, yoxsa bacıoğlum şuluqluq eləyib?

– Yox, elə-belə, dedi çoxdandır getmirik, vaxtı olsa, qoy Paşa gedib müəllimi ilə danışsın, soruşsun görək uşaq necə oxuyur, özünü necə aparır.

– Gedərəm, ancaq onun necə oxuması məlumdur. Mən onun yazılarına, dərslərinə tez-tez fikir verirəm. Maşallah, yaxşı dərrakəsi var. O ki, qaldı özünü aparmağına, onu öyrənmək olar. Bu gün daha gecdir, sabah gedərəm.

Rübabə başı ilə razılığını bildirdi, amma çıxıb getmədi, nə isə yenə demək istəyirdi. Mirpaşa bacısının narahatlığını hiss edib soruşdu:

– Hə, daha nə sözün var?

– Seyid Hüseyndən bir şey öyrənə bildin? Evlənməyini deyirəm…

– Yox, hələ ki, bir xəbər yoxdur.

– Daha bundan artıq gözləməyin mənası yoxdur. Qardaşısan, gərək onunla ciddi danışasan. Nədən qorxursan ey, soruş birdəfəlik fikrini bil də… Gör bir o şairə qız necə oldu? Az qala bir il keçib o söhbətimizdən, hələ də bir şey öyrənə bilməmişik. Belə də iş olar? Bir də görərik Seyid Hüseyn tərpənənəcən qızı veriblər başqasına…

– Yaxşı, yaxşı, hirslənmə! Günü bu gün gedərəm yanına, soruşaram ondan. İstəyirsən, lap bu saat durum gedim.

– Ay sağ ol, get görək nə öyrənirsən. Əgər şairədən bir şey çıxmayacaqsa, qoy başqa qız göstərək ona, nə vaxtacan gözləyəcəyik?

Mirpaşa bacısına qulaq asa-asa geyinirdi. Qapıdan çıxanda Rübabə gülümsədi.

– Paşa yaxşı xəbərlə gəlsən muştuluğun məndə! Nə istəsən verəcəyəm.

Mirpaşa Xan sarayının yanından ötüb İçərişəhərin küçələri ilə Qoşa qala qapısına tərəf yollandı. Seyid Hüseyn indi 1910-cu ildən bəri yaşadığı Hacı Hacıağa karvansarasından bura, Qoşa Qala qapısının yanına, Ağakazımın mülkündən iki otaqlı geniş mənzilə köçmüşdü.

Mirpaşa içəri girəndə Seyid Hüseyni kefi kök gördü. O, əlləri şalvarının cibində otağın o baş-bu başına gedir, hərdən pəncərənin qabağında ayaq saxlayıb fərəhlə İsmailiyyə binasına tamaşa edirdi. Qardaşını görəndə sevindi, birinci sözü bu oldu:

– Xəbərin var, Mirzə Cəlil Bakıdadır. “Ölülər”i tamaşaya qoymağa gəlib.

– Hə, bilirəm, dünən teatrda danışırdılar. Deyirlər, bir aya hazırlayacaqlar.

Seyid Hüseyn qardaşı ilə yan-yana divanda oturdu.

– Evdə nə var, uşaqlar necədir?

– Salamatlıqdır – Mirpaşa özünü toplayıb qətiyyətlə, ciddi sü-rətə dedi – bura bax, bu gün məni sənin yanına xüsusi bir məsələni öyrənməkdən ötrü bacın göndərib. Xahiş edirəm, bu sualıma dəqiq cavab ver: nə vaxt evlənəcəksən?

Seyid Hüseyn gözləmədiyi bu qəfil sualdan özünü itirdi, haçandan-haçana dilləndi:

– Mən nə bilim nə vaxt evlənəcəyəm? Bunu qabaqcadan bilmək olar?

– Lap yaxşı olar. Birdəfəlik qərara gəlmək lazımdır – Mirpaşa güldü. – Bircəbacı demişkən, axı səndən sonra gərək mən də evlənəm, yaş keçir… – o bir qədər susub ehtiyatla soruşdu – Ümgülsümü görüb tanış ola bildin?

Seyid Hüseyn qardaşının da bu məsələ ilə maraqlandığını görüb gülümsədi;

– Gördüm, – dedi, – “Qurtuluş”un müsabiqəsində, qaliblərə mükafat verəndə gördüm. Demə Məmmədəlinin bacısı imiş. Redaksiyaya da qardaşı ilə gəlmişdi.

– Necə qızdır? Özü də şerləri kimi yaxşıdır, yoxsa kifirin biridir?

– Pis deyil… Ortaboylu, utancaq bir qızdır. Cavid əfəndi onları tanıyır.

– Tanıyır, lap yaxşı. İndi nə deyirsən? Gedim Bircəbacını sevindirim? Deyim ki, qərara gəlmisən, evlənirsən?

– Əşi, bir dayan görək, elə bil mənim qərara gəlməyimlə iş bitir… Bəs qızın fikrini bilmək lazım deyil? Bəkə onun məndən xoşu gəlməyəcək, ya bəlkə, nişanlıdır?

– Qardaş, demirsən Cavid əfəndi tanıyır, soruş ondan də… Gör nişanlıdır, ya yox? Burda nə çətin iş var ki? İstəyirsən, mən soruşum?

– Lazım deyil, mən bilən nişanlı olsaydı Cavid Əfəndi deyərdi.

– Yaxşı də, daha nəyi gözləyirsən? Qoy Bircəbacıya deyim, gedib soruş-yetiş eləsin, sonra da yığışıb elçi getsinlər. Verərlər, lap yaxşı, verməzlər, onda sən də işini bilərsən, nə çoxdur Bakıda qız, o olmasın, bir başqası olsun. Seçərsən, bəyənərsən, alarsan. Nə vaxtacan yubadacaqsan bu evlənməyi?

Внимание! Это не конец книги.

Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!

Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 10 11
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации