Электронная библиотека » Qumral Sadıqzadə » » онлайн чтение - страница 9

Текст книги "Son mənzili Xəzər oldu "


  • Текст добавлен: 28 октября 2022, 20:42


Автор книги: Qumral Sadıqzadə


Жанр: Биографии и Мемуары, Публицистика


сообщить о неприемлемом содержимом

Текущая страница: 9 (всего у книги 33 страниц) [доступный отрывок для чтения: 11 страниц]

Шрифт:
- 100% +

Ağa Kazım atalığının son günlərinin sakit keçməsi, bu xoşagəlməz söz-söhbəti, mübahisəni eşitməməsi üçün müavinlərin, kontor işçilərinin köməyilə qohumları birtəhər evdən çıxara bildi. Ancaq ertəsi gün onlar yenə də iki-bir, üç-bir gəlib evdəkilərlə mübahisə edirlər, onların zəhləsini tökürdülər.

Hacının vəziyyəti ağırlaşdıqca evə gələn adamların sayı da artırdı. Hadisədən xəbər tutan ən uzaq qohumlar belə bura gəlməyə tələsirdilər. Elə bil qorxurdular ki, hər şey talan olacaq, onlara heç nə qalmayacaq.

Belə vəziyyətdə Ağa Kazım ailəsini başsız qoyub heç yana gedə bilməzdi. Odur ki, xaricə səyahətini təxirə saldı.

Hacı Hacıbabanın vəfat edən gün, heç ölü yerdən götürülməmiş, ev sahibəsinin matəmindən, onların başqarışıqlığından istifadə edən uzaq qohumlar açıq-aşkar evi talan etməyə baladılar. Hərə əlinə gələni – komodların, sobaların üstünə düzülmüş bahalı bəzək əşyalarını zərif büllur qabları, divan, kürsü örtdüklərini, divarlardan asılmış rəsm əsərlərini, xalçaları, ipək, məxmər pərdələrə kimi çıxardıb aparırdı. Həyalarını itirmiş acgöz adamlar otaqları tamamilə soyandan sonra mətbəxə keçib ordakı mismisəni, samovar, qazan və aşsüzəni belə daşıyıb aparmaqdan çəkinmədilər. Hətta onların arasında kabab manqalının külünü boşaldıb aparanlar da vardı.

Hacı dəfn ediləndən sonra verilən cümə axşamlarında məclisə toplaşanlar arasındakı söhbət məhz vərəsəlikdən, mərhumun düz hərəkət eləmədiyindən gedirdi. Əsasən, tacir tayfasından ibarət olan məclis əhli var-dövlətin kasıblara, dul və yetimlərə xərclənməsinə razı ola bilmirdi.

Vəsiyyəti dinləyib imza qoyan on dörd nəfərin içərisində də, qanuni qohumlar ola-ola bu böyük mirasın kasıb-kusuba paylanmasının əleyhinə olanlar vardı. Beləliklə, bu on dörd nəfər iki cəbhəyə ayrılmışdı. Vəsiyyətin müqəddəs olduğunu, xəstə kişinin son arzusunu yerinə yetirməyi özünə borc bilən birinci cəbhədə Kəblə Ələkbər, Seyid Hüseyn, Ağa Kazım, Hacı Rəsul, Məmmədbağır, Şərəbanı və Törə xanım, yerdə qalanlar isə ikinci cəbhədə idilər. İkinci cəbhə, kasıblar üçün ayrılan payı Hacının bacı uşaqları və xala-bibi nəvələri arasında bölüşdürməyi təklif edirdi.

Əsl mərəkə Hacının qırxı veriləndən sonra başladı. Hacı İbrahim əmioğlu Ağa Kazımın kontorunda oturub ağzı köpüklənə-köpüklənə deyirdi:

– Rəhmətliyin uşaqları, siz də nə qoyub, nə axtarırsız?! Nə bilim vəsiyyət müqəddəsdir, ona əməl etməmək… Heç Rəhmətlik axır vaxtlarda ağlını bir az itirmişdi. Əvvəlki sağlam vaxtı olsaydı, o, heç belə eləyərdi?

Ağa Kazım ona etiraz etdi:

– Əmioğlu, yadından çıxmasın ki, bu rəsmi sənəddir, iki ay bundan qabaq vəsiyyətnamə tərtib olunanda aramızda vəkil də vardı, Hacının dostlarının biri vəkil kimi dəvət olunmuşdu. Ona görə də indi sübut edə bilməzsən ki, rəhmətlik Hacının ağlı başında deyildi, özü də sən yaxşı bilirsən ki, onun ağlı əvvəlki kimiydi. Yetimlərə paylamaq söhbətini o bir-iki il bundan qabaq da eləmişdi. İstəyirsən anamdan soruş, onun yanında olub bu söhbət…

Haci İbrahim əl çəkmək istəmədi.

– Əşi, nə vəsiyyət ey! Ölü öldü, vəsiyyəti də öldü! Heç insafdandır ki, o qədər pulu havayı yerə əlindən verəsən, getsin? Özü də kimə, kimə, yad-biganə yetim-yesirə!…

İş o yerə çatdı ki, vəsiyyətə qol çəkən şəhərin bu hörmətli ağsaqqal kişiləri hər dəfə görüşəndə vərəsə haqqında uzun-uzadı mübahisə etməklə kifayətlənməyib bir-birilərinə nalayiq sözlər dedilər, hətta əl qaldırdılar.

Günlər keçir, iki cəbhə arasındakı rəqabət daha da güclənirdi. Vəsiyyətnamənin dəqiq yerinə yetirilməsinə dəqiq nəzarət edən Kəblə Ələkbərgil belə vəziyyətdə hələlik vərəsə haqqında heç bir göstəriş verə bilmirdilər.

Mirasın mübahisəli olmayan hissəsi artıq dəqiq təyin edilmiş və bölüşdürülmüşdü. Tikiləcək karvansaralar, dul və yetimlərə paylanacaq məbləğ hələlik bankda toxunulmaz saxlanılırdı.

Seyid Hüseyn Hacı Hacıbabanın vəsiyyətini dinlədiyi gündən xəstə kişiyə hörməti birə-min artmışdı. O, heç təsəvvür edə bilməzdi ki, Hacı dövlətinin tən yarısını kasıblara, evsiz-eşiksizlərə bağışlaya bilər. Həmin gündən etibarən Seyid Hüseyn bekar vaxtlarında Hacının vəsiyyət etdiyi pulu necə, hara xərcləmək barədə planlar qururdu. Vəsiyyətnamədə söhbət pulsuz karvansaralardan, dul qadınlardan, yetimlərdən gedirdi. Onun fikrindən keçirdi ki, əgər bu pulla yetim uşaqlar üçün bir neçə sinifli əməlli-başlı məktəb də tikilsə, yəqin ki, bundan mərhum Hacının ruhu inciməzdi.

Vərəsə üstündə qohumlar arasındakı mübahisə Seyid Hüseynin planlarını alt-üst etmişdi.

Hacının ölümündən altı-yeddi ay sonra, bir gün kimsə Hacı İbrahim əmioğlunu vurub öldürdü. Qatili tapa bilmədilər. Ölənin adamları güman etdilər ki, onu o biri cəbhənin adamlarından biri öldürtdürüb. Beləliklə qohumlar arasında qan düşmənçiliyi başladı. Bu hadisədən üç ay sonra Kəblə Ələkbərin kiçik bacısı Nurşərəfin əri Hacı Rəsul əmioğlunu da gecə bağda yatdığı yerdə güllə ilə vurdular.

Bu düşmənçiliyə son qoymaq lazımdı. Hacının bacısı, xala oğlanları öz fikirlərindən dönmür, necə olur-olsun bankdakı pulu ələ keçirmək istəyirdilər. Kəblə Ələkbər işi məhkəməyə verməyi qərara aldı.

* * *

1914-cü ilin bağ mövsümünə az qalmışdı. Bu gün Rübabə xanım xəbər göndərib Şərəbanı xanımı evinə məsləhətə çağırmışdı. Maxviretin ərə getmək məsələsini həll etmək istəyirdi. Axır vaxtlar elçilərin biri gəlib, biri gedirdi. Qonşu Püstəbacıdan başqa Cuud Zeynallılardan hoppataramlardan, bığ Mirzağagildən4 də elçilər gəlirdi. Rübabə xanım belə qərara gəlmişdi ki, bağa köçməmişdən qabaq elçilərdən birinə “hə” cavabı verməkdən ötrü mütləq baldızı ilə məsləhətləşməlidir.

Günortaya yaxın Şərəbanı xanım gəldi, qardaşı qızını çağırıb onunla ikilikdə söhbət elədi:

– Qızım, belə olmaz. Nə vaxtacan hər gələnə “yox” deyəcəksən? Bacılarından artıqsan? Gördün, onlar heç kimi incitmədilər. Biz deyənə qulaq asdılar. Oturub un çuvalına tay olmayacaqsan ki? Heç bilirsən neçə yaşın var? On yeddi! Mən bu yaşda olanda iki uşaq anası idim. Mən heç nə bilmirəm, bu dəfə kim qapıya gəldi “həri”vü verəcəyəm.

Maxviret bibisinə bir söz deməyib ağlamağa başladı, dəhlizə keçdi. Bu vaxt Püstəbacı içəri girdi. Rübabə xanım Ələkbərlə, Seyid Hüseynlə Püstəbacı barədə söhbət edib qəti qərar gələndən sonra ona ciddi surətdə rədd cavabı vermişdi. Ancaq arvad yenə də gəlirdi. İndi də Şərəbanı ilə danışmaq üçün gəlmişdi.

– Ay Şərəbanı xanım, – dedi, – sən bir ağıllı arvadsan, de görüm, nə vaxtacan məni incidəcəksiz hə? Gör neçə ildir bu qapıya Maxviret üçün gəlirəm, bir söz deyin mənə, xətircəm olum də…

– Püstəbacı, acığın gəlməsin, istiyirsən gəlmə, sənə hələ iki il bundan qabaq deyilib ki, qız istəmir, zorla deyil ki?

– Əşi, qızın sözüylə oturub-duracaqsız?

– Ya qızın sözü olsun, ya atasının. O da razı deyil…

Püstəbacı bu sözlərdən sonra da durub getmədi, oturub özünü, oğlunu təriflədi. Bu vaxt küçə qapısından səs eşidildi:

– Kəblə Ələkbərin evi burdadır?

Həyətdə qazan sürtən Gülnisə qapıya çıxdı.

– Bəli, burdadır, buyurun içəri, – dedi.

Üç-dörd nəfər yaxşı geyinmiş arvad şüşəbəndə çıxıb, əvvəlcə dəhlizin qapısından boylanan Maxvireti qucaqlayıb öpdülər, sonra səsə bayıra çıxan Rübabə ilə görüşüb böyük otağa keçdilər.

Maxviret gələnləri tanıdı. Arvadlardan biri, bibisigildə, məhərrəmlikdə tanış olduğu Mələksima xanım idi. O, hiss etdi ki, bu evə birinci dəfə qədəm qoyan qohumu elçiliyə gəlmişdir, ona görə də sevindi. Bu gün gələn arvadlar əvvəlki elçilərdən qat-qat hörmətli və dövlətli idilər. Qız ara qapının yanında dayanıb otaqdakı söz-söhbətə qeyri-ixtiyari qulaq asdı. Hələ söhbət ümumi idi.

Arvadlar otağın yuxarı başında qatarla oturmuşdular: otaqda bibisi, sağ tərəfində Mələksima xanım, yanında qızı Seyid xanım, şəhər qonşuları Kəblə Gülsümxanım və Mələksimanın qulluqçusu. Bibisinin solunda Rübabə, Püstəbacı.

Mələksima söhbət əsnasında üzünü baldızı qızına tutdu: – Deyirəm ki, ay Şərəbanı, kişinin ili çıxdı, daha yas saxlamağın nə mənası? Böyük oğlanı – Mirnağını rəhmətlik öz sağlığında evləndirdi, indi şükür allaha, iki uşağı da var. Amma Mirhəbibin başını bir yerə çəm eləyə bilmədi. İndi bu çətin iş düşüb mənim boynuma. Bir yaxşı, halalsüdəmmiş qız axtarıram, onu evləndirim, sonra daha rahat olum…Bilirsən, nə qədər rəhmətlik sağdı, bütün işlər onun əlindəydi, gəlirimiz də yaxşıydı. O, işini bilirdi. Amma indi görürəm, uşaqlar çox fərli deyillər. Yenə Mirnağı yaxşıdr, işi də bilir, bədxərclik də eləmir. Amma bu saqqalı ağarmış Mirhəbibin iş-gücü elə gəzməkdir. Ursiyyətdə bir şəhər qalmayıb ki, gedib gəzməsin. Peterburqdan vurub Moskvadan çıxır, ordan gəlib nə bilim Kiyevə gedir, pulları səpələyir yollara. Mağul evləndirsəydim, qaxılıb oturardı arvadının yanında, işinin qulpundan möhkəm yapışardı.

Şərəbanı da onunla razılaşdı:

– Oğlan uşağının ki, yaşı iyirmiyə çatdı, gərək əl-ayağını bir yerə bağlayasan. Götür elə mənim Ağa Kazımımı, nə qədər ki, subaydı, gündə bir hoqqa çıxardırdı. Gah Peterburqda hansı knyazınsa məşhur atını aldırırdı, gətirirdi, gah Ursiyyət inəyi sifariş edirdi, bir-iki həftə başını qarışdırırdı, sonra yadından çıxırdı, başqa məşğuliyyət tapırdı özüçün, at da, inək də qalırdı mənim üstümdə, bilmirdik onları neynəyək… Elə ki, gəlin gətirdim, işim düzəldi, indi əvvəlki kimi deyil, indi arvad-uşağının dərd-səri ilə məşğuldur.

Qonaqlar bir az da oğul-uşaqdan söhbət edib ayağa durdular. Rübabə xanım Əlini fayton çağırmağa göndərdi.

Ertəsi gün Mələksimanın qızı Seyidxanım qulluqçusu ilə gəlib təklikdə Maxviretlə xeyli söhbət etdi. Qardaşını təriflədi. Mirhəbib doğurdan da tərifəlayiq oğlandı. Boylu-buxunlu, bığıburma, iyirmi beş yaşında bir cavandı. Səxavətli, ağıllıydı, şən və üzügülərdi. Xarici moda ilə geyinir, o vaxt dəbdə olan qızıl şirbaşlı, naxışlı əl ağacından da gəzdirirdi. Onların Balaxanıda çoxlu neft quyuları, yaxşı mülkləri vardı. Şəhərdə də Bazar küçəsində – indiki Əzizbəyov adına Azərbaycan Dövlət Dram teatrının yerində üçmərtəbəli böyük evləri vardı.

Mirhəbibin atası Seyid Əhməd hündürboylu, ağüzlü nurani bir kişi idi. Xeyirxah və mehribandı. Əyninə ağ ləbbadə geyər, başına əmmamə qoyardı. Əsasən, Balaxanıda yaşadıqları üçün Kəblə Ələkbərgillə yaxın əlaqələri yoxdu. Ona görə də qızlar atalarının dayısı arvadını və qızını üzdən yaxşı tanımırdılar. Seyid Əhməd oğlanlarını da, yeganə qızını da oxutdurmuşdu.

Maxviret Mirhəbibi görüb tanımasa da, sorağını atasından, Seyid Hüseyn və Mirpaşadan eşitmişdi. İndi Seyidxanım hər gün onlara gəlir, gələcək gəlinləri ilə uzun-uzadı söhbət edir, öz ailəsi, qardaşları barədə qıza ətraflı məlumat verirdi. Gün-gündən aralarındakı ünsiyyət artırdı. Hər dəfə gələndə qulluqçusu əlində müxtəlif hədiyyələr – bahalı çarşab tikili paltar, bəzək şeyləri, şirniyyat və s. gətrirdi.

Bir neçə gündən sonra Maxviretin “həri”sini verib bağa köçdülər. İki-üç həftə sonra Şüvəlana xəbər çatdı ki, Maxviretin gələcək qaynanası Mələksima xanım ürəkkeçməsindən qəflətən vəfat edib…

* * *

1914-cü ilin yayında “İqbal” qəzetinin tətilindən (bir-iki ay müddətinə müvəqqəti bağlanmasından) istifadə edərək Seyid Hüseyn də bağa, istirahət etməyə gəldi.

Səhər Kəblə Ələkbərlə birlikdə böyük tut ağacının altında oturub çayını içmişdi. İndi də Mirpaşanın şəhərdən gəlməsini gözləyirdi. Bu gün cümə idi. Qardaşı dünənə söz vermişdi, ancaq nə üçünsə gəlib çıxmamışdı.

Vaxtı öldürmək üçün o bağın içərilərinə, meynəliklərə tərəf getdi. Bir-iki salxım tez yetişən kişmiş dərdi. Üzümü yumaq üçün hərlənib quyu üstünə gəldi. Burada meynələrin üstünə paltar sərmişdilər. O, günün altında dayanıb yaşıl yarpaqların üstündə ağaran bu mənzərəyə xeyli tamaşa etdi: “Əcəb yaxşı üsul tapıblar paltar qurutmağa…”

Gülnisə tumanının balağını belinə sancıb quyunun yanındakı iri yastı daşın üstündə paltar yuyurdu. Daşın yanında bir yığın çirkli paltar, islanmış ağ gilabı və bir vedrə su vardı. O, vedrəni əyib paltarları daşın üstündə isladır, sonra üstünə bir ovuc gilabı yaxıb onu daşa sürtür, çəngələyirdi. Seyid Hüseynin əlində üzüm, dayanıb ona baxdığını görəndə cəld balaqlarını aşağı salıb ayağa qalxdı.

– Ağa, ver mən yuyum, – deyə salxımları ondan almaq istədi.

– Sən işində ol, özüm yuyaram, – deyib üzümü qoymağa yer axtardı. Gülnisə əlini yaxalayıb üzümləri ondan aldı. Seyid Hüseyn quyudan su çəkmək üçün vedrəni salladı.

– Ağa, budur, vedrələr doludur, niyə zəhmət çəkirsən? Sən get, bu saat yuyub gətirərəm.

Seyid Hüseyn dolu vedrəni daşın yanına gətirib dedi:

– Mən qarağacın altındayam…

Bir azdan Gülnisə bir əlində balaca xalça, o biri əlində yuyulmuş bir nimçə üzüm gəldi, xalçanı qarağacın altına saldı, üzümü qoyub otaqdan bir mütəkkə də gətirdi.

– Al, ağa, dirsəklən, – dedi.

– Çox sağ ol, Gülnisə.

Seyid Hüseyn mütəkkəyə söykənib kişmiş yeyir, keçən yaydan bəri gördüyü işləri bir-bir yadına salırdı.

Keçən il may ayında “Səfa” cəmiyyəti Nəcəf bəy Vəzirovun teatr və ədəbiyyat aləmində xidmətinin qırxillik yubileyini keçirmək qərarına gəlmişdi. Yubiley şərəfinə ona da iş tapşırmışdılar. Dramaturqun mükəmməl tərcümeyi-halını yazmalı və onun “Əkinçi” qəzetində çap olunmuş bütün məqalələrni toplayıb kitabça şəklində çap etdirməli idi. O, böyük həvəslə bu işə girişdi. Yazıçı ilə görüşüb tərcümeyi-halını öyrəndi, məqalələrini toplayıb çap etdirdi. Bundan başqa cəmiyyət üzvləri ilə birlikdə “Hacı Qəmbər” pyesini tamaşaya hazırladı. Nəhayət, noyabrın 15-də böyük təntənə ilə yubley şənliyi keçirildi və bu günün şərəfinə dörd min manata yaxın ianə toplandı. Bu pullar çoxdan bəri “Səfa”nın açmaq istədiyi sənət məktəbinə sərf olundu.

Vəzirovun yubileyindən başqa böyük Sabirin vəfatının ikinci ildönümü münasibətilə məqalə yazıb iyulun 12-də “İqbal”da çap etdirdi. O, çox təəssüf edirdi ki, şair sağ ikən öz əsərlərini kitab halında görə bilmədi. Onun birinci kitabı vəfatından bir il sonra ianə toplamaqla çap olunmuşdu. İkinci kitabını da nəşr etmək üçün bütün ziyalılar çalışırdılar. Seyid Hüseyn məqaləsində yazdığı sözləri xatırladı: “… Sabirin əsərləri çap edilməlidir. Ailəsinin məişəti təmin edilməlidir, məqbərəsi üzərində bir nişangah qoyulmalıdır. …Bu iki ildə yalnız bir “Hophopnamə”si çap edildi. Onun başqa şeirləri ağzı bağlı qalmışdır. Halbuki bunların nəşri cəmaətimizə, onu oxuyub bilmək üçün lazım olduğu kimi, onunla ailəsinin məişəti də bir qədər təmin edilmiş olar. Bunlar üçün lazım olan məbləği enliqurşaq hacılarımız verməyəcək. Bu məbləğ həvəsli və Sabiri sevən cavanlarımızın hümmət və qeyrəti ilə cəm edilə bilər.

…Bakı şəhəri və Bakı ziyalıları ki, Sabirin əsərlərinin çapı üçün ianə toplamaq onlar üçün ən asan bir işdir, bu yolda, bu iki ilin müddətində nələr ediblər? Bu yolda hansı teatr tamaşaları göstərildi?

Qafqazın paytaxtı Tiflis şəhərinin cavanları ən işlək cavanlardır, Hümmət vaxtı qonşuları olan erməni və gürcülərin maarifi yolunda böyük işlər görmüşlər, Sabir üçün görək onlar nə edəcəklər? Gəncə şəhərinin ziyalıları bu yolda görək nələr edəcəklər? Şamaxı şəhərinin cavanlarının bu yolda çalışacaqları başqalarından artıq olmalıdır. Çünki Sabir əfəndi Şamaxıda doğulmuş və Şamaxıda dəfn olunmuşdur.

… Bu gün hər qəsəbə və şəhər özünə nisbətən hümmət və qeyrət göstərsə, Sabir əfəndinin həm kitabları çap edilər, həm də məqbərəsi tikilib, ailəsinin məişəti təmin edilmiş olar.

Bununla bərabər Sabir əfəndinin özünəməxsus olan şeyləri bizdən ötrü qiymətli olmalıdır. Onun qələmindən tutmuş əlbi-səsinə kimi, nə qədər əşyası varsa, məhv və tələf edilməyib saxlanmalıdır ki, vaxtilə onlar ələ düşməz.

Bir dəfə mülahizə edilməlidir ki, Sabirin qədri bilinməyincə bəs kimin qədri bilinəcəkdir?

Sabirin kitabının çapı ilə əlaqədar, başqa ziyalılar da qəzetlərdə çıxış etdilər, ancaq təəssüf ki, lazım olan məbləğ eldə edilmədi. Bu, Seyid Hüseyni son dərəcə kədərləndirdi. “Zənbur”un redaksiyasında Sabir əfəndi ilə olan söhbət, yaşıl qovluq yadına düşdü. Rəhmətlik Sabir özü sağ ikən kitabını nəşr etdirməyi çox arzulayırdı. O vaxt Seyid Hüseyn belə hesab etmişdi ki, ianə toplamaqla şairin bu arzusunu həyata keçirmək mümkündür. İndi təəssüflə hiss edirdi ki, Sabirin sağlığında mümkün olmayan iş, o öləndən iki il sonra da çox çətinliklə başa gəlir.

Bu ilin yanvarında Seyid Hüseyn şəhərin adlı-sanlı ziyalıları ilə – Mahmudbəy Mahmudbəyov və Mehdibəy Hacınski ilə bərabər “İqbal” səhifələrində çıxış etməyi qərara aldı. Onların “Hümmət lazımdır” adlı məqaləsində deyilirdi: “Mərhum Sabirin “Hophopnamə”sinin birinci hissəsi Hümmətli vətəndaş-larımızın ianəsilə çap olundu. İndi Sabirin tamam əsərləri çap olunur. Bu iki yüz səhifəlik kitabda mərhumun öz şəkli və şeirlərinə çəkilmiş rəngli rəsmlər də olacaq. Təkcə rəsmlərin xərci 600 manatdan artıqdır. Tamam çap xərci təxminən 1300 manat tutacaq. İndiyədək bir az ianə cəm olmuşdur. Ancaq bu kifayət etməyəcək. İşdə yenə hümmət lazımdır. Hümmətli millətdaşlar! Müqtədir şairlərimiz az olmayıb. Lakin bu gün, milli şairimiz təkcə Sabirin əsərlərində məişətimizin, nöqsanımızın nə olduğunu görə bilərik. Bu əsərlər varlığımızın aynasıdır, bu əsərlər bizə doğru rəhbərdir. Belə böyük milli şairin əsərlərinin çap olunub “el malı” olmasına hümmət elədiniz! Azmı, çoxmu, hər kəs öz küncünə görə bu çapa verdiyi ianənin Sabirə, Sabirin ailəsinə deyil, tamam millətə edir. Bu ianənin təşəkkürünü nəinki millət fərdləri, bəlkə, bizdən sonra gələn övladlarımız da edəcək”.

Bu müraciəti qəzetdə oxuyandan sonra Sabirin şeirlərini əzbərdən bilən Rübabə xanım da on manat ianə vermişdi. Bundan xəbər tutan Mirpaşa bir dəfə qışda bacısına demişdi:

– Bircəbacı, səndən bilirsən nə yaxşı təbliğatçı çıxar? Qohum-əqrəbamızın arvadları, qızları arasında Sabirin şeirlərindən oxuyub onlara sevdirsən, pis olmazdı. Sonra da xahiş eləyərdin hərəsi, heç olmasa, iki-üç manat verərdi, o da qənimətdir. Sən bir yadına sal, bu yaxınlarda toya, nişana getməyəcəksən? Sabir haqqında təbliğatı belə yerlərdə aparmaq olardı…

– Heyif ki, bu yaxınlarda sən dediyin məclislərdən olmayacaq. Amma yaxın qohumlardan məclissiz də xahiş etmək olar – deyə Rübabə də Sabirin kitabının çapı üçün həvəslə işə başlamaq istəmişdi.

Seyid Hüseyn qışda olan bu söhbəti xatırlayıb gülümsədi. Doğrudan da, Mirpaşanın təklifi baş tutmuşdu. Bacı-qardaş 50 manata yaxın yığmaq niyyətindəydilər, amma təkcə Şərəbanı ilə gəlini Törə xanımın verdikləri ianə 50 manatdı.

Lakin bütün bu cidd-cəhdlərə baxmayaraq cəmisi 500 manata qədər pul yığıldı. Bu pulu İsabəy Aşurbəylinin icarə etdiyi “Kaspi” mətbəəsinə verib 3000 nüsxə üçün müqavilə bağladılar. Kitablar çap olunduqdan sonra məlum oldu ki, onlar mətbəəyə 700 manat borcludurlar. Komissiya təşkil edildi, belə bir təklif irəli sürüldü: mətbəə kitabları tədriclə buraxsın, onları satdırıb borclarını ödəsinlər. Mətbəə buna razı olmadı, qarşıya tələb qoydu: borc bir aya kimi ödənilməsə, o bütün kitabları müqaviləyə əsasən özü üçün götürəcəkdir.

Seyid Hüseyngil Orucov qardaşlarına müraciət edib kitabları bir yerdə almağı təklif etdilər. Təklif qəbul olundu, kitablar 1500 manata Orucovun qardaşlarına satıldı. Orucovlar bu puldan 700 manat mətbəənin borcunu verməli, qalanını tədriclə, kitablar satıldıqca Sabirin ailəsinə göndərməli idilər.

1913-cü ilin sentyabrında Seyid Hüseyn gündəlik “İqbal” qəzetinə baş redaktor təyin olundu. Qəzet əvvəlki nömrələrinə nisbətən daha maraqlı, daha məzmunlu çıxmağa başladı. Oxucuların sayı artdı. İndi “İqbal”ın səhifələrində doktor N.Nərimanov, türk kommunisti Mustafa Sübhinin, inqilabçı Mirhəsən Vəzirovun, yazıçılardan Tofiq Fikrətin, L.Tolstoyun, M.Qorkinin, Dostoyevskinin, R.Taqorun, Məhəmməd Hadinin, Hüseyn Cavidin, Abdulla Şaiqin, Tağı Şahbazinin, Abbas Səhhətin, Əli Nəzminin, Y.V.Çəmənzəminlinin və başqa təzə yazmağa başlayan gənclərin əsərlərinə geniş yer verilirdi. Axı Seyid Hüseynin öz planları, arzuları vardı… Hələ iki il bundan əvvəl o, “Mizan” adlı gündəlik qəzet nəşr etmək istəyirdi. Hökumətdən icazə də almışdı, buraxacağı qəzetin proqramı da məlumdu: Hökumət xəbərləri, daxili və xarici xəbərlər. Məktublar, felyetonlar, iqtisadi-ictimai, ədəbi, siyasi və elmi məqalələr, qadınlar üçün yumoristik və ədəbi-bədii əlavələr…

Maddi cəhətdən çətinlik çəkdiyinə görə o bu qəzeti çıxartmağa müvəffəq olmamışdı. İndi “İqbal”da həmin geniş proqramı mümkün qədər həyata keçirməyə cəhd edirdi.

… Günortaya az qalmış, nəhayət, Mirpaşa iki yoldaşı ilə gəlib çıxdı. Onlardan birini Seyid Hüseyn “Səfa” cəmiyyətindən tanıyırdı, Mirpaşa kimi həvəskar artist Əlislam Dadaşov idi. O birini tanımırdı. İkinci qonaq yaşca onlardan xeyli böyük, ortaboylu, kök bir kişi idi. Mirpaşa onu qardaşına belə təqdim etdi:

–Tanış ol, Əlislamın qohumlarından şamaxılı Əlibəydir. Əlibəy onun əlini möhkəm sıxdı:

– Sizinlə şəxsən tanış olmaq mənim çoxdankı arzum idi. Əlislamın bura, sizin yanınıza gələcəyini bildikdə, üzlülüyümə salıb ona qoşuldum. Gərək məni bağışlayasız, çağrılmamış qonağam.

– Bu nə sözdür, xoş gəlmisiz, buyurun evə – deyə – Seyid Hüseyn qonaqlarla bərabər sıra ilə yan-yana tikilmiş beş otağın sağ tərəfdən birincisinə keçdi.

Bu otaq sərindi. Qapı-pəncərəsi üç tərəfə açılırdı. Yuxarı başdakı pəncərələr, dumduru suyu xəfifcə titrəyən böyük hovuza baxırdı.

Əli xalçanın üstünə döşəkçələr salıb mütəkkələr qoydu, çay gətirməyə getdi. Kəblə Ələkbər də gəlib qonaqlarla görüşdü, qapı tərəfdə oturdu.

– Paşa, biz səni dünən gözləyirdik, niyə belə gec gəldiz?

– İşim çox oldu, Kəbleyi, gec qurtardım, axşam vaxtı gəlmək istəmədim.

– Şəhərdə təzə nə xəbər var? Biz Seyid Hüseynlə on gündür oturmuşuq burda, neçə gündür heç qəzet-zad da almırıq.

– Təzə xəbər var, Kəbleyi, özü də mühüm xəbər. Dava başlayıb!

– Nə deyirsən əşi? Harda?

– Harda olacaq, Rusiyada!

Seyid Hüseyn dedi:

– Kəbleyi, burada təəccüblü bir şey yoxdur. Hamıya məlumdur ki, gec-tez müharibə olmalı idi. Axır illərin hadisələri bunu göstərirdi. Avropada bir-birinə düşmən olan iki cəbhə çoxdan yaranmışdı.

– A kişi, Avropanın bizə nə dəxli?

Əlislam da söhbətə qoşuldu:

– Kəbleyi, Rusiya da bu cəbhələrdən birindədir də!

Kəblə Ələkbər üzünü Mirpaşaya tutdu:

– Bir sən məni yaxşı-yaxşı başa sal görüm, Rusiya nöşün gedib Avropa cəbhəsinə qoşulub?

– Bu saat başa salım, Kəbleyi. Bax, Avropada ən güclü ölkə Almaniya ilə İngiltərədir. Almaniyanın Rusiyada, lap elə bizim Azərbaycanda çoxdan gözü var, bizim neftimiz üçün sino gedir. Neçə ildir bəzi ölkələri öz tərəfinə çəkir. Hələ iyirmi il bundan qabaq Avstriya-Macarıstanla, İtaliya ilə ittifaq bağlamışdı. Bunu görəndə Fransa da Rusiya ilə ittifaq bağladı. Bu yandan da ikinci güclü ölkə olan İngiltərə qorxdu ki, Almaniya bütün dünyada hökmran ola bilər, ona görə o da Fransa ilə birləşdi. Eşitmiş olarsan, bu sazişə “Antanta” deyirlər…

– Hə, onu eşitmişəm.

– Deməli, Rusiya əvvəldən Fransanın tərəfində olduğundan o da Antantaya qoşuldu. İndi, iyulun 15-də serblər Avstriya-Macarıstanın şahzadəsi Frans Ferdinandı nə üstündəsə öldürüblər. Bu da müharibəyə başlamağa bir bəhanə olub. Almaniyanın təziqiylə Avstriya-Macarıstan elə şahzadənin öldürüldüyü gün Serbiyaya müharibə elan edib. Rusiya Serbiya ilə də dostdur, ona görə də səfərbərlik elan edib. Bir neçə gün bundan qabaq Almaniya ilə Avstriya-Macarıstan Rusiya ilə müharibəyə başlayıb. İngiltərə də bu yandan Almaniyaya qarşı davaya başlayıb…

– Daha kim qaldı? Deyinən indi bütün ölkələr başlayacaqlar bir-birini qırmağa da..

– Elə çıxır, Kəbleyi. Qonşumuz Türkiyə də almanlara tərəfdir. Əgər o da müharibəyə qoşulsa, bizim işimiz heç yaxşı olmayacaq.

– Hə… görəcək günlərimiz dalda imiş! Vəbadan, yatalaqdan canımız qurtarmışdı, indi də başımızın üstünü dava aldı…

Əli süfrə saldı, samovar gətirdi, çay içməyə başladılar. Kəblə Ələkbər bir az da oturub cavanların söhbətinə qulaq asdı, sonra eşitdiyi müharibə xəbərini Rübabə xanıma deməyə getdi.

Mirpaşa şəhərdən bir toxmaq alıb gətirmişdi. Onu sınamaq üçün çaydan sonra tut ağacının altına getdilər.

Şüvəlan bağındakı bu ağac çox böyükdür. Budaqları nəhəng çətir kimi əyilib hər tərəfdən yerə dəyirdi. Qonşu həyətlərin tutu çoxdan tökülüb qurtarmışdı, ancaq bu ağacın üstündə hələ tut çoxdu. Bəzi illərdə avqustun əvvəllərinə qədər ağac bar verirdi.

Əli iri yelkən gətirdi. Mirpaşa toxmağı göstərib dedi:

– Bax, Əli, bunu xüsusi olaraq səninçün almışam ki, bir də xanımlar səni tut çırpmağa ağaca dırmaşdırmasınlar.

Nökər toxmağı əlinə alıb maraqla baxdı, ağzını büzdü. Onu burub yuxarı atdılar. Toxmaq başlarının üstündə fırlanıb budaqları yaxşıca silkələdi. Ancaq onun ikicə nöqsanı vardı: həm ağacının yarpaqlarını yerə tökdü, həm də tutun yetişmişi ilə kalını ayırd edə bilmirdi. Yelkən tutla tez dolsa da, onu yaxşıca artırmaq, zir-zibildən, kallarından ayırmaq lazım gəldi. Bu iş Əlinin öhdəsinə düşdüyündən, təmizlənmiş tutu boşqablara töküb süfrəyə gətirəndə Mirpaşaya dedi:

– Ağa, çox böyük zəhmət çəkmisən, bu nəmənəni alıb gətirmisən, çox sağ ol! Amma özüm çıxıb budaqları silkələsəydim bundan yaxşı olardı, ağac korlanmazdı.

Mirpaşa güldü:

– Camaat yaxşılığı başa düşmür də, neynəyəsən? – dedi.

Yeməkdən sonra evin kölgə düşən səkisini döşəyib oturdular. Ədəbiyyat məsələlərindən, yeni kitablardan danışırdılar. Söhbət Seyid Əzim Şirvaninin 1912-ci ildə İranda nəşr edilmiş “Pərişan” adlı kitabından gedirdi. Bu kitabda əsasən onun həcvləri cəm olunmuşdu. Bakının bütün tərəqqipərvər ziyalıları kimi Seyid Hüseyn də o cür sənətkarın digər əsərlərinin qalıb, həcvlərinin çap edilməsinə həm heyfslənir, həm də qəzəblənirdi.

– İş gör nə yerə gəlib çıxıb ki, indi bu həcvlərə görə bütün Azərbaycan millətinə pis gözlə baxırdılar. Mən bu yaxınlarda bir nəfərdən eşitdim ki, deyirdi: “Bir millətin ki, şairi Hacı Seyid Əzim ola, onun özü necə olar?”

Təzə gələn qonaq vaxtilə Seyid Əzimin tələbəsi olmuşdu. O da sevimli müəlliminin, hörmətli Şamaxı şairinin dalınca belə sözlər eşitmişdi. Əlibəy başını aşağı salıb dedi:

– Zavallı Seyid Əzimi gör nə günə qoydular, gör necə biyabır elədilər!

Seyid Hüseynin dərdi açıldı.

– Xalq öz milli şairlərini tanımalıdır – dedi. – Yaxşı ki, mərhum Sabirin şeirləri çap olundu. İndi millətimiz onu tanıyır. Ruslar Qoqolu oxuyub sevdikləri kimi hər bir qafqazlı türk də Sabiri oxuyub sevir, şeirlərini əzbərləyir. Seyid Əzimi də Sabir kimi xalqa tanıtmaq lazımdır. …Mən ilk dəfə məktəbə gedəndə bir şeir kitabım vardı. Bu, mərhum Seyid Əzimin çocuqlar üçün yazdığı mənzum hekayələr kitabı idi. Cəmi kitablarımın arasında bu kitabı əziz tutardım. Hətta o vaxt bir çox mənzum hekayələrini əzbərləmişdim də. Qafqazda şair kimi bir Seyid Əzimi tanıyırdım. Sonralar, ikinci kitabında – “Divani-qəzəliyyat”da onun şəklini görəndə xuda şahiddir ki, nə qədər sevindim. O zaman yeganə arzum bu idi ki, oxuduğum üçüncü məktəbdə Qoqolun, Puşkinin və başqa rus yazıçılarının arasında Hacı Seyid Əzimin də şəklini divardan asılmış görüm…

Əlibəy də kövrək xatirələrə daldı, Hacı Seyid Əzimin necə müəllim olmağından, şagirdlərinin onu necə sevdiklərindən danışdı.

– Bir gün biz məktəbə gələndə müəllimimizi görmədik, – dedi. – Saat ona kimi gözlədik, Hacı Seyid Əzim gəlmədi. Nigaran qaldıq, ”bəlkə, xəstədir” deyib mənimlə bir yoldaşımı onun evinə göndərdilər ki, gedib müəllimimizdən bir xəbər tutaq. Biz onun evinə getdik. Otağa daxil olanda müəllimimizin yalnız əyləşərək, başını əli ilə tutub fikrə getdiyini gördük. Bizim gəlməyimizdən xəbər tutmadı. Salam verdik, səsimizə başını qaldıranda onu ağlayan gördük. Nə qədər maraqlansaq da ağlamağının səbəbini soruşmağa cəsarət etmədik məktəbə nə üçün gəlmədiyini sual etdikdə “gedin, gəlirəm” dedi. Qayıdıb əhvalatı yoldaşlarımıza danışdıq.

Bir azdan Hacı Seyid Əzim məktəbə daxil olub, dərsə başladıqda şagirdlərdən Əbdüləhəd adlı birisi irəli çıxıb, evdə nə üçün ağladığını soruşdu. O, əvvəlcə səbəbini demək istəmədi. Sonra hamımızın maraqlandığını görüb dedi:

– Oğlanlarım, budur, neçə ildir ki, çalışıram, bir çox şeirlər və əsərlər yazmışam. Təbiidir ki, bunları cəmaətimizin istifadəsi üçün etdim. İndi baxıb görürəm ki, bunları toplayıb nəşr etməyə iqtidarım yoxdur. Vəfatımdan sonra da onların necə olacağını bilmirəm. Məni ağladan da budur. Siz indi bu sözlərimi başa düşməzsiniz, lakin sonradan nə dediyimi biləcəksiz, – dedi.

Seyid Hüseyn maraqla Əlibəyin dediklərinə qulaq asırdı.

– Deməli, şairin çap olunmalı başqa əsərləri çoxdur? – soruşdu, – görəsən, nə səbəbə onun bu nəşr edilməsi vacib olan şeirlərini bir tərəfə atıb, həcvlərini toplayıblar? Elə bil şairlərin Seyid Əzimlə düşmənçiliyi varmış, nədir? Bəlkə də, öz mənfəətdərini güdmüşlər, çünki həcv kitabları daha tez satılır və daha maraqla oxunur. – Seyid Hüseyn xeyli sonra sözünə davam etdi: – Eşitmişəm ki, kimsə Hacı Seyid Əzimin oğlu Mircəfərə müraciət edib münasib şərtlə atasınıın əsərlərini toplayıb nəşr etməyi arzu etmişdir. Lakin müsbət cavab almamışdır. Bundan başqa Seyid Əzimi sevənlərdən birisi Mircəfərə müraciət edib bir əsərini çap etdirməyi xahiş etmiş, Mircəfərsə razı olmamışdır. Əgər bu doğrudan da, belədirsə, mən çox təəccüb edirəm. Mircəfər bilməlidir ki, Seyid Əzimin vərəsəsi yalnız o deyildir. Atasının əsərlərindən özü nə qədər maddi istifadə edə bilərsə, qafqazlılar da beş o qədər mənəvi istifadə edəcəkdir. Buna görə də Mircəfər cənablarının Seyid Əzimin kitablarını künc-bucaqda saxlamağa ixtiyarı yoxdur. İnsaf deyil ki, Seyid Əzim kimi böyük bir şairi Qafqaz türkləri tanımasınlar. Bunu belə qoymaq olmaz. Qəzet səhifələrində Mircəfərə açıq məktub yazmaq lazım gələcək…

(Yeri gəlmişkən bir qədər irəli gedib demək lazımdır ki, Seyid Hüseyn belə bir məktubu yazdı, dərc etdirdi, iki həftədən sonra Mircəfər Seyidzadədən cavab aldı. Cavabda deyilirdi ki, atasının vəfatından sonra o, maddi cəhətdən vəziyyətinin ağır olmasına baxmayaraq bir neçə dəfə Bakıya, Tiflisə, Təbrizə, Rəştə gedib bu əsərləri çap etdirməyi naşirlərdən xahiş etmişdir, lakin müvəffəq olmamışdır. “Nəhayət, Hacı Zeynalabdin Tağıyev 500 manat ianə verdi və onun təmsillərini Təbrizdə çap etdirdim. …O ki, qaldı mərhumun çap olunmuş həcviyyatına, bu barədə bunu söyləyirəm ki, kimsə məndən izinsiz onları Təbrizdə çap etdirmiş, Qafqazda intişara qoymuşdur. Bu həcviyyatı satan iranlı kitabfüruşla sudda mühakiməmiz oldu, ələ düşən nüsxələri zəbt etdirdim”).

Bu gün axşam Maxvireti gəlin aparacaqdılar. Nisəxanımla Törə xanım gəlinin avadanlığını yerbəyer etmək, evini bəzəmək üçün səhərdən Quba meydanındakı evə getmişdilər. Seyidxanım qulluqçusu və qardaşını masaj edən Varvara ilə günortadan bəri yuxarıda, Rübabə xanımın otağında idi. Onlar içəridən qapını bağlayıb gəlinin üz-gözünü bəzəyir, onu geyindirirdilər. Maxviret otağın ortasında, stulda əyləşib dinməz-söyləməz özünü baldızının və Varvaranın ixtiyarına vermişdi. Taxtın üstünə, stulların başına onun gəlinlik paltarları, duvaq, çarşab və başqa şeylər sərilmişdi. Hərdən Rübabə xanım yuxarı çıxıb qapını döyür, soruşurdu:


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 10 11 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации