Электронная библиотека » Qumral Sadıqzadə » » онлайн чтение - страница 10

Текст книги "Son mənzili Xəzər oldu "


  • Текст добавлен: 28 октября 2022, 20:42


Автор книги: Qumral Sadıqzadə


Жанр: Биографии и Мемуары, Публицистика


сообщить о неприемлемом содержимом

Текущая страница: 10 (всего у книги 33 страниц) [доступный отрывок для чтения: 11 страниц]

Шрифт:
- 100% +

– Hə, işləriniz necə gedir? Çox yubanırsız a…

İşlər yaxşı getmirdi. Gəlin üçün iki dəst paltar tikdirmişdilər. Biri ağ libirtindən milli Azərbaycan paltarı, o biri zərif ağ ipəkdən avropa paltarı. Onların hər ikisi Maxviretə yaxşı yaraşırdı. Milli Azərbaycan tumanını və kənarları zərli baftalı, uzunqol donunu beş gün əvvəl öz toyunda geyinmişdi. İndi baldızı ona o biri paltarı geyindirmək istəyirdi. Amma toy məclisində eşitmişdim ki, Şərəbanı xanım qızın Avropa paltarında gəlin getməsinə razı deyil. Gənc qadın qalmışdı neynəsin? Nə öz istədiyindən dönə bilirdi, nə də qudalarının xətrinə dəymək istəyirdi. Xeyli götür-qoydan sonra taxtın üstündəki uzunqol, çəkili ağ ipək paltarı götürdü.

– Maxviret, gəl bir də bunu gey, bir yaxşı-yaxşı baxaq – dedi.

Varvara paltarı geyməyə qıza kömək etdi. Ayağının üstünə kimi uzanan paltarın beli nazik, ətəkləri qıyqacı kəsilib tikilmişdi. Paltarın qabağı yaxasından tutmuş ta ətəyinə qədər və dövrələmə balaqlarının kənarı bir qarış enində güləbətinlə butalar şəklində çəkilmişdi. Həmin parçadan tikilmiş uzun şərfin uclarında və çarşabının dörd tərəfində eyni naxış təkrar olunurdu.

Varvara arxadan paltarın düymələrini bağlayıb Maxvireti güzgünün qabağına gətirdi, o yan-bu yana fırladıb hər tərəfdən baxdı, razı qaldı. Seyidxanımla rusca danışmağa başladı.

– Belə gözəl paltarı geyməmək ağılsızlıqdır, – dedi, – gör, bunun üstündə nə qədər zəhmət çəkilib? Elə bu naxışları tikməyə azı üç ay vaxt gedib. İndi də geyməsə, bəs nə vaxt geyəcək belə bahalı paltarı?

Seyidxanım da heyran-heyran gəlinə baxır, paltarın onun bədəninə kip dayanmasına, ona necə yaxşı yaraşmasına tamaşa edirdi. Birdən nə fikirləşdisə qulluqçusuna dedi:

– Düş aşağı, Şərəbanı xanıma de ki, zəhmət çəkib bir bura gəlsin.

Bir azdan Şərəbanı pilləkənlə çıxdıqdan təngnəfəs halda içəri girdi və gedib taxtın üstündə əyləşdi. Seyidxanım Maxvireti bibisinin qabağında fırlatdı, sonra çarşabını da qızın başına saldı.

– Ay Şərəbanı xanım, – dedi, – gör bir necə yaraşır bu paltar gəlinimizə? Heç insafdan deyil, üstündə bu qədər zəhmət çəkilmiş bu gözəl paltar belə bir gündə geyilməsin. Həm də çarşab örtəndə heç paltar görünmür. Kim biləcək ki, bu avropa paltarıdır? Deyirəm icazə versəydiz bunu geydirərdik Maxviretə.

Şərəbanı əlini paltarın naxışlarına sürtdü, onun səliqə və zövqlə tikilişinə tamaşa etdi, sonra qardaşı qızını qucaqlayıb alnından öpdü.

– Mən bilmirdim bu paltarın çarşabı da var, – dedi, – elə bilirdim başıaçıq, ya da örpəklə aparmaq istəyirsiniz. Çarşab örtürsə, eybi yoxdur, icazə verirəm, qoy geysin. Doğrudan da, bu paltar Maxviretə yaraşır.

Seyidxanım gülümsəyib razılığını bildirdi. Şərəbanı başqa bəzək şeylərinə də tamaşa edib aşağı düşdü.

Qadınlar yeni həvəslə işlərini davam etdirirlər. Paltar məsələsi həll olunduqdan sonra gəlinin saçlarını darayıb bəzəmək qalırdı. Varvara Maxviretin dünən axşam xına qoyulmuş ağır, uzun hörüklərini açıb daradı, əlində o yan-bu yana hərlədi, başında qızıl sancaqlarla bərkitdi. Seyidxanım taxtın üstündə oturub baxırdı. Belə saç daranışı qızı tamamilə dəyişdirmişdi.

– Yox Varvara, belə yaramaz. Bu boyda saçın üstündə çarşab durmaz, həm də dağılıb tökülər. Elə hörük yaxşıdır, aç, aç…

Varvara sancaqları çıxartdı, təzədən darayıb səliqə ilə hördü, hər hörüyünə bir neçə yerdən brilyant qaşlı sancaqlar taxdı.

Rübabə xanım Kübranın əlindən tutub qapıdan boylandı.

– Maxviret? Sən allah, qoy bu uşaq gəlib bir sənə tamaşa eləsin, – dedi, – bayaqdan baş-qulağımı aparıb, deyir, məni içəri qoymurlar, qapını bağlayıblar.

Seyidxanım on iki-on üç yaşlı Kübranı içəri buraxdı.

– O gün olsun səni belə geyindirək, ay Kübra, – dedi, – səni belə gəlin yola salaq! Hə necədir, bacının paltarı xoşuna gəlir?

Kübra qapı ağzında dayanıb heyran-heyran bacısına, onun gözəl paltarına tamaşa edirdi. O gün nişan gətiriləndə də o, sərpayının xonçaları açıb bir-bir camaata göstərdiyi paltarlara, qutu çarşablarına, örpəklərə, zərli-zibalı parçalara, ayaqqabı – nəleyinlərə, daş-qaşa bir uşaq marağı ilə baxmışdı. Maxviret üçün çox şey gətirmişdilər. Üzüklərin, sırğaların, qızıl sancaqların, mirvarilərin, boyunbağı-boğazaltıların silsilə, cərgəgüllərin, bel bağıların və sairənin sayı-hesabı yoxdu. Hər göstərilən bəzək şeyini qutusundan çıxardıb iri gümüş məcməyiyə qoyurdular. Şeylərin hamısı qutularından çıxarılanda məcməyi tamam dolmuşdu. Sərpayı məcməyini başının üstünə qaldırıb onyaya-oynaya arvadların arasından keçəndə qızılların bir neçəsi yerə dağılmışdı.

Bayaqdan bəri heç bir söz danışmayan Maxviret indi əsəbiliklə dedi:

– Nə dayanmısan orda, gəlirsən gəl, qapını ört, gəlmirsən, çıx bayıra!

Kübra bir söz demədi, keçib kənardakı stulda oturdu. Küçədən musiqi sədaları eşidildi. Getdikcə zurna-balabanın səsi yaxınlaşır, partapartla ala-bəzək fişənglər atılırdı.

Gülnisə tələsik yuxarı çıxıb qapını tıqqıldatdı.

– Xanımlar, hələ hazır deyilsiz? – dedi, – içəri girəndə körpəliyindən qucağında böyütdüyü cavan xanımın gözəl geyiminə, daş-qaşına, saçlarına mehribanlıqla baxdı – bəh, bəh… nə qiyamət görünürsən bu paltarda, ay Maxviret, xoşbəxt olasan, bala, oğullu-qızlı olasan! – o, az qala bura gəlməyinin səbəbini unutmuşdu, Seyidxanıma tərəf döndü, – tez olun, qurtarın. Şərəbanı xanım deyir ki, hazır olsunlar, indicə camaat yuxarı çıxacaq, – Gülnisə sevincək Maxviretə, – səninçün karut gəlib ey!…

Varvara azərbaycanca danışa bilməsə də, deyilənləri başa düşürdü. İndi də Gülnisənin dediklərini əsasən anlamışdı, ancaq axırıncı sözündən baş aça bilmədi, Seyidxanımdan soruşdu.

– Nə deyir o, “karut gəlib?” O nədir elə?

Seyidxanım güldü:

– Yəqin karetadı demək istəyib. Axı, Mirhəbib deyirdi, necə olsa, gəlinçün kareta gətirdəcək, – o Gülnisəyə dedi, – get de ki, biz hazırıq, bircə gəlinin başına duvaq salacağıq, vəssalam.

Varvara qırmızı şifon duvağı Maxviretin başına saldı. Seyidxanım taxtın üstündən brilyant qaşlı balaca qızıl tacı götürüb duvağın üstündən Maxviretin başına qoydu, qızı güzgünün qabağına gətirib soruşdu.

– Bax gör necədir? – o duvağı qaldırıb yavaşca gəlinin üzündən öpdü – lap əladır, şahzadə xanıma oxşayırsan! – dedi.

Bu vaxt Maxviretin bibisi, Rübabə, Xırdaxanım, Törə, Nisəxanım və başqa qohumlar onunla görüşüb vidalaşmaq üçün otağa doluşdular. Bir-bir yaxınlaşıb onu qucaqlayıb, kimi alnından, kimi üzündən öpdü. Seyidxanım arvadlara dedi:

– Bəsdir öpdüz, səhərdən əlləşib-vuruşub gəlini bəzəmişik, tamam üzünün ənlik-kirşanı getdi ki?

Törə xanım qıza yaxınlaşanda qulağına pıçıldadı:

– Maxviret, əntiqə evin var, maşallah! – o Nisəxanımla bir az bundan qabaq gəlinin evini bəzəyib qayıtmışdı – xoşbəxt ol, sağlıqla yaşa!

Otaq arvadla dolmuşdu. Oğlan adamı da içəri gəlib hərə gəlinə yaxın dayanmağa cəhd edirdi. Bir azdan şüşəbənddən səslər eşidildi.

– Yol verin, çəkilin qırağa, gəlinin qaynı gəlir, belini bağlamağa…

Mirnağı utanaraq qız-gəlinin arasından özünə yol açıb Maxviretin yanına gəldi, əlindəki qırmızı xaranı onun belinə bağladı. Seyidxanım qardaşına dedi:

– Adə, deginən, “anam-bacım qız gəlin, əli-ayağı düz gəlin, yeddi oğul istərəm, bircə dənə qız gəlin…”

Mirnağı bu sözləri dodağının ucunda təkrar etdi, sonra kənara çəkildi. Bayırdan yenə səslər eşidildi: “Hanı qızın atası, gəlsin, xeyir-dua versin!”

Maxviret yerində donub həyacanından tir-tir əsir, duvağın altında ağlayır, atasının gəlib onu yola salmasını gözləyirdi. Nəhayət, hamı kənara çəkildi, Kəblə Ələkbər ağır addımlarla yanaşıb qızının üzünə baxmadan üç dəfə əyildi, sağ əlini yerə toxundurub Maxviretin başına qoydu: “Bismillah, rəhmanül rəhim… Get qızım, xoşbəxt ol!” – dedi.

Kəblə Ələkbər də kövrəlmişdi, ancaq özünü ələ alıb sakitcə bacısının və qaynanası Xırdaxanımın yanına tərəf çəkildi.

Zurna-balaban sədaları altında bəzəkli şamları yandırdılar, üstünə qırmızı lent bağlanmış gəlinin naxışlı gümüş güzgüsünü yengənin əlinə verib qabağa ötürdülər. Onun dalınca bir tərəfdən Seyidxanım, o biri tərəfdən Nisəxanım Maxviretin qolundan tutub qapıdan çıxdılar.

Qoşa at qoşulmuş kareta küçə qapısından bir az aşağıda dayanmışdı. Onun üstü, qapıları, içərisi gül-çiçəklə, qırmızı lentlə bəzənmişdi. Hətta atların da qarşısına kiçik gül dəstələri sancılmışdı. Bir-birinin ardınca dayanmış faytonların cərgəsi Xan sarayının qapısından da o tərəfə gedib çıxmışdı. Qala qapısı ağzında, Bakıda hələ az-az görünən beş-altı minik avtomobili də vardı.

Gəlini sağdışı-soldışı, yengəsi ilə karetaya mindirdilər. Maxviret ömründə birinci dəfə gördüyü bu bəzəkli miniyin, üstünə çəhrayı rəngli məxmər çəkilmiş yumşaq oturacağında əyləşdi. Onunla üzbəüz yengə Xanbacı, xalaqızı ilə dərnə Gülnisə oturdu.

Gülnisə üç gün Maxviretin yanında qalıb ona qulluq edəcəkdi. Bu Şərəbanının fikri idi. O deyirdi ki, Maxviret Mirhəbibin xüsusi olaraq gəlin üçün tutduğu xidmətçi qadından birinci günlər utanacaq, yad yerdə özünü tənha hiss edəcək. Ona görə də hələlik Gülnisəni onunla göndərmək lazımdır.

Küçədə bir-birinin dalınca atılan fişənglərdən biri yana-yana karetanın damına düşdü, fışıltı ilə yanıb ətrafa qığılcımlar səpələdi. İçəridə oturanlar qorxub çığırışdılar, hay-küy qopdu. Bayaqdan bəri köhnə su ovdanın üstündə, kənarda dayanıb bu hay-küylü gəlinköçürməyə tamaşa edən Mirpaşa tez özünü yetirdi, karetanın üstünə sıçrayıb yanan fışəngi yerə atdı.

Gəlini aparmağa gələnlər faytonlara, maşınlara əyləşdilər və dəstə musiqi sədaları altında yola düşdü.

Mirhəbibgilin Quba meydanındakı üçmərtəbəli mülklərinin bütün pəncərələrində, balkonların məhəccərində, damının dörd tərəfində sıra ilə qaz lampaları yandırmışdılar. Binanın qabağındakı meydana çoxlu adam toplaşmışdı. Maşınlar, faytonlar, kareta Quba meydanının ətrafında bir dövrə vurub evin qabağında dayandı. Gəlini düşürdüb üçüncü mərtəbəyə çıxartdılar.

* * *

Müharibənin gedişi haqqında qəzetlərdə yazılar dərc olunurdu. Oktyabr ayında Almaniyanın müttəfiqi Türkiyə də müharibəyə qoşulmuşdu. Onun əsas məqsədi Azərbaycanı və Rusiyanın müsəlman əhalisi yaşayan başqa rayonları işğal etməkdi. Türk qoşunları Zaqafqaziyaya doğru irəliləməyə başlamışdı. Onlar artıq İran Azərbaycanını zəbt edib oradan Bakıya zərbə endirməyə hazırlaşırdılar. Türklər Tiflis istiqamətində də hücuma keçmişdilər. Qafqaz cəbhəsində rus ordusu ilə türklər arasında şiddətli vuruşmalar gedirdi. Nəhayət, türklərin iki ay davam edən bu müvəffəqiyyətli yürüşünə son qoyuldu. Dekabr ayında rus qoşunları əks hücuma keçib türkləri geri çəkilməyə məcbur etdilər. Rusların Qafqaz ordusu Türkiyənin şimal şəhərində yerləşən Sarıqamış ətrafında türk qoşunlarını darmadağın etdi.

Xüsusən, Sarıqamış əməliyyatı haqqında geniş məlumatlar verilir, bu döyüşlərdə türk kəndləri və qəsəbələrinin dağıdılması, əhalinin tələf olması barədə xəbərlər dərc edilirdi.

1915-ci ilin əvvəllərində soyuq qış axşamları Mirpaşa hər gün gətirdiyi qəzetlərdən bacısı və yeznəsi üçün yeni xəbərlər oxuyurdu. Rübabə xanım ah-ufla qulaq asır, Qars və Ərdəhan çöllərində baş verən faciələrdən dəhşətə gəlirdi. Orada evlər dağılır, dinc əhali isti ocağından didərgin düşür, analar öz balalarını itirir, uşaqlar sahibsiz qalıb özgə qapılarına pənah aparır, bir tikə çörəyə möhtac qalırdılar.

Bir gün Mirpaşa belə bir xəbər gətirdi:

– Deyirlər, cəmiyyəti-xeyriyyə Ərdəhan çöllərində sahibsiz qalmış uşaqlardan Bakıya və Gəncəyə gətirmək istəyir, – dedi, – o yazıqların çoxu acından, soyuqdan tələf olub gedir. Deyilənə görə, onlardan bəzilərini insaflı rus əsgərləri içəri Rusiyaya göndəriblər. İndi bizimkilər də uşaq gətirmək üçün xüsusi komissiya təşkil ediblər.

Kəblə Ələkbər soruşdu:

– Görəsən, o yazıqları Bakıya gətirib neynəyəcəklər?

– Bilmirəm, Kəbleyi. Söhbət var ki, onlarçün xüsusi yetimlər evi tksinlər, orada oxutdurub tərbiyə eləsinlər.

– Ağlım kəsmir. Hökumət müharibəyə az xərc çəkib, üstəlik bir düşmənin uşağı üçün yetim evi aça?

– Əlbəttə, hökumət bunu eləməz. Eləsə, yenə cəmiyyəti-xeyriyyə eləyər. Bunun üçün çoxlu ianə toplamaq lazım gələcək.

Rübabə diqqətlə qulaq asır, özü ana olduğu üçün yetim və evsiz qalmış uşaqların taleyinə acıyırdı.

– Hər halda bir kömək lazımdır, – deyə o da söhbətə qarışdı, – özü də tez. Tutalım ianə də toplandı, yetimlər üçün ev də tikildi. Ancaq bu iş nə vaxta çəkər? Bəs bu yazıqlar ev tikilənəcən, ianə yığılanacan qışın günü, soyuqda harda qalacaqlar? Onda gərək hələliyə onları evlərə paylasınlar.

Bu vaxt Seyid Hüseyn gəlib çıxdı. Soyunub kürsüyə yaxın oturdu. Kəblə Ələkbər mehribanlıqla Seyid Hüseyndən soruşdu:

– Deyəsən, kefin yoxdur, nə var, nə olub?

Seyid Hüseyn yorğun və fikirli idi. Ürəyindəkiləri boşaltmaq üçün münasib məqam axtarırdı.

– İndi “İsmailiyyə”dən gəlirəm, – dedi, – xəbəriniz var? Oranı yaralı əsgərlər üçün xəstəxanaya çeviriblər.

Kəblə Ələkbər heyrətlə gözlərini döydü.

– Sən nə danışırsan? Xəstəxana açmağa başqa yer tapılmadı?

– Belədir də… Bakı milyonerləri əlahəzrət Nikolaya öz sədaqətlərini, məhəbbətlərini izhar etməkçün bir böyük xidmət, bir fədakarlıq göstərmək istəyirdilər. Buna görə də öz gözəlliyi ilə Bakının birinci dərəcəli binalarından olan İsmailiyyəni əsgəri xəstəxana halına salmağı qərara alıblar.

Mirpaşa da təəccübləndi.

– Axı orda heç boş yer yoxdur?!

– Boşaltmağa nə var ki? “Səadət” məktəbini və maarif cəmiyyətlərini çıxardıb atıblar bayıra. Bu gün İsmailiyyənin o möhtəşəm salonunda xəstəxananın rəsmi açılışı oldu. Bakının bir çox adlı-sanlı əyanları orda di. Bakı qazısı Nikolayın özünə və ailəsinə məşhur “Боже, Царя храни” duasının azərbaycancaya tərcüməsini oxudu: “Rəbbim, çarı hifz eylə…” Salonun divarından həzrət İsanın şəklini asdılar, qabağında şamlar yan-dırdılar. Vəssalam! Bu gündən etibarən İsmailyyə binası Qafqaz cəbhəsində yaralanan soldatlara xidmət edəcək…

Kəblə Ələkbər narazılıqla dedi:

– Bakıda daha müsəlmançılıq qalmayıb, vallah.

Kübra anasının düzəltdiyi dolu məcməyini gətirib kürsünün üstünə qoydu, keçib əvvəlki yerində oturdu. Mirpaşa bir az gözləyib tərs-tərs qıza baxdı:

– Ay qız, bu nədir? Süfrə-zad salmaq lazım deyil? – dedi, – tez ol dur ayağa!

Qız durub çaxçadan süfrə çıxartdı, kürsünün üstünə saldı, məcməyidəki şeyləri: yarpaq dolmasını, qatığı, çörəyi, sirkə-badımcanı süfrəyə düzdü.

Mirpaşanın dodağı bir balaca qaçdı:

– Hə, bax, bu başqa məsələ… İndi də get bizimçün çay gətir, – dedi.

Kübra çıxandan sonra Kəblə Ələkbər güdü:

– Paşa, səndən yaxşı tərbiyəçi çıxar, – dedi, – nahaq yerə gedib məktəbdə işləmirsən. O ki, qaldı Kübraya, əvvəldən onunla belə ciddi danışsaydın, o da Maxviret kimi işgüzar, sözə baxan olardı. Elə balacadır, uşaqdır deyə-deyə qızı lap ərköyün, tənbəl eləmişik.

Seyid Hüseyn dolmanın üstünə qatıq töküb dedi:

– Eybi yoxdur, Kəbleyi, elə indi də gec deyil. Gərək hamımız onunla ciddi olaq ki, xasiyyətini dəyişsin. Bir də Kəbleyi, acığın gəlməsin, məsəl ancaq qızın yaxşı ev işi görməyində deyil. Onu oxutdurmaq da lazımdır. Böyük qızlar üçün bundan sonra oxumaq daha gecdir. Hərənin evi-eşiyi var, indi onların oxumağa nə vaxtları, nə də həvəsləri qalıb. Ancaq Kübra kimilərin əsl vaxtıdır. Mənim üçün də yaxşı düşmür. Aləmdə car çəkirəm ki, qızlarımız savadlanmalıdır. Amma Rübabədən başqa evimizdəki qızların heç birinin savadı yoxdur.

− Başa düşürəm, Hüseyn. Elə Rübabə də, mən də hərdən ona dərs deyirik. Hərfləri yazmağı öyrənib, hesabdan da bir balaca başı çıxır.

− Hərdənbir dərs deməklə iş aşmaz, Kəbleyi. Gərək onunla müntəzəm dərs keçilsin.

− Düz deyirsən, vallah. Bundan sonra hər gün gərək özüm məşğul olam. Yaxınlıqda qız məktəbi olsaydı nə vardı ki, aparıb qoyardıq.

− Daha az qalıb. İki-üç ilə hər yerdə qız məktəbləri də açılacaq. Balaca qızın Hüsniyyə səkkiz yaşına çatanda, Allah qoysa, o məktəblərin birində oxuyacaq.

− Görək də…

Bayaq Mirpaşanın yetim qalmış türk balaları haqqında dediyi sözlər Rübabənin yadından çıxmırdı. Seyid Hüseyn xörəyini yeyib qurtaranda o bu söhbəti təzələdi, qardaşından soruşdu:

− Hüseyn, Mirpaşa deyir, guya cəmiyyəti-xeyriyyə Qarsa, Ərdəhana adam göndərib ki, gedib yurdsuz-yuvasız qalmış uşaqları gətirsin. Sən də eşitmisən?

− Eşitmişəm. Gətirmək asandır. Sonrasını fikirləşmək lazımdır. Əvvəlcə gərək onlarçın yer hazırlana…

− Mən də onu deyirəm. Görəsən, bu yetimləri harda saxlayacaqlar. Paylasınlar gərək evlərə.

− Yox bacım, – deyə Seyid Hüseyn çayını qabağına çəkdi, – evlərə paylasalar, səhv iş görmüş olarlar. Hərə o yazıqları aparıb havayı nökər, qulluqçu kimi işlədəcək, sonra da kimin xoşuna gəlmədi, qovacaq evindən küçəyə, vəssalam! Yox, belə işə heç cür yol vermək olmaz.

− Mən demirəm ki, həmişəliyə versinlər. Hələliyə, ta onlarçün xüsusi ev tikilənəcən… Yazıqlar qışın günündə küçədə qalmalı deyillər ki?!

Seyid Hüseyn ah çəkdi:

− Bilmirəm necə olacaq… − o ayağa qalxdı, mən getdim, daha gecdir. Uşaqlar hələ yatmazlar ki? Gedim bir onları da görüm.

Onlar birlikdə yuxarı çıxdılar.

Seyid Hüseyn bacısıgilin otağına girəndə Mirpaşa uşaqlara göz vurdu. Böyük dayıları ilə görüşmək üçün onlara işarə elədi. Bilirdi ki, Seyid Hüseyn özü gəlib balacaları dindirməkdə çətinlik çəkəcək. Məmmədrza utana-utana gəlib dayısının qabağında dayandı. Seyid Hüseyn böyük adamla görüşmüş kimi onunla əl verdi, Məmmədtağını qucağına götürdü.

− Bayaqdan nəyə gülürdüz? – soruşdu.

− Gülnisə bizimçün gülməli şeylər danışırdı…

− Bəs sən özün necə, nağıl danışa bilirsən?

− Bilirəm, danışım?

Rübabə yaxınlaşıb oğlunu qardaşının qucağından yerə düşürdü, bilirdi ki, uşaq nağılını başlasa, gec qurtaracaq.

− İndi gecdir, yatmaq vaxtıdır, sabah danışarsan, – deyib uşaqları o biri otağa apardı.

Qardaşlar Kəblə Ələkbərlə xudahfizləşib aşağı düşdülər. Həyətdə Seyid Hüseyn soruşdu:

− İşlərin necə gedir?

− Pis deyil. Bir vaxt olmur ki, oturub əməlli-başlı söhbət eləyək. Gəlsənə, bu gecə evdə qalasan?

− Məmnuniyyətlə qalaram, ancaq heyif ki, əlimdə yarımçıq işim var. Bu gecə mütləq yazıb qurtarmalıyam. Sabah gələrəm…

Mirpaşa küçədə dayanıb tini burulana qədər qardaşının dalınca baxdı, sonra küçə qapısını bağlayıb otağına getdi.

Əli yemək stolunun arxasında oturub otuzluq lampanın işığında kitab oxuyurdu. Əliyə yazıb-oxumağı Mirpaşa və Seyid Hüseyn öyrətmişdilər. Əlinin atası hərdən oğlunun yanına gəlirdi. Cavan ağaların belə xeyirxah işindən xəbər tutanda savadlanmağı çox çətin iş bilən qoca kişi sevindiyindən ağlamış, Kəblə Ələkbərə, Mirpaşaya öz dərin minnətdarlığını bildirmişdi.

Əli Mirpaşanı görcək tez kitabı örtüb ayağa durdu. Mirpaşa bir az onunla laqqırtı vurub yatağına uzandı, fikrə daldı. Bayaq Seyid Hüseyn ondan işləri barədə soruşanda birdən-birə rəhmətlik nənəsi Mehinbanu xanım və onunla olan söhbəti yadına düşmüşdü.

İki-üç il əvvəl “Səfa” cəmiyyətinin səhnəyə qoyduğu tamaşalardan Mirpaşaya müntəzəm olaraq rollar verilir və müvəffəqiyyətlə səhnədə çıxış edirdi. Artist olmaq onun çoxdankı arzusu idi. Ona görə həvəslə bu işə girişmişdi. Ancaq dəqiq bilirdi ki, onun bu peşəni seçməsindən evdə heç kəs razı qalmayacaq. Bununla belə öz qərarını açıq-aşkar evdəkilərə bildirmək üçün bir dəfə o hər şeyi açıb dedi; neçə dəfə oynamağından, bu sənətdən xoşu gəldiyindən həvəslə danışdı. Mehinbanu xanım diqqətlə qulaq asıb etirazını bildirdi.

− Ay bala, başuva sənət qəhətdir? Elə bircə oyunbazım çatmırdı! Nə qədər gec deyil, get özünə başqa sənət tap. Tanış-biliş, qohum-əqrəba nə deyər?

Mirpaşa zarafata saldı:

− Nenə, dünən görsəydin necə əl çalıb məni alqışlayırdılar, belə deməzdin. Axı, ay nenə, hamı Seyid Hüseyn kimi əliqələm olmaz ki? Qoy bizim nəslimizdə biri də artist olsun… Lazım deyil, bala. Sənin tay-tuşların, yoldaşların nə iş görürlər, sən də onlar kimi ol də! Allah qoysa, bu gün sabah seminariyanı qurtarırsan, gedərsən, adam kimi müəllim olarsan. Heyif deyil müəllimlik?

− Yox, nenə, məndən müəllim çıxmaz. Özün yaxşı bilirsən ki, əsəbiyəm. Bir də gördün uşaq sözümə baxmadı, mən də hirslənib vurdum qapazı başına. Sonra xataya düşərəm. Yox, qoy elə artistliyimi eləyim…

Mehinbanu ah çəkdi:

− Eh, günah səndə deyil… Əvvəldən bizimki gətirmədi. Atan rəhmətlik sağ olsaydı, baban rəhmətlik də səni belə ərköyün böyütməzdi, onda böyüyün dediyinə də qulaq asardın. Neynəyim? Allah belə məsləhət gördü. Düz deyiblər ki, qismətdən artıq yemək olmaz.

− Ay sağ ol, mən də sənin bu sözünə şərikəm. Mənim də qismətim budur. Daha başqa çarə yoxdur, gərək axıracan qismətimi əlimdən verməyim.

O vaxt Mirpaşa mübahisəni uzatmadı. Hələ bacısı və yeznəsi axrıncı sözlərini deməmiş aradan çıxmaq üçün o, döşəkçənin üstündə dizi üstə çöküb nənəsini qucaqladı, hər iki üzündən öpüb cəld otaqdan çıxdı.

Kəblə Ələkbər Mirpaşanın artistlik etməsini Seyid Hüseyn tərəfindən rəğbətlə qarşılandığını biləndə o da bir söz demədi. Kişinin Seyid Hüseynə böyük hörməti vardı, onu ağıllı, ciddi adam sayırdı.

Bu söhbətdən beş-altı ay sonra Mirpaşa seminariyanı müvəffəqiyyətlə bitirdi. Bakıda müəllimlik yeri yoxdu. Yaxın kəndlərə gedib işləyə bilərdi. Lakin özünün bu sənətə həvəsi olmadığından artistliyi ilə məşğul oldu. Bir iş vardı ki, o bir qəpik də pul almırdı. İştirak etdiyi bütün tamaşaların gəliri xeyriyyə işlərinə sərf olunurdu.

* * *

1915-ci il, aprelin ortaları idi. Bərk külək əsir, yağış yağırdı. Seyid Hüseyn Hacı Hacıağa karvansarasının ikinci mərtəbəsindəki mənzilində sobanı yandırıb otağını yaxşıca qızdırmışdı. Çarpayıya uzanıb bir qədər mütaliə etdi, sonra qalxıb qonşu otaqda yaşayan ərdəbillilərin yanına getdi. Bu cavan kişilər iki ilə yaxındı Bakıya işləməyə gəlmişdilər. Kirayə pulunu şərikli verməklə hər otaqda iki-üç nəfər yaşayırdılar. Bir neçə gün bundan qabaq onlardan Həsənqulu adlı birisi qəflətən vəfat etmişdi. Bu gün cümə axşamı olduğundan Seyid Hüseyn ora getməyi lazım bildi.

Mərhumun otaq yoldaşlarının yanında başqa mənzillərdən gəlmiş beş-altı nəfər tanış da vardı. Onlar birlikdə qazan asıb daşma bişirirdilər. Bir azdan xörək hazır oldu. Süfrə döşəyib daşmanı ortaya qoydular. Seyid Hüseyni də süfrəyə dəvət etdilər. Süfrə başında cümə axşamları ruhların evlərin damlarına gəlməsindən söhbət gedirdi. Otaq sahibi öz həmyerlilərinə maraqlı bir sualla müraciət etdi:

− Görəsən, bu cümə axşamı rəhmətlik Həsənqulu dadaşın ruhu Ərdəbildəki evinə gedəcək, ya Hacı Hacağa karvansarasının damına?

Bu suala cavab vermək çətindi. Hərə bir söz danışırdı. Nisbətən yaşlı bir kişi xeyli fikirləşdikdən sonra dedi:

− Əgər mərhum bu evdə can veribsə, mən bilən ruhu da bura qayıtmalıdır. Axı onun ruhu Ərdəbildəki evini tanımır?

Ona etiraz etdilər:

− Necə ki, tanımır? Kişi bütün ömrünü Ərdəbildə yaşayıb, heç elə şey olar? Adamın özü harda, ruhu da orda olur. Yəqin ki, bu gecə onun ruhu Ərdəbildəki evinin damındadır?

Mübahisə uzandı, hətta mərc də gəldilər. Həmin yaşlı kişi əlini qaldırıb yoldaşlarını sakitləşdirdi.

− Hörmətli qonşumuz Seyid Hüseyn ağa oxumuş, savadlı bir şəxsdir, hər halda o bizdən çox bilər. Qoy mübahisəmizi o kəssin.

Seyid Hüseyn nə cavab verəcəyini bilmədi. O heç vaxt belə şeylərlə maraqlanmamışdı. Bir anlıq sükutdan sonra dedi:

− Belə incə mətləbləri axunddan soruşub öyrənmək lazımdır.

Mübahisə kəsildi. Qərara gəldilər ki, günü sabah məscidə gedib bu barədə axundla söhbət etsinlər.

Daşma artıq yeyilib qurtarmışdı. Qabları yığışdırandan sonra çay gətirdilər. Seyid Hüseyn qonşularının canfəşanlıqla ona qulluq etdiklərini görüb çay da içdi, bir az oturub ayağa qalxdı:

− Allah rəhmət eləsin, behiştlik olsun, – dedi və mənzilinə qayıtdı.

Otaq soyumuşdu, sobaya bir-iki odun atıb yatağına uzandı. Səhər həmişəkindən gec durdu. Bu gün cümə günüydü, işə tələsmək lazım deyildi. Çayını içəndən sonra geyinib küçəyə çıxdı. Məqsədi Ağakazımgilə getməkdi, çoxdandı görüşmürdülər. İsmailiyyəyə yaxınlaşanda bir dəstə uşağın dayanıb yolda ötənlərə tamaşa etdiyini gördü. Onlar soyuqdan büzüşüb ayaqlarının birini götürüb, o birini qoyur, ovuclarını nəfəsləri ilə qızdırır, məzhun baxışlarla hər küçədən ötənin dalınca baxır, elə bil bu yad adamlardan imdad istəyirdilər. Əyinlərinə cır-cındır paltar geymiş bu oğlan və qızların bət-bənizləri saralmış, gözləri çuxura düşmüşdü. Seyid Hüseyn o saat başa düşdü ki, bunlar müharibə nəticəsində yetim qalmış türk balalarıdır. O, cəmiyyəti-xeyriyyənin həyətinə girdi. Burada, qucağı körpə uşaqlı bir neçə qadın küncə qısılıb küləkdən qorunmağa çalışırdılar. Qoca bir kişi həyətin ortasında beş-altı uşağı başına yığıb onlara nəsə danışırdı. Yeddi-səkkiz kiçik yaşlı qız uşaqları qadınların yanında gəzişir, hərdən boylanıb İsmailiyyənin pəncərələrinə baxırdılar.

Seyid Hüseyn küçədə və həyətdə gördüyü bu zavallıların acınacaqlı halına laqeydliklə baxa bilmirdi. O, həyətdə gördüyü qoca kişini özünə mərhəm sayıb ona yaxınlaşdı, salam verib söhbət etməyə başladı. Qocanın zəif, yorğun səslə söylədiklərindən məlum oldu ki, yetmiş yaşı var, əlil bir hərb qaçqınıdır. Ərdahanda etibarlı və nüfuzlu alverçi imiş. Dörd oğlu, gəlinləri və nəvələrilə öz şəhərində xoşbəxt yaşayırmış. Cavanlığında birinci Rusiya-Türkiyə müharibəsi zamanı rus ordusunda ticarət etməklə məşğulmuş.

Seyid Hüseyn soruşdu:

− Bəs oğlanların, nəvələrin indi hardadırlar?

Kişi başına gələnləri asta-asta nəql etdi

− Mən dünyanın bərkini-boşunu çox görmüşəm, ömrümü çöllü-biyabanlarda keçirmişəm. Dəfələrlə karvanım soyulub, özüm yaralanmışam. Rus-türk müharibəsində ölüb-itənlər, yaralananlar görmüşəm, vəba ilində əzizlərim qucağımda keçinib. Ancaq bunların heç biri başımıza gələn bu fəlakət kimi müsibətli və dəhşətli olmayıb. Cavan oğlanlarım ölüb, əcəl arvadımı əlimdən alıb, mən dözümlüyəm, ağlamamışam. Malım talan olunanda qaçaq-quldura yalvarmamışam. Bir neçə dəfə həyatım təhlükə altında olub, ölümdən qorxmamışam. Amma keçirdiyimiz bu fəlakət məni həm qorxutdu, həm də ağlatdı, həm də yalvarmağa məcbur etdi. Oğlanlarım gözümün qabağında öldürüldükdən sonra mən də ölümümdən qorxdum, ölmək istəmədim. Çünki kiçik yaşlı üç nəvəmin yeganə təsəllisini, ümidi, sahib duranı mən oldum. İndi bu körpələrin acından və soyuqdan ağlayaraq analarını axtardıqlarına dözə bilmirəm!…

Qoca kişi üç kiçik nəvəsini qucaqlayıb ağladı.

− Dünən gecədən gətirib töküblər bizi bura. Heç bilmirik axırımız necə olacaq? Xəstə, əldən düşmüş uşaqlara içəridə yer düzəldiblər. Qalanlara yer çatmadı qalmışıq küçədə…

Seyid Hüseyn qocanın qolundan tutdu, uşaqların başını tumarlayıb dedi:

− Gəlin, mənim mənzilimə gedək, burada, yaxındadır.

Qoca minnətdarlıqla ona baxdı. Nəvələrinin əlindən tutub himayədarının dalınca getdi.

Onlar isti otağa girib bir küncdə oturdular. Seyid Hüseyn tez sobanı qalayıb çaydanı üstünə qoydu. Dünən göndərdiyi küftə-bozbaş qazançasını çaxçadan çıxardıb qızmağa qoydu. Qonaqlarını stola dəvət edib çaxçada nəyi varsa hamısını onların qabağına qoydu. Özü kənara çəkildi ki, utanmayıb rahat yesinlər. Uşaqlar yeyib doyandan sonra üzləri güldü, qocanın da kefi düzəldi. Seyid Hüseyn getməyə hazırlaşdı.

− Siz burda oturun, dincəlin mən getməliyəm, işim var. Saat dörd üçün gələcəyəm, sizə yenə yemək gətirərəm.

Qoca minnətdarlıqla onun əlini öpdü.

− Oğlum, Allah səni heç vaxt darda qoymasın, xoşbəxt olasan, ömrün uzun olsun, dərd-sər görməyəsən!…

Seyid Hüseyn küçəyə çıxıb ikinci dəfə İsmailiyyəyə getdi. Cəmiyyəti-xeyriyyənin sədri və yaxud katibi ilə görüşüb gətirilən yetimlərin müqəddəratını öyrənmək istəyirdi.

İçəri daxil oldu. Sədr hələ gəlməmişdi. Katibi yerində tapa bildi. Maraqlandığı məsələ ilə əlaqədar katib belə cavab verdi:

− Hələlik 50-yə yaxın uşaq, 10-15 nəfər də qadın və qoca gətiriblər. 30-35 nəfəri də Gəncəyə yola salmışıq. Hamıya yemək paylanıb. Düzdür, çoxunu otaqlarda yerləşdirmək mümkün olmadı. Cəmiyyət üzvlərindən bir neçəsi bu gün axşama onlar üçün xüsusi ev hazırlamağa Keşləyə getmişlər. Oranın həm havası təmizdir, həm də şəhərə nisbətən xeyli sakitlikdir.

Seyid Hüseyn soruşdu:

− Yenə uşaq gətirəcəklər, ya elə bunlardır?

− Gətirəcəklər. Şamaxıdan, Şamxordan, Qazaxdan teleqramlar almışıq. Təklif edirlər ki, 8-10 nəfərlik yetim evi açmağa gücləri çatar. Xahiş edirlər, uşaqlardan beş-on nəfərini həmin rayonlara göndərək. Buxara, Səmərqənd, Xivə şəhərlərindən də teleqramlar gəlib. Onlar da uşaqlardan saxlamaq istəyirlər. Hələ dəqiq qərara alınmayıb… Söhbət var, bəzilərini xüsusi şəxslərə himayəçiliyə versinlər. Hətta bir neçə hörmətli şəhərlilərimizdən uşaq götürmək üçün ərizə verənlər də var. Bir də ki, məsələ yalnız Bakıya gətirilən uşaqlara yardım etməklə bitmir. Orada, öz vətənlərində ev-eşiyi dağılanlara, dul qalmış arvadlara da kömək lazımdır. Hər halda bu çox ciddi məsələdir. Bu qədər uşağın saxlanması, təlim-tərbiyəsi üçün böyük vəsait olmalıdır. Ümid edirik ki, Bakının sizin kimi ziyalıları da bu barədə təşəbbüs göstərərlər. İanə toplanmasa, cəmiyyəti-xeyriyyə heç bir iş görə bilməyəcək.

− Əlbəttə, ianə toplanar. Yəqin o biri cəmiyyətlər də kömək edər. Bir cəmiyyət üçün bu çox ağır işdir.

Katib tələsirdi, üzr istəyib harasa getdi. Seyid Hüseyn də İçərişəhərə, bacısının yanına gəldi. Rübabə mətbəxdə xəmir yayırdı. Qardaşını görüb sevindi.

− Lap vaxtında gəlmisən, – dedi, – quru xingəl bişirirəm, bu saat hazır olar.

− Yox, Rübabə, tələsmə, hələ heç nə yemək istəmirəm. Səninlə işim var…

− Xeyir ola, nə iş?

− Bilirsən, dünən Qarsdan, Ərdəhandan çoxlu uşaq gətiriblər. Yadındadır, bu yaxınlarda söhbət eləyirdik. İndi uşaqlar cəmiyyəti-xeyriyyənin həyətindədirlər. Axşam onları Keşləyə aparacaqlar. Onların arasında bir qoca kişiyə rast gəldim, üç nəvəsi də yanında. Yazığım gəldi, apardım otağıma. Lap cır-cındır içindədirlər. Deyirəm, uşaqların pal-paltarından, bizim şalvarımızdan ver, aparım geyinsinlər.

Rübabə işini yarımçıq qoyub əl-ayağa düşdü:

− Bu saat, yığaram bir boxcaya, gedəndə Əli aparar səninçün xörək də qoyaram. Ay yazıqlar… − deyib o sandıqları eşələməyə getdi. Bir iri boxçaya köynək, şalvar, ayaqqabı, corab, papaq və başqa şeylər yığdı.

Seyid Hüseyn Mirpaşanın otağında oturub ianə toplanması üçün bakılılara müraciətin mətnini hazırlamağa başladı. Əvvəlcə, müharibənin törətdiyi faciələrdən, yetim qalmış uşaqların acınacaqlı halından, gördüklərindən, tanış olduğu qoca kişidən yazıb, əsas məsələyə keçdi: “Qardaşlar! Ey damarında bir balaca islam qanı olan müsəlmanlar! Siz razı olmayın ki, sahibsiz qalan, ata-anasından avara düşən bu xırda çocuqları başqaları aparıb saxlayacaqlar. Siz razı olmayın ki, vaxtilə sizin kimi ev-eşik sahibi, oğul-uşaq atası olan bir kişi, keçirdiyi müsibətdən sonra gedib dilənçilik etsin. Siz razı olmayın ki, məsum türk qızları bir qarın çörəkdən ötrü öz yurd və kəndlərindən avara düşsünlər. İanə edin! 5 qəpik əvəzinə 10 qəpik verin! Etdiyiniz bu ianə ilə yetimlərin gözyaşını siləcək, minlərlə müsibət görmüş atalara və analara təsəllik verəcək, minlərlə dul qalmış qadını himəyəsinə alacaq, minlərlə ac, çılpaq qalmış qardaşlarınızı, bacılarınızı doyuzdurub geyindirəcəksiniz! Qardaşlar! Öz qardaşlarımıza kömək edək! Cibimizdəki 5 qəpik pulu onlardan müzayiqə etməyək! Zira kim bilir ki?!.. ”


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 10 11 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации