Электронная библиотека » Cəfərzadə Əzizə » » онлайн чтение - страница 3

Текст книги "Bəla"


  • Текст добавлен: 28 октября 2022, 20:40


Автор книги: Cəfərzadə Əzizə


Жанр: Современная зарубежная литература, Современная проза


сообщить о неприемлемом содержимом

Текущая страница: 3 (всего у книги 6 страниц)

Шрифт:
- 100% +

Birdən nədənsə Həmzə Mirzənin ürəyi atlandı. Arxa-sından sol tərəfə, Əsmanın getdiyi səmtə bir süvarinin yollandığını gördü. Əvvəl elə bildi ki, bu onun özünü izləyən, ondan xəbərsiz onu qoruyan yavəridir. Amma yoooox! Onun yavərinin bu süvariyə bənzəri yoxdu. Daha doğrusu, bu süvarinin onun yavərinə bənzəri yox idi. Onun yavəri elə izlərdi ki, Həmzə Mirzə onu görməsin, izləndiyindən xəbər tutmasın. Qızla görüşə getdiyi yerdə böyürdən çıxıb, sevincinə xələl gətirməsin. Bu süvari isə…

Bu süvari heç nədən, heç kəsdən ehtiyat etmədən ki-min dalınca, neyçün getdiyini bilən adam kimi sürürdü atını.

Şahzadənin qəlbinə amansız bir şübhə qondu. Əv-vəlcə bir anlığa ona elə gəldi ki, bəlkə, Əsma arxasınca gələnin kim olduğunu bilir? “Bəlkə, bu onların bir-birin-dən xəbərli görüşləridir? Bəlkə, ona – şahzadə Həmzə Mir-zəyə xəyanət edir, onu aldadır, öz tayfasından kiməsə əl-altı söz verib?..”

Amma dərhal da bu fıkirlər onun təmiz, pak ürəyini tərk etdi. “Belə şey ola bilməz… Neyçün də yox?!!! Bəlkə, şahzadədən qorxub, başqasına könül verdiyini bildirmək istəməyib?!.”

Şeytan yenə də qəlbinə soxulmaq istədi… Bacarmadı. Həmzənin gözləri qarşısında qızın mehriban siması cilvə-ləndi, ərklə, gileylə, küskün səslə könlünün qulağına pı-çıldadı: “Necə? Sən xəyalında da məndən şübhələnə bilir-sənmiş?” “Əlbəttə yox, sevgilim! Bu kimdirsə, xaindir, ya bəlkə də, səni məndən qorumağa cəhd edən birisidir? Atanmı göndərib, ananmı izinə salıb?”

Süvari Əsmanı haqladı. Nə dedisə, Həmzə Mirzə eşit-mədi, yalnız qızın qamçısını qaldırmasından anladı… Anladı ki, bu “kimsə”ni qız istəmir, düşmənmidir, nə de-di?

Artıq Həmzə Mirzənin düşünməyə macalı yox idi, atı elə qamçıladı ki, bir anda qarşısında cəng mövqeyində, qılınc məsafəsində dayanmış süvarilərə çatdı. Elə yolday-kən əlini qəməsinə atmışdı.

– Kimdir, Əsma?

– Tanımadığım namərd…

Səsini kəs, şahzadəyə olar, bizə yoooox?

Həmzə Mirzənin qamçıdan əvvəl qalxan qəməsi Əs-manın “namərd” dediyi atlının çiyninə işlədi. Atlı atının boynunu qucaqlayıb sürətlə uzaqlaşdı. Hələ yaranın isti-sindən yıxılmamışdı, ağrını duymurdu yəqin.

Həmzə Mirzə atdan piyadalandı; Əsma düz onun qolları arasına düşdü. Bir anda təqib də, qısa mübahisə də, kimliyini bilmədikləri atlı da, hər ikisinin yadlarından çıxdı. Oxuyan, nəğməkar səhər səhrasıyla birləşdilər. Qı-zın gözləri yanırdı. Oğlan ömründə hiss etmədiyi, gözlə-mədiyi bu ağuşu quşların, çiçəklərin, oyanmış otların, ar-tıq bərq vurmaqda olan günəş şüalarının, nazəndə səhra-nın bir hədiyyəsi kimi qoynunda sıxdı. Elə həmin şüalar kimi alovlanan gözlərinə daldı Əsmanın:

Heyrət, ey büt, surətin gördükdə lal eylər məni,

Surəti-halım görən surət xəyal eylər məni.

Danışan o deyildi, Həmzə Mirzə deyildi, Füzuliydi deyən o, doğrudan da, ecazkar şəkil və şəmayil qarşısında bir heykəl kimi, şəkil kimi səssizdi. Titrəyən qəlbi, sevincə qərq olmuş ürəyi oxuyurdu bu misraları.

Əsma qorxaq qız deyildi. Amma Şahzadə Həmzə Mirzənin qolları arasında elə titrəyirdi ki…

Sevincdənmiydi, qorxmuşdumu, qəzəbliydimi, sevdi-yinə qovuşduğuyçunmuydu? Həmzə Mirzənin düşünmə-yə vaxtı, halı yox idi. O, sevgilisinin hayına çatmışdı. Onu təhqirdən, əlini nacins qanına bulamaqdan… bəlkə, daha nələrdənsə xilas etmişdi. Amma bunları da heç özüyçün igidlik saymırdı. Sevgilisiylə görüşə tələsəndə, ayağına ilişən nəydisə, fərqinə varmadan, kəsib atmışdı yolun-dan… Və indi həmin görüşünə tələsdiyi mələk, qolları ara-sında çırpınırdı. Başını onun sinəsinə dayayıb sevinc için-də gülümsəyirdi, eşqindən məst idi:

– Şahzadəm, sübh evdən çıxanda sənə nə dedilər?

– Ovun qanlı olsun, dedilər.

– Qanlı da oldu…

– Mən şikarımı ovladım. Ovçu ova deyil, ov ovçuya qənşər gəldi… Kim deyib məndən əvvəl bunu?

– Bilmirəm. Amma sən mənə rast gələcəyini bilirdin?

– Axşamdan şikara çıxacağını xəbər vermişdilər mə-nə. Ardınca görüşə gəlirdim…

– Xoş gəlmisən, sevincim…

– Xoş bulduq, həyatım.

İkisi də qayğısız, sevən gənclərdi, gümüş cingiltisi verən səslə gülür, danışırdılar.

Atların yüyəninin ucunu qollarına keçirib yan-yana irəliləyir, heç nədən, necə, nəyçün məhz belə danışdıqları-nın fərqinə varmadan gedirdilər. Gələcək üçün heç bir plan, nəqşə cızmırdılar. Bu gün vardı, bu saat vardı, bu an vardı. Onlar bu anın içində bəxtiyar idilər. Bu anın bütöv bir əsrmi, əbədiyyətmi olduğunu kim bilir? Sevənlər üçün nə saat, nə əsr, nə də əbədiyyət yoxdur. Onlar elə bu əbə-diyyətin, məhəbbətin, həyatın məğzini təşkil edən eşqin nazəndə olduğu qədər də ecazkar, calib qoynunda itib-batmış, ovunmuş, cilvələnmiş, hər şeyi, hamını, hətta Şah-banunu belə unutmuşdular…

Əbədiyyətə, eşq adlı o əbədiyyətə qovuşmuşdular… Gedirdilər. Yulğunun çiçəklənmiş ucuna qonmuş bülbül-lər kimi sımsıx bəxtiyarlıq söhbətinə dalmışdılar. Ürəkləri nəğmə oxuyur, qulaqlarında nəğmə oxunur, gözlərində nazənin təbiət də eşq aləminə qərq olmuşdu.

Günəş artıq bir cida boyu göylərə qalxdıqca, onları nuruna, hərarətinə bürüdükcə, sanki, o da bu məhəbbətin qüdrətinə inanan təbəssümlə gülümsəyir, yollarına qu-caq-qucaq nur, qucaq-qucaq zər səpələyirdi…

“Uğur olsun”, – deyək, oxucum, – “yad gözlərə, dəyə bilən gözlərə tikan batsın”, – deyək. “Bədinə danışanların dili “la ilahə illəllaha gəlməsin” deyək biz də.

Uzaqlaşdılar tayfaların yurdlarından. Heç kim gör-mür, heç kim eşitmirdi onları. Tək bircə nəfərdən başqa. Uzaqdan öz dostuna, yaşıdına, şahzadəsinə qara verən yavərdən başqa.

ULDUZLARIN DUASI      

Şirvan uğrunda vuruşmada da rumlu tayfa çadırla-rında müsəlləh qızların, o cümlədən Əsmanın da olduğu-nu eşitmişdi. Həmzə Mirzə hərdən çadırlarından aralanıb onu görmək istəyirdi. Uzaqdan da olsa… Təki görsün. Və döyüşlər vaxtı həmişə olmasa da, ara-sıra ona tərəf baxır, izləyirdi ki, qız yağıların əlinə keçməsin, qızğın vuruşda həlak olmasın, yaralansa, at ayaqlarının, dırnaqlarının altına düşməsin.

“Dədə Budaq əmirin qızı, rum gözəli, şahzadəm, Əs-mam, səmam, göylərdən Tanrı göndərən göy çadırım mə-nim! Səni mənə səmalar bağışlayıb, səma gözlüm, Əsmam mənim. Əsmam, süsənim, sünbülüm, səmənim, əsməgü-lüm, sırmatelli sünbülüm”.

Hərənin bir can sirdaşı olur cavanlıqda sevəndə. Əs-manın Ayişə, Həmzə Mirzənin yavəri. Öz tayfalarından idi. Rumlu, Səfəvi xanədanın gəncləri… bəlkə, əmi-uşaq-ları. Onlar məhəbbətlərini, eşq atəşində yanan könüllərini bu sirr dostlarına açır, danışır, gülümsəyir, ya da ağlayır-dılar.

Sarayda Şahbanunun “qulaqçı”larından bir dul, qıl-dırımqaş arvad vardı. Çuğul, araçı… Həmzə Mirzəynən Əsmanın tapışma yollarını Şahbanuya o xəbər verirdi. Ana oğlunun qızı götürüb qaçmasından qorxurdu. Qorxurdu ki, bu “bəla”nın qarşısını ala bilməz. Ala bilməsə də, öz qanını sünni qanına qatmaq istəmirdi. Murdar hesab elə-yirdi o qanı. El içində Səfəvi xanədanını, seyid-peyğəmbər nəslini, Əliyyəl Mürtəza nəslini sünnilərə qatmaq istə-mirdi… İstəmirdi…

Hər yerdən, hətta Mazandarandan da qıza elçilər gəlirdi. Gözəlliyinə, şan-şöhrətli nəslinə görə. Onları şiəli-yə döndərib yeddi arxadan dönəninə qədər savab qazan-maq istəyənlər də tapılırdı. Bunların hamısını Məhdi-Ülya bilirdi. Özünün də gözü həmişə axtarırdı. Oğluyçün ni-şanlı gəzirdi. Kimiysə əvvəl bəlləyir, sonra helləyirdi o yana. Gözü gəlinlərdə, qızlardaydı.

Gəlinlərdə də! Bu ona görəydi ki, əgər oğlunun qəlbi bir gəlinə bağlanmışdısa və ana bunu duysa, mütləq o gəlini ərinin yatağından qoparıb, evinə gətirməyə qadir idi. Hazır idi Məhdi-Ülya. Şahbanu bilirdi ki, oğlu şahza-də Həmzə Mirzə belə biqeyrət, binamus hərəkət etməz. Amma buna baxmayaraq, ürəyində həmişə bu fıkir möh-kəmdi.

Həmzə Mirzə, – “rumlu gözəl, əsmər bənizlim, al do-daqlım, ala gözlüm”, – deyə elə bil ürəyində gözəl bir xanəndənin oxuduğu mahnının nəqəratını təkrarlayırdı həmişə.

Həmzə Mirzə Məhdi-Ülyanın alaçığından çıxanda ax-şamdan xeyli keçmişdi. Ana-bala çox söhbətləşmişdilər. Qarşıdakı düşmən və bu düşmənə qalib gəlməkçün ana öz fikirlərini mahir bir sərkərdə kimi izah edir, hadisələri gənc Həmzəyə başa salırdı. Bilmədiklərini bildirirdi. Həm-zə Mirzə söhbətin çox uzanmasından bir qədər darıxmışdı da. Bilirdi ki, Rumlu tayfası nəfərlərinin çadırı ətrafında onu Əsma gözləyir. Bəlkə də, çoxdan gözləyir; amma şah-zadə anasının söhbəti bitməmiş, qalxıb gedə bilmirdi. Nə-hayət, danışığın elə bir anı çatdı ki, Həmzə Mirzə yerin-dən qalxa bildi; əyilib anasının əlindən öpdü:

– Mürəxxəs olum, ana.

– Hara belə tələsirsən, oğul? Hələ sənin yatan vaxtın deyil, bilirəm.

– Yooox, yuxum gəlmir, ana; amma bir az gəzintiyə də ehtiyacım var. İstəyirəm bir mövqelərimizi dolaşım.

– Ehtiyatlı ol, oğlum, düşmən xəfiyyəsi bilib…

Həmzə Mirzə gülümsündü:

– Nigaran olma, ana! Gecənin adını bilirəm.

– Allah amanında.

– Gecən xeyrə qalsın, ana!

– Xeyrə qənşər get, bala!

Çadırdan ayrılanda hələ də anasının dediklərinin bəzisi yenidən qulaqlarında səslənirdi: “Hayıf, şah atan burda yoxdu, belə hökmləri, anlayışları o deməliydi. Am-ma neynəyəsən ki, nə ürəyi qana davamlıdı, nə də son vaxtlar gözləri… Hə, xeyli zəifləyib gözləri”.

Gözləri önündə anası kimi hərbi zirehə qütəvvər ol-muş Əsmanın vücudu cilvələndi. Dərhal gəncin döyüş də, ananın dedikləri də, atanın hal-əhvalı da yadından çıxdı. Əsmanın şəhla gözlərində cinlər oynamağa başladı. Qılın-cın qəbzəsindən yapışan zərif, buğdayı əli qalxdı, Həmzə Mirzəyə doğru uzandı. Xəyaldımı bu, həqiqətmiydi? Ha-çan gəlib çatmışdı Rumluların düşərgəsinə?

Dedik ki, Həmzə Mirzə Nəsimini, Füzulini, Xətaini çox sevirdi. Şeiri, şeriyyətin gözəlliklərini yaxşı anlayırdı. Səfəvilərin qanındaydı bu şeir pərəstişi. Şahzadə Nəsimi-nin hürufi olduğunu da bilirdi. Amma eyni zamanda, Nəsimi seyyid-peyğəmbər övladıydı, Nəsimi Səfəvi nəsli-nə bağlı nəsildi. Və… Həmzə Mirzə sevgilisiylə görüşən-də, yaxud bu görüşü arzulayanda həmişə Nəsiminin şah beytlərini seçib oxuyurdu. Babasının da, Füzulinin də aşiqanə parçaları ürəyində yuva salmışdı, çıxmırdı ordan, əzbərdən oxuyurdu. Və… Və bəzən həsrətlə keçirdiyi gecələrdə, şam işığında, çilçıraqlar işığında bu məhəbbət tərənnümçülərinin divanını qarşısına qoyub oxuyurdu. Mollaxanadakı şagirdlər kimi, diz üstə, rəhil üzərində “Quran” oxuyan kimi… Gizli oxuyurdu çox vaxt. Dərbar-da Nəsimini “dindən dışğarı” hesab eləyənlər vardı. Onun da sünnidən betər olduğunu söyləyənlər vardı. “İslama ziddi”, – deyirdilər. “Ənəlhəqq” deyib”, – deyirdilər…

Yolda bir mərdə, namərdə rast gəlmişdimi? Gecənin adını ondan soruşan olmuşdumu, cavab vermişdimi? Bil-mirdi. Bilə də bilməzdi. Vücudunun bütün hüceyrələri məhəbbətlə dolmuşdu. Onu buraya sevda nəsimi nazənin qanadlarında gətirmişdi. Ulu Şah babası necə demişdi, necə tərənnüm etmişdi, belə görüşü?

Sənmisən yanımda, cana, yoxsa xabımdır mənim?

Beytin ikinci misrası xoşavaz bir nazənin səsilə deyil-di:

Kim fələkdən yerə enmiş mahitabımdır mənim?

– Hardan, necə bildin bu qəzəli?

– Ulu şah babamız Xətainin aşiqanə əşarını təkcə sevənlər deyil, kim bilmir zəmanəmizdə?

– Afərin… Çoxdanmı gözləyirdin?

Bir az var…

Əllər bir-birinə qovuşdu, sonra qollar bir-birinə sarıl-dı.

– Əsma, əfv et, anamın yanından söhbəti bitməmiş çı-xa bilmədim…

– Mən də elə anladım. Bildim ki, Məhdi-Ülya saxlaya bilər səni, şahzadəm!

– Qarşıdakı hərbdən danışırdı. Elə yerli-yerində anla-dırdı ki, heç mənim hərb lələlərim elə anlada bilməz.

– Bizim tərəflərdə Məhdi-Ülya eləcə ən igid sərkərdə kimi təriflənir.

“Kaş anam da sizin tərəflər haqqında belə fıkirdə olaydı” sözləri gəncin hərarətli qız nəfəsindən titrəyən qəlbini dəldi.

Əl-ələ, qol-qola, çiyin-çiyinə gecənin qaranlığında çadırlardan bir qədər aralı gəzinməyə başladılar. Tünd sürməyi səmanın dərinliklərindən minlərlə göz baxırdı onlara. Minlərlə ulduz sanki səmanın dərinliklərindən onları izləyən mələklərdi, afərinlər oxuyurdu, səadətlər diləyir, yollarını işıqlandırmağa çalışırdı. Gücləri çatmırdı işığa, sanki ayı tələsdirirdilər, – “çıx buludlardan, işıqlan-dır yollarını bu aşiq-məşuqun”, – deyir, özləri də etiraz edirdilər: “Yox, yox, çıxma, Ay, qoy bir-birini öz ürəkləri-nin gözüylə görsünlər. Yoxsa sənin, gecənin qaranlığına nur səpən işığında onları yad gözlər, istəyən, istəməyən, mərd, namərd gözlər də görə bilər. Amandır, gecik, Ay…”

Onlar gedirdilər; qəlblərindəki sevgi işığı Aydan çox işıqlandırırdı yollarını. Onlar şair deyildilər. Nə Həmzə Mirzə, nə də Əsma. Hərçənd ki, Səfəvi nəslinin bütün, de-mək olar ki, bütün üzvləri bir az şair idi. Amma Həmzə Mirzə istisnaydı. Əsma da şair deyildi. Nə olsun ki, şair deyildilər. Bir misra da qoşmamışdılar. Amma eşqin dili şeir dili olsa da, indi onları Nəsimi, Şah Xətai, Füzuli dil-ləndirirdi. Əsmanı Nəsimi danışdırırdı:

Ey nuri-dilü didə,

Didarına müştaqam.

Vey yari-pəsəndidə,

Didarına müştaqam!

Öz diliylə olsaydı, heç deyə bilərdimi ki, “ey yarım, gözlərimin, qəlbimin nuru, səni görmək eşqilə yaşayı-ram?” deyə bilməzdi. Qızlıq, tərbiyə utancı mane olar, qoymazdı. Elə Həmzə Mirzə də beləydi. Sarayda daha sərbəst böyüsə də, toxunulmamış vücudu qızın gözəlliyi qarşısında, isməti qarşısında söz tapa bilmir, babası şair Xətai və ya Nəsimi yardımına gəlirdi:

Ey mahi-pəripeykər,

Vey huri-mələkmənzər,

Ey ləli-ləbi şəkkər

Didarına müştaqam.

Məgər bu sözləri Xətai şeirilə deyil, oğlunun dilindən eşitsəydi, Məhdi-Ülya soruşmazdımı ki, “sən sünni törə-məsinin, o qara-qura qızın nəyinə aşiq olmusan? Onun nəyi mələkdi, harası huridi? Hardan o aya bənzər pəri qızı oldu? Hələ onun yaqut dodaqlarının şəkər daddığını nədən bilirsən? Yaquta bax, sən Allah?”

Onlar gedir, şeirləşirdilər. Biri-birinə şeirlə cavab ve-rirdilər:

– Bu kimindi?

– Şah İsmayıl Xətainin. Böyük babamın. Onun aşiqa-nə qəzəlləri, onun bahariyyələri, onun “Dəhnamə”si aşiq-lər üçün töhfədi.

– Yəqin ki, sevib?

– Şübhəsiz. Deyirlər, mənim babam Şah Təhmasibin anası Taclı xanımı ürəkdən sevirmiş. Elə sevirmiş ki!..

– Amma Taclı xanım da Taclı xanımmış ha!!

– Bəli. Mərd, igid. Heç bir mübahisədə ərindən bir qədəm geri qoymayan, həmişə ardınca cəbhələr gəzən.

– Türk xanımları həmişə əslində belə olublar. Onlar böyük köçlərnən fəthlərə gedən ərlərinin ardınca araba-larda, at belində yol gediblər. Yollarda… Bəziləri yollarda, çadırlarda doğublar da…

– Ay hayyy!

– Amma şeirlərinə söz ola bilməz! Eşqin elə bir halı, elə bir çaları, elə bir rəngi, elə bir ahəngi yoxdu ki, şah Xətai, şair Xətai ona cavab verməsin.

– Niyə o özünə Xətai təxəllüsü götürüb, bilmirsən?

– Vallah, ailəmizdə bu barədə danışılmayıb, amma bəzən deyərdilər ki, o bir sıra xətalarına, özünün gənc-likdə səhv elədiyi işlərə görə bu təxəllüsü götürüb.

Gecə Həmzə Mirzəyə elə sehrli beytlər pıçıldayırdı ki:

Cahanda görmədim ziba – sənintək.

Bu aləm içrə hüsn ara sənintək.

İkinci beyti Əsma davam etdirdi: “Nə gözəl qəzəldi”, – deyə təriflədi.

– Sən bunu hardan bilirsən?

– Necə yanı hardan? Məgər bu da sənin, elə hamımı-zın babamız Şah Xətainin deyil?

Bu sözləri də Xətai deyirdi, deditdirirdi nəvəsinə. Həm də o kişi elə hal əhliydi, belə şeylərdən başı yaxşı çıxırdı.

Gəzişirdilər. Qurd-quş, adam-madam yadlarına düş-mürdü. Hardansa, hansı bir dağ selinin gətirdiyi və ya yer tərpənməsinin üzə çıxardıb bu düzəngaha tulladığı iri bir daşa tuş gəldilər. Üstündə əyləşdilər. Yan-yana, çiyin-çiyinə. Elə bil bu daşı elə onların məhəbbət dayanacağı üçün məxsusi gətirib bura qoymuşdular. Qoy Həmzə Mirzə, gözəli Əsma ilə burada, bu daşın üstündə oturub sirləşsinlər. Gələcəklərini, qovuşa bilib-bilməyəcəklərini, Məhdi-Ülyanın razılığı olacaqmı, olmayacaqmı, heç bir şey düşünmürdülər. Bircə şeyi bilirdilər ki, burada, bu ulduz-lu, ulduzları sayrışan, onların eşqinə dastan qoşan sürmeyi səmanın altında yan-yana əyləşiblər. Birlikdədirlər. Heç kəs onları görmür, eşitmir, mane olmur. Bəxtiyarlıq şərbəti içmişdi hər ikisi. Məhəbbətin o şirin şərbət piyaləsini nuş etmişdilər. Aşiqlərə bundan başqa nə lazımdı?

Həmzə Mirzə bir də onda ayıldı ki, karvanqıran ul-duzu başlarının üstündə şəfəq saçır. Gecikmiş Ay üstlə-rinə nur ələyir; sabaha az qalıb. İlahi! Rumlu tayfası Əs-manı araya bilər; sirr aşkar olar. Aləm bir-birinə qarışar. Məhdi-Ülya qızı, sevgili Əsmanı rüsvay edib dəstədən qovar… Nəinki Əsmaya, hələ bütün rumlu qoşunlarına, əmirlərinə divan tutar: “Bu yolla Şahənşahın gözünə gir-məyə çalışırsız? Dilaram-çənginizin başına çəngi ləçəyi salıb, onun vasitəçiliyiynən saraya soxulmaq istəyirsiz, bi-qeyrətlər?”, – deyər, bar-bar bağırar, heç intiqamını səhə-rə də qoymazdı: “Rədd olub gedin ləşgərdən, sünni kö-pəyuşağı. Əlinin zülfüqarı vursun xayin boğazınızdan”, – deyərdi. Eh, Məhdi-Ülya elə sözlər tapıb deyərdi ki, Ma-zandaranın çəngiləri də əlləri üzlərində qalar, belə sözlər tapa bilməzdilər. Əlbəttə, belə rüsvayçılıqdan sonra biabır olmuş əmirlər çıxıb gedər, qızılbaş qoşunlarının qüvvəsi-ni xeyli zəiflədərdi. Hələ bəlkə, öz sünnilərinə tərəf ke-çərdilər; düşmanı gücləndirər, onlara gərək olan xəbərlər də verə bilərdilər. Belə hallar olub, az olmayıb, olub.

Həmzə Mirzə bir anda qəlbindən keçən bu dəhşəti gözlərilə görən kimi oldu. Əsmanın sağ qolundan yapışıb qaldırdı:

– Dan atmağına az qalıb, Əsma! Gedək. Getmək istə-mirəm, amma vaxtdı. Amma inan ki, babam demiş:

Yanaram şəmi-ruyin həsrətindən…

Əsma qız beyti davam elədi:

Deməzsən ol bizim pərvanəmizdir.

Həmzə Mirzə qızı ədəb məqamına qədər çadıra kimi ötürdü. Hər şeyin sakitcə, gözlərdən, könüllərdən iraq bitdiyinə sevindi. Amma Əsmanın sevdası bütün vücu-duna yayıldığı, onu quş kimi yüngül etdiyi halda öz alaçı-ğına tərəf addımladı. Yerdə bir kol-kos da yox idi, ayağı-nın xışıltısı da eşidilmirdi. Məstliyi yenidən özünə qayıt-mışdı. Birdən yanında, arxasında bir hənirti duydu. Əlini belindəki qəmənin mürəssə qəbzəsinə atdı. Dərhal az qala qulağının dibində yavərinin pıçıltısını eşitdi:

– Mənəm, şahzadəm…

Heyrət etdi:

– Sən yatmamısan? Burda neynirsən?

– Şahzadəm, axşamdan səndən nigarandım. Ananız möhtərəm Məhdi-Ülyanın çadırından çıxanda gördüm si-zi. Qəsdinizi anladım və… və… kəkələdi.

– Deməli, o vaxtdan düşmüsən izimə?

– Səni tək, yağı olmasa da, rəqib tayfa tərəfə gedən görəndə…

– Düşdün izimə? Kim izin vermişdi? Kim tapşırmışdı sənə?

– Heç kim, şahzadəm! Mən məsulam, vəzifəliyəm, borcum sizin həmişə amanda, səhhətdə olmağınızdır. Əfv edin məni. Sizdən izin ala bilməzdim. Verməzdiniz. Xeyli aralıdan qaraltınıza qara verirdim, şahzadəm. Bağışlayın məni…

Şahzadə igidliyinə, cəng bacarığına bələd olduğu ya-vərinin boyun qırmasına razı olmadı:

– Yaxşı, yaxşı… – Ayrı söz tapmadı desin. Artıq öz çadırına çatmışdı.

– Gecən xeyrə qalsın.

Xeyir sizinlə olsun, şahzadəm!

Bu gecə Məhdi-Ülya xeyli qara-qura yuxular görmüş-dü. Ürəyi balasının yanında olan nigaran ana yuxularıydı. Hətta yuxuda da “bircə o sünni törəməsindən yaxasını qurtara bilsəydim, dərdim olmazdı. Zalımın qızı, deyirlər, çox gözəşirindi. Özü də cəng təlimi görüb. Deyirlər, mə-nimsayağı, o da öz tayfasıynan atası-qardaşları kimi leşgə-rə qoşulub gəlib. Allah, sən özün balamı bəlalardan hifz elə!”

– Yuxun çin olsun, ana!

Ana ürəyi balasının başına nə isə bir bəla gələ biləcə-yini yalnız analara məxsus olan bir irəlicədən duyma qabiliyyətilə hiss edir və həmişə məhz o balasının üstün-də nanə yarpağı, əsməgül çiçəyi kimi əsir. Belədə ətrafda-kılar anaya, – “sən filan balanı o birilərindən çox istəyir-sən”, – deyərlər. Amma biz bu hissin nə olduğunu, Həmzənin taleyini bildiyimiz üçün, gəlin ananın duaları-na qoşulaq, oxucum! “Allah sənin dualarını eşitsin”, – de-yək, – “Amin”, – deyək anaya!

ŞİRVAN UĞRUNDA

İki gün idi ki, qanlı döyüşlər gedirdi. Axşam düşəndə hər iki tərəf mövqeyinə çəkilir, qanlı dəstəmazını alıb şam namazını qılırdı. Sonra da eləcə dəstəmazlı-dəstəmazlı hərb meydanına düşən ölüləri yığır, Ağsu çayının yanın-da olmalarına baxmayaraq, eləcə şəhid kimi pallı-paltarlı, kəfənsiz, təlqinsiz bir xəndəkdə – qardaşlıq deyərdik biz, məzarında dəfn edirdilər. Sonra da əllərinin qanını, toz-torpağını Ağsu çayının payız sularında yuyurdular.

Allah döyüşənlərin üzünə baxmışdı. Payızın son ayıydı. Yağış yoxdu. Ağsu-Ağdevölən çayın ətrafları aran yeri olduğundan yağışlar hələ təkəmbirdi; payız öz gücü-nü göstərməmişdi. İndiki Pirhəsənli, ondakı Mollahəsənli kəndinin həyət bağlarında şirin “pirhəsən narı” ağaclar-dan qırmızı şamlar asmışdı. Döyüşçülər Göyçay narını da ötüb keçən, tünd zoğalı rəngdə kövrək, sulu dənələri, meyxoş tamıyla ağızlara ləzzət verən nardan qırıb yeyir-dilər.

Mollahəsənlilər dağa tərəf çəkilmişdi. Əli qılınc tu-tanlar Xudabəndə qoşunlarına qoşulmuşdu. Bəziləri, da-ha çox ləzgilər başqa Dağıstan tayfaları ilə birlikdə idilər. Əslində, bu döyüş müvəqqətiydi.

Əsl dava Şamaxı altında Bayat kəndi yaxınlığındakı düzənlikdə gedirdi. Burada Xeyrənisa Bəyimin və Şahza-də Həmzə Mirzənin çadırı ətrafında Mirzə Salmanın təki-di ilə ciddi nəzarət gedirdi. Tatarların iki əsgəri əsir düş-müşdü. Məlum olmuşdu ki, bu iki nəfər Krım xanının oğlu və sərkərdələri Adil Gərayın Səadət Gəray və Əsgər Gərayın Şamaxı qalasında səngərlənmiş Osman paşaya göndərdiyi çaparlardır. Buraya yeni qoşun dəstələrinin gələcəyini xəbər verməliydilər.

Sorğu-sual gedirdi. Sorğu-sualı qızılbaş sərkərdələ-rindən əmir Qulu bəy aparırdı. Xeyrənisa Bəyimlə Şahza-də Həmzə Mirzə alaçığın baş tərəfində bir taxt üstündə oturub, istintaqı müşahidə edir, arabir Şahbanu da bəzi suallar verirdi.

Şahbanu döyüşkən qızılbaş əmirlərinin dava libasın-daydı. Qara nazik hörüklərini başının ətrafına sarıb üs-tündən dəbilqə qoymuşdu. Tanımayana gənc şahzadə və ya kosa bir sərkərdə təsiri bağışlayardı.

– Niyə libasınızı dəyişib bizim leşgərə soxulmuşdu-nuz?

– Şamaxı hakimi Osman paşaya dilcavab tuğrası apa-rırdıq.

– Kim tərəfindən?

Şahzadə Adil Gəray göndərirdi…

Əsirlər qoşun içərisində tanınıb, ifşa olunandan sonra qızılbaş nəfərləri onları o qədər döymüşdülər ki, üz-göz-lərinin qanı qaysaqlanıb ağızlarını, gözlərini açmalarına mane olurdu.

– Nə deməliydiz?

– Döyülüb bu hala salınmanız bəs eləməyib ki, cavab vermirsiz?

Şahbanu kükrədi:

– Nolar, cavab verməzlər, çəkin alaçığın qabağına. Bağlayın xam atın quyruğuna, bir tatarı çəkin yanbızına, qurtarsın getsin…

– Adil Gəraygilin lap bu günlərdə on iki min süvariy-lə ona köməyə gələcəyini deməliydik…

Əsirlər dindiriləndən sonra Şahbanunun çadırında əsas sərkərdələrin və Bəyimin şəxsi vəziri Mirzə Salmanın iştirakı ilə qərargah müşavirəsi çağırıldı. Həmzə Mirzə də anasıyla bərabər bu müşavirədə iştirak edirdi.

– Nə məsləhətdir, əmirlər?

Nə məsləhətdir?

Dalbadal eyni sualı burada indi Məhəmməd Xuda-bəndəni əvəz edən Şahbanu verirdi; əmirlərdən bəzisi şah yerinə Şahbanu sərkərdəliyini özlərinə ayıb hesab edir-disə də, indi başqa çarə yox idi.

– Mövqeyi qoyub gilavara tərəf getməliyik. Aşağıdan gələn tatar və osmanlı qüvvələrini orda qabaqlamalıyıq, mən bilən.

– Bəs Şamaxı?

–Şamaxıda Osman paşa qalada yaxşı səngərlənib. Onu ordan çıxaranacan, aşağıdan gələn Adil Gəray qüvvələri Şirvanı xaraba qoyar. Aras xanın başına gələnləri unut-mayaq.

Doğrudan da, az əvvəl Aras xan igidlərilə böyük bir qüvvətə qarşı qəhrəmanlıqla çarpışmış, əsir düşüb edam edilmişdi, əksər sərkərdələriylə birlikdə. Bu bəladan az bir qoşun hissəsi xilas ola bilmişdi.

– Allah rəhmət eləsin.

Hər halda məsləhət budu.

Ordunun dislokasiya (yerdəyişmə) məsləhətində əmirlər Şahbanu və Həmzə Mirzənin döyüşə getməsini istəmirdilər. Qoruyurdu qızılbaşlar şahzadəni. Elə buna görə də əmirlərdən biri, nəzərdə Həmzə Mirzəni tutduğu halda, – “Şahzadə qorxdu, anasını bəhanə edib, meydan-dan sürüşdü”, – deməsinlər deyə, şahzadəni deyil, Şah-banunu dilə gətirdi:

– Müharibə xatun işi deyil, ya Məhdi-Ülya!

Xeyrənisa Bəyimin gözlərində ildırımlar çaxdı, qığıl-cımlar səpələndi bəbəklərindən, kükrədi:

– Sən mənim xatun olmağımı nədən bilirsən? Deyə-sən, axı mən səninlə baş bir yastığa qoymamışam.

– İlahi!

– Tövbə…

– Erkək zarafat…

– Zarafat-zad eləmirəm. Kimin nəyə qadir olduğunu meydan həll edər.

Belə cavabları əmirlərdən heç birisi gözləmirdi. Elə doğmaca oğlu Həmzə Mirzə də. Şahbanunun sərt xasiy-yətinə bələd olsalar da, bunu gözləmirdilər. Və odur ki, Şahbanuyla danışanda hamı özünü yığışdırır, əvvəlcə düşünür, sonradan başına qaxılacaq bir cavab almamaq-çın, “bir erkək zarafat” eşitməməkçin, yüz ölçüb, bir biçir və sözünü deyirdi.

Neynəyəsən, Xeyrənisa Bəyim hərbi təlim almış döyüşçü, İran təxt-tacının sahibi Məhəmməd Xudabəndə-nin (o fağır kişinin – gərək əksinə olaydı) arvadı Şahbanu, dörd şahzadə anası Məhdi-Ülya – uca beşikdi… Onunla danışanda ehtiyat vacibdi.

Qərəz…

Elə də qərarlaşdılar. Şamaxıda Osman paşaya qarşı bir miqdar qoşun qoyub, onları allı sərkə qızılbaşın adlı sərkərdələrindən Vəli Xəlifə Şamlunun ixtiyarına tapşırıb özləri Mollahəsənli tərəfə, Adil Gəray və qardaşlarının Osman paşaya yardıma gələn qoşunlarını qarşılamağa yollandılar.

Mirzə Salmanın təkidinə belə məhəl qoymadı Şah-banu, özü və oğlu Həmzə Mirzə qoşunun əsas güclü dəs-təsilə birlikdə yollandı.

İndi Şahbanu özünəməxsus çadır-alaçıqda əyləşib fıkrə dalmışdı. O, bilirdi ki, qızılbaş sərkərdələri arvad əmrlərini yerinə yetirməyi kişiliklərinə sığışdırmırdılar. Bilirdi ki, Ustaclu, Türkman, Şamlu, Bayat, Şahsevən, Qa-car, Əfşar kimi ən adlı qəbilələrin, tayfaların əmirlərinin onu görməyə gözü yoxdur. Anlayırdı ki, sərt davrandıqca arvad kölgəsində yaşamaq, zənən xaylağı əmrlərini yeri-nə yetirmək onlara ölümdən də betər gəlir. Onları cilovla-maq Şahbanu üçün o qədər də asan deyildi. Lap elə Məhəmməd xan Ustaclu, Möhrdar Şahrux xan, İmamqulu xan Qacar, türkman və təkəli əmirlərindən hansının əlinə keçsə, təkə-təkdə onu boğazlayar, qanını içərdilər. Elə buna görə də, sərkərdələrin hər birinin ardınca Şahbanu-nun “qulaqçıları, gözçüləri, xəbərçiləri” vardı.

Şahbanu dünən gizlicə onunla görüşən “xəbərçi”lə-rindən birinin verdiyi məlumata əsasən, bu gün alobaş-dandan döyüş başlayacağını öyrənmişdi. Adil Gərayın Krım tatarları və Osmanlı qoşunları yarım fərsəxdə əməl-li hərbi mövqe tutub hazırlanmış, sübhün açılması ilə qə-fil döyüşə başlamaq əzmindəydilər.

Şahbanu yerindən qalxdı. Nağıllarda deyildiyi kimi, altdan geyinib üstdən qıfıllandı, üstdən geyinib altdan qıfıllandı. Ona çox vaxt mane olan, əziyyət verən hörük-lərini başının ətrafında hörmələdi, ürəyində deyindi də: “Vallah, əgər “saçı kəsik” sözü əxlaqsızlıq əlaməti sayıl-masaydı, elə bugünkü ağır döyüşlər xətrinə kəsib tul-lardım bu qarğı hörükləri. Onsuz da zənən paltarında olanda da görünmürlər, cutqu içində gizlənirlər. Faydası nədi? Bundan sonra mən bir də qız-gəlin olmayacam ki!”

Dəbilqəsini geyindi, vaxtilə məxsusi onun bədəni ölçüsündə hörülmüş zirehli geyimini geyməkçün döşləri-ni ağ ləçəklə sinəsinə sarıdı və sumağı məxmər köynək üstündə zirehi əyninə keçirdi. Uzunboğaz çəkmələrinin içində sürməyi məxmər şalvarının balaqlarını gizlətdi. Yalnız bundan sonra dirsəkdən yuxarı bazubənd, dirsək-dən aşağı qolçaqlarla qollarını mühafizə edən əməlləri yerinə yetirdi. Niqabını hələlik üzünə salmayıb dəbilqəsi-nin üstünə qaldırmışdı. Əlini əlinə çaldı. Dərhal alaçığın qalın pərdəsi aralandı, mühafızəçilərindən Mehdi çavuş başını içəri uzatdı:

– Əmriniz…

Az qala xanım, bəyim deyəcəkdi. Hərbi geyimdə elə bil ki, Şahbanunu birinci dəfə görürdü. Kəkələdi:

– Əmriniz… xa… şa… şahım?

Şahbanunu həmişə olduğu kimi, bu “yalan-yanlış” güldürdü. Amma güldüyünü bildirməməkçün, bu hissi daxilinə təpib əmr etdi:

– Çavuş, möhrdarı yanıma çağır.

– Çeşm…

Kəmhövsələliklə davam etdi:

– Dayan, çavuş, tələsmə. Sözümü bitirmədim.

– Əfv edin, anlamadım…

– Heç bir səs-küy qaldırmadan, bir hənirti salmadan, bütün əmirlərə, tayfa başçılarına xəbər ver, səs salmadan dərhal yanıma gəlsinlər. Yatıblarsa, oyat, kefdədirlərsə, ayılt…

– Bə çeşm, şahım…

– Daha yubanma, əmrimi anladın? Səs-səmirsiz…

– Anladım. Gedə bilərəmmi?

– Mürəxxəssən. Amma bil ki, bircə cınqırtı çıxarsa, kimliyinə baxmadan sənin başını cücə başı kimi öz əlimlə bədənindən ayıracağam. Elə hamıya da əmrimi şahən-şahın əmri kimi yetir.

Çavuş kamanından çıxan ox kimi alaçığı tərk etdi. Amma dərhal da pişiyə döndü, pişik addımlarıyla yeri-yirdi. Öz hərəkətlərindən, bədəninə qorxu yeridən hərə-kətlərindən sanki bütün vücudu belə vəhşət içində bükül-müş, uyuşmuşdu.

Qasidi gedəndən sonra geyinməsini bitirməkdə olan Xeyrənisa Bəyimin nədənsə, bəlkə də, elə verəcəyi əmrə görə, yadına bir görüş, bir əhvalat düşdü.

Neçə vaxt bundan əvvəl düzənlikdə, qoşununu sərbi-rah elədiyi dövrdə heç bilmədi çadırına o qoca ərən hara-dan, necə gəlib çıxdı.

Qocanın nurani siması ona ərənlərin uşaq vaxtı hələ ata evində gördüyü ağ saqqalı, ağ buğları, gümüşü bir-çəkləri işıq saçan müdərrisini – müəllimini, atasını – o qatil əllərdə günahsız həlak olmuş atasını xatırladırdı. Qocanın kol-kol olmuş ağ tüklər içində təkəmbir qara qalan qaşları altından Bəyimin sanki qəlbinə nüfuz edən gözlərindən məhəbbət, həlimlik, narın bir nəvaziş yağırdı. Bu baxışlar Şahbanunun qəlbinə işləyirdi, sanki məhəbbət, ədalət təl-qin etməyə gəlmişdi qoca ərən.

Amma Şahbanu çaşmışdı; qocaya oturmaq üçün yer belə təklif eləmədi; ürəyini möhkəmləndirməyə çalışdı. Bəlkə, ərən onu dilləndirməyə, ondan bir günahkar üçün əfv diləməyə, kimisə bağışlatmağa gəlmişdi. Bir qədər özünə, mənsəbinə layiq qürur, möhkəmlik verməyə çalı-şaraq soruşdu:

– Nə istəyirsən, qoca?

– Nə istədiyim sənə məlum olmalıdı. Mən Şahbanu Xeyrənisa Bəyimlə danışmaq istəyirəm.

– Nədən?

– Sənin millətindən, xanım! Qəhrəman, əsrlər uzunu yadellilərə təslim olmayan Mazandarandan… Sənin vətə-nin türk məmləkətidi. İndi bu saat saraydan qovmağa başladığınız türk dilini saray səviyyəsinə böyük Şah İs-mayıl qaldırmışdı. Böyük şair, sərkərdə Şah İsmayıl. İndi türk əsillilərin yerini sarayda təciklər, farslar tutur.

– Noolsun ki?

– O olsun ki, indi bu saat meydanda çarpışan, al qana qəltan olan igidlər kimlərdi? Bir səhnəyə bax, xanım! Sən anasan, Məhdi-Ülyasan! Bir bax, səhranın ortasındakı o qızartılar lalə deyil, cavanlarımızın qanıdı. Çarpışanlar, bizə qarşı duranlar tatar da olsa, türk soyludu, türk əsil-lidi. Osmanlı dinimizə müğayir də olsa, türk soylu, türk əsillidi. Böyük bir məmləkət, dünyada türk dövlətlərinin gözü bir məmləkətdi. Şahbanumuz, bütün o tayfalar ki, osmanlı və Krım tatarlarına qarşı vuruşur, Krım tatarları deyil, türklərdi, Krım türkləri. Onlarla üz-üzə gələnlərsə, bizim qanımız, canımız, doğmalarımız, balalarımızdı. Bunlar da əslində türk əsilli, türk soyludu. Hər üçü eyni qannan, hər üçünün dili birdi, hər üçü cəngavərdi. Amma dünya millətləri, dünyanın böyük xaçlı dövlətləri bizi bir-birimizə salışdırıb. Ustacluynan şamlu, şamluynan təkəli, təkəliynən, deyək ki, bayat, onlarla əfşar, əfşarla türkman! Bir bax, möhtərəm Məhdi-Ülyamız, bunların axı hamısı qızılbaşlığın gözüdü, qızılbaşlığın canıdı. Qızılbaş əmir-ləri qanına qəltan olan o cavanlarla birlikdə millətin qay-mağıdı. Sən anasan, Məhdi-Ülyasan, bizə dörd şahzadə bağışlamısan. Sənin də övladın, oğlanların meydandadı. Məncə, bir Həmzə Mirzə neçə igidə dəyər. Nəzərə al, Şah-banu, qan tökülməsinə son qoy.


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.


Популярные книги за неделю


Рекомендации