Электронная библиотека » Cəfərzadə Əzizə » » онлайн чтение - страница 6

Текст книги "Bəla"


  • Текст добавлен: 28 октября 2022, 20:40


Автор книги: Cəfərzadə Əzizə


Жанр: Современная зарубежная литература, Современная проза


сообщить о неприемлемом содержимом

Текущая страница: 6 (всего у книги 6 страниц)

Шрифт:
- 100% +

Axşam düşürdü, bir azdan şam namazı üçün əzan veriləcəkdi. Ayişə ana dəstəmaz alıb, ayaqlarını yudu. İbadət otağına keçə-keçə zikr əvəzinə Allahdan balasına əmin-amanlıq arzulayırdı…

…Şahbanu şam namazını təzəcə qılıb qurtarmışdı ki, bir kəniz içəri girdi:

– Mələkəm, bir zənən xeylağı səni görmək istəyir. İzin…

– Kimdi?

– Bilmirəm, tanımıram, mələkəm! Amma yaxşı niy-yətlə gələnə oxşayırsa da, üzünü çarşabnan, rübəndnən sımsıq bürüyüb deyin, tanımıram.

– Birdən kişi olar ha!.. Düşman…

– Yox, yooox! Kişi döyül. Elə xacə, hərəm ağası nəy-çünsə ona inanıb, içəri buraxandan sonra çadranın üstün-dən əlimnən də yoxladım. Kişi döyül…

– Xacə görüb?

– Bəli, qurbanın olum. Görüb. Özü buraxıb içəri. Nəysə bir tapşırığı varmış qurbanı olduğum Abbas Mir-zənin; odu ki, o işin dalınca qaçdı, bunu mənə tapşırdı…

– Arvad olanda nə olar, bəlkə, silahı, əsləhəsi qoynun-da, çarşabın altındadı?

– Yooox, dədəm-nənəm qurban, azarın ürəyimə, mələkəm! Özüm elə əsil onu yoxlayırdım çarşabın üstün-dən.

– Neynir məni axı, soruşmadın?

– Soruşdum, demədi, elə hey ağlayır…

– Namaz qılırdım…

– Hə, gözümün giləsi! Sən elə şam namazına təzəcə başlamışdın ki, gətirdi mənə tapşırdı onu hərəm ağası. Gözlədim ki, namazdan fariğ olasan, zikrini qurtarasan, sonra gəldim…

– Yaxşı… Burax görək, kimdi. Qoy gəlsin. Özün də buralarda ol! Gərək ola bilərsən.

Qız Mirzə Salman və başqa vüzəradan eşitdiyi kimi dedi:

– Bəçeşm… – sonra da sürətlə otaqdan çıxdı.

“Deyəsən, gələni tanıyır. Ürəyinə yatan adamdı, can-fəşanlıq eləməyindən görünür. Qorxudan mənə elə dedi”, – ardınca düşündü Şahbanu.

Pərdə qalxdı. Düşməkdə olan gecə kimi qara çarşaba bürünmüş, qara biçe-rübənd taxmış, mütənasibliyi bürün-düyü çadradan belə bəlli olan bir qadın otağa daxil oldu. Mələkə:

– Kimsən? Nə istəyirsən? Zikrə də qoymursuz. Pay-yığansan, hərəm ağasından istəyəydin…

Gələn qadın diz çökdü, Şahbanudan xeyli aralı diz üstə düşüb rübənd və çadrasını atdı.

Bu Əsma idi. Gözləri yenə də ağlamaqdan şişmiş, üz-gözü çilçıraqlar altında qıpqırmızı görünən Əsma gözəl!…

– Nə? Sən kimsən?

Soruşdu Şahbanu və dərhal da tanıdı. Kükrədi:

– Balamın qatili, rədd ol burdan! Nə üzlə, niyə gəlmi-sən bura?

Əsma əllərini irəli uzadıb, dizin-dizin Xeyrənisa Bəyi-mə tərəf sürünərək, gözlərindən axan yaşları saxlamağa belə təşəbbüs etmədən deyirdi:

– Mələkəm…

– Zəhrimar mələkəm, dərd mələkəm… Sən yıxdın evi-mi. Sən dağıtdın Həmzəmin – şahzadəmin xanımanını. Sənin atan, sənin nəslin, sənin tayfan zəhərlətdi; imam-larımızı zəhərlədən Əsmalar kimi, sünni köpəy uşağı…

– Mələkəm, dinlə məni! Amana gəlmişəm…

– Hələ sənə ölüm hökmü verilməyib ki, aman istəyir-sən.

– O hökmü özüm vermişəm… Mələkəm! Qulun olma-ğa, kənizin olmağa, kölən olmağa, cariyən olmağa gəlmi-şəm, mələkəm!.. Özün döy, öldür məni. Amma qovma! Təriqətini, isna-əşəri qəbulə gəlmişəm, keç, günahım var-sa, günahımnan. Əşhədü ənnə, ilahə illəllah; əşhədü ənnə Mühəmmədən rəsulallah; əşhədü ənnə Əliyyən vəliyul-lah; vəsiyyə Rəsulallah…

Lap yaxınlaşmışdı, diz üstündəykən Şahbanunun önündə yerə qapandı. Hönkürtülər, hıçqırıqlar içində bo-ğulurdu…

Heyrətindən bu möcüzə qarşısında donmuş Xeyrə-nisa Bəyim çaşıb qalmışdı. Kəlmeyi-şəhadətin son cümlə-sini eşidincə oturduğu yerdə diz üstə qalxdı, qızın başını yerdən götürüb sinəsinə sıxdı… Həmzə Mirzənin ətrini ondan alırmış kimi… İstəkli, faciəli ölümüylə, vaxtsız dünyadan getməsilə onun sinəsinə çarpaz yara vurmuş, ciyərini yer-yerdən dağlamış, ürəyini oxlamış balasının sevgili gəlinini ağuşuna alan kimi…

Özünü unutdu, yaylığını da çıxara bilmədi. Lap Mazandaranda, hələ Şahbanu olmadığı illərdə gördüyü adi kəndli qadınlar kimi, “zərnaə” baş örtüsünün ucuyla qızın gözlərini, yaşdan qızarıb, şişmiş sifətini qurulamağa başladı. Bağırdı:

– Hardasız, ölmüşlər?

Əlbəttə kənizlər, cariyələr içəridə baş verənləri pərdə dalından eşidir, aradan görürdülər. Bir çoxunun gözləri yaşarmışdı.

Həmzə Mirzənin əvvəlki arvadı, Mirzə Salmanın qızı Süheylə banu da onların arasındaydı. Cəld otağa doluş-dular:

– Ləbbeyk…

Su… Gülab gətirin…

MƏHDİ-ÜLYANIN SONU

Müseyyib xanın evində məşvərət məclisi toplanmış-dı. Bütün tayfalardan olmasa da, hər halda 37 ən görkəmli və rəsmən qəbul olunmuş partiya (üzr istəyirəm, elə hey çaşıram) tayfaların başçıları qızılbaş sərkərdələrindən seçmələr toplanmışdı: Bu gün onlar qəzəbdən göy yeyib göyə foyxururdular. Bir neçə gün əvvəl Şahbanu onlara söz vermişdi ki, Mazandaran hakimi, heç bir günahı ol-mayan, əmin, etiqadlı müsəlman şiə Mirzə xanı cəzalan-dırmayacaq. Amma özü əlaltından Qəhqəhə qalasındaca cavan Mirzə xanı boğdurub, həlak etmişdi. Bu xəbər qızıl-baş başbilənlərini özündən çıxarmışdı. “Daha bu ağ oldu, – deyirdilər, – bəs bizim hörmətimiz tayfalar arasında ha-ra enir?”

– Bəs biz bundan sonra ona necə inanarıq?

– Bu arvad ağını çıxardıb daha.

– Şaha müraciət etmək lazımdı.

– Belədi.

– Amma şahın da kı ağzı, əh… arvadağızdı…

–Yoooox! Yığışıb bir neçə ağsaqqal, hörmətli əmirlər-lə Şahənşahın yanına gedək. Onun şahlığına rizaməndliyi biz qızılbaşlar vermişik.

– Qoy babası Şah İsmayılı, atası Şah Təhmasibi yadı-na salsın… Onlar heç birisi arvada… beylə… verməyib…

– Cilovunu üstünə atmayıb… Xam at…

– Yaxşı, – deyə ev sahibi, şahın yaxın qohumlarından biri olan Müseyyib xan danışıqlara son vermişdi:

– Yaxşı. Mən özüm Şahənşahla görüşüb, əmirlərin, tayfa başçılarından bir neçə nəfərin onun qəbuluna gəl-mək istədiklərini deyərəm. İzin də alaram.

Hamı yaxşı xislətli Müseyyib xanın sözünə etibar edir və ona inanırdılar. Əvvəllər belə şeylərə qol qoymayan, bir qədər həlimxasiyyət olan Müseyyib xanı görünür ki, Məhdi-Ülyanın əməlləri cana gətirmişdi. Qeyrət, namus əsiri olan Müseyyib xanın qulağına çatmışdı ki, neçə gün əvvəl öldürülən Adil Gərayla guya Xeyrənisa Bəyimin arasında nəsə bir şey var.

Əlbəttə, düşüncəli insan olan Müseyyib xanı belə sözlər, qeybət və şaiyələr özündən çıxarmazdı. Məhəm-məd Xudabəndənin qeyrəti ona da düşürdü. Bununla be-lə, sevməsə də, Xeyrənisa Bəyimin belə əməl sahibi ola biləcəyinə inanmırdı. Bilirdi onun mərd, namuslu oldu-ğunu. Amma hakimiyyəti ərinin əlindən alıb, az qala hə-lim şahın qəyyumu kimi hərəkət etməsi, xüsusilə son bir neçə qətlə hökm verməsi, nəhayət də ki, axırıncı qətl…

Mirzə xanın günahsız olduğunu bilə-bilə onu öldürt-məsi, Qəhqəhə qalasında cavan adamın boğdurulmasına fərman verməsi, Müseyyib xanın da səbir kasasını dol-durmuşdu.

Beləliklə də, qızılbaş əmirləri, sarayda xüsusi hörməti olan (bir-birilə yola getməsələr də) Ustaclu, Şamlu, Zülqə-dər, Bayat, Qacar, Səfəvi və başqaları bir qərara gəldilər. Bəlkə də, bu yeganə dəfəydi ki, bu tayfa başçıları BİR qərara gəlmiş və BİRLİKDƏ iş tutmağa razılaşmışdılar.

Bu məsələdə sarayı sünnilərdən, təciklərdən, farslar-dan təmizləyib, yalnız qızılbaş tayfalarının hakimiyyətini qəbul etmək məsələsi də əsas rol oynayırdı. Məhdi-Ülya aradan götürüləndən sonra öz aralarındakı kin-küdurəti davam etdirə bilərdilər. O vaxtacansa əl-ələ, çiyin-çiyinə getməliydilər. Mübarizəyə də, müharibəyə də, ölüm-di-rim çarpışmasına da…

Məhdi-Ülya və Mirzə Salmanın aradan götürülməsi asan məsələ deyildi, elə ölüm-dirim mübarizəsinə bənzər şeydi.

…Müseyyib xan sözünü tutdu. Müqəddəs cümə axşa-mı İran torpaqlarının şahənşahı Məhəmməd Xudabəndə onları qəbul etdi. Məclis bir qədər tünlük olsa da, seçmə-lər gəlmişdi. Hərə bir ağız ürəyindəkini dilinə gətirir, şahı inandırmağa cəhd göstərirdi.

Şahla yanaşı taxtın böyründəki kürsüdə əyləşmiş Xeyrənisa Bəyimi iki tərəfdən dövrəyə almışdılar. Mələkə daxilində sıxılır, zahirində cürətlə qarşılayırdı bu halları. Hər halda, Səfəvi xanədanına dörd şahzadə, bir hökmdar, həm də 1587-1629-cu illər arasında qırx iki ildən ziyadə hökmdarlıq sürmüş əfsanəvi I Şah Abbası bağışlamış Məhdi-Ülya sanki məhkəmədəydi, çarpaz sorğu-sual ge-dirdi. Qızğın, ağır…

– İndi İran-zəmində Şahənşah Məhəmməd Xudabən-də deyil, Xeyrənisa Bəyim hökmranlıq eləyir.

– Özünü qızılbaş sərkərdələrindən də yüksək tutan…

– Onuynan bahəm anası…

– Onuynan barabar təciklər…

– Farslar…

– Mirzə Salman…

– Farslar, təciklər! Mirzə Salmanın abavü əcdadı, az qala.

– Az qala yeddi arxadan dönəni də qəbirdən baş qov-zuyub…

– Yeddi nəsil bundan beləsi də… xortdayıb…

– Ölkəni türk əlindən çıxardıb, farslara verir, şahım!

– Bünövrəsini böyük Şah İsmayıl qoyan… ölkəni…

–Məmləkəti idarə etmək zənən işi deyil…

– Arvad işi…

–Arvadlığımı hansı döyüşdə görmüsən? Şirvanda, Təbrizdə?

Əmirin qorxduğu olacaqdı az qala. “Mənnən baş bir yastığa…”

– Şahım, zənəndi, otursun zənənliyində, analığın elə-sin elə.

– Şükür demədi, yəqin şaha görə…

– Bəs niyə müharibə cəbhələrində çarpışanda zənən hesab eləmirdiz məni, cənablar?

– Elə onda da bizə şəki bağlayır; börkü isti-soyuqçün örtürsüz deyirdilər…

– Əmirlər qalmışdı bir tərəfdə, sənin əlində nökərə çevrilmişdik…

– Bir neçə gün öncə məmləkəti az qala tatar xanı Adil Gərayın cənginə keçirəcəkdin. Özün kimi…

– Əgər şamlular, ustaclular birləşib onun axırına çıxmasaydılar.

– Elə mənim də axırıma çıxmaq istəyirdiz. Yaxşı ki…

– Bəli, cavabı yaxşı verdin.

– Yaxşı verdim…

– Elə indi də yaxşı cavab verirsən.

– Görürsənmi, şahım? İndinin özündə, sənin qul-luğunda, sən dura-dura dil boğaza qoymur.

– Gör indi sən olmayanda nə olur.

– Sizin arzınız mənə bəllidi. Siz hökmdarın, Şahən-şahın axırına çıxmaq istəyirsiz. Siz hər biriniz ayrılıqda öz istədiyinizi hakimiyyətə gətirməkçün can qoyur, dəridən-qabıqdan çıxırsız. Məmləkəti xərabəzara çevirmək istəyir-siz…

– İnanma, şahim! İnanma! Biz divanxanada, qazi qul-luğunda, əlli sövkənd vermiş, əlli and içmişik. Nə qədər ki, Allahın sənə məhəbbəti var, Allah səni bu təxti-tacda əyləşdirib, mülki-İranı sənə inanıb, təbəələrini sənə həva-lə eləyib, biz heç bir ayrı hökmdar haqqında, heç bir şah-zadəni hakimiyyətə gətirmək uğrunda çarpışmayacağıq. İnan buna!

– Sizin qəsəmlərin bir pulluq qiyməti yoxdu. Qapı-dan, dərbardan çıxanacandı. Saray darvazasından çıxan-dan soora, hər biriniz o birisinə yağı kəsilib, özünün istə-diyini şahlığa gətirməyə can atacaqsız. Neyçün? Özünüz-dən ötəri! Məmləkəti özünüz, öz tayfanız idarə etməkdən ötəri. Tanıyıram sizi! Yaxşı tanıyıram sizi, namərdlər, iki-üzlülər…

“Doğru deyirlər, – düşünürdü Məhəmməd Xudabən-də, – doğru deyirlər, hamısını doğru deyirlər. Amma Məhdi-Ülya! Məhdi-Ülya da məmləkətin rifahını, Saray-da, ölkədə qulaq dincliyini, övladlarının haqqını, gələcə-yini nəzərdə tutub belə bir siyasət yürüdür.

– Nə qədər öc almaq olar? Atasının intiqamını neçə nəsildən aldı? Ürəyi soyumadı. Əsl qanlılar bir yana, əlinə keçən qızılbaş əmirini, onun hökmranlığına düşmən he-sab edir. Hamını qatil, cani, yağı hesab eləyib boğazlatdı-rır. Nə qədər?

– Hökmdarım, məni əfv qıl, Məhdi-Ülya hakimiy-yətdən ayrılmalıdır.

– Ayrılmalıdı…

Ayrılmalıdı…

Səslər kəsilmirdi. Əlbəttə, Məhəmməd Xudabəndə seyid nəslindən olan Məhdi-Ülyanı incitmək, qəlbinə toxunmaq istəmirdi. Amma əmirlərə, tayfa başçılarına söz verməyə məcbur oldu:

– Ağalar, əmirlər!

Hamı susdu.

– Sizə söz verirəm, Məhdi-Ülya bundan sonra dövləti idarə işlərinə, divanxanaya, divan işlərinə qarışmayacaq. Anası, bizim möhtərəm qayınanamız da, həmçinin.

Hərə öz inandığını düşünürdü:

“Ay qarışmadı ha!!! Ağzı pendir kəsməyən hökmdar. Ay qarışmadı ha!!!”

Mələkə də, həmçinin öz düşüncələrindəydi: “Əlbəttə, əlbəttə, günahkar görəndə dara çəkdirəcəm, çarmıxa dart-dıracam. Günahkarı!”

– Məhdi-Ülya hakimiyyətdən çəkilməlidi. Xeyrənisa Bəyim hakimiyyətə müdaxilədən əl üzməlidi.

– Şahbanu hakimiyyətdən uzaqlaşmalıdı.

– Mələkə divan işlərindən əl götürməlidi.

Mələkə dişlərini qıcadı: “Asta yeyin, boğazınızda qa-lar”.

Yavaşca, yalnız ərinin eşidə biləcəyi bir pıçıltıyla, – “Öləndə görərsiz” – dedi. Bunu şaha bir qədər yaxın dur-muş Müseyyib xan da eşitdi: “Neynək, qalsın qulluğun-da”. Çıxanda yoldaşlarına beləcə də dedi:

– Siz haqlısız, o ölməlidi. Özü verdi hökmünü.

– O hakimiyyətdən əl çəkən deyil. Nə özü…

– Nə də başının adamları…

– Mirzə Salman, təciklər, farslar…

– Şahın qulluğunda da qızılbaş əmirlərini təhdid, təh-qir elədi.

Sonra Müseyyib xan əlavə etdi:

– Özü dedi hökmdara, Şahənşaha özü pıçıldadı, dişlərinin arasından. Öz qulağımla eşitdim. Mən şaha ya-xın durmuşdum…

– Qohumundu axı…

– Fağırın biridi, keçib bu dilaramçəngin əlinə.

– Görürsən də! Xan, biz deyəndə razılaşmırdın. İndi özün gəldin biz deyənə.

Sözlər dərbarın səhnindən darvazaya doğru gedilər-kən yavaş səslə deyilirdi. Amma çəkinməyə, “qulaqçı”la-rın eşitməsindən ehtiyat etməyə ehtiyac yox idi. Əmirləri heç kim müşayiət etmirdi. Hətta onlara hüsn-rəğbət bəs-ləyən saray ərkanından bəziləri belə, Məhdi-Ülyanın cə-zasından qorxaraq, yalnız aralıdan, gözlərilə müşayiət edir, yola salırdılar qızılbaş əmirlərini.

Sarayda deyilən hər bir kəlmə ağızdan çıxan kimi, otuz iki dişdən ayrılan kimi, otuz iki ağıza yayılırdı. İndi də şahənşah qulluğunda nəyin, necə cərəyan etdiyini az qala Qəzvin bazarının darğaları da bilirdi, möhtəsibləri də.

Birbaşa Müseyyib xanın evinə getdilər. Çay, qəhvə, qəlyan məclisi təşkil olundusa da, kənizlər, girib-çıxıb arabir məclisə lazım olanı gətirsələr də, qızılbaşların heç birinin qaş-qabağı açılmırdı. Qəlyana, çaya, qəhvəyə mə-həl qoyan, əl də vuran yox idi. Nəhayət, dəmin gəldiyini anlayan Müseyyib xan, eşikağasına içəriyə heç kəsin bu-raxılmamasını, qapıların da dalında gizlənib məclisə qu-laq asan olmamasını yoxlamağı əmr etdi. Eşikağası əmri yerinə yetirəndən sonra, gəlib daha bir əmrin olub-olma-dığını soruşdu.

– Göz-qulaqda ol! Məşvərət qurtaranacan bu odaya bir kimsə yaxın düşməsin. Elə sən özün də. Əmrin dəqiq, dürüst yerinə yetirilməsinə sən məsulsan.

Eşikağası vəziyyətin tam ciddiliyini anlayıb:

– Gözlərim üstə, xan! – dedi və çıxdı, bir daha otağa yaxın mövqeləri yoxlayıb, yovuqda kimsənin olmadığına əmin olandan sonra, özünün müşahidə mövqeyinə çəkil-di.

Yalnız bundan sonra məşvərət məclisi başlandı. Məh-di-Ülyanı və anasını, ələ keçsə, Mirzə Salmanı yox etmək, kimlərə həvalə edilməlidir sualı ortaya atıldı.

– Şahbanu birinci yox elənməlidi.

– Anası da…

– Düzdü. Ona süd verən arvad, ondan bir çömçə artıqdı…

– Mirzə Salmanı da…

– Ələ keçsə…

– Tülkünün biridi. Şahənşahın yanındakı yığıncağın məzmunundan xəbər tutan kimi daban əllaltı…

– Bəlkəm, indi biz bura yığılanacan Şiraza çatdırıb özünü.

– Nəysə, ağalar! Kimlər bu işi başa çatdıracaq?

– Hər tayfadan olsun.

– Mən təklif edirəm ki, bu işin başında Müseyyib xan özü dursun. Bir də İmamqulu bəy…

Burada oturanlardan yalnız bu iki nəfər Şahənşah Məhəmməd Xudabəndəyə yaxın qohum idi. Amma Şah-banunun son əməllərindən qızılbaş sərkərdə və əmir-lərdən bir neçə nəfəri boğazlatdırmasından onlar da cana gəlmişdi. Halbuki, məhz onlar Qəhqəhə qalasında həbsdə olanlara zamin durmuşdular, Şahbanu Xeyrənisa Bəyim də onlara söz vermişdi ki, zaminliklərini qəbul edir, dus-taqlara dəyməyəcək. Özü onların günahsızlığını bilsə də, dərhal qızılbaş əmirlərinin başını tovlayıb, əlaltından hər iki günahsızı boğdurmuşdu.

Bundan xəbər tutandan sonra əvvəlcə Şahbanunun ölümünə razılıq verməyən Müseyyib xan, indi adının çə-kilməsilə cavab verməsi bir oldu:

– Can-başla.

İmamqulu bəy Mosullu da eləcə demişdi:

– Mən də həmçinin.

– Daha kimlər? İki nəfər azdı. Şahbanu özü müqavi-mət göstərəcək, şübhəsiz.

– Ətrafında, hələ dərbarda da xeyli ona sədaqətli təciklər, nökər-nayıb var…

– Sədrəddin Səfəvi.

– Həsənəli bəy Əlkəsən oğlu Zülqədər…

– Çox pakizə…

– Özümüz də xeyli nökərlə sarayı əhatə etməliyik.

– Ona şübhə yox…

– Hərə öz tayfasından bir miqdar silahlı atlı nökər gətirməlidi. Qoy bir tayfanın öhdəsində qalmasın bu qətl.

Məclisin üzvlərindən Qoca bəy Səfəvi, qacar tayfalı daha bir nəfər qoca xeyir-dua verdilər: Qızılbaşları təqib-dən yorulmayan, divan işlərinə, hətta cəng-cidala qarışan, burnunu hara gəldi soxan, tayfaları bir-birinə salışdırıb, sarayı təciklərin, Mirzə Salman kimilərin ixtiyarına verib farslaşdıran Şahbanu, bu arvad xeylağı, Məhdi-Ülya – uca beşik olsa da, məhv edilməlidi. Ağsaqqallar məşvərətə ye-kun vurdu:

– Cəzasıdı. Hökmünü özü verib. Papağımızı yerə so-xub. Allah özü sizin qollarınızın qüvvəsini, ürəyinizin əz-mini artırsın. Amin. Allah amanında.

Qaçan da Allah deyir, qovan da. Yalnız bu qərardan sonra Müseyyib xan, daha danışılası, məsləhətləşəsi bir şey qalmadığını görüncə, eşikağasını səslədi.

Çaylar, qəhvələr təzələndi…

Günlərdən 26 iyul, illərdən 1579-cu il idi .

Səhər tezdən yavaş-yavaş saray meydanının ətrafın-da müxtəlif tayfalara məxsus atlı, əsləhəli nökərlər görün-məyə başladı. Hərəkət sübh namazından bir az sonra başlamışdı. “Sübhanə” yeyilməyə bir azca qalmış, sarayın ətrafı demək olar ki, əməlli-başlı mühasirə olunmuşdu. Beş nəfər tayfa başçılarından Müseyyib xan, İmamqulu bəy Mosullu, Sədrəddin xan Səfəvi, Həsənəli bəy Əlkəsən oğlu Səfəvi, bir də Əliqulu xan Qacar görününcə, bütün top-lananlar hörmətlə, ədəb məqamınacan çəkilib onların barigah səhninə girməsinə yol açdılar. O beşdən başqa indi meydanlara yığılanların heç birisi işin nə yerdə olduğunu bilmir, anlamırdı. Məşvərətçilərin ağzından bircə söz qaçsaydı, Şahbanunun “qulaqçıları” dərhal ona çatdıracaq və heç səhnə daxil olmamış gələnlərin beşinin də başı bədənlərindən ayrılacaqdı. Hələ ki, deyəsən, Xeyrənisa Bəyim bütün ayıqlığına, sərhesab olmasına baxmayaraq, bir sudur anlaya bilməmişdi.

Meydana yığılanlar tanınmış, adlı-sanlı tayfa başçı-larının bargaha şahla görüşməyə getdiklərini zənn edir-dilər. Xüsusən bir də ona görə ki, gələnlərdən ikisi şahın yaxın qohumuydu. Bəlkə, Xudabəndənin bacısı Fatimə Soltan bəyimə elçi gedirdilər. Ya başqasına. Kim bilir?

Hərənin ağzından bir avaz gəlirdi.

– Dədəm oğlu, elçiyə oxşamıllar axı…

– Elçinin buynuzu olur?

– Nədən bilirsən? Nələri oxşamır elçiyə?

– Deyillər Fatimə Soltan bəyimi ayrı paccah istəyir oğluna.

– O olmasın, o birisi olsun. Maşallah-namxuda övlad-dan, şahzadədən boldular. İstər oğlan, istər qız…

– Bəli, daaş, millət əkəndilər…

– İş-gücləri nədi ki? Keyf-damaq… Əkin…

– Çörək dərdi çəkmillər ki, əkməsinlər də…

– Dədəm oğlu, bir az möhlət ver, indicə nökər-nayıb hamısını yetirəcək camaata.

– Ay, kaş toy olaydı. Heç olmasa, bir neçə günahkar bağışlanardı… Buraxılardı.

– Dustağın var?

– Ehhh… Ay dədəm oğlu, beçara qardaşım elə o vədə gedən oldu. Gördüm deyən olmadı. Biri dedi Qəhqəhə qalasına sürülüb. Bir başqası dedi ki…

Yumun ağzuvuzu axı. Qoyun görək nə baş verir…

Gələnlər artıq içəri daxil olmuşdular. Heç bir şeydən xəbəri olmayan eşikağası onları təzimlə, hörmətlə qarşıla-yıb şahın qəbul otağına ötürmək istəyəndə, Müseyyib xan, dərbara yaxşı bələd olan qohum kimi, birbaşa onun dalınca da hərəm ağası şübhələnib gələnlərin önünə keçmək istədilər:

– Ağalar, ağalar, ora hərəmxanadı…

Gələnlər xidmətçiləri itələyib irəli keçəndə, Şahbanu-nun daxili nökərləri irəli çıxdı. Həmişə vəziyyətini, düş-mənlərinin çoxluğunu bilən Şahbanu, özünü sadiq silahlı nökərlərlə əhatə etmişdi. Onlar yan otaqdan çıxıb, qırımı anlayan kimi silaha əl atdılar…

Müseyyib xan və onunla gələn əmirlər nökərləri qı-lıncdan keçirib, hərəmin qapısını taybatay açanda Xey-rənisa Bəyimi müsəlləh gördülər. Əlində yalın qılınc, ər igid kimi dayanmışdı.

Ölümünün gəldiyini anlayan Məhdi-Ülya, bu ölüm şərbətini mərdliklə içməyə hazırdı. Qorxmurdu. Həyatını ucuz satmaq, ölüvay şəkildə təslim olmaq, öz əli, öz qılıncıyla öcünü almamış ölmək istəmirdi. Bu heç onun xəyalından da keçmirdi. İlk qılınc zərbəsilə öndəki Əli-qulu xan Qacar aldığı ağır yaradan yerə sərildi…

Bu Xeyrənisa Bəyim – Məhdi-Ülyanın yeganə zərbəsi oldu. Qalan dörd əmir, onu dörd tərəfdən əhatə etmişdi. Boynuna salınan tənab səsini çıxmağa da qoymadı. Özü də elə məhkum, günahkar bildiklərini belə boğdururdu. Sərkərdələr qılınclarını arvad qanına batırmaq istəmirdi. O Şahənşahın Şahbanusunun, Məhdi-Ülyasının, dörd şah-zadə oğul anasının qanına bulamaq istəmədilər. Şah-banunun xırıltısı kəsilib düşdüyü yerdə cansız qaldığını görüncə, Xeyrənisa Bəyimin anasının yandakı otağına keçdilər. Arvad namazdan sonra hələ də açıq səccadə – canamaz qarşısında əyləşib zikrlə məşğul idi. İçəri girən kişilərə baş qaldırıb baxmadı belə. Boğazına keçən tənab onu da zalım süd verdiyi qızının – Şahbanu Xeyrənisa Bəyimin ardınca göndərdi.

Hakimiyyətə minbir bəlalardan qoruyub gətirmək istədiyi övladlarından tək bircəciyi, Məhdi-Ülyanın bütün diləklərini yerinə yetirə bilən tək biri, güclü hökmdar ol-du. Babası I Şah İsmayıl kimi məmləkətin hüdudlarını genişlətməyi, dünya ölkələriylə diplomatik əlaqə yarat-mağı bacardı… Anası Xeyrənisa Bəyim kimi möhkəm-iradəli, barışmaz, həm də, bəlkə zamanın – sarayın diktə-silə bir qədər zalım… Buydu Məhdi-Ülyanın oğullarından I Şah Abbas.

1587-ci ildən 1629-cu ilə kimi hakimiyyət sürdü. Ana-sının vəsiyyətlərinə əməl edərəkmi, ya nədənsə, fars feodallarına arxalanıb, türkün qızğın, dəliqanlı zadəgan-larına, əmirlərinə üz vermədi, sıxdı onları.

Dövlət farslaşırdı. Əslində, Şah İsmayılın oğlu Sam Mirzə belə fars dilində yazdığı “Tövheyi-Sami” adlı təz-kirəsinə atası Şah İsmayıl Xətainin bircə türkcə şeirini də salmamışdı. Dövləti farslaşdırma məsələsi elə o zaman-lardan başlanırdı.

Bəla da bundaydı. Qızılbaşlar evdə, ailədə öz doğma ana dilində, öz türkcəmizdə danışdıqları halda, divan, diplomatik yazılar fars dilində gedirdi.

Xətainin başladığı ənənə elə özüylə də məzara gö-müldü. Vəssalam! Bu baxımdan Xeyrənisa Bəyimin elə böyük bir qəbahəti yox idi. Sadəcə o, öz övladlarının haki-miyyətini möhkəmlətmək, nəslinin hökmdarlığını əbədi-ləşdirmək üçün dəliqanlı, qızılbaş əmirlərinə arxayın ola bilmirdi. Yenə də vəssalam!

Oxucum! Heç kim, hətta sonralar yazan tarixçilər də bir məsələni nəzərə almırlar. Ondan zalım, ondan intriqa-lar qoşan, ondan farspərəst, ondan qızılbaş əmirlərinin düşməni və sair və ilaxır kimi bəhs edirlər. Amma əsas məsələni unudurlar, nəzərə almırlar. Nəzərə almırlar ki, qılınc vuran qolu, orduya nəzarətlə əmrlər, sərkərdə, sa-ray intriqaları aləmində bir ər, bir kişi, bir siyasətçi olan bu qadın, bəlkə də, növzənbillah, böyük Tanrının xətası nəticəsində qadın doğulmuşdu. Nəzərə almırdılar ki, o, ANA idi, balalarını bütün var olan və olmayan imkanlar-dan istifadə edib BƏLALARDAN qoruyan ANA idi o – Xeyrənisa Bəyim – Məhdi-Ülya.

SON SÖZÜM

Dayan! Qapama kitabı, mənim dərdli bacım, dərdli qardaşım. Əli ətəyindən uzun, bir parça çörəksiz evə, balalar yanına, külfət yanına gələn atalar, qardaşlar, ərlər, oğullar! Sənə son sözüm qalıb. Bəs bayaqdan bəri oxudu-ğun bu kitabdan sən və mən nə nəticə çıxardıq? Təriqət-bazlıqlara qarşı çıxışlar, qurbanlar olmadımı? Kimlərdi onlar? Axı o vaxtdan bəri bu BƏLALAR millətin üzərin-dən götürülmədi; başının üstündə qara buludlar indi də durur, əskilməyəcək də. Həmzə Mirzədən əvvəl onun əmisi II Şah İsmayıl bu BƏLANIN badına getdi. Ondan sonra Səfəvi sülaləsinə Səfəvi xanədanına son qoymuş Nadir Şah Əfşar kimi qüdrətli hökmdar belə bu təriqət ayrıseçkiliyini aradan qaldıranda qurban getdi.

XIX yüzilliyin möhtəşəm şairi Seyid Əzim Şirvani bu əməlləri məhv etməkçün balalarının aqibətini qurban ver-di. Birinin adını Ayişə, birininkini Osman, o birininkini Ömər qoydu. Nifrin qazandı. Özü dünyasını dəyişəndən sonra bu adlar da götürüldü. Deyilmədi, dəyişildi. Daha kimlər çarpışdı?

XIX yüzilliyin əvvəlində “Əşhədü billahi-əliyyül əzim” deyən, ulu, ölümsüz, heç bir millətdə oxşarı olma-yan Mirzə Ələkbər Sabir belə… Güllə də atdılar, təqib də olundu… Təəssüflər ki, indi XX əsrin sonu XXI əsrin asta-nasında yenidən, o mənhus ayrıseçkiliyi, qanı, canı, dili, dini bir olan milləti bölgələyirik. Kimin barmağı var bur-da? F.Engels necə demişdi? “İngilislərin ən böyük kəşfı sünni-şiə məsələsidir”. Siyasətdə partiyabazlıq, dində təriqətbazlıq!!! Heç bir partiyaya mənsub olmasam da, “Afərin sənə bu fikri kəşf edən insan”, – deməkdən özü-mü saxlaya bilmirəm. Şərqi yıxmaqçün, türk-islam dün-yasında birliyi məhv etməkçün başqa silah bilmirəm. Eləcə də bizi yıxmaq, dirçəlməyə qoymamaqçün “ən yaxşı” silahların biri təriqətlərə, o biri də tayfalara parçalan-mağımızdır. Bəs bu sonuncu bəla kimin barmağıdır? Nəf-sin, rəyasət eşqinin.

Ayıq ol, oxucum, ayıq ol!

Ən yaxşı diləklərim səninlədir, əzizim, canım, məni yaşadan oxucum, var ol!

Əzizə Cəfərzadə.

Bakı.

May-noyabr. 1999

İÇİNDƏKİLƏR

ÖN SÖZ

KİM?

QANLI OLSA DA, XOŞ XƏBƏR

ELÇİLİK

ANA VƏ BALA

OVDA

ULDUZLARIN DUASI

ŞİRVAN UĞRUNDA

DƏDƏ BUDAĞ VƏ… “ELÇİLİK”

ANA

POZULMUŞ NİŞAN

MƏHDİ-ÜLYANIN SONU

SON SÖZÜM


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6
  • 0 Оценок: 0

Правообладателям!

Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.


Популярные книги за неделю


Рекомендации