Текст книги "Bəla"
Автор книги: Cəfərzadə Əzizə
Жанр: Современная зарубежная литература, Современная проза
сообщить о неприемлемом содержимом
Текущая страница: 5 (всего у книги 6 страниц)
Yenə də xəfıfcə ərinə nə söylədisə, gözlərinin işığını azaldan Allahın yaxşıca qulaq verdiyi şah, mələkəsinin yadına saldıqlarına keçdi:
– Ağalar, həzərat, bu gün sizi dəvətdən məqsədim bəzi cavanlarımızın, baxüsus qız uşaqlarımızın tərbiyəsi və əxlaqi məsələləriynən bağlıdı. Eşitdiyimə görə bəzi qızla-rımız ya ata-ana nəzarətindən kəmdi, ya yayınıblar. Eşq-bazlığa, cavanlarımıznan çöldə-bayırda, ovda-şikarda gö-rüşüb, yaman örnək verirlər başqalarına da…
Məclisdəkilərin bəzisi Əsma və Həmzə Mirzə əhvala-tını eşitmişdi. Odur ki, məsələnin nə yerdə olduğunu anladılar. Hadisədən bixəbərlər isə, – “Allah, sən saxla, görəsən, nə bəla üz verib”, – düşünürdülər.
Şamlu və ustaclular hamısı irəlicədən Mirzə Salmanın pıçıltısıyla məclisə hazır gəlmişdilər: “Həəə. Yamanca ilişmisən, Türkman köpəyi. Sənə bu da azdı… Gör hələ ba-şını necə yerə soxub kərimən? Bax belə ha…”
Nədənsə Dədə Budağın dalağı sancdı. Təkbaşına de-mək olar ki, yalnız onun qızı Əsma şikara çıxırdı: “Allah, sən saxla. Yoxsa bu bəla mənimdi?”
Şah isə deyirdi:
– Əlbəttə, qız ata-ana icazəsi olmadan nə təkcə şikara, gəzintiyə çıxar, nə də belə-belə qələtlər elər. Qızı ata verər ərə. Yoxsa özü-özünü sırıtdamaz şahzadəyə…
Bu axırıncı sözləri şaha Xeyrənisa Bəyim gecə az qala əzbərlətmişdi. İndi həmin kəlmələr açıqcasına Dədə Budağa tuşlanmışdı və bunu hamı, indi daha türkman tayfasına mənsub olan xanlar, əmirlər də aydınca anladı. Yalnız Əsma ola bilərdi və yalnız Dədə Budağ qızına belə sərbəstlik vermişdi.
Dədə Budağ hədəfdə olduğunu anlayınca, yerində qurcalandı, danışmaq, hədəfı aydınlaşdırmaqçün icazə istədi:
– İcazənizlə, şahım…
Burada bütün ədəb qanunlarını unudan Mələkə hə-mişə etdiyi kimi qəfil sözünü kəsdi Dədənin:
– Kişi, nə icazə?.. Aləm aşkardı ki!.. Hələ bir sözün də, dilin də var danışmağa?.. Sən börkü neyçün qoyursan?..
– Mələkə!
– Başuva mələkə boyda bir daş düşsün, belə qeyrət sahibi.
Şamlu və ustaclular Şahbanuya qoşuldular. Artıq Şa-hənşah məclisi idarə etmirdi. Hərə bildiyini deyir, mə-ləkənin məqsədini anlayanlar çoxdankı rəqibləri türkman tayfası başçılarını rüsvay edib, şahın da, təbəələrin də (elə indicə meydanlara yayılacaqdı bu elçilik, rüsvayçılıq) gözündən salmağa xüsusi səy göstərirdilər ki, Mələkənin rəğbətini özlərinə tərəf az da olsa, çöndərə bilsinlər. Hər iki tərəf Şahbanunun məqsədini, kələyini anlamışdı.
– Bəh, bəh… utanmayıb, qız atası elçiliyə gəlib…
– Başına da gör kimləri yığıb gətirib…
Biqeyrətlər!..
Hər iki tərəfın əli bellərindəki mürəssə xəncər və qəmələrin qəbzəsinə doğru yol aldı. Mələkə bütün bunları Şahənşahın gözlərilə də görürdü, özünün də. Atmacalar davam edirdi:
– İşə bax, sən Allah… Qız atası…
– Adə, nə qız atası?.. Elə qıza özləri yel verib…
– Salıblar şahzadənin canına…
Cadı-pitiksiz də keçinməyiblər…
Şah getdikcə artan təhqirlərə son qoya bilmir, Şahba-nu isə heç qoymaq da istəmirdi.
– Özbaşına qız olar?
– İpini çəkə bilmir…
– Bəlkəm, heç çəkmək də istəmir…
– Xeyirinədi axı…
– Şahnan qohum…
– Şahzadə qayınatası…
– Yaxşı qurğudu, vallah.
Türkman tayfasından xüsusi hörmətə malik, igidliyi ilə bütün tayfa əmirlərinin hardasa hörmətini qazanmış Məhəmməd xan Türkman icazəsiz ayağa qalxdı:
– Şahim, ağalar, cənablar!.. Şahim, əmr elə, bu təhqir-lərə son qoyulsun. Özünüzə yaxşı məlumdur ki, nə Dədə Budağ o yolun adamı deyil, nə biz… Şamlularnan ustaclu-lar bizi sənin gözündən salmaqçün qurub bu fəndi…
Yenə də Şahbanu özünü saxlaya bilmədi:
– Desənə ki, ağır yerüzdən dəydi ox yarası…
– Mələkə…
Şahbanu deyirdi:
– Belə də iş olar? Bizə deyirlər ki, türkman tayfası Həmzə Mirzəyə – şahzadəyə elçi gəlirlər. Oğlan evinə elçi olar? Şahımız da… Qızınızın ipini çəkin! Qalan işdə işiniz olmasın. Bu yolla gözə girmək kişiliyə yaraşmaz. Şahən-şah da yorulub, bəsdi…
Şah son sözlərə sevindi, əzabdan qurtarırdı. O, belə halın törənməsini istəmirdi. Cəld yerindən qalxdı:
– Mürəxxəssiniz, ağalar!
Əvvəlcə əli xəncər qəbzəsində olan Dədə Budağın adamları candərdi şaha tərəf baş əyib çıxdılar. Onlardan azca fasiləylə şamlu və ustaclular tərk etdi salonu. Şah ar-tıq çoxdan, – “mürəxxəssiniz”, – dediyi andan, Şahbanuy-la birlikdə salondan öz otağına çıxıb getmişdi. Qalanları-nın heç baş əyməsinə də qalmamışdı. Təkcə içini sevinc bürümüş Mirzə Salmandan başqa salonda kimsə yoxdu.
Şamlu və ustaclular həyət səhninə çıxanda nökər-nayıbın istehzalı atmacalarını eşitdilər. Bu atmacalar dü-nəndən Şahbanunun “qulaqçısı” dul qadın qaldırımqaşın öyrətdiyi sözlərdi. Türkman tayfasının qızları üçün oğlan evinə elçi gəldikləri deyilmişdi onlara. Gülən kim, ələ salan kim… Həyasız kənizlərdən biri balaxanadan başını çıxar-dıb çırtmıq çalır və oxuyurdu:
Saqqala bax, saqqala,
Ocağvuzda köz qala,
Gəlmişdüz elçiliyə
Döyülmüşdüz az qalaaaa…
Türkmanlar elə pərt idilər ki, özlərini elə itirmişdilər ki, heç cavab nədi, başlarını qaldırıb bir kimsənin üzünə belə baxa bilmirdilər. Ayaqları altında dəvə də qalsaydı, sel axsaydı, od qalansaydı, görəcək, dinəcək, fəryad edə-cək halları yoxdu.
Təhqir bütün tayfanın ünvanına, bütün tayfanın qız-gəlininə aiddi və hərə öz payını götürməklə, Dədə Buda-ğın buradaca bağrının çatlamadığına heyrət edirdilər.
Onlar yaxşı bilirdilər ki, bütün bu oyun, bu həngamə məhz Xeyrənisa Bəyimin işidi. “Sən qurmusan, sən!” – deyirdilər ürəklərində.
Doğrudan da, kənizlər, cariyələr, saray ərkanı başda olmaqla bütün silahlı-atlı nökərlər, qohum-əqrəba sarıdan kim vardısa, hamısı mələkənin qurğusuna “afərin” deyir-di. Mələkəyə gəldikdə… Mələkə Xeyrənisa Bəyim həyasız cariyənin çırtmıq çaldığı pəncərədən o yanda xara pərdə-lər arasından, başı sinəsinə düşüb gedənləri görür, söylə-nənləri eşidirdi.
“Gedin, gedin! Canıma, balalarıma qurban olasız, siz də, oğlumun yorğanına soxmaq istədiyiniz o məlunə də…” – deyirdi.
Əsma ilə Həmzə Mirzənin elçiliyi belə bitdi.
ANA
Saray həyəcan içindəydi. Hamı intizar, qorxu, nifrət hissi ilə.... Hərə özünə görə.... Əyanlar, vəzir-vüzəra, nədimlər, kənizlər… Zahirdə özünü xüsusilə canıyanan kimi göstərib, içərisində bu faciəyə həm sevinən, həm də bu sevinci qorxu içində gizləyənlər ondan qorxurdular ki, görəsən, qatil ad deyibmi? Kimdi qatilin ülgücünə istiqa-mət verən? O əl kimin əliydi? İçində, ürəyinin dərinliyin-də bunu bilən də vardı. Amma əksəriyyəti bilmirdi. Hey-rət içində elə bir cavana, elə bir mehriban, ağıllı, gəncliyi-nə baxmayaraq, ədalətli cavana kim qıymışdı? Neyçün, nədən ötəri qıymışdılar?
Atası koruş olsa da, ədalətli, Allah adamı – Xudabən-də – Allah qulunun yerini o tutacaqdı. Çoxları bu ümidlə yaşayırdı.
Şahzadə Həmzə Mirzə hakimiyyətə keçəndən sonra, o özbaşına, qabağından yeməyən, bütün söz-söhbəti “vu-rum”, “yıxım”, “öldürüm” olan əmirlərin qabağını o ala-caqdı. Ala biləcəkdi. Qu tükündən yumşaq atasını əllərin-də oyuncağa çevirən əmirlərə elə indidən yeri düşdükcə cavab verirdi.
Qab-qaba dəyən kimi bütün bargahda, saray ətrafı malikanələr, imarətlər və dərbara yaxın digər yerlərdə yaşayan qohumlar bir-birinə dəymişdi. Şahzadə Həmzə Mirzənin, çoxlarının, xüsusilə qızılbaş əmirlərinin törət-diklərindən narazı olan, şahzadəyə ümid bəsləyənlərin öz dəlləyi Rzaqulu tərəfındən qətlə yetirilmək xəbəri ildırım sürətilə Qəzvinə yayılmışdı. Bazar-dükan bağlanmış, ha-mı saray meydanına axışmışdı. Hamı intizar içindəydi. Hamı bilirdi ki, bu qətl Rzaqulu dəlləyin qələti deyil. Onun ülgücünü hərəkətə gətirən başqa bir əl var. Və bu əl indi, bir azdan sonra dəlləyi gətirməyə gedən sərbazların, silahlı nökərlərin müşayiətilə gətiriləcəkdi meydana.
Meydanda iki qurğu qurulmuşdu. Birinci qurğu – dar ağacıydı. İkinci qurğu üzərinə taxt yerləşdirilmiş, qırmızı məxmər çəkilmiş sədr idi ki, burada padişahi-aləm-pənah, öldürülən oğul atası Məhəmməd Xudabəndə (Allahqulu) və onun hamının yaxşı tanıdığı arvadı, baş hərəm Xeyrə-nisa Bəyim – Məhdi-Ülya əyləşəcəkdi.
Qətl olunan şahzadə Həmzə Mirzə Bəyimin bətnin-dən dünyaya gəlmişdi. Onu hamı “Məhdi-Ülya – yəni uca, müqəddəs beşik” ləğəbilə tanıyırdı. Bu ləğəbi ona – dörd şahzadə oğul anasına Məhəmməd Xudabəndə özü vermiş-di. Həmzə Mirzə ilkiydi, bundan sonra gələcək əfsanəvi hökmdar I Şah Abbas – Abbas Mirzə də artıq böyüyüb, hədd-büluğa çatmışdı. Həmzə Mirzənin qatilinin cəzalan-masına ata-anasıyla yanaşı həmin taxtda əyləşib tamaşa edəcəkdi.
Hamı – dost həqiqi, daxili, düşmən zahiri qəm-qüssə içində dayanmışdı. Əmirlərin, dəliqanlı şahzadə cavanla-rın çoxu əlini qəmənin, xəncərin qəbzəsinə qoyub elə bir qəzəbli, dovtələb əzəmətlə dayanmışdı ki, sanki indicə Həmzə Mirzənin qatilini və bu qətldə əli olanları parça-parça eləməyə hazırdılar. Amma əmirlərin iç üzünə bələd olanlar, şaha, şahzadələrə münasibətinə aşina olanlar bilirdi ki, bu “görkəzmə” nədən ötəridi. Heç kəs məhz on-dan şübhələnməsin! Tayfaların xanədana və bir-birinə münasibəti çoxlarına əyandı.
İntizar çox çəkəcəkdi. Bir neçə gün irəli ova çıxmış şahzadə çovkan oyunundan yorulub kəndlərin birində dincəlirmiş. Paytaxta, əyan-əşraf içinə həmişəki səliqəsilə qayıtmaqdan ötəri elə bu kənddəcə hamamlanmaq, üzü-nü, başını səliqəyə salmaq istəmişdi. Elə buradaca da dəl-lək Rzaqulu Əzrayılın vəzifəsini yerinə yetirmiş, Allahın hökmilə deyil, Əmir xanın əmrilə şahzadənin canını al-mışdı.
Kənddən burayacan pay-piyada dustaq Rzaqulunu sürüb gətirmək o qədər də yüngül iş deyildi. İntizar uza-nacaqdı hələ. Saray əyanları, vəzir-vəkil, əşraf, xas əqrəba hələ meydana çıxmamışdı. Meydan avara, bekar, tamaşa həvəskarları, dükan-bazar adamıyla doluydu. Dükanları bağlayıb gəlmişdilər. Onsuz da Şahzadə Həmzə Mirzənin matəmi, dəfni, yası ilə bağlı ümumi matəm elan ediləcək-di, nə alan olacaqdı, nə satan. Hələ xan-bəy, məhəllə ağ-saqqalları, bazarların darğa və möhtəsibləri də meydanda görünmür, uşağ-muşağ meydan sulayanda az-çox hör-mətli adamlar, sözü keçənlər göz ağardır, qulaq burur, də-cəlləri cəzalandırıb, qovurdular. İndidən meydanda göz-yaşı tökülməyə başlamışdı.
Əsl gözyaşı isə sarayda, xüsusilə hərəmxanadaydı. Cavan xanımlar, qız-gəlin, şahzadəyə, Bəyimə yaxın kə-nizlər, cariyələr baş açıb, üz yırtıb, hörüklərini əllərinə alıb, sinələrini sıxıb ağlaşırdılar. Asta-asta ağı deyən də vardı.
Əsl faciə, əsl dərd, hüzn ANAnındı. Baş hərəm Xey-rənisa Bəyim – Xudabəndənin Məhdi-Ülya – uca, müqəd-dəs beşik ləğəbi verdiyi ANAnındı! Gözlərindən bir damla da yaş axmadı. Baxan heyrətə gələrdi. Onun əsl-kökünə, xasiyyətinə, tinətinə bələd olanlarçün Şahbanunun ağla-maması, bütün türk anaları kimi başına-döşünə döymə-məsi, sinə cırıb, üz, yanaq qoparmaması, başını, uzun hö-rüklərini açıb yolmaması təəccüb doğurmurdu. Xeyrənisa Bəyimi uca Allah, uca TANRI Məhəmməd Xudabəndənin əvəzində KİŞİ yaratmışdı – ər kişi. Ona vermədiklərini ulu Yəzdan Bəyimə vermişdi. Qorxu bilməyən, heç bir şeydə güzəştə getməyən, dediyindən dönməyən, düşmənlərini yaxşı tanıyıb qanlarına susayandı Xeyrənisa Bəyim.
Elə indinin özündə də oğlunun kimin bəlasına gəldi-yini duyurdu; çünki sərkərdələrin, əmirlərin, tayfa başçı-larının arasında gedən rəqabətə yaxşı bələd idi. Və… Və onlar Xeyrənisa Bəyimin göz yaşlarını görməməliydi. O yalnız balasının intiqamını alandan sonra, Həmzə Mirzə-nin qatilini dara, yooox… çarmıxa çəkdirəndən sonra zahi-rən aram tapacaq, yalnız gecə, yatağında Həmzəciyinə süd verdiyi döşlərinin giləsi gizildəyəndə, gözlərindən leysan yaşları axıdacaqdı.
Yoxsa indi… O təxti-taca göz dikən, o vəzifə üçün, ad-şöhrət, şaha təsir gücünü artırmaqçün çarpışanların qarşı-sında ağlaya bilməzdi, ağlamazdı Məhdi-Ülya! O müqəd-dəs balaların beşiyi hələ bətnindəykən cismi, qollarının, ürəyinin, döşlərinin üstündə bəsləyən, beşiyini hələ dayə-lərin, cariyələrin yellətməsinə aman verməyən Məhdi-Ülya! Ağlamazdı yağı düşmən qarşısında. Şirvana hücum edən düşmənlərlə çarpışmada əlində qılınc hərb meyda-nında dayanan, sərkərdələrə göstərişlər verən Xeyrənisa Bəyim idi o! Ağlamazdı, ağlaya bilməzdi.
Elə indi də təxtinə çıxmış yumşaqtəbiətli, balasıyçün çox zəif görən gözlərindən bircə damla yaş da axıda bilməyən Padişahi-aləmpənah deyildi o. Qızılbaş sərkər-dələri içində hamını heyran qoyan, bir çoxunun qəlbində düzgün əmrlər verən sərkərdəyə heyranlıq… Buydu Xey-rənisa Bəyim! Ağlamayacaqdı.
Məhəmməd Xudabəndənin özü də qəribə hisslər ke-çirirdi. Ataydı – oğlu əlindən alınmışdı. Padşah idi – və-liəhdi, ümidlər bəslədiyi, ağlına, nəzakətinə sevindiyi və-liəhdini məhv etmişdilər. Qəlbinin hardasa dərinlik-lərində ikili hiss onu rahat buraxmırdı. Bir tərəfdən bilirdi ki, şahzadəni məhv edənlər, eləcə Bəyimin ürəyinə öldü-rücü yara vurmaqla ondan nəyinsə intiqamını almaq istəyənlərdi. Nəyin? Neyçün? Dönə-dönə məgər ona qan-dırmamışdılar ki, arvad hökmü altında yaşamaq istəmir sərkərdələr, əmirlər, nücəba, otuz yeddi bir-birinə yağı kəsilmiş tayfa başçıları. Milləti, dini, dili bir olan, bir qan-dan törəmiş 37 tayfa… Otuz yeddiyə parçalamışdılar təxt-tac, mal-mənal, şan-şöhrət əsiri olanlar. Onların bir qismi Bəyimə üzdə “hə”, “hə” desə də, qanına susayırdılar.
Məmləkətin parça-parça olması hamıdan çox Mə-həmməd Xudabəndənin özünü narahat edirdi. Təklikdə, namaz üstündə, zikr vaxtı öz-özünə deyir, inandığı böyük Allaha xitabən dərdləşir, dərman istəyirdi pərvərdigar-dan: “İlahi! İlahi! Bu 37 tayfanı bir yerə yığa bilmirəm mən. Deyək ki, mən qətiyyətsizəm, güzəştə gedənəm, sözə baxanam. Cəzalandırmağı sevmirəm. Ölüm hökmü verə bilmirəm. Bəs Məhdi-Ülya? Heç o da bacara bilmir bu 37 parçayla. Sınan qab kimi sınıb. Bir yerə yığıb pər-piləyə, pincləyə bilmirik. İlahi! Sən özün ağıl ver bu 37-yə bölünmüş tayfa-tuyfaya. Öz-özünə düşmən kəsilmiş mil-lətə. Bu məmləkətə yad yağı lazım deyil. Özləri-özlərinə kifayət edər. O birilərinin malik olduqlarını əlindən almaq üçün, məmləkətə sahiblənmək üçün…”
Burası beləydi. Belələrinin hiylələrini baş hərəm çox tez çözürdü, şah xəbər tutanacan, əlaltı, cəzalandırırdı həddini aşanları. Digər tərəfdən işi-gücü Tanrısına dua-sına, ibadət olan padşah, baş hərəmin onu belə qayğılar-dan azad etməsinə hardasa ürəyində sevinir, bəlkə, hələ onun istedad və bacarığı ilə fəxr edirdi.
Meydan getdikcə dolur, hay-haray artırdı. Saray xalqını narahat edib-etməmək heç kimin yadına düşmür, hərə öz bildiyi kimi xəbər verir, izah eləyir, mənalandırır-dı. Ad çəkən olmurdusa da, Rzaqulunun bu qələti eləyə biləcəyi demək olar ki, heç kimin ağlına da gəlmirdi. Çı-ğırtı, bağırtı artdıqca meydana indicə gələn möhtəsiblər-dən biri əlaltılarının vasitəsilə sükunət yaratmaq istəyirdi.
Meydanın ətrafını saran ağaclar insan meyvəsi gətir-mişdi. Uşaqlar, hətta cavanlardan da bir qismi, xüsusilə yeniyetmələr, ağacların budaqlarından asılmışdılar. Yar-pağın sayı vardı, adamın yox! Gözlər Qəzvinə daxil olan yollara dikilmişdi.
Birdən kim isə uzaqdan bir tozanağa bənzər şey gör-dü. Bayaqdan bir neçə dəfə belə səhv “gəlirlər” deyildi-yindən, oğlan əlini gözlərinin üstünə hayil eləyib, diqqətlə baxdı… Özünü saxlaya bilməyib, meydanı çulğalayan səs-küyü batıracaq bir səslə hayqırdı:
– Gəlirlər… Gəlirlər…
Doğrudan da, heç bir neçə dəqiqə keçməmiş öndə gə-lən çapar göründü. Tanıyırdılar. Çapar özü də, atı da qan-tər içindəydi. Atdan yerə sıçrayıb yüyəni möhtəsib kö-məkçilərdən birinin əlinə sıxdı, – “gəzdir”, – dedi və saray darvazasına can atdı. Burada onu Eşik ağası gözləyirdi.
Çaparın atı tərdən köpükləmişdi. Paçalarının arasın-dan ağ köpük axır, yügənin gəmini çeynəyən dodaqların-dan sarımtıl, qanqarışıq köpük fışqırırdı.
Möhtəsib dedi:
– Bala, başqarışıqda bilməzsən, tez su verərsən, atın da, özünün də axırına çıxarsan. Gəzdir, bala, gəzdir, qoy sidik salsın, təri soyusun, sonra sula. Yoxsa, Səlim çapara bələd olmamış olmazsan. Səni tatarı altında öldürər; mən də günaha bataram…
İndi artıq meydana sakitlik çökmüşdü. Çaparın Eşik ağasına nə dediyini kimsə bilmədi, eşitmədi. Amma bir qədər keçmiş onu gördülər ki, xüsusi darvaza aralandı. Öndə qırmızı geyimli padşah Məhəmməd Xudabəndə, sağında oğlu Abbas Mirzə, solunda baş hərəm Xeyrənisa Bəyim – Məhdi-Ülya həzrətləri göründü.
Aramla gəldilər hökmdar təxti-rəvanın (gəzdirilən) üstündə, ortada, sağda üzü al məxmər örtüklü kətilin üstündə şahzadə Abbas Mirzə, solunda, eləcə bir kətil üstündə Baş hərəm əyləşdi.
Meydanda Rzaqulunu gətirən silahlılar görünəndə, sanki tufan qopdu, hamı bir səslə bağırdı:
– Asılsın!!! Asılsın!…
Rzaqulu zəifvücudlu, cılız, indi dəhşətdən lap mucu-la dönmüş bir adamdı. Yolda döyüldüyündən, indi də əli çatanların yumruq, qapaz və dürtmələrindən üzü-gözü al qana boyanmışdı. Qan saqqalıaşağı, yaxası cırılmış köy-nəyinəcən süzülmüşdü.
Meydan bu dəfə sanki bir rejissorun göstərişi, bir di-rijorun çubuğunun ucuyla səsləndi, yooox, fəryad qo-pardı:
– Desin! Əvvəlcə kim onu öyrədib, deeesssin, desin?!!
Rzaqulunu taxtın qənşərinə tərəf gətirib diz çökdür-dülər. Onsuz da ayaq üstündə duracaq taqəti qalmamışdı. Süründü, taxtın qənşərinə doğru iməklədi, çatdı, şahın, şahzadənin və Məhdi-Ülyanın yaxşı görə bilməsiyçün ağzını geniş açdı. Bu qanlı kalafadan ucu kəsilmiş bir par-ça ət göründü. Baxanlar hamısı çimçəşdi. Rzaqulu isə elə ağzıayrılı əmr gözləyirdi. Danışa bilməsə də, qulaqları eşidirdi axı.
Şahzadə Abbas Mirzənin üzünün ifadəsini görən yaraqlılardan biri dəlləyin başına bir kök qapaz saldı:
– Gədə, bişərəf, yum köhülünü axı…
Sözə ehtiyac yox idi, qapaz onsuz da açıq ağzı bağla-mışdı.
– Asılsın!!! Asılsın!!! – sözləri, şairlər demişkən, asi-mana bülənd oldu. Göylər titrədi sanki. Meydana yığılan-ların gözü elə qızmışdı ki, elə qan tutmuşdu ki, qan tələb edir, qanlı mənzərəni görmək istəyirdi. İmkan olsaydı, dəlləyi, şahzadə Həmzə Mirzənin qatilini parça-parça edər, adama bir tikə düşsə, bəlkə ürəyi soyuyar, bu tikə-nin qanını əmərdilər.
Məhdi-Ülya Məhəmməd Xudabəndənin zəif səslə, aram-aram:
– Yaxşııı daaa… Asın axı…
Məhdi-Ülya dözmədi, böyük bir kütlə qarşısında əri-nin, yer üzünün Allahı, yer üzündə Allahın kölgəsi, məmləkətin adil və yumşaq, sayıb-sevdiyi şahənşahın sö-zünü kəsdi. Baş hərəm olsa da, buna bu meydanda cürət lazım idi və ANA o cürəti tapdı özündə:
– Yooox! Çarmıxa çəkilsin, çarmıxa!
Çarmıx üçün qurğu hazırlananacan Rzaqulu hönkür-tüylə ağlayırdı. Hönkürtüsü səs-küy içində batmışdı. Da-nışmağa, əfv diləməyə, aman istəməyə dili də yox idi. Yal-nız ağlayır, göz yaşları sir-sifətində qaysaqlanmış qanları isladır, üzüaşağı sinəsinə doğru damlanırdı.
Məhdi-Ülya yorulduğundan, həm də günorta nama-zının vaxtının yaxınlaşdığından hadisəyə son vermədən durub getmək istəyən ərini, qurcalanmasından anladı. Usulluca xirqənin dal tərəfindən şahın qolunu azca sıxdı… Və bu bəs elədi. Padişahi-aləmpənah işarəni anladı. Cəza-nın sonunacan, qatilin, doğrudan da, çarmıxa çəkildiyini görənəcən burada qalmalı olduğunu anladı. Məhdi-Ülya isə 37 tayfadan hansınınsa bu işlə bağlı olduğunu bilirdi; indi onlar durub getsəydi, həmin tayfanın əmirləri, dəli-qanlıları meydana hücum çəkib Rzaqulunu cəlladın əlin-dən almağa təşəbbüs göstərə bilərdilər.
Hökm yerinə yetiriləndə dörd ayğırın hərəsi dəlləyin bir parçasını çəkib haralarasa qaçandan sonra, əvvəlcə Məhdi-Ülya, sonra da padşah və yeni vəliəhd – Abbas Mirzə, gələcək Birinci Şah Abbas yerlərindən qalxıb sara-yın xüsusi darvazasına – şah qapısına doğru yönəldilər. Meydana ölüm sükutu çökmüşdü.
POZULMUŞ NİŞAN
Həmzə Mirzənin qırxı təzəcə çıxmışdı, hələ saray ərkanı yas qarasını təzəcə-təzəcə əynindən çıxarmağa baş-lamışdı. Çoxu il gözləyirdi. Heç yerdə toy-nişan sözü olmurdu. Həm şahzadəyə rəğbət bəsləyən, həm adətlərə riayət edib “ayıbdı” deyən, Xeyrənisa Bəyimə mənfı mü-nasibət bəsləsə də, ona dəyən yaradan sevinsə də, düş-mənləri belə, zahirdə yas qanunlarını qoruyurdu.
Amma Dədə Budağın imarətində əvvəlcə ərlə arvad, sonra da anayla qız söhbətləri gedirdi.
– Arvad, qızına de ki, mən onun sözünü vermişəm Saday Soltanın oğluyçün. Sən də yavaş-yavaş hazırlığını gör. Cehizdən-zaddan nə əyər-əskiyin varsa, de mənə, ya nökərlərə, ya qardaşımgillərə, düzəltsinlər. Almalını al-sınlar. Bibilərini, xalalarını çağır. Yorğan-döşəkdən zad-dan nə salacaqsansa…
Ayişə ana böhd içində kişisini dinləyirdi. Nə cavab verəcəyini bilmirdi. Söz olsun deyə, ağız süründürməsi dilləndi:
– Yorğan-döşəyə nə gəlib? “Qızını bələ, cehizini elə”, – deyib dədələr. Çoxdan hazırlamışıq, sən deyən bir şey qalmayıb, mən biləsi..
– Sən biləsini soruşmuram. Təzədən bir də bax deyi-rəm. Vəzzariyyat oxuma mənə!
Görünür, kişi çox acıqlıydı. Yoxsa Ayişə anayla belə danışdığı olmurdu. Kişinin qırımına baxmayaraq, Ayişə ana nəysə inamsızlıqla müdaxilə etmək istədi:
– Kişi, axı… il…
– Nə axı?.. Nə il? Qırx da çıxdı. İndi il gözləyəcəm? Onsuz da bizi karı görürlər. Nə qədər ki, Saday Soltan sözlərini danmayıb, o rüsvayçılıqdan sonra da, genə sözü-nün üstündə durub, başdan eləmək lazımdı o nadürüstü…
– Elə demə, atası. Günahdı. O neynəyib ki?
– Neynəyib? Başıma “papaq” qoyub. Mən onun atası deyiləm. O, mənim el içində başımı yerə soxub. Məni Bəyimin yanında gözükölgəli eləyib. Mən cəhənnəm. Bü-tün tayfanı, tayfanın abırlı ağsaqqal kişilərini bir pulluq eləyib. Onu görüm dünyada heç xoş gün, xoş güzəran görməsin… Allah…
Ana ürəyi davam gətirmədi, kişinin sözünü kəsdi:
– Səniyallah, qarğış eləmə. Ana qarğışı duadı; ata qarğışı kəsərli olur. Eləmə, səni and verirəm əzizlərimizin ruhuna, qarğış eləmə! Döy, söy, qarğış eləmə!
Ayişə ana hönkürdü. Elə hönkürtü çaldı ki, Dədə Bu-dağ davam gətirə bilmədi, cəld otaqdan çıxdı. Nə dediyi, nə deyindiyi heç kimə bəlli olmadı. Özündən, Allahından başqa.
Ayişə ana bir qədər ağlayıb ürəyini boşaldandan son-ra qalxdı, kənizini səslədi, gözlərinin yaşını qurulayıb, ağlamağı bilinməsin deyə, əllərini qoşalayıb üzünə, alnına çəkdi. Kəniz içəri girəndə Ayişə ana artıq zahirdə bir şey olmamış kimi, sükunət tapıb əyləşmişdi. Elə bil, indicə ağlayan, balasıyçün ürəyi ovcalanan o deyildi:
– Əsma hardadı?
– Odasında.
– Neynir?
– Kitabdı, “Quran”dı, vallah, yaxşı bilmirəm, oxuyur.
– A sənə “Quran” qənim olsun, yanı bu yekəlikdə olmusan, qara tanımırsan-tanımırsan, “Quran”la başqa kitabı da cildindən ayırd eləyə bilmirsən?
– Neynim, gözlərinə qurban, xanım! Əsma xanımın baxanda xoşu gəlmir. Deyir, – “əl dəymə, korrarsan”.. Kor olaram, korrasam…
– Yaxşı, mənimçün tükan-bazar açma! Dəlləzən deyil bura. Get deynən anan çağırır.
– Bu sahat, dərdin mənə gəlsin…
Qız cəld otağı tərk etdi. Ayişə ana Əsmayla söhbətini nədən başlayacağını bilmirdi. Həmzə Mirzə həlak olan-dan bəri qızın gözünün yaşı qurumurdu. Nə yeyib, nə içdiyini bilmir, qızların oyunlarına qarışmırdı. Ana düşü-nürdü: “Ata tayfasının o cür biabır olduğunu eşidəndən sonra, bircə dəfə də olsun nə şikara çıxmışdı, nə at belinə qalxmışdı. Rüsvayçılıq qızı üzürdü. Anası onu danlaya da bilmirdi. “Axı neynim? – deyirdi, – bütün türk qızları belədi. Bunlar hələ harasıdı? Türkün anası at belində hamiləlikdən azad olub, çağanın göbəyini özü kəsib. Ge-nə at belində bala bəsləyib, süd verib. Həyat verib, tərbiyə verib. Əvvəl qoynuna, sonra kürəyinə sarıyıb at çapıb. Heç 5-6 yaşı olmamış, xırdaca türk qızı özü, təkbaşına at sürmək öyrənib… Hamı necə, mənimki də elə. Bəs bu elin ağzın kim açıb? Kimə gərəkdi mənim nəslimi rüsvay elə-mək? Neçə ərşin kəfənnik alıb bağlıyım ağzıgöyçəklərin ağzını?”
Əsma içəri girəndə anasının ürəyi sızıldadı: qızın o gözəl gözləri şişib, kirpikləri qoç-qoç olub, bu şiş göz qa-paqlarının içində itib az qala. Yanaqları da, çənəsi də duzlu göz yaşlarını silməkdən qızarıb, yer-yer dərisi qabıqlanıb…
“Allah, sən özün balama yardımçı ol!”…
Qızı danlayacağı, ata əmrinə hazırlayacağı yerdə, ana-nın dili qurudu; boğazı göynədi, gözləri nəmləndi, doldu, deməyə söz tapmadı. Bu hüzn mücəssəməsi qarşısında lal oldu ana.
Qız yaxınlaşıb anasının yanında diz çökdü. Özünü saxlaya bilmədi, hönkürtüylə ana dizlərinə qapandı. Deyə-sən, hadisələrdən xəbərdardı. Deyəsən, atasının qırımını ona xəbər vermişdi kimsə kənizlərdən.
Əsma qəlbinin gözüylə atasının, anasının vəziyyətini görə, dəyərləndirə bilən qızdı. Söhbətin mövzusunu da təsəvvürünə gətirə bilirdi. Onsuz da Həmzə Mirzənin faciəsindən sonra qızın aramı yox idi. Lap elə ondan əv-vəl… Allah o günü bir də Əsmaya göstərməsin. Tayfasının ağsaqqallarının ona görə rüsvay olunduğunu, atasının evə gəlməyindən əvvəl eşitmişdi. Atası bir qədər at minib, haralardasa çapmış, hirsini soyutmağa çalışmışdısa da, bacarmamış, evə qayıtmışdı. Qayıtmağıyla da evə girib Əsmanı saçlamağı bir olmuşdu. Anası, dayəsi nə qədər çalışmışdılarsa da, Əsmanı qəzəbli şirə dönmüş Dədə Budağın əlindən ala bilməmişdilər. Dədə Budağa bütün tayfa igidlərinin qol gücü toplanmışdı sanki. Yaxşı ki, döymüşdü, qəməyə, xəncərə əl atmamış, qıza daha ağır xəsarət yetirməmişdi.
Bir neçə gün Əsma yatağında üzü divara uzanmışdı. Ana, dayə və kənizlər şişib qızarmış bədəninə, qollarına, qıçlarına yağlı təpitmə salmışdılar.
Dədə Budağ bütün bunları bilirdi. Arabir arvadını dilləndirmək, qızın vəziyyətini öyrənmək istəyirdisə də, bacarmırdı. Ayişə ana isə qorxusundan Əsma sözünü, qı-zın adını dilinə gətirə bilmirdi. Onda ata ayrı üsullara əl atırdı:
– O üzüqaraya de ki, atını ilxıya buraxdırmışam. Bir də atlanmaq ağlına gəlməsin.
Başqa bir dəfə:
– O nanəcibə de ki, ov, şikar sözlərini birdəfəlik ya-dından çıxarsın, bir də nəinki dilinə, heç ağlına da gətir-məsin, yadına da salmasın.
Bir axşam:
– O lənətliyə de ki, bir Allah bəndəsinin yazığı gəlib ona yiyə durmayınca, o dörd divarın arasından heç yana çıxmayacaq, toy-bayram, qonaqlıq-zad bilməyəcək.
Daha başqa bir dəfə:
– O bizi “ağ günə” çıxarana de ki, bir də gün işığını qəbirə gedəndə, tabutunda görər.
Burada da ana dözə bilmədi:
– Ağzını xeyirə aç, kişi, Allahdan qorx! Növzənbillah sən Allah döyülsən, Tanrı döyülsən. Özü yaradıb, özü bi-lər, nə vaxt aparar. O bədbaxtın nə günahı ki, siz qızılbaş əmirləri bir-birinin qanına susayırsız. Saraya can atırsız. Yolunuzun üstünə çıxanları boğazlayırsız. Şahbanunun da əlinə qız məsələsi bahana düşüb; sizi bir-birinizə salış-dırmaqçün. Sən bilmirsən ki, onun şamlularla, qacarlarla, ustaclularla, bayatlılarla, hansın sayım, heç birisiylə arası yoxdu? Şah fağır qalıb bir tərəfdə. Özü türk ola-ola, Şah-banu cilovu verib farsların, təciklərin əlinə… Qırım onun-kudu. İrız eşşəyindi, fel gəlinin…
Dədə Budağ bütün bunları ovcunun içi kimi arvadın-dan da yaxşı bilirdi. Odur ki, arvad danışdıqca dinmir, haqqın səsinə qulaq verirdi. Haqsevən kişiydi, amma ney-nəsin ki, zamana haqqın zamanası deyildi. (Bir də zamana haçan haqqın zamanası olur, əziz oxucum? Sən belə za-mana, belə haqq evin görmüsənsə, məndən salam yetir). Ana sözünə davam eləyirdi:
– Bədbəxt qızın cəzasını da verdin, day qurtardı axı. Bir dəfə üzünü də görməmisən. Atasan axı, Allah qullu-ğunda! Tanrı səni öz doğma balana Əzrayıl yaratmayıb axı!
– Onun üzünü elə Əzrayıl görsün…
– Onda canınız qurtararmı? Zamananız düzələcəkmi onda? Şahbanu da bütün arzularına çatacaq öz təcikləriy-nən? Sünnilərin də axırına çıxacaq. Yer üzündə şayılardan başqa kimsə qalmayacaq…
Dədə Budağ qızı haqqında arvaddan bir söz eşitməsə də, arvadın haqq sözləri qarşısında öz acizliyini anlayırdı. Cavab vermədən çıxıb gedirdi, hər dəfə belə mübahisələr düşəndə.
İndi bütün bunlar arvadın qulaqlarında səslənirdi və ana əriyib çöpə dönməkdə, bütün gözəlliklərini itirməkdə olan istəkli balasına, ata əmrini necə çatdıracağını kəsdirə bilmirdi. Yavaş-yavaş Əsmanın ağlamaqdan titrəyən çi-yinlərini sığallamağa, ecazkar, möcüzəli ANA əlilə dolaş-bulaş olmuş sırma tellərini tumarlamağa başladı. Yavaş-yavaş Əsmanın hıçqırıqları azaldı, başını ana dizində ya-na çevirib daha sərbəst nəfəs almağa başladı. Ananın “zərdur” tumanını sağ dizi tərəfdən öz leysan göz yaşla-rıyla islatmışdı.
Gülümsəməyə çalışdı, başını qaldırdı, anasının gözlə-ri içinə baxa-baxa zorla gülümsədi:
– Tumanını islatdım, ana!
– Cəhənnəm olsun tuman. Təki sən sağ ol!
– Sağ olum? Necə? Helə bilirsən ki, bilmirəm? Atam atımı ilxıya buraxdırıb. Mənə at minməyi, şikara çıxmağı qadağan eləyib. Evdən eşiyə çıxmağı da, qohum-dost qız-larıynan görüşməyi də… Mən neynəmişəm, ana? Bəyəm təkcə mənəm türk soyunda at minən, ova çıxan qız? Şah-banu özü at minmir, qılınc çalmır, düşmanla vuruşa get-mir? Cəngavərlərlə çadırları çiyin-çiyinə qurulmur? Şa-hənşahımız heç o yerlərdə görünmür. Təkcə o özü. Öz gözlərimnən görmüşəm.
– Hamısını bilirəm, qızım! Elə ona görə də onunla Adil Gəray barəsində xosunlaşanlar oldu; söz çıxarmaq istəyən-lər oldu. Amma sən şayı-qızılbaş içində təksən, sünnisən. Şahbanu deyilsən. Adicə bir əmir qızısan. Sən başqa, o baş-qa. Odu ki, onun sözünü boğazlarda boğub, dilə gətirməyə qoymadılar. Dillənənin dilini kəsdirərdi Şahbanu da, onun “qulaqçıları” təciklər də…
Susdular… Ana bir qədər Əsmanın sakitləşməsindən ürəklənib son tapşırığını yerinə yetirməyə cürət etdi:
– Qızım, day qırx da keçib. Atan da sənin sözünü Sa-day Soltanın oğluna verib…
Arvadın sözü ağzında qaldı. Əsma gürzə çalmış kimi yerindən ufultuyla qalxdı:
– Nə? Nə? Nə? Bircə bu qalmışdı? Elə şey necə gəldi ağlınıza, dilinizə, ana! Mən sağdım, onundum, öldüm – torpağın. Elə eləməyin ki, özümü öldürüb cəhənnəmlik eləyim. Bu dünyadan olmuşam, o dünyadan da olum. Sizi də qannı eləyim. Övlad qatili.
– Qızım, ata əmrindən çıxma! Getməzsən, el deyər ki, görəsən, nə ayıbı vardı ki, onu üzüağ eləmək istəyən o şanlı nəslin elçiliyini rədd elədi. Saday Soltanın oğlu yaxşı oğuldu. Sən o evdə burdakından yaxşı keçinəcəksən. Ata danlağından, el şəmatətindən qurtaracaqsan.
– El şəmatəti! El!!! Ayıbdı!!! Neynək, özünüz biləni eləyin. Amma bilin ki, məndən o xanədana gəlin olmaya-caq. Heç kimə..
Bu sözlərlə də Əsma anasının otağını tərk etdi. Yazıq Ayişə ana odla su arasında qalmışdı. Bir tərəfdən ərinin Saday Soltanla bu fikrə gəlmələrindən, açığını deyək ki, sevinmişdi; yoxsa, Şahbanunun ətrafındakıların yaydığı söz-söhbətdən, şayiələrdən belə görünürdü ki, Əsma “üzüqaradı”. Daha heç kəs ona yaxın durmaz. Amma elə düşman da bilirdi ki, nə Əsma o yolun quludu, nə də Həmzə Mirzə evlənmək istədiyi qızı çöldə-biyabanda üzüqara eləməz; yeyəcəyi tikəyə tüpürməz.
Bunu Şahbanunun özü də yaxşı bilirdi. Oğlunun xislətinə yaxşı bələddi. Amma şayiələrə özü daha çox rəvac verirdi. Xüsusilə, Həmzə Mirzənin faciəli ölümündən sonra… Dəllək Rzaqulunun əsl həqiqəti, əsl canini deyə bilməməsiyçün dilinin kəsildiyini görəndən sonra…
Şahbanu bu işdə tayfası rüsvay olunmuş Türkmanlı-ların, o “sünni köpəyuşağının”, o heç kəsə baş əyməyən “lovğa Dədə Budağın” əli olduğunu güman edirdi. Gü-man yox, ürəyinin içində buna əmindi. Başa düşürdü ki, o, qalın tayfa rüsvayçılığın hayıfını çıxıb. Lap Dədə Budağın əli olsa da, olmasa da…
Правообладателям!
Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.