Текст книги "Orion – 51"
Автор книги: Ruzigar Ələkbər
Жанр: Зарубежное фэнтези, Зарубежная литература
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 4 (всего у книги 20 страниц) [доступный отрывок для чтения: 7 страниц]
Orion öz oxu və kamanını adəti üzrə çiynindən çıxarıb, yenə də bardaş
qurdu.
– Ho Le Sen!
– Ho Le Sen – deyə, qarşılıq verdi.
Bu yerdə xatırladı ki, bəlkə də, indiki məqamda ondan, “Ho Le Sen”–
in nə demək olduğunu soruşmağın əsl vaxtıdır. Orion bu suala qarşılıq zərif ədayla dedi:
– Ho – dünən olacaq, Le – bu gün olmadı Sen – sabah olur, deməkdir!
– Dünən olacaq? Bu gün oldu? Sabah olur? – deyə, Lefteris Orionun sözlərini təkrar etdi.
– Bəli.
– İzah verə bilərsənmi?
– Burada, bizim dünyamızda vaxt anlayışı sizinkindən fərqlidir. Bizdə
sabah, bu gün, dünən deyə qavrayışlar yoxdur. Əvəzində sənə asan dildə
sadaladığım zaman formaları var. Məsələn, “sabah görüşdük, dünən görüşəcəyik və bu gün görüşmədik.”, kimi.
– Başa düşmürəm, hələ də.
– Bu təbiidir. Bunun üçün dünyadan çıxmağın lazımdır.
– Bəs indiki an sənin üçün hansı andır? Deyək ki, mənim üçün indi, sənlə söhbət etdiyim andır.
– Bu an mənim üçün mövcud deyil.
Lefterisin ağlı qarışmışdı. Fikirlərini cəmləməyə çalışsa da, bu onda uğurlu alınmırdı. Ani bir fikir keçdi ağlından və söhbətin mahiyyətinə
vardığını yəqinləşdirib, dedi:
– Yuxular da, məhz buna görə tale adlandırılır?
– Bəli. Yuxular indi ilə əlaqəsi olmayan, keçmiş və gələcək arasındakı çaxnaşmalardan təzahür edən talelərdir. Zaman yuxuda gizlənə bilir. İndi isə yoxdur və ola da bilməz. – dedi, Orion.
– Onda düşünməliyəm ki, mən azad iradəyə sahib deyiləm? Tale məsələsi bundan xəbər verir axı. – Ümidsiz bir şəkildə Lefteris cavab verdi.
– Sənin azad iradən, keçmişinlə gələcəyinin arasındakı çaxnaşmalar əsasında formalaşır.
– Belə çıxır ki, deterministlər haqlıdırlar?
– Xeyr, əslində, bənzərlik görünsə də, əslində bu cür deyil. Məsələn, determinist bir adam indini inkar etmək iqtidarında deyil. Ona görə hər şey üç zaman aralığında, öz bütünlüyünə qovuşur. Biz isə indini hesaba qatmırıq.
– Belə başa düşürəm ki, biz indidəyiksə və əslində, indi danışmırıqsa, deməli, bu yuxudur? Yəni keçmiş və gələcəyimin çaxnaşmalarından doğan tale?
– Bəli.
– Bu ki, inanılmazdır. Amma bir təzad çıxır üzə! Bəs indi səninlə sa-ğollaşdıqdan sonra yuxulasam və yuxu görsəm, bu nə sayılacaq? Yuxu içərisində yuxu?
– Xeyr. Nəzərə alsaq ki, sən yatdığın zaman indini dərk etmirsən, demək bu yuxu deyil. Səhər oyanarkən xatırladığın yuxu isə sabah gördüyün yuxudur. Sabah gördüyün yuxu isə dünən görəcəyin yuxu olacaq.
– Axı burada çox qaranlıq məqam var. Necə yəni sabah görəcəyim yu-xu, dünən gördüyüm yuxu olacaq?
– Özünü mərkəzdən götür, onu fəzaya burax və sadəcə, ağlını saxla.
Keçmiş və gələcəyin arasındakı çaxnaşmanı xatırla. Sabah deyək ki, bir yu-xu görəcəksən. Bu yuxuda gördüklərin, həmin yuxuda şüurunu məşğul etdiyindən, həmin yuxu indiliyindən çıxacaq və dünənin yuxusu olacaq.
– Bəs niyə gələcəyin yox, məhz dünənin?
– Çünki dünəni qavraya bilmisən, sabahı isə qavraya bilmərsən. Deyək ki, indi yatırsan və göldə üzən bir ördək balası görürsən. O yuxudakı sən, o yuxudakı sənsən. Gördüyün ördək balası, həqiqi adlandırdığın həyatda, sabahın yuxusundakı ördək balasıdır. Dünən gördüyün yuxuda, həmin o ördək balası, sabah görəcəyin yuxudakı ördək balası idi.
– Nəticə etibarı ilə belə çıxır ki, həqiqi həyat yoxdur? Hər şey yuxudan ibarətdir? Bir halda ki, indi danışmırıqsa və bu yuxudur, indi mənə deyin görüm, bu, sabahın, yoxsa dünənin yuxusudur?
– Həqiqiliyindən ən çox əmin olduğun bu yuxu, sonsuz zamanda, son-suz sayda yuxudakı, sonsuz saydakı sənin yuxusudur. Yəni sənə daha çox reallıq kimi gələn bu yuxudan, yatarkən gördüyün yuxunu yuxu adlan-dırırsansa, demək, həqiqiliyinə inandığın yuxu, milyardlara bölünən sən, zaman və yuxunun yuxusudur.
– Heç nə başa düşmədim. – deyə, gileyli tərzdə cavab verən Lefteris, onu başa düşmədiyinə görə özünü aciz hiss edirdi. Həm də azca da olsa içərisində Orionun məntiqsiz danışdığını düşünürdü.
– Darıxma, başa düşəcəksən Bellatriksə gələndə. – deyə, Orion-51 oxunu və kamanını yerdən qaldırıb, ayağa qalxdı.
– Ho Le Sen! – deyə, səsləndikdən sonra yavaş-yavaş sönüb, yerini ulduzlara verdi.
Lefteris bihuş olmuş şəkildə ətrafına baxır, içərisindən gülmək keçirdi.
Öz-özünə düşünürdü ki, bu ideyaların teist ideyalardan heç bir fərqi yoxdur, varsa da cuzi fərqi var. Onun diqqətini çəkən başqa bir məqam isə
Bellatrikslə bağlı idi. İrakliondakı kafeni və orada yazılan “Bellatriksdə görüşərik.” yazısını xatırladı. Bu yerdə duruxub qaldı ki, axı necə oldu ki, o Veronika ilə Bellatriksdə deyil, Lorensdə qarşılaşanda, ondan bunun səbəbini soruşmayıb.
Xilas
Soyuqdan büzüşmüş və paltosuna bürünmüş bir şəkildə yatan Lefteris, yaxınlığında eşidilən it mırıltısına bənzər bir səsə oyandı. Bir vaxt hiss etdi ki, onun qoluna nəsə ağır bir şey də söykənib.
– Bilmirsiniz ki, parkda gecələmək qadağandır?! – deyə, yoğun kişi səsi eşidildi.
Lefteris ayağa qalxıb, qarşısındakı adamlara baxanda başa düşdü ki, onların sayı bir deyil, üçdür. Bu adamlar polislər idi.
– Çıxın gedin buradan, yatmağa başqa yer tapın! – deyə, başqa bir səs eşidildi.
Park par-par işığa qərq olmuşdu və ətrafda, haradansa uzaqdan disko musiqisinin səsi eşidilirdi. Lefteris şübhəli şəkildə ətrafına baxdıqdan sonra gördü ki, ətraf həm də qarla örtülüdür. Bu necə olmuşdu? Axı o, bayaq burada yatmağa hazırlaşarkən, hava soyuq olsa da, qar yağmırdı. Lefteris polislərin uniformalarına baxanda, vəziyyəti tam, dəqiqliklə başa düşdü.
Onların qolundakı şevron Yunanıstan polislərinə məxsus idi. Özünü soyuqqanlı aparmağa çalışırdı. Bu vaxt polislərdən biri qəflətən yüksəkdən qışqırdı:
– Dayanın bir dəqiqə, bu həmin, o əclaf deyil?!
Lefteris nə baş verdiyini anlamaq qabiliyyətində deyildi. Onu nəzarətdə saxlayıb, üst-başını yoxladılar.
Daha sonra biləklərinə qandal vurub, sağa-sola dartışdıra-dartışdıra gətirib, polis maşınına mindirdilər.
Lefteris əmin idi ki, bu yuxudur, lakin o buna təəccüb edirdi ki, bu yuxu adi həyatdakı kimi çox həqiqidir və elə buna görə də, içərisində qəribə narahatlıq hissi də dayanmadan artırdı.
Polislər onu bir qətl hadisəsində ittiham edirdilər. Onu iki polis məmurunun olduğu kiçik bir otağa gətirib, əllərini və ayaqlarını oturacağa kilidlədilər.
– Barı çamadanımı götürərdim, içərisində vacib əşyalarım var. – deyə, Lefteris acıqlı intonasiya ilə gileyləndi.
– Səsini kəs, it oğlu! Hələ bir dilin də var danışmağa?! – dedi, nisbətən iri olan polis.
– Məni niyə tutmusunuz?
– Ya özünü adam balası kimi aparıb, qətlin təfərüatlarını danışacaq-san, ya da səni başqa cür başa salacağıq.
Lefteris nə deyəcəyini bilmirdi. Bundan əlavə, axı o nə danışa bilərdi?
– Siz, arvadınız Andrea Rodrigesin ölümündə təqsirləndirilirsiniz.
Onu işgəncələr verərək öldürüb, Saint Johannes çayına atmısınız. Lənətə
gəlsin, bunu ona görə deyirik ki, bizimlə oyun oynamaqdan əl çəkəsiniz.
Bu dəqiqə sizin ucbatınızdan günahsız bir adamı həbsxanada saxlayırıq.
Cinayətinizi etiraf edin! – deyə, digər polis qışqırdı.
Lefteris bu dəqiqə sadəcə, gülmək istəyirdi, lakin bunun ona baha başa gələcəyini bildiyindən təmkinli davranıb, söhbəti uzatmaq istəyirdi.
– Hansı günahsız adamdan danışırsınız?
– Ay alçaq, bunun sənə nə dəxli var?! Sənə deyilir ki, qatilsən, etiraf et, o zavallının da canı qurtarsın, bizim də! Altı aydır ki, səni axtarırıq. Harada gizlənmişdin?! Danış hamısını, yoxsa bayaq dediyim cürə danışdıracağıq.
Lefteris ümidsiz şəkildə tavana baxıb, özündən hekayə uydurmağa çalışırdı. Başqa nə edə bilərdi ki?!
– Mən Orion Kafedə gizlənmişdim – deyə, sözə başlayan Lefteris, danışdığı hər sözdən sonra şüşənin arxasındakı qadının onun dediklərini necə sürətlə kompyuterə yazdığına baxırdı. Qadının üzü görünməsə də, saçlarının rəngi qırmızı idi. Bu isə növbəti təəccüb üçün başqa bir işarə idi.
– Onu bıçaqla öldürmüşəm, bəli, mən qatiləm!
Bu vaxt polislər, məsələnin bu qədər tez həll olunmağından, sanki qəribə məyusluq hissi keçiriblərmiş kimi bir-birinə baxdılar. Qəflətən otağın içərisindəki səsucaldıcıdan çöldəki qadının səsi eşidildi.
– Cənablar, Orion Kafe adlı bir yer çıxmadı axtarışda. Böyük ehtimal ki, o, yalan deyir!
– Veronika, daha bunun heç bir fərqi yoxdur, adam cinayəti etiraf etdi.
– deyə, polislərdən iri olanı cavab verdi.
Lefteris böyük maraqla qadının üzünü onlara sarı çevirməyini arzulayırdı indi.
Həmin an baş verəndə, o təəccüblənmək əvəzinə gülümsəyib, ona əlini yellətdi. Bu hərəkəti polislərə qəribə göründü və yenidən öz aralarında pıçıldaşmağına səbəb oldu.
– Veronika, şöbə ilə əlaqə saxla, de ki, əsl qatil tapılıb. Məhkəmə işi icra olunsun.
Üç gün sonra Lefterisin məhkəməsində, həmçinin Vasilis Papado-poulos da iştirak edirdi. Qadın hakim çəkici üç dəfə döyəcləyib, məhkəməni açıq elan etdi. Vasilisin işinə yenidən baxılmağı tələb olundu. Onun vəkili ortayaşlı, keçəl bir kişi idi. Ayağa qalxıb, istintaq prosesi barəsində
danışmağa başladı:
– Vasilis Papadoupolosun müdafiəçisi kimi deməliyəm ki, hüquqları və mənafeyini müdafiə etdiyim şəxs qanun qarşısında tamamilə günahsızdır. Onun haqqında qaldırılan iddialarda, ağıl səviyyəsinin aşağı olmağı barəsindəki ittihamlar tamamilə boş və əsassızdır. Müvəkkilim, Vasilis Papadoupolos, əksinə, ziyalı və oxumuş adamdır. Bu adam heyvansevər və filosofdur. Mən sadəcə, məyus oluram ki, niyə bu cür bir adam belə bir cinayətdə ittiham edilir. Bu adamın bu məhkəməyə çıxmağının iki səbəbi vardır. Birincisi onun ağlına qarşı yönələn şübhələr, ikincisi isə onun Saint Johannes çayının ətrafında yaşamağı. Bu günə qədər bu ikisindən başqa heç bir sübutla, heç bir əsaslı əks-iddia irəli sürülməyib…
Vəkilin nitqi bu cür sözlərlə davam edib, bitdikdən sonra Lefteris araya çökən sükutu pozdu:
– Onu elə Vasilis Papodopolos öldürüb, xanımlar və cənablar.
– Arvadım onu tez-tez ziyarət edərdi. Sonsuz dərrakəsi və heyvanlara qarşı mərhəmətinə aşiq idi. Lakin bir gün bu gördüyünüz murdar qoca adam, ona qarşı göstərilən hörmətdən sui-istifadə etdi. Onun boğazını kəsib, zorladıqdan sonra, öz cinsi fantaziyalarını bir bıçaqla onun üzərinə tətbiq etdi. Daha sonra da arvadımın ölü bədənini, çiyinlərində, qəsdən elə
özü polis bölməsinə gətirdi ki, guya ki, o, bu cür etməklə cinayətini ört-basdır edə biləcək.
Vasilis Papadouplosun vəkili yerində vurnuxub, qəflətən bağırdı:
– Bu ki dəlilikdir! Möhtərəm hakim, yəqin ki, bu axmağın dediklərinə
inanmırsınız. Çünki bizə qarşı bu ittihamlar birinci dəfə deyil ki, yönəlir.
Hakim asta-asta dedi:
– Bayaq nitqinizdə qeyd etmişdiniz ki, sizə müvəkkilinizin ağıl azlığı və yaşadığı ünvan xaricində başqa əsaslı ittiham və ya ittihamlar yönlən-dirilmir. Bir dediyiniz digəriylə tutuşmur, cənab Nikolas.
Bundan sonra bir xeyli vaxt hakimlər arasında müzakirələr aparıldı.
Daha sonra məhkəmə sabaha qədər təxirə salınsa da, bu, yekun qərarı dəyişmədi. Lefretis həbs olundu.
Məhkəmədə söylədiyi fikirlər, aydın məsələdir ki, onun öz dilindən deyilməmişdi. Çünki bu adam, heç harada, necə və niyə olduğunu dərk etmirdi. O, heç orada dediklərini də xatırlamırdı. Həmin sözlər özünün deyil, bu dəfə də kiminsə dilindən deyilmişdi.
Lefteris həbsxanada, yaşadığı bütün maraqlı hadisələrə bir məna axtarırdı. Düşünürdü ki, bu bir yuxudur və buna görə də, məyus olmağa dəyməz. Çünki Orionun həqiqətində indinin bir mənası yox idi. İndi yuxudan ibarət idi, yalnız keçmiş və gələcək çaxnaşmaları vardı. Ona yalnız gözləmək qalırdı ki, növbəti yuxusunda Lorensə qayıtsın. Ən böyük təsəllisi də, polis idarəsində gördüyü Veronika idi. Bu, bütün suallarına cavab idi. Lefterisin düşünə bildiyi qədəri ilə onun həbsxanaya düşməyinə səbəb, çarəsiz vəziyyətdə qalıb, əslində, törətmədiyi cinayət əməlini etiraf etməyi idi. Lakin qorxduğu və arzulamadığı şey, Andreadan ibarət yuxuların yenidən peyda olmağı idi. Vasilis Papadouplosun qatil olmadığını düşünürdü. Amma əslində, bu cür idimi? Bir də onun ağlını qarışdıran başqa bir şey də vardı ki, görən onun Andreadan uşaqları var idimi? Həbsxana divarları onun sağlam bədəni üçün çox amansız idi. O, burada xəstəlik tapsa, bunun daimi olub-olmayacağının qayğısını çəkirdi. Bir tərəfdən də məmnun idi ki, ən azından qalmağa yeri və gündə iki dəfə də olsa yeməyi var.
Ona verilən qidalar su, çörək və sıyıqdan ibarət idi. Lefteris başa düşürdü ki, dünənin yuxusunu yaşayır. Axı Orion demişdi ki, keçmişin yuxusu, sabahın yuxusudur. Demək, onun üçün hələ də sabah deyə bir ümid var.
Sabahlar Yunanıstanda yox, Hellenasda açılmalı idi.
Burada qaldığı müddət ərzində, ilk dəfə idi ki, Lefterisə ziyarətçisi olduğu barəsində xəbər verilmişdi. Lefteris ciddi həyacan hissi ilə gələn adamın kim olduğunu təxmin etməyə çalışırdı.
Gələn adam bacısı Sofia idi. O, bura yanında başqa bir cavan oğlanla gəlmişdi. Elə Sofianın özü də cavan idi. Bu yerdə Lefteris düşündü ki, görə-sən onun özü niyə əvvəlki cavan bədəninə sahib deyil? Bu şey barəsində düşünəndə, belə bir qənaətə gəldi ki, xarici görünüşün məsələyə
heç bir adiyyatı yoxdur. İnsanlar, məkanlar eyni olsa da, zaman həmin zaman ol-maq məcburiyyətində deyil.
Onun üçün bundan daha məntiqli açıqlama ola bilməzdi. Sofia qardaşını görəcək, onun dəmir barmaqlar üzərində sıxılmış əllərindən yapışdı.
Onları bir-bir öpüb, oxşadı. Yanında gələn adam haqqında qısa olaraq dedi ki, ondan üzr istəyir. Çünki altı ay ortalıqdan itən qardaşı, bir ay əvvəl nişanlandığı bu cavan oğlanı ilk dəfədir ki, görürdü. Lefteris, bu yerdə ən azından Demitrini görmədiyinə görə sevinirdi. Çünki bilirdi ki, həqiqi yuxusunda bacısı o adamla xoşbəxt deyil.
– Qardaş, biz bilirik ki, sən günahsızsan. Andreanı nə qədər çox sev-diyini də bilirdik. Ümid edirəm, haqq öz yerini nə vaxtsa tapar. Onun yanındakı cavan oğlan:
– Mənim atam Afinanın ən məşhur vəkillərindən biridir. Çox təəssüf edirəm ki, vaxtında hərəkətə keçib, onu sizin vəkiliniz edə bilmədim.
Lefteris gülərüzlə bacısı və onun nişanlısına baxır, onları öpüb, bağ-rına basmaq istəyirdi.
– Hər həbsxananın, hər zindanın bircə dənə olsa belə gizlin qapısı var.
Bu gizlin qapının adı ümiddir. Siz də ümid edin, cənab. – deyə, cavan oğlan Lefterisə təsəlli verirdi.
Söhbətin bu yerində, Lefteris keçmişdəki ənənəsinə sadiq qalaraq, bacısından borc pul istədi. Lakin bacısı indi üstündə pul olmadığını deyəndə, onun nişanlısı əlini cibinə atmalı oldu. Lefteris içində gülərək, Demitrini xatırlayırdı.
Pul burada onun nəyinə lazım idi ki? Özü də ki, yunan drahmı!
Lefteris bu yerdə artıq xeyli vaxt idi ki, məhkumluk çəkirdi. Saçı-saqqalına qarışmış vəziyyətdə idi və hətta xeyli arıqlamışdı da. Məyus olduğu başqa bir amil isə bundan ibarət idi ki, burada gecələr səmaya baxmaq mümkün deyildi. Bir balaca arakəsmə vardı, ona da ki, boyu çatmırdı.
Gündə-günə, getdikcə daha çox tükənirdi. Şiddətli öskürəkləri isə səngi-mək bilmirdi.
Bir gün həbsxana gözətçisi yenidən gəlib, ona xəbər verəndə ki, ziyarətçisi var, o az-qala sevincdən atlanıb-düşəcəkdi. Bircə gələn adamın yenidən bacısı olmağını istəmirdi.
Veronikanın şux bədənini görəndə gözləri işıldadı. Sevinirdi ki, artıq buradakı misiya tamamlanıb və bircə yuxu ilə də, yenidən əvvəlki dünyasına qayıdacaq.
Lakin Veronika elə ciddi və elə işgüzar bir görkəm almışdı ki, o bu cür xəyallar qurmaq üçün tələsməməli olduğunu başa düşdü.
– Əvvəla onu qeyd edim ki, hər yayındığın, yaxud da cavab vermə-diyin suala görə üç dəfə qamçılanacaqsan.
Lefteris bu yerdə təəccüblə Veronikaya baxır, özünü onun gözlərinin içərisində tapacağına inanırdı.
– Andrea Rodrigesi öldürməyinə səbəb nə idi?
Lefteris kədərli baxışlarla onu süzüb, necə cavab verəcəyini fikirlə-şirdi.
– Onu qısqanırdım.
– Kimə?
– O filosofa.
Lefteris artıq başa düşmüşdü ki, qaçış yoxdur və oyuna tabe olmalıdır.
Bir də ki, axı o, məhkəmədə Orionun ona dedirtdiklərindən xəbərsiz idi.
– Onu nə ilə öldürdün?
– Qarmaqla.
– Niyə başqa alət yox, məhz qarmaq?
– Ona görə ki, üstümdə ancaq o var idi.
– Niyə Saint Johannesin sahilində?
– Çünki onu, filosofla birgə eyş-işrət içində, məhz orada yaxalamışdım.
Lefteris bu yerdə qəribə hislərə qapılmışdı. Az qala Orionu Tanrı zənn edib, ona söyəcəkdi.
– Orion Kafe haradadır?
– Xatırlamıram.
– Sizdən soruşuram ki, Orion Kafe harada yerləşir?!
– Gecə səmasında – deyib, çarəsiz baxışlarla qandallı biləklərinə baxdı.
– Yaxşı, belə deyim, zarafatı bir qırağa qoymasan bu suala cavab ver-mədiyinə görə yüz qamçı ilə cəzalandırılacaqsan.
Lefteris Voranikanın üzünə diqqətlə baxıb, qışqırdı:
– Bu qədər bəsdir daha! Gördünüz ki, bura qədər tab gətirdim. Qurtar bu cəfəngiyyatı, Veronika, xahiş edirəm, apar məni buradan.
Bu vaxt qadın qaşlarını dikəldib, təəccüblə ona baxdı və dedi:
– Adımı kimdən öyrənmisiniz?
Lefteris bu yerdəcə təslim oldu. Çirkli, bozumtul köynəyini çıxarıb, üzü divara sarı, soyuq döşəmədə oturdu.
– Mendes, yüz əlli qamçı! – deyə, son cümləsini deyən Veronikanın çıxışa doğru irəliləyərkən hündürdaban ayaqqabılarının səsi eşidildi.
Taqetsiz biçimdə, üzüqoylu yerə uzanan Lefteris, kürəyinin ağrısından tərpənə bilmirdi. Hazırkı vəziyyətdə içərisində, Yunanıstana qarşı ol-mazın nifrət hiss edirdi. O, yaşadıqlarının yuxu olmağı ilə bağlı şübhələrə
də qapılmışdı. Buna səbəb ağrı hissi idi. İnsan yuxuda da, heç ağrı hiss edə
bilərdimi? Bu necə bir məşəqqətli yuxu idi ki, bütün qabırğalarını sızılda-dırdı? Orionun indinin mövcud olmamağı ilə bağlı dediyi fikir, son anda, yenidən dadına yetişmişdi. Əgər indi deyilən bir şey yox idisə, demək indiki ağrı da yox idi, yəni yuxu idi. Bəs nə üçün bu günə qədər ilk dəfə idi ki, bu cür mübhəm bir yuxunun içərisində özünü bu qədər ağrılı hiss edirdi? Bəlkə, Orionun dünyasındakı varlıqlar üçün keçərli idi bu cür yuxular və Lefteris də, insani yuxular yox, onların yuxularını görməli olurdu? Bu fikirlərin təsirində, birdən riqqətə gələrək, gözlərini bərəltdi və öz-özünə
dedi: “Bu sınaqdır! Onların dünyasında yaşaya bilmək, ya da, bəlkə də, ölümsüzləşmək üçün lazım olan sınaqdır bu!” Bu fikirlə təsəlli tapsa da, bir müddət sonra monoteist dinlərin Tanrıları və peyğəmbərlərini xatırladı.
Elə bundan sonra da, üzünü nəm torpağa sıxıb, zülüm-zülüm ağladı.
Qaranlıq bir yerdə əl-qolunu yellədərək, yuxudan dik atılan Lefteris, ayağa qalxa bilmirdi. Bu onun kürəyindəki yaralara görə deyildi. Çünki onun kürəyində heç bir yara yox idi. Məsələ burasında idi ki, O, yaraya öyrəşdiyi üçün hələ də yaralı olduğunu düşünürdü deyə, ayağa qalxmağa özündə cəsarət tapmırdı. Hətta mimikaları da, elə qəribə vəziyyətdə idi ki, bu üz, sanki qəfil vurulacaq, yeni bir qamçı zərbəsinə hazırlıqlı idi. Nəhayət, səndirliyə-səndirliyə ayağa qalxıb, əllərini yöndəmsiz şəkildə, ətrafında sağa-sola hərəkət etdirdi. Birdən ayaqqabıya bənzər bir şey tutduğunu hiss edib, onu dartışdırdı. Bu vaxt kim isə gözünə fənərlə tutub, qışqırdı: 60
– Nə olub, Lefteris?!
Adam ayağa qalxanda, Lefteris yerə sərildi. Ona elə gəlirdi ki, bu dəqiqə yenidən qamçılanacaq. Lakin otağın işığı yananda, o, yavaş-yavaş
özünə gəldi. Əli ilə çiyinlərindəki paqonları bir-bir yoxlayıb, ayağa qalxdı.
Kostasın qarşısına gedib, onu möhkəmcə qucaqladı. Dostu hələ də yuxulu nəzərlərlə ona baxır, onun hələ də bayaqki kimi isterik vəziyyətində olduğunu düşünürdü.
– Kostas, indi mənə bu gün baş verən sonuncu hadisələri danışmalısan. Tez ol, bir az! – deyə, təşfişlə dostununun qolunu döyəcləyən Lefteris, son anda onu dartışdırıb masada əyləşdirdi. Həyacanı yerə-göyə sığmırdı. Əsən əlləri ilə masanın üzərindəki uzo şüşəsini götürüb, qədəhi ağzına qədər doldurduqdan sonra bir nəfəsə başına çəkdi.
– Lefteris, sabah gedirsən buradan. Son hadisələr kifayət oldu bunun üçün. Bir bax silahını da əlindən alıblar. – deyə, dostunun belinə işarə etdi.
Silah doğrudan da yerində deyildi.
– Mən bir onu xatırlayıram ki, yolda İstehkamdan paytaxta doğru gedən bir maşındayam. Amma bu, bu dəlilikdir, doğrudan da! Necə də
möhtəşəmsən, Orion! – deyə, qışqırdı.
Kostas ona məsləhət görüb dedi ki, ara güclə sakitləşib, səs-küy salıb, yenə hamını bura yığmasın.
– Dostum, mən bu gün gedirəm! Bellatriksə gedirəm! – deyə, təkid edən Lefteris, Kostasın inamsız baxışlarını görüb, ona danışmağa hazırlaşdığı şeylər haqqında heç, adicə söz açmağa da dəymədiyini başa düşdü.
Məyus bir şəkildə, eləcə onun üzündən öpüb, pəncərəyə tərəf yollandı.
– Veronika! – deyə, səsləndi və heyrətlə “Coma Berenices”-ə baxdı.
Bu vaxt birdən hiss etdi ki, Orionun sarımtıl işartıları peyda olmaq üzrədi. Dərhal Kostasa tərəf çevrilib, onu otağı bir neçə dəqiqəlik tərk etməyi üçün yola gətirmək istəyəndə, gördü ki, Kostas çoxdan ağzı açıq halda, yuxuya gedib.
Qəflətən səma bəyaz rəngə boyandı. Orion görünmək əvəzinə, yerə
sürətlə yaxınlaşan, ulduzu xatırladan hansısa bir parlaq işıq, aydın səmada göründü. İstehkam həyətinə enən bu şey, inanılmaz dərəcədə möhtəşəm olan kosmik bir gəmi idi.
Lefterisin otağı, üçüncü mərtəbəyə tərəf qaldırılan pilləkən, elə işıqlı idi ki, o, ayaqlarını görə bilmir, atdığı addımları güclə sezirdi. Gəmidən çölə çıxan, qırmızı saçlı qadın tərəfə sürətlə qaçan Lefteris, onu bərk-bərk 61
qucaqladı. Hətta bu vaxt onun gözləri də yaşarmışdı. Lakin birdən, anlayanda ki, bu qadın Veronika yox, ayrı bir qadındı, hərəkətindən utanıb, sakitcə başını aşağı salladı və fikirli-fikirli gəmiyə qalxdı. O, dəli olduğuna dair zərrə də olsun özünə şübhə etmirdi.
II hissə. ORİO-nun qəlbi – adsız Bellatriks
“Bellatriks, Orion ulduz qrupunun üçüncü ən böyük ulduzudur və
Yer Kürəsindən 245 milyon işıq ili məsafədə yerləşir. Dünya səmasında parlaqlığına görə iyirmi yeddinci ulduzdur. Orionun sol çiynində yerləş-diyinə görə, “qadın döyüşçü” və ya “Amazon ulduzu” kimi də adlandırıl-mışdır. Yaşının iyirmi milyon il olduğu düşünülsə də, əslində bu rəqəm otuz üç milyon ildir. Onun səthinin rəngi mavi-ağ rəngdədir və bunun səbəbi səthinin iyirmi iki min K istiliyə malik olmağıdır.”
Gəmidə eşidilən bu səs, Lefterisə Veronikanın səsini xatırladırdı.
“Ulduzumuz haqqında bütün bu təfərüatlar, dostumuz Lefteris üçün nəzərdə tutulmuşdur, əslində, bizim ulduzun adı yoxdur və onun istilik dərəcəsi, orada həyat ola bilməməyinə dəlalət vermir.”
Lefteris, bilmirdi, elana qulaq assın, yoxsa ətrafında gördüyü möhtəşəm mənzərəyə baxsın. Gəminin içərisi geniş və olduqca işıqlı idi. Hər yer elə qüsursuz görünürdü ki, onun gözlərinə, o, bu günə qədər gördüyü hər şey barəsindəki təsəvvürlərini artıq indidən itirdiyini hiss edirdi. Geniş
pəncərələrdən bütün kosmosa, kainatın əsrarəngiz mənzərələrinə şahidlik edirdi. O, kəmərləri möhkəm sıxılmış oturacağda oturmuş, ətrafında gördüyü insan qiyafəli belletrikslilər isə kəmərsiz-filansız yaxın həndəvərdə
gəzişirdilər. Həyatında heç vaxt kosmos haqqında zərrə təsəvvürü olmayan bu adam, indi düşünürdü ki, bəlkə, Orionun sonsuz dünyalarından hansısa birində, o kosmonavt olub, dəfələrlə fəzanın boşluğunda süzüb.
Uşaqkən heyranlıqla baxdığı, nə olduğunu anlamadığı əlçatmaz ulduzlar, indi onun bütün ətrafını, varlığını çevrələmişdi.
“Yolumuzun üstü olmasa da, sizi Andromeda səyahətinə aparmaq istəyirik, Lefteris, əgər etirazınız yoxdursa.” – deyə, gur qadın səsi yenidən eşidildi.
Lefteris astaca, “gedək” – dedi və gəmi bir anda sürətini inanılmaz həddə çatdıraraq hərəkət etməyə başladı. Gəminin çölündəki mənzərə, bu vaxt daha da möhtəşəm şəkil aldı. Lefteris özünü ulduz yağışının içərisində hiss edirdi. Həyacandan az qala qəlbi yerindən qopacaqdı. Gəminin sü-65
rəti asta-asta yavaşımağa başlayanda, ətrafda elə bir mənzərə göründü ki, bunu sözlə ifadə etmək mümkün deyil. Lefteris özünü rəngarəng bir dünyanın içərisində tapmışdı. Qırmız, sarı, çəhrayı, yaşıl, mavi və daha minlərlə tonda olan neçə adsız rəng! Heyrətdən ağzını bağlamağı unudan Lefteris, təkcə yanağına süzülən göz yaşlarının istisini hiss edirdi. Bu vaxt Gəmi olduqca yavaş sürətlə hərəkət edirdi. O, tamam ayrı bir qalaktikanın, nebu-lalarla zəngin hissəsində idi. Lefteris qəribə miskinlik hissi ilə qəlbini dəlib deşən bir hissin mübarizəsində idi. O, indi Yer üzündə yaşayan heç bir insanı inanclı olduğuna görə qınamaq gücünü daxilində hiss etmirdi. Bu qədər möhtəşəm ulduzların altında, insanın özünə Tanrılar uydurmaq ehti-yacını da qınamaq olmazdı. Ümumiyyətlə, indiki zamanda heç bir şey üçün mənfi düşünmək qabiliyyətində deyildi Lefteris. Bərələ qalan gözlərini, ani, hansısa füsunkar gözəlliyi qaçırar deyə, qırpmır, eləcə məst olmuş
kimi sağına-soluna baxırdı.
– Bütün bunların sonu varmı? – deyə, həyəcanla soruşdu.
– “Bu hələ sizə məlum olan qalaktikalardan biridir, Lefteris. Biz sizin son dediyiniz yerlərə qədər gedib çıxmışıq. Bəlkə, bir gün sizinlə də, ge-dərik, lakin bunun üçün bizə sizin vaxtla desək, beş yüz iyirmi üç il lazımdır.” – deyə, qarşılıq gəldi.
– Burada Tanrı varmı, bəs?
– “Fəzada Tanrı yox, yalnız yönləndirici elementlər, enerji ola bilər, Lefteris. Buna Tanrı deyib-deməmək öz işindir!” – deyə, qadının səsi yenidən eşidildi.
– Bəs bu günə qədər bəşər övladı bura qədər gəlib çıxmışdımı heç?
– “Onlar onsuz da, öz iradələrindən asılı olmayaraq, hər zaman burada idilər, buradadırlar və olacaqlar.”
– Burada ölüm və doğulma varmı?
– “Bəzi ulduzlarda, bəzi qalaktikalarda hə, amma bizim ulduzda belə
bir şey yoxdur.”
– Başqa ulduzlar, başqa qalaktikalarda da həyat var?
– “Kainatı var edən şey, həyatdır, Lefteris. Bunsuz heç bir mahiyyəti yoxdur, kainatın.”
– İnsan isə həmişə elə düşünüb ki, kainatda yalnızdır. Yalnızlıq qorxusu da Tanrılar doğurub şüurunda.”
– “Sizinlə həmfikirik, Lefteris.” – deyə, qadının səsi, nəzakət çalarları ilə səsləndi.
“Artıq evə getmək vaxtıdır!”
Gəmi yenidən sürətlə hərəkətə keçdi. Bir neçə dəqiqədən sonra, qadının səsi yenidən eşidildi:
– “Budur, bu da sizin, doğma, Orionunuz!”
Andromedadakı kimi olmasa da, burada da füsunkar rəng çalarları insanı valeh edirdi. Gəlib, iri, mavi bir ulduzun yanından ötəndə, qadının səsi yenidən eşidildi.
– “Gördüyünüz ulduz, Saiph adlandırdığınız ulduzdur, Orionun sağ
ayağındakı ulduz deyirsiniz buna, lakin bizdə bu ulduz da adsızdır.”
Saiphin mavi işığı insanı valeh edirdi. Onun yanından ötəndə, geridə, lap uzaqda başqa bir iri, mavi ulduz göründü.
– “Həmin ulduz, Orionun ən böyük ulduzu, Rigeldir. Ona, Orionun sağ ayağı da deyirsiniz və Yer səthindən baxdıqda, səmadakı altıncı ən parlaq ulduzdur, baxmayaraq ki, aralarındakı məsafə min işıq ilidir.” Bir neçə
saniyə sonra, gəmi daha iki böyük ulduzun arasından keçdikdə, səs yenidən eşidildi:
– “Bu ulduzlar isə Orionun kəmərinin ulduzlarıdır. Solda gördüyünüz Alnitak, sağdakı isə Alnilamdır. Baxın, Alnilamın arxasında görünən isə
kəmərin digər ulduzu Mintakadır. Alnitak səmada görünən ən parlaq, Otip ulduzdursa, Alnilam kəmərin ən parlaq supernovasıdır.”
Lefterisin halı sanki pisləşmiş kimi idi. Gördükləri onun üçün, onun gözləri, ağlı üçün ifrat idi. Bir anlıq, hətta dünyaya qayıtmaq istəyi də, keçmişdi içərisindən. Onu ən çox təşvişə salan məqamlardan biri də bu idi ki, o, Orionla görüşəcəkdi. Əgər o gördüyü kimi, həmin iri adam idisə, onunla necə qarşı-qarşıya dayanıb söhbət edəcəkdi?
Gəmi nəhayət gəlib, Bellatriksin yaxınlığına çatmışdı. Bundan sonra onun mavili-bəyazlı səmasına daxil olub, dərininə endi. Lefterisə qaranlıq qalan başqa bir məsələ də vardı. Necə olacaqdı ki, o, bu dünyanın həyat şəraitinə uyğunlaşacaqdı? Axı burada ona heç, hər hansısa bir kosmik geyim də verilməmişdi! Bu yerin oksigendən məhrum olduğu isə onun fizi-oloji görüntüsündən məlum idi. Mavi rəngli qaz təbəqəsindən eniş etdikcə, Lefteris yerində dikəlib, onun səthini görmək istədi. Lakin heç bir səth görmədi, təkcə havada asılı qalan, iri həcmli, sütunlara bənzər daşlardan başqa. Bu dəşlar sanki hərəsi ayrılıqda bir adanı, yaxud da ölkəni, şəhəri xatırladırdı. Aşağı daha da çox endikcə, Lefteris başını qaldırıb Bellatriksin səmasına baxdı və sadəcə, qatı-mavi rəngli buludları gördü. Bir vaxt sanki 67
gözlərinin qaradlığını hiss etdi. Gəminin çölündə gördüyü şeylər, gah yoxa çıxır, gah da yenidən, lakin tamam başqa formada peyda olurdu. O gözlərini ovuşdurub, onları bir müddət bağlı saxladı.
– “Bellatriksdə heç nə maddi əsasa sahib deyil, Lefteris, ona görə də, gözlərinə görə əbəs yerə narahat olma.”
– Necə yəni maddi əsas? Burada, əslində, heç nə mövcud deyil?
– “Həqiqət budur ki, sən buranı öncədən necə xəyal etmişdinsə, elə o cür də görürsən. Onun əsl görüntüsü isə yalnız bellatrikslilər tərəfindən görülə bilinir. Sən burada mavi səma, yüksək təzyiqlə havaya fışqıran qeyzerlər, nəhəng, qatı göl görürsənsə, bu yalnız sənin gördüklərindir. İnsan şüurunun qavraya biləcəyi şeylərdir bunlar, Lefteris. Bizim üçünsə bunların heç biri Bellatriksə xas əlamətlər deyil.”
Bu yerdə Lefteris, nədənsə Veronikanın bir vaxt yuxular haqqında –
“taledir” – deməyini xatırladı.
Doğrudan, onun gördükləri yuxu ola bilərdimi? O ki, özünü həmin vaxtda dərk edə bilirdi, demək yuxu idi. Çünki Orion üçün mövcudiyyət mahiyyətcə yuxuya bərabər bir şey idi. Bəs Lefterisin burada keçirdiyi günlər, bir gün onun keçmişi olacaqdısa, bu doğrudanmı onun sabahkı yuxusu olacaqdı? Bu müəmmalı bir məsələ olmağından əlavə, həm də, Lefterisin hələlik, tam başa düşmədiyi bir mövzu idi.
– Nəticədə, ən azından Bellatriks deyə bir ulduzun içərisindəyik, nəyi görüb, nəyi görmədiyim o qədər də əhəmiyyət kəsb etmir, elə deyilmi? –
deyə, Lefteris çaşqın gözlərini ətrafda gəzdirdi.
– “Bəli, bu an, Bellatriksdəyik, lakin yalnız bu an. Bu an sizin zamanı-nızdakı, sizin beyninizə proqramlaşdırılan zaman deməkdir. Bizdə isə zaman məsələsi başqa cür və qarışıq məsələdir.”
Lefteris ümidsizliklə ətrafına baxır, gözünün qarşısında, harmonik hərəkətlərlə, müəyyən zaman intervalında gah mövcud olan, gah da yoxa çıxan şeylərə baxır, gördüklərindən nədənsə kədərlənirdi. Düşünürdü ki, insan oğlu çox keşməkeşli yollardan keçib, başına xeyli şey gəlib, lakin bütün bunlardan xəbərsiz qalıbsa, bu onun günahı yox, zamanın günahı olub.
Bir az sonra gəmi dayandı və Lefteris, düşündü ki, görəsən, gəmi hava-damı qalıb, yoxsa bayaqdan izlədiyi, gah görünən, gah da görünməz olan sütunların hansınınsa üzərinə enib?
– “Ən çox inandığın şey sütunlar olduğuna görə bu an, bəli, sütunun üzərinə enmişik.” – deyə, qadın sonuncu cümləsini dedi və bir qədər sonra 68
haradansa peyda olub, düz Lefterisn qarşısında dayandı. Bu qadın doğrudan da Veronikanın özü idi! Lefteris düzgün ayırd etmişdi.
– Gedəkmi? – Veronika gülümsəyərək dedi.
Lefteris başını silkələyib, təsdiq etdi. Ola bilərdimi ki, Veronika da, əslində, o, danışan qadının Veronika olduğunu düşündüyünə görə elə Veronika qiyafasəində çıxmışdı onun qarşısına?
Gəmidən çölə çıxanda, Lefteris gözlədiyinin əksinə, daha çox üşüməyə başladı. Qəflətən ağlına bu fikir gəldi ki, əgər gəminin içərisində
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?