Текст книги "Orion – 51"
Автор книги: Ruzigar Ələkbər
Жанр: Зарубежное фэнтези, Зарубежная литература
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 5 (всего у книги 20 страниц) [доступный отрывок для чтения: 7 страниц]
olarkən çölü isti zənn edib, yanılıbsa, demək, Veronika məsələsində də
yanıla bilər. Yenicə addım atıb, ayağını Bellatriksin səthinə basmışdı ki, səmadan gurultu qopdu. Bu səsdən o, elə qorxdu ki, az qala yerə yıxılıb başını tuta-caqdı.
– Meteroid yağışıdır, narahat olma. Sizin dünyanınızdakı kimi olmasa da, bizi də bu yağışlar kədərli düşüncələrə qərq edir. – Veronika göz vuraraq dedi.
Bu vaxt Lefteris birdən-birə peyda olan, dünyadakı ağaclara bənzəyən, başı az qala Bellatriksin mavi buludlarına dəyən bitkilər gördü. Onların rəngi qırmızı rəngin zəif çalarında idi. Üzərində qozaya bənzər, konus şəklində yaşımtıl meyvələr vardı. Bu ağaclar növbə ilə gah görünür, gah da gözdən itirdi. Meteroidlər onların üzərinə düşdükdə yoxa çıxır, sonra yenidən peyda olurdular. Səmanın sonsuz mavisində sayrışan meteroidlər, Lefterisə olduqca maraqlı görünürdü. Bu vaxt o hiss etdi ki, ağacın altında kimsə oturub və qayğılı-qayğılı nəsə zümzümə edir.
– Bu, Evalangesdir. Bellatriksin keşikçilərindən.
– Keşikçi? Nəyin keşiyini çəkir?!
– Bellatriksin.
– Yəni burada da, düşmən anlayışı var? – deyə, Lefteris maraqla soruşdu.
– Xeyr, əzizim, o, sadəcə, bax oxuduğu o mahnılarla Bellatriksin səmasını mühafizə edir.
– Necə yəni anlamadım?!
– Onun səs dalğaları, başqa dünyalardan gələ biləcək siqnalları təyin edir. O vaxt oxumağı dayandırır ki, belə bir siqnalla qarşılaşır. Siqnal onun səs dalğası ilə kəsişir və o, bunu, buranın alimlərinə xəbər verir. Daha sonra bu alimlər, dalğaların mənşəyini müəyyənləşdirir və biz, tezliklə
həmin ulduza səyahət edirik. Məsələn, Diphdada həyat olduğunu təzəlik-cə, Evalangesin sayəsində öyrənmişik.
İnan mənə onlar bizdən daha maraqlıdırlar. – Veronika, Lefterisin addımlarının ahənginə uyğun şəkildə addımlaya-addımlaya əlləeri qoynunda yeriyirdi.
– Yəni o, dayanmadan oxuyur?
– Dayanır, amma hərdən.
– Dünyanı da onun sayəsində kəşf etmisiniz?
– Biz dünyanı uzun müddətdir ki, bilirik. Uzun dediyim vaxt da, adi gəlməsin. Sizin təqvimlə desək, dörd milyard il əvvəl.
Lefteris və Veronikanın yanında başqa adamlar da vardı. Bunlardan bir neçəsi qadın, dördü isə kişi idi. Onlar gəmini tərk etdikdən sonra uzun bir yolla gedirdilər. Bu yolun sonunda olduqca nəhəng, par-par parıldayan, sanki gümüşdən tikilmiş bir bina görünürdü. Lefteris düşünürdü ki, yəqin Orion oradadır və indi bu varlıqlar da onu özləri ilə birgə, onun yanına aparırlar. Veronikadan fərqli olaraq, onlar o qədər də təbii görünmür-dülər. Hətta oğlanlardan biri, bir neçə dəfə, sanki insan qiyafəsində olmaq vəzifəsini icra etdiyini unutduğundan, yerimək əvəzinə görünməz olub, xeyli qarşıda peyda olmuşdu. Görünür, insan kimi yerimək onun üçün dözülməz idi. Qadınlar isə olduqca şux yerişlə yeriyir, addımlarını qəribə, lakin süni görülməyən tərzdə atırdılar.
– Bellatriksi bəyəndinmi? – Veronika gülümsəyərək soruşdu.
– Əslində, bilmirəm nə dərəcədə inandırıcı gələ bilər, amma mən bu qədər sadə və bəsit gözləmirdim. Gəmidə olarkən maraqlı idi hə, lakin buradakı şeylər, dünyadakılara bənzəyir elə. Sadəcə ölçülərdə fərq var. Veronika heyrətlə ona baxıb:
– İnsan, məhz elə buna görə insandır. – dedi.
Lefteris dediklərindən peşmanlıq hissi keçirsə də, əlavə heç nə
demədi. Onlar irəli getdiyi əsnada, birdən ətrafındakı adamlar yoxa çıxdı.
Təkcə Veronika və özü qaldı. İndi ətrafdakı görüntü də dəyişilmişdi.
Bellat-riksin maviliyi itmiş, meteroid yağışları qəfil səngimişdi. Mavi səmanı dün-yadakına bənzər boz səma əvəzləmişdi. Ağaclar və
Evelengesin zümzü-məsi isə bir anda naməlumluğa qovuşmuşdu. Hətta bayaq uzaqda görünən gümüşü rəngli bina da artıq yerində görünmürdü.
Lefteris qəfil sezdi ki, Veronikanın dərisi yavaş-yavaş solğunlaşır.
– Bütün bunlar nə deməkdir belə? – Lefteris narahatlıqla soruşdu.
– Hər şeyi olduğu kimi görməlisən. Orionun yanına çatırıq! Çünki orada sünilik qadağandır.
Bunu dedikdən sonra Veronika gözdən itdi. Lefteris çaşqın nəzərlərlə
yerində dövrə vurub, ətrafına baxdı. Bom-boş bir düzün ortasında, boz səmanın altında idi. İldirım səsinə oxşar bir gurultu qopdu və bu vaxt, özünü bir göz qırpımında bir sarayda gördü. O, ürək döyüntülərinin səsini eşidirdi. Sarayın tavanı elə hündürdə idi ki, ucu-bucağı görünmürdü, yaxud da bəlkə, heç tavan deyə bir şey heç yox idi. İri sütunlar, iri daşlardan ibarət bu sarayın ən uzaq nöqtəsində hədsiz parlaq bir işıq görünürdü.
Bu yerdə Lefterisin təfəkküründə, yenidən Tanrı təsəvvürü canlanmalı idi.
Veronika hara yoxa çıxmışdı?
Sarayın ikrahdoğurucu görünüşü, Lefterisi çoxdan öz təsirinə almışdı.
O, burada tək olmadığını bilirdi, lakin indi hansı zamanda idi?! Həbsxanada olduğu zamandan, Kovagnesə, oradan da Bellatriksə sıçramışdı.
Sarayın döşəməsi, elə sürüşgən idi ki, Lefteris az qala bir neçə dəfə
üzü üstə yerə səriləcəkdi. Bu vaxt o, döşəmənin şahmat xanalara bənzə-diyini gördü. O, sarayın elə bir yerində dayanmışdı ki, bura nə arxa, nə də
ön, nə də ki, mərkəz sayılırdı. Ən maraqlısı isə burada bir hüdüd yox idi.
Sarayın divarları gözlə görünmürdü, ya da bəlkə heç divar da yox idi.
Sütunlar isə sonsuzluğa qərq olmuşdu.
Haradansa xəfif külək vıyıltısı eşidilirdi. Sarayı o baş– bu baş nəzərdən keçirən Lefteris, döşəmədə bütün mənzərələrdən fərqli bir şey, bir rəng sezdi. Bu rəng bənövşəyi rəngin göy rəngə çalan tonunda idi. O, gördüyü bu rəngə tərəf yeyin addımlar atıb, onun yaxınına çatdı. Gördüyü şey döşəməyə dağılan adi, bənövşəyi rəngli maye idi. Lefteris aşağı əyilib, ona yaxından baxmaq və qoxulamaq istədi. Lakin bu vaxt birdən qəribə diksin-mə ilə kənara atıldı. Sanki hansısa mistik bir qüvvə onu oradan götürüb kənara tullamışdı. Sinəsində şiddətli ağrılar baş qaldırmağa başladı. Bu ağrılar onu özündən elə çıxartdı ki, o, dözə bilməyib çığırdı. Yıxıldığı yerdən baxıb, nə qədər çalışsa da, bayaqki mayenin harada olduğunu görə bilmirdi.
– İnancsız adam üçün bunlar dözülməzdir, bəli. – Haradansa, qəribə
avaza sahib bir səs eşidildi.
– Siz kimsiniz?! – deyə, ağrıdan yerində qıvrılan Lefteris bağırdı.
– Burada heç kim yoxdur, yoxdursa, demək kimlik də yoxdur. Sən, səslər dünyasındasan.
– Bəs Bellatriksə nə oldu? Veronika haradadır? Orion, bu yəqin ki, sənsən!
– Bellatriks də, Veronika da, Orion da, hamısı insan düşüncəsinin məhsuludur. Sənə deyilir ki, burada səslərdən başqa heç nə mövcud deyil.
– Məgər səs öz-özündən var ola bilər? Səsin özü də insan düşüncəsinin məhsuludur. İnsan düşüncəsinə görə səs, görüntüdən təzahür edir.
Görüntüsü, yaxud forması olmayan bir şey səsə sahib ola bilərmi?
– Burada, səsdən başqa heç nə mövcud deyil, demək, nəyinsə mövcud olduğuna işarə vermir. Səninlə ünsiyyət qurmaq üçün səs olmaq qərarırına gəlmişəm.
– Səncə, bu, çox absurd deyil? Bu günə qədər başıma az iş gətirmə-misən, səmada görünüb, mənimlə söhbət etmisən.
– Ona görə ki, görmək insan üçün həmişə eşitməkdən daha vacib olub. Bunu nəzərdən keçirmişdim.
– Nə üçün?
– Ona görə ki, səninlə görüntü ilə ünsiyyət qurmaq daha məntiqli idi.
Yoxsa ki, sarsaq nağıllarınızın qəhramanlarının adlarını öz üzərimizə gö-türməkdə, heç bir mükəmməl qeyri-adilik yoxdur. Sizin zəifliyiniz, tez aldanmaq və inanmaqdır. Səs, görüntüdən daha güclüdür. Görüntüdə yanılmaq olar, lakin səsdə, xeyr!
– Demək istəyirsən ki, əvvəlcə yanıltmaq lazım idi, eşidilmək üçün?
Axı həmin zamanda da səs var idi, tək görüntü deyil! Mənimlə danışırdın.
– Madam ki, danışırdım, o zaman mənə, sənə danışdığım şeylərdən bir cümlə de.
Bu yerdə duruxub qalan Lefteris, nə deyəcəyini bilmədi. Bu, onun dəfələrlə başına gəlmişdi, lakin indiki vaxtda sübut üçün onun sözləri başqalarını inandırmaq üçün yox, Orionun özünü inandırmaq üçün gərəkli idi. Birdən qəh– qəhə çəkib güldü və tələsik dedi:
– İndi deyimmi, sənə sənin öz sözünü? Mənə öz dilinlə beş gün ərzində Bellatriks vəd etmişdin! Bu da sənə sübut!
– Həqiqətən də, beş günmü çəkdi, yoxsa illərmi?
Aydın məsələ idi ki, Orion burada, Lefterisin müxtəlif zamanlara göndərildiyinə eyham vururdu. Lefteris hiddətlənib cavab verdi:
– Amma sənin bir adın var, demək özün də varsan. Hətta belə deyim, s əsin varsa da varsan! Bu sənin var olmadığına sübut deyil!
– Yaxşı, varlıq nədir?
– Məlumdur ki, mənim varlığın nə olduğu barəsində verəcəyim izah, sənin metafizik mülahizələrinə uduzacaq. Ona görə də, özün cavab ver, nədir varlıq?! – Lefteris qışqırdı.
O, ağrıyan sinəsini ovuşdura-ovuşdura sonsuzluğa açılan tavana baxır və cavab gözləyirdi. Bir xeyli müddət heç bir səs eşidilmədi. Onun gözləri sarımtıl sütunları izləyirdi. Düşünürdü ki, burada maddi varlıq mövcuddursa, demək buranın yoxluğu barəsində söylənilən fikirlər absurddur.
Qənaəti bu oldu ki, onun həqiqi özü, indi Bellatriksdə yuxudadır və ağrıları da, məhz bu səbəbdəndir. Çünki həbsxanada da buna bənzər ağrılara məhkum edilmişdi. Güclə ayağa qalxıb, səndirliyə-səndirliyə özünə ən yaxın olan sütunun yanına getdi və dayanıb, ona söykəndi. Dırnağı ilə
onun qumlu səthini qaşıyıb, ovdu. Sonra barmağı ilə yerə dağılan quma to-xunub, onu dilinə vurdu. Ağzında torpaq dadı əmələ gəldi və öz-özünə bir daha əmin oldu ki, ayağının altındakı döşəmə yanılma ola bilsə də, sütunların yanılma olmağı mümkünsüzdür. Bu onun üçün hansı məntiqlə irəli sürülən bir fikir idi, yəqin ki, onun heç özü də bunu bilmirdi.
– Varlıq öz beynində canlandırdığın idealdır. Yəni əslində, mövcud olmayan maddi varlıq, yalnız şüurun içərisində mövcuddur. – Eşidilən səs, Lefterisi silkələdi.
O, əli ilə dilini qumdan təmizləməyə çalışsa da, bu onda alınmırdı.
Oriona cavab olaraq dedi:
– Bu da, o deməkdir ki, heç nə mövcud deyil? Hətta səs də?
– Bəli!
– Axı səsi eşidirəm və demək, o, var ki eşidirəm.
– O, sənin beynində var, həqiqətdə isə yoxdur.
– Bəs kosmik fəza, ulduzlar, qalaktikalar? Bütün bunların mahiyyəti nədir? Yoxsa deyəcəksən ki, heç onlar da yoxdurlar?!
– Təkcə kosmik fəza mövcuddur. Qalaktikalar, ulduzlar, planetlər isə
yanılmadır.
– Bu ki, cəfəng görünür. Deməyindən belə çıxır ki, maddi əsasasa sahib olan bütün şeylər yoxdur və əvəzində, boşluq, vakum, yəni kosmik fəza var?
– Elədir.
– Elə isə nə üçün var?
– Heç bir şey üçün. Məqsədsiz bir şəkildə, sadəcə var.
– Məqsədsizlik, məqsədlə qarşılıqlı məna təşkil edirsə, demək hər hansısa bir məqsəd var. Sən isə niyəsə mənə elə gəlir ki, bunu gizlədirsən.
– Bütün sözləri, bildiyin bütün adları, mənaları bir neçə saniyəlik də
olsa yaddan çıxaracağına ümid edərək, gözlərini yum.
– Buna gərək yoxdur, çünki onsuz da, bu məndə alınan deyil.
– Materiya yoxluğuna qovuşmaq üçün bir yerdə bütünləşməyə, yəni yox olmağa məhkumdur. Atomlar, elektronlar, protonlar, neytronlar, bütün maddələr, fiziki əsaslar, kimyəvi əsaslar, yalnız şüurda mövcud olmaq məqsədilə, yoxluq üçün birləşir, vəhdətdə olurlar. Qavrayışa sığmaq üçün yoxluq, materiyada təzahür tapmalıdır. Qavrayış maddi əsasa sahib olanları varlıq kimi qəbul edir, daha onun yoxluğun bir parçası olduğunu dərk edə bilmir. Çünki yoxluq yalnız qavrayış üçün var olmağa məcbur olur.
– Axı nə üçün? İnsan üçün? Bu səfsətəli görünür! Bütün bunlar, insan qavrayışında hansısa dərki formalaşdırmaq üçün baş verir? Axı nə üçün?
Məgər kainat bu qədərmi cılız bir anlayışdır?
– Kainat deyil, onun insan üçün var etdikləri cılızdır. Lefteris, insan adlı varlıqlardan başqa varlıqlar da mövcuddurlar, bunu da yaddan çıxarma.
– Özün dilin ilə deyirsən ki, “mövcuddurlar”, daha sonra isə yoxluq-dan danışırsan! İndi hansına inanmalıyam? Yenə də eyni düşüncədəyəm ki, sən hər şeyi danışmırsan, gizlətdiyin nələrinsə olduğundan əminəm.
– Lefteris, onlar mövcuddurlar, bəli, amma bunu indi səndən başqa heç kim bilmir. Demək, mövcud deyillər. Yalnız sənə və sənin şüuruna istinadən işlətdim, mövcudluq sözünü.
– Bir dəqiqə, başa düşmədim, mənim şüurumda onların varlığını tər-tib etmək üçün, onlar həqiqətdə var olmağa məhkum oldular? Bu an, məsə-lən, bütün kainatda insandan başqa da, varlıqlar yarandı? Yeni şəhərlər, yeni ölkələr, yeni millətlər, xalqlar, ordular və mədəniyyətlər yarandı?
– Elədir ki, var. Hətta sən sadaladıqca, onlar öz şəhərlərinə, ölkələrinə, milliyyətlərinə, irqlərinə, xalqlarına, ordularına və mədəniyyətlərinə qo-vuşdular.
Lefteris, yerə çökmüş, əlləri sinəsində oturmuş, söhbətin ciddiyyətin-dən ağrını da unutmuş kimi idi. Bu vaxt onun ağlına din məsələsi də gəldi və o təşvişlə dedi:
– Mənim təsəvvürümdə, onlara din gərək deyil, lakin indi bunu düşündüm deyə, dinlər də yarandı?
– Yarandı.
– Ordular da yanlışım idi, dövlətlər də, xalqlar da, millətlər də, şəhərlər də!
Bu vaxt o, dediyi son sözün fikrinə gedib, İraklionu xatırladı.
– Bu sənin günahın deyil, dünyanıza xas keyfiyyətləri formalaşdırır-dın ağlında!
Bu cümlə Lefterisə elə təsir etdi ki, o, təəssüflə başını sinəsinə sallayıb, əllərinə baxdı. Bir insan düşüncəsi, bəlkə də, milyonlarla Lefterisin dünyasına bənzər dünyalar yaratmışdı. Kədər çarxını yeniləmişdi. Lakin bu dəfə
də, fikirdən fikir formalaşdı və Lefteris, Orionun yalanını üzə çıxarmaq üçün vəcdlə dedi:
– Bir dəqiqə! Axı dünyadakı insanlar da kainatın başqa yerlərində həyatın olduğunu düşünür və bunun üçün də, tədqiqatlar aparırlar. İndi necə
oldu ki, deyirsən, mənim düşüncəmlə yeni varlıqlar yarandı?!
– Lefteris, düşünmək, ehtimal etməklə eyni şey deyil. Düşünmək üçün arqumentlər, əsaslar lazım olur, ehtimal isə bunlardan kasaddır. O arqumentlər və əsasları mən sənə verdim və beləliklə, düşüncə formalaşdı, ehti-mallıqdan çıxaraq. Sizin alimlər hər nə qədər də buna inansalar da, əsla sübut üçün ən xırda detala belə malik deyillər. Hansısa planetdə azot, hid-rogen kəşf etmək, orada həyat olduğu, yaxud olacağı mənasına gəlmir.
– Amma burada eqoistlik var! Mən ömrünü həmin o həyatı aşkara çıxarmağa həsr etmiş alimdən, daha böyük bir adam deyiləm! Sənin sö-zünlə, sənin gücünlə, nəinki başqa yerlərdə həyat olduğunu öyrənmək, hətta yeni həyatlar inşa etmək haqqı nə üçün mənə verilməlidir?
– Onları yox etmək üçün. Mənim qüdrətim qarşısında hər var olan şey, yox olmağa məhkumdur.
– Demək istəyirsən ki, tanrı olan sənsən?
– Bunu bilirsən, axı mən tanrı deyiləm. Dünyadakı tanrılartək itaətə
gərək duymuram, yaradıcı deyiləm, yaradan da deyiləm. Mənim adım yoxluqdur. Yoxluq Tanrı ola bilərmi?
– Amma təzadlarla dolu danışırsan. Yoxluğun mahiyyəti nədir?
Yoxluqsansa və hər şey, yalnız insan şüurunda varsa, onda sənin mahiyyətin nədir? Bilirəm, dedin ki, məqsədsizsən, lakin bu sənə iddiaların barəsində heç bir məntiqli bəraət qazandırmır. Ən azından səsə sahibsən.
– Səsə sahib olmaq var olmaq demək deyil, yenidən təkrar edirəm.
Eşitdiyin bu səs, yoxluğun səsidir. Deyəcəksən ki, necə? Necə ki, varlıq yox olmaq üçün var olur, eləcə də bu səs, əslində, yox olduğu üçün eşidilir.
– Belə çıxır ki, sən də bir insanın, yəni mənim düşüncəmin varlığısan?
Yəni səni var edən mənəm?
– Bəli, lakin bu mənim yoxluq olmağımla bağlı dediyim şeyə heç bir təsir göstərmir. Çünki hər yer yoxluqdur, yəni mənim nreamımdır.
– Nream nədir?
– Nream, düşün ki, varlıq kimi var olan hissənin, yoxluqdakı qarşılı-ğıdır. Xülasə, hər şey məndən və insanın düşüncəsindən ibarətdir. Lakin insan düşüncəsi mənim yoxluğumun əsəridir.
Lefteris ölgün baxışlarla, qarşısındakı sütuna baxır, Oriona qulaq asıırdı. O, bu söhbətdən elə yorulmuşdu ki, hətta yuxulayırdı.
– Bənövşəyi mayeni içdin, sütundan torpaq daddın, indi isə ağrın keçdi. – Səs yenidən eşidildi.
Bu vaxt Lefteris, doğrudan da ağrısının keçib getdiyini hiss etdi.
– Bu nə mənaya gəlir? Bənövşəyi maye və sütunun torpağı nə sirr daşıyır?
– Sirr yoxdur. Gözlərini yum. – dedi, Orion.
Bundan sonra Lefteris, uzaqdakı parlaq işığa ümidsizliklə baxa-baxa, yuxusuna təslim oldu.
Südlü şirniyyatlar
Tutqun hava şəraiti artıq üç gün idi ki, İraklion səmasını bürümüşdü.
Belə havalarda sanki şəhər əhalisi də, qəribə tükənmişlik hiss edirdilər.
Bolqarıstandakı hərbi böhran ən çox Yunanıstan dövlətini narahat edirdi.
Çünki artıq altı ay idi ki, yunanlar NATO ordusunu ölkədən çıxarmışdı və
buna görə də Bolqarıstandakı müharibə dalğası, tezliklə Yunanıstana sirayət edə bilərdi. İraklion şəhərinin küçələri isə onsuz da, artıq qanla yuyulmuşdu.
Lefteris qoluna keçirdiyi səbəti bərk-bərk tutaraq, cəsədlərlə dolu olan küçədən keçib, bir-bir onların üzünə baxırdı. Dünən axşam baş vermiş bu qətl hadisəsinin qurbanları bolqarlar idi. O, dəhşət saçan baxışlarla, küçənin əvvəlindən sonuna qədər uzanan insan meyitlərini heç vaxt ağlından çıxara bilməyəcəyinə görə indidən məyusluq hissi keçirirdi. Onsuz da bəd-bəxliyə düçar olmuş bu uşaq, bir də, bu cür hadisələrə şahidlik etməklə, psixoloji baxımdan daha da sarsılırdı. Atasını iki ay idi ki, itirmişdi və
buna görə də, təhsil aldığı özəl məktəbdən, təhsil haqlarını qarşılaya bilmədiyi üçün qovulmuşdu. Ailənin ən kiçik üzvü olduğundan, anası ən çox onunla söhbətlər aparır, bütün bədbəxtliklərə baxmayaraq, hələ də
həyatını yax-şıya doğru qura bilmək şansı olduğunu vurğulayırdı. Bunun üçün də əv-vəlcə insanlarla yaxından ünsiyyətdə olmaq, onları tanımaq üçün gərək onun bişirdiyi südlü şirniyyatları, İraklion əhalisinə bacardığı qədər çox sataydı. Lefteris qan selinə dönən səkilərdə addımlayaraq, səbətində qalan son şirniyyatı satmaq üçün ətrafda heç kimi tapa bilmirdi.
Küçədə olanlar yalnız polislər və həkimlər idi ki, onlara da yaxınlaşmağı anası ədəbsizlik-dir deyib, ona qadağan etmişdi.
Loesi parkının tinindən keçəndə, birdən sevimli müəllimi Veronikanı-nın İraklionda yeganə olan sarı rəngli maşınını gördü və çiynindəki səbəti əlinə alıb, onun tərəfə sürətlə qaçdı. Veronikanın üzündə dərin iztirab əlamətləri olsa da, Lefteris bunu başa düşmək üçün hələ çox kiçik idi. Buna 77
baxmayaraq, o, köhnə şagirdini görən kimi, üzündə gülüş ifadəsi yaratmağa səy göstərdi. Gözlərinin yaşını dəsmalla silib, maşınından aşağı düşdü.
– Lefteris, burada nə gəzirsən, əzizim? Sən ki burada olmalı deyilsən, gəl gedək. – dedi və maşının qapısını açıb, uşağı buradan uzaqlaşdırmaq istədisə də, Lefteris buna etiraz edib, son şirniyyatını satmamış evə getmə-yəcəyini bildirdi.
Veronika ona dedi ki, sonuncu şirniyyatı elə o, özü alacaq ondan, bu-na görə də maşına minib, onunla birgə getməlidir. Beləliklə, Lefteris onunla razılaşıb, maşına mindi.
İraklion şəhəri bolqar qətllərinin ən çox törədildiyi şəhər idi. Bunun başlıca səbəbi, İraklionda bolqarların daha çox sayda yaşamağı idi. Həım də İraklion, Yunanıstanın Bolqarıstanla həmsərhəd olan dörd şəhərindən biri idi. Yolboyu elə bir yer gözə dəymirdi ki, orada bircə nəfər də olsa ölüyə rast gəlinməsin. Veronika Lefterisin çölə baxmamağı üçün onu söhbətə tutmağa çalışırdı. Bura qədərki xəbərdarlıqları bir işə yaramamışdı, çünki.
– Lefteris, de görüm, bu gün neçə şirniyyat satmısan?
– Bilirsiniz, əslində, anam otuz iki dənə qoymuşdu. İkisini də, demişdi ki, acsam yeyə bilərəm, amma mən ikisini yox, üçünü yemişəm.
– Eybi yox, əsas odur doymusan?
– Bəli, doymuşam.
– Lefteris, sənə bir şey deməliyəm, ümid edirəm ki, bu sənin xətrinə
dəyməyəcək. – deyə, Veronika ehtiyyatla dedi. Lefterisin razılığını alandan sonra isə belə dedi:
– Mənə oxumaq üçün verdiyin romanı heç bəyənmədim. Demişdin ki, sən bu romanı özün oxumusan, hə?
– Bəli, oxumuşam.
– Əzizim, axı o yazılar böyüklər üçündür. Başa düşürəm, atan yazıb və atanın yazdıqlarını oxumaq istəmisən, amma heçmi sənə deyən olmayıb ki, oxumayasan o dəftəri?
– Mən gizlincə oxuyurdum, müəllim. Atam o qədər yazırdı ki, heç otağından da çıxmırdı. Anam isə atamın gördüyü işə nifrət etdiyindən onun yazdıqlarını oxumurdu. Bəlkə, oxusaydı o deyərdi.
– Əzizm, bu dəftər məndə qalacaq, yaxşımı? İstəsən və unutmasan, böyüyəndə gəlib götürərsən, amma indilik bunu sənə geri qaytara bilmərəm.
– Axı anam əsəbləşəcək. O, atamın yazdıqlarını bir yerə yığıb satmağa hazırlaşır. Atam ölməmişdən qabaq anama demişdi ki, əgər başına nəsə iş
gəlsə, yazılarını aparıb nəşriyyat evlərinə satıb, pul edə bilər.
– Aydındır, onda onu elə ananın özünə verərəm, yaxşımı? İncimərsən ki?
– Xeyr, incimərəm.
Veronikanın maşını, şagirdinin yaşadığı kasıb görünüşlü evin qarşısında dayandı.
– Budur, çatdıq! Bir dəqiqə, mənə de görüm, şahmatı unutmamısan ki?
– Xeyr, unutmamışam, müəllim.
– Yaxşı öyrənsən, sənə ondan da yaxşısını hədiyyə edəcəm! Rilkesin şahmatından!
Lefteris Yunanıstanın məşhur şahmat ustası Rilkesin pərəstişkarı idi.
Bir dəfə özəl məktəbdə oxuyarkən, Rilkes onların sinifinə daxil olub, onlarla söhbətləşmişdi.
– Çalışaram, daha yaxşı öyrənim, müəllim. Amma qardaşlarım, nə
v
axt ki mən şahmat taxtasını açıram, mənə gülüb, məni ələ salırlar.
– Niyə əzizim? Nə üçün, ələ salırlar səni?
– Onlar deyirlər ki, sənin müəllimin sənə qız şahmatı hədiyyə edib.
Onlar fiqurların bənövşəyi rəngdə olmağına gülürlər. Hətta dünən böyük qardaşım əsəbləşib, onları qara rəngə boyayacağını deyirdi.
Bu söhbətdən sonra onlar maşından düşüb, evə girdilər. Veronika Lefterisin anası ilə söhbətləşəndən sonra, “Oyuncağın Sevgisi” adlı romanın yazıldığı dəftəri ona verib, onlarla vidalaşdı.
Avropanı lərzəyə salan hərbi çevriliş, gündən-günə daha da böyük vüsət alırdı. İngiltərə və Fransa kimi ölkələr, NATO-a qarşı ən fəal mübarizə aparan ölkələr idi. Lakin ən çox dağıntı və insan ölümü də, məhz elə
bu ölkələrin ərazi hüdüdlarında gerçəkləşirdi. Dünya, Üçüncü Dünya Müharibəsinin ikinci ayında idi. Dünyanı zülmdən xilas edəcək heç bir qüvvə
yox idi. Cənubi Avropa ölkələri müharibənin qaynar zonasından kənarda qalsa da, onlar da, daxillərindəki NATO ordularına qarşı savaş içərisində
idilər. İtalya, İspaniya, Portuqaliya, Xorvatiya, Albaniya kimi ölkələr, birgə
bəyanatla NATO-ya qarşı birləşmiş ordular təşkil etmişdilər. Belə bir vaxtda Yunanıstanın bu bəyanatdan kənarda qalmağına səbəb, ölkədəki siyasi mühafizəkarlıq prinsiplərinin mövcud olmağı idi. Bolqarlara qarşı tətbiq edilən siyasi represiya və ya soyqırımı hərəkatı, yunanlılara qarşı birmənalı olaraq mənfi fikir formalaşdırmışdı.
Bu vaxt regionun gələcək taleyi, siyasi mənada ciddi şübhə altına düşmüşdü. Əgər NATO ordusu başlatdığı müharibəni zəfərlə sonlandırsaydı, bu, ABŞ-ın zəfəri olacaq, kapitalist sistemin ömrünü daha da uzadacaqdı.
Siyasi və iqtisadi sistem, imperialist Amerikan orduları ilə daha da qüvvət-lənəcək və mütləqiyyətə səbəb olacaqdı.
Lefteris müəllimi getdikdən sonra anasının məzəmməti ilə üz-üzə qaldı. Adria xanım onu iki şeyə görə danlayırdı. Birinci şey, onun payından artıq şirniyyat yeməyi, ikinci şey isə müəlliminə gizlincə verdiyi atasının dəftəri idi. Anası rişxəndlə ona deyirdi ki, bu yazılar sayəsində güzəran-larını yaxşılaşdıra bilərlər. Bütün bu səs-küylü danlaqları eşitdikdən sonra, Lefteris dörd qardaşı ilə birgə qaldığı yataq otağına keçib, orada xeyli, bayaqdan bəri qursağına yığdığı kədərini göz yaşlarına çevirərək ağladı. Ağ-layarkən ağzını döşəyinə elə möhkəm sıxırdı ki, az qala boğulacaqdı. Qorxduğu şey, yatan qardaşını oyatmaq idi. Bu, onun həmin o böyük qardaşı idi ki, Lefterisin hər şeyinə qarışır, onu vurur, tez-tez siqaret almaq üçün dükana göndərib, onu bezdirirdi.
Bir səhər müdhiş qadın çığırtısına dik atılan Lefteris və qardaşları, çaşqın halda bir-birilərinə baxıb, pəncərəyə tərəf şığıdılar. Küçədə əlisilahlı xeyli sayda əskər görünürdü. Onlar qarşılarına kim çıxır güllələyir, evlərin pəncərələrindən tullanıb, içəri keçir, mağazaların şüşələrini sındırıb, içəridə vəl-vələ salırdılar.
Saat yeddiyə işləmişdi və sadəcə, iyrimi dəqiqə davam edən silahlı zo-rakılıqdan geriyə xeyli ölü bədən və dağıntı qalmışdı. Bu vaxt kim isə onların pəncərəsinin altından keçib, – “bolqarlardır!” – qışqırdı və elə küçənin tininə təzəcə çatmışdı ki, arxadan açılan atəş ilə də yerə sərildi. Bütün bu mənzərəni, Sofia, Lefteris, Adria xanım və onun digər oğlu Semos, pərdənin arxasından izləyirdilər. Digər üç qardaş aşağıda, evin qapısı ağzında, hər an içəri daxil ola biləcək bolqar silahlılarını gözləyirdilər. Onların biri atalarından miras qalma ov tüfəngi, (iki gün bundan qabaq, Adria xanım az qala bunu da satacaqdı, lakin qiymətdə razılıq əldə edilmədiyindən, tüfəng evə qaytarılmışdı.) digəri balta və o birisi isə bıçaqla silahlanmışdı.
Taxta qapının arxasından ilk səsləri eşidən böyük qardaş, Petris, açdığı bir neçə atəşlə qapını yararsız vəziyyətə saldı. Elə bundan sonra da, pəncərədən açılan atəşlə hər iki qardaş yerə sərildi. Üçüncüsü isə bolqarlar evə daxil olandan sonra vuruldu. Evin yuxarı mərtəbəsinə qalxan bolqar yaraq-lıları, sağ qalan ailə üzvlərini evdən çıxarıb, iri yük maşınına mindirdilər.
Evi isə digər bütün İraklion evlərində etdikləri kimi atəşə verib, yandırdılar. Təxminən on dəqiqə idi ki, yük maşınında anası və bacısından aralı qalan, onları sıxışıb qalmış adamlar arasında görən Lefteris, nə qədər çalışsa da, onlara tərəf gedə bilmirdi. Bu vaxt Lefteris xatırladı ki, çox sevdiyi müəllimindən ona hədiyyə edilən şahmat taxtası içəridə qalıb. O, yük maşınından aşağı tullanıb, evə doğru yüyürdü və içəri keçib, alışan pilləkən-lərlə yuxarı mərtəbəyə qalxmağa cəhd etdi. Arxadan onu saxlamağa çalışan bolqar silahlısı buna müvəffəq olmamışdı. Şahmat taxtası zərər görməmiş-di. Lakin Lefterisin şalvarını, əynindəki qırmızı jaketi alov çoxdan bürü-müşdü. Anası və bacısı çarəsiz vəziyyətdə, yük maşınında sıxılıb qalmış və yuxarıda, dəhşət içində çığıran on iki yaşlı Lefterisin səsinə misilsiz yan-ğıyla qulaq verməli olmuşdular.
Bundan sonra şəhəri zəbt edən bolqar partizanları, şəhəri əllərində
saxlamaq üçün görülən ən mühüm alternativ tədbir kimi əsir götürdükləri yunanlı ailələri böyük bir zirzəmiyə salaraq, girov saxladılar. Yunan əsgərləri ilə qarşı-qarşıya qalacaqları vaxt, onları əsirləri öldürməklə hədələyə-cəkdilər. Əslində, partizanlar bu niyyətlərinə müvəffəq olmuşdular. Yunan əsgərləri şəhəri ələ keçirə bilmişdisə də, zirzəmidəki ailələrdən heç olmasa bircə nəfərinin belə olsa xilasına nail olmamışdılar. Lefteris, şahmat taxtasını qucağında möhkəmcə sıxmış vəziyyətdə külə çevrilmişdi.
Qəfil Veronikanın, səsi quılağında zingildədi və ayılıb ətrafına baxanda, Bellatriksin mavi səmasında, hələ də yağmağa davam edən meteroid yağışını, hündür ağacları gördü və “indidə” olduğuna görə sevindi.
Evalangesin həzin zümzüməsi onun bütün dəhşətini tar-mar edirdi.
– Yaxşısan? – Veronika soruşdu.
– Niyə daim yuxularımda olursan?
– Yuxu deyil ki onlar.
– Bəs nədir?
– Tale.
Lefteris ayağa qalxıb, ona tərəf getdi və heç nə deyə bilməyib, sadəcə, qollarını açdı. Bu vəziyyətdə o, elə möhkəmdən, elə hönkürtü ilə ağlayırdı 81
ki, Veronika onu heç bir yolla sakitləşdirə bilmirdi. Bu vaxt onu dayanma-ğa vadar edən bir şey baş verdi. Lefteris heyrət içində geriyə dönüb, Eve-langesə baxdı.
Evalanges ilk dəfə idi ki, mızıldamır, sözlər tələffüz edir və oxuyurdu: Yuxuda görürəm, səninlə danışdığımızı,
Günəş işığının altında…
Sən və mən yanbayan oturmuşuq.
Tərəddüd edir və uzaqlaşırsan.
Gözlərimiz rastlaşır tez-tez,
Azad olmayan gözlərimiz…
– Evalanges, ilk dəfədir ki, bu cür oxuyur. – Voranika gülümsədi.
Lefteris dərin fikirə qərq olmuş bir vəziyyətdə, içərisində hiss edirdi ki, bütün bunlar onsuz da, real şeylər deyil. Bellatriks də, Evalanges də, Veronika da, hətta elə özü də. İnanırdı ki, həqiqi həyatda bu mahnını haradasa eşidib və indi onu burada, məhz bu səbəblə bu utopik dünyada da eşidir. Qollarının qaşındığını hiss etdi. Onlara nəzər yetirəndə, gördü ki, yanğına bənzər izlər yavaş-yavaş bədənindən yox olur. Lefteris artıq hər şeyi yaxşı qavrayırdı. Orionla son görüşündən sonra özündə, fikirlərində
dəyişiklik olduğunu və ümumən hər şeyə qarşı fərqli, daha geniş
bucaqdan baxdığını hiss edirdi.
– Bu dəqiqə, dünyadakı zamanla hesablasaq, nə qədər vaxtdır ki, bu-radayam? – Lefteris qayğıkeş səs tonu ilə soruşdu.
– Bu gün, artıq altı yüz doxsan üç il keçir.
Onun ağlı zamanın sonsuzluğunda itib qalan, adi bir toz kimi mənasız və mahiyyətsiz idi. Öz mübhəm düşüncələrinin, öz xəstə ruhunun qidaları kimi görürdü bütün yuxularını. Qaça da bilməzdi. Bilirdi ki, yuxulardan qaçmaq mümkün deyil və ona yalnız dünyadakı tarixlərlə maraqlanmaq qalacaq. Öz bədbəxt keçmişini xatırlayaraq…
– Nə vaxta qədər hazır bilgiləri öyrəncəklər? – Lefteris Veronikanın gözləmədiyi vaxt soruşdu.
– Yeni bir fikir üzə çıxara bilənə qədər. – Veronika çox düşünmədən cavab verdi.
Veronika onun əlindən tutub, özü ilə mavi bir təpənin yuxarısına apardı. Təpənin yuxarısına çatanda, Lefteris qarşısına açılan mənzərədə
əzəmətli, gah bənövşəyi, gah da qırmızı rəngə çevrilən bir göl gördü.
– Gəl, sənə buranın hekayəsini danışım. Bu gölün necə yarandığı haqda. – Veronika mavi torpağın üzərində oturub dedi.
– Danış.
– Əvvəlcə onu deyim ki, bura Bellatriksdə fərqli rənglə qarşılaşa biləcəyin yeganə yerdir. Burada hər yer mavidir. – deyib, yerində dikəldikdən sonra, davam etdi: – deməli, Siriusa səyahət etdiyim vaxt orada Şile adlı bir rəssamla tanış olmuşdum. Onu da deyim ki, Siriuslular sizin dünyanıza mədəniyyət toxumlarını səpən topluluqlardır. Sirius elə bir yerdir ki, insan oradan heç kənara çıxmaq istəmir, eləcə, bütün kainatı ora qurban vermək istəyir. Xülasə, Şile mənə, onun rəssamlıq məharətinə valeh olduğumu görüb, fırçalar, boyalar, akrillər və daha neçə, bu qəbildən olan xırda şeylər vermişdi ki, öz dünyama qayıdanda onun kimi rəssamlıqla məşğul olum.
Təsəvvür et, Bellatriksə çatanda, başa düşdüm ki, o mənə kağız, yaxud da kətan parça verməyi unudub. Mən də, nə qədər çalışdım ki, heç olmasa burada, yerə nələr isə çəkim, lakin bu məndə heç vaxt alınmadı. Bilirsən, buranın torpağındakı mavilik, üzərinə düşə biləcək bütün rəngləri qısa vaxtda udub, maviləşdirir. Bir dəfə bax elə buradaca oturanda, ağlıma belə
bir fikir gəldi ki, bəlkə, indi gördüyün bu bənvşəyi göl, lap nəsə çəkə bil-məsəm də, rəngi özündə saxlayar. Düşündüyüm kimi də, oldu! Boyaları suya buraxanda, qorxularımın əksinə, rəng ölgünləşmək əvəzinə, daha da bütünləşdi. Lakin bu günə qədər hələ də bilmirəm ki, bura tökülən o qədər rəngdən, niyə sadəcə, bənövşəyi və qırmızı rəng alındı.
Lefteris danışılan əhvalata nağıl kimi qulaq asırdı. Bundan başqa ona elə gəlirdi ki, bu heç də yaxşı bir nağıl deyil.
– Niyə geri qayıdıb, Şiledən kağız almaq əvəzinə, bu cür sarsaq bir iş
gördün? – deyə, Lefteris əsəbi tərzdə dedi.
– Siriusa sadəcə, vacib tapşırıqlar üçün getməyə icazə var.
– Veronika, mənə doğrusunu de görüm, sən kimsən? Yoxluğun nəyisən və ya yoxluqda nəsən?
Bu vaxt Veronika çaşqın vəziyyətdə bir müddət də belə qalıb, nəhayət, cavab verdi:
– Mən yuxuyam, başqa da heç nə.
– Ona görə də, talesən? Bütün yuxularımda, yalnız buna görə varsan?
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?