Электронная библиотека » Иван Тургенев » » онлайн чтение - страница 2

Текст книги "Rudin"


  • Текст добавлен: 26 октября 2022, 16:40


Автор книги: Иван Тургенев


Жанр: Русская классика, Классика


сообщить о неприемлемом содержимом

Текущая страница: 2 (всего у книги 10 страниц)

Шрифт:
- 100% +

– Bu nə lütfkarlıqdır! Afrikan Semyonıç, mən bir şeyə təəccüb edirəm ki, siz öz mühakimələrinizə necə də möhkəm inanırsınız. Elə bil ki, heç bir zaman səhv edə bilməzsiniz.

– Kim deyir? Mən də səhv edirəm, kişi də səhv edə bilər. Ancaq bizim səhvimizlə qadınların səhvinin arasında nə fərq olduğunu bilirsiniz? Bilmirsiniz ki? Bax, fərq bundan ibarətdir: məsələn, kişi deyə bilər ki, iki dəfə iki dörd deyil, beşdir və ya üç yarımdır, qadın isə deyər ki, iki dəfə iki sterin şamıdır.

– Deyəsən, mən bunu sizdən çoxdan eşitmişəm. Ancaq icazə verin soruşum, sizin üç cürə eqoistlər barəsindəki fikrinizin indicə dinlədiyimiz musiqiyə nə dəxli var?

– Heç bir dəxli yoxdur. Bir də ki, mən heç musiqini dinləmirdim.

– Hə, “atam, görürəm ki, sən düzələn deyilsən, heç olmasa, əl çək”, – deyə Darya Mixaylovna Qriboyedovun misrasını azacıq dəyişib dedi. – Musiqi xoşunuza gəlmirsə, bəs onda nədən xoşunuz gəlir? Bəlkə ədəbiyyatdan?

– Ədəbiyyatı xoşlayıram, ancaq indikini yox.

– Nə üçün?

– Bax, buna görə: bu yaxınlarda bir ağa ilə bərəylə Oka çayından keçirdim. Bərə dik bir yerə yan aldı, ekipajları qaldırıb çıxarmaq lazım gəldi. Ağanın arabası yaman ağır idi. Yük daşıyanlar əlləşib arabanı sahilə çıxardıqları müddətdə ağa bərədə oturub elə nıqqıldayırdı ki, adamın lap rəhmi gəlirdi… Mən fikirləşirdim ki, budur, bax, iş bölmə sisteminin yeni tətbiqi belədir! İndiki ədəbiyyat da bu haldadır: başqaları iş görür, yük daşıyır, o isə nıqqıldayır.

Darya Mixaylovna gülümsədi.

Dil boğaza qoymayan Piqasov isə sözünə davam etdi:

– Buna da ad qoyurlar ki, guya müasir məişəti əks etdirirlər, ictimai məsələlərə dərindən hüsn-rəğbət göstərmək və daha nə bilim nələr deyirlər… Aman bu gurultulu sözlər əlindən!

– Amma sizin daim hücum etdiyiniz qadınlar heç olmasa belə gurultulu sözlər işlətmirlər.

Piqasov çiynini çəkdi.

– İşlətmirlər, ona görə ki, bacarmırlar.

Darya Mixaylovna azacıq qızardı.

– Siz kobud sözlər danışmağa başlayırsınız, Afrikan Semyonıç! – deyə o, laqeyd təbəssümlə qeyd etdi.

Otağa sakitlik çökdü.

– Bəs o Zolotonoşa harda olur? – deyə birdən balaca oğlanlardan biri Basistovdan soruşdu.

– Poltava quberniyasında, əzizim, – deyə Piqasov cavab verdi. – Xoxlandiyanın lap özündə. – O, söhbəti dəyişməyə fürsət düşdüyü üçün sevindi. – Budur, biz ədəbiyyatdan danışırdıq, əgər mənim pulum olsaydı, bu saat maloross şairi olardım.

– Şairə bir bax! – deyə Darya Mixaylovna dilləndi. – Bəyəm siz maloross dilini bilirsiniz?

– Bir damcı da bilmirəm, bir də ki, o heç lazım da deyil.

– Necə yəni lazım deyil?

– Elə, lazım deyil. Bircə vərəq götürüb üstündə “Duma” yazmaq kifayətdir, sonra da belə başlamaq lazımdır: “Qoy, tı dolya moya, dolya!” və ya: “Sede kazaçino Nalivayko na kurqane!” ya da belə: “Po-pid qoroyu, po-pis zelenoyu, qraye, qraye voropaye, qop! qop!” Ya da buna bənzər şeylər. Qurtardı getdi. Sonra çap elə getsin. Maloross alıb oxuyar, yanağını əlinə dirəyib mütləq ağlayar, onların ürəyi yaman kövrəkdir.

Basistov dedi:

– Bu nə sözdür deyirsiniz? Dediyiniz heç nəyə oxşamır. Mən Malorosyada olmuşam, oranı sevirəm, dillərini də bilirəm… “Qraye, qraye voropaye” tamamilə mənasız sözlərdir.

– Ola bilər, amma xoxol hər halda ağlayar. Siz deyirsiniz ki, dillərini bilirsiniz… Bəyəm maloross dili var? Mən bir dəfə bir xoxoldan xahiş etdim ki, ilk rast gələn bu cümləni tərcümə etsin: “грамматика есть искусство правильно читать и писать”. Bilirsiniz o necə tərcümə etdi? “храматыка е выскусьтво правильно чытаты ы пысаты”.... Nə deyirsiniz, sizin fikrinizcə bu dildir? Müstəqil dildir? Bununla razılaşmaqdansa, ən əziz dostumun həvəngdə döyülməyinə razı olaram.

Basistov etiraz etmək istədi.

– Ondan əl çəkin, – deyə Darya Mixaylovna dilləndi. – Bilirsiniz ki, o qəribə əhvalatlardan başqa heç nə danışmayacaq.

Piqasov acı-acı gülümsədi.

Lakey daxil olub Aleksandra Pavlovna ilə qardaşının gəldiyini xəbər verdi.

Darya Mixaylovna qonaqları qarşılamaq üçün ayağa durdu. Aleksandra Pavlovnaya yaxınlaşıb dedi:

– Salam! Nə yaxşı oldu gəldiniz! Salam, Sergey Pavlıç!

Volınsev Darya Mixaylovnanın əlini sıxıb Nataliya Alekseyevnaya yaxınlaşdı.

– Necə oldu, sizin yeni tanışınız, o baron bu gün gələcək? – deyə Piqasov soruşdu.

– Hə, gələcək.

– Deyirlər ki, o böyük filosofdur. Üzündən-gözündən Hegellik yağır.

Darya Mixaylovna ona cavab vermədi, Aleksandra Pavlovnanı taxta oturdub özü də onun yanında oturdu.

– Fəlsəfə, – Piqasov sözünə davam etdi, – ən yüksək nəzər nöqtəsidir! Mənim zəhləm gedən şeylərdən biri də həmin bu nəzər nöqtələridir. Axı yüksəkdən nə görmək olar? Deməli, bir at almaq istəsən, gərək qülləyə çıxıb ona ordan baxasan.

– Bu baron sizə bir məqaləmi gətirmək istəyirdi? – deyə Aleksandra Pavlovna soruşdu.

– Hə, məqalə gətirəcək, – Darya Mixaylovna həddən artıq bir laqeydliklə cavab verdi. – Rusiyada ticarətin sənayeyə münasibəti haqda bir məqalə… Amma qorxmayın, biz o məqaləni burda oxumayacağıq. Mən sizi onun üçün çağırmamışam. Le baron est aussi aimable que savant99
  Baron alim olduğu qədər də mehribandır. (fr.)


[Закрыть]
. Rusca da çox yaxşı danışır! C`est un vrai torrent… il vous entraine1010
  Bu əsl seldir, sizi alıb aparır. (fr.)


[Закрыть]
.

– Ruscanı elə yaxşı danışır ki, fransız tərifinə layiqdir! – deyə Piqasov deyindi.

– Hələ deyinin, Afrikan Semyonıç, deyinin… Bu sizin biz-bizi durmuş saçlarınıza çox yaxşı yaraşır… Yaxşı, bəs o niyə gəlib çıxmadı? Bilirsiniz nə var, messieurs et mesdames1111
  Cənablar və xanımlar. (fr.)


[Закрыть]
, – deyə Darya Mixaylovna ətrafına göz gəzdirib əlavə etdi, – gəlin bağa gedək… Nahara hələ bir saat qədər qalıb, hava isə elə gözəldir ki…

Məclisdəkilər ayağa durub bağa yönəldi.

Darya Mixaylovnanın bağı çayın lap sahilinə qədər uzanırdı. Orada qızılı-tünd, ətirli, uclarından yamyaşıl açıqlıqlar görünən qoca cökə xiyabanları, akasiya və yasəməndən hörülmüş köşklər var idi.

Volınsev, Nataliya və xanım Bonkur bağın ən qalın yerinə getdilər. Volınsev sakitcə Nataliya ilə yan-yana gedirdi, xanım Bonkur isə onlardan bir az aralı arxadan gəlirdi.

Nəhayət, Volınsev öz qəşəng tünd-qumral bığının uclarını eşə-eşə Nataliyadan soruşdu:

– Siz bu gün nə edirdiniz?

Volınsev üzdən öz bacısına çox oxşayırdı. Lakin onun simasında oynaqlıq və həyatilik daha az idi. Gözəl və mehriban gözləri nədənsə kədərli görünürdü.

– Heç nə, – deyə Nataliya cavab verdi. – Piqasovun deyinməyinə qulaq asa-asa naxış işləyir, kitab oxuyurdum.

– Hansı kitabı oxuyurdunuz?

– Səlib müharibələrinin tarixini, – Nataliya bir az tutulub cavab verdi.

Volınsev ona baxdı.

– Hə! – nəhayət, o dilləndi. – Yəqin ki, maraqlı kitabdır.

O, bir budaq qırıb havada oynatmağa başladı. Onlar iyirmi addım qədər də getdilər.

– Ananızın tanış olduğu o baron kimdir?

– Gəlmə bir kamer-yunkerdir, maman onu çox tərifləyir.

– Ananız adama çox tez isinişir.

– Bu onu sübut edir ki, anamın hələ ürəyi cavandır, – deyə Nataliya qeyd etdi.

– Bəli. Mən bu yaxında sizin atınızı göndərəcəyəm, demək olar ki, o artıq tamamilə minilməyə öyrəşib. Mən istəyirəm ki, o elə yerindəncə dördayaq qaçsın, indi çalışıram bunu öyrədim.

– Merci1212
  Təşəkkür edirəm. (fr.)


[Закрыть]
… Ancaq bu mənə ağır gəlir. Siz onu özünüz öyrədirsiniz. Deyirlər ki, bu çox çətindir…

– Nataliya Alekseyevna, siz bilirsiniz ki, sizə ən kiçik bir zövq vermək üçün mən… mən belə boş şeylərə yox… hər şeyə hazıram…

Volınsev tutuldu.

Nataliya mehribanlıqla ona baxıb bir daha merci dedi.

Sergey Pavlıç xeyli sükutdan sonra davam etdi:

– Siz bilirsiniz, dünyada elə şey yoxdur ki… Ancaq bunu nə üçün deyirəm? Siz ki, hər şeyi bilirsiniz.

Bu zaman evdən zəng səsi gəldi.

– Ah! La cloche du diner!1313
  A! Nahar zəngi, qayıdın. (fr.)


[Закрыть]
– deyə xanım Bonkur səsləndi. – Rentrons.

Qoca fransız qadın Volınsevlə Nataliyanın dalınca eyvanın pilləkanlarını çıxanda öz-özünə fikirləşirdi: “Quel dommage, quel dommage que ce charmant garçon ait si peu de ressources dans la conversation…1414
  Hayıf ki, bu cavan oğlan söhbət etməyə belə acizdir. (fr.)


[Закрыть]
Bu sözləri tərcümə etsən, belə çıxar: əzizim, sən mənim sevimlimsən, amma bir az pissən.

Baron nahara gəlib çıxmadı… Onu yarım saat da gözlədilər. Süfrə başında söhbət yaxşı tutmurdu. Sergey Pavlıç elə hey yanında oturduğu Nataliyaya baxır və onun stəkanına dalbadal su tökürdü. Pandalevski yanında oturan Aleksandra Pavlovnanı məşğul etməyə nə qədər çalışırdısa da, bir şey çıxmırdı, o, can yandırıb şirin-şirin danışırdısa da, Aleksandra Pavlovna özünü əsnəməkdən güclə saxlayırdı.

Basistov çörəyin içindən xırdaca kürəciklər yumurlayır, heç nə düşünmürdü, hətta Piqasov da dinmirdi. Darya Mixaylovna ona bu gün çox da mehriban olmadığını deyəndə, o tutqun bir halda cavab verdi.

– Mən haçan mehriban oluram ki? Bu mənim işim deyil… – Sonra o, acı-acı gülüb dedi. – Bir az səbr edin. Mən kvasam, adi rus kvası. Sizin kamer-yunker isə…

– Bravo! – deyə Darya Mixaylovna səsləndi. – Piaqasov qısqanır, əvvəlcədən qısqanır!

Lakin Piqasov ona cavab vermədi, sadəcə altdan-yuxarı ona baxdı.

Saat yeddini vurdu, hamı yenə qonaq otağına yığışdı.

– Yəqin ki, gəlməyəcək… – deyə Darya Mixaylovna dedi.

Ancaq birdən ekipaj taqqıltısı gəldi, kiçik bir tarantas həyətə girdi və bir neçə dəqiqədən sonra lakey qonaq otağına girib, gümüş boşqabda Darya Mixaylovnaya bir məktub təqdim etdi. Darya Mixaylovna məktubu oxuyub lakeydən soruşdu:

– Bəs bu kağızı gətirən cənab hardadır?

– Ekipajda oturub. Buyurursunuz qəbul edək?

– Xahiş elə, gəlsin.

Lakey çıxdı.

– Bir görün nə pis iş olub, – deyə Darya Mixaylovna davam etdi. – Baron tez Peterburqa qayıtmaq əmri alıb. O, öz məqaləsini mənə dostu Rudin adlı bir cənabla göndərib. Baron bu dostunu mənə təqdim etmək istəyirdi, onu çox tərifləyirdi. Ancaq çox təəssüf! Mən ümid edirdim ki, baron bir müddət burda qalar…

– Dmitri Nikolayeviç Rudin! – deyə lakey xəbər verdi.

III

İçəri təxminən otuz beş yaşında, uca boylu, beli azacıq əyilmiş, saçları qıvırcıq, qaraşın, üzünün cizgiləri qeyri-müntəzəm, amma ifadəli və ağıllı, tünd göy və oynaq gözlərində parıltı olan, burnu düz və enli, dodaqları qəşəng cizgilərə malik bir adam girdi. Əynindəki paltarları köhnə və dar idi, elə bil ki, paltarı geyinəndən sonra boy atmışdı.

O, cəld hərəkətlə Darya Mixaylovnaya yaxınlaşıb yüngülcə baş əyib dedi ki, çoxdan bəri ona təqdim edilmək şərəfinə nail olmağı arzulayırdı və dostu baron şəxsən vidalaşa bilmədiyi üçün çox təəssüf edir.

Rudinin nazik səsi onun boyuna və geniş köksünə uyğun gəlmirdi.

– Oturun… Çox şadam, – Darya Mixaylovna onu məclisdəkilərlə tanış edəndən sonra, buralı, yoxsa gəlmə olduğunu soruşdu.

– Mənim mülküm T… quberniyasındadır, – deyə şlyapasını dizlərinin üstünə qoyub oturmuş Rudin cavab verdi. – Bura isə bu yaxınlarda gəlmişəm. İş üçün gəlmişdim və hələlik sizin qəza şəhərinə düşmüşəm.

– Kimin evinə?

– Doktorun. O mənim köhnə universitet yoldaşımdır.

– Hə! Doktor… Onu tərifləyirlər. Deyirlər ki, öz işindən başı çıxan adamdır. Bəs siz baronla çoxdan tanışsınız?

– Ona bu qış Moskvada rast gəlmişəm. İndi də bir həftəyə qədər onun evində qalmışam.

– Baron çox ağıllı adamdır.

– Elədir.

Darya Mixaylovna yaylığının odekolon vurulmuş düyünlü ucunu iylədi. Sonra Rudindən soruşdu:

– Siz xidmət edirsiniz?

– Kim? Mən?

– Bəli.

– Yox… İstefaya çıxmışam.

Azacıq sükut çökdü, sonra yenə də ümumi söhbət başlandı.

Piqasov Rudinə müraciətlə sözə başladı:

– İcazənizlə soruşum, baronun göndərdiyi məqalənin məzmunu sizə məlumdurmu?

– Məlumdur.

– Bu məqalə ticarətin… ya da yox, gərək ki, sənayenin bizim ölkəmizdə ticarətə münasibəti məsələsindən bəhs edir… Darya Mixaylovna, gərək ki, siz belə buyurdunuz.

– Bəli, məqalə bu barədədir, – deyə Darya Mixaylovna cavab verdi və əlini alnına qoydu.

– Əlbət ki, belə məsələlərdən mənim başım çox da çıxmaz, – Piqasov sözünə davam etdi, – ancaq etiraf etməliyəm ki, məqalənin sərlövhəsi özü həddindən artıq… necə deyim ki, ədəbli çıxsın?… həddindən artıq qaranlıq və dolaşıqdır.

– Bu niyə sizə belə görünür?

Piqasov güldü və Darya Mixaylovnaya ötəri nəzər saldı.

– Bəs sizin üçün bu aydındırmı? – deyə tülkü sifətinə oxşayan üzünü təzədən Rudinə çevirdi.

– Mənə? Aydındır.

– Hm… Əlbəttə, bunu siz yaxşı bilərsiniz.

– Başınız ağrıyır? – Aleksandra Pavlovna Darya Mixaylovnadan soruşdu.

– Yox. Bu hərdən məndə olur. C`est nerveux1515
  Bu əsəbdəndir. (fr.)


[Закрыть]
.

Piqasov yenə burnunda danışa-danışa dilləndi:

– İcazə verin soruşum, sizin tanışınız, cənab baron Muffel… gərək ki, adı beləydi?

– Elədir ki, var.

– Cənab baron Muffel siyasi iqtisadla xüsusi məşğul olur, yoxsa bu maraqlı elmə kübar cəmiyyətinin əyləncələrindən və xidmət məşğələlərindən artıq qalan boş vaxtını sərf edir?

Rudin diqqətlə Piqasova baxdı.

– Baron bu işə həvəskardır, – Rudin azacıq qızararaq dedi. – Ancaq onun məqaləsində bir çox haqlı və maraqlı yerlər vardır.

– Məqalədən xəbərim olmadan sizinlə mübahisə edə bilmərəm. Ancaq cürət edib soruşmaq istəyirəm ki, sizin dostunuz baron Müffelin əsəri yəqin ki, faktlardan daha çox ümumi mülahizələrə istinad edir, elədir?

– Məqalədə həm faktlar, həm də faktlara istinad edən mühakimələr var.

– Bəli, bəli. Sizə ərz edim ki, mənim fikrimcə… Yeri gələndə, mən də hər halda bir söz deyə bilərəm: mən üç il Derptdə ömür çürütmüşəm… Bütün bu ümumi mühakimələr, nəzəriyyələr, nə bilim, sistem adlanan şeylər… məni bağışlayın, mən qəzada yaşamış adamam, sözün düzünü dik deyərəm… bunlar hamısı işə yaramayan şeylərdir. Bütün bunlar ağıl hoqqabazlığıdır, bununla ancaq camaatın başını tovlamaq olar. Cənablar, faktlardan danışın, sizdən başqa şey istəmirik.

– Doğrudan? – Rudin dedi. – Yaxşı, bəs faktların mənasını göstərmək lazım deyil?

– Ümumi mühakimələr! – Piqasov sözünə davam etdi. – Bu ümumi mühakimələr, icmallar, nəticələr lap zəhləmi töküb. Bütün bunlar etiqada əsaslanır, hərə öz etiqadından dəm vurur, hamı onlara hörmət edilməsini tələb edir və onları hər yerdə gözə soxur… Eh!

Piqasov bunu deyib yumruğunu havada silkələdi. Pandalevski qəhqəhə çəkib güldü.

– Çox gözəl! – deyə Rudin dilləndi. – Deməli sizin fikrinizcə, heç bir qənaət filan yoxdur, elədir?

– Yoxdur, əsla yoxdur.

– Bu sizin qənaətinizdir?

– Bəli.

– Bəs siz deyirsiniz ki, heç bir qənaət yoxdur? Budur, hələlik sizə bir qənaət.

Otaqdakıların hamısı gülümsəyib bir-birinin üzünə baxdı.

– Bağışlayın, bağışlayın, ancaq… – deyə Piqasov sözə başlamaq istəyirdi, ancaq Darya Mixaylovna əlini əlinə vurub səsləndi:

– Bravo! Bravo! Basıldı, Piqasov basıldı! – bunu deyib şlyapanı Rudinin əlindən aldı.

Piqasov acıqlı halda dilləndi:

– Sevinməyə tələsməyin, xanım. Hələ macal taparsınız! Özünü üstün tutub iti bir söz deməklə iş qurtarmır. İsbat etmək, təkzib etmək lazımdır… Biz mübahisə etdiyimiz mövzudan uzaq düşdük.

– Bağışlayın, – deyə Rudin soyuqqanlıqla qeyd etdi, – iş çox sadədir. Siz ümumi mühakimələrin xeyrinə inanmırsınız. Siz qənaətlərə inanmırsınız…

– İnanmıram, inanmıram. Heç nəyə inanmıram.

– Çox yaxşı. Siz skeptiksiniz.

– Belə alimanə bir söz işlədilməsinə ehtiyac görmürəm, ancaq…

– Sözünü kəsməyin! – deyə Darya Mixaylovna sözə qarışdı.

– Bu söz mənim fikrimi ifadə edir, – deyə Rudin davam etdi. – Siz də onun mənasını başa düşürsünüz. Belə olan halda, bu sözü nə üçün işlətməyim ki? Siz heç nəyə inanmırsınız? Bəs faktlara niyə inanırsınız?

– Necə yəni niyə? Əcəb işdir! Faktlar məlum şeydir. Faktların nə demək olduğunu hamı bilir… Onlar barəsində mən öz təcrübəm, öz duyğularım əsasında hökm verirəm.

– Duyğularınız sizi aldada bilməz ki? Duyğularınız sizə deyir ki, günəş yerin ətrafında fırlanır… Yoxsa, bəlkə siz Koperniklə də razı deyilsiniz? Siz ona da inanmırsınız?

Yenə hamının üzündə təbəssüm oynadı və hamının nəzərləri Rudinə zilləndi. Hər kəs fikirləşdi ki, o, ağıllı adamdır.

– Siz hey zarafat edirsiniz, – Piqasov dedi. – Əlbəttə, bu çox orijinaldır, amma işə dəxli yoxdur.

– Mənim bu vaxta qədər dediklərimdə, – Rudin cavab verdi, – təəssüf ki, orijinallıq son dərəcə azdır. Bütün bunlar hamısı çoxdan məlumdur və min dəfə deyilib. İş bunda deyil…

– Bəs nədədir? – Piqasov həyasızlıqla soruşdu. O, mübahisə edəndə əvvəlcə rəqibini ələ salır, sonra kobudlaşır, axırda isə qəzəblənib susurdu.

Rudin sözünə davam etdi:

– İş bundadır ki, etiraf edirəm, ağıllı adamlar mənim yanımda məlum şeylərə hücum edəndə, səmimi surətdə təəssüf etməkdən özümü saxlaya bilmirəm.

– Nəyə hücum edəndə? Sistemlərə? – Piqasov soruşdu.

– Bəli, tutaq ki, elə sistemlərə. Bu söz niyə sizi belə qorxudur? Hər bir sistem həyatın əsas qanunlarını bilmək üzərində qurulur…

– Axı onları bilmək, onları kəşf etmək mümkün deyil, lütf edin!

– Bağışlayın. Əlbəttə, bunları hər adam bilə bilməz və səhv etmək insana xas olan bir şeydir. Lakin siz bu barədə mənimlə razılaşarsınız ki, Nyuton heç olmasa bu əsas qanunlardan bəzilərini kəşf edib. Tutaq ki, o dahi adam imiş, lakin dahilərin kəşfləri elə o cəhətdən böyükdür ki, bu kəşflər sonra hamının malı olur. Ayrı-ayrı hadisələrdən ümumi əsasları axtarıb tapmaq meyli insan ağlının ən başlıca xüsusiyyətlərindən biridir və bizim bütün biliklərimiz…

– Gör bir hara baş apardınız! – deyə Piqasov səsini uzada-uzada onun sözünü kəsdi. – Mən əməli bir adamam və bütün metafizik incəliklərə baş qoşmuram və baş qoşmaq da istəmirəm.

– Çox gözəl! Buna sizin ixtiyarınız var. Ancaq bilin ki, sizin xalis əməli bir adam olmaq arzunuz öz-özlüyündə bir sistem, bir nəzəriyyədir…

– Siz biliklərdən danışdınız, – Piqasov yenə onun sözünü kəsdi. – Gör bir məni nə ilə heyrətə salmaq istəyirsiniz! Sizin bu dilə-ağıza düşmüş bilikləriniz mənə çox lazımmış… mən sizin bildiklərinizə bir qara qəpik də vermərəm!

– Yaman pis mübahisə edirsiniz, Afrikan Semyonıç, – Darya Mixaylovna yeni tanışının sakitliyi və zərif hörmətkarlığından xeyli məmnun qalmış halda dedi, sonra diqqətlə Rudinin üzünə baxıb özlüyündə fikirləşdi: “C`est un homme comme il faut1616
  Bu ədəb-ərkanlı adamdır. (fr.)


[Закрыть]
, onun könlünü almaq lazımdır”.

– Mən bilikləri müdafiə etmək niyyətində deyiləm, – Rudin bir qədər susandan sonra sözünə davam etdi. – onların mənim müdafiəmə ehtiyacı yoxdur. Siz bilikləri xoşlamırsınız… Hərənin öz zövqü var. Həm də ki, belə bir mübahisə bizi çox uzaqlara aparıb çıxara bilər. İcazənizlə, qədim bir atalar sözünü sizin yadınıza salım: “Yupiter, sənin acığın tutub, deməli, sən müqəssirsən”. Mən demək istəyirəm, sistemlərə, ümumi mühakimələrə və sairəyə olan bütün bu hücumlar ona görə çox təəssüfedicidir ki, adamlar sistemlərlə birlikdə ümumiyyətlə elmi, fənni və ona olan inamı, bununla da, özlərinə və qüvvələrinə olan inamı da inkar edirlər. Belə inam isə insanlara lazımdır. Onlar təkcə təəssüratla yaşaya bilməzlər, onlar üçün fikirdən qorxmaq və ona inanmamaq günahdır. Skeptisizm həmişə səmərəsizliklə, acizliklə seçilib…

– Bunlar hamısı boş sözlərdir! – Piqasov mızıldandı.

– Ola bilər. Ancaq icazə verin bildirim ki, “bunlar hamısı boş sözdür” deməklə biz özümüz çox zaman sözdən daha çox işə yarayan bir şey söyləmək zərurətindən yaxamızı qurtarmaq istəyirik.

– Necə? – Piqasov gözlərini qıyıb soruşdu.

– Mənim nə demək istədiyimi başa düşdünüz, – Rudin qeyri-ixtiyari səbirsizliklə cavab verdi, amma o saat da özünü ələ aldı. – Təkrar edirəm ki, əgər insanın möhkəm inandığı bir əsas yoxdursa, onun möhkəm durduğu bir zəminə yoxdursa, o, öz xalqının tələbləri, əhəmiyyəti və gələcəyi haqqında nə fikirləşə bilər? O, özünün nə edəcəyini necə bilə bilər, əgər…

– Di bəsdir, bəsdir! – Piqasov hirsli-hirsli dedi və baş əyib heç kimin üzünə baxmadan bir küncə çəkildi.

Rudin ona baxıb sakitcə güldü və susdu.

– Aha! Meydandan qaçdın! – Darya Mixaylovna dilləndi. – Narahat olmayın, Dmitriy… Üzr istəyirəm, atanızın adı nədir?

– Nikolay.

– Narahat olmayın, əziz Dmitriy Nikolayeviç, o bizim heç birimizi aldada bilmədi. O özünü elə göstərmək istəyir ki, guya daha mübahisə etmək istəmir. O hiss edir ki, sizinlə mübahisə edə bilmir. Yaxşısı budur, bir az yaxın oturun, söhbət edək.

Rudin öz kreslosunu ona yaxınlaşdırdı.

– Necə olub ki, biz bu vaxta qədər tanış olmamışıq? – Darya Mixaylovna dedi. – Bu məni təəccübləndirir. Siz bu kitabı oxumusunuz? C`est de Tocqueville` vous savez?1717
  Bu Tokvilin əsəridir, tanıyırsınız? (fr.)


[Закрыть]

Darya Mixaylovna fransız dilində olan kitabçanı Rudinə uzatdı.

Rudin nazik kitabçanı alıb bir neçə səhifəsinə göz gəzdirəndən sonra stolun üstünə qoydu və cavab verdi ki, cənab Tokvilin bu əsərini oxumayıb, amma onun toxunduğu məsələlər haqda tez-tez fikirləşib. Söhbət qızışdı. Rudin əvvəlcə sanki tərəddüd edir, öz fikirlərini deməyə cürət etmir, söz tapmırdı, ancaq nəhayət o qızışıb söhbətə girişdi. On beş dəqiqədən sonra otaqda ancaq onun səsi eşidilirdi. Hamı onun başına yığışıb dairə vurmuşdu.

Təkcə Piqasov uzaqda, küncdəki buxarının yanında dayanmışdı. Rudin ağıllı, hərarətli və əməli sözlər danışırdı. Biliyininin çox olduğunu, çox kitablar oxuduğunu büruzə verirdi. Heç kim onun belə gözəl insan olduğunu gözləmirdi. O, çox sadə geyinmişdi və haqqında da heç kim heç nə eşitməmişdi… Birdən-birə kənddə belə ağıllı bir adamın zahir olmağı hamıya anlaşılmaz və qəribə görünürdü. Buna görə də, o, Darya Mixaylovnadan tutmuş hamını heyrətə salmış, belə demək olarsa, hamını özünə valeh etmişdi. Darya Mixaylovna belə bir adamı tapmaqla fəxr edir və artıq əvvəlcədən Rudini kübar aləminə necə çıxaracağı barəsində düşünürdü. Yaşının çoxluğuna baxmayaraq, aldığı ilk təəssüratda uşaqlıq halları vardı. Aleksandra Pavlovna, düzünə qalsa, Rudinin danışdıqlarından az şey başa düşmüşdü, ancaq o da çox heyrətlənmiş və sevinmişdi. Onun qardaşı da heyran qalmışdı. Pandalevski paxıllıq içində qıvrılır, oğrun-oğrun Darya Mixaylovnaya nəzər yetirirdi. Piqasov isə belə düşünürdü: “Beş yüz manata bundan da yaxşı bülbül taparam…” Ancaq Basistovla Nataliya hamıdan artıq heyran olmuşdu. Basistovun az qala nəfəsi tutulmuşdu. Bütün bu müddət ərzində ağzı açıla qalmış, gözləri bərəlmiş halda oturub, ömründə heç bir kəsi dinləmədiyi qədər diqqətlə Rudini dinləyirdi. Nataliyanın isə üzünü qızartı bürümüşdü, hərəkətsiz halda Rudinə zillənmiş baxışları gah qaralır, gah da parıldayırdı…

– Onun nə qəşəng gözləri var! – Volınsev Nataliyanın qulağına pıçıldadı.

– Hə, gözəldir.

– Ancaq heyif ki, əlləri yekə və qırmızıdır.

Nataliya cavab vermədi.

Çay gətirdilər. Söhbət daha ümumi bir şəkil aldı, ancaq birdən-birə hamının susmasından, bircə Rudinin danışmasından, onun icra etdiyi təsirin qüvvətini bilmək olardı. Birdən-birə Darya Mixaylovna Piqasovu cırnatmaq fikrinə düşdü. O, Piqasova yaxınlaşıb yavaş səslə dedi:

– Hə, nə var, dinmirsiniz? Elə bircə acı-acı gülümsəyirsiniz. Hünəriniz var, ona bir də girişin görək.

Darya Mixaylovna Piqasovun cavabını gözləmədən əl işarəsiylə Rudini çağırdı. Sonra Piqasovu ona göstərib dedi:

– Siz hələ onun bir cəhətini bilmirsiniz. O yaman arvad düşmənidir və daim onlara hücum edir, lütfən onu haqq yoluna dəvət edin.

Rudin ixtiyarsız olaraq Piqasova üstdən-aşağı baxdı. Çünki o, Piqasovdan iki baş hündür idi. Piqasov az qaldı hirsindən huşunu itirsin, onun üzü ağardı.

– Darya Mixaylovna səhv edir, – deyə o, qeyri-təbii səslə sözə başladı. – Mən yalnız qadınlara hücum etmirəm, bütün bəşəriyyətdən xoşlanmıram.

– Bəşəriyyət barəsində belə bir pis fikir sizdə hardan əmələ gəlib? – deyə Rudin soruşdu.

Piqasov dik onun gözlərinə baxdı.

– Yəqin ki, öz qəlbimin tədqiqindən bu nəticəni çıxarmışam, çünki orda hər gün daha artıq pisliklər kəşf edirəm. Mən özümə baxıb başqaları haqda hökm verirəm. Bəlkə də bu haqsızlıqdır və mən başqalarından daha çox pisəm, ancaq nə çarə? Vərdiş etmişəm.

– Mən sizi başa düşürəm, – Rudin cavab verdi. – O hansı nəcib ruhdur ki, özü-özünü məhv etməyə ehtiyac duymamış olsun? Lakin bu çıxılmaz vəziyyətdə qalmaq lazım deyil.

– Mənim ruhuma nəcibliyi yaraşdırdığınız üçün sizə sədaqətlə təşəkkür edirəm. Vəziyyətim isə, heç də pis deyil. Belə ki, əgər ordan çıxış yolu varsa, qoy olsun. Mən onu axtaran deyiləm!

– Lakin bu… belə dediyim üçün məni bağışlayın… öz izzəti-nəfsini təmin etməyi həqiqətə sədaqətlə xidmət etmək arzusundan üstün tutmaq deməkdir.

– Bəs necə! – Piqasov bərkdən səsləndi. – İzzəti-nəfsin nə olduğunu mən də başa düşürəm. Ümid edirəm ki, siz də başa düşürsünüz və hamı başa düşür. Həqiqətə qalandasa, həqiqət nə deməkdir? Bu həqiqət deyilən şey hardadır?

– Sizi xəbərdar edim ki, dediklərinizi təkrarlayırsınız, – Darya Mixaylovna qeyd etdi.

Piqasov çiyinlərini çəkdi.

– Nə olar ki? Mən həqiqətin harda olduğunu soruşuram. Hətta filosoflar da onun nə olduğunu bilmirlər. Kant deyir ki, o filan şeydir, Hegel isə deyir ki, yox, sən yalan deyirsən, elə deyil, belədir.

Rudin asta səslə soruşdu:

– Siz Hegelin həqiqət barəsində nə dediyini bilirsinizmi?

– Təkrar edirəm ki, – Piqasov özündən çıxmış halda çəmkirdi, – mən həqiqətin nə olduğunu başa düşə bilmirəm. mənim fikrimcə dünyada heç yerli-dibli həqiqət yoxdur, yəni həqiqət sözü var, amma həqiqət özü yoxdur.

– Fi! Fi! – Darya Mixaylovna fit çaldı. – Ay qoca günahkar, heç utanırsınız, belə söz danışmaq sizin üçün eyib deyilmi? Necə yəni həqiqət yoxdur? Həqiqət yoxdursa, onda dünyada yaşamağın nə mənası?

– Darya Mixaylovna, – Piqasov acıqla cavab verdi, – mənə belə gəlir ki, sizin üçün dünyada həqiqətsiz yaşamaq, ət suyu bişirməkdə mahir olan aşpaz Stepansız yaşamaqdan daha asan olardı. Bir də, lütfən söyləyin, axı həqiqət sizin nəyinizə lazımdır? Axı ondan ləçək tikmək olmur.

– Zarafat etmək etiraz etmək deyil, – Darya Mixaylovna dedi, – xüsusən böhtana əl atanda.

– Həqiqəti bilmirəm, ancaq görünür ki, düz söz adamın gözünü çıxarır, – Piqasov mızıldana-mızıldana qırağa çəkildi.

Rudin isə izzəti-nəfsdən danışmağa, həm də çox mənalı sözlər danışmağa başladı. O sübut edirdi ki, izzəti-nəfsi olmayan insan heç nədir, izzəti-nəfs Arximedin həmin lingidir ki, onunla dünyanı yerindən oynatmaq olar. Ancaq minicinin ata yiyələndiyi kimi öz izzəti-nəfsinə yiyələnməyi bacaran, öz şəxsiyyətini ümumi mənfəət yolunda fəda etməyə hazır olan adam insan adlandırılmağa layiqdir.

– Xudbinlik, – deyə o, nəticə çıxartdı, – özünü öldürmək deməkdir. Xudbin adam tək və meyvəsiz ağac kimi quruyub gedər, amma izzəti-nəfs mükəmməlliyə doğru təsirli bir meyl olmaq etibarilə, bütün böyük işlərin mənbəyidir… Bəli, insan öz nəfsindəki inadlı xudbinliyi məhv etməlidir ki, şəxsiyyətinə özünü büruzə vermək haqqı qazandırsın!

– Karandaşınızı bircə dəqiqəlik mənə verə bilərsiniz? – Piqasov Basistova müraciət etdi.

Basistov Piqasovun ondan nə istədiyini yaxşı başa düşə bilmədi. Nəhayət, dilləndi:

– Karandaşı neyləyirsiniz?

– Cənab Rudinin axırıncı cümləsini yazmaq istəyirəm, yazmasam, allah eləməmiş, qorxuram yadımdan çıxa.

– Afrikan Semyonıç, elə şeylər var ki, onlara gülmək və lağa qoymaq günahdır! – Basistov qızğınlıqla deyib üzünü yana çevirdi.

Bu zaman Rudin Nataliyaya yaxınlaşdı. Nataliya ayağa durdu, üzündən görünürdü ki, özünü itirib.

Nataliyanın yanında oturan Volınsev də ayağa durdu.

Rudin səyahətə çıxmış şahzadə kimi yumşaq və mehriban bir səslə sözə başladı:

– Mən burda fortepiano görürəm, olmaya onu siz çalırsınız?

– Bəli, mən çalıram, – Nataliya dedi, – ancaq o qədər də yaxşı çala bilmirəm. Budur, Konstantin Diomidıç məndən çox-çox yaxşı çalır.

Pandalevski başını uzadıb dişlərini ağartdı.

– Nahaq belə deyirsiniz, Nataliya Alekseyevna, siz heç də məndən pis çalmırsınız.

– Şubertin “Erlkönig”ini1818
  Meşə hökmdarı.


[Закрыть]
çala bilirsinizmi? – deyə Rudin soruşdu.

– Bilir, bilir! – Darya Mixaylovna dedi. – Oturun, Constantin… Siz musiqini xoşlayırsınızmı, Dmitri Nikolayeviç?

Rudin yalnız azacıq başını tərpətməklə kifayətləndi və dinləməyə hazırlaşırmış kimi əlini saçına çəkdi… Pandalevski çalmağa başladı.

Nataliya fortepianonun yanında, düz Rudin ilə üz-üzə dayandı. Musiqi başlayan kimi Rudinin üzü çox gözəl bir ifadə aldı. Onun tünd göy gözləri ağır-ağır seyr edir, arabir Nataliyanın üzərində dayanırdı. Pandalevski çalıb qurtardı.

Rudin heç nə demədən açıq pəncərəyə yaxınlaşdı. Ətirli qaranlıq bağın üzərini yumşaq örtük kimi bürümüşdü. Yaxındakı ağaclardan mürgülü təravət yayılırdı. Ulduzlar sakit-sakit sayrışırdı. Yay gecəsi həm nazlanır, həm də nazlandırırdı. Rudin qaranlıq bağı seyr edəndən sonra üzünü içəri çevirdi.

– Bu musiqi və bu gecə mənim Almaniyadakı tələbəlik vaxtımı yadıma saldı. Bizim yığıncaqlar, serenadalar…

– Siz Almaniyada olmusunuzmu? – deyə Darya Mixaylovna soruşdu.

– Bir il Heydelberqdə, bir ilə qədər də Berlində olmuşam.

– Əyninizə tələbə paltarı da geyinmisiniz? Deyirlər, oralarda tələbələr nəsə xüsusi bir tərzdə geyinirlər.

– Heydelberqdə yekə mahmızlı uzunboğaz çəkmələr və bağlı vengerka1919
  Vengerka – arxalıq.


[Закрыть]
geyinmişəm, saçımı da çiynimə qədər uzatmışam… Berlində isə tələbələr də başqa adamlar kimi geyinirlər.

– Tələbəlik həyatınızdan bir şey danışın, – deyə Aleksandra Pavlovna dilləndi.

Rudin danışmağa başladı. O, çox da yaxşı nəql edə bilmirdi, təsvirlərində boyalar çatışmırdı. O, güldürməyi bacarmırdı. Rudin tezliklə xarici ölkələrdəki macəraları haqqında söhbətlərindən maarif və elmin əhəmiyyəti, ümumiyyətlə universitetlər və universitet həyatı haqda danışmağa keçdi. O, geniş və cürətli cizgilərlə böyük bir lövhə təsvir edirdi. Hamı onu dərin diqqətlə dinləyirdi. O, məharətlə, cəlbedici surətdə danışırdı, danışığı o qədər də aydın deyildi, ancaq bu dolaşıqlıq onun nitqinə xüsusi bir gözəllik verirdi.

Fikirlərinin bolluğu Rudinə aydın və dürüst danışmağa mane olurdu. Obrazlar bir-birini əvəz edirdi. Gah gözlənilməz dərəcədə cürətli, gah heyrətverici dərəcədə dürüst bənzətmələr bir-birinin ardınca gəlirdi. Onun bu səbrsiz improvizasiyası təcrübəli bir natiqin özündən məmnun zərifliyindən ibarət deyildi, bunda ilham hiss olunurdu. O, sözləri axtarmırdı, onlar özləri itaətkaranə və sərbəst bir surətdə onun dodaqlarına gəlir və hər bir sözü sanki qəlbindən qopurdu, inam hərarətiylə od saçırdı. Rudin, demək olar ki, ən yüksək sirrə – natiqlik musiqisinə malik idi. O, ürəklərin bir telinə toxunmaqla o birilərini də tutqun bir halda səsləndirib ehtizaza gətirməyi bacarırdı. Dinləyənlərdən bəziləri bəlkə də nədən danışıldığını dürüst başa düşmürdü, lakin onun sinəsi qabarır, gözünün qabağında cürbəcür pərdələr açılır, irəlidə nəsə rəngarəng işıqlı şeylər görünürdü.

Sanki Rudinin bütün fikirləri gələcəyə çevrilmişdi. Bu xüsusiyyət həmin fikirlərə nəsə bir sürət və təravət verirdi… O, pəncərənin qabağında dayanıb xüsusi surətdə heç kimə baxmadan danışır, ümumi rəğbət və diqqətdən, gənc qadınların yaxınlığından, gecənin gözəlliyindən ilham alaraq və öz duyğularının axınına qapılaraq yüksək natiqlik və şeiriyyət dərəcəsinə qalxırdı… Onun sakit və cazibəli səsi bu xoş təsiri daha da artırırdı, sanki onun dodaqları ilə onun özü üçün də gözlənilməz olan nəsə, ali bir qüvvə danışırdı… Rudin insanın müvəqqəti həyatına nələrin əbədi məna verdiyindən danışırdı.

– Bir skandinav əfsanəsi yadıma düşdü, – deyə Rudin söhbətini bitirdi. – “Kral qaranlıq və uzun bir anbarda, tonqal başında öz döyüşçüləri ilə oturub. Əhvalat qışda, gecə vaxtı baş verir. Birdən kiçik bir quş açıq qapıların birindən girib o birindən çıxır. Kral deyir ki, bu quş da insan kimidir, o da insanın dünyaya gəlib getməsi kimi, qaranlıqdan gəldi və yenə uçub qaranlığa getdi, isti və işıqlı otaqda çox az qaldı. Ən qoca döyüşçü krala cavab verir: kralım, quş qaranlıqda itib batmaz, öz yuvasını axtarıb tapar…” Doğrudan da bizim həyatımız çox qısa və fanidir, ancaq bütün böyük işlər insanların vasitəsilə yaranır. O böyük qüvvələrin əlində alət olmağı dərk etmək özü insan üçün bütün başqa şadlıqları əvəz etməlidir. O ölümün özündə də öz həyatını, öz yuvasını tapar…


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 10 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.


Популярные книги за неделю


Рекомендации