Электронная библиотека » Иван Тургенев » » онлайн чтение - страница 9

Текст книги "Rudin"


  • Текст добавлен: 26 октября 2022, 16:40


Автор книги: Иван Тургенев


Жанр: Русская классика, Классика


сообщить о неприемлемом содержимом

Текущая страница: 9 (всего у книги 10 страниц)

Шрифт:
- 100% +

Epiloq

Aradan bir neçə il də keçdi.

Soyuq payız günü idi. Quberniya şəhəri S…in baş mehmanxanasının səkisinə bir fayton yaxınlaşdı. Faytondan gərnəşə-gərnəşə, nıqqıldaya-nıqqıldaya bir cənab düşdü. O, hələ qoca deyildi, ancaq o qədər kök idi ki, bu vəziyyəti hörmətli adlandırmağa adət ediblər. Həmin cənab pilləkanla ikinci mərtəbəyə çıxıb geniş koridorun girəcəyində dayandı və heç kimi görmədiyi üçün ucadan səslənib nömrə istədi. Hardansa qapı səsi gəldi, alçaq şirmanın dalından hündür boylu lakey sıçrayıb zirək və çəpəki yerişlə qabağa gəldi, koridorun alaqaranlığında onun yaxalığıyla qolları parıldayırdı. Yolçu nömrəyə girən kimi şineliylə şərfini çıxarıb divanda oturdu, yumruqlarını dizlərinə dirədi, əvvəlcə yuxudan ayılmış kimi ətrafa göz gəzdirdi, sonra nökərini çağırtdırdı. Lakey qaça-qaça getdi. Bu yolçu Lejnyov idi. Əsgər yığmağa başlandığı üçün onu kənddən S… şəhərinə çağırmışdılar.

Lejnyovun cavan nökəri içəri girdi, o qıvırcıq saçlı, al yanaqlı bir oğlan idi, belinə göy qurşaq bağlamışdı, əynində boz şinel, ayağında yumşaq keçə çəkmə vardı. Lejnyov onu görən kimi dedi:

– Budur ha, gəlib çıxdıq. Sən elə qorxurdun ki, təkərin şini çıxar.

– Gəlib çıxdıq! – Şinelin qaldırılmış yaxalığı dalından zorla gülümsəməyə çalışan nökər dedi. – Amma heç bilmirəm necə oldu ki, şin çıxmadı.

– Burda heç kim yoxdur? – Koridordan kimsə soruşdu.

Lejnyov diksinib qulaq asmağa başladı.

– Ey! Orda kim var? – səs yenə soruşdu.

Lejnyov ayağa durub qapını açdı.

Onun qabağında hündür boylu, beli demək olar ki, tamamilə bükülmüş, əynində bürünc düyməli köhnə məxmər sürtuk olan bir adam dayanmışdı. Lejnyov onu həmin saat tanıdı.

– Rudin! – deyə o, həyəcanla səsləndi.

Rudin dönüb baxdı. Lejnyov arxası işığa dayandığı üçün Rudin onu yaxşı görə bilmirdi.

– Məni tanımadınız? – Lejnyov soruşdu.

– Mixaylo Mixaylıç! – Rudin əlini ona uzatdı, lakin tutulub əlini geri çəkmək istədi.

Lejnyov tələsik onun əlindən tutdu.

– Gəlin, gəlin mənim otağıma!

Lejnyov azacıq sükutdan sonra qeyri-ixtiyari səsini alçaldıb dedi:

– Siz nə qədər dəyişmisiniz!

– Bəli, elə deyirlər, – Rudin otağa baxa-baxa dedi, – illər gəlib keçib… Amma siz pis deyilsiniz. Aleksandra… arvadınızın səhhəti necədir?

– Sağ olun, yaxşıdır. Siz bura necə gəlib çıxmısınız?

– Mən? Bu uzun əhvalatdır, əslində mən bura təsadüfən gəlib çıxmışam, bir tanışımı axtarırdım. Amma çox şadam…

– Harda yemək yeyirsiniz?

– Mən? Bilmirəm. Harda olsa, hansısa yeməkxanada. Mən bu gün burdan çıxıb getməliyəm.

– Getməlisiniz?

Rudin mənalı-mənalı güldü.

– Bəli, getməliyəm. Məni öz kəndimə, orda qalıb yaşamağa göndərirlər.

– Mənimlə bir yerdə nahar edin.

Rudin ilk dəfə Lejnyovun dik gözlərinə baxdı.

– Siz mənə özünüzlə bir yerdə nahar etməyi təklif edirsiniz?

– Hə, Rudin, əvvəlki kimi yoldaş sayağı. İstəyirsiniz? Mən sizə rast gələcəyimi heç gözləməzdim. Bir də ki, bir də allah bilir haçan görüşərik. Elə-belə ayrıla bilmərik ki.

– Buyurun, mən razıyam.

Lejnyov Rudinin əlini sıxdı, nökərini səslədi, naharı tapşırdı və buyurdu ki, buza bir şüşə şampan şərabı qoysunlar.

***

Nahar vaxtı Lejnyovla Rudin sözləşmiş kimi elə hey tələbəlik vaxtlarından danışır, çox şeyləri, ölmüş və ya hələ də diri olan adamları yad edirdilər. Rudin əvvəlcə həvəssiz danışırdı, ancaq bir neçə qədəh şərabdan sonra onun qanı qızışdı. Nəhayət, lakey axırıncı yeməyi də apardı. Lejnyov ayağa durub qapını bağladı və gəlib Rudinlə üzbəüz oturdu, sonra çənəsinə dirsəklənib dedi:

– Yaxşı, indi danışın görüm, sizi görmədiyim vaxt ərzində başınıza nələr gəlib?

Rudin Lejnyova baxdı.

“Aman allah! – Lejnyov fikirləşdi. – Bu yazıq nə qədər dəyişilib!”

Rudinin üzünün cizgiləri, xüsusən biz onu stansiyada görəndən sonra az dəyişilmişdi, lakin yaxınlaşmaqda olan qocalığın damğası artıq onun üzünə qonmuşdu. Amma üzünün ifadəsi başqalaşmışdı, gözləri başqa cür baxırdı. Onun bütün varlığında gah ağır, gah da rabitəsiz şəkildə kəskin olan hərəkətlərində, soyumuş, bir növ taqətdən düşmüş kimi görünən danışığında qəti bir yorğunluq, gizli və sakit bir kədər gözə çarpırdı. Bu kədər vaxtilə onun göz ağardırıb lovğalandığı və ümumiyyətlə qəlbi ümid və inamlı xudbinliklə dolu olan gənclərin göz çarpdırıb lovğalandıqları həmin yarım qondarma qəmginlikdən çox fəqlənirdi.

– Bütün başıma gələnləri danışım? – Rudin soruşdu. – Hamısını danışmaq olmaz və danışmağa da dəyməz… Mən çox sərgərdan gəzmişəm, yalnız bədəncə deyil, ruhəncə də dərbədər olmuşam. Aman allah, mən nələrdən və kimlərdən naümid olmamışam! Kimlərlə yaxınlıq etməmişəm! Bəli, kimlərlə! – Rudin Lejnyovun ona xüsusi qayğıkeşliklə baxdığını görüb təkrar etdi. – Neçə dəfə sözlərim öz-özümə iyrənc görünüb, tək öz ağzımdan yox, həm də mənim fikirlərimə şərik olan adamların ağzından eşidəndə də onlardan iyrənmişəm. Neçə dəfə uşaq həssaslığından qamçı vurulan, amma heç quyruğunu da tərpətməyən at kimi kütləşmişəm. Neçə dəfə nahaq yerə sevinmiş, ümid bəsləmiş, düşmənçilik etmiş və alçalmışam! Neçə dəfə tərlan kimi qanadlanmış, axırda isə qabığı əzilən ilbiz kimi sürünə-sürünə qayıdıb gəlmişəm!.. Mən haralarda olmamış, hansı yollardan keçməmişəm!.. Yollar isə palçıqlı və murdar idi… Siz bilirsiniz ki…

Rudin üzünü azacıq kənara çevirdi. Lejnyov onun sözünü kəsdi:

– Bura baxın, vaxtikən bir-birimizə “sən” deyirdik, gəlsənə o əyyamı təzələyək… Sən deyə içək!

Rudin silkələndi, dikəldi, gözlərində nəsə sözlə ifadə edilə bilməyən bir şey parıldadı.

– İçək! Sağ ol, qardaş, içək!

Adama bir qədəh içdilər. Rudin “sən”i xüsusi əda və təbəssümlə söyləyərək sözə başladı:

– Sən bilirsən, mənim içimdə elə bir qurd var ki, o məni içəridən gəmirir və ömrümün sonuna qədər o mənə rahatlıq verməyəcək. Bu qurd məni insanların üstünə itələyir, onlar əvvəlcə mənim təsirim altına düşürlər, sonra isə…

Rudin əlini havada gəzdirdi.

– Mən sizdən… səndən ayrılandan sonra başıma çox iş gəlib, çox şeylər görmüşəm… Mən bir iyirmi dəfə yenidən yaşamağa, yeni bir işə girişməyə əl atmışam – və budur, görürsən!

– Sənin dözümün azdır, – Lejnyov öz-özü ilə danışırmış kimi dilləndi.

– Sənin dediyin kimi, məndə heç dözüm yoxdur. Mən heç vaxt heç nəyi qura bilməmişəm, bir də ki, a qardaş, ayağının altı möhkəm deyilsə, onda nəsə qurmaq olar? Mən bütün macəralarımı, yəni açıq demək lazımdırsa, bütün müvəffəqiyyətsizliklərimi sənə təsvir etməyəcəyəm. İki-üç hadisəni nağıl edəcəyəm… Bunlar elə hadisələr idi ki, bu zaman artıq müvəffəqiyyət mənim üzümə gülməyə başlamışdı, ya da yox, bu zaman mən müvəffəq olacağıma ümid bəsləməyə başlayırdım – bunlar başqa-başqa şeylərdir…

Rudin çallaşmış və seyrəlmiş saçlarını dala atdı. Bu hərəkət əlinin bir vaxtlar tündə və qalın saçlarını geriyə atdığı hərəkət idi.

– Yaxşı, başlayım. Moskvada xeyli qəribə bir cənabla tanış oldum. O, çox varlı idi və böyük mülklərə sahib idi, qulluq etmirdi, onun başlıca və yeganə ehtirası elmə, ümumiyyətlə elmə olan məhəbbəti idi. Hələ indiyəcən də başa düşmürəm ki, bu ehtiras onda nə üçün əmələ gəlmişdi. Bu məhəbbət olan inəyə yəhər yaraşan kimi yaraşırdı. O özü azacıq ağıla sahib idi. Danışmağı isə demək olar ki, heç bacarmırdı, yalnız gözlərini ifadəli bir şəkildə bərəldir, başını mənalı-mənalı yırğalayırdı. Qardaş, mən ömrümdə bundan daha istedadsız və bundan daha yoxsul fitrətə malik bir adam görməmişəm… Smolensk quberniyasında elə yerlər var ki, qumdan başqa heç nəyi yoxdur, orda tək-tük ot bitir, onları da dünyadakı heç bir heyvan yeməz. Bu da elə idi. Əlindən heç nə gəlmirdi, elə bil ki, bütün işlər sivişib ondan kənar qaçırdı. Bundan başqa onun bir qəribəliyi də vardı ki, bütün asan işləri çətinə salırdı. İxtiyarı olsaydı, adamlarına dabanlarıyla yemək yedizdirərdi. O, yorulmaq bilmədən işləyir, oxuyub-yazırdı. Elmə nəsə inadlı bir təkidlə, dəhşətli bir səbrlə nəvaziş göstərirdi, onda çox böyük xudbinlik vardı və dəmir kimi möhkəm xarakterə malik idi. O, tək yaşayırdı, qəribə adam kimi şöhrət qazanmışdı. Mən onunla tanış oldum… Qərəz, xoşuma gəldi. Etiraf edim ki, onun mahiyyətini çox tez başa düşdüm, ancaq onda olan coşğun həvəs mənim qəlbimi yumşaltdı. Bundan başqa, onun vəsaiti çox idi, onun vasitəsilə o qədər xeyir iş görmək, o qədər fayda vermək olardı ki… Mən onun yanında yaşadım və nəhayət, onunla bir yerdə kəndə getdim. Qardaş, mənim çox böyük planlarım var idi, mən cürbəcür mükəmməlləşdirmə və yenilik barəsində düşünürdüm…

– Lasunskayagildə olduğu kimi? – Lejnyov mehriban təbəssümlə soruşdu.

– Yox, canım! Orda mən yəqin bilirdim ki, sözlərimdən heç nə çıxmayacaq, amma burda… Burda mənim qabağımda tamamilə başqa bir sahə açılmışdı… Mən özümlə aqronomluğa aid xeyli kitab aparmışdım… Düzdür, bu kitablardan heç birini axıracan oxumamışdım… nə isə, işə girişdim. İş əvvəlcə gözlədiyim kimi getmirdi, sonrasa, deyəsən, yoluna düşdü. Mənim yeni dostum əsla dinib-danışmır, yalnız seyr edir, mənə mane olmurdu, yəni müəyyən dərəcəyə qədər mane olmurdu. O, mənim təkliflərimi qəbul edir və yerinə yetirirdi, ancaq tərsliklə, çətinliklə, gizli inamsızlıqla icra edir və həmişə öz dediyi tərəfə çəkirdi. O, özünün hər bir fikrinə son dərəcə yüksək qiymət verirdi. Parabüzən bir çöpün başına dırmaşır, orda otura-otura guya qanadlarını yumaq üçün hazırlayır, birdən yerə yıxılır, sonra yenə dırmaşmağa başlayır… O da öz fikirləriylə belə hərəkət edirdi. Bu müqayisələrə təəccüb etmə, bunlar elə o vaxt da içimdə qaynaşırdı. İki il beləcə əlləşdim. Bütün ciddi-cəhdimə baxmayaraq iş pis gedirdi. Mən yorulmağa başlayırdım, dostum zəhləmi aparırdı, mən onu zəhərləməyə başladım. O, pərqu yorğan kimi mənə ağırlıq etməyə başladı, onun inamsızlığı əsəbilik dərəcəsinə çatdı, bizim ikimizi də laqeydlik hissi bürüdü, biz artıq heç nə barəsində söhbət edə bilmirdik. O əlaltından, lakin davamlı surətdə mənə sübut etməyə çalışırdı ki, mənim təsirimə tabe olmur, mənim verdiyim sərəncamlar ya təhrif, ya da tamamilə ləğv olunurdu… Nəhayət, başa düşdüm ki, bu cənabın yanında fikri cəhətdən qulluqçu kimi bir şeyəm. Vaxtımı və gücümü boş yerə sərf etmək mənə acı gəldi, öz arzularımda təkrar-təkrar aldandığımı görmək mənə ağır gəldi. Onun yanından gedəndə nələri itirdiyimi yaxşı bilirdim. Lakin mən özümlə bacara bilmirdim, nəhayət, bir gün elə ağır və acıqlı səhnənin şahidi oldum ki, bu mənim dostumun daha artıq yaramaz bir cəhətini mənə göstərdi və bundan sonra mən ondan qəti surətdə küsdüm, onu tərk edib getdim…

– Yəni bir parça çörəyini atıb getdin, – Lejnyov bunu deyib əllərini Rudinin çiyinlərinə qoydu.

– Bəli, elə lat-lüt çölün düzündə qaldım. Di hara bacarırsan, buyur get… Eh, gəl içək!

– Sənin sağlığına, – Lejnyov yerindən durub Rudinin alnından öpdü. – Sənin sağlığına və Pakorskinin xatirəsinə… O da dilənçi kökünə düşməyi bacarırdı.

– Budur, bu mənim macəralarımdan birincisi, – bir az sonra Rudin sözə başladı. – Nə deyirsən, o birisini də danışım?

– Danış, əlbəttə.

– Eh! Heç danışmağa da həvəsim gəlmir. Danışmaqdan da yorulmuşam, qardaş… Di yaxşı, qoy belə olsun. Bir az cürbəcür yerlərdə gəzəndən sonra… Yeri gəlmişkən, mən sənə xoş niyyətli bir mənsəb sahibinin yanında katib olmağımdan və bundan nə çıxdığından da danışa bilərəm. Ancaq bu əhvalat bizi çox uzaqlara aparıb çıxarar. Cürbəcür yerləri gəzəndən sonra nəhayət, mən bu qərara gəldim ki… ancaq, sən allah gülmə… bir iş adamı, əməli bir adam olum. Belə bir fürsət düşdü: bir nəfərə rast gəldim, bəlkə də sən onun adını eşitmisən. Kurbeyev adlı biri var. Eşitməmisən?

– Yox, eşitməmişəm. Axı, lütf et, Rudin, axı bu ağlın sahibi ola-ola sən özün başa düşmürdün ki… çərən-pərən danışdığım üçün bağışla… bilmirdin ki, iş adamı olmaq sənlik deyil?

– Bilirəm, qardaş, bilirəm ki, bu mənim işim deyildi. Amma axı bəs mənim işim nədir? Ancaq sən Kurbeyevi görmüş olsaydın! Sən allah, elə güman eləmə ki, o boşboğaz çərənçinin biriydi. Deyirlər ki, mən bir vaxtlar gözəl natiq idim, amma onun yanında mən sadəcə bir heç idim. Bu adam heyrətamiz dərəcədə alim, bilikli, başlı, yaradıcı bir adam idi, qardaş, sənaye və ticarət işlərindən başı çıxan adam idi. Onun fikrində ən cürətli, ən gözlənilməz proyektlər qaynaşırdı. Biz onunla birləşib öz qüvvəmizi ümumi xeyirli işlərə sərf etməyi qərara aldıq.

– Mümkünsə de görüm, nə xeyirli işlər idi?

Rudin gözlərini yerə dikdi.

– Sən güləcəksən.

– Niyə ki? Yox, gülmərəm.

– Biz bu qərara gəldik ki, K… quberniyasında olan bir çayı gəmi hərəkətinə yarayan hala salaq. – Rudin bunu deyib yöndəmsiz təbəssümlə gülümsədi.

– Belə de! Demək bu Kurbeyev kapitalist imiş.

– O məndən də yoxsul idi, – Rudin ağarmış başını aşağı saldı.

Lejnyov qəhqəhə çəkib güldü, lakin birdən durub Rudinin əlindən tutdu.

– Sən allah, məni bağışla, qardaşım. Ancaq bunu əsla gözləmirdim. Yaxşı, bəs sizin bu işiniz necə oldu? Elə kağızdaca qaldı?

– Lap da kağızda qalmadı. İşin icrasına başlamışdıq, biz işçi tutub… işə girişmişdik. Ancaq bu zaman cürbəcür əngəllər çıxdı. Əvvəla, dəyirman sahibləri bizim fikrimizi əsla başa düşmək istəmirdilər, bir də bundan başqa, biz maşınsız su ilə heç cür bacara bilmirdik. Maşın almağa isə pulumuz çatmırdı. Biz altı aya qədər qazmalarda yaşadıq. Kurbeyev yavan çörəklə dolanırdı, mən də doyunca yemirdim. Ancaq buna heyifislənmirəm, oranın təbiəti son dərəcə gözəl idi. Biz əlləşib-vuruşduq, tacirləri dilə tutduq, məktublar, təlimatlar yazdıq. Axır belə oldu ki, mən axırıncı qəpiyimi də bu proyektə sərf etdim.

– Bəli! – Lejnyov dedi. – Elə bilirəm ki, sənin axırıncı qəpiyini sərf etmək o qədər də çətin deyildi.

– Elədir ki, var, çətin deyildi.

Rudin pəncərəyə baxdı.

– Amma proyekt, vallahi pis deyildi, özü də böyük fayda verə bilərdi.

– Bəs o Kurbeyev necə oldu?

– O indi Sibirdə qızıl mədəni sahibidir, görərsən, o özünə yaxşıca var-dövlət düzəldəcək, itib-batmayacaq.

– Ola bilər. Amma sən daha yəqin ki, özünə var-dövlət düzəltməyəcəksən.

– Mən? Nə çarə! Amma bilirəm ki, sənin nəzərində həmişə mənasız, boş adam olmuşam.

– Sən? Bəsdir, qardaşım! Doğrudur, bir vaxt vardı ki, mən sənin ancaq pis cəhətlərini görürdüm, indi isə, mənə inan ki, səni qiymətləndirməyi öyrənmişəm, sən özünə gün ağlayan deyilsən… səni buna görə də sevirəm… Lütf et!

Rudin yavaşca güldü.

– Doğrudan?

– Bunun üçün sənə hörmət edirəm! – Lejnyov təkrar etdi. – Mənim fikrimi başa düşdün?

Hər ikisi bir müddət susdu.

– Nə deyirsən, üçüncü nömrəyə keçək?

– Buyur, buyur.

– Baş üstə. Üçüncü və axırıncı nömrə. Bu nömrədən mən elə indicə yaxamı qurtarmışam. Amma bəlkə sənin zəhləni tökürəm.

– Danış, danış.

– Bilirsən nə var, bir dəfə boş vaxtımda… mənim boş vaxtım həmişə bol olub… mən düşündüm ki: kifayət qədər məlumatlıyam, xeyirxahlığım… bura bax, axı sən mənim xeyirxahlığımı inkar etməzsən.

– Əlbəttə yox!

– O biri məsələlərdə mənim əlim az-çox boşa çıxıb… Axı mən niyə pedaqoq olmayım, sadə dillə desək, niyə müəllimlik etməyim? Belə boş-boşuna yaşamaqdansa…

Rudin dayanıb köks ötürdü.

– Boş-boş yaşamaqdansa, biliklərimi başqalarına verməyə çalışmaq daha yaxşı deyilmi? Bəlkə heç olmasa onlar mənim biliklərimdən fayda götürə bildilər… Qabiliyyətim az deyil, dili bilirəm… Budur, mən özümü bu yeni işə həsr etmək qərarına gəldim. Yer tapmaq üçün xeyli əlləşdim. Mən xüsusi surətdə dərs demək istəmirdim, aşağı məktəblərdə mənim görməli işim yox idi. Nəhayət, burdakı gimnaziyada müəllimlik yeri tapmağa müvəffəq oldum.

– Müəllimlik? Nə müəllimi?

– Rus ədəbiyyatı müəllimi. Sənə deyim ki, heç bir işə belə həvəslə girişməmişdim, gənclərə təsir etmək fikri məni ruhlandırırdı. Giriş mühazirəsini tərtib etmək üstündə üç həftə işlədim.

– Həmin mühazirə sənin yanındadır? – Lejnyov onun sözünü kəsib soruşdu.

– Yox, hardasa itib-batıb. Mühazirə pis çıxmamışdı, hamının xoşuna gəldi. Elə bil indi də şagirdlərimin üzlərini görürəm. Bu mehriban gənc üzlərdə saf qəlbli bir diqqət, qayğı və hətta heyranlıq ifadələri vardı. Mən kafedraya qalxıb mühazirəni böyük həvəslə oxudum, güman edirdim ki, mühazirə bir saatdan çox çəkər, amma iyirmi dəqiqəyə qurtardı. Gümüş gözlüklü, qısa parikli quru qoca olan inspektor da orda oturmuşdu. O arabir başını mənə tərəf əyirdi. Mən mühazirəni qurtaranda o kreslodan sıçrayıb mənə dedi: “Yaxşı leksiyadır, ancaq bir qədər yüksək səviyyəlidir, özü də bir qədər qaranlıqdır, bir də ki, əsl fənn barəsində az danışdınız”. Gimnaziya şagirdləri məni hörmətli baxışlarla təqib edirdilər. Bəli, gəncliyin yüksək qiyməti elə bundan ibarətdir. İkinci və üçüncü mühazirələri də yazılı şəkildə gətirdim, sonra isə eləcə sinədən deyirdim.

– Müvəffəq olurdun? – Lejnyov soruşdu.

– Müvəffəqiyyətim böyük idi. Qəlbimdə olan hər şeyi şagirdlərə verirdim. Onların arasında doğrudan da çox yaxşı olan üç-dörd oğlan var idi, qalanları dediklərimi pis başa düşürdü. Ancaq onu da etiraf etməliyəm ki, mənim dediklərimi başa düşənlər də verdikləri suallarla bəzən məni utandırırdılar. Lakin mən ruhdan düşmürdüm. Sevməyinə hamı məni sevirdi, yoxlama vaxtı hamıya yaxşı qiymət verirdim. Ancaq birdən mənim əleyhimə intriqa başlandı… ya da yox, heç bir intriqa-filan yox idi, mən sadəcə özümə yad olan mühitə düşmüşdüm. Mən başqalarını sıxışdırırdım, onlar da məni. Mən gimnaziya şagirdlərinə elə mühazirələr oxuyurdum ki, çox vaxt heç tələbələrə də belə mühazirə oxumurlar. Şagirdlərim mənim mühazirələrimdən az şey öyrənirdilər. Faktları mən özüm də yaxşı bilmirdim. Bir də ki, mən özüm üçün təyin edilmiş olan hərəkət dairəsi ilə kifayətlənmirdim, mənim bu zəifliyim sənə məlumdur. Mən kökündən dəyişikliklər etmək istəyirdim və sənə and içirəm ki, bu dəyişikliklər faydalı və asan idi. Mən bu işi mehriban və sədaqətli bir adam olan direktorum vasitəsilə həyata keçirtmək ümidindəydim. Əvvəllər direktora təsir edə bilirdim. Onun arvadı da mənə kömək edirdi. Qardaş, mən ömrümdə belə qadına az rast gəlmişəm. Qadının yaxşı qırxa yaxın olardı. O, xeyir işə inanır, bütün gözəl şeyləri on beş yaşlı qız kimi sevir və öz qənaətlərini kimin qabağında olur-olsun, deməkdən çəkinmirdi. Onun nəcib coşğunluğunu və saflığını heç vaxt unutmayacağam. Onun məsləhəti ilə mən bir plan da yazmağa başlamışdım… Ancaq bu zaman ayağımın altını qazıyıb məni həmin qadının qabağında ləkələdilər. Xüsusən Piqasova oxşayan, lakin ondan daha artıq işgüzar olan balaca boylu, arıq, acıdil və heç nəyə inanmayan riyaziyyat müəllimi mənə yaman zərər vurdu… Yeri gəlmişkən soruşum, Piqasov necədir? Sağdır?

– Sağ-salamatdır. Həm də təsəvvür et ki, bir meşşan qadınla evlənib, deyirlər, arvad onu döyür.

– Ona lap yerində olur. Yaxşı, bəs Nataliya Alekseyevna da sağ-salamatdır?

– Hə.

– Xoşbəxtdir?

– Hə.

Rudin bir qədər dinmədi.

– Biz nədən danışırdıq? Hə!.. Riyaziyyat müəllimindən. Onun məndən zəhləsi gedirdi, mənim mühazirələrimi atəşfəşanlıqla müqayisə edir, çox aydın olmayan ifadələri göydə qapırdı. Hətta bir dəfə on altıncı əsrin abidəsinə aid məsələdə məni pərt elədi… Ən başlıcası budur ki, o mənim məqsədimdən şübhələnmişdi. Mənim sonuncu sabun köpüyüm sancağa toxunan kimi ona toxunub partladı. Əvvəldən yola getmədiyim inspektor direktoru da mənim əleyhimə çevirdi. Arada bir əhvalat baş verdi, mən güzəştə getmək istəmədim, qızışdım, iş gedib böyüklərin nəzərinə çatdı, istefa verib çıxmağa məcbur oldum. İşi bununla qurtarmayıb göstərmək istədim ki, mənimlə belə rəftar etmək olmaz… ancaq mənimlə istənilən kimi rəftar etmək olarmış… indi burdan çıxıb getməliyəm.

Araya sükut çökdü. Dostlar başını aşağı salıb oturmuşdular.

Əvvəlcə Rudin dilləndi:

– Bəli, qardaş, indi mən Kolsov ilə birlikdə deyə bilərəm: “Ey mənim gəncliyim, sən mənim başıma nə iş gətirdin, elə bir günə qoydun ki, daha bircə addım da atmağa imkanım yoxdur…” Amma doğrudan da mən heç bir işə yaramazdım, yəni yer üzündə mənim üçün heç bir iş yoxdur? Mən tez-tez özümdən bunu soruşur və özümü öz gözümdə nə qədər alçaltmağa çalışırdımsa, yenə hər insana qismət olmamış bir qüvvəyə malik olduğumu hiss etməyə bilmirdim! Bəs nə üçün bu qüvvə səmərəsiz qalır? Bir də bir iş var, yadındadır, səninlə xaricdə olanda mən özümə çox güvənirdim, saxta idim… düzü, o zaman mən nə istədiyimi aydın başa düşmürdüm, mən sözlərə heyran olub xəyalata inanırdım, ancaq indi sənə and içirəm ki, nə istədiyimi ucadan hamının qarşısında söyləyə bilərəm, mənim əsla gizlədiləsi bir şeyim yoxdur. Mən tamamilə və sözün əsl mənasında xeyirxah adamam, mən itaətkar oluram, vəziyyətə uyğunlaşmaq istəyirəm, az şey arzu edirəm, ən yaxın məqsədə çatmaq istəyirəm, heç olmasa azacıq xeyir vermək istəyirəm. Yox, bu da mümkün olmur, bu nə deməkdir? Mənə başqaları kimi yaşayıb iş görməyə mane olan nədir? Mən indi ancaq bunu fikirləşirəm. Lakin mən müəyyən bir vəziyyətə girməyə, müəyyən bir npqtədə durmağa müvəffəq olan kimi, tale həmin saat məni burdan kənara atır… Mən ondan, yəni öz taleyimdən qorxmağa başlamışam… Bütün bunlar nədəndir? Bu tapmacanı mənim üçün tap!

– Tapmacanı! – Lejnyov təkrarladı. – Bəli, bu düzdür. Sən elə həmişə mənim üçün tapmaca olmusan. Hətta gənclikdə, vaxtilə xırdaca bir hərəkətdən sonra sən birdən-birə elə danışmağa başlayırdın ki, adamın ürəyi yerindən oynayırdı. Bəli, bilirsənmi mən nə demək istəyirəm, hətta o zaman da mən sənin dediklərini başa düşə bilməzdim, buna görə də səndən soyumuşdum… Səndə o qədər çox qüvvə var və ideala qovuşmaq meyli o qədər qüvvətlidir ki…

– Sözdü, hamısı sözdü! İş yox idi! – Rudin onun sözünü kəsdi.

– İş yox idi! Nə iş…

Lejnyov nəsə əlavə etmək istədi, amma əlini üzünə çəkib susdu. Bir qədərdən sonra soruşdu:

– Deməli, indi kəndə gedirsən?

– Hə, kəndə gedirəm.

– Bəyəm sənin kəndin qalıb?

– Orda nəsə bir şey qalıb. İki yarım nüfus. Ölmək üçün bir bucaq var. Yəqin indi fikirləşirsən ki, bu vəziyyətdə də cümləpərdazlıqdan əl çəkmir! Düzdü, məni cümləpərdazlıq məhv etdi. O mənim axırıma çıxdı, mən ömrümün sonuna qədər yaxamı ondan qurtara bilmədim. Ancaq indi dediyim cümləpərdazlıq deyildi. Sən həmişə mənə qarşı ciddi olmusan və sən haqlı idin, ancaq indi daha iş-işdən keçəndən sonra qəndildə yağ qalmayıb, qəndil özü sınıb və fitilin də indicə sönüb tüstülənəcəyi zamanda daha ciddilik vaxtı deyil… Qardaş, nəhayət ölüm bizi barışdırmalıdır…

Lejnyov yerindən sıçradı.

– Rudin! Sən mənə bu sözləri niyə deyirsən? Mən sənə nə etmişəm ki, məni bu sözlərə layiq görürsən? Mən haranın hökm verəni oldum? Mən gərək necə adam olam ki, batmış yanaqlarını, üzündəki qırışları görə-görə cümləpərdazlıq sözü ağlıma gəlsin? Sənin barəndə nə fikirləşdiyimi bilmək istəyirsən? Buyur! Mən fikirləşirəm ki, budur, belə istedada malik adam əgər istəsəydi, indi dünyanın bütün nemətlərinə malik olardı! Amma mən onu ac və sığınacaqsız vəziyyətdə görürəm…

– Deməli sənin mənə rəhmin gəlir? – Rudin tutqun səslə soruşdu.

– Yox, sən səhv edirsən. Mən sənə qarşı hörmət duyuram, bəli. Dostun olan həmin o mülkədarın yanında uzun illər keçirdə bilərdin, sənə nə mane oldu? Mən tamamilə inanıram ki, əgər sən onun dediyi kimi olmaq istəsəydin, o sənin var-dövlətini əbədiləşdirərdi. Sən nə üçün gimnaziyada yola gedə bilmədin? Sən, ey qəribə adam, nə üçün hər hansı bir işə öz şəxsi mənfəətlərini qurban verməklə qurtarırsan? Torpaq nə qədər bərəkətli olsa da, yaxşı olmasa ona kök salmırsan?

– Mən anadan kol kimi doğulmuşam. – Rudin tutqun gülüşlə davam etdi. – Mən bir yerdə qərar tuta bilmirəm.

– Bu doğrudur, lakin sənin bir yerdə qərar tuta bilməməyinin səbəbi, əvvəldən mənə dediyin kimi, içində qurd olduğu üçün deyil… Sənin içində olan qurd deyil, avara, narahatlıq ruhu deyil, sənin içində həqiqət eşqinin atəşi yanır və görünür ki, başına gələn bəlalara baxmayaraq, həmin atəş sənin içində bir çox adamlarda olduğundan daha artıq bir qüvvətlə yanır, səndəki bu məhəbbət atəşi özlərini eqoist sanmayaraq sənə intriqaçı deyən çoxlarından qüvvətlidir. Bəli, sənin yerində elə mən özüm də olsaydım, bu qurdu susmağa məcbur edib hər şeylə razılaşardım. Amma səndə heç zəhərlilik də artmayıb. Mən əminəm ki, sən elə bu gün, elə bu saat da bir gənc kimi yenidən işə girişməyə hazırsan.

– Yox, qardaş, mən indi yorulmuşam, – Rudin dedi, – çəkdiklərim bəsdir.

– Yorulmusan! Sənin yerində başqası olsaydı, çoxdan ölüb getmişdi. Sən deyirsən ki, ölüm barışdırır? Elə bilirsən həyat barışdırmır? Ömür sürüb başqalarına qarşı lütfkarlıq etməyən adam özü də lütfkarlığa layiq deyil. Kim deyə bilər ki, onun lütfkarlığa ehtiyacı yoxdur? Sən əlindən gələni etmisən, gücün çatdıqca mübarizə aparmısan… Daha nə edə bilərdin? Bizim yollarımız ayrı düşdü…

– Qardaş, mənə görə sən tamamilə başqa adamsan, – Rudin köks ötürüb onun sözünü kəsdi.

– Bizim yolumuz ayrıldı, – Lejnyov davam etdi. – Bəlkə də bu məhz ona görə belə oldu ki, var-dövlətim, soyuqqanlığım və başqa xoşbəxt səbəblər rahatca oturub əllərimi yanıma salaraq bir seyrçi qalmağıma mane olmadı, sən isə meydana girməyə, qollarını çirməyib zəhmət çəkməyə, işləməyə məcbur olmusan. Bizim yollarımız ayrıldı, lakin bir bax, biz bir-birimizə nə qədər yaxınıq. Axı biz səninlə demək olar ki, eyni dildə danışırıq, kiçik bir işarə ilə bir-birimizin fikrini başa düşürük, biz eyni hisslərlə böyümüşük. Ancaq, qardaş, bizim kimilər az qalıb, biz sonuncu mogikanlarıq! Keçmiş illərdə, hələ qarşımızda uzun bir həyat varkən biz bir-birimizdən ayrıla bilər, hətta düşmənlik də edə bilərdik, ancaq indi, ətrafımızdakı adamlar azaldıqca, yeni nəsillərin yanımızdan keçdiyi və bizim məqsədlərimizə doğru getmədiyi bir zamanda gərək bir-birimizdən möhkəm yapışaq. Gəl, qardaş, qədəhlərimizi toqquşduraq və köhnə qayda ilə: Gaudeamus igitur!3737
  Şənlik edək! (Qədim tələbə mahnısından) (fr.)


[Закрыть]

Dostlar stəkanlarını toqquşdurub qədim tələbə mahnısını oxumağa başladılar. Sonra Lejnyov dedi:

– Budur, sən indi kəndə gedirsən. Güman etmirəm ki, sən orda çox qalasan. Amma ömrünü harda və necə başa vuracağını da təsəvvür edə bilmirəm. Ancaq yadında saxla: başına nə gəlirsə-gəlsin, sənin üçün həmişə sığınacaq bir yer, bir yuva var. Bu mənim evimdir… Eşidirsən, ay qoca? Fikrin də öz dəlilləri var, onların da bir sığınacağı olmalıdır.

Rudin ayağa durdu.

– Sağ ol, qardaş. Sağ ol! Sənin bu rəftarını heç vaxt unutmaram. Ancaq mən sığınacaq verilməyə layiq adam deyiləm. Mən öz həyatımı korladım. Fikrə də lazımınca xidmət etmədim.

– Sus! – Lejnyov dedi. – Hər bir insan təbiətin onu yaratdığı kimi qalır, ondan artıq şey tələb etmək olmaz. Sən özünü ədəbi sərgərdan adlandırdın… Nə bilirsən, bəlkə də sənə elə həmişə səyahət etmək lazımdır, bəlkə də sən bununla özünə məlum olmayan yüksək bir vəzifəni yerinə yetirirsən? Xalq hikməti nahaq yerə demir ki, biz hamımız allahın altında hərəkət edirik. Sən gedirsən, – Lejnyov Rudinin artıq şapkasını götürdüyün görüb dedi, – gecəni qalmaq istəmirsən?

– Gedirəm! Əlvida! Sağ ol… Ancaq axırım pis olacaq.

– Bunu allah bilir. Qəti surətdə gedirsən?

– Gedirəm. Əlvida. Məni pisliklə yad etmə.

– Yaxşı, sən də məni pisliklə yad etmə… və sənə dediklərimi yaddan çıxartma. Əlvida…

Dostlar qucaqlaşdılar. Rudin tez otaqdan çıxdı.

Lejnyov xeyli müddət otaqda gəzişdi, pəncərənin qabağında dayandı, bir qədər fikirləşdi, yavaşcadan “Yazıq!” dedi və oturub arvadına məktub yazmağa başladı.

Bayırda külək qopdu, məşum bir səslə ulamağa başlayıb cingildəyən şüşələrə ağır və acıqlı zərbələrlə çırpıldı. Uzun payız gecəsi çökürdü. Belə gecələrdə öz evində oturanların, isti bir güşəsi olanların xoş halına… Allah bütün yurdsuz-yuvasız sərgərdanların köməyi olsun!

***

1848-ci ilin 26 iyununda, bürkülü günorta çağı Parisdə “milli emalatxanaların” üsyanı demək olar ki, yatırıldığı zaman, müqəddəs Antoni məhəlləsinin dar döngələrindən birində hökumət qoşunu batalyonu bir barrikadanı almaqda idi. Bir neçə top atəşi artıq barrikadanı dağıtmışdı, onu müdafiə edənlərdən sağ qalanlar artıq oranı tərk edib hərə öz canını qurtarmağa çalışırdı ki, birdən barrikadanın lap təpəsində yerə yıxılmış bir karetanın əzilmiş oturacağında əynində köhnə sürtuk, belində qırmızı şərf və dağınıq çal saçlı başında küləş şlyapa olan hündür boylu bir adam göründü. O, bir əlində qızıl bayraq, digər əlində küt və əyri qılıncla gərgin, cır səslə nəsə qışqıra-qışqıra yuxarı dırmaşırdı. Bir Versen nişançısı onu nişan alıb atdı… Hündür boylu adam bayrağı əlindən salıb üzüquylu yerə düşdü… Güllə düz onun ürəyindən keçmişdi.

Qaçmaqda olan üsyançılardan biri dönüb o birinə dedi:

– Tiens! On vient de tuer le Polonais!3838
  Bax! Bir polyakı vurdular. (fr.)


[Закрыть]

– Bigre!3939
  Lənət şeytana! (fr.)


[Закрыть]
– deyə o biri cavab verdi və hər ikisi bütün pəncərələri bağlı, divarları güllə və top mərmilərindən dəlik-deşik olmuş bir evin zirzəmisinə qaçıb girdilər.

Bu “Polonais” Dmitri Rudin idi.


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 10 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.


Популярные книги за неделю


Рекомендации