Электронная библиотека » Иван Тургенев » » онлайн чтение - страница 4

Текст книги "Rudin"


  • Текст добавлен: 26 октября 2022, 16:40


Автор книги: Иван Тургенев


Жанр: Русская классика, Классика


сообщить о неприемлемом содержимом

Текущая страница: 4 (всего у книги 10 страниц)

Шрифт:
- 100% +

Lejnyov ayağa durub yenə otaqda gəzişməyə başladı.

– Aleksandra Pavlovna, mən əsla sizi dəhşətə gətirmək istəmirdim. Böhtançı da deyiləm. Amma… – O, bir az düşünəndən sonra davam etdi, – doğrudan da, sizin dediklərinizdə bir qədər həqiqət var. Mən Rudinə böhtan atmıram. Amma kim bilir? Bəlkə də o, o vaxtdan bu yana xeyli dəyişilib. Bəlkə də mən ona qarşı haqsızlıq edirəm.

– Hə! Gördünüzmü? Mənə söz verin ki, onunla dostluğunuzu təzələyəcək, onu yaxşı tanıyacaq və yalnız ondan sonra onun haqda son fikrinizi mənə deyəcəksiniz.

– Baş üstə. Bəs sən niyə heç dinmirsən, Sergey Pavlıç?

Volınsev yuxudan oyanan adamlar kimi diksinib başını qaldırdı.

– Mən nə danışım? Onu tanımıram. Bir də ki, bu gün başım ağrıyır.

– Doğrudan sənin rəngin qaçıb, – Aleksandra Pavlovna dedi. – Yaxşısan?

– Başım ağrıyır, – deyə Volınsev təkrar edib otaqdan çıxdı.

Aleksandra Pavlovnayla Lejnyov onun dalınca baxdılar, sonra bir-birinə nəzər yetirdilər, ancaq heç biri bir söz demədi. Volınsevin qəlbində nələrin əmələ gəlməkdə olduğu hər ikisi üçün aydın idi.

VI

İki aydan çox keçdi. Bütün bu müddət ərzində Rudin demək olar ki, Darya Mixaylovnanın evindən heç yana getmədi. Darya Mixaylovna onsuz keçinə bilmirdi. Rudinə özündən danışmaq, onun mühakimələrinə qulaq asmaq Darya Mixaylovna üçün ehtiyac halını almışdı. Rudin bir dəfə pulunun qurtardığını bəhanə edərək çıxıb getmək istədi, Darya Mixaylovna ona beş yüz manat verdi. Rudin Volınsevdən də iki yüz manat aldı. Piqasov Darya Mixaylovnagilə əvvəlkindən xeyli az-az gəlirdi, Rudin öz varlığı ilə onu sıxırdı. Həm də bu sıxıntını hiss edən təkcə Piqasov deyildi.

Piqasov deyirdi:

– Özünü ağıllı qələmə verən bu adamdan heç xoşum gəlmir. Danışığı qeyri-təbii, özü də elə bil ki, rus povestindən alınmış bir şəxsiyyətdir. “Mən” deyib ürəyi kövrəlir, elə hey “mən”, “mən” deyir. Uzun-uzun, qəribə sözlər işlədir. Səbir gətirsən, o saat başlayacaq, sənin nə üçün öskürməyib məhz səbir gətirdiyini isbat edəcək… Adamı elə tərifləyirlər ki, elə bil mənsəb verir… Öz-özünü danlamağa başlayar, öz-özünü ləkələyər – deyərsən ki, daha bundan sonra özünü hər şeyə həsrət qoyacaq. Amma hardan?! Sonra elə şənlənir ki, elə bil acı araq içib.

Pandalevski Rudindən çəkinir və ehtiyatla ona nəvaziş göstərirdi. Volınsevin onunla rəftarı qəribə idi. Rudin onu cəngavər adlandırır, həm üzdə, həm də dalda tərifləyib göyə qaldırırdı. Ancaq Volınsev onu xoşlaya bilmirdi və hər dəfə Rudin onun öz yanında ləyaqətlərini tərifləməyə başlayanda, Volınsev özündən asılı olmayaraq darıxıb sıxılırdı. Hərdən Volınsev fikirləşirdi ki: “Bəlkə o məni ələ salır?” Ürəyində ona qarşı ədavət hissləri əmələ gəlirdi. Volınsev özünü ələ almağa çalışırdı, ancaq Rudini Nataliyaya qısqanırdı. Elə Rudin özü də Volınsevi hay-küylə qarşılayırdı, onu cəngavər adlandırır, ondan borc pul alırdı, ancaq bununla belə, ona qarşı çox da mehriban deyildi. Bu iki adam dostcasına bir-birinin əlini sıxıb bir-birinin gözlərinə baxdığı zaman, onların nə hiss etdiyini təyin etmək çətin olardı.

Basistov əvvəlki kimi Rudinə pərəstiş edir, onun hər sözünü havada qapırdı. Rudin ona az diqqət yetirirdi. Necə olmuşdusa, Rudin bir gün bütün səhəri onunla bir yerdə keçirtmiş, ən mühüm dünya məsələlərindən danışmışdı, bu, Basistovda dərin həyəcan oyatmışdı. Sonra Rudin onu atmışdı… Görünür ki, o, təmiz və sadəqətli qəlbləri yalnız sözdə axtarırmış. Darya Mixaylovnagilə gəlib-getməyə başlamış Lejnyov ilə Rudin mübahisəyə girişmir, sanki onunla görüşməkdən çəkinirdi. Lejnyov da onunla soyuq rəftar edir, ancaq onun barəsində öz qəti fikrini söyləmirdi. Bu da Aleksandra Pavlovnanı çox narahat edirdi. Aleksandra Pavlovna Rudinə pərəstiş edirdi. Ancaq o, Lejnyova da inanırdı. Darya Mixaylovnanın evində hamı Rudinin arzu və həvəsinə itaət edirdi, onun ən kiçik arzusu da həmin saat yerinə yetirilirdi. Gündəlik məşğələlərin qaydası ondan asılı idi. Heç bir partie de plaisir3333
  Əyləncəli gəzinti. (fr.)


[Закрыть]
onsuz olmurdu. Amma o, gözlənilməz səyahət və əyləncələri o qədər də xoşlamırdı və bunlarda, böyüklərin uşaq oyunlarında iştirak etdiyi kimi, mehriban və azacıq darıxan bir xeyirxahlıqla iştirak edirdi. Amma o, bütün işlərə qarışırdı: Darya Mixaylovna ilə onun mülkünə aid sərəncamlar, uşaqların tərbiyəsi, təsərrüfat, ümumiyyətlə, bütün işlər barəsində danışırdı. O, Darya Mixaylovnanın niyyətlərinə qulaq asır, hətta xırda-xuruş işlərə qarışmaqdan da çəkinmir, təsərrüfatda yeniliklərin tətbiqini təklif edirdi. Darya Mixaylovna yalnız sözdə ona heyran qalardı, vəssalam. Təsərrüfat işlərində isə yaşlı, taygöz, mehriban, hiyləgər və lotu bir maloross olan təsərrüfat müdirinin məsləhətlərinə əməl edirdi. Bu maloross sakit-sakit gülümsəyib tək gözü ilə göz vurur, deyirdi:

– Qoca var ki, çim yağ, cavan var, arıq-caydaq.

Rudin Darya Mixaylovnanın özündən başqa heç kimlə Nataliya ilə olduğu qədər tez-tez və uzun-uzadı söhbət etməzdi. O, Nataliyaya gizlincə kitablar verir, öz planlarını ona açır, yazacağı məqalə və əsərlərin ilk səhifələrini ona oxuyurdu. Bunların mənası çox vaxt Nataliya üçün qaranlıq qalırdı, ancaq deyəsən, Rudin özü də Nataliyanın bunları başa düşməsinin o qədər də qeydinə qalmırdı. Təki Nataliya onun oxuduğunu dinləsin. Rudinin Nataliya ilə yaxınlığı Darya Mixaylovnanın çox da xoşuna gəlmirdi. O düşünürdü:

– Amma qoy Nataliya kənddə onunla söhbət edib vaxt keçirtsin, Nataliya balaca qız kimi onu əyləndirir. Bu elə bir dərd deyil, hər halda qız bundan ağıllanır… Peterburqda isə bütün işi dəyişərəm…

Darya Mixaylovna səhv edirdi. Nataliya Rudin ilə balaca qız kimi söhbət etmirdi, o, Rudinin söhbətlərini acgözlüklə dinləyir, bunların mənasını başa düşməyə çalışırdı. Nataliya öz fikirlərini və şübhələrini Rudinə açıb ondan məsləhət istəyirdi. Rudin onun tərbiyəçisi və rəhbəri olmuşdu. Hələlik Nataliyanın ancaq beyni qızışmışdı… Lakin gənc qızın beyni çox da uzun bir zaman təkcə özü qızışmaqla kifayətlənməz. Bəzən bağda, köyrüş ağaclarının kölgəsindəki skamyada Rudin ona Getenin Faustundan, Hoffmandan və ya Bettinin məktublarından, Novalisdən parçalar oxuyub, tez-tez dayanaraq, qaranlıq qalan yerləri izah edəndə Nataliya nə qədər xoş anlar keçirtmişdi! Nataliya, demək olar ki, bizim bütün qızlar kimi almanca pis danışır, amma yaxşı başa düşürdü. Rudin isə alman poeziyasına, alman romantika və fəlsəfə aləminə tamamilə mübtəla olduğundan, Nataliyanı da öz ardınca bu əziz aləmlərə çəkib aparırdı. Bu aləmlər Nataliyanın diqqətli nəzərləri önündə məchul və gözəl bir şəkildə canlanırdı. Rudinin əlində tutduğu kitabın səhifələrindən qəribə obrazlar, yeni, parlaq fikirlər Nataliyanın qəlbinə axır və müqəddəs duyğuların nəcib sevinci ilə sarsılan qəlbində heyranlıq qığılcımı parlayır, alışıb yanırdı…

Nayaliya bir dəfə pəncərə önündə oturub çəki çəkməklə məşğul olanda soruşmuşdu:

– Dmitri Nikolayiç, deyin görək, qışda Peterburqa gedəcəksiniz?

Rudin vərəqlədiyi kitabı dizinin üstünə qoyub cavab vermişdi:

– Bilmirəm. Özümə vəsait düzəldə bilsəm gedəcəyəm.

Rudin süst halda danışırdı, o, səhərdən bəri özünü yorğun hiss edir, heç bir iş görmürdü.

– Necə ola bilər ki, sizin vəsaitiniz olmasın?

Rudin başını yırğaladı.

– Sizə elə gəlir.

Sonra da mənalı-mənalı kənara baxdı.

Nataliya nəsə demək istədi, amma özünü saxladı.

– Bir baxın, – Rudin əliylə pəncərəni göstərmişdi, – bu alma ağacını görürsünüz? O öz meyvələrinin çoxluğundan və ağırlığından sınıb. Bu, dahiliyin ən düzgün timsalıdır.

– O ağac ona görə sınıb ki, istinadgahı yoxdur, – Nataliya cavab verdi.

– Sizin fikrinizi başa düşürəm, Nataliya Alekseyevna, lakin bu istinadgahı axtarıb tapmaq o qədər də asan deyil.

– Mənə elə gəlir ki, başqalarının rəğbəti… hər halda, təklik…

Nataliya qızarıb susdu.

– Bəs siz qışda kənddə nə edəcəksiniz? – Nataliya tələsik soruşdu.

– Nə edəcəyəm? Üç gün qabaq planını sizə danışdığım “Həyat və sənət faciələri haqqında” məqaləmi yazıb qurtaracaq və sizə göndərəcəyəm.

– Çapa verəcəksiniz?

– Yox.

– Necə yox? Bəs bu zəhməti kimin üçün çəkirsiniz?

– Elə tutaq ki, sizin üçün.

Nataliya gözlərini yerə dikdi.

– Bu mənim gücüm çatan şey deyil, Dmitri Nikolayiç.

– İcazənizlə soruşum, məqalə nə barədədir? – bir az aralı oturmuş Basistov ədəblə soruşdu.

– Həyat və sənət faciələri haqqında, – deyə Rudin təkrar etdi. – Budur, cənab Basistov da oxuyar. Amma mən hələ əsas fikri tamamilə həll edib qurtarmamışam. Mən hələ bu vaxta qədər eşqin faciəli mənasını özüm üçün yaxşı aydınlaşdırmamışam.

Rudin eşq barəsində həvəslə və tez-tez danışırdı. Əvvəllər xanım Bonkur eşq sözünü eşidəndə, boru səsini eşidən köhnə polk atının qulaqlarını şəklədiyi kimi diksinib qulaqlarını şəkləyirdi. Amma sonralar öyrəşdi və çox vaxt sadəcə dodaqlarını büzüb tez-tez burunotu iyləyirdi.

– Mənə elə gəlir ki, – Nataliya utancaq halda qeyd etdi, – eşqdə faciə eşqin bədbəxtliklə nəticələnməsi deməkdir.

– Qətiyyən yox! – Rudin cavab verdi. – Bu eşqin daha gülünc tərəfidir… Bu məsələni tamamilə başqa cür qoymaq lazımdır… İşə daha dərindən yanaşmaq lazımdır… Eşq! Eşq başdan-başa sirrdir. Onun əmələ gəlməsi, inkişafı, yoxa çıxması. Bir də görürsən ki, eşq birdən-birə açıq-aşkar, gün kimi fərəhlə gəlir, gah kül basmış od kimi uzun müddət için-için yanır və qəlbdə hər şey puça çıxmış halda olanda alışıb alovlanır. Gah ilan kimi qəlbə soxulur, gah da birdən-birə ordan çıxıb gedir… Bəli, bəli, bu mühüm məsələdir. Bir də ki, bizim zəmanəmizdə sevən, sevməyə cürət edən kimdir?

Rudin fikrə getdi.

– Niyə bu Sergey Pavloviç çoxdan görünmür? – deyə o, birdən-birə soruşdu.

Nataliya pərt olub başını çəki dəzgahına tərəf əydi.

– Bilmirəm, – deyə Ntaaliya pıçıldadı.

– O necə gözəl, necə nəcib insandır! – Rudin ayağa dura-dura dedi. – Bu adam əsl rus mülkədarının ən yaxşı nümunəsidir…

Xanım Bonkur xırda fransız gözləriylə Rudini çəp-çəp süzdü.

Rudin otaqda gəzişməyə başladı.

O, birdən-birə dabanları üstə fırlanıb dedi:

– Heç fikir vermisiniz ki, ən möhkəm ağac olan palıd ağacının köhnə yarpaqları yalnız təzələri cücərməyə başlayanda düşür?

– Bəli, – Nataliya ağır-ağır cavab verdi, – görmüşəm.

– Qüvvətli qəlbdəki köhnə məhəbbət də eynilə bunun kimidir, o məhəbbət çoxdan ölüb getsə də, hələ qopub düşmür, onu ancaq başqa, yeni bir məhəbbət aradan qaldıra bilər.

Nataliya cavab vermədi. “Bu nə deməkdir?” – deyə o, özlüyündə fikirləşdi.

Rudin bir müddət dayanıb başını silkələdi, sonra çıxıb getdi.

***

Həmin gün Aleksandra Pavlovna öz evində Lejnyov ilə Rudin barəsində söhbət edirdi. Lejnyov əvvəlcə heç nə deməməyə çalışırdı, amma Aleksandra Pavlovna onu danışdırmağı qət etmişdi.

Aleksandra Pavlovna Lejnyova dedi:

– Görürəm ki, hələ də Dmitri Nikolayeviçdən xoşunuz gəlmir. Mən qəsdən bu vaxta qədər sizdən heç nə soruşmurdum, lakin indi siz onda bir dəyişiklik əmələ gəlib-gəlmədiyini bilməyə vaxt tapmısınız. Ondan niyə xoşunuz gəlmədiyini bilmək istəyirəm.

Lejnyov adi laqeydliklə cavab verdi:

– İndi ki, bu qədər səbrsizlik edirsiniz, baş üstə, deyim, ancaq acığınız tutmasın.

– Yaxşı, başlayın.

– Bir də imkan verin axıra qədər danışım.

– Buyurun, buyurun, başlayın.

– Hə, – Lejnyov ağır-ağır divanda oturub sözə başladı. – Sizə ərz edim ki, doğrudan da Rudin mənim xoşuma gəlmir. O ağıllı adamdır…

– Bəs necə!

– O zahirən çox ağıllı görünür, ancaq əslində bomboşdur.

– Bunu demək asandır!

– Hərçənd, əslində bomboşdur, – Lejnyov təkrar etdi, – lakin bu hələ böyük bir bəla deyil. Biz hamımız boş adamlarıq. Hətta mən onun qəlbən despot, tənbəl, çox da məlumat sahibi olmamağını bir qüsur saymıram…

Aleksandra Pavlovna əllərini yellətdi:

– Çox məlumat sahibi deyilmiş! Rudin!

– Çox da məlumat sahibi deyil, – Lejnyov bayaqkı səs tonuyla təkrarladı. – Başqasının hesabına yaşamağı xoşlayır, cürbəcür rollara girir və s… Bütün bunlar olan şeylərdir. Ancaq işin pis tərəfi odur ki, o, buz kimi soyuqdur.

– Omu, o alovlu qəlbmi soyuqdur?! – Aleksandra Pavlovna onun sözünü kəsdi.

– Bəli, buz kimi soyuqdur və özü də bunu bildiyi üçün özünü alovlu göstərir. – Lejnyov danışdıqca qızışırdı. – İşin pis cəhəti burasıdır ki, o çox təhlükəlidir, əlbət ki, özü üçün çox təhlükəli olan bir oyun oynayır, özü ortalığa bircə qəpik də, bircə tük də qoymur, başqaları isə qəlblərini qoyurlar.

– Siz kimdən danışırsınız? Nə barədə danışırsınız? Mən sizi başa düşə bilmirəm.

– İşin pis cəhəti burasıdır ki, o sədaqətli adam deyil. Axı o, ağıllı adamdır. O, gərək öz sözlərinin qiymətini bilsin, amma sözlərini elə deyir ki, guya bunlar ona çox baha tamam olur… Söz yox ki, o yaxşı natiqdir, ancaq onun natiqliyi rus natiqliyi deyil. Bir də ki, təmtəraqla danışmaq cavanlara yaraşar. Onun yaşında olan bir adam üçünsə, öz sözlərinin gurultusundan ləzzət almaq, özünü gözə soxmaq eyibdir!

– Mixaylo Mixaylıç, mənə elə gəlir ki, onun özünü gözə soxmaq istəyib-istəməməsinin dinləyici üçün heç bir fərqi yoxdur…

– Bağışlayın, Aleksandra Pavlovna, fərqi var. Bir adam mənə bir söz deyər, yeddi qatımdan keçər, amma bir başqası həmin sözü elə deyər ki, heç gözümü də qırpmaram. Bu nədəndir?

– Yəni siz qırpmazsınız, – Aleksandra Pavlovna onun sözünü kəsdi.

– Bəli, mən qırpmaram. – Lejnyov cavab verdi. – Hərçənd, bəlkə də gözlərim böyükdür. İş burasındadır ki, Rudinin sözləri söz olaraq qalır, onlar heç vaxt hərəkət halını almayacaq. Ancaq həmin bu sözlər gənc bir qəlbi bulandırıb məhv edə bilər.

– Mixaylo Mixaylıç, axı siz kimdən danışırsınız?

Lejnyov bir müddət danışmadı.

– Kimdən danışdığımı bilmək istəyirsiniz? Nataliya Alekseyevnadan.

Aleksandra Pavlovna bir az tutuldu, amma o dəqiqə yavaşca gülməyə başlayıb dedi:

– Lütf edin, sizin ağlınıza nə qəribə fikirlər gəlir! Nataliya hələ uşaqdır, bir də ki, axı belə bir şey olsa, yəni siz güman edirsiniz ki, Darya Mixaylovna…

– Əvvəla Darya Mixaylovna eqoistin biridir, o özü üçün yaşayır. İkincisi, o uşaqları tərbiyə etməkdə öz bacarığına o qədər əmindir ki, onlar barəsində narahat olmaq heç ağlına da gəlmir. Fi! Necə ola bilər. Bir işarə, bir əzəmətli baxış kifayətdir ki, hər şey asanca yoluna düşüb getsin. Budur, özünü həm elm və sənət hamisi, həm ağıllı, həm də allah bilir, daha nə hesab edən, əslində isə, kübar bir qarıcığazdan başqa bir şey olmayan bu xanım bax, belə düşünür. Nataliya isə uşaq deyil. İnanın ki, o sizə nisbətən daha tez-tez və daha dərindən düşünür, gör iş necə gətirib ki, belə saf, coşğun və hərarətli bir fitrət, belə bir aktyora, belə bir hoqqabaza rast gəlib! Ancaq bu da elə ola bilən işlərdəndir.

– Hoqqabaz! Siz Rudinə hoqqabaz deyirsiniz?

– Əlbəttə ona deyirəm… Yaxşı, özünüz deyin, Aeksandra Pavlovna, Darya Mixaylovnanın evində onun rolu nədir? Evdə bir büt, bir heykəl olmaq, ev işlərinə, ailə dedi-qodusuna və xırda-xuruşçuluğuna qarışmaq kişiyə yaraşan işdir?

Aleksandra Pavlovna heyrətlə Lejnyovun üzünə baxdı.

– Mən sizi tanıya bilmirəm, Mixaylo Mixaylıç. Siz qızarmısınız, həyəcanlanmısınız. Düzü, deyəsən, burda nəsə başqa bir iş var…

– Bəli, lap elə başqa iş var! Qadına inandığın bir sözü deyərsən, o səni başqa cürə deyil, məhz belə danışmnağa məcbur edən bir başqa xırda-xuruş səbəb uydurmayınca rahat ola bilməz.

Aleksandra Pavlovna acıqlandı.

– Bravo, müsyö Lejnyov, siz də qadınları təqib etməkdə cənab Piqasovdan heç də dala qalmırsınız, amma ixtiyar sizindir, siz nə qədər nüfuz-nəzər sahibi olsanız da, hər halda belə qısa bir zaman ərzində hamını və hər şeyi başa düşə biləcəyinizə çətin inanım. Məncə siz səhv edirsiniz. Sizin fikrinizcə, Rudin də Tartüf kimi bir şeydir.

– İş də orasındadır ki, o heç Tartüf də deyil. Tartüf heç olmasa nə əldə etmək istədiyini bilirdi, bu isə, bütün ağıllılığına baxmayaraq…

– Yaxşı, bəs o nədir, nədir? Deyin qurtarın görək, ay haqsız və pis adam!

Lejnyov ayağa durdu.

– Qulaq asın, Aleksandra Pavlovna, haqsız olan mən deyiləm, sizsiniz, Rudin haqdakı kəskin fikirlərimə görə sizin mənə acığınız tutur. Amma onun haqda kəskin danışmağa mənim haqqım var. Ola bilər ki, mən bu haqqı çox da ucuz qiymətə almamışam. Mən onu çox yaxşı tanıyıram. Onunla xeyli vaxt bir yerdə yaşamışam. Yadınızdadırsa, yeri gəldikcə onunla Moskvada keçirtdiyimiz günlər haqda sizə danışacağımı vəd etmişdim. Görünür, indi bunu etmək lazım gələcək. Lakin sizin məni axıracan dinləməyə səbriniz çatacaqmı?

– Danışın, danışın!

– Yaxşı.

Lejnyov başını qabağa əyib arabir dayana-dayana otaqda ağır-ağır var-gəl etməyə başladı.

– Siz bəlkə də bilirsiniz, bəlkə də bilirsiniz ki, mən çox tez yetim qalmışam, on yeddi yaşına çatanda, artıq üstümdə bir böyüyüm yox idi. Moskvada xalamın evində yaşayır, istədiyimi edirdim. Xeyli yelbeyin və xudpəsənd bir gənc idim və özümü göstərib lovğalanmağı xoşlayırdım. Universitetə daxil olanda özümü bir məktəbli kimi aparırdım və tezliklə başıma bir macəra gəldi. Bu macəranı sizə danışmayacağam, danışmağa dəyməz. Mən yalan demişdim, həm də çirkin bir yalan. İşimin üstü açıldı, məni biabır etdilər. Özümü itirmişdim, uşaq kimi ağlayırdım. Bu əhvalat bir tanışın evində baş vermişdi, bir çox yoldaşım ordaydı. Hamı qəhqəhə çəkib mənə gülürdü. Ancaq bir tələbə onlara qoşulmurdu və nəzərə alın ki, yalanımı boynuma almayıb tərslik etdiyim zaman, mənə hamıdan çox acığı tutan həmin tələbə idi. Bilmirəm mənə rəhmi gəldi, ya necə şey, o mənim qoluma girib öz evinə apardı.

– O Rudin idi? – Aleksandra Pavlovna soruşdu.

– Yox, Rudin deyildi… O bir adam idi ki… İndi artıq ölüb… O Qeyri-adi adam idi. Familiyası Pokorski idi. Onu bir neçə sözlə təsvir etməyə qüdrətim çatmaz, onun haqda danışmağa başlasam, daha başqa heç kəs haqqında danışmaq istəməzsən. O, çox yüksək və təmiz qəlbli bir insan idi, mən sonralar heç vaxt belə birinə rast gəlməmişəm. Pokorski köhnə taxta bir evin alt mərtəbəsində, kiçik, alçaq bir otaqda yaşayırdı. O, çox yoxsul idi və dərs verməklə birtəhər dolanırdı. Hətta elə vaxt olurdu ki, qonağına bir stəkan çay da verə bilmirdi. Otağının yeganə avadanlığı olan divanın ortası elə çökmüşdü ki, qayığa oxşayırdı. Lakin bütün narahatlıqlara baxmayaraq onun yanına çox adam gəlirdi. Hamı onu sevirdi, o hamının qəlbini özünə cəlb etmişdi. Onun yoxsul otağında oturmağın nə qədər şirin və xoş bir şey olduğuna inana bilməzsiniz! Mən Rudinlə onun yanında tanış olmuşdum. Rudin o zamanlar artıq öz knyaz dostundan ayrılmışdı.

– Axı o Pokorskinin xüsusiyyəti nədən ibarət idi? – Aleksandra Pavlovna soruşdu.

– Sizə necə deyim? Hamını onun yanına cəlb edən poeziya və həqiqət idi. O, aydın və geniş ağıla malik olmaqla bərabər, bir uşaq kimi mehriban və əyləncəli idi. Onun xoş qəhqəhəsi indiyəcən qulağımda cingildəyir. O zamanlar bizim aramızda olan yarımdəli və çox mehriban bir şair onun haqqında belə demişdi:

 
Xeyrin qüdsiyyəti önündə hər an,
Gecə qəndili tək yanar durmadan…
 

– Bəs o necə danışırdı? – Aleksandra Pavlovna yenə soruşdu.

– Kefi kök olanda yaxşı danışırdı, amma danışığında təəccübləndirici bir şey olmurdu. Rudin onda da Pokorskidən iyirmi qat yaxşı natiq idi.

Lejnyov dayanıb qollarını çarpazladı.

– Pokorski ilə Rudin bir-birinə oxşamırdı. Rudində təntənə və dəbdəbə, cümləpərdazlıq və entuziazm daha çox idi. O, Pokorskidən daha istedadlı görünürdü, amma əslində onunla müqayisə etdikdə, Rudin yoxsul idi. Rudin istənilən bir fikri gözəl inkişaf etdirib ustalıqla mübahisə edirdi. Ancaq fikirlər onun öz başından doğmurdu. O həmin fikirləri başqalarından, xüsusən Pokorskidən alırdı. Pokorski zahirən sakit və yumşaq, hətta zəif idi. Qadınları dəlicəsinə sevirdi, kef çəkməyi xoşlayır və heç kimin qabağında özünün pisikməsinə yol vermirdi. Rudin zahirən alovlu, cürətli, qəlbi həyat eşqiylə dolub-daşan bir adam kimi görünürdü. Əslində isə, soyuq və izzət-nəfsinə toxunulmayınca, demək olar ki, qorxaq kimi bir şey idi. İzzət-nəfsinə toxunulduqda isə, o lap divara dırmaşardı. O, var qüvvəsiylə adamları özünə tabe etməyə çalışırdı, ancaq onları ümumi əsaslar və ideyalar naminə tabe edər və həqiqətən bir çoxları üzərində qüvvətli təsiri olurdu. Düzdür, onu heç kim sevmirdi. Bəlkə də elə bircə mən ona isinişmişdim. Ancaq ona dözürdülər… Pokorskiyə isə hamı öz arzusuyla könlünü bağlamışdı. Rudin hər rast gələnlə söhbət və mübahisə etməkdən heç vaxt boyun qaçırtmazdı… Rudin o qədər də kitab oxumamışdı, amma hər halda Pokorskidən və bizim hamımızdan çox oxumuşdu, həm də sistematik bir ağıla, böyük bir yaddaşa malik idi, elə gənclərə də təsir edən budur! Gənclərə sən nəticə ver, yekun ver, düzgün olmasa da olar, təki yekun olsun! Tamamilə vicdanlı bir adam elə iş üçün yaramaz. Təcrübə üçün gənclərə deyin ki, siz onlara tam həqiqəti deyə bilməyəcəksiniz, çünki özünüz o həqiqətə vaqif deyilsiniz… Gənclər daha sizə qulaq asmazlar. Amma siz onları aldada da bilməzsiniz. Sizin özünüz də həqiqətin heç olmazsa yarısına vaqif olduğunuza inanmış olmasanız… Buna görə də Rudin bizim cavanlara belə şiddətlə təsir edirdi. Bilirsiniz, elə indicə dedim ki, o, çox kitab oxuyub, lakin onun oxuduğu kitablar fəlsəfəyə aid kitablar idi və onun başı elə bir baş idi ki, oxuduğu kitablardan bütün ümumi cəhətləri həmin saat qavrayır, işin lap kökündən yapışır, sonra həmin bu kökdən hər tərəfə aydın və düzgün fikir bağları çəkir, mənəvi perspektivlər kəşf edirdi. Vicdanla desək, bizim dərnək o zaman oğlanlardan, daha dəqiqi, alayarımçıq məlumat sahibi olan oğlanlardan ibarət idi. Fəlsəfə, incəsənət, elm, həyat özü – bunlar bizim üçün yalnız sözlərdən və bir də ki, cazibəli, gözəl, lakin dağınıq, pərakəndə məfhumlardan ibarət idi. Biz bu ümumi məfhumlar arasında ümumi rabitə, ümumi dünya qanunları olduğunu dərk etməzdik, bu barədə dumanlı bir halda danışar və bunun nə olduğu barəsində özümüzə haqq-hesab verməyə cəhd etsək də, bunu bacarmazdıq… Rudinin danışıqlarını dinləyərkən bizə ilk dəfə elə gəldi ki, nəhayət bu ümumi rabitəni ələ keçirtmişik. Nəhayət, pərdə qalxıb! Tutaq ki, Rudinin danışdıqları öz sözləri deyildi, nə olar ki! Lakin bizim bildiyimiz şeylər üçün müntəzəm qayda əmələ gəlir, bütün pərakəndə şeylər birdən-birə birləşir, üst-üstə qalanır və bizim gözümüzün önündə bir bina kimi yüksəlir, hər şey aydınlaşır, hər yerdə ruh zahir olurdu… Heç nə mənasız və təsadüfi halda qalmırdı, hər şeydə şüurlu bir zəruriyyət və gözəllik əyan olurdu, hər şey aydın və eyni zamanda əsrarəngiz bir məna qazanmış olurdu. Həyatın hər bir hadisəsi akkord kimi səslənir və biz özümüz müqəddəs bir pərəstiş dəhşəti ilə, şirin bir qəlb çırpıntısı ilə özümüzü əbədi həqiqətin canlı vasitələri, nəsə böyük bir iş görmək üçün vəzifələndirilmiş alətlər kimi hiss edirdik… Bütün bunlar sizə gülməli görünmür ki?

– Əsla! – Aleksandra Pavlovna ağır-ağır cavab verdi. – Siz niyə belə düşünürsünüz? Mən sizin danışdıqlarınızı çox da başa düşmürəm, amma onlar mənə gülünc də görünmür.

– Əlbəttə, o vaxtdan bu yana biz bir az ağıllanmışıq, – Lejnyov sözünə davam etdi, – bütün bunlar indi bizə uşaqlıq kimi görünə bilər… Ancaq təkrar edirəm ki, o vaxt biz bir çox cəhətdən Rudinə borclu idik. Şübhəsiz ki, Pokorski Rudindən ölçüyəgəlməz dərəcədə yüksək idi, Pokorski bizim hamımıza qüvvət və hərarət verirdi, lakin bəzən o özünü süst hiss edir, dinmirdi. O, əsəbi və xəstə adam idi, lakin o öz qol-qanadını düzəltdiyi zaman, allah göstərməsin, haralara uçub yüksəlirdi! Göyün ən sonsuz maviliklərinə! Qəşəng və qədd-qamətli cavan olan Rudində isə xırda-xuruş cəhətlər çox idi. O hətta dedi-qoduçuluq da edirdi, hər işə qarışmağa, hər şeyi təyin və izah etməyə yaman həvəsli idi. Onun bu fəaliyyəti heç vaxt kəsilməzdi… Rudin siyasi təbiətə malik idi! Mən onun barəsində o zaman onu tanıdığım kimi danışıram, amma təəssüf ki, o dəyişməyib. O öz etiqadları cəhətdən də dəyişilməyib… Otuz beş yaşında! Hər adam öz baarəsində bunları deyə bilməz.

– Oturun, – Aleksandra Pavlovna dedi, – sizə nə olub? Rəqqas kimi hey ortalıqda gəzişirsiniz.

– Mənim üçün belə də xoşdur, – Lejnyov cavab verdi. – Bəli, sizə ərz edim ki, Aleksandra Pavlovna, Pokorskinin dərnəyinə daxil olduqdan sonra mən tamamilə dəyişdim. Dincləşdim, sorğu-sual etməyə başladım, öyrənməyə çalışdım, sevindim, pərəstişkar oldum – bir sözlə, elə bil ki, bir ibadətgaha daxil olmuşdum. Doğrudan da öz yığıncaqlarımızı yada salanda, onlarda bir çox yaxşı, hətta həyəcanlı cəhətlər olduğunu xatırlayıram. Təsəvvür edin: beş-altı oğlan bir yerə yığışıb, ortada bir şam yanır, çox pis çay və yanında köhnəlmiş suxarı verilir. Bir bizim üzümüzü görəydiniz, bir bizim dediklərimizi eşidəydiniz! Hamımızın gözündə həyəcan, yanaqlarımız alışıb yanır, ürəklərimiz çırpınır, biz allahdan, həqiqətdən, insanlığın gələcəyindən, şeirdən danışırıq. Danışdıqlarımız bəzən çərən-pərən olur, boş-boş şeylər üçün həyəcana gəlirik. Ancaq nə dəxli var? Pokorski ayaqlarını altına yığıb oturub, solğun yanağını əlinə dirəyib, gözləri isə nur saçır! Rudin otağın ortasında dayanıb gözəl-göyçək danışır. Elə bil ki, guruldayan, dəniz sahilində nitq söyləyən Demosfen özüdür dayanıb. Saçları pırtlaşıq düşmüş şair Subbotin arabir yuxulu adamlar kimi qırıq-qırıq səslənir. Daimi pozulmaz sükutuna görə dərin mütəfəkkir deyə adlandırdığımız qırx yaşlı oğlan olan, alman keşişinin oğlu Şeller xüsusi bir təntənə ilə sükuta dalıb. Yığıncaqların Aristofanı olan şən Şitov özü də dinmir, yalnız xısın-xısın gülür. Aramıza yeni daxil olmuş iki-üç gənc həyəcanlı bir ləzzətlə dinləyir… Gecə isə qanadlı imiş kimi ağır və xuraman bir şəkildə gəlib keçir. Budur, artıq dan sökülür və biz həyəcanlanmış, şən, sədaqətli, ayıq halda (o vaxtlar şərabı heç ağlımıza da gətirməzdik), qəlbimizdə xoş bir yorğunluqla dağılışıb gedirik… Yadımdadır, tənha küçələrlə ürəyin kövrəlmiş bir halda gedirsən və hətta ulduzlara da inanmış bir nəzərlə baxırsan, sanki onlar daha yaxın və daha anlaşılan görünürlər… Eh! O dəmlər çox gözəl dəmlər idi və heç inanmaq istəmirəm ki, onlar boşuna keçib. Bəli, onlar boşuna getməyib, hətta həyatın sonra korlayıb xarab etdiyi adamlar üçün də boşuna getməyib… Neçə dəfə mənə belə adamlar, əvvəlki yoldaşlar rast gəlib. Sanki adam tamamilə vəhşiləşib, ancaq onun yanında Pokorskinin adını çəkən kimi, qəlbindəki bütün nəcib hisslərin qalıqları həmin saat oyanıb hərəkətə gəlir, sanki, çirkin və qaranlıq bir otaqda yaddan çıxıb qalmış bir ətir şüşəsini açmısan.

Lejnyov susdu. Onun rəngsiz üzü qızarmışdı.

Aleksandra Pavlovna heyran qalmış halda Lejnyova baxa-baxa dilləndi:

– Bəs o zaman Rudinlə nə üstündə küsüşmüşdünüz?

– Mən ondan küsməmişdim, xaricdə onu tamamilə tanıyandan sonra ayrılmışdım. Moskvada isə onunla küsüşə bilərdim. O, hələ o zaman mənimlə xoşagəlməz bir zarafat etmişdi.

– Nə zarafat?

– Belə olmuşdu… Mən… necə deyim?.. bu mənim boy-buxunuma yaraşmır… ancaq mən həmişə sevgiyə çox mail olmuşam.

– Siz?

– Bəli, mən. Qəribədir, elə deyil? Amma bu belədir ki, var… Bəli, o zaman mən çox qəşəng bir qıza aşiq olmuşdum… Axı mənə niyə belə baxırsınız? Mən sizə öz barəmdə daha təəccüblü bir şey danışa bilərəm.

– İcazə verin bilək, o necə şeydir?

– Məsələn, bax, belə bir şey. O zamanlar Moskvada yaşadığımız dövrdə mən gecələr görüşə gedirdim… Siz bilən kiminlə? Mənim bağımın axırındakı bir cökə ağacıyla görüşə gedirdim. Ağacın zərif, uca gövdəsini qucaqlayırdım, mənə elə gəlirdi ki, bütün təbiəti qucaqlamışam, ürəyim isə açılıb elə kövrəlirdi ki, elə bil doğrudan da bütün təbiət axıb onun içinə dolur… Bax, mən belə idim! Bəs necə!.. Siz bəlkə güman edirsiniz ki, mən şeir yazmamışam? Yazmışam, hətta Manfredə təqlidlə tamam bir drama da yazmışam. Tamaşada iştirak edənlərin arasında sinəsi qanlı kölgə də var idi və onun sinəsindəki qan öz qanı yox, bütün insanlığın qanı idi… Bəli, bəli, heç zəhmət çəkib təəccüblənməyin… ancaq mən sizə öz eşqimdən danışırdım. Mən bir qızla tanış olmuşdum.

– Deməli, ondan sonra daha o ağacla görüşə getməkdən əl çəkdiniz? – Aleksandra Pavlovna soruşdu.

– Əl çəkdim. Bu qız olduqca mehriban, olduqca qəşəng, gözləri şən və parlaq, səsi cingiltili məxluq idi.

– Siz yaxşı təsvir edirsiniz. – Aleksandra Pavlovnba yavaşca gülərək qeyd etdi.

– Siz isə yaman ciddi tənqidçisiniz, – Lejnyov cavab verdi. – Bəli, bu qız qoca atası ilə yaşayırdı… Nə isə, mən təfərrüatları danışmayacağam. Ancaq bunu deyim ki, bu qız doğrudan da çox mehriban qız idi. Məsələn, sən yarım stəkan çay istəyəndə, sənin üçün dörddə üç stəkan çay tökürdü!.. Onunla tanışlığımızın üçüncü günü mən artıq eşq atəşi ilə yanırdım, yeddinci gün isə, dözə bilməyib hər şeyi Rudinə danışdım. Aşiq olmuş bir gənc üçün ağzından söz qaçırtmamaq mümkün deyil, mən isə, Rudinə hər şeyi etiraf etdim. O zaman mən tamamilə onun təsiri altında idim və düzünü deyim ki, bu təsir çox cəhətdən faydalı idi. O məndən iyrənib qaçmayan və məni ilk dəfə yola gətirən adam olmuşdu. Pokorskini mən coşğun bir məhəbbətlə sevir və onun mənəvi təmizliyi qarşısında bir qədər qorxu keçirdirdim, Rudinə isə daha yaxın idim. Mənim aşiq olduğumu biləndə o, təsvirəgəlməz dərəcədə coşdu. Məni təbrik etdi, qucaqladı və həmin saat məni başa salmağa, bu yeni vəziyyətimin bütün əhəmiyyətini mənə izah etməyə başladı. Mən qulaqlarımı salladıb dayanmışdım. Bəli, onun danışmağı necə bacardığını siz bilirsiniz. Onun sözləri mənə yaman təsir etdi. Birdən-birə özümə qarşı heyrətverici bir hörmət duydum, ciddi hal aldım, gülməkdən əl çəkdim. Yadımdadır ki, o zaman hətta yolu da ehtiyatla gedirdim, elə bil ki, sinəmdə içi qiymətli bir maye ilə dolu qab var idi, mən onu dağıtmağa qorxurdum… Çox xoşbəxt idim, həm də ki, mənə açıq-aşkar rəğbət göstərirdilər. Rudin mənim sevgilimlə tanış olmaq istədi, elə az qala mən özüm də təkid edirdim ki, Rudini onunla tanış edim.

– Bəli, indi görürəm, görürəm ki, iş nə yerdədir. – Aleksandra Pavlovna onun sözünü kəsdi. – Yəqin ki, Rudin sizin sevgilinizi əlinizdən alıb və siz o vaxtdan onu bağışlaya bilmirsiniz… Mərcə girərəm ki, belədir.

– Mərci uduzarsınız, Aleksandra Pavlovna, siz yanılırsınız. Rudin mənim sevgilimi əlimdən almadı, bir də ki, o heç bunu etmək də istəməzdi. Amma hər halda o mənim səadətimi pozdu, hərçənd soyuqqanlılıqla mühakimə etdikdə, mən indi bunun üçün ona təşəkkür etməyə hazıram. Amma o zaman isə, az qalmışdı dəli olum. Rudin əsla mənə pislik etmək istəmirdi. Əksinə! Ancaq istər özünün, istərsə də başqasının həyatında olan hər bir hərəkəti, kəpənəyi sancaqla sancıb saxlayan kimi sözlə damğalamağa adət etmişdi. Buna görə o, özümüzü necə aparmalı olduğumuzu başa salmağa başlayır, bizi öz hisslərimiz və fikirlərimiz barəsində ona haqq-hesab verməyə qəddarcasına məcbur edir, bizi tərifləyir, danlayır, təsəvvür edin ki, hətta bizimlə məktublaşırdı! Sözün qısası, bizim ağlımızı tamamilə əlimizdən aldı. O tanış olduğum qızla evlənməli deyildim (hələ ağlımı o dərəcədə itirməmişdim), ancaq onunla Pavel və Virginiya kimi, heç olmasa bir neçə ay vaxtımızı xoş keçirdə bilərdik. Amma aramızda anlaşılmazlıq, hər cür gərginlik, bir sözlə, boş-boş şeylər baş verdi. Nəhayət, iş belə qurtardı: axırda bir səhər Rudin dedi ki, bir dost kimi bütün bunları qızın qoca atasına deməyi özünə borc bilir və o, bunu etdi.


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 10 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.


Популярные книги за неделю


Рекомендации