Электронная библиотека » Иван Тургенев » » онлайн чтение - страница 6

Текст книги "Rudin"


  • Текст добавлен: 26 октября 2022, 16:40


Автор книги: Иван Тургенев


Жанр: Русская классика, Классика


сообщить о неприемлемом содержимом

Текущая страница: 6 (всего у книги 10 страниц)

Шрифт:
- 100% +

VIII

Volınsev evə qayıdanda çox qəmgin və tutqun idi, bacısının suallarına çox həvəssiz cavab verdi və tezliklə öz kabinetinə girib qapını bağladı, Aleksandra Pavlovna Lejnyovun dalınca adam göndərməyi lazım bildi. Həmişə bir çətin iş baş verəndə Aleksandra Pavlovna Lejnyova müraciət edirdi. Lejnyov xəbər göndərdi ki, sabah gələcək.

Volınsevin kefi səhər də açılmadı. O, çaydan sonra gedib işlərə baxmaq istəyirdi. Ancaq evdə qalıb divana uzandı və kitab oxumağa başladı. Bu onda az baş verən hal idi. Volınsev ədəbiyyatı xoşlamır, şeirdən isə sadəcə qorxurdu.

– Bu da şeir kimi anlaşılmazdır, – deyə o təkrar edər və sözlərini təsdiq etmək üçün şair Aybulatın bu misralarını misal gətirərdi:

 
Nə məğrur təcrübə, nə mühakimə
Həzin-qəmgin ömrün sonuna qədər.
Həyatın o qanlı çiçəklərini
Əsla didişdirib əzə bilməzlər…
 

Aleksandra Pavlovna təşvişlə qardaşına baxsa da, onu suallarıyla narahat etmirdi. Artırmaya bir ekipaj yaxınlaşdı: “Bəli, – deyə Aleksandra Pavlovna fikirləşdi, – allaha şükür, Lejnyov gəlib çıxdı”. Xidmətçi içəri girib Rudinin gəldiyini xəbər verdi.

Volınsev kitabı yerə atıb başını qaldırdı.

– Kim gəlib? – deyə o soruşdu.

– Rudin, Dmitri Nikolayeviç, – xidmətçi təkrar etdi.

Volınsev ayağa durdu.

– Gəlsin. Bacı, – o, Aleksandra Pavlovnaya müraciət etdi, – bizi tək burax.

– Nə üçün?..

– Bilirəm, – Volınsev bacısının sözünü kəsdi, – səndən xahiş edirəm.

Rudin içəri girdi. Volınsev otağın ortasında dayanıb ona soyuq tərzdə baş əydi, amma əl uzatmadı.

– Etiraf edin ki, mən gəlməyimi gözləmirdiniz, – Rudin şlyapasını pəncərənin qırağına qoyub dedi.

Onun dodaqları azacıq əsirdi. Özünü namünasib vəziyyətdə hiss edirdi, lakin özünü itirdiyini gizlətməyə çalışırdı.

– Mən sizi gözləmirdim, düzdür, – Volınsev dedi, – dünənki gündən sonra mən daha çox sizin tərəfinizdən tapşırıqla bir adam gələcəyini gözləyirdim.

– Nə demək istədiyinizi başa düşürəm, – Rudin oturub dedi, – və açıq danışmağınıza şadam. Belə daha yaxşıdır. Mən özüm sizin yanınıza, nəcib bir adamın yanına gələn kimi gəlmişəm.

– Komplimentsiz danışsanız olmaz?

– Yanınıza nə üçün gəldiyimi izah etmək istəyirəm.

– Biz sizinlə tanışıq. Mənim yanıma niyə gəlməyəsiniz ki? Bir də sizin gəlişinizlə bizi şərəfləndirməyiniz ilk dəfə deyil.

– Sizin yanınıza nəcib adamın başqa bir nəcib adamın yanına gəldiyi kimi gəlmişəm, – Rudin təkrar etdi. – və indi sizin şəxsi mühakimənizə müraciət etmək istəyirəm… mən sizə tamamilə inanıram…

Hələ də əvvəlki vəziyyətində dayanıb tutqun nəzərlərlə Rudinə baxmaqda və arabir bığlarının ucunu eşməkdə olan Volınsev soruşdu:

– Axı nə olub?

– İcazənizlə… Mən buraya əlbəttə ki, sizinlə görüşüb danışmağa gəlmişəm, amma hər halda bunu birdən-birə etmək olmaz.

– Niyə olmaz ki?

– Burda üçüncü bir şəxsin də məsələsi var.

– Hansı üçüncü şəxs?

– Sergey Pavloviç, nə dediyimi yaxşı başa düşürsünüz.

– Dmitri Nikolayeviç, sizi qətiyyən başa düşmürəm.

– Siz buyurursunuz ki…

– Mən buyururam ki, üstüörtülü danışmayasınız! – Volınsev onun sözünü ağzından aldı. O, doğrudan da hirslənməyə başlayırdı.

Rudin qaşlarını çatdı.

– Biz təkik? Mən sizə deməliyəm ki… yəqin siz özünüz də artıq başa düşürsünüz… – Volınsev səbirsiz halda çiyinlərini çəkdi. – Mən sizə deməliyəm ki, Nataliya Alekseyevnanı sevirəm və onun da məni sevdiyini güman etməyə haqqım var.

Volınsevin rəngi ağardı, ancaq o heç bir cavab verməyib pəncərəyə tərəf getdi və üzünü qırağa çevirdi.

– Siz başa düşün, Sergey Pavloviç, – Rudin davam etdi, – mən arxayın olmasaydım…

– Lütf edin! – Volınsev tələsik onun sözünü kəsdi. – Mən əsla şübhə etmirəm… Nə olsun ki! Sağlıqla qalın! Ancaq mən təəccüb edirəm, hansı şeytan sizə buyurub ki, bu xəbəri mənə yetirəsiniz… Bunun mənə nə dəxli var? Mənə nə dəxli var ki, siz kimi sevirsiniz və ya kim sizi sevir? Mən sadəcə başa düşə bilmirəm.

Volınsev hələ də pəncərədən baxmaqda idi. Onun səsi tutqun çıxırdı.

Rudin ayağa durdu.

– Sergey Pavloviç, nə üçün sizin yanınıza gəlməyi qərara aldığımı və nə üçün bizim… bzim qarşılıqlı əlaqəmizi sizdən gizlətməyə haqqım olmadığını sizə deyim. Mən sizə çox dərindən hörmət edirəm, budur, buna görə də gəlmişəm. Mən… biz hər ikimiz sizin qarşınızda komediya oynamaq istəmədik. Sizin Nataliya Alekseyevnaya qarşı bəslədiyiniz hisslər mənə məlum idi. İnanın ki, mən öz qiymətimi bilirəm. Mən Nataliya Alekseyevnanın qəlbində sizi əvəz etməyə nə qədər az layiq olduğumu bilirəm. Amma indi ki, belə bir iş baş verib, axı hiyləgərlik etmək, bir-birini aldatmaq nəyə lazımdır? Axı anlaşılmazlıqlara və dünən nahar zamanı baş verən səhnə kimi ehtimallara yol vermək yaxşı olarmı? Sergey Pavloviç, özünüz deyin.

Volınsev sanki özünü ələ almağa çalışırmış kimi əllərini sinəsində çarpazladı.

– Sergey Pavloviç! – Rudin sözünə davam etdi. – Mən sizi hirsləndirdim, bunu hiss edirəm… ancaq bizi başa düşün… başa düşün ki, sizə öz hörmətimizi sübut etmək, sizin səmimi nəcabətinizi qiymətləndirməyi bacardığımızı sübut etmək üçün bizim bundan başqa yolumuz yox idi. Hər hansı başqa bir adamla açıq danışmaq, tamamilə açıq danışmaq yersiz ola bilərdi, amma sizinlə açıq danışmaq bir borc halını alır. Sirrimizin sizin əlinizdə olduğunu düşünmək xoşdur.

Volınsev məcburi surətdə qəhqəhə çəkib güldü.

– Etimadınız üçün təşəkkür edirəm, amma xahiş edirəm nəzərə alasınız ki, mən nə sizin sirrinizi bilmək istəyirdim, nə də öz sirrimi sizə açmaq fikrim vardı. Siz isə onunla öz malınız kimi rəftar edirsiniz. Amma bağışlayın, siz müştərək bir addan danışırsınız. Deməli, mən belə hesab edə bilərəm ki, sizin gəlişiniz və gəlişinizin məqsədi Nataliya Alekseyevnaya məlumdur?

Rudin bir qədər tutuldu.

– Yox, mən öz məqsədimi Nataliya Alekseyevnaya deməmişdim, ancaq bilirəm ki, o da mənim kimi düşünür.

Volınsev bir qədər susandan sonra barmaqlarıyla şüşəni döyəcləyib dedi:

– Bütün bunlar çox gözəl. Düzü, siz mənə daha az hörmət etsəydiniz, daha yaxşı olardı. Sözün düzü, sizin ehtiramınız mənə əsla gərək deyil. Yaxşı, bəs indi məndən nə istəyirsiniz?

– Mən sizdən heç nə istəmirəm… ya da yox! Mən bircə şey istəyirəm: mən istəyirəm ki, siz məni məkrli və hiyləgər adam hesab etməyəsiniz, siz məni başa düşəsiniz… Mən ümid edirəm ki, indi daha mənim səmimiyyətimə şübhə edə bilməzsiniz. Sergey Pavloviç, istəyirəm dost kimi ayrılaq. Siz əvvəlki kimi mənə əl verəsiniz.

Rudin bunu deyib Volınsevə yaxınlaşdı.

Volınsev ona tərəf döndü və bir addım geri çəkilib dedi:

– Məni bağışlayın, hörmətli cənab, mən sizin arzularınızı tamamilə haqlı hesab edə bilərəm. Bütün bunlar çox gözəldir, hətta tutaq ki, nəcib bir hərəkətdir, ancaq biz sadə adamlarıq, çox da incə mətləblərdən başımız çıxmaz, biz sizin ağlınız kimi böyük ağılların uçuşunu təqib etməyə qadir deyilik… Sizə səmimi görünən bir şey bizə zorakı və bihəya hərəkət kimi görünə bilər. Sizin üçün sadə və aydın olan bir şey bizim üçün dolaşıq və qaranlıqdır. Bizim gizlətdiyimiz şeylə siz iftixar edirsiniz. Biz hara, sizi başa düşmək hara! Məni bağışlayın, mən nə sizi dost hesab edə bilərəm, nə də sizə əl verə bilərəm… Bu, bəlkə də xırdaçılıqdır, amma mən özüm də elə xırda adamam.

Rudin şlyapasını pəncərədən götürdü.

– Sergey Pavloviç! – deyə o, qəmgin bir əda ilə dilləndi. – Əlvida, sizin barənizdə düşündüklərim səhv imiş. Mənim gəlişim doğrudan da xeyli qəribədir, amma mən ümid edirdim ki… – Volınsev səbirsiz bir hərəkət etdi. – Bağışlayın, mən daha bu barədə danışmayacağam. Əlvida və icazə verin heç olmasa axırıncı dəfə bir də sizi inandırım ki, mənim arzu və məqsədlərim safdır… sizin təvazökarlığınıza əminəm.

– Bu daha ağ oldu! – Volınsev hirsdən əsə-əsə qışqırdı. – Mən heç sizdən mənə inanmağınızı xahiş etməmişəm, ona görə də mənim təvazökarlığıma inanmağa sizin əsla haqqınız yoxdur!

Rudin nəsə demək istədi, ancaq əllərini yelləyib baş əydi və çıxdı. Volınsev isə divana yıxılıb üzünü divara çevirdi.

– Yanına gəlmək olar? – Qapı ağzından Aleksandra Pavlovnanın səsi eşidildi.

Volınsev ehmalca əlini üzünə çəkdi, haçandan-haçana bir az dəyişilmiş səslə dedi:

– Yox, Saşa, bir az gözlə.

Yarım saat sonra Aleksandra Pavlovna yenə qapıya yaxınlaşıb dedi:

– Mixaylo Mixaylıç gəlib, sən onu görmək istəyirsən?

– İstəyirəm, onu bura göndər.

Lejnyov içəri girdi. O, divanın yanındakı kresloya oturub soruşdu:

– Nə olub, xəstələnmisən?

Volınsev bir az dikəldi, qoluna dirsəkləndi, dostunun üzünə uzun-uzadı baxdı və Rudinlə olan söhbəti əvvəldən-axıracan ona danışdı. Volınsev indiyə qədər Lejnyova Nataliyaya olan hissindən bir kəlmə də deməmişdi, ancaq başa düşürdü ki, onun bu hisslərdən xəbəri var.

Volınsev əhvalatı danışıb qurtaran kimi Lejnyov dedi:

– Qardaş, sən məni lap heyrətə saldın. Mən bu adamdan çox qəribəliklər gözləyirdim… Doğrudan da, elə özüdür ki, var.

Volınsev həyəcanla dedi:

– Axı bu ki, sadəcə həyasızlıqdır! Az qalmışdı onu götürüb pəncərədən atım. Bilmirəm o mənim qabağımda lovğalanmaq istəyirdi, ya qorxurdu. Axı hardan-hara? Adamın yanına nə üzlə gəlir?

Volınsev qollarını başının altında çarpazlayıb susdu.

– Yox, qardaş, sən deyən deyil, – Lejnyov sakit halda cavab verdi, – desəm inanmazsan, amma o bu işi yaxşı mənada edib… düzü… bu guya nəcib bir hərəkət imiş, məsələni açıq-aşkar deyib, bir də ki, əlinə öz natiqliyini büruzə vermək üçün fürsət düşüb. Guya ki, bu bizə çox lazım imiş, bunsuz yaşamaq olmazmış… Of, onun dili öz düşmənidir… həm də eyni zamanda onun nökəridir.

– Sən təsəvvür eləməzsən o necə bir təntənə ilə içəri girib danışmağa başladı.

– Əlbəttə, bunsuz ola bilməz. O sürtukunu da elə düymələyir ki, elə bil müqəddəs bir vəzifə icra edir. Məndən olsa, onu tənha bir adaya buraxardım, sonra da gizlincə ona baxardım görüm, o orda nə iş görür. Hey sadəlikdən dəm vurur.

– Ay qardaş, allah xatirinə, bir mənə de görüm, axı bu nə olan şeydir, fəlsəfədir, ya başqa nəsə?

– Sənə necə deyim? Bir tərəfdən deyəsən, elə bu doğrudan da fəlsəfədir, amma o biri tərəfdən, əsla belə deyil. Axı hər çərən-pərəni də fəlsəfənin boynuna atmaq olmaz.

Volınsev ona baxdı.

– Necə bilirsən, bəlkə o yalan deyir?

– Yox, yalan deməyib. Amma bilirsən nə var? Bəsdir bu barədə danışdı. Qardaş, gəl qəlyan çəkək, Aleksandra Pavlovnanı da bura çağıraq. Onun yanında adam həm yaxşı danışır, həm də asanlıqla susur. Bizə çay da verərlər.

– Yaxşı, – Volınsev üzünü qapıya tərəf tutub bərkdən səsləndi, – Saşa, gəl içəri.

Aleksandra Pavlovna içəri girdi. Volınsev bacısının əlini tutub öpdü.

***

Rudin əhvalı pozğun və qəribə halda evə qayıtdı. Onun özünə acığı tutdu, özünü bağışlanmaz bir səhv, uşaqlıq etməkdə günahlandırdı. Nahaq yerə deməyiblər ki, indicə etdiyin axmaqlığı başa düşməkdən daha ağır bir şey yoxdur.

Peşmanlıq Rudinə əzab verirdi. O, dişlərini bir-birinə sıxıb deyirdi: “Deyəsən, şeytan mənə buyurdu ki, bu mülkədarın yanına gedim. Bu fikir ağlıma hardan gəldi? Zorla adamı həyasızlığa çağırır…”

Darya Mixaylovnanın evində isə nəsə qeyri-adi bir hal var idi. Evin xanımı özü bütün səhəri gözə görünməmiş, nahara da gəlməmişdi. Onun yanına buraxılan yeganə adam Pandalevski idi, onun sözlərinə görə, Darya Mixaylovnanın başı ağrıyırmış. Rudin Nataliyanı da demək olar ki, heç görməmişdi. Nataliya xanım Bonkur ilə öz otağında oturmuşdu. Nataliya yemək otağında Rudinə rast gələndə ona elə kədərlə baxdı ki, Rudinin ürəyi qopdu. Nataliyanın üzü elə dəyişmişdi ki, elə bil dünəndən başına bir fəlakət gəlmişdi. Qeyri-müəyyən duyğulardan əmələ gələn bir kədər Rudini incitməyə başlamışdı. Birtəhər başını qarışdırmaq üçün Basistovla söhbət etməyə başladı, onunla xeyli danışdı və Basistovun coşğun, diribaş, həyəcanlı, ümidlərlə dolu, hələ saf inamlı bir gənc olduğunu gördü. Axşamüstü Darya Mixaylovna bir-iki saatlığına qonaq otağında göründü. O, Rudinlə mehriban rəftar edir, ancaq nəsə kənar durur, gah gülümsəyir, gah qaşqabağını tökür, burnunda və çox vaxt da eyhamla danışırdı… O, tamamilə bir saray xanımına oxşayırdı. Axır vaxtlar Darya Mixaylovna Rudindən bir az soyumuşdu. Rudin yandan ona baxıb fikirləşdi: “Görəsən burda nə sirr var?”

Rudin bu sirrin açılmasını çox gözləməli olmadı. Gecə saat on ikiyə yaxın, öz otağına gedəndə qaranlıq dəhlizdən keçirdi. Birdən kimsə onun əlinə bir məktub verdi. Rudin baxdı, onun yanından bir qız, deyəsən, Nataliyanın qulluqçusu olan qız uzaqlaşmaqda idi. Rudin otağına girib nökərini bayıra göndərdi, Nataliyanın öz əliylə yazdığı məktubu oxumağa başladı:


“Sabah səhər saat yeddidən gec olmayaraq, palıd meşəsindən sonrakı Avdyuxin gölünün qırağına gəlin. Başqa vaxt mümkün deyil. Bu bizim son görüşümüz olacaq və hər şey bununla bitəcək, əgər… gəlin. Qəti bir qərara gəlmək lazımdır…

P.S. Əgər mən gəlməsəm, deməli daha görüşə bilməyəcəyik, onda mən sizə xəbər verərəm…”


Rudin fikrə getdi, kağızı əlində o yan-bu yana çevirib balışının altına qoydu, soyunub uzansa da bir müddət yuxuya gedə bilmədi, səksəkəli yatdı və hələ saat beş olmamış yuxudan oyandı.

IX

Nataliyanın Rudin ilə görüş təyin etdiyi Avdyuxin gölü çoxdan bəri göl olmaqdan çıxmışdı. Otuz il bundan əvvəl gölün bəndi dağılmışdı, o vaxtdan bəri onu tərk etmişdilər. Yalnız yumşaq lil ilə örtülü olan dərənin dibinin yastılığından, bir də bəndin qalıqlarından başa düşmək olardı ki, burda haçansa göl varmış. Burda vaxtilə malikanə də olmuşdu. O da çoxdan bəri yoxa çıxmışdı. İki yekə şam ağacı burda vaxtilə malikanə olduğunu bildirir, bu ağacların uca və yaşıllığı az olan budaqlarında həmişə külək səslənir və qəmgin bir halda uğuldayırdı. Xalq arasında guya bu ağacın dibində baş vermiş qorxunc bir cinayət barəsində əsrarəngiz şayiələr dolaşırdı. Həmçinin deyirdilər ki, guya bu ağaclardan heç biri bir adam öldürməmiş yıxılmayacaqlar. Guya burda üçüncü bir şam ağacı da varmış və o, bir tufan vaxtı yıxılanda bir qızın üstünə düşüb öldürübmüş. Köhnə gölün üstündəki yer natəmiz sayılırdı. Bomboş və çılpaq, hətta günəşli günlərdə də tənha və tutqun görünən bu yer yaxınlıqda olub, çoxdan ölmüş və qurumuş qoca palıd meşəsinin görkəmi ilə daha tutqun və kimsəsiz görünürdü. Yekə ağacların seyrək boz kötükləri alçaq kollar arasından kölgələr kimi görünürdü. Bunlara baxanda adamı qüssə basırdı, sanki kinli qocalar bir yerə yığışıb nəsə pis bir iş görməyə hazırlaşırdılar. Kənardan dar və azacıq tapdanmış bir cığır uzanıb gedirdi. Ehtiyac olmadıqca, heç kim Avdyuxin gölünün yanından keçməzdi. Nataliya qəsdən belə bir tənha yer seçmişdi. Bu yer ilə Darya Mixaylovnanın evinin arası yarım verstdən uzaq olmazdı.

Rudin Avdyuxin gölünə gələndə günəş çoxdan doğmuşdu. Lakin səhər fərəhli bir səhər deyildi. Süd rəngli sıx buludlar göyün üzünü bürümüşdü. Külək vıyıldaya-vıyıldaya buludları qovurdu. Rudin, üstünü ilişkən ayıpəncəsi otu və qaralmış gicitkan kolları basmış bəndin üstü ilə o baş-bu başa gedib gəlməkdə idi. Onun qəlbi sakit deyildi. Bu görüşlər, bu yeni duyğular onu həm məşğul edir, həm də xüsusən dünənki məktubdan sonra həyəcanlandırırdı. O görürdü ki, işin nəticəsi yaxınlaşır, hərçənd onun cəsarət və qətiyyətlə əllərini qoynuna qoyub ətrafa göz gəzdirdiyini görən heç kim bunu ağlına gətirməzdi, ancaq o, qəlbən tutqun idi. Bir dəfə Piqasov onun barəsində nahaqdan deməmişdi ki, Çin oyuncağı kimi, başı həmişə bədəninə ağırlıq edir. Amma insanın başı nə qədər qüvvətli olursa olsun, təkcə onun vasitəsilə qəlbindən nələr keçdiyini anlaya bilməz… Rudin, həmin ağıllı və nüfuzi-nəzər sahibi olan Rudin Nataliyanı sevib-sevmədiyini, onun üçün iztirab çəkib-çəkmədiyini və ondan ayrılsa, əzab çəkib-çəkməyəcəyini dürüst deyə bilməzdi.

Rudin bəndin üstündə gəzir, Nataliya isə düz çöl ilə, yaş otları əzə-əzə tələsik ona tərəf gəlirdi.

– Xanım qız! Xanım qız! Ayaqlarınız islanır, – Nataliyanın qulluqçusu Maşa arxadan zorla ona çatıb səsləndi.

Nataliya onu eşitmirdi, arxaya baxmadan yüyürürdü.

– Ax, bircə bizi güdən olmayaydı! – Maşa deyirdi. – Hələ evdən necə çıxdığımıza da təəccüb edirəm. Allah eləsin ki, mamzel oyanmasın… Yaxşı ki, çox uzaq deyilik. Artıq onlar orda gözləyirlər, – Maşa Rudinin bənd üstündə göstərişlə dayanmış uca qamətini görüb dedi, – amma onlar nahaq yerə belə dik yerdə dayanıblar, gərək dərəyə düşəydilər.

Nataliya dayandı.

– Maşa, sən burda, şam ağaclarının yanında gözlə.

Sonra gölə tərəf getməyə başladı.

Rudin ona yaxınlaşıb heyrət içində dayandı. Bu vaxta qədər Rudin onun üzündə belə bir ifadə görməmişdi. Nataliyanın qaşları çatılmış, dodaqları qısılmışdı, gözləri düz və ciddi baxışla baxırdı.

– Dmitri Nikolayeviç, – Nataliya sözə başladı, – biz vaxt itirə bilmərik. Mən beş dəqiqəlik gəlmişəm. Sizə deməliyəm ki, anam hər şeyi bilir. Cənab Pandalevski srağa gün bizi güdüb və görüşümüz barəsində anama danışıb. O həmişə anamın casusu olub. Dünən anam məni yanına çağırmışdı…

– Aman allah! – Rudin dedi. – Bu dəhşətdir… Bəs ananız sizə nə dedi?

– Onun mənə acığı tutmadı, məni danlamadı, ancaq yüngül hərəkət etdiyim üçün məni məzəmmətlədi.

– Vəssalam?

– Bəli, bir də mənə dedi ki, o məni sizin arvadınız görməkdənsə, meyitimi görməyə razı olar.

– Doğrudan belə dedi?

– Bəli. Bir də əlavə etdi ki, siz özünüz də əsla mənimlə evlənmək istəmirsiniz. Guya siz eləcə, darıxdığınızdan mənim dalımca düşürsünüz və anam sizdən bunu gözləmirmiş. Guya bu işdə anam özü müqəssirmiş ki, mənə sizinlə tez-tez görüşməyə icazə veribmiş. Anam mənim ağıllı olacağıma ümid edirmiş, mən bu hərəkətimlə onu heyrətə salmışam… Başqa da çox şey dedi, hamısı yadımda deyil.

Nataliya bu sözləri yeknəsəq və sakit tonda danışdı.

– Bəs siz, Nataliya Alekseyevna, bəs siz ananıza nə cavab verdiniz?

– Nə cavab verdim? – Nataliya sualı təkrar etdi. – Siz indi nə etmək fikrindəsiniz?

– Aman allah! Aman allah! – Rudin dedi. – Bu amansızlıqdır! Belə tezliklə!.. Belə gözlənilməz bir zərbə… Ananız bu qədər qəzəblənmişdi?

– Bəli… Anam sizin haqqınızda heç nə eşitmək istəmir.

– Bu dəhşətdir! Deməli ki, heç bir ümid yoxdur?

– Əsla!

– Axı biz niyə belə bədbəxt olduq? Ax, məlun Pandalevski! Nataliya Alekseyevna, siz məndən soruşursunuz ki, nə etmək fikrindəyəm? Mənim başım fırlanır, heç nə fikirləşə bilmirəm… Mən yalnız öz bədbəxtliyimi hiss edirəm… Təəccüb edirəm ki, siz necə soyuqqanlığınızı mühafizə edə bilirsiniz.

– Elə bilirsiniz mənim üçün asandır? – Nataliya soruşdu.

Rudin bəndin üstündə gəzişməyə başladı. Nataliya ondan gözünü çəkmirdi.

– Ananız sizi sorğu-sual etmədi? – Rudin nəhayət soruşdu.

– Anam məndən sizi sevib-sevmədiyimi soruşdu.

– Yaxşı… Bəs siz nə dediniz?

Nataliya bir qədər susub dedi:

– Mən yalan demədim.

Rudin onun əlindən tutdu.

– Siz hər zaman və hər cəhətdən nəcibsiniz, alicənabsınız! Of, qız qəlbi xalis qızıldır! Yaxşı, bəs sizin ananız bizim evlənməyimizin mümkün olmaması barəsindəki fikrini qəti söylədi?

– Bəli, qəti. Mən artıq sizə dedim ki, o, sizin mənimlə evlənmək fikrində olmadığınıza inanır.

– Deməli, ananız məni adamaldadan hesab edir! Mən nə etmişəm ki, o mənim barəmdə belə fikirləşir?

Rudin başını tutdu.

– Dmitri Nikolayeviç! – Nataliya dedi. – Biz vaxtı hədər yerə itiririk. Bilin ki, mən sizinlə sonuncu dəfə görüşürəm. Mən bura nə ağlamağa, nə də şikayət etməyə gəlmişəm, ağlamadığımı görürsünüz, mən məsləhət üçün gəlmişəm.

– Axı mən sizə nə məsləhət verə bilərəm, Nataliya Alekseyevna?

– Nə məsləhət? Siz kişisiniz, mən sizə inanmağa öyrəşmişəm və axıra qədər sizə inanacağam. Deyin görüm, sizin fikriniz nədir?

– Mənim fikrim! Ananız yəqin ki, məni evə də qoymaz.

– Ola bilər, anam elə dünən mənə dedi ki, sizinlə tanışlığı kəsim. Lakin siz mənim sualıma cavab vermədiniz.

– Hansı sual?

– Nə fikirdəsiniz, biz indi nə etməliyik?

– Nə etməliyik? Aydın şeydir ki, gərək itaət edək.

– İtaət edək… – Nataliya ağır-ağır təkrarladı. Onun dodaqlarının rəngi qaçdı.

– Taleyə itaət etməlkiyik, – Rudin davam etdi, – nə çarə?! Bunun nə qədər acı, ağır və dözülməz bir şey olduğunu mən yaxşı bilirəm. Ancaq özünüz fikirləşin, Nataliya Alekseyevna, mən yoxsulam… Doğrudur, mən işləyə bilərəm, lakin mən varlı adam da olsam, siz zorla ailənizdən ayrılmağa, ananızın qəzəblənməyinə dözə bilərsinizmi? Yox, Nataliya Alekseyevna! Bunu heç ağıla da gətirmək olmaz. Görünür, bizə bir yerdə yaşamaq qismət deyilmiş. Mənim xəyal etdiyim o səadət mənim nəsibim olmayacaqmış!

Nataliya birdən əlləriylə üzünü tutub ağlamağa başladı. Rudin ona yaxınlaşdı.

– Nataliya Alekseyevna! Əzizim Nataliya! Ağlamayın, allah eşqinə, mənim ürəyimi parçalamayın, sakit olun.

Nataliya başını qaldırdı.

– Mənə deyirsiniz ki, sakit olum? – Nataliyanın yaşlı gözləri parıldadı. – Mən sizin düşündüyünüz barədə ağlamıram… Mənə ağır gələn bu deyil… Mənə ağır gələn budur ki, sizin barənizdə səhv etmişəm… Necə yəni! Mən belə bir vəziyyətdə sizin yanınıza məsləhətə gəlirəm, sizin isə sözünüz bu olur ki, itaət etməliyik! İtaət! Deməli, siz azadlıq, fədakarlıq barəsində mülahizələrinizi işdə belə tətbiq edirsiniz, halbuki…

Nataliyanın səsi boğuldu.

– Lakin, Nataliya Alekseyevna, – Rudin tutulmuş halda sözə başladı, – bilin ki… mən sözlərimdən imtina etmirəm… ancaq…

Nataliya yeni bir şiddətlə sözünə davam etdi:

– Məndən soruşdunuz ki, anam mənim sizinlə evlənməyimdənsə meyitimi görməyə razı olduğunu deyəndə ona nə cavab vermişdim, mən ona cavab verdim ki, başqasına ərə getməkdənsə, ölməyə razı olaram. Siz isə deyirsiniz ki, itaət etməliyik! Deməli, anam düz deyirmiş, siz doğrudan da bikarçılıqdan, darıxdığınızdan mənimlə əylənirmişsiniz…

– Sizə and içirəm ki, Nataliya Alekseyevna… sizi inandırıram ki… – Rudin sözə başlamaq istədi, lakin Nataliya ona qulaq asmadı.

– Bəs siz niyə məni saxlamadınız? Bəs siz özünüz niyə… Yoxsa siz güman edirdiniz ki, heç bir əngəl çıxmayacaq? Bu barədə danışmaq mənə ar gəlir… Amma indi daha hər şey bitib.

– Nataliya Alekseyevna, siz dincəlməlisiniz. – Rudin yenə başladı. – Biz gərək ikilikdə düşünək ki, nə cür tədbir…

– Siz fədakarlıqdan o qədər tez-tez danışırdınız ki, – Nataliya yenə onun sözünü kəsdi, – ancaq bilirsiniz nə var? Əgər siz bu gün, bu saat mənə desəydiniz ki: “Səni sevirəm, lakin evlənə bilmərəm, gələcək üçün mən cavabdeh deyiləm, əlini mənə ver və dalımca gəl”, – bilin ki, mən sizin dalınızca gedərdim. Bilin ki, mən hər şeyi edərdim. Ancaq düz deyiblər, sözlə iş arasında hələ çox fərq var və siz üç gün bundan qabaq süfrə başında Volınsevin qabağında qorxaqlıq etdiyiniz kimi, indi də qorxaqlıq edirsiniz.

Rudinin üzü qızardı. Nataliyanın bu gözlənilməz coşğunluğu onu heyrətə salmışdı. Lakin onun axırıncı sözləri Rudinin izzəti-nəfsinə toxunmuşdu.

– Nataliya Alekseyevna, siz indi həddindən artıq həyəcanlısınız, məni necə amansız surətdə təhqir etdiyinizin fərqində deyilsiniz. Mən ümid edirəm ki, vaxtilə mənim haqlı olduğumu özünüz təsdiq edərsiniz, siz özünüz başa düşərsiniz ki, özünüz də dediyiniz kimi, məni heç bir şeyə məcbur etməyən bu səadətdən əl çəkmək mənim üçün nə qədər ağırdır. Sizin rahatlığınız mənim üçün dünyada hər şeydən əzizdir və bu vəziyyətdən istifadə etmək üçün mən gərək dünyanın ən alçaq adamı olaydım.

– Bəlkə də, bəlkə də… – Nataliya onun sözünü kəsdi. – Bəlkə də siz haqlısınız, mən nə danışdığımı bilmirəm, ancaq bu vaxta qədər sizə inanırdım, sizin hər bir sözünüzə inanırdım. Bundan sonra lütfən dediklərinizi ölçüb-biçin. Sizə sizi sevdiyimi deyəndə, bu sözün nə demək olduğunu bilirdim, mən hər şeyə hazırdım… İndi isə mənə bircə bu qalır ki, verdiyiniz dərsə görə sizə təşəkkür edib vidalaşım.

– Dayanın, allah eşqinə, Nataliya Alekseyevna, sizə yalvarıram. Sizə and içirəm ki, mən sizin həqarətinizə layiq deyiləm. Mənim də vəziyyətimi nəzərə alın. Mən həm sizin üçün, həm də özüm üçün cavabdehəm. Əgər sizi ən saf məhəbbətlə sevməsəydim, onda bu saat sizə təklif edərdim ki, mənimlə qaçıb gedəsiniz. Ananız gec-tez bizi bağışlayar… və o zaman… amma öz xoşbəxtliyimi düşünmədən əvvəl…

Rudin dayandı. Nataliyanın dik onun üzünə zillənmiş gözləri onu utandırdı.

– Dmitri Nikolayeviç, siz mənə namuslu adam olduğunuzu sübut etməyə çalışırsınız, mən buna şübhə etmirəm. Mülahizələriniz sizi iş görməyə qoymur, ancaq mən buna inanmaq istəyirdim, bəyəm mən bura bunun üçünmü gəlmişdim?

– Mən gözləmirdim, Nataliya Alekseyevna…

– Hə! İndi yanılıb düzünü dediniz! Bəli, siz bütün bunları gözləmirdiniz, siz məni tanımırdınız! Narahat olmayın… Siz məni sevmirsiniz, mən isə özümü heç kimə sırımaq fikrində deyiləm.

– Mən sizi sevirəm! – Rudin dedi.

Nataliya özünü dikəltdi.

– Ola bilər. Amma siz məni necə sevirsiniz? Sizin bütün sözləriniz mənim yadımdadır, Dmitri Nikolayeviç. Yadınızdadırmı, siz mənə demişdiniz ki, tamamilə bərabərlik olmadan məhəbbət ola bilməz… Siz mənim üçün həddindən artıq yüksəksiniz, siz mənim tayım deyilsiniz. Mən yerində cəzalanmışam. Sizin qarşınızda özünüzə daha çox layiq olan işlər dayanır. Bu günkü günü mən yadımdan çıxartmaram… Əlvida…

– Nataliya Alekseyevna, gedirsiniz? Yəni biz elə beləcə ayrılacağıq?

Rudin əllərini ona uzatdı. Nataliya dayandı. Rudinin yalvarıcı səsi deyəsən, ona təsir etmişdi.

– Yox, – Nataliya nəhayət dilləndi, – qəlbimdə nəyinsə qırıldığını hiss edirəm. Sanki bura şiddətli qızdırma içində gəlib sizinlə xəstə-xəstə danışmışam. Özümü ələ almalıyam. Bu olmamalıdır, siz özünüz dediniz ki, bu olmayacaq. Aman allah, mən bura gələndə fikrən öz evimlə, öz keçmişimlə vidalaşmışdım. Amma nə oldu? Mən burda kimə rast gəldim? Qorxaq bir adama… Siz hardan bilirsiniz ki, mən öz ailəmlə ayrılığa dözə bilmərəm? “Sizin ananız razı deyil… bu dəhşətdir!” – mənim sizdən eşitdiklərim bu oldu. Siz beləymişsiniz, Rudin? Yox! Əlvida… ax! Əgər siz məni sevsəydiniz, mən bunu indi, bu anda hiss edərdim… Yox, yox, əlvida!..

Nataliya sürətlə dönüb Maşaya tərəf qaçdı. Maşa bayaqdan narahat olmağa başlamışdı, uzaqdan Nataliyaya işarələr edirdi.

– Qorxaq mən deyiləm, sizsiniz! – Rudin Nataliyanın dalınca qışqırdı.

Nataliya artıq ona etina etmədi. Çöl ilə tələsik evlərinə tərəf getdi. Sağ-salamat gəlib yataq otağına girdi, ancaq astanaya ayaq qoyan kimi taqətdən düşdü və huşunu itirib Maşanın qucağına yıxıldı.

Rudin isə xeyli müddət bəndin üstündə dayandı. Nəhayət özünə gəldi, yola çıxıb getməyə başladı. O yaman pərtləşmiş… və hirslənmişdi. “Bir qıza bax ha! – deyə o, düşünürdü. – On səkkiz yaşında! Yox, mən onu tanımamışam… O çox gözəl qız imiş! Gör nə qüvvətli iradəsi var! O haqlıdır, o, mənim ona qarşı duyduğum məhəbbətdən daha qüvvətli, daha böyük məhəbbətə layiqdir… Mən ona qarşı məhəbbət duyurdummu? Bəyəm onu sevmirəm? Deməli, bütün bunlar belə qurtarmalı imiş! Mən onun qabağında nə qədər yazıq, miskin idim!”

Minik drojkisinin yüngül taqqıltısı Rudini fikirdən ayırdı. Lejnyov ona tərəf gəlirdi. Rudin dinməz-söyləməz onunla salamlaşdı və ağlına gələn ani bir fikrin təsiri ilə yoldan dönüb, sürətli addımlarla Darya Mixaylovnanın evinə tərəf getməyə başladı.

Lejnyov onun bir az uzaqlaşmağını gözlədi, onun dalınca baxdı və bir az fikirləşəndən sonra o da atını döndərib Volınsevgilə tərəf getdi. Gecəni də orda keçirtmişdi. Ora çatanda gördü ki, Volınsev yatıb. Onu oyatmağa qoymadı, eyvanda oturub qəlyan çəkə-çəkə çay vaxtını gözləməyə başladı.


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 10 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.


Популярные книги за неделю


Рекомендации