Текст книги "Rudin"
Автор книги: Иван Тургенев
Жанр: Русская классика, Классика
сообщить о неприемлемом содержимом
Текущая страница: 7 (всего у книги 10 страниц)
X
Volınsev saat on radələrində yuxudan oyandı. Lejnyovun eyvanda oturub onu gözlədiyini biləndə çox təəccübləndi və onu yanına çağırtdırdı.
– Nə olub? – deyə o, Lejnyovdan soruşdu. – Axı sən evinə getmək istəyirdin?
– Hə, istəyirdim. Amma Rudinə rast gəldim… Çöldə tək-tənha addımlayırdı. Sər-sifəti də elə pərt halda idi ki… Mən də qayıdıb gəldim.
– Deməli Rudinə rast gəldiyin üçün qayıtmısan?
– Yəni, sözün düzü, heç özüm də bilmirəm nə üçün qayıtdım. Yəqin səni xatırladığım üçün qayıtmışam. Səninlə bir az söhbət etmək istədim, evə getməyə isə vaxt tapılar.
Volınsev acı-acı güldü.
– Bəli, indi məni yad etmədən Rudini yad etmək olmaz… Hey, orda kim var? – Volınsev qışqırdı. – Bizə çay gətirin!
Dostlar çay içməyə başladılar. Lejnyov təsərrüfatdan, anbarların üstünə yeni qayda ilə kağız çəkməkdən danışdı…
Volınsev birdən yerindən sıçradı, stola elə bərk yumruq vurdu ki, stəkan-nəlbəki cingildədi.
– Yox! – deyə o qışqırdı. – Mən daha buna dözə bilmərəm! Mən o ağıl hoqqabazını duelə çağıracağam. Qoy ya o məni vursun, ya da mən onun alim alnına bir güllə çaxmağa çalışaram....
– Bəsdir, bəsdir, sən allah! – Lejnyov mızıldandı. – Belə də qışqırmaq olar? Çubuğum əlimdən düşdü ki… Sənə nə oldu?
– O oldu ki, mən onun adını eşidəndə laqeyd qala bilmirəm, qan beynimə vurur.
– Bəsdir, ay qardaş, bəsdir! Eyib deyil? – Lejnyov qəlyanı yerdən götürə-götürə dedi. – Ondan əl çək. Qoy rədd olsun!
– O məni təhqir edib! – Volınsev otaqda gəzişə-gəzişə sözünə davam etdi. – Bəli, o məni təhqir edib. Sən özün bunu təsdiq etməlisən. İlk əvvəl mən özümü itirmişdim, o məni çaşdırmışdı, axı bir də bunu kim gözləyə bilərdi? Ancaq mən ona sübut edərəm ki, məni lağa qoymaq olmaz… O məlun filosofu kəklik kimi vuraram.
– Əlbəttə, bununla sən çox şey qazanmış olarsan. Mən hələ bacını demirəm. Məlum şeydir, sən ehtirasa qapılmısan… Daha bacın hardan yadına düşür? Bəs o birisi barəsində fikrin nədir? Filosofu öldürməklə işlərin düzələcək?
Volınsev kresloya çökdü.
– Onda çıxıb harasa gedərəm! Yoxsa burda qəm-qüssədən ürəyim partlayar. Bir yerdə qərar tuta bilmirəm.
– Gedərsən… Bu başqa məsələ! Mən bununla razıyam. Bilirsən sənə təklifim nədir? Gəl bir yerdə Qafqaza, ya da elə Malorosiyaya qaluşki yeməyə gedək. Gözəl olar, qardaş.
– Yaxşı. Bəs bacımı kimin yanında qoyaq?
– Aleksandra Pavlovna bizimlə niyə getməsin ki? Vallah qiyamət olar. Ona nəvaziş etmək mənim boynuma! Heç bir cəhətdən əyər-əksiyi olmaz. İstəsə lap hər axşam pəncərəsinin qabağında serenada oxuyaram, sürücülərin üst-başına odekolon çiləyərəm, yollarına gül səpərəm. Səninlə mən isə lap təzədən anadangəlmə olarıq. O qədər ləzzət çəkərik ki, lap yekəqarın olub qayıdarıq, ondan sonra bizə daha heç bir eşq-filan kar edə bilməz.
– Sən elə hey zarafat edirsən, Mişa!
– Heç zarafat zad eləmirəm. Sənin ağlına çox gözəl fikir gəlib.
– Yox! Boş sözdür! – Volınsev yenə qışqırdı. – Mən vuruşmaq, onunla vuruşmaq istəyirəm!
– Yenə başladı! Qardaş, deyəsən, bu gün sən yaman hirslisən…
Xidmətçi məktub gətirib gəldi.
– Kimdəndir? – Lejnyov soruşdu.
– Dmitri Nikolayeviç Rudindən. Lasunskilərin xidmətçisi gətirdi.
– Rudindən? – Volınsev soruşdu. – Kimə?
– Sizədir.
– Mənə? Ver görüm.
Volınsev məktubu alan kimi açıb oxumağa başladı. Lejnyov diqqətlə onun üzünə baxırdı… Volınsevin üzündə qəribə, demək olar ki, şən bir heyrət əlaməti zahir olmaqda idi. O, əllərini yanına saldı.
– Nə olub? – Lejnyov soruşdu.
– Al, oxu, – Volınsev məktubu ona uzatdı.
Lejnyov Rudinin məktubunu oxumağa başladı:
“Möhtərəm cənab Sergey Pavloviç!
Mən bu gün Darya Mixaylovnanın evini birdəfəlik tərk edirəm. Bu, xüsusən də dünənki əhvalatdan sonra sizi çox heyrətə salacaq. Mənim məhz belə hərəkət etməyimə nə səbəb olduğunu sizə izah edə bilmərəm. Ancaq nədənsə mənə elə gəlir ki, getməyimi sizə xəbər verməliydim. Sizin məndən xoşunuz gəlmir, hətta məni pis adam hesab edirsiniz. Mən özümü təmizə çıxartmaq fikrində deyiləm: zaman məni təmizə çıxartacaq. Əvvəlcədən inam sahibi olan bir adama onun inamının haqsız olduğunu isbat etmək məncə kişiyə yaraşan iş deyil və faydası da yoxdur. Məni başa düşmək istəyən insan məni bağışlayar, başa düşmək istəməyən və ya başa düşə bilməyən adamın məni təqsirləndirməsinin mənim üçün heç bir əhəmiyyəti yoxdur. Sizin barənizdə səhv etmişəm. Mənim nəzərimdə siz yenə əvvəlki kimi nəcib və sədaqətli bir adam olaraq qalırsınız, ancaq mən elə güman edirdim ki, siz içində böyüdüyünüz mühitdən yuxarıda dayanmağı bacarırsınız… Mən yanıldım. Nə çarə? Bu birinci və sonuncu səhvim deyil. Təkrar edim ki, çıxıb gedirəm və sizə səadət arzu edirəm. Təsdiq edərsiniz ki, bu arzum tamamilə qərəzsizdir və ümid edirəm, siz indi xoşbəxt olarsınız. Bəlkə də haçansa mənim barəmdə fikrinizi dəyişərsiniz. Haçansa görüşüb-görüşməyəcəyimizi bilmirəm. Amma hər halda sizə səmimi hörmət bəsləməyə davam edəcəyəm.
D. R.
P.S. Sizə borclu olduğum iki yüz manatı T… quberniyasına, öz kəndimə çatan kimi göndərəcəyəm. Xahiş edirəm, bu məktub barəsində Darya Mixaylovnaya heç nə deməyəsiniz.
P.P.S. Bir də son və mühüm bir xahişim var: ümid edirəm, mənim sizə gəldiyimi Nataliya Alekseyevnaya deməyəcəksiniz”.
Lejnyov məktubu oxuyub qurtaran kimi Volınsev soruşdu:
– Hə, buna nə deyirsən?
– Nə deyəsən? – Lejnyov dedi. – Şərq sayağı “Allah! Allah!” – deyib barmağını dişləməlisən, bndan başqa heç nə etmək olmaz. O çıxıb gedir. Yaxşı! Yolu açıq olsun! Qəribə olan bilirsən nədi? O bu məktubu yazmağı özünə borc bilib, eynilə sənin yanına gəlməyi özünə borc bildiyi kimi… Bu cənablar addımbaşı özlərinə bir borc tapırlar. Onlar üçün hər yerdə borc var.
Lejnyov gülə-gülə post skriptumu göstərdi.
– Hələ bir gör nə cümlələr toxuyur! – Volınsev dedi. – Mənim barəmdə yanılıbmış, gözləyirmiş ki, hansısa mühitdən yüksəkdə dayanacağam… Bu nə cəfəngiyyatdır? Şeirdən də pisdir.
Lejnyov cavab vermədi, onun gözləri gülürdü. Volınsev ayağa durdu.
– İstəyirəm Darya Mixaylovnagilə gedim. Bilmək istəyirəm ki, orda nə baş verir.
– Bir dayan, ay qardaş. Qoy rədd olub getsin. Axı niyə yenə onunla üz-üzə gələsən? O ki çıxıb gedir, daha nə istəyirsən? Yaxşısı budur get, uzan yat. Yəqin ki, bütün gecəni yerində qurcalanmısan. İndi daha işlərin düzəlir.
– Sən bu nəticəni hardan çıxartdın?
– Eləcə. Mənə belə gəlir. Düz deyirəm, get yat. Mən də bacının yanına gedim, bir az onunla söhbət edim.
– Mən yatmaq istəmirəm. Axı niyə yatım? Yaxşısı gedib zəmilərə baxaram.
– O da pis olmaz. Get, qardaş, get zəmilərə bax.
Lejnyov durub Aleksandra Pavlovnanın yanına getdi. Qonaq otağında olan Aleksandra Pavlovna Lejnyovu xoş üzlə qarşıladı. O həmişə Lejnyovun gəlişinə şad idi, amma onun üzü kədərliydi. Rudinin dünənki gəlişi onu narahat etmişdi.
– Qardaşımın yanından gəlirsiniz? – O, Lejnyovdan soruşdu. – O necədir?
– Pis deyil, zəmilərə baxmağa getdi.
Aleksandra Pavlona bir müddət susdu.
– Siz allah, – o, əl yaylığının naxışlarına baxıb dedi, – siz bilmirsiniz ki…
– Rudin niyə gəlmişdi? – Lejnyov sözü onun ağzından aldı. – Bilirəm, o vidalaşmağa gəlmişdi.
Aleksandra Pavlovna başını qaldırdı.
– Necə, vidalaşmağa?
– Hə, bəyəm eşitməmisiniz? O, Darya Mixaylovnagildən gedir.
– Gedir?
– Həmişəlik. Hər halda, özü belə deyir.
– Axı, lütf edin, bütün bu olanlardan sonra bunu necə başa düşmək olar?
– Hə, o başqa işdir! Bu işi başa düşmək olmaz, ancaq belə olmağına belədir. Görünür aralarında nəsə bir şey olub. Simi həddindən artıq çəkib, sim də qırılıb.
Aleksandra Pavlovna dedi:
– Mixaylo Mixaylıç, mən heç nə başa düşmürəm. Məncə siz məni ələ salırsınız…
– Vallah yox… Deyirəm ki, o çıxıb gedir, hətta tanışlara məktubla bu barədə xəbər də göndərir. Məncə, bu elə də pis olmadı, ancaq onun gedişi olduqca qəribə bir əhvalatın baş tutmasına mane oldu, bu barədə sizin qardaşınızla söhbətə başlamışdıq.
– O nə əhvalatdır elə?
– Əhvalat belədir. Mən qardaşınıza təklif edirdim ki, əyləncə üçün səyahətə çıxaq və sizi də özümüzlə aparaq. Sizə xidmət etməyi mən öz öhdəmə götürmüşdüm…
– Bu çox gözəl olardı! – Aleksandra Pavlovna səsini ucaltdı. – Sizin mənə necə xidmət edəcəyinizi təsəvvür edirəm. Yəqin ki, məni acından öldürərdiniz.
– Aleksandra Pavlovna, məni tanımadığınız üçün belə deyirsiniz. Elə bilirsiniz ki, mən kötüyün biriyəm. Heç bilirsiniz ki, mən qənd kimi əriyə bilərəm, günlər uzunu diz çöküb otura bilərəm?
– Açığı, buna tamaşa etmək istərdim!
Lejnyov birdən ayağa durdu:
– Mənə ərə gəlin, Aleksandra Pavlovna, onda bütün bunları görərsiniz.
Aleksandra Pavlovna qulaqlarına qədər qızardı. Utana-utana soruşdu:
– Mixaylo Mixaylıç, bu nə söz idi dediniz?
– Bunu sözə çoxdan demək istəyirdim, min dəfə dilimin ucuna gəlmişdi. Nəhayət dedim. Siz istədiyiniz kimi hərəkət edə bilərsiniz. Sizi utandırmamaq üçün durub gedirəm, əgər mənim arvadım olmaq istəyirsinizsə… əgər məndən zəhləniz getmirsə, tapşırın məni çağırsınlar. Mən onda başa düşərəm.
Aleksandra Pavlovna Lejnyovu saxlamaq istədi, ancaq o tələsik bağa çıxdı, heç şapkasını da götürmədi, bağda qapıya söykənib harasa tamaşa etməyə başladı.
– Mixaylo Mixaylıç! – Xidmətçi onu səslədi. – Xanımın yanına buyurun, əmr etdi sizi çağırım.
Mixaylo Mixaylıç gəlib hər iki əliylə xidmətçinin başından tutdu və onun alnından öpdü. Xidmətçinin heyrətli baxışları altında Aleksandra Pavlovnanın yanına getdi.
XI
Rudin Lejnyova rast gələndən sonra evə qayıdıb otağına çəkildi və iki məktub yazdı: bunlardan biri Volınsevə (bu məktub artıq oxuculara məlumdur), o birisi isə Nataliyaya idi. Rudin bu ikinci məktubun üstündə xeyli çalışdı, yazdığı bir çox şeyi qaralayıb dəyişdirdi, üzünü çox-çox diqqətlə zərif poçt kağızına köçürdüb mümkün qədər balaca bükdü və cibinə qoydu. Rudin qəmgin halda otağında var-gəl etdi, sonra kresloya oturub dirsəkləndi. Kipriklərində yavaş-yavaş göz yaşları zahir oldu… ayağa durub düymələrini bağladı, xidmətçini çağırıb tapşırdı ki, Darya Mixaylovnadan onunla görüşməyin mümkün olub-olmadığını soruşsun.
Xidmətçi tezliklə qayıdıb Darya Mixaylovnanın onu gözlədiyini bildirdi. Rudin onun yanına getdi.
Darya Mixaylovna bundan iki ay əvvəl olduğu kimi, Rudini kabinetində qəbul etdi. Ancaq indi Darya Mixaylovna tək deyildi, həmişəki kimi təvazökar, təravətli, tər-təmiz və qəlbi kövrək görünən Pandalevski onun yanında oturmuşdu.
Darya Mixaylovna Rudini mehribanlıqla qəbul etdi, Rudin də ona mehribanlıqla baş əydi. Ancaq az-çox təcrübəsi olan hər kəs onların təbəssüm oynayan üzlərindən başa düşərdi ki, aralarında zahirə çıxmayan xoşgəlməz bir hadisə baş verib. Rudin Darya Mixaylovnanın ona acıqlı olduğunu bilirdi. Darya Mixaylovna da güman edirdi ki, artıq hər şey Rudinə məlumdur.
Pandalevskinin çuğulu Darya Mixaylovnanın kefini yaman pozmuşdu. Onun kübarlara məxsus təkəbbürü yaman cuşa gəlmişdi. Rudin kimi yoxsul, mənsəbsiz və hələ məşhur olmayan bir adam onun qızı – Darya Mixaylovna Lasunskayanın qızı ilə görüş təyin etmək dərəcəsində qudurmuşdu!
Darya Mixaylovna deyirdi:
– Tutaq ki, o ağıllıdır, dahidir! Axı bu nəyi sübut edir? Bundan sonra hər ürəyi istəyən mənə kürəkən olmaq ümidinə düşə bilər?
Pandalevski onun sözünə qüvvət verirdi:
– Mən xeyli müddət gözlərimə inanmadım. Təəccüb edirəm, necə olur ki, bu adam öz yerini bilmir?
Darya Mixaylovna çox həyəcanlanmış və Nataliyanı yaman danlamışdı.
Darya Mixaylovna Rudindən oturmasını xahiş etdi. Rudin oturdu, ancaq bu evin demək olar ki, sahibi olan əvvəlki Rudin kimi yox, hətta yaxın tanış kimi də yox, qonaq kimi, həm də o qədər də yaxın olmayan qonaq kimi oturdu. Bütün bunlar bircə anın içində oldu… Suyun birdən-birə bərkiyib buza dönməsi kimi oldu.
– Darya Mixaylovna, mən sizin yanınıza, – deyə Rudin sözə başladı, – qonaqpərvərliyinizə görə təşəkkür etməyə gəldim. Bu gün kəndimdən xəbər almışam və mütləq ora getməliyəm.
Darya Mixaylovna davamlı nəzərlərlə ona baxıb fikirləşdi: “O məni qabaqladı. Yəqin ki, işin nə yerdə olduğunu başa düşüb. O mənim canımı ürək üzən izahatdan qurtardı, daha yaxşı. Yaşasın ağıllı adamlar!”
– Doğrudan? – Darya Mixaylovna soruşdu. – Bu nə pis oldu! Yaxşı, nə çarə? Ümid edirəm ki, bu qış sizi Moskvada görərəm. Biz özümüz də bu yaxında burdan gedəcəyik.
– Darya Mixaylovna, Moskvaya gəlməyə müvəffəq olub-olmayacağımı bilmirəm, ancaq əgər vəsait düzəldə bilsəm, sizin yanınıza gəlməyi özümə borc bilərəm.
“Görürsən, qardaş! – Pandalevski özlüyündə fikirləşdi. – Bir az əvvəl burda ağa kimi sərəncam verirdin, indisə gör necə danışmaq məcburiyyətində qalmısan!”
– Deməli, kənddən aldığınız xəbər xoş deyil, elədir? – Pandalevski həmişəki kimi ağır-ağır soruşdu.
– Bəli. – Rudin quru əda ilə cavab verdi.
– Bəlkə məhsul yaxşı olmayıb?
– Yox… Başqa işdir… İnanın, Darya Mixaylovna, evinizdə keçirtdiyim vaxtı heç zaman yaddan çıxartmayacağam.
– Mən də, Dmitri Nikolayeviç, sizinlə tanışlığımızı həmişə məmnuniyyətlə yad edəcəyəm. Haçan gedəcəksiniz?
– Bu gün, nahardan sonra.
– Belə tez?! Yaxşı, sizə yaxşı yol. Əgər işdir, orda işləriniz sizi çox ləngitməsə, bəlkə gəlib bizi elə burda da görə bilərsiniz.
– Çətin mümkün ola. – Rudin ayağa durdu. – Məni bağışlayın, sizə olan borcumu indi verə bilməyəcəyəm. Ancaq kəndə çatan kimi…
– Di bəsdirin, Dmitri Nikolayeviç! – deyə Darya Mixaylovna onun sözünü kəsdi. – Sizin üçün eyib deyil?.. Yaxşı, saat neçədir?
Pandalevski jiletinin cibindən üstü minalı qızıl saatı çıxarıb baxdı.
– Üçə iyirmi yeddi dəqiqə qalıb, – dedi.
– Geyinmək vaxtıdır, – Darya Mixaylovna dedi. – Xudahafiz, Dmitri Nikolayeviç!
Rudin ayağa durdu. Onunla Darya Mixaylovna arasında gedən bu söhbətdə nəsə xüsusi bir cəhət vardı. Aktyorlar rolunu belə məşq edir, diplomatlar konferensiyalarda əvvəlcədən müəyyən edilmiş cümlələrlə belə danışır…
Rudin otaqdan çıxdı. O indi təcrübəsindən bilirdi ki, kübar adamlar onlar üçün lüzumsuz olan adamları hətta atmırlar, sadəcə, baldan sonra əlcəyə, konfet kağızına, udmayan lotoreya biletinə laqeyd olduqları kimi etinasız olurlar.
O, əşyalarını tələsik yığışdırıb getmək anını səbirsizliklə gözləməyə başladı. Evdəkilər hamısı onun niyyətindən xəbər tutub heyrətləndi. Hətta qulluqçular ona qəribə baxışlarla baxırdı. Basistov öz kədərini gizlətmirdi. Nataliya Rudinə rast gəlməkdən açıq-aşkar çəkinirdi, onunla göz-gözə gəlməməyə çalışırdı. Lakin Rudin məktubu Nataliyaya ötürməyə macal tapmışdı. Nahardan qabaq Darya Mixaylovna bir də təkrar etdi ki, Moskvaya getmədən əvvəl Rudini bir də burda görməyi ümid edir, lakin Rudin ona cavab vermədi. Pandalevski Rudin ilə hamıdan çox danışırdı. Dəfələrlə Rudinin ürəyindən keçdi ki, durub onun üstünə düşsün və onun təravətli, çəhrayı sifətini əzişdirsin. Xanım Bonkur tez-tez hiyləgər və qəribə baxışla Rudinə baxırdı. Qoca və çox ağıllı ov tulalarında bəzən belə bir ifadə görmək olur… Elə bil xanım Bonkur öz-özünə deyirdi: “Bax, belə yumşalarsan ha!”
Nəhayət saat altı oldu və Rudinin tarantasını3535
Tarantas – yol arabası.
[Закрыть] qapıya çəkdilər. O, tələsik hamı ilə vidalaşmağa başladı. Ürəyində özünü çox pis hiss edirdi. O, bu evdən belə ayrılacağını gözləmirdi, elə bil onu qovurdular… Rudin məcburi təbəssümlə hamıya baş əyəndə fikirləşdi: “Bütün bunlar necə baş verdi? Axı mən niyə tələsdim? Amma fərqi yoxdur, axırı bir olacaqdı”. O, axırıncı dəfə Nataliyaya baxanda ürəyi çırpındı. Nataliyanın kədərli və məzəmmətli gözləri ona zillənmişdi.
Rudin tələsik pilləkanları düşüb tarantasa sıçradı. Basistov onu birinci stansiyaya qədər ötürmək istədiyini deyib yanında oturdu.
Tarantas həyətdən çıxıb hər iki tərəfinə küknar ağacları əkilmiş yolla getməyə başlayan kimi Rudin dedi:
– Yadınızdadır, Don Kixot hersoginyanın sarayından çıxanda silah gəzdirəninə nə deyir? Deyir ki: “Dostum Sanço, azadlıq insanın ən qiymətli nemətlərindən biridir və o adam xoşbəxtdir ki, allah ona bir parça minnətsiz çörək bəxş edib və o, bu çörək üçün heç kimə minnətdar deyil!” Don Kixotun o zaman hiss etdiyini mən indi hiss edirəm… Əzizim Basistov, allah eləsin ki, siz də bir zaman bunu hiss edəsiniz!
Basistov Rudinin əlini sıxdı və bu sədaqətli gəncin kədərli saf qəlbi şiddətlə döyündü. Rudin stansiyaya çatana qədər insanın ləyaqətindən, həqiqi azadlığın əhəmiyyətindən coşğun nəcib və həqiqi bir ifadə ilə danışdı. Ayrılıq anı çatanda Basistov dözə bilməyib onun boynunu qucaqladı və hönkürməyə başladı. Rudinin də gözündən yaş axdı, ancaq o, Basistovdan ayrıldığı üçün ağlamırdı, onun göz yaşları xudbinlikdən doğan göz yaşları idi.
Nataliya öz otağına çəkilib Rudinin məktubunu oxumağa başladı. Rudin belə yazmışdı:
“Əziz Nataliya Alekseyevna, mən getmək qərarına gəldim. Başqa yolum yoxdur. Mənə açıq-aşkar rədd olub getməyimi təklif etməmişdən əvvəl çıxıb getməyi qət etdim. Gedişimlə bütün anlaşılmazlıqlar aradan qalxmış olar. Mənim üçün təəssüflənən isə, yəqin ki, heç olmayacaq. Nə gözləyim?.. Hər şey belədir. Bununla belə, sizə nə üçün yazıram?
Sizdən yəqin ki, həmişəlik ayrılıram və sizin hüzurunuzda layiq olduğumdan daha pis xatirə buraxıb getmək mənim üçün həddindən artıq acı olardı. Buna görə sizə yazıram. Mən nə özümü təmizə çıxartmaq, nə də başqa bir kəsi təqsirləndirmək fikrindəyəm. Mümkün qədər öz barəmdə izahat vermək istəyirəm… son günlərdəki hadisələr o qədər gözlənilməz, o qədər ani idi ki…
Bu günkü görüş mənim üçün yadda qalan dərs olacaq. Bəli, siz haqlısınız: mən sizi tanımamışdım, tanıdığımı güman etmişdim! Həyatda hər cür adama rast gəlmişəm, bir çox qız və qadınla yaxın olmuşam, lakin sizə rast gələndə, ilk dəfə tamamilə sadiq və düz qəlbə rast gəlmiş oldum. Mən buna alışmamışdım və sizi qiymətləndirə bilmədim. Tanış olduğumuz ilk gündən başlayaraq sizə qarşı bir meyl duymuşdum, siz bunu başa düşmüş olarsınız, mən saatlarla sizinlə vaxt keçirtmiş və sizi tanıya bilməmişdim. Bəlkə heç sizi tanımağa çalışmamışdım da… Amma elə güman edirdim ki, sizi sevmişəm! İndi bu günahımın cəzasını çəkirəm.
Mən əvvəl də bir qadın sevmişdim, o da məni sevmişdi… Bizim bir-birimizə qarşı olan hisslərimiz mürəkkəb idi, ancaq o özü sadə olmadığı üçün, bu münasibət yerinə düşmüşdü. O zaman həqiqət mənim gözümə görünməmişdi, indi də həqiqət mənim qabağıma çıxdığı halda, onu görə bilmədim… Nəhayət onu gördüm, amma daha iş-işdən keçmişdi… Olana çarə yoxdur. Bizim həyatımız birləşə bilərdi, amma artıq heç vaxt birləşməyəcək. Mən sizə necə sübut edim ki, sizi həqiqi məhəbbətlə, xəyali məhəbbətlə deyil, ürək məhəbbəti ilə sevə bilərdim? – Halbuki mən özüm belə bir məhəbbətə qabil olub-olmadığımı bilmirəm!
Təbiət mənə çox şey verib – mən bunu bilirəm və saxta utancaqlıq göstərib sizin qarşınızda xüsusən indi, mənim üçün belə acı və belə eyibli olan anlarda təvazökarlıq etməyəcəyəm… Bəli, təbiət mənə çox şey verib, lakin mən öz qüvvəmə layiq olan bir iş görmədən, özümdən sonra heç bir xeyirli iş qoymadan ölüb gedəcəyəm. Mənim bütün sərvətim boş-boşuna itib batacaq, mən əkdiyim toxumların meyvəsini görməyəcəyəm. Məndə nəsə çatışmır… Bu çatışmayan şeyin məhz nə olduğunu özüm də deyə bilmərəm… Yəqin məndə həmin o şey çatmır ki, onsuz insanların qəlbini hərəkətə gətirmək və həmçinin qadın qəlbinə yiyələnmək mümkün deyil. Yalnız ağıllara hökm etmək istə, həm davamsız, həm də faydasızdır. Mənim taleyim qəribə, demək olar ki, gülüncdür. Mən bütün varlığımla, bütün qəlbimlə özümü fəda etmək istəyirəm, amma edə bilmirəm. Yəqin mənim axırım belə bitəcək ki, özümü hətta inanmadığım boş və mənasız bir şeyin yolunda fəda edəcəyəm… Aman allah! Otuz beş yaşım var, ancaq hələ indi nəsə eləməyə təşəbbüs göstərirəm!..
Mən hələ heç kimin qabağında qəlbimi belə açmamışam.
Lakin mənim barəmdə daha bəsdir. Mən sizin barənizdə danışmaq, sizə bəzi məsləhətlər vermək istəyirəm. Mən bundan artıq heç nəyə yaramıram… Siz hələ gəncsiniz, lakin siz nə qədər yaşasanız, həmişə qəlbinizin dediklərinə qulaq asın. Heç vaxt nə özünüzün, nə də başqasının ağlına tabe olmayın. İnanın, həyatın keçdiyi dairə nə qədər bəsit, nə qədər dar olsa, o qədər yaxşıdır. Məsələ burda yeni cəhətlər axtarıb tapmaqdan ibarət deyil, bütün bu keçidlərin öz vaxtında olmasından ibarətdir. “Xoşbəxt o adamdır ki, gəncliyində gənc olsun…” Ancaq mən hiss edirəm ki, bu məsləhətlər sizdən çox özümə aiddir.
Nataliya Alekseyevna, etiraf edirəm ki, bu hal mənim üçün olduqca ağırdır. Mən Darya Mixaylovnaya təlqin etdiyim hissin keyfiyyəti barəsində heç vaxt özümü aldatmamışam. Lakin mən ümid edirdim ki, heç olmasa müvəqqəti bir sığınacaq tapmışam… İndi yenə də sərgərdan olub dünyanı gəzməliyəm. Sizin söhbətinizi, sizin mövcudiyyətinizi, sizin diqqətli və ağıllı baxışınızı mənim üçün nə əvəz edə bilər?.. Mən özüm müqəssirəm, lakin təsdiq edərsiniz ki, tale elə bil qəsdən bizə istehza edib. Bir həftə bundan əvvəl sizi sevdiyimi mən özüm də zorla duymuşdum. Üç gün bundan əvvəl, axşam, bağda mən ilk dəfə sizdən eşitdim ki… Ancaq o zaman söylədiyiniz sözü indi sizin yadınıza salmağın nə mənası var? Budur, bu gün çıxıb gedirəm, həm də sizinlə o acı sözləşmədən, bütün ümidlərim puça çıxandan sonra biabır olaraq çıxıb gedirəm… Siz hələ bilmirsiniz ki, mən sizin qarşınızda nə dərəcədə müqəssirəm… Məndə nəsə axmaqca hər şeyi açıb demək, nəsə bir çərənçilik var… Ancaq bu barədə danışmağın mənası nədir? Mən həmişəlik çıxıb gedirəm.
(Burda Rudin özünün Volınsevin yanına getdiyini Nataliyaya nəql etmək istəyirdi, ancaq bir az fikirləşib bu yeri qaraladı, Volınsevə yazdığı məktuba isə ikinci post skriptumu əlavə etdi.)
Mən bu dünyada tək-tənha qalıram ki, sizin bu gün səhər mənə amansız bir gülüşlə dediyiniz, özümə xas olan işlərlə məşğul olum. Heyhat! Barı doğrudan da bu işlərlə məşğul olmağı, nəhayət öz tənbəlliyimi məğlub etməyi bacarsaydım… Amma yox! Mən bu vaxta qədər olduğum kimi, həmin natamam məxluq olaraq qalacağam… Qarşıma birinci maneə çıxan kimi sarsıldım, sizinlə baş verən hadisə bunu mənə sübut etdi. Barı mən öz məhəbbətimi, heç olmasa öz gələcək işimə, öz məqsəd və məsləyimə qurban etmiş olaydım! Lakin mən sadəcə öz üzərimə düşəcək məsuliyyətdən qorxdum, buna görə də mən doğrudan sizə layiq deyiləm. Mən ona layiq deyiləm ki, məndən ötrü mühitinizdən ayrılasınız… Amma ola bilər ki, bunlar hamısı yaxşılığadır. Ola bilər ki, bu imtahandan mən daha təmiz və daha qüvvətli çıxmış olaram.
Sizə tam səadət arzu edirəm. Əlvida! Hərdən məni yad edin. Ümid edirəm ki, hələ mənim barəmdə eşidəcəksiniz.
Rudin”
Nataliya Rudinin məktubunu dizlərinin üstünə qoyub gözlərini döşəməyə zillədi və xeyli müddət hərəkətsiz oturdu. Qeyri-ixtiyari olaraq səsini ucaldıb Rudinin onu sevmədiyini söyləməkdə nə qədər haqlı olduğunu bu məktub hər cür dəlildən daha aydın sübut edirdi! Ancaq Nataliyanın halı bundan yüngülləşmədi. O, hərəkətsiz oturmuşdu, ona elə gəlirdi ki, nəsə xışıltısız, qaranlıq dalğalar onun başının üstündə birləşir və o, donmuş və keyikmiş halda dibə gedir. İlk məyusluq hamı üçün ağırdır, lakin özünü aldatmaq istəməyən, hər cür yüngüllük və mübaliğədən uzaq olan səmimi bir qəlb üçün bu, demək olar ki, dözülməzdir. Nataliya öz uşaqlığını yada saldı, o zaman o, axşamlar gəzməyə çıxanda həmişə göyün işıqlı tərəfinə, şəfəq yandığı tərəfə getməyə çalışır, qaranlıq tərəfə getmirdi. İndi həyat onun qarşısında qaranlıqlaşmış və o, arxası işığa dayanmışdı…
Nataliyanın gözlərindən yaş axmağa başladı. Göz yaşları həmişə təskinedici olmur. Onlar o zaman xoş və təskinedici olur ki, uzun müddət sinədə qaynayıb, nəhayət əvvəl çətinliklə, sonra get-gedə daha asan və şirin halda axıb tökülsün. Qəm-qüssənin səssiz-səmirsiz qövr etməsini yalnız bu cür göz yaşları söndürür… Amma soyuq, xəsis axan göz yaşları da var ki, ürəyə ağır və hərəkətsiz yük kimi çökən dərd, bu göz yaşlarını damla-damla çıxardır. Bu göz yaşları fərəhsiz olur, heç bir təskinlik vermir. Belə göz yaşlarını axıdan ehtiyacdır. Bir də belə göz yaşları tökməyən adam hələ bədbəxt sayılmaz. Nataliya bu gün həmin bu göz yaşlarının nə demək olduğunu bildi.
Aradan iki saata qədər keçdi. Nataliya özünü ələ alıb ayağa durdu, gözlərini sildi, şamı yandırdı və Rudinin məktubunu şamda yandırıb külünü pəncərədən sovurdu. Sonra o, Puşkinin kitabını açıb rast gələn ilk misraları oxudu (o, çox vaxt bu kitabla fala baxırdı), qarşısına bu parça çıxdı:
Hiss edən bir qəlbi ağrıdar əlbət,
Bir daha dönməyən günlərin yadı…
O bilməz bir daha nədir məhəbbət,
Onu bir ilan tək, öz xatiratı,
Onu peşimanlıq sancar, gəmirər…
Nataliya bir qədər dayanıb soyuq təbəssümlə güzgüdə özünə baxdı və başına üstdən aşağı kiçik bir hərəkət verib qonaq otağına düşdü.
Darya Mixaylovna onu görən kimi kabinetinə apardı, qabağında oturtdu, yanağını oxşadı, diqqət və maraqla gözlərinə baxdı. Darya Mixaylovna gizlin bir çaşqınlıq hiss edirdi, ilk dəfə ağlına gəlirdi ki, əslində öz qızını tanımır. Darya Mixaylovna qızının Rudinlə görüşdüyünü Pandalevskidən eşidəndə hirslənmişdi, amma hirslənməkdən də çox, ağıllı-kamallı Nataliyanın belə bir hərəkətə necə cürət etdiyinə təəccüblənmişdi. Ancaq o, Nataliyanı çağırıb onu avropalı qadından gözlənilməyən şəkildə, xeyli qaba surətdə danlamağa başlayanda, Nataliyanın cavablarının möhkəmliyi, onun baxışlarının və hərəkətlərinin qətiliyi Darya Mixaylovnanı pərt etmiş, hətta onu qorxutmuşdu.
Rudinin gözlənilmədən və çox da anlaşılmaz şəkildə çıxıb getməyi Darya Mixaylovnanın qəlbindən böyük bir yük qaldırmışdı, lakin o, göz yaşı və bayılmalar gözləyirdi… Nataliyanın zahiri sakitliyi yenə onu çaşdırdı.
– Hə, nə var, bala can? Bu gün necəsən?
Nataliya anasına baxdı.
– Axı o… Sənin xoşladığın adam çıxıb getdi. Bilmirsən o nə üçün belə tez yığışıb getdi?
– Ana can, – Nataliya yavaşca dedi, – sizə söz verirəm ki, əgər siz özünüz onu yada salmasanız, məndən onun barəsində heç vaxt heç bir şey eşitməyəcəksiniz.
– Deməli, sən mənim qarşımda müqəssir olduğunu boynuna alırsan?
Nataliya başını aşağı salıb bir də təkrar etdi:
– Siz məndən heç vaxt heç bir şey eşitməyəcəksiniz.
– Yaxşı! – Darya Mixaylovna təbəssümlə dedi. – Mən sənə inanıram. Srağa gün isə, yadındadır necə… yaxşı, demirəm. Əlbəttə, qət etdik ki, bir daş altda, bir daş üstdə, daha bundan danışmayaq. Elədir? Bax, indi görürəm ki, yenə mənim qızımsan, amma məni lap çətin vəziyyətdə qoymuşdun. Yaxşı, bir məni öp görüm, ay mənim ağıllı qızım…
Nataliya Darya Mixaylovnanın əlini dodaqlarına yaxınlaşdırdı. Darya Mixaylovna isə onun əyilmiş başından öpdü.
– Həmişə mənim məsləhətlərimə qulaq as, yadından çıxartma ki, sən Lasunskayasan və mənim qızımsan. Onda sən xoşbəxt olarsan. İndi isə get.
Nataliya dinməz-söyləməz çıxdı. Darya Mixaylovna onun dalınca baxıb fikirləşdi: “O mənə çəkib, o da tez vurulur. Mais elle aura moins d`abandon3636
Ancaq o, daha möhkəm olacaq. (fr.)
[Закрыть]”. Darya Mixaylovna öz keçmişi… uzaq keçmişi barədə xəyala daldı…
Sonra Darya Mixaylovna xanım Bonkuru çağırtdırdı, qapını daldan bağlayıb onunla təklikdə xeyli oturdu. Onu yola salandan sonra Pandalevskini çağırdı. O, Rudinin getməyinin həqiqi səbəbini mütləq bilmək istəyirdi… Lakin Pandalevski onu tamamilə təskin etdi. Bu, onun əlində çətin deyildi.
***
Ertəsi gün Volınsev bacısı ilə nahara gəldi. Darya Mixaylovna həmişə onunla xoş rəftar edirdi, bu dəfə isə, xüsusilə mehriban idi. Nataliyanın vəziyyəti dözülməz dərəcədə ağır idi, lakin Volınsev onunla o qədər hörmətlə rəftar edir və elə çəkinə-çəkinə danışırdı ki, Nataliya qəlbən ona təşəkkür etməli oldu.
Gün sakit, xeyli sıxıntılı halda keçdi, ancaq bir-birindən ayrılanda hamısı hiss etdi ki, yenə əvvəlki yola düşüblər, bunun isə böyük, çox böyük mənası vardı.
Bəli, hamı… Nataliyadan başqa hamı əvvəlki yoluna düşmüşdü. Nataliya, nəhayət tək qalanda zorla özünü çarpayıya yetirib yorğun, üzgün halda üzüquylu balışın üstünə yıxıldı. Həyat ona o qədər acı, o qədər mənfur, o qədər bayağı görünürdü ki, o öz-özündən, öz məhəbbətindən, öz kədərindən o qədər utanırdı ki, bu anda yəqin, ölməyə də razı olardı. Onun qarşısında hələ çox ağır günlər, yuxusuz gecələr, əzablı həyəcanlar vardı, ancaq o hələ gənc idi. Onun üçün həyat yenicə başlayırdı, bu həyat isə, gec-tez istədiyini alacaqdı. İnsanın başına nə qədər ağır bir fəlakət gəlirsə gəlsin, o həmin gün, bərkə qalsa, o biri gün – ifadənin kobudluğunu bağışlayın – yemək yeyəcək və budur, bu da birinci təsəlli…
Nataliya iztirab içində idi. Bu onun ilk iztirabları idi… Lakin allaha şükür olsun ki, ilk iztirablar da ilk məhəbbət kimi təkrar olunan şey deyil!
Правообладателям!
Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.