Текст книги "Rudin"
Автор книги: Иван Тургенев
Жанр: Русская классика, Классика
сообщить о неприемлемом содержимом
Текущая страница: 8 (всего у книги 10 страниц)
XII
Aradan iki il keçdi. Mayın ilk günləri idi. Familiyası artıq Lipina yox, Lejnyova olan Aleksandra Pavlovna evinin eyvanında oturmuşdu. Bir ildən çox idi ki, Mixaylo Mixaylıça ərə getmişdi. Aleksandra Pavlovna yenə əvvəlki kimi qəşəng idi, ancaq son zamanlar bir az kökəlmişdi. Bağda, pillələri olan eyvanın qarşısında qucağında qırmızıyanaq körpə olan dayə gəzişirdi. Körpənin əynində xırdaca ağ şinel və şlyapasında ağ qotaz vardı. Aleksandra Pavlovna tez-tez uşağa nəzər yetirirdi. Körpə ağlamır, lovğalıqla barmağını əmir, sakit-sakit ətrafa baxırdı. Onun Mixaylo Mixaylıça layiq oğul olacağı indidən görünürdü.
Eyvanda, Aleksandra Pavlovnanın qabağında köhnə tanışımız Piqasov oturmuşdu. Ondan ayrıldığımızdan bəri saçları xeyli ağarmış, beli bükülmüş, arıqlamışdı, danışanda fışıldayırdı, qabaq dişlərindən biri düşmüşdü. Bu fışıltı onun danışığındakı acılığı bir az da artırırdı… Yaşı artdıqca onun kin və qəzəbi azalmamış, lakin sözlərinin təsiri kütləşmişdi, o, sözlərini əvvəlkinə nisbətən daha tez-tez təkrar edirdi. Mixaylo Mixaylıç evdə yox idi, onun çay içməyə gələcəyini gözləyirdilər. Gün artıq batmışdı. Günün batdığı yerdə zər və limon rənginə çalan solğun buludlar üfüqə yayılmışdı. Qarşı tərəfdə iki zolaq vardı, bunlardan biri daha aşağıda mavi rəngdə, o biri bir az yuxarıda al qırmızı rəngdəydi. Yüksəkdə yüngül buludlar əriyirdi. Bütün bunlar havanın dəyişməyəcəyini göstərirdu.
Birdən Piqasov güldü.
– Nəyə gülürsünüz, Afrikan Semyonıç? – Aleksandra Pavlovna soruşdu.
– Elə belə… Dünən eşitdim, bir kəndli çərənləyən arvadına dedi ki, bəsdi, cırıldama!.. Bu mənim yaman xoşuma gəldi. Cırıldama! Axı doğrudan da, arvad nədir ki, onun mühakiməsi nə olsun? Siz bilirsiniz ki, mən heç vaxt yanımda olanlar barəsində danışmaram. Bizim qoca kişilər bizdən ağıllı olurlar. Onların quraşdırdıqları nağıllarda qəşəng qız pəncərə qabağında oturur, alnında ulduz parıldayır, özü isə, cınqırını da çıxartmır. Bax, elə gərək belə də olsun. Yoxsa bir özünüz fikirləşin, srağa gün bizim başçının xanımı tapança ilə alnıma güllə vuran kimi birdən-birə dik üzümə dedi ki, mənim təmayülüm onun xoşuna gəlmir! Təmayülə bir bax ha! Yaxşı, özünüz deyin, birdən təbiətin xeyirxah bir sərəncamı ilə həmin xanım dildən məhrum olsaydı, həm onun üçün, həm də hamı üçün yaxşı olmazdımı?
– Afrikan Semyonıç, siz elə necə varsınız, elə də qalmısınız. Elə hey biz yazıqlara hücum edirsiniz… Bilirsiniz, axı bu da bir növ bədbəxtlikdir. Mənim sizə yazığım gəlir.
– Bədbəxtlikdir? Bu nə sözdür deyirsiniz? Əvvəla, məncə dünyada ancaq üç cür bədbəxtlik var: biri qışda soyuq evdə yaşamaq, biri yayda dar çəkmə geyinmək, biri də içində İran həbi verib yatırtmaq mümkün olmayan körpənin çığırdığı evdə gecələmək. İkincisi isə, lütf edin, mən daha ən dinc adam olmuşam. Özümü o qədər tərbiyəli aparıram ki, lap nümunə ola bilərəm!
– Bəli, özünüzü çox yaxşı aparırsınız, heç söz ola bilməz! Elə dünən Yelena Antonovna sizdən mənə şikayət edirdi.
– Belə de! İcazənizlə, bilmək olarmı, o mənim haqqımda nə deyirdi?
– Deyirdi ki, siz bütün səhəri onun suallarına “necə? Necə?” – deyə cavab vermisiniz. Özü də səsinizi elə cırıldadırmışsınız ki…
Piqasov güldü.
– Aleksandra Pavlovna, özünüz də razılaşarsınız ki, bu çox yaxşı fikirdir… hə?
– Çox gözəldir! Afrikan Semyonıç, bəyəm heç qadınla belə kobud rəftar etmək olar?
– Necə, sizin fikrinizcə Yelena Antonovna qadındır?
– Bəs sizcə nədir?
– Təbil, lütf edin, adi təbil, dəyənəklə çalınan təbil…
– Hə, yadıma düşdü! – Aleksandra Pavlovna söhbəti dəyişmək məqsədilə onun sözünü kəsdi. – Deyirlər, sizi təbrik etmək olar, düzdü?
– Nə barədə?
– Məhkəmə işinin qurtarması münasibətilə. Qlinovski çəmənliyi sizə qalıb…
– Bəli, mənə qalıb, – Piqasov tutqun halda cavab verdi.
– Neçə ildir bunun üçün əlləşirsiniz, indi isə, elə bil ki, narazısınız.
– Aleksandra Pavlovna, sizə ərz edim ki, – Piqasov ağır-ağır dedi, – xeyli gecikmiş səadətdən daha acı və daha pis bir şey ola bilməz. Bu səadət hər halda sizə səadət verə bilməz, amma sizi böyük bir haqqdan, deyinmək və taleyə lənət yağdırmaq kimi qiymətli bir haqqdan məhrum edər. Bəli, xanım. Ləngimiş səadət acı və ağır şeydir.
Aleksandra Pavlovna çiyinlərini çəkdi, sonra aşağı səsləndi:
– Ay dayə, artıq Mişanın yatmaq vaxtıdır. Onu bura gətirin.
Aleksandra Pavlovna oğlu ilə məşğul olmağa başladı, Piqasov isə deyinə-deyinə eyvanın o biri tərəfinə keçdi.
Birdən bağ uzunu gedən yolda Mixaylo Mixaylıç öz drojkisində göründü. Onun atının qabağınca iki həyət iti qaçırdı, onlardan biri sarı, o biri boz idi, o, bu itləri yaxın vaxtlarda almışdı. Onlar bir-biri ilə ara vermədən əlləşir və ayrılmaz dost kimi yaşayırdılar. Qoca həyət iti darvazadan onların qabağına çıxıb hürmək istəyirmiş kimi ağzını açdı, ancaq hürmək yerinə əsnəyib mehribanlıqla quyruğunu bulaya-bulaya geri qayıtdı.
– Saşa, bir bax gör, – Lejnyov uzaqdan arvadını səslədi, – gör yanına kimi gətirmişəm…
Aleksandra Pavlovna ərinin dalında oturan adamı birdən-birə tanıya bilmədi.
– Hə! Cənab Basistov! – Nəhayət, Aleksandra Pavlovna səsini ucaltdı.
– Özüdür, özüdür ki var! – Lejnyov cavab verdi. – Özü də xoş xəbər gətirib. Bir az gözlə, bu saat öyrənəcəksən.
Bu sözləri deyə-deyə drojkidən düşdülər.
Bir neçə dəqiqə sonra Lejnyovla Basistov eyvana çıxdı.
– Urra! – Lejnyov qışqırıb arvadını qucaqladı. – Seryoja evlənir!
– Kiminlə? – Aleksandra Pavlovna həyəcanla soruşdu.
– Məlum şeydir ki, Nataliyayla… Dostumuz bu xəbəri Moskvadan gətirib. Sənə məktub da var… Eşidirsən, Mişuk? – Lejnyov oğlunu qucağına götürdü. – Dayın evlənir! Bir göz nə saymaz uşaqdır, elə gözlərini döyür…
– Yuxusu var, yatmaq istəyir, – dayə qeyd etdi.
– Bəli, – Basistov Aleksandra Pavlovnaya yaxınlaşıb dedi. – Mən Moskvadan bu gün, Darya Mixaylovnanın əmriylə malikanənin hesablarını yoxlamağa gəlmişəm. Budur, bu da məktub.
Aleksandra Pavlovna tələsik qardaşından gələn məktubu açdı. Məktub bir neçə sətirdən ibarət idi. İlk şadlıq həyəcanı içində bacısını xəbərdar edirdi ki, Nataliyaya evlənmək təklif etmiş, onun və Darya Mixaylovnanın razılığını almışdır. O, söz verirdi ki, ilk poçtla daha ətraflı məktub yazacaq, hamını qucaqlayıb öpür. Görünürdü ki, o, bu məktubu çox coşğun halda yazıb.
Çay gətirdilər. Basistovu sual atəşinə tutdular. Onun gətirdiyi xəbər hamını, hətta Piqasovu da sevindirmişdi.
Lejnyov sözarası soruşdu:
– Bir ara Korçagin adlı birisi barəsində də xəbər gəlib çıxmışdı, deməli, bu boş söz imiş?
(Korçagin gözəl bir cavan olub, kübar mühitinə mənsub idi. O, son dərəcə lovğa bir hərif idi, özünü həddindən artıq təkəbbürlü tutardı, elə bil ki, canlı insan yox, camaatın hesabına qoyulmuş heykəl idi.)
Basistov təbəssümlə cavab verdi:
– O qədər də boş söz saymaq olmaz. Darya Mixaylovnanın ona meyli çox idi, amma Nataliya Alekseyevna onun haqda heç eşitmək də istəmədi.
– Əşi, mən onu tanıyıram, – Piqasov sözə qarışdı, – o ki lap qanmaz heyvərənin biridir… Lütf edin! Əgər hamı ona oxşamış olsaydı, onda adam dünyada yaşamaq üçün gərək pul istəyəydi… Lütf edin!
– Ola bilər, – Basistov dedi, – ancaq o, kübar məclislərində heç də kiçik rol oynamır.
– Bunun qətiyyən fərqi yoxdur! – Aleksandra Pavlovna dedi. – Allah köməyi olsun! Ah, qardaşım üçün nə qədər çox sevinirəm… Nataliya da şən və xoşbəxtdirmi?
– Bəli, o həmişəki kimi sakitdir. Siz ki, onu tanıyırsınız, amma məmnun olduğu bilinir.
Axşam xoş və qızğın söhbətlə keçdi. Şam etməyə oturdular.
– Hə, yeri gəlmişkən bir söz soruşum. – Lejnyov Basistov üçün lafit töküb dedi. – Bilmirsiniz Rudin hardadır?
– İndi dəqiq bilmirəm. Keçən qış qısa müddətlik Moskvaya gəlmişdi, sonra bir ailə ilə bir yerdə Simbirskiyə getdi. Bir müddət onunla məktublaşdıq, axırıncı məktubunda yazmışdı ki, Simbirskidən çıxıb gedir, ancaq hara getdiyini qeyd etməmişdi. O vaxtdan bu yana onun haqda heç nə eşitməmişəm.
– Tələf olmaz! – Piqasov sözə qarışdı. – Hardasa başını girələyir. Bu cənab həmişə özünə iki-üç pərəstişkar tapa bilər ki, onlar ağızlarını ayırıb ona qulaq asar və ona borc pul verərlər. Görərsiniz, o axırda hardasa Sarevokokşaysda, ya da Çuxlomda başı parikli, qartımış bir qızın qucağında öləcək. Qız isə güman edəcək ki, o dünyanın ən dahi insanı imiş…
– Siz onun barəsində çox kəskin danışırsınız, – Basistov narazı halda yavaşcadan dedi.
– Heç də kəskin danışmıram! – Piqasov dedi. – Tamamilə haqlıyam. Mənim fikrimcə, o yaltaqdan başqa bir şey deyil. Yadımdan çıxmışdı sizə deyim, – deyə o, Lejnyova müraciət etdi, – axı mən Rudinlə bir yerdə xaricə gedən həmin o Terlaxovla tanış oldum. Bəs necə! Bəs necə! Terlaxov onun haqda mənə elə şeylər danışıb ki, heç ağlınıza gətirə bilməzsiniz. Adam lap donub qalır. Qəribədir ki, Rudinin bütün dostları və muridləri bir vaxtdan sonra dönüb ona düşmən olur.
– Xahiş edirəm, məni belə dostlar sırasından çıxartasınız! – Basistov kəskin şəkildə onun sözünü kəsdi.
– Bəli, sizin işiniz başqadır! Sizin barənizdə heç söz ola bilməz!
– Bəs o Terlaxov sizə nə danışıb? – Aleksandra Pavlovna soruşdu.
– Çox şey danışıb, hamısını yadda saxlamaq mümkün deyil. Amma hamısından yaxşısı Rudinlə baş vermiş lətifədir. Getdikcə inkişaf edə-edə – bu cənablar hey inkişaf edirlər, başqaları, məsələn, sadəcə yatır və ya yeyirlər, bunlar isə yatmaq və ya yemək vaxtı inkişaf mərhələsi keçirlər, elədir, cənab Basistov? (Basistov cavab vermədi) …Bəli, Rudin daim inkişaf edərək fəlsəfə yolu ilə belə bir əqli nəticəyə gəlib çıxıbmış ki, gərək aşiq olaymış. O belə, heyrətli əqli nəticəyə layiq olan əşya axtarmağa başlayır. Tale ona kömək edir. Qəşəng bir fransız qızı olan modistka ilə tanış olur. Yadınızda saxlayın ki, əhvalat bir alman şəhərində, Reyin sahilində baş verir. O, həmin qızın yanına gedib-gəlməyə, onun üçün cürbəcür kitablar aparmağa, ona təbiətdən və Hegeldən danışmağa başlayır. Modistkanın halını təsəvvür edə bilərsiniz? Qız elə güman edir ki, bu astronomdur, ancaq bilirsiniz ki, Rudin zirək adamdır, özü də xarici ölkədən gəlmiş rusdur, qısası, qızın xoşuna gəlməyi bacarır. Bəli, nəhayət o, qız ilə görüş, həm də şairanə bir görüş təyin edir. Çayda bir qayığın içində görüşməli olurlar. Fransız qızı razılaşır, yaxşıca geyinir və onunla birlikdə qayığa minib gedir. Onlar bir-iki saat belə gəzirlər. Siz biləni Rudin bu müddət ərzində nə ilə məşğul olubmuş? Fransız qızının başını tumarlayır, dalğın halda göyə baxır və bir neçə dəfə qıza qarşı ata şəfqəti duyduğunu deyir. Fransız qızı qəzəbli halda evə qayıdır. Bu əhvalatı Terlaxova qız özü danışıb. Budur, Rudin belə bir cənabdır!
Piqasov bunu danışan kimi gülməyə başladı.
– Siz başqasının əzablarından həzz alan bir qocasınız! – Aleksandra Pavlovna acıqla dedi. – Mən isə get-gedə daha çox inanıram ki, hətta Rudini pisləyənlər də onun barəsində heç bir pis söz deyə bilmirlər.
– Heç bir pis sözmü? Lütf edin! Bəs onun daim başqasının hesabına yaşaması, borc alması?.. Mixaylo Mixaylıç, yəqin o sizdən də borc alıb.
– Bura baxın, Afrikan Semyonıç! – Lejnyov ciddi ifadəylə dedi. – Bura baxın! Siz də, arvadım da yaxşı bilirsiniz ki, mən Rudini xoşlamırdım və hətta tez-tez onu pisləyirdim. Bununla bərabər (Lejnyov bir qədər şampan şərabı süzdü), mən sizə belə bir təklif edirəm: biz bu saat əziz qardaşımızla nişanlısının sağlığına içdik, indi isə Dmitri Nikolayeviç Rudinin sağlığına içək!
Aleksandra Pavlovna ilə Piqasov təəccüblə Lejnyova baxdılar, Basistov isə silkələndi, fərəhdən üzü qızardı. Lejnyov sözünə davam etdi:
– Mən onu yaxşı tanıyıram, nöqsanları da mənə çox yaxşı məlumdur. O özü xırdaçı adam olmadığı üçün, nöqsanları daha çox gözə çarpır.
– Rudin dahiyanə təbiətə malikdir! – Basistov qeyd etdi.
– Onda dahilik də var, ancaq təbiətə gəlincə… elə bəla da burasındadır ki, onun özünəməxsus təbiəti yoxdur… Ancaq iş bunda deyil. Mən onda olan yaxşı və nadir bir şeydən danışmaq istəyirəm, onda entuziazm var, bu isə, mənim kimi laqeyd adama inanın ki, bizim zamanımızda ən qiymətli keyfiyyətdir. Biz hamımız dözülməz dərəcədə mühakimə edən, laqeyd və süst olmuşuq, biz yuxuya getmişik, biz donub qalmışıq və sağ olsun o adam ki, bizi heç olmasa bircə anlığına qızışdırıb hərəkətə gətirə bilər. Vaxtdır! Yadındadır, Saşa, bir dəfə mən səninlə onun barəsində danışanda onu soyuqluqda töhmətləndirmişdim. Mən o zaman həm haqlı idim, həm də haqlı deyildim. Bu soyuqluq onun qanındadır, başında deyil, yəni onun təqsiri deyil. Mən onu o zaman adlandırdığım kimi o aktyor deyil, müqəvva deyil, lotu deyil, o başqasının hesabına tüfeyli kimi yox, uşaq kimi yaşayır… Bəli, doğrudan da o bir küncdə, yoxsulluq içində, dilənçi kimi ölüb gedəcək. Ancaq bunun üçün onu daşa basmaq olar? O özü heç nə etməyəcək, məhz ona görə ki, onun təbiəti, qanı yoxdur. Ancaq kimin haqqı var desin ki, o xeyir verməyəcək və ya artıq xeyir verməyib? Kim deyə bilər ki, onun sözləri gənc qəlblərə xeyir toxumları səpməyib, o qəlblərdə ki, onun öz qəlbi kimi təbiət onları fəaliyyət qüvvəsindən, öz fikirlərini icra etmək bacarığından məhrum etməmişdir? Elə mən özüm, birinci olaraq bunları özümdə hiss etmişəm… Saşa bilir ki, gəncliyimdə Rudin mənim üçün kim idi. Yadımdadır, bir vaxtlar mən də deyirdim ki, Rudinin sözləri adamlara təsir edə bilmir, lakin mən o zaman özümə bənzər adamlar barəsində, mənim indiki yaşımda olan adamlar barəsində və artıq xeyli ömür sürüb həyatda qol-qanadları qırılmış adamlar barəsində danışırdım. Nitqdə bircə saxta səs duyulan kimi onun bütün ahəngi bizim üçün yoxa çıxır, gənclərdə isə, xoşbəxtlikdən eşitmə qabiliyyəti hələ o qədər inkişaf etməmiş, hələ ərköyünləşməmişdir. Əgər eşitdiyi şeyin mahiyyəti gənclərin xoşuna gəlirsə, ədanın onlar üçün heç bir əhəmiyyəti yoxdur. Ədanı onlar özləri öz daxilində tapar.
– Bravo! Bravo! – Basistov ucadan səsləndi. – Bu sözlər nə qədər haqlı sözlərdir! Rudinin təsirinə gəlincə, sizə and içirəm ki, o adamı nəinki sarsıtmağı bacarır, o adamı yerindən oynadır, adamı sakit durmağa qoymur. Adamı kökündən alt-üst edir, adamı odlandırır!
– Eşidirsinizmi? – Lejnyov Piqasova müraciətlə davam etdi. – Daha nə dəlil istəyirsiniz? Siz fəlsəfəyə hücum edirsiniz, siz onun barəsində danışanda kifayət qədər hərarətli söz tapmağa çətinlik çəkirsiniz. Mən özüm fəlsəfəni xoşlamıram və pis başa düşürəm, ancaq bizim başlıca dərdlərimiz fəlsəfədən baş vermir! Fəlsəfə hoqqabazlıqları və çərən-pərəni heç vaxt rusa yaraşmaz, bu cəhətdən onun sağlam ağlı çox qüvvətlidir, ancaq fəlsəfə adı altında həqiqətə doğru, dərk etməyə doğru olan hər bir sədaqətli meylə hücum etməyə yol vermək olmaz. Rudinin bədbəxtliyi bundan ibarətdir ki, o Rusiyanı tanımır, bu isə doğrudan da bədbəxtlikdir. Biz olmasaq Rusiya keçinə bilər, amma biz heç birimiz Rusiyasız keçinə bilmərik. Vay olsun o adamın halına ki, bunu alnamır, ikiqat vay olsun o adamın halına ki, doğrudan da Rusiyasız keçinir! Kosmopolitizm cəfəngiyyatdır, kosmopolit bir heçdir, heç nədən də pisdir. Xəlqilikdən kənarda nə bədiilik, nə həqiqət, nə həyat – heç nə yoxdur. Fizionomiyasız hətta ideal bir sifət də yoxdur. Yalnız bayağı sifət fizionomiyasız ola bilər. Ancaq yenə deyirəm ki, bu Rudinin təqsiri deyil, bu onun taleyidir, bu elə ağır və acı taledir ki, bunun üçün onu günahlandıra bilmərik. Bizim içimizdə Rudinlərin nə üçün zühur etdiyini təhlil etməyə başlasaq, çox uzaqlara gedib çıxarıq. Amma Rudində olan yaxşı cəhətlər üçün ona təşəkkür etməliyik. Bu, ona qarşı haqsızlıq etməkdən daha asandır, biz isə ona qarşı haqsızlıq etmişik. Onu cəzalandırmaq bizim işimiz deyil, həm də buna ehtiyac yoxdur, o özü özünü layiq olduğundan da çox cəzalandırıb… Allah eləsin ki, bədbəxtlik onda olan bütün pis cəhətləri silib-süpürsün, onda yalnız yaxşı cəhətlər qalsın! İçirəm Rudinin sağlığına! İçirəm ömrümün ən yaxşı illərinin yoldaşı sağlığına, içirəm gəncliyin sağlığına, onun ümidləri, onun arzuları, onun inam və səadəti sağlığına, içirəm o şeyin sağlığına ki, hələ iyirmi yaşında olduğumuz zaman qəlbimiz onun üçün çırpınırdı və biz hər halda hələ ondan yaxşı bir şey tanımamışıq və ömrümüzdə tanımayacağıq… İçirəm sənin sağlığına, ey ömrün gözəl çağları, içirəm Rudinin sağlığına!
Hamı qədəhini Lejnyovun qədəhi ilə toqquşdurdu. Basistov qızışdığından az qalmışdı ki, öz stəkanını sındırsın. Aleksandra Pavlovna Lejnyovun əlini sıxdı.
– Mixaylo Mixaylıç, mən heç güman etməzdim ki, siz belə gözəl natiqsiniz, – Piqasov qeyd etdi, – elə cənab Rudin kimi varsınız. Mən lap mat qaldım.
– Mən heç də gözəl natiq deyiləm, – Lejnyov bir az incimiş halda cavab verdi, – sizi mat qoymaq isə çətin məsələdir. Di yaxşı, Rudin barəsində daha bəsdir, gəlin başqa şeydən danışaq… hanı o… adı nə idi?.. Pandalevski yenə də Darya Mixaylovnagildə qalır? – deyə o, Basistovdan soruşdu.
– Əlbəttə, onlardadır. Darya Mixaylovna onu bir yaxşı işə düzəldib.
Lejnyov yavaşca güldü.
– Bax, bu adam acından ölməz, buna zamin dayanmaq olar.
Şam qurtardı. Qonaqlar dağılışdı. Aleksandra Pavlovna əriylə tək qalanda ona baxıb gülümsədi, əliylə alnını oxşayıb dedi:
– Bu gün sən nə yaxşı idin, Mişa! Sən nə ağıllı və nə nəcib sözlər danışırdın! Ancaq boynuna al ki, əvvəllər Rudinin əleyhinə qızışdığın kimi, indi də onun xeyrinə qızışmışdın.
– Yıxılanı vurmazlar… O vaxt isə qorxurdum ki, o sənin başını hərləndirə.
– Yox, – Aleksandra Pavlovna sadədil əda ilə cavab verdi, – o mənə həmişə həddən artıq alim kimi görünürdü, mən ondan çəkinirdim və onun yanında nə danışacağımı bilmirdim. Amma bu gün Piqasov ona çox kinlə istehza edirdi. Elədir?
– Mən elə Piqasov burda olduğuna görə Rudini belə hərarətlə tərifləyirdim. O Rudini yaltaq adlandırmağa cürət edir! Ancaq məncə Piqasovun rolu yüz dəfə pisdir! Heç kimdən asılı olmayan vəziyyətdə dayanıb, hamıya istehza edir, amma adlı-sanlı, varlı-karlı adamlara elə yaltaqlanır ki! Bilirsən, hamını və hər şeyi belə qəzəblə söyən, qadınları pisləyən, fəlsəfəyə hücum edən bu Piqasov var ha, bax bu Piqasov, xidmət etdiyi zaman rüşvət alardı, özü də necə! Hə! Bax, o belə adamdır!
– Doğrudan? Bunu heç gözləməzdim!.. Bura bax, Mişa, – Aleksandra Pavlovna bir qədər sükutdan sonra dedi, – səndən bir söz soruşmaq istəyirəm…
– Nə?
– Necə bilirsən? Qardaşım Nataliya ilə xoşbəxt olacaqmı?
– Necə deyim… hər şey mümkündür… Əlbəttə ki, ixtiyar Nataliyanın əlində olacaq, öz aramızdır, gizlətmək lazım deyil ki, Nataliya ondan ağıllıdır, ancaq Sergey də yaxşı adamdır və Nataliyanı ürəkdən sevir. Daha bundan artıq nə lazımdır? Axı, budur, biz də bir-birimizi sevirik və xoşbəxtik, elə deyil?
Aleksandra Pavlovna gülümsəyib Mixaylo Mixaylıçın əlini sıxdı.
Aleksandra Pavlovnanın evində bu danışdığımız əhvalat baş verən gen, Rusiyanın uzaq quberniyalarından birində, günün bürkülü vaxtında, böyük yol ilə üç yabı qoşulmuş çox pis və üstü həsirli bir kibitka sürünməkdə idi. Kibitkanın qozlasında oturub ayaqlarını oxa dirəyən, əyninə cır-cındır geyinmiş kəndli sürücü kəndir cilovları tez-tez dartıb qamçısını hərləyirdi. Kibitkanın içində isə, sınıq-salxaq bir çamadanın üstündə başında furajka, əynində tozlu plaş olan hündür boylu bir adam oturmuşdu. Bu, Rudin idi. O başını aşağı salmışdı, furajkasının günlüyünü gözünün üstünə basmışdı. Kibitkanın qeyri-müntəzəm təkanları onu o tərəf-bu tərəfə yırğalayırdı. O, tamamilə huşsuz kimi görünür, sanki mürgüləyirdi. Nəhayət, o dikəldi.
– Biz stansiyaya haçan çatacağıq? – deyə o, kəndli sürücüdən soruşdu.
– Odur ha, ağa, – kəndli cilovları bir az da möhkəm silkələdi, – bu təpəni də çıxandan sonra iki verstdən çox qalmaz… Di yeri! Fikrə getmə, indi sənə göstərərəm… – Kəndli sağdakı atı qamçılayıb cır səslə qışqırdı.
– Deyəsən, çox pis sürürsən, – Rudin dedi, – səhərdən yoldayıq, hələ bir yana çıxmamışıq. Heç olmasa mahnıdan-zaddan oxu.
– Neyləyim, ay ağa! Özünüz görürsünüz ki, atlar əldən düşüb. Hava da istidir. Mahnı oxumaq bizim əlimizdən gəlməz, biz sürücü deyilik… Quzu, a quzu! – Kəndli yol keçən, əynində boz hörmə köynək, ayaqlarında köhnə çarıq olan bir adama müraciətlə dedi. – Yoldan çəkil, a quzu.
– Buna bax ha, sürücü olub! – Yoldan keçən adam onun dalınca donquldandı.
– Hara çəkirsən? – Kəndli ortadakı atın cilovunu çəkib qışqırdı. – Vay səni, bədzat! Lap bədzatdır ha!..
Taqətdən düşmüş atlar nəhayət birtəhər özlərini poçt həyətinə yetirdilər. Rudin kibitkadan düşüb sürücünün pulunu verdi və çamadanını özü stansiya otağına apardı. Sürücü baş əymədi və pulu xeyli müddət ovcunda atıb-tutdu, deyəsən, araq pulu az idi.
Rusiyada çox gəzmiş bir tanışım deyir ki, əgər stansiya otağınının divarlarında “Qafqaz əsiri”ndən səhnələr və ya rus generallarının şəkilləri asılıbsa, onda tezliklə at tapmaq olar, yox, əgər bu şəkillərdə məşhur qumarbaz Jorj de Jermaninin təsviri çəkilibsə, onda yolçu tezliklə yola çıxmağa ümid bəsləməməlidir, o, həmin qumarbazın gənclik çağında hörülmüş kəklinə, yaxası qatlanmış ağ jiletinə, həddən artıq dar və qısa şalvarına və artıq qocaldığı zaman dik damlı bir daxmanın içində stulu hündürə qaldırıb öz oğlunu öldürməyinə doyunca tamaşa edə bilər. Rudinin gəldiyi stansiyada məhz “Otuz il və ya qumarbazın həyatından” adlanan şəkil asılmışdı. Rudinin səsinə yuxulu nəzarətçi gəldi (yeri gəlmişkən qeyd edək, görəsən heç yuxulu olmayan nəzarətçi görən olubmu?). O, Rudinin sualını gözləmədən süst halda dedi ki, at yoxdur.
– At yoxdur? Siz heç mənim hara getdiyimi də bilmirsiniz. Mən bura yerli kəndli arabası ilə gəlmişəm.
– Bizim heç yana getməyə atımız yoxdur, – nəzarətçi dedi. – Siz hara gedirsiniz?
– V…sk.
– At yoxdur, – nəzarətçi təkrar edib otaqdan çıxdı.
Rudin acıqlı halda pəncərəyə yaxınlaşıb furajkasını stolun üstünə atdı. O, son iki ildə az dəyişmiş, azacıq rəngi saralmışdı. Qıvırcıq saçlarının arasında gümüşü tellər parıldamağa başlamışdı, hələ də gözəl olan gözləri, sanki parıltısını bir az itirmişdi. Dodaqlarının qıraqlarında və gicgahlarında acı və həyəcanlı duyğuların izləri olan xırdaca qırışlar əmələ gəlmişdi.
Əynindəki paltarı xeyli köhnəlmişdi. Onun çiçəklənmə dövrü keçmiş, bağbanlar demişkən, toxum bağlamaq dövrünə girmişdi.
Rudin divarlardakı yazıları oxumağa başladı… Məlumdur ki, bu, darıxan yolçuların məşğələsidir. Birdən qapı cırıldadı, nəzarətçi içəri girdi.
– Siz gedən tərəfə at yoxdur və xeyli müddət olmayacaq. Ancaq …ov tərəfə qayıdan minik var.
– …ova? Ora mən gedən tərəf deyil axı. Mən Penzaya gedirəm, …ov isə deyəsən, Tambov tərəfdədir.
– Nə olar ki? Siz ora Tambovdan gedə bilərsiniz, ya da ki, birtəhər …ovdan dönüb gedərsiniz.
Rudin fikrə getdi.
– Yaxşı, – nəhayət, o dilləndi, – tapşırın atları qoşsunlar. Mənim üçün fərqi yoxdur, Tambova gedərəm.
Bir az sonra araba gəldi. Rudin çamadanını götürüb arabaya çıxdı və əvvəlki kimi büzüşüb oturdu. Onun əyilmiş fiqurasında nəsə aciz, qəmgin və itaətkar görkəm var idi… Üç atlı araba ağır yerişlə, arabir zınqırovları səslənə-səslənə yola düşdü.
Правообладателям!
Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.