Электронная библиотека » Иван Тургенев » » онлайн чтение - страница 3

Текст книги "Rudin"


  • Текст добавлен: 26 октября 2022, 16:40


Автор книги: Иван Тургенев


Жанр: Русская классика, Классика


сообщить о неприемлемом содержимом

Текущая страница: 3 (всего у книги 10 страниц)

Шрифт:
- 100% +

Rudin dayandı və qeyri-ixtiyari bir utancaqlıq təbəssümü ilə gözlərini yerə dikdi.

– Vous etes un poete!2020
  Siz şairsiniz! (fr.)


[Закрыть]
– Darya Mixaylovna yavaşca dedi.

Hamı özlüyündə Darya Mixaylovnanın fikrinə şərik idi, bircə Piqasovdan başqa. O, Rudinin uzun nitqinin qurtarmasını gözləmədən şlyapasını götürmüş və qapıya yaxın yerdə dayanan Pandalevskinin qulağına acıqla pıçıldamışdı:

– Yox! Mən axmaqların yanına gedirəm!

Heç kəs onu saxlamamış, hətta onun yoxluğunu hiss etməmişdi.

Qulluqçular axşam yeməyini gətirdilər. Yarım saat sonra hamı dağılışdı. Darya Mixaylovna Rudindən gecə qalmasını xahiş etdi. Aleksandra Pavlovna karetada qardaşı ilə evlərinə qayıdanda Rudinin qeyri-adi ağlına heyranlığını bildirib bir neçə dəfə köks ötürdü. Volınsev onunla razılaşmaqla bərabər Rudinin bəzən bir qədər örtülü və qaranlıq fikirləri olduğunu, çox da anlaşılacaq tərzdə danışmadığını qeyd etdi. Ancaq onun üzü tutuldu və karetanın küncünə zillənmiş baxışları daha kədərli göründü.

Pandalevski ipəklə işlənmiş çiyinbağısını çıxarıb yatmaq üçün yerinə girəndə ucadan: “Çox mahir adamdır!” – dedi və birdən sərt baxışla nazik geyimli kamerdinerinə baxıb bayıra çıxmasını əmr etdi. Basistov bütün gecəni yatmadı, hətta heç soyunmadı da, o, səhərə qədər Moskvadakı bir yoldaşına məktub yazmaqla məşğul oldu. Nataliya soyunub yatağına girsə də, o da yata bilmədi, səhərə qədər gözlərini qırpmadı. O, başını əlinə dirəyib gözlərini qaranlığa zilləmişdi, onun damarları əsəbi halda vurur, tez-tez dərindən çəkdiyi ahlar sinəsini qabardırdı.

IV

Səhər Rudin təzəcə geyinmişdi ki, Darya Mixaylovna adam göndərib onu öz kabinetinə çay içməyə dəvət etdi. Rudin gələndə Darya Mixaylovna kabinetdə tək idi. O, Rudinlə mehribanlıqla salamlaşdı, gecəni necə keçirtdiyini soruşdu, rahat yatıb-yatmadığıyla maraqlandı, onun üçün bir fincan çay süzdü, ona papiros təklif etdi və sözarası bir neçə dəfə vurğuladı ki, onunla çoxdan tanış olmadığına təəccüb edir. Rudin bir qədər aralı oturmaq istəyirdi, lakin Darya Mixyalovna ona kreslosunun yanındakı balaca kürsüdə yer göstərdi və azacıq ona tərəf əyilib ailəsi, məqsəd və niyyətləri barədə sorğu-sual etməyə başladı. Darya Mixaylovna laqeydliklə danışırdı, elə bil fikri başqa yerdəydi, amma Rudin yaxşı başa düşürdü ki, Darya Mixaylovna ona iltifat göstərir və az qala ona yaltaqlanır. Darya Mixaylovna bu səhər görüşünü boş yerə düzəltməmişdi ki, o nahaqdan sadə, lakin zərif a la madame Recamier2121
  Madam Rekamye üslubunda. (fr.)


[Закрыть]
geyinməmişdi ki! Bir az sonra Darya Mixaylovna sorğu-sualını kəsdi. O, Rudinə öz barəsində, öz gəncliyindən və tanışlarından danışmağa başladı. Rudin onun naqqallığını maraqla dinləyirdi, lakin maraqlı işdir! Darya Mixaylovna kimdən danışır danışsın, həmişə özü ön planda qalır, haqqında danışdığı adam isə itib-batır, yoxa çıxırdı. Bunun müqabilində Rudin Darya Mixaylovnanın filan əyana nə dediyindən, filan məşhur şairə necə təsir etdiyindən ətraflı surətdə xəbərdar oldu. Darya Mixaylovnanın danışığından belə çıxırdı ki, sonra iyirmi beş il içində zühur etmiş bütün məşhur və görkəmli adamların fikri-zikri bir təhər edib Darya Mixaylovnayla görüşmək, onun rəğbətini qazanmaq imiş. Darya Mixaylovna onlardan çox sadə bir əda ilə, heç bir xüsusi həyəcan göstərmədən və tərif etmədən, öz adamları barəsində danışırmış kimi danışır, bəzilərini sarsaq adlandırırdı. Darya Mixaylovna onlardan elə danışırdı ki, onların adı başlıca ad olan Darya Mixaylovnanın adı ətrafında qiymətli bir daşı dövrələmiş parlaq və bahalı bir haşiyə kimi düzülürdü.

Rudin papiros çəkə-çəkə dinmədən dinləyir və hərdən ağzı qızışmış xanımın sözləri arasına qısaca mülahizələr əlavə edirdi. Rudin danışmağı bacarır və sevirdi, söhbəti idarə etmək onun xoşuna gəlmirdi, ancaq o, dinləməyi də bacarırdı. Əvvəlcədən hürkütməmiş olduğu hər bir kəs onun yanında ağzının cilovunu buraxaraq asudə danışardı. Çünki o, başqasının danışığını həvəslə və təsviredici bir halda təqib edirdi. O, çox mehriban idi – bu mehribanlıq özünü başqalarından üstün hiss etməyə alışmış adamların qəlbində olan xüsusi bir mehribanlıq idi. Mübahisə zamanı o, öz rəqibinə danışmağa az fürsət verər və onu öz sürətli və coşqun dialektikası ilə məğlub edərdi.

Darya Mixaylovna rusca danışırdı. O, Ana dilini bilməklə lovğalansa da, danışığında tez-tez qallisizmlərə, fransız sözlərinə rast gəlmək olurdu. O, qəsdən sadə xalq ifadələri işlədirdi, ancaq bunlar çox vaxt müvəffəqiyyətli çıxmırdı. Rudinin qulaqları Darya Mixaylovnanın dodaqlarından çıxan qəribə və müxtəlif sözlərdən qətiyyən incimirdi.

Nəhayət, Darya Mixaylovna yorulub başını kreslonun arxa balışına dirədi və gözlərini Rudinə zilləyib susdu.

Rudin ağır əda ilə sözə başladı:

– Bəli, mən indi başa düşürəm ki, siz nə üçün hər yay kəndə gəlirsiniz. Bu istirahət sizin üçün zəruridir, paytaxt həyatından sonra kəndin sakitliyi sizi təzələyir və möhkəmləndirir. Mən əminəm ki, siz təbiətin gözəlliyini dərindən duyursunuz.

Darya Mixaylovna Rudinə qıyğacı baxdı:

– Təbiət… Bəli… Bəli, əlbəttə… Mən təbiəti yaman sevirəm. Amma bilirsiniz, Dmitri Nikolayeviç, ətrafında adam olmasa, kənddə də yaşamaq olmaz. Burada isə, demək olar ki, heç kim yoxdur. Buranın ən ağıllı adamı Piqasovdur.

– Dünənki hirsli qoca? – Rudin soruşdu.

– Hə, o… Kənddə elə o da işə yarayır, heç olmasa arabir adamı güldürür.

– O axmaq adam deyil, – Rudin dedi, – ancaq o səhv yoldadır. Darya Mixaylovna, bilmirəm mənimlə razılaşarsınız, ya yox, ancaq ümumi surətdə inkar etməkdə heç bir fayda yoxdur. Hər şeyi inkar etsəniz, özünüzü asanlıqla ağıllı adam kimi qələmə verə bilərsiniz, bu məlum bir hiylədir. Sadədil adamlar həmin saat belə bir nəticə çıxara bilərlər ki, siz inkar etdiklərinizdən yüksəkdə dayanmısınız. Çox zaman isə bu doğru olmur. Əvvəla, hər şeydə ləkə tapmaq olar, ikincisi, əgər siz doğru demiş olsanız da, bu sizin özünüz üçün pisdir, yalnız inkar etmək istiqamətində işləyən ağlınız yoxsullaşıb quruyar. Siz öz xudbinliyinizi təmin etməklə müşahidə və seyr etməyin həqiqi ləzzətlərindən məhrum olarsınız. Həyat, həyatın mahiyyəti sizin dayaz və zəhərli müşahidənizdən yayınar və axır iş o yerə gəlib çıxar ki, siz hey deyinər və başqalarını özünüzə güldürərsiniz. Danlamaq, məzəmmət etmək haqqına ancaq sevən adamlar malikdir.

– Voila m-r Pigasoff enterre2222
  Budur, cənab Piqasov tələf edildi. (fr.)


[Закрыть]
, – Darya Mixaylovna dilləndi. – Siz insanın xüsusiyyətlərini təyin etməkdə çox mahirsiniz! Amma çox güman ki, Piqasov sizin dediklərinizi heç başa düşməzdi. O ancaq özünü sevir.

– Özünü də ona görə pisləyir ki, başqalarını da pisləməyə haqqı olsun, – Rudin əlavə etdi.

Darya Mixaylovna güldü.

– Adımı qoyum… Necə deyərlər… Adımı sənə qoyum, səni yana-yana… Yaxşı, bəs sizin baron haqda fikriniz nədir?

– Baron haqqında? O, yaxşı adamdır, ürəyi mehriban, özü də biliklidir… Ancaq onun xarakteri yoxdur… və bütün ömrü boyu yarı alim, yarı kübar bir adam olub qalacaq, yəni həvəskar, daha doğrusu, bir heç… Amma heyif!

– Mən özüm də bu fikirdəyəm, – Darya Mixaylovna cavab verdi. – Mən onun məqaləsini oxudum… Entre nous… cela a assez psu de fond2323
  Öz aramızda… bütün bunlar çox əsassızdır. (fr.)


[Закрыть]
.

– Burda, sizin yanınızda daha kimlər var? – Rudin bir qədər susandan sonra soruşdu.

Darya Mixaylovna çeçələ barmağı ilə papirosun külünü çırpdı.

– Demək olar ki, başqa heç kim yoxdur. Bircə dünən gördüyünüz Aleksandra Pavlovna Lipinadır. Vəssalam. O çox qəşəngdir, qardaşı da çox gözəl adamdır, ədəb-ərkanlı adamdır. Knyaz Qarini də tanıyırsınız. Olanlar bunlardır. Bir-iki qonşu da var, amma onlar haqda danışmağa dəyməz. Ya əzilib-büzülürlər, yaman iddialıdırlar, ya adamdan qaçırlar, ya da ki, həddindən artıq özbaşınadırlar. Xanımları isə, bilirsiniz ki, görən gözüm yoxdur. Bir qonşumuz da var. Deyirlər ki, mədəni, hətta alim adamdır, amma yaman sarsaq və xəyalpərvərdir. Alexandrine onu tanıyır və deyəsən, ona meyli də var. Dmitri Nikolayeviç, gəlsənə siz Aleksandra Pavlovna ilə məşğul olasınız? Çox qəşəng qadındır. Ancaq onu bir az inkişaf etdirmək, mütləq inkişaf etdirmək lazımdır.

– O, çox xoşagələn qadındır, – Rudin cavab verdi.

– Lap uşaq kimidir, Dmitri Nikolayeviç, lap uşaqdır. Onun əri vardı, mais c`est tout comme…2424
  Ancaq bu heç nəyi dəyişmir… (fr.)


[Закрыть]
Əgər kişi olsaydım, yalnız belə qadınları sevərdim.

– Doğrudan?

– Əlbəttə. Belə qadınlar heç olmasa təravətlidir. Təravət isə heç cürə saxtalıqla əldə edilə bilməz.

– Bəs bütün başqa şeyləri saxtalıqla əldə etmək olarmı? – Rudin bunu soruşub güldü, bu halda onda az-az baş verirdi, o güləndə üzü qəribə, demək olar ki, qocalıq ifadəsi alır, gözləri büzüşür, burnu qırışırdı.

– Sizin dediyiniz, xanım Lipinanın meyli olan o qəribə adam kimdir? – Rudin soruşdu.

– Buralı mülkədarlardan Lejnyov Mixaylo Mixaylıç adlı bir nəfərdir.

Rudin heyrətlə başını qaldırdı:

– Mixaylo Mixaylıç Lejnyov? Bəyəm o sizin qonşunuzdur?

– Hə. Siz onu tanıyırsınız?

Rudin əliylə kreslonun saçaqlarını dartışdırıb dedi:

– Mən onu bir zaman… çoxdan tanıyırdım. Axı gərək ki, o dövlətli adamdır?

– Elədir. Çox pis geyinir, nökər kimi minik drojkisində gəzir, amma varlı adamdır. Mən istərdim o bizim evə gəlib-getsin, deyirlər, o ağıllı adamdır. Onunla bir işim də var… Bilirsiniz, axı öz mülkümə özüm baxıram.

Rudin başını əydi.

– Bəli, özüm baxıram, – Darya Mixaylovna davam etdi, – mən öz işlərimə heç bir əcnəbi axmağı daxil etmirəm. Öz bildiyim qayda ilə, rus qaydası ilə gedirəm və görürsünüz ki, işlərim də pis getmir.

Darya Mixaylovna əliylə ətrafı göstərdi. Rudin zərif bir əda ilə dedi:

– Mən həmişə bu fikirdə olmuşam ki, qadınları əməli ağıla malik saymayanlar son dərəcə haqsızdırlar.

Darya Mixaylovna xoş bir əda ilə gülümsədi:

– Siz çox lütfkarsınız. Amma mən sizə nə demək istəyirdim? Biz nədən danışırdıq? Hə! Lejnyov barədə. Mənim onunla bir mərz məsələm var, onu neçə dəfə çağırmışam, hətta bu gün də gözləyirəm, ancaq o, allah bilir nə səbəbə gəlib çıxmır. Qəribə adamdır!

Qapının qabağındakı pərdə aralandı və uca boylu, saçları ağarmış, başı daz, əynində qara frak, ağ jilet və boğazında ağ qalstuk olan eşikağası içəri girdi.

– Nə olub? – Darya Mixaylovna ondan soruşdu və azacıq Rudinə tərəf əyilib yavaşdan dedi. – N`est ce pas, comme il ressemble a Canning?2525
  O Kanninqə çox oxşayır, elə deyil? (fr.)


[Закрыть]

Eşikağası dedi:

– Mixaylo Mixaylıç Lejnyov gəlmişlər, buyurursunuz qəbul edim?

– Ah! Aman allah! – Darya Mixaylovna səsləndi. – Bir bax ha, adını çək, qulağını bur. De gəlsin.

Eşikağası çıxdı.

– Elə qəribə adamdır ki. Axır gəlib çıxdı, amma çox vaxtsız gəldi, söhbətimizi kəsdi.

Rudin ayağa durdu, amma Darya Mixaylovna onu saxladı.

– Hara gedirsiniz? Biz elə sizin yanınızda da danışa bilərik. Mən istərdim ki, siz Piqasov kimi onu da təyin edəsiniz. Siz danışanda vous gravez comme avec un burln2626
  Nəqqaş tiyəsi ilə işləyən kimi nəqş edirsiniz. (fr.)


[Закрыть]
. Qalın.

Rudin nəsə demək istədi, amma nə düşündüsə, getmədi.

Artıq oxucuya tanış olan Mixaylo Mixaylıç otağa daxil oldu. Onun əynində həmin boz palto və gündən qaralmış əlində həmin furajka vardı. O, sakit bir əda ilə Darya Mixaylovnaya baş əyib çay stoluna yaxınlaşdı.

– Axır ki, bizim evə buyurdunuz, müsyö Lejnyov, – Darya Mixaylovna dedi. – Xahiş edirəm oturun. Eşitdiyimə görə, siz tanışsınız, – deyə o, Rudini göstərib dedi.

Lejnyov Rudinə baxıb qəribə tərzdə gülümsədi.

– Mən cənab Rudini tanıyıram, – deyə o, azacıq baş əyib dedi.

– Biz universitetdə bir yerdə oxumuşuq, – Rudin bunu deyib başını aşağı saldı.

– Sonralar da görüşmüşük, – Lejnyov soyuq tərzdə əlavə etdi.

Darya Mixaylovna heyrətlə hər ikisinə baxdı, sonra Lejnyovdan oturmasını xahiş etdi. Lejnyov oturdu.

– Siz deyəsən, məni mərz məsələsi üçün görmək istəyirdiniz, elədir? – Lejnyov soruşdu.

– Bəli, mərz məsələsi üçün. Ancaq mən sizi elə belə də görmək istəyirdim. Axı biz yaxın qonşuyuq, elə qohum-əqrəba kimi bir şeyik.

– Sizə çox təşəkkür edirəm, – Lejnyov dedi, – o ki qaldı mərzləşmə məsələsi, biz sizin təsərrüfat müdiri ilə bu məsələni tamamilə qurtarmışıq. Mən onun bütün dediklərinə razıyam.

– Mən bunu bilirdim.

– Ancaq o mənə dedi ki, şəxsən sizinlə görüşməmiş, kağızları imzalamaq olmaz.

– Bəli, mən belə qayda qoymuşam. Yeri gəlmişkən, icazə verin soruşum, gərək ki, bütün kəndliləriniz sizə vergi verir, elədir?

– Elədir ki, var.

– Bəs mərzləşmə işi ilə siz özünüz məşğul olursunuz? Bu çox yaxşı işdir.

Lejnyov dinmədi. Sonra dedi:

– Budur, mən də şəxsən görüşməyə gəldim.

Darya Mixaylovna yavaşcadan güldü.

– Görürəm ki, gəlmisiniz… Siz bunu elə bir əda ilə dediniz ki… yəqin heç mənim yanıma gəlmək istəmirdiniz.

– Mən heç bir yerə getmirəm, – Lejnyov etinasızlıqla dedi.

– Heç yerə? Bəs Aleksandra Pavlovnagilə gedirsinizmi?

– Onun qardaşı ilə çoxdan tanışam.

– Qardaşı ilə? Bir də mən heç kimi məcbur etmək istəmirəm, ancaq məni bağışlayın, mən yaşca sizdən böyüyəm və sizi danlaya bilərəm. Belə tək-tənha yaşamağı necə xoşlayırsınız? Bəlkə mənim evim sizin xoşunuza gəlmir? Bəlkə mən xoşunuza gəlmirəm?

– Mən sizi tanıyıram, Darya Mixaylovna, ona görə də, xoşuma gəlməyə bilməzsiniz. Eviniz çox gözəldir, ancaq sizə açıq etiraf edim ki, sıxılmağı xoşlamıram. Mənim ağıllı-başlı frakım və əlcəyim də yoxdur. Bir də ki, mən sizin mühitə mənsub adamlardan deyiləm.

– Siz əsliniz və tərbiyəniz etibarilə bu mühitdənsiniz, Mixaylo Mixaylıç. Vous etes des notres2727
  Bizim aramızda. (fr.)


[Закрыть]
.

– Əsl və tərbiyə bir yana qalsın, Darya Mixaylovna, məsələ onda deyil…

– Adam adam arasında yaşamalıdır, Mixaylo Mixaylıç! Diogen kimi çəlləyin içinə girib yaşamaq nəyə lazımdır?

– Əvvəla, Diogen üçün orda çox xoş keçirmiş, ikincisi, siz nə bilirsiniz ki, mən adam arasında yaşamıram?

Darya Mixaylovna dodaqlarını dişlədi.

– Bu başqa məsələ. Mən yalnız təəssüf edə bilərəm ki, sizin tanışlarınızın cərgəsinə düşmək şərəfinə nail olmamışam.

– Deyəsən, müsyö Lejnyov, – Rudin sözə qarışdı, – çox xoş bir hiss olan azadlığı sevmək hissini şişirdir.

Lejnyov cavab vermədi, sadəcə Rudinə baxmaqla kifayətləndi. Araya qısa bir sükut çökdü.

– Deməli, – Lejnyov ayağa dura-dura sözə başladı, – mən işimizi bitmiş hesab edə bilərəm və sizin müdirə deyə bilərəm ki, kağızları mənə göndərsin.

– Deyə bilərsiniz… Ancaq, doğrusu, siz o qədər soyuqsunuz ki, mən gərək sizin xahişinizi rədd edəydim.

– Axı bu mərzləşmə məndən artıq sizin üçün faydalıdır.

Darya Mixaylovna çiyinlərini çəkdi.

– Bizdə qəlyanaltı da etmək istəmirsiniz?

– Sizə ürəkdən təşəkkür edirəm. Mən heç vaxt qəlyanaltı etmirəm, bir də ki, evə tələsirəm.

Darya Mixaylovna ayağa durub pəncərəyə tərəf gedə-gedə dedi:

– Mən sizi saxlamıram, saxlamağa cürət də etmirəm.

Lejnyov xudahafizləşdi.

– Xudahafiz, müsyö Lejnyov. Sizi narahat etdiyim üçün bağışlayın.

– Zərər yoxdur.

Lejnyov çıxıb getdi.

– Necə gördünüz? – Darya Mixaylovna Rudindən soruşdu. – Onun qəribə adam olduğunu eşitmişdim, ancaq bunun işi lap ağ imiş.

Rudin dedi:

– O da Piqasov kimi, orijinal görünmək xəstəliyinə mübtəladır. Piqasov özünü Mefistofel kimi göstərir, bu isə özünü həyasızlığa qoyub. Bütün bunlar eqoizmin və xudpəsəndliyin çoxluğundan, həqiqətpərəstliklə məhəbbətin azlığından irəli gəlir. Axı bunun özündə də bir haqq-hesab var, adam üzünə laqeydlik və tənbəllik maskası taxır ki, görən desin: bir bax, bu adam özündə olan nə qədər istedadı tələf edib! Amma diqqətlə baxanda görəcəksiniz ki, onda heç bir istedad-filan yoxdur.

– Et de deux!2828
  Budur, bu da ikincisi. (fr.)


[Закрыть]
– Darya Mixaylovna dedi. – Siz adamın mahiyyətini təyin etməkdə yaman ustasınız. Sizdən heç nə gizlətmək olmaz.

– Elə güman edirsiniz? Amma… əslinə baxsan, mən gərək Lejnyov barəsində danışmayaydım. Mən onu sevirdim, bir dost kimi sevirdim… ancaq sonra baş verən cürbəcür anlaşılmazlıq nəticəsində…

– Siz küsdünüz, elədir?

– Yox. Amma biz bir-birimizdən ayrıldıq və deyəsən, elə birdəfəlik ayrıldıq.

– Mən elə gördüm ki, o burda olduğu müddət ərzində siz deyəsən, birtəhər idiniz… amma bu günkü səhər üçün mən sizə çox təşəkkür edirəm. Vaxtımı son dərəcə xoş keçirtdim. Ancaq insaf da yaxşı şeydir. Sizi qəlyanaltı vaxtına qədər sərbəst buraxıram, özüm də işlərimlə məşğul olmağa gedirəm. Görmüş olduğunuz katibim – Constantin, s`est lui qui est mon secretarie2929
  Konstantin, o mənim katibimdir. (fr.)


[Закрыть]
– yəqin ki, artıq məni gözləyir. Onu sizə tövsiyyə edirəm. Çox gözəl və xidmətkar oğlandır və sizə tamamilə heyran olmuşdur. Xudahafiz, əziz Dmitri Nikolayeviç! Məni sizinlə tanış etdiyi üçün barona nə qədər minnətdaram!

Darya Mixaylovna əlini Rudinə uzatdı, Rudin əvvəlcə onun əlini sıxıb öpdü, sonra zala, ordan da eyvana çıxdı. Eyvanda o, Nataliyaya rast gəldi.

V

Darya Mixaylovnanın qızı Nataliya Alekseyevna ilk baxışda adamın xoşuna gəlməyə bilərdi. O, hələ tamamilə inkişaf etməmiş, arıq, qaraşın bir qız olub, beli bir az bükük görünürdü. Üzünün cizgiləri on yeddi yaşlı qız üçün həddindən artıq iri görünsə də, gözəl və düzgün idi. Zərif, bir növ ortadan bükülmüş kimi görünən qaşlarının üstündə təmiz və hamar alnı xüsusilə qəşəng idi. Nataliya az danışar və hər bir şey haqda özünə haqq-hesab vermək istəyirmiş kimi diqqətlə qulaq asardı. O, çox vaxt hərəkətsiz dayanar, əllərini yanına salıb fikrə gedərdi, bu zaman onun üzündə daxili düşüncələri əks olunardı… dodaqlarında birdən-birə güclə sezilən təbəssüm görünər və yox olardı, iri, tünd gözləri ağır-ağır yuxarı qalxardı… Xanım Bonkur “Qu`avez vous?3030
  Sizə nə olub? (fr.)


[Закрыть]
– deyə soruşar və gənc qıza fikrə getmək, huşsuz görünmək yaraşmadığını deyib onu danlamağa başlayardı. Lakin Nataliya huşsuz deyildi, əksinə, o səylə dərs oxuyar, həvəslə mütaliə edər, işləyərdi. Onun dərin və qüvvətli hissiyyatı vardı, lakin hissiyyatını gizlədərdi, uşaqlıqda da nadir hallarda ağlayardı. İndi isə, hətta köks ötürməyi də azaltmışdı və nəyəsə acığı tutanda, yalnız azacıq rəngi qaçardı. Anası onu xoş əxlaqlı, ağıllı bir qız hesab edər, zarafatca mon hannete homme de fille3131
  Mənim eybsiz qızım. (fr.)


[Закрыть]
adlandırardı, lakin onun fikri qabiliyyətləri barədə çox da yüksək fikirdə deyildi. O deyərdi: “Xoşbəxtlikdən bizim Nataşa soyuqqanlıdır, mənə çəkməyib… bu yaxşıdır, o xoşbəxt olacaq”. Darya Mixaylovna səhv edirdi. Yeri gəlmişkən deyək ki, çox az ana öz qızını tanıya bilir.

Nataliya anasını sevsə də, ona çox inanmırdı.

Bir dəfə Darya Mixaylovna qızına demişdi: “Sən məndən heç nə gizlətməməlisən. Yoxsa gizlədirsən? Ağlın başındadır?”

Nataliya anasının üzünə baxıb fikirləşmişdi: “Ağlım niyə başımda olmasın ki?”

Rudin eyvanda Nataliyaya rast gələndə, o xanım Bonkurla öz otağına gedirdi ki, şlyapasını qoyub bağa gəzməyə çıxsın. Onun səhər məşğələsi qurtarmışdı. Nataliyanı daha balaca qız uşağı kimi saxlamırdılar. Xanım Bonkur daha ona mifologiya və coğrafiya dərsləri vermirdi, lakin Nataliya hər səhər tarixi kitablar, səyahətnamələr və başqa nəsihətamiz kitablar oxumalıydı. Bu kitabları Darya Mixaylovna guya özünə məxsus xüsusi bir sistemlə seçirdi. Əslindəsə, Peterburqda kitab satan bir fransızın ona göndərdiyi, Düma ata və Kompun romanlarından başqa bütün kitabları Nataliyaya verirdi, bu romanları isə Darya Mixaylovna özü oxuyurdu. Nataliya tarixi kitablar oxuduğu zaman xanım Bonkur gözlüyünün altından ciddi və qaş-qabaqlı bir baxışla ona baxardı. Bu qoca fransız qızının fikrinə görə, bütün tarix yaramaz şeylərlə doludur, o, qədim dövrün böyük şəxsiyyətlərindən yalnız Kambizi, yeni dövrün adamlarından isə XIV Lüdoviki, bir də Napoleonu tanıyardı, bunlardan da zəhləsi gedərdi. Lakin Nataliya elə kitablar da oxuyurdu ki, bunların varlığından xanım Bonkurun əsla xəbəri yox idi. Nataliya Puşkini əzbərdən bilirdi…

Nataliya Rudinə rast gələndə azacıq qızardı.

– Siz gəzməyə gedirsiniz? – Rudin ondan soruşdu.

– Bəli, bağa gedirik.

– Sizinlə getmək olar?

Nataliya xanım Bonkura baxdı.

– Mais certainement, monsieur, avec plaisir3232
  Əlbəttə, cənab, məmnuniyyətlə. (fr.)


[Закрыть]
, – deyə qartımış qız tələsik cavab verdi.

Rudin şlyapasını götürüb onlarla bir yerdə getdi.

Əvvəlcə Nataliyaya Rudinlə yan-yana, bir cığırla getmək birtəhər gəlirdi, sonra bir qədər yüngülləşdi. Rudin ona məşğələləri və kəndin xoşuna gəlib-gəlmədiyi barədə suallar verməyə başladı. Nataliya bir az utana-utana, lakin tələsmədən cavab verirdi, bu utancaqlığı və tələsməyi çox zaman həya əlaməti kimi göstərir və elə də başa düşürlər. Nataliyanın ürəyi döyünürdü.

Rudin ona yandan çəpəki baxaraq soruşdu:

– Siz kənddə darıxmırsınız?

– Kənddə heç darıxmaq olar? Mən burda olduğumuz üçün çox şadam. Mən burda çox xoşbəxtəm.

– Siz xoşbəxtsiniz… Bu böyük sözdür. Amma məlum şeydir, siz gəncsiniz.

Rudin bu axırıncı sözü çox qəribə bir ifadə ilə dedi. Bilmək olmurdu ki, o Nataliyaya qibtə edir, yoxsa ona ürəyi yanır.

– Bəli, gənclik! – Rudin əlavə etdi. – Elmin bütün məqsədi bundan ibarətdir ki, gəncliyə müftə verilən şeyi şüurlu surətdə əldə edə bilsin.

Nataliya diqqətlə Rudinə baxdı. Onun sözlərini başa düşə bilməmişdi.

– Bu gün bütün səhəri sizin ananızla söhbət etmişəm. O qeyri-adi qadındır. İndi başa düşürəm ki, niyə bizim bütün şairlər onunla dost olmağı qiymətləndirirmişlər. Siz şeir xoşlayırsınız?

Nataliya öz-özünə: “O məni imtahan edir”, – deyə düşünüb cavab verdi:

– Bəli, çox sevirəm.

– Şeir allahların dilidir. Mən özüm də şeiri sevirəm. Lakin poeziya yalnız yazılı şeirlərdən ibarət deyil, ətrafımızdakı hər yer poeziya ilə doludur… Bir bu ağaclara, bu səmaya baxın, hər tərəf gözəllik və həyatla doludur. Harda gözəllik və həyat varsa, orda poeziya da var… Burda skamyada oturaq. Bax, belə. Mənə nədənsə belə gəlir ki, siz mənə isnişəndən sonra, – o, gülümsəyib Nataliyanın üzünə baxdı, – dost olacağıq. Siz necə bilirsiniz?

Nataliya yenə öz-özünə: “O mənimlə balaca qız kimi rəftar edir”, – deyə düşündü və ona nə cavab verəcəyini bilmədiyi üçün kənddə nə qədər qalacağını soruşdu.

– Yayı və payızı burdayam. Bəlkə qışı da qaldım. Bilirsiniz ki, çox da varlı adam deyiləm, işlərim pozulub, bir də ki, tez-tez yer dəyişdirmək lap zəhləmi töküb. Bir az dincəlmək vaxtı gəlib çatıb.

Nataliya heyrət içində, çəkinə-çəkinə soruşdu:

– Doğrudan da dincəlmək vaxtınızın çatdığını fikirləşirsiniz?

Rudin üzünü Nataliyaya çevirdi:

– Siz bununla nə demək istəyirsiniz?

– Onu demək istəyirəm ki, – Nataliya bir az utanmış halda cavab verdi, – başqaları dincələ bilər, siz isə… Siz işləməli, faydalı olmağa çalışmalısınız. Bunu siz də etməsəniz, bəs kim?..

Rudin onun sözünü kəsdi:

– Haqqımda belə yaxşı fikirdə olduğunuz üçün təşəkkür edirəm! Faydalı olmaq… bu, sözdə asandır. Faydalı olmaq… Mənim möhkəm inamım olsaydı belə, necə faydalı ola bilərdim? Hətta öz qüvvəmə inanmış olsaydım da, səmimiyyətlə mənə rəğbət bəsləyən qəlbləri hardan tapa bilərdim?

Rudin əlini elə ümidsiz halda yellədi və başını elə kədərlə aşağı saldı ki, Nataliya qeyri-ixtiyari öz-özündən soruşdu: “Görəsən dünən eşitdiyim coşğun, ümidlə dolu sözləri bu adam danışırdı?”

– Amma yox! – Rudin aslan yalına oxşayan saçını silkələyib dedi. – Bunlar boş sözdür. Siz haqlısınız. Sizə təşəkkür edirəm, Nataliya Alekseyevna, sizə ürəkdən təşəkkür edirəm, – Nataliya Rudinin ona nə üçün təşəkkür etdiyini başa düşmürdü. – Sizin bircə sözünüz mənim vəzifəmi yadıma saldı, mənə yolumu göstərdi. Bəli, mən fəaliyyət göstərməliyəm. Mən, əgər varsa, istedadımı gizlətməməliyəm, mən öz qüvvəmi çərənçiliyə, boş, faydasız çərənçiliyə, sözlərə israf etməməliyəm…

Rudinin sözləri çay kimi axmağa başladı. O, acizliyin və tənbəlliyin eyib olduğu, iş görməyin zəruriliyi barədə gözəl, coşğun və inandırıcı surətdə danışmağa başladı. O, elə hey öz-özünü danlayır və sübut edirdi ki, nə edəcəyi barəsində əvvəlcədən mühakimə yeritmək şirə toplamaqda olan meyvəni sancaqla deşmək kimi zərərli bir işdir, bu yalnız qüvvə və şirəni hədər yerə itirmək deməkdir. O inandırırdı ki, rəğbət qazanmayacaq heç bir nəcib fikir yoxdur. Yalnız o adamlar anlaşılmaz qalırlar ki, ya özləri nə istədiklərini bilmirlər, ya da anlaşılmağa layiq deyillər. Rudin bir xeyli danışdı və nəhayət sözünü yekunlaşdıranda bir də Nataliya Alekseyevnaya təşəkkür etdi, tamamilə gözlənilmədən onun əlini sıxıb dedi:

– Siz çox gözəl, nəcib bir məxluqsunuz!

Rusiyada qırx ildən bəri belə sərbəstliyin olduğuna baxmayaraq, rus dilini çox çətin başa düşən və Rudinin dodaqlarında bu dilin gözəl səslənməsinə və ahəngdarlığına heyrət edən xanım Bonkur təəccübləndi. Rudin onun nəzərində hoqqabaz və ya artist kimi bir şey idi. Onun anlayışına görə isə, belə adamlardan ədəb və mərifət gözləməyi tələb etmək mümkün deyildi.

Xanım Bonkur kəskin hərəkətlə ayağa durdu və paltarını düzəldib Nataliyaya dedi ki, evə getmək vaxtıdır, həm də ki, müsyö Volınsev səhər yeməyinə gələcək.

– Baxın, artıq gəlib, – o, evə sarı uzanan xiyabanlardan birinə baxıb dedi.

Doğrudan da, Volınsev yaxınlıqda göründü.

O, qəti olmayan addımlarla yaxınlaşıb uzaqdan hamıya baş əydi, üzündə acı ifadəylə Nataliyaya dedi:

– Gəzintiyə çıxmışdınız?

– Bəli, – Nataliya cavab verdi, – artıq evə qayıdırıq.

– Nə olar ki? Gedək.

Hamı evə tərəf yönəldi.

– Bacınızın səhhəti necədir? – Rudin xüsusi şəfqətlə Volınsevdən soruşdu. O, dünən də Volınsevlə çox mehriban rəftar etmişdi.

– Təşəkkür edirəm, bacım sağ-salamatdır. Bəlkə bu gün bura gəldi… Mən gələndə deyəsən, siz nə barədəsə danışırdınız.

– Bəli, biz Nataliya Alekseyevna ilə söhbət edirdik. O mənə çox təsir edən söz dedi…

Volınsev bunun nə söz olduğunu soruşmadı və hamı dərin bir sükutla Darya Mixaylovnanın evinə qayıtdı.

***

Nahardan əvvəl yenə məclis düzəldi. Ancaq Piqasov gəlməmişdi. Rudinin kefi yerində deyildi, o elə hey Pandalevskiyə Bethovenin əsərlərini çaldırırdı. Volınsev gözünü yerə dikib dayanmışdı, danışmırdı. Nataliya anasından ayrılmır, gah fikrə gedir, gah işə girişirdi. Basistov gözlərini Rudindən çəkmir, onun nəsə ağıllı bir söz deyəcəyini gözləyirdi. Lakin üç saata qədər vaxt xeyli yeknəsəq keçdi. Aleksandra Pavlovna nahara gəlib çıxmadı və Volınsev süfrədən qalxan kimi kolyaskasının qoşulmasını əmr edib heç kəslə vidalaşmadan çıxıb getdi.

Onun vəziyyəti ağır idi. O, Nataliyanı çoxdan sevir və hey təklif etməyə hazırlaşırdı… Nataliyanın da ona meyli var idi, ancaq qəlbi sakit idi. Volınsev bunu aydın görürdü. O, Nataliyaya daha zərif hisslər təlqin etmək ümidində deyildi, o gözləyirdi ki, Nataliya ona tamamilə isinişib tamamilə yaxınlaşsın. Bəs onu həyəcanlandıran nə idi? Bu iki gündə o, necə bir dəyişiklik görmüşdü? Nataliya onunla eynən əvvəlki kimi rəftar edirdi.

Bəlkə də onun ürəyinə dammışdı ki, Nataliyanın xasiyyətini heç bilmir, bəlkə Nataliya ona öz düşündüyündən daha yaddır? Yoxsa onun qəlbində qısqanclıq oyanmışdı, o tutqun halda nəsə pis bir şeymi duymuşdu? Nə isə, o özünə nə qədər təsəlli versə də, yenə iztirab çəkirdi.

Volınsev bacısının yanına gələndə Lejnyovun onlarda olduğunu gördü.

– Nə əcəb belə tez qayıtdın? – Aleksandra Pavlovna soruşdu.

– Elə-belə. Darıxırdım.

– Rudin ordaydı?

– Ordaydı.

Volınsev furajkasını bir qırağa atıb oturdu.

Aleksandra Pavlovna coşğunluqla qardaşına dedi:

– Seryoja, sən allah, mənə kömək et bu inadkar adamı, – o, Lejnyovu göstərdi, – inandırım ki, Rudin çox ağıllı adamdır, həm də gözəl natiqdir.

Volınsev nəsə mızıldandı.

– Mən əsla sizinlə mübahisə etmirəm. – Lejnyov sözə başladı. – Mən cənab Rudinin ağıllı adam və gözəl natiq olmasına şübhə etmirəm. Mən ancaq bunu deyirəm ki, o, mənim xoşuma gəlmir.

– Bəyəm sən onu görmüsən? – Volınsev soruşdu.

– Bu gün səhər Darya Mixaylovnanın yanında gördüm. Axı o indi Darya Mixaylovnanın baş vəziridir. Bir vaxt gələr, Darya Mixaylovna ondan da soyuyar, yadınıza gəlir, haçansa o Pandalevskidən də heç ayrılmırdı, indi də Rudin hakimdir. Onu görmüşəm. Bəs necə! O oturmuşdu. Darya Mixaylovna isə, məni ona göstərirdi. Yəqin öz aləmində belə demək istəyirmiş: Baxın, ay kişi, görün bizim yerdə necə qəribə adamlar var. Mən zavod atı deyiləm, nümayişə çıxmağa da öyrəşməmişəm. Odur ki, çıxıb gəldim.

– Sən onun yanına niyə getmişdin ki?

– Mərzləşmə məsələsi üçün. Bu da boş şeydir. Darya Mixaylovna eləcə mənim təhər-tövrümə baxmaq istəyirmiş. Məlum şeydir də, xanımdır axı.

– Rudinin üstünlüyü sizi təhqir edir. Məsələ bundadır. – Aleksandra Pavlovna coşğunluqla dilləndi. – Bax, siz bunu ona bağışlaya bilmirsiniz. Mən əminəm ki, ağlı kimi, onun qəlbi də çox gözəldir. Siz bir onun gözlərinə baxın, onda ki o…

– Yüksək sədaqətdən dəm vurur… – Lejnyov onun sözünü tamamladı.

– Məni hirsləndirsəniz mən ağlayaram. Ürəkdən təəssüf edirəm ki, Darya Mixaylovnagilə getməyib sizinlə qaldım. Siz buna layiq deyilsiniz. Bəsdir məni hirsləndirdiniz. – Aleksandra Pavlovna şikayətli səslə dedi. – Yaxşısı budur, mənə onun cavanlığından danışın.

– Rudinin cavanlığından?

– Əlbəttə. Axı siz demişdiniz ki, onu çoxdan və yaxşı tanıyırsınız.

Lejnyov ayağa durub otaqda gəzişməyə başladı.

– Bəli, – deyə o, sözə başladı, – mən onu yaxşı tanıyıram. Onun gəncliyindən danışmağımı istəyirsiniz? Nolar. Buyurun. O, T…da, yoxsul mülkədar ailəsində doğulub. Tezliklə atası ölüb, o, anasının yanında qalıb. Anası çox mehriban qadın idi, bütün qəlbini oğluna vermişdi. Özü vələmir çörəyi yeməklə dolanırdı, bütün pulunu oğluna xərcləyirdi. Rudin tərbiyəsini Moskvada, əvvəlcə bir əmisinin hesabına, sonra isə, bir az böyüyüb qol-qanad açandan sonra iyləşib tapışdığı… di bağışlayın, daha demirəm… dostlaşdığı varlı bir knyaz hesabına alıb. Sonra universitetə daxil olub. Mən onunla universitetdə tanış olmuşdum, çox yaxın yoldaş idik. Bizim o zamankı dolanışığımız barəsində sizə sonra danışaram. İndi danışa bilmərəm. Sonra o xaricə getdi…

Lejnyov otaqda gəzişməyə davam edirdi. Aleksandra Pavlovnanın nəzərləri onu təqib edirdi.

– Rudin xaricdə olanda anasına çox az məktub yazırdı, cəmi bircə dəfə on günlüyünə onun yanına gəlmişdi. Qarıcığaz onsuz, yad adamların əlində can verdi. Ancaq ölənə qədər gözünü onun şəklindən çəkmədi. Mən T…da yaşadığım vaxt qarının yanına gedərdim, çox mehriban və olduqca qonaqpərvər qadın idi. Mənə bol-bol albalı mürəbbəsi verərdi. Öz Mityasını yaman sevirdi. Peçorin məktəbinə mənsub cavanlar sizə deyərlər ki, biz həmişə sevməyə qabiliyyəti az olanları sevirik, ancaq mənə elə gəlir ki, bütün analar öz uşaqlarını, xüsusən yanlarında olmayan uşaqlarını sevər… Sonra Rudinə yaşlı, çirkin və qarımış bir qadın bənd olmuşdu. Rudin xeyli müddət onunla hərləndi və nəhayət, atdı… ya da yox, bağışlayın, qadın onu atdı. O zaman mən də onu atdım. Vəssalam.

Lejnyov susdu, əlini alnına çəkdi və yorğun halda kresloya oturdu.

– Bilirsiniz nə var, Mixaylo Mixaylıç, – Aleksandra Pavlovna dedi, – görürəm ki, siz çox kinli adamsınız. Düzü, Piqasovdan heç də yaxşı deyilsiniz. Mən əminəm ki, bütün danışdıqlarınız doğrudur, özünüzdən heç nə uydurmamısınız, ancaq bununla bərabər, siz onu necə də pis təqdim etdiniz. O yazıq qarı, onun sədaqəti, tənha ölümü, o xanım… bütün bunlar nəyə lazımdır? Bilirsiniz, ən yaxşı adamın da həyatını, heç nəyi artırıb-əksiltmədən, elə boyalarla təsvir etmək olar ki, hər kəsi dəhşət götürər. Axı bu özü də bir növ böhtandır.


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 10 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.


Популярные книги за неделю


Рекомендации