Текст книги "Rudin"
Автор книги: Иван Тургенев
Жанр: Русская классика, Классика
сообщить о неприемлемом содержимом
Текущая страница: 5 (всего у книги 10 страниц)
– Doğrudan? – Aleksandra Pavlovna səsini ucaltdı.
– Bəli və nəzərə alın ki, bunu mənim razılığımla etdi. Qəribə burasıdır!.. O vaxt başımda necə qarma-qarışıq fikirlərin olduğu indiyəcən yadımdadır. Hər şey alt-üst olmuş obskur kamerasında3434
Obskur kamerası – obyektlərin optik təsvirini almaq üçün sadə qurğu.
[Закрыть] olduğu kimi, baş-ayaq, ağ-qara görünürdü, yalan həqiqətə, xəyal vəzifəyə çevrilmişdi. Eh! Hətta indi də bunu yadıma salanda vicdan əzabı çəkirəm. Rudin isə əsla ruhdan düşmürdü. Qaranquş gölün üstündə uçan kimi o da hər cür anlaşılmazlıq və qarma-qarışıqlıq arasında hərlənirdi.
– Deməli, siz öz sevgilinizdən ayrıldınız? – Aleksandra Pavlovna başını sadədilliklə yana əydi və qaşlarını qaldırıb soruşdu.
– Ayrıldım… Həm də pis ayrıldım, təhqiramiz surətdə, yöndəmsiz halda, səs-küy salaraq, özü də ehtiyac olmadan səs-küy salaraq ayrıldım. Mən özüm də ağlayırdım, o qız da ağlayırdı və şeytan bilir ki, bu nə iş idi… Elə dolaşıq iş əmələ gəlmişdi ki, bunu ağır olsa da, qəti surətdə həll etmək lazım idi. Amma dünyada hər işin axırı xeyir olur. Həmin qız yaxşı bir adama ərə getdi, indi də rahat-rahat yaşayır.
– Boynunuza alın ki, siz hər halda bunu Rudinə bağışlaya bilməmisiniz… – Aleksandra Pavlovna sözə başladı, amma Lejnyov onun sözünü kəsdi:
– Yox, canım! Mən Rudini xaricə yola salanda uşaq kimi ağlayırdım. Amma düzünü deyim ki, elə o vaxtdan ürəyimə xal düşmüşdü. Sonra xaricdə Rudinə rast gələndə… hə, onda artıq qocalmışdım… Rudini onda əsl olduğu kimi gördüm.
– Onda axı nə kəşf etdiniz?
– Bir saat əvvəl sizə danışdığım bütün şeyləri. Yaxşı, daha onun barəsində bəsdir. Bəlkə də hər şeyin axırı xeyirlə qurtaracaq. Mən yalnız sizə sübut etmək istəyirdim ki, Rudinin barəsində kəskin fikir söyləyirəmsə, bu onu tanımadığıma görə deyil… O ki qaldı Nataliya Alekseyevnaya, onun haqda artıq söz danışan deyiləm. Ancaq siz öz qardaşınıza bir az diqqət yetirin.
– Mənim qardaşıma? Nə olub ki?
– Bir ona nəzər yetirin. Bəyəm heç nə görmürsünüz?
Aleksandra Pavlovna gözlərini aşağı dikdi:
– Siz haqlısınız. Düzdür… Qardaşım… Bir müddətdən bəridir mən onu tanıya bilmirəm… Amma siz bu fikirdəsiniz ki…
– Yavaş! Deyəsən, o bura gəlir. – Lejnyov pıçıldadı. – Nataliya isə uşaq deyil, mənə inanın, hərçənd bədbəxtlikdən, uşaq kimi təcrübəsizdir. Siz görərsiniz, bu qız bizim hamımızı heyrətə salacaq.
– Axı necə?
– Bax belə… Heç bilirsiniz ki, məhz belə qızlar özlərini suya atır, zəhər içir və sair belə şeylər edir? Siz onun belə dinc və sakit görünməyinə baxmayın, onda yaman coşğun ehtiraslar var, xarakteri də elədir ki, allah göstərməsin!
– Yox, məncə siz burda şeiriyyətə qapılırsınız, sizin kimi soyuqqanlı adama yəqin ki, mən də vulkan kimi görünürəm.
– Yox, yox! – Lejnyov gülümsəyib dedi. – Xarakterə qalanda, sizdə heç yerli-dibli xarakter yoxdur.
– Bu nə cürətdir!
– Lütf edin, bu ki, ən gözəl komplimentdir!..
Volınsev içəri girib şübhəli nəzərlərlə bacısını və Lejnyovu süzdü. Volınsev axır vaxtlar arıqlamışdı. Lejnyovla bacısı onunla danışmağa başladılar, ancaq o, onların zarafatlarına azacıq gülümsəməklə cavab verirdi. O, Piqasovun bir vaxtlar onun haqqında dediyi kimi, qəmgin dovşan kimi görünürdü. Amma yəqin dünyada hələ elə bir adam olmayıb ki, ömründə heç olmasa bircə dəfə bundan daha pis görünməsin. Volınsev hiss edirdi ki, Nataliya ondan uzaqlaşır, bununla bərabər ona elə gəlirdi ki, yer də ayağının altından qaçır.
VII
O biri gün bazar günü idi, Nataliya yuxudan gec durmuşdu. Ondan bir gün əvvəl o, axşama qədər tamamilə qaradinməz halda gəzib, gizlində öz göz yaşlarından utanırdı və gecəni çox pis yatmışdı. Yarı geyinmiş halda balaca fortepianosunun qabağında oturub gah xanım Bonkuru oyatmamaq üçüb zorla eşidilən akkordlar götürür, gah da alnını fortepianonun soyuq dillərinə dayayıb uzun müddət hərəkətsiz qalırdı. O nə Rudinin özü barəsində, nə də onun dediyi hansısa söz barəsində düşünmürdü, bütün varlığı ilə öz düşüncələrinə dalmışdı. Arabir Volınsev də onun yadına düşürdü. O bilirdi ki, Volınsev onu sevir, lakin bu fikir o dəqiqə də Nataliyanın başından çıxırdı… O, qəribə bir həyəcan duyurdu. Səhər tələsik geyinib aşağı endi, anası ilə salamlaşdı, fürsət tapıb təkbaşına bağa getdi… O gün hava isti, işıqlı idi, arabir azacıq yağış yağmasına baxmayaraq günəşli gün idi. Açıq səmada tüstüyə oxşayan alçaq buludlar günəşin üzünü tutmadan ağır-ağır hərəkət edir, arabir çöllərə ani və gözlənilməz bol-bol yağmur yağdırırdı. Parıldayan iri damcılar almas kimi nəsə quru bir səslə səpələnirdi. Parıldaşan damcı şəbəkələri arasında günəş şölələri oynaşırdı. Bir az əvvəl küləyin dalğalandırdığı otlar hərəkətsiz dayanıb acgözlüklə rütubəti udurdu. Suvarılmış ağacların bütün yarpaqları xəfif-xəfif titrəşirdi. Quşlar ara vermədən ötüşür və keçməkdə olan yağışın təravətli səsi arasında quşların xoş civiltilərini dinləmək adama ləzzət verirdi. Ara vermədən səpilən damcıların kəskin zərbələri altında tozlu yollardan buxar qalxır və bu yollar ala-bula görünürdü. Lakin budur, bulud keçib getdi. Yüngül meh əsdi, otlar zümrüd və zər çala-çala hərəkətə gəldi… Ağacların yarpaqları bir-birinə yapışa-yapışa seyrəlməyə başladı. Hər tərəfdən qüvvətli bir qoxu duyuldu…
Nataliya bağa gedəndə göyün üzü hələ tamamilə təmizlənməmişdi. Səmadan elə bir təravət və sükunət, elə qısa və xoşbəxt bir sükunət yağırdı ki, buna insanın qəlbi gizlin bir rəğbət və qeyri-müəyyən arzulardan doğan xoş bir nazlanma ilə cavab verir…
Nataliya göl boyunca uzanan gümüşü qovaq xiyabanı ilə gedirdi. Birdən-birə Rudin yerdən çıxmış kimi onun qabağında zahir oldu.
Nataliya tutuldu. Rudin ona baxıb soruşdu:
– Siz təksiniz?
– Bəli, təkəm, – Nataliya cavab verdi, – amma bircə dəqiqəliyə çıxmışdım… İndi evə qayıtmalıyam.
– Mən sizi ötürərəm.
Rudin onunla yanaşı getməyə başladı.
– Elə bil qəmginsiniz, – Rudin dedi.
– Mən? Elə mən də istəyirdim sizə deyim ki, nəsə kefsiz görünürsünüz.
– Ola bilər… Mən hərdən belə oluram. Sizə nisbətən mənim üçün bu üzürlüdür.
– Niyə ki? Elə güman edirsiniz ki, mən heç nədən qəmlənə bilmərəm?
– Sizin yaşınızda həyyatdan zövq almaq lazımdır.
Nataliya dinmədən bir neçə addım getdi.
– Dmitri Nikolayeviç!
– Bəli.
– Yadınızdadır… Dünən bir müqayisə etdiniz… Palıd ağacı ilə… Yadınızdadır?
– Bəli, yadımdadır. Nə olub ki?
Nataliya gözaltı Rudinə baxdı.
– Siz niyə… bu müqayisə ilə nə demək istəyirdiniz?
Rudin başını əyib gözlərini uzaqlara zillədi.
– Nataliya Alekseyevna! – Rudin özünəməxsus olan və həmişə dinləyəni düşünməyə məcbur edən qəmgin və mənalı surətdə, guya ürəyində olanın onda birini də söyləmədiyini bildirən bir ifadə ilə sözə başladı. – Nataliya Alekseyevna! Yəqin hiss etmisiniz ki, mən öz keçmişimdən az danışıram. Qəlbin elə telləri var ki, onlara əsla toxunmuram, mənim qəlbim… kimin nəyinə gərəkdir ki, orda nələrin əmələ gəldiyini bilsin? Bunu göz qabağına qoymaq həmişə mənə nalayiq bir iş kimi görünüb. Ancaq sizinlə açıq danışıram: siz məndə etimad oyatmısınız… Sizdən gizlədə bilmərəm, mən də hamı kimi sevmişəm, əzab çəkmişəm… Haçan və necə? Bu barədə danışmağa dəyməz, lakin mənim qəlbim çox nəşələr və çox qəmlər çəkib…
Rudin bir az susandan sonra davam etdi:
– Dünən sizə dediyim söz bir dərəcəyə qədər mənim özümə, mənim indiki vəziyyətimə tətbiq oluna bilər. Lakin yenə bu barədə də danışmağa dəyməz. Həyatın bu cəhəti artıq mənim üçün yox olub. Mən indi silkənən bir araba içində bürkülü və tozlu yollarla bu stansiyadan o stansiyaya sürünməliyəm… Mənzilə haçan çatacağımı və ümumiyyətlə, çatıb-çatmayacağımı allah bilir… Yaxşısı budur, gəlin sizdən danışaq…
– Doğrudanmı, Dmitri Nikolayeviç, siz həyatdan heç nə gözləmirsiniz?
– Yox, yox! Mən həyatdan çox şey gözləyirəm, ancaq özüm üçün yox… Fəaliyyətdən, fəaliyyət zövqündən heç vaxt əl çəkən deyiləm, ancaq səfadan əl çəkmişəm. Mənim ümidlərim və xəyallarımla öz şəxsi səadətim arasında heç bir müştərək cəhət yoxdur. Eşq (O, bu sözü deyəndə çiyinlərini çəkdi)… məhəbbət – mənim işim deyil. Mən daha ona layiq deyiləm. Sevən qadın insanın bütün varlığını tələb etməyə haqlıdır, mən isə bütün varlığımı verə bilmərəm. Bir də ki, xoşa gəlməyə çalışmaq gənclərin işidir, mən çox qocalmışam. Mən hara, başqalarının başını hərləndirmək hara? Allah eləsin, öz başımı birtəhər saxlayım!
– Mən başa düşürəm, – Nataliya dedi, – böyük bir məqsəd dalınca gedən bir adam artıq özünü düşünməməlidir. Lakin qadın bəyəm belə bir insanı qiymətləndirə bilməz? Mənə elə gəlir ki, əksinə, qadın eqoist adamdan daha tez üz döndərər… Bütün cavanlar, gənclər, sizin fikrinizcə, hamısı eqoistdir, hamısı, hətta sevdikləri zaman da yalnız özlərini fikirləşirlər. İnanın, qadın nəinki fədakarlığı anlaya bilər, hətta özü də özünü fəda edə bilər.
Nataliyanın yanaqları azacıq qızardı və gözləri parıldadı. Rudinlə tanış olmamışdan əvvəl Nataliya heç vaxt belə coşğunluqla, bu qədər uzun nitq söyləyə bilməzdi.
– Siz mənim qadının vəzifəsi barəsində olan fikrimi dəfələrlə eşitmisiniz, – Rudin mülayim bir təbəssümlə cavab verdi. – Siz bilirsiniz ki, mənim fikrimcə Janna Dark Fransanı xilas edə bilərdi, ancaq iş bundan deyil… Mən sizin barənizdə danışmaq istəyirdim. Siz həyata atılmaq üzrəsiniz… Sizin gələcəyiniz haqda danışmaq həm xoş, həm də faydalıdır… Qulaq asın, bilirsiniz ki, mən sizin dostunuzam. Demək olar ki, mən sizin taleyinizdə bir qohum kimi iştirak edirəm… Buna görə də ümid edirəm ki, mənim sualımı təvazökarlıqdan uzaq bir şey hesab etməzsiniz, söyləyin, bu vaxta qədər sizin qəlbiniz tamamilə sakit qalıbmı?
Nataliya qıpqırmızı qızardı, heç nə demədi. Rudin dayandı, Nataliya da dayandı.
– Mənə acığınız tutmadı ki? – Rudin soruşdu.
– Yox, ancaq mən əsla gözləmirdim…
– Amma, – Rudin davam etdi, – mənə cavab verməyə bilərsiniz. Sizin sirriniz mənə məlumdur.
Nataliya, demək olar ki, qorxmuş halda ona baxdı.
– Bəli, bəli… sizin kimdən xoşunuz gəldiyini bilirəm. Onu da deməliyəm ki, ondan daha yaxşı birini tapa bilməzdiniz. O çox gözəl insandır, o sizi qiymətləndirməyi bacarar. Həyat onu korlamayıb, o qəlbən sadə və saf adamdır… o sizin xoşbəxtliyinizi təmin edə bilər.
– Siz kimdən danışırsınız, Dmitri Nikolayeviç?
– Guya kimdən danışdığımı başa düşmürsünüz? Əlbəttə ki, Volınsevdən. Nə deyirsiniz? Bəyəm düz demirəm?
Nataliya üzünü o biri tərəfə çevirdi, o, özünü tamamilə itirmişdi.
– Bəyəm o sizi sevmir? Lütf edin! O gözünü sizdən çəkmir, hər bir hərəkətinizi izləyir. Bir də ki, heç sevgini gizlətmək mümkündürmü? Bəyəm sizin özünüzün də ona meyliniz yoxdurmu? Müşahidələrimə əsasən deyə bilərəm ki, ananızın da ondan xoşu gəlir… Sizin sevginiz…
Nataliya tutulmuş bir halda əlini yaxınlıqdakı bir kola uzadıb onun sözünü kəsdi:
– Dmitri Nikolayeviç, düzü, mənim üçün bu barədə danışmaq çox çətindir. Amma sizi inandırıram ki, siz səhv edirsiniz.
– Mən səhv edirəm? – Rudin soruşdu. – Zənnimcə yox… Mən sizinlə bu yaxında tanış olmuşam, amma sizi artıq yaxşı tanıyıram. Mənim sizdə gördüyüm, həm də aydın gördüyüm bu dəyişiklik nə deməkdir? Bəyəm siz altı həftə əvvəl gördüyüm kimisiniz? Yox, Nataliya Alekseyevna, sizin ürəyiniz sakit deyil.
– Ola bilər, – Nataliya zorla eşidilən səslə dedi. – Lakin siz hər halda yanılırsınız.
– Necə yəni? – Rudin soruşdu.
– Məni rahat buraxın. Məndən heç nə soruşmayın! – Nataliya bunu deyib iti addımlarla evə tərəf yönəldi.
Nataliya öz qəlbində hiss etdiyi şeydən özü də qorxuya düşdü.
Rudin arxadan yetişib onu saxladı.
– Nataliya Alekseyevna! – Rudin dedi, – bu söhbət belə qurtara bilməz. Bu söhbət mənim üçün olduqca mühümdür. Sizin sözünüzü necə başa düşüm?
– Məni rahat buraxın! – Nataliya təkrar etdi.
– Nataliya Alekseyevna, allah xatirinə!
Rudinin üzündə həyəcan əlamətləri göründü. Onun rəngi qaçdı.
– Siz hər şeyi başa düşürsünüz, gərək mənim dediklərimi də başa düşəsiniz, – Nataliya dedi və əlini Rudinin əlindən çəkib arxaya baxmadan çıxıb getdi.
– Tək bircə söz daha! – Rudin arxadan ona səsləndi.
Nataliya dayandı, ancaq üzünü çevirmədi.
– Siz məndən soruşdunuz ki, dünənki müqayisə ilə nə demək istəyirdim. Bilin ki, mən sizi aldatmaq istəmirəm. Mən özümdən, keçmişimdən və sizdən danışırdım.
– Nə? Məndən?
– Bəli, sizdən. Təkrar edirəm ki, sizi aldatmaq istəmirəm… Siz indi bilirsiniz ki, mən onda necə bir hissdən, necə yeni bir hissdən danışırdım… Bu günə qədər mən heç vaxt cürət etməzdim…
Nataliya birdən əlləriylə üzünü tutub evə qaçdı.
Nataliya Rudinlə olan söhbətinin nəticəsindən elə sarsılmışdı ki, Volınsevin yanından qaçaraq keçmiş, onu görməmişdi. Volınsev ağaca söykənib hərəkətsiz halda dayanmışdı. Volınsev on beş dəqiqə əvvəl gəlmişdi, qonaq otağında Darya Mixaylovnayla görüşmüş, onunla bir-iki kəlmə danışıb yavaşca aradan çıxaraq Nataliyanı axtarmağa getmişdi. O, aşiqlərə məxsus bir duyğunun təsiri altında bağa gedib, Nataliyanı əlini Rudinin əlindən çəkdiyi anda görmüşdü. Volınsevin gözləri qaralmışdı. O, nəzərləriylə Nataliyanı ötürüb ağacdan aralandı və özü də hara getdiyini bilmədən iki-üç addım atdı. Rudin gəlib Volınsevin yanından keçəndə onu gördü. Hər ikisi bir-birinin gözünün içinə baxdı, bir-birinə baş əyib dinməzcə ayrıldılar.
İkisi də: “Bu belə qurtara bilməz”, – deyə düşündü.
Volınsev bağın lap axırına qədər getdi. O, ağzında acılıq hiss edir, ürəyi bulanırdı. Qəlbindən sanki qurğuşun asılmışdı. Bəzən qanı qəzəblə beyninə vururdu. Yağış yenə çiləməyə başladı. Rudin öz otağına qayıtdı. O da sakit deyildi. Fikirləri qasırğa kimi hərlənirdi. Gənc və saf bir qəlbin gözlənilməz və etimadlı təması kimi desən həyəcanlandırar.
Süfrə başında işlər nəsə yöndəmsiz gedirdi. Rəngi büsbütün qaçmış Nataliya yerində güclə oturmuşdu, gözlərini qaldırmırdı. Volınsev adəti üzrə Nataliyanın yanında oturmuşdu, arabir məcburiyyətdən onu danışdırırdı. İş elə gətirmişdi ki, Piqasov da bu gün Darya Mixaylovnagildə nahara gəlmişdi. Süfrə başında hamıdan çox danışan o idi. Söhbət əsnasında o sübut etməyə çalışdı ki, itlər kimi insanları da lümək və uzunquyruq deyə iki yerə ayırmaq olar. O deyirdi ki, insanlar həm anadangəlmə, həm də öz təqsirlərinə görə lümək olur. Lüməklərin işi xarabdır, onların əlindən heç bir iş gəlmir, onlar özləri özlərinə inanmırlar. Amma uzun və şələ quyruğu olan adam xoşbəxtdir. O lümək adamdan daha pis və daha zəif ola bilər, ancaq onun özünə inamı var. Quyruğunu açıb uzadar, hamı baxıb ləzzət alar. Bir də ki, ən heyrətli cəhət burasıdır: axı siz özünüz də təsdiq edərsiniz ki, quyruq bədənin tamamilə faydasız bir hissəsidir, quyruq nəyə yaraya bilər? Amma hamı ləyaqətinizə məhz sizin quyruğunuza görə qiymət verir.
– Mən, – Piqasov köks ötürüb davam etdi, – lüməklər cərgəsindənəm və ən pisi də odur ki, öz quyruğumu özüm kəsmişəm.
Rudin laqeyd halda dedi
– Sizin dediyinizi sizdən çox-çox əvvəl la-Roşfuko deyib: sən özünə inan, başqaları da sənə inanar, amma bilmirəm bu quyruğu qoşmağın nə mənası var?
Volınsevin gözləri parıldadı, kəskin şəkildə dedi:
– İcazə verin, hərə öz istədiyi kimi danışsın. Despotizmdən danışırlar… Məncə ağıllı adlanan adamların despotizmindən daha pis despotizm yoxdur. Cəhənnəm olsun onlar!
Volınsevin bu hərəkəti hamını heyrətə saldı, hamı susdu. Rudin ona baxdı, lakin onun baxışına davam gətirməyib üzünü qırağa çevirdi, gülümsədi və ağzını açmadı.
Piqasov: “Ehe! Sən də lüməksənmiş!” – deyə düşündü, Nataliyanın qorxudan nəfəsi kəsildi. Darya Mixaylovna xeyli müddət çaşqın halda Volınsevə baxdı və nəhayət, ilk olaraq o danışdı, o öz dostu nazir N.N…in qeyri-adi iti barəsində söhbət açdı.
Nahardan bir az sonra Volınsev çıxıb getdi. Nataliya ilə sağollaşanda dözə bilməyib dedi:
– Siz niyə belə tutulmusunuz? Sanki müqəssirsiniz. Siz heç kimin qabağında müqəssir ola bilməzsiniz.
Nataliya heç nə başa düşmədi, Volınsevin dalınca baxa-baxa qaldı. Çaydan əvvəl Rudin Nataliyaya yaxınlaşdı və guya qəzetləri seçmək istəyirmiş kimi stola tərəf əyilib Nataliyaya pıçıldadı:
– Bütün bunlar yuxu kimidir, elə deyil? Mən sizi bircə dəqiqəliyinə də olsa, mütləq təklikdə görməliyəm. – Rudin xanım Bonkura tərəf dönüb dedi: – Budur, axtardığınız felyeton burdadır. – Sonra yenə Nataliyaya tərəf əyilib pıçıltıyla əlavə etdi. – Saat ondan sonra eyvanın yanındakı yasəmən köşkündə olmağa çalışın. Mən sizi gözləyəcəyəm…
Bu axşamın qəhrəmanı Piqasov idi. Rudin döyüş meydanını ona tərk etmişdi. Piqasov Darya Mixaylovnanı çox güldürürdü. Əvvəlcə o, otuz ilə qədər arvadının qapazaltısı olan bir qonşusundan danışdı, kişi o dərəcədə arvadlaşıbmış ki, bir dəfə Piqasovun gözü qabağında bir gölməçədən keçmək istəyərkən, arvadlar öz tumanlarını qaldırdıqları kimi, o da əlini dala uzadıb sürtukunun ətəklərini geri çəkibmiş. Sonra o başqa bir mülkədardan danışdı, o da əvvəl mason, sonra xəyalpərəst, sonra da bankir olmağı arzu edirmiş.
Piqasov ondan soruşubmuş ki:
– Filip Stepanoviç, siz necə mason olmuşdunuz?
– Məlum şeydir, çeçələ barmağımın dırnağını uzatmışdım.
Amma Piqasov məhəbbətdən danışmağa başlayanda Darya Mixaylovna daha çox gülmüşdü. Piqasov inandırmağa çalışırdı ki, onun dərdindən ah çəkənlər də olub və bir alman qadını onu hətta “iştahalı Afrikançik” və ya “xırxırciyəz” adlandırırmışdı, Darya Mixaylovna gülürdü, Piqasov isə yalan demirdi. O doğrudan da öz qələbələriylə lovğalanmağa haqlı idi. O deyirdi ki, özünü hansısa bir qadına sevdirməkdən asan şey ola bilməz, bunun üçün həmin qadına onca gün dalbadal dodaqlarında cənnət, gözlərində səadət olduğunu, qalan qadınların isə, onun müqabilində zir-zibil olduğunu təkrar etmək kifayətdir. On birinci gün həmin qadın özü deyər ki, onun dodaqları cənnət, baxışları səadət mənbəyidir və özü sizə aşiq olar. Dünyada hər şey olur. Kim bilir, bəlkə də Piqasov haqlıdır.
Saat onun yarısında Rudin artıq köşkdə idi. Səmanın uzaq və solğun dərinliklərində ulduzlar yenicə doğmuşdu. Qərb tərəf hələ al rəngə bürünmüşdü, orda üfüq daha parlaq və daha təmiz görünürdü. Yarımdairə halında olan ay salxım toz ağacının qara şəbəkəsi arasından qızıl kimi parıldayırdı. O biri ağaclar közə oxşayan minlərlə işıqlı dəlmədeşiyi olan qaradinməz nəhənglər halında durur, ya da bir-birinə bitişik qapqara dağlar kimi görünürdü. Bircə yarpaq da tərpənmirdi. Yasəmən və akasiya ağaclarının üst budaqları ilıq havada nəsə dinləyirmiş kimi boylanırdılar. Yaxındakı ev qaraltı halında görünürdü. Pəncərələr qırmızımtıl işıq ləkələri kimi görünürdü.
Rudin qollarını sinəsində çarpazlayıb gərgin bir diqqətlə ətrafı dinləyirdi. Qəlbi şiddətlə döyünürdü, o, qeyri-ixtiyari nəfəsini qısırdı. Nəhayət yüngül və tələsik addım səsləri eşitdi. Nataliya köşkə girdi.
Rudin ona tərəf atılıb əllərini əlinə aldı. Nataliyanın əlləri buz kimi soyuq idi.
– Nataliya Alekseyevna! – Rudin titrək pıçıltı ilə dilə gəldi. – Mən sizi görmək istəyirdim. Sabaha qədər gözləyə bilmədim. Mən hələ bu gün səhərə qədər heç güman etmədiyim və dərk etmədiyim bir şeyi sizə deməliyəm. Mən sizi sevirəm!
Nataliyanın əlləri əsdi.
– Mən sizi sevirəm! – Rudin təkrar etdi. – Bilmirəm necə olub ki, mən bu uzun müddət ərzində yanılmışam, sizi sevdiyimi başa düşməmişəm. Bəs siz? Nataliya Alekseyevna, deyin, bəs siz?..
Nataliya zorla hiss ediləcək şəkildə nəfəs alırdı.
– Görürsünüz ki, bura gəlmişəm, – nəhayət, o çətinliklə dedi.
– Yox, deyin, siz də məni sevirsiniz?
– Mənə elə gəlir ki… bəli… – Nataliya pıçıldadı.
Rudin onun əllərini daha bərk sıxdı və onu özünə tərəf çəkmək istədi…
Nataliya tez ətrafa boylandı.
– Məni buraxın. Məni dəhşət götürür, elə bil ki, kimsə bizi dinləyir. Allah xatirinə, ehtiyatlı olun. Volınsev başa düşür.
– Allah onun köməyi olsun! Gördünüz ki, mən bu gün heç ona cavab vermədim… Ah. Nataliya Alekseyevna, mən nə qədər xoşbəxtəm, indi bizi daha heç nə ayıra bilməz!
Nataliya onun gözlərinin içinə baxdı.
– Məni buraxın, – deyə o pıçıldadı, – mən getməliyəm.
– Bircə dəqiqə də… – Rudin sözə başladı.
– Yox, buraxın, buraxın məni…
– Elə bil ki, məndən qorxursunuz.
– Yox, ancaq mən getməliyəm…
– Yaxşı, heç olmasa bircə dəfə də təkrar edin.
– Deyirsiniz ki, siz xoşbəxtsiniz? – Nataliya soruşdu.
– Mən? Dünyada məndən xoşbəxt adam yoxdur! Yoxsa siz buna şübhə edirsiniz?
Nataliya başını qaldırdı. Onun nəcib, gənc, həyəcanlı və solğun üzü köşkün əsrarəngiz kölgəsində və gecənin səmasından süzülən zəif işıqda olduqca gözəl görünürdü.
– Bilin ki, – Nataliya dedi, – mən sizin olacağam.
– Aman allah! – Rudin səsləndi…
Lakin Nataliya çıxıb getdi. Rudin bir qədər dayandı. Sonra ağır-ağır köşdən çıxdı. Ay onun üzünü aydın bir şəkildə işıqlandırmışdı, onun dodaqlarında təbəssüm oynayırdı.
– Mən xoşbəxtəm! – deyə o, yavaşcadan pıçıldadı, sonra özünü inandırmaq istəyirmiş kimi yenə təkrar etdi, – Bəli. Mən xoşbəxtəm!
O qamətini düzəltdi, saçını silkələdi və şən halda əllərini oynada-oynada iti addımlarla bağa getdi.
Bu zaman yasəmən köşkündə kollar yavaş-yavaş aralandı və Pandalevski göründü. O, ehtiyatla ətrafa boylanıb başını yırğaladı, dodaqlarını büzdü, mənalı surətdə: “Belə-belə işlər… Bunu Darya Mixaylovnanın hüzuruna çatdırmaq lazımdır!” – deyib yox oldu.
Правообладателям!
Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.