Текст книги "Turan-Türk tarixində Əfrasiyab və Oğuz Xaqan"
Автор книги: Ələsgər Siyablı
Жанр: Прочая образовательная литература, Наука и Образование
сообщить о неприемлемом содержимом
Текущая страница: 10 (всего у книги 30 страниц) [доступный отрывок для чтения: 10 страниц]
VIII FƏSİL. Əfrasiyab-Alp Ər Tonqa tarixi şəxsiyyət kimi
Dastanlarda, əfsanələrdə, ərəb və fars dilli qaynaqlarda adı keçən, qəhrəmanlıqları yüz illər boyunca Türk xalqlarının dilində əzbər olan Turan padşahı Əfrasiyabın gerçək adının Türklərin böyük qəhrəmanı Alp Ər Tonqa olduğunu, yəni onun həqiqətən tarixi bir şəxsiyyət olduğunu bizlərə duyuran əsas yazılı mənbələr Mahmud Kaşqarlının “Divani lüğət-it Türk” və Yusif Has Hacibin “Kudatğu bilik” əsərləridir. Mənşə etibarı ilə Qaraxanlı Türk sülaləsinə mənsub olan Mahmud Kaşqarlı yaşadıqları Barsqan şəhərindən Kaşqar şəhərinə köçdükdən sonra 1008-ci ildə bu şəhərdə dünyaya gəlmişdir. Mükəmməl təhsil alaraq ərəb və fars dillərini də öyrənən Mahmud Kaşqarlı 1057-ci ildə Kaşqardan ayrılaraq Bağdada səfər etmiş və 15 il boyunca Türklərin yaşadıqları ölkələri, əyalətləri, şəhərləri, obaları, dağları dolaşaraq onların dillərini, ləhcələrini, adət-ənənələrini dərindən öyrənib araşdırmışdır. Sonucda o 1072-1074-cü illər arasında ərəblərə türk dilini öyrətmək məqsədilə yazdığı “Divani lüğət-it Türk”, yəni Türk dillərinin lüğəti adlı ensiklopedik bir əsər yazaraq Xəlifə Muktədiyə təqdim etmişdir.
Mahmud Kaşğari öz əsərində Türklərin böyük xaqanı Əfrasiyabın əsl türk adının Tonqa Alp Ər olduğunu yazır, Tonqanın mənasının bəbir olduğunu və Əfrasiyabın da fili öldürməyə gücü yetən bəbir kimi qüvvətli igid adam olduğunu qeyd edir. (Mahmud Kaşğari, Cild III, 2006, Səh. 319)
Bəbir adının digər bir deyiliş forması Bars şəklindədir. Samilər Barsı Namri adlandırırdılar.
Firdovsi də Əfrasiyabın qudrətli, yenilməz bir gücə malik olduğunu etiraf edərək atası Peşəngin dili ilə onu fil gücünə malik erkək aslan adlandırır. Tonqa türklərdə son dərəcə güclü və cəsur bəbirə, barsa verilən addır. Bu keyfiyyətlərinə görə də, Tonqa adı igidliklərinə görə Türk qəhrəmanlarına tez-tez verilirdi, Tonqa Tiqin, Tonqa Xan və s. Riçard Fraya görə Tonqa adı türklər üçün xarakterik olan qurd totemi ilə əlaqədardır. (Фрай Р., М. 2002, Səh. 66)
Alp Ər Tonqanın adındakı “tonqa” sözünün daha qədimlərdən etibarən Türk boy birliyinin adı olduğu tarixi mənbələrdən məlumdur.
Telelər 15 boydan ibarət idilər ki, onlarda biri də Tunlo tonqra idi. Göy Türk xaqanlığı dövründə Qərb vilayətlərinin hakimi Moxe şadın oğlanlarından biri olan Tonqa şad Orta Asiyada Səmərqənddə hakim idi. L.Qumilyov Tonq(a) adını “böyük/möhtəşəm” kimi tərcümə edir, lakin o tonqun bir tayfa adı olmasını da istisna etmir. Türk tayfalarından barsillərin adı “bars”, aşina boy adı da “qurd” deməkdir. Türkütlərin dövlətində Kara Çurinin nəslindən olan bir çox xanlar Tonq adını daşıyırdılar: Tunq Şexu, Tunqo Şebolo, Tunq Dulu xan. Müasir dövrdə də Tonq boyu altay-kiji və tuvalıların içərisində öz boy varlıqlarını qoruyub saxlamışlar. Altayların kumandin tayfaları, daha dəqiqi onların tonq boyu Göy Türk dövləti zamanında ilk dövrdən İstemi xanın ordusunun tərkibində döyüşmüş şad və xan titulu ilə bölgələri idarə etmiş, ordulara rəhbərlik etmişdilər.
Hindistanda Ərtunqa hakimiyyət titulu kimi istifadə olunurdu.
Z.V.Toqan kökü e.q. I minilliyə gedib çıxan Alp Ər Tonqa rəvayətlərinin eramızın əvvəllərində hələ də xatirələrdə yaşadığını bildirir və bunun səbəbini türklərin yüz illər ərzində buddizm dininə bəslədikləri etiqadda Alp Ər Tonqa/Əfrasiyabın buddizim dininə mənsub bir qəhrəman kimi vəsf olunmasında görür. Əl Biruni Buddizmin əsasının şamanizmin təşkil etdiyini yazır.
Buddizim Türkistanda e.q. III–II əsrlərdə Böyük Hun imperatorluğu zamanında yayılmağa başlamışdır. Türklərdə həm onqun, həm də hökmdar, şad və qəhrəmanların ünvan olan Tonqa ilə paralel olaraq tədricən buddizm onqonu olan Aslan/Arslan da istifadə olunmağa başlanmışdır.
Türk buddizminin mərkəzi olan Turfandakı Koçu-İdikut dövlətinə aid abidələrdəki divar rəsmlərində Tonqa (bars) və aslan dərisinə bürünmüş qəhrəmanlar təsvir olunmuşdur.
Uyğur dastanlarında qəhrəmanlar igidlik, cəsurluq anlamında “Tonqalar bəyi” kimi ifadələrlə vəsf olunması Tonqa ünvanının Uyğur hökmdarları və qəhrəmanlar tərəfindən geniş şəkildə istifadə olunduğunu göstərir. İlk müsəlman Uyğur dövlətinin xaqanı Satık Buğra xanın oğlunun da adı Tonqa İliq idi.
Klauson etimoloji lüğətində Tonqa sözünü qəhrəman, görkəmli əsgər və eyni zamanda bars anlamı daşıdığını yazır. Uyğurların buddizm ədəbiyyatında Arjunqa-Artunqa böyük qəhrəman kimi qeyd olunur. Türk tarixində Tutuq Ər Tunqa, Yazır Tonqa, Oğul Tunqa kimi qəhrəmanlar olmuşdur. Manixey uyğur ədəbiyyatında Tura tenqri Hörmüzün oğludur. O külək, su, işıq və od tanrısıdır. (Clauson G., 1972, Səh. 543)
Alp Ər Tunqa və Əfrasiyab Turanın ulu xaqanı olaraq təkcə Türkistanda qurulan dövlətdə hakimiyyət sülaləsinin kökünü təşkil etmirdi. Hindistanda qurulan Sak dövlətinin hökmdarı Azis də Ərtunqa adını bir az dəyişik şəkildə Erjuna kimi özünün hakimiyyət tituluna çevirmişdi. E.q. 133-129-cu illərdə Hindistana gedib orda Kuşan dövlətini quran Kujula Kadfis Asizi məğlub edərək onun Ərtunqa ünvanını da mənimsədi və “Erjuna yasaqa”, yəni Ərtunqa yasası adlı qanunlar yasasını qəbul etdi. Z.V.Toqan Erjuna adının Ərtunqa adının dəyişik şəkli olduğunu yazmışdır. (Z.V.Togan, 2013, Səh. 145)
Ərtunqa adının türklərin yayılmış olduğu Hindistan və digər ərazilərdə hakimiyyət titulu kimi istifadə olunması Alp Ərtunqanın Turan tarixinin qədim dövrlərində hökmranlıq etmiş tarixi şəxsiyyət olduğunu sübut edir.
Tonqa adı qədim türk dilində bars/bəbir anlamı ilə yanaşı bir də “cəsur, igid, qəhrəman” anlamları daşıyır. (ДТС, 1969, Səh. 575)
Germanların etnogenezində kelt mənşəli hesab edilən Tunqer adlı tayfa önəmli rol oynamışdır. German adı onlara Tunqer tayfası olaraq qalların hücumu qarşısında Reyn çayını ilk keçdikləri üçün “qalib” mənasında verilmişdi. (Kaspar Zeuss, 1837, Səh. 60)
Belə olduğu təqdirdə German və ya herman sözü tonqa sözü ilə eyni anlam daşıyır. Germanlara aid edilən Tunq-er adı Ertunqa adının dəyişik ifadə şəkli ola bilər.
İranlılar e.q. 900-cü ildə İran yaylasını işğal etdikdən sonra Turan dövlətinin ərazilərinə daima təcavüz edirdilər. Bu hadisələr Avestada da öz əksini tapmışdır. “Arilər və turanlılar Yaksart sahillərində Soqdiyada toqquşdular və ilk zamanlar turanlılar üstünlüyə malik idilər. Lakin iranlılar turanlıların işğalından xilas oldular. Avestada Turanın hökmdarı Franqrasyanın adını çəkir və orda mələklərə müraciətlə Franqrasyan üzərində qələbə çalmağa yardım etməsi üçün ona dua edirlər. Fravaşı min başlı düşmən turanlılara qarşıdır”. (Lenormant F., 1887, Səh. 377)
E.q. 900-cu ildə tərtib olunduğu ehtimal edilən Avesta mətnlərindən məlum olur ki, iki düşmən xalq arasında mövcud olan sərhəd problemləri Ahuramazda tərəfindən çözülmüşdür. O baş verən sərhəd anlaşılmazlığını İran naminə yoluna qoymaq üçün nəhəng bir öküz yaratmış və İranla Turan arasında sərhəd o öküzün dırnaqları ilə qazdığı yerlə müəyyən olundu. Həmin öküzün qazdığı yer sonradan türk dilində Okus adlanan çaya çevrilərək İranla Turan arasında sərhəddi təşkil etmişdir. İki irq arasında sərhəddi müəyyən etmək üçün məhz öküzün seçilməsi təsadüfi deyildir. Çünki Tur/öküz türklərin eponimi, sitayiş etdikləri totemləri idi və onun müəyyən etdiyi sərhəddi pozmaq böyük günah hesab olunurdu. Bu hadisə əslində sumer mifologiyasında öküz obrazında təcəssüm olan tanrı Enkinin Fərat və Dəclə çaylarını yaratması ilə əlaqədar mifin Avestadakı yansımasıdır.
Turan dövlətinin mövcudluğunu və onun ulu xaqanı Əfrasiyabın gerçək bir tarixi şəxsiyyət olması faktının inkarı tarixi dəlillərə ziddir. Əfrasiyabın tarixi şəxsiyyət olması Türklərin iki önəmli yazılı mənbələri olan Mahmud Kaşqarlının “Divani lüğət-it Türk” və Yisif Balasaqunlunun “Kutadqu biliq” əsərləri ilə təsdiq olunmaqdadır. Hər iki əsərdə iran mənbələrində Turan padşahı Əfrasiyab kimi təqdim olunan şəxsin əslində Turanın ulu xaqanı Alp Ər Tonqa olduğu inkaredilməz faktlarla təsdiq olunur. Hər iki əsərdə Alp Ər Tonqa haqqında türklər içərisində mövcud olan bir çox rəvayətlər və tarixi faktlar öz əksini tapmışdır.
Turlar, sonrakı adları ilə türklər Əfrasiyabın hökmdar olduğu Turan dövlətinin aparıcı etnik ünsürünü təşkil edirdilər və dövlət də onların adı ilə Turan dövləti adlanırdı. Türk tarixində dövlətin hakimiyyət sülaləsini təşkil edən boyun adı ilə adlanmasını əks etdirən çoxlu misallar mövcuddur. Kəngər dövləti, Bulqar dövləti, Xəzər dövləti, Eftalitetlər dövləti, Hun dövləti, Türkeşlər dövləti, Karluq dövləti və s.
Çin və İran mənbələrində Əfrasiyabın dövləti çox zaman Kanqa və ya Kanqlı da adlanırdı. Dövlətin paytaxtı da Kanqa idi. Kanqa və ya Kəngər Turan dövlətinin hökmran sülaləsini təşkil edirdi.
Avestada köçəri xalqların ərazisi olan Aryanamvayca Turan ərazisini əhatə edirdi və onunla Aryaşayana (Arilər ölkəsi) arasındakı sərhəd Datya-Amudərya çayı idi. Turan ölkəsinin adı Avestada çox zaman Aryanam vayca şəklində ifadə olunurdu və bu ərazi arilərə aid deyildi. Aryanam vayca, yəni Turan ərazisində ən böyük tayfa birliyi turlardan ibarət idi. Turların mərkəzi Kanxa-Kanqlı adlanırdı və Əfrasiyab turların hakimiyyət sülaləsinə mənsub idi. Saklar və dahalar turlarla birlikdə Turan ölkəsinin başlıca tayfa birliklərini təşkil edirdilər. (Вайнберг, 1999, Səh. 206)
XVII Yaştda iranlıların düşməni olan “asu-aspa”, yəni sürətli atlara malik turlar haqqında bəhs olunur. Avestada turların məskunlaşdıqları ölkə Turyana adlanır. Şahnamədə Turan və Türkistan eyni ərazinin müxtəlif adıdır. İslamaqədərki farsdilli əsər olan “Ayatkar Zareran” da turların ölkəsi hion, yəni hun adlandırılır. Şahnamədə iranlılar və turanlılar fərqli dillərdə danışırlar. Bu fakt turanlıların guya iranlı köçəri tayfa olduqları haqqındakı versiyanı rədd edir. Şahnaməyə görə anası türk olan Səyavuş turanlılarla onların öz dillərində danışır, lakin nə Əfrasiyab, nə də digər turanlılar Firdovsinin “pəhləvi” adlandırdığı iran dilində danışa bilmirlər. (X.Короглу, 1983, Səh. 88–89)
Səyavuşun ölümündən sonra iranlı pəhləvan Qiv atası Qudərzin tapşırığı ilə Səyavuşun oğlu Keyxosrovu axtarmaq üçün Turana yola düşür, o yeddi il burda qaldığı müddətdə türk dilində danışır ki, onun kim olduğunu bilməsinlər. Turan qəhrəmanı Human iranlıların düşərgəsinə gedərkən özü ilə tərcüməçi aparır.
Şahnamədə Əfrasiyab əfsanəvi Turun nəvəsidir və Turan dövlətinin də əsasını Tur qoymuşdur. Turlar ilkin dəmir dövründə, yəni təxminən e.q. VII əsrdə Orta Asiya və Kazaxıstanın şimal-şərq ərazilərində köçəri və yarımköçəri tayfaları öz rəhbərliyi altında birləşdirərək Turan adlı möhtəşəm bir dövlət yaratmışlar. Avestanın “Farvardin-Yaşt” bölümündə adları çəkilən sayrım, ariyaka, daha tayfaları turların rəhbərliyi altında birləşən həmin tayfalardır. E.q. III əsrdə Aralın şərqində, Karatau dağlarının şimalında və Sırdəryanın orta axarı mərkəz olmaqla Turan ərazisində Çin salnamələrində adı Kanqyu kimi qeyd olunan dövlət mövcud olmuşdur. Kanqyu Kanqlı/Kəngər adının çin dilində ifadə formasıdır. Eramızın ilk əsrlərinə qədər mövcud olan Kanqyu dövləti Turan dövlətinin davamı kimi Əfrasiyab və onun hakimiyyət sülaləsi haqqında ənənələrini yaşatmış və bu ənənələr sonrakı Türk dövlətləri olan Qaraxanlılar, Səlcuklular və Uyğur hakimiyyət sülalələri tərəfindən davam etdirilmişdir.
Turan əsasən türklərin vətəni olsa da, burda qeyri türklər, o cümlədən soqdlar da yaşayırdılar. Əfrasiyabın və övladlarının hakimiyyət sürdüyü Turan Şahnamədən və digər mənbələrdən göründüyü kimi dövlətlər konfederasiyası idi. Sak, Kanq, Hotan, Eftalit, Kuşan, Daha kimi dövlətlər bu birliyə daxil olub Əfrasiyabın başçılığı altında İranın təcavüzünə qarşı birgə mübarizə aparırdılar. Saklar, massagetlər, kanqlar, sarmatlar, parflar, eftalitlər də etnik mənşə baxımından turanlılar adlandırılırdı.
Avestada bəhs edilən Turan tayfalarından biri də hyaunlardır. Əfrasiyabın oğlu Ərcasp İran qaynaqlarında turanlı bir tayfa olan hiyunların, yəni xionitlərin hökmdarı kimi göstərilir. Avestada adı Hiyun kimi qeyd olunan xionitlər türk, hun və ağ hunlar kimi qəbul olunurlar. Zərdüşlüklə düşmən münasibətdə olub mübarizədə məğlub olaraq Türkistanın içərilərinə doğru geri çəkilən Ərcasp e.q. 563-cü ildə ölən Zərdüştlə müasir idi. Firdovsi türk igidlərini yabqunun bahadırları, türk ordusunun seçmə dəstəsini “teginlər” adlandırır. Ərcaspı isə başqa bir yerdə çiqil hökmdarı adlandıran Firdovsi onun bahadırlarından birini Qorqsan, yəni “qurda bənzər” adlandırır. Bu ad türk əfsanələrində qurd toteminə uyğun gəlir.
Əhəməni Kirin hökmranlığı dövründə Turan hökmdarı Massagetlər boyuna mənsub Tomris idi, bəzi müəlliflər Tomrisi Əfrasiyabın nəvəsi adlandırırlar. Kir massagetlərin hökmdarı Tomrislə mübarizədə e.q. 530-cu ildə məğlub olaraq öldürülmüş və iranlı Əhəməni hökmdarlarının basqınlarının qarşısı bir müddət alınmışdır.
Əfrasiyabın türk mənşəyə malik olması bir sıra rus tarixçiləri tərəfindən də təsdiqlənməkdədir. Pyankovun yazdığına görə Turanlıların adlarının bir çoxu, o cümlədən Əfrasiyab adının iran dilləri əsasında izahı mümkün deyil. Əfrasiyabın özü də arilərin başa düşmədikləri bir dildə danışırdı. Bu Turan elitasının öz doğma dillərini qoruyub saxladıqlarını göstərməkdədir. Əfrasiyabın Turan dövlətinin ərazisi Amudərya və Sırdəryanın aşağı axarlarındakı Kanq və Kattan başlayaraq Çin ölkəsinə və Çin dənizinə qədər olan geniş sahələri əhatə edirdi, Əfrasiyabın paytaxtı isə Sırdərya çayından cox uzaqlarda, Şaş və İsficabın arxasındakı Kanq şəhəri idi. (И.В.Пьянков, 2012)
Qədim İran qaynaqlarına əsaslanan Biruni, Nəsəfi, Təbəri və Narşahi kimi müəlliflər qədim Turan dövlətinin sərhədlərinin Məşhəd və Səraxs şəhərlərinin ortasına qədər uzandığını qeyd edirlər. Onlar bu ərazinin ortasında Məzduran, yəni Turan sərhəddi anlamında Mərzi Turanın mövcud olduğunu yazırlar. Bu o deməkdir ki, bir vaxtlar Turan Türk dövlətinin sərhədləri daxilində olan Maveraunnəhr və Xorasan sonradan Əhəmənilər tərəfindən işğal olunmuşdur.
Məzduranın, yəni Turan sərhəddinin müəyyən olunması haqqında Anonim “Məcməl ət təvarix” əsərində yazılmışdır ki, Əfrasiyab Məniçöhrü Təbəristanda bir neçə il mühasirədə saxladıqdan sonra nəhayət sülh bağlayırlar və Araş Amul qalasından ox atır. Ox Səraxs və Mərv arasındakı Mərzidurana (Mərzi Turan) düşür və bura İran və Turan arasında sərhəd kimi müəyyən edilir. Bu ox atma məsələsi dastanın uyğur versiyasında Oğuz xanın ölkəni öz oğulları arasında bölüşdürməsi məsələsinə çox bənzəyir.
Masalik al-Absar adlı bir əsərdə Turan coğrafiyası daha geniş bir biçimdə təqdim olunaraq Volqa çayi Turan çayı adlanır və Turanın qədim hökmdarlarının yay iqamətgahlarının Ark dağ adlandırılan Ural dağları olduğu qeyd olunmuşdur. (“Türk və Turan Tarihi”, www.kıbrıs1974.com)
Əfrasiyabı sak hökmdarı kimi təqdim edən Z.V.Toqanın yazdığına görə Ön Asiya səfərində Midiyalılarla hakimiyyət uğrunda mübarizədə həlak olan Saka Türk qəhrəmanı Alp Ər Tonqanın ölümünə ağı qoşaraq əsrlər boyunca xatirələrdə yaşatmışlar. Bu ağıdan göründüyü kimi İranlılar Səyavuşun Baykənddə öldürülməsinə hər il matəm saxladıqları kimi türklər də Türkistanda, Anadoluda və Azərbaycanda iranlılar tərəfindən öldürülən Alp Ər Tunqaya-Əfrasiyaba matəm saxlamışlar. (Z.V.Togan, 1981, Səh. 3)
Əfrasiyab dəfələrlə iranlıların məskunlaşdığı əraziləri ələ keçirib onların taxt-tacına sahib olmuşdur. Onun son olaraq İranda taxt-tacı ələ keçirib hakimiyyət sürməsi on iki il davam etmişdir.
Təbərinin nəğl etdiyi rəvayətə görə Zev bin Tahmasp Əfrasiyabı Fars ölkəsindən Abenman ayının ruzi abanında (Aban ayı İran hicri-şəmsi təqviminin 8-ci ayı; 23 oktyabr-21 noyabr) çıxarmışdır. Buna görə də Farslar bu günü tarixi bayram – Qurtuluş günü kimi qeyd edirlər, çünki məhz həmin gün onlar Əfrasiyabın on iki illik zülmündən xilas olmuşdular. Bu bayram Farsların Novruz və Mehrican bayramları ilə yanaşı üçüncü böyük bayramlarıdır. (Taberi, c. II, 2007, Səh. 650)
Farsların tarixi təqvimlərində Əfrasiyabın hakimiyyətindən xilas olmalarının milli bayram kimi qeyd olunması onun gerçək bir tarixi şəxsiyyət olduğunu sübut edir.
Şahnamədə də Keyxosrov başçılıq etdiyi İran qoşunu Əfrasiyabı Orta Asiyadan təqib edərək onu Azərbaycanda ələ keçirməyə nail olur. Əfrasiyab Saekasta, yəni Urmiya gölü yaxınlığındakı dağda mağara içərisində düzəldilmiş və adına Həngi Əfrasiyab deyilən yeraltı sarayına sığınmışdı. Firdovsi Şahnaməsində digər mənbələrdə davam edən uzun mübarizə və təqibdən sonra Əfrasiyabın Keyxosrov tərəfindən hiylə ilə ələ keçilərək Çiçəst gölünün, yəni Azərbaycanın Urmiyə gölünün yaxınlığında öldürüldüyü yazılmışdır. Şahnamədə Keyxosrov kimi təqdim olunan, tarixi mənbələrdə isə Midiya hökmdarı Kiaksar Sak hökmdarı Madiyə, yəni Əfrasiyaba hiylə quraraq onu qədim adı Saekasta (Sak gölü) adlanan Urmiya gölü yaxınlığında təşkil etdiyi ziyafətə dəvət edərək içirdib sərxoş etmiş və yoldaşları ilə birlikdə qətl etmişdir. Bununla da Kiaksar Madi tərəfindən döyüşdə öldürülən atası Kaştaritinin intiqamını almışdır. Kiyaksarın Əfrasiyabı öldürməsini qədim mənbələr e.ə. 626-cı ildə baş verdiyini yazırlar. Şahnamədə bu gerçək tarixi hadisə İran şahı Keyxosrovun atası Səyavuşu öldürən Turan padşahı Əfrasiyabı yenə hiylə yolu ilə ələ keçirərək qətlə yetirməsi şəklində öz təsvirini tapmışdır.
Əfrasiyab/Alp Ər Tonqa haqqındaki İran rəvayətlərində də onun həyatının Urmiyə gölündə sona çatdığı nəql edilir. Bu rəvayət qədim türklərdə ölülərini suda/ çayda batırmaqla dəfn etmə adətlərini xatırlatmaqdadır. Biruni və digər müəlliflər Əfrasiyabın öldürülməsi nəticəsində İran şahlarının onun əlindən xilas olmasını iranlılar tərəfindən hər il tiremah ayının 13-də (23 iyun) “Tireqan” bayramı kimi şənliklərlə qyd etdiklərini yazırlar. (Orhan Şaik Gökyay, 1962)
X əsr tarixçisi Narşahi Əfrasiyabla Keyxosrov arasında baş verən hadisələri bir az fərqli biçimdə təsvir edərək yazır ki, Keyxosrov atası Səyavuşun intiqamını almaq üçün Əfrasiyabın sığındığı Ramitan qalasını iki il mühasirədə saxlamış və onun qarşısında, yəni çayın o biri sahilində Ramuş qəsəbəsini salmışdır. Keyxosrov Ramuşda Samanilər dövrünə qədər qalan bir atəşpərəst məbədi də tikdirmişdir. Uzun mühasirədən sonra Keyxosrov Əfrasiyabı öldürə bilmişdir. (Наршахи, 1867, Səh. 24)
Turan padşahı Əfrasiyab öldürüldükdən sonra dəfn edildiyi məzar türbəsinin Buxaranın Mabid qapısı yanında bir təpənin üzərində müsəlman müqəddəslərindən Xoca Əbu Hafizin məzarı yaxınlığında yerləşdiyini yazan Narşahiyə görə bu qapı öz adını şəhərin ərəb valilərindən Mabid-ül Hayldan almışdır. (Мухаммад Наршахи, 1897, Səh. 34)
Sasanilər dövrünün hökmranlıq təsəvvürlərinə görə dünya üç hissəyə bölünmüşdü, batı əraziləri Hrom/Roma, ortada İran, onun Quzey-doğusunda isə Sasanilərin daima mübarizə vəziyyətində olduqları türklərin yurdu olan Turan yerləşirdi və sasanilər qədim tarixi ənənəyə uyğun olaraq bu ərazini öz gerçək adı ilə adlandırırdılar.
Böyük Turan dövləti süquta uğradıqdan sonra tarixin çeşidli dövrlərində onun əhatə etdiyi ərazilərdə bu dövlətin varisləri olan və müxtəlif adlarla adlanan dövlətlər təşəkkül tapmışdır.
Kanqlı və ya kəngərlər Turan tarixində, o cümlədən də onun xaqanı Əfrasiyabla bağlı olan hadisələrdə mərkəzi yer tutur. Kanqlı və Kəngər adı tarixi mənbələrdə yalnız bir etnonim kimi deyil, bir çox yer adları şəklində də öz varlığını qoruyub saxlamışdır.
Şahnamədə Turanın mərkəzi şəhəri və Əfrasiyabın paytaxtı türklərin Baykənd adlandırdıqları Kanqa şəhəridir. Bu əsərdən göründüyü kimi türk boyları Turan dövlətinin tərkib hissəsini təşkil edirdilər. Firdovsi yazır ki, Turan ordusu əsasən Çiqil, Oğuz, Taraz, Karluq və Türkmən boylarından təşkil olunmuşdu. “Şahnamə”də və digər irandilli mənbələrdə qeyd edildiyi kimi Əfrasiyabın Turan dövlətinin əsas hakimiyyət sülaləsini kanqlı/kəngər boyu təşkil edirdi və dövlətin mərkəzlərindən biri onların adı ilə Kanqa adlanırdı.
Bir çox mənbələrdə Əfrasiyan Kanqlı və Kəngər dövlətinin hökmdarı kimi təqdim olunur. Şahnamədə Dövlətin Kanqa adlanan paytaxtını türklər Baykənd, yəni şəhərlərin ağası adlandırırdılar. Ən qədim dövrlərdən etibarən azərbaycan türkləri Bəsrə körfəzini sumerlərin hökmran boyunun adı ilə Kəngər körfəzi adlandırırlar. Əfrasiyabın Turan dövlətinin hakimiyyət sülaləsini təşkil edən Kəngər və ya Kanqlı boy birliyi türk dünyasının ən qüdrətli və geniş yayılmış boylarından biridir. Kəngər boyu Turanın geniş ərazisinə yayılıb bir çox türk xalqlarının etnogenezində rol oynasalar da, onların məskunlaşdığı əsas ərazini ən qədim dövrlərdən etibarən Azərbaycan təşkil etmişdir. Dünyanın ən qədim şəhərlərindən biri olan olan Naxçıvan Kəngərlilərin əsas mərkəzi idi və Kəngərli boyu 1920-ci ilə qədər Naxçıvan xanlığının hakimiyyət sülaləsini təşkil edirdi. Bu gün də Kəngərlilər kompakt halda Naxçıvan və Qarabağ ərazisində yaşamaqda davam edirlər. Kəngərlilər uzun illər ərzində Qacar şahzadələrinin qız aldığı bacanaq/küreqen boyu olaraq yaxın qohumluq əlaqələrinə malik olmuşlar.
Şahnamədə də göründüyü kimi Turan bir dövlətlər konfederasiyası idi və bu konfederasiyanın başında mərkəz olaraq Əfrasiyabın hökmran olduğu Kanxa-Kanqlı-Kanqyuy dövləti dururdu. İllər nəsillər dəyişsə də bu dövlətin əsas özəyini təşkil edən ərazi olan Sırdərya vadisində əfsanəvi Turan dövlətinin hökmdarı Əfrasiyabın hakimiyyət sülaləsi haqqında xatirələr orta əsrlərdə özlərini bu sülalənin varisləri kimi görən Uyğur, Qaraxanlı və Selçuklular dövrünə qədər davam etmişdir. (Вайнберг, 1999, Səh. 206)
Litvinski kanqyuy tayfalarını əhəmənilərin “Soqd arxası saklar” adlandırdıqları sakların varisləri adlandırır. E.ə. II minilliyə aid mənbələrdə kanqyuylar Davanın (Səmərqəndin) qonşuluğunda yaşayan xalq adlandırılır. E.q. 101-ci il müharibəsində kanqyuylar Davonun köməyinə gəlmişdir.
Çin salnamələrinin verdiyi məlumata görə Kanqyuy dövləti öz tərkibində beş dövləti birləşdirən konfederativ qruluşa malik olmuşdur. Kanqyuy hökmdarının mərkəzi iqamətgahı Tyançi gölünün yaxınlığındakı Bityan şəhəri olmuşdur. Kanqyuyların adəti böyük yueçilərin adəti ilə eyni olmuşdur.
Eramızın V əsrinin ortalarında Kanqyuy Eftalitet dövlətinin tərkibinə daxil olmuşdur. Beləliklə, tarixi mənbələrin verdiyi məlumata görə Kanqyuy dövləti e.ə. II minillikdən eramızın V əsrin ortalarına qədər öz mövcudluğunu qoruyub saxlamışdır. Çin mənbələri kanqyuyları köçəri xalq kimi təqdim etsələr də, onların şəhərlərə malik olduqlarını da qeyd edirlər.
Kanqyuyluların etnik mənşəyi haqqında elmdə çoxlu mübahisələr mövcud olsa da böyük əksəriyyət onların saklar olduqları haqqında həmfikirdirlər. A.Qutşmidə görə Sırdəryanın orta axarında qazax çölləri yaxınlığında məskunlaşmış sakların bir qolu olan sakaraukalar kanqyuyların ən mühüm tərkib hissələrindən birini təşkil edirdi. Alman tarixçisi İ.Makvartın fiikrinə görə Kanqyuy Çin səlnamələrində bəhs olunan e.q. II minillikdəki “Çaç sak dövlətinin” (Daşkənd) çincə adlanmasıdır.
Makvart Kanqyuy adının yunan-roma mətnlərində, o cümlədən Ptolomeyin əsərində Yaksart çayı boyunca yerləşən ölkə olaraq “Kayayai” şəklində yazıldığını qeyd edir. Qərb tarixçilərindən Pulleyblenk çin mənbələrinə əsaslanaraq Kanqyuyun paytaxtının Yaksart yaxınlığındakı Binkat (Daşkənd) olduğunu yazır.
Tədqiqatçıların bir çoxu Kanqyuyu Avestada bəhs olunan turların, yəni sak-massaget tayfasısının qərargahı Kanqxa ilə eyniləşdirirlər. Burdan belə nəticə çıxır ki, Şahnamədə və digər farsdilli ədəbiyyatda haqqında bəhs olunan Kanqdiz, Kanq və Kanqxa eyniyyət təşkil edərək Kanqyuy adının müxtəlif ifadə formalarıdır.
Tarıxçi Bernştam kanqyuyların mənşə etibarı ilə irandilli tayfalar olduqları və sonradan türkləşdikləri haqqındakı fikirlərin əleyhinə çıxaraq onların ilk başdan türk tayfaları olduğu fikrini müdafiə edir. (Б.А.Литвинский, 1968, Səh. 20–21)
Sak tayfası kimi qəbul edilən Kanqyuyların türklüyü məsələsini müdafiə edən V.Bartold onların sonrakı kanqlı/kəngərlərin əcdaları olduğunu da qeyd etmişdir. N.Aristov da kanqlıların türk olduqlarını və bütövlükdə sakların da qədim türklər olduqları fikrini irəli sürərək Sakastan, Min, Balakent və Bərdə kimi sak şəhərlərinin adlarının semantik baxımından türk sözləri olduğunu qeyd edirdi.
Kanqyuy/kəngərləri də digər saklar kimi irandilli hesab edən bəzi müəlliflər onların dini etiqadlarından bəhs edərkən zərdüştliyə etiqad etdiklərini iddia edirlər. Lakin Dara Bisitun kitabəsində saklara qarşı yürüşlərində sakatiqraxudaların Ahuramazdaya etiqad etmədiklərindən şikayətlənir və bu dinsizliklərinə görə onları öz bildiyi kimi cəzalandırdığını qeyd edir. Kserksin “devlər əleyhinə” yazısında Ahuramazdaya deyil, qədim yerli dinlərə etiqad edən sak tayfaları sakahaumavarqa və dahalara qarşı yürüş təşkil edib onları cəzalandırdığından bəhs edir. Mənbələrdə də istər Turan padşahı Əfrasiyabın, istərsə də Ərcaspın zərdüştliyə qarşı mübarizəsi geniş surətdə bəhs olunur.
Maraqlı cəhət burdadır ki, turanlı Sumerlər özlərini Lu Kienqir adlandırdıqları kimi Turan padşahı Əfrasiyab da Şahnamə və digər əsərlərdə bəhs edildiyi kimi Turanın Kanqli (mənbələrdə bu ad bəzən Kanqlı, bəzən də Kenqer şəklində yazılmışdır, lı-li türk dilində mənsubiyyət şəkilçisi olduğu kimi, er/ər sonluğu da sumer dilində kişi, adam, şəxs anlamındadır) hakimiyyət sülaləsinə mənsub idi.
Sumerlərin Kienqir adının mənası “əsilzadə ağaların ölkəsi”, yəni Ki-ölkə, En-ağa, qir-əsilzadə/alicənab” deməkdir. Kəngərlərin Sumerin hökmran xalq olduqları onların yalnız etnos olaraq adlarında deyil, həm də dillərinin adında da öz əksini tapmışdır ki, sumerlər öz dillərini eme-kinqir, yəni yerli ağaların və ya əsilzadələrin dili adlandırırdılar.
Digər müəlliflərlə yanaşı Amerikan sumerşünası Stibing sumerlərin Kienqi adının gerçək mənasının məhz bu anlamı daşıdığını təsdiq edir. (William H. Stiebing, 1994)
Kəngərlər Sumerin şəhər dövlətlər birliyini təşkil edən çoxsaylı boyların əsilzadə və hökmran boyu idi və məhz bu səbəbdən də ölkə bu boyun adı ilə Kiengir/ Kenger adlanırdı.
Müxtəlif Sumer boylarının, o cümlədən onların hökmran boyu olan kəngərlərin tarixin müəyyən dövrlərində müxtəlif səbəblər üzündən öz yerlərini tərk edərək dünyaya yayıldıqları haqqında assurologiya və bütövlükdə tarix elmində müxtəlif fikirlər mövcuddur.
Amerikan tarixçisi Filip Smit yazır ki, nə vaxtsa cənubun məhsuldar ölkələrinə axın edərək yerləşən böyük Turya və ya Turan irqi Mesopotamiyada irqlər arasındakı qarşıdurma səbəbi ilə yenidən Mərkəzi Asiyanın bir o qədər də qonaqpərvər olmayan ərazilərinə geri dönmüşlər. Onların geri dönüşü uzun illər ərzində arilərlə qarşıdurmalara səbəb olmuşdur. (Smith P., 1888, Səh. 379)
Yuxarıdakı iqtibaslardan da göründüyü kimi e.q. X–IX minilliklərdə qədim Turan ərazisində yerləşən Anau və ətraf bölgələrdə bəşəriyyətin ilk qədim şəhər mədəniyyətinin əsasını qoyan protosumerlər iqlim dəyişiklikləri səbəbi ilə Ön Asiyaya və Mesopotamiyaya köçüb yerləşmiş, lakin, bir neçə min ildən sonra samilərlə baş verən davamlı irqi qarşıdurmalar nəticəsində yenidən Kəngər adı ilə öz ilkin ana yurdlarına geri dönməyə məcbur olmuşlar. Sumerlərin və onlara qohum olan Ön Asiyanın digər turanlı öntürk tayfalarının Mərkəzi Asiyaya geri dönmələri burda mədəniyyətin yenidən yüksəlişinə təkan vermişdir. Bu köçlər təkcə Turanda deyil, qonşu Çin ərazisində də dövlət təşkilatının yaranmasına və mədəniyyətin çiçəklənməsinə, heroqlif yazı sisteminin meydana çıxmasına səbəb olmuşdur.
Sumer adı sumer-akkad dilində Su-meru şəklindədir və mənası Su xalqı və ya su insanı deməkdir. Mixi idoqramı ilə onların adı Lu Su əklində yazılır.
Fikrimizə görə Su xalqı Sumer və Subirlərin etnik kökünü təşkil etdiyi kimi Kienqi/Kengerlər də Sumerin hakimiyyət sülalə boyunu təşkil edirdilər. Sumerə aid olan bir çox etnonim, toponim və hidronimlər eyni ilə Türkistanda da öz əksini tapmışdır.
Təbəri Tarixində və digər tarixi mənbələrdə qeyd olunduğu kimi Əfrasiyabın paytaxtı əvvəlcə Bəlx şəhəri olmuş Mənuçehrlə razılaşmadan sonra paytaxt Amudəryanın quzeyinə, indiki Səmərqənd ətrafına, yəni onun adını daşıyan Əfrasiyab şəhərinə köçürülmüşdür. Bəlx çayı İran və Turan arasında sərhəddi təşkil etmişdir. Onu da qeyd etmək lazımdır ki, Kenger etnonimi sumerlərlə əlaqədar olduğu kimi Bəlx çayının adı da sumerlərlə əlaqədardır, Sumerlərin çay tanrısı Balix adlanırdı və Mesopotamiyada Baliq adlı çay və onun sahilində eyni adlı şəhər mövcud olmuşdur. Bəlx şəhər və çay adı Baliq sözünün təhrif olunmuş şəklidir.
Biruninin yazdığına görə Əfrasiyab İran ölkəsini tutub Təbəristanda Maniçehri mühasirəyə aldıqdan sonra, Maniçehr ondan bir xahiş etmişdir. Onun xahişinə əməl edən Əfrasiyab bir ox atımı məsafəsindəki ərazini ona güzəştə getmişdir. Biruni başqa bir əsərində bu fikri daha dəqiq şəkildə ifadə edərk yazmışdır ki, Ariş adlı şəxs Təbəristanın Ruyan dağından barış məqsədilə atdığı ox Fərqanə və Təbəristan arasına düşmüş və bu yer iki ölkə arasında sərhəd olmuşdur. (Kahraman Recebov, 2014, Səh. 170)
Balix-qədim zamanlarda Mesopotamiyanın şimalıdan çay idi və Harranın yaxınlığından axaraq Fərata birləşən qolu idi. Balix Sumerin qədim Ubeyd dövründə həmin çayın sahilində yerləşən şəhər idi. “Balix” sumer dilində çay demək olduğu kimi türk dilində də çay anlamı daşıyır. Baliq qədim türk dilində şəhər anlamı ilə yanaşı çay, lil, lehmə, zığ, palçıq, yəni sulu bataqlıq anlamı da daşıyır. (ДТС, 1969, Səh. 81)
Qədim Türkcədə çay Baliqlə yanaşı Öküz də çay anlamı daşıyır. Makedoniyalı İsgəndərin Türkistan yürüşü zamanı Öküz çay adı Oksus şəklində yunan dilinə keçmişdir. Vamberi yazır ki, öküz/öqüz çay mənasındadır. Şeybanilər dövründə də Okus çayı Öqüz adlanırdı. Makedoniyalı İsgəndərin dövründə Öküz çay adı Oksuz (Oxsus) şəklində yunan dilinə keçmişdir. (Wamberi H., 1898, Səh. 106)
Tarixi mənbələrdən də məlum olduğu kimi Əfrasiyab Turanda Kanqa, Qanqdiz, Səmərqənd, Buxara, Termez, Bəlx, Mərv, Koçqarbaşı, Baykənd və digər şəhərlərin əsasını qoymuşdur. Səmərqənd və Baykənd Əfrasiyabın şəhərləri olub hər ikisi də yazılı qaynaqlarda Kanqdiz, yəni Kanqların şəhəri adlandırılırdı.
Əfrasiyab şəhəri öz dövrünün əzəmətli bir şəhəri, möhtəşəm Turan dövlətinin paytaxtı olmuşdur. Arxeoloji qazıntıların nəticəsində şəhərin 2750 il yaşı olduğu, Roma və Nankin kimi qədim şəhərləri ilə yaşıd olub əsasının e.ə. VIII əsrdə qoyulduğu məlum olmuşdur. Həmin əsrdən etibarən tarix səhnəsinə qədəm qoyan Sak-Turan dövlətinin hökmdarı Əfrasiyabın paytaxtı adından da göründüyü kimi bu şəhərdə yerləşirdi.
Внимание! Это не конец книги.
Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?