Электронная библиотека » Ələsgər Siyablı » » онлайн чтение - страница 3


  • Текст добавлен: 6 октября 2022, 14:40


Автор книги: Ələsgər Siyablı


Жанр: Прочая образовательная литература, Наука и Образование


сообщить о неприемлемом содержимом

Текущая страница: 3 (всего у книги 30 страниц) [доступный отрывок для чтения: 10 страниц]

Шрифт:
- 100% +

XIV əsr ərəb müəllifi İbn Fadlallah Al Omari “Fərqli ölkələrdəki dövlətlərin vəziyyətinə baxmağın yolları” adlı əsərində Turanlıların iki hissədən ibarət olduğunu yazır. Birinci Mavərənnəhrdəki turanlılar, ikinci isə Xarəzm və Qıpçaqdakı turanlılar. Qıpçaqdakı Turan dövləti eni və uzunu geniş bir ərazini əhatə edən dövlətdir. Orda şəhərlər az olub, geniş çöllərə malikdir. Oranın xalqının sayı hədsiz dərəcədə çoxsaylıdır. Onların Özbək adlı Hökmdarları xalqı idarə etməkdə böyük qayğı göstərmir və arvadı dövləti onunla birlikdə idarə edir. Paytaxtları Turan (İtil) çayının sahilindəki yerləşən Saray şəhəridir. Onların digər şəhəri Xarəzm vilayətinin Qurqənc şəhəridir. Bu Turan hökmdarının qış iqamətgahı Saray şəhəri, yay iqamətgahları isə Urutaq dağlarında yerləşir.

Onun güney sərhədləri İnd və Sind torpaqlarını əhatə edir. Al Omari Turan tarixindən bəhs edərək yazır ki, Turan xaqanlar ölkəsidir və türklərə mənsubdur, hökmdarları Əfrasiyabdır. Turanın sərhədləri Bəlx çayından başlayıb günəşin doğduğu yerdəki əraziləri əhatə edərək Dunay çayına qədər davam edir. Onun quzey sərhədləri isə Qıpçaq xalqının ərazisini, Saklab, Çərkəz, Rus və Macarları və onların şimalında məskunlaşmış çoxsaylı xalqların ərazilərini əhatə edir. Turanın tərkibinə çoxlu dövlətlər, ölkələr, xalqlar və vilayətlər daxildirlər. (Ибн Фадлаллах Ал Омари, 1884, Səh. 226)

Böyük Turan dövləti süquta uğradıqdan sonra onun ərazisində müxtəlif dövrlərdə Turan adı daşıyan bir neçə dövlət mövcud olmuşdur.

Çox qədimlərdən İranın cənubunda böyük Turan dövlətinin əhatə etdiyi ərazidə Bəlucistanda Sakestanla qonşuluqda paytaxtı Quzdar adlanan kiçik Turan mövcud olmuşdur. Bu Turan əyaləti hind-iran arilərinin Mərkəzi Asyaya olan təcavüz və işğalları nəticəsində böyük Turan arealından ayrı düşərək öz varlığını qoruyub saxlamış və yabançı etnosların əhatəsində bir anklava çevrilmişdir.

Kirmanın fars əhalisi bir neçə yüz il öncə Belucistana soxulmuşlar. Onlardan öncəki dövrlərdə isə sakların və yueçilərin təzyiqi ilə Hindistanın brahui tayfası indi Belucistan adlanan Turan ərazisinə gələrək məskunlaşmış və bu günə qədər orda yaşamaqdadırlar. Farslar oranın və eyni zamanda Mekranın əhalisini qədim ənənəyə əsasən Turya və Turan adlandırmışlar. Alman tarixçisi G.Hüzinq yazır ki, qədim zamanlarda İranın şimalında və şərqində turanlı altay tayfaları yaşayırdılar.

Farslar Kirman da daxil olmaqla İran yaylasının qüzey ərazilərini işğal etdikdən sonra Turanın ucqar güney ərazisində yerləşən və ana vətəndən qoparılmış paytaxtı Quzdar olmaqla kiçik Turan dövləti adı ilə bir anklava çevrilmişdir. (Hüsing G., 1916, Səh. 13)

Müasir tədqiqatçılar Belucistandakı Turan dövlətinin yaradıcılarının hind-ari mənşəyinə aid etmələrini elmi dəlillərlə təkzib edirlər. “Belucistandakı qədim Turan dövləti ərazisində yaşayan brauilərin dravid mənşəyə malik olmaları bir çox müəlliflər tərəfindən təkzib olunmaqdadır. Onların Belucistana Mərkəzi hindistandan köçüb yerləşmələrinin islam mədəniyyətinin inkişafı dövründə XIII–XIV əsrlərdə, digər bir versiyaya görə isə Miladın 1000-ci ilində baş verdiyi fikri irəli sürülmüşdür. Onlar bu ərazidə daha öncə məskunlaşmış yerli turanlı əhali ilə qaynayıb qarışmışlar”. (Elfebein J.H. 1987, Səh. 215–233)

Turlar Çingiz xanın dövründə Turə boyu adı ilə Çingiz xanın ata tərəfdən birbaşa əcdadlarıdırlar və turələr “ağ sümük”, yəni aristokrat təbəqəyə mənsubdurlar. Turələr sultan titulu verilməklə digər tayfalar tərəfindən onları idarə etmək üçün dəvət olunurdular. Bu fakt Turan padşahı Əfrasiyabın-Alp Ər Tonqanın soyundan olan Turələrin (Turların) hakimiyyət sülaləsi olduqları haqqında türklərin qan yaddaşında mühafizə olunmuş xatirələrin izlərini təşkil edir.

Trixi ənənəyə uyğun olaraq öz sülalələrinin mənşəyini Əfrasiyaba bağlayan Qaraxanlılar, uyğur və səlçuqlularla məhdudlaşmamışdır. Əmir Teymur da öz dövlətini Turan dövləti adlandırırdı. Teymurilər sülaləsinin tarixçisi Şərəfəddin Əli Yəzdi Əmir Teymur dövlətinin də Turan dövləti adlandığını yazır, bu məlumat Kazaxıstanın Karsakpay mədənində tapılan və 1391-ci ildə cağatay dilində yazılmış olan bir kitabədə də Teymurun özünü Turanın sultanı adlandırması ilə də təsdiq olunur.

Nadir şah Əfşar da Osmanlı sahə komutanı Hekimoğlu Ali paşaya Osmanlı türkləri ilə eyni etnik kökə malik olduqları fikirlərini özətləyən, azərbaycan türk şivəsində öz əli ilə yazdığı bir məktub göndərmişdir. Bu mektubda o Türkistanı Turan adlandırır və Türkmən boylarının öz öndərləri Çingiz Xan zamanında Turan torpaqlarını tərk edərək İran və Anadoluya köçərək yerləşdiklərini və hamının eyni soy kökə malik olduğunu yazır. (Ernest S. Tucker, 2006, Səh. 37)

Tarixi Turan ərazisində mövcud olan və bu adın çoxsaylı toponimlərdə əks olunduğu digər bir ərazi türklərin ana yurdu olan Sibirdə yerləşirdi. Sibirdəki Turan dövlətinin əsası Çingiz xanın oğlu Cuçi xanın 5-ci oğlu Şeybanı xana savaşdakı qələbələrinə görə kiçik qardaşı Batı xan tərəfindən verilmiş ərazilərdə Şeybaninin varisləri tərəfindən qoyulmuşdu. Əbülqazi Bahadur xan da “Türklərin şəcərəsi” əsərində əsası Çingiz xanın nəvəsi Şeyban xan tərəfindən Sibirdə qoyulmuş dövləti Turan dövləti adlandırır. Şeyban xanın varisləri tərəfindən idarə edilən Turan dövləti Taybuqa xanın dövründə güclü bir dövlətə çevrilərək Qızıl Orda xaricində müstəqil bir xanlıq olmuşdur. Taybuqa Kereyitlərin xanı Toğrul xanın (Van xan) oğlu idi və Çingiz xanın xüsusi himayəsi altında böyümüşdü. Taybuqa xan dövlətinin paytaxtını Çingiz xanın və onun ata tərəfdən əcdadları olan turə boyunun şərəfinə Çinqi Tura adlandırmışdı. Toxtamış xanın dövründə Sibir xanlığı bütün Qızıl Orda ərazisini əhatə edirdi. Əmir Teymurun Toxtamışa qarşı mübarizəsi Sibir-Turan xanlığını xeyli zəiflətmiş və Rus knyazlıqlarının güclənməsinə səbəb olmuşdur.

Turan dövlətinin axırıncı hökmdarı XVI yüzillikdə 44 il hökmranlıq etmiş Kuçum xan olmuşdur. Paytaxtı Çinqi Tura (indiki Tümen şəhəri) şəhəri idi. Turan dövlətini Ataman Yermakın başçılığı ilə rus kazak qoşunu 1595-ci ildə işğal edərək mövcudluğuna son qoymuşdur. Turan xanlığının öz adını Sibirdəki Tura çayının adından götürüldüyü iddia edilir. Əslində isə, istər çay adı, istər dövlətin adı və Sibirin güneyində Tur adı ilə mövcud olan çoxsaylı yer adları yüz illərlə burda mövcud olmuş Turan dövləti və turların adları ilə əlaqədardır. Bu Turan dövləti Şimali Qazaxıstanı, Omsk və Tümen vilayətlərini, Xakasiyanı, qərbdə isə Başqırdıstan da daxil olmaqla, böyük bir ərazini əhatə edirdi.

Turlar Avestada adları qeyd edilən qədim Ön Türklərdir və tarixdən öncəki dövrdən etibarən Cənubi Sibirin avtoxton əhalisi olub Sibirdə bir çox hidronim, toponimlər onların adı ilə adlanmışlar.

Sibirin Barabin və ya Tobol tatar türkləri bir neçə qola bölünürlər. Bunlar Tarlıq, Tobalıq, Tümənlig və Turalıq tatarlarından ibarətdir. Tura şəhəri də onların adından yaranmışdır.

Turalılar sibirin qədim türk boylarından olub Tobol çayının qolu olan Tura çayının hər iki sahilində, Tavda və İset çaylarının arasında məskunlaşıblar. Onlar Turin və Tümen şəhərlərində də məskunlaşıblar. Özlərini Kuçum xanın varisləri hesab edirlər, əkinçilik və ticarətlə məşğul olurlar. Turalıqların bir hissəsi də Kazan ətrafında yaşayırlar. (Wamberi H. 1885, Səh. 100–115)

Sibir xalqlarından olan Turalar islamı qəbul etdiyi dövrlərdə, xüsusən də Kuçum xan və onun varisi Abdulla xan dövründə şamançılıq və sibir türklərinin milli dini olan tanrıçılıq dini təqib olunurdu.

II FƏSİL. Tarixdə İran-Turan savaşları və İran dövlətinin mənşəyi məsəlsi

Fərat və Dəclə çaylarından başlayaraq Hindistana, Bəsrə körfəzindən Xəzər dənizinə qədər böyük bir coğrafi ərazini əhatə edən İran yaylası min illər ərzində müxtəlif xalqların, qədim və zəngin mədəniyyətlərin beşiyi rolunu oynamışdır. Orta Asiyadan qərbə doğru min illərlə davam edən əsas etibarı ilə türklərdən ibarət etnik köçlər bu coğrafiyada dərin izlər buraxmış və təməlini turanlı öntürklərin təşkil etdiyi qədim mədəniyyətlər meydana gətirmişdir.

Tarix səhnəsinə çox gec dövürlərdə qədəm qoyan və bəşər tarixinin ən gənc irqi kimi qəbul edilən hind-avropalıların iranlı ari qolunun Mərkəzi Asiyaya gələrək turanlı öntürklərin ərazilərində məskunlaşmaları tarixdə İran-Turan müharibələri adı ilə tanınan və iki irq arasında uzun əsrlər boyunca davam etməkdə olan mübarizəyə səbəb olmuşdur. Turanlı türklərin işğalçı iranlı arilərə qarşı mübarizəsi bir sıra fars və ərəb dilli qaynaqlarla yanaşı Avesta mətnlərində, Təbərinin, Məsudinin, İbn Əl-Əsirin əsərlərində, Firdovsinin “Şahnamə” poemasında da öz geniş əksini tapmışdır.

Sovet-rus Arxeologiya elmində hind-iran dillərinin daşıyıcılarını Sibirin cənubunda və Kazaxıstanda aşkar edilən Andronovo mədəniyyəti ilə əlaqələndirən bir fərziyyə mövcuddur. Ehtimal olunur ki, ilk öncə hind-ari tayfaları hərəkət edərək onların bir qismi İranın şərqinə daxil olmuş və ordan da Ön Asiyaya keçmişlər, əsas kütlə isə qərbi Hindistana yayılmışlar. Lakin elmdə onların qərbə doğru hərəkəti haqqında qəti dəlillər mövcud deyil, onlar Qafqazın cənubunda, İranda və Zaqros dağlarının toponimikasında hər hansı bir iz buraxmamışlar.

Öz ilkin vətənləri Balkanlardan hərəkət edən hind-avropalı arilər şərq isiqamətindəki hərəkətləri zamanı iki qola ayrılmışlar. Onların hind-ari qolu Sibirin cənubu üzərindən Orta Asiyaya yenmiş və burda yerli avtoxton turanlı əhalinin ciddi müqaviməti ilə üzləşdiklərindən daha şərqə doğru hərəkət edərək Hindistan ərazilərində məskunlaşmışlar. Riqveda və digər sanskrit ədəbiyyatda həmin hind-arilərin Hindistanda daha qədimlərdən məskunlaşmış olan Turvaşa, Yada, Çaka kimi turanlı tayfaları ilə qarşıdurmalarından bəhs etməkdədirlər.

Hind-avropalıların iranlı ari qolu Balkanlardan hərəkət edərək Qafqaz dağları üzərindən Azərbaycana gəlmiş və burda yerli turanlı əhalinin ciddi müqaviməti ilə qarşılaşdıqlarından daha cənuba doğru hərəkət etmişlər. Məhz yerli turanlı əhalinin ciddi müqaviməti ilə üzləşdiklərindən iranlı arilərin Azərbaycanın Arazdan şimal ərazilərində hər hansı bir qədim etnik anklavları mövcud deyil. Azərbaycanın həmin ərazisində mövcud olan azsaylı irandilli tatlar və dağlılar Sasanilər hakimiyyətinin daha gec dövrlərində xəzərlərə qarşı mübarizə prosesində özlərinə dayaq yaratmaq məqsədilə köçürülüb yerləşdirilmişlər.

Azərbaycan ərazisində müqavimətlə üzləşən irandilli arilər Xəzərin güneyindəki Hirkaniyada və ilk öncə Zaqros dağlarının şimal-qərbində, Urmiyə gölünün güneyindəki Barsua adlanan ölkədə yerləşmişlər. Barsualılar subar-kassi mənşəyinə malik turanlı xalq idi. Onların hakim sülalə boyu Artalılar adlanırdılar. Bu döyüşkən Arta boyunun Akameniş ailəsi həmin iranlı ariləri öz hakimiyyətlərinə tabe etdilər. Assurların uzun illər ərzində təcavüzlərinə davam gətirə bilməyən iranlı arilər öz başçıları Akamenişlərin rəhbərliyi altında cənuba doğru hərəkət edərək Kirman çöllərində məskunlaşdılar. Tarixi ədəbiyyatda Əhəməni adlandırılan Akamenişlər rəhbərlik etdikləri iranlı arilərin gücündən istifadə edərək Ön Asiyadakı hakimiyyət uğrundakı mübarizələrinə məhz Kirmandan başladılar. Akamenişlər öz keçmiş vətənləri Barsuanın adını Kirmandakı yeni vətənlərinə də aid etdilər və burda qurduqları şəhər dövlətini Parsa və ya Parsumaş adlandırdılar.

İranlıların Ön Asiya və Mərkəzi Asiyaya gələrək turanlı öntürklərin ərazilərində məskunlaşmaları tarixdə İran-Turan müharibələri adı ilə tanınan və iki irq arasında uzun əsrlər boyunca davam etməkdə olan mübarizəyə səbəb olmuşdur.

Z.V.Toqan ari tayfalarını Orta Asiyaya e.q. II minillikdə gəlməyə başladıqlarını yazır. Kiçik Asiya və Qafqaz yolu ilə gələn arilər bir müddət Xəzər dənizinin cənub sahillərini işğal etdilər. Qurqan çayı o dönəmlərdə arilər tərəfindən Sind çayı adlandırılırdı. Veda ariləri adlandırılan hind arilər e.q. 1700-1500-ci illərdə burdan hərəkət edərək Hindistana getdilər. Orta Asiyada yerləşən soqd, baktriya və digər ari kökənli tayfalar Biruninin “Türk Padşahı” adlandırdığı Turan padşahının icazəsi ilə Xarəzm təqviminin başlanğıcı hesab olunan e.q. 1292-ci ildə Qurqandan gələrək Xarəzmdə yerləşdikləri qeyd olunur. Qərbi Tyanşanın Çu çayı hövzəsində yaşayan türklər Su (Çu) adlı hökmdarlarının başçılığı altında arilərin təzyiqi ilə öz yurdlarını tərk edib Çinin şimalına mühacirət etmələri Xarəzm təqviminin başlanğıcı ilə eyni zamana təsadüf edir. Daha öncələri Çinin şimalına gələrək çinlilərlə uzun illər ərzində mübarizə sonucunda yerləşən Tik türklərinin bir qolu olan Çular burda e.q. 1116-cı ildə ilk birləşmiş Çin dölətini qurdular. (Z.V.Togan, Ümumi Türk Tarihine Giriş, 1981, Səh. 32)

İ.M.Dyakonov hind-avropa dil ailəsinin meydana çıxması məsələsini şərh edərkən qəti şəkildə bildirir ki, “İranın avtoxton əhalisi IV və hətta III minillikdə nəinki iran, dilində hətta hind-avropa dilində danışa bilməzdilər. Ona görə ki, linqvistik dəlillərə əsasən protohind-avropa dili mərkəzi-şərqi Avropanın çox məhdud bir ərazisində təşəkkül tapmış və onun müxtəlif qollara ayrılması bütün III minillik ərzində baş vermiş, ümumi hind-iran qolu isə bir az daha erkən dövrdə ayrılmışdır.

Bizə məlum olduğu üzərə e.q. 2300-cı ildə 1150-ci ilə qədər İran yaylasının qərb sərhəd dağlıq ərazilərinə səfər edən sumerlər, akkadlar, elamlılar və assuriyalılar burda nəinki hind-iran, hətta ümumiyyətlə hind-avropa dillərinin hər hansı bir daşıyıcıları ilə rastlaşmamışdılar. O zamanlar İranın indiki Luristan əyalətində yaşayan və e.q. XVIII əsrdən e.q. XII əsrə qədər Babildə hökm sürərək orda öz sülalələrini yaratmış olan kassilər dil etibarı ilə hind-avropalı deyildilər və kassilərin panteonunda hər hansı bir hind-avropa allahı mövcud olmamışdır”. (И.М. Дьяконов, 1971, Səh. 129)

İran və Ön Asiyanın qədim tarixi üzrə böyük avtoritet hesab olunan Dyakonov irandilli tayfaların İranın qərbinə e.q. I minilliyin əvvəllərində gəlməsi haqqında özünün də əvvəllər tərəfdarı olduğu və rəsmən qəbul olunmuş görüşlərin heç bir pozitiv dəlillərə əsaslanmadığını yazır. Yazılı mənbələrdə ilk fars hakimiyyət sülaləsi hesab olunan Əhəmənilərin e.q. VII əsrin əvvəllərində yaşadıqları təsbit olunduğundan bu tarix sözsüz şəkildə irandilli xalqların Ön Asiyaya gəlişləri tarixi kimi qəbul olunmaqdadır. (И.М.Дьяконов, 1971, Səh. 128)

Riçard Fray “İranın irsi” əsərində farsların şimaldan Qafqaz yolu ilə və ya şərqi İran ərazisindən e.ə. X əsrində gələrək öncə Urmiyə gölünün qərb və cənub-qərb tərəflərində assurların Parsua adlandırdıqları ərazilərdə yerləşdiklərini yazır. Lakin fars şəxs adları mənbələrdə yalnız e.q. 879-cu ildən qeyd olunmağa başlayır. Parsuanın əhalisinin irandilli olduğuna şübhə ilə yanaşan Fray assurların bir çox əraziyə verdikləri Parsua/Parsuma/Parsumaş adını “bahadır, qəhrəman” mənasında işləndiyini və bu adın zamanla iranlı tayfa başçılarının tituluna çevrildiyini yazır.

O II Kirin və ümumiyyətlə Əhəmənilərin Assuriyanın adını çəkdiyimiz Parsua əyaləti ilə heç bir əlaqəyə malik olmadıqları fikrindədir. (Р.Фрай, 2002, Səh. 102)

Parsua adı Assur kralı III Salmanasarın e.q. 837-ci ildə Zaqros dağları yaylalarında yerləşən Şərq ölkələrinə etdiyi bir hərbi səfərlə əlaqədardır. İranlıların yaşadığı ərazi “Parsua” adlandırılsa da, onlarla qonşuluqda yaşayan midiyalılar assur mənbələrində tamam fərqli adla “umman manda” adlandırılırdı, yəni bir çox tarixçilərin farslarla midiyalıları eyni kökə malik irandilli etnos hesab etmələrinə rəğmən, assurlar onların tamamilə ayrı-ayrı etnik kökə malik xalqlar olduqlarını gözəl bilirdilər. Farslar sonradan cənuba, Elamın şimalındakı Luristan tərəfə köçmüş, nəhayət indiki Fars vilayətinin ərazisində məskunlaşmışdılar. Özlərini ari/ariyana adlandıran bu irandilli tayfalar öncə Urmiyə gölü tərəfdə yaşadıqları Assuriyanın Parsua əyalətinin adını özlərinə etnik kimlik olaraq qəbul etmiş və bu adı Parsa şəklində yeni vətənlərinə şamil etmişlər. Bu ad sonradan ərəb dilində Fars adı ilə əvəz olunmuşdur. Parsa və Parsua adları yəqin ki, eyni sözün müxtəlif variantlarıdır və araşdırıcılar bu sözün iran dilində olduğuna şübhə ilə yanaşırlar. Alman alimi E. Hertsfeld Parsuanı assur sözü hesab edir və mənasının “kənar ölkə”, “diyar” (край) olduğunu bildirir. (Р.Фрай, Наследия Ирана)

“Midiya tarixi” əsərinin müəllifi İ.M.Dyakonov qeyd edir ki, Diyala çayının yuxarısında Zamua ölkəsinin və Mannanın qonşuluğunda yerləşən Parsua (elamca Pasava) akkad dilində “diyar” və “ölkə” mənasında olub fars dili və fars etnik adı ilə heç bir əlaqəsi yoxdur və Parsuanın farsların vətəni olduğu və onların e.ə. VIII–VII əslərdə burdan çıxarılaraq indiki Fars əyalətində yerləşdikləri haqqındakı iddialar tamamilə yanlışdır. Parsuada hər hansı bir irandilli toponim və şəxs adı mövcud olmamışdır və bu adın farslar tərəfindən cənubdakı fars ölkəsinə verildiyi haqqında fikir yanlışdır. (Дьяконов И.М., Т. I, 2012, Səh. 179)

E.ə. IX əsrdə Ön Asiyaya gələn farslar digər xalqların ərazilərini istila edərək özlərinə yeni vətən yaradırdılar. Rus assuroloq Z.Raqozina yazır ki: “Farslar Elama hücum edib onu işğal etdilər. Ora tamamilə darmadağın edildi, əhalisi əsir alındı, şahzadələri öldürüldü ya da qula çevrildilər, şəhərləri və məbədləri talan edilib heyvanların məskəninə çevrildi. Xuzilər “Şər və yaramazlar” ölkəsi olan Farsa nifrət edirdilər və dəfələrlə Əhəmənilərə qarşı üsyan qaldırmışdılar. Ən geniş üsyan e.ə. 519-cu ildə baş verdisə də yenə də amansızlıqla yatirildi. Əhəmənilər Suzu və xuziləri öz hakimiyyətləri altına alsalar da, heç vaxt tam şəkildə özlərinə tabe edə bilmədilər. İlk öncə Zap və Diyala çayları arasındakı vadidə yaşayan farslar 27 tayfadan ibarət olub dağınıq bir şəkildə idilər.

Antik müəlliflərin verdiyi məlumata görə Fars əyalətində məskunlaşan on-on iki iranlı tayfalardan yalnız üçü “pasarqad”, “marafi” və “maspi” tayfaları arilər idi. O tayfalardan dördü qeyri-arilər olub təmiz köçəri tayfalar idilər. Qərbdə dağətəyində yaşayan “amarda” tayfası kassi və elamların qarışığından törənmişdi. Digərlərinin dilləri qruluş etibarı ilə aqlyunativ dilli olub turanlı və ya ural-altay qrupuna mənsub idilər. Onların yaşadıqları ölkə Anşan adlanırdı və Elamın tərkibində idi. (З.Рaгозина, 1903, Səh. 312–313)

Parsua qəbilələrindən birinin adı Marafi idi ki, bu ad iran və sami dillərində “Mar” və “Əfi” olmaqla hər ikisinin də mənaca “ilan” demək olan sözlərdən ibarətdir. Ermənilər də Midyalılara mar deyirdilər. Marafilər iran mənşəli ola bilməzlər, çünki onlarda tarixən ilan və əjdahaya etiqad mövcud olmamış, əksinə bu müqəddəs heyvanları onlar əzəli düşmən hesab etdikləri turanlı türklərlə eyniləşdirmiş, onlara xas simvollar hesab etmişlər.

İranlılar şərqə doğru hərəkət etdikləri zaman ilk öncə Xəzər dənizinin güneyində Hirkaniya adlanan qədim Turan ərazisində məskunlaşmışlar, daha doğrusu burda onların qarşısını turanlı öntürklər kəsmiş və iki əzəli düşmən arasında ilk qarşıdurma da məhz burda baş vermişdir. Bu qarşıdurma Avestada, Şahnamədə, Təbəri və Məsudinin də əsərlərində öz əksini tapmışdır.

Təbərinin yazıldığına görə Əfrasiyabla Meniçöhr arasında savaş Təbəristanda-Hirkaniyada baş vermişdir. Meniçöhr Əfrasiyabın təqibindən xilas olmaq üçün Aməl qalasına sığınır. Əfrasiyab on il Aməl şəhərini mühasirədə saxlayır. Lakin meydana çıxan çətinliklər və əsgərlərin xəstəliklərə düçar olması üzündən Mənuçehrə barış təklif edir. Hər iki hökmdar razılığa gəlirlər ki, ox atmaqla iki ölkə arasında yeni sərhəd müəyyən olunsun. Bu məqsədlə Erş adlı təbəristanlı mahir bir ox atan Dəmavənd dağına çıxaraq Türkistan tərəfə bir ox atır və oxun düşdüyü Ceyhun çayı İran və Turan arasında sərhəd olaraq müəyyən edilir. Əfrasiyab işin belə sonuclanmasından məyus olur, çünki püşk nəticəsində fəth etdiyi böyük bir ərazi Mənuçehrə qalmışdı. Lakin and içib barışı imzaladığı üçün çarəsiz qalıb razılaşmaya riayət edir. (Taberi, C. I, 2007, Səh. 327–328)

Təbərinin əsərindəki bu qarşıdurma iranlı arilərin şərqə doğru irəlilədikləri zaman Turan ərazisi olan Hirkaniyada turanlıların müqaviməti ilə qarşılaşma hadisəsini əks etdirir. Turanlılar iranlıların şərqə doğru hücumlarının qarşısını uzun müddət almağa müvəffəq olmuşdular. Hirkaniya adının mənası qurdların ölkəsi deməkdir, qurd isə türklərin ən qədim zamanlardan totemi kimi qəbul olunmaqdadır.

Hindistan Vedalarını araşdıran alman bilim adamı Herman Brunhofer Hirkaniyanın hindlilərin Turvaşa adlandırdığı türklərin vətəni olduğunu və Hirkaniya-Vhirkana sözünün mənasının “qurdlar ölkəsi” olduğunu yazır. O Şahnamədə bəhs olunan Mazəndəran kralı Auladın əslində Hirkaniya kralı Aulana olduğunu və Aulan adının qurdun epiteti olan “ula” adı ilə əlaqələndirir və “ula” sözünün mənasının qurd demək olduğunu yazır. (Brunnhofer Hermann. 1893, Səh. 32)

Mərkəzi Asiyada qədim dövrlərdə baş verən tarixi hadisələri əks etdirən önəmli qaynaq olan e.q. 1500-1200-ci illərə aid Riqvedada bölgəyə işğalçı kimi gələn hind-arilərlə türklərin mübarizəsi öz əksini tapmışdır. Riqveda aydın şəkildə Hirkaniyanın Turvaşa-türklərin vətəni olduğunu yazmışdır. Türklərlə iranlı arilər arasında uzun illər ərzində davam edən ilk qarşıdurma da məhz Xəzərin güneyində Hirkaniyada baş vermişdir.

Avesta mətnlərində də İran və Turan arasında qarşıdurma öz əksini tapmışdır. Orda yazılmışdır ki, iki düşmən xalq arasında sərhəd problemləri mövcud olmuşdur. Mətndə deyilir ki, Ahuramazda baş verən sərhəd anlaşılmazlığını İran naminə yoluna qoymaq üçün nəhəng bir öküz yaratdı və İranla Turan arasında sərhəd o öküzün dırnaqları ilə qazdığı yerlə müəyyən olundu. Həmin yer Ceyhun-Amudərya çayı olmuşdur. (A Manual on the Turanians and Pan-Turanianism. 1920. Səh. 13)

Avestada bəhs olunan öküzlə əlaqədar bu əfsanənin kökü Sumerə bağlıdır. Sumer əfsanələrində Dəclə və Fərat çaylarının yaradıcısı tanrı Enkidir.

İranlılar ərazilərinə işğalçı kimi gəldikləri turlara, yəni türklərə qarşı mübarizələrinə haqq qazandırmaq üçün öz əfsanələrinə ulu əcdadları İrəcin guya türklərin ulu əcdadı Tur və Səlm tərəfindən xaincəsinə öldürüldüyü haqqında uydurma bir hadisə daxil etdilər. Turan dövləti mövcud olduğu uzun dövr ərzində iranlıların davamlı axınlarına və ərazilərinə etdikləri təcavüzlərə qarşı daima savaş vəziyyətində olmuşlar. Bitib tükənməyən bu savaşlar gedişində gah bir tərəf, gah da digər tərəf üstünlük qazansalar da, fars dilli ədəbiyyat və mənbələrdə bu mübarizədə türkləri sonda həmişə məğlub kimi qələmə vermişlər. Tarixi gerçəklik də bundan ibarətdir ki, turanlı türklər mübarizə gedişində öz ərazilərinin bir qismini iranlılara güzəştə getməyə məcbur olmuşlar.

İngilis assuroloq Turanizm nəzəriyyəsinin banisi H.Rauilson yazır ki, Klassik müəlliflərin Sak adlandırdıqları və Mərkəzi Asiyanın şimalına yayılmış Turan tayfaları arilər bu regiona gəlmədən çox öncələri Oksus çayının məhsuldar vadilərində yaşayırdılar. Yustin də Baktriya dövlətini sakların yaratmış olduğunu yazır. Strabon köçərilərin həmin məhsuldar çölləri zəbt etdikdən sonra orda Sakistan adlı dövlət yaratdıqlarını qeyd edir. (H.Rawlinson, 1912, Səh. 8, 13)

Ümumiyyətlə, Əhəmənilər dövründən başlayaraq farslara aid edilən İran tarixi turanlı xalqların tarixinin başdan-başa saxtalaşdırılaraq iranlılaşdırılmış tarixindən ibarətdir. Əhəmənilərəqədərki Pişdadiyan və Kəyanilər sülalələri ilə əlaqədar hadisə və şəxsiyyətlər isə tarixi gerçəkliklə heç bir əlaqəsi olmayan uydurulmuş əfsanələrdir.

Pişdadyan sülaləsi haqqında hər hansı bir tarixi qaynaqda məlumat əldə etmək mümkün deyil. Ön Asiyanın qədim elam, Assur, Babil, Yəhudi və digər qaynaqlar üzərində araşdırmalar göstərir ki, İran tarixi rəvayətlərində Pişdadiyanlara aid edilən hadisələr əslində İran adlanan coğrafiyanın qərb ərazilərindəki Elam, Manna və digər Turanlı hökmdarlar ilə Assur və Babilin istilaçı hökmdarları arasında baş vermiş hadisələri əks etdirir və bunlar Pişdadiyan sülaləsilə əlaqədar imiş kimi qələmə verilir.

İranı məskunlaşdıran ilk etnos və dövləti yaradanlar Orta Asiyanın cənibi-qərbi bölgələrindən gəlmiş və İranın çənub-qərb bölgəsində yaşayan, qərb müəlliflərinin Turani adlandırdıqları Anzan (Anşan) türkləri idilər. Anzanlar türkcənin oğuz ləhcəsində danışır və Türk adları daşıyırdılar. Anşanın əhalisinin uksi/oğuzlar olduğu və onların Makedoniyalı İsgəndərə qarşı mübarizələri bir çox tarixi mənbələrdə öz əksini tapmışdır.

Kavyanilərin, yəni Kəyanilərin əcdadı Kaviviştasp hesab edilir və rəvayətə görə o öz vətənində, yəni İranın qərbində, daha doğrusu Midiya ərazisində dini etiqadı Zərdüştü himayə etmişdi, Viştasp Dranqiananın hakimi idi. Kavi Viştasp hökmdar sülaləsinə mənsub deyildi. Kavi sözünün mənası “şeir yazan, falçı” mənasındadır. Dranqiana Turanqiananın təhrif olunmuş formasıdır. Buna görə də Əfrasiyab onun ölkəsi Turanın ərazisi hesab olunan Dranqiananın ona tabe olan hakimi Kavi Viştaspın Turanlıların Tanrıçılıq etiqadına zidd olan zərdüştliyi qəbul edib və Zərdüştü himayə etdiyinə görə Məsudinin və Təbərinin yazdıqları kimi Kavi Viştaspa qarşı müharibəyə başlamışdı.

Kəyanilər sülaləsinin adının kavi sözündən yaranması inandırıcı görünmür. Hesab edirik ki, Kəyan adı da bir eponim olaraq Pişdad adı kimi kök etibarı ilə Ön Asiyanın turanlı xalqlarına bağlıdır.

Kay sözü pers dilinə akkad və ya midiya dilindən keçmiş ola bilər. İranşünaslar Şahnamədəki Keyqubad, Keykavus adlarındakı “key” sözünü Avestadakı “Kavi” sözü ilə əlaqələndirirlər, lakin onun hitit və akkad dilindəki Kaui/kay sözündən yarandığı daha inandırıcıdır. Bir çox tədqiqatçılar Şəhnamədəki Kəyani sülaləsinin əslində Midiya sülaləsi olduğu fikrini irəli sürmüşlər.

İngilis assuroloqu R.Konder Altay və hitit dillərinin müqayisəsinə həsr olunmuş əsərində hitit dilində Kaui sözünün etimologiyasını şərh edərək yazır: “KauiSira adında Kaui/kay=hakim; Sir=kral, hökmdar deməkdir, akkad dilində də Kay və ya kue sözü mövcuddur və mənası sitayiş, etiqad etməkdir. (Conder R.A., 1889, Səh. 129–130)

Mümkündür ki, Kaui sözü Avestaya “kavi” şəklində protomidya dilindən keçmişdir və Şahnamədəki Keyqubad, Keykavus adlarındakı key sözü burdandır. Fikrimizə görə Kəyan sumerlərin Ki-an eponiminə bağlı ola bilər. Ki-An sumerdə yer ilə göyün vəhdətini təcəssüm etdirən teonimdir. Ki yer üzünün, An isə göyüzünün tanrısıdır və Kian və ya Anki sumer mifologiyasında yer ilə göyün vəhdətini təşkil edən ilkin başlanğıcdır.

Dövlət və ölkə adı olaraq İran adı heç bir tarixi elmi əsasa malik olmayan qondarma bir addır. İkiçay (Mesopotamiya) arasından Hindistana qədər olan ərazi coğrafi ad olaraq İran yaylası adlanır. İran coğrafiyasında ilk dövlət təşəkkülü turanlı öntürklərin VII əsrdə Midiya dövləti olmuşdur. Əhəmənilər öz dövlətlərini Midiya dövlətçilik ənənələri üzərində qurmuşdular. Midiyalıları irandilli elan edən Avropasentrist elmi dairələrinin iddalarına rəğmən böyük tarixçi assuroloqlar midiyalıları turanlı-türk və subar mənşəli hesab edirlər.

Midiyada qədim zamanlardan etibarən məskunlaşan və öz adlarını bu ölkəyə verən Turanlılarla bura işğalçı kimi gələn arilər arasında irqi və dini zəmində qarşıdurma yenidən başlandı. Min il davam edən və İran Turan müharibələri adlanan bu qarşıdurma Firdovsinin “Şahnamə” əsərində də öz əksini tapmışdır. (Smith Philip, 1888, Səh. 395)

Ümumiyyətlə, İran adının rəsmi tarixşünaslıqda təqdim olunan etimaloji izahı qənaətbəxş hesab olunmur. Rəsmi tarixşünaslıqda İran adı Zərdüştlüyün dini kitabı olan Avestadakı “Aryanam Dahyunam”, yəni “arilərin ölkəsi” sözündəki “Aryan” kəliməsi əsasında yarandığı fikri hakimdir. Lakin bu bir dövlət təşəkkülü adı deyil, zərdüştlük dininə etiqad edən ari tayfalarının ərazisi mənasında yalnız indiki İranın şərq ərazilərini əhatə edirdi. İran coğrafiyasında ilk böyük imperiya dövləti olan Midiyada Farsların məskunlaşdığı Ön Asiyadakı Parsua çoxsaylı satraplıqlardan biri idi. Strabon da “Ariya”nı ölkənin beş əyalətlərindən biri olaraq yalnız şərqdəki “Haraiva” (Herat) bölgəsinə aid edir.

Alman assuroloqu və iranşünası F.Köniq Ariya adının mətnlərdə tez-tez təkrarlanan bir subar adı olduğunu və İran adı ilə heçbir əlaqəsinin olmadığını yazır. (König F.W., 1934, Səh. 57)

Əhəmənilər dövründə dövlət Əhəməni və ya Pars adlanırdı. Makedoniyalı İsgəndər Əhəməniləri məğlub etdikdən sonra ölkədə yunanların Selevkilər hakimiyyəti yaranmışdır. Arsaqilər İranda hökm sürən yunan əsilli Selevklər dövlətini məğlub edərək Böyük Arsaqilər imperiyasını yaratdılar. Sasanilərin hakimiyyəti dövründə dövlət pəhləvi dilində “Eran şəhr” adını aldı və Sasani şahları özlərini “Eranın və Aneranın şahənşahları” adlandırırdılar. Burda “Aneran” ari olmayan xalqları nəzərdə tuturdu. İran və iranlı adı özlərini ariyani adlandıran etnik birliyin özlərinə düşmən hesab etdikləri Turan və turanlılar qarşılığında istifadə etdikləri bir ifadədir. Sasanilər dövründə Turan və turanlı ifadəsi “Aneran”, yəni iranlı olmayanlar ifadəsi ilə əvəz edildi. Lakin türklərin yaşadıqları bölgə yenə də Turan adlanmağa davam edirdi.

Yisif Hikmət Bayur İranın Sasanilər dövrü hakimiyyətini təhlil edərək yazır ki, tarixin müəyyən dövrlərində İranda hökmdarlar, möbidlər, xalq və məmurlar ayrı-ayrı dillərdən istifadə edirdilər. Sasanilər dövründə hökmdarlar və aristokrat təbəqə öz təbəələri ilə oğuz türkcəsi olan xuzi dilində danışırdılar. Şəhərlərin kənarlarında yaşayan xalq öz yazışmalarında suryani dilində yazırdılar. Rəsmi müqavilələrdə istifadə olunan yazı ilə hökmdarın özəl yazışmalarında tətbiq edilən yazı fərqli idi. Fəlsəfə və tibb kitabları ayrıca bir dil ilə yazılırdı. Bütün bu fərqli yazı tərzləri ilə yanaşı dövlət sirlərinin xalqa agah olmaması üçün saray əhlindən başqa digər insanlar tərəfindən istifadəsinin qadağan olunduğu yazı və danışıq dili mövcud idi. Ərəb mənbələrinin Sasani dönəminin kahin möbidlərinə istinad edərək verdikləri məlumatlara görə Daranın taxta çıxmasına qədərki dövrdə farslar düşüncə və dil baxımından özlərini ifadə etməkdə aciz və ibtidai bir səviyyədə idilər. (Yusif Hikmət Bayur, 1930, Səh. 344)

Ümumiyyətlə, həm etnik mənşə, həm də dilin təşəkkülü baxımından iranlı adlanan xalqın formalaşmasında türk etnosunun və dilinin böyük qatqısı olmuşdur. Müxtəlif dövrlərdə İran dillərində mövcud olan minlərlə Türk sözlərini müəyyən edən linqvistik araşdırmalar haqqında çoxsaylı əsərlər yazılmışdır.

Əhəməni sülaləsinin etnik mənşəyi də müəyyən mübahisələrə səbəb olmuş və onların ariliyi şübhə altına alınmışdır.

İran hakimiyyət sülaləsinə mənsub Daralardan birinin adı Okus (Oğuz), digərininki isə Kodoman idi. Əhəməni şahlarının bir çoxunun adlarında mənası öntürk dilində “dağlı” anlamı daşıyan Artakserk, Artaban kimi adlara Arta titulu əlavə olunurdu.


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 10 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации