Текст книги "Turan-Türk tarixində Əfrasiyab və Oğuz Xaqan"
Автор книги: Ələsgər Siyablı
Жанр: Прочая образовательная литература, Наука и Образование
сообщить о неприемлемом содержимом
Текущая страница: 8 (всего у книги 30 страниц) [доступный отрывок для чтения: 10 страниц]
Noldeke yə görə İran rəvayətlərində və Avestada dev obrazının yaranmasında yerli tayfaların gəlmə arilərə qarşı mübarizəsi əks olunmuşdur. İran eposlarında dev obrazında təsvir etdikləri yerli xalq uzun illər ərzində onların yurdlarını istila edən yadelli iranlılara qarşı şiddətli müqavimət göstərərək onlara böyük tələfatlar verirdilər. Döyüşkən ruhlu yerli turanlı türklər fiziki cəhətdən güclü və dözümlü olub onların yurdlarını istila edən gəlmə arilər tərəfindən vəhşi, bədheybət görünüşlü devlər kimi təsvir edirdilər. (T.Nöldeke: Das İranische Nationalepos. Berlin, 1920, səh. 4)
İranlıların dev adlandırdıqları yerli xalqın xarici görünüşlərinin qeyri adi təsvirlərinə gəldikdə, türk/turanlı tayfaları malik olduqları heyvan totemlərinin dərilərindən ibarət paltar geyirdilər və səbəbdən də gəlmələrin nəzərində “tüklü və vəhşi” görkəmə malikdilər. (X.Короглу, 1983, Səh. 40)
Devlər haqqındakı əfsanədə gerçək tarixi həqiqət öz əksini tapmışdir. İran tayfaları e.q. IX–VIII əsrdə Ön Asiyaya gəldikləri zaman yazı ənənəsinə və əlifbaya malik deyildilər və bu ənənəni onlar bu ərazidə onlardan minillər öncə yaşayan özlərinə məxsus yazı sisteminə və əlifbaya malik olan və dastanlarında “dev” adlandırdıqları elam, manna və qutilər kimi turani xalqlardan öyrənmiş və ilk dəfə bu mixi yazı nümünələrindən faydalanaraq Bisütun və Persapol kitabələrində əks olunan öz əlifbalarını yaratmışdılar.
VI FƏSİL. Zərdüşt Peyğəmbər və Turan
Zərdüşt peyğəmbər və onun Turanla əlaqəsi tarixi qaynaqlarda müxtəlif şəkildə şərh olunur. Bir çox müəlliflər Zərdüştün dini təliminin Manna və Midiya, yəni qədim Turan ərazisində yarandığını, lakin yayılmağa başladığı zaman rəğbət görmədiyini yazırlar. Zərdüşt Turanın öz dini təliminin Turanın qərb ərazilərində rəğbətlə qarşılanmadığını gördükdə onu təbliğ etmək üçün şərq ərazilərinə üz tutmuşdur. Zərdüşt dini təlimini yaratdığı zaman hələ İran adlı dövlət və ümumiyyətlə hər hansı bir ərazidə iranlı arilərə məxsus konkret bir dövlət təşkilatı hələ mövcud deyildi. İran adlı coğrafi ərazidə onlara aid edilə biləcək ilk dövlət qurumu kimi qəbul olunan Əhəmənilər dövləti Midiyanın süqutu nəticəsində meydana çıxmışdır. Hətta Əhəmənilərin də iranlı ari mənşəyə malik olmaları fikri bir çox ciddi assuroloq və iranşünaslar tərəfindən təkzib olunmaqdadır. Zərdüştün öz dini təlimini yaymağa başladığı Dranqiana Böyük Turan dövlətinin tərkib hissəsini təşkil edib ona tabe olan bir turanlı sak dövləti idi. Dranqiananın digər bir adı Sakistan idi ki, farslar onu Sacistan və ya Sistan kimi ifadə edirdilər. Dranqiana Midiyanın bir şərq satraplığı idi.
Avestada və digər sanskrit ədəbiyyatda da Zərdüştün dini təlimini ilk qəbul edənlərin məhz bəzi turanlı tayfalar olduğu qeyd edilmişdir. Lakin sonrakı dövrlərdə turanlı mənşəyə malik Zərdüşt iranlı kimi qələmə verilmiş və onun öz dini təlimini yaydığı ilk ərazi olan Dranqiana da iran mənşəli dövlət kimi təqdim olunmuş və əslində turanlı öntürklər arasında dini zəmində baş vermiş qarşıdurma İran-Turan müharibələri kimi qələmə verilmişdir.
Bir çox ərəb və farsdilli müəlliflərin yazdıqlarına görə İran və Turan arasındakı qarşıdurma Zərdüşt peyğəmbərin öz dini təlimini yaymağa başladığı dövrdə daha da şiddətlənmişdir. Tarixi qaynaqlara görə bu qarşıdurmaya səbəb Turan padşahının tabeliyində olan ərazilərdə tenqriçilik etiqadına qarşı zərdüştlik təliminin yayılması üçün göstərilən cəhd olmuşdur.
IX–X əsrdə yaşamış fars mənşəli tarixçi Təbəri Zərdüşt peyğəmbərin öz dini təlimini əfsanəvi Kəyanilər sülaləsi dövründə yaymağa başladığını yazır. Onun fikrinə görə altmış yeddi il hökm sürən Keyxosrov Əfrasiyabdan öz intiqamını aldıqdan sonra Lehrasbı qəyyum olaraq təyin etdi və özü ortadan qeyb oldu. Oun hansı şəraitdə necə öldüyü məlum deyil. Rəvayətə görə Əfrasiyab öldürüldükdən sonra qardaşı Keysuast ölkəsinə dönərək Türk dövlətinin başına keçmişdir. Ondan sonra oğlu Hurzasf (Ərcasp) hökmdar olmuşdur. Bəlx şəhərində oturan İran şahı Lehrasbın hakimiyyəti zamanında da qüdrət və şan-şövkətləri daha da artan Türklərlə savaş davam etdirilirdi. Lehrasb yüz iyirmi il hökm sürmüş öldükdən sonra yerinə oğlu Beştasp (Gəştasip) keçmişdi.
Təbərinin də əsərində Şahnamədə olduğu kimi İrana qarşı rəğbət özünü aydın şəkildə biruzə verir. Onun təqdim etdiyi rəvayətə görə Zərdüşt bin Esfiman (e.ə. 660–589) Beştaspın hökmranlığının otuzuncu ilində zühr edərək peyğəmbərlik iddisaında olmuşdur. Fələstin xalqına mənsub kitab əhli bilginlərin söylədiyinə görə Zərdüşt peyğəmbər Ermiyanın (Yeremiy peyğəmbər) tələbələrindən birinin hikmətinə vaqif olmuş, onun ən yaxın adamlarından və dostlarından birinə çevrilmişdir. Sonralar o ustadına xəyanət edərək onun əleyhinə yalanlar uydurmuş və ustadının bədduasına düçar olmuşdur. Bunun nəticəsində o cüzam xəstəliyinə tutularaq Azərbaycana getmiş və orada məcusilik (atəşpərəstlik) dininin asasını qoymuşdur. (Təbəri, cild II, 2007, Səh. 781)
Əbu Reyhan əl-Biruni yazır “Mənuçöhr şahın nəslindən zadəgan, əyan və maqların ailəsindən olan Spitamın oğlu Zərdüşt zühur etdi. Bu hadisə Viştaspın hakimiyyətindən otuz il keçəndən sonrakı dövrə təsadüf edir. Onun əynində sağ və sol tərəfi açıq olan çuxa var idi. Kəməri xurma lifi ilə iki xaç şəklində bağlanmışdı, rəngli yun duvağı var idi, öz yanında olan köhnə lövhəni sinəsinə yapışdırmışdı. Muqların fikrincə Zərdüşt günorta çağı Bəlxdə olan şah qəsrinin eyvanında nazil olmuşdur. Viştasp isə günorta istirahətindən sonra Zərdüştün yanına gəlmiş və məsdəizmi qəbul etmişdir.
Sonra Bəlxə Kavi Viştaspın (Beştaspın) hüzuruna gələn Zərdüşt onu devlərə etiqaddan əl çəkməyə və onun dinini qəbul etməyə dəvət etmişdir. Viştasp Dranqiananın hakimidir, lakin çar tituluna malik deyil. Kavi ilkin dönəmdə hind-iran tayfa başçısının titulu olub, tayfanın rəhbəri və eyni zamanda baş kahin kimi tanrıların iradəsinin ifadə edirdi. Əfsanəyə görə Kavi titulu sonralar əsası Viştasp tərəfindən qoyulan Kəyanilər sülaləsi hökmdarlarının adlarına əlavə olundu. (Chistensen A., 1931, Səh. 14, 18)
I Dara Bisütun yazısında atası Gəştasib (Viştasp) haqqında bəhs edərək yazmışdır: “Part və Varkan mənim əleyhimə çıxaraq Frasyakın (Əfrasiyab) tərəfinə keçdilər. Atam Part ölkəsində idi, orada yaşayanlar ona qarşı çıxdıqda o ordusu ilə geri çəkildi. Partlarla olan vuruşmada atam Hörmüzdün köməyi ilə onlara qalib gəldi (e.ə. 521-ci il 5 fevralda). Mən isə Raqadan (indiki Rey şəhəri) Pars ordusunu atamın köməyinə göndərdim. Onlarla birlikdə düşmənə qarşı çıxan Gəştasib üsyan edənləri darmadağın etdi”. Burda Part dedikdə Parfiyanı, Varkan isə Hirkaniya nəzərdə tutulur. Daranın bu yazısından da göründüyü kimi zərdüştiliyi qəbul edən Gəştasiba qarşı çıxan Ərcasb deyil, Frasyak, yəni Əfrasiyabın özü olmuşdur.
Beştasp öncə Zərdüştün dinini rədd etmiş, özünü də həbs edərək kitabın xalqa öyrədilməsini yasaqlamışdır. Lakin sonradan Zərdüştün məzhəbini qəbul etmişdir. Zərdüşt dini kitabını (Avesta) hökmdara təqdim etmiş, o bu kitabı on iki min öküz dərisi üzərinə yazdırdıqdan sonra İstəxrdə Dərbişəd adlı yerdə mühafizə etmişdir. Zərdüştlikdən öncə Viştasp Zakın divpərəstliyə əsaslanan sapıq etiqadına inam bəsləyirdi. Viştaspın divpərəstlik etiqadına pərəstiş edən əyanları Zərədüştün həqiqi bir peyğəmbər deyil, yalançı bir eretik olduğuna inandıra bildilər və Viştaspın razılığı ilə Zərdüşt həbs edildi. Lakin uzun müddətli əzablı həbsdən sağ salamat çıxan Zərdüşt Viştaspı və onun xanımını Ahuramazdaya etiqad etdirməyə nail olur.
Danimarkalı məhşur iranşünas alim Artur Kristensen Zərdüşt, Kəyanilər və Viştasp arasındakı münasibətləri araşdıraraq bir sıra yanlışlıqlar aşkar etmişdir.
Kavi Zərdüştü himayə edən Viştaspın ünvanıdır, lakin bu ünvanı daşıyan öncəki şəxsiyyətlərin adları tarixi mənbələrdən məlum deyil. İranın və Midiyanın tarixindən bəhs edən Yunan müəlliflərinin əsərlərində belə bir tarixi və ya əfsanəvi şəxslərin mövcudluğu haqda heç bir bilgi verilmir. (Artur Christensen, 1931, Səh. 6)
Kəyanilər haqqındakı əfsanələr ola bilər ki, iranlı olmayan xalqların əfsanələrindəki süjetlərdən mənimsənilmişdir.
Kristensen Kəyanilər haqqındakı əfsanələrin iranlı olmayan xalqların əfsanələrindəki süjetlərdən mənimsənilə biləcəyi fikrini irəli sürmüşdür. Onun fikrincə Kavi Viştaspın və onun oğlu Daranın Zərdüştliyə etiqad bəslədikləri böyük şübhə doğurur. Benvenist də İran dininə həsr etdiyi kitabda Daranın zərdüştliyə deyil, İranın ondan öncəki qədim naturalist dininə etiqad etdiyini, Əhəmənilər dövründə İranın rəsmi dininin midiya maqlarının zərdüştilik dini deyil, mazdeizm olduğunu yazır. Maqların dinindən fərqli olaraq zərdüştülik mazdeizmlə sintez nəticəsində yaranmış dindir. Daranın Zərdüştliyi himayə etməsi haqqındakı fikirlər sıfıra bərabərdir. (Christensen A., 1931, Səh. 8)
Avestanın Yaşt bölümünə Viştasp və onun Zərdüştü himayə etməsi, Saraosa və s. əlavələr Parf Voloskes və ya Sasanilər dövründə əlavə edilmişdir. İlk Kavilər qədim Yaştaya görə zərdüştiliyə etiqad etmirdilər. Hind-iran əfsanələrinə görə Kavi Qubaddan başlayıb Kavi Xosrovda qurtaran kavilər siyahısında Kavi Viştaspın adı çəkilmir. Onun adı Zərdüştlə alaqədar Yaştaya sonradan əlavə olunmuşdur. (Christensen A., 1931, Səh. 14, 18)
Zərdüşliyi qəbul edib onu himayə edən Kavi Viştasp və onun oğlu Spontodata, Viştasp və onun oğlu Dara ilə eyni adamlar deyillər, çünki axırıncılar zərdüştliyə aid deyildirlər. Yunan müəlliflərinin əsərlərində göstərildiyinin əksinə olaraq Kavi Viştasp Əhəmənilərin İran tarixində heç bir iz buraxmayıblar. Kavi sözü Pahlav-Parflar dövründə Kay şəklini almışdır. Parflar və Sasanilər dövründə Avestaya edilən əlavələr nəticəsində Key Qubad Kəyani sülaləsinin ilk şahı kimi təqdim edilmişdir. Kəyanilər haqqında əfsanələr müxtəlif ədəbiyyatlarda öz əksini tapmışdır. (Christensen A., 1931, Səh. 43)
Kristensenin də təhlilindən göründüyü kimi İran tarixi və dini kitablarında əks olunmuş əfsanələr sinkretik xarakter daşıyır və gerçək İran tarixi ilə heç bir əlaqəyə malik olmayıb müxtəlif qədim xalqların özəlliklə də turanlı öntürklərin miflərindən əxz edilərək təhrif olunmuş süjetlərdir.
Kristensenin gətirdiyi dəlillər Zərdüştün öz dini təlimini iranlı arilər içərisində deyil, turanlı saklar içərisində yaymağa başlamış və bu təbii surətdə tenqriçiliyin hakim dini etiqad olan Turanın hökmdarlarının haqlı olaraq etirazına səbəb olmuş və ilkin dövrlərdə iranlı arilərlə deyil, konfederativ qruluşa malik Turan dövlətinin tərkibində olan dövlətlər arasında münaqişəyə səbəb olmuşdur. Turan dövləti daxilində dini zəmin əsasında baş verən qarşıdurma təhrif edilərək yanlışlıqla bir çox qədim müəlliflər tərəfindən İran Turan qarşıdurması kimi təqdim olunmuşdur.
Zərdüşt dininin əsas müddəası Xeyir və Şərin mübarizəsindən ibarətdir. Avestada xeyri Hörmüzd (Ahuramazda), şəri isə Əhrimən (Anqramanyu) allahları təmsil edirdilər. Zərdüştün dini təlimində baş tanrı Ahuramazdadır. Əfsanəyə görə Zərdüşt tanrının iradəsi ilə göyə yüksələrək ilahi vəhyləri Ahira Mazdadan almışdır. Onun irəli sürdüyü dini təlimdə varlığın əsasını od, su, hava və torpaq olmaqla dörd ünsür təşkil edir. Avestaya görə Od bu dörd ünsür içərisində ən ilahi, müqəddəs qüvvədir. Oda sitayiş sonrakı dövrlərdə tam hakim mövqe qazanaraq zərdüştlük dini etiqadının mahiyyətini dəyişdi və o ilkin mahiyyətini qeyb edərək Atəşpərəstlik dininə çevrildi. Turanlı türklər odu müqəddəs hesab etsələr də Atəşpərəstliyi dini etiqad kimi qəbul etmirdilər. Atəşpərəstlik Sasanilər dövründə həyata keçirilən dini islahatlarla Zərdüştlük dini etiqad sistemində hakim mövqe qazandı.
İngiltərənin Oksford Universitetinin nəşr etdiyi İran tarixinə həsr olunmuş əsərdə Ahura Mazda adının əslinin Aura Baqa şəklində olub, kassi və ya quti dilində məxsus olduğu yazılmışdır. (The Cambridge History of İran, Vol. 2, 1968, Səh. 140)
Ahura Mazdanı qədim fars dilində “müdrüklüyün ağası və ya sahibi” kimi tərcümə edirlər. Ahura sözünü qədim hind dilində ağa mənasındakı “asura” sözünün fars dilinə keçmiş fonetik şəkli hesab edilir. “Mazda” isə fars dilində müdrik mənasında izah olunur. (David S. Noss, Routledge, 2016)
Lakin “Riqveda”da “asur” xeyirxah və yaxşılıq deyil, qəzəbli, yaman ruh kimi təqdim olunur. Aura Baqa adı Avestanın sanskrit tərcüməsində təhrif olunaraq Ahura Mazda şəklində yazılmışdır.
Aura sumer dilində işıq-nur deməkdir. Mazda isə Baqa teoniminin təhrif edilmiş şəklidir. Baqa kassilərin baş tanrısıdır və simvolu öküz və ya buğadır. Aura Baqa kassi dilində nurlu-işıqlı Buğa deməkdir. Baqa/Buqaş tanrı adı kassi krallarının titullarına əlavə edilirdi.
Fin hindoloq A.Parpola “asera” sözünün ural dillərində olduğunu və mənasının “ağa, cənab” demək olduğunu yazır. (Asko Parpola, 2015)
Ahura teoniminin digər izahı alman tarixçisi Martin Qemol tərəfindən irəli sürülür. Qemoll İranlıların Ahura allahının samilərin Avram-İbrahim ilə eyni olduğu qənaətindədir. Xanaanın “Ahura Bal” allahı Ahura və Bal olmaqla iki tanrı adının birləşməsindən ibarətdir. Samilərin Ahura, yəni qədim Malek allahı Günəşi, Yahve isə Ayı təmsil edirdi. Onlar dünyanı birlikdə idarə edirdilər. Ahurabal adı sonradan fonetik dəyişikliyə uğrayaraq Aburaham şəklini almışdır. Samilərin Ahura günəş allahı İranda Ahrimana, ayı təmsil edən allaha çevrilmişdir. İranda aya və Günəşə sitayiş edənlər arasında mübarizə Əhrimanla Ahuramazda arasındakı mübarizə şəklində öz əksini tapmışdır. Ayı və turanlıları təmsil edən Əhrimanla günəşi və Aryaman ariləri təmsil edən Ahuramaz bir-biri ilə mübarizə edirdilər. (Martin Gemoll, 1911, Səh. VIII)
Tenqriçilk dininə etiqad edən qədim türklər Zərdüştün öz dini təlimini onların tabeliyində olan ərazilərdə yaymasına qətiyyətlə qarşı çıxırdılar. Lakin bir neçə turanlı sak tayfası bu dini etiqadı qəbul etmiş və bu Turan dövlətində münaqişəyə səbəb olmuşdur.
Viştaspın zərdüştliyi qəbul etməsi xionitlərin, yəni Turanın padşahı Ercaspı qəzəbləndirir və bu yeni dindən imtina etməsi üçün o elçiləri vasitəsi ilə ona məktub göndərir. Avestada qeyd olunduğuna görə xionlar Franqrasyanın (Əfrasiyab) zamanından Druc-Vantaya etiqad göstərirlər. Drucu Əhrimən-Anqra Manyu yaradıb, o yalanı təmsil edir və Anqra Manyu onun köməkliyi ilə adil (haq) dünyanı məhvinə nail olmaq həmçinin qadın surətində onun köməkliyi ilə Zərdüştü məhv etmək və ya şirnikləndirib yoldan çıxarmağa çalışır. Beştaspın hökmranlığı dövründə Türk xaqanı Huzrasf bin Keysuast İranla barış imzalayaraq sülh və əmin-amanlıq içərisində yaşayırdı. Xaqanın iqamətgahının qarşısında Türk ənənəsinə uyğun olaraq bir heyvan (yəqin ki qurd və ya bars) saxlamaq adəti mövcud idi. Türklərə də öz dinini qəbul etdirməyə cəhd göstərən Zərdüşt Beştaspa etdiyi təlqinlə Türklərlə olan barışığı pozmağa və Xaqanın qapısındakı heyvanın ordan götürməsinə nail olur. Sehrbaz (şaman) və son dərəcə məğrur bir Türk xaqanı olan Huzrasf bundan çox qəzəblənərək İran hökmdarına şiddətli bir ifadəylə məktub yazdı və onun Zərdüşt dinini qəbul etməsinə də öz etirazını bildirərək Zərdüştün ona təslim edilməsini tələb etdi. Əks təqdirdə ona qarşı savaş açacağını bildirdi. Türk xaqanının elçisi məktubu təqdim etdikdə Beştasp ailə üzvləri və ölkənin əyanlarıyla məşvərət edib, Xaqana kəskin bir dillə cavab yazdı və ona savaş elan etmiş olduğunu bildirdi. Hər iki hökmdar saysız hesabsız qoşunla bir-birlərinin üzərinə yürüdülər. (Təbəri, cild II, 2007, səh. 813–814)
Çox şiddətli şəkildə davam edən savaşda Türklərdən çox adam öldürüldü və onların məğlubiyyətiylə başa çatdı. Huzrasf döyüş meydanını tərk etdi. Beştasp Bəlxə döndü. Üstündən bir neçə il keçdikdən sonra Fərzəm adlı bir şəxs Beştaspla oğlu İsfəndiyarın arasını vurdu və hökmdar öz oğlunu qadınların saxlandığı bir qalada həbs etdi. Sonra atası Lehraspı Bəlxdə öz yerinə qoyub Kirman və Sicistan tərəflərə ordan da din öyrənmək və ibadətlə məşğul olmaq üçün Tamidar dağına çəkildi. Atası yaşlı və zəif bir adam olmaqla bərabər Beştaspın arvadı Hatusla birlikdə dövlətin xəzinəsi və sərvəti də Bəlxdə qalmışdı. Durumu öyrənən Türk Xaqanı böyük bir qoşunla Bəlxə doğru hərəkət etdi. Fars sərhəddinə çatdıqda özündən sonra hökmdarlığa namizəd olan qardaşı Cevherməzi (Çevirməz) bir çox əsgərlə öndə göndərdi. Xaqan ona sürətlə Fars ölkəsinin ortalarına doğru irəliləyərək kənd və şəhərlərə basqınlar təşkil edib viran qoymasını əmr edti. Onun ardınca Xaqan da Fars ölkəsinə daxil olaraq dövlət idarələrini dağıtdı, dəftərləri yandırdı, Lehraspla bərabər bir çox əyanları öldürdü atəşgahları dağıdıb mal və xəzinələrini ələ keçirdi. Beştaspın Hamani və Bazefrə adlı qızlarını əsir aldı. Xaqan Beştaspı da təqib edirdi, o Türklərdən qaçaraq Fars ərazisində yerləşən Tamidar dağındakı qalada sığınacaq tapmışdı. Çətin durumda olan Beştasp oğlu İsfəndiyarın yardımına ehtiyac duyaraq onu həbsdən çıxarıb gətirməsi üçün Cemaspı göndərdi. Hökmdar onun hüzuruna gələn oğlundan üzr istədi, başına tac qoyacağını və ona böyük yaxşılıqlar edəcəyini vəd etdi, qoşuna başçı olaraq Türklərə qarşı döyüşməsini rica etdi. İsfəndiyar gecə boyunca qoşunu toplayıb nizamladı, təlimat verdi və səhərisi Türklərin üzərinə yürüş etdilər. Cevherməz və Enderman Türk ordusuna başçılıq edirdilər. Her iki ordu qarşı-qarşıya gəldi, İsfəndiyar nizəsi ilə qoşunun ortasına girərək İranın Derefşi Kaviyan (dəmirçi Gavənin bayrağı) bayrağını Türklərin əlindən alıb xilas etdi. Qanlı döyüş Türklərin məğlubiyyəti ilə başa çatdı.
Avestaya görə Zərdüşt peyğəmbər Midiya kralı Aurvat-Aspa oğlu Vişt-Aspanın sarayında öz dinini yayırdı. Hyaonalar (Hun-saklar) padşahı Arejat-Aspa (Ərcasp) ilə Vişt-Aspa arasında bu səbəblə bir savaş baş verir. Bu bir İran-Turan savaşı idi. İran şahının qardaşı Zarivari və oğlu Spendodata (İsfəndiyar) şöhrət qazandılarsa da puta sitayiş edən fanatik dindarlardan biri Zəadüştü öldürdü.
Bu dini əfsanədə qeyd olunan Vişt-Aspın Midiya kralı Kiaksarın atası, Hyaonlar hökmdarı Arijat-Aspanın isə Azərbaycanda məskunlaşmış sakların Assur qaynaqlarında adı İşpakay olduğu ehtimal olunur.
İranın dastan və rəvayətlərində adları qeyd olunan İran və Turan hökmdarlarının adlarının axırındakı “asp” sözünün mənası at deməkdir. Naxçıvan-Qarabağ-Sünik ölkəsinin İl bəyinin adı da At Ağızlı Aruz Qoca və “Topqapı” Oğuznaməsində də Əfrasiyabın Alp Aruz adlı oğlunun adında at sözünə rast gəlirik. Şahnamədə də Midiya hökmdarlarının adları Lehr-Asp, onun oğlu Quşt-asp və Turan padşahı Ərcaspın adında da “asp” at sözləri mövcuddur.
Qafqaz dağları üzərindən keçib Azərbaycanda yerləşən və Ön Asiya ölkələrinə basqınlar edən Sak hökmdarının adı Assur qaynaqlarında Qaqu və ya Qoq şəklində qeyd olunmuşdur. Strabon Qoqarena və ya Qoqar adlı ərazinin adını qeyd edir ki, bu Gürcüstanın və Azərbaycanın ərazilərinin Xramçay və Kür çayının yuxarı axarlarına qədər olan ərazilərini əhatə edir və bugün Borçalı bölgəsi adlanır. (F.Kırzıoğlu, Kars tarihi, 1953, Səh. 76)
Alman iranşünas tarixçi Şpiqel tarixi faktlara əsasən yazdığına görə İranda Zərdüşt tərəfindən böyük dini dəyişikliyin həyata keçirilməsi xəbəri Turan padşahı Ercaspa da məlum olmuşdu. O Turan dövlətinin tabeçiliyində olan Geştaspa bir məktub göndərərək Zərdüştün dininə etiqad etməməyi və əvvəlki dinə geri dönməyə dəvət etmişdir. Əks halda İranı darmadağın edəcəyini xəbərdarlıq etmişdi. Geştaspın əyanları Zərir, İsfəndiyar və Camasp Ərcaspa layiqli cavab verməyi və Turana ilk öncə özlərinin hücum etməli olduqlarını Geştaspa təlqin etmişdilər. İki dövlət arasında başlanan savaşda öncə turanlılar üstün gəlmiş, lakin İsfəndiyarın döyüşə qatılması ilə turanlılar məğlub edilmişlər. Turan və İran arasında dini əsasda baş verən bu savaş Avestada da öz əksini tapmışdır. Orda Viştasp və Ərcasp dua edirlər ki, düşmən üzərində qələbə çalmağa kömək etsin, lakin Ahuramazda Ərcaspın duasını qəbul etməmişdir. İranlılarla dini zəmində baş vermiş savaşda Turanlı Ercaspın ordu sərkərdələrindən biri ola Turberatur məbəddə Zərdüşt peyğəmbəri qılıncla öldürmüşdür. (F.Spiegel, Band 1, 1871, səh. 706, 708)
Burda Turberatur Turbagatur adının təhrif olunmuş şəklidir.
Beştasp atası Lehraspın və öldürülən oğlanlarının əvəzinə Huzarasfı və Cevherməzi öldürməsini, Türklərin şəhər və qalalarını yandırıb dağıtmasını, Türklər tərəfindən öldürülən din adamlarının yerinə Türk xalqının qılıncdan keçirilməsini və iranlı əsirlərin xilas edilməsini İsfəndiyara təklif etdi. Bütün bunlarla bərabər İsfəndiyar əsirlikdəki iki bacısını xilas etdi, eyni zamanda Türklərin tunc şəhər mənasını verən Düzrüsin adlı şəhərlərini ələ keçirdi, oranın hakimini və qardaşlarını öldürdü, şəhəri talan etdi. Məsudi İsfəndiyarın fəth etdiyi Türklərin bu şəhərinin Qafqaz dağlarında yerləşdiyini və adının mis şəhər mənasında Surf olduğunu yazır. (Mesudi, 2005, Səh. 87)
Digər mənbələr misdən inşa edilmiş bu şəhərin Zərəfşan vadisindəki Ruyindiz-Bakırqala olduğunu qeyd edirlər. İsfəndiyar həmçinin Əfrasiyaba aid olan Vehsəknək adlı şəhəri də ələ keçirmiş, Türkləri yenərək ölkəni istila etmiş, onun sərhədlərinin hüdudu olan sol qapı və Tibetə qədər irəliləmişdi. Əmin amanlıq yaradıldıqdan sonra İsfəndiyar Türk ölkəsinin hər bölgəsini iqta şəklində Türk bəyləri arasında bölmüş, hər il ödənmək şərtilə hər birinə müəyyən miqdarda xərac təyin etmiş və bunların Beştaspın qapısına qədər gətirilib təhvil verilməsini şərt qoymuşdur. İsfəndiyar bundan sonra Bəlxə dönmüşdür. (Təbəri, cild II, 2007, Səh. 815–817)
İran və Turan savaşları Əfrasiyabdan sonra farsların Haytal adlandırdıqları Eftalitlər-Ağ hunlar zamanında da davam etmişdir. İran şahı Firuz bin Yezdigərd bin Bəhram qardaşı Hörmüzü və ailəsini öldürərək tacı-taxtı ələ keçirir. Sonra o qardaşına qarşı hakimiyyət uğrunda mübarizədə ona yardım edən Toharıstanda mövcud olan eftalitetlərin Haytal hökmdarı Ahsnuara qarşı savaşa başlayır.
Firuzun bu qərarından heyrətə düşən Ahşnaur əks həmlə üçün hazırlıqlar görür. Rəvayətə görə Ahşnuarın adamlarından biri ölkəsini təhlükədən qurtarmaq üçün özünü fəda etməyə qərar verərək hökmdara “Sən iki qolumu və iki ayağımı kəsdikdən sonra məni Firuzun keçəcəyi yola at, ailəmdən və uşaqlarımdan da muğayət ol” təklifini etmişdir. Ahşnuar onun Firuza tələ qurmaq haqqındakı bu təklifini bəyənir, əl və ayaqlarını kəsərək yolun üstünə atır. Həmin yoldan keçən Firuz o adamı gördükdə düşdüyü halı xəbər alır. Cəsur adam cavabında “Mən Ahşnuara sənin Firuza qarşı çıxmağa gücün yetməz dedikdə o məni bu hala saldı” deyir. Sonra həmin adam onun sözlərinə inanan Firuzu guya heç kimin bilmədiyi kəsə bir yolla eftalitetlərin üzərinə aparacağı vədilə yolu azdıraraq iran qoşununu ucsuz bucaqsız qızmar səhraya aparır. Susuzluqdan və yorğunluqdan qoşunun xeyli hissəsi tələf olur. O cəsur eftalitetli həlak olaraq özünü xalqına fəda edir. (Təbəri, cild III, 2007, Səh. 220)
Firuz ölümdən xilas olan əsgərləriylə birlikdə eftalitetlərin qoşununa yaxınlaşdıqda Ahşnuardan bu şərtlərlə barış istəyir. Firuz sağ qalan əsgərləri ilə öz ölkəsinə geri dönəcək, heç bir vaxt eftalitetlərlə savaşmayacaq, onların üstünə qoşun göndərməyəcək, hər iki ölkə arasında müəyyən olunacaq sərhəddi keçməyəcək. O Tanrı adına and içib şahidlərin hüzurunda barış sənədini möhürləyib imzalaladı. Bu şərtlər aıtında Ahşnuar Firuza öz ölkəsinə dönməyə icazə verdi.
Lakin Firuz ölkəsinə döndükdən bir müddət sonra vəzirlərinin etirazlarına baxmayaraq yenidən eftalitetlərin üzərinə yürüş etdi. Ahşnuar iki ölkə arasında dərin xəndəklər qazdırmışdı. Firuz eftalitetlərin ordu qərargahına yaxınlaşdıqda Ahşnuar imzaladığı barış müqaviləsini ona göstərsə də bir faydası olmadı. Ahşnuar o müqaviləni nizənin ucuna taxıb “Ey Tanrı bu yazıda olan vədləri yerinə yetir” deyərək iranlılar üzərinə yürüdü. Firuz məğlub olub qaçarkən xəndəyə düşdü. Ahşnuar Firuzun bütün əmlakını, qadın, mal və dəftərlərini ələ keçirdi. Fars ordusu o günə qədər uğramadığı ağır bir duruma düşdü. (Təbəri, cild III, 2007, Səh. 221–222)
Avesta qatlarında verilən möizə-nəğmələrdə Zərdüşt tək Tanrıya sitayişi təbliğ edən Arya dinlərinin yenidən canlandırılmasına günəş tanrısı Mitraya, əcdadlar kultuna, “xauma” ayininin həyata keçirilməsinə qarşı çıxır. Öz möüzələrində Zərdüşt təbiətcə bir-birinə zidd və daima mübarizə aparan iki qüvvə olan Xeyir və Şərin Tanrının iki başlanğıc enerjisi kimi təqdim edirdi. Zərdüşt peyğəmbər bəşəriyyətin ümumi yaşam konsepsiyasını belə bir düsturla ifadə etmişdi: Doğru düşüncə-Doğru söz-Doğru iş.
Avestanın mühüm tədqiqatçılarından olan Modi də ərəb qaynaqlarına və qədim Sasani xronikalarına əsaslanaraq Zərdüştün öz dini fəaliyyətinə Fələstində başlayıb guya öz sülaləsinin vətəni olan Parsdan çox uzaqlarda Azərbaycanda başa çatdırdığını yazır. (Лелеков Л.А., 1992, Səh. 66)
Lelekovun gəldiyi nəticəyə görə nə Avestanı, nə də pəhləvi kitablarını qədim İran üçün ümumi ideoloji direktiv və tarixi gerçeklikləri əks etdirən sənəd kimi qəbul etmək olmaz. Avesta mətnlərindəki ziddiyətlər, eyni şəxs və hadisəni təsvir edərkən bir-birini təkzib edən faktların uyuşmazlığı onların müxtəlif dövrlərdə müxtəlif şəxslər tərəfindən əlavə edildiklərinə işarə edir. Məsələn Franqrasyan (Əfrasiyab) Zamyad yaştda ilk öncə zalim və uğursuz hakimiyyət uzurpatoru kimi qələmə verilirsə də sonradan İranın legitim çarı kimi təqdim edilir. (Лелеков Л.А., 1992, Səh. 66–67)
Avestanın tədqiqatçıları olan J.Darmsteter, F.Şpiqel və digərləri bütün Avesta məcmuəsini Bibliyanın birbaşa təqlidi və köçürülməsi hesab edirlər. Hətta Darmstet Avestanı yunan neoplatonizm təliminin e. I əsrinin ortalarında qələmə alınmış köçürməsi hesab edir. (Лелеков Л.А., 1992, səh. 70, 111)
Lakin zənnimizcə onlar bu məsələdə yanılırlar, ona görə ki, Avesta və Bibliyada mövcud olan bənzərliklərin səbəbi hər ikisinin də dini təlimlərini yaradarkən eyni qaynaqdan faydalanmalarıdır. Hər iki kitabdakı dini təlimlərin qaynağını sumerlərin və Ön Asiyanın digər turanlı xalqlarının dini etiqadları təşkil edir.
Hər iki müqəddəs kitabda yer üzündə cənnətin, dünya fəlakətinin, ilk insan olan Adəmin, Avestada isə Yimanın günaha batması kimi rəvayətlər eyniyyət təşkil edir. Yima da Həvva kimi bəşəriyyətə qadağan olunmuş meyvə verir, Nuh peyğəmbər kimi bəşəriyyəti fəlakətdən xilas etmək üçün sığınacaq tikir, Dünyanı onun etdiyi kimi üç oğlu arasında bölüşdürür. Qabilin öz qardaşı Habilə qarşı törətdiyini Yimanın qardaşı da ona qarşı törədir. Bibliyada Yahvenin Musaya olan münasibəti eynilə Mazdanın Zərdüştə olan münasibətilə bənzərlik təşkil edir, Avestanın da ilahi vəhyləri Bibliyada olduğu kimi dağda baş verir. (Лелеков Л.А., 1992, səh. 114)
Avestanın məhşur İsveçli tədqiqatçısı Nyuberq zərdüştlik dininin əsasını təşkil edən Zervan kultunun əslində qədim midya dini inanc sisteminə məxsus olduğunu və Zərdüşt tərəfindən əxz edilərək özünün zərdüştilik dini sisteminə daxil etdiyini yazır. (Nyuberg H.S., 1938, Səh. 338)
V.İ.Abayev zərdüştiliyi İranın oturaq heyvandar tayfalarının vəhşi köçəri qonşuları olan və Mitra inancına etiqad edən iskit-sak tayfalarına qarşı qoyduqları müxalif ideologiya kimi dəyərləndirir. (Лелеков Л.А.,1992, Səh. 72)
Tarixi ədəbiyyatda Zərdüştün öz dini təlimini ilk öncə qərb ərazilərindəmi, ya şərq ərazilərindəmi yaydığı müəyyən mübahisələrə səbəb olsa da onun Azərbaycan ərazisində doğulduğu tarixi mənbələrdə də, öz əksini tapmışdır. Tarixi mənbələrdə Zərdüştün doğulduğu ərazi yunan müəlliflərində Qazaka, ərəb mənbələrində Cənzə, müasir dövrdə Təxti Süleyman adlanır. Həmin yer Azərbaycanın güneyində Urmiyə gölünün yaxınlığında yerləşir. Zərdüştə ilahi vəhylər tanrı Ahuramazda tərəfindən müqəddəs Savalan dağında verilmişdır. Qazakada zərdüştülərin bir neçə məbədi mövcud olmuş onların içərisində Azərgünaşp məbədi mərkəzi rol oynayırdı. Bir çox Azərbaycan müəllifləri Zərdüştün azərbaycanlı olduğunu yazırlar. Ə.Elçibəy Zərdüştlük dininin mahiyyəti haqqında yazır: “Görkəmli Azərbaycan dahisi Zərdüşt dünyada ilk təkallahlıq din sistemini yaradan bəşər dühalarından olmuşdur. Zərdüştlük dini üç böyük əsas üzərində qurulmuşdur: Uğurlu düşüncə, Uğurlu söz, Uğurlu iş”. (Ebülfez Elçibey, 1998, Səh. 79)
E.Norris Raulsonun “Assur və Babil tarixi” adlı əsəri haqqındakı qeydlərində Zərdüşt (Zaratuştra) adının kök etibarı ilə sami mənşəli olduğunu və “Ziru İştar” adından yarandığını qeyd edir və mənasının “Tanrıçanın toxumu”, yəni İştar ilahəsinin (Venera ilahəsi) toxumu kimi izah edir. Bu samilərdə Astartu ilahəsidir. Ziru-banit sözü Zərdüştülikdə Zirvana çevrilmişdir. Atəşə-oda inam sakların dinidir və samilərin bütpərəstliyindən öncə yaranmışdı. (E.Norris, 1852, Səh. 227)
Tarixdən məlumdur ki, Zərdüştün bir adı da Spitamen olmuşdur. Midiya hökmdarı Astiaqın qizı Amitanın milliyətcə midiyalı olan ərinin adı da Spitamen idi və bəzi müəlliflər onu Zərdüştlə eyniləşdiridilər. Məlum olduğu kimi Makedoniyalı İsgəndər e.ə. 329-cu ildə Türkistana yürüşü zamanı Soqdianada Spitamen adlı sak başbuq ona qarşı üsyan qaldırmış və yunan ordusunu çətin vəziyyətdə qoymuşdu. Nəhayət döyüş zamanı Spitamen öldürülmüşdü.
Zərdüştü hər vəchlə iranlı və fars kimi qələmə verməyə çalışan bəzi tədqiqatçılar onun midiyalı kimi təqdim olunmasına etiraz edirlər. İranşünas İ.V.Abayev müxtəlif dəlillər gətirərək iranlı olmasını sübut etməyə cəhd göstərir, hətta onun sak kimi qəbul etsə, midiyalı kimliyinə etiraz edir. (И.В.Абайев, 1998, Səh. 272)
İngilis assuroloqu E.Norris Zərdüştü, onun şəxsiyyətini, dini təliminin mahiyyətini və kökünü təhlil edərək onu midiyalı-sak və dünyada ilk imperatorluğun əsasını qoymuş Nimrudla eyni etnik mənşəyə malik hesab edir.
Norrisin yazdığına görə bəzi müəlliflər Zərdüştü “Midiya maqlarının rəhbəri” adlandırırlar və onun Assuriya hökmdarı tərəfindən Semiramisin hakimi vəzifəsinə təyin edilmiş olduğunu yazırlar. Zərdüştün kitabındakı saklar Bibliyadakı Nimrudla eynidirlər. Bibliyanın Yaradılış kitabındakı Nimrud samilər Babilə gəlmədən öncə bu ölkənin yerli sakinləri idi. Nimrut adı Nimr adından götürülmüşdür və adın “ut” sonluğu sami dilində cəm şəkilçisidir. Nimr adı bəbir və ya bars deməkdir və bu ad samilərin öz qonşuları saklara verdikləri addır. Samilər bu adı saklara öz rəqiblərini izləməkdə göstərdikləri xüsusi məharətə görə vermişdilər. (E.Norris, 1852, Səh. 228)
E.Norrisə görə Zərdüşt və onun mənsub olduğu Midiyalılar arilər gəlmədən öncə İranın sak-iskit əhalisindən ibarət olduğunun ən önəmli dəlilini təşkil edir. Əhəmənilərin sak-iskit kitabə yazıları da bunu sübut edir.
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?