Электронная библиотека » Ələsgər Siyablı » » онлайн чтение - страница 7


  • Текст добавлен: 6 октября 2022, 14:40


Автор книги: Ələsgər Siyablı


Жанр: Прочая образовательная литература, Наука и Образование


сообщить о неприемлемом содержимом

Текущая страница: 7 (всего у книги 30 страниц) [доступный отрывок для чтения: 10 страниц]

Шрифт:
- 100% +

İslam mədəniyyəti və Osmanlı tərbiyəsinə malik olmasına baxmayaraq, əsərin müəllifi Firdovsi Ruminin mənəviyyatında qatı bir Turan-Türk ruhu hakimdir. Şəcərə baxımından oğuzlara və səlcuqlulara bağlı olan Uzun Firdovsi təkcə Osmanlı deyil, bütün İslami Türk ədəbiyyatında əsgi Türk dastanlarına yer verən, böyük Türk qəhrəmanı Alp Ər Tonqanı-Əfrasiyabı Türk adı ilə vəsf edən, Türk adını böyük şərəf və qururla yad edən böyük Türk sənətkarıdır. İslam təəssübkeşliyinin hakim olduğu bir dövrdə, çağdaşı olduğu Osmanlı tarixçı və ədəbiyyatçılarında görülməyən bir tərzdə Firdovsi Rumidə millət olma şüuru və Türklük duyğusu çox yüksəkdir. (Bekir Biçher, 2005, Səh. 131)

Firdovsinin “Şahnamə” əsərində Turan dövlətinə və türklərin yurduna qarşı işğalçılıq savaşı aparan iranlı arilərə qarşı mübarizə öz əksini tapmışdır. Firdovsi Türkinin “Süleymannamə” əsərində isə qədim tarixi dövrdə sami tayfalarının təmsilçiləri olan akkadların, amorilərin və assurların turanlı Sumerə, Subartuya, Kassiyə, Qutiyə və Midiyaya qarşı təcavüzkar hərbi yürüşləri və Ön Asiyanın turanlı xalqlarının bu işğalçılara qarşı mübarizəsinin xatirələri əks olunmuşdur.

Sarsılmaz bir Türklük ruhuna sahib olan Firdovsi Türki Osmanlı padşahlarının sünnü-ərəb təəssübkeşliyi qarşısında böyük bir cəsarət nümayiş etdirərək Süleyman şahın timsalında Türk yurdlarının ərəblər tərəfindən işğalı və türklərin zorla müsəlmanlaşdırılmasına qarşı mübaruzənin öndəri kimi türklərin böyük qəhrəmanı, müsəlman olmayan Turan padşahı Əfrasiyabı təqdim edir.

V FƏSİL. Avesta və Şahnamədəki əfsanələrin Turani mənşəyi haqqında

Bibliyanın yaradılış əfsanəsində tarix səhnəsinə turanlılardan və samilərdən daha gec qədəm qoymuş hind-avropalı və ya ari irqinə aid hər hansı məlumata rast gəlinməməkdədir. Yaradılış əfsanəsində Böyük tufandan sonra yeni doğulan bəşər övladının atası kimi təqdim olunan Nuh peyğəmbər yer üzünü idarə etmələri üçün üç oğlu – Yafəs, Sam və Ham arasında bölüşdürmüşdür. Lakin hind-avropalılar öz köklərini Yafəsə bağlamaq üçün daha gec dövrlərdə onunla əlaqədar bir sıra hadisə və şəxs adları uydurmuşlar. Yaradılış əfsanəsində Türk oğlan adı ilə tanınan və türk-turan irqinin ulu əcdadı sayılan Yafəsə idarə etməsi üçün Anadoludan, Çin də daxil olmaqla, şərq əraziləri ayrılmışdır. Sam əfsanədə sami irqini, Ham isə həbəşləri və digər qara rəngli irqə daxil olan insanları təmsil edir. Göründüyü kimi bütün iddialara rəğmən, bu yaradılış əfsanəsində arilər təmsil olunmamışdır. Buna görə də arilər Bibliyanın yaradılış əfsanəsini təhrif edərək onun əsasında özlərinə uydurma bir yaradılış əfsanəsi tərtib etdilər. Onların bu əfsanəsində Nuh Firudinlə, Yafəs Turla, Sam isə Səlmlə əvəz edilmişlər. Farslar Hamı çıxararaq onun yerinə iranlıların ulu əcdadı kimi təqdim edilən İrəci daxil etdilər. İrəc adı isə Avestada Ariyanama veca sözünün qəsaldılmış şəklidir.

Görkəmli alman tarixçisi F.Şpiqel İranın qədim tarixinə həsr etdiyi əsərində yazırdı ki, İranlılar Avestada dünyanın yaradılması haqqında əfsanəni samilərin Bibliyada Yaradılış haqqındakı əfsanələrindən götürmüşlər. Bu əfsanənin ən qədim kökü Sumerlərə bağlıdır və Tufan haqqındakı Hind əfsanəsi də İran vasitəsilə Babil sami əfsanəsindən götürmüşlər. (F.Spigel, 1871, Səh. 449–450)

Əl Biruninin təqdim etdiyi İran yaradılış əfsanəsinə görə Tanrı ilk öncə Kayumərsi yaratmışdır (kayumərs – Qaumarta, yəni öküz oğlu). Kayumərsin digər bir adı Qirşah olmuşdu. Qir pəhləvi dilində dağ deməkdir. O dağlarda yaşayırdı. Hansı heyvan onu görsə, ağlı başından gedər və duyğularını qeybedərdi. Əhrimənin Harur (Hayura) adında bir oğlu vardı. Bir gün Kayumərslə qarşılaşanda onun tərəfindən öldürüldü. Buna görə Əhrimən Kayumərsi Allaha şikayət etdi. Allah Kayumərsə dünyanın əzab və əziyyətini məşəqqətlərini göstərdi. Kayumərs bunları gördüyü zaman ölüm arzuladı və Allah Kayumərsin canını aldı. Lakin Kayumərsin toxumundan iki damcı İstahr yaxınlığındakı Damdad dağına düşdü və ondan iki ravənd bitkisi göyərdi. Doqquz ay sonra ravəndin budaqlarından iki tumurcuq yarandı və ayın sonunda iki insana Meşa və Meşanəyə dönüşdülər. Onlar 50 il heç bir şey yemədən yaşadılar. Əhrimən yaşlı bir kişi surətində meydana çıxdı və onları ağacların meyvələrindən yeməyə təşviq etdi. Əvvəlcə Əhrimən həmin meyvələrdən yedi və gənc bir oğlana çevrildi. Meşa və Meşanə də həmin meyvələrdən yeyərək günaha batdılar, onları şəhvət bürüdü və cinsi təmasda oldular, altı uşaqları oldu. Onların yeddinci uşaqları Siyamək və Fravak oldu, onların evlənmələrindən Huşəng doğuldu. (Əbu Reyhan əl-Biruni, 2011, Səh. 146)

Biruniyə görə Pişdadilər bütün dünyanı öz hakimiyyətləri altına alan, şəhərlər quran, mədən yataqlarını işlədən və bütün məsləkləri icad edən, yer üzündə ədaləti yayan və Allaha haqqıyla qulluq edənlərdir. O Əfrasiyabın şəcərəsini Əfrasiyab bin Buşeng, bin İnat, bin Rişmen, bin Türk, bin Zebenesb, bin Erşasp, bin Tüc kimi təqdim edərək İranda 12 il hökm sürdüyünü yazır. (Əbu Reyhan əl-Biruni, 2011, Səh. 151)

Avestanın Bundaxşindəki yaradılış əfsanəsinə görə Ahuramazda ilk insan olan Qayomartı və öküzü eyni zamanda yaratdı. Mükəmməl təmizliyə malik iki yaradılış 3 min il yer üzərində yaşadıqdan sonra şəri təmsil edən Anqramanyu meydana çıxaraq öz gücünü göstərdi. Onun ilk işi öküzü öldürmək oldu. Lakin öküzün bədənindən düşən toxumdan xeyirli heyvan və bitkilər meydana gəldi. (Lenormant F., 1882, Səh. 60)

Şərq mifologiyasında öküz məhsuldarlıq rəmzidir və burda öküzün öldürülməsi qışın sona çatması və mövsüm dəyişikliyi nəticəsində yazın gəlişi, bitki və heyvanların doğulması, həyatın yenilənməsi hadisəsini əks etdirir.

Otuz il sonra Anqramanyu Qayomarti öldürdü və bu ilk insanın yerə düşən toxumlarından ravənd bitkisi böyüdü, bu bitkinin ortasında arxaları bir-birinə bitişik qadın və kişi vardı. Ahuramazda onları bir-birindən ayırdı, onlara ağıl və ruh verdi, bütün insanlar bu qadın və kişidən törədilər. Onlar ilk insanlar olan Maşya və Maşyana idilər. (Lenormant F., 1882, Səh. 61)

Qayomartla bərabər öldürülən öküzün yerə düşən toxumlarından isə 55 taxıl növü və 12 müalicəvi bitki, 272 müxtəlif heyvan növü yarandı. Öküzün toxumundan həmçinin, dişi və erkək olmaqla, iki qaramal yarandı.

Anqramanyu/Əhrimən bu hərəkəti ilə yalnız ruhlar aləmində mövcud olan varlığı, təbiət canlıları və insanlar şəklində yerə yendirdi və fiziki aləmin yaradılmasının səbəbkarı oldu.

Fikrimizə görə ilk insan Qayumart haqqındakı iran yaradılış əfsanəsi, hind-avropalılar bunu etiraf etmək istəməsələr də, Sumer yaradılış əfsanəsinin təhrif olunmuş variantıdır. Qayumart adının əsli Qu-marutu şəklindədir və sumer-akkad dilində “öküzün oğlu” deməkdir. (F.Delitzsch, 1896, Səh. 391)

Qayumart Sumer yaradılış əfsanəsindəki göyüzü tanrısı, tanrıların atası Anın oğlu “öküzdən törəmiş öküz” tituluna malik Enkinin İran əfsanəsinə yansımış prototipidir. Sumer yaradılış əfsanəsində də öküzü təcəssüm etdirən Enkinin mayasından canlı aləmin əsasını təşkil edən və öküz timsalında təcəssüm olunan çaylar yaranmış və özü ilə bərəkət, məhsuldarlıq gətirmişdir.

Ahuramazda Qayumartı və öküzü eyni zamanda yaratmışdır. Əhrimən öküzü öldürdükdən sonra onun toxumlarından bütün canlılar və o cümlədən insan yaranmışdır. Sumer əfsanəsində də Oküz obrazında Enki insanlar olan qadın və kişinin, bütün canlıların yaradıcısıdır. Dünyaya həyat verən Dəclə və Fərat çayları Öküzün mayasından yaranmışdır.

Fars mifologiyasında turanlılardan əxz etdikləri öküz obrazı mühüm yer tutur. Gənc oğlan obrazında təsvir olunan tanrı Mitra sol əli ilə öküzün biynuzundan tutmuşdur sağ əlindəki bıçaqla öküzü qurban verir. Öküz günəşin rəmzidir və o adətən axşamlar qurban verilir. Avestada və sanskrit əfsanələrinə görə Günəş tanrısının əmri ilə Mitra qurban verilən öküzün qanından təbiət canlıları, toxumlarından isə insanlar, yəni oğullar-turlar yaranır. Qurban verilən öküz yaranışın və doğulmanın səbəbi və simvoludur, doğulmanın və yaradılışın başlanğıcı, atasıdır. Tur adı həm öküz, həm də oğul və doğulma mənasındadır.

Alman tarixçisi Şpiqel Avesta və digər irandilli qaynaqlara əsasən yazdığı 2 cildlik “Qədim İran” adlı əsərdə İran tarixinin geniş şərhini vermişdir. Anonim Məcmuil ət Tavarix əsərində Qayomartın adı Qilşah kimi verilir və mənası palçıq-gil adam deməkdir. Təbəri isə Qayomart adını Qurşah-Kurşah, yəni dağ oğlu adlandırır. İstər “Məcmuil ət Tavarix” əsərində, istərsə də Təbərinin versiyasında Qayomarta adının Qilşah və Kurşah variantları da kök etibarı eynilə sumerlərin yaradılış əfsanələrinə bağlıdır. Sumer əfsanəsində ilk insan tanrı Enki tərəfindən gildən yaranmışdır. “Kur” sözü sumer dilində “dağ” deməkdir. Tsah/Şah kassilərdə tanrı anlamı daşıyır.

Təbəri tarixində və digər mənbələrdə Kayumərsin Həzrəti Adəm olduğu və bütün dünya xalqları ondan törəndiyi yazılmışdır. Kəyumərsə Key-kuh da deyilirdi. Key-şah, kuh isə dağ deməkdir. Key-kuh sözünün əsli Qau-kuh şəklindədir və bu Sumer dilindəki Qu-tur sözünün kalkasıdır. Qutur və ya Qu-kur Sumer dilində vəhşi öküzə, bizona verilən addır. Təbərinin izahından da göründüyü kimi İranın Kəyani sülaləsinin kökünü Sumer, Quti və digər turani dillərdə öküz anlamı daşıyan Qu/Quz adının Avestada və digər fars dilli ədəbiyatda transliterasiyasıdır. Heç şübhəsiz bu hakimiyyət titulu Midiya və Qutilərdən Zərdüşt vasitəsi ilə Avestaya daşınmışdır. Kayumərs və ya Qaumarta Sumerin “Öküz oğlu” tituluna malik və ilk insanın yaradıcısı olan tanrı Enkinin prototipidir.

Avestada ilk insan kimi təqdim olunan Qilşah eponimi də mənşə etibarı ilə sumerlərə bağlıdır. Avestada Pişdadian adı Paradhatas kimi yazılmışdır. İranın ilk kralı kimi təqdim olunan Huşəngin Avestada adı Haoşyaqa adlanır. İranın real tarixlə heç bir əlaqəsi olmayan ilk əfsanəvi hökmdarlar sülaləsi Pişdadiyanlar adlanır. Pişdad sözü şəxs adı olmayıb, Avestada “Paradxata” adlanır və ilk hakimiyyət sülaləsinin adıdır, bu ad Şahnaməyə “Pişdad” şəklində keçmişdir, ad iki tərkibdən ibarətdir “Piş+dad”, fars dilində “pış”-in mənası ilk deməkdir, “dad” isə yaradılan deməkdir və beləliklə adın mənası “ilk yaranan”, “ilk insan” deməkdir. İlk Pişdad ünvanına sahib olan Huşəng olmuşdur. Avesta rəvayətlərinə görə ilk insan Qayumers, ilk hökmdar isə Huşəng olmuşdur. İran rəvayətlərinə görə ilk hökmdar Huşəng devlərin qoşunlarına qalib gələrək Mazandaranı, Gilanı və digər əraziləri öz hakimiyyəti altına almışdır və onun varisləri olan digər hökmdarlar dev surətində təsvir etdikləri yerli turanlı tayfalara qarşı mübarizəni davam etdirmişlər. (Короглу X., 1983, Səh. 106–107)

Pişdadilər haqqındakı əfsanənin kökü F.Hommelin ilk Türk dövləti adlandırdığı Turukkuya bağlıdır. Turukku krallarından birinin adı Pişandan adlanırdı. Avestada Tahmuras Pişdadiyan sülaləsinin ilk çarı Hoşənqin oğlu və Yimanın qardaşıdır. Tahmuras Pişdadiyan sülaləsinə mənsub üçüncü hökmdar hesab olunur və əfsanələrdə tülkü dərisi geymiş Təhmuras adlanır. Avestada o tanrı tərəfindən xvarnaya, yəni tanrı kutuna malik hökmdar adlanır.

Kut Ön Asiyanın turanlı xalqlarına, sumer və elamlara məxsus bir anlayışdır və anlamı tanrı tərəfindən mükafatlandırılmış və ya hakimiyyət səlahiyyəti və haqqı verilmiş anlamı daşıyır. Türklərə də kut sözü eynilə irsən sumer və elamlardan keçmişdir. Kut sözü Avestaya xvarna/hvarna şəklində tərcümə olunaraq keçmişdir.

Yəhudi əsilli rus alimi Daniel Xvolson Tamur və ya Demurun Assur tanrısı olduğunu yazır və onu arilərlə əlaqələndirir. O belə bir nəzəriyyə irəli sürmüşdür ki, m.ö. XXIV və ya XXIII əsrdə hind-avropalıların bir qolu şərqdən gələrək o zamana qədər ancaq samilərdən ibarət olan Mesopotamiyada yerləşmişlər.

Onlar samiləri bu ərazidən qovaraq Mesopotamiyada və Babildə hökmran olmuşlar. Xovalson Misirdə hakimiyyəti ələ keçirərək uzun zaman ərzində hökm sürmüş Hiksosları da həmin hind-avropalılara aid edir. Lakin tarixi qaynaqlar Xvalsonun bu fərziyyəsini təkzib edir. Babil tarixçisi Berozun yazdığına və digər qaynaqların da təsdiq etdiyinə görə Midiyanın səkkiz kralı Xaldeydə, yəni Babildə hökmranlıq etmiş və Babil, Assuriyada Tamir tanrısına etiqadın əsası onların zamanından qoyulmuşdur. (Martin Gemoll, 1911, Səh. 2)

Xvolsonun bu fərziyyəsini təkzib edən Martin Qemoll yazır ki, həqiqətən də m. ö. 2300-cü ildə Berozun midiyalılar adlandırdığı elamlar Babili işğal etmişlər və elamlar midiyalılarla eyni etnik kökə malik idilər. Elmdə Alaroid adlanan həmin şərqli tayfalar Midiyanı, Kiçik Asiyanı və Suriyanın quzeyini də işğal edərək orda məskunlaşmışdılar.

Qemollun bəhs etdiyi Alaroid adının mənası sami və ari olmayanlar deməkdir. Bütün tarixçilər Alaroidləri turanlı hesab edirdilər, ancaq turanlı türk adını işlətməkdən ehtiyat etdikləri üçün Aloroid terminindən istifadə edirdilər.

Alman mifoloq və tarixçisi Martin Qemol iran miflərindəki Tahmuras obrazına aydınlıq gətirərə yazır ki, Finikiya tanrılarından birinin adı Zeus Demur idi. O sonradan yunan mifologiyasında Zeus adı ilə məhşur olmuşdur. Finikiyada bir çay adı Demur adlanırdı. Nineviyanın krallarından biri Temur adlanırdı. Gemoll Temur adının massaqetlərin kraliçası Tomir adı ilə eyniyyət təşkil etdiyini yazır. (Martin Gemoll, 1911, Səh. 2)

Tamur və Demur adları heç bir şübhəyə yer buraxmayan bir türk adıdır və hind-avropalılarla heç bir əlaqəsi yoxdur. Əslində isə Xovalsonun bəhs etdiyi və şərqdən gələn o xalq Turan axınının bir qolu idi, Misir və Assur mənbələrində adları qeyd olunan Kheta tayfaları, hiksoslar və dəniz xalqı adlanan tayfalar həmin turanlı axının tərkib hissəsini təşkil edirdilər. Hind-avropalıların Balkanlar üzərindən Kiçik Asiyaya gəlməsini bütün görkəmli Avropa tarixçiləri m.ö. XV–XIV əsrlərə aid edirlər.

Tamir/Dimer adı Sumerin emesal dialektində Tenqri/Dinqirin adının fonetik şəklidir. Sumerin Tibira eponiminin onların dialektlərindəki ifadə şəklidir və anlamı metal deməkdir. Tamir sözü eyni məna daşımaqla sumerlərdən türklərə keçmişdir.

Qemoll İran mifologiyasında tanrılardan biri olan Tahmura ilə Assuriyadakı Tamuru eyniləşdirir. O qeyd edir ki, İran miflərində Tahmuras Ay tanrısıdır. Tahmuras Avestada Pişdadilərin ilk hökmdarı Huşəngin oğlu və Yimanın qardaşıdır. “Zamyad yaşta”da yazıldığına görə Tahmuras öz düşmənlərinə qalib gələrək onların ram etdiyi rəhbəri əjdaha şəklində təsvir olunan Əhrimənin üzərinə minərək 30 il ərzində yer üzərində hərəkət edib hökm sürmüşdür. Lakin bir dəfə Elburz dağının üzərində uçarkən Əhrimən Tahmurası üstündən yerıə salmış və sonra onu yemişdir. Sonra Tahmurasın oğlu Cəmşid Əhriman obrazındakı əjdahanı öldürərək Tahmurası onun qarnından çıxarmışdır. “Bundaxşin”də isə Tahmurasın ram etdiyi Sarsaoq adlı nəhəng öküz insanları arilərin müqəddəs vətəni olan Xvarinasdan digər ölkələrə öz üzərində daşıyır. Bu miflərin hər iki variantında həm Əjdaha, həm də nəhəg öküz Sarsaoq arilərin düşməni olan turları təmsil edir. Qədim türk dilində Sarsiq kobud, acıqlı deməkdir.

F.Şpiqelin təqdim etdiyi İran əfsanələrində onların qədim hakimiyyət sülalələrinin kökündə Turanlı qarışımı durduğu aydın şəkildə ifadə olunmuşdur. Şpiqel də İran yaradılış əfsanəsinin kökünü sumerə bağlayır. “İranlılar Avestada dünyanın yaradılması haqqında əfsanəni samilərin Bibliyada Yaradılış haqqındakı əfsanələrindən götürmüşlər. Bu əfsanənin ən qədim kökü Sumerlərə bağlıdır. Tufan haqqındakı Hind əfsanəsi də İran vasitəsilə Babil sami əfsanəsindən, daha doğrusu sumer əfsanəsindən götürmüşlər“.(Spigel F., Band 1, 1871, Səh. 442, 458)

Cəmşidin arvadını turanlı Zöhhaq qaçırtdıqdan sonra, o Təbəristan dağlarına geri dönmüş və orda Cəmşidi doğmuşdur. Cəmşid sonradan öz atası Zöhaqqdan intiqam alaraq onu Dəmavənd dağında zəncirə vurmuşdur. (F.Spigel, 1863. Səh. 68)

Ərəb müəllifi Yaqub ibn Nədim kitablarında Cəmşidin Şüstər, yəni Susina/Şuşa şəhəri yaxınlığında doğulduğunu və atasının adının Unç Xan olduğunu yazır. Bura avropalıların Anşan adlandırdıqları Anzan ölkəsi idi. (Y.H.Bayur, 1930, Səh. 340)

Ərəblər Cəmşidi Metoşalih adı ilə tanıyırlar. Əslində Cəmşid bir türk anzanit hökmdarı idi və Günəşə etiqad edirdi, Azərbaycanda qızıl taxta oturaraq hökmdar olmuşdur.

Ə.R.Biruninin yazdığına görə Novruz bayramı Cəmşidin qızıl taxta minib Azərbaycana gəldiyi gündür. Əfsanəyə görə Cəmşid yer üzünü gəzirmiş, Azərbaycana çatınca buyurdu ki, cəvahirlərlə bəzənmiş taxtını üzü gündoğana hündür bir yerdə qursunlar və özü də cəvahirlə bəzənmiş tacını başına qoyub taxtına əyləşir. Gün çıxınca işığı tacı-təxt üzərinə düşərək çox parlaq şüalar saçdı, xalq sevinib söylədi ki, bu yeni gündür. Bu əfsanədən görünür ki, Aəzərbaycan hökmdarlara hakimiyyət rəmzi olan qızıl taxtın verildiyi yer olmuşdur.

İran dastanlarında təsvir edilən hadisələr əslində şərqdən gələn turanlı Əfrasiyab ordusu ilə Anşan və ya Elamdakı yerli türklər və assurlar arasında baş verən mübarizələr əks olunmuşdur. Həmin qədim dövrlərdə iranlılar hələ Ön Asiyada tarix səhnəsinə qədəm qoymamışdılar. (Yusif Hikmət Bayur, 1930, Səh. 341)

Ferdinand Just İran tarixi adlarına həsr etdiyi əsərində İranın mifiq qəhrəmanlarının adların və şəcərələrinin izahını verir. Onun yazdığına görə Frudinin atasının adı Athviya olmuşdur. Firudin Cəmşidin Şahnaz və Ərnəvaz adlı iki qızı ilə evlənmişdi. Onun oğlanları Səlm və Turun anaları Şahnaz, İrəcin anası isə Ərnəvaz idi. Ferdinant Just İrəcin anasının adının İranduxt və ya İranvaz, Turun anasının adının Pəriçöhrə olduğunu yazır. Pəriçöhrə Dahhaqın qızı idi. Dahhaqın/Deyyokun anası Uda və ya Autaq (Aytaq-Aytəkin) Bayakın qızı olub qadın xətti ilə Əhrimana bağlı idi. (Justin Ferdinand, 1895)

Fikrimizə görə Athviya adı Athura adının təhrif olunmuş şəkli ola bilər. Atura Sumerə məxsus bir eponim idi və bu ad Ön Asiyanın digər turanlı xalqlarına Atur, Adar, Atar, Tarhu şəklində keçmişdir.

Verenanın yazdığına görə Turun və Səlmin anaları turanlı, İrəcin anası isə ari idi. Tur xarakter etibarı ilə öz turanlı anasına bənzəyirdi, olduqca döyüşkən və ötkəm xarakterə malik idi. Səlm isə atası Firudinə bənzəyirdi, sakit və mülayim xasiyyətli idi. Tur Okus-Amudərya çayının arxasında yerləşən Turan ölkəsinin hökmdarı idi və İranla Turan arasında yüz illərlə davam edən müharibələr aparılmışdır. (Rudolf Steiner, 1986, Səh. 37)

Firudin də özündən əvvəlki şahlar kimi mifik obraz idi. Onun dövründə İranla Turan arasında, xüsusən də onun türklərdən ibarət qolu ilə əsrlərlə fasiləsiz davam edən müharibələrin başlanması dövrüdür. Turanlılar Yaksart çayından şimalda ucsuz-bucaqsız düzənliklərdə hakim idilər. Tarıxçi Justin Asiyanın skif-turan irqinin tarixini 1500 il daha geriyə atır. (F.Lenormant, 1887, Səh. 376)

İranlılar Mihr ayının 16-da hər il Mihraqan adlı 5 gün davam edən bayram keçirirlər. İranlıların əfsanəsinə görə bu bayram Firudin tərəfindən təyin edilmişdir. Guya həmin gün dəmirçi Gavə zülmkar Ajdaha Bevarasba qarşı üsyan qaldıraraq xalqı onun zülmündən azad etmişdir. (Maquart, 1905, Səh. 134)

İran dastanlarında ən maraqlı personajlardan biri Firudindir. Firudin əfsanələrdə Cəmşidin nəslinə mənsub olub Pişdadilərin kralıdır. Atası Abtin, anası isə Fəranək adlanır. Firudini Avestadakı Traetonla eyniləşdirirlər. Bir çox müəlliflər Firudini Bibliyadakı Nuhun ekvivalenti hesab edir və digər əfsanələr kimi onunla əlaqədar rəvayətlərin də iranlılar tərəfindən sami yaradılış əfsanələrindən əxz edildiyi fikrini irəli sürürlər. Əfsanəyə görə Firudin də Nuh kimi dünyanı üç oğlu arasında bölmüşdür.

Fikrimizə görə Təhmuras sumercə Tibar, Temur/Dəmir, Qayomarta sumercə Qu martu, Maniçöhr Manuştusi, Pişdad Pişandan adından yarandığı kimi Firudin adı da kök etibarı ilə Sumerin Erudu şəhərinin Eridu Tur adına bağlıdır. Bir çox müəlliflərin də qeyd etdikləri kimi Sumer şəhər adları urum, tibar etnonimlərini təşkil etmişlər. Eridu tur adının mənası Eridunun oğlu deməkdir və Firudinin oğulları anlayışına uyğundur.

Firudin əfsanəyə görə Turanın idarəsini oğlu Tura, İranı İrəcə və Rumu-Anadolunu Səlmə vermişdir. Frudinin oğlu İrəc qardaşları Səlm və Tur tərəfindən öldürüldükdən bir müddət sonra İrəcin Mahaferid adında bir qızı doğulur. Qız həddi buluğa çatdıqdan sonra Firudin onu qadaşlarından birinin oğlu olan Peşəngə ərə verir. Peşəngin və Mahaferidin Maniçöhr adında bir oğlanları doğulur. (F.Spiegel, Band 1, 1871, Səh. 548)

İran əfsanələrindəki Manücöhr adının Akkad kralı böyük Sarqonun oğlu Manuştusinin (e.q. 2270–2255) adından yarandığı haqqında fikirlər mövcuddur. Manuştuşu Elama qarşı hərbi səfər edərək Suzu və Anşanı işğal etmişdir və ələ keçirdiyi qiymətli qara daşdan öz heykəlini düzəltdirmişdir. O sarayda baş verən sui-qəsd nəticəsində öldürülmüş və yerinə oğlu Naram-sin kral olmuşdur.

Çox zaman farsca qəbul edilən bir çox sözlər təhrif olunmuş türkcə sözlərdir.

Mənüçöhr və onun ekvivalenti olan Maniştusi adındakı Maniş sözünün türkcə anlamı hərəkət, eyləm, yürüyüş deməkdir. Fars sözü kimi qələmə verilən Çalanqu zəfər, qələbə, qəhrəmanlıq münasibəti və hökmdarlıq ilə əlaqədar alnın ortasına taxılan qızıl başlıqdır. (Yusif Hikmət Bayur, 1930, Səh. 346)

Nöldeke də Maniçöhr adının əslində Manuş olduğunu yazır. (T.Nöldeke, 1879, Səh. 2)

Şahnamədə əfsanəvi Kəyan sülaləsinin iranlılara hər-hansı bir aidiyyəti yoxdur və onun kökünün Kavi tituluna bağlamaq, sözün dəyişik fonetik şəkli olduğu haqqındakı iddialar uydurmadır. İran əfsanə və dastanlarında öz əksini tapmış bir çox məfhum, istilah və eponimlər kimi Kəyan eponiminin də kökü sumerlərə və Ön Asiyanın digər öntürk xalqlarının bağlıdır. Ki-an eponimi sumerlərdə yer və göyün vəhdətini ifadə edən teonimdir. Ki yer üzünü, An isə göyüzünü təcəssüm etdirir və həmin ifadə iranlılar tərəfindən əxz edilərək iran yaradılış rəvayətlərinin əfsanəvi sülaləsi kimi, eponim kimi istifadə olunmuşdur.

Kəyanilər haqqındakı əfsanələr ola bilər ki, iranlı olmayan xalqların əfsanələrindəki süjetlərdən mənimsənilmişdir. Şahnamədə və digər İran rəvayətlərindəki Firudin və Dahhaq haqqındakı əfsanə sami xalqlarının “Bel Marduk və əjdaha” adlı əfsanələrinin təqlididir. Leonard Kinqin hesab etdiyinə görə Babil əjdahası haqqındakı mif ilk öncə sumerlər tərəfindən yaradılmış sonradan o sami xalqları tərəfindən mənimsənilmişdir. (J.C.Coyajee, Bombay, 1936, Səh. 258)

Hind-iran əfsanələrində Ajdaha ilk insan olan Yimanı öldürür. Fraeton (Frudin) isə Əjdahanı öldürür. İlk Kavilər qədim Yaştaya görə zərdüştliyə etiqad etmirdilər. Hind-iran əfsanələrinə görə Kavi Qubaddan başlayıb Kavi Xosrovda qurtaran kavilər siyahısında Kavi Viştaspın adı çəkilmir. Onun adı Zərdüştlə alaqədar Yaştaya sonradan əlavə olunmuşdur. (Artur Christensen, 1931, Səh. 18)

Kavi sözü Pahlav-Parflar dövründə Kay şəklini almışdır. Parflar və Sasanilər dövründə Avestaya edilən əlavələr nəticəsində Key Qubad Kəyani sülaləsinin ilk şahı kimi təqdim edilmişdir. Kəyanilər haqqında əfsanələr müxtəlif ədəbiyyatlarda öz əksini tapmışdır. (Artur Christensen, 1931, Səh. 43)

Hindlilərin qəhrəmanlıq dastanları olan Vedalarda Kavya Uçanas İran və arya əfsanələrində Kavya Uçan şəklində əks olunmuşdur. Bu ari qəhrəmanının adı göyə, tanrıya yüksələn, uçan anlamındadır. Veda dastanındakı Kavya Uçanas Avestada Kava Huçrava şəklinə dönüşmüşdür və Kay Xosrovu xatırladır. (Spiegel F. Band 1, 1871, Səh. 441)

İranlılar Elamı da Uçaya və ya Uca adlandırırdılar. Uçan eynilə türkcə uçmaq sözündəndir. Görünür hindlilər bu qəhrəman haqqındakı əfsanəni turanlı türklərin Göy-Tanrı əfsanələrindən götürmüş iranlılar da onlardan öyrənmişlər. Kuru-Kuruş-Kir adı bir iran adı deyil və bir çay adıdır. Kambiz də çay adıdır. (Spiegel F. Band 1, 1871, Səh. 442)

Assur mixi yazılarında onların Baqamaştu baştanrısı iranlılarda Baqamazda “böyük tanrı” adlanır. E.q. 714-cü ildə Baqmaştu tanrısı xaldeylərlə assurların ümumi tanrısı kimi Muşaşir məbədində etiqad olunurdu. Zərdüşt Baqamazdanı Ahuramazda kimi təqdim etmişdir. (Praschek J.V. II Buch. 1906, Səh. 114)

Baqamaştu tanrı adı Kassilərin Buqaş tanrılarının Baqamaşta şəklində assurlara keçmiş və o Avestada təhrif olunaraq Baqamazda kimi ifadə olunmuşdur. Buqaş Buğa deməkdir. Bu söz bir çox dillərə, o cümlədən rus dilinə Boq şəklində keçmişdir. Ahuramazda adındakı mazda sonluğu maşta sözünün təhrif olunmuş şəklidir. Benvenistenin də təsdiq etdiyi kimi Əhəmənilər dövründə İranın rəsmi dini Midiya maqlarının zərdüştilik dini deyil, mazdeizm idi”. (Artur Christensen, 1931, Səh. 17)

Zənd Avesta adındakı zənd sözü dilimizə dinsiz anlamındakı “zındıq” şəklində daxil olmuşdur. Zərdüştlüyü qəbul edib onu himayə edən Kavi Viştasp və onun oğlu Spontodata Viştasp və onun oğlu Dara ilə eyni adamlar deyillər, çünki axırıncılar zərdüştlüyə aid deyildirlər.

Yunan müəlliflərinin əsərlərində göstərildiyinin əksinə olaraq, Kavi Viştasp və Dara Əhəmənilərin İran tarixində heç bir iz buraxmayıblar. Viştaspın və onun oğlu Daranın Zərdüştlüyə etiqad bəslədikləri böyük şübhə doğurur. Benvenist də İran dininə həsr etdiyi kitabda Daranın zərdüştlüyə deyil, iranın ondan öncəki qədim naturalist dininə etiqad etdiyini yazır. Maqların dinindən fərqli olaraq, zərdüştlik mazdeizmlə sintez nəticəsində yaranmış dindir. Daranın Zərdüştlüyü himayə etməsi haqqındakı fikirlər sıfıra bərabərdir. (Artir Christensen, 1931, Səh. 8)

Avestanın Yaşt bölümünə Viştasp və onun Zərdüştü himayə etməsi, Saraosa və s. əlavələr Parf Voloskes və ya Sasanilər dövründə əlavə edilmişdir. (Artur Christensen, 1931, Səh. 14)

İngilis mənşəli Hindistan araşdırmaçı J.Koyajenin “Qədim İran və Çinin kult və əfsanələri” əsərində sak əfsanələrinin İran və Çin əfsanələrinə təsiri haqqında bəhs olunur. “İskit-sakların qəhrəmanlıq eposlarının və miflərinin yunan ədəbiyyatı və mifologiyasına da böyük təsiri olmuşdur. Esxil, Sofokl, Homer və digər antik yunan müəllifləri iskit süjetlərindən yunan mifik obrazlarının yaradılmasında bolluca istifadə etmişlər. Bütövlükdə iskit mədəniyyətinin qədim ellin dünyasına təsirinin miqyası olduqca mühümdür. Yunan və Roma şairləri skif motivlərinə tez-tez müraciət edirdilər, onları skif tarixi, adət və ənənləri, davranış və əxlaq qaydaları, skif əfsanələrinin romantik qəhrəmanları, skif-sarmat qadın döyüşçü və öndərləri, iskitlərin törəyiş əfsanələri olduqca cəzb edirdi. Antik müəlliflər skiflərin qəhrəmanlıq ruhunu özündə əks etdirən əfsanə və dastanlardakı süjetləri öz əsərlərində bolluca istifadə edirdilər.

Sak əfsanələrində və tarixində bəhs olunan bir çox hadisələr və qəhrəmanların obrazları İran tarixi dastanlarının təsiri ilə çin əfsanələrinə daxil olmuşdur. Misal üçün Keyxosrov çinin əfsanəvi hökmdarı Cho-Vanq ilə oxşar cəhətlərə malikdir. İranın Dağlara, quşlara, suya, küləyə, hökmdarlara sitayiş kultu ilə çindəki eyni inanclar arasında bənzərliklər vardır.

Firdovsi Şahnaməsindəki Fərid-Qudarz, Qiv-Bijan, Palaşan-Parfia tarixindəki qəhrəman şahzadələr, Vardan, Qotarz və Valaqaz I ilə eynilik təşkil edirlər.

– Güclü, döyüşkən və romantik ruhlu bir tayfa olan Sakların qəhrəmanlıq dastanları-hekayətləri Mərkəzi Asiyada və Şərqi İranda onu söyləyən və dinləyənlər üçün böyük bir cazibə qüvvəsinə malik idi. Həqiqətən də, elə romantik ruhlu xalqların əfsanə və dastanları qonşu xalqlar üçün ümumi cazibə qüvvəsinə malikdir.

– Keçmişdə saklar tərəfindən məskunlaşdırılmış olan Raçputa vilayətinin tarixi hindlilər tərəfindən mənimsənilmişdir.

– Lakin Çinin və İranın sak əfsanələrini özəlləşdirmələrinin digər səbəbi İran tarixində böyük bir boşluğun mövcud olması idi. Şahların tarixi xalqı məmnun edəcək dərəcədə dolğun və qəhrəmanlıq süjetləri ilə zəngin deyildi.

– Qərbin görkəmli iranist tarixçiləri Makvard, Noldeke və Hertsfeldin rəyinə görə Parfia tarixinin mühüm qismi Şahnamədə Kəyanilərin tarixi şəklində qələmə verilmişdir. Sasani salnaməçilərinin istəksiz davranmasına rəğmən, onlar Kəyanilərin tarixindəki boşluqları doldurmaq üçün nifrət etdikləri parfların farslar üzərində beş əsr davam edən şanlı tarixini öz tarixləri kimi qələmə verməyə məcbur oldular. Nəticədə Qudarz, Qiv və Karen kimi parfia hökmdarları və şahzadələri onlara hər baxımdan yabançı olan, tamamilə başqa zaman və məkanda hökmranlıq etmiş Keyxosrov və onun əcdadlarının qulluğunda duran cəngavərlər kimi qələmə verilmişlər. (J.C.Coyajee, 1936, Səh. 185)

Bununla da kifayətlənməyərək onları fars milli dastanının qəhrəmanları kimi təqdim edərək Parfia tarixini istismar etmişlər. Şahnamədə parfların tarixi rəvayətləri sakların əfsanələri ilə qarışdırılaraq dəyişik salınmışdır. Bu qarışıqlıqlardan təəccüblənməyə dəyməz, ona görə ki, çox zaman saklarla parflar xarici istilaçılara, o cümlədən kuşan və digərlərinə qarşı çiyin-çiyinə birlikdə vuruşurdular.

Şahnamənin başlıca hissəsində İranın, Sakistanın və Sistanın qəhrəmanlıq dastanları bir-biri ilə qarışdırılmışdır. Firdovsi öz eposunda sak mifologiyasına mühüm yer vermişdir. Rüstəm haqqındakı sak mifləri və onun ailəsi haqqındakı miflər dünya əfsanələri silsiləsində mühüm yer tutur.

– Mərkəzi Asiyada uzun illər ərzində hökmranlıq etmiş sak etnosu qonşu xalqlar üzərində böyük təsir gücünə malik olmaqla, onların qəhrəmanlıqları haqqındakı hekayətlər fars əfsanələrinə də böyük töhvələr verməklə yanaşı çin mifologiyasını da zənginləşdirmişdir.

– Saklar Çin və İran arasında malik olduğu əlverişli coğrafi mövqeyinə uyğun olaraq öz əfsanələrini hər iki dövlətə mənəvi dəyər kimi töhfə vermişdir. (J.C.Coyajee, 1936, Səh. 186)

Parfların istifadə etdikləri yazı dili sami/arami və iran dilinin qarışımından ibarətdir. Yəni sami dilində yazılan mətn farsca oxunurdu. Bu yazı üsulu huzvareş dili adını almışdır.

Sasanilər zamanında hökmdar və aristokratlar xuzi, yəni oğuz dilində danışırdılar. Xalq öz aralarında suryani/aramey dilində yazışırdı. Rəsmi dövlətlər arası dil ilə sasanilərin öz aralarında danışdıqları dil başqa idi. Sarayda hökmdar və əyan təbəqəsi fərqli bir ləhcədə danışırdılar ki, xalq onların danışdıqları dili anlaya bilməsin. (Yusif Hikmət Bayur, 1930, Səh. 344)

Avestada və digər farsdilli əfsanələrdəki Dev obrazı, devlər haqqında geniş bəhs olunsa da, onun izahı araşdırıcıların diqqətindən kənar qalmışdır. İran əfsanələrində düşmən obrazında təqdim olunan devlər dedikdə turlar, yəni türklər nəzərdə tutulur. Devlər istər Avestada, istərsə də Şahnamədə qeyri-insanı sifətlərlə təsvir edilib bəşər düşməni kimi təqdim edilsələr də, onlraın da özlərinə məxsus sosial iyerarxiyaları, sərkərdələri, qoşunları, dövlətləri, hökmdarları var. Bəzi hallarda isə “vəhşi” devlər mədəniyyət baxımından “mədəni” iranlılardan daha üstündürlər, onlar hətta iranlıların ilk şahı Təhmurasa yazmağı və oxumağı, otuza qədər dil öyrədirlər. Dastanda təqdim olunan əfsanəyə görə yazmaq-oxumaq sənətini yalnız Aqramanyu və onun tabeliyində olan devlər, yəni turlar bilirlər və döyüş zamanı Təhmurasa məğlub olduqdan sonra ona və bütün insanlara savadı və oxuyub-yazmağı öyrətməyi öhdələrinə götürürlər. (X.Короглу, 1983, Səh. 38)


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 10 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации