Электронная библиотека » Ələsgər Siyablı » » онлайн чтение - страница 4


  • Текст добавлен: 6 октября 2022, 14:40


Автор книги: Ələsgər Siyablı


Жанр: Прочая образовательная литература, Наука и Образование


сообщить о неприемлемом содержимом

Текущая страница: 4 (всего у книги 30 страниц) [доступный отрывок для чтения: 10 страниц]

Шрифт:
- 100% +

Edvard Norris Əhəməni kitabələrindəki mətnləri araşdıraraq belə nəticəyə gəlir ki, mətnlərdə qeyd olunan “Arta” adı turanlı Barsların (İranlı perslər deyil) özlərinə verdikləri addır. Herodotun bəhs etdiyi Saqartalı adının kökü də bura bağlıdır və Herodot saqartların köçərilərlə eyni dildə danışdıqlarını yazır. Artalar köçəri sak tayfaları idi. Sak dilindəki mətnlərin məhz Artaların yaşadıqları ərazidə mövcud olması belə bir ehtimal doğurur ki, Kirin əcdadları və onların mənsub olduqları tayfa bu dağlı saklara mənsub olmuşlar. (Norris E., 1852, Səh. 201)

E.Norris Perslərin Əhəməni hökmdar tayfasını tatar-turanlı hesab edir. Buna uyğun olaraq o Pers hökmdarlarının adlarının kökünü təşkil edən Artaier sözündəki Arta kəliməsini tatar, yəni türk dilində olduğunu yazır.

Avropa tarixçiləri tərəfindən İran dilli xalqların tarixi kimi qələmə verilən Parf və Arsaq imperiyası tarixinin farslarla heç bir əlaqəsi yoxdur. Makedoniyalı İsgəndər 370 illik Əhəməni sülaləsinin hakimiyyətinə son qoymuşdur. Əhəməni imperiyasının bütün torpaqlarını öz hakimiyyəti altında birləşdirən Makedonoyalı İsgəndər e.ə. 323-cü ildə 30 yaşında öldüyü zaman tarixin ən böyük imperiyalarından birinin hökmdarı idi. Makedonoyalı İsgəndər də İranı işğal etdikdən sonra özünü Əhəməni şahlarının varisi kimi qələmə verərək, III Daranın və III Artakserksin qızları ilə nigah bağlamışdı.

İsgəndərin ölümündən sonra onun dövləti bir neçə yerə parçalandı. İran ərazisi və şərqdəki digər torpaqlarla bərabər Mesopotamiyada Selevkilər dövləti yaradıldı.

E.q. 250-ci ildə Selevkilərin Parfiyadakı satrapı Ferekl sak tayfalarının başbuqlarından Arsaqı təhqir etdiyi üçün onlar beş nəfərdən ibarət bir dəstə ilə hücum edib onu öldürdülər. Arsaqlar sak türklərinin daha/day tayfasının aparn boyuna mənsub idilər. Pompey Troq parnların dilini sak və midiya dillərinin qarışığı hesab edir. Araşdırıcılar ilkin orta əsrlərdə kuman polovetslərin parnlarla eyni olduqları və polovets sözünün pahlav adından yarandığı fikrindədirlər. Part/Parf adı sonralar pahlav və pəhləvi şəklini almışdır.

Alfred Mori Arsaqların mənsub olduqları sak parnlar haqqında yazır: “Atrek hövzəsində məskun olan Turani türk qəbilələri eramızdan iki əsr əvvəl cənub-şərqə doğru irəliləmişdilər. Bunların bir qismi də bir neçə əsr sonra Xəzərin şimalına doğru hərəkət edərək Rusiyanın cənubunda hökmran olub Tissa və Dunay çaylarına qədər irəliləmişdilər”. (Yusuf Hikmet Bayur, səh. 394)

Alfred Mori və digər Avropa tarixçiləri Daha turanlı tayfasını Dunay və Tissa çayları hövzələrində məskunlaşmış Daklarla eyniləşdirirlər. Riqvedada Hindistana hücum edən beş turanlı Turvaşa, Yada və Anav tayfaları ilə yanaşı Druha tayfasının da adını çəkir. Yəqin ki, Druha adı Parn boyunun mənsub olduğu Daha tayfasının Riqvedada təhrif olunmuş şəklidir. L.Qumilyov Daha boyunu türkmənlərə mənsub olduğunu yazır. Coğrafiyaçı Strabon və digər antik müəlliflər Daha boyunu saklar olduğunu yazır. Əhəməni kitabələrində də Dahalar sak kimi təqdim olunurlar.

Daha tayfa birliyinə mənsub olan Arsaqlar turanlı sak boyları idilər. Ermənilər də farslar kimi həyasızcasına arsaqları öz adlarına çıxmağa cəhd edirlər. Lakin tarixi həqiqət bundan ibarətdir ki, Sakların Daha tayfalarının Aparn qoluna, yəni Bəlx-Balıq qoluna mənsub olan Arsaqlılar (e.q. 250-eramızın 224-ci illəri) İranda hökm sürən yunan əsilli Selevklər dövlətini məğlub edərək Böyük Arsaqilər dövlətini yaratdılar. Parn boyu Türkistanın Bəlx çayı hövzəsində yerləşən Bəlx/Baliq bölgəsində məskunlaşmışdılar. Parn adı Həmin dövrdə Türkistanın bir hissəsində hakimiyyət sürən yunandilli Selevklər tərəfindən Bəlx adının təhrif olunmuş şəklidir. Yunanlar Parn adını Parf, Farslar və ermənilər isə Parn sözünü təhrif edərək Pahlav şəklində ifadə edirdilər.

Alman iranşünası A.Qutşmid Parfların dilinin midiya və sak dillərinin aralıq qolunu təşkil etdiyi yazır. (Gutscmid A., 1888, Səh. 32)

İranın rəsmi tarixində Əşkaniyə adlandırılan Arsaqilər sülaləsi tarixinə və Parfiya tarixinə Əhəməni və Sasanilər dövrlərindən fərqli olaraq bir o qədər də geniş yer ayrılmamışdır. Araşdırıcılar İran tarixçilərinin Arsaqilərin türk olduqlarını dəqiq bildikləri üçün belə davrandıqları fikrindədilər.

Firdovsi də əfsanəvi Pişdadiləri, kəyaniləri, əhəməniləri və sasaniləri vəsf edib göylərə qaldırdığı Şahnaməsində Arsaqlılara və yə onların təbiricə Əşkanilərin bir neçə əsr davam edən hakimiyyət tarixinə çox cüzi yer verir. İstər Pəhləvilər, istərsə də Molla rejimi dövründə də türk soylu əzəmətli Arsaqilər sülaləsi hökmdarlarına qarşı laqeydlik və unutqanlıq davam etmişdir.

Arsaq və Tridat adlı iki qardaş Selevkilərin Kiçik Asiyada məğlub olduqlarını öyrənib Parfiya satrapı Androqonun üzərinə hücum edib onu məğlub etdilər və öldürərək Parfiyada öz hakimiyyətlərini qurdular. Parf/parnlar da özlərini əhəməni sülalə nəslinə mənsub olduqlarını iddia edirdilər. Görünür özləri də türk oğuz mənşəli köçəri tayfalar olan parnlar özlərini Anşan hökmdarları sülaləsi hesab edən ilkin əhəməni şahlarının uksi/huz/uz oğuz türk tayfalarına mənsub olduqlarını bilirdilər. Onlar özlərinə şahən-sah ünvanı qəbul etmişdilər. Arsaq tezliklə Qirkaniyanı da ələ keçirərək öz hakimiyyətlərini genişləndirdi. Arsaq öldükdən sonra onun qardaşı Tridat II Arsaq adı ilə hökmdar olur. Parfiya dövləti I Mitridatın (e.q. 171–138) hakimiyyəti dövründə genişlənərək qüdrətli dövlətə çevrildi. E.ə. 148-141-ci illər arasında Mitridat Midiya və Ekbatanı, Mesopotamiya və Babili, sonra Suzu öz hakimiyyəti altında birləşdirdi. Arsaqilər e.q. 140-cı ildə Selevk kralı II Demetrini əsir aldı, e.q. 139-cu ildə isə digər Selevki kralı VII Antioxu döyüşdə öldürərək Selevkiləri axır məğlubiyyətə uğratdılar. Selevkilər dövləti tarix səhnəsindən çıxdıqdan sonra Arsaqlı Parfiya dövlətinin əsas rəqibi Roma dövləti idi.

Roma ilə Parfiya arasında əsas qarşıdurma Ameniya ərazisi uğrunda idi. II Mitridatın ermənilərin müqavimətini qıraraq Armeniyanı öz hakimiyyətinə tabe etdirməsindən sonra Romanın Kilikiya prokonsulu Lukus Karnelius Sulla ilə Parfiya elçisi Oraboz arasında bir anlaşma ilə iki dövlət arasında sərhəd Fərat çayı müəyyən edildi.

Lakin tezliklə bu anlaşma Roma triumviri Mark Krassın Parfiyaya qarşı yürüşə başlaması nəticəsində pozuldu. E.q. 53-cü ildə Mesopotamiyada Karha şəhəri yaxınlığında baş verən döyüşdə Parfiya hökmdarı Orodun sərkərdəsi Surena Mihran Krass və oğlunun başçılıq etdiyi Roma ordusunu ağır məğlubiyyətə düçar etdi. Romalılar döyüşdə 30 min əsgər itirdilər Krass özüdə öldürüldü. Arsaqilər uzun illər ərzində Prfiyanı dünyanın ən qüdrətli dövləti olmaq özəlliyini qoruyub saxladılar. Arsaqilər sülaləsinin hakimiyyəti 470 il davam etdikdən sonra eramızın 224-ci ilində Fars vilayətinin yerli hakimlərindən Sasanın nəvəsi Ərdəşir Babəkan Arsaqilər hakimiyyətinə qarşı üsyan qaldırdı və Hormizdaqanda Parfiya qoşunlarını məğlub edərək döyüşdə öldrülən IV Artabanın yerinə özünü şahən-şah adını etmişdi.

İstər Arsaq, istərsə də Sasanilərin və onlardan sonra İran coğrafiyasında hakimiyyət sürmüş Türk hökmdarlarının istifadə etdikləri Şahən-şah hakimiyyət titulunun, bir çox iddialara rəğmən, İran dili və hakimiyyət ənənəsi ilə heç bir əlaqəsi yoxdur. Tsah-Şah bir Kas/kassi tanrı adı idi və midiyalılar vasitəsilə digər xalqların, o cümlədən iranlıların leksikonuna daxil olmuşdur. Badar-şah bir kassilərin tanrılarından biri olmuşdu və anlamı “Öküz allah” demək olub “Padşah” adının kökü də ona bağlıdır. (Arnaud Fournet, 1978, Səh. 7,17)

Arsaqilərin məğlubiyyətinin əsas səbəbi yerli hakimlərə hədsiz müstəqilliyin verilməsi idi. Yerli əyalət hökmdarları özlərini tabeçiliyində olanlar qarşısında tam müstəqil hökmdarlar kimi aparırdılar və sadiq hərbi dəstələrə malik idilər. Məhz buna görə də Farsda kiçik bir Darabkerd qalasının hakimi olan Ərdəşir ona verilən imtiyazlardan və göstərilən etimaddan sui istifadə edərək getdikcə güclənmiş və Roma ordusuna qalib gələn Arsaqi hökmdar IV Artabana baş qaldırmaq cürəti göstərmişdi. Sasanilər dörd əsr İranda hökmranlıq etdilər. Onların hakimiyyətinə ərəb islam ordusu son qoydu.

Tarixi ədəbiyyatda Kirmanda məskunlaşan Sasanilərin də mənşə etibarı ilə turanlı olduqları haqqında fikirlər mövcuddur. Sasanilərin və onlardan sonra istifadə edilən ariya adının mənşəyi və mənası da bir çox müzakirələrə səbəb olmuşdur.

Bir çox tarixçilər Ariya adının etimoloji baxımdan irandilli mənşəyə malik olmadığı fikrini irəli sürürlər. Dyakonov “Ari-jana” sözünün hurri dilində “Allah qardaş verdi” mənasında olduğunu yazır. (Дьяконов И., T I, 2012, Səh. 67)

Assuroloqların bir çoxu Ariya adının bir Subar adı olduğunu yazırlar. Er/ur Sumer dilində “insan, əsgər” anlamı daşıyır.

Yusif Hikmət Bayur İran/Eran adını fars sözü kimi qələmə verilən arya sözü əsasında izah edənlərə cavab olaraq Arya sözünü türk dili etimalogiyası əsasında şərh edir: “Qiştaspın böyük oğlunun adı Aryaman idi, İran (əsli Erandır), “Ariyan-Eran” “aria”, İrland adındakı “ir-er”, almanlarda tarixi şəxs adları “arçibald”, “aribald”, “arıman” sözlərdəkidəki “er” bitişiyi, anqlo-saks dillərində “aer” və “er”, saklarda “aryaka”, “arimasp” boylarındakı “ar”, “er” söz önləri türkcədəki ər sözü ilə eyni məna daşıyaraq ər, igid, mərd, qəhrəman, əsl insan kimi mənalar daşıyır. Türklər öz igidlərinə və qəhrəmanlarına ərənlər deyir, əsgər təbəqəsini təşkil edən “su” və “çəri”lərdən sonra “Erat” da öz-özlüyündə bir əsgər təbəqəsini təşkil edirdi. Sanskrirtcədə “Arya” sözü sadiq, müti, efendi, dost mənaları daşıyır. Aryaman/ Əryaman isə dost, arkadaş, hörmətə layiq adam, qaynata mənasındadır”. (Yusif Hikmət Bayur, Türk Tarihinin Ana Hatları, səh. 333–335)

Ariçiliyi və irançılığı üstün tutan qərb bilim adamları er/ar bitişiyinin türkcədəki şan-şöhrət mənalarını qəbul etməkdən qərəzli şəkildə imtina edərək bu sözün mənasını sanskritcədə hərəkət mənasında işlənən “er” sözü ilə izah etməyə üstünlük verirlər.

Yuxarıdakı linqvistik müqayisələrdən çıxarılan nəticə bundan ibarətdir ki, İran sözünün əsli Erandır və bu söz tarixən türkcənin öncə ərlər, qəhrəmanlar, igidlər kimi şəxsi keyfiyyətləri, sonra müəyyən silki, qəbiləni bildirən, sonra isə milləti və onun yaşadığı əraziyə şamil edilən er/ər və ərən sözündən yaranmışdır. Bu tarixi və elmi gerçəkliyi inkar etməkdə əsas məqsəd türklərin ər və ərənliyi ilə bağlı olan ariliyin əslində türk irqinə məxsusluğunu inkar etməkdir. Avestanın yazıldığı dövrdə insanların irqi və ya etnik mənsubiyyəti hələ tam şəkildə müəyyən olunmadığından insan toplumları arasındakı din, dil və yaşayış tərzindəki fərqlılık əsas müəyyənedici şərt idi. Bu baxımdan da Avestaya etiqad edən “Aryanam Dayhunam” çərçivəsinə daxil olmayan, İranın, Orta Asiyanın, Midiyanın qeyri aryani əhalisini başdan-başa turanlılar və türklər təşkil edirdilər.

III FƏSİL. Fars və Ərəb dilli qaynaqlarda Əfrasiyab

Tarixin qədim dövrlərində Mərkəzi Asiyada Turan adlı möhtəşəm bir dövlətin mövcudluğu ilk öncə bu ölkənin qonşuluğunda yaşayan və tarix boyu bu dövlətə qarşı mübarizə aparan iranlılara məxsus qaynaqlarda öz əksini tapmışdır. İlk növbədə zərdüştliyin dini kitabı olan Avestada, sonra Firdovsinin “Şahnamə” epik dastanında, fars şairi Dəqiqinin əsərində, Təbərinin və Məsudinin tarix əsərlərində və bir çox fars və ərəb dilli qaynaqlarda Turan dövləti, onun hökmdarları və onların ərazisini istila edən iran tayfalarına qarşı mübarizələri öz əksini tapmışdır. Turan dövlətinin əsası Tarixdə Türk oğlan adı ilə tanınan Yafəsin oğlu Tur tərəfindən qoyulmuşdur. Turu onun oğlu Başanq əvəz etmişdir. Turan dövləti öz qüdrətli dövrünü Başənqin oğlu Əfrasiyabın, yəni türklərin əzəmətli qəhrəmanı Alp Ər Tunqanın dövründə yaşamışdır. Məhz onun dövründə Turan bir dünya dövlətinə çevrilmişdir. Qaynaqlarda verilən bilgilərə görə Turan dövlətinin ərazisi təxminən 6 mln. kv/km bir sahəni əhatə etmişdir. (Touran-www.clever-geek.github.io.Country. Turan)

Turan dövləti dedikdə ilk ağla gələn, haqqında müxtəlif dastan və əfsanələrdə və həmçinin bir çox tarixi qaynaqlarda bəhs olunan və bu dövlətin yaradıcısı və ulu xaqanı kimi təqdim olunan Əfrasiyab və ya türk mənbələrində adlandığı kimi Alp Ər Tonqa adıdır.

Turanın böyük xaqanı Əfrasiyab Türklərin tarixi dastanlarında və əfsanələrində Türk hökmdarlar sülaləsinin atası və əzəmətli qəhrəman kimi əks olunmuşdur. Türk tarixi qaynaqlarında Alp Ər Tonqa adı ilə tanınan Əfrasiyab haqqında ən geniş məlumatlar fars dilli mənbələrdən, xüsusən Zərdüştlik dininin müqəddəs kitabı olan qədim fars dilində yazılmış “Avesta”da, X əsr İran şairi Ə.Firdovsinin “Şahnamə” epik poemasından əldə edilməkdədir. Əfrasiyabı bir tarixi şəxsiyyət kimi dəyərləndirib araşdırmadan öncə onun haqqında iranlıların dini kitabı olan “Avestada”, müxtəlif iran qəhrəmanlıq dastanlarında, Orta əsr ərəbdilli tarixçilər Təbəri, Məsudi, Narşahi və digər müəlliflərin əsərlərində Əfrasiyab haqqında verilən geniş bilgilərlə tanış olaq.

Əfrasiyabın həyatı və fəaliyyəti haqqında ən dolğun məlumat Türklərə qarşı qərəzli münasibətinə baxmayaraq, İran milli dastanı hesab olunan Firdovsinin “Şahnamə” poemasındadır. Firdovsinin yaşadığı dövrdə yüz illərlə yaxın qonşu kimi iç-içə yaşamış türklər və fars dilli xalqların yaddaşında Turanın böyük qəhrəmanı Əfrasiyab haqqında xatirələr hələ canlı idi. Firdovsi bu möhtəşəm əsəri qələmə alarkən fars dastanlarından, həmçinin türklərin yaddaşında Əfrasiyab haqqında mövcud olan və şifahi şəkildə dildən dilə gəzən, ozanların sevə-sevə söylədikləri Türk dastanıdan, əfsanə və rəvayətlərdən, həmçinin özündən əvvəl yazılmış indi bizə məlum olmayan müəlliflərin qədim dövrün hadisələrini özündə əks etdirən əsərlərindən də faydalanmışdır.

Söylənənə görə əslində Firdovsi Samanilərin paytaxtı Buxaraya gedib əslən Daşkəndli olan fars şairi Dəqiqinin İran şahlarına həsr olunmuş və onun ölümü ilə yarımçıq qalmış “Şahnamə”sini tamamlamışdır. Şair Dəqiqi fars-taciq şairi (956–980) olub Samani hökmdarlarından Əbülqasım Nuh bin Mənsur Samaninin sarayında xidmət etmiş və onun göstərişi ilə İran şahlarının həyatını təsvir edən “Şahnamə” adlı əsərini yazmağa başlamışdır. O dövrdə Samanilərin sarayı iran-fars milliyətçiliyinin mərkəzi idi və İranı işğal edən ərəblərin sünnü ideologiyasına qarşı farsların mənimsədiyi şiəlik ideologiyası himayə edilirdi. Dəqiqi əsərinin min beytdən ibarət “Ərcasp və Quştasp” bölümünü yazıb qurtardıqdan sonra öz türk qulamı tərəfindən öldürüldüyündən əsər yarımçıq qalmışdır. Əsərdə Zərdüştün zühur etməsi, Quştasb və başqa əyanların onun dinini qəbul etməsi, Turan padşahı Ərcaspın buna qarşı çıxması və Quştaspla Ərcaspın mübarizəsi öz əksini tapmışdır.

Ərcasp Şahnamədə Turanın padşahıdır. Anonim “Mecmuəl tavarix”də o Əfrasiyabın nəvəsi, Balamidə Əfrasiyabın qardaşı digər mənbələrdə isə oğlu kimi göstərilir. Quştasp Zərdüştliyi qəbul edərkən Ərcasp onun əleyhinə çıxır və İrana hücum edir. Təbəri, Baləmı və İbn əl Bəlxi Ərcaspı Qarzasp, İbn Xordadbeh isə Hazrasp kimi təqdim edir.

“Şahnamə”nin əsas qaynağı əfsanəvi İran tarixini özündə əks etdirən və Sasanilər dövründə tərtib edilmiş olan “Xudaynamə”dir. Qərb, Rus və Fars müəlliflərinin gerçəkliyi görməməzlikdən gəlib qərəzli şəkildə Turanlıların türk kimliyini danaraq onların iranlılarla eyni kökdən olub Ari irqinə mənsub olduqlarını iddia etsələr də, Firdovsi Turanlıların türk olduqlarını hər sətrində ifadə etməkdədir. “Şahnamə”də Cəmşidə qarşı üsyan edən iranlılar ərəblərin şahı Zöhhakı onları idarə etmək üçün özlərinə hökmdar olaraq dəvət edirlər. Tezliklə xalq Zöhhakın zülmündən cana doyur və dəmirçi Gavənin başçılığı ilə üsyan qaldırır. Xalqı onun zülmündən Gavənin hakimiyyətə dəvət etdiyi İranın Kəyanilər sülaləsindən olan Firudin xilas edir. Beləliklə, əsər Zöhhakın timsalında ərəblərə və Əfrasiyabın timsalında türklərə qarşı düşmənçilik ruhunda yazılmışdır.

Əfrasiyab haqqında ilk yazılı məlumat zərdüştüliyin müqəddəs kitabı Avestada mövcuddur. Bu əsərdə Əfrasiyab hiyləgər, mənfi insan obrazını təmsil etməklə İranın da əsas düşməni obrazında təqdim edilmişdir. Bu əsərdə İran Əhəməni şahlarından Gəştasibin Tanrıdan onların qatı düşməni olan Əfrasiyabı (Ərcasp) cəzalandırmasının istədiyi deyilir: “Ağıl mücəssəməsi Gəştasib Fars adlanan yerdə çay sahilinə gəldi və burada yüz at, min inək və on min qoyunu Su Tanrısına qurban edərkən bu istəkdə oldu: Ey ali və mərhəmətli Su Tanrısı! Pisliyin zirvəsi olan böyük düşman Pəşəng ilə Ərcaspı məğlub etməyimə yardım et”. Avestada Əfrasiyabı ümumi səciyyəsi pəhləvicədə mairya, yəni rəzil, şər adam kimi təqdim olunur. Onun məskəni metaldan inşa olunmuş Hanakana adlı yeraltı şəhər qaladır. Təbəri tarixində bu şəhər tuncdan yapılmış Düzrüsin qalası kimi təqdim olunur.

Böyük Türk şairi Əlişir Nəvai Avestada bəhs olunan Ərcaspın Əfrasiyab olduğunu qeyd edir. Əfrasiyabın dəfələrlə İranı istila etməsi, İran taxt-tacını ələ keçirməsi, Turan torpaqlarına İran hökmdarlarının təcavüzkar hücumlarına qarşı aparmış olduğu amansız mübarizə onun simasında İranın əsas düşməni obrazının yaranmasına və qədim iranlıların inanclarında onun şər Allahının adı ilə adlandırılmasına səbəb olmuşdur. Əsərdə Ceyhun (Amudərya) çayı İran və Turan arasında əsas sərhəd olaraq təqdim edilir.

Öz poemasında Firdovsi Avestadakı elementlərdən bolluca istifadə etmişdir. Onun Zərdüştliyə olan rəğbəti açıq şəkildə nəzərə çarpır. Zərdüştilikdəki xeyirlə şərin mübarizəsi əsərin başlıca süjet xəttini təşkil edir. Ərəbləri təmsil edən Zöhhak və türkləri təmsil edən Əfrasiyab şərin, İran şahları isə onlara qarşı mübarizə aparan xeyrin təcəssümləridir. Firdovsi İran şahlarını və qəhrəmanlarını Türklərə qarşı qoyaraq onları ideallaşdırır. O “Şahnamə” ilə yaşadığı dövrdə ərəblərin və Türklərin istilaları nəticəsində öz müstəqilliyini və dövlətçiliyini qeyb etmiş iranlılara öz möhtəşəm tarixi keçmişlərini xatırlatmaqla onları mənəvi cəhətdən ruhlandırmağa, xalqına yeni milliyətçilik ruhu aşılamağa çalışır.

Qədim farsca yazılmış mətnlərdə, o cümlədən Avestada Əfrasiyabın adı “Arjasp”, “Franqrasyan” orta çağ fars-pəhləvi dilində “Frasyav”, “Franqrasyaq”, ”Frasiyaq” kimi yazılmışdır.

Uzun illər ərzində tarixən davam edən İran-Turan müharibələrini təsvir edən “Şahnamə” əsəri İran tarixinin böyük bir dövrünü əhatə etməklə yanaşı Türklərin milli qəhrəmanı Əfrasiyabın hakimiyyət dövrünün tarixi mənbələrdə əksini tapmayan bir çox məqamlarını və qədim Turan-Türk tarixinin bir çox hadisələrini də əks etdirir.

Mifik hekayətlərdə təsvir olunan İran-Turan müharibələrinin tarixi dəqiq şəkildə müəyyən olunmasa da, hadisələrin xronoloji təhlili onların Makedoniyalı İsgəndərin e.ə. 329-cu ildə doğuya yürüşündən öncə baş verdiyi təxmin olunur.

Rəvayətlərdə iddia edildiyinə görə Turan hökmdarı Turun və Rum padşahı Səlmin öz qardaşları İran padşahı İrəci öldürmələri yüz illərlə davam edən İran-Turan savaşlarının əsas səbəbini təşkil edir. Əslində isə bu düşmənçiliyə Hind-iran tayfalarının batıdan doğuya doğru hərəkət edərək İran coğrafiyası və Mərkəzi Asiyada ən qədim dövrlərdən etibarən məskun olan Turanlı prototürklərin ərazilərini istila etmələri səbəb olmuşdur.

Firdovsinin “Şahnamə” epik poemasında Əfrasiyab əsas qəhrəmanlardan biri kimi təqdim olunur. Əfrasiyabın babası Tur iranlıların atası hesab edilən Firudinin ortancıl oğludur. Firudinin Səlm ve İrəc olmaqla daha iki oğlu vardır. Poemada təsvir olunduğuna görə Tur “ilk andan qızğınlığa qapılan və atəşdən daha cəsur olub qəzəbli filin belə məğlub edə bilmiyəcəyi igid aslandır”. Turun ulduzu uğurlu və Günəşin sahibi olan igid Əsəd (Aslan) bürcündədir.

Yəhudilərin Bibliya əsərində yəhudilər bəşər övladının əcdadları kimi təqdim olunduğu kimi, İran yaradılış əfsanələlərində də dünya xalqlarının iranlıların ilk əcdadı olan Firudindən törədiklərini iddia edilir. Bibliyada Nuh dünya ərazisini oğlanları arasında bölüb idarəsini onlara həvalə etdiyi kimi, Firudin yer üzündəki ölkələrin idarəsini oğulları arasında bölür. Rumu (Bizans) və Xavərzəm olmaqla şərq torpaqlarını Səlmə, Turanı, Türkistanı ve Çini Turan şahı olaraq Tura, İranı və Yəməni (Ərəbistanı) də İrəcə verir. Təbəridə, Məsudidə və digər müəlliflərdə Babilin də İrəcə verildiyi göstərilir, Kayumərs və Manuçehr də Babildə otururdular. İranın hökmdarlığının İrəcə verilməsini Səlm böyük narazılıqla qarşılayır. İçində qardaşına qarşı kin bəsləyən Səlm sadəlöhv Turu da yoldan çıxarır və hər ikisi hiyle yolu ilə İrəci yanlarına çağırıb öldürürlər. (Firdovsi, 1986, Səh. 67–76)

Öldrülən İrəcin bir qızı dünyaya gəlir, onun bu qızdan doğulan oğlu Mənuçehri babası Firudin özünə varis hökmdar kimi yetişdirir. Böyüyüb ərsəyə çatdıqdan sonra Manuçehr atasının intiqamını almaq üçün Tur ve Səlmə qarşı savaşa başlayır ve döyüş zamanı Turu ve Səlmi öldürür. (Firdovsi, 1986, Səh. 90, 93)

Mənuçehr ölümünə yaxın oğlu Nuzəri çağırıb ona vəsiyət edir ki, sənə və İran xanədanına ən böyük təhlükə Turan tərəfdən, Pəşəng oğlu Əfrasiyabdan olacaqdır. Ona qarşı mübarizədə sənin ən yaxın köməkçilərin və arxan Sam ilə Zaldır.

Mənuçehrin ölümü və Nuzərin İran taxt-tacına yiyələnməsi xəbəri Turana çatdıqda Turan hökmdarı Pəşəng sərkərdələri Gərsivəzi, Barimanı, Gülbadı, Niysəni və oğlu Əfrasiyabı məşvərətə dəvət edir.

Əfrasiyab Turun intiqamını almaq üçün dərhal İrana hücum etməyin tərəfdarıdır. Pəşəngin digər oğlu Əğrirəs qan tökülməsinin və müharibənin əleyhinə çıxır. Pəşəng isə Əfrasiyabın savaş təklifinə dəstək verir. O Əfrasiyabın hünərinə güvənərək onu yenilməz, nəhəng, döyüşlərdə fil gücünə malik erkək aslan adlandırır. Turun intiqamını almaq üçün İrana hücum edib Mənuçehrin ölkəsini viran qoymağa səsləyir. (Firdovsi, 1986, Səh. 174–176)

Əfrasiyab Turanlılardan və Çinlilərdən böyük bir ordu toplayaraq İran üzərinə yürüş edir, türklər Ceyhun çayına yaxınlaşdıqları zaman İran ordusu da Dehistana daxil olur. Bu zaman İranın böyük sərkərdələrindən Samın ölüm xəbəri türkləri daha da ruhlandırır. İki ordu Dehistanda qarşı-qarşıya gəlir, ağır döyüşdə türklər qələbə çalır, Əfrasiyab canını qurtarmaq üçün qaçıb gizlənən Nuzəri əsir alaraq öldürülür ve Reyə gedərək İranın Kəyanilər taxt-tacına sahib olur. (Şahnamə, səh. 190)

O qardaşı Əğrirəsə Sari şəhərində saxlanılan iranlı əsirləri öldürməyi tapşırır. Lakin Əğrirəs əsirlərə rəhm edərək onlara azadlıq verir, Reyə gedir və qardaşı Əfrasiyaba qanlı savaşı dayandırmasını xahiş edir. Əsirlərin ondan izinsiz azad edilməsindən çox qəzəblənən Əfrasiyab bir qılınc zərbəsiylə qardaşını qətlə yetirir. Əğrirəsin xeyirxah əməlinə görə qardaşı tərəfindən qətlə yetirildiyini eşidən Sam oğlu Zal qoşun toplayır, Əfrasiyabın zəbt etdiyi Reyə doğru hərəkət edərək oranı azad edir ve Təhmasib oğlu Zəvi İran taxtına oturdur. İran və Turan orduları arasında döyüşlərin davam etdiyi dövrdə baş verən quraqlıq nəticəsində başlayan böyük aclıq ve qıtlıq Zəvi və Ərasiyabı barışığa sövq edir. (Firdovsi, 1986, Səh. 195)

Zəvin ölümündən sonra İran taxtına oğlu Gərşasb yiyələnir. Onun da ölümü ilə boş qalan İran taxtına yenidən sahib olmaq üçün Əfrasiyab böyük bir ordu toplayaraq yürüşə hazırlaşır. Türk ordusu qarşısında qorxuya düşən İran sərkərdələri Zala müraciətlə ondan yardım istəyirlər. Zal Kəyanilər nəslindən olan Keyqubadı Əlbürz dağından gətirərək İran taxtına oturdur. Keyqubad, Zal və oğlu Rüstəm başda olmaqla İran qoşunu Əfrasiyabın ordusu ilə qarşı-qarşıya gəlirlər. Savaşın gedişi zamanı təkbətək döyüşdə Rüstəm Əfrasiyaba qalib gəlir. Əfrasiyab əsgərlərin yardımıyla qaçıb xilas ola bilir. Məğlub olan Türk qoşunu Ceyhunun arxasına geri çəkilir. Əfrasiyab atası Pəşəngin yanına gedərək durumu anladır, İran qoşununun bu dəfə daha güclü olduğunu, onların qarşısında davam gətirə bilməyəcəklərini və ona görə də Keyqubadla barışıb döyüşü dayandırmağı təklif edir. Keyqubad da Rüstəmin qarşı çıxmasına baxmayaraq barış təklifini qəbul edir. (Firdovsi, 1986, Səh. 211)

Keyqubadın ölümündən sonra taxta çıxan Keykavus əyləncəyə, eyş-işrətə düşgün, macərapərəst bir hökmdardır. O əvvəlcə Mazəndarana hücum edir, lakin Ağ div onun qoşununu tar-mar özünü isə əsir edir. Zal oğlu Rüstəm Keykavusu əsirlikdən xilas edir. Macərapərəstliyi üzündən düçar olduğu bəlalardan ibrət dərsi götürməyən Keykavus Hamavəran ölkəsinə yürüş edir və bu ölkənin hökmdarının qızı Südabəyə aşiq olur. Hamavəran padşahı Keykavusa tələ quraraq onu və sərkərdələrini əsir edir. Başsız qalan İran qoşunu pərakəndə halda ölkəsinə geri dönür. İran taxtının sahibsiz qaldığından xəbər tutan ərəblər ölkəni işğal edirlər. İranın Avesta və Bundahişt kitabında Zenqab adlı devin timsalında Assurların qorxunc hücumları qarşısında vahiməyə düşüb şərqə doğru geri çəkilən İran tayfaları qorxunc təhlükədən xilas olmaq üçün Ceyhun çayını qarşı sahilindəki türklərin xaqanı Əfrasiyabı köməyə çağırırlar. Əfrasiyab İrana girərək Zenqabı öldürdükdən sonra ərəbləri qovur ve İran topraqlarını öz hakimiyyəti altına alır.

İngilis əsilli Hindistan tarixçisi J.Koyaje Südabənin Yəmən deyil, Sak şahzadəsi olduğu ehtimalını irəli sürür. Onun fikrinə görə Keykavusun Sak Hamavaran şahzadəsinə evlənməsi həqiqətə daha uyğundur nəinki onun uzaq Yəmən ölkəsində özünə arvad axtarması. Bəlkə də Keykavis Yəmən şahı tərəfindən deyil, saklar tərəfindən əsir götürülmüşdür. (J.C.Coyajee, 1936, Səh. 26)

Yenə də Rüstəmin yardımı ilə əsirlikdən xilas olan Keykavus Rum qeysəri ilə Əfrasiyaba qarşı ittifaq bağlayır və Qeysərin vasitəsilə Əfrasiyaba məktub göndərərək ondan İranı dərhal tərk etməsini tələb edir. (Firdovsi, 1986, Səh. 264)

Rədd cavabı alan Keykavus qoşun toplayaraq Rum qeysərinin də göndərdiyi ordu ilə birlikdə Əfrasiyaba qarşı yürüşə başlayır. Döyüşdə Əfrasiyab yenidən Rüstəmə məğlub olur və ordusu ilə birlikdə geri çəkilərək Turana geri dönür. Dastanda təsvir olunan hadisələrdən də göründüyü kimi qarşıdurmalar zamanı müttəfiq olaraq Rum qeysəri İrana, Çin hökmdarı isə Turana dəstek verir.

Bir gün Rüstəm dostlarıyla Turan ovlağına gedib ov edirlər. Bunu eşidən Əfrasiyab öz qoşunuyla onların üzərinə basqın edir. Döyüş zamanı Turan ordusu böyük itgiye məruz qalır, yenə də məğlub olan Əfrasiyab qaçmaqla canını qurtarır. (Firdovsi, 1986, Səh. 277)

İran pəhlivanları Giv və Tus Turan ərazisində ov edərkən gözəl bir qızla rastlaşırlar. Heyrətamiz gözəlliyə malik və Ərasiyabın qardaşı Gərsivəzin qızı olduğu məlum olan bu qızı özləriylə götürüb Keykavusa təqdim edirlər. Bu qızdan Keykavusun Səyavuş adlı bir oğlu olur. Möbidlər uşağın taleyinin faciəli olacağını bildirsələr də, Rüstəm onun tərbiyəsini öhdəsinə götür və özü ilə bərabər Zabilistana apararaq cəsur bir əsgər kimi yetişdirir.

Öz gözəlliyi ilə məhşur, müstəsna və ehtiraslı bir qadın olan Südabə ögey oğlu olmasına rəğmən Səyavuşa eşq təklif edir, rədd cavabı alınca oğlunun ona təcavüz etmək istədiyi haqqında Keykavusa şikayət edir. Xanımı ilə oğlu arasında qalan padşah, hakimlərin tövsiyəsi ilə günahkarla məsumu ayırd etmək üçün, özlərinin müqəddəs oddan keçmələrini əmr edir. Səyavuş oddan keçərək, günahsız olduğunu sübut edir. (M.Ə.Rəsulzadə, 1991, Səh. 23)

Turan xaqanı İran torpağının əsas qismini hakimiyyəti altına almışdı. Keykavus Turana qarşı hərb elan edərək komandanlığa oğlu Səyavuşu təyin edir. Rüstəm də Səyavuşun əmrinə verilir. Rüstəmlə birlikdə Zabilistana gedən Səyavuş Zabilistan, Kabil ve Hindistan ordularını da öz komandanlığına daxil edir və Turanlıların özlərinə mərkəz etdikləri Bəlx şəhərinə doğru hərəkət edir. Müharibəni bacarıqla idarə edən Səyavuş Barimanın ve Gərsivəzin komandanlıq etdikləri Turan ordusunu məğlubiyyətə uğradaraq onları İran torpağını tərk etməyə məcbur edir. İndi müharibə müdafiə xarakterindən çıxaraq, hücum forması alırdı. Gərsivəz Sogda gedərək döyüşdə məğlub olduqlarını və öz ordusu ilə onlara köməyə gəlməsinin vacib olduğunu Əfrasiyaba bildirir. Əfrasiyab min nəfərdən ibarət seçmə adamını məşvərətə dəvət edərək məclis qurur və durumu dəyərləndirir. Məşvərət məclisindən öncə Əfrasiyab qorxunc bir yuxu görür. Yuxusunu yaxın adamlarına da danışaraq İrana barış təklif etməyi qərara alır. İran ordusu Turan torpağına keçəcəyi əsnada Əfrasiyab qardaşı Gərsivəzi barış təklifi ilə və hədiyələrlə Siyavuşun yanına göndərir. Səyavuş Rüstəmin də razılığı ilə barış anlaşması imzalayır. Anlaşmaya əsasən Əfrasiyab Buxara, Səmərqənd, Soqd, Çaç və İsfəncəpi tərk edərək geri çəkilir. Gərsivəz də girov olaraq Səyavuşun yanında qalır. Səyavuş savaşı bitirmək haqqında atasına Rüstəm vasitəsilə xəbər yollayır.

Keykavus, Səyavuşdan gələn bu təklifə qızaraq barışığı pozmasını, Əfrasiyaba qarşı savaşı davam etdirməsini və turanlı girovları öldürməsini tələb edir. Səyavuş barışı pozmaqdan imtina edir. İran ordusunun komandanlığını Bəhrama təhvil verir və bir qədər pul və zinyət götürərək bir neçə seçmə süvarisiylə Əfrasiyabın himayəsinə sığınır. Bu barışıqda Səyavuşun məqsədi qanını özündə daşıdığı hər iki irqin İranla Turanı barışdırmaq, ona doğma olan hər iki irqin qanının boş yerə axıdılmasının qarşısını almaq idi. (M.Ə.Rəsulzadə, 1991, Səh. 24)

Səyavuşu Əfrasiyabın göndərdiyi sərkərdə Piran qarşılayır. Əfrasiyab Səyavuşun əsgəri məharətini bəyənir və onu sevirdi. Əfrasiyab Səyavuşu yuxusunda görmüşdü. Yozucular ona demişdilər ki, “Bu cavan ilə hərb etsə və ya bu gənc onun əlində ölsə, taxt və tacı devrilərək Turan xaraba qalacaq, dünyada qan qurşağa çıxacaq”. Bunun üçün də o, Səyavuşun könlünü hər vasitə ilə ələ almağa çalışırdı. Səyavuş da Əfrasiyabı sevirdi. Bunun üçün də o sərkərdə Piranın ata kimi tövsiyəsiylə öncə Əfrasiyabın qızı Firəngizlə, sonra da Piranın öz qızı Cərirəylə evlənir.

Əfrasiyab damadının həyat və rifahını təmin etmək üçün ona Turanın en gözəl bir bölgəsini ayırdı. Səyavuş barışıq sevər olduğu üçün burada gözəl və nümunəvi bir saray tikdirdi. “Səyavuş gərd” adlandırılan bu saray iki böyük aləmin gözəlliklərini, şahlığa layiq bütün mədəniyyəti əks etdirən şəkildə idi. (Rəsulzadə M.Ə., 1991, Səh. 24)

Əfrasiyab Səyavuşa böyük etimad göstərərək Turan torpaqlarının Çin dənizinə qədər olan bir hissəsini onun idarəsinə verir. Lakin Əfrasiyabın Səyavuşa olan hörmət və ehtiramı onun sərkərdələrinin xüsusən də Gərsivəzin böyük qısqanclığına səbəb olur və Səyavuşu onun gözündən salmaq üçün müxtəlif hiylələr qururlar. Bir çox fitnəkar cəhdlərdən sonra onlar Əfrasiyabın qəlbində Səyavuşa qarşı şübhə toxumu səpməyə nail olurlar və Əfrasiyab Səyavuşu öldürmək qərarına gəlir.


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 10 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации