Электронная библиотека » Ələsgər Siyablı » » онлайн чтение - страница 6


  • Текст добавлен: 6 октября 2022, 14:40


Автор книги: Ələsgər Siyablı


Жанр: Прочая образовательная литература, Наука и Образование


сообщить о неприемлемом содержимом

Текущая страница: 6 (всего у книги 30 страниц) [доступный отрывок для чтения: 10 страниц]

Шрифт:
- 100% +

Cəmşidin Zabilistanlı qızdan Tur adlı bir oğlu olmuşdu. Turun da Sedab adında bir oğlu dünyaya gəldi. Onun oğlunun adı Nəriman, Nərimanın oğlunun adı Sam, onun oğlunun adı isə Zal idi, Zalın oğlunun adı Rüstəm idi. Ona Rüstəmi Zal və ya Rüstəmi Dəstan da deyirdilər. Onlar Sacistan (Sistan) hökmdarlar sülaləsi idilər.

Şahnamədə olduğu kimi Təbəridə də Firudinin iki oğlu Səlm və Toç qardaşları İrəci öldürüb dünyanı öz aralarında bölüşdürərək üç yüz il hökm sürürlər. Firudin İrəcin qızından olan nəvəsi Mənuçehri (Təbəridə-Minuşehr) özündə hakimiyyət qabiliyyeti olduğunu isbat edincə öz yerinə İran taxtına oturdur və o yüz yirmi il hökmranlıq edir. Mənuçehr Musa peyğəmbər zamanında hakimiyyət sürmüşdür. O Babil ölkəsindən Bağdada qədər, hətta İsrailoğulları ölkəsi, Misir və Şam əraziləri üzərində hökmranlıq edirdi. Bəziləri Fars adının məhz Mənuçehr zamanında meydana çıxdığını iddia edirlər (Taberi, Cild I, 2007, Səh. 326)

Təbəridə Əfrasiyabın şəcərəsi bir az fərqli təsvir olunur. Bir yerdə onun atası Şəhrasb digər yerdə isə rəvayətə uyğun olaraq “Ərşasp bin Toç bin Əfridun” kimi göstərilir. Türklərin özlərini mənşə etibarı ilə Əfrasiyaba bağladıqları qeyd olunur. Mənuçehr zamanında da Türklərlə farslar arasında uzun müddətli döyüşlər baş vermişdir. Türkistan əsgərləri Ceyhun çayını keçib Bəlx və Mərv arasıdakı əraziləri, Səraxsı və Nişapura qədər olan əraziləri, Mənuçehrin bir çox ellərini fəth edir, Sacistana qədər gedirlər.

Mənuçehr Əfrasiyabın əsgərlərinin təqibindən xilas olmaq üçün Təbəristana qaçıb ölkənin paytaxtı Aməl qalasına sığınır. Əfrasiyab on il Aməl şəhərini mühasirədə saxlayır. Lakin meydana çıxan çətinliklər və əsgərlərin xəstəliklərə düçar olması üzündən Mənuçehrə barış təklif edir. Hər iki hökmdar razılığa gəlirlər ki, ox atmaqla iki ölkə arasında yeni sərhəd müəyyən olunsun. Bu məqsədlə Erş adlı təbəristanlı mahir bir ox atan Dəmavənd dağına çıxaraq Türkistan tərəfə bir ox atdı. Ox göydə bir qartala dəyir, qartal oxla bərabər Ceyhun çayı sahilinə yenir və qurda yem olur. Oxun ora necə düşdüyü naməlum olsa da, iki ölkə arasıdakı sərhəd Ceyhun çayı olaraq müəyyən edilir. Əfrasiyab işin belə sonuclanmasından məyus olur, çünki püşk nəticəsində fəth etdiyi böyük bir ərazi Mənuçehrə qalmışdı. Lakin and içib barışı imzaladığı üçün çarəsiz qalıb razılaşmaya riayət edir. (Taberi, Cild I, 2007, Səh. 327–328)

Mənuçehr öldükdən sonra İran taxtı boş qalınca Təbərinin yeni bir şəcərə ilə təqdim etdiyi Əfrasiyab bin Fəşənc bin Rüstəm bin Türk İran sərkərdəsi Haniaresi və Fars qoşunlarını məğlub edərək ölkəni öz hakimiyyəti altına aldı. Rəvayətə görə Əfrasiyab Babilə qədər irəliləmişdi. O çox zaman Babildə və Mihrican Kazikda otururdu. Əfrasiyabın hakim olduğu on iki il ərzində Fars yurdunda zülm və fəsat, haqsızlıq çoxaldı, abadlıq pozuldu, qalalar yıxıdı, əhali qıtlıq içərisində yaşadı. Əfrasiyab Farsın yeni hökmdarı Kəyanilər sülaləsindən olan Zev bin Tahmasp tərəfindən ölkədən qovularaq Türk yurduna geri dönür.

İstər Şahnamədə, istərsə Təbəri tarixində Fars padşah və şahzadələrinin çoxusunun, o cümlədən Keyxosrovun, Səyavuşuv, Zavın və digərlərinin soyu türklərə bağlanaraq analarının Türk şahzadələri olduqları fikri irəli sürülməkdədir. Bu farsların türk torpaqlarının istilasına haqq qazandırmaq cəhdləri kimi onların Turan taxt tacına varislik iddiaları ilə izah edilə bilər. Zevin də anası Türk şahzadəsi idi. O Türklərlə savaşların birində ana tərəfdən babası Vamini də qətlə yetirmişdi.

Təbərinin nəğl etdiyi rəvayətə görə Zev bin Tahmasp Əfrasiyabı Fars ölkəsindən Abenman ayının ruzi abanında (Aban ayı İran hicri-şəmsi təqviminin 8-ci ayı; 23 oktyabr-21 noyabr) çıxarmışdır. Buna görə də Farslar bu günü tarixi bayram – Qurtuluş günü kimi qeyd edirlər, çünki məhz həmin gün onlar Əfrasiyabın on iki illik zülmündən xilas olmuşdular. Bu bayram Farsların Novruz və Mehrican bayramları ilə yanaşı üçüncü böyük bayramlarıdır. (Taberi, Cild II, 2007, Səh. 650)

Zevdən sonra İran taxtına Keyqubad, ondan sonra ise oğlu Keykavus çıxmışdır. O artıq Turanlıların əlindən almış olduqları Bəlx şəhərində otururdu. Keykavusun bir oğlu dünyaya gəlir adını Səyavuş qoyurlar.

Keykavus Yəmən torpaqlarını da öz hakimiyyəti altına almaq üçün ora yürüş edərkən həmin ölkənin padşahı Zu əl-Əzar tərəfindən məğlub edilərək əsir alınır. Rəvayətə görə yüz əlli il hökmranlıq sürmüş olan Keykavus yeddi il zəncirlənmiş halda həbsdə saxlanılır. Keykavusu əsirlikdən Sicistan ispehbadı bahadır Rüstəm bin Dəstan xilas edərək Babilə gətirir. Keykavus bu xidməti müqabilində Rüstəmi hökmdarın bəndəsi olmaqdan azad edib əlinə bir bəlgə verərək mükafat kimi Sicistan və Zabilistanı arpalıq (irsi feodal mülkü) olaraq ona bağışlayır, başına qızılla işlənmiş papaqdan tac qoyur və ayaqları qızıldan yapılmış gümüş taxta oturmasını əmr edir. (Təbəri, Cild II, 2007, Səh. 735)

Keykavus oğlunun tərbiyəsini Sacistan ispehbədi (qoşun başçısı) Rüstəm bin Dəstan bin Bərman bin Harnek bin Gərşasp bin Nərimana həvalə edir. Rüstəm ona hərb sənəti, elmi və ədəbi təhsil verdirib mükəmməl tərbiyə etdirir. Təbərinin bundan sonra Səyavuşla əlaqədar təsvir etdiyi hadisələr adlarda olan cüzi dəyişikliklərlə Şahnamədə olduğu kimi cərəyan edir. Əfrasiyabın iki oğlu ilə qardaşı Kidər bin Feşincan fitnə fəsadlarla hökmdarın qəlbində Səyavuşa qarşı şüphə və etimadsızlıq yaradıb onun qətlinə nail olurlar. Keykavus oğlu Səyavuşun öldrülməsi xəbərini aldıqdan sonra ən qüvvətli sərkədələri olan bahadırlar Rüstəm bin Dəstan ilə Tus bin Nevzəranın başçılığı altında ordunu Türklərin üzərinə göndərir. Əfrasiyaba qarşı şiddətli döyüşlər zamanı Rüstəm və Nəvzəran Türklərə böyük tələfat verirlər. Rüstəm Əfrasiyabın sərkərdələri Şehr ilə Şəhrəni, Tus isə Əfrasiyabın qardaşı Kidəri öldürür.

Səyavuş öldürülən zaman Əfrasiyabın qızı Vəsfa Fərid ondan hamilədir və tezliklə Keyxosrov adlandırılan bir oğlu dünyaya gəlir. Əfrasiyabın sərkərdəsi Kiran bin Visqan uşağın öldürülməsinə imkan verməyərək onu öz himayəsinə alır. (Taberi, Cild II, 2007, Səh. 731–732)

Rəvayətə görə Keykavus uşaq böyüdükdən sonra Bey bin Cuzrəci nəvəsi Keyxosrovu anası ilə birlikdə İrana gətirməsi üçün Türk yurduna göndərir. Bir çox çətinliklərdən sonra Cuzrəc Keyxosrovu anası ilə birlikdə Keykavusun hüzuruna gətirir. Keykavus Səyavuşun oğlu Keyxosrovu İran taxtına oturdur. Keyxosrov İran hökmdarı olduqdan sonra Əfrasiyabdan atası Siyavuşun intiqamını almaq üçün hazırlıqlara başlayır. Bu məqsədlə İsfahan və Xorasan sipəhbədi Cuzrəci hüzuruna çağırıb otuz minlik ordu qurdurur və Tus bin Nevzəranın başçılığında Türk yurdu üzərinə göndərir. Keyxosrov əmisi Berzafrə bin Keykavus ilə qardaşlarından bir çoxunu da ordu ilə birlikdə müharibəyə göndərir. Rəvayətə görə Keyxosrov Tusu Əfrasiyab və tarxanlarına qarşı yürüşə göndərərkən ona Siyavuşun Turanda evləndiyi Berzafərid adlı digər bir qadından doğulan Firuz bin Səyavuşun olduğu şəhər istiqamətində hərəkət etməsini əmr etmişdi. Firuz doğulandan sonra böyüyənə qədər Türk yurdunda qalmışdı. Tus Firuz olan şəhəri mühasirəyə aldığı zaman baş verən döyüşlərdə Firuz öldürüldü. Qardaşının ölüm xəbərini alan Keyxosrov qəzəblənərək əmisi Berzafrəyə Tusu həbs edib zəncirə vuraraq hüzuruna göndərməsini və orduya başçılığı öz üzerinə götürməsini əmr edir. Berazfərə ordunu toplayıb Kasrud çayını keçərək Türklərin yurduna daxil olur. Hər iki ordu Türklərin ölkəsində Vaşin adlı yerdə qarşı-qarşıya gəlirlər. Bu savaşa Əfrasiyabın qardaşları Tarxanla, kürəkəni Turasp bin Cuzrəc, Hamasp bin Feşəncan ilə birlikdə sərkərdə Kıran bin Veyşqan və qardaşları da qatılmışdılar.

Döyüşdə hər iki tərəf itgi versə də, İran ordusunun tələfatı daha çox idi, bu üzdən Keyxosrovun əmisi Berazfər Türklər qarşısında bu acı məğlubiyyətdən sonra bayrağını götürərək öz adamları ilə Keyxosrovun hüzuruna gəldilər. (Taberi, Cild II, 2007, Səh. 737)

Keyxosrov Türklər qarşısında ağır məğlubiyyətə görə Berazfəri ciddi məzəmmət etdikdən sonra ordunun təşkilini birbaşa özü həyata keçirir və rehbərliyi yenidən Cuzrəcə həvalə edərək dörd tərəfdən Türk yurduna hücum etməyi əmr edir. Sərkərdələrdən Milaza öz ordusu ilə Türk elinə Çin tərəfdən, Aqıs ordusu ilə Xəzər ölkəsi tərəfdən və Cuzrəc isə əsas ordu ilə Xorasan tərəfdən daxil oldular. Cuzrəc ilə Əfrasiyabın sərkərdəsi Kıran bin Veyşqan orduları arasındakı şiddətli döyüşlərdə Beyzan bin Beyy, Haman bin Veyşqan və Zafiran öldürüldülər. Cuzrəc bundan sonra Əfrasiyabın üzərinə yürüdü. Üç tərəfdən Türk ölkəsinə girən İran ordusu Əfrasiyabı xeyli sıxışdırdı, Keyxosrovun özü də orduların arxasınca Türklərin ərazisinə daxil oldu və Cuzrəc ordusunun Əfrasiyaba böyük təlafat verdiyini gördü. Əfrasiyabın ordusundakı ispehbədlərin başçısı və hökmdar varisi olan Kıran (Piran), Haman, Üstehən, Çilbad, Siyamuk, Bəhram, Fərəhşaz və Fərəhlat və onun oğullarından Biyin, Retdram, İsfaren kimi bir çoxları bu döyüşdə öldürülürlər. Siyavuşu qətlə yetirən Ahust və Asrebbu bin Feşencan da öldürülənlər arsındadır. Keyxosrov gəldiyi zaman Cuzrəc ordu başçılarına Türk əsirlərinin bayraqlar altında düzdürülmələrini əmr edir. Dörd bir yandan hücuma məruz qalaraq əsas sərkərdələrini itirən Əfrasiyabın yanında yalnız oğlu Şidə qalmışdır. Əfrasiyab sehrbazlıq qabiliyyəti olan oğlunu silahlandıraraq Keyxosrova qarşı göndərdi.

Şidənin atası tərəfindən onu hiylə ilə məhv etməyə göndərildiyini düşunən Keyxosrov tabeliyindəki qoşun ispəhdarlarını toplayaraq onlara Şidənin hiylələrindən ehtiyatlı olmalarını tələb etdi. Rəvayətə görə həmin gün Keyxosrov Şidədən qorxaraq onun qarşısında davam gətirə bilməyəcəyini qərara alır. Sonradan başlayan döyüş dörd gün davam edir. Şidə onun üzərinə həmlə edən Cərd bin Cərhəmənlə döyüşə girir, lakin məğlub olacağını gördükdə geri çəkilirərkən təqib edilir və öldürülür.

Oğlu Şidənin öldürüldüyündən xəbər tutan Əfrasiyab tərxanları ilə birlikdə Keyxosrova qarşı hücuma keçir. Rəvayətə görə iki ordu arasında yer üzündə bənzəri görünməmiş bir döyüş baş verir. Savaş meydanı qan dənizinə dönür. Düşmənə qarşı yetərli gücünün olmadığını və Keyxosrova yaxınlaşmağın mümkünsüzlüyünü görən Əfrasiyab döyüş meydanından çəkilir. Keyxosrov öz əsgərləri ilə Əfrasiyabın arxasınca gedib onu təqib edirlər. Əfrasiyab bir şəhərdən digərinə keçərək nəhayət Azərbaycana gəlib çıxır. Orada Hasif quyusu adlanan bir göldə yaxalanaraq Keyxosrovun hüzuruna gətirilən Əfrasiyab Səyavuş necə öldrülmşsə, eyni şəkildə onun əmrilə Beyy bin Cuzrəc tərəfindən parçalanaraq öldürülür. (Taberi, Cild II, 2007, Səh. 744–745)

İran-Turan müharibələrindən və Əfrasiyabın İran şahları ilə mübarizəsindən bəhs edən başqa bir orta əsrlər müəllifi İbni Bəlxidir. O bütün İran və Turan padşahlarının Firudinin soyundan gəldiklərini yazır. Turun soyundan olan Turan padşahı Əfrasiyab/Alp Ər Tonqa Mənuçehrdən sonra İran torpaqlarını ələ keçirərək burda on iki il hakimiyyət sürmüşdür. Hakimiyyəti dövründə Əfrasiyab İraq, Babil və Kuhistanı da viran qoyaraq ağacları kəsmiş, suları, kəhrizləri, quyuları qurutmuş, qala və divarları yıxmış, qıtlıq və aclıq baş vermişdir. Guya bu vəziyyət Mənuçehrin soyundan olan Zav bin Tahmasın meydana çıxıb Əfrasiyabı ölkədən qovmasına qədər davam etmişdi. Burda əslən fars olan Bəlxinin turanlılara qərəzli münasibəti özünü göstərməkdədir. O Əfrasiyabın şəcərəsini “Əfrasiyab bin Faşin bin Raiərmən bin Burq bin Sanyasb bin Burşesb bin Turh bin Tur bin Firudin” şəklində təqdim edir. (Altingök A., Bakir A., 2011, Səh. 403)

Bəlxi İran padşahlarının sayını on bir olduğunu və onların hakimiyyət sürəsinin iki min beş yüz altmış səkkiz il davam etdiyini yazır və bu siyahıya İranda on iki il hakimiyyət sürmüş Əfrasiyabı da daxil edir. Bəlxi də Əfrasiyabla əlaqədar hadisələrin gedişini cüzi fərqlərlə Şahnamədə və Təbəridə olduğu şəkildə təsvir edir.

İran rəvayətlərini öz əsərlərində təsvir edən Əbu Mənsur əl Bəlxi, Dəqiqi kimi müəlliflər Turan dövlətindən cahanşümul bir Türk dövləti olaraq bəhs edirlər. Bu dövlətin kökmdarı olan Əfrasiyab İranlılar ilə savaşlarında zəfər çaldığı zaman indiki Sistanın güneyindəki Hamun gölü tərəflərində və İranın içərilərində məskən salır. Məğlub olub İranlılar tərəfindən təqib olunduğu zaman isə Kimak ölkəsinə, Altayların arxasındakı Baykal gölü ətrafına, Orxon çayı sahilindəki digər bir Ruyindiz şəhərinə sığınır. Sonra da ölkəsinin qərb hissəsini təşkil edən Azərbaycanda İranlılar tərəfindən təqib edilərkən ələ keçirilir və öldürülür. (Zeki Velidi Toqan, 1981, Səh. 20)

IV FƏSİL. Firdovsi Türkinin Süleymannaməsi və Əfrasiyaba həsr olunmuş “Destani Cengi Ahengi Efrasiyabi Türk” əsəri

Firdovsidən sonra Əfrasiyab haqqında bəhs edən önəmli müəlliflərdən biri Osmanlı dönəminin XV əsr Türk tarixçisi Firdovsi Rumi və onun Türkcə yazmış olduğu “Süleymannamə” əsəridir. Osmanlı qaynaqlarında Firdovsi Rumini Firdovsi Tusidən fərqləndirmək üçün onu Firdovsi Türki və Uzun Firdovsi də adlandırırlar. Həzrəti Süleymana həsr olunmuş 366 cilddən ibarət olan bu məhtəşəm əsərini Uzun Firdovsi Fatih Sultan Mehmedin göstərişi ilə yazaraq 99 cildini ona təqdim etmiş, o rəhmətə getdikdən sonra Sultan II Bəyazidin istəyi ilə digər cildləri yazmağa davam edərək tamamlamışdır. Lakin əslən ələvi Türkü olan Uzun Firdovsinin Türkləri hər zaman farslardan və ərəblərdən üstün tutub öyən bu möhtəşəm əsəri Osmanlı sarayında layiq olduğu dərəcədə rəğbətə və dəyərə layiq görülməmişdir. Əsərin 42-ci cildi ayrıca olaraq “Destani Cengi Ahengi Efrasiyabı Türk” adıyla bütünlüklə Əfrasiyabın qəhrəmanlıqlarını tesvir edərək ona həsr olunmuşdur. Uzun Firdovsi əsərini dövrünün bir çox tarixi qaynaqlarından, Anadoluda Əfrasiyab haqqında xalq arasında mövcud olan və şifahi şəkildə dillərdə gəzən hekayətlərdən və xüsusən də Firdovsi Tusinin “Şahnamə”sindən faydalanaraq İslam öncəsi Türk tarixini əks etdirən tarixi dastan üslubunda yazmışdır. Əslində Əfrasiyabın həyatı və mübarizəsi tarixi dastan şəklində müəllifin etdiyi bir sıra dəyişikliklər nəzərə alınmasa, ilk dəfə gerçək anlamda “Destani Cengi Ahengi Efrasiyabı Türk” əsərində öz əksini tapmışdır. Sadə bir Türk dilində yazılmış olan əsərdə Turan və Əfrasiyab, Türk mədəniyyəti və mifalogiyası, Türk dövlət qruluşu və sosial həyat, Türklərin cahangirlikləri və hakim olduqları ərazilər, İran-Turan savaşları o dövrün şirin bir türkcəsi ilə təsvir olunur. (Bekir Biçer, Konya, 2005)

Firdovsi Rumi Əfrasiyaba həsr olunmuş əsərini yazarkən istifadə etdiyi yazılı qaynaqları göstərmir, yalnız nəql edilən rəvayətlərə görə və ya rəvayət edilən hekayətlərdə deyildiyinə görə ifadələri ilə naməlum mənbələrə istinad edir. Əsl adı Şərafəddin Musa olan müəllif Firdovsi təxəllüsünü qəbul etməklə özünü Türklərin Firdovsi Tusisi timsalında təqdim edir, o öz əsərini İran hökmdarlarını və qəhrəmanlarını ideallaşdıran Firdovsi Şahnaməsinə qarşı qoyur. Uzun Firdovsinin Əfrasiyaba həsr olunmuş əsərində hadisələr bir sıra dəyişikliklərlə “Şahnamə”də olduğu kimi cərəyan edir, lakin Turanlıları hər zaman məğlub kimi təqdim edən Firdovsi Ruminin əksinə olaraq burada Turan xaqanı Əfrasiyab hər zaman Fars qəhrəmanlarına qalib gəlir. “Süleymannamə”də Turan xaqanı Türklüyün simvolu olan Əfrasiyabın əsas rəqibi Şahnamədəki kimi Rüstəm Zal və Keyxosrov deyil, İslam hökmdarlarının simvolu olan Həzrəti Süleymandır. (Bekir Biçer, 2005, səh. 114)

Əsərin hər iki qəhrəmanı Həzrəti Süleyman və Əfrasiyab tarixi şəxsiyyətlər olmaqlarına rəğmən uzun illər ərzində xalq sevgisindən doğan yaradıcı münasibətin nəticəsi olaraq haqlarında söylənən rəvayət və hekayətlərlə əfsanələşmiş obraza çevrilmişlər. Hər ikisinin eyni dövrdə yaşadığı göstərilsə də, aralarında zaman və məkan fərqinin mövcudluğu qətidir. Dastanda Əfrasiyabın hökmran olduğu Turan ölkəsinin sərhədləri, İran da daxil olmaqla, Xəzər və Qara dənizin quzeyindəkə çöllər, Anadolu və Balkanlardan Qırmızı dənizə və ordan Ceyhun və Seyhun çayları arasındakı Mavərənnəhr də daxil olmaqla böyük bir ərazini əhatə edir. Əfrasiyab Türklərin ulu əcdadı və böyük atasıdır. Türk yazılı qaynaqlarında iranlıların Əfrasiyab adlandırdıqları qəhrəmanın Sakların hökmdarı Alp Ər Tonqa olduğu təsdiq edilməkdədir.

Dastanda İslam hakimiyyətinin simvolu kimi təqdim olunan və 13 yaşında hökmdar olan Hz. Süleyman dünyaya gələn dörd böyük peyğəmbərdən biri olub Hz. Davudun oğludur. Onun e.ə. 1040-cı ildə doğulduğu və 970-ci ildə hökmran olduğu iddia edilməkdədir. Firdovsi Ruminin öz əsərində ərəb-islam təəssübkeşliyinin hökmran olduğu Osmanlı hakimiyyəti dönəmində Türklüyün simvolu olan Əfrasiyabı müsəlman hakimiyyətinin və İslam qüdrətinin simvolu olan Hz. Süleymanla qarşı-qarşıya gətirməsı çox maraqlı bir hadisədir. İki qəhrəmanın uzun müddət davam edən gərgin qarşıdurmasından sonra özünü bütün islam aləminin hökmdarı olaraq görən sultan II Bəyazidin qatı dini duyğusunu nəzərə alan Firdovsi Türki Əfrasiyaba qarşı bəslədiyi rəğbətə baxmayaraq, Dastanında qalibiyyəti Hz. Süleymana vermişdir. (Bekir Biçer, 2005, səh. 115–116)

Firdovsi Rumi öz “Süleymannamə”sinin 39-cu cildindən etibarən Əfrasiyabdan bəhs etməyə başlamışdır. Turan xaqanı Əfrasiyab bütün cahana hökmran olmaq arzusundan irəli gələrək öncə İranı fəth edir, sonra Anadoluya yürüş edərək Rum qeysərinin (Bizans imperatoru) torpaqlarını, o cümlədən onun Sinop qalasındaki xəzinəsini və ətrafdakı mis mədənlərini ələ keçirir. Turan ordusu qarşısında aciz olan Rum qeysəri, Əfrasiyabdan Hz. Süleymana şikayət edərək ondan kömək istəyir.

Süleyman peyğəmbər Əfrasiyabın kimliyi ilə maraqlandığı zaman Rum qeysəri onun kafir, bütpərəst, lakin çox güclü bir padşah olduğunu anladaraq deyir: “Əfrasiyab Turan şahıdır, Əcəm mülkü (İran) onun əlinin altındadır. Keyqubad ilə yağıdır, Rüstəmi Zal ona cavab verəməz. Yeddibaşlı əjdaha qorxudan onun mülkünə girəməzlər. O bir bahadur pəhlivandır ki, nərə vursa radi fələk qan kuşanır, cəngə girsə qəhrəmana ilan kuşandırır. O bir aslandır ki, Rüstəmi Zal onunla müqayisədə dovşandır. Fələyə kələk, əjdərhai çarha sinək deməz”. (B.Biçer, 2005, Səh. 117–118)

Uzun Firdovsu “Süleymannamə”də Turan soyundan və Turan padşahı olan Əfrasiyabi nəhəng vücudlu, olduqca heybətli, qəzəbli yırtıcı heyvanlara bənzədərək belə təsvir edir: “Əfrasiyabı Türk, ol məliki qürdi qoca qurd, Əfrasiyab o qartal sinəli köhnə qurd. Əfrasiyabı Türk dəxi altmışaltı arış qəddü qamətilə taxt üzərində oturmuş sərab nuş edər. Buqur Əfrasiyabı Türk düşmən pəhləvanları qarşısında görüb əjdəha kimi baş qaldırıb qaplan kimi qöqüs gərib əlini dizinə vurub at quyruğu kimi bığlarını burub qıllarının ucunu qulaqlarına sancıb qəzəbləndi”. (Mustafa Aksoy, 2002, Səh. 14)

Əfrasiyab ölkəsində qüvvətli pəhlivanların olduğunu, ona tabe olan şahların başlarına onun tacını qoyduğunu, onun bayrağını göylərə qaldırdıqlarını qürur hissi ilə bildirir. “Turan pələvanları, Acəm mərdləri mənim xidmətimdədirlər. Mənə itaət etməkdədirlər, çoxlu vilayətlərin şahları mən verdiyim tacı başlarına qoyarlar və mənim tuğlarımı ucaldırlar, mənə qulluq göstərirlər. Mən o Əfrasiyabam ki, məni cahanda həm cahan pəhləvanı, həm məliki sahib-kıran bilirlər”.

Əfrasiyabın şəxsiyyətinin təməlini təşkil edən qəhrəmanlıq, cahangirlik keyfiyyətləri onun bütün cahana hakim olmaq idealını gerçəkləşdirmə məqsədinə xidmət edir. O öz hökmranlığının əzəmətindən qürur duyaraq deyir: “Mən ol şahəm ki, İrani zəmindən ta Məğarib sərhəddinə, Kara dənizdən dəşti diyarına ta Ağac dənizinə varınca benim vilayətim içində, nə kadar sanatçılar, nə kadar ulular var isə bənim hizmətimdədir, bana itaət edib dururlar. Şəhri Mədinədən ta Sinopa varınca, Kara dənizdən Akgerməyə varınca kaledəki, şəhir içindəki basubanlar bənim adımı çağırırlar. Bən ol Əfrasiyabım ki cihan içrə həm pəhlivanı cihan, həm məliki Turan, həm sultanı sahib-kıran bilirlər”. (Bekir Biçer, 2005, səh. 118)

Firdovsi Rumi Əfrasiyabı İran və Turan ölkələrinə hökmranlıq edən anlı-şanlı bir Türk xaqanı kimi vəsf edir. İran hökmdarı Keyqubad və milli qəhrəmanları Rüstəm onun qarşısında durmaqda acizdirlər. Əfrasiyab əski şaman ruhunun mənəvi gücünə, Hz. Süleyman isə mənsub olduğu dinin ona bəxş etmiş olduğu qeyri adi keyfiyyətlərə malikdir. Əfrasiyab Türk iradəsinə qarşı çıxanları, hakimiyyətinə boyun əyməyənləri əfv etməyən, güclü bir hökmdar tipidir. Anadoluya sahib olmaq uğrunda Əfrasiyabla Hz. Süleyman arasında şiddətli savaşlar baş vermişdir. Dastanlarda və tarixi qaynaqlarda qeyd edildiyi kimi Əfrasiyabın mərkəzi şəhəri Bəlx şəhəridir və bu şəhəri ələ keçirmək uğrunda İranla Turan arasında uzun müddətli döyüşlər baş vermişdir. Uzun Firdovsi Bəlx şəhərində Əfrasiyabın sarayının ətraflı təsvirini vermişdir. Şəhər kənarında bir ovada yerləşən bu saray min altıyüz sütunun üzərində inşa edilmişdir. Əfrasiyab qızıl və fil dişi ilə işlənərək qara ağacdan hazırlanmış bir taxt üzərində oturur. Taxtın çevrəsində Turan bəyləri və Əcəm igidləri dövrə vuraraq Əfrasiyabla birlikdə şərab içirlər. Bu zaman Hz. Süleymanın Sinop qalasını ələ keçirmək üçün oranı mühasirə etdiyi xəbəri gəlir.

Sinop qalasına hücum edən Hz. Süleyman Əfrasiyaba məktub göndərərək bütpərəstlikdən əl çəkməsini və haqq dinini (islamı) qəbul etməsini, ona tabe olmasını, əks təqdirdə sonunun yaxşı qurtarmayacağını bildirir. Təhditlərlə dolu bu məktub Əfrasiyabın böyük hiddətinə səbəb olur və o düşmanına hədələyici bir məktub göndərərək onu xəbərdar edir: “O dəvə tikanı yandıran ərəb, dəmirçi Davud oğlu zənbil hörən, özündən razı Süleymancıq, don ilə doğulub don ilə böyüyən oğlan, çox da ki mənə bunun kimi məktublar göndərib ululuğunu göstərir. Turandan xərac ilə bac istər. Mən o kişiyəm ki, cahanın şahinləri mənim əlimdə durna kimidir. Turan mülkünü göyü əhatə edən yeddi başlı əjdaha belə əlimdən alamaz. Elə bir dəryayam ki, şahlar hüzurumda topraqdan da aşağıda dururlar… uyuyan əjdəhanın quyruğunu basıb, yatan aslanın qulağını burmaq olmaz. Mənim qorxumdan Keyqubad taxtında rahatlıqla oturmaz, altun, gümüş, mis çıxan mədənlər mənim dağlarımdadır… Düşmana qılıncı ilə cavab verən qüvvətli pəhlivanlar mənim taxtı mülkümdədir. Mən o şaham ki İranı zəmindən ta Məğrib sərhəddinəcən və Qara dənizin Dəşti diyarından ta Ağac dənizinə varınca mənim vilayətimdir. İçində nə qədər sənətkarlar və nə qədər ulular var isə mənim əlimdədir. Faqfuri Çin (Çin imperatoru) kimi padşahın qızı mənim sarayımda durur. Elə bir aslan oğlum vardır ki, qılıncı ilə dağda aslanların, addımıyla daşda əjdəhaların bağrını əzər. Mən o Əfrasiyabam ki, üzərimdən göyün Simurğu uçsa, tük tökər, elimdən aslan keçərsə, tər tökər”. (Bekir Biçer, 2005, səh. 119–120)

Məktubda həmçinin Əfrasiyab bütün dünya padşahlarının onun gücü qarşısında aciz olduqlarını və ona itaət etmələrinin vacib olduğunu və Hz. Süleymana da ona tabe olmağı məsləhət görür. O, həmçinin məktubunda Hz. Süleymana “Kim benem ateşperesti ol kamiyab” deyərək bütpərəst deyil, atəşpərəst olduğunu bildirir. Əsərin başqa bir yerində yenə Firdovsi Rumi “Əfrasiyab hod Məcusi dininə tapar, atəşpərəstdir” deyərək Əfrasiyabın atəşpərəst olduğunu qeyd edir. (Mustafa Aksoy, Türklər, cild III, 2002, səh. 1015)

Bu məktubdan sonra Əfrasiyab qoşuna döyüş hazırlığı əmrini verir. Öz bəylərinə xəbər və hədiyyələr göndərərərək bütün qoşunu öz ətrafında toplayır. Əfrasiyab “səkkiz dəfə yüz min” miqdarındaki əsgəriylə Sinop qalasına doğru yürüş edir. Qalanın yaxınlığındaki bir təpə üzərindən iki qoşun arasında baş verən döyüşü seyr edir. O Simurq quşunun başçılığı altında quşların da göydən Hz. Süleymana dəstək verərək Turan ordusu üzərinə hücum etdiklərini görür. Əfrasiyab öncə Hz. Süleymanın tabeliyində olan, lakin sonradan üsyan edərək Sinop qalasında ona qarşı vuruşan Bəni Asfar şahı və Əndəlus məliyinə yardım etmək üçün səkkiz yüz min əsgərlə onların yardımına yetişir. Əfrasiyab təkbətək döyüşdə məhşur pəhlivan Kartusi-adini məğlub etdikdən sonra Hz. Süleymanın ordusu böyük hücuma keçirlər. Simurq quşunun tabeliyindəki quş əsgərlər də Hz. Süleymana yardım edirlər. Şiddətli qarşı durmada hər iki tərəfin əsgərləri on iki dəfə bir-birinin üzərinə hücuma keçirlər.

“Süleymannamə”də çox zaman ərəb padşahı kimi təqdim olunan Hz. Süleyman Əfrasiyabla Sinop uğrunda savaşdan bəhs edən bölümdə döyüşün Bəni İsrail qövmünün başında duran Hz. Süleymanla Turan qövmünün başında duran Əfrasiyab arasında baş verdiyi qeyd olunur. Bəni İsrailin on iki sıbtun (qəbilə) bəylərinin qoşunları Əfrasiyabla döyüşə daima Hz. Süleymanın tərəfindən qatılmaqdadırlar.

Hz. Süleymanın sehrli üzüyünü ələ keçirən Qayyuri cazu (Cadugərlər başı) aləmə hökmranlıq iddiasındadır. O İblislə ittifaq bağlayıb döyüşlərin getdiyi Sinop çölü üzərinə gəlirlər və Hz. Süleymana qarşı Əfrasiyaba dəstək verməyi qərara alırlar. Qayyuri cazunun da güclü dəstəyi ilə Əfrasiyab Hz. Süleyman ordusu üzərinə güclü hücuma keçir. Şiddətli döyüşlər zamanı Qayyuri cazu sehrbazlıq gücü ilə Hz. Süleymanın ordusunun baş sərkərdəsi Amalika sultanı Söhrab şahın və onun əsgərlərinin ağıllarını başlarından alır. Əfrasiyab öz ordusu ilə hücum edərək Söhrab şahı, onun qoşun başçılarını və əsgərlərini əsir alır. Qayyuri cazu Söhrab şahı edam etmək istəsə də, Əfrasiyab imkan vermir və əsas məqsədinin Hz. Süleyman olduğunu bildirir. Bu zaman Qayyuri cazu Əfrasiyaba və oğlu Pişəngə ona səcdə etmələrini tələb edir, lakin Əfrasiyab ondan çəkinərək səcdə etsə də oğlu bundan imtina edir. Bu zaman, artıq Hz. Süleymana peyğəmbər olduğu üçün göydən qüdrət taxtı yenir. Yenidən şiddətli döyüşlər başlayır, Əfrasiyab döyüşdə qalib gəlsə də, bu dəfə Hz. Süleymanın əsgərləri Əfrasiyabın oğlu Pişəngi, onun sərkərdələrindən Bənu Asfar məliki Atfaş xanı və Əndəlus məliki Akran şahı əsir alırlar. Əfrasiyabın əsgərləri isə Söhrab şahdan əlavə Misir sultanı Cəlaləddin, Bağdad məliki Tübba bin Asdanı və Hz. Süleymanın bir çox mühüm sərkərdələrini əsir alırlar. Hz. Süleyman məclis toplayaraq vəziri Loğman Hakimin təklifi ilə Bəni Asfar və Əndəlus məliklərini etdikləri xəyanətə görə Sinop qalasının bürclərindən asdırır, Pişəngi isə həbs etdirir. O Əfrasiyaba xəbər göndərərək ona əsir düşən sərkərdələrini və qəhrəmanlarını öldürəcəyi təqdirdə, oğlu Pişəngi öldürəcəyi ilə hədələyir. Buna görə də Əfrasiyab Hz. Süleymanın sərkərdə və qəhrəmanlarını öldürməkdən vaz keçir.

Hz. Süleymanın əsgərlərinin məğlub olub Sinop qalasına sığındığını görən Simurq quşu utanır və Əfrasiyabla Qayyuri cazunun öhdəsindən yalnız Sami süvarın gələ biləcəyini düşünərək Kuknus, Ruh və Rahnə quşlarını da yanına alıb Fələstin qalasına uçur. Keyqubadla savaşı bitirərək qalib gələn Sami süvara durumu anladır və onu dərhal Sinop qalasına aparmaq istədiyini bildirir. Onun razılığını aldıqdan sonra Simurq Sami süvarı, Kuknus Zali Dəstanı, Rahnə Rüstəmi və Ruh Zupini qanadları üstünə alaraq Sinop qalasına doğru uçurlar. Göydəki mələklər Qayyuri cazunun və şeytanın atəşindən qorunmaları üçün və vurduqları zaman onları kül edən Şəhabdan (şimşəkdən) hazırlanmış süngü verirlər. (Mustafa Aksoy, Türklər, cild III, 2002, Səh. 1017)

Əfrasiyabın və Qayyuri cazunun əsgərlərinə məğlub olan Hz. Süleyman düşdüyü vəziyyətdən çox əzab çəkir. Lakin Xızırın ona göyden qüdrət taxtı yendirib qalib gələcəyini xəbər verməsindən sonra ordusunu yenidən təşkil edir, hazırlıq görür. Bütün divlərin, ifritələrin, cin və pərilərin itaət etdikləri məlaikə onun sərəncamına verilir və bütün bu qeyri adi varlıqların onun qələbə çalmasına yardım edəcəkləri bildirilir. Özünə də atəşdən bir qılınc verilir. Simurq, digər quşlar və Ruzigar mələyi də Hz. Süleymana yardım etmək üçün hazır olurlar. Rüzigar mələyi döyüşü daha yaxşı idarə edə bilməsi üçün Xızırın əmri ilə Hz. Süleymanın taxtını Sinop qalasının üzərində göyə qaldırır. Qüdrət taxtını göy üzərində görən Əfrasiyab təşvişə qapılır. Qayyuri cazu da göyə yüksəlib Hz. Süleyman qarşısında taxt qurur, qalib gəlmək üçün müxtəlif sehrbazlıq vasitələrinə baş vursa da, Xızırın duaları onları təsirsiz edir. Döyüş başlanır, Simurqun və digər quşların qanadlarında gələn Sam, Zal, Rüstəm və başqaları ilə döyüşdə Qayyuri cazu məğlub olaraq Elburz dağına qaçır. Sonra quşlar Sami suvarı və digər qəhrəmanları Əfrasiyabın qarşısında yerə yendirirlər. Vəziri Piran onların kim olduqlarını Əfrasiyaba anladır. Döyüş zamanı Əfrasiyab və əsgərləri məğlub olurlar. Onun vəziri Piran, qardaşı Üzirət və digər sərkərdələr əsir düşürlər. Piran əfv olunmaları üçün Hz. Süleymandan xahiş edir və bunun müqabilində ona ömür boyu xidmət edəcəklərini bildirir. Hz. Süleyman Piranı və Üzirəti, Pişəngi və digər Turanlı əsirləri bağışlayır və əfv istəyəcəyi təqdirdə Əfrasiyabı da bağışlayacağına söz verir. Piran Misir padşahı Söhrab şahla bərabər Əfrasiyabı axtarmağa gedir və Qara dəniz sahilində onu tapıb gətirir. Hz. Süleyman Əfrasiyabı da əfv edir, ona qiymətli xələt geyindirərək qızıl taxtda oturdur. (Mustafa Aksoy, Türklər, Cild III, Səh. 1019)

Beləliklə, Qara dənizin şimalından Çinə qədər, İran və Anadolu da daxil olmaqla, böyük bir ərazini əhatə edən Turan dövlətinin hökmdarı Əfrasiyab “Süleymannamə”də bir tək Allah tərəfindən “aləmə hökmran olmaq” üçün göndərilən və özünə də sehrli üzük və qüdrət taxtı verilən Hz. Süleymana məğlub olaraq ona tabe olmuşdur. Əfrasiyab əsərdə ərəblərin hökmdarı kimi təqdim olunan Hz. Süleymana və ərəblərə qarşı aşağılayıcı ifadələrlə münasibət bildirir: “Süleymancığaz kim olur ki gəlib qalamı əlimdən ala, bin ərəb beçə mənim gözümdə heçdir. Min Simurq quşu gözümdə sərçə deyildir. Min Süleyman mənimlə müqayisədə bir sərçə deyil. Ərəb bəylərinin nə bir bəyliyi var, nə ərliyi var, nə də bir xəzineyi malı və iqlimləri var. Şahlıqdan nəsibləri laf və laqqırtıdır”. (Bekir Biçher, 2005, Səh. 130)

Əsərdə Əfrasiyab da Oğuz xaqan kimi fövqəladə keyfiyyətlərə malikdir, o altmış arş qəddi-qaməti ilə cahan cəngi görmüş qoca qurd kimi böyük bir fiziki gücə malik olub qurda, qaplana və qartala bənzədilir. Əfrasiyab da Oğuz xaqan kimi cahan hökmdarı olma idealına sahibdir. Dövləti ona tabe olan bəyləri ilə birlikdə məşvərət və məsləhətlə idarə edir. Oğuz xaqanın vəziri və məsləhətçisi Uluq Türk olduğu kimi Əfrasiyabın da vəziri və baş sərkərdəsi müdrik Piran Veysdir.

Dastanda Turan güclü dövlət təşkilatına malik bir ölkə kimi təqdim olunur. Dövlətin başında şah və xaqan ünvanı daşıyan Əfrasiyab durur, Dövlətin paytaxtı Bəlx şəhəridir. Şahnamədə olduğu kimi Süleymannamədə də Əfrasiyabın Turan dövləti geniş bir əraziyə malikdir. Turan dövlətinə bağlı bəylər-məliklər vardır ki, hər biri özlərinin hakim olduqları bir yurda malikdirlər. Savaş zamanında bütün bəylər Əfrasiyabın başçılığı altında öz qoşunu ilə döyüşlərdə iştirak edirlər. Dövlətin güclü bir ordusu, dövlətə vergi ödəyən əyalətlər və əyaləti idarə edən valilər vardır. Dövlət quruluşu güclü bir iyerarxik sistemə tabedir. Mərkəzi dövlət və əyalət bəyləri arasında güclü bir təşkilatlanma və xəbərləşmə şəbəkəsi mövcuddur. Dövlətdə Turanlıların öz yazısından istifadə olunur, Əfrasiyab mövcud olan katiblər şəbəkəsinə malikdir və əyalət bəylərinə göndərdiyi fərmanlar və yabançı ölkə hökmdarları ilə yazışmalar Turan dilindədir.


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 10 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации