Электронная библиотека » Ələsgər Siyablı » » онлайн чтение - страница 5


  • Текст добавлен: 6 октября 2022, 14:40


Автор книги: Ələsgər Siyablı


Жанр: Прочая образовательная литература, Наука и Образование


сообщить о неприемлемом содержимом

Текущая страница: 5 (всего у книги 30 страниц) [доступный отрывок для чтения: 10 страниц]

Шрифт:
- 100% +

Əfrasiyab əsgərləri ilə “Səyavuş gərd” şəhərini mühasirəyə alır. Səyavuş qaçmağa çalışsa da, yaxalanır və təslim olur. Səyavuş başına gələcək hadisələri yuxusunda görmüşdü. Ona görə də əvvəldən bəzi tədbirlər almışdı. O Firəngizə doğulacaq uşağın adını Keyxosrov qoymasını tapşırır.

Bu faciəli şəraitdə Əfrasiyabın qızı Firəngiz gəlib atasına Səyavuşun günahsız olduğunu, onu əfv etməsini rica edir. Lakin qəzəbdən gözü dönmüş Əfrasiyab Firəngizin özünü həbs edir, onu edam etmək istəyir. Sərkərdə Piran xeyli cəhddən sonra Firəngizin edam hökmünün ləğvinə və azad edilməsinə nail olur və yeni doğulan Keyxosrovun da öldürülməsinin qarşısını alaraq onu öz himayəsinə götürür.

Səyavuşun edamı zamanı cəlladlıq vəzifəsini Gərv adlı bir sərkərdə yerinə yetirir. Vaxtı ilə hərbi yarışların birində Səyavuş Gərvi ağır məğlubiyyətə uğratmışdı, indi əlinə fürsət keçən Gərv Səyavuşdan incə bir zövqlə intiqam alaraq qətlə yetirir.

Oğlu Səyavuşun öldürülməsi xəbərini alan Keykavus, İran xalqı və sərkərdələr yas tuturlar, böyük bir orduyla Əfrasiyaba qarşı intiqam yürüşü başlanır, çoxlu qan tökülür. Rüstəm Əfrasiyabın seçmə otuz minlik ordusunu məğlub edir, ordunun komandanı Əfrasiyabın oğlu Surxayı ələ keçirib qətlə yetirir. Oğlunun öldürülməsindən çox kədərlənən Əfrasiyab böyük bir orduyla Rüstəmin üzərinə hərəkət edir. Əvvəlcə hər iki tərəfdən pəhlivanlar qarşı-qarşıya gəlib cəng edirlər, sonra Rüstəmlə Əfrasiyab qarşı-qarşıya gəlirlər, Rüstəm Əfrasiyabı vurub atdan salaraq yaxalamağa çalışır, lakin sərkərdələri Əfrasiyabı xilas edirlər. Türklər məğlub olduğundan ordu Ceyhun çayının arxa sahilinə geri çəkilr və bütün ərazini boşaldır. Əfrasiyab kiçik Keyxosrovu yenə də öldürməyə çalışsa da, Piran uşağı xilas edib anası ilə bərabər Çin dənizinin qarşı tərəfinə göndərir.

Rüstəm bütün Çin, Maçin və Turanı işğal edir. Əfrasiyabın xəzinəsini yağma edir, sonsuz intiqam hissi ilə çoxlu nahaq qanlar axıdır və Turandan Ruma, Saklaba qədər ölkələri viran qoyduqdan sonra ordusu ilə İrana geri dönür. (Mustafa Aksoy, Türklər, cild III, 2002, Səh. 1005)

Üzərindən illər keçdikdən sonra İran sərkərdəsi Güdərz bir gün Keyxosrovu yuxusunda görür və saxlandığı yer ona əyan olur. Oğlu Givi Turana göndərib Keyxosrovu və anası Firəngizi gizlicə İrana gətirir. Keyxosrov İran taxtına çıxır və babası Keykavusa Səyavuşun intiqamını Əfrasiyabdan almaq sözü verir. Bu məqsədlə güclü bir ordu hazırlanır. Əfrasiyab da hərbi hazırlıqlara başlayır, düşmən qoşununun sahilə çıxmasının qarşısını almaq üçün ortadakı çayın qarşı tərəfinə odundan böyük bir dağ yığdırır. Keyxosrov bu dağın yandırılaraq yox edilməsini sərkərdə Givə tapşırır. Digər sərkərdəsi Gürgini Əfrasiyabın yanına göndərərək atasının ölümündə günahkar olan Gərv, Gərsivəz və Dəmiri ona verməyi tələb edir. Rüstəmi Hindistan tərəfdə türklərin işğalı aıtında olan torpaqları azad etmək üçün göndərir.

Keyxosrov hazırladığı böyük bir ordunu sərkərdə Tusun komandanlığı altında Türklərin ərazisinə göndərir. İran ordusu türklərə qarşı böyük qətllər törədirlər. Əfrasiyab ucsuz bucaqsız İran ordusunun Kəsarud tərəflərdə Turan ərazilərini işğal edərək bölgədəki insanları öldürdüklərini öyrənincə sərkərdəsi Pirana böyük bir ordu toplamasını əmr edir. Lakin hava şəraitinin korlanması və çoxlu yağan qar İran ordusunun vəziyyətini çətinləşdirir. Əfrasiyab toplanan yüz minlik ordunu İran qoşununun üzərinə göndərir. Piran İran ordusuna qəflətən gecə hücum edərək onun üçdə ikisini məhv edir. İran ordusunun qalan yaralı hissəsi qaçaraq canlarını zorla qurtarır.

İran ordusunun məğlubiyyət xəbərini alan Keyxosrov Tusu ordu komandanlığından uzaqlaşdıraraq onun yerinə qardaşı Fəriburzu təyin edir. Fəriburz Pirana elçi göndərərək aman istəyir. Hər iki tərəf bir ay müddətinə döyüşə fasilə vermək üzərə anlaşırlar. Fəriburz fasilədən yararlanaraq ordusunu yenidən təşkil edir, lakin iki ay fasilədən sonra başlanan savaşda yenidən məğlub olur. Verdiyi böyük itgilər nəticəsində taqətdən düşən İran ordusu Keyxosrovun yanına dönür. Məğlubiyətlə dönən İran ordusunun vəziyəti Keyxosrovu çox kədərləndirir. O ordunun komandanlığını yenidən Tusa həvalə edir. (Mustafa Aksoy, Türklər, cild III, 2002, Səh. 1006)

Bu qələbədən sonra Əfrasiyab və Piran xeyli rahatlanırlar. Əfrasiyab döyüşlərdən qələbə ilə dönən Piranı çoxlu hədiyyələrlə mukafatlandırır. Ağıllı və tədbirli bir sərkərdə olan Piran baş verənlərdən sonra Keyxosrovun qəfil hücum edə biləcəyi haqqında Əfrasiyabi xəbərdar edir və öz ordusu ilə ölkəsi Xotana dönür.

İran ordusunu yenidən təşkil edən Tus Keyxosrovun əmri ile Turana doğru yürüş edib Şehd çayının sahilinə gəlir. Yeni bir İran ordusunun Turana daxil olduğunu öyrənən Piran barış təklifi ilə Tusa müraciət edib onun diqqətini yayındırır, digər tətəfdən də Əfrasiyaba xəbər göndərib onu vəziyətdən hali edir və İran ordusuna qarşı qoymaq üçün dərhal seçkin döyüşçülərdən bir ordu təşkil edib göndərməsini təklif edir. Əfrasiyab qısa müddət ərzində böyük bir ordu toplayıb Piranın sərəncamına göndərir. Hər iki ordu arasında şiddətli bir döyüş başlayır. İran ordusu təzyiqlərə davam gətirə bilmir. Döyüşlərə qısa ara verilməsindən yararlanan Tus, qoşununu yaxınlıqdakı Həmavəran dağına çəkir. Eyni zamanda Rüstəmi yardıma göndərməsi üçün Keyxosrova xəbər göndərir.

Piran bir yandan iranlıları təqib etməyə davam edərkən, digər tərəfdən də iranlıların böyük ordularla dörd tərəfi mühasirəyə almağa çalışdıqları haqqında Əfrasiyabı xəbərdar edir. Qaçan İran ordusunun Həmavəran dağına çəkildiyini öyrənən Piran sərkərdə Humanı otuz minlik ordu ilə onları təqibə göndərir və özü də ora doğru hərəkət edərək İran ordusunu orda mühasirəyə alırlar.

Ordusunun çetin vəziyətdə olduğunu öyrənən Keyxosrov Rüstəmi yenə də yardıma çağırır, Rüstəm böyük bir ordu toplayıb iranlı sərkərdələri də yanına alıb yola çıxır. Digər tərəfdən Əfrasiyab da İsfəncəpdən Ruma qədər geniş bir bölgədən böyük bir ordu toplayır. Bu ordu ilə bərabər Çin xaqanı və qəhrəman Kamusu ordularıyla birlikdə iranlılara qarşı Pirana yardım üçün göndərir. (Mustafa Aksoy, Türklər, Cild III, 2002, Səh. 1007)

Türk ordusu Çin, Saklab, Hind və Rum bölgələrindən gələn əsgəri yardımlarla böyük bir hərbi güc əldə edir. Türk ordusunun Piranla birləşməsi sirasında Rüstəm də öz ordusuyla yetişib Həmavəran dağındaki ordu ilə birləşir. İki ordu qarşı-qarşıya gəlir. Döyüş zamanı Türk qəhrəmanlar İran qəhrəmanlarına üstün gəlsələr də, Rüstəmin qarşısında heç biri davam gətirə bilmir. Qısa fasilələrlə davam edən savaşda Türk ordusu məğlub olur və Çin xaqanı iranlılara əsir düşür.

Rüstəm Turan ordusunu məğlub etdikdən sonra intiqam almaq üçün Turan ərazisinə doğru hərəkət edir. Çin xaqanının əsir düşdüyü və Turan ordusunun məğlubiyyət xəbərini alan Əfrasiyab əyanlarıyla məsləhətləşərək Turan torpaqlarına doğru irəliləyən iranlılarla müharibəni davam etdirmək üçün yenidən ordu toplayır. Əfrasiyabın oğlu Şidə atasına Rüstəmin ordusunun qarşısına dərhal çıxmamağa, Qank tərəfə çəkilib Çin və Maçindən toplanacaq yeni orduyla döyüşə başlamasını tövsiyə edir. Əfrasiyab sərkərdəsi Piranı çağırıb savaşa hazırlaşmasını əmr edir. Eyni zamanda məktub yazıb Poladvəndini köməyə dəvət edir. İki ordu arasında döyüş başladığı zaman Poladvənd bir neçə İran pəhlivanını məğlub edirsə də, lakin Rüstəmə yenilir. Türk ordusu məğlub olunca Əfrasiyab Piranın məsləhətiylə Çin dənizinə doğru gedir. İran ordusu Turanda türklərə qarşı böyük qətllər törədirlər. Bir hissəsi qırılan Türk ordusunun sağ qalan hissəsi təslim olur. Əfrasiyabı təqib edən Rüstəm onu ələ keçirə bilmədikdə əldə etdiyi qənimətlərlə İrana geri dönür. (Mustafa Aksoy, Türkler, C. III, 2002, Səh. 1007)

Bir gün İran və Turan sərhəddi yaxınlığında yaşayan iranlılar Keyxosrova türklərin İran ərazisinə daxil olaraq onları incitdikləri haqqında şikayət etdilər. Keyxosrov türkləri ərazidən qovmaq üçün Giv oglu Bijəni görəvləndirdi. Bijən Turan ərazisində meşədə bir dəstə qızla əylənən Əfrasiyabın qızı Münijəni görür və ona aşiq olur. Münijən də Bijəni bəyənərək sevir və onu Turana öz sarayına aparır. Bundan xəbər tutan Əfrasiyab çox qəzəblənir və qızına da çox acıqlanaraq Bijəni həbs edib bir quyuya saldırır. Giv Keyxosrovdan oğlunu qurtarmasını rica edir və Bijəni xilas etmək vəzifəsini Rüstəm öz öhdəsinə götürür. O böyük bir ordu ilə Turana doğru yola çıxır. Turanın sərhəddinə çatdıqda ordunu orda qoyub bir neçə cesur adamıyla tacir libası geyinib Piranın olduğu yerə gedir. İnsanlarla təmas quraraq məsələni araşdırır, Bijənin yerini öyrənir və yanındakı adamlarıyla gedib Bijəni xilas edir. Bir gecə öz adamlarıyla Əfrasiyabın sarayına basqın edir, saraydakıları öldürür, lakin Əfrasiyab qaçıb xilas ola bilir. Əfrasiyab ordusu ilə Rüstəmin ordusuna qarşı hücuma keçirsə də döyüşdə məğlub olur, ancaq Əfrasiyab yenə də xilas ola bilir. Rüstəm Bijəni və Əfrasiyabın qızı Münijəni özü ilə İrana aparır.

Əfrasiyab öz sərkərdələri Piran, Gərsivəz, Qaraxan, Şidə, Human, Gəlbat, Fərşindvənd, Rüyun və digərləri ilə birlikdə yeni ordu toplama və gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirmək üçün məşvərət məclisi çağırır. Əfrasiyab dünyanın dörd bir tərəfindəki hökmdarlara məktub göndərib onlardan əsgəri yardımlar istəyir. Çin və Xotandan çox sayda əsgər gəlir, hər tərəfdən sürülərlə at gətirilir. Beləliklə, toplanan bu böyük ordunun başına Şidə komutan təyin olunur və o Xarəzmə, Piran isə əlli minlik qoşunla İran üzərinə göndərilir.

Turanın böyük bir orduyla İrana hücum etdiyini xəbər alan Keyxosrov ata minə bilməyi bacaran hər kəsi səfərbər edərək özü də böyük bir ordu toplayır. Rum, Hind və ərəblərdən çoxlu əsgər gətirdir. Öncə Rüstəm otuz minlik qoşunla Hindistana göndərilir, sonra o bu qoşunla Qəznə üzərindən quzeyə doğru hərəkət etməli olur. İran sərkərdəsi Ərkəş otuz min əsgərlə Şıdənin yerləşdiyi Xarəzmə göndərilir. Qudərzin başçılığıyla dördüncü bir ordu Turana yönəldilir. Qudərzin başçılıq etdiyi İran ordusuyla Piranın başçılığındakı Türk ordusu Ceyhun çayında qarşılaşırlar. Türk ordusu döyüşdə məğlub olur. (Mustafa Aksoy, Türkler, Cild III, 2002, Səh. 1008)

Döyüşlərin gedişində Əfrasiyab paytaxtı Baykənd şəhərində bars dərisindən qurulmuş çadırlarla əhatəli qərargahında qızıl və cəvahiratlarla bəzədilmiş taxtının üzərində oturmaqdadır. Qərərgahının qarşısı sərkərdələrinin bayraqları ilə əhatə olunub.

İran dini əfsanə kitablarında Əfrasiyabın əzəmətli mağara sarayından bəhs edilməkdədir. Orda yazıldığına görə Turan padşahının mağara içərisində oyulmuş sarayında kısrak (at) südündən hovuzlar var. Bu saray o qədər mükəmməl işıqlandırılmışdır ki, orda gecə də gündüz kimi aydınlıqdır, içərisində sudan, şərabdan, süddən və qımızdan ibarət dörd çay axardı. Əfrasiyab bu saraya ay və günəşi təmsilən hərəkət edən fiqurlar asdırmışdı.

Mağara kultu türklərdə ən qədimlərdən mövcud olmuşdur. Böyük Hun dövləti zamanında müqəddəs bir “Ata mağarası”nın mövcud olduğu və ilin müəyyən vaxtlarında burda törənlər təşkil olunaraq qurbanlar verildiyi, Tobalar boyunun qayaları mağara formasında oyaraq “Ata mağara”sı şəklinə saldıqları və burda göyə, yerə və Xan soyunun əcdadlarına qurbanlar kəsildiyi çin qaynaqlarında əks olunmuşdur. Əfrasiyabın “Hənqe Əfrasiyab” adlanan mağarası da “Ata mağara” kultunu özündə əks etdrir.

Öz əzəmətli mağara sarayında düşmənə qarşı göndərdiyi ordunun məğlubiyyəti xəbəri Əfrasiyabı çox məyus edir və qəzəbləndirir. İntiqam almağa and içir. Topladığı ordunun yarısını oğlu Qara xanın başçılığı ilə Buxara tərəflərinə göndərir. Oğullarından əsl adı Pəşəng olan Şidə, Cəhən, Girdəgir və oğlu İlandan olan nəvəsi Gühəyla orduya qatılırlar. Orduya əsgərlər əsasən Çiqil, Taraz, Oğuz, Karluq və Türkmən boylarından toplanmışdır. İki ordu qarşı-qarşıya gəldikləri zaman öncə Şidə ilə Keyxosrov təkbətək döyüşürlər. Şidə həlak olur. İki ordu arasında üç gün davam edən şiddətlə döyüşürlər gedişində Əfrasiyab İranın bir neçə qəhrəmanını öldürür. Ən nəhayət Keyxosrovla Əfrasiyab qarşı-qarşıya gəlirlər. Lakin Turanın qəhrəmanları Əfrasiyabın atının cilovundan tutub bu döyüşə əngəl olurlar. İran ordusuna gücü çatmayacağını yəqin edən Əfrasiyab gecə ikən ordusunu Ceyhunun arxasına çəkir. Qara xanın ordusuyla birləşib Buxaraya gəlir. Burda bir az dincəldikdən sonra paytaxt şəhəri Kanqa gedir. (Mustafa Aksoy, Türkler, Cild III, 2002, Səh. 1008)

Lakin Keyxosrov Əfrasiyabı təqib etməkdə davam edir. Cəsuslar Əfrasiyaba Keyxosrovun Ceyhun çayını keçdiyini xəbər verirlər. Keyxosrov öncə Sogdaya gəlir buranı itaəti altına alaraq bir ay burda dincəlir və yoluna davam edir. Yerli Türk əhali İranlılara su verməkdən imtina edirlər, sağda, solda əllərinə keçən İran əsgərlərini öldürürlər. Keyxosrov işğal etdiyi əraziləri viran qoyur, yaxaladığı insanları qadın və kişi bilmədən amansızlıqla qetlə yetirir. Sonda Turan və İran ordusu Gülzariyun çayı sahilində qarşılaşaraq döyüşə başlayırlar.

Gecə ikən Əfrasiyaba xəbər gəlir ki, Rüstəmlə savaşmaqda olan digər bir Turan ordusu məğlub olmuş, əsgərlərdən yalnız onun oğlu Qara xan sağ qalmışdır. Hadisəni eşidən Əfrasiyab Rüstəmə zərbə yendirmək üçün dərhal öz ordusu ilə onun üzərinə hərəkət edir. Keyxosrov hadisəni Rüstəmə xəbər verir və özü də ordusuyla onun arxasınca gedir. Əfrasiyab Kanq şəhərinə çatdıqda Rüstəmə ani bir basqınla zərbə yendirmək istəsə də onun artıq tədbir aldığını görüb bundan vaz keçir. O çox möhtəşəm qalası olan Kanq şəhərinə daxil olub burda müdafiə mövqeyi tutur və Çin xaqanına məktub göndərərək ondan yardım istəyir.

Arxadan gəlib yetişən Keyxosrov Rüstəmlə birləşərək qalanı mühasirəyə alır. Qalanın ətrafında xəndəklər qazaraq odunla doldurur və atəşə verir. Atəş qala divarlarının uçmasına səbəb olur. İran qoşunu şəhərə girərək əhalini qətlə yetirməyə başlayır. Əfrasiyab sarayının altında açılmış olan lağımdan iki yüz əsgəriylə birlikdə qaçaraq xilas olur. Çin xaqanının himayəsinə sığınır. Çin xaqanı Əfrasiyaba yardım üçün böyük bir ordu hazırlamışdır. Əfrasiyabın Çinə gəldiyini duyan türklər də bura toplaşırlar. Keyxosrov Kanqda öz sərkərdələrindən birini qoyub Əfrasiyabı təqib edir. İki düşmən tərəf yenə qarşı-qarşıya gəlir. Əfrasiyab Keyxosrova məktub göndərib özlərindən başqa kimsənin olmadığı bir yerdə təkbətək döyüşməyi təklif edir. Keyxosrov bu təklifi rədd edir. İki ordu axşama qədər döyüşürlər. Keyxosrov gecə ordu düşərgəsinin önünə xəndəklər qazaraq Türk əsgərlərinə qarşı tələ qurur, gecə basqın edərkən bu xəndəklərə düşən Türkləri öldürürlər. Əfrasiyab qalan əsgərləriylə çöllərə çəkilir.

Keyxosrov Kanq şəhərinə geri dönür. Çin xaqanı Keyxosrovdan qorxaraq ona barış təklif edir. Keyxosrov bir daha Əfrasiyaba yardım etməməsi şərtiylə onunla barış imzalayır. Əfrasiyab bunu eşitcək məyus olur, pərişan halda Zərə dənizi kənarına gəlib buradan qarşı tərəfə keçmək istəyir. Oradakı yaşlı gəmiçi bu dənizi keçməyin mümkün olmadığını desə də, Əfrasiyab dustaq olmaqdansa ölmək yaxşıdır deyərək bir gəmi ilə üzüb Qanqdiz şəhərinə gəlir. Bundan xəbər tutan Keyxosrov Qanqdiz şəhərinə gəlib oranı tutur. Əfrasiyab qaçmağa müvəffəq olur. Keyxosrov yenidən Kanqa dönür.

Əfrasiyab İranı dörd dəfə fəth edib öz hakimiyyəti altına alsa da, əlində saxlaya bilməmişdi. Təqiblərdən xilas olmaq üçün qayalıq bir dağın zirvəsində mağaranı özünə sığınacaq edən Əfrasiyab burada ac, susuz və tənha halda yaşamağa davam edir, düşdüyü acınacaqlı vəziyyətə heyfsilənməkdə idi. Bir gün bu dağda insanlardan kənarda tərki dünya həyatı sürən Hum adlı bir şəxs Əfrasiyabın öz-özünə danışdığını eşidərək ondan şübhələnir və onun kim olduğunu anlayır və qəfildən hücum edərək onu yaxalayır. Əfrasiyab onun əlindən qurtulub suya atılsa da onu hiylə ilə yaxalayıb sudan çıxarır və öldürürlər. (Mustafa Aksoy, Türkler, Cild III, 2002, Səh. 1009)

Digər bir iran dini rəvayətinə görə Əfrasiyab məğlub olduqdan sonra Çiçəst (Saekasta), yəni Urmiyə gölü yaxınlığındakı dağda mağara içərisində düzəldilmiş və adına Həngi Əfrasiyab deyilən yeraltı sarayına sığınmışdı. Keçmişlərdə Firudini xilas edən Hum adlı bir möbəd dağda dolaşarkən bu mağaradan inilti səsləri eşitmiş və aşağıya yenərək mağaraya girib belindəki sehrli kəmərlə Əfrasiyabı yuxuda ikən bağlayaraq gətirib Keyxosrova təslim etmişdir. Hum həmçinin Əfrasiyabın Səyavuşu öldürən qardaşı Gərsivazı da tutub Keyxosrova təslim etmiş və o da Əfrasiyabla birlikdə öldürülmüşdür. Rəvayətə görə qardaşı Gərsivəz tutulmadan öncə Əfrasiyab Humun əlindən qurtularaq gölə atılmışdır, lakin Keyxosrov hiyləyə əl ataraq qardaşını tutub işgəncəyə məruz qoyur. Əfrasiyab qardaşının fəryadlarına dözməyərək təslim olur. (Fahrettin Kırzıoğlu, Cild I, 2002, Səh. 79)

Məsudinin yazdığına görə Keyxosrov babası Əfrasiyabı Azərbaycanın Şiz və Ər-Ran bölgəsində öldürmüşdür. (Mesudi, 2006, Səh. 129)

Şahnamə tarixdə gerçək bir hadisə kimi qəbul edilən İran-Turan müharıbələrini və iki dövlət arasındakı qarşılıqlı münasibətləri əks etdirən mühüm qaynaqdır. Firdovsi Şahnamənin əsas mənbələri kimi öz dövründə mövcud olan bir çox mənzum və nəsr əsərlərindən istifadə etmişdir. Bunların içində ən məhşurları Sasani hökmdarı I Xosrov Ənuşirvan dövründə tərtib olunaraq nəsrlə yazılmış iran tarixi olan “Xudaynamə”, Əbül Müəyyəd Bəlxinin mənsur “Kitabı Gerşasp”, Samanilər dövrü Xorasan sipehsaları və Tus hakimi Əbu Mənsur Muhəmməd b. Əbdürrəzaqın dörd nasirə hazırlatdığı mənsur “Şahnameyi əbu Mənsur” və Məsudi Mərvəzi ilə Dəqiqinin mənzum “Şahnamə”ləridir.

Firdovsinin “Şahnamə” poemasını yazmasınn maraqlı tarixi vardır. Bir çox mənbələrdə bildirildiyinə görə Türk Qəznəvi dövlətinin hökmdarı Sultan Mahmud Qəznəvi Türk xaqanlarının tarixi və türklərin tarixdəki qəhrəmanlıqlarını əks etdirən nəzm ilə bir dastan yazdırmaq məqsədini qarşıya qoyur. Bunun öhdəsindən yalnız o dövrün ustad şairlərindən olan Əsədinin gələ biləcəyini öyrənir. Sultan Əsədini hüzuruna dəvət edərək məqsədini ona bildirir. Əsədi artıq qocalıb zəiflədiyini və bu işə gücü çatmayacağını səbəb göstərərək imtina edir. Ancaq bu işin öhdəsindən Firdovsinin gələ biləcəyini söyləyir. Sultan məsələni müzakirə etmək üçün sarayın baş şairi Ünsurini dəvət edir, Ünsuri də bu ağır işin öhdəsindən yalnız Tuslu şair Firdovsinin gələ biləcəyini bildirir. Mahmud Qəznəvi Firdovsini hüzuruna dəvət edir və məqsədini ona bildirir. Firdovsi Sultanı öyərək tərifləyən bir çox xoş sözlər söylədikdən sonra onun təklifini həvəslə qəbul edir. Üzərindən bir müddət keçdikdən sonra Firdovsinin Sultanın nəzərində belə yuksək mərtəbəyə və etimada nail olması digər şairlərin və bəzi əyanların şairə qısqanclıqla yanaşmasına, onu gözdən salmaq üçün şairin məcusi olub atəşə sitayiş etdiyi barədə və digər dedi qodular yaymalarına səbəb olur. Sultan bu dedi qodulardan təsirlənərək deyilənlərin gerçək olduğu təqdirdə şairi fillərin ayaqları altında əzdirəcəyini söyləyir. Firdovsi Sultanın ona qarşı qəzəbli olduğunu duyunca qorxusundan vətəni Tus şəhərinə geri dönmüş və 6o min beytlik əsəri orada tamamlayaraq Mahmud Qəznəviyə göndərmişdir. Mahmud Qəznəvi “Şahnaməni”ni oxuduqdan sonra əsərdə onun özü haqqında çoxlu təriflər yazılsa da, Türklərdən çox İran şahlarının öyərək göylərə qaldırıldığını, Türklərin hər zaman məğlub kimi qələmə verilməsi və şərə xidmət edən qüvvə kimi göstərildiyindən narazı qalmış və şairə vəd etdiyi mukafatı verməkdən imtina etmişdir. Lakin bir müddət sonra mərhəmətə gələrək on iki dəvə yüklü hədiyyəni Tus şəhərinə göndərmişdir. Söylənilənə görə hədiyyə yüklü dəvələr şəhərin Dudbar qapısından girdiyi zaman Rezan qapısından Firdovsinin cənazəsi çıxarılırmış. Sultanın hədiyyələri Firdovsinin bacısına təqdim olunan zaman “qardaşıma faydası olmayan bu əşyalar mənim nəyimə lazımdır” deyə almaqdan imtina etmiş, lakin hədiyyələr şairin şəhər əhlinə vəd etdiyi Tusa su kanalı çəkdirmək işinə sərf olunmuşdur.

Digər bir versiyaya görə Şahnaməni 990-cı ildə yazmağa başlayan Firdovsi İran şahlarını tərənnüm edən bu əsərini Samani hökmdarına təqdim etmək məqsədilə qələmə almışdı. Samani dövləti o dövrdə fars dilli ədəbiyyatı himayə edən və fars milliyətçilik ideologiyasının əsas mərkəzinə çevrilmişdi. Lakin öz köklərini Bəhram Çubinə bağlayan Samanilər hakimiyyəti 999-cu ildə türk Qaraxanilər sülaləsi tərəfindən yıxıldığı üçün Firdovsi öz əsərini alim və şairləri himayə etməkdə məhşur olan Qəznəvi sultanı Mahmud Qəznəviyə təqdim etməyi qərara almışdır. Rəvayətə görə Şahnaməni oxuyan Sultan Mahmud şairə “Mənim ordumda Rüstəmdən də güclü pəhlivanlar var” dedikdə Firdovsinin “Ancaq Tanrı Rüstəm kimisini bir daha yaratmadı” cavabını vermişdir. Onun bu cavabı Sultanı qəzəbləndirmiş və şairi öldürmək istədiyi zaman o Herata qaçmış və Sultan Mahmuda 100 beytlik bir həcv həsr etmişdir. Firdovsi bu həcvi və Şahnaməni Təbəristan ispehbədi Əmir Şəhriyara təqdim etmişdir. Sultan Mahmuda böyük hörmət bəsləyən Şəhriyar həcvi satın alaraq yandırmış və bu həcv haqqında heç kimə danışmamağı şairə tapşırmışdır.

Rəvayətə görə Əmir Teymur Tus şəhərini işğal etdikdən sonra Firdovsinin məzarı başına gələrək şairə müraciətlə demişdir: “Ey Firdovsi, qalx ayağa hər sətrində pisləyib, həqarət etdiyin, kiçiltdiyin məğlub türkü gör. Bağdatdan bu yatdığın yerə qədər sağ fars qoymadım”.

Əfrasiyab və İran-Turan savaşları haqqında ərəb mənbələrində ən geniş məlumat verən müəlliflər sırasında Məsudi və Təbəri də mühüm yer tutur.

Yazılı ərəb mənbələrində Əfrasiyab və onun əcdad və varisləri haqqında verilən bilgilər adların yazılışındakı bir sıra fərqliliklərə baxmayaraq təxminən fars qaynaqlarında verilən məlumatlarla bənzərlik təşkil edir.

X əsr ərəb tarixçisi, ərəblərin Herodotu ünvanını qazanmış Məsudi (896–956) özünün “Mürüc əz Zəhəb” əsərində Türk xaqanlarının və Türklərin tarixindən bəhs edərkən onların Çin və Xorasan arasında böyük bir ərazidə məskun olduqlarını və burada çoxlu şəhərlərə malik olduqlarını qey edir. O Göytürklərin Əfrasiyabın soyundan gəldiklərini yazır. Məsudi Əfrasiyabın Türk torpağında doğulduğunu, lakin Türk olmadığını yazsa da, onu bu ərazidəki Türklərin ulu hökmdarı və xaqanlar xaqanı olduğunu, türklərin digər xanlarının ona tabe olduğunu yazır. Məsudi Nuh peyğəmbərin və oğlanlarının hekayəsini nəql edərək onun yer üzünü üç oğlu arasında böldüyünü və dünyadakı bütün insanların onun bu üç oğlundan törədiyini qeyd edir. Nuh Samın övladlarına on doqquz, Hamın övladlarına on yeddi, Yafəsin övladlarına isə otuz altı dil verdi. Onlardan ləhcələr çoxaldı və dillər bir-birindən uzaqlaşdı. (Məsudi, 2006, Səh. 24)

Məsudi Efrudinin (Firudin) Farsların ilk atası olduğunu və Babil şəhərində oturduğunu qeyd edir. Ondan sonra taxta Minuşihr bin İran bin Efrudin oturdu. O Minuşihrin (Mənuçehr) Musa və Yuşa peyğəmbərlər zamanında yaşadığını, Babildə otuduğunu və altmış il hakimiyyət sürdüyünü yazır. Məsudi ondan sonra İran taxtına Əfrasiyabın keçdiyini qeyd edərək onu Ferasiyab bin Beşenk bin Zay Ersən bin Turək bin Sibansiyab bin Duruşb bin Tuh bin Düşrun bin Tuc bin Efrudin adlandırır. O Ferasyabın fəth etdiyi olkələrdə hakimiyyətinin on iki il sürdüyünü bir çoxlarının iddiasına görə dörd yüz il yaşadığını da qeyd edir. Hər-halda Məsudi burada yanlışlığa yol verir ona görə ki, on iki il rəqəmi Əfrasiyabın İran taxtını ələ keçirdikdən sonra bu ölkədə hakimiyyət sürdüyü zamana uyğun gəlir. Məsudiyə görə Əfrasiyabı rəqibi Tahmasp məğlub edərək İran taxtından salmış, tərəfdarlarını öldürmüşdür. (Məsudi, 2006, Səh. 123)

Məsudinin təqdim etdiyi rəvayətə görə İrak və Babildən köçərək Bəlxdə yerləşən ilk İran hökmdarı Keykavus olmuşdur. Məsudi Keykavusun Yəmənə səfərini, Sudabə ilə evlənməsini və Səyavuş əhvalatını təfərruatı ilə təsvir edir. Fərasyab Səyavuşu, Rüstəm bin Dəstan isə Sudabəni öldürür. Fərasiyabın qızı ilə evlənən Səyavuşun Keyxosrov adlı oğlu olur. Məsudinin nəql etdiyi rəvayətə görə Minuşihr Fərasiyab ət Türki ilə başladığı bir savaşda yenilincə Təbəristan dağlarına çəkildi, orda bir müddət gizləndi. Lakin sonradan peşman olaraq İraqda savaşmaqda olan Fərasiyab ət Türkə qarşı öz dəstəsilə arxadan hücuma keçdi, onu məğlub edərək Türk torpaqlarına çəkilməyə məcbur etdi. (Məsudi, 2006, Səh. 123–124)

Keykavusdan sonra taxta nəvəsi Keyxosrov bin Səyavuş keçir və atasının intiqamını babası Fərasyabdan alacağına and içir. O Azərbaycanın Şiz və Ər-Ran bölgəsində babası Fərasiyab bin Beşek bin Zay Erşen bin Türkü öldürdü. Deyilənə görə bu Türk digər Türklərin cəddidir. Keyxosrov Türklərin Çin ölkəsinə qədər olan torpaqlarını fəth etdi. Rəvayətə görə Keyxosrov yüz iyirmi il hökm sürmüş nəhayət uzun illər ərzində Türklərlə sürdürdüyü savaşların birində mühasirəyə alınaraq onlar tərəfindən öldürülmüşdür. Keyxosrovun oğlu olmadığından ondan sonra taxta Luhrasf oturdu. Onun nəsli Bəlx tərəfdə oturan bir tayfaya mənsub idi ki, baş şəhərləri Bəlx adlandırılan Ceyhun çayının sahilində yerləşən Kalif şəhəri idi. Onlar taxt-tac Luhrasfın qızı Humayəyə keçincəyə qədər Bəlxdə yaşadılar. Humayə İraqa köçüb Mədain şəhərini özünə mərkəz etdi. (Məsudi, 2006, Səh. 125)

Fars tarixçisi Təbəri tarixində Əfrasiyab böyük bir xaqandır. Doğu yönündəki Türklər və tatarlar onun hakimiyyəti altındadır. Paytaxtı Bəlx şəhəri olmaqla bəzi zamanlar Mərv şəhərində də otururdu. Təbəridə Əfrasiyab və türklər haqqında verilən bilgilər Firdovsinin “Şahnamə“si ilə bənzərlik təşkil etsə də ondan daha əhatəlidir. Yalnız adların yazılışında müəyyən fərqlər mövcuddur. Əfrasiyabın və Türklərin ulu babası olan Tur Təbəridə bəzən Toç olaraq da göstərilir. Təbəri tarixində Şahnamədən fərqli olaraq Əfrasiyab və onun mənsub olduğu xalqdan turanlılar deyil, türklər və bəzən də Türkistan olaraq bəhs edilir. Təbəri rəvayətləri bir-biri ilə qarşılaşdırmadan müxtəlif variantlarda təqdim edir. Milliyətcə fars olan Təbəri Təbəristanda (indiki Mazəndəran) doğulmuşdur.

Təbəri Tatar, cağatay, saklar, Quranda adı keçən yəcuc və məcuclar (Tövratda Qoq və maqoq) və bunlara bənzəyən xalqların Nuh peyğəmbərin oğlu Yafəsin oğlu Turdan törədiklərini yazır.

Təbəri tarixində Kayumərs Həzrəti Adəmdir ki, bütün dünya xalqları ondan törəmişdir. Adəmin dünyaya gəlməsindən Məhəmməd peyğəmbərin zamanına qədər 6003 il keçmişdir. Kəyumərsə Key-kuh da deyilirdi. Key-şah, kuh isə dağ deməkdir (mənası yüksək-ali şah, yəni şahənşah olub Farsların Kəyanilər sülaləsi öz adlarını burdan götürmüşlər). Farsların yaradılış əfsanəsinə görə Kayumərsə Gilşah da deyilmişdir, çünki o palçıqdan yaradılmışdı. (Taberi, Ciıd I, 2007, Səh. 10)

Digər bir rəvayətə görə Kayumərs Adəmoğullarında olub adı Ham idi. Bütün insanlar, o cümlədən Kayumərs də Adəmin oğlu Şit peyğəmbərin törəməsi idi. Çünki Adəmin Şitdən başqa oğlu qalmamışdı. Şit öldükdən sonra qardaşlar arasında ixtilaf baş qaldırır və Kayumərs oğullarını da götürüb Dəmavənd dağına gələrək burda bir mağaranı özlərinə məskən edirlər, otuz il burda yalnız yaşayıb artıb çoxalırlar. Kayumərs Dəmavənd dağına gəlmədən öncə bu dağlar divlərin məskəni idi.

Kayumərs Allahın ona bəxş etdiyi qüvvətlə ağac dəyənəkdən və sapanddan istifadə edərək həmin divlərlə mübarizə aparır, onları Dəmavənd dağından qovurdu. Kayumərsin Hüsnək adında bir sevimli oğlu vardı, divlər Kayumərsdən intiqam almaq məqsədilə oğlu dağın başında dua və səcdə edərkən başını daşla əzib öldürdülər. (Taberi, Cild I, 2007, Səh. 121–123)

Kayumərsin yuxusunda bir nurani qoca ona oğlunu öldürən divlərin yerini nişan verir. Kayumərs o divlərin yaşadığı məkana üz tutur, Bəlx şəhərinə çatır və divlərin bir çay sahilində yerləşən yerini tapır. Divlərlə savaşıb onları məğlub edərək pərən-pərənə salır və divlərdən üçünü əsr edir. Kayumərs iki çay arasında bir şəhər salmaq istəyir və divlər o şəhərin sərhəd cizgilərini çəkərək yerini müəyyən edirlər. Kayumərs divlərdən birinə öz möhürünü verərək Damavənd dağına oğlanlarını öz yanına dəvət etmək üçün göndərir. Oğlanlarından güclü olanları şəhəri inşa etmək üçün atalarının yanına gəlirlər zəif olanlar isə həmin dağda qalmaqda davam edirlər. Kayumərsın inşa etdiyi şəhər Bəlx şəhəri idi. Şəhərin inşası tamam olunca Kəyumərs Mari (başqa bir rəvayətdə Mehlail) adlı oğlunu Bəlx şəhərində özünə varis teyin edib, digər oğulları ilə birlikdə divlərlə savaşmağa gedir. Onları məğlub edərək çoxusunu əsir alır və məskən etdikləri yerlərdən qovur. (Təbəri, Cild I, 2007, Səh. 122–125)

Təbərinin nağıl etdiyi rəvayətlərə görə 700 il hökm sürmüş Kəyumərsin və övladlarının dövrü başdan başa divlərlə mübarizədən ibarət olmuşdur.

Məsudinin yazdığına görə Kəyumərs farsların ilk kralıdır. Rəvayətə görə Kayumərs Umeym bin Lavid bin Erem bin Sam bin Nuhdur. Çünki Farsa ilk yerləşən Kayumərsdir. Rəvayətə görə kralsız olan farslar Kayumərsin yanına gedib onlara kral olmasını rica etmişlər o da farsların ona itaət edəcəkləri və dediklərinə əməl edəcəkləri şərti ilə buna razılıq vermişdir. İstəhr şəhərində yaşayan Kayumərs qırx il hakimiyyət sürmüşdür. Ondan sonra taxta onun qardaşı Ohşenc (Huşəng) bin Ferval çıxdı ki, Hindistanda yaşayırdı. Ondan sonra qardaşı Tahmurəs, sonra da onun qardaşı Cim (Cemşid) hökmdar oldu. Sonra Dəhhaq adı ilə tanınan Biyvərasb taxta çıxdı. Onun Yəmənli bir ərəb olduğu iddia edilir. (Məsudi, səh. 11-120)

Təhmuras və Cəmşid qardaşları Kayumərsin Hüsnək adlı oğlunun övladları idilər. Cəmşid rəvayətə görə min il padşahlıq etmişdir. Ədalətli padşah kimi təsvir olunan Cəmşidin taxtda oturub xalqın dərdlərini dinlədiyi günə Navruz deyilmişdir.

Rəvayətə görə Nuhun tufanından sonra yer üzünün bütün insanları onun üç oğlundan Yafəs, Ham və Samdan törəmişlər. Xəzər dənizinin quzeyi ilə quzey batısına köç edən xalq və türklər bir çox digər tayfalarla birlikdə Nuhun böyük oğlu Yafəsin törəmələridir. Ərəb və farslar və nə qədər ağ üzlü insan, bilgin, din adamları varsa hamısı Samın törəmələridir. Zəncilər, hindlilər, bütün qara dərililər və zalimlər varsa hamısı Hamdan törəmələrdir.

Nuhun tufanından min il sonra Nuhun oğlu Yafəsin soyundan bir hökmdar gəldi, adı Dəhhaq ləqəbi Əjdərha idi. Çünki iki çiyninin başında iki parça ət meydana gəlmişdi ki, ilan başına bənzəyirdi. O Şahnamədə Zöhhaq adı ilə tesvir olunur. Dəhhaq bütün dünyaya hökm edərək cahanı öz ovucu içərisində tutan zalim hökmdardı. Çiyinlərində meydana çıxan çibanlar üzündən bədənində ağrı və qaşınmadan çox əziyyət çəkirdi. Ağrılarının səngiməsi üçün hər gün iki cavan adamı öldürüb beynini çibanlarına sürtürdü. Olduqca zülmkar və qaniçən idi. Bir gün Gavə adlı dəmirçinin iki oğlunun öldürülmək sırası gəlir. Gavə buna etiraz olaraq dəmirçi önlüyünü bayraq kimi qaldıraraq xalqı ətrafına toplayır və Dəhhaqa qarşı üsyan qaldırır. Cəmşidin oğlanlarından Firudin Dəhhaqın qorxusundan qaçıb Dəmavənd dağında gizlənmişdi. Gavə onu tapıb İran taxtına oturtdu. Sonralar Gavənin dəridən olan “Direfşi Gavyani” adlandırılan o tarixi İran bayrağını Xəlifə Ömər Yəzdigərd dönəmində farslara qalib gəldikdən sonra üzərindəki cəvahiratı çıxararaq yandırmışdır.


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 10 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации