Электронная библиотека » Ələsgər Siyablı » » онлайн чтение - страница 9


  • Текст добавлен: 6 октября 2022, 14:40


Автор книги: Ələsgər Siyablı


Жанр: Прочая образовательная литература, Наука и Образование


сообщить о неприемлемом содержимом

Текущая страница: 9 (всего у книги 30 страниц) [доступный отрывок для чтения: 10 страниц]

Шрифт:
- 100% +

Namri tayfası sak-iskit irqinin bir qolu və elamlarla qohum tayfa olmuşdur və mixi yazı mətnlərindən də göründüyü kimi onlar Zaqros dağlarında, Kiçik Zab çayının ətrafına məskunlaşmışdılar. Bir çox müəlliflər Nimrud ilə Zərdüşt arasında müəyyən əlaqələrin mövcud olduğunu qeyd edirlər. Samilər Nimruda Orion ulduz bürcünün təmsilçisi kimi sitayiş edirdilər. Əfsanəyə görə Orion tərəfindən dəvət edilən Zərdüşt atəşdə qeyb olmuş və ilahiləşdirilərək küllü babillilər tərəfindən tilsim kimi istifadə olunmuşdur. Babildə xalqın Nimruda ümumi batil sitayişi sonradan bir çox Yunan əfsanəsinin qaynağını təşkil etmişdir.

Norris Zərdüştlə əlaqədar oda sitayiş kultunun necə formalaşdığı haqqındakı rəvayətləri də nəzərdən keçirərək yazır ki, Oda sitayiş və Nimrudla əlaqədar hadisələr nə qədər Babillə və samilərin İbrahim peyğəmbərin sobası ilə əlaqələndrilsə də, qədim zərdüştilərin oda sitayişin kökü saklarla əlaqələndirirəm. İndi aydınlaşdıraq görək bu Namri və ya babilli kimdir və onun saklarla etnik əlaqələri nədən ibarətdir. (E.Norris, Memoir on the Scythic Version of the Behistun İnscription, 1852, Səh. 229, 230)

Norris Nimrudu ari və samilərdən fərqli sak-iskit mənşəyə malik olduqlarını müəyyən edir. Sak-iskitləri samilərin işğalına qədərki dövrdə Batı Asiyada neçə müddət hökmranlıq etdikləri dəqiq məlum deyil, sak-iskitlər bəşəriyyətin sosial təşkilatının başlıca hərəkətverici qüvvəsini təşkil edirdilər. Onlar eyni zamanda və ya tədricən hərəkət edərək ilk öncə İranın güneyi üzərindən Hindistana, digər istiqamətdə isə Misirə, Efiopiya və Nimibiyaya və Ərəbistanın cənubuna doğru hərəkət etmişlər. Eyni zamanda onlar Suriya və Kiçik Asiya üzərindən Yunanıstana, İtaliyaya, Qafqaz üzərindən quzey istiqamətində Avropanın və Asiyanın ən ucqar guşələrinə yayılmışlar. (E.Norris, 1852, Səh. 232)

E.Norris turanlı iskit-sakların dünyaya yayılmasının mərkəzinin Sumer olduğunu qeyd edir və yazır: “Biz belə bir nəticəyə gəlirik ki, samilər və arilər tarix səhnəsinə qədəm qoymadan öncə Asiyanın, Avropanın və Afrikanın əhalisini əsasını təşkil edən böyük iskit-sak kütləsinin danışdığı dilin söz ehtiyatı az və ya çox dərəcədə bir-birlərindən fərqlənsə də, oxşar qarammatik və dil qruluşuna malik idilər”. (E.Norris, 1852, Səh. 232)

Avestanın təqribən e.q. 1737-ci ildə yazıldığı güman olunur ki, həmin ili Pəhləvi ənənəsində “din ili” kimi qeyd edirdilər. Həmin dövrdə hər hansı bir iran-arilərdən söhbət gedə bilməzdi. O dövr Assur, Babil və Xatti dövrü idi. Zərdüşt Avestanın ən qədim hissəsi olan Qatları yazmışdır.

Zərdüştün təxminən e.q. 800-ci illərdə yaşadığı ehtimal olunur. Zərdüştün mənsub olduğu Midiya konfederativ dövləti e.q. 714-713-cü illərdə yaranmışdır.

Avestanın meydana gəlməsinin iki versiyası vardır “midiya” və “şərq” versiyaları. Midiya versiyasına görə Zərdüştün vətəni Araz çayı ətrafı və Xəzərin cənubundakı Midiya şəhəri olan Raqudur. Əfsanəyə görə zərdüştiliyi ilk qəbul edən midiyalıların “Maq” tayfası olmuşdur ki, sonralar atəşpərəstlik kahinləri yalnız bu tayfaya mənsub olanlardan ibarət olurdu. İkinci versiyaya görə Zərdüştün vətəni şərqi İran, Xarəzm və Baktriya olmuşdur.

Şərq versiyasına görə Zərdüştliyin qərbdə Midiya maqlarının dini etiqadına çevrilməsinin səbəbi e.ə. VIII əsrdə Midiya sak tayfalarının dağıdıcı istilasına məruz qalmasıdır. Dinc oturaq həyata alışmış midiyalılar üçün köçəri sakların viran edici ağalığı dözülməzliyindən irəli gələn psixoloji atmosfer dinc oturaq maldarlıq həyatını vəsf edən yeni dinin qəbul edilməsinə əlverişli şərait yaradırdı. İlk olaraq maq tayfası yeni dinin onlar üçün uyğun olan hissəsini Qatlari mənimsədilər, haoma və onunla əlaqədar ritualları mənimsədilər və qədim hind-iran tanrılarını isə redd etdilər. Şərqdəki zərdüştilərdən fərqli olaraq maqlar uzun müddət ərzində qətiyyətlə təktanrılığı qoruyub saxladılar. E.q. 671-ci ilə doğru Müstəqil Midiya çarlığının yaranması ilə maq tayfası içərisindən zərdüştilik dininin vaizləri və kahinlərindən ibarət xüsusi bir “maqlar” təbəqəsi ayrıldı. Bu maqlar Midiya çarlarının Ekbatandakı sarayında rəsmi din xidmətçiləri funksiyasını da yerinə yetirirdilər. Ammian Marselli yazırdı ki, Zərdüştün dövründən etibarən xüsusi ailədən olan maqlar nəsildən-nəsilə din başçıları təyin edilirdilər. İlk əvvəl onların sayı az olsa da sonradan çoxalmışlar. Maqlar adət-ənənələrinə görə digər təbəqələrdən fərqlənirdilər. Onlar xüsusi hörmət və nüfuza malik olmuşlar. Zərdüştilik Qatlarındakı bütün təbəqələrin tanrı qarşısında bərabərlik ideyası, vahid güclü hakimiyyətin təqdir edilməsi, “divlərin” tanrılarına olan etiqadın və kahinlər təbəqəsinin ittiham edilməsi hakim dairələrin maraqlarına tamamilə uyğun idi. E.q. 550-ci ildə Midiyanın Farslar tərəfindən işğalından sonra da maqlar yenə də çox nüfuzlu təbəqə olaraq qalmaqda davam edirdilər. (И.В.Рак, 1998)

Avestanın təqdim etdiyi dini təlimin və bütövlükdə zərdüştülik dini sisteminin formalaşmasında qədim Turan dini etiqad sisteminin böyük təsiri olduğunu bir çox tarixçi və sumeroloqlar təsdiq etməkdədirlər. Onların irəli sürdüyü fikirlərə görə Zərdüştülik öz ilkin formasında bir Turan dini olmuş, lakin sonradan Əhəmənilər və xüsusən də Sasanilər dövründə iranlı arilərin dini inanc sisteminin təsiri ilə təhriflərə məruz qalmışdır. Təbiət hadisə və qüvvələrinə etiqadı, sehrbazlıq, fala baxma və ovsunçuluq kimi şamanizmə xas keyfiyyətləri özündə əks etdirən Zərdüştlikdəki oda tapınma sonrakı dövrlərdə transformasiyaya uğrayaraq atəşpərəstlik şəklində ifrat forma kəsb etmişdir.

“Midiya tarixi” əsərinin müəllifi rus assuroloq Zinaida Raqozina Turanın zərdüştlük dini üzərində təsirindən bəhs edərək bu təsirin, yəni Turan izlərinin Avestada aşkar edilməsini ən ümdə məsələ hesab edir. Onun yazdığına görə maday tayfaları şərqdən İranın qərb ərazilərinə hərəkət etdikləri zaman Xəzər dənizi ətrafı və onun cənubundakı Hirkaniya ərazilərindən keçməklə Xəzər, Urmiyə və Van gölü arasında yerləşən və indi Azərbaycan adlanan ərazidə yerləşmiş, orda məskunlaşan köçəri “vəhşi” turan tayfaların primitiv dini görüşlərinin təsirinə məruz qalmışlar. Avestanın Videvdat hissəsində öz əksini tapmış təbiət qüvvələrinə hədsiz inam, cadu və dualarla şəfa vermə, hər addımda insanları təqib edərək onları məhvə doğru sürükləyən cin və şeytanların varlığına inam kimi “ari mənəvi ruhuna uyğun olmayan batil etiqadlar” Turan dini inanc sisteminin təsiri ilə izah oluna bilər. Midiyalılar Xəzər ətrafı ərazilərdə və Zaqrosda, yəni Sumer və Akkadda məskunlaşmış və üç əsr ərzində iç-içə yaşadıqları sonradan isə sıxışdırıb çıxardığı sarı irqə mənsub turanlıların da midiyalılar üzərində müəyyən təsiri vardı. Şeytana sitayişi də əhatə edən cadu, ovsun və fala baxma kimi batil etiqadlara inancın hökm sürdüyü Sumer və Akkadın da daxil olduğu və turan elementlərinin üstünlük təşkil etdiyi regionda doğulan Zərdüşt peyğəmbər burda lazımi anlayışla qarşılanmayaraq şərqə mühacirət etdi. Peyğəmbər öldükdən sonra onun təlimi onun doğulduğu qərbdə də uğurlu şəkildə yayılmış, bu zaman Qatlar və Avestanın digər bölümləri arasında meydana çıxan fərqliliklər Turanın təsiri ilə baş vermişdir. Beləliklə, Zərdüşt dininin ilkin saflığı qədim ari miflərinin qalıqları ilə təhrif olundu. (З.Рагозина, 1903, Səh. 167–171)

Z.Raqozinanın Qatlar və Avestanın digər bölümlərində Zərdüşt peyğəmbərin ölümündən sonrakı dövrlərdə baş verən dəyişiklik və təhriflərin Turanın təsiri ilə baş verdiyi haqqındakı fikirləri gerçəkliyi əks etdirmir. Əksinə Zərdüşt peyğəmbərdən sonra iranlı ari dinin təsiri ilə Zərdüştliyin kökünü təşkil edən Turanlı inanclar təhrifə məruz qalmış, Mitra, Anahit və ifrat atəşpərəstlik kimi etiqad ünsürləri ona əlavə edilmişdir.

Avestanın fransız dilinə tərcüməçisi De Herlez də kitaba yazdığı şərhlərdə Turanın Avestaya təsirinin dərinliyindən bəhs edərək yazır: “Vendidadda rast gəldiyimiz ofsunlar, xəstəliyi və ölümü dəvət etmə, sonra da onları dua və ovsunların köməyilə qovma Sumerdən və Turan midiyasından galmadır… Avestada deyilir ki, ən yaxşı həkim müqəddəs sözlərlə şəfa verir. Avesta dünyasında mövcud olan çoxsaylı divlərə, onların həssas fəaliyyətinə inam, onların davamlı təcavüzünə qarşı istifadə olunan ofsun və cadu kimi Zərdüştlük dininin qaranlıq tərəfləri xaldey və turan düşüncəsinin məhsuludur”. (З.Рагозина, 1903, Səh. 172)

Zərdüşlükdə ayin zamanı istifadə olunan Baresma adlı çubuq dəsti Raqozinanın qənaətinə görə Turan təsirinin nəticəsidir. Bütün qədim Turan xalqları, o cümlədən saklar və hunlar söyüd çubuq dəstindən fala baxma vasitəsi kimi istifadə edirdilər. Dini ayin zamanı kahin əlində tutduğu çubuq dəstini qabağa uzadırdı ki bununla şər ruhlarının özündən və altardan uzaqlaşdırdığına inanılırdı. Midiya kahinləri olan maqları dini ayinlərə baresmasız heç zaman başlamazdılar.

Əhəmənilər dövründə zərdüştlik təliminin ilkin din xadimləri olan və onun təmizliyinin qorunmasında məsul olan Midiya maqlarının gostərdiyi müqavimət və üsyanlar amansızlıqla yatirilmış və tədricən maq kahin təbəqəsi Atəşpərəstlik kahinləri olan Atrvanlarla əvəz olunmuşdur.

Raqozinaya görə Zərdüştlikdə oda sitayiş o dərəcədə ifrata vararaq ciddi ritual şəklini almışdı ki, Zərdüştün tərəfdarları “atəşpərəst” kimi iyrənc bir ad almışdılar. Odun qoruyucusu mənasında olan “Atravan” sözü Qatlardan başqa bütün Avestada dini rahib adlandırılır, yalnız Qatlarda o “Hikmət ustadı”, ”Qanun şərhçisi” kimi adlanır. Məlum olduğu kimi təbiət hadisələrinə etiqad Turan dünyagörüşünə xas bir inamdır. Müəllif Avestada mühüm əhəmiyyətə malik fravaşidəki ruhlara müracətlə çağrıda heyvanlara və hətta qeyri canlıların ruhuna müraciətləri Turan dünyagörüşünün zərdüştlük dininə təsiri kimi qiymətləndirir. (З. Рагозина, 1903, Səh. 177–178)

“Bir sıra başqa din yönəticiləri, alim və araşdırıcılar Zərdüştliyi Atəşpərəstlik-odsevərliklə eyniləşdirib, bərabərləşdirib belə iddia etmişlər ki, guya zərdüştilər Odu tanrı saymış, Günəşi tanrı sayaraq onun yerdəki rəmzi oda sitayiş etmişlər. Bu kökündən doğru deyil. Zərdüştilər odu müqəddəs saymış, ancaq onun qarşısında baş əyəndə tanrı Ahuramazdaya dua oxumuşlar”. (Ebülfez Elçibey, 1998, Səh. 81)

Dyakonovun yazdığına görə e.q. IX–VIII əsrlərdə Atropatenada iran dilində danışmırdılar. Belə bir fikir də mövcuddur ki, “Avesta” öncə elam və ya hurri dilində yazılmış və sonra da iran dilinə tərcümə olunmuşdur. Zərdüştün vətənini Azərbaycan və ya Raq (Rey-Tehranın yaxınlığında) şəhəri hesab edirlər. Avestada hətta belə bir ənənə mövcuddur ki, Zərdüşt Raq şəhərinin hakimi olmuşdur. Mümkündür ki, Zərdüşt dinini təlim edən kahinlərin səfərbər edildiyi maq tayfası Raq şəhərindən idilər. (Дьяконов И., Т I, 2012, Səh. 59)

Herodot da midiyalıların altıncı tayfasını maq adlandırır. Midiya kahinləri də hamı tərəfindən bu adla tanınırdılar. Avestada isə iranlı arilərin təsiri ilə kahinlər tamamilə ayrıca bir təbəqəyə çevrildikdən sonra fərqli bir ad olan Atravan adlanırdılar. Buradakı ziddiyət ondan ibarətdir ki, heç şübhəsiz Avestanın qanunlarının və dini təlimlərinin keşikçiləri olan maqlar Avestanın ruhuna yad və zidd olan çoxlu ünsürlər, o cümlədə falçılıq və onların adı ilə bütün dünyada maqiya adlanan batil inanışlar daxil etmişdilər. Onlar müqəddəs hesab etdikləri itdən başqa bütün canlıları himn oxuyaraq qurban verirdilər. Onlar həmçinin Şər ruhuna səcdə edir və həsr edilmiş rituallarda xaoma adlı bitkinin şirəsini qurdun qanı ilə qarışdıraraq Şər və Zülmət ruhuna müraciət edir və bu qarışığı heç zaman günəş şüası düşməyən bir yerə tökürdülər. Bütün bunlar Avestanın ruhuna zidd olan belə allahsızlıq və kafirlik hərəkətlərini əsl iranlı mazdaçı olan Atravanlar yerinə yetirməzdilər. Lakin bunlar ruhlara etiqad edən sumer-akkadların turan şamanizmi ilə də bir araya sığmır. Olsa-olsa bu biabırçı xurafat Laplandiyadan başlamış Sibir, Ural-Altay və Orta Asiya şamanlarının qədim barbarlıqlarının qalıqlarıdır. (Рагозина, 1903, səh. 302)

Raqozina ariçilik ruhuna uyğun olaraq Avestaya sonradan daxil edilmiş iranlı atəş keşikçiləri olan Atrvanları zərdüştlik təliminin və ilkin Avestanın qanunlarının keşikçiləri olan maqlara qarşı qoyur. O atravanları maqlardan üstün tutaraq onları əsl iranlı mazdaçı adlandırır.

Bütün bunlardan belə nəticə çıxarmaq olar ki, maqlar Qərbi İranda midiyalıların yerləşdikləri ərazidəki yerli xalqların kahinləri olmuşlar. İranlılar bu ərazini zəbt etdikdən sonra Zərdüşt dini sistemində böyük nüfuza sahib olan və onlara tabe olmaqdan imtina edən maqlara təzyiqlər edərək güzəştli razılaşma əsasında kahinlik görəvlərini maqlardan alaraq Atravanlara verilmişdir. Bu dəyişiklik Avestada Vendidanın mühüm hissəsində nəzərə çarpan Turani izlərdə özünü göstərir. Maqlar sonrakı dövrlərdə çoxlu ərazilərə və hətta Raqa və Ekbatan kimi şəhərlərə malik olan qüdrətli bir zümrəyə çevrilmişlər. Kahin maqların ali rəhbərləri Raqada otururdu və onlar öz torpaqlarında özlərini dövlət içində dövlət şəklində təxminən müstəqil hökmdarlar kimi hiss edirdilər. Maqların Midiya gələnəyinə görə cəmiyyətdə malik olduqları üstün mövqe hakimiyyəti hiylə və xəyanət yolu ilə Midiyalılardan zəbt etmiş Əhəmənilərin hökmranlıq prinsipinə xələl gətirirdi. Hakimiyyətə şəriksiz sahib olmaq üçün Əhəmənilər maqlara qarşı bir çox amansız qətliamlar törətmişdilər.

VII FƏSİL. Sakistan Sakları və Farslar arasında mübarizə

İstər Şahnamədə, istərsə də Təbəri tarixində və digər mənbələrdə çox zaman Turan xaqanı Əfrasiyabın və Sistan hökmdarı Rüstəm bin Zalın şəcərəsi eyni olaraq göstərilir. Məsələn Təbəridə o Əfrasiyab bin Fəşənc bin Rüstəm bin Türk kimi, onun nəql etdiyi başqa bir rəvayətdə Əfrasiyabın atası Şəhrasp kimi, başqa bir yerdə Əfrasiyabın şəcərəsi Erşap bin Toç bin Efrudin kimi qeyd olunur. Rüstəmin ulu babası Nəriman da Toçun (Tur) övladlarındandır. Rüstəmlə Əfrasiyabın eyni şəcərəyə malik olması təsadüfi deyildir. Tarixi qaynaqlarda Əfrasiyab həmçinin Turani bir xalq olan sakların ulu hökmdarı kimi də təqdim olunur. Qədim miniatürlərdə Əfrasiyab və Rüstəm Zal eyni şəkildə Sakların totem əcdadları olan bars dərisi geyimində təsvir olunurlar.

Turanlıların qarşısında İranı müdafiə edən əsas qüvvə Sistan/Sakistan cahan pəhləvanları Zal və onun oğlu Rüstəmdir. Onlar da çox zaman saklara xas keyfiyyətlər olan sehrbazlıq üsullarından turanlılarla mübarizədə istifadə edirlər. Saklar və turanlılar eyni kökdən olmalarına baxmayaraq, Cəmşidin zamanından turanlılara qarşı iranın əsas müdafiçiləridirlər.

Qaynaqlarda Sistan saklarının təqdim olunan şəcərəsində turanlılarla eyni kökdən olduqları göstərilir. Bu şəcərəyə görə Cəmşid Zöhhaka məğlub olaraq Sakistanın bir vilayəti olan Zabulistana gedir və oranın hökmdarının qızı Quranq ilə evlənir. Bu izdivacdan doğulanların varislərindən biri Tur, onun oğlu Şidas, onun oğlu Turaq, onun oğlu Şam, onun oğlu Nəriman, onun oğlu Sam, onun oğlu Zal, onun oğlu isə məhşur pəhlivan Rüstəmdir. (X.Короглу, 1983, Səh. 94–95)

E.q. VII əsrdən etibarən yüzilliklər ərzində Asiyanın və Avropanın Orta Asiyadan başlayaraq Qara dənizin şimalı, cənubda isə Ön Asiya da daxil olmaqla İran coğrafiyasını da əhatə edən böyük bir ərazidə saka-iskit dövləti mövcud olmuşdur. Sakların bir qolu qədim zamanlardan etibarən indiki Əfqanistanın və İranın bir hissəsini əhatə edən Sasanilər dönəmindən etibarən Sacistan (Sistan) adlandırılan Sakistanda məskunlaşmışdılar. Saklardan öncə isə bu ərazi Darinqian adı ilə yenə də bir Turani mənşəyə malik və e.q. IX əsrdən etibarən qərbdə Araz çayı və Zaqros dağlarından başlayıb şərqdə Sırdərya (Oksus) və Hind çayları arasında məskunlaşmış madlara, yəni Midia (e.q. 715–550) dövlətinə mənsub idi.

Saklar nə qədər iranlı mənşəyə aid edilsə də, onların etnik kök etibarı ilə türk mənşəli olduqları malik olduqları adət və ənənələrlə də isbat olunur. Şahnamədə saklara aid bir neçə ənənəvi adətlər də öz əksini tapmışdır. Səyavuş öldürülüb başı kəsilərkən onun qanı sak adətinə uyğun olaraq bir kasaya yığılır. Başqa bir hadisə zamanı iranlı pəhlivan Qodərz Əfrasiyabın vəziri Piranı öldürdüyü zaman onun qanını bir kasaya dolduraraq içir. Düşmənin qanını içmək saklarda bir qələbə ritualı idi. Sakların türklərlə əlaqəsini sübut edən digər bir fakt Şahnamədə Əfrasiyabın atası Peşəngin Qardaşı Vislə əlaqədardır. O Avestada Vaesaka adlanır ki, bu adın ikinci tərkibi olan “saka” birbaşa sak etnoniminə işarə edir. (X.Короглу, 1983, Səh. 92–93)

Zərdüştlik sehrbazlığı qadağan etmişdi. Şahnamədə və digər qaynaqlarda Əfrasiyabın, Ərcaspın və digər turanlıların sehrbazlığı və müxtəlif ovsunçuluq ayinləri haqqında geniş bəhs olunur. Sehrbazlıq və ovsunçuluq türk şamanizminə xas xüsusiyyətlərdir. Turanlılar iranlılarla döyüşlərdə müxtəlif sehrbazlıq üsullarından istifadə edirlər.

Toharıstan, Kabul və Zabulistanın qədim zamanlardan etibarən türklərin hakimiyyəti altında olduqları bir sıra qədim mənbələrdə də öz təsdiqini tapır. Biruni Kabul şahlarının mağarada dünyaya gəlmiş bir Türk şahzadəsinin soyundan gəldikləri haqqında qədim türk əfsanəsindən bəhs edir. Əfsanəyə görə Kabuldakı bir mağaraya insanların gözü qarşısında uzun pırpız tüklü bir heyvan (qurd) daxil olmuş bir müddətdən sonra ordan türk geyimində və hökmdar başlığı geymiş silahlı Baraq teqin adlı bir türk şahzadəsi çıxmışdır. Xalq möcüzəvi yaradılışına sayqı ilə yanaşaraq onu Kabulşah ünvanı ilə özlərinə hökmdar seçmiş və əcdadları da altmış nəsil olmaqla orda hökmdarlıq etmişlər. (Кляшторный С. Г., 1980, Səh. 158–161)

Bu xaqan hakimiyyətinin müqəddəsliyi və tanrı tərəfindən verildiyi haqqında türklərin mağara ana və heyvan əcdad totem ənənəsinə uyğun bir əfsanədir.

İstər Şahnamədə, istərsə Təbəri tarixində və digər qaynaqlarda verilən bilgilərə görə bütün İran tarixi ərzində ölkəni Turan ordusunun istilasından qoruyan, Turan-Türk xaqanı Əfrasiyabın həmlələrinin qarşısını alan, İran hakimiyyət sülalələri Kəyanilərin, Pişdadilərin taxt-tacını Türklərdən xilas edən və bölgədə iranlıların hakimiyyətinin mövcudluğunun əsas qarantı olan qəhrəmanlar özləri də mənşə etibarı ilə turani saklar olan Sam, Zal və Rüstəm olmuşdur. Tur tərəfindən öldürülən İrəcin oğlu Manuçehr, oğlu Nuzərə vəsiyyət edir ki, İran taxtına qarşı ən böyük təhlükə olan Turan xaqanı Əfrasiyaba qarşı mübarizədə sənin ən yaxın köməkçin və arxan Sam və Zal olacaqdır.

Sistan-Saqistan saklarının soy kökündən bəhs edən İran tarixçisi İtimadüs-Səltənənin yazdığına görə: “Saka və ya Sas Turanlı boyların qollarından biri idi… Onlar eyni Seqzi elidir ki, Sistanda yaşamışdılar və buna görə də Sistanı Seqistan adlandırmışlar və ərəblər bu adı ərəbləşdirərək Secistan kimi ifadə etmişdilər. Seqzi və ya Sas daha sonra Massaget adlanmışlar. Firdovsi də Seqserləri Sas boyuna bağlı olduqları üçün Turanlı kimi təqdim etmişdir. Kəyani sülaləsindən öncəki dövrlərdə İranın Pişdadilər sülaləsinə qarşı mübarizədə Partlar (Parfiyalılar) Sasları (Sakları) yardıma çağırıırdılar. Sonralar Partlar İranda Eşkani dövlətini qurduqdan sonra da lazım olduqda Sas boylarından yardım alırdılar. Qara dəniz tərəfdən Bab əl-Əbvab-Dərbəndə qədər və Xəzərin şərq sahilindən Ceyhuna qədər uzanan divar Sasların hücumlarının qarşısını almaq üçün idi. Onlara Qut=Qet və ya Massaget deyirlərdi. Qet və ya Massaqet eyni ilə Yəcuc və Məcucdur, Tövratda Qoq və Maqoq kimi yazılmışdır”. (M.T.Zehtabi, 2010, səh. 197)

Firdovsinin yazdığına görə İran hökmdarları qarşısında göstərdikləri misilsiz xidmətləri müqabilində ilk dəfə Rüstəmin babası Sama pəhlivanlıq və Sacistanın (Sakastanın) ispehbədi, yəni hərbi valisi ünvanını Pişdadilərdən Firudin oğlu İrəc vermişdir.

Rəvayətə görə Samın doğuluşdan saçları ağ olan bir oğlu dünyaya gəlir. Oğlunun eybəcərliyindən utanan Sam onu kimsəyə göstərmədən Əlburz dağında Simurq quşunun yuvasına qoyur. Simurq adı Zal (farsca qoca deməkdir) olan uşağı böyüdür. Gələcəkdə böyük qəhrəman olacaq Zal uşaqlıqdan süd əvəzinə qan əmir. Boya-başa çatdıqda Simurq həqiqəti Zala söyləyərək onu atası Sama təhvil verir. Bu xəbər İran şahı Mənuçehri də çox sevindirir. Bu hadisəyə qədər Sam yalnız Zabilistanın ispehbədi idi, Mənuçehr fərman yazaraq Zabilistandan əlavə Sacistanın və Kabilin idarəsini də Zala verir.

Keykavus Yəmən padşahı tərəfindən əsir alınarkən onu əsirlikdən Sacistan ispəhbədi Rüstəm xilas etmişdir. Bu qəhrəmanlığına görə bir təşəkkür borcu olaraq Keykavus onu hökmdarın bəndəsi olmaqdan azad edərək Sacistan və Zabilistanı arpalıq olaraq onun idarəsinə verdiyi haqqında yazılı fərman təqdim edir. Başına qızılla işlənmiş tac qoyur, ayaqları qızıldan düzəldilmiş gümüş taxta oturdur. (Təbəri, cild II, 2007, Səh. 734–735)

Turan qoşunları İranın böyük hissəsini, o cümlədən Zabilistanı və Sacistanı işğal etdiyi zaman yenə də Zal oğlu Rüstəm böyük qehrəmanlıq və şücaətlə həmin əraziləri turanlılardan azad edir. Bunun müqabilində bu dəfə Kəyanilərdən Keyqubad Sacistan və Zabilistanın idarəsini Rüstəmə həvalə edir, onun başına tac qoyur, belinə qızıl kəmər taxır, eyni zamanda Rüstəmin atası Zala da daş-qaşla bəzədilmiş qiymətli libas, kəmər və tac göndərir.

Rüstəmin atasının adı Zal Sak tayfalarının bir qolunun adıdır. Saklar Rüstəmin başçılığı ilə Hindistanı Katiavar və Malavaya qədər işğal etmişdilər. Zal adı bu gün də Calavad/Zalavad və Calpatan yer adları şəklində qorunub saxlanmışdır. Rüstəm Zal dedikdə, yəni Zal qəbiləsindən olan Rüstəm deməkdir. (Zehtabi, 2010, Səh. 230)

Rüstəmin Şahnamədə İsfəndiyarla döyüş epizodu dəsvir olunur, lakin Rüstəm eramızın ilk yüzilliyində yaşayıbsa, onun İsfəndiyar və Əfrasiyabla döyüşləri mümkin görünməməkdədir. Rüstəm E.ə. VII–VI yüzilliklərdə Zərdüştlə eyni dövrdə yaşamış İsfəndiyar ilə qarşılaşa bilməzdi.

Quştasp, qardaşı Zərir və oğlu İsfəndiyar Avestada deyildiyinə görə mənşə etibarı ilə Seyistanlı, yəni Sakistanlıdırlar.

Rüstəm Şahnamədə iki aspektdə çıxış edir, bir tərəfdən o sak irqini bütün tarix boyunca Çinlə, Kuşanla və iskitlərlə müharibələrdə təmsil edir, digər tərəfdən Tanrı olaraq ona Sakistandan uzaqlarda etiqad edilir.

Firdovsi öz Şahnaməsində İran hökmdarları ilə Sacistan hakimləri olan Sam, Zal və Rüstəm arasında yalnız qarşılıqlı etimad, tabeçilik və sədaqət münasibətlərinin hökm sürdüyünü iddia edir, bu qəhrəmanların igidliklərini, şücaətlərini qürur və heyranlıqla təsvir edir. Şahnamədə təsvir olunan hadisələrdən də göründüyü kimi istər ərəblərə, istərsə uzun illər ərzində Turanlı Türklərə qarşı mübarizədə İran hökmdarlarının əldə etdikləri uğurlar yalnız Sakistan hakimləri Samın, Zalın və Rüstəmin qəhrəmanlıqları sayəsində mümkün olmuşdur. Lakin Firdovsi İranın hökmdar sülaləsi ilə bu qəhrəmanlar arasında baş verən ciddi qarşıdurmaların üzərindən sükutla keçir. Tarixi qaynaqlarda isə onlar arasında mövcud olan ziddiyyətlər və kəskin qarşıdurmalar haqqında ətraflı bilgilər verilməkdədir.

Zaman-zaman Sakistan hökmdarları müstəqil siyasət yürüdür, İran hökmdarlarının qəsbkarlıq, qonşu ölkələrə qarşı istilaçı, bütün cahana hökm etmək kimi avantyurist iddialarından təngə gələrək buna etiraz edir, İran taxt-tacının müti əlavəsinə çevrilməkdən, ona tabe olmaqdan imtina edirdilər. İran hökmdarı Beştaspın (Gəştaspın) hakimiyyəti dövründə oğlu İsfəndiyar Rüstəmin yardımı ilə onu və ölkəni Türklərin istilasından xilas etdikdən sonra Sacistan ispəhbədi Rüstəmin müstəqil siyasət yürütməsi və ona tabeçilikdən imtina etməsi Beştaspı çox hiddətləndirir. Rüstəm haqlı olaraq iddia edirdi ki, Kabili və digər əraziləri heç kimin yardımı olmadan özu Türklərdən azad etmişdir. Buna görə də Beştasp oğluna Rüstəmi tutub onun hüzuruna gətirməsini əmr edir, onu Sacistan ispehbədi Rüstəmlə savaşa təhrik edir. Təbərinin yzdığına görə İsfəndiyar hələ Rüstəmlə müharibədən öncə Türklərlə döyüşən zaman indiyə qədər heç kimin öldürməyə cürət etmədiyi müqəddəs Anka quşu Simurqu da öldürmüşdü. Sacistan sakları üçün xilaskar totem olan bu quşun öldürülməsi simvolik xarakter daşıyır. Atasının əmrinə itaət edərək İsfəndiyar İran taxt-tacının əvəzsiz müdafiəçisi və dövlətin sadiq müttəfiqi Rüstəmi Zalın üzərinə hücum edir və Rüstəmlə müharibədə öldürülür.

Beştaspdan sonra hakimiyyətə gələn nəvəsi Ərdəşir bin Bəhmən hökmdar olur. O babası İsfəndiyarın intiqamını almaq üçün Sacistan üzərinə yürüş edir. Bu qanlı savaşda Rüstəm, onun atası Dəstan, qardaşı Əzvarey və Rüstəmin oğlu Fərmərəz öldürülmüşdür. (Təbəri, cild II, 2010, səh. 817–818)

Öz sadiq müttəfiqinə qarşı İran hökmdarlarının bu nankorluğu nəticəsində sakların Sakistan dövlətinin varlığına son qoyulur. Gələcəkdə farsların nankorluq xilqətinin nəticəsi olaraq eyni aqibət Midiya tərkibindəki Fars və Anşan vilayətinin ispehbədi olan Kirin xəyanəti ilə Midiya dövlətinin başına gətirilir.

Məsudi “Muruc əz-zəhəb” adlı əsərində yazır ki, İbni Mukaffanın əsgi farscadan tercümə etdiyi “Kitab əs-Sakesran” əsərində Rüstəm bin Dəstanın sərgüzəştləri, İsfəndiyar bin Beştasp bin Luhraspın Rüstəm bin Dəstan tərəfindən öldürülməsi, Bəhmən bin İsfəndiyarın Rüstəmdən intiqam alması kimi erkən Perslərin əcaib hekayə və dastanları əks olunmuşdur. (Məsudi, 2005, səh. 124)

Səlcuq sultanı Toğrulun dövründə onun Sakistana hərbi yürüşü zamanında (1051-ci il) yazıldığı təxmin edilən Anonim “Tarixi Sistan” əsərində Sistanın tarixi ilə yanaşı Əfrasiyabın İran hökmdarları ilə mübarizəsi və Sistan hakimləri ilə İran hökmdarlarının münasibətləri əks olunmuşdur. Əsərdə yazıldığına görə Sistanın, yəni Sakistanın əsasını Gəştasp bin Əsrit bin Şəhr bin Kuranq bin Tur qoymuşdur. Bir çox mənbələrdə Kuranq adının Turanq olduğu yazılmışdır.

Sistan tarixində yazıldığına görə Sakların ulu əcdadlarından və hökmdarları olan Kuranq Gəştaspın oğlu və Nərimanın atası idi. O cəmi 30 il yaşamışdır.

Gəştasp əvvəlcə Zöhhakın əmri ilə Hindistana gedir və orda hökmdara qarşı baş qaldıran əhalini itaətə məcbur edir. Bu zaman Firudin Zöhhaki məğlub edərək onu zəncirə vurur və Gəştasbı yanına dəvət edir. Əmisi oğlu olan Firudin Gəştaspı taxtda, onun nəvəsi Nərimanı isə qızıl kürsüdə taxtın qarşısında oturdur. Sonra Firudin Gəştaspı Çinə göndərir və o tabe olmaqdan imtina edən Çin imperatorunu əsir edib hökmdarın hüzuruna gətirir. Gəştaspın padşahlığı dövründə Zöhhaq Sistan üzərində heç bir hakimiyyətə malik olmamışdır. Bütün Zabili, Kabulu və Xorasanı Firudin Gərşasbın mülkiyyətinə daxil edərək ona cahan pəhləvanlıq titulunu verir. Gərşasp özündən sonra bu titulu nəvəsi Nərimana verir. Əfrasiyab on iki il ərzində İran taxtına sahib olduğu zaman Nəriman və oğlu Sam ona qarşı savaşaraq onun ölkəni tərk edib Türkistana çəkilməsinə nail olurlar. Təhmasibin dövründə Sistanın və ona bitişik ərazilərin cahan pələvan titulu Sama verilir.

Əfrasiyab yenidən İran üzərinə hücum edərək ölkəni əsarət altına aldığı zaman iranlılar Dəstana müraciət edərək onu köməyə çağırırlar. Dəstan Əfrasiyabla savaşa getdiyi zaman oğlu Rüstəmin on dörd yaşı vardı. O Keyqubadı tapıb gətirir, Türklərin ordugahına yürüşlər edərək çoxlu qəhrəmanlıqlar törədir və Türklərə qalib gəlirlər. Keykavusun zamanında Rüstəm Türkistana gedərək Səyavuşun intiqamını Türklərdən alır. Sonra Türkistana Keyxosrovla bərabər gedir və Əfrasiyabı əsir alaraq öldürürlər. (Taрихи Систан, 1974)

Sistan adı Sakistan adının fonetik variantıdır. “Tarixi Sistan”da Sistan adının əslində Siyustan olduğu və mənasının “cəsur kişilər ölkəsi” olduğu yazılmışdır. Suy adı Sakların əsl adları olan Su və Say adının ifadə şəklidir. Bu əsərdə əslində Sakların tarixi qələmə alınmış, onların Çini, Hindistanı və digər əraziləri özlərinə tabe edərək Böyük Sak dövlətinin yaranması prosesi öz əksini tapmışdır. Burda maraqlı məsələ bundan ibarətdir ki, Sakların öndəri Gəştasp Zöhhakın əmri ilə Hindistana gedib onların üsyanını yatırır və yenidən Zöhhaka tabe etdrir. Tarixi mənbələrdə Zöhhakın Midiya çarı Deyok olduğu aydın şəkildə təsbit olunmuşdur. Tarixi Sistanda Zabul, Kabul və Xorasan Zöhhaka tabeçiliyində olan ərazilər idi.

Lakin sonradan Deyok/Zöhhaq Firudin tərəfindən taxtdan devrilir və Gəştasp artıq öz əmisi oğlu Firudinin tabeçiliyinə keçir və onun əmri ilə Çinə gedir və onun hökmdarını əsir edib Firudinin hüzuruna gətirir. Firudin tarixçilər tərəfindən uydurma şəxsiyyətdir. Burda Firudin əslində Midiya hökmdarı Deyoka qalib gələrək onu zəncirə vuran və əsir edərək Suriyaya sürgün edən Assuriya hökmdarı II Sarqonun prototipidir. İranlılar tərəfindən Zöhhaq adı ilə təqdim olunan Midiya hökmdarı Deyok Fars əyalət hakimlərini məğlub edib Midiya dövlətinin tərkibinə qatan ilk hökmdardır, ona görə də İran dastan və rəvayətlərində Deyok ən mənfi şəkildə təsvir və təqdim edilir, ona vəhşi, qeyri insani epitetlər aid edilir.

“Tarixi Sistan” əsərində İsfəndiyar və Sakların başçısı Rüstəm arasındakı qarşıdurmanın səbəbi Gəştaspın Zərdüştlik dinini qəbul etməsi və Rüstəmin buna qarşı çıxması olmuşdur. Rüstəmlə qarşıdurmada İsfəndiyar öldürülmüşdür.

Midiya dövlətinin sərhədləri Orta Asiyanın xeyli hissəsini əhatə etməklə bərabər Hindistanın içərilərinə qədər uzanırdı. Sakların tarixinə həsr olunmuş müxtəlif əsərlər əslində təkcə Ön Asiyada deyil, Mərkəzi Asiyada da Midiya və Sak dövləti arasındakı mübarizəni əks etdrir. Orta əsr tarixçiləri Midiya və Sak qarşıdurmasını İran və Sak, İran və Turan arasında qarşıdurma kimi təqdim edirlər.

İlkin orta əsrlərdə Buxarada və Soqdianada tapılan nümunələrdən göründüyü kimi şəhər əsilzadələri zəngin axşam süfrəsi ətrafında ozanların dilindən Rüstəmin qəhrəmanlıqlarını bəsh edən hekayələr dinləyirdilər. Bunlar Şahnamədə nəql edilən Rüstəm hekayələrindən tamamilə fərqli bir tərzdə idi və bu Rüstəmin əsas etibarı ilə Mərkəzi Asiyalı bir Saka hökmdarı olduğundan xəbər verirdi. Xalq arasında Rüstəm haqqında söylənən hekayətlər islamdan öncə olduğu kimi islamdan sonrakı dönəmlərdə də Buxara ətrafında geniş şəkildə yayqın idi. (R.Nelson Frye, 2000)

Sakların mühüm bir hissəsinin e.ə. II əsrdə Orta Asiyadan köçərək indiki Sistanda yerləşmələri nəticəsində bu bölgə onların adı ilə Sakistan adlanmışdır. Sakların bu ölkəsinin paytaxtı o zamankı qeydlərdə “Siqil” kimi yazılırdı ki, türklərin “Çiqil” boyunun adına uyğundur. Əfqanistanın Qəndahar şəhərinin də qədim adı Çiqilabad olmuşdur. Əfqanistanın qədim bölgələrindən biri olan Dranqiana sonradan Sakestanın tərkibində olmuşdur. Bu bölgəni Makedoniyalı İsgəndər də işğal etmişdir. Dranqiana Turan-qian adının qısaldılmış şəklidir və Turanın bir bölgəsini təşkil edirdi.


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 10 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации