Текст книги "Gəncəli müdrik. M.Ş.Vazeh"
Автор книги: Nicat Əlisa
Жанр: Современная зарубежная литература, Современная проза
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 6 (всего у книги 21 страниц) [доступный отрывок для чтения: 7 страниц]
16
Payız idi. Şəfi pəncərədən həyətə baxırdı. Yağış yağır, tor tutmuş pəncərədən süzülürdü. Həyətdə söyüdün solğun saçaqları yağışda çimir, çırpınırdı. Yağış şəffaf tor kimi pəncərədən süzülür və Şəfinin ötüb keçmiş, haçansa, hardasa itib qalmış günlərini qaytarırdı.
Həyat yolunda ona toxunub keçən və hər dəfə də bir parça istəyini, odunu, ilhamını özüylə aparan günlər bir-bir pəncərədən axıb gedirdi. O, bütün varlığıyla hiss edirdi ki, hansı dar döngələrdən, hansı günəşli talalardan keçib, harda acı qədəhlər, harda dadlı şərablar içib…
Yağış yağır və Şəfi görürdü ki, elə on il əvvəl də söyüd beləcə yağış tufanında çimir və çırpınırdı. Bu anlar ağacın həyatında acımı, şirinmi – heç kim bilmir.
Həyat yolunda əlinə yüngülcə toxunub keçən uzaq, gözəl günlər indi Şəfiyçin ağrımı, sevincmi? Onları həmişəlik itiribmi? Bəs niyə içində o ətir yoxdur, nə vaxt uçub gedib bu ətir? Əbədilik gedibsə, bəs hərdən əlçatmaz dərinliklərinə baş vuranda niyə bir anlıq xoşbəxtlik burulğanına düşür?
Həyatının keçmiş günlərində nə çoxdu? Qazandıqlarımı, itirdiklərimi, səhvlərimi, uğursuzluqlarımı? Bir də eyni yolu keçmək istərdimi?
Yağış yağır. Şəfi hiss edirdi ki, həyatında nə qədər qızıl külçəsi kimi anlar olub. Anlar, saatlar, hətta günlər…
Onu yaşadan, yaşamağına məna verən yeganə itirilməz sərvəti həmin anlar, saatlardı. Onlardan nə istəsə yoğura bilər. Onları hər cür rəngə boyaya bilər, hər cür şəklə sala bilərdi.
Bu xatirələr, yağış damcılarıyla pəncərədən süzülüb gedən keçmiş idi. Bəs qəlbinin irişməz dərinliklərində yatıb qalan bu xatirələr qatının qəlpələrini necə qoparsın? Onları qəlbinin bu xatirələr cəngəlliklərində necə dünya üzünə çıxarsın?
Yağış yağır, söyüd çimir, pəncərədən itib getmiş arzuları, ölüb getmiş qorxuları, qiymətini, dəyərini bilmədiyi imkanları axıb gedir, gedirdi. O görürdü ki, neçə-neçə səadəti rəngi azca solsa da, ətri azca getsə də, hələ qırılıb qalmayıb, incə, qızılı saplarla ətrafında nəsə toxuyur.
O, bu nazilən sapları dartıb qəlbinin dərinliklərindən çox incilər çıxara bilərdi. Şeir inciləri… Yağış yağır, günlər keçir.
Şəfi sevinclərinin o uzaq, əlçatmaz mənbəyini görürdü. Uzaq-uzaq dağların qarlı zirvələrində doğulan çaylar kimi.
Bayırda payız oxuyur. Şəfi öz keçmişinə qayıtmaqla elə bil haçansa gəldiyi qaranlıq yeraltı yolla geri qayıdırdı, ancaq şamların gur işığında heç nəyə, heç kimə toxuna bilmirdi.
Züleyxa – onun otuz illik keçmişinin ərmağanı… Onun zaman-zaman daşa dəyib xıncım-xıncım olan arzularının əvəzi… Şəfiyə elə gəldi ki, onun keçmişi belə olmasaydı, tale Züleyxanı ona rast gətirməzdi.
Yağış yağır, yağırdı…
17
Züleyxa Şəfinin gəldiyini bilən kimi birbaş anasının taxçadakı gəlinlik güzgüsünə sarı qaçdı. Üst-başını səliqəyə saldı, birdən-birə xoşbəxt qəhqəhəylə dövrə vurub astadan oxumağa başladı. O biri otaqdan qapının açıq yerindən Zeynəb xanım gülümsəyə-gülümsəyə ona tamaşa edirdi.
Züleyxa otaqlardan keçib, dəftər-qələmi sinəsində, qapı ağzında dayandı. İçəridə müəllimi onu gözləyirdi.
Qapı açılan zaman Şəfi üzü pəncərəyə sarı dayanıb fikrə getmişdi. Başını geri döndərib Züleyxanı gördü.
– Salam.
Züleyxa ona çəpəki nəzər salıb şax-şax keçib oturdu.
– Salam.
Şəfi gəlib onun başı üstə dayandı. Əlini uzadıb miz üstdəki dəftəri vərəqləməyə başladı. Gözləri isə tez-tez qızın saçlarına, sürahi kimi hamar boynuna zilləndi.
– Hə, yazmağı əməlli-başlı öyrənmisən, hərflərdə balaca nöqsanın var, onu da yavaş-yavaş öyrənərsən.
Züleyxa altdan-yuxarı ona nəzər saldı. Gözləri daş-qaş kimi parıldadı.
– Nədir nöqsanım?
Şəfi qələmi alıb, hərfləri bir-bir düzəltməyə başladı. Züleyxa qaşlarını dartıb onun hərəkətlərini izləyirdi.
– Bax, görürsənmi?
Evdə hər şeydə öz dediyini, öz istədiyini yerinə yetirən Züleyxa bu adamın əleyhinə gedə bilməməsinin, əksinə, onunla razılaşanda aldığı ləzzətin səbəbini anlaya bilmirdi.
Şəfinin nəfəsindən tənbəki qoxusu, paltarından tər iyi gəlirdi. Qız ötəri olaraq, müəlliminin əbasının və köynəyinin boynuna, yaxasına nəzər saldı. Ağ kətan sapsarı olmuşdu. Qızın qəlbində birdən-birə bu yoxsul, məğrur və müdrik cavana hakim olmaq, ona qulluq eləmək, hayan olmaq həvəsi oyandı.
Şəfi keçib onunla üz-üzə oturdu. Züleyxa dəftəri götürüb üzünə tutdu, gülə-gülə oxumağa başladı. Şəfi pıçıltıya bənzər səslə:
– Züleyxa, dəftəri çək, – dedi.
– Niyə, belə eşitmirsən?
– Eşidirəm, ancaq görmürəm.
– Nə olsun ki?
Şəfi udqunub ətrafa boylandı.
– Axı səni görmək, sənə baxmaq istəyirəm.
O, bu sözləri necə, haçan dediyini heç özü də bilmədi. Yəqin ona görə deyə bilmişdi ki, qızın üzünü görmürdü. Ancaq dəftəri tutan balaca əllərin necə titrədiyini gördü. O, qəfildən kiminsə gəlib çıxa biləcəyindən qorxaraq:
– Yaxşı, xətrin necə istəyirsə elə oxu, – dedi.
Züleyxa yavaş-yavaş dəftəri üzündən çəkdi. Şəfi həyəcan və heyrətdən çaşıb, nə edəcəyini bilmədən quruyub qaldı. Züleyxanın gözləri yaşla dolmuşdu. Ancaq bu necə yaş idi? Şəfi həm heyran olmuş, həm də qorxurdu… Qorxurdu ki, kimsə gəlib qızı belə görsə, allah bilir nə olar…
O, qızın gözlərinə baxmaqdan çəkinərək, nə vaxt oxuyacağını gözləməyə başladı. Qız titrək, zəif səslə oxumağa başladı. Səsi ipək sap kimi dönə-dönə qırılırdı.
Şəfi səndələ söykənib dalğın-dalğın qızın səsinə qulaq asırdı… O, qızın səsindəki gözəlliklə üzünün, dodaqlarının, saçlarının, gözlərinin yaratdığı ahəngdarlığa tamaşa edirdi. Ona elə gəlirdi ki, üç-dörd gün deyil, qızı aylardan, illərdən bəridir görməmiş, səsinə qulaq asmamışdır.
Şəfi, nəhayət, qızın gözlərinə tamaşa eləməyə başladı. Orda gül-çiçəkləri sayrışan, allı-güllü bağça var idi. Cəh-cəh səsləri çölləri, dağları bürümüşdü…
– Züleyxa.
Şəfi özü də, qız da diksindi. Bir neçə an sonra hiss etdi ki, söz onun dodaqlarından qopmuşdur.
Züleyxa intizar və narahatlıqla ona baxırdı.
– Züleyxa, heç gözlərinə baxmısanmı?
Qızın üzü qızarmağa başladı. Şəfi hər cür ehtiyat və qorxunu unutmuş halda:
– Züleyxa, xəbərin varmı ki, sənin gözlərində ətirli bir bağça var. Gözlərindən gələn cəh-cəh səslərini eşitmisənmi?
Qız xoşbəxtlik ifadəsi olaraq, sağ qoluyla üzünü örtüb başını silkələdi. Şəfi əvvəlcə bunun nə demək olduğunu başa düşməyərək, bir anlıq qorxdu, sonra Züleyxa qolunu üzündən çəkərkən qızın səadətdən gülümsəyən üzünü, gözlərini görüb, sinə dolusu rahat nəfəs aldı.
Onların hər ikisi bir-birlərinə baxarkən hiss edirdilər ki, aralarında artıq özlərinə məlum körpü salınmışdı.
Nacinin sözləri hey Şəfinin qulaqlarında səslənirdi. «Başqa çarə yoxdur».
– Yaxşı, bəsdir… Yaxşı oxuyursan.
Şəfi ayağa qalxdı. İndi o, qızın yanında oturmalı, növbəti dərsi birlikdə yazıb-oxumalıydılar. Hər ikisinə elə gəlirdi ki, bu yaxınlıq əvvəlkilərə bənzəməyəcək. Elə yəqin buna görə də Şəfi ayağa durarkən Züleyxa kəskin və iti nəzərlə ona baxıb hərəkətlərini izlədi. Bu baxışda həm yüngül qorxu, həm də intizarlı bir maraq var idi. Şəfi bunu duydu və ani olaraq tərəddüd elədi. Sonra özünün qıza yaxın olmaq həvəsini zorla dəf edib, dəftəri götürdü. Əlini uzadıb qızın başı üstündən hərfləri bir-birinin altınca dəftərə yazdı. Züleyxa tərpənmədən onun tüklü əlinin hərəkətini izləyirdi.
– Ardını özün yazarsan.
O, nəzərlərini dəftərdən ayırmadan mızıldandı. Qız onun qəzəbinin səbəbini hiss edib gülməyə başladı. Elə şən, xoşbəxt qəhqəhəylə gülürdü ki, Şəfi susub qulaq asırdı.
Qız yırğalana-yırğalana gülür, gülürdü… Şəfi dalğın-dalğın qıza baxırdı. Onun gözləri get-gedə dumanlanır, orada həyatının ən qəribə hadisələri, kədər və sevincləri, unudulmuş həyəcanlı yuxuları bir-birlərini əvəz edə-edə canlanır, yox olurdular. Bu müxtəlif hadisə və simaların yerini birdən-birə yenə Züleyxanın səadətdən od tutub yanan üzü, yaşla dolu gözləri əvəz etdi. Həyəcan içində olan Şəfiyə elə gəldi ki, qarşısındakı bu gözəl sima doğrudan da haçansa onun gözləri önündə dayanmalı, həyatına, varlığına daxil olmalıdı.
– Züleyxa, quzum…
Qız, koluna daş atılan bülbüllər kimi susdu. Elə bu anda qapı gurultuyla açıldı. Bircə anda Şəfinin rəngi kağız kimi ağardı. Xoşbəxtlikdən içəri girən Əbülfəz idi. O, gülməkdən boğularaq bacısının qolundan tutub dartdı.
– Dur, tez ol. Əlimərdannan Hüseyn yenə savaşırlar… Dədə indi üstlərinə ayran tökəcək…
Züleyxa rəngi yavaş-yavaş özünə gələn müəlliminə baxıb, məlahətli bir təbəssümlə gülümsədi…
Bacıyla qardaşın ardınca Şəfi də çıxdı. Bütün ev əhli çöldə idi. Onlar evin dirəyinin dalında gizlənib, aşağıda başları güclə görünən nökərlərə tamaşa edirdilər. Nökərlər ayı kimi donquldana-donquldana bir-birlərini əzişdirir, gah bu onu, gah da o bunu yıxırdı. İbrahim xan heyvan izləyən ovçu kimi, kənizdən ayranla dolu sərnici alıb, yavaş-yavaş irəliləməyə başladı. Kişvər xanımdan başqa bütün ev əhli də onun dalınca yeridi. Şəfi də onlarla, lap dalda – Züleyxanın yanında idi. Onun həyəcandan titrəyən varlığı qıza doğru uçurdu. Şəfi balaca əyilsə qızı öpə bilər, bir balaca əlini uzatsa belini qucaqlaya bilərdi. Çünki hamının fikri aşağıda süpürləşən nökərlərdə, onların başına açılacaq oyunda idi.
Ancaq Şəfi qızı nə öpdü, nə qucaqladı… Hansı bir hiss isə ona pıçıldayırdı ki, bu ani ləzzət hesabına səadətini itirə bilər.
Hər şeydən xəbərsiz nökərlər qızğın döyüşdə ikən (Əlimərdan bir zərbəylə Hüseyni yerə sərir, o isə heç bir şey olmamış kimi, həmin saat ayağa qalxır, hücuma keçirdi) xan ayranı aşağı tulladı.
– Vay…
Nökərlər şırıltı səsinə ayılıb çığırışdılar. Ancaq gec idi. Soyuq ayranda islanıb xanın və eyvandakıların qəhqəhəsi altında hərəsi bir tərəfə qaçdı.
İbrahim xan qarnını tutub gülə-gülə deyirdi:
– Köpəkuşağı, elə bil birinin dədəsinin çörəyi o birisinin boğazında qalıb… İş-güclərini buraxıb bir saatdır cəngdədirlər.
Şəfi dəstədən ayrılıb qapı ağzında dayanmışdı. Gülümsəyirdi. Xan onu görüb gülməkdən dayandı. Bir anlıq fikrə getdi, sonra irəli yeridi.
– Sən də burdaymışsan… Hə, doğrudan axı…
O, ətrafa boylandı, (yəqin ki, Züleyxa üçün) qızı görüb:
– Hə, nə oldu, dərsinizi qurtarıbsız, ya hələ başlayacaqsız?
– Elə dərsdəyik… – qız Şəfini qabaqladı. – Əbülfəz darta-darta gətirdi.
Qız atasının qolunu qucaqladı:
– Mirzə mənnən yaman razıdır. Sən də ki, heç gəlib bir qulaq asmırsan.
Şəfiyə elə gəldi ki, qız özünü deyil, onu tərifləyir.
– Sən yaxşı-yaxşı oxu, mən özüm gəlib səni imtahan eləyəcəyəm…
Xan qızına və özünü laqeyd tutmağa çalışan Şəfiyə nəzər salıb birdən-birə düşündü ki, qızıyla müəllimi arasında nəsə danışıq olub, özü də lap bu gün.
Xan Şəfiyə sarı döndü:
– Dərsini qurtarıbsansa, gedək bir az nərd ataq.
Şəfi dəhşətli surətdə tək və ya Naciylə olmağı arzulasa da, etiraz edə bilmədi. Züleyxa isə çoxdan getmişdi.
İbrahim xan altdan-yuxarı baxıb hiss edirdi ki, Şəfi daha əvvəlki adama az oxşayır.
Çaşqın, ümidsiz, qaşları həmişə düyünlənmiş cavan hara, indiki Şəfi hara? Üz-gözündən sevinc yağır… Amma qəribə adamdır, heç nəyini gizlədə bilmir. Sevincini də, qəmini də.
Xan birdən-birə:
– De görüm təzə nə yazmısan? – deyə soruşdu.
Şəfi hiss etdi ki, bu sual onun xeyrinə çox şey deyir. Deməli indi, onunçün əzizdən-əziz olan bu xanın, onun arvadlarının, xüsusilə Kişvər xanımın rəğbətini qazanmaq imkanı vardı. Bu isə onunçün şahların, sultanların mükafatını qazanmaqdan daha yüksək idi. Şəfi bilirdi ki, indilik, yəqin ki, elə həmişəlik onun var-dövləti yazdığı və yazacağı şeirlər, qəzəllər olacaqdır. Buna görə o, səadətini qazanmaq üçün qəlbindəki, ən qiymətli inciləri meydana çıxarmalıydı. Bu sərvət, bu incilər isə onun qəlbində bitib-tükənməz idi. Züleyxanın məhəbbəti, ətri, şəfəqi bütün dünyanı sözlə, nəğməylə doldurmuşdu…
– Yazmışam, əlbəttə. Nə vaxt desəniz gətirib oxuyaram.
Qapı ağzında dayanan xan Şəfinin içəri girməsini gözləyərək:
– İndi olmaz, yoxsa əzbərdən bilmirsən? – Sonra Şəfinin danışmasına aman verməyərək: – Hə, bildim. Sən şeiri ancaq məclisdə oxuyursan… Yaxşı o barədə də fikirləşərik.
Xan bu sözləri elə tərzdə dedi ki, Şəfinin daha etiraz eləməyə cəsarəti çatmadı.
Qarşı otaqdan başını qalın şalla bağlamış Kişvər xanım çıxdı. Şəfi onun zabitəli simasını görüb, şaşqın halda salam verib, kənara çəkildi. Kişvər xanım onun salamına əhəmiyyət vermədən ərinə sarı döndü:
– Hara belə? Qaratəpədən Oruc gəlib. Taxıl yağış altında qalıb çürüyür. Qudurğan oğlu nəinki üyüdür, heç içəridə yer vermir.
Xanın rəngi qızardı.
– O hansı köpəkoğludur?
– Nə bilim? Bu saat ata minib özün getməsən, taxıl zay olacaq. – Ərinin tərəddüd elədiyini görüb: – Biçin vaxtı çox az aparıblar, olan-qalanı da orda zay olsun, – dedi. – Sonra da gərək özün gedib onnan-bunnan baha qiymətə alasan.
Bığlarını çeynəyən xan:
– Arvad, qorxuram gedəm, əlimdən bir xəta çıxa, – dedi.
Şəfi onları söhbətdə qoyub çölə çıxdı. Çustları eyvanın lap o başında idi. Asta addımlarla gedib geydi, pilləkən olmadığından əyilib özünü yerə atdı. Əlimərdan həyətdə odun doğrayır, Hüseyn daşıyırdı. Onlar islanmış paltarlarını dəyişmişdilər. Şəfi bayaq bir-birlərini didişdirən nökərlərin indi necə sakit və mehribancasına işləmələrinə gülümsəyərək, gül kollarının dalından yola çıxdı. Darvaza ağzında yəqin ki, Züleyxanı görmək üçün dönüb eyvana baxdı. Heç kim yox idi. Balaca qapını açıb çölə çıxdı…
Dumanlı bir gün idi. Boz buludlar bütün səmanı tutmuşdu. Sanki gün heç vaxt çıxmamış, çıxmayacaqdı. Belə havalarda Şəfi dərin ümidsizliyə qərq olurdu. Bəs indi? İndi o oxuya-oxuya gedirdi. Ürəyi nəğmələrlə dolu idi. Misralar ürəyindən yarpaq kimi qopub hafizəsinə tökülürdü. Dodaqları dönə-dönə üçcə kəlmə söz pıçıldayırdı:
«Züleyxa, mənim Züleyxam».
18
Şəfi daş körpünün yanında dayanıb fikirləşirdi ki, tənbəki almaq üçün getsin, ya getməsin. Birdən Saləddin dalanından kiminsə çıxıb qaçdığını gördü. Diqqətlə baxdı. «Ələkbərdir, hara belə qaçır?»
Şəfi dostunun onu sezməyəcəyindən ehtiyat edib çağırdı:
– Ələkbər.
Ələkbər ona tərəf döndü.
Şəfi:
– Nə olub, niyə belə tutqunsan? – dedi.
Ələkbər cavab verməyib, onun qolundan darta-darta yenə sürətlə yeriməyə başladı.
Şəfi dartındı.
– Dayan bir, nə olub axı?
Ələkbər uzada-uzada:
– Gə…əl, – dedi. Sonra Şəfinin üzünə baxıb: – Dilşad vardı ha, hamımız sevərdik, özünü yandırıb.
– Dilşad?
– Hə… Tez ol.
Onlar astaca qaçmağa başladılar.
Dilşad. Dördyol məhəlləsi cavanlarının sevimlisi. Yaraşıqlı, nazlı-duzlu Dilşad. Murad bəyin arvadı, axund Sədrəddinin gəlini.
Şəfi tövşüyə-tövşüyə:
– Niyə özünü yandırıb? Söndürüblərmi?
Ələkbər başını dərdli-dərdli yellədi:
– Yox, deyəsən iş işdən keçib.
– Axı niyə özünü yandırıb?
Şəfi sualının artıq olduğunu hiss edib «yandırıb» sözünü güclə tamamladı.
– Necə yəni niyə yandırıb? Guya bilmirsən?
Dilşad palçıqlı Həsənin övladlarının böyüyü idi. Həsənin on bir uşağı var idi. Yeddisi oğlan, dördü qız. Ailə həmişə yarıac-yarıtox dolanırdı. Üst-başlarını, geyimlərini isə heç tanrı bəndəsi görməsin. Ailənin yeganə bir fərəhi vardısa, o da Dilşad idi. Həsən gecə-gündüz işləyib qızı üçün yaxşı bir don almışdı. Dilşad bu donu geyəndən sonra məhəllə cavanları bir-birinə dəydi.
Dilşad açıqürəkli, mehriban bir qız idi. Zərif, qəşəng üzü, qatran kimi qara saçları vardı. Həsənin bütün ailəsi onunla sevinirdi. Ata da, ana da, körpələr də elə bil onunçün yaşayırdılar.
Dilşad qızlar bulağından su içəndə elçilərin ayağı açıldı. Həsən bütün ixtiyarı qızın özünə verdi. Əvvəllər Dilşadı istəyənlər onların özü kimi yoxsul cavanlar idi. Şəfi də onların içində. Ancaq o, elçi göndərmədi.
Varlı ailədən olan cavanlar küçədə, bazarda qızı görəndə həris-həris baxsalar da nədənsə elçi göndərmirdilər. Görünür, ata-anaları qoymurdu.
Dilşad yoxsul və sənətkar cavanların elçilərini bir-bir qaytarırdı. Nəhayət, bir gün axund Sədrəddinin oğlu Murad bəyin elçisi gələndə Dilşad oğlanın üzünü görməsə də, razılıq verdi. Hamı bu işə məəttəl qaldı. Ancaq bəziləri, o cümlədən Şəfi, məsələnin nə yerdə olduğunu başa düşdü.
Dilşad var-yoxa baxan qız deyildi. O özünü ailəsi üçün satmışdı. Dilşad varlı ailəyə zəhmətlə bir tikə çörək qazanan atasına dayaq olmaq üçün getmişdi.
Onların toyu Şəfinin yadında idi. Dörd-beş il qabaq olmuşdu. Cavanlardan bəziləri Dilşadın onların elçilərini qaytarmasından qəzəblənib, toya şuluqluq salmaq istəmişdilər. Şəfi, Ələkbər və başqaları onları bu işdən güclə saxlamışdılar. Sonra isə həmin cavanlar gəlinin qabağını kəsmişdilər. Xeyli bəxşiş alıb faytonları buraxmışdılar.
Həsənin uşaqları o gündən şadlıqdan, sevincdən ağlayır, gülür, qışqırırdılar. Bu, doğrudan da, onların həyatlarında ən gözəl gün idi. Onlar bəlkə də birinci dəfə qarındolusu yeyib, Murad bəyin hədiyyə göndərdiyi təzə paltarları geymişdilər.
Bəs onda necə oldu? Gözəl Dilşadın, özünü qurban verən Dilşadın bütün arzuları heçə döndü. Toydan düz bir həftə sonra nə onu bir daha atası evinə qoymuş, nə də qardaş və bacılarını, ata-anasını onun yanına buraxmışdılar. Həsənin yalvarışlarıyla neçə nəfər axunda xahişə getdi. Ancaq əbəs yerə. O vaxtdan Dilşadın nə çəkdiyini heç kim bilmədi. Gözəl, mehriban gəlin hündür, daş divarlar arasında məhbəsə salınmışdı. Əvvəllər o, axund Sədrəddingilə gələnlərlə evlərinə yağdan, ətdən, puldan göndərirdi. Sonralar bu da mümkün olmadı. Həsənin uşaqları yenə aclıq çəkirdilər. Toy günü Murad bəyin onlara bağışladığı təzə paltarlar çoxdan cır-cındır olmuşdu. Az sonra uşaqların biri, sonra isə lap böyüyü yatalaqdan öldü. O biriləri də arıqlayıb çöpə dönmüşdülər. Onları bu dərdə salan bəlkə də aclıqdan daha çox sevimli bacılarını görə bilməmələri idi.
İndi isə hündür divarlar arasındakı fəryad üzə çıxmışdı. Dilşad özünü yandırmışdı.
Şəfi ilə Ələkbər gəlib axundun evinə çatanda qapının ağzı və həyət adamla dolu idi.
– Oyy, bu nədir?
Şəfinin bütün vücudu gizildədi. Əlli yaşlarında bir qadın üç-dörd qadının qucağında çılğın, tükürpədən səslə qışqırır, saçlarını yolurdu. O, artıq insan səsi, insan çığırtısı deyildi. Şəfi insan fəryadının bu şəkildə ola biləcəyini xəyalına belə gətirə bilməzdi. Damarlarda qan donur, əsəblər dartılmış tel kimi cingildəyirdi.
Kənarda qırmızı örtüklü bir tabut qoyulmuşdu. Bir az o tərəfdə, ağac altındakı oturacaqda ahıllar əyləşmişdilər. Onların arasında da çalsaqqal bir kişi asta-asta hönkürürdü. Bu, Həsən kişi idi.
Ələkbər nə qədər dartdısa, Şəfi həyətə keçmədi. Darvaza ağzındakı ağaca söykənib durdu. Ələkbər getdi.
Həyətə girib-çıxan adamlar astadan danışırdılar.
– Heyif qızdan. Gör hara gətiriblər ki, axırda özünü yandırıb.
– Mənciyəz inanmıram.
– Nəyə inanmırsan, özünü yandırmağına? Sən bu tayfanın içində bir gün də yaşamazsan.
– Deyirlər, ata-anasının yanına buraxmırdılar… Yəqin elə buna görə yandırıb.
Uzaqlaşdılar. İki çadralı gəlirdi.
– Yazıq Dilşad. Az, görürsən hələ o yanandan sonra da necə qalıb?
– Doğrudan da üzü heç yanmamışdı ha… Mən bilirəm hamısı o köpək Xavərin işidir. Yəqin fağır qıza gün verib, işıq vermirmiş.
– Hə, indi canı qurtardı… Amma sən allah, üzünə heç baxa bildin? Mənim ürəyim dözmədi.
– Bəs nə bilirsən? Diri-diri yanmaq asandır? Adamın barmağı bir az yananda canı çıxır.
Şəfi uzaqlaşan çadralıları müşayiət edirdi. İki əmmaməli gəlib lap onun yanından söhbət edə-edə keçdi.
– Məşədi, ağlın nə kəsir?
– Ağlım nə kəsəcək, qısır idi, ona görə də özünü yandırdı.
– Axı deyirlər uşağın olmaması kişidəndir.
– Boş sözdür, özüm İbn Seyfanın «Qəməriyyə»sində oxumuşam ki, uşağın olmaması ancaq arvaddan olur.
Şəfi istehza ilə onların dalınca baxdı. Dilşadın anasının səsi kəsilmişdi. Arvad bayılmışdı. İndi Həsənin böyük qızı, on üç yaşlı Gülşadın naləsi eşidilirdi.
Həyətdə adamlar çoxaldı. Deyəsən, tabut qaldırılırdı. Şəfi boylandı. Ələkbər də orda idi. Şəfi ağır əzablı bir işdən qayıdırmış kimi yavaş-yavaş, taqətsiz halda Hacı bürcünə tərəf döndü. Arxadan gələn qışqırıqdan sarsıldı. Dilşadın anası özünə gəlmişdi. Bu səsdə həm dəhşətli yoxsulluq, həm də məzlum bir kimsəsizlik var idi.
Şəfi ana naləsini eşitməmək üçün sürətini artırdı, xeyli gedəndən sonra tütün yadına düşdü… «Çəkməsəm, dəli olaram». Təzədən başqa tərəfə, dəllal bazarına sarı döndü…
Şəfi gedirdi, ancaq elə bil heç nə görmürdü. Kədər ağır daş kimi qəlbindən asılmışdı. O, eyvan dibində, bir dəstə cavan arasında dayanıb, asta-asta danışan Murad bəyi xatırladı. Sonra həyətdə ağır-ağır o yan-bu yana gedən əlitəsbehli axund Sədrəddin gözləri önündə canlandı. Qəlbindən küt ağrı keçdi. Niyə gedib onların üzlərinə, gözlərinə, bəbəklərinə tüpürmədim? Niyə demədim ki, siz bütün o mülklərinizlə öz işıqlı varlığı ilə dilənçi kökündə yaşayan bir ailənin ümidi, sevinci, təsəllisi olan Dilşadın ayağının tozuna belə dəyməzdiniz.
Ananın çarəsiz fəryadı hələ də qulağında səslənirdi. Elə bil səs onu təqib edirdi.
Bu nədir? Nalə onun qabağını kəsir. Şəfi tər içində başını qaldırdı. Hara gəlib çıxıbdır? Yenə axundgilə. Necə oldu bura gəlib çıxdı?
Başını qaldırıb həyətə baxdı və birdən-birə qeyri-ixtiyari qəti addımlarla həyətə yeridi. Axund bir dəstə adamla söhbət edirdi. Şəfinin dodaqları qəhər və nifrətlə pıçıldadı.
«Qəbir üstə getməyi belə özünə rəva bilməyib».
Həyət hələ də adamla dolu idi. Evdə, eyvanda çarşablı qadınlar ağlaşırdılar. Şəfi həyətdəkilərə yanaşdı, salam verdi. Axund etinasız halda danışırdı. Özü də nədən? Belinin ağrısından.
Şəfi daha dözə bilmədi. Bütün qəzəbini boğub təmkinlə:
– Axund, – dedi.
Hamı, o cümlədən Sədrəddin dönüb ona baxdı. Hamının üzündə açıq bir narahatlıq və narazılıq əks olundu.
– Bayaqdan belinizin ağrısından danışırsınız, amma gərək ürəyinizin ağrısından danışmış olaydınız.
– Nə demək istəyirsən? – Axund xırıltılı bir səslə dilləndi.
– Özünü yer üzündə allahın kölgəsi sayırsan. Bütün günü insaniyyətdən, haqdan, ədalətdən vəz oxuyursan, amma əməllərinə bax. Allahın ən pak və məzlum xilqətini gör nə zülmlə…
Axund qəzəbdən boğula-boğula:
– Səni bura kim çağırıb?..
Şəfi təmkinini pozmadan:
– O yazıq arvadın naləsi.
Axundun cavab verməsinə imkan verməyib, sözünü tamamlamaq istədi.
– Qorxmayın, sizi nə tutan olacaq, nə söyən. Heç sorğu-suala çəkən də olmayacaq. – Şəfi. sinədolusu nəfəs aldı. Saqqallı sifətlərin qəzəb və nifrəti altında: – Ancaq allahın adına and olsun ki, bu günahın cəzasından qurtara bilməyəcəksən.
– Rədd ol.
Rəngi qaçmış axund yerində tərpəndi. Adamlar onu tutdular. Camaat hay-küyə yığışmışdı. Lakin Şəfi artıq darvazadan çıxıb, sakit addımlarla uzaqlaşırdı.
Adamlar isə:
– Nə olub? Nə olub? – deyə gah rəngi ağarmış axund Sədrəddinə, gah da dalandan çıxıb ağır-ağır uzaqlaşan Şəfinin ardınca baxırdılar.
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?