Электронная библиотека » Nicat Əlisa » » онлайн чтение - страница 7

Текст книги "Gəncəli müdrik. M.Ş.Vazeh"


  • Текст добавлен: 13 января 2023, 17:52


Автор книги: Nicat Əlisa


Жанр: Современная зарубежная литература, Современная проза


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 7 (всего у книги 21 страниц) [доступный отрывок для чтения: 7 страниц]

Шрифт:
- 100% +
19

Gündüz olmasına baxmayaraq, Şəfi şam yandırdı. Hücrə çox qaranlıq idi. Onun kiçik pəncərəsindən qara buludlar görünürdü. Çiskin pəncərə şüşəsində saysız-hesabsız mirvarilər düzülmüşdü. Bu yağış inciləri get-gedə çoxaldı, çoxaldı, sonra birləşdilər, böyüdülər, pəncərə boyu sürüşdülər. Şüşə üstdə çoxlu kiçik, əyri-üyrü zərif cığırlar əmələ gəldi.

Şəfi gözlərini pəncərədən ayırıb məsciddən gələn səs-küyə qulaq asmağa başladı. Xətib Əbdülrəzzaq kimləsə danışırdı. Nə olub görəsən? Şəfi illərdən bəriydi bu arıq, xeyirxah qocanı bir dəfə də olsun əsəbiləşən, özündən çıxan görməmişdi. Üzü həmişə tüklü olardı. Görəsən səsində əsəbilik duyulan xətib kiminlə danışırdı.

Şəfi diqqətini topladı. Bəs o biri adam kim idi? Səsi tanış gəlirdi. Birdən-birə elə bil üstünə soyuq su tökdülər.

– Mən, ya axund, yurdsuz-yuvasız bir adamı allah dərgahından qova bilmərəm.

Bu, Əbdülrəzzağın səsi idi. Rəngi qaçan, ürəyi gup-gupla döyünən Şəfi indi bildi ki, xətiblə danışan axund Sədrəddin imiş. Mübahisənin özü haqqında getdiyini bilib, bütün diqqətin axundun cavabına verdi. Axund da elə bil qəsdən bir ahənglə danışmır, səsini gah alçaldır, gah da ucaldırdı. Şəfi onun dediklərini güclə başa düşürdü.

– Əbdülrəzzaq, əgər sən bilsəydin ki, bu dinsiz mürtədin allah evində qalması günah, onun qovulması nə qədər səvab işdir, belə deməzdin.

Xətib fikrə getdi. Görünür, mübahisə çoxdan gedirmiş. Kimsə üçüncü bir adam danışmaq istədi, ancaq axundun danışdığını görüb birinci kəlmədən sonra susdu. Axund deyirdi:

– Sən elə bilirsən ki, o qalmağa yer tapa bilməyəcək. Ay-hay… Onun bu şəhərdə pərəstiş eləyənləri səndən, məndən çox-çox artıqdır. Lap gedib İbrahim xangildə qalar.

Əbdülrəzzaq boğuq səslə:

– Xan ona yer verməz, özü də getməz.

Axund onun sözlərinə qulaq asmadan:

– Verməz? – dedi, – sonra rişxəndlə güldü. – Verməzə bax, hələ qorx ki, qızını da ona versin.

Qəhqəhə qopdu…

Şəfiyə elə gəldi ki, bu qəhqəhələr dibi görünməz dərin bir uçurumun vahiməli əks-sədasıdır. O, bu uçuruma gedir.

İçəridən Əbdülrəzzağın səsi eşidildi.

– Ya axund. – Xətibin səsi güclə gəlirdi. – Axı o yazıq istər-istəməz dinə, şəriətə xidmət eləyib. Məsciddəki bütün kitabların üzünü köçürüb. Günlərlə, aylarla gözlərinin yağını bu yolda əridib.

Axund çığırdı:

– Əbdülrəzzaq, mən sənə təəccüb edirəm. Kitab üzü köçürüb, haqqını alıb. Bir də neçə ildir burda yaşayır. Zəhmətinin əvəzi çoxdan çıxıb. Sən açıq-açığına, əstəğfürullah, bu dinsiz-allahsıza, işi-gücü şəriəti ələ salmaq, üləmaları məsxərəyə qoymaq olan bir adama himayədarlıq eləyirsən?

Onun səsində hədə var idi. Xeyli sükutdan sonra xətib, yəqin ki, gücsüzlüyünü dərk etdi.

– Yaxşı, axund, sabah mən ona ərz eliyərəm.

Şəfinin dodaqları qəhərlə pıçıldadı:

– Bəli, yazıq xətib, mən sənə ömrüm boyu hörmət eləyəcəyəm.

Yasdakı mübahisədən və Dilşadın məsələsindən sonra belə də olacaqdı. Şəfi acı-acı güldü. «Əcəb yerdə axşamladım. Təqsir özümdədir. Əcəb oldu. Bir mənə deyən gərəkdir, nə işin var axund Sədrəddinlə? Hacı Əliqulunun həyətinə sahib oldu, sənə nə, olmadı, sənə nə? Arabaçı Hacıbabanın on altı yaşında qızını aldı, nə vecinə, almadı, nə vecinə? Nə işin vardı sənin qazı Əbdülqədirlə? Nahaq fitva verib ipəkçi Baxşəlinin bütün var-yoxunu oğurlayan Dana Xəlili təmizə çıxartdı, nə işinə? Nə işinə, axund Nizaməddinin qardaşı yetim Sərvinazı mal-dövlətinə görə alıb, beş gündə çərlədib öldürdü? Abbasqulu xanın oğlu gedib beş ay Tehranda lotuluq eləyib gələndən sonra şeyxülislam oldu, sənə nə? Axı sənin nə işinə ki, Hacı Ağası iki eşşəyin arpasını bölə bilməyən yerdə İranda sədr-əzəm olub? İndi cəzandır çək».

Bayırda başlanan axşam Şəfinin qəlbinə çökürdü. Hər yandan onu qorxunc bir ümidsizlik bürüyürdü. Lakin Şəfi onu – bu ümidsizliyi yaxşı tanıyırdı. Neçə illərdi ki, onlar bir-biri ilə ölüm-dirim savaşında idilər. İndi ölüm Şəfi üçün meşədə azmış bir adamın hər ağac dalında rastlaşdığı qorxunc heyvan kimi idi. İnsan əvvəllər bir gün bu bədheybət heyvanı görəcəyindən dəhşətə gəlir. Sonra get-gedə öyrəşir və daha əvvəllərdə olduğu qədər vahiməyə düşmürdü.

Şəfinin bircə Züleyxaya və öz sevgisinə heyfi gəlirdi. «Bəs onunla necə olacaq? Bəlkə köçüb Tiflisə gedəm? Axı orda tanış çoxdur. Fətəli qulluqdadır. Bakıxanov nə bilim, yaranaldır, nədir… Deyirlər lap padşahın özüylə tanışdır. Züleyxanı götürüb qaçım ora. Eh, gəlib tapmazlarmı? Bir də Tiflisdə məni o saat qulluğa götürən kimdir? Azı gərək bir-iki ay gözləyəm. Pul da yox. Hələ ev harda tapacağam? Bəlkə heç Züleyxa gəlmədi. Axı aramızda nə olub ki? Bəlkə Mənsurluya… Uzaq qohumlar, tanışlar da məni lüt görüb… Pul… pul…»

O, yorulub gözlərini hücrənin yuxarı bucağındakı hörümçək toruna zillədi. Orada iri bir hörümçək öz torunda oturub səbirlə ovunu gözləyirdi. – Eh, – Şəfinin dodaqları pıçıldadı. – Sənin səbrin məndə olsaydı… Saatlarla oturub öz qismətini gözləyirsən. Bizim ömrümüz səninki qədər qısa olsaydı, nə oyunlardan çıxardıq…

O, gözlərini hörümçəkdən ayırdı.

«Yaxşı, bəs necə olsun? Axı sabah köçməliyəm».

Şəfi Gülpəri xalanı yadına salmaq istəmirdi. Çünki oranı ehtiyat üçün, hər yerdən əli üzülən, heç yerə gümanı gəlmədiyi gün üçün saxlamışdı.

Amma ürəyinin dərinliklərində hiss edirdi ki, gedə biləcəyi yer ancaq oradır. «Hacı, allah sənə rəhmət eləsin. Sağlığında sənin ocağına sığınmışdım, öləndən sonra bibinin».

Qaranlıq düşmüş, məscid boşalmışdı. Çöldən tək-tək ayaq səsləri, arxın tanış şırıltısı, hərdənbir də Əbdülrəzzağın uzun zaman davam edən boğuq öskürəyi eşidilirdi.

«Yatağa girəndən sonra yuxusuzluq başlanacaq. Belə bir gecəni yatmaq olardımı?»

O, on beş ilə qədər yaşadığı hücrəyə elə öyrəşmişdi ki, heç yerdə, heç bir pərqu döşəkdə özünü buradakı kimi rahat, sərbəst hiss eləmirdi. İndi bunu da ona çox görürdülər.

«Sabahdan on beş illik həyatımdan ayrılacağam».

Şəfinin on beş illik sevincli-kədərli keçmişi burada, hücrədə idi… Bu keçmişdə nə var idi? Həsrət vadisi, bir az da sevinc çiçəkləri. Həmin vadi, həmin çiçəklər hücrənin daş divarlarında, oyuqlarında, naxışlarında həkk olunmuşdu.

Bu keçmiş kiçik pəncərədə, şamın qəndilində yaşayırdı.

Çinarın bu kiçik pəncərədən görünən gah yaşıl, gah qızılı yarpaqlarında, gah da çılpaq budaqlarında, bu budaqlar arasında görünən bir parça mavi səmada yaşayırdı.

Şəfi yatağında qıvrılırdı. Şam yenə yanır, ancaq Şəfinin dostları olan ulduzlar və pərvanələr görünmürdü. Payız onları özü ilə aparmışdı.

Keçmiş nədənsə birdən-birə Şəfiyə çox mənasız və gülünc göründü. Ağlına qəribə bir fikir gəldi. «Bəlkə elə belə yaxşıdır? Bəlkə elə bununla bu ürək ağrıdan keçmişdən, xatirələrdən qurtardım…»

Şəfi birdən acı-acı güldü. Məscidin ölüm sükutu içərisində bu xırıltılı gülüş çox vahiməli səsləndi. Nəhəng sükut xırıltını uddu. «Onsuz da getməliyəm. İstədim, ya istəmədim». Züleyxa yadına düşdü…

«İndi yumşaq ipək yataqda şirin-şirin yuxular görür. Dünyada qəlbi heç bir hiylə və məkr bilməyən, heç bir ləkə görməyən bu qızdan, onun qəlbindən gözəl nə ola bilər?

O, birdən-birə Züleyxanı öz ağuşunda təsəvvür elədi.

«Belə bir gün olacaqdımı? Onun qıvrım saçlarını, gözəl üzünü, məhəbbət şəfəqləri ilə dolu gözlərini, çənəsini, boynunu əllərini öpə biləcəyəmmi? Ancaq bircə dəfə, sonra bütün əzablarımı taleyimə bağışlardım».

Gecə keçirdi. Şam çoxdan sönmüşdü. Hücrəni dəhşətli, qorxunc bir zülmət bürümüşdü. Dünya vahiməli sükuta qərq olmuşdu. Əslində bu sükutun da öz səsi var idi. Lakin Şəfi bu səsi dinləməkdən qorxurdu. Ona elə gəlirdi ki, bu, ölümün səsidir. O, bu səsi eşitməmək üçün nəsə xatırlamağa çalışdı.

Nəyi xatırlasın? Hacı Abdullanın ona ilk dəfə şərab içirməyinimi? İki-üç badədən sonra birdən-birə ağlamağınımı? Hacının yolunda qurban getmək həvəsinimi? Özünü Hacı Əlimuxtarın uca eyvanından atmaq istəməsinimi?

…Deyəsən, yay günü idi. Hə, özü də axşamçağı. Neçə yaşım olardı? On yeddi, on səkkiz, yoxsa az idi? Allah bilir. Qələmin ucunu kağızın üstünə qoymaqla qəzəli axıra çatdırmağım bir oldu. Ürəyim o qədər dolu idi ki, fikirləşdiklərimi yazıb qurtara bilmirdim. Təşbehlər, qafiyələr bir-birlərinin üstündən aşıb tökülürdü.

Şeiri götürüb birbaş Hacıgilə qaçmağı yadına düşdü…

«Küçələrdən necə keçirdim… Elə bil böyük bir xəzinə tapmışdım».

Şeir yazmağı indi ona çox mənasız, axmaq bir iş kimi göründü.

«Nə olsun. Elə axırıma çıxan şeir yazmağım olmadımı? Hansı şeirim indiyə qədər mənə beş quruşluq xeyir verib?

O vaxt Hacı məni tərifləmək əvəzinə danlasaydı, nə yaxşı olardı. Gedib bir sənət sahibi olardım. Evim, eşiyim ailəm olardı.

Nə yaxşı, nə yaxşı ki Züleyxa var».

20

Səhər adəti üzrə həyətə düşdü. Qulamhüseynə salam verib kəhrizə tərəf getdi. Qayıdanda xətiblə qarşılaşdı. Salamlaşdılar. Şəfi hiss etdi ki, deyəsən xətib hələ ona heç bir söz demək istəmir. Yəqin çətinlik çəkir. Şəfi özü Əbdülrəzzağın köməyinə gəldi.

– Kərbəlayı.

…Əbdülrəzzaq çopur üzünü təəccüblə ona sarı çevirdi. Şəfinin baxışları xətibin xeyirxahlıqla baxan gözləriylə rastlaşdı.

– Dünən gecə sizin axund Sədrəddinlə söhbətinizi eşitdim.

Əbdülrəzzağın üzündəki kiçik çapıq izlərinin yeri elə bil daha da dərinləşdi, qaraldı. Nəzərləri aşağı endi.

– Sizin haqq-sayınızı heç vaxt unutmayacağam. Dünən gecəki söhbətinizdən sonra.

Xətib qəmli-qəmli başını yellədi:

– Eh, oğlum, mən sənə nə yaxşılıq eləmişəm…

Şəfi qocanın necə əzab çəkdiyini hiss elədi. Ümumiyyətlə, bu nurani insan Şəfi üçün əsl sirr idi. O, din adamları, mollalar, şeyxlər içərisində Əbdülrəzzaq kimisini hələ heç yerdə görməmişdi. Ömründə birinin dalınca pis söz danışmayan, hətta bu cür söhbətlərə qulaq belə asmayan, təmənnasız yaxşılıq eləyən, ömründə dini söhbətlərdən başqa yalan danışmayan, süfrədəki çörəyini rastlaşdığı adamla yarı bölən Əbdülrəzzaq belə adam idi.

– Kərbəlayı, axşama kimi mənə rüsxət verin.

– Bu nə sözdür, ay oğul. Mən ki, sənə bir söz deməmişəm? Nə vaxt ev tapsan, nə vaxt xətrin istəsə, onda köçərsən.

Şəfi gözləyirdi ki, xətib axundun dalınca deyinəcək, heç olmasa allaha bir şikayət eləyəcək. Ancaq Əbdülrəzzaq bu söhbətdən canını qurtarmaq istəyirmiş kimi, başını yellədə-yellədə getdi.

Şəfi ağır-ağır hücrəyə qayıtdı. Oturub iştahasız halda bir az çörək yedi. Elə indi, səhər-səhər Gülpəri xalagilə getməyi qərara aldı. İndi onunçün dünyada bundan çətin, əzablı bir iş yox idi. Ancaq neyləmək olardı? O, qışın təmiz, soyuq havasını bir ağrı kimi uda-uda yola çıxdı, yavaş-yavaş Çərçivaza tərəf üz qoydu.

21

Sübhçağı idi. İbrahim xan və onun ailə üzvləri hələ səhər şirin yuxuda idilər. Evin o başındakı tənəbidə qulluqçu qızlar inəkləri sağırdılar.

– Ay qız, – onların biri çömbəlmiş halda, yerini rahatlayıb badyanın yerini dəyişdi, inəyin əmcəyini sığallamağa başladı. – Gecə yaman yuxu görmüşəm. Allah özü xeyir eləsin. Görmüşəm rəhmətlik anam məni eşşəyə mindirir. Hey əlləşir, amma mən minə bilmirəm. Eşşək də ki, sifətdən bizim Əlimərdan.

O biri qulluqçu qəhqəhə çəkib bir az aralıda ocaq qalayan nökər Əlimərdana tərəf döndü. Arxası qızlara sarı olan nökər dizləri üstə əyilib ocağı püfləyirdi.

İnəklərin südü kənarda bağlanmış buzovların həsrətli mələşməsi altında tarım çəkilmiş ağ sap kimi badyalara süzülürdü.

Xan ailəsindən həmişəki kimi hamıdan tez oyanan Kişvər xanım oldu. O, geyinib eyvana çıxdı. Hava soyuq idi. Başmaqlarını axtardı.

«Bu nədir, bunları kim bu pilləkənlərin altına atıb?»

Xanımı qəzəb götürdü. O, qışqırmaq istəyən anda birdən-birə xatırladı ki, dünən özü toyuqları eyvandan qovanda atıb…

– Bir il də əl vurmasam, götürən olmayacaq. – Deyinə-deyinə geyib həyətə düşdü.

Xanımın gəlişindən xəbərsiz olan qulluqçu qızlar hələ də deyib-gülürdülər.

– Az, səhər-səhər bu nə bəxtəvərlikdir? Deyəsən, qızıbsınız…

Kənizlər özlərini yığışdırıb səslərini kəsdilər. Əlbəttə, Zeynəb xanım olsaydı, onlar yuxunu çəkinmədən ona danışar, deyib-gülə bilərdilər. Ancaq Kişvər xanımın yanında nəinki gülmək, heç bərkdən danışmaq olmurdu.

Xanım köpüklü südlə dolu badyalara baxıb razılıqla başını yırğaladı.

– Buzovları buraxın. Heyvanlar gör necə arıqlayıblar. Tez olun, səhərdən oturub qaqqıldayırsız. Güləddin indi gəlib çıxacaq. Biriniz nehrə çalxayın, o biriniz də gedib buxarını qalasın, uşaqların oyananı varsa, yerlərini yığışdırıb ev-eşiyi süpürün.

Nökər Hüseyn doğradığı odunları tənəbiyə, Əlimərdanın yanına daşıyırdı. Xanım onu görüb qışqırdı:

– Gədə, bəs o talaşaları niyə yığmırsan? Yoxsa gözləyirsən mən gəlib səninçin yığacağam?

– Yığacağam, xanım, bu saat.

– Bəs o toyuqlara niyə dən səpmirsiz? Ay qız, gədə, sən?… – deyinə-deyinə getdi.

Kişvər xanımdan sonra Zeynəb xanım oyandı, yerində gərnəşib gözlərini açdı. Birdən nə isə xatırlayıb ətrafına baxdı. İbrahim xan bir az aralıda xorultuyla yatırdı. Xanım xatırladı ki, əri gecə onun yanına gəlmişdi. Tənbəl-tənbəl örpəyini götürüb başını bağladı, ayağa durdu. Qapısı azca açıq olan yanaşı otaqda Züleyxayla Əbülfəz yatırdı.

Xanım pəncərə qabağına gəldi. Güzgünü götürüb qaş-gözünü sığalladı. Dodaqları şişmiş, gözlərinin altı sallanmışdı.

Nəsə xoşagəlməz bir hiss keçirib, güzgünü taxçaya atdı. Səsə xan nərildəyib, o biri böyrü üstə çevrildi.

Zeynəb şalına bürünüb çölə çıxdı. Soyuq hava onu mürgüdən ayırdı, canlandırdı. Başmaqlarını geyib həyətə düşdü.

Zeynəb xanım təndir başında təzəcə kətil qoyub oturmuşdu ki, eyvandan qulluqçu qızın səsi gəldi.

– Kiçik xanım, ağa hələm yatır, gözlüyüm orda, ya gəlim?

– Az, işin olmasın, birdən oyanıb səni basar yorğanına, bura gəl.

Kənizlər qəhqəhə çəkdilər və tələsik işlərini qurtarıb aşağı düşdülər. Bu saat ləzzətli söhbət başlanacaqdı.

Bir azdan Züleyxa da oyandı. Yorğanı üstündən atdı. Əlini uzadıb donunu götürdü. Geyinib ayağa qalxdı. Saçlarını daramaq istədi. Ancaq xeyli axtardı, darağı tapa bilmədi. «Qalsın üzümü yuyandan sonraya».

Güzgünü götürüb gözlərinə baxdı. Qayıdıb üstü baftalı qırmızı məxmər kürdüsünü geydi. Gümüş qarmaqlı yaxalığını bağlayıb çölə çıxdı. İstisiz, hərarətsiz günəş üfüqdən azca boylanmış, yuxarı qalxmağa utanırmış kimi üfüqdə, sanki əyilə-əyilə keçib gedirdi.

Saralmış, qurumuş otlar qırov bağlamışdı. Qız həvəslə pilləkənlərdən düşdü. Çılpaq qızılgül kolları elə bil gümüşə tutulmuşdu. Qızın hovuza tərəf getdiyini görüb Zeynəb xanım ocaqlıqdan çığırdı.

– Züleyxa, gəl isti su apar.

Züleyxa əlini buz kimi soyuq suya salıb şən səslə:

– İstəmirəm, – dedi.

Sudan bir-iki ovuc götürüb üzünə çırpdı. Elə bil yanaqlarına köz toxundurdular.

– Uy… – eləyib, ocağa sarı qaçdı. Anasını qucaqlayıb çığırdı:

– Qaymaq istəyirəm, qaymaq istəyirəm…

Kişvər xanım eyvandan acıqlandı:

– Qışqırma, qız, uşaq deyilsən.

Səlimə gözlərini Züleyxaya zilləyib hey baxırdı. O, gözlərini hələ də qızdan çəkməyərək, Zeynəb xanıma:

– Xanım, sən allah, Züleyxaya, bax, – dedi. – Üzü gör necə alışıb-yanır. Maşallah, Züleyxa nə yaman göyçək imiş. Heç mən fikir verməmişdim.

Zeynəb xanım çevrilib qızının üzünə baxdı. Şəfqətlə gülümsəyib əliylə qızın üzünü sığalladı:

– Soyuq su dəyib, ona görə belə qızarıb.

– İndi Züleyxanı bir bəy oğlu görsə, vallah, dəli-divanə olar.

– Siz allah, bəsdirin.

Əlbəttə, bütün bu sözlər qıza xoş gəlir, bütün varlığını titrədirdi.

Zeynəb xanım qızını qucaqlayıb onunla birgə yırğalandı:

– Biz də onu heç kimə göstərmərik.

– Görəcəklər, ay xanım, harda gizlətsək, görəcəklər. Bir səhər görəcəyik ki, budu ha, elçilərin ayağı açıldı.

Züleyxa ayağa qalxdı:

– Görürəm, əl çəkməyəcəksiz, – deyib, evə tərəf qaçmağa başladı.

Zeynəb xanım, Səlimə gözlərini ondan çəkmirdilər. Bu gözəlliyi görmək, düşünmək Zeynəb xanımı həm sevindirir, həm də elə bil kədərləndirirdi. Yəqin ona görə kədərləndirirdi ki, Züleyxanın çiçəklənməsi, onun solması, bir yandan da labüd ayrılığın yaxınlaşması demək idi. Zeynəb xanım dalğın və qayğılı halda başını tərpətdi:

– Züleyxa lap dünənki uşaqdır.

Xanım birdən-birə Səliməyə çox yaşlı göründü. Züleyxanın gözləri kimi qəşəng ala gözlərinin altı sallanmış, cəngləri və yanaqlarının altı isə qırışlanmışdı. Səlimənin özü də birdən-birə qüssələndi. Bəs onun həyatı necə olacaq? Axı yaşı az deyil, çoxdan iyirmini keçib.

– Eh…

Nehrənin çalxalanmasından başqa heç bir səs eşidilmirdi.

Bir azdan bütün ailə süfrə başında idi. Əbülfəz, sonra Zeynəb xanım, Züleyxa və Kişvər xanım oturmuşdular. Əbülfəzin səhər yeməyi südlü doğramac, Züleyxanınkı isə qaymaq-çörək idi. Xan, kərə yağı ilə çörək, Zeynəb xanım süddaş, Kişvər xanım isə gecədən qalmış küftə-bozbaş yeyirdi.

Nökərlər və kənizlər isə yanaşı otaqda yığışmışdılar.

Zeynəb xanım üzünü xana tutub gileylənirdi:

– Heç mollanın yanına gedirsən?..

– Hansı mollanın?

– Gedib bir soruşursan ki, Əbülfəz necə oxuyur? Beş-altı ayda Züleyxa ondan yaxşı oxuyur.

Əbülfəz istehza ilə əlini bacısına uzatdı.

– Məndən yaxşı oxuyana bax? Ata, qoy oxuyaq, sən də qulaq as… Gör hansımız yaxşıyıq.

İbrahim xan gülümsəyib oğluna:

– İstəyirsənmi sənə də Şəfi dərs desin? Bir həftənin içində Züleyxanı ötüb keçərsən. – Sonra oğlunun cavabını gözləmədən, – yox, əşşi, yaxşı deyil, – dedi. – Onsuz da yaşın hələ azdır, yavaş-yavaş öyrənərsən.

Şəfinin adını eşidən Züleyxanın üzündən isti bir dalğa keçdi. Əbülfəzdən başqa süfrədəkilərin hamısı qızdakı dəyişikliyi duydular. Xan Kişvər xanıma tərəf döndü:

– Züleyxanın müəllim sarıdan bəxti yaman gətirdi. Bilirsiz necə ağıllı adamdır. Sinəsi elə bil kitabdır. Gecə-gündüz oturub danışsın, şeir-qəzəl desin, sən də qulaq asasan.

Kişvər xanım dodaqlarını büzüb Züleyxanın ürək döyüntüləri və təlaşlı baxışları altında:

– Elədir. Amma nə faydası. Yazıq yaman lütdür, – dedi. – Təqsir də özündədir. Bir sənət-zad öyrənməkdənsə, durub şairliyə başlayıb.

İbrahim xan güldü:

– Əsl sənət onunkudur. Onun sənəti də oxumaq kimi allah vergisidir. Gəl ki, çifaydası. Qiymət qoyan kimdir? .

Züleyxa heyran və ürkək nəzərlərlə danışanlara baxırdı.

– Cavad xanın qızı vardı ha… – Xan növbə ilə arvadlarının üzünə baxdı. Süfrə yığışdıran Kişvər xanım laqeyd səslə:

– Püstə? – dedi.

– Hə, hə… Axı ona da Şəfi dərs deyib.

Züleyxa elə bil diksindi.

– Püstə xanım İrana keçəndə bilirsən, Şəfiyə nə qədər yalvarıblar ki, onlarla getsin?

– Bəs niyə getməyib? – Züleyxa öz həyəcanını açıq-açığına bildirən bir ifadəylə soruşdu:

– Nə bilim… – Xan çiyinlərini atıb güldü. – Amma getsəydi, allah bilir, indi yəqin ki, Məhəmməd şahın məlik-şüərası idi. Axmaqlığından.

Xan ayağa qalxdı. Bayaqdan altdan-altdan qızını süzən Zeynəb xanım dəhşətlə duymuşdu ki, qızıyla Şəfi arasında söz-söhbət olub. O, heç kimə sezdirmədən ayağa qalxıb, ərinin dalınca çıxdı. Züleyxa da içəri otağa keçdi. O, Şəfini görmək istəyirdi. Özü də bu gün, bu saat.

Xan geyinib həyətə düşərkən rəngi qaçmış Zeynəb xanım onu işarəylə tənəbiyə çağırdı:

– A kişi, – xanım birdən-birə tərəddüd elədi. «Əri bu xəbəri eşidib bir xata çıxarmaz ki..? – Sən bayaq Şəfidən danışanda mən qıza göz qoymuşdum. Heç özündə deyildi… Qorxuram.

– Qorxursan? Qorxursan ki, qız birdən Şəfiyə bənd olar, hə?

Zeynəb xanım ürkək və tərəddüdlə:

– Hə-ə, – dedi.

Xan qayğısızcasına güldü:

– Nə olar ki, qoy bənd olsun da. Mirzə ki pis adam deyil.

Zeynəb təəccüblə ərinə baxdı.

– Nə danışırsan?

– Yaxşı, qorxma, heç şey olmaz. Mən Züleyxadan öyrənərəm… Şəfi heç vaxt ona söz-zad deməz. Qız öz-özünə qoy nə qədər bənd olur-olsun. Yəqin ki, elə Şəfi də onu ürəyində istəyir. Ancaq o, ağıllı adamdır. Bilir ki, bu sevdadan bir şey çıxmaz. Ona görə ürəyini sındırmaq da yaxşı deyil.

Zeynəb xanım:

– Birdən… – İstədi desin «qızı öpüb-elər a…» Amma sözünün dalını gətirmədi.

– Nə birdən?

– Bəlkə bundan sonra mən gedib dərslərində oturam…

Xan ağız-burnunu turşudub çıxdı.

22

Hacı bürcündən bir az aralı kiçik həyətli, çiy kərpicli bir ev var idi. Həyətin qamış hasarı, köhnə taxta qapısı vardı. Ortasında çox da hündür olmayan qollu-budaqlı bir ağac ucalırdı. Yerdən yarım arşın hündür olan eyvanın aşağı başı ocaqlıq idi. Ocaqlığın arxasında kiçik, qapısız otaq görünürdü. Odun, kömür və bir sıra qab-qacaq ora yığılmışdı.

Evdə əlli beş-altmış yaşlarında bir qadın axşam namazını qılırdı. Nəhayət, namazını qurtarıb, ayaq üstə dua eləməyə başladı.

– Şükür sənə, ey xudavəndi-aləm… Ey böyük xaliq, sən bu aclara ruzi, yurdsuzlara ev-eşik yetir… Sən özün bu Mirzənin bəxtini oyat, ona qulluq əcr elə. Sən onun günahlarından keç, dilini ürəyinə bağışla.

Çöldə yağış şırhaşırla yağırdı. Axşama hələ xeyli qalsa da, hava qaralmışdı. Arvad şamı yandırıb çölə çıxdı.

Küçədən sürətlə çapıb keçən faytonların, başlarına kisə atmış adamların səsləri eşidilirdi.

– Bu Mirzə harda qaldı?..

Qarı ağacla eşələyib, kül altında qalmış kösövləri çıxartdı, püfləyib üstünə odun yığdı. O, tüstüdən yaşarmış gözlərini silə-silə «yazıq bala, yazıq bala» – deyirdi, «Məsciddən də səni qovdular. Göydə allah var, hər şeyi görür». Qarı axundu söymək, ona heç olmasa qarğış eləmək istəyirdi, ancaq cəsarət eləmirdi. Axı, necə olsa axund idi. Ocaq alışdı. Gülpəri arvad tiyançanı yarıya qədər su ilə doldurub odun üstə qoydu. Axşam əriştə bişirəcəkdi. – Soğanımız qurtarıb.

Qarı «soğanımız» sözünü heç özü də hiss eləmədən demişdi. O, bu sözlə ilk dəfə özünü Şəfiylə bir yerdə düşünmüşdü. On bir ildən artıq idi ki, bu kimsəsiz qadın bu sözü işlətmirdi.

Şəfinin düşündüyünün əksinə olaraq, Gülpəri onun gəlişinə hədsiz dərəcədə sevinmişdi. Daha gecələr onun üçün vahiməli keçməyəcəkdi. Onunla bir otaqda insan yaşayacaq, yeyib-içəcək, deyib-güləcəkdi. Axı Gülpəri xala bu cavanı oğlu qədər tanıyır, sevirdi. Gülpəri qadın idi. Qadın təbiətinin birinci xüsusiyyəti isə qayğı bəsləmək, qulluq eləmək, sevmək, oxşamaq, deməli kiminçünsə (ərimi, oğlumu?) paltar yumaq, xörək hazırlamaq ehtiyacıdır…

Hacı Abdulladan sonra Şəfinin bütün sevinc və məyusluqlarının yeganə şəriki, onun yeganə təsəlli verəni bu qadın idi. Şəfini ona görə sevmirdi ki, yurdsuz-yuvasız idi. Yox, Gülpəri bu cavanı ancaq ürəyinə görə sevirdi. O ki ac vaxtı heç kimin qapısına getməyib, qarının yanına gəlir, oturub iştahla onun soğan-çörəyini yeyirdi, Gülpəri xala üçün kifayət idi. Axı qarı bilirdi ki, o, istədiyi məclisi əyləndirib, ən azı doyunca yeyib-içə bilər. Gülpəri Şəfidə başqa bir xasiyyət, başqa bir mərdlik də görmüşdü. Neçə kərə Şəfi kitab köçürəndən sonra gəlib onun ətəyinə ovuc-ovuc qızıl əşrəfi tökmüşdü.

– Götür, Gülpəri xala, bu gün Püstə xanım İrana köçdü. Bunları mənə zəhməthaqqı verdilər. Götür, nə qədər istəyirsən, götür.

Qarı gözlərinin parıltısından onun necə ürəkdən danışdığını görmüşdü. Elə bu ona kifayət idi. Gəncin bütün yalvarış və təkidlərinə baxmayaraq, həmişə iki qızıldan artıq götürməmişdi.

– Neynirəm, ay oğul… Apar borclarını ver, özünə pal-paltar ol. Qabaqdan qış gəlir.

Daha bir xasiyyəti qadını heyran qoymuşdu. Ən qəmli, acı günlərində də, necə deyərlər, qəlbi ağlasa da, üzü gülər, gözləri gülərdi.

– Balam, bu oğlan harda qaldı?

Qarı ocaqdan köz aparıb buxarını qaladı. Çöldə yağış hey yağır, get-gedə bərkiyirdi. İnək böyürtüsü, qoyun-quzu mələşməsi eşidilirdi.

Qarı gözlərini şırhaşırla yağan yağışdan ayırmayıb:

– Şükür sənin məsləhətinə, ey xaliq, – dedi.

* * *

Şəfi iti addımlarla Əliheydər ağagilə gedirdi. Qəlbində ümidlər çağlayırdı.

«Sözsüz ki, Əliheydər razı olacaq. Necə olsa, bir mədrəsədə oxumuşuq. Mollalarımız ayrı idi, ancaq bir yerdə çox olardıq. Oynayar, deyib gülərdik. Hə, hələ neçə kərə onlara da getmişik. Atası o vaxtlar sağ idi. İri, çalsaqqallı, çalbığlı bir kişi idi. Bir dəfə başımı sığalladı, sonra atamın adını soruşdu. Cavabımı gözləmədən çıxıb getdi. Ah, bircə düzəlsəydi…»

Yağış asta-asta yağırdı. Çinarların qırmızılı-sarılı yarpaqları səs-səsə vermişdi. Yoldan ötənlər əyilə-əyilə, hasar dibinə qısıla-qısıla qaçır, faytonları saxlatdırıb minirdilər. Evlərin qırmızı kirəmidlərindən yağış damlaları sap kimi aşağı uzanıb, yerdə bir-birinin yanında nimçələrə bənzər çökəklər yaratmışdı.

Niyazxan dalanını burulanda artıq Şəfinin papağı və əbası yağışdan ağırlaşmışdı. Bir dalan sonra Hacı Səməd ağanın qırmızı kərpicli böyük imarəti görünəcəkdi. Şəfi papağı sürüşməsin deyə, başını azca əyib yeriyir, fikirləşirdi.

«Düzəlsə, nə yaxşı olacaq». Şəfi bu sevincin təfərrüatına getmək istəmirdi. O, bunu sonraya saxlamışdı. İbrahim xan, Zeynəb xanım, Kişvər xanım onun evi olduğunu bildikdə neyləyəcəkdilər? Hələ Züleyxa nə qədər sevinəcək. Axı evin balaca bir həyəti də var… Şəfi oranı gül-çiçəklə cənnətə döndərərdi… Gedib dərsini deyər, isti evinə qayıdardı. Hə, bazara da gedərdi. Oxuyar, yazardı. Əgər bir oğlu, ya qızı olsa…

O gülümsəyib başını silkələdi. Saqqalından yağış damcıları töküldü.

Bu da Dana Xəlilin mülkü. Dünyadakı haqsızlığın abidəsi, təntənəsi kimi ucalır. Yazıq Baxşəli dilənçi kökünə düşdü.

Dana Xəlilin həyət darvazası ağzında iki fayton dayanmışdı. Oho. Faytonçunun biri deyəsən Baxşəlidir. Hə, odur. Evi oğurlanandan sonra olan-qalanı satıb iki at aldı, faytonçuluğa başladı.

Şəfi faytonun bərabərinə çatanda:

– Salam, Baxşəli kişi, – dedi.

Başına kisə atmış Baxşəli tənbəl-tənbəl ona tərəf əyildi.

– Əleyküməsəlam, oğul, – dedi və yenə büzüşdü.

«Dana Xəlili gözləyir. Dünyanın işinə bax. Sənin var-yoxunla dövlətlənəni faytonda gəzdirib beş-on şahı alasan. Hələ üstəlik yağış altında durub onu gözləyəsən də. Bir sürü uşağı var. Hamısı da balaca. Qırx yaşından sonra altı uşağı olub. Bədbəxt oğlu, qırx yaşından sonra neynirdin altı uşağı… Yağış bərkidir, qaçım».

Şəfi kiçik su gölməçələrini ətrafa sıçradaraq qaçmağa başladı. Əbası, papağı, corabları tamam islanmışdı. Saqqalından su damcılayırdı.

Məşədi Nağı İrana gedir. Evi qalır. Sonsuz kişidir. İrana dövlətli bacılarının yanına gedir.

İndi hər şey Əliheydərin bircə kəlmə sözündən asılıdır. Bir kəlmə. Şəfi xatırladı ki, indiyə qədər onun taleyi neçə dəfə bu bircə kəlmə sözlərdən asılı olub. Hər dəfə də bu sözün onun xeyrinə deyilməsi üçün bütün imkanlar var ikən, əksinə olmuşdu. Yəqin ki, indi də belə olacaq. Eləsə bəs bu yağışda niyə özünü isladır? Ümid. O, ürəyində inanmır, daha doğrusu, özünü inandıra bilmirdi ki, Əliheydər ona «yox» deyəcək. Axı, Əliheydərdən nə gedir? O ev nəyinə lazımdır? Kirayəyə versə nə qədər alacaq? O qədər var-dövlətin yanında bu beş-on şahı nədir ki?

Bir də o, həmişə Şəfini yaxşı dindirib, qabaqlar lap bir yerdə neçə kərə duz-çörək kəsiblər. Şəfi yaxşı ki, onun atası haqqında məclislərdə danışmayıb… Hə, lap qabaqlar Mir Cavadla bir dəfə Hacı Səməd ağa barədə bərk mübahisə eləyib, onu pisləyib. Ancaq bu haçan olub? Bir də, Mir Cavad yəqin ki, Əliheydərə xəbər verməz».

Darvaza qapısı bağlı idi. Şəfi nə edəcəyini bilmədi, bir anlıq duruxub qaldı. Düşündü ki, Əliheydər ağa bu yağışda onu narahat eləyənə xoş üz göstərərmi?

Küçəyə boylandı. Axşam düşmüş, küçədə heç kim görünmürdü. Arıq bir it qısılıb xəndək qırağıyla gedirdi. Yəqin ki, səfil idi.

Şəfi yenə darvazaya tərəf döndü. Yumruğunu bir neçə dəfə darvazaya vurdu. Dəmir yaş və buz kimi soyuq idi. Əli göynədi. Əyilib daşdan-kəsəkdən axtardı. Ancaq tərslikdən əlinə bir şey keçmədi. Əlacsız qalıb:

– Ay ev yiyəsi, – deyib susdu.

Ancaq yağışın şırhaşırında qapısı örtülmüş evdə bu səsi kim eşidəcək? Yağış ara vermirdi. Elə bil dünya boğulurdu.

Xoşbəxtlikdən evin qapısı açıldı. Kimsə çölə çıxdı. Yəqin ki, nökər idi. Şəfi qarasına səslədi:

– Mərdan, Mərdan.

– Kimdir?

«Aha, deyəsən Əliheydər ağanın özü idi». Şəfi birdən-birə cəsarətə gəldi.

– Əliheydər, mənəm, Şəfiyəm…

– Nə Şəfi! Hə, sənsən. Nə əcəb?

– Bir balaca sizlə söhbətim var.

Şəfi indidən «işim düşüb» deməklə onu hürkütmək istəmədi.

– A kişi, bu vurhavurda nə söhbət? – Sonra Şəfidən cavab gəlmədiyini görüb: – Oradasan? – dedi. Görünür, düşünürmüş ki, Şəfi getmiş olar.

– Ə, Mərdan, düş qapını aç.

Şəfinin ağırlaşmış başı köksünə əyilmişdi.

«Sözsüz ki, yalvarandan sonra Əliheydər razı olacaq. Yalvararam, axı, bir yerdə duz-çörək kəsmişik. Uşaqlıq çağlarımızı yadına salaram. Züleyxadan danışımmı? Əcəb şey fikirləşirəm».

Qapı yenə açıldı.

– Ordasan?

– Bəli.

– Gəlirəm.

Nökərin ayaq səsləri yaxınlaşırdı. Şəfi özündə ona rəğbət duydu. Qapı açıldı. Nəfəsindən buğ çıxan nökərin iri, girdə gözləri təəccüb və azca rəhmdilliklə parıldadı. Ağızucu:

– Gəl, gəl, – dedi.

Əliheydər ağa eyvanda dayanıb onlara baxırdı. O, Şəfinin üst-başından su damcıladığını görüb, irəli gəldi.

– Yəqin evə çağırmaq istəmir, – deyə Şəfi ildırım sürətilə düşündü. – Hə, üst-başım palçıq, su içindədir, evləri batar, bir də istəmir ki, gözəl arvadını görsünlər. İlahi, eyvandanmı qovulacağam?

Şəfi pilləkənləri çıxdı. «Hə, eyvanda xalılar sərilib».

– Axşamın xeyir.

– Aqibətin xeyir. Buyur.

Şəfi yuxarı pilləkəndə dayandı, başını qaldırıb Əliheydər ağanın nazik sifətinə, səliqəli saqqalına, qara, hissiz gözlərinə baxdı.

– Əliheydər ağa, sizə bir xahişə gəlmişəm.

Yox, bu daha xahiş deyil, o yalvarır. Bütün varlığı ilə, üzü, əlləri, hətta islanmış paltarıyla.

– Əliheydər ağa, bilirsiz, Məşədi Nağı İrana köçür. Mən onu görüb söhbət eləmişəm, özün bilirsən ki, neçə ildir məsciddə yaşayırdım.

Şəfi danışa-danışa Əliheydər ağanın gözlərinə baxırdı. Bu gözlərdəki hissizlik, soyuqluq Şəfini üşüdürdü. Lakin… yalvarmaya bilməzdi.

Əliheydər ağa yuxarıdan-aşağı onu süzür, nəsə düşünürdü.

Şəfi heç şeylə hesablaşmaq istəmirdi. Ona ev gərək idi. Əliheydər ağa üçün heç nə olan bu ev Şəfiyçün səadətə açılan qapı idi.

– Uzaqbaşı iki ilə, ikicə ilə evin pulunu verərəm. Məşədi Nağı razıdır.

Əliheydər ağa qeyzlə başını silkələdi:

– Razıdır, bə mənim yanıma niyə gəlmisən?

– Deyir, evin ixtiyarı sizdədir.

– İxtiyarı məndədirsə, bəs onun yanına niyə getmişdin?

Şəfi tərpənəndə bir neçə damcı boynunun ardına düşdü… Bütün vücudu gizildədi. O, yaş əliylə boynunun dalını silməyə çalışaraq günahkarcasına:

– Nə bilim, dedim, necə olsa evdə o yaşayır.

Əliheydər:

– Mən hələ ev barədə fikirləşməmişəm. Bir də çox güman ki, nəqd pula satacağam. Ya da kirayə verərəm. Kirayə tuta bilərsənsə, buyur.

Şəfi kədərlə başını yırğaladı:

– Hardan? Nə qazanıram ki, kirayə pulu da verə bilim?

Əliheydər ağa istehza ilə güldü:

– Hay-hay… Deməli, istəyirsən iki il kirayə pulunu yığıb evi alasan, sonra da deyəsən Əliheydəri aldatdım, hə?

Şəfi qəzəblə dişlərini sıxdı, əliylə alnından axan suyu sildi.

– Əliheydər ağa, mən dardayam, səndən köməyə gəlmişəm. Axı, necə olsa uşaqlıq dostuyuq, gərək müzayiqə eləməyəsən.

Şəfi bir yerdə çörək yeməklərini xatırlatmaq istədi, ancaq nədənsə başqa sözlər dedi.

– Nə olar, kömək elə. Bu iki ilin kirayəsini mənə bağışla. Kim bilir, bəlkə mən də əvəzini çıxdım.

Qapı açıldı. Qədd-qamətli bir qadın eyvanın kənarına, ləməyə sarı getdi.

Əliheydər xeyli vaxt Şəfini süzdü. Bu baxışlar zindan çəkici kimi Şəfinin başına çırpılırdı… Ancaq bir şey onu saxlayırdı – Züleyxa.

Внимание! Это не конец книги.

Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!

Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации