Текст книги "Duel"
Автор книги: Антон Чехов
Жанр: Русская классика, Классика
сообщить о неприемлемом содержимом
Текущая страница: 3 (всего у книги 9 страниц)
V
Səhərçağı Nadejda Fyodorovna dənizə çimməyə gedirdi, arxasınca gələn aşpaz qadın Olqa əlində kuzə, mis kasa, mələfə, süngər daşıyırdı. Açıq buxtada ağ dudkeşi his-pas içində iki gəmi vardı, yəqin ki, xarici yük gəmiləri idi. Liman körpüsünün üstündə ağ geyimli, ağ tuflili adamlar gəzişir, çığır-bağırla fransızca danışırdılar; gəmidən onlara cavab verilirdi. Kiçik qəsəbə kilsəsinin zəngi ara vermədən çalırdı. Nadejda Fyodorovna qəfildən sevinclə xatırladı:
– Ay, bu gün bazar günüdür!
Bu gün kefi saz idi, özünü bayram əhval-ruhiyyəsində hiss edirdi. Ətəyi torba kimi sallanan cod pambıq parçadan don, kənarları yandan başını örtən şlyapa geyinmişdi. Bu şlyapada çöhrəsi yuvarlaq bir qutunun içində imiş kimi görünür, özünü çox zərif hiss edirdi. Elə zənn edirdi ki, qəsəbədəki yeganə gənc, gözəl və təhsilli xanım özüdür; ucuz, şux, zövqlü geyinməyin yolunu da bircə o bilir. Məsələn, əynindəki paltarı iyirmi iki rubla almışdı, amma bir bax ona necə yaraşır! Bütün qəsəbədə ən gözəgəlimli qadın odur, ətrafında xeyli kişi var və istər-istəməz Layevskini qısqanırlar.
Axır vaxtlar Layevskinin ona qarşı ölçülü-biçili, özünü zorladığı nəzakətlə, hətta bəzən sayğısızca kobud davranmağı xoşuna gəlirdi. Əvvəlki olsa, onun bütün qapalı, yuxarıdan-aşağı, qəribə, anlamsız soyuq baxışlarına göz yaşları, giley-güzar və ayrılıq, yaxud özünü öldürmək təhdidləri ilə cavab verərdi. İndi isə bunu etmək əvəzinə ancaq qızarır, gözləri günahkar-günahkar baxır, Layevskinin onu özündən uzaqlaşdırmağına sevinirdi də. Layevski onu azarlayanda, pis rəftar edəndə daha çox xoşuna gəlirdi, özünü onun qabağında büsbütün günahkar sayırdı.
Ona elə gəlirdi ki, birinci günahı Layevskini Peterburqdan Qafqaza sürükləyən birgə yaşamaq xəyallarına çox da əhəmiyyət verməməsi idi. Çox güman ki, Layevskinin son vaxtlardakı hiddətinin başlıca səbəbi bu idi. Nadejda Fyodorovna Qafqaza gələndə xəyalında dəniz sahilinin gözdən iraq bir yerində, arxı bolsulu, quşları çox, kölgəlikli, güllü-çiçəkli bağçasında ördək, toyuq saxlayacağı, tərəvəz yetişdirəcəyi, qonşularla mehribanlaşıb, yoxsul kəndliləri müalicə edəcəyi, onlara kağız-kitab paylayacağı bir evcik inşa etmişdi. Lakin Qafqaz çılpaq dağlar, ormanlar, qocaman vadilər diyarı idi. Uyğun bir torpaq tapıb ev-eşik düzəltmək üçün əlləşib-vuruşmalı idin. Görüşməyə nə qonşu vardı, nə də bir kimsə; havalar isti keçirdi, dağ-dərə qaçaq-quldur qaynaşırdı. Layevski torpaq almağa tələsmirdi, Nadejda Fyodorovna bundan məmnun idi. Elə bil, işdən-gücdən söz salmamaq üçün aralarında sözləşmişdilər. Layevski onun laqeydliyinə susur, Nadejda Fyodorovna bunu onun hiddətlənlənməsinə yozub özünü günahkar hiss edirdi.
İkinci səbəb isə Layevskiyə xəbər etmədən Açmiyanovun mağazasından üç yüz rublluq geninə-boluna alış-veriş etməyi idi. Bir gün gedib parça almışdı, bir gün ipək, bir gün çətir… belə-belə, iki il ərzində üç yüz rubl borc yığılmışdı.
“Bu gün özünə deyərəm,” – deyə qərar verdi. Elə o dəqiqə də bu gərgin vəziyyətində Layevskiyə borcdan söz açmağın yersiz olacağını fikirləşdi.
Üçüncü günahı da Layevski evdə olmayanda polis müfəttişi Kirilini iki dəfə evə buraxması idi. Bir dəfə Layevski səhər tezdən dənizə çimməyə getdiyi əsnada, ikinci dəfə isə gecəyarıyacan qumar oynadığı bir axşam. Bunları xatırlayanda Nadejda Fyodorovna qıpqırmızı qızardı, aşpaz qadına elə qorxa-qorxa baxdı ki, sanki qadın bu saat ağlından keçənləri oxuyacaqdı.
Dözülməz dərəcədə isti, uzun gündüzlər, adamı süstləşdirən gözəl axşamlar, boğucu gecələr – səhərdən-axşamacan boş vaxtını nə ilə dolduracağını bilmədiyi, can sıxıntısından cana gəldiyi bu yorucu həyat davam edərkən, bir tərəfdən də qəsəbədə ən gözəl, cazibədar qadın olduğunu, gəncliyinin boşa xərcləndiyini, dürüst, bilgili adam olsa da, Layevskinin yeknəsəq yaşayışı, çəkələklərini sürütləməkdən başqa işə yaramayan, nə vaxt baxırsan dırnaq gəmirən, həvəsləri, ərköyünlüyü ilə adamda ikrah oyadan bir tip olmağı – zehnində əmələ gələn bu cür fikirlər onda bir sıra arzu-həvəs oyandırmağa başlamışdı. Gecə-gündüz çılğınlıqla eyni şeyi düşünürdü. Nəfəsini çəkməyində, baxışlarında, səs tonunda, yerişində hər an eyni istək vardı. Dənizin gurultusu, gecənin zülməti, tənha dağlar ona sevməyi düşündürürdü. Sevmək, kimisə sevmək! Məhz bu aralarda Kirilin ona girişməyə başladı, Nadejda Fyodorovnanın qarşı gəlməyə, müqavimət göstərməyə tabı qalmamışdı, gücü tükənmişdi, müqavimət göstərmək də istəmirdi və beləcə, təslim oldu.
Yeridikcə bu ağ geyimli adamlar, buxarlı gəmilər nədənsə təsəvvüründə böyük, geniş salon canlanırdı. Qulağında fransızca danışıqlar, vals səsləri cingildəyirdi. Ürəyi səbəbsiz bir sevinclə döyünməyə başladı. O da rəqs etmək, fransızca danışmaq istəyirdi!
Layevskiyə xəyanətində qorxulu bir şey olmadığını sevinclə düşündü, çünki ruhunda xəyanət hiss etmirdi, əvvəlki kimi sevirdi Layevskini. Onu qısqanmağı, halına acımağı, evə gec gələndə ondan ötrü darıxmağı məgər bunu göstərmirdimi?! Kirilinə gəldikdə isə yaraşıqlı olsa da, kobud, qaba adam idi; qurtarmışdı hər şey, bir də görüşməyəcəkdi onunla. Olan-olub, kəçən-keçib, heç kimin borcuna qalmayıb, Layevski eşitsə də, inanmaz.
Sahildə bircə yuyunaq vardı2020
Yuyunaq – keçmişdə, əsasən qadınların dənizdə rahat çimə bilməyi üçün ləpədöyəndə inşa edilən dəniz hamamları.
[Закрыть], o da qadınlar üçün. Kişilər açıqlıqda üzürdü. Nadejda Fyodorovna yuyunağa qədəm qoyanda yaşlı məmur arvadı Marya Konstantinovna Bityuqova və onun on beş-on altı yaşlı məktəbli qızı Katya ilə üz-üzə gəldi. Skamyada oturub soyunurdular.
Marya Konstantinovna sözü uzada-uzada, zildən danışan, coşqun, xeyirxah qəlbli, mülayim qadın idi. Otuz iki yaşınacan evlərdə mürəbbiyəlik etmiş, sonradan daz başlı, gicgahının tellərini kənara darayan, çox təvazökar bir məmura – cənab Bityuqova ərə getmişdi. Hələ də ərinə ürəkdən bağlı idi, onu qısqanırdı: “sevgi” sözünü eşidən kimi üzü qızarar, hər kəsə xoşbəxt olduğunu söyləyərdi.
Nadejda Fyodorovnanı görən kimi həyəcanlandı, illərin tanışı kimi şirindilliklə:
– Ay, ürəyim-canım, nə yaxşı gəldiniz?! – dedi, – indi bir yerdə qəşəng-qəşəng dənizə girərik. Sizi görməyimə necə sevindim, söz tapa bilmirəm!
Aşpaz qadın Olqa tələm-tələsik yubka-köynəyini soyunub, xanımının əynini çıxarmağa girişdi. Nadejda Fyodorovna çılpaq xidmətçisinin qaba toxunuşlarından xoşhallanaraq:
– Bu gün hava dünənki qədər isti deyil, düzdü? Amma dünən dəhşət isti idi, – dedi.
– Elədir, əzizim, dünən mən də birtəhər olmuşdum. İnanırsınız, dalbadal üç dəfə dənizə girdim. Təsəvvür edirsiniz, əzizim, düz üç dəfə! Hətta Nikodim Aleksandroviç də təlaşlandı.
Nadejda Fyodorovna bir Olqaya, bir məmur arvadına baxaraq ürəyindən keçirdi: “Ya Rəbb, qadın da bu qədər çirkin ola bilərmiş!”Sonra Katyanı süzdü: “Amma qızı çox gözəldir!”
– Həyat yoldaşınız Nikodim Aleksandroviç çox sevimli adamdır, xətrini çox istəyirəm, – dedi.
Marya Konstantinovna süni gülüşlə qəhqəhə çəkdi:
– Hə, misilsiz insandı.
Əyin-başından xilas olan Nadejda Fyodorovna qəfildən qanadlanıb uçmaq istəyi duydu. Ona elə gəlirdi ki, bu saat qollarını geniş açsa, ayaqları yerdən üzülüb havalanacaq. Hiss etdi ki, Olqa onun çılpaq ağ bədəninə təəccüblə baxır. Olqa çavuş arvadı idi, buna rəğmən, qanuni nikahda olduğu üçün özünü xanımından üstün hesab edirdi. Nadejda Fyodorovna Marya Konstantinovna ilə Katyanın da ona bir elə ehtiram göstərmədiklərini, ondan çəkindiklərini sezirdi. Bu şeylər heç də xoş təsir bağışlamırdı və Nadejda Fyodorovna özünü onların gözündə qaldırmaq üçün:
– İndi bu vaxtlar bizim Peterburqda yayın ən gur, cəh-cəhli vaxtıdır, – dedi, – ərimin əhatəsi genişdir. Elə darıxıram, ora gedib dost-tanışlarla görüşməkdən ötrü!
Marya Konstantinovna çəkingənliklə soruşdu:
– Əriniz mühəndis olmalı idi, yanılmıramsa?
– Mən Layevskidən danışıram. İkimizin də xeyli dostumuz var, amma neynəyək, anası elə təkəbbürlü qadındır ki, yanına yaxınlaşmaq olmur…
Sözünü bitirmədən suya atıldı, arxasınca Marya Konstantinovna ilə Katya da dənizə girdilər. Nadejda Fyodorovna danışığına davam etdi:
– Bizdə kübarlar arasında mövhumi inanclar heç əskik olmur, göründüyü kimi asan deyil həyat.
Soylu-köklü ailələrdə mürəbbiyəlik etmiş, zadəgan mühitinə yaxşı bələd olan Marya Konstantinovna qarşılığında:
– Bəli, bəli, – dedi, – Qaratınskilərin evində qəlyanaltıda, hətta şam yeməyində də bəzənib-düzənirdilər, hələ mən buna görə aylıq maaşımdan əlavə qarderob pulu da alırdım.
Qızı Nadejda Fyodorovnanı yaxalayan suların təmasından qorumaq istəyirmiş kimi ikisinin arasında durmuşdu.
Yuyunağın dənizə açılan qapısından təqribən yüz metr irəlidə üzən bir adam görünürdü. Katya:
– Anacan, bu ki bizim Kostyadır! – dedi
Marya Konstantinovna qorxudan çırpınaraq bağırmağa başladı:
– Ah, ah! Kostya, aaaaaay Kostya, geri qayıt! Kostya, geri dön!
On dörd yaşlı yeniyetmə oğlan Kostya özünü anası ilə bacısına nümayiş etdirmək üçün başını suya batırıb üzməyinə davam etdi, amma az sonra da yorulub geri döndü. Ciddi sifətinin gərginləşməyindən özünə güvənmədiyi hiss olunurdu.
Marya Konstantinovna sakitləşib sözə başladı:
– Ah, iki gözüm, bu oğlanlar başımıza bəladır. Gözdən qoysan, o saat başını bir bəlanın içinə soxacaqlar. Ah, ana olmaq həm gözəldi, həm də çox ağır məsuliyyətdir! Neynirsən elə, qorxudan canını qurtara bilmir adam.
Nadejda Fyodorovna həsir şlyapasını başına keçirdi, yuyunaqdan çölə – açıq dənizə tərəf üzdü, bir neçə qulac2121
Qulac – hər iki əli çiyin bərabərində açanda, bir əlin barmaq uclarından o biri əlin barmaq uclarına qədər məsafə, təqribən 142-177 sm arasında dəyişir, bəzən isə bir qulac 0,5 m bərabər götürülür.
[Закрыть] irəlilədikdən sonra arxası üstə suyun üzünə uzandı. Ta üfüqəcən dənizi, gəmiləri, qəsəbəni, sahildəki adamları görürdü. Bu mənzərə, bu yaxıcı hərarət, bədənini oxşayan duru dalğalarla birlikdə hisslərini təhrik edib kükrədir, qulağına elə bil pıçıldayırdı: “Yaşamaq, yaşamaq lazımdır!”
Yelkənli bir kanoe2222
Kanoe – təkavarlı, uzunsov təknə növü. Kanoe üzrə idman yarışları da keçirilir.
[Закрыть] suyu və havanı yararaq sürətlə sivrilib yanından keçdi. Sükanda oturan adam keçəndə ona baxdı: kişilərin baxışları xoşuna gəlirdi.
Yuyunduqdan sonra birlikdə çıxıb yola düzəldilər. Nadejda Fyodorovna dəniz suyundan şor dadan dodaqlarını yalayıb tanışlarının salamını təbəssümlə alaraq:
– Günaşırı malyariya baş qaldırır məndə, amma yenə də zəifləmirəm, – dedi, – həmişə bir az dolu olmuşam, indi elə bil çəkim bir az da artıb.
– Orqanizmdən çox şey asılıdır, iki gözüm. Əgər adam kökəlməyə meyilli deyilsə, mənim kimi, nə yeyir-yesin, kökəlmir. Şey, şlyapanız yaş olub, birdənəm.
– Zərəri yoxdur, quruyar da.
Nadejda Fyodorovna yenə liman körpüsündə ağ geyimli, fransızca danışan adamları gördü, sinəsi sevinclə qabardı. Bir vaxtlar rəqs etdiyi, – bəlkə də, bunu yuxusunda görmüşdü, – böyük bir salonu dumanlı-dumanlı xatırladı. Sezilməz xəfiflikdə fısıltılı, boğuq bir səs ruhunun dərinliklərindən onun səviyyəsiz, çirkin, bayağı bir qadın olduğunu pıçıldadı.
Evlərinə çatanda Marya Konstantinovna bağçanın qapısında ayaq saxlayıb Nadejda Fyodorovnanı içəri dəvət etdi. Yalvarışlı bir səslə:
– Buyurun, – dedi.
Eyni zamanda: “Bəlkə, qəbul etmədi,” – deyə düşünərək sıxıntı və ümidlə onun üzünə baxdı.
Gənc qadın:
– Məmnuniyyətlə. Sizdə oturmaqdan necə xoşum gəlir, bilirsiniz də, – deyərək təklifi qəbul etdi.
Evə girdilər. Marya Konstantinovna ona yer göstərdi, qəhvə ilə yumurtalı torta qonaq etdi. Sonra Qaratınskilərin əvvəllər dərs dediyi, indi isə ərdə olan qızının şəkillərini göstərdi, Katya ilə Kostyanın imtahan nəticələrini gətirdi. Kifayət qədər yuxarı qiymətlər idi, yenə də köks ötürərək indiki məktəblərdə təhsilin nə qədər çətinləşdirildiyindən giley-güzar elədi.
Bir yandan necə lazımdı, qonağının qulluğunda dayanırdı, bir yandan da Nadejda Fyodorovnanın Kostya ilə Katyanın tərbiyəsinə pis təsir edəcəyindən narahatlıq keçirərək, iztirab hiss edirdi. Nikodim Aleksandroviçin isə evdə olmadığına görə sevinirdi. Bütün kişilər “belələrindən” xoşlandığı üçün bu qadın ərinin diqqətini cəlb edə bilərdi.
Marya Konstantinovna onunla danışa-danışa ikidəbir axşama təşkil olunmuş çöl gəzintisini, fon Korenin makakalara, yəni Layevski ilə Nadejda Fyodorovnaya bu haqda bir şey söylənilməməsi barəsindəki xahişini xatırlayırdı. Dalğınlığından birdən söz ağzından qaçdı, utancından üzü qıpqırmızı oldu, əməlli-başlı çaşaraq:
– Ümidvaram, siz də gələrsiniz, – dedi.
VI
Cənub yolu ilə qəsəbədən yeddi verst2323
Verst – 1067 metrə bərabər ölçü vahidi.
[Закрыть] uzaqda, Sarı çayla Qara çayın qovuşduğu yerdə çöl aşxanasında dayanıb, balıq şorbası bişirmək üçün vədələşmişdilər.
Saat beş radələrində yola düzəldilər. Ən qabaqda, üstüaçıq karetada Layevski ilə Samoylenko gedirdi. Onların arxasındakı üçatlı arabaya Marya Konstantinovna, Nadejda Fyodorovna, Katya və Kostya minmişdi. Yanlarında qab-qacaq və yemək xurcunu var idi. Polis müfəttişi Kirilinlə Nadejda Fyodorovnanın üç yüz rubl borclandığı tacir Açmiyanovun gənc oğlu arxadakı arabada əyləşmişdilər. Onlarla üzbəüz oturacaqda saçlarını səliqə ilə daramış Nikodim Aleksandroviç ayaqlarını çarpazlayıb oturmuşdu. Fon Korenlə dyakon ən arxadakı arabada gəlirdi, dyakon ayağının dibinə bir zənbil balıq qoymuşdu.
Araba karvanının qabağına bir kəndli arabası, yaxud ulağa minmiş bir abaza çıxan kimi Samoylenko az qala boğazını yırta-yırta:
– Çəkil sağa, çəkil! – deyə bağırırdı.
Fon Koren dyakona nəsə başa salırdı:
– İki il sonra yetərli pulum, adamım olanda ekspedisiyaya2424
Ekspedisiya – elmi tədqiqat məqsədilə təşkil olunan səyahət.
[Закрыть] çıxacağam. Vladivostokdan sahil boyunca irəliləyib, Berinq boğazını keçəcəyəm, oradan da Yeniseyin okeana töküldüyü yerə varacağam. Bölgənin xəritəsini çəkəndən sonra nəbatat və heyvanat aləmini tədqiq edəcəyəm, yerşünaslıq, insanşünaslıq, etnoqrafiya ilə maraqlanmağa da fürsət olacaq. İstəyirəm ki, siz də gələsiniz mənimlə.
– Heç cür gələ bilmərəm.
– Nə üçün?
– Mən evliyəm, tək deyiləm, bağlı olduğum adam var.
– Arvadınız icazə verər. Asan işdi, dolanışığınızı təmin edərik. Onu inandıra bilsəniz, cəmiyyətin xeyri üçün monastra girib rahibə olar, bundan əlavə, monastr sizin belə bir elmi ekspedisiyaya səlahiyyətli şəxs kimi qatılmağınıza da icazə verər. Bu məsələdə sizə köməklik göstərə bilərəm.
Dyakon susurdu. Zooloq:
– İlahiyyat biliyiniz necədir? – deyə soruşdu.
– Çox da yaxşı deyil.
– Hmm…Bu mövzuda sizə kömək edə bilməyəcəyəm, çünki ilahiyyatı mən də zəif bilirəm. Ancaq lazımi kitabların siyahısını versəniz, qışda Peterburqdan yollayaram. Din xadimi səyyahların əsərlərini oxumalısınız. Bunların arasında etnoqraflar, şərq dilləri üzrə mütəxəssislər də var. Onların yazı üslubunu öyrənəndən sonra asanlıqla işə başlaya bilərsiniz. İndi əlinizdə kitab olmadığı üçün boş yerə vaxt itirməyin, gəlin bizə, naviqasiya ilə, meteorologiya ilə məş-ğul olarıq. Bu şeylər çox lazımlıdır.
Dyakon gülərək mızıldandı:
– Orası elədir, elə olmağına, amma mən Mərkəzi Rusiyada vəzifə istəmişdim, əmim baş yepiskopdur, mənə o barədə kömək edəcək. İndi sizinlə gəlsəm, onu boşuna narahat etmiş olaram.
– Başa düşə bilmirəm, niyə bir qərar verə bilmirsiniz axı? Dini vəzifənizi bayramdan-bayrama yerinə yetirirsiniz, qalan vaxtları da yanı üstə yatırsınız, bu cür davam etməklə on il sonra da bugünki kimi adi bir dyakon olaraq qalacaqsınız. Saqqalınız, bığınız bir az uzanacaq, vəssalam. Ancaq həmin vaxtı ekspedisiyada keçirsəniz, qayıdandan sonra büsbütün başqa bir adam olarsınız. Faydalı işlə məşğul olduğunuz üçün ruhunuza da fərəh gələcək.
Qadınların mindiyi arabadan qorxu, həyəcan çığırtıları yüksəlməyə başladı. Arabalar həmin vaxt dəniz sahilindəki yalçın qayalıqlarda oyulub salınmış yoldan keçirdi. Yolçuların hamısına elə gəlirdi ki, sanki hündür, dar bir divarın üstü ilə çapırlar, hər an uçurumun dibinə yuvarlana bilərlər. Sağda əngin dəniz uzanıb-gedirdi, sol tərəfdə isə iri ləkələri tünd-qara, qırmızı cızıqlı, sarmaşıqların təpədən-dırnağa dırmaşdığı, girintili-çıxıntılı divar yüksəlirdi. Divarın başındakı iynəyarpaqlı ağaclar uçuruma yuvarlanmaqdan qorxurmuş kimi çəkinə-çəkinə aşağı boylanırdı.
Bir dəqiqə keçməmiş yenə çığırtı-qəhqəhə yüksəldi. Başlarının üstünü alan qocaman bir qayanın altından keçməli idilər.
Layevski:
– Heç özüm də bilmirəm, hansı ağılla sizə qoşuldum, – dedi, – elədiyimin adı sərsəmlikdir, axmaqlıqdır! Şimala getmək, bütün bunlardan qaçıb-qurtulmaq əvəzinə, bu cürə səfeh bir çöl gəzintisində quyruq olmuşam sizə.
Arabalar sola qıvrılmışdı. Artıq Sarı çayın yatağı görünürdü. Sarı, bulanıq, azğın sular gözlərinin önündə işıldaya-işıldaya axırdı.
Samoylenko:
– Sən bir bu mənzərəyə bax, necə də gözəldir! – dedi.
– Mən burada heç bir gözəllik görmürəm, Saşa. Duyğuların təbiət qarşısında tez-tez belə coşmağı təxəyyülün çürüklüyünü göstərir. Bütün bu irmaqlar, qayalar təxəyyülümün mənə bəxş etdiyi şeylərin yanında çör-çöpdür.
Arabalar artıq irmağın sahili ilə irəliləyirdi. Hündür dağlar hər iki tərəfdən birləşib boğazaoxşar görüntü əmələ gətirirdi bu yerdə. Dağlar sanki təbiətin parçalayıb bir-birinin təpəsinə mindirdiyi elə nəhəng qayalardan ibarət idi ki, Samoylenko onlara baxarkən həyəcandan istər-istəməz içini çəkirdi. O sərt görkəmli dağlar yolçuların üzünə rütubət çiləyən, əfsun saçan yarıqlarla və keçidlərlə oyuq-oyuq yarılır, aradakı boşluqlardan çəhrayı, əsmər, bənövşəyi aydınlıq içində, başı dumanlı başqa təpələr, dağlar görünürdü. Boğazın içindən keçərkən ara-sıra suların yüksəkdən tökülüb qayalarda səs-səda saldığını eşidirdilər.
Layevski içini çəkərək:
– Ah, lənətəgəlmiş dağlar! Bezmişəm, usanmışam əlinizdən! – dedi.
Qara çayın Sarı çayla qovuşduğu, mürəkkəb kimi tünd suların sarı suları boyayıb-kirlətdiyi yerdə – yolun qırağında tatar Kərbalayın aşxanası vardı. Aşxanın damına rus bayrağı və üzərində tabaşirlə “Gözəl aşxana” yazılmış lövhə vurulmuşdu. Aşxananın önündə dörd ətrafı məftillə hasarlanmış bağça, bağçada masalar, qəşəng skamyalar vardı. Bağçanı bürümüş çiçəklərin arasında tənha, yamyaşıl sərv ağacı ucalırdı. Mavi köynəkli, ağ önlüklü, sısqa, balaca-malaca bir adam olan Kərbalay yolun üstündə dikilib durmuşdu, əllərini göbəyinin üstündə çarpazlayıb, az qala yerəcən əyilərək gələnləri qarşılayır, gülümsəyib dişlərini ağardırdı.
Samoylenko:
– Ay salamumaleyküm, Kərbalay! Qoy bir az keçsin, yemək yeyəcəyik. Sən hələlik samovarı, skamyaları bir ortalığa çək gətir. Tez ol bir az! – deyə qışqırdı.
Kərbalay daz başını salladı, nəsə mızıldandı, nə dediyini ancaq arxadakı arabada oturanlar eşidə bildi: “Alabalıq var, əlahəzrət”.
Fon Koren:
– Gətir, gətir! – dedi.
Arabalar aşxanadan beş yüz addım irəlidə dayandı. Samoylenko çəmənlik bir yer seçdi. Adda-budda üstündə oturmaq üçün münasib daşlar, yerdə isə fırtınanın aşırdığı, kökləri saçaqlı, yarpaqları qurumuş şam ağacı vardı. Elə oradaca – irmağın üsündən dəlmə-deşik ağac körpü uzanırdı. Düz qarşıda, çayın o biri sahilində nağıllardakı taxta ayaqlı köşkləri xatırladan, dörd gödək dirək üzərində taxıl anbarı tikilmişdi. Anbarın qapısından aşağıya kiçik pilləkən enirdi.
Hamının ilk təəssüratı o oldu ki, elə bil bir də buradan geri qayıda bilməyəcəkdilər. Hara baxırsan, dörd tərəfdə bir-birinin belinə minən dağlar ucalırdı; axşam kölgələri aşxana və sərv ağacı səmtindən üzərlərinə yüyürürdü. Bu görüntünün təsirilə Qara çayın dolanbac vadisi əməlli-başlı daralır, dağlar daha da keçilməz görünürdü. İrmağın şırıltısı, avqust böcəklərinin dinmək bilməyən cır-cır səsləri…
Marya Konstantinovna həyəcandan dərin köks ötürüb:
– İlahi, nə füsunkardır! Uşaqlar, baxın, necə də füsunkardır! Necə dərin sakitlikdir! – dedi.
Mənzərəni bəyənən Layevski öncə göy üzünə, sonra aşxananın bacasından çıxan tüstüyə baxıb nədənsə hüznlənərək köks ötürdü. Qadının sözlərini təsdiqləyərək:
– Hə, çox gözəldir! Həqiqətən, gözəldir, – dedi.
– İvan Andreyeviç, bu mənzərəni təsvir etmək də sizin üstünüzə düşür, – Marya Konstantinovnanın səsi qəhərli idi.
– Nəyə görə təsvir etməliyəm ki? Adamın bu cür mənzərələrdən əldə etdiyi təəssürat bütün təsvirlərdən üstündür. Hamının təəssürat yolu ilə qavradığı bu cür rəng, səs zənginliyini yazıçılar çirkinləşdirib tanınmaz hala salırlar.
– Həə… Noolsun? Sonra? – fon Koren soyuq-soyuq soruşdu, suyun dibində gözaltı elədiyi ən böyük daşın üstünə çıxıb oturmağa çalışaraq:
– Hə, noolsun? – deyib təkrarladı. Gözünü Layevskiyə zilləyib:
– Bəs “Romeo və Cülyetta”? Yaxud, məsələn, Puşkinin “Ukrayna gecələri”? Təbiət ana belə ozanların önündə ehtiramla baş əyməlidir, dedi.
Düşünməyə, qarşısındakının mülahizələrinə etiraz etməyə ərinən Layevski:
– Ola bilsin… Doğrudur… – dedi. Bir az gözləyib:
– Belə baxanda, “Romeo və Cülyetta” gerçəkdə nədir ki, guya? – deyə əlavə etdi, – ozanların bəzəyib-düzədiyi müqəddəs, gözəl, ülvi sevgi-məhəbbət peyin üstündə bitmiş çiçək kimidir. Romeonun da hamı kimi heyvani tərəfi var.
– Sizinlə də bir mövzuda danışmaq olmur, o saat sözü o məsələyə gətirirsiniz…
Katyaya gözücu nəzər salan fon Koren danışığını tamamladı.
Layevski soruşdu:
– Sözü nəyə gətirirəm?
– Məsələn, biri: “Nə qəşəng salxımdır!” desə, o dəqiqə: “Düzdür, qəşəngdir, orası elədir, amma çeynəyib mədədə üyüdüləndən sonra nəyə çevrilir o salxım?” – deyə qarşılıq verirsiniz. Yeni deyil bu xasiyyət sizdə… qəribə şeydi…
Layevski fon Korenin onu sevmədiyini bilir, ondan çəkinirdi. Onun yanında özünü, sanki arxasında kimsə durubmuş kimi narahat hiss edirdi. Ona görə də zooloqa cavab vermədi, qırağa sivişdi: gəldiyinə min dəfə peşman idi.
Samoylenko:
– Xanımlar və cənablar, haydı marş, çır-çırpı yığmağa! – deyə komanda verdi.
Hərə bir səmtə dağılışdı. Orada yalnız Kirilin, Açmiyanov və Nikodim Aleksandroviç qaldı. Kərbalay kürsüləri gətirdi, yerə xalı sərib üstünə üç-dörd şüşə şərab qoydu. İlin bütün günü jaketlə qısa kitel geyinən, uzunboy, yaraşıqlı polis müfəttişi Kirilin vüqarlı duruşu, nümayişkəranə yerişi, gur, kobud səsi ilə əyalətlərin növcavan polis rəislərinə oxşayırdı. İstəmədən yuxudan oyadılan adam kimi yuxulu, hüznlü görkəmi vardı.
Hər kəlməni ağır-ağır tələffüz edərək Kərbalaya:
– Heyvan, bu nədir gətirmisən? – dedi, – mən sənə demişdim ki, tutma çaxır gətir. Sənin gətirdiyin nədir belə, ay tatarsifət?
Nikodim Aleksandroviç çəkinərək nəzakətlə araya girdi:
– Bizim şərabımız çoxdur, Yeqor Alekseyeviç.
– Eləmi? Amma mənim də bir qatqım olsun da. Elə hesab edirəm ki, çöl əyləncəsinə öz payımı gətirməyə haqqım var. E-lə de-yil-mi?! Dərhal on şüşə tutma çaxır gətir görüm!
Kirilinin pulu olmadığını bilən Nikodim Aleksandroviç:
– Niyə elə çox? – deyərək çaşqınlığını büruzə verdi.
Kirilin:
– İyirmi şüşə! Otuz şüşə! – deyə bağırdı.
Açmiyanov, Nikodim Aleksandroviçin qulağına əyildi:
– Qoy, gətirsin. Zərəri yoxdur, mən verərəm.
Nadejda Fyodorovnanın nəşəli, coşqun əhvalı vardı. Könlündən tullanıb düşmək, qəhqəhə çəkib gülmək, hayqırmaq, birinə əl qatmaq, oynaşıb-nazlanmaq keçirdi. Mavi çilli, ucuz pambıq donda, qırmızı tufli və həmin həsir şlyapası ilə özünü bapbalaca, zərif kəpənək zənn edirdi. Taxtaları aralanmış körpü ilə qaçdı, başı gicəllənsin deyə, dayanıb suya baxdı, çığırdı, şaqqanaq çəkib taxıl anbarına doğru yüyürdü. Ona elə gəlirdi ki, bütün kişilər, hətta Kərbalay da ona heyranlıqla tamaşa edir. Sürətlə çökən alacaqaranlıqda ağaclar dağlara, arabalar atlara qarışıb gözdən itəndə aşxananın işıqları yandı, Nadejda Fyodorovna daşlıqların, tikanlı çala-çuxurun arasından qıvrılan cığırla dağa dırmanaraq bir qayanın üstündə oturdu.
Aşağıda ocaq qalanmışdı, qumaş qolçaqlı dyakon atəşin çevrəsinə dövrə vurur, uzun qara kölgəsi alovun ətrafda əmələ gətirdiyi dairənin o biri yarısı kimi görünürdü. Aradabir atəşə çır-çırpı atır, uzun bir zopanın ucuna bağlanmış çömçə ilə qazanı qarışdırırdı. Üzü mis-qızılı rəngə çalan Samoylenko mətbəxində çalışdığı kimi atəşin ətrafında əlləşirdi, hirsli-hirsli bağırırdı:
– Xanımlar, duz hardadı? Nəbadə, yaddan çıxıb-eləsin ha! Nədi belə, hamınız quru bəy kimi əliboş durmusunuz? Çalışıb-əlləşən elə bir mənəm!
Layevski ilə Nikodim Aleksandroviç aşmış ağacın yanında yanaşı oturmuşdular, dalğın-dalğın atəşə baxırdılar. Marya Konstantinovna Katya və Kostya ilə birlikdə xurcundan çay dəsgahını, boşqabları çıxarırdı. Fon Koren qollarını çarpazlayıb, bir ayağını daşın üstünə qoyaraq çayın kənarında, düz suyun dibində ayaq üstə dikilib durmuşdu, nəsə düşünürdü. Atəşin qızılı işığı kölgələrə qarışaraq çəmənlikdə, insan qaraltılarının yanında gəzinir, dağın, ağacların, körpünün, taxıl anbarının üzərində titrəşirdi. Qarşı sahilin suların oyduğu dik yamacı aydınlıq içində idi. Çayda əks olunan bu aydınlıq iti axan köpüklü sularda parçalanıb yox olurdu.
Kərbalayın sahildə təmizlədiyi balıqları almağa gedən dyakon yarıyolda dayanıb ətrafa göz gəzdirərək düşündü: “Aman Allah, bu nə gözəllik! Yalnız insanlar, qayalar, atəş, qaranlıq, yerə aşmış bir ağac. Gözəlliyə söz ola bilməz!”
Qarşı sahildə, taxıl anbarının yanında yad adamlar peyda olmuşdu. Alov parlayıb sönürdü, atəşin tüstüsü o tərəfə yayıldığı üçün hamısını bütünlüklə görmək olmurdu. Amma arabir tüklü papaq, ağ saqqal, mavi köynək gözə çarpır, yırtıq-yamaq bir paltarın çiyindən dizə qədər hissəsi, göbək üstdə çarpaz duran bir qəmə, sanki kömürlə cızılmış ləkə, sıx, çatmaqaş bir gənc, yanıq bir çöhrə aydın sezilirdi. Beşi həlqə vurub, yerə oturdu, qalan beş-altısı da taxıl anbarına girdilər. Sonunculardan biri arxasını atəşə çevrib qapıda durdu, əllərini belində çarpazlayıb nəyisə izah etməyə girişdi. Hər halda, çox maraqlı bir şey danışırdı, çünki Samoylenkonun çır-çırpı ilə alovlandırdığı atəş qığılcımlar saçaraq anbarı parlaq bir işığa qərq edəndə, diqqət kəsilmiş iki simanın qapıdan baxdığı, dövrə vurub oturanların çevrilib söhbətə qulaq kəsildiyi açıq-aydın göründü.
Az sonra oturanlar üsulluca Böyük Pəhriz dualarına bənzər melodik bir hava oxumağa başladılar. Dyakon onları dinləyərkən on il sonra ekspedisiyadan qayıtmağını fikirləşdi. Bir gənc missioner keşiş kimi zəngin, möhtərəm, tanınmış tədqiqatçı olmuşdu. Onu əvvəlcə baş keşiş, sonra yepiskop təyin edirlər. Kafedralda ayinə rəhbərlik edir, başında mitra2525
Mitra – keşiş papağı.
[Закрыть], boynunda panageya2626
Panageya – Müqəddəs Məryəmin təsvir olunduğu həmail.
[Закрыть] kürsüyə çıxır. Əlindəki ikişamlı, üçşamlı şamdanlarla izdihama xeyir-dua verərək hayqırırdı: “Ulu Tanrı, bax göylərdən, öz əlinlə əkdiyin üzümün salxımlarına bax!” O əsnada mələk səsli uşaqlar oxuyur: “Ulu Tanrı, bizə xeyir-dua ver!”
Xəyallar içindən Samoylenkonun gur səsi eşidildi:
– Dyakon, balıq harda qaldı?
Dyakon atəşin yanına yüyürərkən isti bir iyul günü dini mərasimin tozlu yollardan keçidini xəyalına gətirirdi; qabaqda kəndlilər bayraq aparır, onların arxasınca gələn qadınlar və qızlar ikonaları daşıyır; arxalarınca nəğmə oxuyan uşaqlar, üzü yaralı, saçlarına saman yapışmış kilsə nəzarətçisi, sonra növbə ilə özü, özündən də arxada başında başlıq, əlində xaçı ilə kilsənin keşişi, onlardan da arxada kişilər, qadınlar və uşaqlar… Başı örpəkli həyat yoldaşı ilə keşiş arvadı da arxada izdihamın arasındadır. Nəğməkarlar nəğmə oxuyur, uşaqlar ağlaşır, bildirçinlər, çayır quşları ötüşür. Mərasim karvanı arabir dayanır, keşiş qarşılarına çıxan sürünün üzərinə müqəddəs su çiləyir. Sonra yenidən yola davam edirlər, diz üstə yerə çökərək yağış duası oxuyurlar. Axırda da geri qayıdır, yemək yeyirlər, söhbətlər uzanıb gedir…
“Bütün bunlar çox gözəldir,” – deyə ürəyindən keçirdi dyakon.
Правообладателям!
Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.