Текст книги "Duel"
Автор книги: Антон Чехов
Жанр: Русская классика, Классика
сообщить о неприемлемом содержимом
Текущая страница: 8 (всего у книги 9 страниц)
XVII
…Düşüncələr bütün ağırlığı ilə çökür
Kədərdən əzilən ruhuma.
Xatirələri sərir önümə;
upuzun, səssiz torunu.
Nifrətlə oxuyuram yaşamımı,
Lənət oxuyub titrəyirəm.
Acı-acı sızlanıb, göz yaşı tökürəm,
amma göz yaşları silmir o misraları…
Puşkin
Artıq sabah onu öldürərlər, yaxud həyatını bağışlayıb ələ salarlar, nə olur-olsun, fərq etməzdi, bitib-tükənmiş bir adam idi o. Bu rəzil qadın istəyir özünü ümidsizlikdən və xəcalətdən öldürsün, istəyir binəva varlığı ilə yaşamaqda davam etsin, eyni şeydi, o da məhv olub.
Layevski gecənin bir aləmi masada oturub əlini ovuşdura-ovuşdura bunları düşünürdü.
O, bunları düşünərkən qəfildən pəncərənin taxta çərçivəsi açılaraq divara çırpıldı, möhkəm külək otağa hücum çəkdi, masadakı kağızlar havada uçuşdu. Layevski pəncərəni örtdü, yerə dağılmış kağızları yığmaq üçün əyildi. Elə o dəm canında əvvəllər duymadığı bir iqtidarsızlıq, gücsüzlük hiss etdi. Bunun niyə belə olduğunu anlamırdı. Qollarını yana açıb, çiyinlərini oynadaraq qorxa-qorxa otaqda dövrə vurdu. Masaya oturanda yenidən əllərini ovuşdurmağa başladı. Elə bil bədəni çevikliyini itirmişdi.
İnsan öləcəyini düşünəndə doğmalarına nəsə yazmaq istəyir. Layevski də eyni şeyi etdi, qələmi əlinə alaraq titrək xətlə yazmağa başladı:
“Anacan!”
Namusunu ləkələdiyi kimsəsiz, yoxsul, zəif bir qadına yanında sığınacaq verməyi, ona isti qucaq açmağı, hər şeyi, hər şeyi unudub onu bağışlamağı, günahlarını gözardı etməyi üçün anasının bütün varlığı ilə inandığı Ulu Tanrı xatirinə anasına bir neçə sətir yazmaq istəyirdi. Ancaq şişman, yekəpər anasının səhər tezdən dingəli kəlağayısı başında evdən çıxmağını, arxasınca xidmətçisinin yanına bir pudel4141
Pudel – it cinsi.
[Закрыть] salıb yüyürməyini, qarının bağbana, xidmətçiyə bağıra-bağıra buyruq verməyini, üzündəki məğrurluğu, əzəməti xatırladı; yazdığı sözü qaraladı.
Çaxan şimşək birdən pəncərənin aynabəndində parladı, dalınca əvvəl boğuq-boğuq, sonra şaraqqaşaraqla elə bir qulaqbatırıcı göy gurultusu qopdu ki, pəncərənin şüşələri silkələndi. Layevski qalxıb pəncərəyə yaxınlaşdı, alnını şüşəyə dayadı. Bayırda qopan şiddətli fırtınanın sərt gözəlliyi vardı. Ənginliklərdə ardı-arası kəsilmədən çaxan şimşəklər buludların içindən bəyaz sütunlar şəklində dənizə axır, hündür dalğaların qaranlıq yalını ta uzaqlaracan aydınlığa qərq edirdi. Şimşəklər hər tərəfdə çaxırdı: sağda, solda, hətta evin altında…
Layevski:
– Fırtına! Sevgili fırtına! – deyə mızıldandı.
İçində kiməsə, nəyəsə, hətta buludlara dua etmək üçün bir istək vardı. Uşaq vaxtlarında fırtınalı bir gündə başıaçıq bağçaya qaçmağını, açıq-sarı saçlı, mavi gözlü iki qız uşağının onu qovmağını, yağışın altında təpədən-dırnağacan sel-su içində islanmağını xatırladı. Nəşə ilə gülüşən qızlar qəfildən şiddətlə göy guruldadığını görüb ona qısılmışdı. O da xaç çəkərək tələsik:
– Müqəddəs İsa! Müqəddəs İsa! – deyə dua oxumuşdu.
Ey həyatın o gözəl günləri, ey başdan-başa saf uşaqlıq! İndi haradasan, hansı dənizdə boğulmusan?!
İndi isə nə fırtınadan qorxurdu, nə təbiəti sevirdi; heç Tanrısı da qalmamışdı. Bir vaxtlar tanıdığı, ona güvənən qız uşaqları da onun və onun tayı olan yaşıdlarının əlində şam kimi əriyib getmişdi. Ömür boyu ata yurdunun həyətinə bir tək ağac əkməmiş, bir ot yetişdirməmiş, yaşadığı müddətdə bir ağcaqanad belə xilas etməmiş, elədiyi ancaq vurub-yıxmaq, yox etmək, yalan satmaq olmuşdu…
Suda boğulan adam saman çöpündən yapışan kimi, o da köhnə əyyamlardan ürəkaçan bir xatirə tapmağa çalışaraq, öz-özündən soruşdu: “Keçmişimdə səhv etmədiyim nəsə varmı görən?”
Məktəb illərimi? Universitet illərimi? Hamısı yalan-palanla dolu idi. Məktəbdə yaxşı şagird olmamışdı, öyrəndiklərinin hamısını da unutmuşdu. Cəmiyyətə xidmət? Bu da yalan idi. Çünki məmurluq işində heç nə eləmirdi, havayıdan maaş alırdı. Onun işi heç kəs tərəfindən məhkəməyə verilməyən oğurluğa bənzəyirdi.
Onun istədiyi şey həqiqət-filan da deyildi, belə bir şey axtarmırdı. Qüsur və yalanla əfsunlanmış vicdanı mürgüləyir, ya da susurdu. Özünü yadplanetli kimi aparır, kimsənin həyatına qarışmır, adamların iztirablarına, düşüncələrinə, inanclarına, biliyinə, axtarışlarına, mübarizəsinə laqeyd yanaşırdı. Yaşadığı müddətdə kimsəyə tək bir xoş söz söyləməmişdi, yaraya məlhəm bir kəlmə yazmamışdı, kimsəyə beş qəpiklik bir xeyri dəyməmişdi. Adamların çörəyini yemiş, şərabını içmiş, arvadlarını qaçırmış, onların düşüncələrindən faydalanmış, öz rəzil, parazit həyatını onların və özünün gözündə təmizə çıxarmaq üçün vaxtaşırı onlardan daha yaxşı, daha üstün bir adam kimi aparmışdı özünü. Bütün əməlləri yalan idi. Yalan, yalan, yalan…
Gecə Muridovgildə gördüklərini unuda bilmirdi. Dözülməz bir ikrah, mənəvi ağrı hiss edirdi. Kirilinlə Açmiyanov iyrənc idilər, amma, əslində, onlar elə Layevskinin tökdüyünü yığmışdılar, onun tələbəsi idilər, onların cinayətinə o, birbaşa şərik idi.
XVIII
Dyakon qalxdı, yoğun ağac çəliyini götürdü, sakitcə evdən çıxdı. Hava elə qaranlıqdı ki, küçə ilə gedərkən dyakon əvvəl-əvvəl çəliyini belə görmürdü. Göy üzündə tək bir ulduz da yox idi. Görünür, yenidən yağacaqdı: havanı yaş qum, dəniz qoxusu bürümüşdü.
Dyakon çəliyin səkidən çıxardığı səsi, bu səsin gecənin səssizliyində əks-səda verən cınq-cınqını dinləyərkən: “Çeçenlər basqın etməsəydi, barı…” – deyə ürəyindən keçirdi.
Qəsəbədən aralanınca yolu da, çəliyi də seçməyə başladı. Qapqara göy üzündə oyuq-oyuq ləkələr vardı. Az sonra bir ulduz göründü, ürkək-ürkək göz qırpdı. Dyakon yüksək, qayalıq bir sahillə addımlayır, dənizi görmürdü. Dəniz aşağıda uyuyur, görünməz dalğalar tənbəl-tənbəl, ləngər vura-vura sahilə çırpılır, sanki içini çəkirdi. Of, uf! Nə qədər də yavaş idi bu səs. Daha bir dalğanın uğultusu eşidildi, dyakon səkkiz addım atmışdı ki, ikincisini, sonra da üçüncüsünü eşitdi. İlahi ruhun xaosla çulğaşdığı bu ağılasığmaz dəqiqələrdə heç nə aydın sezilmirdi, qaranlıqda elə hey dənizin yuxulu, tənbəl şırıltısı eşidilirdi.
Dyakonun ürəyinə xof girdi. “İnancsız adamlarla yoldaşlıq etdiyi, hətta duellərinə tamaşa etmək üçün getdiyi üçün Tanrı onu cəzalandırarmı?!” – deyə düşündü. Bu duel cəfəng, nəticəsiz, gülünc bir şey olacaqdı. Bu cür olsa belə, yenə də burda nəsə bir küfr vardı, orada olmaq bir din xadiminə yaraşmazdı. Ayaq saxlayıb düşündü: “Geriyə dönsün, bəlkə?!” Şiddətli, təlaşlandıran bir maraq yenidən tərəddüdünü üstələdi. Yoluna davam edərkən: “İnancsız da olsalar, yaxşı insandırlar. Nəhayət, hidayət yolunu taparlar,” – deyib özünü toxtatdı, papiros sümürərək dedi: “Mütləq tapacaqlar!“
Adamlar haqqında dürüst fitva vermək üçün onların dəyəri hansı meyarla ölçülməli idi?! Ruhani seminariyasında oxuduğu illərdə zəndeyi-zəhləsi gedən məktəb nəzarətçisini xatırladı dyakon. Bir dəfə müdavimlərə qumlu çörək yedirtmişdi, az qala onun da qulağını qoparacaqdı. Bu adam Tanrıya inanırdı, duelin cəfəngiyyat olduğunu söyləyirdi, büsbütün dini tərzdə bir həyat sürürdü. Dövlətin kisəsindən oğurluq edən nəzarətçiyə hamı hörmət edirdi, müdavimlər onun sağlamlığı, ruhunun nicat tapmağı üçün dua edirdilər. İnsan həyatı bu qədər dəyərsiz idisə, təkcə inancsız olduqları üçün fon Korendən, Layevskidən aralı gəzmək doğru iş idimi? Dyakon bu suala cavab tapmağa çalışdı. Həmin vaxt Samoylenkonun bugünki gülünc vəziyyətini də xatırladı, bu da onun düşüncələrinin istiqamətini sapdırdı. Kim bilə bilər, bəlkə də, sabah nə qədər güləcəkdilər! Kolluqda gizlənib dueli izləməyini gözünün qabağına gətirdi. Şam yeməyində fon Koren özünü öyməyə başlayanda, o da gülə-gülə dueli bütün təfərrüatı ilə danışacaqdı.
Zooloq soruşacaqdı:
“Bütün bunları siz haradan bilirsiniz?”
“Görürsünüz də, evdə otura-otura hər şeydən xəbərim var”.
Dueli gülməli bir şəkildə qələmə ala bilsə, qiyamət olardı! Qayınatası oxuyub-oxuyub, gülərdi. Hələ qayınanası! Ac-susuz saxla, əvəzinə ona ancaq gülməli şeylər danış, bəsidir!
Qarşısında Sarı çayın yatağı açıldı. Yağışdan coşan irmaq iki yana genişlənmişdi; əvvəlki kimi donquldanaraq çağlamırdı. Gün get-gedə ağarmağa başladı. Donuq, sisli-çənli səhər, tufana yetişmək üçün qərbə doğru qaçmaqda olan buludlar, başını çən almış dağlar, islaq ağaclar dyakonun gözünə çirkin, kinli göründü. Dyakon irmaqda əl-üzünü yaxaladı, səhər dualarını oxudu, səhərlər qayınata evində süfrəyə gətirilən isti, qaymaqlı qutablar üçün burnunun ucu göynədi. Arvadını, onun pianoda ifa etdiyi “İnanılmaz şeylər” bəstəsini xatirinə gətirdi. Arvadını yaxşı tanımağa hələ fürsəti olmamışdı. Tanış olmuşdular, nişanlanmışdılar, bir həftə içərisində də toyları olmuşdu. Birlikdə bir ay yaşamağa macal tapmamış onun təyinatını buraya çıxarmışdılar, beləcə, arvadını əməlli tanımağa fürsət qalmamışdı. Amma yenə də o olmadan ürəyi sıxılırdı.
“Dərhal ona bir məktub yazmaq lazımdır,” – deyə düşündü.
Kərbalayın aşxanasının təpəsinə sancılmış bayraq islandığı üçün büzüşüb aşağı sallanmışdı, aşxananın sel-yaş olan damı daha qaranlıq, daha çökək görünürdü. Aşxananın qapısı ağzında bir yük arabası vardı.
Kərbalay, iki abaza, gənc bir tatar qadın – Kərbalayın ya arvadı, ya da qızı olmalı idi – aşxanadan dolu çuvalları gətirib arabadakı taxıl çəlləklərinin içinə yerləşdirirdilər. Arabanın önündə iki camış başını qabağa əyib durmuşdu. Abazalarla tatar qadın çuvalları yerləşdirməyi bitirincə, çəlləklərin ağzını örtməyə başladılar. Kərbalay camışları arabaya qoşmaq üçün yüyürdü.
“Qaçaqmal aparırlar,” – dyakon düşündü.
Budur, aşmış, yarpaqları qurumuş şam ağacı, qaladıqları ocaqdan qalan qara ləkə. Bütün təfərrüatı ilə gəzintini, yeməyi, atəşi, abazaların nəğmələrini, xəyalındakı yepiskopluğa yüksəlişi, xaç yürüşünü xatırladı…
Qara çay da yağışdan sonra əməllicə bulanmış, genişlənmişdi. Dyakon ürkə-ürkə azğın, palçıqlı dalğaların yaladığı sallama körpüdən keçdi, balaca pilləkəni qalxaraq taxıl anbarına girdi. Taxıl çəlləklərinin üstünə uzandı, fon Koreni gözünün önündə canlandıraraq ürəyində dedi: “Nə mükəmməl başı var! Beyni əla çalışır. Torpağı sanı yaşasın! Amma qəlbi bir az qatıdır”.
Layevski ilə bir-birindən niyə xoşlanmırdılar? Duelə çıxmaq üçün bir səbəb vardımı? Əgər onlar da yoxsulluğun dadını onun kimi uşaqlıqdan bilsə idilər; qaba, çirkin, kələ-kötür, bir tikə çörəyi başa qaxan, acgöz, daşürək, yerə tüpürən, süfrədə yemək yeyəndə, dua edəndə gəyirən adamların arasında böyüsə idilər; rahat həyat, sayğın-seçkin dost-tanış çevrəsi onları ərköyün etməsə idi, bir-birinə elə sarılar, nöqsanlarına göz yumar, bir-birinin dəyərini elə yaxşı başa düşərdilər ki! Həm də necə!
Ağıllı-başlı insan yer üzündə elə azdır ki! Düzdür, Layevski sərsəri, eyş-işrət düşkünü, qəribə adam idi, amma oğurluq etmirdi, “Haxx tfu!” – eləyib yerə tüpürmür, arvadına: “Tıxışdırmağı yaxşı bilirsən, amma işləmək istəmirsən!” – deyib çəmkirmir, qayışla uşaq döymür, xidmətçisinə iylənmiş ət yedirmirdi. Bu şeylər onu xor görməmək üçün bəs deyildimi? Həm də yarası sızlayan xəstə kimi qüsurlarına, çatışmazlıqlarına görə, hamıdan qabaq özü əzab çəkirdi. Can sıxıntısına, aralarındakı anlaşmazlığa görə bir-birini pozulmaqda, əxlaq düşkünlüyündə, əsilzadəliyini itirməkdə günahlandırmaq əvəzinə, bir az alçaqkönüllü olsalar: kinini, nifrətini cahillikdən, acgözlükdən, başaqaxmalardan, söyüşdən, abırsızlıqdan, qadın çığırtılarından keçilməsi mümkün olmayan dalanlara, küçələrə yönəltsələr, daha yaxşı olmazdımı?!
Eşitdiyi araba gurultusu dyakonu düşüncələrindən ayırdı. Qapıdan baxanda üstüaçıq bir araba gördü. İçində üç nəfər vardı: Layevski, Şeşkovski, poçt idarəsinin rəisi.
– Dayan burada! – Şeşkovski bağırdı.
Üçü də arabadan endi. Ətrafa boylandılar. Üstünün palçığını çırpan Şeşkovski:
– Hələ gələn yoxdur, – dedi, – eh, onlar gələnəcən biz də münasib bir yer tapaq. Bura bəs qədər geniş deyil.
Çay boyunca üzüyuxarı yeridilər, az sonra gözdən itdilər. Tatar arabaçı sürücü yerində əyləşdi, başını yana əyib mürgü döyməyə başladı.
Dyakon on dəqiqəyəcən gözləyib taxıl anbarından çıxdı. Nəzərə çarpmamaq üçün başından qara papağını götürdü, əyilib ətrafa boylanaraq kolluqlarla anbar arasındakı cığırla üzüyuxarı yeridi. Yağış damlaları ağaclardan, kolluqlardan süzülüb üstünə düşürdü. Otlar, taxıllar yamyaş idi. Cübbəsinin islanıb palçığa batmış ətəklərini toplayıb:
– Lənətə gəlsin! Bilsəydim, gəlməzdim! – dedi.
Çox keçmədən təkəm-seyrək səslər eşidildi, irəlidə gedən üç nəfəri gördü. Layevski əllərini paltarının qollarına soxmuş, belini qozbel kimi əymişdi, ağacların arasındakı kiçik talada sürətlə dolaşırdı. İki sekundant çayın sahilində dikilib papiroslarını çəkirdi.
Dyakon Layevskinin yerişini yamsıladı: “Buna bax hələ, elə bil hay-hayı gedib, vay-vayı qalıb,” – deyə içindən keçirdi.
Poçt rəisi saatına baxaraq donquldandı:
– Bu nə hörmətsizlikdir! Ola bilər, kiminçünsə gecikmək yaxşı şey olsun, amma, məncə, nəzakətsizlikdir bu.
Qarasaqqal, şişman Şeşkovski qulaqlarını şəklədi:
– Budur, gəlirlər.
XIX
Fon Koren talada göründü, hər iki əlini şərqə doğru uzadaraq:
– Birinci dəfədir belə gözəllik görürəm! Burda günəşin işıqları belə yaşıldır! – dedi.
Şərq tərəfdən yarpaqların arası ilə salxım-salxım işıq süzülürdü. Mənzərə, həqiqətən, gözəl idi. Günəş təzəcə çıxırdı.
Zooloq Layevskinin şahidlərinə başı ilə salam verdi.
– Xoş gördük! Gecikməmişik ki?
Arxasınca şahidləri – Boyko və Qavrovski adlı, eyni boyda, iki növcavan zabitlə bir əlində paket tutmuş, o biri əli arxasında, quru, zəif, adamayovuşmaz həkim Ustimoviç gəldi. Ustimoviç, adəti üzrə, çəliyini kürəyindən ucuyuxarı uzatmışdı. Paketi yerə qoydu, heç kimlə salamlaşmadan o biri əlini də belinə ataraq şax-şax gəzişməyə başladı.
Layevski özünü az sonra ölmək ehtimalı olan, hər kəsin diqqətini üzərinə çəkən adamlar kimi yorğun, narahat hiss edirdi. İstədiyi yeganə şey ya onu dərhal öldürmələri, ya da evinə göndərmələri idi. Həyatında ilk dəfə günəşin doğuşunu görürdü. Sübhün bu erkən saatında yaşıl işıqlar, yaş, islaq çəkməli adamlar gözünə lüzumsuz bir şey kimi görünürdü, canını sıxırdı. Amma bütün bunların ötən gecə ilə, uzun gecə boyunca hiss etdiyi günahkarlıq hissi ilə heç bir bağı yox idi; izin versələr, dueli gözləmədən çıxıb gedərdi.
Fon Koren isə çox həyəcanlı görünürdü, amma bunu gizlətməyə çalışır, özünü elə aparırdı ki, guya yaşıl işıqlarla maraqlanır. Şahidlər çaşıb-qalmışdılar; bura niyə gəldiklərini, nə edəcəklərini anlamadan sual dolu nəzərlərlə bir-birinin üzünə baxırdılar.
Şeşkovski:
– Cənablar, irəli getməyə nə gərək, elə bura yaxşıdır, – dedi.
Fon Koren onun sözünü təsdqlədi:
– Bəli, münasib yerdir.
Araya sükut çökdü. Ustimoviç gəzişdiyi yerdə birdən Layevskiyə tərəf çöndü, nəfəsini qarşısındakının üzünə verərək, alçaqdan:
– Belə başa düşürəm ki, sizə də şərtlərimi bildirməyiblər, – dedi, – hər iki tərəf mənə on beş rubl verməlidir. Rəqiblərdən ölən olsa, otuz rublu sağ qalan adamdan alacağam.
Layevski bu adamı çoxdan tanıyırdı. Amma onun donuq gözlərini, sərt bığlarını, vərəm xəstələrini andıran sısqa boynunu birinci dəfə idi ki, belə yaxından görürdü. Elə bil həkim yox, sələmçi idi. Nəfəsi də kəsif mal əti qoxuyurdu.
“Dünyada nə qəribə adamlar var!” – deyə düşündükdən sonra, – yaxşı, – dedi.
Həkim başını yellədi, yenidən gəzişməyə başladı. Pula heç bir ehtiyacı olmadığı halda, sırf, onlara duyduğu nifrət üzündən belə davranmağı aydın görünürdü.
Artıq hamıda prossesi başlamaq, yaxud başlanmış bir işi tamamlamaq kimi tələskən bir hiss vardı. Amma nə başlayan kimi başlayırdılar, nə də bitirən kimi bitirirdilər. Birinci dəfə duelə qatılan gənc zabitlər bu başıpozuqların cəfəng işindən heç cür baş çıxara bilmirdilər, jaketlərinin ora-burasını düzəldərək vaxt öldürürdülər.
Şeşkovski zabitlərə yaxınlaşaraq:
– Cənablar, – dedi, – gərək bu duelin baş tutmamağı üçün əlimizdən gələni edək. Yaxşısı budur, barışdıraq onları, – qızararaq davam etdi, – dünən Kirilin yanıma gəlmişdi, yanıb-yaxılaraq Layevskinin onu Nadejda Fyodorovna ilə birlikdə tutduğunu, filan-fəsman, danışdı.
– Bəli, bizim də bundan xəbərimiz var, – dedi Boyko.
– Baxın, Layevskinin əlləri tutrəyir. Bu vəziyyətdə düz-əməlli tapança da tuta bilməz. Onunla duelə çıxmağın bir tiflə, sərxoşla dalaşmaqdan nə fərqi qaldı ta?! Yoxsa qıraqdan ağzına su alıb belə şeyə tamaşa etməyi adamın ürəyi götürmür.
– Fon Korenlə danışasınız, bəlkə?
– Duelin qayda-qanununa bələd deyiləm, heç bilmək də istəmirəm! Lənətə gəlsin! Birdən fikirləşər ki, Layevski qorxub, məni göndərib. Amma nə fikirləşir, qoy fikirləşsin, gedib danışacağam.
Şeşkovksi tərəddüdlə, ayağı keyimiş halda, yüngülcə axsayaraq fon Korenə tərəf addımladı. Bu cür ağır-ağır addım atmağından könülsüz olduğu bilinirdi. Zooloqa yaxınlaşıb köynəyinin naxışlarına diqqətlə baxaraq:
– Cənab, sizə bir məsələni açmaq istəyirəm, – dedi, – amma söylədiklərim aramızda qalsın. Duelin qayda-qanununu bilmirəm, lənətə gəlsin, heç bilmək də istəmirəm. Əvvəla, sekundant kimi yox, bir insan kimi gəldim bura.
– Buyurun, sözünüzün canı nədir?
– Sekundantlar sülh təklif edəndə onlara qulaq asan olmaz, buna formal bir şey kimi baxarlar çox vaxt. Çünki burda söhbət insanın qürurundan gedir. Amma sizdən artıq dərəcədə xahiş edirəm, hələ bir diqqətlə İvan Andreyeviçə fikir verin. Bugünki vəziyyəti heç də normal deyil, özünə gələ bilmir, adamın yazığı gəlir. Xoşagəlməz bir şey gəlib başına. Dedi-qodudan da elə zəhləm gedir ki… – üzü çuğundur kimi qızardı, arxaya qanrılıb baxdıqdan sonra danışığına davam etdi, – amma ortada duel haqq-hesabı olduğu üçün sizə deməliyəm bunu. Dünən gecə Muridovun evində arvadını bir cənabla yaxalayıb.
Fon Koren:
– Nə iyrənc bir şeydir! – deyə mızıldandı. Sonra saraldı, alnını büzüşdürüb yerə tüpürdü, – tfu! – Alt dodağı əsirdi. Ardına qulaq asmaq istəmədiyi üçün Şeşkovskinin yanından uzaqlaşdı, səhvən acı bibər yemiş adam kimi təzədən uca səslə tüpürdü. Gəldiklərindən bəri ilk dəfə böyük bir nifrətlə Layevskiyə baxdı. Səhərdən bəri sıyrıla bilmədiyi həyəcandan, narahatlıqdan bir anda qurtularaq:
– Cənablar, daha nəyi gözləyirik? – deyə sual etdi, – başlayaq da!
Şeşkovski zabitlərlə baxışdı, çiyinlərini çəkdi. Araya cumub:
– Cənablar, cənablar, biz barışmağınızı təklif edirik, – dedi.
Fon Koren:
– Buraxaq daha, formal işlərin başını. Barışmaqdan bayaq danışdıq da. Növbədə başqa nə qaldı? Tələsək, cənablar, vaxt uzanır.
Şeşkovski başqasının işinə burun soxmaq məcburiyyətində qalmış adamın günahkarlıq hissi ilə qızararaq əlini sinəsinin üstünə qoydu:
– Amma nə olur-olsun, biz barışmağınızda israr edirik, – dedi, – çünki sözügedən həqarətlə duel arasında bir əlaqə görə bilmirik. Adamların zəif cəhətlərinə görə bir-birini xor görməsi ilə duel arasında nə bağ var axı, başa düşmürəm. Hər ikiniz oxumuş, təhsilli adamlarsınız, bilirəm ki, duelə dəbdən düşmüş, lüzumsuz, formal bir iş kimi baxırsınız. Biz də elə eyni gözlə baxdığımız üçün iki kişinin bir-birinə atəş açmağına yol verməmək üçün gəlmişik bura, – alnının tərini silib danışığını yekunlaşdırdı, – gəlin aranızdakı anlaşmazlığa son qoyun, bir-birinizə əl uzadın və gedək bizdə dostluğun sağlığına vuraq. And içirəm ki, düzü budur, cənablar!
Fon Koren susurdu, Layevski hamının ona diqqət kəsildiyini görüb:
– Mənim Nikolay Vasilıça qarşı ürəyimdə bir şey yoxdur, – dedi, – əgər təqsiri məndə sayırsa, üzr də istəyə bilərəm.
Fon Koren alındı:
– Hesab edirəm ki, cənablar, Layevskinin təvazökar bir cəngavər kimi evə qayıtmağını istəyirsiniz. Ancaq qoymaram, siz bu ləzzəti dadasınız. Bir də ki, mənə duelin dəbdən düşmüş bir şey olduğunu başa salmaq, sülh şərabı içirib, çörək kəsmək üçün də bu qədər əziyyət çəkmək lazım deyildi. Duel dueldir. Onu həqiqətdə olduğundan daha axmaqca, səfehcəsinə bir şey kimi təqdim etmək düzgün deyil. Mən savaşmaq istəyirəm.
Ortalığa sükut çökdü. Boyko qutudan iki tapança çıxardı; birini fon Korenə, digərini Layevskiyə verdilər. Sonra qısa müddətlik zooloq ilə şahidlərin başını qatan əngəllər ortaya çıxdı. Məlum oldu ki, orada olanlardan heç kim ömründə bircə dəfə də olsun, duel görməyib. Atəş edən adamların harada durmalı olduğunu, sekundantların nə söyləyəcəyini, necə hərəkət etmək lazım olduğunu bilən yox idi. Amma sonradan Boyko az-maz bəzi şeylər xatırladı, gülümsəyərək izah etməyə başladı.
Fon Koren gülürdü.
– Cənablar, Lermontovda duel səhnəsini kim xatırlayır? Turgenevdə də Bazarov da kimləsə atışmışdı.
Ustimoviç yerindən tərpənmədən səbrsizliklə:
– Xatırlamağa nə hacət var? – dedi, – harada dayanacaqsınızsa, aradakı məsafəni təyin edin, olsun qurtarsın.
Necə ölçüldüyünü göstərmək üçün üç addım atdı. Boyko addımları ilə məsafəni ölçdü, o biri zabit yoldaşı da qılıncını qınından sıyıraraq, sərhəd xəttini işarələmək üçün torpağa iki tərəfdən də cızıq çəkdi.
Düşmənlər ətrafdakıların sükutu altında yerlərinə keçdilər. Kolluğun içində oturmuş dyakonun birdən ağlına gəldi: “Köstəbəklər!”
Şeşkovski nəsə söylədi, Boyko yenə bir-iki şey xatırlatdı, amma Layevski sözləri eşitmirdi; daha doğrusu, eşidirdi, amma anlamırdı. Başlandı. Atəş etmək vaxtı çatanda ağır, soyuq tapançanın lüləsini yuxarı qaldırdı. Ancaq paltosunun düymələrini açmağı unutmuşdu; çiyinlərini, qoltuğunun altını çox pis sıxırdı. Qolunu çox çətinliklə havada saxlayırdı, elə bil qolu dəmirdən idi. Bir gün öncə düşməninin əsmər alnına, qıvrım saçlarına qarşı duyduğu nifrəti xatırlamağa çalışdı. Eyni nifrəti yenidən hiss eləsə belə, öldürmək üçün ona atəş aça bilməyəcəkdi. Güllənin gedib fon Korenə dəyəcəyindən qorxaraq tapançanın lüləsini qaldırdıqca yuxarı qaldırırdı, bir tərəfdən də bu nümayişkəranə ürəyiaçıqlılığının nəzakətə, ürəyiaçıqlığa dəxli olmadığını bildiyi halda, yenə də əlindən başqa cürü gəlmirdi. Düşməninin boşa atəş edəcəyini, hər halda, lap əvvəldən bilən fon Korenin solğun, istehza ilə gülümsəyən üzünə baxdı, nəhayət, hər şeyin bitəcəyini, bundan ötrü yalnız tətiyə möhkəm basmaq lazım olduğunu düşündü. Elə həmin an çiyni şiddətlə silkələndi, partlama səsi eşidildi, dağlarda əks-səda verdi: Part! Part!
Fon Koren əlləri arxasında, heç nəyi vecinə almadan dolaşan Ustimoviçə döndü:
– Doktor, lütfən, rəqqas kimi ortada gəzinib-durmayın, gözüm qaralır.
Həkim dayandı, fon Koren Layevskini nişan almağa başladı.
Layevski ürəyində dedi: “Vəssalam, qurtardı”
Düz üzünə tuşlanmış tapança lüləsi, fon Korenin duruşundan, bütün davranışlarından yağan nifrət, aşağılama, ağlı başında bir adamın hamının gözünün qarşısında günün gündüz vaxtı işləyəcəyi bu cinayət, bu səssizlik, Layevskini qaçmağa yox, yerinə mıxlanmağa vadar edən bu bilinməz qüdrət, bütün bu şeylər nə sirli, nə anlaşılmaz, nə qorxunc şeylər idi!
Fon Korenin nişan aldığı vaxt ötən anlar Layevskiyə bütöv bir gecədən daha uzun gəldi. Yalvaran baxışlarla şahidlərə baxdı. Onlar da yerindən qımıldanmırdı, sapsarı saralmışdılar.
Layevski ürəyində dedi: “Di haydı, tez ol, atəş aç!”
Hiss edirdi ki, solğun, titrək üzü fon Korendə daha çox nifrət oyadır.
Zooloq Layevskinin alnını nişan aldı, barmağını tətiyə dayadı, ürəyində: “Bu saat öldürəcəyəm. Bəli, əlbəttə, öldürəcəyəm!” – dedi.
Qəfildən çox yaxından ümidsiz bir hayqırtı yüksəldi:
– Onu öldürəcək!
Elə həmin andaca tapança guruldadı. Layevskinin yerində durduğunu, yerə yıxlmadığını görərək hamılıqla səs gələn tərəfə baxdılar. Dyakonu gördülər. Üzü sapsarı olmuşdu, islaq saçları alnına, yanaqlarına yapışmışdı, üstü-başı palçıq içində, irmaqla taxıl anbarının arasında dikilib durmuş, qəribə-qəribə gülümsəyərək papağını yellədirdi.
Bir üzü gülən, bir üzü ağlayan Şeşkovski yana sıçradı.
Правообладателям!
Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.