Текст книги "Duel"
Автор книги: Антон Чехов
Жанр: Русская классика, Классика
сообщить о неприемлемом содержимом
Текущая страница: 5 (всего у книги 9 страниц)
X
Gəzintidən üç gün sonra Marya Konstantinovna qəfildən Nadejda Fyodorovnaya baş çəkməyə gəldi. Salamsız-kəlamsız, şlyapasını belə çıxarmadan gənc qadının əllərini tutub sinəsinə sıxdı, həyəcanla:
– Əziz dostum, elə bil ilan vurdu məni, – dedi, – çox üzüldüm. Sevimli, doğma həkimimiz dünən Nikodim Aleksandroviçə ərinizin vəfat etdiyini deyirdi. Doğrumu bu, quzum?
– Bəli, doğrudur. Öldü… – Nadejda Fyodorovna cavab verdi.
– Nə qorxunc fəlakət, nə qorxunc fəlakət, əziz dostum! Amma hər işdə bir xeyir var, deyirlər. Əriniz, əlbət ki, mükəmməl, əməlisaleh, mənəviyyatca zəngin bir adam idi. Elə adamlar yer üzündən daha çox göy üzünə gərəklidir.
Marya Konstantinovnanın üzündə bütün cizgilər, nöqtələr titrəşir, sanki dərisinin altında bapbalaca iynələr gəzişirdi. Şirin-şirin gülümsədi, içini çəkib həyəcanla dedi:
– Beləliklə, daha azadsınız, iki gözüm. Bundan sonra başınızı dik tutub, adamların gözünə cəsarətlə baxa bilərsiniz. Artıq Tanrı qatında İvan Andreyeviçlə birgəliyiniz mübah sayılar, insanlar da bu evliliyi xoş qarşılayarlar. Nə yaxşı oldu! Sevincimdən əsirəm, deməyə söz tapmıram. Qayınananız da özüm olacağam, iki gözüm. Nikodim Aleksandroviçlə mən sizi elə çox sevirik ki, gərək qanuni, təmiz həyatınızı təbrik etməyə icazə verəsiniz. Nikahı nə vaxta düşünürsünüz?
Nadejda Fyodorovna əlini çəkərək:
– Elə bir fikrim yoxdur, – dedi.
– Necə yəni fikrim yoxdur, əzizim? Əlbəttə, vardır, əlbəttə, vardır.
Nadejda Fyodorovna güldü:
– And içirəm ki, yoxdur. Nə səbəbə evlənməliyəm ki? Buna heç bir lüzum görmürəm. İndiyəcən necə yaşayırdıq, bundan sonra da elə.
Marya Konstantinovna çaşqınlıqla bağırdı:
– Allah xətrinə, siz nə danışırsınız?! Elə şeymi olar?
– Düşünməyin ki, nikahlansaq, hər şey yaxşı olacaq. Əksinə, bir az da pisə doğru gedəcək. İkimiz də azadlığımızı itirəcəyik.
Əllərini çırparaq bir addım geriləyən Marya Konstantinovna:
– Bu nə sözlərdir danışırsınız?! – deyərək qıyya çəkdi, – Ağlınız özünüzdə deyil, yəqin. Bir özünüzə gəlin! Yığışdırın! Ağlınızı başınıza toplayın!
– Nəyi yığışdırmalıyam? Mən hələ yaşlanmamışam, həyatı dolu-dolu görməmişəm, siz :“Yığışdırın!” – deyirsiniz!
Nadejda Fyodorovna, doğrudan da, gün görmədiyini düşündü. Universiteti qurtaran kimi sevmədiyi adama ərə getmişdi. Sonra da Layevski ilə birlikdə yaşamağa başlamışdılar, bu cansıxıcı yerdə, ümidlə xoş şeylər gözləyərək. Bu, indi həyat idimi məgər?!
“Nikahlansaq, yaxşı olardı…” – deyə ağlından keçirdi, ancaq Kirilini, Açmiyanovu xatırlayıb üzü qızardı.
– Xeyr, heç cür mümkünatı yoxdur! İvan Andreyeviç ayaqlarıma döşənib bunu məndən istəsə də, qəbul etmərəm.
Konstantinovna bir dəqiqəyəcən səssizcə divanda oturdu; ciddi, hüznlü baxışları bir nöqtəyə dikildi. Sonra ayağa qalxaraq soyuq-soyuq:
– Hələlik, sağlıqla qalın, əzizim! – dedi, – narahat etdiyim üçün bağışlayın. Hərçənd mənim üçün bunu söyləmək üzücüdü, amma deməliyəm ki, bundan sonra aramızda hər şey bitdi. İvan Andreyeviçə böyük hörmətim var, amma evimin qapısı sizin üzünüzə bağlıdır.
Bunu zil səslə dedi, səsinin tonundan özü də ürkdü. Üzü yenə səyriməyə başladı; mülayim, şirinqılıq görkəm aldı. Birdən hər iki əlini ürkək, çaşqın tövrlə Nadejda Fyodorovnaya uzadaraq, yalvarışlı səslə:
– Əzizim, – dedi, – izin verin, heç olmasa, bir anlıq məni doğma ananız, bacınız yerində bilin. Sizinlə ana-bala kimi ürəkdən danışaq.
Nadejda Fyodorovna dərin sevinc hiss etdi, canında istilik duydu. Elə bil anası, həqiqətən, dirilib qarşısında durmuşdu. Marya Konstantinovnanı bərk-bərk qucaqladı, başını çiyninə dayadı. İkisi də birdən ağlamağa başladılar.
Divana oturdular. Bir kəlmə danışmağa təpər qalmamışdı ikisində də, bir-birinin üzünə baxmadan bir-iki dəqiqə hıçqıra-hıçqıra ağladılar.
Sükutu Marya Konstantinovna pozdu:
– Gül qönçəm, qızım, acı olsa da, sizə bəzi həqiqətləri söyləyəcəyəm.
– Deyin! Allah xətrinə deyin!
– Mənə inanın, əzizim. Əvvəla, bunu unutmayın ki, buranın xanımlarından sizi evinə qəbul edən təkcə mənəm. Məni də hələ ilk gündən qorxutmuşdunuz, amma mən hamı kimi sizinlə laqeyd rəftar edə bilməzdim. Sevimli, ürəyitəmiz İvan Andreyeviçin halına öz balam kimi ürəyim yandı. Qərib ölkədə, təcrübəsiz, zəif, ata-anasız bir gənc. Necə ürəyim yandı, necə?! Ərim onunla tanışlıq yaratmağı istəmirdi, amma mən yola gətirdim bizim kişini birtəhər. İvan Andreyeviçi evimizə qəbul etməyə başladıq, təbii ki, onunla birlikdə sizi də. Yoxsa, başqa cür acığı gələrdi. Bir qızımız, bir oğlumuz var, özünüz görmüsünüz, necə ürəyitəmiz uşaqlardır, ağılları da uşaq ağlı. Üstlərində əsirik ki, kimsə yoldan çıxarıb-eləməsin. Sizi qəbul edəndə uşaqlara görə qorxurdum. Ah, bu qorxumu ana olanda başa düşəcəksiniz. Sizi qəbul etməyimə hamı məəttəl qaldı. Bağışlayın, necə deyim, sizi namuslu bir qadın yerinə qoyduğum üçün durmadan söz atdılar mənə. Şübhəsiz, hamısı dedi-qodu, zənn-güman, qeybət… İçimdə sizə tənə edirdim, bir yandan da siz mənim gözümdə bəxtsiz, zavallı, çılğın bir qadın idiniz. Ürəyim yanırdı sizə.
Nadejda Fyodorovna əsim-əsim əsərək, hönkürtü ilə soruşdu:
– Amma niyə? Nə üçün? Kimə neynəmişəm mən?
– Günahkar bir qadınsınız. Kilsə mehrabı önündə ərinizlə bağladığınız əhd-peymanı pozmusunuz. Gözəl-göyçək bir cavanı da yoldan çıxarmısınız. Sizə rast gəlməsəydi, bəlkə, o da ətrafından bir qızla qanuni nikah bağlayıb hər kəs kimi yaşayırdı indi. Onun gəncliyini məhv etdiniz. Danışmayın, quzum, danışmayın! İşlədiyiniz günahlarda günahın kişidə olduğuna inanmıram. Həmişə qadında olur təqsir. Kişilər bu məsələlərdə çox dərinə getmir, ürəyinin yox, ağlının səsinə qulaq verirlər, çox şeydən də başları çıxmır. Amma qadınlar qat-qat çoxbilmişdir, çox şey onların əlindədir. Bu zənginlik onlara verildiyi üçün qadından gözləntilər də çoxdur. Ah, canım, qadın kişidən az bilsəydi, zəif olsaydı, Tanrı uşaqların tərbiyəsini onların ümidinə qoymazdı ki! Sonra, qızım, siz abır-həyanı tamamilə boşlamısınız, açıq-saçıqlıq yolunu tutmusunuz. Sizin yerinizdə başqa qadın olsaydı, adam görəndə gizlənər, evinə qapanardı. İnsanlar onu Allahın evində solğun, qaraya bürünmüş, ağlarkən görərdi, heyifsilənərək: “Ulu Tanrı, günahkar bir mələk yenidən sənin hüzuruna pənah gətirir…” – deyərdi. Halbuki siz, sevgili qızım, abır-həyanı qoydunuz qırağa, açıq-saçıq yaşamağa başladınız. Sizə baxırdım, seyr edirdim, çaşqınlıqdan titrəyirdim… nə vaxt bizdə olurdunuz, elə bilirdim, başımıza bu saat ildırım düşəcək, – Nadejda Fyodorovnanın danışmaq istədiyini görüb bağırdı, – bir kəlmə danışmayın! İnanın mənə, mən sizi aldatmaram, qoymaram ki, gözünüzdəki pərdə gerçəkləri görməyinizə mane olsun. Məni dinləyin, qızım: Tanrı böyük günahkarlara ləkə vurar, sizdə də öz əlamətini aşkara çıxarıb. Əyin-başınız nə biabırçılıq idi, bir fikirləşin hələ! – geyimi barədə xoş şeylər düşünən Nadejda Fyodorovna ağlamağını kəsib çaşqın-çaşqın qadına baxdı. Marya Konstantinovna danışığına davam etdi:
– Bəli, rüsvayçılıq idi üst-başınız. Bu qiyafənizə, bu bəzək-düzəyə görə hər kim istəsə, sizi qınaya bilər. Hamı sizə baxanda gülürdü, çiyin çəkirdi. Bircə mənim ürəyim yanırdı. Məni bağışlayın, amma əzizim, siz bir az çirkin qadınsınız. Yuyunaqda qarşılaşanda ürəyim bulandı. Donu yenə birtəhər eləmək olar, yubkanız, köynəyiniz nə idi elə?! Üzüm qızardı lap. Zavallı İvan Andreyeviçin qalstuku da heç düz-əməlli bağlanmır, əynindəki köynəyə, ayağına keçirdiyi çəkmələrə baxanda evdə heç kimin ona diqqət göstərmədiyini dərhal anlamaq olur. Bilinir ki, evdə yarıtox-yarıac dolanır. Evdə mətbəxlə, samovarla maraqlanan olmayanda, o da gedib maaşının yarısını orda-burda xərcləyəcək. Evinizin vəziyyəti bərbaddır. Buralarda heç kimin evində ağcaqanad yoxdur, amma sizin evdə milçək, böcək əlindən tərpənmək olmur. Yemək dəsgahı, boşqablar, fincanlar – hamısı qapqaradı. Hələ bir pəncərənin qabağına, masanın üstünə bax: toz-torpaq, ölü ağcaqanadlar, stəkanlar… Stəkanların nə işi var orda?! Masa hələ də silinməyib, əzizim. Yataq otağınıza girməyə adam xəcalət çəkir. Paltarlar hara gəldi tullanıb, rezinləriniz yapışıb-qalıb divara, yer qab-qacaq… Aman, əzizim! Kişi belə şeyləri görməsin gərək, arvad mələk kimi təmiz olmalıdır ərinin qabağında. Mən səhərlər hava hələ işıqlaşmamış oyanıram, bizim Nikodim Aleksandroviç yuxulu olduğumu hiss etməsin deyə, üzümü soyuq su ilə yuyuram.
Nadejda Fyodorovna ağlayaraq:
– Əgər xoşbəxt olsaydım, bütün bunların öhdəsindən mən də asanlıqla gələrdim. Amma elə bədbəxtəm ki!
Marya Konstantinovna ağlamamaq üçün özünü zorla sıxdı, içini çəkərək:
– Düzdür, çox bədbəxt görünürsünüz, – dedi, – gələcəkdə də sizi böyük acılar, üzüntülər gözləyir. Təkbaşına keçən ahıl çağlar, xəstəlik, sonra da uca məhkəmədə sorğu-suala çəkilmək…Qorxuncdur! Çox qorxuncdur! İndilik tale sizə əl uzadır, əvəzində isə siz bu əli düşünmədən geri itələyirsiniz. Nikahlanın, dərhal nikahlanın!
– Bəli, dediyinizi etmək lazımdır, amma edə bilmərəm, əlimdə deyil!
– Niyə əlinizdə deyil ki?
– Edə bilmərəm! Bir bilsəydiniz!
Ona Kirilindən, srağagün körpüdə qarşılaşdığı yaraşıqlı gənc Açmiyanovdan, üç yüz rubl borcdan canını qurtarmaq üçün ağlına gələn çılğın, gülünc fikirdən, gecə evə qayıdandan sonra özünü əzik, satılıq bir qadın kimi hiss etməyindən söz açmaq istədi. Bütün bunlar necə olmuşdu, özünün də xəbəri yox idi. İndi Marya Konstantinovnanın qarşısında borcunu ödəyəcəyinə and içmək istəyir, amma hıçqırıqlar, utanc hissi ona mane olurdu.
– Mən çıxıb gedəcəyəm, İvan Andreyeviç qalsın burda, vecimə deyil, – dedi.
– Hara gedəcəksən?
– Rusiyaya.
– Yaxşı, necə keçinəcəksiniz bəs? Gəliriniz-zadınız yoxdur.
– Tərcümə ilə məşğul olacağam, ya da bir kitabxana açaram.
– Xam xəyalları boş verin, əzizim. Kitabxana işinə pul lazımdır. Nə isə…sizi tək buraxım. Sakitləşin, özünüzə gəlin, düşünüb-daşının, sabah da kefiniz kök, damağınız çağ, durun bizə – yığıncağa gəlin. Görərsiniz, əla olacaq! Yaxşı, sağlıqla qalın, balaca mələyim. Qoyun bir, sizi öpüm.
Marya Konstantinovna Nadejda Fyodorovnanın alnından öpdü, xaçladı, səssizcə çıxıb getdi.
Qaranlıq düşmüşdü, Olqa mətbəxdə işıqları yandırmışdı. Göz yaşları dinməyən Nadejda Fyodorovna otağına keçib üzüqoylu yatağa uzandı. Elə məqam gözləyirmiş kimi şiddətli üşütmə baş qaldırdı. Uzandığı vəziyyətdə əyin-başını ayaqlarının ucuna tərəf çəkib çıxartdı, yumaq kimi bükülüb qıvrılaraq yorğanın altına girdi. Su içmək istədi, amma səsləməyə adam yox idi.
– Borcumu verəcəyəm! – deyə söyləndi.
Yarıyuxulu vəziyyətdə xəstə bir qadının yanında durduğunu gördü, o xəstədə özünü gördü.
– Bəli, göndərəcəyəm! Pula görə belə davrandığımı düşünmək axmaqlıqdır. Peterburqa çatan kimi göndərəcəyəm! Əvvəlcə yüz, sonra yüz, sonra yenə yüz…
Gecənin bir vaxtı Layevski gəlib çıxdı. Nadejda Fyodorovna ona da eyni şeyi söylədi:
– Əvvəl yüz, sonra yenə yüz…
Layevski:
– Kinin alaydın barı, – dedi.
İçindən isə: “Sabah çərşənbədir, gəmi gələcək. Deməli, şənbəyəcən hələ burda qalmalı olacağam,” – deyə keçirdi.
Nadejda Fyodorovna yatağının içində toparlanıb dizlərinin üstündə oturdu. Şam işığında gözlərini qırışdırıb, gülümsəyərək:
– Mən indi nəsə deyirdimmi? – deyə soruşdu.
– Yox, heç nə demədin. Səhər olsun, həkim çağırarıq. İndilik özünü yuxuya ver, yat.
Əlinə yastıq alıb, qapıya yüyürdü.
Nadejda Fyodorovnanı tərk etməyə qərar verəndən bəri qadıncığaza yazığı gəlirdi, özünü günahkar hiss edirdi. Onun yanında olanda öldürülməsinə qərar verilən xəstə, yaxud yaşlı bir atın qarşısında dayanmış kimi ürəyi sızlayırdı. Qapıda ayaq saxlayıb, qadına baxdı.
– Gəzintidə əsəblərim yerində deyildi, ağzıma gələni gəvələyib demişəm sənə. Bağışla məni, nə olar!
Bunları deyib iş otağına keçdi, divana uzandı, amma uzun müddət yuxuya gedə bilmədi.
Ertəsi gün səhər rəsmi bayrama görə çinlərini, medallarını taxıb, parad formasını geyinmiş Samoylenko Nadejda Fyodorovnanın nəbzini yoxlayıb, dilinə baxdıqdan sonra yataq otağından çıxarkən çöldə durmuş Layevski ondan soruşdu:
– Vəziyyət nə yerdədir?
Üzündən həm qorxu, həm əndişə, həm də ümid oxunurdu. Samoylenko:
– Narahat olma, təhlükəli bir şey yoxdur. Adicə qızdırmadır, – dedi.
Layevski səbirsizliklə qaşlarını çatdı.
– Onu soruşmuram. Pul tapa bildinmi, pul?
Samoylenko qapıya sarı baxaraq qızardı, fısıltılı səslə:
– Bağışla, dostum, – dedi, – Allah xətrinə, bağışla. Heç kimdə pul yoxdur. Beş ondan, üç bundan, yüz on rubl toplaya bildim cəmi. Bu gün bir nəfərlə də danışacağam. Bir az da dişini sıx, görək nolur.
Layevski səbirsizlikdən titrəyərək:
– Şənbə sonuncu gündür, – deyə mızıldandı, – kimi çox istəyirsən, ona xatir, şənbə gününə kimi tap! Şənbə günü buranı tərk etməsəm, ta heç nə lazım deyil…heç nə! Anlaya bilmirəm, bir həkimin necə pulu olmaz axı!
Samoylenko:
– Allahım, sən özün şahidsən! – deyə sürəkli fısıldadı, boğazından fit səsinə oxşar səs çıxdı, – əlimdə-ovcumda nə vardı, hamısı getdi, yeddi min rubl alacağım var, mən də boğazacan borc içindəyəm. Burda mənim nə günahım?!
– Demək, şənbəyəcən tapa biləcəksiniz, eləmi?
– Çalışacağam.
– Yalvarıram, əzizim. Cümə günü pul mənim əlimdə olsun!
Samoylenko əyləşdi, tərkibində kalu bromati, infusion de rhubarbe, tincturae genitianae, aquae foeniculi3333
Ali tibb təhsili almış A.P.Çexov dərmanların latınca adlarından istifadə edir.
[Закрыть] kimi müxtəlif qarışıqlar olan kinin resepti yazdı, acılığı azaltmaq üçün gül siropu əlavə edərək çıxıb getdi.
XI
Fon Koren içəri girən Samoylenkonun hərbi-mərasim formasını görcək dedi:
– Görkəminə baxan da fikirləşər ki, adamı tutmağa gəlibsən.
Samoylenko zooloqun öz əlləri ilə adi taxtadan döyüb-düzəltdiyi böyük masaya oturdu.
– Evinin qabağından keçirdim. Dedim, gedib bir bizim zooloqa baş çəkim, – dedi. Pəncərənin qabağında outrub nəsə cızma-qara ilə məşğul olan dyakona baxdı, – xoş gördük, müqəddəs ata! Az oturacağam, bir azdan gərək şam yeməyi hazırlamaq üçün evə gedim. Vaxtdır… Narahat etmirəm sizi?
İncə xətlə yazılmış kağızları masanın üstünə yayan zooloq:
– Yox, canım. Yazıları ağlamaya köçürürük, – dedi.
Samoylenko:
– Hə, deməli belə, – dedi, – ay aman, buna bax! – bunu deyərək üstündə qurudulmuş ilan ölüsü olan tozlu kitabı qabağına çəkdi, – bir təsəvvür edin ki, yaşıl bir böcək yolla gedərkən qəfil qarşısına bu cür bədheybət çıxır. Bir yaxşı düşünün hələ, qorxunc bir şeydir, eləmi?
– Bəli, qorxuncdur.
– Düşmənlərindən qorunmaq üçün zəhəri də var, hər halda?!
– Elədir, həm də özünün həmlə etməsinə yarıyır bu.
Samoylenko dərindən nəfəs aldı.
– Hmm… Bəli, bəli… Təbiətdə hər şey bir məqsədə qulluq edir, özlüyündə hər şeyin izahı var. Ancaq bir şeyi ağlım kəsmir. Sən bilikli adamsan, bunu mənə izah et hələ. Böyüklükdə siçandan da balaca heyvanlar var, görünüşcə olduqca gözəl, amma son dərəcə, sizə necə deyim, çox pis, ürküdücü məxluqlardır. Bu cür bir heyvan, tutaq ki, ormanda yol gedir, qabağına dişinə görə bir quş çıxan kimi dərhal onu parçalayıb yeyir. Sonra yoluna davam edərək otların arasında yumurta dolu bir yuva ilə rastlaşır, ürəyi yemək istəmir, qarnı toxdur, amma yenə yumurtalardan birini qırır, o birilərini də yuvadan fırladıb atır. Ardınca bir qurbağa ilə rastlaşır, onunla oynamağa başlayır, canı çıxanacan döyüb-əzir, sonra sivişib ordan da əkilir. Bu dəfə bir böcək çıxır qabağına. Ona da pəncəsi ilə birini ilişdirir. Belə-belə yoluna çıxan hər şeyi vurub-dağıdır. Həşəratların gizləndiyi oyuqları deşir, qarışqa yuvalarını qarışdırır, sümüklü böcəklərin qabığını qırır… Rastına siçan çıxsa, onunla da savaşar. Bir ilan balası, ya bir çöl dovşanı gördümü, öldürmədən dura bilməz. Hər gün eyni şey. İndi mənə söylə görüm, bu cür məxluqun nə faydası var? Niyə yaradılıb, səncə?
Fon Koren:
– Bilmirəm, hansı heyvandan danışırsan, – dedi, – mümkündür ki, böcək yeyən bir heyvan… Lap tutalım, sən deyəndi, nolsun ki? Qabağına quş çıxıbsa, quşun öz tədbirsizliyidir, içində yumurta olan yuvanı dağıtmağı yuvanı kim qurubsa, onun fərasətsizliyindəndir, çünki əməlli gizlədə bilməyib. Qurbağanın rəngində qüsur varmış, yoxsa onu hardan görəcəkdi? Hamısı da bu cür… Dediyin heyvan ancaq və ancaq təbiətin çoxalmağını məqsədəuyğun saymadığı tədbirsizləri, zəifləri, qısası qüsurluları yox edir. Yalnız ən bacarıqlılar, tədbirlilər, güclülər, daha yaxşı inkişaf etmiş olanlar həyatda qala bilir. Beləcə, sənin yırtıcı heyvanın özü də hiss etmədən təkamülün ulu məqsədinə xidmət etmiş olur.
– Bəli, bəli, düzdür… Hə, yadıma düşmüşkən, dostum, mənə yüz rubl ver də!
– Olar… Həşəratyeyən heyvanlar arasında qeyri-adi növlərə rast gəlmək olar. Məsələn, köstəbək. Zərərli böcəkləri məhv etdiyi üçün onu faydalı sayırıq. Deyilənlərə görə, biri alman imperator Birinci Vilhelmə köstəbək dərisindən bir kürk göndərib, imperator da bu faydalı heyvanın neçəsini öldürdüyü üçün həmin adama çubuq cəzası kəsib. Sözümü sənin sözünə gətirirəm, köstəbək yırtıcılıqda sənin heyvancığazından geri qalan deyil, hələ çəmənə-çayıra da qorxunc zərər vurur.
Fon Koren siyirtmədən yüz rublluq əsginas çıxartdı.
– Köstəbəyin döş qəfəsi yarasanınkı kimi güclüdür, – deyib siyirtməni içəri itələdi, – sümükləri, əzələləri qorxunc dərəcədə inkişaf edib. Ağız quruluşu da fövqəladədir. Əgər köstəbək fil iriliyində olsaydı, müdhiş, qarşısıalınmaz bir canavar kəsilərdi heyvanların başına. Heyrətamizdir ki, iki köstəbək yerin altında üz-üzə gələndə, əvvəlcədən razılığa gəliblərmiş kimi, geniş bir boşluq qazmağa başlayırlar. Bu sahə onların rahat-rahat savaşması üçün lazımdır. Boş yer açdıqdan sonra, ölüm-dirim savaşına çıxırlar, ta ki zəif təslim olanacan boğuşurlar. Al bu yüz rublu görüm, amma bir şərtlə ki, nəbadə Layevskiyə verəsən!
Samoylenko qızardı:
– Layevski üçün alsam, nə olacaq ki? Bundan sənə nə var?
– Layevski üçündürsə, verə bilmərəm. Bilirəm, ona-buna, kimə gəldi borc verməkdən xoşun gəlir. Soyğunçu Kərim3434
Çexovda ifadə məhz bu cürdür: “Разбойник Керим”.
[Закрыть] də gəlsə, əliboş qaytarmazsan. Amma, xətrinə dəyməsin, bu işdə sənə kömək edə bilmərəm.
Samoylenko yerindən qalxdı, sağ əlini yanına salladı.
– Layevskiyə vermək üçün alıram. Bəli, onun üçün… Heç bir iblisin, heç bir ifritin də pulumu nəyə xərcləyəcəyimi mənə öyrətməyə haqqı yoxdur. Verirsən, vermirsən, sən onu de!
Dyakon qəhqəhə çəkdi. Zooloq:
– Hirslənməzdən qabaq bir yaxşı düşün, – dedi, – cənab Layevskiyə yaxşılıq etməyin yabanı otları sulamaqdan, ya da çəyirtkələri bəsləməkdən bir fərqi yoxdur, məncə.
– Məncə isə, yaxınlarımıza yardım etmək bizim əsas vəzifəmizdir.
– Elədirsə, səninlə bir damın altda yatan türkün qarnını doyur. O, bir işçidir, sənin Layevskindən daha faydalı, işəyarayan adamındır. Haydı, yüz rublu apar ver ona. Ya da mənim ekspedisiyama yüz rubl nəfəqə ver.
– Pulu verirsən, vermirsən?
– Əvvəl pulu nə edəcəyini de mənə!
– Gizlədiləsi bir şey yoxdur. Şənbə günü Peterburqa gedəcək. Ona görə…
Fon Koren sözləri uzadaraq:
– Həə, belə de! – dedi, – anladım…Bəs yaxşı, məşuqəsini də yanında aparacaqmı?
– O burda qalır hələlik. Layevski Peterburqda işlərini yoluna qoyandan sonra qadına pul göndərəcək, sonra o da gedəcək.
Zooloq:
– Əhsən! Əhsən! Çox ustaca düşünüb! – deyərək, qırıq-qırıq güldü.
Sürətlə Samoylenkoya yaxınlaşdı, üzünü gətirib üzünə yaxınlaşdırdı, gözlərinin içinə baxaraq soruşdu:
– Düzünü de, bu hərif qadından soyuyub, düzdür? Söylə, soyuyub, ya yox? Hə?
Samoylenko:
– Bəli, – deyərək cavablandırdı.
Fon Koren tərləmişdi, ikrah duyduğunu üzündə büruzə verərək:
– İyrənclik! – dedi, – Aleksandr Davidıç, ya sən də bu cinayətində onunla əlbirsən, ya da bağışla, amma axmağın yekəsisən. Səni uşaq yerinə qoyub insafsızca sağdığını necə anlamırsan axı?! Qadından ayrılmaq, onu burada tərk etmək istədiyi gün kimi aşkardır. Bu qadın sənin başını yeyəcək burada qalsa, orası da aşkardır ki, onu öz pulunla Peterburqa göndərməli olacaqsan. Bu əziz-xələf dostun çoxbilmişliyi ilə sənin gözünə elə pərdə çəkib ki, ən bəsit həqiqətləri görmürsən.
Samoylenko oturdu:
– Bunlar hamısı zənn-gümandı…
– Nə zənn-güman? Yaxşı, niyə qadını yanında aparmır bəs? Niyə özü tək gedir? Soruş özündən. Niyə əvvəlcə qadın, sonra özü getmir? Hiyləgər tülkü!
Zooloqun aydınlaşdırdığı şübhələrin, ehtimalların altında əzilən Samoylenko yumşaldı, səsinin tonunu aşağı saldı. Layevskinin onun evində keçirdiyi gecəni xatırlayaraq:
– Bu mümkün deyil, elə də üzülür ki, yazıq! – dedi.
– Boşla, canım! Oğrular da, qatillər də əməllərindən peşman olur.
Samoylenko dalğın-dalğın:
– Deyək ki, lap sən haqlısan, – dedi, – deyək ki, elədir. Amma o qürbət yerdədir, təhsilli bir gəncdir. Biz də tələbə olmuşuq. Onun burada bizdən başqa kömək istəməyə kimi var?
– Ayrı-ayrı vaxtlarda olsa da, sənin də, onun da… işiniz universitetdə veyillənmək olub, orada əlinizdən bir iş gəlməyib deyə, indi onun bayağılığına dəstək vermək… Ağlıma sığışdıra bilmirəm!
Samoylenko barmaqlarını oynadaraq, belə bir fikir irəli sürdü:
– Dayan hələ, bir soyuq başla fikirləşim. Belə eləmək olar, mən ona pulu verim, özündən də namus sözü alım ki, bir həftə ərzində Nadejda Fyodorovnaya yol pulu yollasın.
– Sənə namus sözü də verər, gözünün yaşını da axıdar, hətta özü də öz dediyinə inanar. Amma sözün nə dəyəri var ki?! Sözünə əməl etməyəcək, iki il sonra sən onu Nevski xiyabanında təzə sevgilisi ilə qol-qola gəzən görəndə sivilizasiyanın onu pozduğunu, Rudinin3535
Rudin – Turgenevin eyniadlı romanının baş qəhrəmanı.
[Закрыть] tayı olduğunu bəhanə edib, özünü təmizə çıxaracaq. Allah xətrinə, burax onun başın! Çəkil bu çirkabdan, iki daş arasında qalmaqdan canın qurtarsın!
Samoylenko bir dəqiqə düşündükdən sonra qətiyyətlə dedi:
– Yox. Nə olur-olsun, ona pul barədə kömək edəcəyəm. Amma sən necə istəyirsən, elə də elə. Mən gümanlara, ehtimallara əsaslanıb, onu əliboş qaytara bilmərəm.
– Yaxşı, əcəb eləyərsən. İstədiyin kimi öpüşüb-qoxlaş onunla.
Samoylenko çəkinə-çəkinə:
– Di, ver bu yüz rublu, – dedi.
– Vermirəm!
Araya sükut çökdü. Samoylenko büsbütün yumşaldı. Üzündə yazıq, utancaq, yaltaq ifadə əmələ gəldi. Belə çinli-medallı qocaman bir adamın üzündə bu cür uşaq utancaqlığı görmək bir az qəribə idi, açığı.
Dyakon yazı yazmağını saxlayıb:
– Bizim baş keşiş öz ərazisini karetada yox, ata minərək gəzir, – dedi, – at üstündə oturuşu çox təsirlidir. Onun təvazökarlığının, sadəliyinin müqəddəs kitablara yaraşan əzəməti var.
Mövzunun dəyişməyinə sevinən fon Koren:
– Özü necə, yaxşı adamdır? – deyə soruşdu.
– O da sözdür?! Yaxşı adam olmasa, baş keşiş qoymazdılar ki!
– Baş keşişlər arasında çox bacarıqlı, yaxşı adamlara rast gəlmək olur. Ancaq təəssüf ki, bir çoxu özünü dövlət adamı kimi aparır. Biri rus milliyyətçiliyi uğrunda çarpışır, başqası elmi tənqid edir. Əslində isə, bu cür şeylər onlara vəzifə deyil. Özlərini dinə həsr etsələr, daha yaxşı olar.
– Siz fani insanlar baş keşişlərin əməllərini mühakimə edə bilməzsiniz.
– Niyə, dyakon? Baş keşiş də mənim kimi adam deyil?
Bu söz dyakona toxundu. Qələmi əlinə alaraq:
– Heç də elə deyil, – dedi, – əgər onun kimi olsaydınız, siz də dualarınızla insanlara bərəkət bəxş edən müqəddəs bir zat olardınız. Elə deyilsinizsə, deməli, onlardan fərqlisiniz.
Samoylenkonun canı sıxılaraq:
– Dyakon, malı-mala qatma! – deyib Fon Korenə çevrildi, – bax gör nə deyirəm, sənin dediyin kimi olsun, yüz rublu mənə vermə. Qışacan hələ üç ay məndə yemək yeyəcəksən, üç aylıq hesabı bəri başdan ödə.
– Xeyr, ödəmirəm.
Samoylenko gözlərini qırpdı, qızardı. Üstündə ilan olan kitabı özünə tərəf çəkdi, qapağına baxdı, sonra ayağa qalxaraq şlyapasına əl atdı.
Fon Korenin ona yazığı gəlirdi. Ayağı ilə hirslə vuraraq bir kağız parçasını otağın küncünə tolazladı:
– Gəl indi belə adamlarla birlikdə yaşa, birlikdə iş gör! – dedi, – bunu yaxşı-yaxşı anlamağını istəyirəm: sənin elədiyin bu yaxşılıq qayğı göstərmək deyil, qorxaqlıqdır, iradəsizlikdir, ətrafı zəhərləməkdir. Ağılın məsləhətini sizin yumşaq, heç bir işə yaramayan ürəyiniz pozur. Məktəb illərində tifə yoluxmuşdum. Xalamın da ürəyi tab gətirməyib, mənə göbələk turşusu yedizdirib. Az qala öləcəkdim. Xalam da, sən də başa düşün ki, insan sevgisi ürəkdə, mədə boşluğunda, belin ortasında deyil, bax, düz burdadır! – deyərək alnına vurdu, yüz rublluq əsginası həkimə uzatdı:
– Al!
Samoylenko pulu qatlayıb yumşaq səslə:
– Boş yerə qızırsan, Kolya – dedi, – səni çox yaxşı başa düşürəm, amma sən bir özünü mənim yerimə qoy!
Dyakon gülməyə başladı. Fon Koren alovlu-alovlu:
– Qulaq as, Aleksandr Davidıç! – dedi, – səndən son bir xahişim var. Pulu verəndə bu zinakarla şərt kəs: ya arvadı ilə birlikdə getsin, ya da birinci onu göndərsin. Yoxsa, vermə pulu. İşimizi-gücümüzü atıb, ikidəbir onunla məşğul olmayacağıq ki! Ona elə belə də de! Deməsən, namusuma and olsun, gedərəm, çalışdığı idarədə onu pilləkənlərdən aşağı ataram. Səninlə də bir daha görüşmərəm. Bunu başına yerit!
– Eh, əldən nə gələr axı?! – Samoylenko dedi, – birlikdə getsələr, yaxud qadını birinci göndərsə, özü üçün yaxşı olar. Bəlkə, lap sevinər də. Yaxşı, di xudahafiz!
Çıxanda üzü gülürdü. Arxasınca qapını örtməzdən qabaq fon Korenə baxdı, üzünə qorxunc bir ifadə verərək:
– Dost, almanlar səni pozub! – dedi, – bəli, almanlar.
Правообладателям!
Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.