Электронная библиотека » Антон Чехов » » онлайн чтение - страница 7

Текст книги "Duel"


  • Текст добавлен: 26 октября 2022, 16:40


Автор книги: Антон Чехов


Жанр: Русская классика, Классика


сообщить о неприемлемом содержимом

Текущая страница: 7 (всего у книги 9 страниц)

Шрифт:
- 100% +

XV

Hissə-hissə yalan danışmağı qərara alan Layevski şənbə günü mütləq və mütləq yola çıxmaq üçün ertəsi gün saat ikidə Samoylenkonun evinə pul istəməyə getdi. Dünənki isterika hadisəsindən sonra sıxıntısı azmış kimi, canını bir də xəcalət hissi bürümüşdü: artıq qəsəbədə qala bilməzdi.

Bəs, görəsən, Samoylenko şərtinin üstündə təkidlə dursa, o da pulu almaq üçün üzdə özünü razı göstərib, ertəsi gün düz yola çıxan vaxtı Nadejda Fyodorovnanın getməyə razı olmadığını söyləsə, necə olardı?! Bütün bunların onun xeyrinə olduğuna Nadejda Fyodorovnanı dünəndən inandıra bilərdi. İkinci variant da vardı: şəksiz-şübhəsiz Fon Korenin təsirinə düşmüş Samoylenko birdən pul vermək istəməz, yaxud başqa şərtlər irəli sürərsə, o da elə günü bu gün bir yük gəmisinə, ya da bir yelkənli gəmiyə atlayıb Novıy Afona, ya da Novorossiyskə gedər, oradan da anasına təsirli bir teleqram vurub, pul gələnəcən gözləyərdi.

Samoylenkonun evinə gələndə orada fon Koreni gördü. Fon Koren yeməyə təzəcə gəlmişdi, adəti üzrə, albomu açıb silindrli kişilərin, kəlağayılı xanımların rəsmlərinə baxırdı. Layevski onu görən kimi əndişə ilə düşündü: “İşin tərsliyinə bax da! Birdən işimə bir əngəl çıxarsa?!”

– Xoş gördük!

Fon Koren ona baxmadan cavab verdi:

– Xoş gördük!

– Aleksandr Davidıç evdəmi?

– Bəli, mətbəxdə.

Layevski mətbəxə getdi, amma Samoylenkonun başının salat hazırlamağa qarışdığını görüncə, salona qayıdıb oturdu.

Zooloqun olduğu yerdə həmişə özünü narahat hiss edərdi. İndi də isterika söhbətinin açılacağından qorxurdu.

Bir dəqiqəyəcən səssizlik içərisində keçdi. Sonra fon Koren gözlərini Layevskiyə dikərək:

– Dünənki vaqeədən sonra özünüzü necə hiss edirsiniz? – deyə soruşdu.

Layevski qızardı.

– Yaxşıyam, yaxşıyam, ciddi bir şey deyildi, onsuz.

– Hələ dünənəcən yalnız qadınların isterika keçirdiyini zənn edirdim, ona görə başda fikirləşdim ki, sizinki Müqəddəs Vitta rəqsidir.3737
  Müqəddəs Vita rəqsi – bəzən xoreya (sinir xəstəliyi) xəstəliyini bu cür də adlandırırlar; 303-cü ildə öldürülmüş xristian müqəddəsi.


[Закрыть]

Layevski yaltaqlıqla gülümsədi: “Hörmətsizlik edir! Yaxşı bilir ki, bu sözlər mənə toxunur. Yenə də qabalıq etməyindən əl çəkmir,” – deyə düşünsə də, üzündə həmin təbəssüm:

– Bəli, gülünc iş gəldi başıma, – dedi, – bu gün bütün səhəri elə hey gülmüşəm. Əsəb gərginliyinin bir qəribəliyi də var ki, cəfəng olduğunu bilə-bilə içində gülürsən, bir yandan da hönkür-hönkür ağlayırsan. Bu əsəb zəmanəsində hamımız sinirlərimizin nökəriyik, onlar bizim ağamızdır, istədiklərini bizə etdirə bilirlər. Bu işdə göstərdiyi əməyə görə sivilizasiyaya nə qədər təşəkkür etsək, azdır.

Layevski bir ucdan danışır, bir yandan da fon Korenin bütün diqqəti ilə, ciddi-ciddi onu dinləməyindən, gözlərini qırpmadan üzünə dik-dik zillənməsindən narahat olurdu. Fon Korendən iynənin ucu qədər xoşlanmasa da, üzündəki yaltaq təbəssümü heç cür yığışdıra bilmədiyi üçün özünə acığı tuturdu.

– Hərçənd, etiraf etmək lazımdır ki, əsəb sarsıntısı keçirməyim üçün yetərli səbəblər vardı, – deyə nitqinə davam etdi, – son vaxtlar səhhətim xeyli pisləşmişdi. Üstəgəl, can sıxıntısı, daimi pulsuzluq, dost-yoldaş yox, ortaq maraqların çatışmazlığı. Vəziyyətim heç də ürəkaçan deyildi, açığı.

Fon Koren:

– Bəli, vəziyyətiniz çıxılmazdı, – dedi.

İçində həm istehza, həm də xoşagəlməz uzaqgörənlik olan bu sözlərdən Layevski diksindi. Zooloqun dünənki istehzalı baxışlarını gözünün qabağına gətirdi, bir müddət susduqdan sonra bu dəfə gülmədən soruşdu:

– Mənim vəziyyətimi siz hardan bilə bilərsiniz?

– Bayaq özünüz dediniz ki! Bundan başqa da, dostlarınız sizə elə ürəkdən can yandırır ki, bütün günü ancaq sizdən danışırlar.

– Hansı dostlarım? Samoylenkomu?

– Bəli, o da.

– Aleksandr Davidıçdan, daha doğrusu, bütün dostlarımdan xahiş edirəm, mənə bu qədər can yandırmasınlar.

– Budur, Samoylenko gəlir, özünüz xahiş edin, sizinlə daha az maraqlansın.

Layevski:

– Bu danışıq tərzinizi heç başa düşə bilmirəm, – deyə mızıldandı.

Layevskiyə elə gəlirdi ki, sanki zooloqun ondan ikrah duyaraq xor gördüyünü, onu ələ saldığını, ən amansız düşməni olduğunu təzəcə hiss edir.

– Bu danışıq tərzini başqasına saxlayın, – dedi alçaq səslə. Köksünə tıxanan küdurət ucadan danışmağına mane olurdu, boynunu irəli uzatdı, dünənki kimi gülüş isterikasına qapılacaqdı.

Jaketsiz, mətbəxin boğucu istisindən tərləmiş, üzü qızarmış Samoylenko içəri girdi.

– A, sən də burdasan? – dedi, – xoş gördük, iki gözüm! Yemək yedinmi? Yeməmisənsə, çəkinmə, de.

Layevski qalxaraq:

– Aleksandr Davidıç, – dedi, – sizə şəxsi bir məsələ üçün ağız açmışamsa, bu o demək deyil ki, size başqalarının sirlərinə ehtiram göstərmək vəzifəsindən azad etmişəm.

Samoylenko çaşqın halda soruşdu:

– Nə olub ki?

Layevski həyəcandan ayağını ayağının üstünə aşırıb səsini ucaltdı:

– Pulun yoxdursa, vermə, xahişimi yerinə yetirmə, amma hər tin başı, vəziyyətimin ümidsiz olduğunu, filanı-bəsməkanı, hər gələnə eşitdirməyinə nə gərək vardı?! Bir qəpiklik yaxşılığın əvəzinə beş rublluq söz danışılacaqsa, bu cür bütün yaxşılıqlar, dost qayğıkeşliyi yerin dibinə girsin! Göstərdiyin xeyirxahlıqla kefin istəyən qədər öyünə bilərsən, amma heç kim sənə icazə verməyib ki, mənim sirlərimi açıb ortalığa tökəsən!

Samoylenko çaş-baş qaldı, hirslənməyə başladı:

– Nə sirr? Hansı sirr? Bura söyməyə gəldinsə, get, sonra gələrsən!

“Hirslənəndə yüzəcən say, sakitləş” qaydasına əməl edərək saymağa başladı. Layevski dayanmadan danışırdı:

– Xahiş edirəm, mənimlə maraqlanmayın, vecinizə almayın heç nəyi! Mənim necə yaşadığımdan, nə etdiyimdən kimə nə axı?! Bəli, çıxıb gedəcəyəm buradan! Borc alıram, içki içirəm, başqasının arvadı ilə yatıram, isterikin biriyəm, bayağıyam, dərin düşüncəli deyiləm, kimin nə haqqı var, bunları müzakirəyə qoysun? Adamın şəxsiyyətinə hörmətiniz olsun!

Samoylenko otuz beşə qədər saymışdı.

– Əzizim, məni bağışla, amma…

Layevski onun sözünü kəsdi:

– Bəli, adamın şəxsiyyətinə hörmət qoyun! Başqasına can yandırıb elədiyiniz bu qeybətlər, ahu-zarlar, dostyana qayğıkeşlik olmaz ola idi! Borca pul verirlər, qarşılığında balaca uşaq kimi şərt qoşurlar. Məni nə yerinə qoyursunuz ki, başa düşmürəm?! İstəmirəm, pulunuz da sizin olsun, hər şeyiniz də! – həyəcandan, yenidən sarsıntı keçirəcəyindən qorxa-qorxa bu sözləri hayqırdığı vaxt başında şimşək kimi bir düşüncə də çaxdı: “Deməli, şənbə günü gedə bilməyəcəyəm!” Yenidən bağırmağa başladı:

– Heç nəyinizi istəmirəm, bu vəkalətnamənizi qaldırın ta üzərimdən! Mən nə uşağam, nə də dəli! Xahiş edirəm, məni gizlin-gizlin pusmaqdan əl çəkin!

Dyakon içəri girdi; bət-bənizi saralmış Layevskinin əl-qolunu sallayaraq, əcaib bir səslə şahzadə Vorontsovun portretinə xitab etdiyini görüncə, qapının ağzında heykəl kimi donub qaldı.

– Hər dəqiqə mənə göz qoymağınız adama yer eləyir! – Layevski davam etdi:

– Könüllü casuslardan xahiş edirəm, casusluğuna son qoysunlar!

Yüzəcən sayıb-bitirən Samoylenko qıpqırmızı olub, Layevskiyə yaxınlaşdı:

– Nə dedin… Nə dediniz?

Layevski dərindən köks ötürüb furajkasına əl atdı:

– Bəsdirin daha!

Samoylenko hecalaya-hecalaya:

– Mən əsil-köklü bir rus həkimi, yuxarı dərəcəli bir dövlət məmuruyam! – dedi, – heç vaxt nə casusluq etmişəm, nə də kiminsə məni belə təhqir etməyinə icazə verərəm! – sonuncu sözləri vurğulayaraq cingiltili səslə qşqırdı, – Kəs səsini!

Həkimi heç vaxt belə heybətli, sir-sifəti sallanmış, bu dərəcədə üzü qızarmış və qorxunc görməmiş dyakon əli ilə ağzını örtərək, salona qaçdı, qarnını tutub uğundu. Layevski dumanlı şəkildə fon Korenin ayağa qalxdığını, əllərini cibinə soxaraq, məsələnin nə ilə qurtaracağını gözləyən əda ilə durub baxdığını gördü. Bu soyuqqanlı duruş ona həddindən ziyadə hörmətsiz, təhqiramiz təsir bağışladı.

– Sözünüzü geri götürün! – Samoylenko bağırdı.

Ağzından çıxanı qulağı eşitməyən Layevski cavabında:

– Məni rahat buraxın! Mən heç nə istəmirəm! – dedi, – yaxamdan əl çəkin! Siz də, bu almandandönmələr də! Yoxsa tədbir alacağam! Məni duelə vadar etməyin!

Masanın arxasından çıxan fon Koren:

– İndi məsələ aydın oldu, – dedi, – cənab Layevski getməmişdən qabaq hələ bir duellə də könül əyləndirmək istəyir. Ona bu zövqü yaşada bilərəm. Cənab Layevski, dəvətinizi qəbul edirəm.

Layevski zooloqa yaxınlaşdı, onun əsmər alnına, qıvırcıq saçlarına nifrətlə baxaraq:

– Duel? Deməli, duel? Yaxşı, – dedi, – nifrət edirəm sizə! Nifrət edirəm!

– Çox gözəl. Sabah səhər tezdən Kərbalayın aşxanasının yanında…bütün qayda-qanunlara uyğun, istədiyiniz kimi… Amma indi şələ-şüləni yığ, itil burdan!

Layevski dərindən nəfəs dərib:

– Nifrət edirəm! – dedi, – çoxdan bəridir, nifrət edirəm! Deməli, duel? Lap yaxşı!

– Qov bunu, Aleksandr Davidıç! Qovmasan, özüm çıxıb gedəcəyəm. Yoxsa it kimi qapacaq adamı.

Fon Korenin sakit səsi həkimi çaş-baş saldı, birdən özünə gəldi, ağlı yerinə qayıtdı, ikiəlli Layevskidən yapışıb zooloqdan uzaqlaşdırdı, yumşaq, titrək səslə:

– Dostlar, mənim xeyirxah dostlarım, – dedi, – bir az hirslənib-elədik, əsəblərimiz pozulub, yəqin. Dostlar, bura qədəri bəsdir, bəsdir, dostlar…

Mülayim, dostyana sözlər eşidən Layevski o günəcən başına gəlməyən, fövqəladə bir şeyin baş verdiyini hiss etdi. Elə bil qatarın altında qalıb əziləcəkdi. Az qala hönkürəcəkdi, əlini yelləyib, otaqdan çıxdı.

Az sonra kazinoda oturub, bayaq məruz qaldığı təhqirlərin ağırlığı altında əzilərək düşünürdü: “Başqasının nifrətini üzərində hiss etmək, həm də sənə nifrət edən birinin qarşısında acınacaqlı, səfil, çarəsiz bir vəziyyətə düşmək, nə qədər çətindir! Necə ağırdır, İlahi?!”

Bir qədəh konyak onu bir az özünə gətirdi. Fon Korenin sakit, məğrur üzünü, dünənki baxışlarını, naxışlı, işləməli köynəyini, səsini, ağ əllərini gözünün önündə canlandırır, düşündükcə dərindən-dərinə qabaran, qorxunc bir kin köksünü dolduraraq çölə daşmaq istəyirdi. Xəyalında fon Koreni yerə yıxıb, tapdağı altında əzdi. Olub-keçəni xırdalığınacan xatırladı. Bu günəcən belə dəyərsiz adama yaltaqlanaraq necə gülümsəyə bilmişdi; balaca, bəlkə, heç xəritəyə belə düşməyən, Peterburqda heç bir qanacaqlı adamın tanımadığı, önəmsiz bir qəsəbədə yaşayan insancıqların düşüncələrinə necə olmuşdu ki, dəyər vermişdi, özü də bilmirdi. Bir gün bu qəsəbə bütünlüklə yerin dibinə batsa, yaxud yansa, bunu bildirən teleqraf xəbərini Rusiyada hamı köhnəlmiş mebel elanlarını oxuduğu kimi, sıxıla-sıxıla oxuyardı. Sabah fon Koreni öldürmək də, sağ saxlamaq da eyni şey idi: ikisi də gərəksiz, ikisi də lazımsız şeylərdir. Yaxşısı, ayağına, ya da qoluna nişan almaq, yaraladıqdan sonra ələ salmaq idi. Qoy, ayağı qopmuş bir böcək otların arasında necə itirsə, o da eləcə, özü kimi dəyərsiz insan izdihamının arasına qarışıb yox olsun.

Layevski Şeşkovskinin evinə baş çəkərək duel əhvalatını danışdı, Şeşkovskidən sekundantlıq3838
  Sekundant – duellərdə adətən hakim, şahid, köməkçi funksiyalarını yerinə yetirən şəxs.


[Закрыть]
etməyini xahiş etdi. Sonra ikisi birlikdə poçt-teleqraf idarəsinə getdilər, rəisi də sekundant olmağa razı saldıqdan sonra nahara qaldılar. Yeməkdə uzun-uzun zarafatlaşıb gülüşdülər. Layevski yerli-dibli silah istifadə edə bilmədiyini söyləyib, özünün bu fərasətsizliyinə lağ elədi, özünə gah kralın oxçusu, gah da Vilhelm Tell3939
  Vilhelm Tell – XIII-XIV əsrlərdə yaşadığı güman edilən isveçrəli əfsanəvi qəhrəman. Ox atmağı ilə məşhurdur. Oğlunun başı üzərindəki almanı oxla vurub paralamışdı.


[Закрыть]
kimi ayamalar qoşdu. Sözarası da:

– Bu cənaba yaxşıca dərs vermək lazımdır, – deyirdi.

Yeməkdən sonra başları kart oynamağa qarışdı. Layevski bir yandan oyun oynayır, bir yandan da şərab içərək, duelin bir şeyə dərman olmadığını, məsələni daha da qəlizləşdirdiyini, bu səbəbdən də cəfəng bir şey olduğunu, amma duel olmadan da işlərin aşmadığını düşünürdü. Nümunə kimi də öz əhvalatını götürürdü: fon Koreni məhkəməyə verə bilməzdi. Bu duelin heç olmasa faydalı bir yanı var idi: bundan sonra artıq bu qəsəbədə qala bilməyəcəkdi.

İçki başını xəfifcə dumanlandırmışdı, oyunun da təsiri ilə fikri dağılmış, özünü yaxşı hiss etməyə başlamışdı. Amma günəş batıb hava qaralandan sonra, canını təlaş bürüdü. Əslində, bu, ölüm qarşısında duyduğu qorxu deyildi, çünki yemək yeyəndə, kart oynayanda içində nədənsə duelin nəticəsiz bitəcəyi ilə bağlı bir hiss oyanmışdı. Ömründə ilk dəfə sabah erkən baş tutacaq duelin əndişəsi ilə bütün varlığına təzyiq edirdi gecə. Bilirdi ki, qarşıda onu uzun, yuxusuz bir gecə gözləyir; təkcə fon Koreni, onun nifrətini yox, irəlidə aşmalı olduğu, amma bundan ötrü özündə heç cür güc tapmadığı yalan dağını da düşünməli idi: nə karta marağı qalmışdı, nə də oyun yoldaşlarına. Yerində qurcalanmağa başladı, yoldaşlarından üzrxahlıq edib, evə getmək istəyini dilə gətirdi. Tez yatağına uzanıb, hərəkətsiz vəziyyətdə yuxuya getməli, ertəsi gün üçün düşüncələrini ölçüb-biçməli idi. Şeşkovski ilə poçt-teleqraf idarəsinin rəisi onu yola saldılar, özləri də duel məsələsini müzakirə etmək üçün fon Korenin evinə getdilər.

Layevski evinə yaxınlaşanda Açmiyanovla rastlaşdı. Gənc həyəcan içində tövşüyürdü.

– Mən də sizi axtarırdım, İvan Andreyeviç, – dedi, – xahiş edirəm, tez olun, gedək.

– Hara?

– Tanımadığınız bir cənab sizinlə görüşmək istəyir, sizə çox önəmli bir şey deyəcək. Bir dəqiqəlik də olsa, gəlməyinizi xahiş etdi. Sizinlə danışmağı çox vacib imiş… Onun üçün ölüm-dirim məsələsi imiş…

Layevski:

– Kimdir ki, bu adam? – deyə soruşdu.

– Adını deməyəcəyəm, özü belə xahiş etdi.

– Ona deyin ki, işim var, ürəyi istəsə, sabah gələr.

Açmiyanov diksindi:

– Sabah mümkün deyil! Sizin üçün də vacibdir. Çox vacibdir, – dedi, – gəlməsəniz, fəlakət qopa bilər…

Açmiyanovun niyə bu qədər həyəcanlandığını, bu sönük, cansıxıcı qəsəbədə nə kimi bir sirr ola biləcəyini anlamayan Layevski:

– Qəribədir, çox qəribədir, amma olsun, gedək, – deyə mızıldandı, – mənim üçün fərq etməz…

Açmiyanov qabağa düşdü, Layevski də onu təqib etməyə başladı; xiyabanı, sonra küçəni keçdilər.

– Nə cansıxıcı bir şeydir! – Layevski donquldanırdı.

– Az qalıb, indicə… çox çəkməz…

Qədim qəsrin yanında, ətrafı divarlarla əhatələnmiş iki sahənin arasındakı küçəni keçdilər, kiçik bir evə yönəldilər.

Layevski:

– Bura Muridovun evi deyilmi? – deyə soruşdu.

– Bəli.

– Yaxşı, bəs niyə arxa qapıya tərəf hərlənirik, başa düşmürəm. Küçə qapısından girə bilərdik, daha yaxın idi.

– Ziyan yoxdur, ziyan yoxdur…

Açmiyanovun onu arxa qapıdan aparması, əli ilə yavaş yeriməyini, səs çıxarmamağını işarə etməsi də Layevskiyə qəribə gəlirdi.

Erməni gənc ehtiyatla qapını açdı, barmaqlarının ucunda salona girdi.

– Bura, buraya… Səs eləməyin, xahiş edirəm, yavaş… Eşidə bilərlər…

Yeniyetmə oğlan qulağını şəklədi, nəfəsini saxladı, yavaşca:

– Bu qapını açın, girin… Qorxmayın, – dedi.

Bitişik otaqdan kimsə:

– Kimi axtarırsınız? Sənsənmi, Muridov? – deyə soruşdu.

Layevski həmin otağa sarı yeridi, içəri girən kimi Kirilini, yanında da Nadejda Fyodorovnanı gördü.

Dal-dalı geriləyib, özünü küçəyə atanda arxasınca nə söylədiklərini belə eşitməmişdi. Nə fon Korenə qarşı duyduğu kindən, nə içindəki narahatlıqdan əsər-əlamət qalmışdı qəlbində. Evə dönərkən sağ qolunu yelləyir, düz yerlərdən yeriməyə çalışaraq, ayağını basacağı yerə diqqətlə baxırdı.

Evdə, iş otağında əllərini ovuşduraraq, köynəyi, jaketi dar gəlirmiş kimi çiyinlərini, boynunu oynadaraq uzun müddət o baş-bu başa var-gəl etdi. Sonra şamı yandırıb masanın arxasına keçdi.

XVI

– Haqqında danışdığınız humanitar elmlər tarixi inkişaf müddətində yalnız dəqiq elmlərlə mübadilə apardığı halda, onlarla baş-başa bəşər oğlunun zehnindəki sualları aydınlaşdıra bilər. Bu iki elm növü mikroskopun altında, yeni bir Hamlet dialoqunda, ya da yeni bir dində, yan-yana gələr, ya gəlməz, orasını bilmirəm, amma hesab edirəm ki, bu həyata keçənə kimi yer üzü buz təbəqəsi ilə örtülmüş olacaq. Humanitar elmlər içərisində ən çeviyi, ən möhkəmi, heş şübhəsiz, İsanın təlimi olub, bir tərəfdən də, baxın, hətta o belə necə müxtəlif cür təfsir edilir! Bir qisim təfsirçilər bütün soydaşlarımızı sevməyi öyrədib təlqin etdiyi halda, hərbçilərə, canilərə, dəlilərə qarşı başqa cür davranmağa icazə verirlər. Birincilərə savaşda adam öldürməyə icazə verilir, amma ikincilər eyni işi tutsa, həbsə atılır, üçüncülərə isə evlənmək qadağan edilir. Digər qisim təfsirçilər isə yaxşıya-pisə ayırmadan, bütün soydaşlarımızı (burada: adəm övladı) sevməyi məsləhət görür. Onların düşüncəsinə görə, əgər bir cüzamlı, qatil və ya epilepsiya xəstəsi gəlib qızınızı istəsə, verin getsin, əgər ağıldankəmlər sizə – ruhi və fiziki sağlamlığı yerində olanlara savaş elan etsə, təslim olun. Sənət naminə sənət, sevgi naminə sevgi – bu cür təbliğatın gücü olsaydı, nəticədə bəşəriyyət tamamilə yoxa çıxar, beləliklə, yer üzündə görünməmiş vəhşilik baş vermiş olardı. Göründüyü kimi, önümüzdə müxtəlif şərhlər var, ciddi mühakiməli adam bunların heç birinə inanmayacaq, üstəlik bunların arasına öz mühakimələrini də qatacaq. Ona görə də siz sualı fəlsəfi tərzdə, ya da xristian dininin baxış bucağına müvafiq qoymamalısınız, bu cür çözümdən uzaqlaşarsınız.

Dyakon zooloqu diqqətlə dinləyirdi. Bir az düşünüb soruşdu:

– Bütün insanlara xas fitri əxlaq məsələsini filosoflarmı uydurub, yoxsa Tanrı insanların bədənini yaradanda bu məfhumu da ruhlarna qoyub?

– Bilmirəm, ancaq bu anlayış bütün dövrlər, epoxalar üçün o qədər keçərlidir ki, məncə, bunun insanın yaradılışına uyğun olduğunu qəbul etmək lazımdır. Bu şey uydurulmuş ola bilməz, vardır, olmalıdır. Demirəm ki, bir gün onu da mikroskop altında görəcəklər, amma bu fitri bağ təfərrüatlı bir şəkildə artıq sübut olunub. Ciddi psixoloji iztirablar, ruhi xəstəliklər hər şeydən əvvəl əxlaqi qanunların pozulması nəticəsində meydana çıxır.

– Yaxşı, belə başa düşmək olur ki, mədə yemək istədiyi kimi, əxlaq duyğusu da soydaşlarımızı sevməyi tələb edir, eləmi? Ancaq bəşər oğlu fitri mənəmçiliyinə görə, ağılın, vicdanın səsinə qarşı çıxır, elə bu səbəbdən də bir çox başağrıdıcı suallarla qarşı-qarşıya qalırıq. Fəlsəfi mühakimələrə izin verilməzsə, bu cür sualların cavabı üçün kimə müraciət etməliyik bəs?

– Mövcud olan azsaylı dəqiq elmlərə nəzər salın. Sübutlara, səbəb-nəticə əlaqələrinə inanın. Bəli, bu çox şey deyil, amma fəlsəfə ilə müqayisədə qeyri-müəyyən, bulanıq və natamam da deyil. Tutaq ki, əxlaq hissi insanları sevməyi tələb edir. Hə, nə olsun, nə çıxar bundan?! Sevgini bu və ya başqa şəkildə insanlara zərər verən, bu gün də, sabah da onlar üçün təhlükə törədən hər şeyin aradan götürülməsində axtarmaq lazımdır. Əldə etdiyimiz biliklər və nəticələr sizə bəşəriyyətin əxlaqca və cismani cəhətdən anormal adamlar tərəfindən təhdid edildiyini bildirir. Bəs məsələ belə olduqda anormallarla savaşmalısınız? Onları normal hala gətirməyə gücünüz yetməsə belə, zərərsizləşdirməyə, yox etməyə gücünüz çatar,hər halda.

– Deməli, sevgi güclünün zəifi əzməsidir, eləmi?

– Şübhəsiz.

Dyakon şiddətlə qarşı çıxdı:

– Bəs İsa həzrətlərini çarmıxa çəkənlər güclülər deyildimi?

– Bax məsələ də elə bundadır da, onu çarmıxa çəkənlər güclülər yox, zəiflər idi. İnsan cəmiyyəti həyatdaqalma mübarizəsini, təbii seçməni yadırğadı; indi də onu sıfıra endirməyə çalışır. Zəiflərin sürətlə çoxalması, güclülərə qarşı üstünlük ələ keçirməyi də bundandır. Bir düşünək ki, humanist düşüncələr ən ibtidai, yonulmamış şəkildə arılara aşılanıb. Onda nə olacaq? Öldürülməli olan erkək arılar sağ qalacaq, çalışmayacaq, havayıdan bal yeyəcəklər; dişi arıları başdan çıxarıb yox edəcəklər; sonda da zəiflər sayca güclülərə üstün gələcək, güclülərin isə pozulub zayı çıxacaq. İnsanlarla da indi eyni şey baş verir, zəiflər güclüləri əzir. Sivilizasiyanın ayaq basmadığı ibtidai cəmiyyətlərdə hələ də ən güclü, bilikli və əxlaqlı olanlar irəli gedir, cəmiyyətə öndərlik edib idarə edirlər. Biz – sivil insanlar isə İsanı çarmıxa çəkdik, hələ də çarmıxa çəkməkdə davam edirik. Bizdə əskik olan bir şey var, bu “bir şey”i yerinə qoymaq labüddür, yoxsa bu cür anlaşmazlıqlar bitib-tükənməyəcək.

– Güclüləri zəiflərdən ayırd etmək üçün əlimizdə nə kimi meyar mövcuddur?

– Bilik, çılpaq həqiqət… Vərəmliləri xəstəliklərindən, əxlaqızlarla dəliləri isə əməllərindən, davranışlarından tanıyırıq.

– Amma insan yanıla bilməzmi?

– Ortada tufan təhlükəsi varsa, gərək ayağımızın islanmağından qorxmayaq.

Dyakon güldü.

– Bu artıq fəlsəfə oldu axı.

– Qətiyyən yox! Ruhani seminariyasındakı fəlsəfə xofu ağlınızı elə çaş-baş salıb ki, hər şeydə qarmaqarışıqlıq, bulanıqlıq axtarırsınız. Gənc zehninizi dolduran mücərrəd biliklər sizi gerçəyin özündən aralı saxladığı üçün işəyaramaz bir şeyə çevrilib. Şeytanın düz gözünün içinə baxın, gördüyünüz şeytandırsa, deyin şeytandır, daha izahat üçün bir də Kantı, Hegeli vərəqləməyə ehtiyac yoxdur ki!

Zooloq bir az susub davam etdi:

– İki vur iki dörddür, daş da daşdır. Sabah dueldə döyüşəcəyik. Burda oturub duelin cəfəng, səfeh bir şey olduğunu, artıq dəbdən düşdüyünü, aristokrat duelinin, əslində, meyxana sərxoşlarının dava-dalaşından heç nə ilə fərqlənmədiyini deyə bilərik, amma bütün bunlara baxmayaraq, yenə də özümüzü saxlaya bilməyəcəyik, gedib döyüşəcəyik. Deməli ki, bizim qərarlarımıza təsir göstərən daha güclü bir qüdrət var. Hər yanda bar-bar bağırırıq ki, müharibə quldurluqdur, barbarlıqdır, qorxunc şeydir, qardaş qətliamıdır, amma qan görən kimi iştahımız cuşa gəlir, fransızlar və almanlar iynənin ucu qədər bizi xor görsün, o saat vəcdə gəlib, ürəkdən “Ura!” qışqıraraq düşmənin üzərinə hücuma keçərik. Siz din xadimləri də Ulu Tanrının silahlarımıza xeyir-dua verməsi üçün dua edərsiniz, biz də kişi-kişi, coşqunluqla sinəmizi qabağa verərik. Bəlkə də, çox uca deyil, amma bizdən də, fəlsəfəmizdən də daha güclü bir qüdrət mövcuddur. Dənizin o başından uçub gedən bu bulud kimi onu da saxlaya bilmərik. İkiüzlülük etməyin, ürəyinizlə dilinizin dediyi bir olsun. “Ah, bu axmaqlıqdır! Ah, bu əskiklikdir! Ah, bu Müqəddəs Kitaba uyğun deyil!” – deyib, mız-mız eləməyin. Müqəddəs Kitabın qanunlarını da gerçəkdən, məntiqəuyğun gələn şəkildə qəbul edin. Bu qüdrət, tutaq ki, zəifləri, vərəmləri, pozulmuş bir nəsli yox etmək istəyən vaxt öyüd-nəsihətinizlə, “İncil”dən gətirilmiş anlaşılmaz iqtibaslarla bunun qarşısını almayın. Leskovun4040
  Leskov Nikolay Semyonoviç (1831-95) – rus yazıçısı.


[Закрыть]
hekayələrinin birində Danil adında çox vicdanlı bir adam var. Danil kəndin kənarında bir cüzamlı xəstəyə rast gəlir, sevgi və İsa naminə onu yedirib-içirir. Əgər Danil insanları gerçəkdən sevmiş olsaydı, cüzamlını götürüb kəndin kənarında bir çuxura atar, sonra sağlam insanların yardımına qaçardı. İsanın bizə verdiyi sevgi öyüdü, hesab edirəm ki, ağılabatan, yaxşı düşünülmüş, faydalı nəsihətdir.

– Nə qəribə danışırsınız! Bir yandan İsaya inanmırsınız, bir yandan da adı dilinizdən düşmür.

– Niyə inanmayım ki?! Amma sizin kimi yox, özümə görə inanıram mən. Ah, dyakon, dyakon! – zooloq güldü, qolunu dyakonun belinə doladı, nəşəli-nəşəli soruşdu:

– Hə, nə deyirsiniz? Sabah duelə gedirik, getmirik?

– Vəzifəm izin vermir, yoxsa gələrdim.

– Vəzifəm izin vermir – nə deməkdir ki, bu?

– Mən bir rahibəm, əynimdə müqəddəs cübbə gəzdirirəm.

Fon Koren gülərək:

– Ah, dyakon, dyakon! – dedi, – sizinlə danışmaq elə xoşuma gəlir ki!

– İnancım var, deyirsiniz. Bu necə inancdır ki?! Mənim bir rahib əmim var. O qədər ürəkdən inanır ki, quraqlıq vaxtı çölə yağış duasına gedəndə yanında çətir-plaş götürür. Ki geri qayıdanda islanmasın. Bax, inanc dediyin belə olar! İsanın adı gələndə üzündə çiçək açır, bütün kəndli qadınlar, kişilər hönkür-hönkür ağlayırlar. İstəsə, bax bu gedən buludu da dayandırar, sadaladığınız bütün qüdrətləri də darmadağın edər. Bəli, inanc dağı yerindən oynadar.

Dyakon gülərək zooloqun çiyninə vurub davam etdi:

– Hə, bax belə… Siz elmlə əlləşin, dənizin dərinliklərini araşdırın, zəiflərlə güclüləri ayırd etməkdə olun, kitab yazın, kim xoşunuza gəlmirsə, duelə çağırın, amma budur, sısqa bir ixtiyar müqəddəs nəfəsi ilə bir söz pıçıldayar, ya da Ərəbistandan əlində qılınc, at üstündə qaynar ruhlu bir Məhəmməd peyda olub sizin hər şeyinizi darmadağın edər, Avropada daş üstündə daş saxlamaz.

– Sizin bu dediyiniz buz üstündə yazı yazmağa oxşayır.

– Əməlsiz inanc ölü doğulub, inancsız əməl ondan da betər. Boşuna vaxt itkisindən savayı bir şey deyil.

Liman körpüsünün üzərində həkim göründü. Dyakonla zooloqu görüb yaxınlaşdı. Zorla nəfəs alaraq:

– Duel üçün hər şey hazırdır, – dedi, – Qovorovski ilə Boyko sekundant olacaqlar, – göy üzünə baxaraq əlavə etdi, – hava da birdən-birə gör necə dəyişdi! Göz-gözü görmür. Yağış yağacaq, ya nədir?!

Fon Koren:

– Ümidvaram, sən də bizimlə gələrsən?! – deyə soruşdu.

– Ağzından yel alsın! İndi çəkdiklərim bəs deyil? Mənim yerimə Ustimoviç gələcək, özü ilə danışmışam.

Dənizin üzərində, uzaqda şimşək çaxdı, boğuq göy gurultusu eşidildi.

Fon Koren:

– Fırtınadan əvvəl necə də isti olur! – dedikdən sonra həkimə ilişdi, – mərc gələrəm ki, gedib başını Layevskinin köksünə sıxaraq ağlayıb-sızlamısan.

Həkimin kefinə dəydi.

– Niyə getməli idim ki?! Danışığına bax hələ!

Əslinə qalsa, Layevski ilə qarşılaşmaq ümidi ilə, bulvarı, xiyabanı bir-iki dəfə dolaşmışdı. Həm hirslənib-partlamağına görə, ardınca da ürəyiyumşaqlıq etdiyi üçün xəcalət çəkirdi. Nə olur-olsun, zarafata salıb Layevskidən üzr istəyəcək, sonra onu bir az azarlayıb, duelin orta əsrlərdən qalma bir barbarlıq olduğunu başa salacaqdı. Hətta taleyin bu hadisəni onların barışmağına vəsilə olmaq üçün göndərdiyini, sabah bir-birinə atəş açdıqdan sonra bir-birinin alicənablığını dərk edərək yaxşı dost olacaqlarını söyləmək fikri var idi. Ancaq Layevskiyə rast gəlməmişdi.

– Nə üçün getməli idim ki Layevskinin yanına? – deyə təkrarladı, – mən onu təhqir etməmişəm, o mənə hörmətsizlik edib. Mənim üstümə niyə çımxırdığını başa düşmürəm. Sən izah edə bilərsən? Mənim ona nə pisliyim keçib? Otağa girən kimi durduq yerdə mənə casus dedi. Elə şey olar?! Danışa bilərsənmi, bu işin əvvəli necə başlamışdı? Sən ona nə demişdin?

– Ona vəziyyətinin ümidsiz olduğunu söylədim. Bunda da haqlı idim. Yalnız dürüst insanlar və hiyləgərlər hər cür vəziyyətdə çıxış yolu tapa bilər; bir əldə iki qarpız tutan, həm dürüst davranıb, həm də hiyləgərlik edənlərin vəziyyəti isə fənadır. Hə, cənablar, saat on birdir, sabah erkəndən qalxmalıyıq.

Birdən bərk külək qopdu, körpünün üstündə tozu dumana qatdı, dənizin uğultusu eşidilməz oldu.

Dyakon:

– Qasırğa gəlir! – dedi, – dərhal gedək, yoxsa gözlərimizə toz dolacaq.

Yüyürdülər. Samoylenko şlyapasını əli ilə tutmuşdu, dərin bir nəfəs alıb:

– Bu gün daha gözümə yuxu getməz, – dedi.

Zooloq gülməyə başladı.

– Sən boş yerə həyəcanlanırsan. Ürəyini sərin saxla, duelin heç bir nəticəsi olmayacaq. Layevski ürəyiaçıq davranıb havaya atəş edəcək, çünkü başqa cürü əlindən gəlməz. Bəlkə, mən də atəş açmadım. Layevski kimi bir adamdan ötrü məhkəməyə düşməyə, vaxt itirməyə dəyməz. Hə, yeri gəlmişkən, duelin cəzası nədir?

– Həbs, rəqibi öldürsən, üç il zindan.

– Petropavlovsk zindanına?

– Yox, hərbi intizamlı bir yerə salarlar, yəqin.

– Dəli şeytan deyir, ver bu cavan oğlanın dərsini!

Arxalarında – dənizdə şimşək çaxdı, evlərin damları, dağlar bir anda aydınlığa qərq oldu. Bulvara çatanda ayrıldılar. Həkim qaranlıqda gözdən itdi, ayaq səsləri kəsildikdən sonra fon Koren ona səsləndi:

– Sabah hava bizə əngəl olmasaydı, barı!

– Kaş, elə olaydı. Allah ağzından eşitsin!

– Eh, gecən xeyrə qalsın!

– Nə? Nə gecə? Nə deyirsən, eşitmədim?!

Küləyin vıyıltısı, dənizin, göyün gurultusu arasında danışıqlar eşidilməz oldu.

Zooloq:

– Heç! Heç! – deyə bağırdı.

Sürətli addımlarla evinə yüyürdü.


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.


Популярные книги за неделю


Рекомендации